29 iyn 2026

NATO-nun Ankara sammiti: NATO Rusiya ilə Soyuq Müharibədən sonrakı ən sərt qarşıdurmaya hazırdırmı?

NATO-nun Ankara sammiti: NATO Rusiya ilə Soyuq Müharibədən sonrakı ən sərt qarşıdurmaya hazırdırmı?


(Yazı KHAR Center-in "Avtoritar Rejimlər və Transregional Təsir Mexanizmləri" araşdırması çərçivəsində hazırlanıb)


Giriş

Türkiyə iyulun əvvəlində olduqca mühüm bir tədbirə, NATO-nun növbəti sammitinə ev sahibliyi edəcək. Müttəfiq ölkələrin liderlərinin bir araya gəldiyi sammitlər, ənənəvi olaraq, NATO üçün kritik məqamlarda keçirilir və dövri xarakter daşımır. Bu sammitlərdə ittifaqın yeni siyasətini elan etmək, ittifaqa yeni üzvlər dəvət etmək, böyük təşəbbüslər başlatmaq və tərəfdaşlıqları gücləndirmək kimi siyasi və strateji əhəmiyyətli qərarlar qəbul edilir. 

Soyuq müharibədən sonra ilk dəfə 1990-cı ildə Londonda keçirilən sammitdə Mərkəzi və Şərqi Avropa ölkələri ilə  əlaqələrin inkişaf etdirilməsinə dair təkliflərin ortaya qoyulması, 1991-ci ildə Romada yeni təhlükəsizlik istiqamətini müəyyən edən və ilk dəfə ictimaiyyətə açıqlanan Strateji Konsepsiya sənədinin hazırlanması, Şimali Atlantika Əməkdaşlıq Şurasının yaradılması, 1997-ci ildə keçirilən Madrid və Paris sammitlərində ilk dəfə keçmiş Varşava Paktı üzvlərinin - Çexiya, Macarıstan və Polşanın ittifaqa dəvət edilməsi, Rusiya və Ukrayna ilə tərəfdaşlığın qurulması, 2002-ci ildə Praqa sammitində NATO hərbi komandanlıq strukturunun dəyişdirilməsi kimi addımlar alyansın dönüş nöqtələrini ifadə edir. Son 4 ildə keçirilən altı sammitin (biri onlayn, biri fövqəladə, dördü planlı) əsas mövzusu isə dəyişməz şəkildə Rusiya olub (NATO, 2026). 

Ankara sammiti  həm  NATO-nun soyuq müharibədən sonra qarşılaşdığı ən sərt təhdidin, Rusiyanın Ukraynaya (əslində Avropaya və kollektiv Qərbə) qarşı açıq müharibəsinin necə başa çatacağını proqnozlaşdırmağın çətin olduğu, həm də alyansın iki qanadı, ABŞ və Avropa arasındakı ziddiyyətlərin yüksəldiyi dövrə təsadüf etməsi baxımından böyük əhəmiyyət daşıyır.  Dünyanın təhlükəsizlik arxitekturasının bir çox sınaqla üz-üzə qaldığı dövrdə keçiriləcək tədbir indi bir-biriylə əlaqəli bu iki suala eyni anda  cavab verməli olacaq. 

Birincisi, NATO öz daxilində açıq müstəviyə keçən və getdikcə dərinləşən  ziddiyyətlərdə ortaq məxrəc tapa biləcəkmi? İkincisi, alyans Rusiyanı necə görür: sadəcə Ukraynaya qarşı işğal siyasəti aparan və ya postsovet məkanında öz ambisiyalarını işğal-müharibə yoluyla diqtə etməyə çalışan aktor olaraq, yoxsa  uzunmüddətli və sistemli təhlükə kimi?

Tarixi pəncərə 

Analizin əsas suallarının cavabını axtararkən əvvəlcə bir-biri ilə əlaqəli olan bu iki məsələnin tarixi fonuna diqqət yetirmək lazım gəlir. 

Əslində ABŞ hökumətləri 2000-ci illərin  əvvəllərindən bəri çoxtərəflilik, yəni müttəfiqlərlə razılaşdırılmış hərəkət  prinsipindən mərhələli şəkildə uzaqlaşıb. Corc Buş dövründə  ABŞ bu istiqamətdəki ilk ciddi addımlarını atdı–2001-ci ildə Anti-Ballistik Raket Müqaviləsindən  (ABM) çıxdı, İraqın işğalı əməliyyatını həyata keçirdi və 2007-ci ildə gündəmə gələn raket qalxanı layihəsini ilk mərhələdə tamamilə özündən asılı formada hazırladı (Ceylan, 2026). Bunlar, yalnız NATO müttəfiqləri arasında ziddiyyətlər yaratmadı, eyni zamanda Rusiya üçün də bəhanə rolunu oynadı. Obama dövründə bu siyasətdən qismən geri addım atılması və ənənəvi çoxtərəflilik siyasətinə qayıdılması ittifaq daxilindəki ziddiyyətləri yumşaltmışdı. Ancaq Donald Trampın birinci prezidentlik dövründə bu tendensiya yenə tərsinə çevrildi. İlk dövrlərdə Trampın NATO-nu dəbdən düşmüş təşkilat kimi təqdim edən ifadələri və davranışları komandası tərəfindən yumşaldılsa da, 2018-ci ildəki Brüssel sammitindən əvvəl ABŞ-ın alyansdan ayrılacağına dair fikirlərin səslənməsi yeni çatın ortaya çıxmasına səbəb oldu. 

Trampın NATO-nu hədəf alan ritorikasına  Almaniyanın o dövrdəki kansleri Angela Merkelin “Avropa öz taleyini əlinə almalıdır” cavabı, Aİ-nin  müdafiə və təhlükəsizlik sahəsində üzv dövlətlər arasında daha dərin hərbi əməkdaşlıq məqsədilə Daimi Strukturlaşdırılmış Əməkdaşlıq (Permanent Structured Cooperation - PESCO) və Müdafiə Üzrə Koordinasiyalı İllik İcmal (Coordinated Annual Review on Defence - CARD) kimi mexanizmlər formalaşdırması, Avropa Müdafiə Fondunun yaradılması kimi addımlar bu çatın göründüyündən daha dərin olduğunu ortaya qoyurdu (Ceylan, 2026). 

Trampın birinci dövründə başlatdığı Əfqanıstandan çəkilmə və Taliban ilə razılaşma prosesinin  Bayden dövründə davam etdirilməsi və hətta sürətləndirilməsi də NATO-nun inandırıcılığına və nüfuzuna ciddi zərbə vurdu. Əfqanıstan fiaskosundan sonra Bayden ABŞ xarici siyasətinin ağırlıq mərkəzini Hind-Sakit okean regionuna yönəltdi.  2022-ci ildə Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hücum başlatması  bu tendensiyanı dəyişməyə məcbur etdi. NATO Ukraynaya dəstək məsələsində birləşdi və Avropa təhlükəsizliyinin gələcəyi yenidən NATO-nun əsas gündəm mövzusuna çevrildi.  Ancaq Trampın 2025-ci ilin əvvəlində başlayan ikinci prezidentlik dövrüylə  yenidən hər şey dəyişdi. Üstəlik  bu dəfə daha təhlükəli bir ritorika ilə.  Trampın Milli Təhlükəsizlik Strategiyası, ABŞ rəsmilərinin avropalı müttəfiqləri  aşağılayan ifadələri, Vaşinqtonun Qrenlandiyanı hərbi yolla işğal etməyə belə hazır olduğunu ifadə etməsi kimi faktlar alyansın gələcəyinə dair sualları artıraraq, avropalı müttəfiqlərin ABŞ-ın onları qoruyacağı inamına ciddi zərbə vurdu (Rumer, 2026). 

Tərəfdaşlıq illüziyası və ya siyasi korluq 

ABŞ hökumətlərinin Tramp dövründə xüsusilə açıq, qaba və ölçüsüz forma alan davranışları və bu davranışların yaratdığı avro-atlantik gərginlik şübhəsiz ki, Rusiyanı məmnun edir. Soyuq müharibədən sonra Avropa üzərindəki hökmranlığının çökməsi, daha sonra NATO və Avropa İttifaqının şərqə doğru genişləməsi Rusiyanın gözündə diplomatik və hərbi məğlubiyyət kimi görünürdü. Qərb belə oxusa da, oxumasa da bu, Rusiya üçün strateji dərinliyin və Avropanın taleyini müəyyənləşdirən böyük güclər masasındakı yerinin itirilməsi demək idi. Bu səbəbdən xarici siyasət tarixində toqquşma mirasını tərk edib milli təhlükəsizliyə yeni bir yanaşma nümayiş etdirmə  nümunəsi olmayan Moskva yenə tanış ssenariyə əl atdı–1990-cı illər boyunca öz daxilindəki böhranlarla boğuşarkən belə postsovet qonşularına aqressiv müdaxilələrdən geri durmadı, bir neçə regional müharibəni qızışdırdı. Çünki Rusiya üçün böyük güc statusunu yenidən qazanmağın əsas şərti imperiya təsirinin canlandırılmasıdır və Kreml liderləri bunu gizlətmirlər. 1990-cı illərdən bəri Rusiyanın Avropadakı siyasətinin əsas məqsədi 1989 və 1991-ci illərdəki “itkilər”i geri qazanmaqdır. Bu məqsəd Rusiya liderlərinin ritorikalarında, NATO-nun Varşava Paktının keçmiş üzvlərini qəbul etmə qərarına qarşı çıxmalarında, Putinin 2007-ci ildə Münhen Təhlükəsizlik Konfransındakı dönüş nöqtəsi xarakteri daşıyan çıxışında açıq və aqressiv şəkildə ortaya qoyulub (Rumer, 2026). 

Ancaq Qərb ölkələri uzun illər bu məqsədi oxumaqda bacarıqsızlıq nümayiş etdirib (Gressel, 2016). Əksini göstərən onlarla fakt olsa da, Qərb dairələri Rusiyanın dəyişməsini gözləməyin realist yanaşma olduğuna uzun illər inanıb və Moskva da bu siyasi korluqdan ustalıqla istifadə edib. 

Soyuq müharibədən sonra Qərbdə nəzarət edilə bilən tərəfdaşlıq mexanizmləri vasitəsilə Rusiyanın Avropa təhlükəsizlik arxitekturasına daxil edilməsi yanaşması hakim idi. Xüsusilə “daha sabit, təhlükəsiz və bölünməmiş Avropa qurmağı” xarici siyasət prioriteti elan edən ABŞ  administrasiyası Moskvanın NATO mexanizmlərinə  daxil edilməklə təhdid olmaqdan çıxarılacağını düşünürdü. Bu düşüncə 1997-ci ildə NATO-nun rəsmi siyasətinə çevrildi. Həmin ilin martında Helsinkidə ABŞ prezidenti Bill Klintonla Rusiya prezidenti Boris Yeltsin əməkdaşlığa əsaslanan münasibətlər yaratmaq barədə  razılığa gəldilər. Bu  razılaşmanın NATO ilə Rusiya arasındakı daimi və güclü tərəfdaşlığın əsasını təşkil edəcəyi vurğulandı (State.gov, 1997).  Eyni ilin may ayında Paris sammitində isə NATO ilə Rusiya arasında qarşılıqlı münasibətlər, əməkdaşlıq və təhlükəsizlik haqqında “Qurucu akt” imzalandı. Avro-atlantik məkanda Rusiyanın iştirakıyla əhatəli təhlükəsizlik sisteminin yaradıla biləcəyi fikrinə əsaslanan bu  sənəd NATO ilə Rusiya arasında məşvərət, əməkdaşlıq, birgə qərar qəbuletmə və ortaq fəaliyyət mexanizmlərinin yaradılmasını nəzərdə tuturdu (NATO, 1997). 

2002-ci ildə Romada bu sənəd əsasında NATO-Rusiya Şurası yaradıldı - bu qurum tərəflər arasında sistemli məşvərət, uzlaşma, birgə qərar qəbuletmə və fəaliyyət üçün əsas platforma kimi nəzərdə tutulurdu. NATO bunu “münasibətlərdə yeni keyfiyyət”  mərhələsi kimi təqdim edirdi (NATO, 2024). 

Əsas qırılma nöqtələri 

Ancaq bu yeni keyfiyyət mərhələsi çox uzun çəkmədi. 2008-ci ildə NATO-nun Buxarest sammitində Ukrayna və Gürcüstanın gələcəkdə ittifaqa üzv ola biləcəyinə dair ifadənin yekun bəyannaməyə daxil edilməsinə Rusiya prezidenti Vladimir Putin kəskin reaksiya verdi. Putin NATO-nun genişlənməsini birbaşa təhdid kimi dəyərləndirəcəklərini bildirdi. Bundan əvvəl isə Moskva NATO-nun Avropada hava hücumundan müdafiə sistemləri yerləşdirmək planına qarşı çıxmışdı (Guardian, 2008). Qərbin bu sistemlərin Rusiyaya qarşı yönəlmədiyinə dair təminatlar verməyə hazır olmasına baxmayaraq gərginlik davam etdi. NATO-Rusiya münasibətlərində ilk qırılma isə  2008-ci ildə beşgünlük Gürcüstan müharibəsi ilə özünü göstərdi. Bir postsovet ölkəsinə açıq hərbi təcavüz və Gürcüstan ərazisinin işğalı faktı Rusiyanın yeni dövr xarici təhlükəsizlik siyasətinin konkret nümunəsi idi. Bu müharibədən sonra NATO Rusiya ilə hərbi və siyasi əməkdaşlığın böyük hissəsini durdurdu. NATO-Rusiya Şurasındakı danışıqlar donduruldu, Rusiyanın cavabı isə NATO ilə hərbi əməkdaşlığı dayandırmaq və alyansla əlaqələri tam kəsməklə hədələmək oldu (De Haas, 2009).

Gürcüstan müharibəsi xüsusilə keçmiş sovet təsir zonasından çıxan NATO üzvləri üçün həyəcan siqnalı oldu. Polşa, Çexiya və Baltik ölkələri Moskvanın hərbi təcavüzü fonunda NATO-nun kollektiv müdafiə resurslarına ciddi şəkildə yenidən baxmasını tələb etdilər.  Bu hadisə eyni zamanda Şimali Atlantika Müqaviləsinin kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsi  ilə bağlı ciddi sualların ortaya çıxmasına səbəb oldu. Xüsusilə Şərqi Avropa ölkələri Rusiyanın NATO üzvünə hücum edəcəyi təqdirdə alyansın reaksiyasının yalnız siyasi bəyanatlarla məhdudlaşıb-məhdudlaşmayacağını sorğulamağa başladı. Bu sorğulamanı haqlı çıxaran fakt isə Gürcüstan müharibəsindən sonra yaranan qırılmaya və qarşılıqlı siyasi ittihamlara baxmayaraq əlaqələrin tam qopmamasıydı. NATO ilə Rusiya arasındakı Əfqanıstan üzrə əməkdaşlıq Gürcüstan müharibəsindən sonra da davam etdi, 2009-cu ildə NATO-Rusiya Şurasında formal dialoq bərpa edildi (De Haas, 2009).

Strateji qopma 

2010-cu ilin Strateji  Konsepsiyasında  NATO Rusiya ilə əməkdaşlığın strateji əhəmiyyət daşıdığını hələ də vurğulayırdı. Sənəddə NATO-Rusiya əməkdaşlığının avro-atlantik məkanda sülh, sabitlik və təhlükəsizlik zonasının  yaradılmasına töhfə verdiyi bildirilirdi (NATO, 2010).  Bunun illüziya  olduğu 2014-cü ilin əvvəlində Rusiyanın, 1994-cü il Budapeşt Momerandumu ilə ərazi bötövlüyünə təminat verdiyi Ukraynanın Krım bölgəsini işğal etməsilə bir daha təsdiqləndi (Harvard Kennedy School, 2020). Krımın və Ukraynanın şərq ərazilərinin işğalı ilə NATO-Rusiya münasibətləri soyuq müharibədən sonrakı ən böyük böhran mərhələsinə  qədəm qoydu (Klein, Major, 2015). Qərb-Rusiya münasibətlərini dramatik şəkildə pisləşdirən bu hadisə yeni soyuq müharibə diskussiyalarını artırdı, NATO-nun Rusiya ilə strateji tərəfdaşlıq  paradiqması dağıldı, ancaq 2014-cü ildən sonra da əməkdaşlıq xətti tamamilə çökmədi, İran kimi bəzi dosyelər üzrə koordinasiya davam etdi (Alcaro, 2014).  

Siyasi ekspert Qustav Qressel 2016-cı ildə yazdığı məqaləsində 2014-cü ildəki işğaldan sonra NATO-nun daxili qeyri-sabitliyin  zəif qonşuluq münasibətlərilə birləşdiyi təhlükəli onilliyə girdiyini vurğulayırdı. Qressel bunu Rusiyanın xarici siyasətində gərginlik və militarizm xəttinin güclənəcəyi ilə izah edirdi və əsas arqumentlərindən biri də məhz Qərbin Kremlin niyyətlərini və riskləri dəyərləndirməkdə bacarısqız olması idi (Gressel, 2016). Tarixin onu haqlı çıxarmasına baxmayaraq, 2016-cı ildə Qərb dairələrində Qresselin analizindəki mövqenin tərəfdarları yenə də çoxluqda deyildi. Bu səbəbdən Rusiyanın Krımı işğal etməsi belə NATO-nun Moskva ilə əlaqələrində radikal strategiya dəyişikliyinə səbəb olmadı. 2016-2019-cu illər arasında 10 dəfə toplaşan   NATO-Rusiya  Şurasının sonuncu  toplantısı Ukraynaya qarşı tammiqyaslı hücumdan cəmi bir ay əvvəl–2022-ci ilin yanvarında keçirilib. Halbuki həmin toplantıdan əvvəl Rusiya NATO-ya ultimatum göndərərək ittifaqın 1997-ci ildən sonra formalaşdırdığı hərbi mövqelərindən çəkilməsini, Ukrayna və digər postsovet ölkələrində hərbi fəaliyyətləri, ümumiyyətlə genişlənməyi dayandırmasını, Rusiyanın razılığı olmadan avro-asiyada onu hədəfə ala biləcək silahlar yerləşdirməyəcəyinə dair təminat verməsini, ABŞ-ın nüvə silahlarını Avropadan çıxarmasını tələb etmiş (Rumer, 2026), yəni dialoq və tərəfdaşlıq imitasiyasından belə imtina etdiyini  göstərmişdi.

2022-dən sonra: tərəfdaşlıqdan təhlükəyə 

Rusiyanı artıq bir tərəfdaş kimi görməmək qənaəti yalnız 2022-ci ilin iyununda  NATO-nun Madrid sammitində  qərara çevrildi (NATO, 2024). Rusiyanı strateji tərəfdaş kimi görən 2010-cu ilin Strateji Konsepsiyası 12 il sonra Madriddə kökündən dəyişdi, Moskvanı müttəfiqlərin təhlükəsizliyinə və avro-atlantik məkanda sülhə ən ciddi və birbaşa təhlükə kimi tanıdı. Sənəddə Ukraynaya qarşı müharibənin Moskvanın qonşularına və daha geniş avro-atlantik icmaya qarşı aqressiv davranış modelinin davamı  olduğu, Rusiyanın nüfuz zonaları və birbaşa nəzarət sahələri yaratmağa çalışdığı vurğulanırdı (NATO, 2022).  

İttifaq üzvləri Rusiyanı təhlükə kimi dəyərləndirməklə kifayətlənmədilər, eyni zamanda real böhran rejiminə  keçdilər. 2002-ci ildə yaradılması haqda qərar qəbul edilən, 2004-cü ildə əməliyyat qabiliyyəti qazanan, 2014-cü ildə Krımın işğalından sonra Çox Yüksək Hazırlıqlı Birgə Operativ  Qüvvə (VJTF) ilə gücləndirilən  NATO Cavab Qüvvələrinə (NATO Response Force - NRF) 2022-ci ildə ilk dəfə kollektiv müdafiə və cəkindirmə vəzifəsi verildi. 

Bu, NATO-nun Rusiya təhdidinə qarşı real böhran rejimində atdığı ilk böyük hərbi addımlardan biri idi.  Bundan əlavə, Madrid sammitində müttəfiqlər iki il ərzində NRF-nin yerinə keçəcək yeni NATO Qüvvəsi Modeli ilə bağlı razılığa gəldilər. Bu model müttəfiqlərin müdafiəsinə dair konkret  planlar çərçivəsində əvvəlcədən müəyyən edilmiş, daha yüksək hazırlıq səviyyəsinə malik qüvvə bazası yaratmağı nəzərdə tuturdu (NATO, 2025a). 

Bu çərçivədə atılan ən mühüm hərbi planlama addımı 2023-cü ildə Vilnüs sammitində qəbul edilən Regional Müdafiə Planları (Regional Defence Plans) idi. NATO-nun soyuq müharibədən bəri qəbul etdiyi ən əhatəli və detallı kollektiv müdafiə planları kimi təqdim edilən bu addımın praktik əhəmiyyəti Rusiyanın yaratdığı hərbi təhlükəyə və terrorizm kimi asimmetrik təhdidlərə qarşı  alyans ərazisinin konkret regionlar üzrə necə müdafiə olunacağını əvvəlcədən müəyyənləşdirən hərbi-operativ çərçivə yaratmasındaydı. Bu planlardan biri Atlantika və Avropa Arktikasını əhatə edir və Norfolk Birgə Qüvvələr Komandanlığına bağlıdır; ikincisi Baltik regionu və Mərkəzi Avropanı əhatə edir və Brunssum Birgə Qüvvələr Komandanlığına bağlıdır; üçüncüsü isə Aralıq dənizi və Qara dəniz bölgəsini əhatə edir və Neapol Birgə Qüvvələr Komandanlığına bağlıdır. Hər üç plan əvvəlki mərhələli cavab planlarından məhz bu əvvəlcədən müəyyənləşən hərbi-operativ çərçivə yaratmasıyla  fərqlənirdi (Loorents, 2024). 

NATO Qüvvə Modelinə (NATO Force Model) əsaslanan bu planlar 800 minə yaxın  hərbçini əhatə edir, 300 minlik şəxsi heyətin 30 gün ərzində döyüşə hazır vəziyyətə gətirilməsini nəzərdə tutur. Müqayisə üçün qeyd edək ki, əvvəlki NRF modelinin 15 gün ərzində 40 min hərbçinin hazırlıq vəziyyətinə gətirilməsini  nəzərdə tuturdu. Bu da NATO-nun Rusiya təhdidini həqiqətən ciddiyə aldığını,  miqyas baxımından daha böyük kollektiv müdafiə planlamasına keçdiyini göstərir (Loorents, 2024). 

Türkiyədə son aylarda müzakirələrə və mübahisələrə səbəb olan çoxmillətli NATO Korpus Qərargahının yaradılması məsələsi də məhz Vilnüs sammitində qəbul edilən regional planların bir hissəsidir. Ankara bu plan çərçivəsində 2024-cü ildə Adanadakı 6-cı Ordu Korpusunun çoxmillətli NATO Korpus Qərargahına  (MNC-TUR) çevrilməsini təklif edib.  Hazırda formalaşdırılmaqda olan qərargah 2028-ci ildə aktiv fəaliyyətə başlayacaq (KHAR Center, 2026). 

Rusiya təhlükəsinin NATO hərbi gündəliyinə oturduğu Vilnüs sammitində eyni zamanda NATO-Ukrayna Komissiyasının yerinə NATO-Ukrayna Şurası yaradıldı. Bu, Ukraynanın siyasi dialoq, məsləhətləşmə və böhranlarla bağlı məşvərət mexanizminə daha yüksək statusla daxil edilməsi demək idi.  Kiyev Rusiya təhdidinə qarşı ən doğru həmlənin Ukraynaya NATO üzvlüyünün verilməsi olduğunu bildirsə də, alyans buna yaşıl işıq yandırmadı. Ancaq 2024-cü ildəki Vaşinqton sammitində NATO Ukraynaya hərbi dəstəyin koordinasiyasında birbaşa iştirak qərarı qəbul etdi. Bu məqsədlə Ukrayna üçün NATO Təhlükəsizlik Yardımı və Təlim Mexanizmi (NATO Security Assistance and Training for Ukraine — NSATU) yaradıldı (NATO, 2025 b). ABŞ-ın NATO və Avropa siyasətindəki qeyri-müəyyən davranışlarının artdığı dövrdə qəbul edilən bu qərar Donald Trampın mümkün qayıdışından sonra Ukraynaya hərbi yardımları kəsmə  riskinə qarşı bir həmlə kimi dəyərləndirildi (Reuters, 2024). 

2023-cü ildə Rusiya avro-atlantik məkanın təhlükəsizlik arxitekturasının məhək daşlarından daha birini yerindən oynatdı–Avropada Adi Silahlı Qüvvələr Müqaviləsindən (Treaty on Conventional Armed Forces in Europe - CFE Treaty) çıxdı. Bunun Rusiyanın avro-atlantik məkanın təhlükəsizliyini sistematik şəkildə baltalayan silsilə addımların sonuncusu olduğunu vurğulayan NATO müttəfiqləri də müqavilənin icrasını dayandırmağa qərar verdi (NATO, 2023). Eyni zamanda 2024-cü ildə NATO üzvləri hərbi xərclərini artırdı və alyans ölkələrinin ümumi hərbi xərcləri qlobal hərbi xərclərin 55 faizinə çatdı. Bu, Rusiyanın uzunmüddətli təhlükə kimi qəbul edilməsinin başqa bir sübutu idi (SİRPİ, 2025). 

Rusiyaya qarşı ən böyük siyasi-strateji addımlar sırasına İsveç və Finlandiyanın NATO-ya üzv qəbul olunmasını da əlavə etmək lazımdır. Çünki bu, Ukrayna işğalına NATO-nun genişləməsini bəhanə göstərən Rusiyaya açıq meydan oxuma idi - İsveç və Finlandiyanın üzv olması ilə NATO-nun Baltik dənizi və Şimali Avropada coğrafiyası genişləndi, Rusiya ilə sərhədi əhəmiyyətli şəkildə uzandı və Şimali Avropa tamamilə alyansın kollektiv müdafiə sisteminə daxil oldu. 

Beləliklə, 2022-ci ildən sonra NATO-Rusiya münasibətləri kökündən dəyişdi. 1997-2002-ci illər arasında başlayan və Rusiyanı Avropa təhlükəsizlik arxitekturasına tərəfdaş kimi daxil etməyi hədəfləyən siyasət ümidsiz şəkildə süquta uğradı. İndi Rusiya NATO üçün uzunmüddətli, real, sistemli təhdid faktoru, müdafiə və çəkindirmə planlarının əsas obyektidir. 

Sınaq mərhələsi

Ukraynada yüz minlərlə insanın ölümü, bütöv şəhərlərin yox olması, infrastrukturun dağıdılması, fəsadları on illər boyu davam edəcək kütləvi travmalar hesabına baş verən bu NATO oyanışı Rusiya təhlükəsinin anlaşılması baxımından gecikmiş, amma şübhəsiz ki, mühüm dönüşdür. NATO Rusiyanı uzunmüddətli, sistemli təhlükə kimi qəbul edir, regional müdafiə planları hazırlayır, Ukraynaya dəstək verir, müdafiə xərclərini artırır. Ancaq əsas sual  məhz burada ortaya çıxır–bütün bu addımların hərbi və siyasi baxımdan praktik nəticələri ilə bağlı birmənalı optimist qənaətə gəlmək mümkündürmü? Əvvəla, NATO daxilindəki çatlar, xüsusilə də böyük ölçüdə Tramp administrasiyasının dərinləşdirdiyi ABŞ-Avropa ziddiyyəti alyansın Rusiyaya qarşı effektiv mübarizəsinə imkan verəcəkmi? İkincisi, texniki imkanlar, hərbi qabiliyyətlər, üzv ölkələrin fərqli maraqları və fərqli vektorlar arasındak balans manevrləri (Türkiyə kimi) qəbul edilən strategiya və planların reallaşmasına imkan verəcəkmi?

Hazırda NATO-nun müdafiə duruşu  kəşfiyyat, müşahidə və hədəf-axtarış imkanları (ISR), strateji nəqliyyat, komandanlıq və nəzarət (C2), habelə ABŞ-ın nüvə çətirinin təmin etdiyi genişləndirilmiş çəkindirmə baxımından böyük ölçüdə ABŞ hərbi dəstəyinə əsaslanır. ABŞ-ın getdikcə Hind-Sakit Okean bölgəsinə yönəlməsi, Avropada strateji muxtariyyət çağırışları və Trampın NATO-dan ayrılma təhdidləri nəzərə alındığı zaman bu vəziyyət Avropa üçün ciddi risk qiymətləndirməsini  qaçılmaz hala gətirir.  

NATO-nun Rusiya aqressiyasına qarşı çəkindirmə və ya sürətli cavab qabiliyyətini aşağıdakı faktorlar  məhdudlaşdırır:

  • Regionda kifayət qədər böyük və döyüşə hazır qüvvəsinin olmaması;
  • İnteqrasiya edilmiş hava və raket müdafiə sistemlərinin çatışmazlığı;
  • Logistika və dəstək mexanizmlərinin ləngliyi;
  • Özünəməxsus strateji hərəkətlilik mexanizmlərinin çatışmazlığı, ABŞ-ın hava və dəniz nəqliyyatından asılılıq;
  • Regionda inteqrasiya olunmuş komandanlıq-nəzarət, kəşfiyyat, müşahidə, hədəf-axtarış fəaliyyətlərində ABŞ-dan asılılıq (Atlantic Council, 2025). 

ABŞ-sız NATO kağız üzərində say və texnologiya baxımından daha üstün görünsə də, Rusiya sərhədlərinə yaxın regionlarda Moskvanın mümkün hücumlarına sürətlə cavab verəcək operativ əməliyyat, logistika və şəxsi heyət hazırlığı  baxımından zəifdir. Qəbul edilən strategiya və planlar bu zəifliyin aradan qaldırılması baxımından irəliyə doğru addım sayıla bilər, ancaq hələlik problemi həll edəcək səviyyədə deyil. 

Beynəlxalq platformalarda analitiklər uzun müddətdir ABŞ olmadan NATO-nun Avropada Rusiyaya qarşı müdafiəsinin effektivliyinə dair diskussiyalar aparırlar. IISS-in 2025-ci ildə hazırladığı hesabat sərt reallığı rəqəmlərlə göstərir. Buna görə, ABŞ NATO-dakı rolunu azaltsa, Avropa NATO-su Rusiyadan müdafiə olunmaq üçün təxminən 1 trilyon dollarlıq əlavə xərc və müdafiə-sənaye potensialına ehtiyac duya bilər. Çünki ABŞ Avropadan çəkildiyi təqdirdə NATO-nun avropalı müttəfiqləri yalnız böyük ABŞ hərbi platformalarını və 128 minlik hərbi kontingentini dəyişdirməklə problemi həll edə bilməz, eyni zamanda kosmos, kəşfiyyat, müşahidə, proqram təminatı  və s. sahələrdəki boşluqlarla da üz-üzə qalacaq. Bundan əlavə, NATO-nun komandanlıq və nəzarət mexanizmlərindəki hazırkı ABŞ üstünlüyünün yerini doldurmaq da lazım gələcək. Bütün bunlar Avropa ölkələrini müdafiə sahəsinə investisiyaları kəskin şəkildə artırmağa, müdafiə büdcələrini soyuq müharibə dövrünə yaxın səviyyəyə gətirməyə məcbur edəcək (IISS, 2025a). 

Hətta Ukrayna müharibəsi davam edərkən Rusiyanın başqa bir Avropa ölkəsinə hücumunun yüksək ehtimal olmadığını düşünən ehtiyatlı analitiklər belə qeyd edirlər ki, gözlənilməz bir böhran və ya Ukraynanı işğalı qərarındakı kimi yanlış hesablama, Rusiyanın NATO-nun 5-ci maddə təminatının sadəcə “ölü məktub” olduğunu sübut etmək üçün qonşularından  birinə hücum etməsinə səbəb ola bilər. Avropanın adi silahlara əsaslanan müdafiə xətti qurulmadan, ABŞ-ın nüvə çətirindən çıxdıqdan sonra Rusiyadan gələ biləcək nüvə silahı təhdidlərinə qarşı çəkindirmə mexanizmi yaradılmadan baş verən avro-atlantik ayrılığın Putin üçün fürsət pəncərəsi aça biləcəyi də mümkün təhlükələr arasında göstərilir (Rumer, 2026).  

Strateji dəyərləndirmələr ölkələrə görə dəyişsə də, Rusiyanın NATO üzvlərinə iki ya da beş il ərzində birbaşa təhlükə yaradacağına dair çoxsaylı proqnozlar var.   Bunun üçün 2027-ci il kimi daha yaxın tarix də səsləndirilir, əsas risk bölgəsi kimi isə Baltik ölkələri göstərilir (IISS, 2025 b). 

Analizlərdə Baltik regionunun Rusiyanın mümkün növbəti hədəfi kimi önə çıxması səbəbsiz deyil. NATO-nun qabiliyyət boşluqları xüsusilə Baltik regionu da daxil olmaqla şərq cinahında daha kəskin görünür. Analistlərin əksəriyyəti hesab edir ki, NATO sürətlə Skandinaviyadan Baltik və Qara dəniz regionuna  qədər müdafiə xəttini gücləndirməzsə, ağır qüvvələrin irəli yerləşdirilməsini sürətləndirməzsə, inteqrə edilmiş hava və raket müdafiəsi imkanlarını artırmazsa, çoxdomenli komandanlıq-nəzarət və kəşfiyyat infrastrukturuna, quru və dəmir yolu dəhlizlərinə sərmayə  qoymazsa, Rusiya NATO-nun hazırlığını və siyasi iradəsini sınağa çəkmək imkanı qazana bilər (Atlantic Council, 2025). 

Diqqət çəkilən başqa bir məqam da problemin ciddiliyinin hələ də tam qavranılmaması ilə bağlıdır. RAND analitiklərinə görə, Avropa müttəfiqləri indidən başlayaraq müdafiə sənayesinə  daha çox investisiya qoymasalar, Rusiyanı çəkindirməyin gələcəkdəki xərci daha böyük olacaq; Ukraynanın Rusiyanın nüfuz dairəsində qalması və Moskvanın Çin kimi aktorlarla daha da yaxınlaşması avro-atlantik təhlükəsizlik üçün uzunmüddətli və çox bahalı qeyri-sabitlik yaradacaq: “Problem budur ki, bir neçə istisna olmaqla, avropalılar belə bir ssenarinin müttəfiq təhlükəsizliyinə vuracağı böyük ziyanı qavraya bilmirlər” (Dowd və Flanagan, 2025). 

Buna eyni zamanda Rusiya aqressiyasının xarakterik xüsusiyyətlərinin tam başa düşülməməsi də daxildir. Rusiya təhlükəsinin ciddiliyi onun hərbi gücündə deyil, hərbi gücünü manipulyasiya, dezinformasiya, kiberhücumlar və sabotaj kimi hibrid taktikalarla birləşdirərək “boz zona” yaratmaq qabiliyyətindədir.  Qərb bu məsələdə Rusiyaya uduzur - “KHAR Center”in Rusiyanın Avropadakı propaqanda fəaliyyətlərinə dair çoxsaylı analizləri də Kremlin hibrid taktikalardan istifadə edərək hərbi işğal və aqressiya faktını bulanıqlaşdırmağa çalışdığına dair çoxsaylı faktları ortaya çıxarıb (KHAR Center, 2025). Rusiya NATO ölkələrinə klassik hərbi hücum etmir, amma dronlar göndərir (Polşa, Estoniya, Rumıniya və s. nümunələrdə olduğu kimi) və ya sabotajlar, kiberhücumlar təşkil edir, ancaq bütün bunları asanlıqla inkar edir. Bununla yalnız hücumun  hüquqi və siyasi sərhədlərini bulanıqlaşdırmağı hədəfləmir, eyni zamanda NATO daxilində fikir ayrılıqlarını qızışdırır.  Bu provokasiyalar çox vaxt 5-ci maddənin tətbiqi həddinə çatmır, amma təhlükəsizlik və NATO-nun etibarlılığı baxımından ciddi risklər yaradır (Momtaz, 2025). Bu baxımdan NATO-nun, xüsusilə də alyansın Avropa qanadının qarşısında 2027-ci ilə qədər yenidən canlanan Rusiya təhdidini dəf etmək üçün müharibə konsepsiyalarını və qabiliyyətlərini sürətlə dəyişdirməsi kimi mühüm və çətin vəzifə durur. Bu, hər şeydən əvvəl sürətli qərar qəbul etmə, texnoloji yeniliklərə sərmayə qoyma, işlək inteqrasiya və müttəfiqlik tələb edir (Kramer və Taylor, 2025). 

Ancaq məhz bu sonuncu - işlək inteqrasiya və müttəfiqlik məsələsində də NATO-nun qarşısında duran ciddi problemlər mövcuddur. Bunlardan biri də NATO sammitinə ev sahibliyi edəcək Türkiyədir. Türkiyə şübhəsiz ki, NATO-nun hərbi baxımdan mühüm, coğrafi baxımdan həyati əhəmiyyət daşıyan, üstəlik, regional olaraq da ən güclü aktorlarından biridir. Dünyada baş verən sürətli dəyişikliklər, Yaxın Şərqdən Cənubi Qafqaza qədər yenidən formalaşan güc balansı,  ABŞ-ın Avropaya təzyiqləri, alyansın yeni regional müdafiə planları, ABŞ xaricindəki NATO-nun qabiliyyət, hərbi hərəkətlilik, maliyyə və s. kimi boşluqları Ankaranın alyans daxilindəki yerini və əhəmiyyətini daha da gücləndirir. Ancaq bununla yanaşı, Ankaranın daxili və xarici siyasət xətti, Yunanıstan və Cənubi Kipr ilə anlaşmazlıqları, Rusiyadan S-400 müdafiə sistemləri alması, Avropa hökumətləri və qurumları ilə problemləri Türkiyəni NATO-nun ən çətin üzvlərindən birinə çevirib (Mammadov, 2026).  Türkiyə bir çox prinsipial məsələdə son anda alyansın qərarlarına qoşulsa da (NATO-nun regional planlarının imzalanması, İsveç və Finlandiyanın üzvlüyü kimi), bunu problemsiz müttəfiq kimi deyil, daha çox Rusiya ilə NATO arasında ziqzaqlı balans siyasəti aparan, Moskvanın orbitinə yaxınlaşma mesajıyla Qərbdən imtiyazlar almağa çalışan, ya da Qərbin təhdidləri ilə geri addım atmağa məcbur olan aktor kimi edib. 

Qara dənizin Avropa təhlükəsizliyinin mərkəzi səhnəsinə çevrildiyi, NATO-nun Rusiyanı region və ittifaq üçün əsas və birbaşa təhlükə elan etdiyi, Ukraynadakı müharibənin bitməsinə dair heç bir əlamətin görünmədiyi dövrdə Ankarada keçiriləcək sammitdən əvvəl prezident Ərdoğanın oğlu Bilal Ərdoğanın Sankt Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumda iştirakı (AA, 2026), daha sonra isə xarici işlər naziri Hakan Fidanın Moskvaya səfəri (Reuters, 2026) kimi faktlar Ankaranın hələ də NATO daxilindəki  “Rusiya kartı”nı  əlində saxlamaq niyyətində olduğunu göstərir. Ankara bir tərəfdən NATO-nun cənub-şərq planlarında aktiv rol oynama niyyəti nümayiş etdirərkən (NATO çoxmillətli korpus qərargahı, Ukrayna Könüllülər Koalisiyası üçün dəniz qərargahı qurmaq, Ukrayna prezidenti Volodimir Zelenskini sammitə dəvət etmək kimi) digər tərəfdən bu planların əsas təhlükə obyekti–Rusiya ilə münasibətlərini pozmaq istəmir. Bənzər paradoks NATO-da da var. Alyansın avropalı müttəfiqləri də Türkiyədəki gedərək dərinləşən avtoritarizmin və Rusiya ilə əlaqələrdəki asılılıq-maraq faktorunun fərqində olsalar da, Ankaranın coğrafi-hərbi-strateji əhəmiyyəti səbəbilə Ərdoğan iqtidarı ilə münasibətlərdə olduqca ehtiyatlı davranırlar. Yəni tərəflərin bir-birini qorumağın və birlikdə hərəkət etməyin vacibliyini anladığı, ancaq qarşılıqlı etimadsızlığın hökm sürdüyü bir münasibətlər sistemi formalaşıb. 

NƏTİCƏ 

Bütün bu yazılanları nəzərə aldığımız zaman məqalənin əsas suallarından ikincisinin cavabı aydın olur. Rusiyanın yaxınlaşdırılaraq, tərəfdaşlıq mexanizmlərinə daxil edilərək təhlükə olmaqdan çıxarıla biləcəyinə dair illüziyaların hakim olduğu dövr artıq arxada qalıb. NATO 2022-ci ildən bəri Rusiyanı tərəfdaşlıq mexanizmləri ilə idarə edilə biləcək aktor kimi yox, uzunmüddətli, sistemli və birbaşa təhlükə kimi qəbul edir. 2022-ci ildə qəbul edilən Strateji Konsepsiya, 2023-cü ildə qəbul edilən Regional Müdafiə Planları, bu çərçivədə yaradılan NATO Qüvvə Modeli, Ukrayna üçün yeni dəstək mexanizmlərinin yaradılması, Finlandiya və İsveçin alyansa qoşulması kimi addımlar NATO ilə Rusiya arasında soyuq müharibədən sonrakı ən sərt qarşıdurma mərhələsinin başladığını göstərir. 

Ancaq eyni zamanda kağız üstündə çox güclü görünən bu müdafiə arxitekturası daha çox ABŞ-dan asılılıq, bir az da alyans daxilindəki digər ziddiyyətlər, hərbi qabiliyyət boşluqları və bu kimi operativ çatışmazlıqlar, eyni zamanda avropalı müttəfiqlər arasındakı təhlükəni qavrama fərqlilikləri səbəbilə ciddi sınaqlarla üz-üzədir. Avropa NATO müdafiəsində öz rolunu artırmaq üçün yaxın və orta perspektivdə  konkret addımlar atmaq məcburiyyətindədir; çünki yalnız ABŞ-a əsaslanan model həm siyasi, həm də hərbi baxımdan getdikcə daha riskli hala gəlir. Digər tərəfdən, Avropa bu addımları atmaqda çox qərarlı olsa belə, Rusiya təhlükəsinə qarşı çəkindirmə və operativ cavab mexanizmini qurması ciddi vaxt və maliyyə tələb edən prosesdir. Rusiya isə bu vaxtda oturub gözləmir, əksinə, bu boşluqları fürsətə çervirir. 

Alyans daxilində etimad böhranının yaşandığı, Türkiyə kimi mühüm müttəfiqin balans siyasəti adıyla işlək müttəfiqlik mexanizmini yavaşlatdığı, Ukrayna müharibəsinin sonunun görünmədiyi, Rusiyanın yeni hücum hədəflərinə dair proqnozların verildiyi dövrdə NATO-nun əsas problemi təhlükəni tanımaq deyil, bu təhlükəyə qarşı real müdafiə və çəkindirmə mexanizmlərini ortaya qoymaq, birgə hərəkət edə bilməkdir.  Bu baxımdan Ankara sammiti üçün  məqaləmizin birinci sualı daha çox aktuallıq kəsb edir. Bu sammitdə müttəfiqlər ya ABŞ və Avropa arasındakı körpüləri yanmaqdan xilas edəcəklər,  ya da mövcud ziddiyyətlər daha da dərinləşəcək.  


Qeyd: Oxuduğunuz yazı orijinal olaraq Azərbaycan dilində yazılmışdır.



İSTİNADLAR 

NATO, 2026. NATO summits. https://www.nato.int/en/what-we-do/introduction-to-nato/nato-summits

Ceylan, Mehmet Fatih, 2026. Transatlantik topluluğun kâbusu mu, umudu mu: Nato Ankara Zirvesi. https://yeniarayis.com/yazi/transatlantik-toplulugun-kabusu-mu-umudu-mu-nato-ankara-zirvesi-15496

Rumer, Eugene, 2026. Belligerent and Beleaguered: Russia After the War with Ukraine. https://carnegieendowment.org/research/2026/03/russia-ukraine-postwar-divided-european-security

Gressel, Gustav, 2016. The dangerous decade: Russia-NATO relations 2014 to 2024. https://ecfr.eu/article/commentary_the_dangerous_decade_russia_nato_relations_2014_to_2024/

U.S. Department of State, 1997. Fact Sheet: NATO-Russia Founding Act. https://1997-2001.state.gov/regions/eur/fs_nato_whitehouse.html

NATO, 1997. Founding Act on Mutual Relations, Cooperation and Security between NATO and the Russian Federation. https://archives.nato.int/uploads/r/null/1/3/137932/0329_NATO_and_the_Russian_Federation-Founding_Act_1997_ENG.pdf

NATO, 2024. NATO-Russia Council. https://www.nato.int/en/about-us/organization/nato-structure/nato-russia-council

The Guardian, 2008. Putin warns NATO over expansion. https://www.theguardian.com/world/2008/apr/04/nato.russia

De Haas, Marcel, 2009. NATO-Russia Relations after the Georgian Conflict. https://www.clingendael.org/sites/default/files/pdfs/20090000_cscp_artikel_mhaas.pdf

NATO, 2010. Active Engagement, Modern Defence: Strategic Concept for the Defence and Security of the Members of the North Atlantic Treaty Organisation. https://www.nato.int/content/dam/nato/legacy-wcm/media_pdf/pdf_publications/20120214_strategic-concept-2010-eng.pdf


Harvard Kennedy School, 2020. Budapest Memorandum at 25: Between Past and Future. https://www.hks.harvard.edu/publications/budapest-memorandum-25-between-past-and-future 

Klein, Margarete və Major, Claudia, 2015. Perspectives for NATO-Russia Relations. Forms of Confrontation Dominate – But Dialogue not Excluded. https://www.swp-berlin.org/publications/products/comments/2015C49_kle_mjr.pdf

Alcaro, Riccardo, 2014. A Cold Peace? Western-Russian Relations in Light of the Ukraine Crisis. https://www.iai.it/sites/default/files/iai1411.pdf

NATO, 2022. NATO 2022 Strategic Concept. https://www.nato.int/content/dam/nato/webready/documents/publications-and-reports/strategic-concepts/2022/290622-strategic-concept.pdf


NATO, 2025a. NATO Response Force (2002-2024). https://www.nato.int/en/what-we-do/deterrence-and-defence/nato-response-force-2002-2024

Loorents, Nele, 2024. NATO’s Regional Defence Plans. https://icds.ee/wp-content/uploads/dlm_uploads/2024/07/No-5_NATOs-Regional-Defence-Plans_Nele-Loorents.pdf

KHAR Center, 2026. Türkiyə ilə Rusiya Arasında Səssiz Gərginlik. https://kharcenter.com/arasdirmalar/turkiye-ile-rusiya-arasinda-sessiz-gerginlik

NATO, 2025b. Relations with Ukraine. https://www.nato.int/en/what-we-do/partnerships-and-cooperation/relations-with-ukraine

Reuters, 2024. NATO takes over coordination of military aid to Kyiv from US, source says. https://www.reuters.com/world/nato-takes-over-coordination-military-aid-kyiv-us-source-says-2024-12-17/

NATO, 2023. North Atlantic Council statement on the Allied response to Russia's withdrawal from the Treaty on Conventional Armed Forces in Europe. https://www.nato.int/en/about-us/official-texts-and-resources/official-texts/2023/11/07/north-atlantic-council-statement-on-the-allied-response-to-russias-withdrawal-from-the-treaty-on-conventional-armed-forces-in-europe

SIPRI, 2025. Unprecedented rise in global military expenditure as European and Middle East spending surges. https://www.sipri.org/media/press-release/2025/unprecedented-rise-global-military-expenditure-european-and-middle-east-spending-surges

Atlantic Council, 2025.  For NATO in 2027, European leadership will be key to deterrence against Russia. https://www.atlanticcouncil.org/in-depth-research-reports/issue-brief/for-nato-in-2027-european-leadership-will-be-key-to-deterrence-against-russia/

IISS, 2025a. Defending Europe Without the United States: Costs and Consequences. https://www.iiss.org/research-paper/2025/05/defending-europe-without--the-united-states-costs-and-consequences/

IISS, 2025b. Progress and Shortfalls in Europe’s Defence: An Assessment. https://www.iiss.org/publications/strategic-dossiers/progress-and-shortfalls-in-europes-defence-an-assessment/introduction/

Dowd, Anna və Flanagan, Stephen, 2025. Time to Reassess the Costs of Euro-Atlantic Security. https://www.rand.org/pubs/commentary/2025/02/time-to-reassess-the-costs-of-euro-atlantic-security.html

KHAR Center, 2025. Rusiyanın antiqərb propaqandasının təsir alətləri: hörümçək toru. https://kharcenter.com/nesrler/rusiyanin-antiqerb-propaqandasinin-tesir-aletleri-horumcek-toru

Momtaz, Rym, 2025. Taking the Pulse: Should NATO Have Shot Down Russian Planes Violating Estonian Airspace? https://carnegieendowment.org/europe/strategic-europe/2025/09/taking-the-pulse-should-nato-have-shot-down-russian-planes-violating-estonian-airspace

Kramer, Franklin və Taylor, Kristen, 2025. Immediate steps that Europe can take to enhance its role in NATO defense. https://www.atlanticcouncil.org/in-depth-research-reports/issue-brief/immediate-steps-that-europe-can-take-to-enhance-its-role-in-nato-defense/

Mammadov, Ali, 2026. NATO’s Turkey Paradox. https://mwi.westpoint.edu/natos-turkey-paradox/

Anadolu Ajansı, 2026. Dünya Etnospor Birliği Başkanı Bilal Erdoğan, St. Petersburg Uluslararası Ekonomi Forumu'nda konuştu. https://www.aa.com.tr/tr/spor/dunya-etnospor-birligi-baskani-bilal-erdogan-st-petersburg-uluslararasi-ekonomi-forumunda-konustu/3957985

Reuters, 2026. Turkey's foreign minister to visit Moscow for talks on Ukraine, Black Sea. https://www.reuters.com/world/middle-east/turkeys-foreign-minister-visit-moscow-talks-ukraine-black-sea-2026-06-15/

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin