Research paper

Azərbaycanda siyasi mühitin bağlanması reallığında vətəndaş itaətsizliyi (I hissə)

Azərbaycanda siyasi mühitin bağlanması reallığında vətəndaş itaətsizliyi (I hissə)



(Yazı Khar Centerin Azərbaycan avtoritarizmi araşdırmaları çərçivəsində hazırlanıb)



Müəllif:

✍️ Elman Fəttah və KHAR Centerin siyasi analitika qrupu

Azərbaycan avtoritarizminin struktur transformasiyası və siyasi tıxanma

İki hissədən ibarət bu tədqiqat 2020-ci ildən etibarən Azərbaycanda daha kəskin xarakter alan avtoritarlaşmanın siyasi ortamı tamamilə bağladığını və bu struktur dəyişikliklərin cəmiyyət içində sivil itaətsizliyi necə obyektiv bir zərurət halına gətirdiyini araşdırır. Siyasi institutların faktiki ləğv edildiyi və vətəndaş iştirakının ənənəvi formalarının mümkün olmadığı vəziyyətdə, sivil itaətsizlik artıq çağırış kimi deyil, siyasi tıxanmanın struktural nəticəsi kimi görünür. Tədqiqatda sivil itaətsizliyin müxtəlif növləri (simvolik, normativ, iqtisadi) şəbəkələşmiş kontekstdə izah edilir. Bu növlərin rejimin sabitliyinə təsiri isə üç əsas ssenari əsasında modelləşdirilir. 

Yekun olaraq, tədqiqat itaətsizliyi post-siyasi dövrdə cəmiyyətin potensial sosial-psixoloji reaksiyası kimi xarakterizə edir və bunu gələcəkdəki dəyişikliklər üçün ilkin normativ mərhələ olaraq qəbul edir.

Giriş 

2020-ci il sonrası Azərbaycan, siyasi məkanın struktur baxımından tamamilə yenidən tərtib olunduğu mərhələdir. Bu mərhələ Azərbaycan avtoritarizminin əvvəlki  sərhədlərini aşaraq, siyasi institutların ya tamamilə ləğv edilməsi, ya da formal izlər şəklində saxlanılması ilə xarakterizə olunur. Bu modeldə artıq müxalifətə və ümumən siyasi fəaliyyətə yer qalmayıb. 

Mövcud vəziyyəti siyasi elmlər nəzəriyyəsi kontekstində təhlil etdikdə, Levitskinin irəli sürdüyü “rəqabətli avtoritarizm” (competitive authoritarianism) modelinin keçmişdə qaldığını əminliklə deyə bilərik. Həmin modeldə institusional çərçivələr (seçkilər, məhkəmələr, müstəqil media və siyasi partiyalar) az da olsa fəaliyyət imkanlarını qoruyub saxlayır və siyasi rəqabət məhdudlaşdırılsa da, tamamilə ləğv olunmur. Lakin Azərbaycan nümunəsində bu strukturun artıq dağıldığı, dövlətin yalnız repressiv funksiyalar üzərindən fəaliyyət göstərdiyi, “sərt idarəetmə + təhlükəsizlik rejimi”nə çevrildiyi aydın görünür. Bu, Gilyermo O’Donnellin "post-totalitar idarəetmə" modelinə daha çox uyğun gəlir. Bu modeldə rejimlər daha çox bürokratik nəzarətə və institusional mexanizmlərə söykənir, amma real siyasi rəqabət və demokratik azadlıqlar mövcud olmur.

Son illərin siyasi gedişatı aşağıdakı sistematik tendensiyaları üzə çıxarıb: Müstəqil siyasi partiyalar üçün hüquqi və siyasi imkanlar tam məhdudlaşdırılıb. 2022-ci ildə qəbul edilmiş “Siyasi partiyalar haqqında” yeni qanun qeydiyyat və fəaliyyət tələbləri ilə yalnız iqtidara yaxın və ya onun təsiri altında olan partiyaların hüquqi mövcudluğunu mümkün edir. Müstəqilliklərini saxlamağa çalışan partiyalardan AXCP rəsmi dövlət qeydiyyatı baxımından qeyri-müəyyən vəziyyətlə üzləşib, partiyanın sədri Əli Kərimli həbs edilib. Musavat isə müşahidəçi aktora çevrilib. Azərbaycanda seçkilər çoxdan nəticələri əvvəlcədən bəlli olan prosedura çevrilib: seçkilərin keçirilməsi davam etsə də, onun praktik əhəmiyyəti tamamilə itib. 

Medianın, vətəndaş cəmiyyətinin sərbəst fəaliyyətini təmin edən hüquqi və institusional əsaslar ləğv edilib. Mətbuat üzərində tam nəzarət bərqərar olub. Jurnalistlərin həbsi və qorxudulması sistematik  hal alıb. 2021-ci ildə qüvvəyə minmiş "Media haqqında" qanunla yanaşı, qeyri-hökumət təşkilatlarının qeydiyyatı və maliyyələşməsi üçün tətbiq olunan sərt tələblər də müstəqil fəaliyyətin həyata keçirilməsini imkansızlaşdırıb. Bugün Azərbaycanda hər hansı ictimai təşəbbüs və ya fəaliyyət potensial “cinayət şübhəsi” kimi qiymətləndirilir. Siyasi fəaliyyət, sosial təşkilat qurma və hətta sosial mediada azad düşüncənin ifadəsi repressiv cavaba məruz qalır. Hüquq-mühafizə orqanlarının fəaliyyəti isə tamamilə ictimai səssizliyin saxlanılmasına yönəlibdir. 

Bu proseslərin nəticəsində Azərbaycanda siyasi mübarizənin qanuni və institusional yolları (parlament, partiyalar, seçkilər, media və məhkəmələr) tam aradan qaldırılıb. Artıq cəmiyyətin əlində qalan yeganə potensial resurs qeyri-institusional təzyiq metodlarıdır. Yəni cəmiyyətin sivil itaətsizliyə doğru yönəlməkdən başqa çıxış yolu qalmayıb.  

Metodologiya

Diaqramdan da göründüyü kimi bu tədqiqat struktur baxımdan siyasi fəallığın transformasiyası və sivil itaətsizliyin obyektiv şərtləri üzərində qurulan konseptual,  interpretativ və müqayisəli təhlil metoduna əsaslanır. Təhlil empirik məlumatlarla yanaşı, əsasən rejim xarakteristikalarının nəzəri analizi, sosial proseslərin struktur kontekstində izahı və ictimai davranışın normativ mahiyyətinin şərhinə fokuslanmaqla siyasi nəzəriyyə, sosial psixologiya və rejim təhlili kimi sahələrarası yanaşmalardan bəhrələnir.

Bu metodoloji yanaşma sivil itaətsizlik anlayışının, həm də struktur və kontekst mərkəzli fenomen kimi başa düşülməsinə imkan verir. Məqsəd siyasi sistemin transformasiyasına bağlı struktur mexanizmlər çərçivəsində sivil itaətsizliyin necə formalaşdığını izah etməkdir.

Bu məqsədlə tədqiqat Azərbaycan avtoritarizmində institusional siyasətin tam sıradan çıxması şəraitində vətəndaş itaətsizliyi hansı struktur şərtlərdən doğa bilər?  Sualına cavab verməyə çalışır.

Nəzəri çərçivə

Tədqiqatın əsas nəzəri aspekti post-institusional avtoritarizmin meydana gəlməsi və bu cür rejimlərdə siyasətin ənənəvi formalarının öz funksiyalarını itirməsidir. Klassik "rəqabətli avtoritarizm" modeli müəyyən bir mərhələyə qədər repressiya ilə formal plüralizmin eyni anda baş verdiyi rejimidir. Ancaq Azərbaycan nümunəsi bu çərçivədən çoxdan uzaqlaşıb. 

Tədqiqat Con Rolz və Hanna Arendt kimi filosofların mülki itaətsizlik haqqında apardıqları araşdırmalara istinad edir. Rolz sivil itaətsizliyi qanun ədalətli olmadıqda meydana çıxan mənəvi qarşıdurma olaraq dəyərləndirir. Arendt sivil itaətsizliyə şəxsi əxlaqi məsuliyyətin göstəricisi və avtoritarizmin çətinliklərinin əlaməti olaraq baxır. Hər iki baxış bucağı hüququn rəsmi mövcudluğu ilə onun real gücü arasında olan fərqi vurğulayır (John Rawls, 2007, Hannah Arendt, 1972). Bu fərq, xüsusilə Azərbaycan kimi postsiyasi rejimlər üçün olduqca vacibdir.

Başqa bir nəzəri dayaq nöqtəsi Ceyms C. Skottun "gizli müqavimət" konsepsiyasıdır. Skott avtoritar şəraitdə açıq etirazın mümkün olmadığı hallarda  “gündəlik itaətsizlik praktikaları”nın müqavimətin əsas daşıyıcısına çevrildiyini vurğulayır (Scott, J. C, 1990). 

Həmçinin kollektiv davranışın hədd modelləri (threshold models of collective behavior) çərçivəsi sivil itaətsizliyin kütləvi xarakter alması üçün  psixoloji və sosial kritik həddin mərhələlərini izah edir. Dissociation point (seperasiya nöqtəsi) anlayışı da psixoloji səviyyədə cəmiyyətin sistemlə olan identik bağının itdiyi kritik həddi ifadə edir.

Sivil itaətsizlik nədir və nə deyil?

Sivil itaətsizlik hüquqi baxımdan contra legem (qanunla ziddiyyət təşkil edən) xarakter daşıyan, lakin legitimliyini etik və ictimai əsaslara söykəndirən vətəndaşlıq aktıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əsasən dövlətin dinc siyasi fəaliyyət üçün real və effektiv imkanları aradan qaldırması hallarında, qanunun formal pozuntusu ilə müşayiət olunsa belə, zorakılıqsız etiraz formaları demokratik cəmiyyətin özünümüdafiə mexanizmi kimi çıxış edə bilər (ECHR, 2025).  Bu, sivil itaətsizliyin hüquqi, siyasi çərçivəsidir.

Con Rolz, Hanna Arendt, Henri David Toro və Jürgen Habermas kimi müəlliflərin yanaşmaları əsasında  sivil itaətsizliyin nə olduğunu,  nə olmadığını elmi olaraq da aydın şəkildə konturlamaq mümkündür.

Sivil itaətsizlik nədir?

Sivil itaətsizliyi dörd əsas prinsip üzərindən daha sadə izah edə bilərik: 

  • İlkin məqsədi cəmiyyəti pozulmuş hüquqlar və baş verən ədalətsizliklər barədə məlumatlandırmaqdır. Mahatma Qandi və Martin Lüter Kinq kimi liderlərin mübarizələri bu prinsipin klassik nümunələrdir;
  • Əsas məqsədi ictimai əxlaqı canlandıraraq hakimiyyətin itirilmiş legitimliyini sorğulamaqdır;
  • Hədəfi qeyri-hüquqi qanunların yenidən nəzərdən keçirilməsinə nail olmaq, cəmiyyətin mobilizasiyasını təmin edərək siyasi dəyişikliklərin həyata keçirilməsidir;
  • Sivil itaətsizlik ilk baxışdan paradoksaldır. O, movcud mürtəce qanunları pozur, amma hüququn ali prinsiplərini qorumaq naminə. Henry David Toronun sözləri desək, “ədalətsiz qanuna riayət etmək ədalətsizliklərin iştirakçısı olmaq deməkdir.” (Henry David Thoreau, 1849). Yəni sivil itaətsizliyin fəlsəfəsi  hüququn aliliyini naminə ekstra leqalizasiyaya etirazdır.

Sivil itaətsizlik nə deyil?

Sivil itaətsizliyin nəyi ehtiva etmədiyini  dəqiqləşdirmək, onu antidemokratik davranış formalarından fərqləndirmək baxımından vacibdir:

  • Məqsədsiz xaos yaratmaq və ya zorakı qarşıdurmalara səbəb olmaq sivil itaətsizliyin məntiqinə ziddir;
  • Sivil itaətsizlik mövcud siyasi rejimi zor gücü ilə devirməyə yox, onu islah etməyə və ictimai təzyiqlə hüquqa qaytarmağa, bu baş tutmadıqda istefaya məcbur etməyə yönəlir;
  • Sivil itaətsizlik gizli fəaliyyət, terror aktı və ya sabotajı ehtiva etmir; əksinə, onun gücü əxlaqda və vicdanlılıqda yatır (JOHN RAWLS, 1971).


Beləliklə, hazırda Azərbaycanda gələcəklə bağlı ağır pessimizmin kütləvi xarakter alması reallığında bu nəzəri çərçivə Azərbaycanın avtoritar siyasi sistemində də sivil itaətsizliyin meydana çıxa biləcəyini deməyə əsas verir. 

Siyasi fəaliyyət imkanlarının tükənməsi

Bu hissədə siyasi fəaliyyət imkanlarının hansı struktur səviyyələrdə və hansı üsullarla məhdudlaşdığı, eləcə də bu prosesin avtoritar rejimlərin uzunmüddətli davamlılığına necə sistematik olaraq kömək etdiyi araşdırılacaq. Burada yalnız müxtəlif hüquq pozuntuları və ya taktiki repressiyalar müzakirə edilmir; məsələnin kökündə siyasi fəaliyyətin sistemli və məqsədli şəkildə aradan qaldırılması durur. Partiyaların, vətəndaş cəmiyyətinin, medianın və seçki institunun faktiki ləğvi cəmiyyətin siyasi iştirak imkanlarını sıfırlayıb. Hakimiyyət siyasi alternativlərin olmaması şəraitində legitimliyini artıq zorakı sabitlik əsasında təmin etməyə çalışır.

Repressiyanın texniki xarakter alması

Avtoritar sistemlərin təkamülü zamanı müşahidə olunan əsas xüsusiyyətlərdən biri repressiya mexanizmlərinin “avtomatlaşdırılması”dır. Azərbaycanda bu forma, xüsusilə 2020-ci ildən sonra daha qabarıq şəkildə tətbiq olunur. Əvvəllər siyasi repressiya aktına spesifik hadisələrə bağlı, müvəqqəti tədbir kimi müraciət olunurdusa, yeni mərhələdə müntəzəm və sistemli formada həyata keçirilir. Bu, repressiyanın siyasi məqsədlərdən “mexaniki idarəetmə” funksiyasına transformasiyasını göstərir (Kwan Nok Chan, 2024).

Yəni repressiv sistemin işləmə məntiqi iki əsas xətt üzrə formalaşır və hər biri həm təşkilati siyasi fəaliyyətin ləğvi, həm də cəmiyyətin apatiyaya sürüklənməsi baxımından əhəmiyyətli nəticələr doğurur.

Profilaktik həbslər: niyyətin cəzalandırılması

Avtoritar yüksəlişi qorumaq üçün artıq potensial təhlükə kimi qəbul edilən niyyətlərin belə hədəfə alınması siyasi ədəbiyyatda “profilaktik repressiya” (preventive repression) adlandırılır (Dragu and Przeworski 2018). Repressiyanın bu forması Mişel Fukonun "hakimiyyətin preventiv şəbəkəsi" anlayışı ilə səsləşir: burada məqsəd artıq risk yarada biləcək bütün məkanları və subyektləri öncədən neytrallaşdırmaqdır (Foucault 1977-78).

Repressiyanın texniki xarakter almasının ən dərin təsiri isə hüquq sisteminin (istintaq orqanları, məhkəmələr, prokurorluq)  tam formada siyasi göstərişlərin icraçısına çevrilməsidir.  Artıq Azərbaycanda hüquq sistemi repressiv aparat kimi funksionallaşıb. Bu ikitərəfli mexanizm repressiyanı gündəlik idarəetmə texnologiyası kimi formalaşdırmaqla, cəmiyyətdə passivliyi və qorxunu dərinləşdirir.

Siyasi subyektliyin sıradan çıxarılması

Avtoritar rejimlərin möhkəmlənməsi siyasi iştirak, təmsilçilik və təşəbbüs bacarığına sahib olan fərdlərin və qrupların akitivliklərini zəiflətmək məqsədini güdür. Azərbaycan mühitində bu proses yeni liderlərin ortaya çıxmasının əngəllənməsi və intellektual potensialın ölkədən kənara sürüklənməsi ilə daha da sürətlənib. Müxalifət partiyaları uzun müddət önəmli siyasi alternativlər olaraq fəaliyyət göstərsə də,  zamanla real siyasi təsirdən uzaqlaşaraq, qapalı "dissident klubları"na çevriliblər. Onların fəaliyyəti əsas etibarilə bəyanatlar və press-relizlərdən ibarətdir. Həqiqi təşkilatlanma və genişlənmə imkanları tamamilə məhdudlaşdırılıb (Elman Fattah, 2025a). Bu isə əvvəllər mövcud olan "yarımçıq plüralizmin" ləğvi və məntiqi olaraq yarımçıq siyasi rəqabətin də struktur olaraq çöküşü ilə nəticələnib.

Avtoritar mühitin başqa bir nəticəsi də siyasi liderliyin təbii təzələnmə prosesinin qarşısının almasıdır. Gənc nəsil üçün siyasət karyera və ya fəaliyyət sahəsi kimi nəninki cəlbedici və əlçatan deyil, eyni zamanda çox təhlükəlidir. Siyasi fəaliyyətə qoşulan gənclər ya sistemli şəkildə təqib olunur, ya da erkən mərhələdə repressiya ilə qarşılaşaraq bu sahədən uzaqlaşır (Human Rights Watch, 2013). Liderlik yalnız yaşlı nəsil dissidentlərin üzərində təkrarlanır. Bu liderlik vakuumu siyasi alternativlərin tükənməsinə və mövcud rejimin struktur rəqibsizliyinə şərait yaradır.

Siyasi subyektliyin sıradan çıxmasının daha bir aspekti intellektual potensialın ölkə daxilində boğulması nəticəsində siyasi fikir istehsalının və alternativ siyasi diskursun ölkə xaricinə məcburi köçüdür. Bu sürüşmə “mühacir müxalifət” və ya “transmilli siyasi diskurs” fenomeninə səbəb olur. Xaricdə fəaliyyət göstərən jurnalistlər, araşdırmaçılar və fəallar alternativ informasiya mənbəyi rolunu oynasalar da, onların cəmiyyətlə birbaşa fiziki və sosial bağlantıları zəif olduğu üçün daxili təsir imkanları məhdud qalır. Nəticədə, daxili siyasi məkan həm ideoloji, həm də təşkilati baxımdan boşalır (Elman Fattah, 2025b).

Avtoritar rejimlərin uzunmüddətli sabitliyinin təmin olunmasında repressiya və hüquqi nəzarət qədər vacib olan digər bir amil cəmiyyətin sistemli şəkildə depolitizasiya edilməsidir. Azərbaycan kontekstində bu proses sosioloji müstəvidə iki paralel xətt üzrə reallaşır: təhlükəsizliklə şərtlənmiş ictimai apatiya və siyasətin dəyərsizləşdirilməsi.  

Hazırda Azərbaycanda siyasətdən uzaq durmaq bir növ özünümüdafiə instinkti kimi formalaşıb. Təhlükəsizlik, sabitlik və şəxsi rifahın qorunması üçün siyasətdən kənarda durmaq adaptiv davranış modelinə çevrilib. İnsanlar fəallığın risk daşıdığı şəraitdə siyasi iştirakdan imtina etməyi “rasional seçim” kimi qəbul edir. Əliyev avtoritarizmi “siyasət” anlayışını cəmiyyətə yuxarıdan idarəetmənin predmeti kimi aşılayır, siyasəti xalqın iştirakını və təmsilçiliyini əks etdirən demokratik elementlərdən tamamilə təmizləyir. Rejim siyasi fəaliyyəti "adi vətəndaşlara aid olmayan" və “mərkəzdə qərar verilən” texniki sahə formasında çərçivələyir. Belə bir mənzərə toplumun şüuraltında "siyasi fəaliyyətin imkansızlığı" qənaətini gücləndirir. (Elman Fattah, 2025). 

Sivil itaətsizlik üçün zəmin

Bu iki tərəfli depolitizasiya prosesi qısa müddətdə rejimə sabitlik gətirə bilər, lakin uzun perspektivdə qeyri-institusional davranışların yaranmasına şərait yaradacaqdır. Cəmiyyətin qanuni siyasi iştirak imkanları sona çatdıqda, ictimai enerji digər yollar axtarmağa başlayır və bu, tədricən  sivil itaətsizlik formasını alır. Belə vəziyyət klasik siyasi nəzəriyyədə Con Lokk və Jan-Jak Rüsso tərəfindən təsvir olunan müqavilənin pozulması halını xatırladır (Rousseau, 1762). Jean-Jacques qeyd edir ki, dövlət öz vəzifələrini icra etmədikdə və xalqın iştirakçılıq imkanlarını azaltdıqda, vətəndaşlar müqavimət göstərmək haqqına malikdir. Yəni “qanuni fəaliyyətin mümkünsüzlüyü ictimai enerjini alternativ kanala yönəldir” formulu sosial gərginliyin yeni bir mərhələyə keçməsini şərtləndirə bilər. Bu keçidlərin təşkilatlanma səviyyəsi və dayanıqlılığı, əsasən cəmiyyətin mütəşəkkil müqavimət qabiliyyətindən və intellektual-siyasi potensialını xarici təzyiq vasitələri ilə birləşdirmə bacarığından asılıdır.

 Sivil itaətsizliyə keçid üçün struktur şərtlər

Sivil itaətsizlik heç vaxt sırf emosional və ya spontan reaksiya nəticəsində yaranmır. Əksinə, bu cür kollektiv davranış forması yalnız müəyyən obyektiv struktur şərtlər mövcud olduqda mümkün və legitim sosial-mədəni praktikaya çevrilə bilir (Charles Tilly, 2004). Elə şərtlər olmadan narazılıq ya passiv apatiya formasında qalır, ya da koordinasiyasız və təsirsiz fərdi narazılıqlara (Şəki, İsmayıllı, Quba, Söyüdlü hadisələri kimi) parçalanır. Sivil itaətsizliyin formalaşması üçün həm siyasi, həm hüquqi-institusional, həm də psixoloji-ictimai amillərdən ibarət kompleks struktur zəmin mövcud olmalıdır.

Qanuni və institusional vasitələrin tükənməsi

Sivil itaətsizliyin əsas şərti qanuni siyasi iştirak imkanlarının tamamilə ortadan qalxmış olmasıdır. Başqa sözlə, seçkilər, məhkəmə müdafiəsi, sərbəst toplaşma və ifadə azadlığı kimi demokratik institutlar artıq işləməməlidir.  Con Rolz və Jürgen Habermas kimi nəzəriyyəçilər sivil itaətsizliyin normativ əsaslarını izah edərkən bu şərti mərkəzə alırlar: vətəndaşlar yalnız sistem onların öz fikirlərini qanuni yollarla ifadə etməyə imkan vermədikdə, sistemə olan itaət borcunu dayandıra bilərlər. Sosial hərəkatlar nəzəriyyəsində bu vəziyyət “siyasi fürsət strukturları” (political opportunity structures) anlayışı ilə açıqlanır: yəni bir sosial hərəkat yalnız yuxarıdakı imkanların itirilməsi fonunda, eyni zamanda müəyyən sosial-mədəni şəraitdə kollektiv fəaliyyətə çevrilə bilir. Müstəqil media, diaspora dəstəyi, hüquq müdafiəçiləri və intellektual resurslar isə bu cür fəaliyyətin canlanmasında müstəsna əhəmiyyət kəsb edir (Doug McAdam, 1999).

Avtoritar rejimlər yalnız fiziki güc və institusional nəzarətlə deyil, həm də legitimlik üzərində hökmranlıqlarını qoruyurlar. Sivil itaətsizliyin baş verməsi üçün vətəndaşların əhəmiyyətli hissəsinin rejimin legitimliyinə olan inamının itməsi vacib dönüş nöqtəsidir. Bu mərhələdə vətəndaşlar üçün mövcud qanunlara tabe olmaq əxlaqi ziddiyyətə çevrilir və sistematik itaətsizlik legitim çıxış yolu kimi görünməyə başlayır.

 Katalizator hadisə

Nəhayət, sivil itaətsizliyə keçid çox zaman simvolik qığılcımla aktivləşir. Bu, bir həbslə, qəfil hüquq pozuntusuyla və ya geniş ictimai rezonans doğuran hadisə ilə bağlı ola bilər. Bu tip qığılcımlar narazılığı hərəkata çevirən psixoloji təkan rolunu oynayır. Analoji mexanizm 2010-cu illərdə Yaxın Şərq və Şimali Afrikada baş vermiş “ərəb baharı” proseslərində, eləcə də 2018-ci ildə Ermənistanda və ya son illər Qazaxıstanda müşahidə olunan vətəndaş etirazlarında aydın görünür (Jason Brownlee, Tarek Masoud, Andrew Reynolds, 2015. Rayhan Demytrie, 2018. Abdujalil Abdurasulov, 2022.).

Beləliklə, sivil itaətsizlik müəyyən struktur şərtlərin meydana gətirdiyi sosial nəticədir. Repressiya ilə daralan siyasi məkan, vətəndaşların subyektlik imkanlarının məhdudlaşdırılması və siyasi çıxış yollarının bağlanması sonda vətəndaşların qanunu pozmaq vasitəsilə siyasi iştirakına gətirib çıxarır. Paradoks ondadır ki, qanunsuzluğun artdığı avtoritar mühitdə, bəzən qanunu pozmaq vətəndaş məsuliyyətinin yeganə təzahürü kimi ortaya çıxır.


Qeyd: Oxuduğunuz yazı orijinal olaraq Azərbaycan dilində yazılmışdır.



İstinadlar

John Rawls, 2007. Civil Disobedience. https://plato.stanford.edu/archives/win2016/entries/civil-disobedience/ 

 Hannah Arendt, 1972. Crises Of The republic. https://blogs.law.columbia.edu/uprising1313/files/2017/10/Arendt-Disobedience.pdf 

Scott, J. C, 1990. Domination and the Arts of Resistance: Hidden Transcripts. https://files.libcom.org/files/scott_dominationandresistance.pdf 

ECHR, 2025. Guide on the case-lawof the European Conventionon Human Rights. https://ks.echr.coe.int/documents/d/echr-ks/guide_mass_protests_eng 

Henry David Thoreau, 1849. Civil Disobedience. https://blogs.law.columbia.edu/uprising1313/files/2017/10/Civil-Disobedience-by-Henry-David-Thoreau.pdf 

JOHN RAWLS, 1971. A THEORY OF JUSTICE, Revised Edition. https://files.blogs.baruch.cuny.edu/wp-content/blogs.dir/4124/files/2015/12/A-Theory-of-Justice-Excerpts.pdf 

Kwan Nok Chan, 2024. Public administration in authoritarian regimes: propositions for comparative research. https://www.tandfonline.com/doi/full/10.1080/23276665.2024.2306554 

TIBERIU DRAGU and ADAM PRZEWORSKI, 2018. Preventive Repression: Two Types of Moral Hazard. https://www.cambridge.org/core/journals/american-political-science-review/article/abs/preventive-repression-two-types-of-moral-hazard/5D6751CC4C05BB5D03BE7C2B9FA228FF 

MICHEL FOUCAULT, 1977-78. Security, Territory, Population. LECTURES AT THE COLLÈGE DE FRANCE, https://mirror.explodie.org/Foucault-Security-Territory-Population.pdf 

Elman Fəttah, 2025a. Hardening After Victory: The Trajectory of Azerbaijani Authoritarianism Toward Dictatorship. https://kharcenter.com/en/researches/hardening-after-victory-the-trajectory-of-azerbaijani-authoritarianism-toward-dictatorship 

Human Rights Watch, 2013. Azerbaijan: Authorities Targeting Youth Activists. https://www.hrw.org/news/2013/04/02/azerbaijan-authorities-targeting-youth-activists 

Elman Fəttah, 2025b. Hardening After Victory: The Trajectory of Azerbaijani Authoritarianism Toward Dictatorship. https://kharcenter.com/en/researches/hardening-after-victory-the-trajectory-of-azerbaijani-authoritarianism-toward-dictatorship 

Elman Fattah, 2025. The Stability and Legitimacy Mechanism of Azerbaijani Authoritarianism. https://kharcenter.com/en/publications/the-stability-and-legitimacy-mechanism-of-azerbaijani-authoritarianism 

John Locke, 1689. Two Treatises of Government. https://www.yorku.ca/comninel/courses/3025pdf/Locke.pdf 

Jean-Jacques Rousseau, 1762. The Social Contractor Principles of Political Right. https://www.files.ethz.ch/isn/125486/5017_Rousseau_The_Social_Contract.pdf 

Charles Tilly, 2004. Social Movements. https://voidnetwork.gr/wp-content/uploads/2016/09/Social-Movements-1768-2004-by-Charles-Tilly.pdf 

Doug McAdam, 1999. Political Process and the Development of Black Insurgency, 1930-1970. https://press.uchicago.edu/ucp/books/book/chicago/P/bo5939918.html 

Jason Brownlee, Tarek Masoud, Andrew Reynolds, 2015. Breakdowns and Crackdowns. https://academic.oup.com/book/27599/chapter-abstract/197644888?redirectedFrom=fulltext 

 Rayhan Demytrie, 2018. Why Armenia 'Velvet Revolution' won without a bullet fired. https://www.bbc.com/news/world-europe-43948181 

Abdujalil Abdurasulov, 2022.Kazakhstan unrest: 'If you protest again, we'll kill you'. https://www.bbc.com/news/world-asia-60058972 

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin