Research paper

Rusiyanın antiqərb propaqandasının təsir alətləri: hörümçək toru

Rusiyanın antiqərb propaqandasının təsir alətləri: hörümçək toru


 (Yazı KHAR Center-in "Avtoritar Rejimlər və Transregional Təsir Mexanizmləri" araşdırması çərçivəsində hazırlanıb.)

KHAR Center, Rusiyanın antiqərb propaqandası mövzusundakı məqalələr seriyasının ikincisində problemin faktoloji və praktik tərəflərinə diqqət çəkir. 

Giriş

Bu yazı Rusiyanın Avropa İttifaqı məkanında siyasi, iqtisadi, informasiya, yumşaq güc və “nümayəndələr” vasitəsilə qurduğu çoxşaxəli təsir mexanizmlərini təhlil edir. Məqalə bu mexanizmləri bir-birindən ayrı epizodlar kimi deyil, hörümçək toruna bənzər, bir-birini gücləndirən vahid təsir arxitekturası kimi araşdırır.

Bu çərçivədə yazı həm konkret alətləri, həm də onları birləşdirən struktur məntiqi izləyir. Kreml necə olur ki, Aİ institutlarının zəifliklərini, milli səviyyədə populist qüvvələrin yüksəlişini, platforma kapitalizminin yaratdığı informasiya boşluqlarını və süni intellekt kimi yeni texnoloji mühitləri eyni anda öz lehinə işlədə bilir?! 

Məqalə Rusiya propaqandasını ayrı-ayrı kampaniyalar kimi yox, Avropanın siyasi, hüquqi və rəqəmsal ekosisteminin dərinliyinə nüfuz edən, adaptiv və uzunmüddətli strateji layihə kimi oxumağı təklif edir.

Mövzunun əhəmiyyəti

Rusiyanın informasiya və təsir əməliyyatları artıq Putin rejiminin strateji aləti, Qərb demokratiyalarının isə struktur təhdidi səviyyəsinə yüksəlib. KHAR Center-in “Avtoritar Rejimlər və Transregional Təsir Mexanizmləri” araşdırma xəttində bu mövzu həm postsovet məkanının, həm də Avropanın təhlükəsizlik gündəminin kəsişdiyi kritik sahə kimi çıxış edir.

Mövzunun aktuallığı

Rusiyanın Qərbə qarşı informasiya savaşı köklərini SSRİ dövrünün “aktiv tədbirlər” praktikasından götürsə də, Krımın ilhaqı (2014), Ukraynaya tammiqyaslı işğalı (2022) və ardınca Aİ sanksiyaları bu mübarizəni yeni fazaya keçirib. Populizmin yüksəlişi, Avropadakı sağ və sol radikal qüvvələrin artması, sosial şəbəkələrin informasiya ekosistemini tam dəyişdirməsi və süni intellektin məlumat mühitində oynadığı rol bu mövzunu həm tarixi, həm siyasi, həm də sosial baxımdan aktuallaşdırır.

Rusiya propaqandası artıq yalnız ictimai rəy uğrunda mübarizə aparmır – seçki proseslərinə, sanksiya siyasətlərinə, enerji təhlükəsizliyinə, hətta süni intellekt sistemlərinin “yaddaşına” müdaxilə edən strateji təhdidə çevrilib. Avropa institutlarının dayanıqlığı, demokratik proseslərin legitimliyi və hibrid müharibə şəraitində idarəetmənin sabitliyi bu propaqanda ekosisteminin necə işlədiyini anlamaqdan və ona cavab verməkdən asılıdır.

Yazının məqsədi 

Məqsəd Rusiyanın antiqərb propaqandasının abstrakt təsvirini vermək deyil, konkret alətlərini (siyasət, enerji, media, yumşaq güc, nümayəndə şəbəkələri), əsas narrativ şablonlarını və “Pravda/Portal Kombat” kimi yeni nəsil infrastrukturlarını faktlar, rəqəmlər və açıq mənbələr əsasında sistemli şəkildə xəritələndirməkdir. Yazı həm də bu mexanizmlərin Avropa informasiya məkanına, hüquqi-institusional mühitə və süni intellekt ekosisteminə necə sızdığını göstərməyi hədəfləyir.

Suallar

-Rusiya Avropada antiqərb propaqandasını hansı əsas alətlər və şəbəkələr vasitəsilə həyata keçirir?

-Bütün bu mexanizmlər Avropa demokratiyası üçün nə dərəcədə təhlükəsizlik və idarəetmə riski yaradır və mövcud cavablar niyə yetərli deyil?

Nəzəri çərçivə

Yazı hibrid müharibə, informasiya əməliyyatları və “sharp power” (kəskin güc) yanaşmalarını birləşdirən analitik çərçivədən istifadə edir; avtoritar təsir ixracını yalnız təbliğat yox, transregional güc proyeksiyası kimi şərh edir. Eyni zamanda, dezinformasiya tədqiqatlarının (narrativ şablonlar, ekosistem yanaşması, platforma logikası), avtoritar diffuziya nəzəriyyəsinin və media azadlığı ilə təhlükəsizlik dilemması arasındakı gərginlik prizmasından Rusiyanın propaqanda mexanizmlərini sistemli şəkildə təhlil edir.

BEŞ ƏSAS ALƏT

Rusiya hökuməti Avropada siyasi, iqtisadi və yumşaq güc sahələrini hədəf alan təsir əməliyyatları vasitəsilə çoxşaxəli strateji məqsədlər güdür və bu məqsədlərinə əsasən beş alət – siyasət, enerji, informasiya, yumşaq güc və “nümayəndələr” - vasitəsilə çatır.  Xüsusilə COVID-19 pandemiyasından sonra bu mexanizmlər vasitəsilə yaradılan Rusiya “infodemiyası” Qərb haqqında konspirolojı  nəzəriyyələrinin yayılması və adiləşdirilməsi yoluyla hələ də davam edir və “slavyan qardaşlığı” hekayələri, pravoslav xristianlığı elementlərinin təşviqiylə gücləndirilir (Stronski və Himes, 2019).

Siyasi müstəvidə Moskva üzv dövlətlər arasındakı parçalanmalardan istifadə etməklə, Rusiyanın narrativlərinə rəğbət bəsləyən populist və millətçi hərəkatları dəstəkləməklə və Kreml mövqelərini legitimləşdirmək üçün Avropa institutlarına vasitəçilər və ya uyğun aktorlar yerləşdirməklə Aİ alyansını zəiflətməyə çalışır. Moskva Avropadakı qərarvermə prosesinə təsir göstərmək üçün geniş siyasi şəbəkələrdən və lobbiçilik fəaliyyətlərindən istifadə edir. Yaxın dövrlərdəki diqqətçəkən nümunələrdən biri, “Voice of Europe” (“Avropanın Səsi”) adlı veb-sayt vasitəsilə fəaliyyət göstərən və ifşa edilərək dağıdılan pro-rus agent şəbəkəsidir.  Bu şəbəkə Almaniya, Fransa, Polşa, Belçika, Niderland və Macarıstan da daxil olmaqla müxtəlif ölkələrdən olan avropalı siyasətçilərə Rusiya yönlü narrativləri yaymaq və Avropa Parlamenti seçkiləri ərəfəsində Kremlyönümlü gündəmlərini dəstəkləmək üçün aktiv şəkildə pul ödəyib.  Araşdırmalar göstərir ki, bəzi siyasətçilər Rusiyanın maraqlarına uyğun qərarları irəli aparmaq üçün bəzən gizli nağd ödənişlər və ya kriptovalyuta vasitəsilə maliyyə cəhətdən stimullaşdırılıb və faktiki olaraq yerli siyasi debatlarda “təsir agentləri” kimi çıxış ediblər (Brussels Watch, oktyabr 2025 b) .

Bolqarıstanda yerləşən “Demokratik Fəaliyyət Mərkəzi”nin ekspertləri iddia edirlər ki, Avropa ölkələrindəki əsas tendensiyalardan biri propaqanda mesajlarını iqtisadi və siyasi cərəyanların və əlaqələrin  formalaşdırmasıdır. Müəyyən yerli media orqanının Rusiya dairələri və mənafeyi ilə siyasi və iqtisadi bağı nə qədər güclüdürsə, Kremlin mesajları da o qədər effektiv və sürətlidir (Civitates, 2020).

Bu strategiya müxtəlif siyasi spektrləri hədəf alır, avroskeptik və millətçi partiyaları dəstəkləyir, eyni zamanda Aİ-nin vahid siyasətini parçalamağa və Ukraynaya dəstəyi azaltmağa çalışır. Bundan başqa, Rusiya həm radikal sağ, həm də radikal sol partiyalarla əlaqələr quraraq, Aİ daxilində yekdilliyi pozur, daxili narazılıq və qütbləşməni gücləndirir.  Bu qüvvələr  bəzi hallarda birbaşa Rusiyaya işləməsələr belə, narrativ müttəfiqliyi içərisində hərəkət edirlər, çünki Rusiya  liberalizm və modernizm əleyhdarı, avtoritar və mühafizəkar bir dövlət olaraq Qərbdəki bir çox sağçı və ya irqçi radikal üçün model təşkil edir (İCCT, 2024a).  

İqtisadi planda Rusiya alət kimi enerji təchizatından, ticarət əlaqələrindən və iqtisadi asılılıqdan təzyiq və Aİ blokunu bölmək üçün istifadə etməyi hədəfləyir. İqtisadi təsir, xüsusilə də Rusiyanın enerji təchizatında üstün mövqeyi, Avropaya təsir arsenalının əsas alətlərindən biridir. Rusiyanın ən böyük maye təbii qaz (LNG) istehsalçısı olan “Novatek”, sanksiyalara və asılılığın azaldılması səylərinə baxmayaraq, Avropaya LNG ixracını artırıb.  Rusiyanın enerji bazarında davamlı mövcudluğu Aİ-nin enerji müstəqilliyi məqsədini zəiflədir və Moskvaya geosiyasi gündəmini dəstəkləmək üçün vacib iqtisadi təsir və gəlir mənbəyi saxlayır (Brussels Watch, oktyabr 2025 c).

Media, dezinformasiya və manipulyasiya sahəsində  Kreml alternativ və əsas media kanalları vasitəsilə fəaliyyət göstərən geniş dezinformasiya ekosistemi formalaşdırıb. Rəsmən Praqada qeydiyyatdan keçmiş və Kreml tərəfindən dəstəklənən şəbəkənin bir hissəsi kimi ifşa olunan “Voice of Europe” adlı radikal sağ media platforması buna bariz nümunədir.  Sayt neytral xəbər kimi görünən materialları Avropanın müxtəlif siyasi kontekstlərinə uyğunlaşdırılmış emosional yüklü dezinformasiya ilə qarışdırırdı və sosial şəbəkələrdə 180 minə yaxın istifadəçi tərəfindən izlənirdi. Rusiya dezinformasiyası X (əvvəlki Twitter), “TikTok”, “Telegram” və “Facebook” kimi müasir platformalardan istifadə edir, onların zəif kontent moderasiyası və sürətli informasiya dövriyyəsindən yararlanır. Kəşfiyyat hesabatlarında saxta hesablar və bot orduları vasitəsilə yalnış narrativlərin koordinasiyalı şəkildə gücləndirilməsi ifşa olunub, “Telegram” isə Rusiyanın xüsusi xidmət orqanlarının informasiya əməliyyatları üçün birbaşa tribuna rolunu oynayır (Brussels Watch, oktyabr 2025 d).

Yumşaq güc taktikasına dezinformasiya kampaniyaları, Brüssellə əlaqələndirilən “köksüz kosmopolitizm”ə qarşı duran mədəni və ideoloji təbliğat, həmçinin ictimai rəyi manipulyasiya etmək üçün vasitəçi media şəbəkələrindən istifadə daxildir.  Rusiya hökuməti Avropa boyunca öz geosiyasi gündəmini incə şəkildə irəli sürmək və Avropa institutlarının bütövlüyünü zəiflətmək üçün geniş təşkilatlar, fondlar və institutlar şəbəkəsi qurub. Mədəni diplomatiya, diaspor qrupları, tədqiqat mərkəzləri, dini institutlar, hətta insan haqları və ya ekoloji “GONGO” QHT-lər (hökumət lehinə fəaliyyət göstərən saxta QHT) vasitəsilə Moskva təsirini mədəni təbliğat, advokasiya və ya akademik tədqiqat adı altında proyeksiya edir. Son hesabatlar Avropa ərazisində Rusiyanın ən az 80 civarında yumşaq güc təşkilatının aktiv olduğunu göstərir (Brussels Watch, oktyabr 2025 e).

Nümayəndələr isə sözügedən alətlərin hamısının içində var. Ancaq xüsusilə siyasətçilər və biznes dairələri burada mühüm rol oynayır. 

BEŞ ƏSAS NARRATİV 

Avropada Rusiya propaqandasının ən güclü tərəfi yerli şəraitə adaptasiya olmasıdır.  Kreml narrativi İspaniyada “Kataloniyaya qarşı haqsızlıqlar”, İtaliyada “Afrikadan miqrasiyanın tarixi yükü”, Fransada “milli kimliyə və dünyəviliyə təhdid” kimi formalaşdırıla bilir. Yerli jurnalist, ekspert və ya aktivist obrazı altında çıxış edən fiqurlar bu narrativləri daha inandırıcı edir; nəticədə Moskvanın mesajı birbaşa “Rusiyadan gələn fikir” kimi deyil, “daxili müzakirənin bir hissəsi” olaraq qəbul olunur. Bu taktikanın daimi hədəfi Moskvanın haqlı olması barədə qənaət formalaşdırmaq deyil, bəzi hallarda hədəf ölkələrdə sabitliyi pozmağa və diqqəti Rusiyadan uzaqlaşdırmağa yönəlir (Popov, aprel 2025a).  

Kreml propaqandasının ən mühüm ayağını təşkil edilən dezinformasiya ekosistemi tək-tək yalan informasiyalardan daha çox, davamlı şəkildə təkrarlanan narrativ şablonlar üzərində qurulub. Avropa İttifaqının “East StratCom Task Force” bölməsinin 2015-2022-ci illər arasında topladığı  13 minə yaxın epizodu əhatə edən məlumat bazası göstərir ki, Kremlə propaqanda mexanizmi istənilən mövzunu – bir neçə “çərçivə”nin içinə salaraq təqdim edə bilir. Bu çərçivələr beş əsas başlıqda toplanır və istənilən mövzu bu başlıqların birinə və bir neçəsinə uyğunlaşdırılır (SCEEUS, 2022a).

- Elitalar xalqa qarşı (The elites vs the people) narrativindən Rusiya yüz ildən çoxdur və  əsasən seçki kampaniyalarında istifadə edir. Narrativin əsasını “xalqdan qopmuş” elitaların insanların problemlərindən xəbərsizliyi diskursu təşkil edir. Buradakı iddiaları dəstəkləmək üçün sübuta ehtiyac duyulmur və sübut yoxluğu belə bəzən sübut kimi göstərilir. Narrativin əsasını konspirativ məlumat və şübhələr təşkil edir (Euvsdisinfo, 2019a). 

- Təhdid olunan dəyərlər (Threatened values) narrativi bir çox məsələyə tətbiq olunur və ümumilikdə Qərbin qadın, etnik və dini azlıq, LGBT haqları kimi məsələlərdəki rolunu dəyərsizləşdirmək, bunları əxlaqi çöküş, ailə, din, ənənə kimi dəyərlərə təhdid olaraq dəyərləndirərək Rusiyanın “əxlaqi” rolunu vurğulamaq üçün istifadə edilir (SCEEUS, 2022b).

- İtirilmiş suverenlik və təhdid altında olan milli kimlik (Lost sovereignty, or threatened national identity) narrativindən Rusiya həm Qərbə, həm postsovet ölkələrinə münasibətdə olduqca bol şəkildə istifadə edir. “Qaz sobasını yandırmağa çalışan Sem dayı”, “qazsız qalıb ağlayan avropalılar”, ”xarici dövlətlər tərəfindən idarə olunan Ukrayna”, “Amerikanın idarə etdiyi Avropa”, “tam dövlət sayılmayan Baltik ölkələri”,  “suveren olmayan” Almaniya kimi tezislər bir çox ölkədə seçki və referendumlarda istifadə edilib. Onlara “islam, LGBT təhdidi” altında olan milli kimlik narrativi də tez-tez əlavə edilir. Bu, narazı seçicilərdə işləyən ən təsirli manipulyasiya yollarından biridir və əfsanələşdirilən  milli kimlik nostalgiyasını qızışdırmaqla birləşdiyi zaman ən zərərli dezinformasiya narrativlərindən biri kimi önə çıxır (Euvsdisinfo, 2019b).  

- Yaxınlaşan süqut (İmminent collapse) narrativi də Rusiyanın ən azı bir əsrdir istifadəsindədir. 1919-cu ildə olduğu kimi indi də “Avropa çökür”, “Avropa ölkələri vətəndaş müharibəsinin astanasındadır” tezisləri işə yarayır. ”NATO parçalanır”, ”Almaniya dağılır”, ”ABŞ iqtisadiyyatı çökür” kimi mövzuların alıcıları çoxdur - ölkəsində siyasi və ictimai hadisələrə reaksiya verməkdən qorxanlar, haqsızlıqları ört-basdır etməyə çalışanlar və sairə kimi (Euvsdisinfo, 2019c). 

- Hahaqanda (The Hahaganda) narrativi də Rusiya dezinformasiya mexanizminin mühüm hissələrindən birini təşkil edir. “Haha” və ”ganda” kəlmələrinin birləşməsindən ibarət olan bu narrativ lağlağı, istehza, aşağılama kimi davranışlarla etibarsızlaşdırmanı nəzərdə tutur. Termini siyasi leksikona  latviyalı elm adamı Solvita Denise-Liepnice daxil edib (StratCom, 2017).

Son zamanlarda bunun ən çox nümunəsi Ukraynaya münasibətdə yaşanır. Ukrayna prezidentinin lağlağı, aşağılanma, karikatura mövzusu olduğu paylaşımlar Kreml tərəfindən Qərb dairələrindən Türkiyəyə qədər dünyanın hər yerinə yayılır (Türkiye gündemi, 2022).

HÖRÜMCƏK TORU 

Avropa İttifaqının tətbiq etdiyi ilk sanksiyalardan keçən üç il ərzində Rusiyanın qadağa tətbiq olunan propaqanda resursları hələ də Avropa daxilində aktivdir. İngiltərədə yerləşən “ISD Global” analitikləri  Qərbi və Şərqi Avropada 6 ölkənin (Almaniya, Fransa, İtaliya, Polşa, Çexiya və Slovakiya) ən böyük üç internet xidməti təminatçısının xəritəsini çıxarıb, eləcə də Aİ tərəfindən sanksiyaya məruz qalan 26 media orqanına aid 58 domen təsbit edib.  Bu xəritəyə görə, sözügedən ISS-lər tərəfindən sanksiya tətbiq olunan resurslara giriş cəhdlərinin dörddə birindən azı effektiv şəkildə bloklanıb. Almaniya və Fransadakı ISS-lər müvafiq olaraq domenlərin 43 faizdən 57 faizinə və 24 faizdən 48 faizinə qədərini bloklayaraq ən effektiv fəaliyyət göstərənlər kimi çıxış ediblər. İtaliyadakı ISS-lərin isə biri sanksiya məzmunlarının üçdə ikisindən çoxunu bloklasa da digər ikisi heç bir sayta girişə mane olmayıb (ISD Global, avqust 2025 a).

Texniki reallıq isə prosesi daha da mürəkkəbləşdirir: istifadəçi cihazlarındakı, yönləndiricilərdəki və tətbiqlərdəki (məsələn, VPN və alternativ DNS ayarları) parametrlər səbəbilə DNS sorğularına həmişə ISS-in öz infrastrukturundan cavab almaq mümkün olmur. İstifadəçilər tez-tez “Google”, “Cloudflare” və ya “Yandex” kimi üçüncü tərəf DNS-lərdən yararlanır və bu, bloklanmış resursa çıxışı yenidən təmin edir. Nəticədə sanksiya tətbiq olunan domen adları hələ də onlayn kütlələri cəlb edir və yüksək trafikli az sayda sayt girişlərin böyük hissəsini öz üzərinə çəkir. ISS-lərin nisbətən aktiv fəaliyyət göstərdiyi Almaniya və Fransada sadəcə 6 domenə bir ayda 50 mindən çox ziyarətçi qeydə alınıb; ümumilikdə Almaniyada ən yüksək orta aylıq trafik izlənib və üç domen üzrə yüz minlərlə ziyarət qeydə alınıb (ISD Global, avqust 2025b).

1–31 may 2025-ci il tarixləri arasında X (Twitter) platformasında aparılan monitorinq göstərib ki, qadağan olunmuş rus media domenlərinə link verən 2450 hesab tərəfindən 49 mindən çox paylaşım edilib. Altı ölkə üzrə rəqəmlərə baxdıqda postların təxminən üçdə ikisi almanca, dörddə birindən çoxu fransızca olub; ümumi mənzərədə ingilis və ispan dillərindəki paylaşımlar da çoxdur. Bu postların 74 faizi RT məzmunu ilə əlaqələndirilib (ISD Global, avqust 2025c).

Almaniyanın “Marşal Fondu”nun (GMF) nəzdindəki Demokratiyanı Təminat Altına Alma İttifaqının  2024-cü ildə hazırladığı hesabata görə, Avropada bir ildə sadəcə RT məqalələri ilə eyni məzmuna və ya az qala eyni mətnə keçid verən 316 domendə 3019-dan çox bir-birindən fərqli keçid aşkar edilib. (GMF, 2024a) 

“The Russian Program” da “TV Novosti” və “Sputnik”in bağlı olduğu “Rossiya Segodnya”nın sanksiyalardan sonra yaratdığı  çoxlu sayda güzgü saytdan ibarət infrastrukturun məzmunların yayılmasında ciddi rol oynadığını bildirir.  Bu saytlar orijinalları ilə eyni məzmun daşıyır, ancaq fərqli domen adlarından istifadə edir və VPN olmadan açılır.  Ötən il Avropada 2022-ci ildən sonra yaradılan 25 belə güzgü sayt aşkar edilib (Audinet; Gerard 2024 a).

Rəqəmsal platformalardakı mənzərə də oxşardır. RT-nin “YouTube” və “Reddit”dəki əsas rəsmi linkləri bloklansa da, bu iki platforma hələ də Rusiya propaqanda məzmununun daşıyıcıları arasındadır: “Reddit” istifadəçiləri güzgü saytlar və məzmun kopyalama vasitəsilə RT məqalələrinə link verir, “YouTube”da isə RT məqalələri mətndən səsə çevrilərək yayılır. Bundan əlavə, “Gab”, “Telegram”, “Facebook”, X, “LinkedIn”, “Substack”, “VKontakte”, “Instagram”, “Pinterest”, “8kun”, “Rumble” və digər platformalarda orijinal və ya yenidən paylaşılan RT məzmunu dövr edir. GMF-nin müşahidələrinə görə, RT məzmununu sistemli şəkildə yenidən yayan saytların çoxu xəbər və ya analitik platforma deyil; idman və avtomobil mövzuları kimi, daha çox kişilərin maraq dairəsində olan, amma “dünya xəbərləri” bölməsinin böyük hissəsini RT-dən götürən saytlar, eləcə də “sağlamlıq”, “mənəviyyat” görüntülü, yeni dövr dindarlığı ilə Kremlpərəst geosiyasəti birləşdirən platformalar propaqandanın  “yuyulması” mexanizminin önəmli hissəsinə çevrilib (GMF, 2024b). 

YENİDƏN QABLAŞDIRMA ŞƏBƏKƏSİ - “PRAVDA” 

Rusiyanın propaqandasının yer altında yenidən qablaşdırma siyasətinin son illərdəki ən məşhur şəbəkəsi “Pravda”dır. Bu şəbəkənin eyni adlı Rusiya media orqanı ilə  hüquqi bağlılığı yoxdur, ümumi mexanizmə qoyulan addır. Şəbəkəni 2023-cü ildə Fransanın dövlət monitorinq orqanı VİGİNUM  ortaya çıxarıb. “Atlantic Council” təşkilatının araşdırma mərkəzi olan “DFRLab”, Finlandiya mərkəzli “CheckFirst” və VİGİNUM daha sonra onu bir az da dərindən araşdırıb. Məlum olub ki, bu şəbəkə “Portal Kombat” adlandırılan çox böyük və koordinasiyalı alt strukturu da əhatə edir (Portal Kombat, 2024a). 

2022-ci ildə sanksiyalardan sonra yaradılan bu yeni sistem daha çox Ukraynadakı müharibə ilə bağlı məzmunlar yayır və 2024-cü ildən etibarən daha da genişlənib. Avropa, Amerika və Asiyadakı legitim xəbər portallarının məznunlarını təqlid edəcək şəkildə hazırlanan, yüzlərlə saytdan ibarət olan şəbəkə 2023-cü ildə Polşa, Almaniya və Fransaya fokuslanıb, daha sonra Ukrayna, Moldova və Serbiyanı da hədəf alıb. Şəbəkə  2025-ci ildə yeni domenlərlə daha da genişlənib (Châtelet və  Lesplingart, fevral 2025 a). Davamlı izlənən şəbəkədə hazırda 6,3 milyondan çox məqalə var (Portal Kombat, 2024b). 

Araşdırmalar bu şəbəkənin Rusiya tərəfindən işğal edilən Krımda qeydiyyatdan keçmiş “Tiger Web” adlı IT şirkəti tərəfindən qurulduğunu göstərir (Châtelet və  Lesplingart, fevral 2025 b). Bu agentliyin Putinə yaxın oliqarxlardan Arkadi Rotenberqlə əlaqəsinin olduğu bildirilir (Intellinews, aprel 2025a).

Şəbəkə Kreml lehinə olan narrativlərin kopyalanıb yapışdırılması və gücləndirilməsi sistemiylə işləyir. Rəsmi propaqanda qurumlarının və qeyri-rəsmi propaqanda mexanizmlərinin, rəsmi hökumət açıqlamalarının, rus siyasətçilərin sosial media postlarının və Kreml agentlərinin mesajları avtomatik tərcümə proqramlarıyla yerli dillərə çevrilir, böyük həcmli məzmunun süni intellekt və bot şəbəkələriylə çoxalmasını təmin olunur (Asslani, may 2025a).

ISD-nin 2024-cü ilin iyulu ilə 2025-ci ilin iyulu arasında apardığı bir araşdırmaya görə, dünyada böyük xəbər orqanlarından akademik platformalara və radikal bloqlara qədər 900-dən çox sayt “Pravda” şəbəkəsinin məqalələrinə link verib. Bu istinadların 80 faizindən çoxu “Pravda” şəbəkəsindəki məqalələri etibarlı mənbə kimi göstərib, 5 faizindən azı  Rusiya ilə əlaqəli propaqanda şəbəkəsinin bir hissəsi kimi dəyərləndirib, qalan 15 faizə yaxını isə Rusiya ilə əlaqəli olmasında problem görməyib (ISDGlobal, 18 noyabr 2025). 

“Pravda” şəbəkəsinin məqalələrinin əsas 5 mənbəyi  TASS, “Ria Novosti”, “Lenta”, “Komsomolskaya Pravda” və RT-dir. Digər mənbələr arasında “Ren TV” və “Tsarqrad” televiziya kanalları da var (Asslani, may 2025b).

“Pravda” məqalələrini yayan əsas qurumlar isə Rusiyanın özünün və Rusiya tərəfdarı media qurumları və “Teleqram” kanallarıdır. “DFRLab”ın 2023-cü ildə ortaya çıxardığı “İnfo Defence-SurfNoise” dezinformasiya şəbəkəsinə daxil olan, daha çox Ukrayna əleyhinə dezinformasiya və manipulyasiya yayan 50 “Telegram” kanalı “Pravda” məzmnlarının yayılmasındakı əsas aktorlar arasındadır.  Bu kanallar “Surface Noise”, “Info Defense” ve “Node of Time” adlı üç şəbəkədə birləşir (Aleksejeva, Mammadova, 2023).

Tədqiqatlar göstərir ki, 28 ölkə və bölgədə “İnfoDefence” şəbəkəsinə daxil olan kanallar ən çox istinad edilən on mənbədən birini təşkil edir və “Pravda” şəbəkəsi içərisində Rusiya dəstəkli dezinformasiyanın əsas yayıcılarından biridir. Bu şəbəkə Balkan və Baltik ölkələrini, Şərqi və Cənubi Avropanı, Skandinaviyanı, Şərqi Asiyanı, Cənubi Qafqazı, Almaniya, Avstriya, Hollandiya və Türkiyəni əhatə edir (Châtelet və  Lesplingart, aprel 2025).

2023-2025-ci illər arasında aparılan tədqiqatlar X platformasının  şəffaflığı artırmaq və xarici analizi asanlaşdırmaq üçün hər kəsə açıq hala gətirdiyi İcma qeydləri (community notes) sisteminin belə “Pravda” şəbəkəsinə aid saytlara istinad etdiyini göstərir. 

2025-ci ilin rəqəmlərinə görə “Pravda” şəbəkəsi 182 sahədə, 12 dildə əsasən süni intellektin istifadəsi üçün hazırlanmış milyonlarla məqaləni internetə doldurub. Bunun əsas hədəfi isə rus narrativlərini süni intellekt sistemlərinin məlumat sisteminə yerləşdirmək olub (İntellinews, 2025b).

Bu,  xüsusilə “Pravda” şəbəkəsi tərəfindən “Wikipedia” məzmununun manipulyasiya edilməsinə aiddir. Tədqiqatlar şəbəkənin Wikipedia APİ-sindən (Application Programming Interface) istifadə edərək məzmunları kütləvi şəkildə dəyişdirdiyini, “Wikipedia”  iştirakçılarının da “Pravda” xəbər saytlarından istifadə edərək iddiaları ardıcıl şəkildə həmin mənbələrə əsaslandırmaqla məzmunun “yuyulmasına” şərait yaratdığını ortaya qoyur. 

Eyni zamanda analizlər göstərir ki, “Pravda” mənbələrinin “Wikipedia”dakı məzmun çirkləndirməsindən generativ süni intellekt alqoritmlərinin dəyişdirilməsi üçün istifadə edilir. “DFRLab” ve “CheckFirst” “ChatGPT” və “Gemini” kimi populyar süni intellekt proqramları vasitəsilə müəyyən ediblər ki, “Pravda” xəbər portalları tərəfindən dərc olunan məzmun bu alətlərin yaratdığı cavablara daxil olur. Daha da önəmlisi, bu çat-botlar tərtib etdikləri cavablar daxilində bunu sübut edən xəbər mənbələri olsa belə, şəbəkənin Rusiya ilə əlaqələrini açıqlamayıblar. “NewsGuard Technologies” tərəfindən 2025-ci ilin martında dərc edilən bir hesabatda da populyar süni intellekt alətlərinin “Pravda” şəbəkəsinə bağlı xəbər saytlarından gələn milyonlarla yazını ehtiva etdiyi müəyyən edilib. (Châtelet və  Lesplingart, mart 2025a).

Ekspertlər “Wikipedia”  məqalələrində “Pravda” şəbəkəsinə bağlı 162 sayta link verən, 44 dildə və 1672 səhifədə paylaşılan 1907 körpü əlaqəsi aşkar ediblər. “Wikipedia” məqalələri əsasən rusca və ukraynaca səhifələrdə “Pravda” mənbələrinə istinad edirdisə, 2022-ci ildən sonra ingiliz, fransız, alman dillərindəki məqalələrdə də eyhi hal baş verir. (Châtelet və  Lesplingart, mart 2025b).

“Pravda” şəbəkəsinə daxil olan saytların “Wikipedia”ya əlavə olunması bu platformanın böyük dil modelləri (LLM) üçün  birinci dərəcəli məlumat mənbəyi rolu nəzərə alındığı zaman ciddi narahatlıq yaradır.  “ChatGPT”, “Gemini”  və ya “Copilot” kimi böyük dil modelləri dili başa düşmə və inkişaf etdirmə qabiliyyətləri üçün informasiya depolarından istifadə edir və “Wikipedia” bu baxımdan onlar üçün depo rolunu oynayır. Mütəxəssilər “Pravda” şəbəkəsinin bu texnologiyalara təsirini araşdırmaq üçün testlər aparıblar və məlum olub ki süni intellekt proqramları şəbəkənin informasiya əməliyyatı olduğunu bildirən hesabatların olduğunu vurğulasa da, istifadəçilərə bu şəbəkə ilə bağlı xəbərdarlıq etməyib (Châtelet və  Lesplingart, mart 2025c). 

“American Sunlight Project”in araşdırmasına görə, “Pravda” həm də Böyük Dil Modellərini (LLM-ləri) Kreml yönümlü məzmunla “boğmaq”  üçün xüsusi şəkildə “dizayn” edilib (ASP, fevral 2025). Yəni şəbəkə süni intellekt alətlərini “yanlış həqiqətlərə” öyrədən infrastruktur olaraq  təkcə hazırkı oxucuya, tamaşaçıya deyil, gələcəkdə də milyonlarla insana təsir gücü formalaşdırır. 

TƏHDİD AKTORLARI - BƏZƏKLİ AYI,  QUM QURDLARI VƏ DİGƏRLƏRİ 

Birinci yazıda da vurğuladığımız kimi, Rusiyanın Avropada propaqandada istifadə etdiyi əsas aktorlardan biri də Rusiya hərbi və xarici kəşfiyyat orqanlarına bağlı olan əməliyyat və təsir qruplarıdır. Rusiya 2022-ci ildən sonra aktiv propaqanda-sabotaj fəaliyyətinin təşkili və tətbiqi üçün müxtəlif islahatlar həyata keçirib. Prezident Administrasiyası rəhbərinin birinci müavini, eyni zamanda işğal olunmuş Ukrayna əraziləri üzrə kurator Sergey Kiriyenko propaqanda hədəfi olan ölkələrdə xüsusi xidmət orqanlarına təyinatlara məsul olan komitələr yaradıb. Provokasiya fəaliyyətləri Sergey Şoygu rəhbərliyindəki bir komitə tərəfindən koordinasiya edilir. Bu cəbhənin operativ işini isə Rusiya Hərbi Kəşfiyyat İdarəsi -  QRU həyata keçirir; QRU sədrinin müavini Andrey Averyanov bu fəaliyyətin koordinasiyasına cavabdehdir və idarəetməsində üç əsas departamentdən ibarət xüsusi əməliyyatlar xidməti var (Jones, mart 2025a).

QRU-nun xüsusi kəşfiyyat mütəxəssislərinin tədris mərkəzi kimi tanınan 29155-ci idarənin (və ya 161-ci mərkəz) əməkdaşları Avropa və digər bölgələrdə fəaliyyət göstərir. QRU zabiti Sergey Skripalın, rusiyalı müxalif siyasətçi Aleksey Navalnının, bolqar silah taciri Emilian Gebrev və oğlunun zəhərlənməsi, Əfqanıstanda Talibana maddi yardım, Monteneqrodakı qiyam cəhdi kimi əməliyyatların arxasında da həmin idarənin dayandığı bildirilir. (Jones, mart 2025b)

QRU-nun 54654-cü idarəsi qanunsuz agent şəbəkələrinin yaradılması ilə məşğuldur; Rusiya universitetlərində oxuyan xarici tələbələri, hərbi keçmişi olan şəxsləri işə götürür, kölgə şirkətlər vasitəsilə onları hədəf qurumlara yerləşdirir. Kibercasusluq, kiberhücum və kibersabotaj fəaliyyətləri isə QRU-nun 26165 və 74455-ci idarələri tərəfindən həyata keçirilir – beynəlxalq kibertəhlükəsizlik ədəbiyyatında bunlar müvafiq olaraq “APT28/Fancy Bear” və “Sandworm/APT44” kimi tanınır (Jones, mart 2025c).

“APT28”, “Pawn Storm”, “Sofacy Group”, “Sednit”, “Tsar Team” və STRONTIUM kimi də tanınan “Fancy Bear” dünyadakı kibertəhlükəsizlik ekspertlərinin taktika, texnika və prosedurlarını ortaya çıxarmaqda çətinlik çəkdiyi, hədəflərin sistemlərinə uzun vədəli sızmaq məqsədi güdən, yavaş, gizli və koordinasiyalı hücumları ilə bilinən bir şəbəkədir. Ən azı 2008-ci ildən bəri fəaliyyət göstərən bu qrup aviasiyadan müdafiə sənayesinə, enerjidən hökumətlərə, mediadan müxaliflərə qədər bir çox sektorları hədəf seçir, saxta saytlar vasitəsilə bilgi toplama kimi taktikalardan istifadə edir (Radware 2024a).

“Fancy Bear” 2015-ci ildə Fransanın “TV 5 Monde” kanalına hücum edib, 2016-cı ildə ABŞ prezident seçkilərində Demokrat Milli Komitənin e-poçtlarına sızıb, Almaniyada Bundestaqa qarşı kiberhücum edib, 2017-ci ildə “NotPetya” zərərli casus proqramı hücumunda adı hallanıb, 2018-ci ildə Rusiyanın olimpiadalardan uzaqlaşdırılmasına cavab olaraq Dünya Dopinqlə Mübarizə Agentliyinə hack-sızdırma əməliyyatını təşkil edib. ABŞ və İngiltərə rəsmiləri “Fancy Bear-İN” dünya miqyasında yüzlərlə hökumət və özəl sektor hədəfinə qarşı genişmiqyaslı kobud güc parol “püskürtmə” hücumu kampaniyasında Kubernetes klasterindən istifadə etdiyi barədə xəbərdarlıq ediblər (Radware 2024b).

2019-cu ildə bu kibercasusluq qrupu Belçika, Fransa, Almaniya, Polşa, Rumıniya və Serbiyada 104 düşüncə institutuna hücumu ilə də gündəliyə gəlib (Cyberscoop, 2019). 2022-ci ildə isə qrupun hədəfində ukraynalılar olub. 

Avropada fəaliyyəti müşahidə olunan rus kibertəsir gücü isə elektrik şəbəkələrini, kritik infrastrukturu, xüsusilə Ukrayna və onunla yanaşı Avropa energetikasını və nəqliyyatını da əhatə edən hücumları ilə məşhurlaşan, Rusiya-Avropa “boz zona” müharibəsinin sərt alətlərindən biri kimi dəyərləndirilən “Sandworm” (APT 44) qrupudur. Moskva “Gamaredon”, “Callisto”, “hacktivist” etiketli “Killnet”, “NoName057(16)” kimi  DDoS və sayt üzərinə yazı (defacement) tipli hücumlarla siyasi mesajlar verən elementlərdən, Rusiya Xarici Kəşfiyyat İdarəsindən, Dərin Dəniz Araşdırmaları Baş İdarəsindən (QUQİ) və FSB-dən də Avropadakı propaqanda əməliyyatlarında istifadə edir (Jones mart 2025 d).


NƏTİCƏ 

Birinci yazımızdakı ümumi çərçivə və informasiya bazası ilə bu yazımızdakı konkret faktlar və rəqəmlər göstərir ki,  Rusiya propaqandası Avropadakı bütün boşluqlardan faydalanmağı və bütün faylara sızmağı bacarır. 

Sanksiyalar, lisenziya məhdudiyyətləri və digər bu kimi tədbirlər Kreml üçün müəyyən texniki çətinliklər yaradır, amma sistemin stabilliyi və mürəkkəbliyi sayəsində yeni yollar, üsullar tapılır və propaqanda hücumu aralıqsız davam etdirilir.  RT və “Sputnik” bloklanır,  yerində yüzlərlə güzgü sayt, alternativ platforma, proksi şəbəkə peyda olur; ISS-lər qismən də olsa saytları bloklayır, ancaq DNS ayarları və VPN-lərlə məzmun sızıntısının qarşısını ala bilmir; X, “YouTube”, “Reddit” və digər platformalarda “yuyulmuş” məzmun yeni paketdə,  parçalanmış, izlənilməsi çətin formada yenidən təqdim olunur. 

“Pravda” (Portal Kombat) kimi şəbəkələr Rusiyanın artıq süni intellekt ekosisteminə də oynadığını göstərir. “Wikipedia” kimi açıq informasiya platformalarının saxta məzmun bombardmanına tutulması,  bu materialların böyük dil modellərinin “yaddaşına” ötürülməsi, Rusiya propaqandasının zəhərinin yeni nəsil informasiya infrastrukturuna da asanlıqla sirayət etdiyini ortaya qoyur. 

QRU-ya bağlı “Fancy Bear”, “Sandworm” və digər qrupların fəaliyyəti isə Kremlin informasiya müharibəsinin kibermüstəvi ilə necə birləşdiyini göstərir.  Seçki proseslərinə müdaxilə, enerji və infrastruktur sistemlərinə hücumlar, sızdırma, qaralama əməliyyatları Avropa üçün Kreml propaqandasını abstrakt diskurs problemindən təhlükəsizlik və idarəetmə təhdidinə çevirir. 

Avropanın bu uzunmüddətli, sistemli, strateji propaqanda maşınına cavabları hələlik kifayət etmir və koordinasiyalı deyil.

Bunu bir neçə obyektiv faktorla izah etmək olar. Birincisi, Qərbi Avropanın azad media bazarı Rusiyanın dövlət mexanizminin əsas hissələrindən biri olan və dövlət tərəfindən səxavətlə dəstəklənən propaqanda mexanizmi ilə rəqabətə girəcək insan və maliyyə resurslarına sahib deyil. (Popov, aprel 2025b)

İkincisi, ifadə və media azadlığı ilə bağlı liberal prinsiplər çox ciddi, açıq pozuntular olmadığı müddətcə düşmənçilik yayan xarici media orqanlarının belə fikirlərini yaymasına, ya da bu orqanların sanksiyalardan məhz bu liberal prinsiplərdən yararlanaraq fərqli metodlarla yayınmasına imkan verir. Məsələn, 2022-ci ildə Aİ Rusiya mediasına sanksiyalar tətbiq etdiyi zaman İsveçrə və Norveç buna qoşulmadı. Səbəb olaraq isə bu kanalların Rusiya mərkəzli propaqanda və dezinformasiya vasitələri olmasına baxmayaraq, zərərli məlumatlarla mübarizənin qadağadan daha təsirli olacağı arqumenti irəli sürüldü. Eyni zamanda Fransadan Hollandiyaya qədər bir çox ölkədə rus propaqandasına qarşı sanksiyalar mətbuat azadlığı çərçivəsində dəyərləndirilərək tənqidlərə səbəb oldu (DiderotComity, 2024). 

Nəhayət üçüncüsü,  demokratk rejimlər narazılıqların üzə çıxmasına və yüksək səslə ifadə edilməsinə imkan verən sistemlərdir - bu səbəbdən hədəf ölkələrdəki qrupların və  vətəndaşların hökumətlərindən və ya ümumi Avropa siyasətindən narazılıqlarını  qızışdırmaq Moskva üçün çətinlik törətmir.  Rusiya propaqandası demokratik cəmiyyətlərin bu “zəifliklərini” asanlıqla istismar edərək siyasi qütbləşmə yarada bilir. 

Şəffaflıq, icra mexanizmləri, ictimai dayanıqlıq və beynəlxalq koordinasiya məsələlərini əhatə edən koordinasiyalı və çoxölçülü cavab olmadıqca, Rusiyanın propaqanda əməliyyatları Avropa idarəçiliyini və təhlükəsizliyini zəiflətməyə davam edəcək. Avropa institutlarının və demokratik proseslərin bütövlüyünün qorunması üçün dəyişən hibrid təhdidlər qarşısında davamlı öhdəlik, resurslar və uyğunlaşma qabiliyyəti tələb olunur. Problemin dərinliyi və miqyası avropalıların Rusiya propaqandasına strateji təhlükəsizlik və ölüm-qalım məsələsi kimi baxmalarını tələb edir. 



İSTİNADLAR 

Brussels Watch, oktyabr 2025a. How Russian Govt Undermined the Work on European Institutes. https://brusselswatch.org/wp-content/uploads/Report-How-Russian-Govt-Undermined-the-Work-on-European-Institutes.pdf

Stronski Paul, Himes Annie, 2019.  “Russia’s Game in the Balkans,” Carnegie Endowment for International Peace, January 2019, 1–21. 

https://carnegie-production-assets.s3.amazonaws.com/static/files/Stronski_Himes_Balkans_formatted.pdf

Brussels Watch, oktyabr 2025b. How Russian Govt Undermined the Work on European Institutes. https://brusselswatch.org/wp-content/uploads/Report-How-Russian-Govt-Undermined-the-Work-on-European-Institutes.pdf

Civitates, 2020. Examining Russian disinformation in both Western and Central-Eastern Europe. https://civitates-eu.org/examining-russian-disinformation-in-both-western-and-central-eastern-europe/

ICTT (The International Centre for Counter-Terrorism) 2024 a. Russia and the far right from ten European Countries. Edited by Kacper Rekawek, Thomas Renard and Barbara Molas. 

https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%20Insights%20from%20Ten%20European%20Countries%20-%20A4%20e-book_0.pdf

Brussels Watch, oktyabr 2025c. How Russian Govt Undermined the Work on European Institutes. https://brusselswatch.org/wp-content/uploads/Report-How-Russian-Govt-Undermined-the-Work-on-European-Institutes.pdf

Brussels Watch, oktyabr 2025d. How Russian Govt Undermined the Work on European Institutes. https://brusselswatch.org/wp-content/uploads/Report-How-Russian-Govt-Undermined-the-Work-on-European-Institutes.pdf

Brussels Watch, oktyabr 2025e. How Russian Govt Undermined the Work on European Institutes. https://brusselswatch.org/wp-content/uploads/Report-How-Russian-Govt-Undermined-the-Work-on-European-Institutes.pdf

Popov, Bogdan, aprel 2025a.  Behind the Curtain: How Russia’s Propaganda Targets the Heart of Europe

https://thegaze.media/news/behind-the-curtain-how-russias-propaganda-targets-the-heart-of-europe

CSEUSS, 2022a. Narrating Disinformation: The Templates for Kremlin Lies. https://www.ui.se/globalassets/ui.se-eng/publications/sceeus/narrating-disinformation-the-templates-for-kremlin-lies-framsida.pdf


Euvsdisinfo, 2015a. 5 Common Pro-Kremlin Disinformation Narratives. 

https://euvsdisinfo.eu/5-common-pro-kremlin-disinformation-narratives


CSEUSS, 2022b. Narrating Disinformation: The Templates for Kremlin Lies. https://www.ui.se/globalassets/ui.se-eng/publications/sceeus/narrating-disinformation-the-templates-for-kremlin-lies-framsida.pdf


Euvsdisinfo, 2015b. 5 Common Pro-Kremlin Disinformation Narratives. 

https://euvsdisinfo.eu/5-common-pro-kremlin-disinformation-narratives


Euvsdisinfo, 2015c. 5 Common Pro-Kremlin Disinformation Narratives. 

https://euvsdisinfo.eu/5-common-pro-kremlin-disinformation-narratives


StratCom, 2017. StratCom laughs: in search of an analytical framework

https://stratcomcoe.org/publications/stratcom-laughs-in-search-of-an-analytical-framework/201


Türkiye Gündemi, 2022. Zelenski Dans Yarışmasında. 

https://www.turkiyegundemi.com/video-galeri/zelenski-dans-yarismasinda/70250


ISD Global, avqust 2025 a. Investigation | Holding the line: Auditing the EU’s ban of Russian state media 3 years on.

https://www.isdglobal.org/digital_dispatches/investigation-holding-the-line-auditing-the-eus-ban-of-russian-state-media-3-years-on/


ISD Global, avqust 2025 b. Investigation | Holding the line: Auditing the EU’s ban of Russian state media 3 years on.

https://www.isdglobal.org/digital_dispatches/investigation-holding-the-line-auditing-the-eus-ban-of-russian-state-media-3-years-on/


ISD Global, avqust 2025 c. Investigation | Holding the line: Auditing the EU’s ban of Russian state media 3 years on.

https://www.isdglobal.org/digital_dispatches/investigation-holding-the-line-auditing-the-eus-ban-of-russian-state-media-3-years-on/


GMF, 2024a. The Russian Propaganda Nesting Doll: How RT is Layered into the Digital Information Environment

https://securingdemocracy.gmfus.org/the-russian-propaganda-nesting-doll-how-rt-is-layered-into-the-digital-information-environment/


Audinet Maxime and Gerard Colin, 2024. Crisis, reorganization, and clandestinization in Russia’s ecosystem of information influence after the invasion of Ukraine.  The Russian Program. https://therussiaprogram.org/russia_information_influence


GMF, 2024b. The Russian Propaganda Nesting Doll: How RT is Layered into the Digital Information Environment

https://securingdemocracy.gmfus.org/the-russian-propaganda-nesting-doll-how-rt-is-layered-into-the-digital-information-environment/


Portal Combat, 2024a. Pravda Dashboard.

https://portal-kombat.com/


Châtelet Valentin  and  Lesplingart Amaury, fevral 2025 a.  “Russia’s so-called “Pravda” network expands worldwide,” Digital Forensic Research Lab (DFRLab). https://dfrlab.org/2025/02/24/russia-pravda-network-expands-worldwide/.


Portal Combat, 2024b. Pravda Dashboard.

https://portal-kombat.com/


Châtelet Valentin  and  Lesplingart Amaury, fevral 2025 b.  “Russia’s so-called “Pravda” network expands worldwide,” Digital Forensic Research Lab (DFRLab). https://dfrlab.org/2025/02/24/russia-pravda-network-expands-worldwide/.


İntellinews, aprel 2025a. New study reveals extent of Russian disinformation targeting Emerging Europe. 

https://www.intellinews.com/new-study-reveals-extent-of-russian-disinformation-targeting-emerging-europe-376592


Asslani Mejreme, may 2025a. Russia’s Pravda Network: AI-Driven Disinformation on a Global Scale. https://bisi.org.uk/reports/russias-pravda-network-ai-driven-disinformation-on-a-global-scale

İSD Global, 18 noyabr 2025. Link by link: Hundreds of webpages cite pro-Russia Pravda network. https://www.isdglobal.org/digital_dispatches/link-by-link-hundreds-of-webpages-cite-pro-russia-pravda-network/

Asslani Mejreme, may 2025b. Russia’s Pravda Network: AI-Driven Disinformation on a Global Scale. https://bisi.org.uk/reports/russias-pravda-network-ai-driven-disinformation-on-a-global-scale


Aleksejeva Nika, Mammadova Sayyara, 2023. “Networks of pro-Kremlin Telegram channels spread disinformation at a global scale,” Digital Forensic Research Lab (DFRLab). https://dfrlab.org/2023/03/01/networks-of-pro-kremlin-telegram-channels-spread-disinformation-at-a-global-scale/

Châtelet Valentin  and  Lesplingart Amaury , aprel 2025.  “Russia’s Pravda network in numbers: Introducing the Pravda Dashboard,” Digital Forensic Research Lab (DFRLab) and CheckFirst, April 18, 2025, https://dfrlab.org/2025/04/18/introducing-the-pravda-dashboard/

İntellinews, aprel 2025b. New study reveals extent of Russian disinformation targeting Emerging Europe. 

https://www.intellinews.com/new-study-reveals-extent-of-russian-disinformation-targeting-emerging-europe-376592

Châtelet Valentin  and  Lesplingart Amaury, mart 2025a. “Russia-linked Pravda network cited on Wikipedia, LLMs, and X,” Digital Forensic Research Lab (DFRLab), https://dfrlab.org/2025/03/12/pravda-network-wikipedia-llm-x/.

Châtelet Valentin  and  Lesplingart Amaury, mart 2025b. “Russia-linked Pravda network cited on Wikipedia, LLMs, and X,” Digital Forensic Research Lab (DFRLab), https://dfrlab.org/2025/03/12/pravda-network-wikipedia-llm-x/.

Châtelet Valentin  and  Lesplingart Amaury, mart 2025c. “Russia-linked Pravda network cited on Wikipedia, LLMs, and X,” Digital Forensic Research Lab (DFRLab), https://dfrlab.org/2025/03/12/pravda-network-wikipedia-llm-x/.

ASP, fevral 2025. A Pro-Russia Conent Network Foreshadows the Auomaed Fuure of Info Ops. https://static1.squarespace.com/static/6612cbdfd9a9ce56ef931004/t/67fd396818196f3d1666bc23/1744648558879/PK+Report.pdf

Jones G.Seth, mart 2025 a. Russia’s Shadow War Against the West. https://www.csis.org/analysis/russias-shadow-war-against-west

Jones G.Seth, mart 2025 b. Russia’s Shadow War Against the West. https://www.csis.org/analysis/russias-shadow-war-against-west

Jones G.Seth, mart 2025c . Russia’s Shadow War Against the West. https://www.csis.org/analysis/russias-shadow-war-against-west

Radware, 2024 a. Fancy Bear (APT28) Threat Actor. https://www.radware.com/cyberpedia/ddos-attacks/fancy-bear-apt28-threat-actor 

Radware, 2024 b. Fancy Bear (APT28) Threat Actor. https://www.radware.com/cyberpedia/ddos-attacks/fancy-bear-apt28-threat-actor 

Cyberscoop, 2019. As Europe prepares to vote, Microsoft warns of Fancy Bear attacks on democratic think tanks. https://cyberscoop.com/european-think-tanks-hack-microsoft-fancy-bear-russia/

Jones G.Seth, mart 2025d . Russia’s Shadow War Against the West. https://www.csis.org/analysis/russias-shadow-war-against-west

Popov, Bogdan, aprel 2025b.  Behind the Curtain: How Russia’s Propaganda Targets the Heart of Europe. https://thegaze.media/news/behind-the-curtain-how-russias-propaganda-targets-the-heart-of-europe

Comite Denis Didreot, 2024. National and EU sanctions against Russia Today and Sputnik. https://www.denisdiderot.net/the-rt-sputnik-decision

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin