✍️ Elman Fəttah – KHAR Centerin rəhbəri
2024–2025-ci illər ərzində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində aparılan intensiv danışıqlar Cənubi Qafqazda onilliklərdir davam edən münaqişəyə son qoymaq üçün real bir fürsət kimi təqdim olunur. Lakin bu sülh yalnız iki dövlətin daxili istəyi və ya ikitərəfli iradəsi ilə izah oluna bilməz. Əksinə, bu proses regionda dəyişən geosiyasi konfiqurasiyaların, qlobal güc mərkəzləri arasında yeni qarşıdurmaların və müxtəlif aktorların (Rusiya, Türkiyə, Avropa İttifaqı, ABŞ) bir-birinə zidd maraqlarının fonunda dəyərləndirilməlidir.
Bu analizin məqsədi Azərbaycan-Ermənistan sülhünün mümkünlüyünü, bu istiqamətdə yaranan yeni imkanları, qarşıdakı riskləri və regional güclərin rolu çərçivəsində bu sülhün nə dərəcədə real və dayanıqlı ola biləcəyini təhlil etməkdir.
Rusiya ilə qarşıdurma: Azərbaycanın “post-Moskva” yönümü
2024–2025-ci illərdə Azərbaycan və Rusiya arasında münasibətlərdə müşahidə olunan gərginlik, sadəcə iki dövlət arasındakı diplomatik anlaşılmazlıqlarla izah oluna bilməz. Bu gərginlik postimperial münasibətlərin dağılması, Kremlə yönəlik struktur etimadsızlıq və Azərbaycan hakimiyyətinin yeni geosiyasi strategiyası ilə sıx bağlıdır.
Xüsusilə 2024-cü ilin sonunda Yekaterinburqda iki azərbaycanlının Rusiya polisi tərəfindən öldürülməsi, bu hadisəyə rəsmi Bakının sərt cavabları – Rusiya səfirliyinə nota, Rusiya mədəniyyət tədbirlərinin ləğvi, “Sputnik Azərbaycan”ın fəaliyyətinin dayandırılması – artıq protokol böhranı deyil, strateji müstəvidə etimadsızlığın simvoluna çevrildi (Elman Fəttah. KHAR Center, 2025). Hadisələrin bu cür eskalasiyası həm də onu göstərdi ki, Azərbaycan cəmiyyətində və siyasi elitasında Rusiya ilə “qardaşlıq narrativi” tükənməkdədir.
Rusiya vasitəçiliyindən imtina: Azərbaycan, 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsindən sonra Rusiya sülhməramlılarının bölgəyə daxil olmasına razılıq verməklə Moskvanın regionda “geosiyasi hakimi-mütləq” rolunu qısa müddətlik tanımışdı. Lakin bu razılığın texniki icrası zamanı – xüsusilə Rusiya sülhməramlılarının neytrallığını şübhə altına alan davranışlar, onların erməni separatçılarına dolaylı dəstək verdiyinə dair ittihamlar və 2023-cü ilin sonunda Qarabağa nəzarətin bərpası, ardınca da sülməramlıların çıxarılması – Bakının Moskva ilə bağlı strategiyasının əsasən dəyişməsinə səbəb olmuşdu.
Bu, təkcə taktiki seçimə bənzəmir, Azərbaycanın regional siyasətdə “post-Moskva konfiqurasiyası” dövrünə hazırlaşdığını göstərir. Bu konfiqurasiya çərçivəsində Bakı özünü Rusiya modelindən fərqli olaraq suveren, rasional, çoxvektorlu və normativ güc kimi təqdim etməyə çalışır.
Azərbaycan üçün yeni status–“Sabitləşdirici aktor” rolu: Rusiya ilə qarşıdurma Azərbaycan üçün yalnız geopolitik təhlükəni azaltmaq anlamına gəlmir. Bu, eyni zamanda öz beynəlxalq mövqeyini yenidən formatlamaq imkanı yaradır. Rəsmi Bakı Cənubi Qafqazda yeni təhlükəsizlik düzəni qurmaq, regionda normativ qaydalara söykənən hüquqi status-kvonu formalaşdırmaq və özünü həm Qərb, həm də region dövlətləri qarşısında “sabitləşdirici və qərarverici aktor” kimi təqdim etmək niyyətindədir (Stronski, 2023). Bu rol həm iqtisadi (enerji təchizatı, nəqliyyat dəhlizləri), həm təhlükəsizlik (anti-terror və sərhəd sabitliyi), həm də diplomatik (vasitəçi və nizamverici) sahələri əhatə edir.
Əgər Ermənistanla sülh müqaviləsi məhz Qərb vasitəçiliyi altında imzalanarsa, bu, Rusiya hegemonluğunun geridə qaldığını simvolizə edən önəmli normativ dönüş nöqtəsi olacaq. Azərbaycanın bu prosesi öz inisiyativi ilə irəlilətməsi onu regionda Kremlə alternativ aktor kimi təqdim edir və bu, Rusiya üçün təkcə strateji yox, həm də ideoloji məğlubiyyət olacaq.
Türkiyə–Ermənistan Yaxınlaşması: Tarixi açılım, yoxsa balans siyasəti?
Türkiyə ilə Ermənistan arasında son illərdə yenidən intensivləşən diplomatik təmaslar Azərbaycan-Ermənistan sülh prosesi üçün mühüm regional konteksti formalaşdırır. Tarixi olaraq 1993-cü ildə bağlanan sərhəd və diplomatik münasibətlərin olmaması iki ölkə arasında dərin bir siyasi uçurum yaradıb. 2009-cu ilin Sürix protokolları bu əlaqələri bərpa etmək məqsədi daşısa da, həm Türkiyə daxilindəki siyasi müqavimət, həm də Azərbaycanın sərt təpkisi nəticəsində proses iflasa uğradı (Chatham House 2010). Lakin 2020-ci il Qarabağ müharibəsindən sonra, vəziyyət əhəmiyyətli dərəcədə dəyişib.
Yeni konfiqurasiya–“Post-Qarabağ” dönəmi və diplomatik fürsətlər: 2020-ci il Qarabağ müharibəsində Azərbaycanın hərbi üstünlüyü və ərazi nəzarətini bərpa etməsi regiondakı siyasi status-kvonu dəyişdi. Bu, Türkiyə üçün Ermənistanla münasibətləri yenidən gözdən keçirmək üçün imkan yaratdı, çünki artıq Bakı ilə koordinasiyalı şəkildə hərəkət etmək və Ermənistanla münasibətləri Azərbaycanı narahat etmədən qurmaq daha asan görünürdü (Cornell, 2025). 2022-ci ilin əvvəlindən etibarən Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin birbaşa görüşləri, qarşılıqlı uçuşların bərpası və humanitar əsaslı sərhəd keçidlərinin müzakirəsi yeni bir mərhələyə keçidi göstərir (ICG, 2025).
Ermənistan üçün alternativ təhlükəsizlik və inteqrasiya yolu: Paşinyan rəhbərliyindəki Ermənistan üçün Türkiyə ilə yaxınlaşma həm iqtisadi çıxış, həm də Rusiya təhlükəsizlik modelindən uzaqlaşmaq üçün diplomatik alternativdir. Ermənistanda son illər Rusiya təsirinə qarşı ictimai narazılıq artıb və Türkiyə ilə normallaşma bu mənada həm sabit elektoratın dəstəyini möhkəmləndirmək, həm də strateji olaraq Qərb strukturlarına inteqrasiya yolunda ardıcıl addım kimi qiymətləndirilir (Giragosian, 2023). Bu yaxınlaşma Ermənistanın regionda “blokadasız diplomatiya” konsepsiyasına uyğun siyasət yeritməsinə şərait yaradır.
Türkiyənin strateji maraqları: İnteqrasiya və vasitəçilik: Türkiyə üçün Ermənistanla münasibətlərin bərpası yalnız ikitərəfli deyil, həm də geosiyasi məsələdir. Birincisi, bu addım Türkiyənin Cənubi Qafqazda etibarlı tərəfdaş kimi rolunu möhkəmləndirir. İkincisi, Türkiyə bu kanaldan istifadə edərək Qərb qarşısında “sabitlik yaradan regional güc” imicini möhkəmləndirə bilər – xüsusilə, Ukrayna müharibəsi fonunda artan geosiyasi rolunu diversifikasiya etmək üçün (Vilsoncenter 2024). Eyni zamanda, bu açılım Ankaranın Ermənistan vasitəsilə İran və Rusiya ilə balanslaşdırılmış diplomatik oyun qurmasına şərait yaradır.
Azərbaycanın baxışı: Faydalar və narahatlıqlar: Azərbaycan üçün Türkiyə-Ermənistan yaxınlaşması ziddiyyətli bir hadisədir. Bir tərəfdən, bu proses Ermənistanın regiona daha dərin inteqrasiyasına, kommunikasiyaların açılmasına və normallaşmaya töhfə verə bilər. Lakin digər tərəfdən, Bakı üçün Türkiyənin regional siyasətində “Azərbaycan mərkəzliliyi” azalarsa, bu, strateji balansın dəyişməsi deməkdir. Ankara-İrəvan əlaqələrinin sürətli inkişafı Bakı-Ankara münasibətlərində “xüsusi münasibət” statusunu nisbətən zəiflədə bilər – xüsusilə də Ermənistanla yaxınlaşma Azərbaycandan asılı olmadan həyata keçirilərsə. Bu riskin qarşısını almaq üçün Türkiyə rəsmiləri daim bəyan edirlər ki, Ermənistanla normallaşma prosesi “Azərbaycanla koordinasiyalı” şəkildə aparılır (TRT World, 2022). Lakin rəsmi Bakıda Türkiyə–Ermənistan münasibətlərinin daha da dərinləşməsinin Azərbaycanın Cənubi Qafqazda yeganə geosiyasi prioritet statusuna xələl gətirə biləcəyi narahatlığı şübhəsiz ki, vardır.
Ermənistanın Qərbə doğru yönələn stratejisi və bunun sülhə təsiri
Baş nazir Nikol Paşinyanın rəhbərliyindəki Ermənistan hökuməti son illərdə açıq şəkildə Rusiya təhlükəsizlik arxitekturasından uzaqlaşmaq xəttini seçib. Bu dəyişikliklər özünü bir neçə fundamental istiqamətdə göstərir: Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərdə etimadsızlıq, Qərb strukturları ilə – xüsusilə, Avropa İttifaqı (Aİ) və ABŞ ilə – daha sıx əməkdaşlıq və Azərbaycanın ərazi bütövlüyünün tanınması kimi mühüm siyasi bəyanatlarla.
KTMT və Moskva ilə bağlılıqdan uzaqlaşma: Ermənistanın KTMT-yə qarşı tənqidi ritorikası 2022-ci ilin sentyabrında Azərbaycanla baş verən sərhəd toqquşmaları zamanı bu təşkilatın hərbi müdaxilədən imtina etməsi ilə gücləndi. Ermənistan cəmiyyətində və siyasi dairələrində KTMT-nin “təhlükəsizlik zəmanəti” statusu ciddi şəkildə sarsıldı və təşkilata üzvlüyün faydaları sual altına düşdü. 2023-cü ildə Ermənistan hökuməti KTMT təlimlərinə ev sahibliyi etməkdən imtina etdi və 2024-cü ilin əvvəlində təşkilatdan çıxma ehtimalını açıq şəkildə gündəmə gətirdi (Eurasianet, 2024).
Bu fonda Ermənistanın Qərb strukturlarına yönəlməsi paralel şəkildə intensivləşib. Aİ ilə “Genişləndirilmiş Tərəfdaşlıq Sazişi” çərçivəsində siyasi və hüquqi islahatlara dair öhdəliklər artırılıb. 2023–2024-cü illərdə Avropa İttifaqının müşahidə missiyasının Ermənistan–Azərbaycan sərhədində yerləşdirilməsi və NATO ilə tərəfdaşlığın dərinləşdirilməsi Ermənistanın təhlükəsizlik konsepsiyasının əsas dönüş nöqtəsi oldu (EUMA Contracts 2024-2025).
Əlavə olaraq, Ermənistan hökuməti 2024-cü ildə Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımaqla, postmüharibə reallıqlarını qəbul etdiyini və sülhə siyasi iradə göstərdiyini nümayiş etdirdi. Bu bəyanat Paşinyanın 2022-ci ilin oktyabrında Praqada verdiyi açıqlamalardan sonra daha konkret xarakter aldı (CivilNet, 2024).
Sülh müqaviləsi–Ermənistan üçün qurtuluş strategiyası: Yuxarıda qeyd olunan transformasiyalar fonunda Ermənistan sülh müqaviləsini təkcə Azərbaycanla münasibətlərin normallaşması kimi deyil, həm də Rusiya təsirindən hüquqi və siyasi şəkildə çıxışın əsaslandırılması kimi qəbul edir. Yəni bu sülh Yerevan üçün bir növ “qurtuluş aktı”dır – təkcə münaqişəyə son qoymaq deyil, həm də yeni bir geosiyasi orientasiyanın təməlini qoymaqdır (CMF 2024).
Bu strategiya Azərbaycanın maraqları ilə tam şəkildə üst-üstə düşməsə də – çünki Bakı Rusiyanın zəifləməsini dəstəkləsə də, Ermənistanın Qərb platformalarında daha güclü şəkildə mövqe tutması qarşısında ehtiyatlı davranır – yenə də qarşılıqlı qazanclı bir sülh üçün nadir tarixi imkan formalaşdırır. Azərbaycan üçün bu, Qərbin vasitəçiliyi ilə hüquqi statuslu razılaşmaya nail olmaq və Ermənistanı yeni hərbi balanslardan uzaq saxlamaq üçün mühüm fürsətdir.
Sülhün mümkünlüyü: Real, amma zəif bünövrəli ümid

Yuxarıdakı diaqramla mən Azərbaycan-Ermənistan sülh prosesinə aid dörd əsas gümanımı vizuallaşdırdım:
- İdeal sülh – Davamlı, hüquqi əsaslı və ictimai legitimlik qazanmış razılaşma.
- Formal sülh – Siyasi rəhbərlik səviyyəsində imzalanan, lakin zəif icra olunan, real dəyişiklik yaratmayan razılaşma.
- Təxirə salınmış gərginlik – Sülh sənədinə baxmayaraq, daxili müqavimət və regional təzyiqlər səbəbilə gərginliyin yenidən baş qaldırması.
- Yeni qarşıdurma – Sülh prosesinin tam iflasa uğrayaraq yeni hərbi və ya diplomatik böhranlara gətirməsi.
Sülh prosesinin hazırkı mərhələsi müəyyən mənada ümidverici görünür: tərəflər diplomatik kanalları açıq saxlayır, prinsipial məsələlərdə bəzi razılaşmalar əldə olunub və beynəlxalq vasitəçilik aktiv rol oynamaqdadır. Lakin bütün bu pozitiv əlamətlərə baxmayaraq, sülhün dayanıqlı, hüquqi cəhətdən bağlayıcı və praktik nəticələr doğuran formatda baş tutması ciddi maneələrlə üz-üzədir. Bu maneələr sadəcə texniki yox, həm də struktur və siyasi xarakter daşıyır.
İnstitusional zəiflik və demokratik defisit: Həm Azərbaycan, həm də Ermənistan, fərqli siyasi quruluşlara malik olsalar da, hər iki ölkə institusional dayanıqlıq baxımından problemlərlə üzləşirlər. Azərbaycan sərt avtoritar sistemə əsaslanan, siyasi plüralizmə və vətəndaş cəmiyyətinə sistematik təzyiqlər göstərən bir idarəçilik modelinə malikdir (Freedom House, 2024). Ermənistan isə nisbətən demokratikləşmiş görünməsinə baxmayaraq, zəif institutlar və parçalanmış siyasi sistem səbəbilə qərar qəbuletmə prosesində davamlılıq və effektivlik problemi yaşayır (International IDEA, 2023). Bu zəifliklər sülh danışıqlarının şəffaflığını, hesabatlılığını və ictimai legitimliyini zədələyir. İki tərəfdə də sülh üçün ictimai konsensus zəif formalaşır.
Daxili siyasi müqavimət və revanşist qüvvələr: Hər iki ölkədə sülh prosesinə qarşı olan güclü daxili təzyiqlər mövcuddur. Azərbaycanda rəsmi ritorikadakı düşmən diskursu, hökümətin əlaltı mediasının militarist propaqandası sayəsində ictimai rəydə "kompromis"ə qarşı dərin şübhələr və millətçi reaksiyalar aktivdir. Bu da potensial güzəştlərə qarşı sərt reaksiya ehtimalını artırır.
Ermənistanda isə 2020-ci il müharibəsindəki məğlubiyyətin travması, orduda və kilsədə mövcud olan mühafizəkar strukturlar, həmçinin Paşinyan hakimiyyətinə qarşı olan elektoral güc, xüsusilə də keçmiş prezidentlər (Koçaryan və Sərkisyan) ətrafında formalaşan siyasi bloklar bu prosesə açıq şəkildə müqavimət göstərir (Giragosian, 2023).
Təhlükəsizlik zəmanətlərinin olmaması: Sülh müqaviləsinin həyata keçirilməsi üçün neytral, funksional və beynəlxalq etimad doğuran təhlükəsizlik mexanizmlərinin olmaması onun icrası və monitorinqi baxımından ciddi boşluq yaradır (ICG, 2023). Hazırda Avropa İttifaqı və ATƏT-in müşahidə missiyaları müəyyən mövcudluğa malikdir, lakin onların mandatı məhdud və hüquqi təsir imkanları zəifdir. ABŞ və Aİ vasitəçilik etsə də, onlar nə sülhməramlı qüvvə təqdim edir, nə də icbari mexanizmlərlə sülhün icrasını təmin edə bilirlər. Bu isə sülh müqaviləsini imzalandıqdan sonra qeyri-müəyyən və reversiv bir prosesə çevirə bilər.
Regional və qlobal rəqabət, maraq toqquşmaları: Cənubi Qafqaz hazırda fərqli güc mərkəzlərinin – Rusiya, İran, Türkiyə, Avropa İttifaqı və ABŞ – kəsişdiyi, lakin ortaq təhlükəsizlik arxitekturasına sahib olmayan bir bölgədir. Bu isə sülhün lokal prosesdən çox, qlobal strateji qarşıdurmanın bir fraqmentinə çevrilməsi riskini artırır.
- Rusiya Cənubi Qafqazı özünün "ənənəvi nüfuz dairəsi" kimi görür və bu bölgədə Qərbin möhkəmlənməsinə prinsipial şəkildə qarşı çıxır. Sülh müqaviləsinin Aİ və ABŞ vasitəçiliyi ilə imzalanması Kremlin regional reputasiyası üçün ciddi zərbə ola bilər. Bu isə Rusiyanı destruktiv davranışlara, Ermənistan və ya İranla yeni hərbi təmaslara sürükləyə bilər (Kucera, RFE/RL, 2024).
- İran Zəngəzur dəhlizi məsələsində xüsusilə həssasdır və burada Türkiyə-Azərbaycan tandemi vasitəsilə formalaşacaq yeni tranzit marşrutları Tehranın regiondakı rolu üçün təhlükə kimi görünür. Bu səbəblə Tehran ara-sıra hərbi təlimlər və sərhəd ritorikası ilə prosesə təzyiq göstərir.
- Qərb sülhü regionun demokratikləşməsi və enerji təhlükəsizliyi kontekstində qiymətləndirir. Lakin Qərbin buradakı maraqları və alətləri yetərincə koordinasiyalı deyil, bu isə onun prosesə təsir gücünü məhdudlaşdırır.
Tarixi fürsət, yoxsa illüziya?
Azərbaycan və Ermənistan arasında sülhün imzalanması bu gün regional və qlobal miqyasda həm realist, həm də tarixi bir fürsət kimi təqdim edilir. Lakin bu fürsətin gerçək və dayanıqlı nəticəyə çevrilməsi üçün tərəflərin təkcə texniki razılaşmalara deyil, eyni zamanda, siyasi iradəyə, ictimai konsensusa və institusional zəmanətlərə malik olması zəruridir. Mövcud konfiqurasiya, sülh prosesini nə tamamilə idealist bir “utopiya”, nə də sırf taktiki və vaxtqazanma məqsədli bir manevr kimi qiymətləndirməyə imkan verir. Əksinə, bu proses həm regional transformasiya fürsətidir, həm də yeni qarşıdurmaların başlanğıc nöqtəsi ola biləcək incə bir tarazlıq mərhələsidir.
Əgər sülh imzalanarsa, bu, təkcə münaqişənin bitməsi deyil, həm də regionda yeni bir təhlükəsizlik və əməkdaşlıq arxitekturasının qurulması anlamına gələcək. Bu kontekstdə sülh üç əsas istiqamətdə dəyərləndirilə bilər:
- İnkişaf yönümlü sülh: Regional kommunikasiyaların bərpası, iqtisadi əməkdaşlığın artması və enerji logistikası üçün yeni imkanlar yaranacaq. Zəngəzur dəhlizi (Sünik), Qars-Yerevan marşrutu kimi layihələr gündəmə gələ bilər.
- Siyasi transformasiya: Ermənistan və Azərbaycanın daxili siyasi sistemləri üçün sülh yeni modernləşmə çağırışları yarada bilər – demokratikləşmə, hüquqi islahatlar və sülh mədəniyyətinin inkişafı.
- Geosiyasi yenidənqurma: Sülh müqaviləsi Rusiya təsirinə qarşı alternativ regional nizamın formalaşmasına zəmin yarada bilər – xüsusilə, Avropa İttifaqı və Türkiyənin vasitəçiliyi ilə.
Tarixi fürsət–Münaqişəsiz Qafqaza doğru: Əgər uğurla nəticələnərsə, Azərbaycan-Ermənistan sülhü postsovet Qafqazında ilk real, hərbi olmayan status-kvoya əsaslanan, qarşılıqlı tanınma üzərində qurulan normativ nizama keçid ola bilər. Bu, yalnız iki ölkənin münasibətlərinin normallaşması ilə məhdudlaşmayacaq – paralel olaraq, Ermənistanın regional inteqrasiyasını, Azərbaycanın beynəlxalq leqitimlik imkanlarını və Türkiyə ilə Ermənistan arasında münasibətlərin sabit əsasda bərpasını sürətləndirəcək. Eyni zamanda, bu sülh Gürcüstan üçün də stabil qonşuluq mühiti yaradaraq, regionun ümumi siyasi və iqtisadi təhlükəsizliyini artıracaq.
Təxirəsalınmış konfliktlər: Digər tərəfdən, əgər bu sülh formallıqdan irəli gedə bilməzsə – yəni yalnız siyasi liderlərin geosiyasi manevrləri və qısa müddətli diplomatik dividendlər uğrunda alətə çevrilərsə – bu zaman nəticə reallıqla toqquşacaq. Qarabağ məsələsinin postmüharibə dövründə tam həll edilmədiyi, mülki əhalinin hüquqları, kommunikasiya xəttləri və təhlükəsizlik mexanizmləri ilə bağlı boşluqların olduğu halda, “sülh müqaviləsi” yalnız kağız üzərində qalacaq və yeni gərginliklər üçün zəmin yaradacaq.
Üstəlik, həm Rusiya, həm də İranın bu prosesə qarşı açıq və ya örtülü sabotaj potensialı, sülhün yalnız tərəflər arasında deyil, regional güclər arasında da razılaşdırılmalı olduğunu göstərir. Bu isə diplomatiyanın klassik “iki tərəfli format”dan çıxaraq daha mürəkkəb, çoxsəviyyəli danışıqlara çevrilməsi ehtiyacını artırır.
Proaktiv planlama: Əgər Bakı və Yerevan sülhü yalnız strateji üstünlük qazanmaq və ya Qərbin dəstəyini təmin etmək üçün bir vasitə kimi deyil, öz ölkələrinin daxili sabitliyi və regional rifah üçün zəruri bir əsas kimi qəbul edərlərsə, bu zaman transformasiya mümkündür. Bu isə aşağıdakı şərtlərlə mümkündür:
- İctimai legitimlik: Sülhə dair razılaşmalar yalnız liderlər arasında deyil, vətəndaş cəmiyyətləri və siyasi partiyalar arasında da paylaşılmalı, ictimai dəstək təmin edilməlidir. Hansı ki, Azərbaycanda bunun reallaşması mümkün görünmür. Ölkədə hakim olan sərt avtoritar rejim müxalif partiyaları və müstəqil vətəndaş cəmiyyətini tamamilə sıradan çıxarıb (KHAR Center, 2025).
- Transsərhəd əməkdaşlıq: İqtisadi, enerji və infrastruktur layihələri vasitəsilə sülhün real dəyəri gündəlik həyatda hiss edilməlidir.
Beynəlxalq təminatlar: Avropa İttifaqı və ya NATO çərçivəsində sülhün monitorinqi, icrası və pozulacağı təqdirdə hüquqi nəticələr doğuracaq mexanizmlər qurulmalıdır. - Təhsil və tarix siyasəti: Hər iki ölkə gənc nəslin bir-birini düşmən kimi deyil, qonşu və tərəfdaş kimi qavraması üçün uzunmüddətli transformativ addımlar atmalıdır.
Ümumiləşdirsək, Azərbaycan–Ermənistan sülhü baş tutarsa, bu, sədəcə diplomatik sənəd olmayacaq. O, 100 il ərzində 3 müharibənin, sonu görünməyən zorakılıq tarixinin, postimperial təsir zonalarının və etno-millətçi narrativlərin üzərinə inşa edilməyə çalışılan bir gələcək vizyonudur. Bu sülh ya regionu tamamilə transformasiya edəcək, ya da yeni nəsil konfliktlərin ön sözü kimi tarixə düşəcək. Seçim tərəflərin və onları müşayiət edən beynəlxalq ictimaiyyətin iradəsindən asılıdır.
Nəticə
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi perspektivi bu gün Cənubi Qafqazda baş verən dərin transformasiyaların mərkəzində yer alır. Bu perspektiv, təkcə iki dövlətin münasibətlərinin normallaşdırılması deyil, həm də bölgədə uzun müddət davam etmiş münaqişələrin yaratdığı siyasi, iqtisadi və normativ boşluqların doldurulması baxımından tarixi əhəmiyyət daşıyır. Lakin bu imkanın reallaşması mütləq deyil – əksinə, o, istismar edilə biləcək risklər və təxirəsalma tendensiyaları ilə əhatələnib.
Hazırkı sülh gündəliyi həm fürsətlər, həm də çağırışlar kontekstində dəyərləndirilməlidir. Rusiya ilə münasibətlərdə yaşanan gərginlik Bakını Qərb vasitəçiliyi ilə sülhə daha açıq həvəsli olmağa sövq edir, Türkiyə ilə Ermənistan arasında yaxınlaşma prosesinə start verilməsi regional sabitlik üçün mühüm fürsət yaradır. Ermənistan tərəfinin də Rusiya orbitindən çıxaraq alternativ təhlükəsizlik və diplomatik dəstək kanallarına yönəlməsi bu sülhün geosiyasi zərurətə çevrilməsini təşviq edir.
Lakin bu fürsətlərin yanında, prosesin dayanıqlığını zəiflədən əsaslı struktur maneələr də mövcuddur: Azərbaycanda sərt avtokratiya və militarizm, Ermənistanda demokratik institutların zəifliyi, ictimai rəyin sülhə qarşı qeyri-stabil münasibəti, revanşist populizmin potensial yüksəlişi və beynəlxalq təhlükəsizlik zəmanətlərinin olmaması bu müqaviləni uzunmüddətli sabitlik layihəsinə çevirməyə ciddi maneə törədə bilər.
Sülh imzalanarsa, bu yalnız müharibənin bitməsi demək deyil. Bu, həm də yeni bir geosiyasi reallığın – regionlararası əlaqələrin, iqtisadi inteqrasiyanın və normativ idarəçiliyin təşəkkül tapması anlamına gələcək. Əks halda, bu proses ya formallıqla məhdudlaşacaq, ya da yeni gərginliklərin inkubasiya mərhələsinə çevriləcək.
Bu səbəbdən, Azərbaycan və Ermənistan hakimiyyətləri sülhü yalnız geosiyasi balans üçün bir alət deyil, sabit və qarşılıqlı faydalı gələcəyin strateji əsaslandırılması kimi qəbul etməlidirlər. Yalnız bu halda Cənubi Qafqaz reaktiv və revanşist siyasi davranışlardan çıxaraq, planlı, inklüziv və proaktiv siyasi modelə keçid edə bilər.
Cənubi Qafqazda sülh — nə qaçılmaz reallıqdır, nə də uzaq bir illüziya. Bu, siyasi iradənin, regional əməkdaşlığın və beynəlxalq zəmanətin birləşdiyi nadir bir tarixi imkan pəncərəsidir. Bu fürsətin reallığa çevrilməsi üçün vaxt azdır, məsuliyyət isə böyükdür.
İSTİNADLAR:
- KHAR Center 2025, Tamaşa dövlətçiliyi: Rusiya–Azərbaycan qarşıdurmasının arxa planı https://kharcenter.com/ekspert-serhleri/tamasa-dovletciliyi-rusiya-azerbaycan-qarsidurmasinin-arxa-plani
- Stronski, Carnegie Endowment for International Peace 2023 https://carnegieendowment.org/research/2023/02/russias-growing-footprint-in-africas-sahel-region?lang=en
- The Armenian–Turkish Protocols: Diplomacy and Deadlock. Chatham House, 2010.https://www.chathamhouse.org/sites/default/files/public/Research/Russia%20and%20Eurasia/0310mtgsummary.pdf
- Cornell, Svante E. Central Asia-Caucasus Institute Silk Road Paper, 2025. https://www.silkroadstudies.org/publications/silkroad-papers-and-monographs/item/13552-is-central-asia-stable?-conflict-risks-and-drivers-of-instability.html
- International Crisis Group. Improving the Prospects for Peace Between Armenia and Azerbaijan. 2025. https://www.crisisgroup.org/europe-central-asia/caucasus/armenian-azerbaijani-conflict/armenia-and-azerbaijan-getting-peace-agreement-across-finish-line
- Giragosian, Richard. “Why Armenia Needs to Reset Its Foreign Policy.” Open Democracy, 2023 https://www.cmi.no/publications/8911-changing-geopolitics-of-the-south-caucasus-after-the-second-karabakh-war
- Vilsoncenter 2024. “Turkey's Balancing Act: Navigating NATO, BRICS, and Other Global Partnerships https://www.wilsoncenter.org/article/turkeys-balancing-act-navigating-nato-brics-and-other-global-partnerships
- TRT World. “Turkey says normalization talks with Armenia will continue in coordination with Azerbaijan.” 2022. https://trt.global/world/article/17196020
- Eurasianet. “Armenia Signals Possible Withdrawal from CSTO.” Eurasianet, February 2024. https://eurasianet.org/armenian-pm-insists-country-has-irrevocably-broken-with-the-russia-led-csto
- EUMA 2024.https://www.eeas.europa.eu/euma/euma-contracts-2024-2025_en?s=410283
- CivilNet. “Pashinyan Reaffirms Recognition of Azerbaijan’s Territorial Integrity.” CivilNet, April 2024. https://civilnet.am
- Narine Chukhuran, Narek Minasyan, Viktorya Muradyan. Armenia’s Shift from Russian, CMF 2024.https://www.gmfus.org/news/shift-away-russia
- Freedom House. Freedom in the World 2024: Azerbaijan and Armenia. https://freedomhouse.org/country/azerbaijan/freedom-world/2024 , https://freedomhouse.org/country/armenia/freedom-world/2024
- International IDEA. Global State of Democracy Report 2023. https://www.idea.int/gsod/2023/
- Giragosian, Richard. "Armenia's Path to Peace: Political Risks and Strategic Necessity." European Council on Foreign Relations, 2023.https://ecfr.eu/profile/richard-giragosian/
- International Crisis Group (ICG). Improving the Prospects for Peace Between Armenia and Azerbaijan, Report 2020 https://www.crisisgroup.org/europe-central-asia/caucasus/nagorno-karabakh-conflict-europe-central-asia-azerbaijan-armenia
- Kucera, Joshua. “Russia’s Waning Influence in the South Caucasus.” Radio Free Europe/Radio Liberty, Avgust 2024. https://www.rferl.org/a/russia-azerbaijan-karabakh-caucasus-trade-politics/33085516.html