(Yazı Khar Centerin Azərbaycan avtoritarizmi araşdırmaları çərçivəsində hazırlanıb)
Müəllif: ✍️ Elman Fəttah və KHAR Centerin siyasi analitika qrupu
Yazının ilk hissəsini bu linkə keçid edərək oxuya bilərsiniz.
Post-siyasi dövrdə Azərbaycanda vətəndaş itaətsizliyi: modellər və ssenarilər
Tədqiqatın ikinci hissəsində, qanuni yolların faktiki olaraq bağlanması və legitimlik boşluğunun kəsişdiyi yerdə yaranan kollektiv davranış şəkilləri sosioloji və regional baxımdan qiymətləndirilir. Eyni zamanda Azərbaycanda sivil itaətsizliyin mümkün formaları (simvolik, normativ, iqtisadi və şəbəkəli fəaliyyətlər) təsnif edilərək rejimin stabilliyinin zəifləməsi, fərqli sosial-psixoloji senarilər və "dissosiasiya nöqtəsi" anlayışı çərçivəsində modelləşdirilir.
“Qanuni yol”un tam bağlanması
Sivil itaətsizliyin hüquqi və əxlaqi sərhədlərini müəyyən edən məsələlərdən biri də onun legitimliyi ilə bağlıdır. Con Rolz "A Theory of Justice" adlı əsərində sivil itaətsizliyi hüquqi sistem daxilində "açıq, dinc və vicdanlı şəkildə həyata keçirilən qanun pozuntusu" olaraq təsvir edir. O, belə etirazın yalnız "ciddi ədalətsizlik baş verir və normal siyasi vasitələr artıq effektiv deyil" çərçivəsində məqsədəuyğun olduğunu bəyan edir (RAWLS, 1921). Hanna Arendt “On Revolution” adlı əsərində siyasətin əsasını iştirak və hərəkat azadlığı kimi dəyərləndirir. Əgər bu mövcud deyilsə, siyasi azadlıqların kollektiv müdafiəsi baxımından sivil itaətsizlik artıq çoxdan ictimai legitimlik qazanıb (ARENDT, 1963).
Azərbaycan kontekstində “qanuni yol”un de-fakto bağlanması
Azərbaycanda bu normativ çərçivənin tələbləri artıq obyektiv şəkildə var. Yəni konstitusiyada təməl siyasi hüquqlar formal qeyd olunsa da, onların gerçəkdə həyata keçirilməsi mümkün deyil. Sərbəst toplaşmaq hüququ qanunlarda yazılsa da, uzun illərdir ki, Bakı və digər şəhərlərdə siyasi aksiyalar faktiki qadağandır. Nadir baş verən "icazəsiz aksiya" iştirakçıları da sərt cəzalandırılır. Digər tərəfdən lisenziya və qeydiyyat sistemləri ilə media ölkə daxilində tam nəzarət altına alınıb. Sosial mediada yazılan ifadəyə görə həbslərin intensivləşməsi artıq ifadə azadlığının cinayət sayıldığını göstərir.
Bütün bu faktlar, Rolz və Arendt tərəfindən bəhs edilən legitim sivil itaətsizliyin şərtlərinin Azərbaycanda tam mövcud olduğunu açıq nümayiş etdirir. Yəni Azərbaycanda vətəndaşlığın əsas konstitusional hüququnun–siyasi iştirakın qanuni yollarının qapadılması şəraitinidə sivil itaətsizlik azadlıqların bərpası üçün artıq son çarə kimi görünür.
Cəmiyyətin kritik həddə çatması
Avtoritar sistemlərdəki dəyişikliklər adətən kiçik qrupların daha cəsarətli davranışlar sərgiləməsi ilə baş verir. Bu hadisə sosial psixologiyada "kritik hədd effekti" ("threshold effect") adlanır. Məntiq budur ki, əksəriyyət passiv qaldığı halda, sistem tərəfindən yaradılan qaydaları pozmağa hazır olan azlıq kaskad effekti yarada bilər.
Kritik hədd düşüncəsi sosial davranış nəzəriyyələri daxilində Granovetterin kütləvi fəaliyyət modeli ilə izah edilir (Mark Granovetter, 1978). Bu modelə əsasən insanların birgə fəaliyyətə qoşulma qərarı onların "fərdi həddi" ilə sıx bağlıdır. Başqa sözlə, bir insan müəyyən sayda digər şəxsin iştirakını gördükdən sonra özünün də iştirakına qərar verir. Cəmiyyətin fərdləri isə fərqli hədd dərəcələrinə malikdir. Bəziləri ilk ismarışlarda iştirak etməyə razıdır (aşağı hədd), digərləri isə yalnız fəaliyyət geniş miqyas aldıqda qoşulur (yüksək hədd). Azərbaycan nümunəsində buna misal kimi 90-cı illərin sonu və 2000-ci illərin başlanğıcında çoxlu insanın müxalifət aksiyalarını evdə, sadəcə divanda oturub izləməsini misal göstərə bilərik. Ancaq kütləvi iştirak genişləndikdə, 2003-cü ilin payızında çoxluq aksiyalara qatıldı. Yəni, kiçik bir qrupun fəaliyyətə başlaması mühüm dönüş yaratma potensialına sahibdir.
Empirik nümunələr
Gəlin bu modelin necə işlədiyini bir sıra regional nümunələrlə göstərək:
2018-ci ildə Ermənistanda Paşinyanın kiçik qrupu tərəfindən təşkil edilən yaradıcı küçə etirazları əvvəlcə kütləvi dəstək qazana bilmədi, lakin qısa müddət sonra passiv əhalini cəlb etdi və nəticədə rejimin süqutuna səbəb oldu (Miriam Lanskoy, 2019).
2020-ci il Belarus seçkilərindəki saxtakarlıqdan sonra etirazlar öncə paytaxtdakı aktivist qruplarla başladı. Etirazlar zamanla genişlənərək müxtəlif sosial qrupa mənsub insanların, o cümlədən müəllimlərin, işçilərin və qadınların yürüşlərini də əhatə etdi. Bu, sistemin legitimlik böhranının necə azlıq tərəfindən başladılıb geniş kütlələrə yayıla biləcəyinin aydın nümunəsidir (Mischa Gabowitsch, 2021).
1998-ci ildə Serbiyada gənclər və müxalifət Slobodan Miloşeviç rejiminə qarşı etirazlar təşkil etməyə başladı. Başlangıçda etirazlar local xarakter daşıyırdı. Ancaq əhali passiv müşahidəçi olmaqdan aktiv iştirakçı olmağa keçdikdə, sistem buna davam gətirə bilmədi (Bojana Barlovac, 2010).
Azərbaycan kontekstində potensial şərait
Azərbaycan avtoritarizmində də eyni dinamikalar açıq-aydın ortadadır: siyasi iştirak imkanları sıfırlanıb, ictimai narazılıq dərinləşib, xüsusən gənclər arasında sosial ədalətsizlik duyğusu yüksəlib. Bütün bunlar rejimin "kritik hədd"ə doğru irəlilədiyini göstərir.
Repressiyaların sərtliyi göz qabağında olsa da, tarix göstərir ki, kiçik, lakin mütəşəkkil qruplar cəmiyyətin sosial davranış modelini kökündən dəyişə bilir. Hazırda, hətta həbsxana şəraitində belə susmayan, təslim olmayan azsaylı, lakin prinsipial və sistemli fəaliyyət göstərən qruplar (bir sözlə, davamlı dirəniş) kritik hədd zamanı "səssiz çoxluq"un oyanışı üçün psixoloji zəmin hazırlayır, rejimin zəiflədiyi və ya ayağının büdrədiyi ilk məqamda kütləvi hərəkətlərin başlaması üçün lazımi mühiti formalaşdırır.
Legitimlik boşluğu
Avtoritar rejimlərin dayanaqlılığı zorakılığa əsaslanan inzibati resurslarla bərabər, müəyyən dərəcədə də legitim təməllərə söykənir. Maks Veberə görə, siyasi legitimlik üç əsas formaya əsaslana bilər: hüquqi legitimlik, performansa əsaslanan legitimlik (effektiv idarəetmə), və dəyərlərə söykənən legitimlik ( Max Weber, 1978). Bu, avtoritar rejimlər üçün də keçərlidir. Çünki kütləvi itaətin effektiv təmini üçün ictimai qəbuledilənlik olmazsa olmazdır.
Lakin 2025-ci ildən etibarən Azərbaycanın siyasi arxitekturasında bu üç dayağın paralel şəkildə aşınması müşahidə olunur. Hüquqi legitimlik əvvəldən yoxdur, performativ legitimlik iqtisadi durğunluğun təzyiqi altındadır, dəyər legitimliyi isə sürətli açınma prosesi yaşayır. Bu da şübhəsiz, rejimi gələcəkdə “legitimlik boşluğu” ilə üz-üzə qoyacaq, yuxarıdan gələn transformasiya ümidlərinin tükənməsi sivil itaətsizlik üçün həm psixoloji, həm də normativ əsas yaradacaq (Kharcenter, 2025a).
Hüquqi legitimliyin əsas indikatoru azad, ədalətli seçkilərdir. Lakin Azərbaycanda 30 ildən artıqdır davam edən geniş miqyaslı seçki saxtakarlıqları hakimiyyətin “xalq iradəsini təmsil etmədiyi” qənaətinə şübhə yeri qoymayıb. Bu, Azərbaycan cəmiyyətinin kütləvi qənaətidir.
Avtoritar rejimlərdə hüquqi legitimlik defisitində “iqtisadi rifah və sabitlik” faktoru alternativ kimi çıxış edir. Yəni hakimiyyət siyasi azadlıqları məhdudlaşdırsa da, sosial rifahı təmin etməklə legitimlik problemini ictimai müstəvidə kompensasiya edə bilir. Lakin Azərbaycanda manata olan təzyiqin artması, idxalın bahalaşması, inflyasiyanın dərinləşməsi və zəncirvari şəkildə də sosial gərginliyin yüksəlməsi fonunda 2023-cü ildən etibarən performansa əsaslanan legitimlik də sürətlə eroziyaya uğrayır (Kharcenter, 2025b). Üstəlik, Khar Centerin iyun 2026-cı dərcə olunmuş və Dövlət Statistika Komitəsinin məlumatlarına əsaslanan yazısına görə bu ilin ilk 3 ayının yekunlarına görə ölkə iqtisadiyyatının inkişafı 0,0 olub. Açıqlanan hesabat göstərir ki, son 30 ildə Azərbaycan iqtisadiyyatının qan damarı rolunu oynayan neft-qaz sektoru 1,0% kiçilib, 30 ilin iqtisadi difersifikasiya nağılı, qeyri-neft sektorundakı artım isə cəmi 0,4% olub. Bu zəif tərpəniş, əlbəttə böyük itkini kompensasiya etməyə yetmədiyi üçün iqtisadiyyat rəsmən durğunluq dövrünə daxil olub. Üstəlik, büdcə gəlirləri də ötən ilin eyni dövrü ilə müqayisədə 4,5% aşağı düşüb, gələcəyin təminatı sayılan qeyri-neft investisiyaları isə 14,7% azalıb (Kharcenter, 2026). Siyasi sistemlərin mexanizmlərini anlayanlar üçün bu "sıfır inkişaf" Əliyev avtoritarizminin son iyirmi ildə arxalandığı idarəetmə modelinin divara dirəndiyini göstərən ciddi siqnaldır. Çünki bu model neft rentasının elitalara paylanması və cəmiyyətlə səssiz sosial müqavilə üzərində qurulub. Bu gün isə həmin bölüşdürmə və cəmiyyətlə sosial razılaşma mexanizmi sıradan çıxır. Beləliklə, hakimiyyətin “sosial razılıqla idarəetmə” instrumenti olan performativ legitimlik də artıq öz funksiyasını itirir.
2020-ci il Qarabağ müharibəsində əldə olunan qələbə əliyevlər rejiminə geniş ictimai dəstək qazandırdı. Əldə edilən “qələbə kapitalı” bir neçə ildir dəyər əsaslı legitimlik resursu kimi çıxış edir. Lakin qələbənin nəticələri gündəlik həyat şəraitinin yaxşılaşmasına heç bir töhfə vemədikcə, bu legitimlik resursu da sürətlə tükənir. Ərazi bütövlüyünün bərpası simvolik zəfər olsa da, sosial ədalət və idarəetmədə vəziyyət daha da pisləşib. Bu da gənc və urban təbəqələr arasında “gözləntilərlə reallıq arasında uçurum” hissini gücləndirir (Elman Fattah, 2025c).
Bu üçtərəfli legitimlik böhranı cəmiyyətdə “yuxarıdan gələn dəyişiklik mümkün deyil” qənaətinin dərinləşməsinə səbəb olur və getdikcə daha çox normativ xarakter alır: vətəndaşlar sistemi özünü islah etməyə qadir olmayan kimi xarakterizə edir. Bu isə alternativ yollar axtarışını zərurətə çevirir. Belə şəraitdə sivil itaətsizlik, sosial mobilizasiya və qeyri-institusional təşəbbüslər sistem xaricində yeni legitimlik yaratma cəhdi kimi çıxış edə bilər.
Beləliklə, legitimlik boşluğu yeni siyasi münasibətlərin və fəaliyyət formalarının doğulması üçün vacib faktordur. Rejimin hüquqi, performativ və dəyər əsaslarının eyni anda zəiflədiyi bir şəraitdə, cəmiyyətin fərqli təmsil formaları axtarışları çox zaman sistemdənkənar şəkildə, sivil itaətsizlik şəklində baş verir.
Qeyri-funksional qanunun etik şəkildə pozulması
Sivil itaətsizliyin qəti hədəfi normal qanunların işləməsinə və ya mürtəce qanunların dəyişdirilməsinə nail olmaqdır. Məsələn, ifadə azadlığını boğan məhdudiyyətlər, sərbəst toplaşma hüququnu faktiki qadağan edən inzibati maneələr və ya seçki saxtakarlıqları mexanizmləri sivil itaətsizliyin başlıca hədəfidir. Vətəndaş itaətsizliyi zamanı məhz bu qanunlar və qadağalar formaca pozulur ki, mahiyyətcə hüququn məğzi qorunsun. Sivil itaətsizlik, hüquq sisteminə qarşı yox, onun içindəki ədalətsizliyə qarşı çıxış edir.
Bu baxımdan sivil itaətsizlik Azərbaycanda xalq suverenliyinin sultanizmə çevrildiyi indiki reallıqda alternativ vətəndaşlıq modeli nümunəsi kimi çıxış edə bilər. O, hüququn kağız üzərində qalması ilə cəmiyyətin ədalət tələbi arasındakı ziddiyyəti üzə çıxara və siyasi transformasiya üçün etik, dinc və ictimai əsas formalaşdıra bilər.
Regional və beynəlxalq nümunələr
Müxtəlif siyasi rejimlər altında, fərqli formalarda təzahür etsə də, sivil itaətsizliyin əsas prinsipləri–qeyri-zorakılıq və siyasi məqsədlilik hər zaman dəyişməz qalır.
Gürcüstanda 2003-cü il parlament seçkilərindən sonra baş verənlər, Saakaşvilinin rəhbərlik etdiyi müxalifətin seçkilərdə kütləvi saxtakarlıq olduğunu əsas gətirərək küçələrə çıxması və sonra parlament binasına daxil olması “qanunsuz”, güllə daxil olması isə zorakılıqdan imtinanın təcəssümü idi (USİP, 2006).
Rusiyada Navalnının həbsinə qarşı təşkil olunan yürüşlərdə etirazçılar icazəsiz mitinqlərə çıxdıqları üçün qanunu pozmuş sayılırdılar, lakin dövlətin özü hüququ pozduqda, vətəndaşın borcu buna etiraz bildirməkdir. Bu etirazlar həm hüququn etik təməlini vurğulayırdı, həm də zorakılıqdan imtina üzərində qurulmuşdu (Demydova, 2021).
Qazaxıstanda 2019-cu ildən başlayaraq gənclər və vətəndaş cəmiyyəti tərəfindən həyata keçirilən etiraz aksiyaları, sosial media kampaniyaları sivil itaətsizliyin kreativ və qeyri-zorakı formasına daha bir nümunədir.
Ötən əsrin 50-ci illərində Martin Lüter Kinqin rəhbərlik etdiyi etirazlar isə afroamerikalıların vətəndaş hüquqları uğrunda və ABŞ-ın irqçi ştatlarının seqreqasiya qanunvericiliyinə qarşı mübarizəsi idi. Dinc, açıq və etik əsaslı etirazlar hüquqi sistemi sarsıtmadan onun ədalətsizliyini ifşa etməyi və dəyişiklikliyə nail olmağı bacardı (Martin Lüter King, 1958).
Bu nümunələr göstərir ki, sivil itaətsizlik kontekstual olaraq fərqliləşsə də, əsas mahiyyəti dəyişmir: hakimiyyətlərin hüquq və dəyərləri pozduğu yerdə, vətəndaşlar passiv itaəti dayandıraraq dinc və etik şəkildə buna qarşı çıxmaq hüququna və bəzən hətta vəzifəsinə malikdir. Azərbaycanda da bu kontekstə bənzər sosial və siyasi gərginliklər mövcuddur. Buna görə də, sivil itaətsizlik Azərbaycanda gələcək siyasi transformasiya imkanları üçün real və legitim bir strategiya kimi düşünülə bilər.
Azərbaycan üçün mümkün sivil itaətsizlik formaları
Qeyd: Bu bölmə siyasi analizə əsaslanır və hər hansı çağırış məqsədi daşımır.
Tədqiqat boyu biz akademik mənbələrə istinadla əsaslandırdıq ki, vətəndaş itaətsizliyi avtoritar rejimlərə qarşı baş verən kütləvi hadisədir. Onun əsas mahiyyəti birbaşa qarşıdurmadan uzaq, rejimin legitimliyini dinc şəkildə sorğulayan və ictimai diqqətin siyasi sistemdəki problemlərə yönəlməsi üçün qanunların ədalətsiz tətbiqinə qarşı etiraz xarakteri daşımasıdır. Azərbaycanda da artıq qanunlar çərçivəsində siyasi fəaliyyətin faktiki qadağası və yaxın gələcəkdə rejimin yaşayacağı legitimlik böhranı fonunda, sivil itaətsizliyin bir sıra aspektlərinin potensial imkan kimi ortaya çıxması mümkündür.
Sivil itaətsizliyin mühüm təsirə malik formalarından biri kimi simvolika, birbaşa konfrontasiyadan yayınaraq, daha çox ictimai şüura və mədəni qavrayışa təsir göstərən performativ və estetik vasitələrə əsaslanır. Simvolik itaətsizlik fərdi və kollektiv narazılığın dilə gətirilmədən və ya açıq çağırış olmadan ifadə olunduğu davranış və yaradıcılıq formalarını əhatə edir.
Bu fəaliyyətlər siyasi təqib riskini minimuma endirir, lakin eyni zamanda ictimai fikrin formalaşmasında və alternativ baxışların təşviqində mühüm rol oynayır. Xüsusilə Azərbaycan kimi repressiv mühitlərdə siyasi ifadənin mümkün forması kimi çıxış edə, daha geniş müqavimət üçün psixoloji zəmin yarada bilər.
Mədəniyyət əsaslı etirazlar
Mədəni ifadə vasitələri kimi teatr, poeziya, roman, musiqi, repressiv kontekstlərdə simvolik müqavimətin daşıyıcısına çevrilə bilər. Birbaşa siyasi məqsəd güdməyən, lakin metaforik və ya çoxmənalı dildə danışan bu formalar ictimai tənqidin ən təsirli vasitələridir: səhnə əsərlərində avtoritarizmi dolayı yolla tənqid edən personajlar və süjetlər, ədəbi mətndə aşağı bürokratik zümrəni tənqid edən gizli siyasi ironiyalar gələcək vətəndaş itaətsizliyinin rüşeymi kimi çıxış edə bilər.
Bu tip ifadə formaları senzura ilə üz-üzə gəlmədən siyasi mesaj ötürmək imkanına malikdir. Bu halda mədəniyyət alternativ ictimai diskursun yaşadılması işində toqquşma yaratmayan müstəvidir.
Ziddiyyətli hüquqi tətbiqlərə kollektiv reaksiya
Avtoritar rejimlər hər zaman hüququ selektiv şəkildə (bəzi şəxslər və qruplar üçün sərt, digərləri üçün imtiyazlı) tətbiq edir. Bu isə ictimai legitimliyi zəiflədir. Nəticədə normativ itaətsizlik, hüququn selektivliyinə qarşı dinc, hüquqi və ya mədəni etiraz forması kimi ortaya çıxa bilir. Məsələn, Ağadadaş Ağayevin videogörüntülü xuliqanlıq faktına rəğmən həbsə atılmadığı halda, siyasi aktivistlərin uydurma xuliqanlıq ittihamı ilə həbs edilmələrinə, eyni zamanda siyasi ittihamlarla yüzlərlə şəxslərin, o cümlədən jurnalistlərin həbsdə saxlanılması rerallığında soyqırım ittihamı ilə məhkum edilmiş Vaqif Xaçaturyanın Ermənistana qaytarılmasına görə sosial mediada geniş rezanans doğuran etirazları buna nümunə kimi göstərə bilərik.
Bu tip reaksiyalar hələ tam sistematik xarekter almaya bilər, lakin sistemə dərin narazılıq mesajı verir və hüququn ədalətə yox, nəzarətə xidmət etdiyi hallarda cəmiyyətin etik koordinatlarının işlədiyini göstərir.
Yəni inzibati aparatın hüquqa uyğun olmayan davranışlarına qarşı baş verən itaətsizlik davranışı heç də klassik mənada hüququ pozmur, lakin inzibati hökmranlığın sərhədsizliyini və hüquqi əsaslardan uzaqlaşmasını sivil müqavimət yolu ilə ifşa edir, cəmiyyətin hüququn ədalətli tətbiqinə olan həssaslığını qoruyub saxladığını göstərən ictimai reaksiya kimi çıxış edir, hüququn siyasi sui-istifadəsinə qarşı vicdani müqaviməti təmsil edir.
İqtisadi itaətsizlik
Sivil itaətsizliyin əsas, lakin çox zaman göz ardı edilən formalarından biri iqtisadi itaətsizlikdir. Bu, vətəndaşların iqtisadi davranışlarını dəyişərək, hökumətin maliyyə sabitliyini və ya ictimai etibarını zəiflətməyi hədəfləyən kollektiv etiraz formasıdır. İqtisadi itaətsizlik, zorakılıq olmadan siyasi hakimiyyətin iqtisadi asılılıq şəbəkəsinə, "itaət iqtisadiyyatı"na qarşı etirazdır.
İqtisadi itaətsizlik ictimaiyyətin istehlak və əmək vərdişlərini dəyişdirməklə, həm də rejim üzərində iqtisadi təsir yarada və eyni zamanda insanların siyasi şüurunu canlandıra bilər.
Nümunələr:
Vergilərin ödənilməsindən qəsdən imtina sivil itaətsizliyin simvolik və praktik etiraz mexanizmidir. Məqsəd hakimiyyətin performativ legitimliyinə qarşı təzyiq yaratmaqdır.
Məsələn, Mahatma Gandi hərakatında fiskal itaətsizlik müstəmləkə hakimiyyətinin legitimliyinə qarşı kollektiv müqavimət vasitəsi kimi istifadə olunub.
Vergi itaətsizliyindən doğan və ya hər hansı cərimələrin ödənilməməsi inzibati sanksiyanın legitimliyinin sorğulanmasında əvəzsiz metoddur. Bu, hakimiyyətin inzibati idarəetmə zəngirinin işlək mexanizmini pozmaqla sivil itaətsizliyin effektiv aləti kimi çıxış edir.
Məsələn, Martin Luther King və vətəndaş hüquqları hərəkatının iştirakçıları inzibati və cinayət məsuliyyətini qəbul etsələr də, tətbiq edilən sanksiyaların əxlaqi əsaslarını inkar edirdilər. Bu, sivil itaətsizliyin əsas prinsipini – hüquqi məsuliyyətin qəbul edilməsi ilə yanaşı normanın legitimliyinin sorğulanmasını – aydın şəkildə nümayiş etdirir.
Bu baxımdan, cərimə ödəməmək avtoritar sistemə yönəlmiş effektiv siyasi diskurs aktıdır.
Tarixi nümunələr
Sivil itaətsizliyin iqtisadi aspekti bir çox ölkədə avtoritar rejimlərə qarşı mübarizənin önəmli əsaslarından biri sayılır. Məsələn, Cənubi Koreyada (1970–1993-cı illərdə) hökumətə bağlı böyük şirkətlərə qarşı istehlak boykotu təşkil edildi və tələbələr universitetdə xarici məhsullardan imtinaya yönəlmiş kampaniyalar apardılar (Stanford University, 2007). Polşada, 1980-ci illərdə “Solidarnost” (Həmrəylik) yalnız siyasi deyil, eyni zamanda iqtisadi itaətsizlik yolları ilə sistemi sıxışdırırdı. İşçilərin etirazları, kollektiv əmək fəaliyyətindən imtina etməsi və istehlak kampaniyaları rejimin iqtisadi bazasını zəiflətdi (Dr.Bartkowski, 2009).
Serbiyada (1990-cı illərdə) Miloşeviç rejiminə qarşı aparılan aksiyalar çərçivəsində dövlət mülkiyyətində olan məhsullara qarşı istehlak boykotları və sərbəst bazarların dəstəklənməsi iqtisadi krizis yaratmaqla bərabər, həm də alternativ sosial tənzimləmənin simvoluna çevrilmişdi. Bu misallar, vətəndaş itaətsizliyinin iqtisadi aspektinin nə qədər effektiv bir alət olduğunu açıq şəkildə nümayiş etdirir ( Fridman & Hercoginja 2016).
Azərbaycan kontekstində nəzəri imkanlar
Azərbaycan iqtisadiyyatının dövlətlə sıx bağlı olması, iri şirkətlərin əksəriyyətinin ya birbaşa, ya da dolayı olaraq hakimiyyətə yaxın çevrələrin nəzarətində olması (State.gov, 2025) istehlak vərdişlərində ediləcək simvolik ictimai dəyişikliklər sayəsində rejimin iqtisadi mexanizmi sınağa çəkilə bilər. Gənclər və şəhər əhalisi arasında tək-tük boykot təşəbbüsləri sosial mediada zaman-zaman görünür. Məsələn, qiymət artımına və ya xidmət keyfiyyətinə etiraz çağırışları kimi (Musavi, 2018).
İqtisadi itaətsizlik repressiv siyasi rejimlərdə dinc müqavimətin mühüm formasıdır. Onun gücü, həm də fərdin siyasi subyektliyini qabartmasında yatır. Avtoritar rejimlər siyasi davranışa çox zaman nəzarət edə bilsə də, istehlak və əmək vərdişlərinə nəzarət çətin, əsasən də uğursuz olur. Məhz bu səbəbdən iqtisadi itaətsizlik, uzunmüddətli sosial transformasiyanın ilkin mexanizmlərindən biri hesab oluna bilər.
Nümunə kimi 2021–2023-cü illərdə ərzağın bahalanmasına qarşı sosial mediada rezonans doğuran boykot çağırışlarını göstərmək olar ( Kamilsoy, 2021). Hadisə olduqca geniş yayılsa da, real kollektiv davranışa çevrilmədi. Bu, potensialın mövcudluğunu, lakin koordinasiyanın zəif olduğunu göstərir. Yaxud müəyyən xidmət sahələrində (məsələn, mobil operatorlar, banklar) yerli monopoliyaya qarşı tamamilə qeyri-siyasi istifadəçi narazılığının sivil itaətsizliklə əlaqələndirilə biləcək formaya çevrilməsi an məsələsidir.
Azərbaycan iqtisadiyatının əsasən dövlət kapitalizmi mahiyyəti daşıması iqtisadi itaətsizliyi çətin, lakin baş tutarsa effektiv etiraz forması kimi ön plana çıxarır. Əgər bu etiraz forması məqsədyönlü şəkildə ortaya çıxarsa, rejimin iqtisadi rıçaqlarına ciddi zərbə vura, ictimai şüurun oyanmasında və sistemin legitimlik əsaslarının sorğulanmasında mühüm rol oynaya bilər.
Etik kollektiv şəbəkələr
Sərt avtoritar rejimlərdə klassik siyasi təşkilatlanma ya sıradan çıxarılır, ya da rejimin nəzarətinə alınır. Belə şəraitdə sivil itaətsizliyin əsas dayaq nöqtəsi formal olmayan, mərkəzləşməmiş, etibar əsaslı və normativ əlaqələrlə işləyən şəbəkələr olur. Bu şəbəkələrə akademik ədəbiyyatda bəzən “etik mikroicmalar”, “gizli cəmiyyətlər” və ya “alternativ sosial infrastrukturlar” da deyilir (Conversi, 2021a). Onlar klassik mənada siyasi təşkilat olmasalar da, həm dayanıqlı informasiya dövriyyəsi, həm də etibarlı sosial həmrəylik məkanı yaradır.
Belarus, Rusiya kimi sərt avtoritar və İran kimi totalitar rejimlərdə sivil itaətsizlik açıq siyasi çağırışlardan daha çox etibara əsaslanan kiçik qruplar vasitəsilə həyata keçirilir. Bu şəbəkələr, repressiyadan qorunmaq üçün aşağı profilli və qeyri-iyerarxik struktura malikdir (Conversi, 2021b). İştirakçılar arasında güclü etik bağ və sosial etibar mövcuddur. Bu etibar əsasən gündəlik həyat münasibətləri çərçivəsində inkişaf edir (məişət, mədəni fəaliyyət, ailəvi çevrələr və s.).
Azərbaycan kontekstində sosial baza
Azərbaycan cəmiyyətində ailə, qohumluq və dostluq əlaqələri sosial münasibətlərin əsas elementlərini təşkil edir. Bu struktur bir tərəfdən konservativ təsirlər yaratsa da, digər yandan etibara dayanan alternativ kollektiv fəaliyyət modelləri üçün əlverişli şərait formalaşdırır. Xüsusilə sosial etimadın zəif olduğu və siyasi təşkilatlanmanın çətin göründüyü vəziyyətdə, ailə və yaxın dostlar hələ də bir-birinə dəstək olmaq və informasiya mübadiləsi aparmaq üçün ən təhlükəsiz mühitlərdən biri olaraq qalır. Etika prinsiplərinə əsaslanan kiçik sosial qruplar, məsələn, kollektiv qiraət dairələri, mədəniyyət həvəskarları və tələbə dostluq şəbəkələri, mikro səviyyədə həm müqavimət, həm də passiv sivil itaətsizlik formalarını bir araya gətirə bilərlər. Regional icmalar və kənd kökənli şəhər qrupları, sosial-mədəni oxşarlıqları və uzunmüddətli etibarları sayəsində alternativ etik şəbəkələrin qurulmasına zəmin hazırlaya bilər. Bu şəbəkələrin açıq siyasi kimlik olmadan, amma mənəvi məsuliyyət müstəvisində müqavimətin yayılması üçün effektiv platforma təmin etməsi mümkündür. Avtoritar idarəetmə şəraitində açıq siyasi fəaliyyətin baş vermədiyi hallarda, etik kollektiv şəbəkələr sivil itaətsizliyin təmsilçisi və alternativ sosial əlaqələrin mərkəzi rolunu oynayır. Azərbaycan kimi ailə və dostluq münasibətlərinin önəmli olduğu cəmiyyətlərdə bu modelin effektiv olma ehtimalı böyükdür. Bu şəbəkələr nə klassik siyasi qurum, nə də ideoloji birlikdir. Onlar “kiçik etik müqavimət sahələri”dir və uzunmüddətli dəyişikliklər üçün sivil itaətsizliyin zəmini kimi çıxış edə bilərlər.
Potensial nəticələr
Sivil itaətsizliyin yayılması və onun normativ əsaslarının cəmiyyət tərəfindən qəbul edilməsi, avtoritar rejimlərin uzunmüddətli sabitliyini təhlükə altına alan əhəmiyyətli faktorlardandır. Azərbaycan kontekstində institusional siyasətin zəiflədiyi, legitimliyin azaldığı və siyasi iştirakın tükəndiyi mühitdə, sivil itaətsizlik zamanla ictimai müqavimətin əsas formalarından biri kimi çıxış edəcəkdir.
Sivil itaətsizliyin başlanğıc mərhələlərində rejimə qarşı genişmiqyaslı üsyanlar və ya çevik siyasi təşkilatlanmalar gözə çarpmır. Əvəzində, lokal səviyyədə baş verən, aşağı riskli fəaliyyət, yəni sivil itaətsizliyin müxtəlif kiçik formaları tədricən cəmiyyətin atmosferini dəyişməyə başlayır. Bu ssenaridə kiçik, lakin müntəzəm və geniş yayılan hərəkətlər zamanla qorxu hissini azaldır, vətəndaşların passivliyini aradan qaldırır və cəmiyyətdə "mümkündür" düşüncəsini gücləndirir. Bu dalğalar geniş miqyaslı siyasi dəyişikliklərə dərhal səbəb olmasa da, uzunmüddətli vədədə rejimi zəiflədə bilir.
Bu vəziyyətdə rejimin reaksiyası iki şəkildə ortaya çıxa bilər:
Birincisi, hadisəni kiçiltməkdir. Aksiya iştirakçılarını "xarici təsir" şəklində təqdim edərək, olayı izolyasiya etməyə çalışırlar. İkincisi isə sərt, lakin seçici cəzalar tətbiq etməkdir; bu hələ tam repressiyaya işarə etmir.
Nəticə etibarilə, rejim qısa müddət üçün sabitliyini qorusa da, onun möhkəmliyinə olan inam tədricən azalır. Bu, hələ sivil itaətsizliyin daha çox sistem daxilində meydana gətirdiyi psixoloji və institusional çaşqınlığa diqqət çəkir. Lokal itaətsizlik hakim elitada təhlükə hissi və panikanın artmasına səbəb olur. Bu isə sistemin idarəedici reflekslərini reaktiv və xaotik vəziyyətə gətirir.
Bu halda dəyişiklik hələ baş verməyib, amma rejimin "davamlılıq mexanizmləri" çökməyə başlayır. Bu da gələcəkdə daha geniş transformasiyalar üçün zəmin yaradır.
Sivil itaətsizliyin ən dərin forması, onun geniş miqyaslı davranışa çevrildiyi mərhələdir. Sosial psixologiyada bu vəziyyət "dissociation point" adlanır; burada cəmiyyət müəyyən bir həddi aşır və sistemdən ayrılır. Bu mərhələdə vətəndaşların əksəriyyəti rejimi "legitim" deyil, yalnızca "mövcud" olaraq qəbul edir. Rejimə olan itaət həm şəxsi, həm də kollektiv baxımdan əxlaqi əsasını itirir, xalqla rejim arasındakı yadlaşma kütləvi qənaətə çevrilir. Bu dəyişiklik fiziki inqilabdan daha ciddi sosial nəticələr doğurur: sistem uzun illərdir onun sabitliyini təmin edən görünməz sosial-mədəni dayaqlarını (performativ legitimliyini) tam itirir.
"Dissosiasiya nöqtəsi" anlayışı sosial fərdlərin artıq mövcud hakim ideologiya və institusional çərçivə ilə uzlaşmadığı, lakin hələ tam alternativin də yaranmadığı keçid anını izah edir. Bu ssenaridə rejimin qanunları formal olaraq mövcuddur, lakin onların funksionallığı artıq itib. Bu halda sivil itaətsizlik formaca marjinallıqdan çıxaraq haqlı və “cəsur” hesab olunmağa başlayır.
Bu mərhələdə rejimin mühüm idarəetmə vasitələri — hüquq, inzibati aparat, media və nəzarət mexanizmləri hələ də fəaliyyət göstərir, lakin onların təsiri azalmağa başlayır. Belə vəziyyət avtoritar sistemlərdə tez-tez "səssiz çökmə" olaraq tanınınır. Artıq itaətsizlik, xüsusən də gənclər və şəhər nüfuzu arasında "normal" davranış olaraq qəbul edilir. Bu ssenaridə rejim sivil itaətsizliyə qarşı sistemli cavab imkanını itirir. Çünki rəsmi diskursla cəmiyyətin mənəvi koordinatları arasındakı ziddiyyətlər artıq şişib.
Beləliklə, rejim səssiz formada dağılmağa başlayır.
“Mexanizmlərin çökməsi” ssenarisində baş verənlər isə hələki cəmiyyətin rejimdən aralanma prosesinin start götürməsidir. Sivil itaətsizlik öz məqsədinə, həm də sistemə olan inamı sarsıdaraq və yeni ictimai dəyərləri təşviq edərək çatır. Proses yavaş, səssiz, obrazlı desək, qurbağa gölünün tədricən qızdırılması formasında, amma ardıcıl xarakter daşıyır. Prosesin bu forması avtoritar rejimin immunitetini zəiflədərək əsas məqsədə doğru irəliləyir.
Nəticə
Siyasi iştirakın hüquqi və praktiki yolları tükəndikdə, legitim dəyişiklik imkanları məhdudlaşdıqda və cəmiyyətin sosial-psixoloji enerjisi repressiya ilə boğulduqda, vətəndaş itaətsizliyi alternativ fəaliyyət forması kimi meydana çıxır. Bu halda itaətsizlik təbii çıxış nöqtəsidir – özü ilə rejim arasındakı əlaqənin pozulmasına cəmiyyətin verdiyi normativ və sosial reaksiyadır.
Mövcud situasiyada Azərbaycanın “rəqabətli avtoritarizm” çərçivəsində izah olunması artıq mümkünsüzdür. Çünki burada söhbət bütövlükdə siyasətin fəaliyyət sahəsi kimi ləğv edilməsindən gedir. Bu, post-siyasi dövr adlandırıla biləcək bir mərhələdir. Biz artıq rejimin sosial əsaslarının tükəndiyi və alternativ dəyərlərin formalaşmaqda olduğu mərhələdəyik.
Azərbaycan cəmiyyətində sivil itaətsizlik məhz siyasi imkanların tükənməsinin sosial nəticəsi kimi ortaya çıxacaq. Bu, çağırış deyil, alternativin yoxluğu şəraitində cəmiyyətin potensial reaksiya ehtimalıdır. İtaətsizlik postsiyasi dövrdə yeni ictimai dinamikanın məcburi elementidir. Məhz bu səbəbdən siyasi analizlərdə yalnız hazırda nə baş verdiyinə deyil, baş verənlərin əslində nəyə yol açdığına da diqqət yetirilməlidir.
İtaətsizlik itirilmiş hüquqi məkanın əvəzinə doğan mənəvi mövqe, susdurulmuş siyasətin yerini tutan sosial vicdan kimi təzahür edir. İfadə azadlığından məhrum toplum jestlərə, təşkilatlanmadan məhrum cəmiyyət şəbəkəyə və qorxuya alışdırılmış nəsil etik inada yönələcəkdir. Çünki həqiqi siyasət yalnız onun yoxluğu hiss ediləndə başlanır. Azərbaycan artıq bu yoxluğu bütün dərinliyi ilə hiss edir.
Qeyd: Oxuduğunuz yazı orijinal olaraq Azərbaycan dilində yazılmışdır.
İstinadlar
RAWLS, 1921. A THEORY OF JUSTICE Revised Edition, https://files.blogs.baruch.cuny.edu/wp-content/blogs.dir/4124/files/2015/12/A-Theory-of-Justice-Excerpts.pdf
ARENDT, 1990. On Revolution. https://monoskop.org/images/b/bf/Arendt_Hannah_On_Revolution_1990.pdf
Mark Granovetter, 1978. Threshold Models of Collective Behavior. https://www2.cs.siu.edu/~hexmoor/classes/CS539-F10/Collective-Behavior.pdf
Miriam Lanskoy, 2019. Armenia's Velvet Revolution. https://muse.jhu.edu/article/721648
Mischa Gabowitsch, 2021. Belarusian Protest: Regimes of Engagement and Coordination. https://www.cambridge.org/core/journals/slavic-review/article/belarusian-protest-regimes-of-engagement-and-coordination/603D9B0E78348698AB2E4F6475DFB66B
Bojana Barlovac, 2010. The Bulldozer Revolution. https://balkaninsight.com/2010/10/05/timeline-the-bulldozer-revolution/
Max Weber, 1978. Economy and Society. https://sociologiac.net/2023/10/22/economy-and-society-max-weber/
Kharcenter, 2025a. The Nightmare of the Post-Oil Era. https://kharcenter.com/en/researches/the-nightmare-of-the-post-oil-era
Kharcenter, 2025b. The Nightmare of the Post-Oil Era. https://kharcenter.com/en/researches/the-nightmare-of-the-post-oil-era
Kharcenter, 2026. 0.0 — The Stagnation of the Azerbaijani Economy. https://kharcenter.com/en/expert-commentaries/00-the-stagnation-of-the-azerbaijani-economy
Elman Fəttah, 2025c. Hardening After Victory: The Trajectory of Azerbaijani Authoritarianism Toward Dictatorship. https://kharcenter.com/en/researches/hardening-after-victory-the-trajectory-of-azerbaijani-authoritarianism-toward-dictatorship
USİP, 2006. Georgia Rose Revolution a Participant’s Perspective. https://www.files.ethz.ch/isn/39211/2006_july_sr167.pdf
Viktoriia Demydova, 2021. Alexei Navalny and Protests in Russia: Growth of Online Activism Under the Authoritarian System. https://dergipark.org.tr/en/pub/jss/article/881872
Martin Lüter King, 1958. Stride Toward Freedom. https://kinginstitute.stanford.edu/stride-toward-freedom-montgomery-story
Stanford University, 2007. South Korea’s Democracy Movement (1970-1993): Stanford Korea Democracy Project Report. https://fsi-live.s3.us-west-1.amazonaws.com/s3fs-public/KDP_Report_%28final%29-1.pdf
Dr. Maciej Bartkowski, 2009. Poland’s Solidarity Movement (1980-1989). https://www.nonviolent-conflict.org/wp-content/uploads/2016/02/Poland-Solidarity-Movement.pdf
Fridman Orli and Srdjan Hercoginja 2016. Protiv Nenormalno: An analysis of the protiv diktature Protests in the Context of Memory Politics of the 1990s in Serbia. https://contemporarysee.org/allfiles/documents/59-protiv-nenormalnog-an-analysis-of-the-protivdiktature-protests-in-the-context-of-memory-politics-of-the-1990s-in-serbia.pdf
State.gov, 2025. 2025 Azerbaijan Investment Climate Statement. https://www.state.gov/wp-content/uploads/2025/09/638719_2025-Azerbaijan-Investment-Climate-Statement.pdf
Nika Musavi, 2018. Social media in Azerbaijan: the cradle of the protest movement, a nest of debauchery or a champion of the oppressed? https://jam-news.net/social-media-in-azerbaijan-the-cradle-of-the-protest-movement-the-nest-of-debauchery-or-the-champion-of-the-oppressed
Najmin Kamilsoy, 2021. Small protests in Azerbaijan mirror larger social tensions. https://www.opendemocracy.net/en/odr/small-protests-in-azerbaijan-mirror-larger-social-tensions
Conversi, 2021a. Exemplary Ethical Communities. A New Concept for a Livable Anthropocene. https://www.mdpi.com/2071-1050/13/10/5582
Conversi, 2021b. Exemplary Ethical Communities. A New Concept for a Livable Anthropocene. https://www.mdpi.com/2071-1050/13/10/5582