4 iyn 2025

Dünya demokratiyası niyə tənəzzülə gedir?

Dünya demokratiyası niyə tənəzzülə gedir?

Giriş

Son illərdə dünya miqyasında demokratiyanın zəifləməsi müşahidə olunur. Bu tənəzzülün əsas səbəbləri sırasında avtoritar liderlərin yüksəlişi, populist siyasi hərəkatların artması, informasiya manipulyasiyası, sosial media vasitəsilə yalan məlumatların yayılması və vətəndaş azadlıqlarının məhdudlaşdırılması dayanır (Diamond, 2019). Bir çox ölkədə müstəqil məhkəmə, azad media və seçki institutları hökumətlərin nəzarəti altına düşür. Demokratiyanın zəifləməsi həm də iqtisadi qeyri-bərabərlik, korrupsiya və ictimai etimadsızlıq kimi daxili amillərlə güclənir (Inglehart və Norris, 2019). Beynəlxalq təşkilatların zəif təsiri və geosiyasi maraqlar da bu prosesi sürətləndirir. Nəticədə, dünyada demokratik geriləmə qlobal sabitliyə, insan haqlarına və hüquqi dövlət prinsipinə ciddi təhdid yaradır.

Bu gün dünya demokratiyası ciddi sınaqlarla üz-üzədir. Avtoritar rejimlərin təkamülləşərək yeni formalara keçməsi, populist ritorikanın geniş yayılması, texnologiyanın nəzarət alətinə çevrilməsi və iqtisadi ədalətsizliklər bu prosesi daha da dərinləşdirir (Guriev və Treisman, 2019). Demokratiyanın bərpası və möhkəmləndirilməsi yalnız institutların deyil, eyni zamanda vətəndaş cəmiyyətinin, təhsilin və qlobal həmrəyliyin gücləndirilməsi ilə mümkündür. Əks halda, demokratiya yalnız bir siyasi model kimi deyil, həm də bir dəyər sistemi kimi də məhv olma riski ilə üz-üzədir. 

Demokratik dəyərlərin və institutların qlobal miqyasda yayılması ilə bağlı yaranan illuziya, XXI əsrin ikinci onilliyindən etibarən yerini dərin narahatlıqlara verməyə başlayıb. Freedom House, V-Dem Institute və digər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarına əsasən, dünya üzrə demokratik göstəricilər 2005-ci ildən bəri ardıcıl şəkildə geriləməkdədir (Repucci və Slipowitz 3; Lührmann və Lindberg, 2019). Bu proses “demokratiyanın tənəzzülü” və ya “demokratik geriləmə” (democratic backsliding) anlayışları ilə ifadə olunur və təkcə avtoritar rejimlərdə deyil, həm də liberal demokratiya nümunəsi sayılan ölkələrdə də müşahidə olunur.

Demokratiyanın zəifləməsinin səbəbləri çoxşaxəlidir: avtoritar populizmin yüksəlişi, seçilmiş avtokratların hüquqi institutları içəridən boşaltması, informasiya manipulyasiyası və rəqəmsal avtoritarizmin yayılması bu prosesin başlıca amilləri sırasındadır (Levitsky və Ziblatt, 2018a). Qlobal təhlükəsizlik böhranları, iqtisadi qeyri-sabitlik, miqrasiya axınları və ictimai qütbləşmə də demokratiya üçün əlverişli mühiti zəiflədir. Nəticədə, vətəndaş azadlıqları məhdudlaşdırılır, güc bölgüsü pozulur və seçkilər simvolik xarakter daşımağa başlayır.

Khar Center bu analiz yazısında dünya demokratiyasının tənəzzül səbəblərini çoxölçülü yanaşma ilə təhlil edəcək və mövcud trendlərin gələcək siyasi nizam üçün yaratdığı risklər araşdıracaqdır.

Analizin məqsədi 

Bu analizin əsas məqsədi XXI əsrdə dünya üzrə müşahidə olunan demokratik tənəzzül prosesini çoxölçülü bir şəkildə təhlil etmək, bu prosesin struktur və institusional səbəblərini araşdırmaq və həm qlobal, həm də lokal (Azərbaycan) kontekstlərdə bu geriləmənin necə təzahür etdiyini müəyyənləşdirməkdir. Analiz həmçinin, demokratik institutların zəifləməsi, hüququn aliliyi prinsiplərinin aşınması, seçilmiş avtokratların mövqelərini gücləndirmək üçün istifadə etdikləri hüquqi və siyasi mexanizmləri ifşa etməyi qarşısına məqsəd qoyur. Bundan əlavə, bu tənəzzül prosesinin beynəlxalq demokratik sistem üçün yaratdığı təhlükələri müəyyənləşdirmək və gələcəkdə demokratik dirçəlişin mümkün mexanizmlərini müzakirə etmək də işin əsas istiqamətlərindən biridir.

analizin əsas sualı: Müasir dünyada demokratik tənəzzül hansı institusional, sosial və normativ mexanizmlərlə baş verir və bu proses Azərbaycan kimi avtoritar rejimlərdə hansı spesifik forma alır?

Məlumat Mənbələri

 •Elmi ədəbiyyat – Demokratiya və avtoritarizm nəzəriyyələrinə dair beynəlxalq səviyyədə tanınmış alimlərin əsərləri (Levitsky & Way, Lührmann & Lindberg, Mounk, Foa və s.).

 •Empirik hesabatlar – Freedom House, V-Dem Institute, Economist Intelligence Unit kimi təşkilatların illik demokratik göstəriciləri və ölkə hesabatları.

 •Rəsmi sənədlər və media – Seçki komissiyalarının hesabatları, konstitusiya dəyişiklikləri, media nəzarəti haqqında informasiyalar.

 •Əlavə mənbələr – Jurnalist araşdırmaları, QHT hesabatları, beynəlxalq müşahidə missiyalarının sənədləri.

Analiz Alətləri

 •Diskurs analiz – Demokratik institutlara dair siyasi ritorika və normativ dəyişikliklər tədqiq olunur (məsələn, “demokratiya adına avtoritar tədbirlər”).

 •Təsnifat və indekslərdən istifadə – Məsələn, rəqabətli avtoritarizm və demokratik geriləmə anlayışlarının tətbiqi üçün “Freedom in the World” (Freedom House) və “V-Dem Liberal Democracy Index” kimi göstəricilərdən istifadə edilir.

 •Ölkə nümunələri üzrə təhlil – Macarıstan, Polşa, ABŞ, Hindistan və Azərbaycan kimi seçilmiş ölkələrdə baş verən proseslər fərdi olaraq araşdırılır.

Məhdudiyyətlər

 •Müəyyən avtoritar ölkələrdə (o cümlədən Azərbaycanda) informasiya axını məhdud olduğu üçün statistik və obyektiv məlumat əldə etmək çətindir.

 •Normativ meyarların ölkələr üzrə fərqliliyi – “demokratiya” anlayışının siyasi-kültür müstəvisində dəyişkən olması təhlilin qarşısında epistemoloji baryer yarada bilər.

 •Analiz qısa tarixi ekskurs etsə də, yalnız müasir dövrü (əsasən 2000-ci ildən sonranı) əhatə edir; tarixi səbəblərin tam şəkildə təhlili bu işin hüdudlarından kənarda saxlanılıb.

Açar sözlər: Demokratik tənəzzül, demokratik geriləmə, rəqabətli avtoritarizm, seçilmiş avtokratlar, institusional zəifləmə, populizm, hüququn aliliyi, siyasi qütbləşmə, rəqəmsal avtoritarizm, vətəndaş azadlıqları, siyasi legitimlik, liberal demokratiya, avtoritar stabillik, informasiya manipulyasiyası, avtoritar konsolidasiya.

Tarixi Ekskurs: Təmsilçilik böhranı və populizmin yüksəlişi

Demokratiya anlayışı tarix boyu müxtəlif formalarda mövcud olub. Qədim Afinada vətəndaşlar agorada toplaşaraq ictimai məsələləri birbaşa müzakirə edirdilər. İngiltərədə isə orta əsrlərdən etibarən insanlar bələdiyyə binalarında bir araya gələrək qərarlar qəbul edirdilər ( Robert Dahl 2000). Müasir dövrdə isə demokratiya əsasən təmsilçilik prinsipi üzərində qurulub – vətəndaşlar dövlətin idarə edilməsində öz fikirlərini ifadə etmək üçün seçkilərdə iştirak edərək liderləri müəyyən edirlər. Lakin bu sistemin praktik fəaliyyəti getdikcə daha çox tənqid olunur.

Bir çox müasir demokratik ölkələrdə vətəndaşlar siyasi sistemin onların maraqlarını əks etdirmədiyini düşünürlər. Onlar  siyasətdə söz sahibi olmadıqlarını hiss edir, liderlərin ünsiyyətsiz və soyuq olduğunu, daha çox varlı və nüfuzlu şəxslərin maraqlarını qoruduqlarını düşünürlər (Inglehart və Norris, 2019). Bu anti-elitist yanaşmalar bir tərəfdən təmsilçilik sisteminə inamsızlığı artırır, digər tərəfdən isə populist hərəkatlara dəstəyin artmasına yol açır (Mounk, 2018).

Pew Araşdırma Mərkəzi tərəfindən 2024-cü ildə aparılmış beynəlxalq sorğuya əsasən, bir çox ölkədə vətəndaşlar demokratiyanın fəaliyyətindən narazıdırlar. Hətta yüksək gəlirli ölkələrdə belə bu narazılığın son illərdə ciddi şəkildə artdığı müşahidə olunub (Pew Research Center, “Global Democracy 2024”). 2023-cü ildə keçirilmiş digər sorğuda isə demokratik ölkələrdə yaşayan insanların əksəriyyəti siyasətçilərin onların fikirlərinə əhəmiyyət vermədiyini düşünüb, bir çoxları isə onları təmsil edən real siyasi partiyanın mövcud olmadığını bildirib (Pew Research Center, “Politics and Representation 2023”).

Bu nəticələr göstərir ki, vətəndaşların siyasi institutlara etimadı zəifləyib və bu zəiflik artıq sistemli böhran xarakteri alır. Söhbət təkcə siyasətə xas olan adi məyusluqdan getmir – vətəndaşlar demokratik institutların onları təmsil etmədiyini düşünərək daha fundamental dəyişikliklər tələb edirlər (Levitsky və Ziblatt, 2018b).

Bəzi ekspertlər bu böhrandan çıxış yolu kimi mövcud institutların islahatını və daha şəffaf, hesabatlı idarəetmə mexanizmlərinin yaradılmasını təklif edirlər (Diamond, 2008). Digərləri isə birbaşa demokratiya elementlərinin – referendumlar, vətəndaş məclisləri və iştirakçı demokratiya alətlərinin gücləndirilməsinin vacibliyini vurğulayırlar (Smith, 2009). Populizmin yüksəlişi isə göstərir ki, vətəndaşlar daha yaxın və “xalqın içindən çıxan” siyasətçilər istəyirlər. Lakin bu yanaşma da təhlükələrdən azad deyil, çünki populist ritorika çox zaman institusional sabitliyi zəiflədir və emosional qərarları təşviq edir (Urbinati, 2014).

Bu kontekstdə əsas sual budur: vətəndaşların siyasətdə daha güclü iştirakı üçün hansı yanaşma daha effektiv ola bilər – birbaşa demokratiya elementlərinin artırılması, yoxsa təmsilçilik sisteminin daha funksional və ədalətli şəkildə yenidən qurulması? Bu sual XXI əsr demokratiyasının gələcəyi baxımından həyati əhəmiyyət daşıyır.

Nəzəri Çərçivə: demokratik tənəzzülün anlayışı və təhlili

Demokratik tənəzzül (democratic decline) və ya demokratik geriləmə (democratic backsliding) müasir siyasi elmin ən mühüm tədqiqat obyektlərindən birinə çevrilib. Bu prosesi anlamaq üçün müxtəlif nəzəri yanaşmalar mövcuddur və bu yanaşmalar dövlətlərin avtoritar istiqamətə sürüşməsinin müxtəlif formalarını və səbəblərini izah edir.

Ən təsirli nəzəriyyələrdən biri Steven Levitsky və Lucan Way tərəfindən təqdim edilən rəqabətli avtoritarizm (competitive authoritarianism) modelidir. Bu modelə əsasən, bəzi rejimlər zahirən demokratik institutları – seçkilər, müstəqil media, məhkəmə sistemi və siyasi rəqabət – formal olaraq qoruyub saxlasalar da, əslində bu institutları sistemli şəkildə manipulyasiya edərək real rəqabəti aradan qaldırırlar (Levitsky and Way, 2010a). Belə rejimlərdə seçkilər keçirilsə də, onlar nə azaddır, nə də ədalətlidir; müstəqil media nəzarət altına alınır, müxalifət təzyiqə məruz qalır və hüquqi sistem iqtidarın təsiri altına düşür.

Digər mühüm yanaşma Anna Lührmann və Staffan I. Lindberg tərəfindən təklif olunan demokratik geriləmə modelidir. Bu modelə əsasən, avtoritarizm çevriliş və ya hərbi diktatura formasında deyil, çox vaxt seçki yolu ilə hakimiyyətə gəlmiş liderlərin demokratik institutları tədricən zəiflətməsi ilə inkişaf edir. Onlar “qanuni alətlərdən istifadə etməklə” konstitusiya və qanunları öz maraqlarına uyğun dəyişir, beləliklə sistemi içəridən çökdürürlər (Lührmann and Lindberg, 2019). Bu, həm də “illiberal demokratiya” və ya “elektoral avtoritarizm” anlayışları ilə üst-üstə düşür. Məsələn, Ərdoğan hələ hakimiyyətə gəlmədən öncə deyirdi ki, demokratiya onun üçün məqsəd deyil, vasitədir(Rəcəb Tayyib Ərdoğan, 1997). Onun məqsədinin nə olduğunu isə Türkiyənin indki siyasi mənzərəsi tamamilə aydın göstərir—potensial alternativlər həbsə atılıb. Bütün media nəzarətə götürülüb. İdeoloji olaraq da demokratiya gözdən salınıb.

Yascha Mounk və Roberto Stefan Foa-nın araşdırmaları isə normativ parçalanma (normative disaffection) adlanan sosial-siyasi prosesi izah edir. Onların 2017-ci ildə “Journal of Democracy” jurnalında dərc olunmuş tədqiqatı göstərir ki, Qərb cəmiyyətlərində, xüsusilə gənclər arasında demokratiyaya rəğbət əhəmiyyətli şəkildə azalıb. Gənclər demokratiyanı əvvəlki nəsillər qədər vacib və effektiv idarəetmə modeli kimi qəbul etmirlər (Foa and Mounk, 2017). Bu isə demokratik legitimliyin zəifləməsi və uzunmüddətli sabitliyə olan təhdidlərin artması deməkdir.

Son olaraq, Erica Frantz və Andrea Kendall-Taylor kimi alimlər avtoritar sabitlik nəzəriyyəsini irəli sürürlər. Onlara görə, müasir avtoritar liderlər sadəcə repressiya ilə deyil, həm də kooptasiya – yəni siyasi elitləri və cəmiyyətin mühüm qruplarını “sistemə daxil etmə” – vasitəsilə müqaviməti zəiflədirlər. Bu paralel yanaşma – həm zorakı metodlar, həm də güzəşt və loyallıq mexanizmləri – rejimin davamlılığını təmin edir və demokratik keçidlərin qarşısını alır (Kendall-Taylor and Frantz, 2018).

Bu nəzəri çərçivələr birgə şəkildə göstərir ki, müasir dünyada demokratiyanın tənəzzülü birdən-birə baş vermir və təkcə repressiv siyasətlə izah olunmur. Bu proses çox vaxt hüquqi çərçivə daxilində, “demokratiyanın dili”ndə, lakin onun ruhuna zidd şəkildə inkişaf edir. Beləliklə, bu tənəzzül həm institusional, həm sosial, həm də normativ səviyyədə təhlil olunmalıdır.

Azərbaycan kontekstində demokratik tənəzzülün təhlili

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra siyasi sistemində demokratik institutların qurulması istiqamətində müəyyən addımlar atılsa da, artıq bir qərinədir ki, (son 33 il) ölkədə demokratik tənəzzülün qabarıq nümunəsi müşahidə olunur. Bu proses müxtəlif nəzəri modellərlə təhlil edilə bilər və Azərbaycan reallıqları onların hər birini özündə ehtiva edir.

Levitsky və Way-in rəqabətli avtoritarizm modeli Azərbaycan avtoritarizminin geridə qalan dövrü üçün çox uyğun gəlir. Formal olaraq keçirilən seçkilər və siyasi institutlar demokratik görünüş yaratsa da, beynəlxalq müşahidə təşkilatlarının hesabatlarına görə, seçkilərdə rəqabət şəraiti öncə əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb, yekunda isə tamamilə rəqabətsiz seçki forması mənimsənilib. Məsələn, 2018-ci ildə keçirilən prezident seçkiləri Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) müşahidə missiyası tərəfindən qeyri-azad və qeyri-ədalətli hesab olunub (OSCE/ODIHR, 2018). Sonrakı seçkilər isə getdikcə daha da rəqabətsiz və qeyri-azad xarakter alıb.  Hazırda ölkədə müstəqil media kəskin senzura və dövlət nəzarəti altındadır, müxalifət fəalları müxtəlif formalı təzyiqlərə, o cümlədən həbs və təqiblərə məruz qalır (Freedom House, 2023). Bu isə Levitsky və Way-in vurğuladığı kimi, seçkilərin "formal" xarakter daşıması və institutlar mövcud olsa da, real siyasi rəqabətin məhdudlaşdırılması mənasına gəlir (Levitsky and Way, 2010).

Anna Lührmann və Staffan Lindberg-in demokratik geriləmə modeli Azərbaycanda qanuni alətlərdən istifadə edilərək demokratik institutların tədricən zəiflədilməsi prosesini yaxşı izah edir. 2002, 2009, 2016 illərdə konstitusiyaya edilən dəyişikliklər, növbəli olaraq, çoxpartiyalı sistemi zəiflətməyə, hakimiyyətin müddətsiz davamına, və səlahiyyətlərin tam mərkəzləşməsinə yol açdı. 2020-ci il Qarabağ müharibəsindəki qələbə ilə birlikdə isə bu mənzərə həm də  “elektoral avtoritarizm” mahiyyəti daşımağa başladı (Lührmann and Lindberg, 2019). Ura-patriotizmin qamçısı altında seçki komissiyalarının və məhkəmə sisteminin müstəqilliyi tamamilə sıradan çıxarıldı, siyasi rəqabət isə bir anlayış olaraq keçmişdə qaldı.

Yascha Mounk və Roberto Foa-nın normativ parçalanma konsepti Azərbaycan cəmiyyətində də öz əksini tapır. Xüsusilə gənc nəsil arasında siyasi proseslərə inamın azalması, demokratiyanın effektiv idarəetmə forması kimi qəbul edilməməsi müşahidə olunur. Bu, siyasi iştirakın aşağı olması və ictimai fəallığın zəifləməsi ilə nəticələnir. Məsələn, gənclərin müxalifət fəaliyyətindən uzaqlaşması və siyasi proseslərə passiv yanaşması demokratiyanın legitimliyinə zərbə vurur (Mounk, 2018).

Erica Frantz və Andrea Kendall-Taylor-in avtoritar sabitlik nəzəriyyəsi Azərbaycanın siyasi reallığını da dolğun şəkildə izah edir. Hakimiyyət yalnız repressiv mexanizmlərdən istifadə etməklə kifayətlənmir, həm də siyasi elitaları və təsirli sosial qrupları müxtəlif güzəşt və kooptasiya vasitəsilə sistemə daxil edir. Yəni müxalif qruplara ``ya avtoritar zopa``,  ``ya avtoritar qayğı`` seçimi şərti qoyulur. (Elman Fəttah, 2019). Məsələn, iş adamları, məmurlar və bəzi müxalifət təmsilçiləri ilə əlaqələrin saxlanması, onların hakimiyyətə loyal qalmasının təmin edilməsi Azərbaycan rejiminin mütəmadi tətbiq etdiyi metoddur. Bu yanaşma repressiya ilə güzəşti paralel aparan mexanizmlərin rejimin möhkəmlənməsində mühüm rol oynadığını göstərir (Kendall-Taylor and Frantz, 2018). 

Beləliklə, Azərbaycan demokratik tənəzzülün institusional, normativ və sosial səviyyələrdə kompleks şəkildə baş verdiyi ölkə kimi qiymətləndirilə bilər. Demokratiyanın zəifləməsi təkcə siyasi repressiya və seçki saxtakarlığı ilə izah olunmur, həm də qanuni mexanizmlərin məqsədyönlü şəkildə manipulyasiyası və cəmiyyətin demokratiyaya inamının azalması ilə bağlıdır. Bu isə ölkədə demokratik legitimliyin zəifləməsi və uzunmüddətli siyasi stabilliyə təhdid kimi qiymətləndirilməlidir.

1. Rəqabətli Avtoritarizm
 Levitsky və Way-in “rəqabətli avtoritarizm” konsepsiyası demokratik və avtoritar rejimlər arasında bir spektri təsvir edir. Bu tip rejimlərdə seçkilər və digər demokratik institutlar formal olaraq mövcuddur, lakin real siyasi rəqabət mövcud deyil. Seçkilər həm vaxtına görə keçirilir, həm də müəyyən qaydalarla həyata keçirilir, amma bu qaydalar iqtidar partiyasının maraqlarına uyğun şəkildə manipulyasiya olunur. Belə rejimlərdə:

  • Seçkilər: Formal olaraq keçirilir, lakin müxalifətin təzyiqə məruz qalması, seçki administrasiyasının qərəzli fəaliyyəti, saxtakarlıqlar və digər manipulyasiyalar real rəqabətin qarşısını alır.
  • Media: Müstəqil və tənqidi media əhəmiyyətli şəkildə məhdudlaşdırılır, senzura və dövlət nəzarəti geniş yayılıb.
  • Hüquq Sistemi: Müstəqil məhkəmə sistemi yoxdur və qanunlar hakimiyyətin maraqlarına uyğun tətbiq edilir.
  • Müxalifət: Repressiya, həbs, siyasi sıxışdırma və təzyiqlər vasitəsilə susdurulur və ya zəiflədilir.

Bu cür rejimlərdə demokratiyanın institutları dekorativ olaraq mövcud olur amma demokratiyanın mahiyyəti — yəni real azad və ədalətli siyasi rəqabət — məhv edilir (Levitsky and Way, 2010).

Real ölkə nümunələri 

Rusiya: Putin rejimi “rəqabətli avtoritarizm”in ən təzahürlü nümunəsidir. 2000-ci illərin əvvəllərindən başlayaraq, seçkilər keçirilir, lakin müxalifət liderləri ciddi təzyiqə məruz qalır, media tam ölçüdə dövlət nəzarətindədir və ictimai rəy formalaşdırma prosesinə nəzarət edilir. Məsələn, müxalifət liderləri Boris Nemtsovun, Aleksey Navalnının qətl edilməsi, kritik mediaların bağlanması bu modelin əsas elementləridir. Bu, seçkilərin formal olaraq azad olmadığı və siyasi rəqabətin real olmadığı bir sistemin yaradılmasıdır.

Türkiyə: Ərdoğan hakimiyyətə gələndən bir müddət sonra 2010-cu illərdən etibarən müstəqil media və hüquq sistemi üzərində dövlət nəzarəti gücləndi. 2016-cı ilin uğursuz çevriliş cəhdi sonrası repressiya artdı, yüzlərlə jurnalist həbs edildi, müxalifət liderləri təqib olundu. Seçkilər keçirilsə də, məhkəmə sisteminə siyasi təsir, media senzurası və müxalifətin zəiflədilməsi, hətta müxalifət liderlərinin (Əkrəm İmamoğlu, Ümid Özdağ) həbs edilməsi, bütün bunlar, Türkiyəni rəqabətli avtoritarizmin xarakterik nümunəsinə çevirdi.

Azərbaycan:  İlham Əliyev rejimi son onilliklərdə Azərbaycanın siyasi sistemində rəqabətli avtoritarizmin dərin köklərini yaradıb. Formal olaraq  seçkilər keçirilir, lakin bu seçkilər beynəlxalq təşkilatlar tərəfindən azad və ədalətli sayılmır. Müstəqil media məhduddur, ya da artıq tamamı sürgündədir. Dövlət nəzarətində olan kanallar və xəbər agentlikləri yalnız hakimiyyətin mövqeyini təbliğ edir. Müxalifətə qarşı repressiyalar, həbslər və təzyiqlər davam edir, ictimai etirazlara sərt cavab verilir. Vətəndaş cəmiyyətinin fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılıb.

Digər Nümunələr:

  • Venezuela (Hugo Chávez və Nicolás Maduro dövrü): Seçkilər keçirilir, lakin dövlət media vasitəsilə hakimiyyət tərəfdarı mövqeləri gücləndirir, müxalifət təzyiqlərə məruz qalır.
  • Hindistan (Narendra Modi dövrü): Seçkilər azad keçirilir, amma dini və etnik azlıqlara qarşı repressiya və media üzərində təzyiqlər rəqabətin keyfiyyətini zəiflədir.
  • Macarıstan (Viktor Orban): Seçkilər keçirilir, lakin qanunvericilik hakim partiyanın maraqlarına uyğun olaraq dəyişdirilir, müstəqil media və məhkəmə sistemləri məhdudlaşdırılır.

Azərbaycan kontekstində rəqabətli avtoritarizmin nüansları

Azərbaycanın siyasi sistemi Steven Levitsky və Lucan Way tərəfindən irəli sürülmüş rəqabətli avtoritarizm modelinin əsas xüsusiyyətlərini daşıyır. Bu modelə görə, formal olaraq institutların mövcudluğu – seçkilər, məhkəmələr, media və s. – qorunub saxlanılsa da, bu institutların işləmə prinsipləri avtoritar maraqlara tabe etdirilir. Azərbaycan bu baxımdan aşağıdakı komponentlərlə diqqət çəkir:

1. Seçki formalizmi və siyasi monopoliya: Rəsmən müntəzəm prezident və parlament seçkiləri keçirilsə də, bu seçkilər heç bir demokratik standartlara cavab vermir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 2018-ci il prezident seçkiləri haqqında hesabatında qeyd edilir ki, "seçkilər nə azad, nə də ədalətli olub; real rəqabət mühiti mövcud deyil". Hakim Yeni Azərbaycan Partiyası (YAP) uzun illərdir siyasi sistemə dominantlıq edir, rəqib qüvvələrin seçkiyə çıxışı müxtəlif inzibati və hüquqi manelərlə məhdudlaşdırılır (OSCE/ODIHR, 2018).

2. Medianın nəzarət altına alınması: Azərbaycanda əsas televiziya və qəzetlərin tam əksəriyyəti hökumətə yaxın  qrupların, və ya şəxsən hakim ailənin nəzarətindədir. Reporters Without Borders təşkilatının 2024-cü il Mətbuat Azadlığı İndeksində Azərbaycan 180 ölkə arasında 164-cü yerdə qərarlaşıb. Onlayn medianın inkişafı ilə alternativ informasiya mənbələri yaransa da, bu mənbələrə qarşı hüquqi və texniki senzura tətbiq edilir. 2021-ci ildə “Media haqqında Qanun”un qəbulu azad jurnalistika üçün sərt məhdudiyyətlər yaradıb.

3. Müxalifətə qarşı repressiv strategiyalar, media və vətəndaş cəmiyyətinin boğulması: Azərbaycanda müxalifətə qarşı tətbiq olunan repressiv strategiyalar çoxşaxəlidir və bu strategiyalar vasitəsilə rejim siyasi müstəvidə rəqabəti faktiki olaraq aradan qaldırmağı və avtoritar sabitliyi qorumağı hədəfləyir. Aşağıda bu repressiv mexanizmlər sistemli şəkildə təqdim olunur:

Azərbaycan hakimiyyəti müxalifəti neytrallaşdırmaq üçün qanunvericilik alətlərindən geniş istifadə edir. Xüsusilə, 2021-2022-ci ildə qəbul olunan qanun dəyişiklikləri tənqidçi medianın və siyasi partiyaların fəaliyyətinə ciddi məhdudiyyətlər gətirib. “Siyasi partiyalar haqqında” qanunda son dəyişikliklər (2022) müxalifətin qeydiyyatdan keçməsini çətinləşdirib və onların maliyyələşmə imkanlarını məhdudlaşdırıb. 2009-cu ildən etibarən QHT-lərin qeydiyyat və fəaliyyət imkanları getdikcə məhdudlaşdırılıb. 2014-cü ildən sonra donor təşkilatlara qarşı sərt məhdudiyyətlər tətbiq olunub, nəticədə bir çox beynəlxalq və yerli QHT-lər fəaliyyətini dayandırmağa məcbur olub. Nəhayət 2023-2024-cü illərdə start götürən yeni repressiya dalğası ilə vətəndaş cəmiyyəti praktiki olaraq tam sıradan çıxarılıb.

Müstəqil siyasətçilər, jurnalistlər və fəallar tez-tez “xuliqanlıq”,  “narkotik saxlamaq”, “ictimai asayişi pozmaq”, “vergidən yayınmaq” , “qaçaqmalçılıq” və hətta “vətənə xəyanət” kimi əsassız ittihamlarla həbs olunur. Bu, rejimin repressiv aləti kimi siyasi motivli həbsləri legitimləşdirmək üçün istifadə edilir. 

Müstəqil medianın böyük hissəsi ya bağlanıb, ya da ölkədən kənarda fəaliyyət göstərməyə məcbur olub. Hakimiyyətə yaxın KİV-lər isə sistematik şəkildə müxalifət liderlərini "satqın", "Qərb agenti" və ya "radikal" kimi təqdim edən kampaniyalar aparır. Bu kampaniyalar ictimai dəstəyin azalmasına və siyasi aktivliyin zəifləməsinə səbəb olur (Amnesty International 2024).

Toplaşma azadlığının boğulması: Azərbaycanda siyasi mitinqlərin keçirilməsi faktiki olaraq mümkünsüzdür. Bakı şəhər İcra Hakimiyyəti müxalifətə mitinq üçün mərkəzi yerlərdə icazə vermir. Dəfələrlə dinc aksiyalar polis tərəfindən zorakılıqla dağıdılıb. 2019-cu ildə Milli Şura tərəfindən təşkil olunan etiraz aksiyası polis müdaxiləsi ilə dağıdılıb, onlarla şəxs saxlanılıb, hətta müxalifət liderləri Əli Kərimli və Tofiq Yaqubluya ağır işgəncə verilib (BBC Azerbaycan oktyabr 2019)

Rəqəmsal nəzarət və onlayn repressiya: Son illərdə hökumət onlayn fəalları da hədəfə alır. Sosial şəbəkələrdə rejimi tənqid edən fəallar texniki vasitələrlə izlənilir, troll şəbəkələri və feyk hesablardan hücumlara məruz qalır, bəzən də “kiberhücumlar” və məlumat sızdırmaları ilə təhdid edilir.

İqtisadi və sosial təzyiqlər: Müxalif düşüncəli şəxslərin özəl sektorda iş tapması faktiki qadağandır, bəzi hallarda ailə üzvləri də təzyiqə məruz qalır. Bu, sosial qorxunun dərinləşdirilməsi və siyasi passivliyin təşviqi məqsədi daşıyır.

 Kooptasiya və bölücülük siyasəti: Rejim bir sıra müxalif partiya və şəxsləri öz orbitinə salmaq üçün maddi və inzibati güzəştlər təklif edir. Əvəzində həmin partiya və ya şəxs rejimə loyal davranır və real, prinsipial müxalifətlə aralarındakı sərhədi bulanıqlaşdırır. Bu, "milli müxalifət" və "xain müxalifət" ayrımı yaradaraq, ictimai rəyə manipulyasiya etməyə xidmət edir.

Azərbaycan rejiminin müxalifətə qarşı repressiv strategiyaları sadəcə siyasi mübarizənin önünü kəsmək üçün deyil, həm də avtoritar sabitliyi qorumaq, beynəlxalq səviyyədə “tək hakimiyyət” modelini legitimləşdirmək və sistem daxilində alternativ səs imkanlarını minimuma endirmək məqsədi daşıyır. Bu strategiyalar təkcə siyasi hüquqların pozulması ilə deyil, bütövlükdə cəmiyyətin demokratik transformasiyasının qarşısının alınması ilə nəticələnir.

Hüquqi sistem və məhkəmə istismarı: Məhkəmə sistemi icra hakimiyyətindən müstəqil deyil. Siyasi motivli qərarların çıxarılması, müstəqil hüquqşünaslara təzyiq və hakimlərin hökumətə sadiqliyi hüquq sistemini iflic vəziyyətə salıb. Transparency International-ın Korrupsiya Qavrayış İndeksində də bu sahədə ciddi problemlər qeyd edilir.

Xülasə, Azərbaycanın siyasi rejimi rəqabətli avtoritarizmin klassik xüsusiyyətlərini daşıyır. Burada demokratik institutlar yalnız simvolik xarakter daşıyır və real siyasi rəqabətə imkan vermir. Seçkilər, məhkəmələr və media formal olaraq mövcuddur, lakin onların funksional mahiyyəti iqtidarın möhkəmləndirilməsi üçün istifadə olunur. Bu da onu göstərir ki, Azərbaycan konstitusional görünüş altında sərt avtoritar mahiyyətə malik bir sistemə çevrilib.

Nəticə

Müasir dövrdə demokratik tənəzzül fenomeni çoxşaxəli, mürəkkəb və dinamik bir proses kimi ortaya çıxır. Bu proseslər artıq ənənəvi avtoritar çevrilişlər və açıq repressiv siyasətlərlə məhdudlaşmır. Bunun əvəzinə, Levitsky və Way tərəfindən təsvir olunan rəqabətli avtoritarizm modeli, demokratik institutların formal saxlanılmasına baxmayaraq, onların səmərəli fəaliyyətinin sistemli şəkildə pozulduğunu göstərir. Bu modeldə rejimlər legitimlik qazanmaq üçün seçkiləri və demokratik institutları istifadə edir, lakin eyni zamanda rəqabəti aradan qaldırmaqla demokratik sistemin təməlini sarsıdır  (Levitsky and Way, 2010). Azərbaycan bu modelin tipik nümunəsi olaraq çıxış edir: hakimiyyət seçki formalizmini qoruyur, lakin siyasi rəqabətə imkan vermir, medianın tamamı rejimin nəzarətindədir və müxalifətin fəaliyyəti faktiki kriminallaşdırılır. Bu baxımdan, Azərbaycan nümunəsi postsovet məkanında rəqabətli avtoritarizmin uğurlu tətbiqinin əsas göstəricilərindən biridir.

Anna Lührmann və Staffan Lindbergin demokratik geriləmə nəzəriyyəsi isə yeni avtoritarizm dalğasının “sürünən”, yəni tədricən və institusional yolla baş verdiyini vurğulayır (Lührmann and Lindberg, 2019). Bu yanaşma seçki sistemlərinin, qanunların və məhkəmə institutlarının avtoritar maraqlara uyğun dəyişdirilməsi ilə demokratik əsasların zəiflədilməsini izah edir. Macarıstan və Polşa kimi ölkələrdə indi müşahidə olunan bu model, Azərbaycanın yaxın keçmişini xatırladır: hüquqi çərçivə dəyişiklikləri və məhkəmə sisteminin siyasi nəzarətə alınması demokratiyanın formal olaraq qalmasına baxmayaraq, onun əsas funksiyalarının pozulmasına səbəb olur. Bu tip tənəzzül demokratik institutların uzunmüddətli dayanıqlılığını zəiflədir və siyasi plüralizmi məhdudlaşdırır.

Erica Frantz və Andrea Kendall-Taylor tərəfindən irəli sürülən kooptasiya və repressiya strategiyaları isə avtoritar rejimlərin dayanıqlığını təmin edən paralel mexanizmləri əhatə edir (Kendall-Taylor and Frantz, 2018). Kooptasiya yolu ilə siyasi elitaların, ailə üzvlərinin və vacib qrupların sistemə inteqrasiya olunması, repressiv tədbirlərlə müxalifətin və müstəqil medianın sıxışdırılması uzunmüddətli hakimiyyət üçün təməl yaradır. Azərbaycan bu modeldə seçkinin formal saxlanması, siyasi elitlərin və ailə üzvlərinin əsas postlarda yerləşdirilməsi, repressiv siyasət və media üzərində nəzarətin gücləndirilməsi ilə açıq şəkildə təmsil olunur. Eyni zamanda, Rusiya və digər post-sovet ölkələri ilə müqayisədə, Azərbaycan avtoritarizmin bu kombinasiyasını çox uğurla tətbiq edir.

Ümumilikdə, demokratik tənəzzül Azərbaycan üçün həm institusional, həm normativ, həm də sosial səviyyədə sistemli bir təhlükə kimi mövcuddur. Bu tənəzzülün səbəbləri və mexanizmləri çoxşaxəlidir: rəqabətin məhdudlaşdırılması, qanunvericilik manipulyasiyaları, vətəndaşların demokratiyaya inamının azalması, həmçinin repressiya və kooptasiya strategiyalarının effektiv tətbiqi. Bu faktorların birgə təsiri demokratik institutların formal saxlanmasına baxmayaraq, onların funksionallığını həlledici dərəcədə məhv edir və siyasi plüralizmi aradan qaldırır.

Nəticə olaraq, Azərbaycan nümunəsi müasir demokratik tənəzzül nəzəriyyələrinin praktikada necə təzahür etdiyini anlamaq üçün vacib bir araşdırma obyektidir. Bu ölkədə müşahidə olunan proseslər qlobal demokratiya araşdırmaları üçün həm nəzəri, həm də empirik zənginlik yaradır və demokratik tənəzzülün çoxistiqamətli təhlilinin əhəmiyyətini bir daha vurğulayır.


İstinadlar

  1. Diamond, Larry. Təhlükəli Küləklər: Demokratiyanı Rusiya Qəzəbi, Çin Ambisiyası və Amerika Laqeydliyindən Qurtarmaq. Nyu-York: Penguin Press, 2019.
  2. Inglehart, Ronald və Pippa Norris. Mədəni Geri Sıçrayış: Tramp, Brexit və Avtoritar Populizm. Kembric: Cambridge University Press, 2019.
  3. Guriev, Sergei və Daniel Treisman. “İnformasiya Avtokratları.” İqtisadi Perspektivlər Jurnalı 33, № 4 (2019): 100–127.
  4. Levitsky, Steven və Daniel Ziblatt. Demokrasiyalar Necə Ölür. Nyu-York: Crown Publishing Group, 2018.
  5. Lührmann, Anna və Staffan I. Lindberg. “Avtokratikləşmənin Üçüncü Dalğası Gəlib: Yenilik Nədədir?” Demokratizasiya 26, № 7 (2019): 1095–1113.
  6. Dahl, Robert A. Demokratiya Haqqında. New Haven: Yale University Press, 2000.
  7. Inglehart, Ronald və Pippa Norris. Mədəni Geri Sıçrayış: Tramp, Brexit və Avtoritar Populizm. Kembric: Cambridge University Press, 2019.
  8. Mounk, Yascha. Xalq Demokratiyaya Qarşı: Azadlığımız Təhlükədədir və Necə Qurtula Bilərik. Kembric, MA: Harvard University Press, 2018.
  9. Pew Research Center. “Qlobal Demokratiya 2024.” 2024. https://thedialogue.org/wp-content/uploads/2024/09/The-Authoritarian-Dictatorial-Wave-in-the-XXIst-Century_v02.pdf
  10. Pew Research Center. “Siyasət və Təmsilçilik 2023.” 2023. https://www.pewresearch.org/politics/2023/09/19/americans-dismal-views-of-the-nations-politics/
  11. Levitsky, Steven və Daniel Ziblatt. Demokrasiyalar Necə Ölür. Nyu-York: Crown, 2018.
  12. Diamond, Larry. Demokratiyanın Ruhu: Azad Cəmiyyətlər Uğrunda Mübarizə. Nyu-York: Times Books, 2008.
  13. Smith, Graham. Demokratik Yeniliklər: Vətəndaş İştirakı Üçün Təşkilati Mexanizmlərin Qurulması. Kembric: Cambridge University Press, 2009.
  14. Urbinati, Nadia. Dəyişdirilmiş Demokratiya: Rəy, Həqiqət və Xalq. Kembric, MA: Harvard University Press, 2014.
  15. Levitsky, Steven və Lucan A. Way. Rəqabətli Avtoritarizm: Soyuq Müharibədən Sonra Hibrid Rejimlər. Kembric: Cambridge University Press, 2010.
  16. Lührmann, Anna və Staffan I. Lindberg. “Avtokratikləşmənin Üçüncü Dalğası Gəlib: Yenilik Nədədir?” Demokratizasiya 26, № 7 (2019): 1027–1043.
  17. Erdoğan, Rəcəb Tayyib. “Recep Tayyip Erdoğan 1997: ‘Demokratiya bizim üçün məqsəd deyil, vasitədir.’” YouTube videosu. https://www.youtube.com/watch?v=qY52kEMQyBA
  18. Foa, Roberto Stefan və Yascha Mounk. “De-konsolidasiyanın Əlamətləri.” Demokratiya Jurnalı 28, № 1 (2017): 5–15.
  19. Kendall-Taylor, Andrea və Erica Frantz. “Avtoritar Rejimlər Necə Yıxılır.” Foreign Affairs 97, № 4 (2018): 36–44.
  20. ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu. İllik Hesabat 2018, s. 82. https://www.osce.org/files/f/documents/a/0/413489.pdf
  21. Freedom House. “Millətlər Keçid Dövründə 2023: Azərbaycan.” 2023. https://freedomhouse.org/country/azerbaijan/nations-transit/2023
  22. Lührmann, Anna və Staffan I. Lindberg. “Avtokratikləşmənin Üçüncü Dalğası Gəlib: Yenilik Nədədir?” Demokratizasiya 26, № 7 (2019): 1027–1043.
  23. Mounk, Yascha. Xalq Demokratiyaya Qarşı: Azadlığımız Təhlükədədir və Necə Qurtula Bilərik. Kembric, MA: Harvard University Press, 2018.
  24. Fəttah, Elman. Yeni Avtoritarizm və Azərbaycan. 2019, s. 213.
  25. Kendall-Taylor, Andrea və Erica Frantz. “Avtoritar Rejimlər Necə Yıxılır.” Foreign Affairs 97, № 4 (2018): 36–44.
  26. Levitsky, Steven və Lucan A. Way. Rəqabətli Avtoritarizm: Soyuq Müharibədən Sonra Hibrid Rejimlər. Kembric: Cambridge University Press, 2010, s. 51–54.
  27. ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu. İllik Hesabat 2018, s. 82. https://www.osce.org/files/f/documents/a/0/413489.pdf
  28. Amnesty International. “Azərbaycanda İnsan Hüquqları.” 2024. https://www.amnesty.org/en/location/europe-and-central-asia/eastern-europe-and-central-asia/azerbaijan/
  29. BBC Azərbaycanca. “Əli Kərimli ona polis zorakılığı edildiyini deyib.” 2019. https://www.bbc.com/azeri/azerbaijan-50107639
  30. Levitsky, Steven və Lucan A. Way. Rəqabətli Avtoritarizm: Soyuq Müharibədən Sonra Hibrid Rejimlər. Kembric: Cambridge University Press, 2010, s. 51.
  31. Lührmann, Anna və Staffan I. Lindberg. “Avtokratikləşmənin Üçüncü Dalğası Gəlib: Yenilik Nədədir?” Demokratizasiya 26, № 7 (2019): 1027–1043.

32. Kendall-Taylor, Andrea və Erica Frantz. “Avtoritar Rejimlər Necə Yıxılır.” Foreign Affairs 97, № 4 (2018): 36–44.