13 yan 2026

Qələbədən sonra sərtləşmə: Azərbaycan avtoritarizminin diktaturaya keçid trayektoriyası

Qələbədən sonra sərtləşmə: Azərbaycan avtoritarizminin diktaturaya keçid trayektoriyası



(Yazı Khar Centerin Azərbaycan avtoritarizmi araşdırmaları çərçivəsində hazırlanıb)

✍️ Elman Fəttah – KHAR Centerin rəhbəri
"Yeni Avtoritarizm və Azərbaycan" kitabının, postsovet avtoritarizmi və beynəlxalq münasibətlər mövzusunda çoxsaylı məqalələrin müəllifidir.

Giriş

Azərbaycan ictimai rəyində yanlış bir qənaət var ki, əliyevlər hakimiyyəti sanki individual repressiv sistem qurub, bənzər rejimlərlə müqayisədə daha dayanıqlıdır və bu səbəbdən uzun müddətdir davam edir. Halbuki Azərbaycanın hazırkı repressiv rejimi nə təqdim olunduğu kimi unikaldır, nə də "özünəməxsus". Bu, son yüz il ərzində Latın Amerikasından Yaxın Şərqə, Şərqi Avropadan postsovet bölgələrinə qədər dəfələrlə baş vermiş universal avtoritar tendensiyanın lokal nümunəsidir.

Belə sərt rejimlər adətən uzunmüddətli ağrılı milli məsələnin həlli ətrafında formalaşır, məsələni həll edən lider xilaskar roluna bürünür və əldə olunan uğurların legitimliyi vasitəsilə əhəmiyyətli siyasi kapital toplayır. Sonrakı mərhələdə bu tendensiya tədricən güclənir, başlanğıcda siyasi rəqabət, yekunda siyasi sistem qapanır. 

2020-ci il müharibəsində əldə edilən qələbə də İlham Əliyev hakimiyyəti üçün siyasi dinamikanı dəyişdirməkdə psixoloji və ideoloji açar funksiyasını yerinə yetirdi. Müharibə dövründə yaranan milli birlik atmosferi isə sadəlövh gözləntilərin əksinə olaraq, qələbədən sonra hakimiyyəti islahatlara yönəltmədi, əksinə, rejimi  "toxunulmaz"  statusa qaldırdı. Qələbə rejimi tənqidlərə və siyasi alternativlərə qarşı daha da dözümsüz etdi. 

Beləliklə, müharibədən sonrakı dövr demokratik inkişaf üçün nəinki  imkanlar açdı, əksinə, sərt avtoritarlaşmanı daha da sürətləndirdi. Bununla da, Azərbaycanın siyasi sistemi dünyada nümunələri çox olan "milli uğur sonrası diktaturalaşma" yoluna yuvarlandı. 

Bu analiz aşağıdakı əsas sualı cavablandırmağa çalışacaq: 

2020-ci il müharibəsində əldə edilən uğur Azərbaycanın avtoritar idarəçilikdən diktaturaya keçidini hansı şəkildə sürətləndirdi və bu dəyişiklik hansı institusional, psixoloji və ideoloji mexanizmlərlə baş verir?

Yazının məqsədi qələbədən sonra meydana gələn “xilaskar” obrazı, “təhlükəsizlik” və “borclandırılmış cəmiyyət” kimi narrativlərin Azərbaycan siyasi sistemini hansı istiqamətə apardığını analitik şəkildə araşdırmaqdır. 

Xilaskar mifinin yenidən aktivləşməsi

Azərbaycanın siyasi düşüncəsindəki “xilaskar” obrazı zəngin tarixi və psixoloji köklərə malik bir arxetipdir. Bu obrazın müasir versiyası 1993-cü ildən Heydər Əliyevin ətrafında formalaşdı. O dövrdəki narrativ açıq və məqsədyönlü idi: böhrandan sabitliyə, xaosdan dövlət nizamına, separatizmdən mərkəzləşməyə keçid. Yəni xilaskar mifi əsasən institusional mahiyyət daşıyırdı (Arif Quliyev, 2024). Dövlət faktiki olaraq, yeni formalaşır, idarəetmə yenidən bərpa edilir və mərkəzi hakimiyyətin legitimliyi separatizm riskinə cavab kimi təqdim olunur. Başqa sözlə, bu mif konkret tarixi vəziyyətlə üst‐üstə düşür və cəmiyyətin hiss etdiyi ekzistensial qorxularla orqanik əlaqəyə girə bilir. 

Lakin 2020-ci ildən etibarən bu arxetip yeni məzmunla ortaya çıxdı. Bu dəfə dövlətin parçalanması qorxusu, ya da  xaos mövcud deyildi. Fərq elə buradadır: əvvəlki dövrdə xilaskar mif dövlətin yaradılmasına xidmət edirdisə, indi bu mif xilaskarın müqəddəsliyini vurgulamağa yönəlib: dövlət artıq yaradılmır, əksinə, dövlət başçısı toxunulmaz və müqəddəs elan edilir, təhlükəsizlik isə bütün siyasi,  ictimai müzakirələri qadağan edən tabuya çevrilir. Nəticədə xilaskar mifinin institusional mərhələdən ideoloji mərhələyə keçidi baş verir, lider dövlətin özü ilə eyniləşdirilir.

Qələbə legitimliyindən diktaturaya

Hərbi qələbələr əksər hallarda siyasi azadlıqların itirilməsi ilə nəticələnir. Qələbədən sonra ortaya çıxan "xilaskar" hekayəsi müxaliflərin susdurulmasına, hüquq anlayışının təhlükəsizlik anlayışı ilə əvəz olunmasına və repressiyanın əsas idarəetmə metoduna çevrilməsinə səbəb olur. Nəticədə sistem əvvəl personalist avtoritarizmə, oradan da diktaturaya doğru irəliləyir (Neta C. Crawford, Catherine Lutz, 2025). 

Bu diaqram, Azərbaycanda qələbədən sonra avtoritarizmin tədricən necə möhkəmləndiyini əks etdirir. 

Qələbə istənilən cəmiyyətdə emosional həyəcan yaradır. Azərbaycan hakimiyyəti də bu imkandan istifadə edərək "xilaskar" obrazı ilə ciddi siyasi kapital topladı. Nəticədə bu elektoral legitimlik sayəsində rejim müxalifəti artıq "milli maraqlara təhlükə" olaraq təqdim edir, hüquq təhlükəsizlik anlayışına qurban verilir, cəza və qorxu idarəetmənin əsas vasitələrinə çevrilir. 

Məhz 2020-ci ildən etibarən Azərbaycanda siyasi meydan kəskin şəkildə daralmağa başladı. 2023-cü ilin payızında başlanmış repressiya dalğası 2024‐cü və 2025-ci illərdə daha da gücləndi (Giorgi Gogia, 2025). Müstəqil media və vətəndaş cəmiyyətinin ölkə daxilində fəaliyyəti faktiki, qadağan edilib. Müxalifətin varlığı isə şübhə altındadır. Bu isə klassik avtoritar idarəetmədən post-müharibə dövrünün tam nəzarət sisteminə keçidin tipik nümunəsidir.

“Əvvəl verir, sonra burnundan gətirir” 

Bu mexanizm avtoritar idarəetmənin ən effektiv legitimləşdirmə üsullarından biridir. Mahiyyətcə sadə, psixoloji baxımdan isə son dərəcə güclüdür: hakimiyyət cəmiyyətin illərlə daşıdığı tarixi və emosional bir dərdi aradan qaldırır, bunun müqabilində siyasi azadlıqları geri alır. Azərbaycanda bu dərd işğal travması idi və rejim 2020-ci il müharibəsi ilə bu travmanı aradan qaldıraraq əvəzində bütün siyasi haqları ləğv etdi. 

İlkin mərhələdə proses mübadilə kimi təqdim olunur: xalq real qazanc əldə edir, əvəzində hələlik konkret itki hiss etmir. Növbəti mərhələdə isə formalaşdırılmış xilaskar lider statusu tədricən borc mexanizminə çevrilir (Mieczysław P Boduszyński, Vjeran Pavlaković, 2019). Əvvəl ümumilli uğur olan qələbə artıq hakimiyyətin verdiyi “nemət” kimi təqdim olunur. Buradan etibarən münasibət bərabərhüquqlu siyasi vətəndaşlıq münasibəti olmaqdan çıxır və asılılıq münasibətinə transformasiya olunur. Mesaj açıq şəkildə ifadə olunmasa da, siyasi davranışları müəyyən edən əsas məntiq budur: “biz sənə torpaq verdik, sən bizə səssizlik borclusan”

Bu nöqtədən sonra qələbənin mənası köklü şəkildə dəyişir. “Qələbə qalib xalqın hüquqlarını genişləndirəcək” gözləntisindən itaəti legitimləşdirən alətə çevrilir. Mexanizm məhz burada tamamlanır: əvvəl cəmiyyət tarixi bir ağrıdan xilas edilir, sonra isə həmin qurtuluşun qiyməti siyasi susqunluqla “burnundan gətirilir”.

Post-müharibə psixologiyası və susdurulmuş cəmiyyət

Müharibə yalnız cəbhədəki hərbi fəaliyyətlərlə məhdudlaşmır, eyni zamanda, cəmiyyətin psixologiyasını əhəmiyyətli şəkildə dəyişdirən geniş sosial-psixoloji fenomen kimi çıxış edir. Müharibədən sonra cəmiyyətdə yaranan təhlükəsizlik və birlik arzusu sağlam müzakirə mühitini aradan qaldırır. Bu kontekstdə müharibə dörd təhlükəli refleksi işə salır ki, bu da avtoritarizmdən diktaturaya keçidin psixoloji əsasını yaradır.

İlk olaraq, müharibə zamanı formalaşan səfərbərlik ritorikası sülh dövrünə də daşınır. Hakimiyyətə yönələn hər tənqid “birlik ruhuna zərbə” şəklində təqdim edilir. Artıq tənqid kollektiv təhlükəsizlik üçün təhdid kimi qiymətləndirilir. Buradan isə qorxu və özünüsenzura doğur.

İkincisi, siyasi müxalifət və alternativ fikirlər "ikinci cəbhə" anlayışı ilə demonizə olunur. Hakimiyyət daxili siyasi rəqabəti xarici düşmənlə mübarizə ilə bir tutur. Bu yanaşma müxalifətin mövcudluğunu dövlətə qarşı fəaliyyət kimi xarakterizə edir. 

Üçüncüsü, müharibə hökumət zorakılığının normal qəbul edilməsinə yol açır. Müharibə zamanı tətbiq edilən sərtlik sülh dövründə də  davam edir. Hüquqi məhdudiyyətlər, polis zorakılığı və repressiv mexanizmlər dövlətin “təhlükəsizliyi” kimi təqdim olunur. Şiddət artıq istisna deyil, əsas idarəetmə metoduna çevrilir (Elman Fattah, 2025). 

Dördüncüsü, müharibənin səbəb olduğu “indi danışmaq vaxtı deyil” düşüncəsi daimi siyasi normaya çevrilir. Hər hansı bir tənqidə qarşı “vaxtı gələndə”, “təhlükə keçdikdən sonra” kimi arqumentlər ortaya atılır, amma bu vaxt heç vaxt gəlmir. 

Beləliklə, bu dörd refleksin nəticəsində insanlar açıq repressiya olmadan da susur. Çünki danışmağın risklərini artıq başa düşüblər. Bu mərhələdə avtoritar nəzarət daha mürəkkəb və davamlı bir formaya keçir: qorxu artıq yalnız dövlət tərəfindən yaradılmır, eyni zamanda cəmiyyətin içində də istehsal olunur (Nigar Şahverdiyeva, 2025).

Avtoritarizmin yeni fazaya keçidi

Avtoritar sistemlərin klassik formalarında repressiya adətən siyasi alətlərdən biri kimi istifadə olunur. Yəni repressiya ilə konkret siyasi məqsədlərə nail olmaq və ya hansısa riskləri munimalizə etmək məqsədi güdülür: seçkilər ərəfəsində müxalifətin neytrallaşdırılması, etiraz dalğalarının boğulması və ya müəyyən elitaların cəzalandırılması kimi. Bu tip repressiya müəyyən hədləri tanıyır və çox zaman rejimin beynəlxalq legitimliyini tam itirməməsi üçün “ölçülü” saxlanılır. Eynilə Azərbaycan avtoritarizmi də qələbəyə qədər bu formaya üstünlük verirdi. Mütəmadi olaraq qısa repressiya dalğaları olur, ardınca əfv sərəncamları imzalanırdı. 2003, 2005, 2013-2014 repressiyalarının preventiv tədbir mahiyyəti daşıması və qısa sürməsi buna bariz nümunədir (Freedom House, 2015).

Lakin indiki mərhələdə Azərbaycan avtoritarizminin siyasi məntiqi köklü şəkildə dəyişib. Repressiya  məqsədə çatmaq vasitəsi olmaqdan çıxaraq sistemin əsas idarəetmə metoduna çevrilib. Hakimiyyətin əsas prioriteti konkret siyasi rəqibləri sıradan çıxarmaqla bərabər, həm də potensial olaraq hər kəsi risk kateqoriyasına daxil edən daimi qorxu mühiti yaratmaqdır. Bu şəraitdə hüquq münasibətləri öz tənzimləyici funksiyasını itirir; qanun davranışı müəyyən edən çərçivə deyil, sonradan zorakılığı əsaslandıran formal pərdə rolunu oynayır. İdarəetmənin real mexanizmi hüquq deyil, qorxunun proqnozlaşdırılmazlığı olur (Kharcenter, 2015a). Bu fazada dövlət artıq təhlükə mexanizmi kimi fəaliyyət göstərir. Vətəndaşlar üçün əsas sual “nə qanunsuzdur?” yox, “nə təhlükəlidir?” olur. Qaydaların qeyri-müəyyənliyi davranışı formalaşdıran əsas faktora çevrilir. Beləliklə, repressiya gündəlik həyatın struktur elementinə, rejimin davamlılığını təmin edən əsas mexanizmə çevrilir.

Azərbaycan avtoritarizmi  üçün əsas siyasi təhlükə artıq yalnız müxalifət aktorları yox,  bütövlükdə cəmiyyətin özünün siyasi subyekt kimi mövcudluğudur. Repressiya artıq bu ehtimalı sıfıra endirmək üçün tətbiq olunan sistematikadır. Bu isə avtoritarizmin daha dərin və daha çətin geri dönən fazasına keçidi–diktaturalaşmanı ehtiva edir (Kharcenter, 2015b).

Sevinməyə tələsən xalqlar

Siyasət tarixinin zəngin təcrübəsində paradoksal bir qanunauyğunluq var: avtoritar fəlakətlərin başlanğıcı çox vaxt kollektiv sevinc anından qidalanır. Cəmiyyətlər ən ciddi siyasi itkilərini o zaman yaşayırlar ki, "təhlükə arxada qaldı" düşüncəsi üstünlük təşkil edir. 

XX əsrin siyasi tarixi bu mənada olduqca maarifləndiricidir. Almaniyada, Rusiyada, İtaliyada, eləcə də Latın Amerikasının bir çox ölkəsində fərqli tarixi, mədəni və ideoloji kontekstlərə baxmayaraq, eyni psixoloji zəncir işə düşüb. Bu cəmiyyətlərin hər biri müəyyən uğur sonrası kollektiv şəkildə “artıq təhlükə bitdi”, “dövlət bizi xilas etdi”, “indi etiraz zamanı deyil” triosunu qəbul etməyə başlayıb. Məhz bu anda dövlətin fövqəladə səlahiyyətləri müvəqqəti alət olmaqdan çıxıb, daimi qaydaya çevrilir. Etirazın “vaxtsız” elan edilməsi hüquqların ləğvinə, “birlik” çağırışları plüralizmin aradan qaldırılmasına, təhlükəsizliyin prioritetləşdirilməsi isə hüququn yoxa çıxmasına yol açır. Sevinən və rahatlayan cəmiyyətlər fərqinə varmadan öz siyasi immunitetini itirir. Nəticədə bir müddət sonra artıq nə etiraz edəcək məkan, nə bunu əsaslandıracaq hüquq, nə də buna imkan verəcək institusional çərçivə qalır  (J Tyson Chatagnier, 2012).

Bu gün Azərbaycan tam da bu psixoloji mərhələdən keçir. Qələbə sonrası yaranmış rahatlama, təhlükənin bitdiyi illüziyası cəmiyyətin siyasi reflekslərini zəiflədib. Xalqlar üçün ən riskli an məhz budur: sevinməyə tələsdikləri, amma əvəzində nəyi itirdiklərini hələ hiss etmədikləri zaman.

Triumfun avtoritar fəlakətə çevrildiyi modellər

Son yüz ilin siyasi təcrübəsi açıq şəkildə sübut edir ki, milli qələbə və ya dirçəlişlə əldə olunan legitimlik avtoritar konsolidasiyanın təbii yemidir. Bu proses ideoloji rənglərdən, coğrafi yerləşmədən və mədəni kontekstdən asılı olmayaraq fəaliyyət göstərir. Sağcı, solcu, millətçi, sosialist ya da dini ideologiyadan asılı olmayaraq, əsas olan qələbənin gətirdiyi psixoloji üstünlüklərdir və bunun siyasi kapitala necə çevrilməsidir. Tarixdə bu fenomenin ən diqqət çəkən nümunələrindən biri Almaniyadır. Birinci Dünya müharibəsindən sonra Almaniya böyük bir böhranla üzləşdi. Ölkə hərbi və psixoloji cəhətdən çətin bir məğlubiyyət yaşadı. Versal müqaviləsinin nəticəsi olaraq, Almaniya cəzalandırıldı və suverenliyi məhdudlaşdırıldı. Cəmiyyət də bir sıra travmalar yaşadı. İtirilmiş imperiya statusu, iqtisadi durğunluq, hiper inflyasiya bu travmaların başlıca aspektləridir. Bu, nasizmin sürətlə böyüməsinə şərait yaratdı (Kenneth Barkin, Jan., 2026).

Hitler, çox qısa bir zamanda cəmiyyətə "uğur formulu" təqdim etdi:

- Millətçiliyin gücləndirilməsi və insanlarda aşağılanma hissinin aradan qaldırılması;

- Sürətli sənayeləşmə və iqtisadiyyatın dirçəldilməsi;

- İşsizlik səviyyəsinin azaldılması, iqtisadi inkişafın təşviqi və sosial sabitliyin qorunması;  

- "Zəncirsiz Almaniya" anlayışının yenidən canlandırılması (United States Holocaust Museum.)  

Bu böyük uğurlar alman xalqının Hitlerə xilaskar kimi baxmasına, onu mifləşdirməsinə, nəticədə onun legitimliyinin toxunulmazlığına səbəb oldu. Lakin bu legitimliyin dəyəri çox baha oldu. Xilaskar mifinin güclənməsi ilə birlikdə sistem sürətlə özünü izolyasiya etməyə başladı. Nasist rejimi sistemli şəkildə müxalifəti fiziki olaraq yox etdi və siyasi rəqabəti tamamilə ortadan qaldırdı. Medianı dövlətin ideoloji vasitəsinə, ordunu isə ideoloji maşına çevirdi. Cəmiyyəti tam səfərbər edərək fərdi azadlıqları məhdudlaşdırdı. 

Nəticədə başlanğıcda itirilmiş şərəfi bərpa etməklə legitimlik qazanan sistem, qısa bir zaman içində totalitar nəzarət rejiminə çevrildi. Alman cəmiyyəti bir müddət özünü güclü hiss etdi, lakin bu "qalibiyyət" minlərlə insanın itirilməsi və ölkənin fəlakəti ilə nəticələnəcək yola daxil olmasının başlanğıcı oldu (theIASHub, 2025). 

Bu nümunə xilaskarlıq mifinə əsaslanan legitimliyin hansı dərəcədə uğursuzluqlara yol aça biləcəyini aydın şəkildə nümayiş etdirir.

XX əsrdə Latın Amerikasında "xilas" və "təhlükəsizlik" anlayışları ilə bağlı yaranan avtoritar rejimlərin diqqətçəkən nümunəsi Çilidir. 1973-cü ildə Augusto Pinoçetin rəhbərliyi altında gerçəkləşən hərbi çevriliş, cəmiyyətə "xaosun sona yetməsi", "dövlətin xilas olması" və "kommunist təhlükəsinin aradan qaldırılması" kimi izah edildi. Pinoçet rejimi özünü xaosla mübarizə aparan bir layihə kimi təqdim etdi. Salvador Allende dövründə yaşanan  sosial‐iqtisadi problemlərin hərbi müdaxilənin səbəbi kimi təqdim edilməsi cəmiyyət tərəfindən də rahatlıqla “həzm edildi”. Pinoçet də bu hadisələrin ölkəni çətin vəziyyətə saldığını, Çilinin iflasdan xilas olması üçün sərt tədbirlər görülməsinin zəruri olduğunu bildirdi. Bu şəraitdə o, siyasi müxalifəti milli təhlükəsizlik üçün təhdid kimi gördü. Bununla yanaşı, iqtisadi liberallaşma və bazar islahatları sayəsində həm daxili, həm də beynəlxalq arenada öz etibarını artırdı. Xüsusilə “Çikaqo oğlanları”nın həyata keçirdiyi iqtisadi islahatlar rejimə modern və texnokrat görünüş qazandırdı. Bu vəziyyət təhlükəsizliyi təmin edən diktaturanın iqtisadi səmərəlilik prinsipi ilə əsaslandırılmasına imkan yaratdı. Ancaq rejimin gerçək təbii mahiyyəti tezliklə ortaya çıxdı. Pinoçet dönəmində on minlərlə insan işgəncələrə məruz qaldı. İnsanlar uzun müddət ərzində ya itkin düşdü, ya da hər hansı hüquqi prosedur olmadan edam edildi. Siyasi partiyalar və vətəndaş cəmiyyəti tamamilə məhv oldu (AP, 2023).

Nəticədə fiziki repressiyadan daha ağır təsir ortaya çıxdı. Cəmiyyət uzun müddət qorxu mühitindən qurtula bilmədi. İnsanlar danışmaq, etiraz etmək, hətta xatirələrini yenidən canlandırmaq kimi fəaliyyətlərin təhlükəli olduğu bir psixoloji vəziyyətə uyğunlaşmağa məcbur oldular. Demokratiyanın bərqərarından sonra belə, bu qorxu uzun müddət siyasi iştirakçılığa mənfi təsir etdi (Meghan L. Rogers, 2025).

Eyni hadisə Azərbaycanda da baş verir: təhlükəsizlik → səssizlik → diktatura. Çili təcrübəsi sübut edir ki, "xilas" adlanan təhlükəsizlik sistemləri cəmiyyətdə uzunmüddətli travmalar yaradır. Azadlığın yenidən qazanılmasının bədəlini isə bir neçə nəsil ödəməli olur.

Tarixi modellərlə Azərbaycan variantının struktur müqayisəsi

Yuxarıda qeyd olunan tarixi nümunələr əsasında Azərbaycan modeli də  “milli xüsusiyyətli”  hadisə kimi deyil, eyni avtoritar mexanizmin regional ifadəsi olaraq anlaşılmalıdır. Burada fərqliliklər üslub, ritorika və beynəlxalq kontekstdə özünü göstərir. Lakin bu mexanizmin daxili məntiqi demək olar ki, sabit qalır. Məhz struktur paralellər bu oxunuşu analitik cəhətdən daha da məntiqli edir. 

1-ci paralel: Qələbə

Avtoritar konsolidasiyanın başlanğıc mərhələsi demək olar ki, hər yerdə qələbənin plüralizmi aradan qaldırması ilə başlayır. Almaniyada Versal müqaviləsi "milli aşağılanma" olaraq qiymətləndirildi və bu, rasional müzakirə imkanlarını tamamilə ortadan qaldırdı. Çilidə isə "kommunizm təhlükəsi" siyasi atmosferi bütövlükdə blokladı (Marian Schlotterbeck, 2014). Azərbaycanda da Qarabağdakı qələbə oxşar rolu oynadı: müharibədən sonra siyasi müzakirələr mümkünsüzləşdi, fərqli fikirlər isə sərt şəkildə cəzalandırılır. Bu mərhələ bütün sistemlərdə eyni normanı şərtləndirir: “artıq etiraza və tənqidə dözməyə məcbur deyilik”. Bu cümlə avtoritarizmdən diktaturaya keçidin psixoloji başlanğıcını göstərir.

2-ci paralel: Xilaskarın dövlətlə eyniləşməsi

Növbəti mərhələdə lider artıq dövlətin özü kimi qəbul edilməyə başlanılır. Hitler Almaniya ilə eyniləşdirildi, Stalin dövlətin ontoloji mərkəzinə çevrildi, Pinoçet isə təhlükəsizliyin və “nizamın” canlı təcəssümü kimi təqdim olundu (Malcolm Coad, 2006).

Azərbaycanda da oxşar proses müşahidə olunur: İlham Əliyev tədricən dövlətin simvolu kimi kodlaşdırılır. Bu mərhələdə ardıcıl bir semantik sürüşmə baş verir: artıq lideri tənqid etmək hökuməti yox, dövləti hədəfə almaq kimi təqdim edilir.

3-cü paralel: Hüququn təhlükəsizliklə əvəzlənməsi

Bütün nümunələrdə üçüncü mərhələ hüququn sıradan çıxarılmasıdır. Proses adətən eyni ardıcıllıqla gedir: əvvəl hüquq zəiflədilir və elastikləşdirilir, sonra təhlükəsizlik ali prioritet elan olunur, nəhayət, təhlükəsizlik hüququ tamamilə sıxışdırır (NATHALIE A. SMUHA, 2024). Azərbaycanda da bu mexanizm hamımıza tanışdır. Konstitusiya normativ çərçivə olmaqdan çıxaraq “İlham Əliyevin səlahiyyətləri toplusu”na çevrilib, məhkəmələr icraedici mexanizm rolunu oynayır, hüquqi kateqoriyaların yerini isə “təhlükə” anlayışı tutur. Bu mərhələdə repressiya artıq idarəetmənin əsas forması kimi işləməyə başlayır.

4-cü Paralel: Xalqın borclandırılması

Bu tarixi modellərin hamısında bir  gözəgörünməz mexanizm də fəaliyyət göstərir: xalqın borclandırılması. Əvvəl cəmiyyət xilaskarla “mükafatlandırılır”, qələbə, sabitlik, nizam təqdim olunur. Ardınca bu “nemət” sədaqət adlı siyasi borca çevrilir. Almaniyada bu borc milli qürur, Çilidə təhlükəsizlik idi. Azərbaycanda isə hər iki düstur ifadə olunur: “Biz sənə torpaq, milli qürur bəxş etdik. Sən səsini bizə verdin”. Bu mərhələdən sonra cəmiyyət girov kimi fəaliyyət göstərir; insanlar artıq vətəndaşlıq haqqını itirərək verilmiş “nemətin” əvəzini ödəyən təbəəyə çevrilir.

Beləliklə, anoloji nümunələrin müqayisəsi göstərir ki, Azərbaycan təcrübəsi nə tarixi baxımdan istisnadır, nə də mexanizm baxımından yenidir. Fərq yalnız zamanın ruhundadır.

Nəticə 

Bu analiz 2020-ci ildən sonra Azərbaycanda müşahidə olunan siyasi sərtləşmənin universal avtoritar tendensiyanın müasir regional forması olduğunu ortaya qoydu. Qələbə plüralizmi kriminallaşdırdı, “xilaskar” arxetipi yenidən gündəmə gəldi, hüquq təhlükəsizliyə qurban verildi, repressiya isə idarəetmənin əsas formasına çevrildi. Nəticə olaraq "böyük uğurla" borclandırılmış cəmiyyət siyasi subyektliliyini tamamilə itirdi.

Bu mexanizm tarixi nümunələrdə olduğu kimi, Azərbaycanda da eyni prinsiplə fəaliyyət göstərir: Rejim tək adam avtoritarizminin daha dərin və müxalifətin təsirsiz hala gəldiyi total nəzarət mərhələsinə daxil olur. Lakin Azərbaycan modelinin “xüsusi risk zonası” bu mərhələdə neft gəlirləri, informasiya nəzarəti və rəqəmsal repressiya ilə bağlı sintezdir. Bu sintez rejimə daha  davamlı və uzunmüddətli görüntü verir. Amma bu dayanıqlılıq resursla dəstəklənən və psixoloji nəzarətlə qorunan bir konstruksiyadır; o, özünü yeniləyə bilən institusional mexanizmlərə deyil, legitimliyin emosional və maddi mənbələrinə söykənir.

Aydındır ki, bu model  post-neft dövrünün struktur testinə tab gətirə bilməyəcək. Neft gəlirlərinin azalması ilə "sosial sükut müqaviləsi"nin maliyyə əsasları zəifləyəcək. Bu vəziyyət paternalist rifah vasitələrinin azalmasına və siyasi risklərə qarşı satın alınmış sədaqətin effektinin itməsinə səbəb olacaq. Neft sonrası dövrdə rejimin qarşılaşacağı çətinliklər (işsizlik, sosial ədalətsizlik, xidmətlərin aşağı keyfiyyəti, büdcəyə olan təzyiq və orta təbəqənin daralması) çeşidli legitimlik böhranı kimi üzə çıxacaq. Qələbə mifinin formalaşdırdığı toxunulmazlıq bir müddət “psixoloji divar” funksiyasını yerinə yetirsə də, gündəlik həyatın çətinləşən reallığı qarşısında tədricən dağılacaq. Buna görə də, Azərbaycan modeli ilk baxışdan dayanıqlı və uzunmüddətli təsir bağışlasa da, post-neft dövründə onun zəif tərəfləri kəskin şəkildə ortaya çıxacaq. Qələbə legitimliyi "sonsuz siyasi mandat" gücünə sahib deyil; iqtisadi və institusional çöküşlə qarşılaşdığı zaman əhəmiyyətini sürətlə itirəcək siyasi kapitaldır. İnformasiya nəzarəti və rəqəmsal repressiya iqtisadi çətinliklər dönəmində artan narazılığı sadəcə, uzada bilər, amma yox edə bilməz. Nəhayət, hüququn təhlükəsizliklə əvəz olunması qısa müddətdə rejimi qorusa da, uzun müddətdə dövlətin elastikliyini azaldır və post-neft şoklarına qarşı müdafiəsiz buraxır. 

Beləliklə, post-müharibə dövrü Azərbaycan avtoritarizminin bu gün güclü kimi görünən bütün sütunlarını (qələbə mifini, “təhlükəsizlik” üzərində qurulan itaət rejimini, informasiya monopoliyasını və rəqəmsal nəzarət sistemini) müqayisələrdə təqdim olunan tarixi anologiyalarda olduğu kimi, eyni anda sınağa çəkəcək. Bu sınaq bu gün dayanıqlı və uzunmüddətli təsir bağışlayan Azərbaycan avtoritarizminin əslində tipik “uğursuz dövlət modeli” olduğunu aydın şəkildə göstərəcək.



İstinadlar:

Arif Quliyev, 2024. XİLASKAR. https://files.preslib.az/projects/heydaraliyev/articles/he1618.pdf 

Neta C. Crawford, Catherine Lutz, 2025. Long War & the Erosion of Democratic Culture. https://direct.mit.edu/daed/article/154/4/161/134167/Long-War-amp-the-Erosion-of-Democratic-Culture 

Giorgi Gogia, 2025. Azerbaijan Escalates Crackdown on Exiled Critics. https://www.hrw.org/news/2025/11/26/azerbaijan-escalates-crackdown-on-exiled-critics 

Mieczysław P Boduszyński, Vjeran Pavlaković, 2019. Cultures of Victory and the Political Consequences of Foundational Legitimacy in Croatia and Kosovo. https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC8280552/ 

Elman Fattah, 2025. The Stability and Legitimacy Mechanism of Azerbaijani Authoritarianism. https://kharcenter.com/en/publications/the-stability-and-legitimacy-mechanism-of-azerbaijani-authoritarianism 

Nigar Şahverdiyeva, 2025. Artıq işgəncə yoxdur, amma itaət var. https://sia.az/az/news/social/1295291.html 

Freedom House, 2015. Azerbaijan Consolidated Authoritarian Regime. https://freedomhouse.org/country/azerbaijan/nations-transit/2015 

Kharcenter, 2015a. MIRAS: Azerbaijan’s Digital Repression Architecture. https://kharcenter.com/en/researches/miras-azerbaijans-digital-repression-architecture 

Kharcenter, 2015b. MIRAS: Azerbaijan’s Digital Repression Architecture. https://kharcenter.com/en/researches/miras-azerbaijans-digital-repression-architecture 

J Tyson Chatagnier, 2012. The effect of trust in government on rallies ’round the flag. Pages 631–645. https://academic.oup.com/jpr/article/49/5/631/8365825 

Kenneth Barkin, Jan. 2026. Years of crisis, 1920–23. https://www.britannica.com/place/Germany/Years-of-crisis-1920-23 

United States Holocaust Museum. Building a National Community, 1933–1936. https://www.ushmm.org/learn/holocaust/building-a-national-community-1933-1936 

theIASHub, 2025. Nazism: Rise, Causes, and Global Consequences of Hitler’s Totalitarian Ideology. https://theiashub.com/free-resources/world-history-1744631154/nazism-1750414826 

AP, 2023. years after coup ushered in brutal military dictatorship. https://apnews.com/article/chile-coup-anniversary-pinochet-allende-boric-c00adad8026a5dc54f2834ef9c31fb8a 

Meghan L. Rogers, 2025. The Illusion of Order: Authoritarian Repression and Non-State-Sponsored Homicide in Chile, 1960–2020. https://link.springer.com/article/10.1007/s43576-025-00197-x 

Marian Schlotterbeck, 2014.  Breakdown of Democracy in Chile. https://academic.oup.com/book/56192/chapter/443482519 

Malcolm Coad, 2006. Augusto Pinochet. https://www.theguardian.com/world/2006/dec/11/chile.pinochet4 

NATHALIE A. SMUHA, 2024. How algorithmic regulation in the public The sector erodes the rule of law. https://www.cambridge.org/core/services/aop-cambridge-core/content/view/DB549609A55E92DB12157CC965C2CF84/9781009427463AR.pdf/Algorithmic_Rule_By_Law.pdf 

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin