Bu tədqiqat Türkmənistanın 1991-ci ildən sonra formalaşan avtoritar rejiminin tarixi, institusional, ideoloji və beynəlxalq əsaslarını təhlil edir. Tədqiqat göstərir ki, Türkmənistan postsovet məkanının ən qapalı və sərt avtoritar rejimidir. Rejimin əsas dayaqları – şəxsi hakimiyyət kultu, gücləndirilmiş prezidentlik institutu, repressiv təhlükəsizlik orqanlarıdır.
Saparmurat Niyazov dövründə bünövrəsi qoyulan “neosultanist” model sonrakı lider Qurbanqulu və Sərdar Berdimuhammedovlar tərəfindən davam etdirilib, lider kultu "Ruhnama" və "Arkadağ" mifologiyası ilə möhkəmləndirilib.
GİRİŞ
Müasir siyasi sistemlərin təhlilində avtoritar rejimlərə xas olan institusional strukturlar, ideoloji dayaq nöqtələri və beynəlxalq mühitin rolu mühüm analitik elementlər kimi çıxış edir. Bu komponentlər, avtoritar rejimlərin davamlılığını, transformasiya potensialını və xarici aktorlarla münasibətlərini anlamaqda əsaslı çərçivə təqdim edir (Matveeva, 2009). Xüsusilə, post-sovet məkanında avtoritarizmin müxtəlif formalarının müşahidə olunması, bu mövzunun regional kontekstdə ayrıca öyrənilməsini zəruri edir.
Türkmənistan bu baxımdan spesifik nümunədir. SSRİ-nin dağılmasından sonra digər Mərkəzi Asiya respublikalarında müşahidə edilən müəyyən dərəcədə islahat yönümlü və ya hibrid idarəçilik modellərindən fərqli olaraq, Türkmənistan tam qapalı, şəxsiyyətə pərəstişə əsaslanan və ciddi şəkildə mərkəzləşdirilmiş siyasi sistemi qoruyub saxlamaqdadır ( Heathershaw, 2011). Saparmurad Niyazov dövründən başlayaraq ölkədə formalaşan “qurucu lider kultu”, dövlətin bütün institutlarının prezident ətrafında cəmlənməsi və sonrakı lider Qurbanqulu Berdiməhəmmədov tərəfindən bu sistemin daha da möhkəmləndirilməsi, Türkmənistanı klassik “neosultanist” avtoritar rejim modeli ilə səciyyələndirir (Cummings, 2010a).
İdeoloji səviyyədə türkmən avtoritarizmi milli identiklik, dövlətə sədaqət və liderin müqəddəs obrazı üzərində qurulub. “Ruhnama” kimi yarı-dini, yarı-ideoloji tekstlər vasitəsilə cəmiyyətin ideoloji homogenləşdirilməsi və təhsildən tutmuş media diskursuna qədər bütün sahələrdə ideoloji nəzarətin tətbiqi bu rejimin dayanıqlığını artıran mühüm faktorlardandır (Schatz, 2006).
Beynəlxalq səviyyədə isə Türkmənistan özünü “bitərəf” elan etməklə qlobal və regional güclərlə balanslı, lakin bir o qədər də izolyonist münasibətlər yürüdür. Bu strategiya, bir tərəfdən rejimin xarici təzyiqlərdən qorunmasına, digər tərəfdən isə enerji resurslarından irəli gələn geosiyasi maraqlar fonunda selektiv əməkdaşlıqlara şərait yaradır. Qapalı informasiya məkanı, repressiv təhlükəsizlik orqanları və şəffaf olmayan idarəetmə forması ilə Türkmənistan avtoritarizmin sərt konturlarını qoruyan nadir dövlətlərdən biridir ( OSCE/ODIHR, 2022a).
Bu araşdırma, Türkmənistanın avtoritar rejiminin institusional arxitekturasını, ideoloji konstruksiyasını və beynəlxalq münasibətlərdəki mövqeyini təhlil edərək, post-sovet məkanında avtoritarizmin sərt formalarının necə davamlılıq qazandığını izah etməyə çalışır.
Metodoloji çərçivə
Bu tədqiqat əsasən keyfiyyət yönümlü yanaşmaya əsaslanır və Türkmənistanın siyasi rejiminin müxtəlif aspektlərini – tarixi inkişafını, institutlarını, ideologiyasını və beynəlxalq əlaqələrini – təhlil etməyi hədəfləyir.
Tədqiqatda əsas məlumat mənbələri kimi elmi ədəbiyyat, beynəlxalq təşkilatların hesabatları (məsələn, Freedom House, Human Rights Watch, OSCE/ODIHR) və ekspert təhlilləri istifadə olunub.
Araşdırma nəzəri əsas kimi avtoritarizmlə bağlı mövcud elmi yanaşmalara (Levitsky & Way, Cummings, Schatz və başqaları) söykənir və Türkmənistanın bu yanaşmalar çərçivəsində necə təsnif olunduğunu göstərməyə çalışır.
Məqsəd, rejimin necə qurulduğunu, hansı əsaslar üzərində dayandığını və hansı şərtlər daxilində dəyişə biləcəyini anlamaqdır.
Tarixi – kontekstual baza
Türkmənistanın müasir siyasi arxitekturasını anlamaq üçün Sovet mirasının və postsovet keçid proseslərinin rolunu təhlil etmək vacibdir. Sovet İttifaqında mərkəzləşdirilmiş və hierarxik idarəetmə modeli – yuxarıdan aşağıya vertikal nəzarət, nomenklatura sistemi və siyasi plüralizmin qadağan olunması – Türkmənistanın gələcək dövlət quruculuğuna dərin təsir göstərib Sovet dövründə Türkmənistan Kommunist Partiyası birbaşa Moskvaya tabe olmaqla milli elitaların muxtariyyətini məhdudlaşdırır, idarəetməni partiya rəhbərliyi ətrafında cəmləşdirirdi (Horák, 2016)a. Sovet mirası olan bu patrimonial idarəetmə forması yeni siyasi konfiqurasiyada da saxlanıldı və fərqli adlar altında yenidən istehsal olundu. Siyasi plüralizm əvəzinə şəxsi hakimiyyətin mərkəzləşdirilməsi və lider kultunun formalaşdırılması baş verdi (Luong, 2002).
1999-cu ildə Saparmurat Niyazov "ölkənin əbədi lideri" statusu ilə ömürlük prezident elan olundu və bu, avtoritarizmin institusional təməlini daha da möhkəmləndirdi (Horák, 2016b). Niyazovun idarəçiliyi klassik patrimonial liderliyin nümunəsi olaraq qiymətləndirilə bilər – burada dövlət strukturları şəxsi loyalizm əsasında formalaşırdı (Kuru, 2014).
Niyazovun yazdığı "Ruhnama" adlı kitab dövlət ideologiyasının mərkəzinə çevrildi. Bu mətn yalnız siyasi yox, həm də təhsil, din və ictimai həyatın bütün sahələrində tətbiq olunaraq totalitar nəzarətə yeni simvolik ölçü əlavə etdi. "Ruhnama" məktəblərdə dərs vəsaiti, universitetlərə qəbulda test sualı və hətta sürücülük imtahanlarında tələb olunan bilik obyektinə çevrildi (Khalid, 2007a). Bu proses siyasi liderin ideoloji hegemonluğunu təmin etməklə yanaşı, dövlətin və cəmiyyətin identikliyini də lider obrazı ətrafında mərkəzləşdirdi.
2006-cı ildə Niyazovun ölümündən sonra onun varisi Qurbanqulu Berdiməhəmmədov müəyyən texnokratik dəyişikliklər etsə də, əsas siyasi xətt – avtoritar strukturların qorunması, lider kultunun davam etdirilməsi və ideoloji təkqütblülük – dəyişməz qaldı (Freedom House, 2024a). Bu isə göstərir ki, avtoritar rejimin təməli yalnız bir şəxsin hakimiyyəti ilə deyil, dərin struktur və ideoloji elementlərlə möhkəmlənmişdir.
İnstitusional mexanizmlər
Türkmənistanın siyasi rejimi klassik hiper-prezidentlik modelinə əsaslanır. Prezident ölkənin həm icraedici, həm də siyasi sisteminin mərkəzində dayanır və faktiki olaraq, bütün mühüm qərarların qəbulunda son sözü deyən şəxsdir. 1992-ci ildən bəri qəbul olunan konstitusiya dəyişiklikləri prezidentin səlahiyyətlərini genişləndirib, onu parlament və məhkəmə hakimiyyətindən asılı olmayan, fövqəlqurum xarakteri ilə təmin edib. Ölkədə nəinki güclü prezident idarəçiliyi, həm də institutların məqsədli şəkildə zəiflədilməsi müşahidə olunur – bu, avtoritar davamlılığın əsas mexanizmlərindən biridir (Cummings, 2010b).
İcra hakimiyyəti tamamilə prezidentə tabedir. Nazirlər Kabineti prezidentin təyin etdiyi şəxslərdən ibarətdir və onlara qarşı parlament nəzarəti ya zəifdir, ya da ümumiyyətlə yoxdur. Türkmənistan parlamenti – Mejlis – formal şəkildə mövcud olsa da, onun real funksiyası simvolik xarakter daşıyır. Qanunvericilik təşəbbüsü və qərar qəbuletmə prosesində iştirak hüququndan faktiki məhrumdur. Mejlis üzvləri prezident tərəfindən seçilən və ya yönləndirilən fiqurlardan ibarət olduğuna görə bu qurum legitimlik görüntüsündən başqa bir məqsədə xidmət etmir.
Rejimin əsas dayaqlarından biri də təhlükəsizlik aparatıdır. Milli Təhlükəsizlik Nazirliyi (Milli howpsuzlyk ministrligi) – keçmiş KQB-nin varisi – siyasi müxalifətə nəzarət, dissidentlərin təqibi, media senzurası və ümumi ictimai nəzarət funksiyalarını yerinə yetirir. İnsan hüquqları təşkilatlarının hesabatlarına əsasən, rejimə tənqidi münasibət bildirən şəxslər fiziki təzyiqə, məhkəməsiz həbslərə və uzunmüddətli izolyasiyaya məruz qalır (Human Rights Watch, 2023).
Türkmənistan rejimi Levitsky və Way tərəfindən təsvir olunan klassik "rəqabətli avtoritarizm" modellərindən fərqli olaraq, daha çox "hegemonik avtoritarizm" kateqoriyasına aiddir (Levitsky, S., & Way, L. A. 2010). Bu cür sistemlərdə formal institutlar – parlament, seçkilər, məhkəmələr – mövcud olsa da, rejimin hegemonluğu heç bir rəqabətə imkan vermir. Rəqiblər sistematik şəkildə siyasi meydandan uzaqlaşdırılır və seçkilər əvvəlcədən nəticələnmiş prosedura çevrilir. Türkmənistan seçkilərində alternativ namizədlərin irəli sürülməsi, mediada balanslı təqdimat və seçki müşahidəsinin obyektivliyi heç vaxt baş vermir – bu da sistemin totalitar/avtoritar mahiyyətini daha da gücləndirir (OSCE/ODIHR, 2022b).
Bundan başqa, məhkəmə sistemi də siyasi gücdən qəti şəkildə asılıdır. Hakimlər prezident tərəfindən təyin edilir və işdən azad olunur, bəzən hətta qovulur. Məhkəmə qərarlarının siyasi proseslərə təsiri imkansızdır, çünki hüquqi institutlar tam mənada rejimin maraqlarını qorumağa yönəldilib.
Beləliklə, Türkmənistanın institusional sistemi – gücləndirilmiş prezidentlik, formal və zəif parlament, siyasi motivli təhlükəsizlik orqanları və qeyri-müstəqil məhkəmə – rejimin davamlılığını təmin edən mərkəzləşdirilmiş və avtoritar idarəetmə strukturunu təşkil edir.
İdeologiya və mədəni kontrol
Avtoritar rejimlərin davamlılığını təmin edən əsas mexanizmlərdən biri ideoloji dominasiya və mədəni nəzarətdir. Türkmənistan nümunəsində bu proseslər “Ruhnama” kitabı vasitəsilə sistemləşdirilib və dövlətin həyatının bütün sahələrinə nüfuz edib. Saparmurat Niyazovun yazdığı bu əsər yalnız ədəbi və ya tarixçi mətn olmaqdan çıxaraq, dövlət ideologiyasının rəmzinə çevrilib. Bu unikal ideoloji alət lider kultunu möhkəmləndirir və cəmiyyət üzərində geniş kontrol mexanizmi kimi fəaliyyət göstərir.
Mətbuat və informasiya resursları tamamilə dövlət nəzarətindədir. Ölkədə müstəqil media qurumlarının fəaliyyəti mümkünsüzdür, sərbəst jurnalistika sərt senzura ilə qarşılanır. Xarici informasiya mənbələrinə çıxış məhdudlaşdırılır, internetə qoşulma ciddi şəkildə monitorinq olunur. İstifadəçilərin VPN və digər anonimləşdirmə texnologiyalarından istifadə etməsi kriminallaşdırılıb, buna görə də vətəndaşlar arasında informasiya axını kəskin şəkildə məhdudlaşdırılır (Reporters Without Borders, 2023). Bu vəziyyət informasiya asimmetriyası yaradaraq, dövlətin ideoloji təsirini və ictimai rəyi nəzarətdə saxlamasına imkan verir.
Dini sahədə də dövlətin nəzarəti güclüdür. “Ruhnama” ideologiyası ilə paralel olaraq, müstəqil dini fəaliyyətlər və təşkilatlar sıxışdırılır, yalnız dövlət tərəfindən təsdiqlənmiş dini qurumlar fəaliyyət göstərə bilir (Khalid, 2007b). Bu da həm sosial sabitliyi qorumaq, həm də potensial dini müxalifətin formalaşmasının qarşısını almaq məqsədi daşıyır.
Beləliklə, ideoloji və mədəni nəzarət vasitələri Türkmənistan avtoritar rejiminin legitimliyini təmin edən mühüm sütunlar kimi çıxış edir. Lider kultu və mədəni dominasiya vasitəsilə cəmiyyətin böyük hissəsi dövlətin siyasi xəttini qəbul etməyə məcbur edilir, alternativ ideyaların yayılması isə ciddi şəkildə əngəllənir.
Berdiməhəmmədovlar dövrü: Avtoritar davamlılıq və neomonarxik konsolidasiya
Saparmurat Niyazovun 2006-cı ildəki ölümündən sonra hakimiyyətə gələn Qurbanqulu Berdiməhəmmədov ilk illərdə islahat ritorikası ilə çıxış etsə də, bu ritorika, faktiki olaraq, simvolik və nümayiş xarakterli jestlərlə məhdud qaldı. Niyazov dövründəki ultra-şəxsiyyət kultunun bəzi vizual təzahürləri (məsələn, Ruhnamə mərkəzliyi, qızıl heykəllər) aradan qaldırılsa da, onların yerinə yeni bir şəxsi kult strukturu inşa olundu. “Arxadag” (qoruyucu ata) kimi təqdim olunan Qurbanqulu Berdiməhəmmədov, dövlətin ideoloji mərkəzinə çevrilərək avtoritarizmin simvolik yenilənməsini təmin etdi. Bu, yalnız simvol dəyişimi deyil, həm də avtoritar dövlətçilik modelinin adaptasiyası idi – formalar dəyişdi, amma məzmun daha da mərkəzləşdirildi və normalaşdırıldı (Koch, 2013).
Yeni mərhələdə Berdiməhəmmədov rejimi texnokratik idarəetmənin bəzi elementlərini sistemə daxil etdi: rəqəmsallaşma təşəbbüsləri, infrastruktur layihələri, və beynəlxalq sərgilər vasitəsilə Türkmənistanın “modernləşən” siması nümayiş etdirildi. Lakin bu addımlar yalnız səthi modernləşmə idi və siyasi institutların mahiyyətinə toxunmadı. Bütün hakimiyyət vertikalı prezidentin iradəsinə bağlandı, hüquq-mühafizə orqanları isə vətəndaş cəmiyyətinin ən minimal ifadələrini belə boğmağa davam etdi (Freedom House, 2024b).
2022-ci ildə prezidentliyin Berdiməhəmmədovun oğlu Sərdara ötürülməsi, Türkmənistan rejiminin açıq şəkildə neomonarxik xarakter daşıdığını göstərdi. Bu, postsovet məkanında dinastik avtoritarizmin açıq təzahürlərindən biridir. Siyasi legitimliyin institusional yox, ailəvi–nəsil ardıcıllığına əsaslanması, liderin şəxsi nüfuzunu əsas siyasi mexanizm kimi təqdim edən bir modelin davamıdır. Sərdar Berdiməhəmmədovun prezidentliyi indilikdə formallıq daşıyır, real hakimiyyət isə hələ də “Arkadag” statusunu qoruyan atanın əlində cəmlənmiş görünür (Bohr, 2022).
Qeyd olunmalıdır ki, bu model yalnız Türkmənistan üçün deyil, ümumilikdə Orta Asiya və Qafqazda Azərbaycan avtoritarizmi üçün xarakterik tendensiyaya uyğun gəlir: şəxsiyyət kultu, texnokratik səth modernləşməsi və hakimiyyətin ailədaxili ötürülməsi. Türkmənistan bu strukturun ən radikal nümunələrindən biri olaraq, həm siyasi passivlik, həm də repressiv davamlılıq baxımından fərqlənir.
Beynəlxalq kontekst
Türkmənistanın xarici siyasətində əsas yer tutan “daimi neytrallıq” statusu beynəlxalq münasibətlərdə özünəməxsus üstünlüklər təmin edir. 1995-ci ildə BMT tərəfindən tanınan bu status Türkmənistanı hərbi bloklardan və böyük güclər arasında rəqabətdən uzaq tutaraq, ölkənin suverenliyini qorumağa xidmət edir (Anceschi, 2020a). Eyni zamanda, bu siyasət beynəlxalq monitorinq və tənqidlərin azalmasına imkan verərək, rejimə daxili siyasətində sərbəstlik qazandırır.
Türkmənistanın xarici siyasətində strateji önəm daşıyan Rusiya və Çin kimi böyük avtoritar dövlətlərlə əlaqələr onun iqtisadi və siyasi dayanıqlılığını təmin edir. Rusiya ilə həm hərbi, həm də enerji sahəsində uzunmüddətli əməkdaşlıq mövcuddur, lakin Rusiya daha çox siyasi təsir vasitəsi kimi çıxış edir. Çin isə son illərdə Türkmən qazının əsas alıcısı kimi iqtisadi dominantlıq qazanıb və bu, Pekinin regiondakı siyasi nüfuzunu artırır (Peyrouse, 2022).
Xüsusilə Çinlə iqtisadi əlaqələrin dərinləşməsi Türkmənistana böyük maliyyə resursları gətirir və rejimin iqtisadi müstəqilliyini təmin edir. Çinlə əməkdaşlıq “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində genişlənərək, enerji infrastrukturu və nəqliyyat sektorlarında investisiyalara yol açıb (Anceschi, 2020b). Bu isə Türkmənistanın beynəlxalq aləmdə özünü sabit və etibarlı tərəfdaş kimi təqdim etməsinə şərait yaradır.
Bununla belə, beynəlxalq kontekstdə Türkmənistanın “daimi neytrallıq” siyasəti, habelə avtoritar rejimin xarici dövlətlərdən maliyyə və siyasi dəstək almaq üçün yaratdığı əlaqələr onun daxili siyasi rejiminin davamlılığını təmin edən mühüm amillərdir. Bu faktorlar Türkmənistanın regiondakı geosiyasi mövqeyini möhkəmləndirir və onun beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırır.
Türkmənistan və regiondakı avtoritarizm modelləri
Mərkəzi Asiyada avtoritar rejimlər ümumi struktur oxşarlıqlarına baxmayaraq, müxtəlif inkişaf trayektoriyalarına malikdirlər. Türkmənistan bu mənada fərqlənən, ən qapalı, şəxsiyyət kultuna əsaslanan və ideoloji olaraq monolit bir siyasi sistem formalaşdırıb. Qazaxıstan və Özbəkistan kimi digər postsovet respublikalarla müqayisədə Türkmənistan nə siyasi liberalizasiya imitasiyasına yol verib, nə də institusional islahatlar baxımından ciddi açılımlara cəhd edib.
Məsələn, Qazaxıstan 2019-cu ildən sonra formal lider dəyişikliyi, siyasi partiya qanunvericiliyində yumşalma və beynəlxalq imicə yönəlik bəzi islahatlarla “avtoritar modernləşmə” yoluna çıxıb. Özbəkistan isə Şavkat Mirziyoyev dövründə müəyyən iqtisadi islahatlara və texnokratik dəyişikliklərə gedib, məhdud media açılımı həyata keçirib (BTI, 2024). Türkmənistan isə nə iqtisadi diversifikasiyaya, nə də siyasi rəqabətə imkan verən şərait formalaşdırıb və bu mənada neosultanist avtoritarizmin ən ardıcıl nümunəsi olaraq qalır (Cummings, 2010).
Bu fərq, rejimin xarici siyasətində və beynəlxalq münasibətlərə yanaşmasında da əks olunur. Qazaxıstan və Özbəkistan çoxvektorlu xarici siyasət yürüdərək Qərb strukturları ilə əməkdaşlığa daha açıqdırlar. Türkmənistan isə “daimi neytrallıq” statusu ilə bu platformalardan təcrid olunaraq, əsasən, Çin və Rusiya ilə ikitərəfli, avtoritar-uyğun xarakterli münasibətlərə üstünlük verir.
Çin və Rusiya: İki fərqli avtoritar təsir modeli
Türkmənistanın xarici əlaqələr sistemində Çin və Rusiya dominant aktorlar kimi çıxış etsələr də, onların təsir strategiyaları xarakter və məqsədlərinə görə ciddi şəkildə fərqlənir.
1. Rusiya: Normativ-siyasi və təhlükəsizlik yönümlü təsir
Rusiya Federasiyası Mərkəzi Asiyada öz təsirini əsasən siyasi loyallıq, təhlükəsizlik əməkdaşlığı, Rusiya mediası və rus dilinin yayılması kimi vasitələrlə həyata keçirir. Türkmənistan formal olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) və Avrasiya İqtisadi İttifaqının üzvü olmasa da, Rusiya ilə ikitərəfli təhlükəsizlik əlaqələri mövcuddur və sovet sonrası regional inteqrasiya diskursunda Moskva onu “nəzarətdə saxlanmalı” aktor kimi qiymətləndirir (Anceschi, 2020c).
Bundan əlavə, Rusiya türkmən siyasi elitası üçün ideoloji baxımdan daha tanış və keçmişdən miras qalan idarəetmə modeli kimi təqdim olunur. Bu isə rus modelinə uyğunlaşma meyillərini gücləndirir və avtoritar status-kvonun qorunmasına yardım edir.
2. Çin: Ekonomik dominantlıq və qeyri-intervensiya siyasəti
Çin isə əsas təsirini iqtisadi asılılıq üzərindən qurur. Türkmənistan qaz ixracatının 80%-dən çoxu Çinə yönəlir və bu, ölkənin enerji sektorunda struktur asılılığı formalaşdırır (Farkhod Aminjonov 2018). Çin hökuməti Türkmənistanda infrastruktur layihələrinə, nəqliyyat dəhlizlərinə və enerji logistikası sistemlərinə böyük investisiyalar yönəldərək “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində dərin təsir imkanları əldə edib.
Çinin daxili siyasətə müdaxilə etməmək prinsipi Türkmənistan üçün ideal strateji tərəfdaş obrazı yaradır. Bu, Pekinin “şərtsiz dəstək” modeli kimi qəbul olunur və avtoritar rejimlərə beynəlxalq təzyiqlərdən yayınmaq imkanı verir.


Bu qrafikdə Rusiya və Çinin Türkmənistan üzərindəki təsiri altı əsas aspekt üzrə müqayisə olunur: Çin və Rusiya Türkmənistanın beynəlxalq sistemdəki avtoritar davamlılığını təmin edən iki əsas dayağı təmsil edir, lakin onların təsir üsulları bir-birini tamamlayan, lakin əvəz etməyən xarakter daşıyır. Rusiya daha çox ideoloji və simvolik legitimlik təminatçısı kimi çıxış edir, Çin isə maddi və texnokratik dayanıqlığın təminatçısı rolunu oynayır. Türkmənistan isə bu iki model arasında strateji balans siyasəti yürüdərək, hər iki tərəfdən maksimum güzəşt əldə etməyə çalışır – bu isə rejimin həm beynəlxalq təzyiqlərdən qorunmasına, həm də daxili avtoritar strukturların davamlılığına xidmət edir.
Cəmiyyət və sosial müqavimət potensialı
Türkmənistan cəmiyyəti yüksək səviyyəli siyasi repressiya və informasiya nəzarəti şəraitində yaşadığından, açıq müxalifət və təşkilatlanmış vətəndaş fəaliyyəti, faktiki olaraq, mövcud deyil. Lakin bu, cəmiyyətin tamamilə passiv və homogen olduğu anlamına gəlmir. Əksinə, repressiv siyasi rejimlərdə mövcud olan “səssiz narazılıq” və gizli müqavimət formaları, siyasi iştirakın qeyri-rəsmi kanallar üzərindən ifadə olunması tendensiyasına işarə edir. Rejimin legitimlik resurslarının əsasən simvolik hakimiyyət, qorxu və mükafatlandırma sistemlərinə söykəndiyi şəraitdə, fərdi səviyyədə təzahür edən passiv müqavimət, qeyri-loyallıq, texniki uyğunsuzluq və gündəlik etinasızlıq davranışları geniş yayılıb. Bu cür davranışlar, James Scott-un konseptual çərçivəsində “gizli transkriptlər” və ya “inzibati loyalizmin simulyasiyası” kimi başa düşülə bilər – vətəndaşlar ictimai sferada rejimə sədaqət göstərsələr də, özəl sferada fərqli və ya tənqidi baxışlar formalaşdırırlar (Bertelsmann Transformation Index, 2024).
Xarici diaspora və informasiya müqaviməti
Avtoritar nəzarətin sərhədləri, xüsusilə informasiya texnologiyalarının sürətli inkişafı və transmilli miqrasiya axınları şəraitində, daha keçirici hala gəlib. Bu kontekstdə, xaricdə formalaşmış türkmən diasporası – xüsusən də Norveç, Türkiyə, ABŞ və Avropa ölkələrində fəaliyyət göstərən mühacir media qurumları – informasiya müqavimətinin əsas aktorlarına çevrilmişdir. “Chronicles of Turkmenistan” (Turkmen.news), “Radio Azatlyk” (Azadlıq Radiosunun türkmən xidməti) və müxtəlif sosial media platformaları vasitəsilə yayılan məlumatlar rejimin informasiya monopoliyasını qismən də olsa sarsıdır. Bu kanallar vasitəsilə Türkmənistan daxilində alternativ informasiya axını təmin olunur və rejimin dominant diskursuna qarşı simvolik narativlər formalaşdırılır.
Transmilli informasiya dövriyyəsi, hər nə qədər selektiv, fraqmentar və qeyri-mərkəzləşdirilmiş olsa da, cəmiyyətin bəzi seqmentlərində epistemik müqavimət (epistemic resistance) formalarının inkişafına imkan yaradır. Bu, yalnız informasiya əldə etmək deyil, həm də rejimin ideoloji çərçivələrini şübhə altına almaq və fərqli reallıq modellərini təklif etmək anlamına gəlir. David K. Runciman və Jason Stanley kimi müasir siyasi nəzəriyyəçilər avtoritar rejimlərin informasiya üzərində nəzarətini yalnız senzura və təqiblə deyil, həm də epistemik hegemonya (məlumatın nəinki yayılması, həm də nə şəkildə mənalandırılmasına nəzarət) vasitəsilə qurduğunu qeyd edirlər (Stanley, How Fascism Works, 2018).
Belə bir şəraitdə xarici informasiya mənbələri, xüsusilə diaspor aktivistlərinin qurduğu media resursları, həm informativ, həm də simvolik müqavimət rolunu oynayır. Türkmənistanın qapalı informasiya rejimində bu cür kanallar "məlumatın sızması"ndan daha artıq anlam daşıyır – onlar, eyni zamanda, kollektiv yaddaşın qorunması, repressiya qurbanlarının səslərinin eşidilməsi və alternativ gələcək ehtimallarının düşünülməsi üçün platforma rolunu oynayır (Morozov, The Net Delusion, 2011; Pearce & Kendzior, 2012).
Bu informasiya axını təkcə rejimin diskursuna qarşı çıxmaqla kifayətlənmir, həm də informasiya texnologiyaları vasitəsilə rejim tərəfindən sürdürülən nəzarət texnikalarına qarşı transmilli diskurs müdaxiləsini mümkün edir. Beləliklə, mühacir informasiya strukturları – nə qədər qeyri-mərkəzləşdirilmiş və təhlükə altında olsa da – epistemik azadlıq imkanlarını genişləndirir və rejimin hegemonluğunu lokal kontekstdə çətinləşdirir.
Sosial-iqtisadi etinasızlıq və sistemdən çıxış strategiyaları
Bununla yanaşı, rejimin sosial və iqtisadi siyasətləri nəticəsində formalaşan kütləvi əmək miqrasiyası, siyasi narazılığın dolayı təzahürü kimi qiymətləndirilə bilər. Dövlətin təklif etdiyi “avtoritar sosial müqavilə” (authoritarian bargain) – yəni siyasi sükut qarşılığında sabit rifah və sosial təminat – iqtisadi qeyri-sabitlik fonunda etibarsız hala gəlib. Miqrasiya bu baxımdan yalnız iqtisadi seçim deyil, həm də sistemdən çıxış və rejimə qarşı passiv müqavimət vasitəsidir.
Gənclər və texnoloji adaptasiya
Rejim tərəfindən tətbiq olunan informasiya senzurasına baxmayaraq, gənc nəsil arasında texnoloji savadlılıq və gizli rəqəmsal şəbəkələrə çıxış imkanları artmaqdadır. VPN texnologiyası, şifrəli messencerlər və sosial media platformaları vasitəsilə, gənclər rəsmi diskursdan yayınmağa və qeyri-rəsmi informasiya mənbələrinə çıxış əldə etməyə çalışırlar. Bu proses uzunmüddətli perspektivdə dövlətin ideoloji hegemonluğunun eroziyası üçün zəmin yarada bilər.
Potensial sosial bazaların zəifliyi
Bununla belə, sistematik və institusional müqavimətin formalaşması üçün zəruri olan sosial bazalar – müstəqil intellektual mühit, hüquqi müdafiə institutları və təşkilatlanmış vətəndaş cəmiyyəti – Türkmənistanda mövcud deyil. Cəmiyyət daxilində yüksək səviyyəli qarşılıqlı etimadsızlıq, informant sistemləri və qorxu atmosferi kollektiv hərəkətliliyin qarşısını alır. Bu isə kolektiv fəaliyyət dilemmasını daha da gücləndirir (Olson, 1971).
Nəticə
Türkmənistan avtoritarizmi müasir siyasi səhnədə özünəməxsus, qapalı və yüksək mərkəzləşdirilmiş idarəetmə modelini qoruyub saxlayır. Bu modelin dayaqları şəxsi hakimiyyət kultu, institusional mexanizmlərin sərt mərkəzləşdirilməsi və genişmiqyaslı ideoloji nəzarət vasitəsilə formalaşdırılıb. “Ruhnama” əsasında inşa olunan ideoloji diskurs, dövlətin informasiya məkanına tam nəzarəti və repressiv aparatın funksionallığı rejimin daxili sabitliyinin qarantı kimi çıxış edir. Beynəlxalq platformada isə “daimi neytrallıq” statusu ilə yanaşı, Rusiya və Çin kimi əsas strateji tərəfdaşlarla geniş və çoxşaxəli iqtisadi-siyasi əlaqələr Türkmənistanın xarici siyasət strategiyasının əsas sütunlarını təşkil edir.
Buna baxmayaraq, bu siyasi modelin uzunmüddətli davamlılığı qarşısında ciddi struktur və kontekstual məhdudiyyətlər dayanır. İqtisadiyyatın energetik sektora yüksək asılılığı, xüsusilə qlobal enerji bazarının volatilliyi və ekoloji cəhətdən təmiz enerji mənbələrinin sürətlə inkişafı Türkmənistanın iqtisadi təhlükəsizliyini ziddiyyətli vəziyyətə salır. Texnoloji və informasiya sahəsindəki izolyasiya rejimin gənc nəsil arasında sosial narazılıq potensialını artırmaqla, dövlətin ictimai dəstək bazasını zəiflədə bilər. Bundan başqa, hakim elita daxilində mövcud olan fraksionallaşma və daxili rəqabət siyasi stabilliyə ciddi təhdidlər yarada bilər.
Perspektiv baxımından, Türkmənistan avtoritarizminin regionun ən qapalı və möhkəm siyasi sistemlərindən biri kimi mövcudluğunu qoruması ehtimal olunur. Lakin qlobal enerji bazarındakı fundamental dəyişikliklər, texnoloji inqilab və cəmiyyətin yüksələn sosial-siyasi tələbləri rejimi adaptasiya və institusional islahatlar aparmağa məcbur edə bilər.
İstinadlar:
- Matveeva, Anna. 2013."Legitimising Central Asian authoritarianism: Political manipulation and symbolic power." In Symbolism and Power in Central Asia. Routledge, 2013.
- Heathershaw, John, and Edmund Herzig. 2013. The transformation of Tajikistan. Routledge: The Sources of Statehood, 2013.
- Cummings, S. N. 2012a. Understanding Central Asia: Politics and Contested Transformations.Routledge.https://www.taylorfrancis.com/books/mono/10.4324/9780203403143/understanding-central-asia-sally-cummings
- Schatz, E. 2006. Access by Accident: Legitimacy Claims and Democracy Promotion in Authoritarian Central Asia. International Political Science Review, 27(3), 263–284.
- OSCE/ODIHR. (2022)a. Election Assessment Mission Report: Turkmenistan Presidential Election.https://www.osce.org/odihr/513568
- Horák, S. (2016)a. Legitimacy Building in Turkmenistan: Beyond Personality Cults. Central Asian Survey, 33(4), 449–462. https://www.researchgate.net/publication/345619941_Personality_Cults_and_Nation-Building_in_Turkmenistan_1_2
- Luong, P. J. (2002). Institutional Change and Political Continuity in Post-Soviet Central Asia: Power, Perceptions, and Pacts. Cambridge University Press.https://assets.cambridge.org/97805218/01096/sample/9780521801096ws.pdf Amazon+2assets.cambridge.org+2AbeBooks+2
- Kuru, A. T. 2014. Authoritarianism and Democracy in Muslim Countries: Rentier States and Regional Diffusion. Political Science Quarterly, 117(4), 595–608.
- Khalid, A. 2007a. Islam after Communism: Religion and Politics in Central Asia. University of California Press.https://www.ucpress.edu/book/9780520282155/islam-after-communism
- Freedom House. (2024)a. Nations in Transit 2024: Turkmenistan. https://freedomhouse.org/country/turkmenistan/freedom-world/2024
- Horák, S. (2016)b. Legitimacy Building in Turkmenistan: Beyond Personality Cults. Central Asian Survey, 33(4), 449–462. https://www.researchgate.net/publication/345619941_Personality_Cults_and_Nation-Building_in_Turkmenistan_1_2
- Cummings, S. N. 2012b. Understanding Central Asia: Politics and Contested Transformations.Routledge.https://www.taylorfrancis.com/books/mono/10.4324/9780203403143/understanding-central-asia-sally-cummings
- Human Rights Watch. (2023). World Report 2023: Turkmenistan.https://www.hrw.org/news/2023/11/21/turkmenistan-journalist-prevented-travelling-abroad
- Levitsky, S., & Way, L. A. (2010). Competitive Authoritarianism: Hybrid Regimes after the Cold War. Cambridge University Press. https://www.cambridge.org/core/books/competitive-authoritarianism/20A51BE2EBAB59B8AAEFD91B8FA3C9D6
- OSCE/ODIHR. (2022)b. Election Assessment Mission Report: Turkmenistan Presidential Election. https://www.osce.org/odihr/513568
- Horák, S. (2016)c. Legitimacy Building in Turkmenistan: Beyond Personality Cults. Central Asian Survey, 33(4), 449–462.https://www.researchgate.net/publication/345619941_Personality_Cults_and_Nation-Building_in_Turkmenistan_1_2
- Reporters Without Borders. (2023). 2023 World Press Freedom Index: Turkmenistan. https://rsf.org/en/turkmenistan
- Khalid, A. (2007)b. Islam after Communism: Religion and Politics in Central Asia. University of California Press. https://www.ucpress.edu/book/9780520282155/islam-after-communism
- Koch, N. (2013). The “personality cult” problematic: Personalism and mosques memorializing the “father of the nation” in Turkmenistan and the UAE. Europe-Asia Studies, 65(6), 1089–1108. https://nataliekoch.com/wp-content/uploads/2013/12/Koch_Mosques_web.pdf
- Freedom House. (2024)b. Nations in Transit 2024: Turkmenistan. https://freedomhouse.org/country/turkmenistan/freedom-world/2024
- Anceschi, L. (2020)a. Turkmenistan’s Foreign Policy: Neutrality, Regionalism, and Strategic Balancing. Routledge. https://api.pageplace.de/preview/DT0400.9781134051564_A24928741/preview-9781134051564_A24928741.pdf?utm_source=chatgpt.com
- Farkhod Aminjonov. 2018. Statecraft in the Steppes: Central Asia’s Relations with China https://www.tandfonline.com/doi/full/10.1080/10670564.2022.2136937#abstract
- Anceschi, L. (2020)b. Turkmenistan’s Foreign Policy: Positive Neutrality and the consolidation of the Turkmen regime. Routledge .https://api.pageplace.de/preview/DT0400.9781134051564_A24928741/preview-9781134051564_A24928741.pdf
- Bertelsmann Transformation Index (BTI). (2024). Country Report: Turkmenistan. https://bti-project.org/en/reports/country-report/TKM
- Turkmen.News. https://www.turkmen.news/
- Radio Azatlyk – Azadlıq Radiosunun Türkmən Xidməti. https://www.azathabar.com/
- Jason Stanley, How Fascism Works: The Politics of Us and Them (New York: Random House,2018).https://www.penguinrandomhouse.com/books/566247/how-fascism-works-by-jason-stanley/
28. Olson, M. (1971). The Logic of Collective Action: Public Goods and the Theory of Groups. Harvard University Press. https://www.hup.harvard.edu/books/9780674537514