(Yazı Khar Centerin Azərbaycan avtoritarizmi araşdırmaları çərçivəsində hazırlanıb)
Giriş
Uzun müddət Azərbaycanda vətəndaş cəmiyyətində siyasi şərhdən qəsdən uzaq duran “grassroots” təşəbbüsləri hesab edirdilər ki, Abzas Media, Majlis.info, Toplum TV və Demokratik Təşəbbüslər İnstitutu kimi qurumlar hakimiyyət tərəfindən hədəf alındıqlarından agah idi və “açıq şəkildə siyasi mövqe ifadə edir” və “siyasi fəaliyyətlə məşğul olurdular”. Bunun əksinə olaraq, daha kiçik qruplar siyasi mövqedən yayınmaqla fəaliyyətlərini nisbətən təhlükəsiz saxlaya biləcəklərinə inanırdılar (KHAR Center 2025).
2023-cü ildən etibarən Azərbaycanda siyasi həbslər dalğası jurnalistlərə, vətəndaş cəmiyyəti üzvlərinə, tədqiqatçılara, fəallara və müstəqil media təmsilçilərinə tədricən yayıldı. Bu dalğa bu gün də azad media, araşdırmaçılar, ictimai fəallar və vətəndaş cəmiyyəti üçün ciddi təhlükə olaraq qalır. Sadə dillə desək, jurnalistlər korrupsiyaya, məmur mülklərinə və özbaşınalıqlara işıq tutduqları, pasifistlər “qələbə” narrativini kölgələdikləri, ekoloji və işçi hüquqları fəalları isə hakimiyyətə qarşı tənqidlər səsləndirdikləri üçün hədəfə çevriliblər. Bu ümumi mənzərə daxilində hakimiyyətin repressiya siyasətinin sosial iş sahəsindən də kənarda qalmadığını görürük. Bu məsələ xüsusilə 2026-cı il 11 mart tarixində “QHT işi” çərçivəsində həbs olunmuş yeganə sosial işçi Zamin Zəkiyevə 7 il 6 ay həbs cəzası verilməsi fonunda daha da aktuallaşır. Dünya Sosial İş Günü ərəfəsində baş verən bu hökm Azərbaycanda sosial iş peşəsinin niyə və necə kriminallaşdırıldığı sualını yenidən gündəmə gətirir.
KHAR Center-in bu analizinin əsas iddiası budur ki, Azərbaycanda sosial işin kriminallaşdırılması sosial iş peşəsinin formal olaraq cinayət hesab edilməsindən deyil, onun daşıdığı sosial-siyasi potensialdan irəli gəlir. Avtoritar rejimlər yalnız açıq siyasi opponentləri deyil, həm də cəmiyyətdə etimad, şəbəkə, informasiya və kollektiv fəaliyyət imkanları yaradan qeyri-siyasi aktorları potensial təhlükə kimi görürlər. Bu baxımdan sosial işçi “siyasi olmayan” şəxs sayılsa belə, rejimin gözündə təhlükəsiz aktor deyil.
Mövcud yanaşmalar əsasən Azərbaycanda repressiyaları siyasi müxalifət və müstəqil media üzərindən izah edir. Lakin bu məqalə diqqəti sosial iş kimi formal olaraq qeyri-siyasi sahəyə yönəldərək, repressiyanın daha geniş və struktur xarakter daşıdığını göstərir. Bu mənada mövzu Azərbaycanda artan repressiya şəraitində “siyasi olmayan” peşələrin də hədəfə alınmasının izah edilməməsi səbəbilə seçilmişdir.
Analizin sualı: Azərbaycanda vətəndaş cəmiyyətinə davam edən son hücum nümunəsində avtoritar rejimləri qeyri-siyasi aktorları təqib etməkdə nə motivə edir?
Niyə avtoritar rejimlər qeyri-siyasi aktorlara da repressiya tətbiq edir?
Bu təhlildə həm nəzəri ədəbiyyatdan, həm də empirik mənbələrdən istifadə olunur. Nəzəri hissə avtoritar repressiya və hüququn alətə çevrilməsi barədə akademik əsərlərə əsaslanır. Empirik hissə isə Zamin Zəkiyev işi ilə bağlı media materialları, hüquqi ittihamlar və insan hüquqları yönümlü hesabatlar üzərindən qurulur. Bu mənbələr hadisəni anlamaq üçün vacib olsa da, xüsusən media və hüquq müdafiə mənbələrinin hər biri müəyyən institusional mövqedən çıxış etdiyi üçün onlar tənqidi şəkildə oxunmalıdır.
Azərbaycan nümunəsindən çıxış edərək “niyə rejimlər qeyri-siyasi aktorlara qarşı da repressiya tətbiq edirlər?” sualını konseptuallaşdırmaq üçün bir neçə nəzəri yanaşmadan istifadə etmək mümkündür. Xüsusilə Christian Davenport-un “State Repression and the Domestic Democratic Peace” və Tom Ginsburg ilə Tamir Moustafanın “Rule by Law: The Politics of Courts in Authoritarian Regimes” əsərləri bu suala cavab vermək üçün məhsuldar çərçivə təqdim edir. Bu ədəbiyyatların göstərdiyi əsas məqam odur ki, demokratik olmayan rejimlər repressiyanı yalnız reaktiv vasitə kimi deyil, həm də profilaktik idarəetmə mexanizmi kimi işlədirlər. Yəni rejim təhlükə açıq şəkildə formalaşandan sonra deyil, onun formalaşma ehtimalı yaranan kimi hərəkət edir. Bu məntiqə görə QHT-lər, sosial işçilər, akademiklər, araşdırmaçılar və vətəndaş cəmiyyəti üzvləri birbaşa siyasi partiya nümayəndəsi olmasalar da, müxalifətin təşkilati infrastrukturu kimi görülə bilərlər.
Burada əsas məsələ “potensial təhlükə” məntiqidir. Sosial işçilər və digər vətəndaş cəmiyyəti aktorları insanları bir araya gətirə, həssas qruplarla işləyə, etimad münasibətləri qura, alternativ məlumatlar toplaya və ictimai problemləri görünən edə bilirlər. Rejim üçün təhlükə yalnız seçkiyə qatılan və ya açıq siyasi şüar səsləndirən şəxsdən ibarət deyil; təhlükə həm də cəmiyyətdə təşkilatlanma, əlaqələnmə və məlumat mübadiləsi imkanları yaradan aktorlardan ibarətdir. Bu baxımdan “siyasi olmayan olmaq” “təhdid etməmək” demək deyil. Çünki siyasət yalnız seçkilərdən, partiyalardan və parlamentdən ibarət deyil. Siyasət eyni zamanda təşkilatlanma, şəbəkələr, ictimai etimad və informasiya üzərində nəzarət məsələsidir. Avtoritar rejimlər isə məhz bu nəzarətsiz informasiya axınlardan qorxurlar.
Repressiya, legitimlik və kriminallaşdırma anlayışları haqqında
Repressiyanı yalnız zorakılıq kimi başa düşmək kifayət etmir. Davenport-un yanaşmasına görə, repressiya dövlətin vətəndaşların azadlıqlarını məhdudlaşdırmaq, bədəninə və psixologiyasına təsir göstərmək üçün istifadə etdiyi məcburetmə mexanizmidir. Buraya həbs, fiziki məhdudiyyət, izləmə, sorğu-sual, təzyiq və digər vasitələr daxildir. Repressiya sadəcə cəzalandırmaq deyil; o, həm də davranışı formalaşdırmaq, sərhədləri müəyyən etmək və cəmiyyətə “kim nə edə bilər” sualının cavabını zor vasitəsilə verməkdir. Bu çərçivədə avtoritar rejimlər üçün hüquq və məhkəmə sistemi də repressiyanın mühüm hissəsinə çevrilir. Zaman keçdikcə uzun ömürlü rejimlər legitimlik ritorikasını yalnız sabitlik, inkişaf və təhlükəsizlik üzərindən deyil, getdikcə daha çox “qanunun aliliyi”, “hüquqi dövlət” və “məhkəmə proseduru” üzərindən qurmağa çalışırlar. Bunun səbəbi onların keçmişin açıq və nümayişkaranə zorakılıq üsullarından uzaq görünmək, özlərini daha rasional və institusional hakimiyyət kimi təqdim etmək istəmələridir (Davenport 2007). Bu nöqtədə “rule of law” ilə “rule by law” arasındakı fərq vacibdir. “Rule of law” hüququn hakimiyyət üzərində üstünlüyünü nəzərdə tutur. “Rule by law” isə hüququ hakimiyyətin alətinə çevirir. Avtoritar rejimlər çox vaxt ikinci modeldən istifadə edirlər: qanun müstəqil ədalət mexanizmi kimi deyil, hakimiyyətin rəqiblərini, tənqidçilərini və potensial təhlükələri neytrallaşdırmaq üçün işlədilir. Məhz buna görə avtoritar sistemlərdə məhkəmələr tamamilə ləğv edilmir. Əksinə, onlar fəaliyyətini davam etdirirlər, amma rejimin “əsas maraqları”na toxunan məsələlərdə uyğunlaşma nümayiş etdirirlər. Hakimlər çox yaxşı anlayırlar ki, onların sistem daxilində mövqeyi zəifdir və icra hakimiyyətinin əsas maraqlarına qarşı çıxmaq həm şəxsi, həm də institusional baxımdan təhlükəlidir. Nəticədə, məhkəmələr bəzən kənar və ya ikinci dərəcəli sahələrdə müəyyən muxtariyyət nümayiş etdirdikləri halda, rejimin siyasi nəzarətini təmin edən “əsas hüquqi mexanizmlər” mövzusunda uyğunlaşma göstərirlər. Paradoksal olaraq, məhkəmə icra hakimiyyətinə nə qədər çox loyal davranırsa, rejim ona bir o qədər çox “institusional muxtariyyət” verməyə hazır olur (Ginsburg and Moustafa 2008).
Bu mənada kriminallaşdırma anlayışını aydınlaşdırmaq bu analiz üçün vacibdir. Beynəlxalq hüquq dövlətlərə müəyyən əməlləri öz milli qanunvericiliyində cinayət əməli kimi müəyyən etmək imkanı verir. Məsələn, korrupsiya, insan alveri, xəsarət yetirmə kimi əməllər cinayət sayılır. Bu səlahiyyət dövlətə məxsusdur və Azərbaycan Respublikasında Konstitusiya və Cinayət Məcəlləsi çərçivəsində həyata keçirilir. Azərbaycan hüquq sistemində “kriminallaşdırma”nın ayrıca normativ tərifi olmasa da, cinayət hüququ nəzəriyyəsi baxımından onu belə təsvir etmək olar: kriminallaşdırma müəyyən davranışın dövlət tərəfindən ictimai təhlükəli əməl hesab edilərək ona görə cinayət məsuliyyətinin müəyyən edilməsidir. Bu anlayışı iki formada fərqləndirmək mümkündür:
- Formal kriminallaşdırma o halda baş verir ki, müəyyən əməl cəmiyyət üçün təhlükəli sayılır, cinayət tərkibi kimi müəyyən olunur və qanunvericilikdə ayrıca maddə ilə cinayət hesab edilir (Rios, Victor M. 2011). Bu mənada sosial iş fəaliyyəti Azərbaycan qanunvericiliyində ayrıca cinayət əməli kimi nəzərdə tutulmur. Sosial işçinin peşə fəaliyyəti formal olaraq qadağan edilmiş və ya cinayət tərkibi kimi müəyyən edilmiş deyil (sosial işçinin peşə fəaliyyəti nə olduğu haqqında növbəti hissədə məlumat veriləcək).
- De-fakto kriminallaşdırma isə başqa mənzərə yaradır. Burada fəaliyyət qanunda qadağan edilməsə də, praktikada hüquq-mühafizə orqanlarının sərt tətbiqi, institusional təzyiq, məhkəmə təqibi, ictimai damğalama və digər vasitələrlə faktiki olaraq cəzalandırılan fəaliyyətə çevrilir (Demetriou 2022). Yəni fəaliyyət hüquqi baxımdan leqal qala bilər, amma onu icra edənlər üçün real risk, təqib və cəza mühitinə çevrilir. Sosial işin Azərbaycanda üzləşdiyi problem də məhz budur: bu fəaliyyət formal olaraq cinayət olmasa da, müəyyən hallarda onu həyata keçirən şəxslər faktiki olaraq cinayətkar kimi təqdim edilə və cəzalandırıla bilirlər.
İndi isə Azərbaycanda “QHT işi” çərçivəsində həbs olunan şəxslərə qarşı irəli sürülən ittihamlara nəzər yetirək. Onların ortaq bir patterni var: fırıldaqçılıq, qaçaqmalçılıq, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı, çirkli pulların yuyulması və s. Bu ittihamların heç biri formal olaraq “siyasi cinayət” deyil. Siyasi cinayət anlayışı beynəlxalq hüquqda adətən dövlətin özünə və ya siyasi quruluşuna qarşı yönəlmiş, yaxud siyasi motivlə törədilmiş əməlləri ifadə edir (Watson n.d.). Bununla belə, Avropa Şurasının Parlament Assambleyasının yanaşmasına görə, şəxs adi cinayət maddələri ilə ittiham olunsa belə, əgər təqib siyasi motivlərlə aparılırsa, bu hal siyasi xarakter daşıya bilər (PACE Resolution 1900, 2012). Məhz burada avtoritar hüquq idarəçiliyinin klassik patterni üzə çıxır: rejim siyasi və ictimai təhlükə saydığı şəxsləri cəzalandırmaq üçün adi cinayət qanunundan istifadə edir. Beləliklə, həbs olunan şəxs siyasi fəaliyyətinə görə deyil, guya cinayət xarakterli hərəkətlərinə görə məsuliyyətə cəlb olunmuş kimi göstərilir.
Bu təhlilə qarşı irəli sürülə biləcək əsas arqument o ola bilər ki, sosial işçilər və QHT təmsilçiləri siyasi mövqelərinə görə deyil, konkret hüquqi və maliyyə pozuntularına görə məsuliyyətə cəlb olunurlar. Bu baxışa görə, dövlətin xarici maliyyələşmə, vəzifə səlahiyyətlərindən istifadə və sənədləşmə məsələlərinə nəzarət etməsi adi hüquqi idarəetmə praktikası kimi təqdim oluna bilər. Lakin məsələ yalnız ittihamların formal hüquqi adına baxmaqla həll olunmur. Əsas sual bu ittihamların kimlərə, hansı seçiciliklə və hansı siyasi-sosial kontekstdə tətbiq edilməsidir. Eyni tip ittihamların məhz müstəqil media, vətəndaş cəmiyyəti və ictimai etimad yaradan aktorlara yönəlməsi göstərir ki, burada söhbət potensial sosial-siyasi təsiri olan aktorların nəzarət altına alınmasından gedir. Bu üsul hakimiyyətə iki üstünlük verir. Birincisi, o, repressiyanı depolitikləşdirir və “biz siyasi mövqeyə görə deyil, qanun pozuntusuna görə həbs edirik” deməyə imkan yaradır. İkincisi, beynəlxalq və daxili tənqidləri zəiflətmək üçün hüquqi görünüş yaradır. Bu mənada Zamin Zəkiyevin də daxil edildiyi işin “QHT işi” adlandırılması təsadüfi deyil. Bu, vətəndaş cəmiyyətinin bütöv bir sahəsinin cinayət şübhəsi altına alınması və beləliklə ictimai etimadının sarsıdılması strategiyasının tərkib hissəsi kimi görünür.
Sosial iş nədir, Ubuntu fəlsəfəsi nəyə əsaslanır və Sosial işçi Zamin Zəkiyev kimdir?
Sosial iş nədir?
Sosial iş cəmiyyətin həssas qruplarına dəstək göstərməyi, sosial problemlərin həllinə kömək etməyi və sosial ədalətin təmininə töhfə verməyi hədəfləyən peşə fəaliyyətidir. Beynəlxalq Sosial İşçilər Federasiyasının (IFSW) 2014-cü ildə qəbul etdiyi tərifə görə, sosial iş təcrübəyə əsaslanan peşə və akademik intizamdır; onun məqsədi sosial dəyişiklik və inkişafı, sosial birliyi, insanların səlahiyyət və azadlıqlarını dəstəkləməklə rifahı artırmaqdır. Bu peşənin əsas prinsipləri sosial ədalət, insan hüquqları, kollektiv məsuliyyət və müxtəlifliyə hörmətdir (IFSW 2014). Bu tərif göstərir ki, sosial iş yalnız xidmət göstərməkdən ibarət deyil. O, eyni zamanda sosial problemlərin struktur səbəblərini anlamağı, həmin problemlərə cavab verən sosial müdaxilə formalarını qurmağı və sosial dəyişiklik təşəbbüslərində iştirak etməyi nəzərdə tutur. Eyni yanaşma Beynəlxalq Sosial İş Məktəbləri Assosiasiyası tərəfindən də qəbul olunur (IASSW 2004). Bu yanaşmaya əsasən sosial işçi-sosial ədalət və insan hüquqlarını müdafiə edən, fərdlərin və icmaların imkanlarını artırmağa çalışan və insanlar ilə sosial institutlar və strukturlar arasında vasitəçi rolunu oynayan mütəxəssisdir.
Bu xüsusiyyətlər göstərir ki, sosial işçinin fəaliyyəti yalnız yardım paylamaq və sosial xidmətə yönləndirməkdən ibarət deyil. O, həm də sosial sistemlərin necə işlədiyini anlamağı, bu sistemlərin doğurduğu bərabərsizlik və məhrumiyyətlərlə işləməyi, zərurət yarandıqda isə ictimai müdafiəçi rolunu da üzərinə götürməyi tələb edir. Bu mənada, beynəlxalq təcrübədə də sosial iş əsasən iki model üzərində qurulur.
- Xidmət yönümlü model - Bu modelə əsasən sosial işçi daha çox dövlətin və ya sosial xidmət institutlarının təqdim etdiyi mövcud xidmətləri həyata keçirən icraçı rolunda çıxış edir. Belə fəaliyyətlərə sosial yardım proqramlarının icrası, sosial xidmətlərin təşkili və həssas qruplarla sosial dəstək işi kimi fəaliyyətlər daxildir. Bu modeldə sosial işçi daha çox inzibati və sosial xidmət sistemi daxilində fəaliyyət göstərir və onun fəaliyyəti sosial müdafiə sisteminin icrası ilə sıx bağlı olur, hansı ki, Azərbaycan praktikasında da bu model özünü daha çox göstərir.
- Müdafiəçi (advocacy) modeli isə sosial işçini yalnız xidmət icraçısı kimi deyil, həm də sosial dəyişiklik aktoru kimi görür. Bu yanaşmada sosial işçi sosial problemlərə diqqət çəkir, həssas qrupların hüquqlarını müdafiə edir və ictimai debatlarda iştirak edir (Bliss 2014). Beynəlxalq sosial iş nəzəriyyəsində bu model legitim və peşənin ayrılmaz hissəsi sayılır. Məhz problem də burada yaranır: avtoritar rejim üçün sosial işçinin bu ikinci funksiyası siyasi riskə çevrilə bilər. Çünki hüquq müdafiəsi, həssas qrupların səsinin çatdırılması, struktur problemlərin görünən edilməsi və ictimai müdaxilə təşəbbüsləri hakimiyyətin nəzarət etməyə çalışdığı ictimai sahəyə daxil olur.
Bu yanaşmalar arasında əsas fərq ondadır ki, dar yanaşmalar sosial işçini yalnız xidmət göstərən texniki mütəxəssis kimi görür, geniş yanaşmalar isə onu sosial münasibətlər, hüquq müdafiəsi və ictimai etimad istehsal edən aktor kimi dəyərləndirir. Məqalənin analizi ikinci yanaşmaya daha yaxındır, çünki Azərbaycan nümunəsi sosial işin sırf texniki fəaliyyət kimi başa düşülməsinin yetərsiz olduğunu göstərir.
Ubuntu fəlsəfəsi nəyə əsaslanır və Sosial işçi Zamin Zəkiyev kimdir?
Rene Dekart bir çoxları tərəfindən ilk müasir filosof kimi qəbul edilir və onun məşhur "Düşünürəm, deməli, varam" kəlamı özümüzü necə təsəvvür etməyimizlə izah olunur. İndividualizmə olan bu vurğunu rədd edən, Qərbdən kənar bir fəlsəfə olan şəxsi kimlik haqqında tamamilə fərqli bir düşüncə tərzi - Ubuntu - Afrika fəlsəfəsi olub, “mənlik hissi”ni digər insanlarla münasibətlərimiz tərəfindən formalaşmasıyla izah edir - “Mən varamsa, biz varıq”. Ubuntu-nun əsas dəyərləri, münasibətlər, kollektiv məsuliyyət, icma hesabatlılığı, sosial ədalət, tanınma və qarşılıqlılıq, onu digər fəlsəfələrdən fərqləndirən unikal bir çərçivə təklif edir (Udah et al. 2025). Bu paraqrafda Ubuntu fəlsəfəsinin əsas dəyərlərini inteqrasiya etməklə sosial iş təcrübələrinin əhəmiyyətli dərəcədə inkişaf etdirilə biləcəyinin fərqində olan Zamin Zəkiyev və onun fəaliyyəti ilə tanış olacağıq. Bu ona görə vacibdir ki, hakimiyyətin niyə onu və ideyalarını “təhdid” olaraq gördüyünü başa düşək.
Zaminin həbsini eyni iş üzrə həbs olunan jurnalistlərdən və digər fəallardan fərqləndirən cəhət odur ki, o, klassik mənada hökumət tənqidçisi kimi tanınmırdı. Onun fəaliyyəti müxalif siyasi partiyalarla, seçki müşahidə təşəbbüsləri ilə və ya siyasi iştirakçılığın təşviqi ilə bağlı deyildi. Bu məqam xüsusilə vacibdir, çünki onunla eyni və ya oxşar maddələrlə təqib olunan şəxslərin bir hissəsi uzun illər Azərbaycan siyasi və ictimai müstəvisində hökumət tənqidçisi kimi tanınmış şəxslər idi. Zaminin fəaliyyətini anlamaq üçün yalnız onun fərdi peşə kimliyinə deyil, eyni zamanda daxil olduğu və formalaşdırdığı institusional mühitə, yəni Zaminin təsis etdiyi Ubuntu Sosial İş Asossasiyasının fəaliyyətinə də baxmaq lazımdır.
Ubuntu özünü sosial işçilərin bilik və bacarıqlarını artırmağı hədəfləyən gənclərin təşəbbüs qrupu olaraq təqdim edir. Onun nəzdində həyata keçirilən fəaliyyətlər: kitab müzakirələri, sosial işçilər üçün Azərbaycan dilində oxu materiallarının-bələdçi kitabların hazırlanması, seminarlar, peşəkar görüşlər, təlimlər və sosial iş sahəsində bilik istehsalına yönəlmiş təşəbbüslər, əslində yeni sosial işçilərin yetişməsinə, onların peşəkar və etik baxımdan formalaşmasına xidmət edən dəyərli maarifçilik təşəbbüsləridir. Başqa sözlə, Ubuntu təkcə mövcud sosial işçiləri bir araya gətirmir, həm də bu sahənin gələcəyini qurmağa çalışan bir platformaya çevrilirdi. Məhz bu nöqtədə Ubuntu-nun fəaliyyəti ilə rejimin təhdid qavrayışı arasında əlaqə qurmaq mümkündür. Avtoritar sistemlər çox vaxt təhlükəni yalnız açıq siyasi müxalifətdə axtarmırlar. Onlar eyni zamanda gələcəkdə kollektiv hərəkət, ictimai müdaxilə və tənqidi düşüncə üçün zəmin yaradan məkanlardan da ehtiyat edirlər. Ubuntu kimi bir platforma sosial işçilərin icmalaşdığı, peşəkar və etik baxımdan formalaşdığı, insan hüquqları dəyərləri ətrafında düşüncə və fəaliyyət imkanları qurduğu bir yerə çevrildikcə, rejimin gözündə onun rolu sadə peşə təşəbbüsü çərçivəsini aşmağa başlayır. Bu mənada Ubuntu-nun yaratdığı imkanlar, sosial işçi yetişdirmək, peşəkar əlaqələr qurmaq, müzakirə mədəniyyəti formalaşdırmaq, insan hüquqları yönümlü fəaliyyətə həvəs yaratmaq avtoritar məntiq içində “potensial təhlükə” kimi oxuna bilər. Çünki burada söhbət yalnız bir fərdin fəaliyyətindən deyil, gələcəkdə daha geniş ictimai təsir yarada biləcək bir şəbəkənin, dəyər məkanının və sosial infrastrukturun formalaşmasından gedir. Rejim üçün təhlükə bəzən mövcud müxalifət deyil, müxalifət və ya ictimai müqavimət imkanını mümkün edən sosial toxumanın özüdür.
Zaminin işi göstərir ki, repressiyanın hədəfi olmaq üçün mütləq açıq siyasi aktor olmaq lazım deyil. Bununla bağlı növbəti diqqət çəkən məqam Zaminin həbsinin USAID - German Marşal Fondunun Azərbaycanda bağlandığını elan etdikdən dərhal sonra baş verməsiydi (ToplumTV 2025). Bu məqam ona görə diqqətçəkəndir ki, Zaminin həyata keçirdiyi sosial layihə də elə məhz bu fond tərəfindən maliyyələşdirilirdi. Ona qarşı Cinayət Məcəlləsinin 313-cü maddəsi (vəzifə saxtakarlığı), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.1-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə ittiham irəli sürülüb (MeydanTV 2025). 2026-cı ilin 11 mart tarixində bu iş üzrə məhkəmə yekunlaşıb və Zamin Zəkiyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib (Human Rights Azerbaijan 2026).
Burada əsas sual budur ki: əgər sosial işçi nə siyasi partiya üzvüdür, nə seçki aktorudur, nə də klassik mənada siyasi müxalifətçidirsə, niyə o, hədəfə çevrilir?
- Birinci səbəb sosial işçinin həssas qruplarla işləməsidir. Sosial işçi yoxsulluq, sosial bərabərsizlik, zorakılıq, institusional laqeydlik, sosial müdafiənin çatışmazlığı kimi problemlərlə birbaşa təmasda olur. Hansı ki, bu problemlər fərdi çətinliklər olmaqla yanaşı, çox vaxt siyasi və struktur xarakter daşıyır. Sosial işçi bu problemləri görünən etdikcə, onların arxasında duran idarəetmə çatışmazlıqları da görünən olur.
- İkinci səbəb sosial işçinin etimad və şəbəkə yaratmasıdır. Sosial iş peşəsi fərdlər və icmalarla davamlı münasibət qurur. Bu münasibətlər yalnız xidmət xarakterli olmur, onlar həm də sosial etimad, ünsiyyət və kollektivlik yaradır. Avtoritar rejim üçün isə dövlət nəzarətindən kənar etimad şəbəkələri həmişə potensial risk daşıyır.
- Üçüncü səbəb sosial işin müdafiəçi mahiyyətidir. Beynəlxalq anlayışa görə sosial işçi təkcə mövcud xidmətləri icra edən deyil, həm də həssas qrupların hüquqlarını müdafiə edən peşəkar subyektdir. Bu isə onu sırf “sosial xidmət işçisi” olmaqdan çıxarıb ictimai müdaxilə aktoruna çevirir. Rejim məhz bu keçid nöqtəsindən narahat olur.
- Son olaraq isə informasiya üzərində nəzarət məsələsidir. Sosial işçilər cəmiyyətin həssas sahələri haqqında məlumat toplayır, hesabatlılıq tələb edə, çatışmazlıqları sənədləşdirə və görünməyən problemləri görünən edə bilirlər. Ubuntunun bu bacarıqları öyrədən və təbliğ edən bir instituta çevrildiyini nəzərə alsaq, rejimin yalnız müstəqil mediadan deyil, ümumilikdə nəzarətsiz informasiya axınlarından da ehtiyat etdiyini görə bilərik.
Bununla yanaşı, Zamin Zəkiyevin həbsi sosial iş icmasına birbaşa və dolayı təsirlər göstərən daha geniş bir prosesin başlanğıcı oldu. Bu hadisə yalnız fərdi cəza tədbiri kimi deyil, bütöv bir peşə mühitinə yönəlmiş siqnal xarakteri daşıdı. Bu baxımdan məsələ yalnız bir sosial işçinin azadlıqdan məhrum edilməsi ilə məhdudlaşmır, eyni zamanda bütöv bir peşə mühitinin davranışlarına, gözləntilərinə və fəaliyyət imkanlarına təsir edən struktur hadisə kimi qiymətləndirilə bilər. Həbsdən sonra Ubuntu mühitində iştirak etmiş digər sosial işçilər və sosial iş tələbələri hüquq-mühafizə orqanları tərəfindən prokurorluğa çağırıldı, sorğulandı və bəzi hallarda məhkəmə proseslərində gözlədildi. Bu cür təcrübələr birbaşa cəza tədbiri olmasa da, ciddi psixoloji və peşəkar təsir yaradan siqnallar kimi çıxış edir. Nəticədə, sosial iş icması yalnız hüquqi deyil, həm də simvolik səviyyədə “bu sahədə fəaliyyət risklidir” mesajını aldı.
Bu prosesin ən mühüm nəticələrindən biri də “rol model effekti”nin tərsinə çevrilməsi oldu. Zamin Zəkiyev sosial iş icması daxilində peşəkar fəaliyyət, təşəbbüskarlıq və etik dəyərlər baxımından bir nümunə kimi qəbul olunurdu. Onun həbsi sosial işçilər və tələbələr üçün risk göstəricisinin simvoluna çevrildi. Bu isə peşə daxilində özünüifadə, təşəbbüs və ictimai müdaxilə imkanlarını məhdudlaşdıran “özünüsenzura” mühitinin formalaşmasına gətirib çıxara bilər. Eyni zamanda, Ubuntunun fəaliyyətinin dayanması sosial iş sahəsində kollektiv fəaliyyət imkanlarına birbaşa təsir göstərdi. Sosial işçilərin bir araya gəlib müzakirə apardığı, peşə perspektivlərini düşündüyü, bilik və təcrübə mübadiləsi etdiyi mühitin zəifləməsi yalnız fərdi inkişafı deyil, bütövlükdə sahənin institusional inkişafını da ləngidir. Belə platformaların peşəkar sosiallaşma, həmrəylik və kollektiv öyrənmə üçün vacib məkanlar olduğu üçün onların sıradan çıxması sosial işin uzunmüddətli inkişaf potensialını zəiflədir. Bu halda repressiya yalnız hədəfi neytrallaşdırmır, eyni zamanda onun ətrafında formalaşmış şəbəkəni zəiflədir, gələcək təşəbbüslərin qarşısını alır.
Beləliklə, bu təhlilin ayrı-ayrı hissələri bir yerdə götürüldükdə eyni nəticəyə aparır: Azərbaycanda sosial işin problemə çevrilməsi onun formal olaraq qanunsuz fəaliyyət olmasından deyil, daşıdığı sosial-ictimai potensialdan qaynaqlanır. Sosial işçi həssas qruplarla işlədiyi, etimad və şəbəkə yaratdığı, sosial problemləri sənədləşdirdiyi və bəzi hallarda müdafiəçi funksiyası daşıdığı üçün avtoritar rejimin nəzarət məntiqi ilə toqquşur. Bu səbəbdən sosial işin kriminallaşdırılması ayrıca hüquqi kateqoriya kimi deyil, qeyri-siyasi görünən, lakin kollektiv fəaliyyət və alternativ informasiya imkanları yaradan aktorların de-fakto repressiyası kimi başa düşülməlidir. Bu baxımdan Ubuntu-nun fəaliyyəti rejim tərəfindən sadəcə peşə təşəbbüsü kimi deyil, gələcəkdə daha geniş ictimai mobilizasiya imkanları doğura biləcək bir platforma kimi qavranılmış ola bilər.
Nəticə
Bu nəticə repressiyanın profilaktik xarakteri haqqında nəzəri yanaşmalar, hüququn “rule by law” çərçivəsində istifadəsi və Zamin Zəkiyev nümunəsində müşahidə olunan ittiham patternləri ilə dəstəklənir. Nəticə etibarilə, Azərbaycanda sosial işin kriminallaşdırılması sosial iş peşəsinin formal olaraq qanunda cinayət hesab olunması demək deyil. Məsələ daha çox sosial iş fəaliyyətinin de-fakto kriminallaşdırılması, yəni bu fəaliyyətin hüquqi, institusional və siyasi təzyiq vasitəsilə faktiki riskli sahəyə çevrilməsidir. Zamin Zəkiyevin həbsi bu baxımdan istisna deyil. O, avtoritar idarəetmənin daha geniş məntiqinin tərkib hissəsidir. Bu məntiqə görə rejim yalnız açıq siyasi rəqibləri deyil, gələcəkdə ictimai etirazın, tənqidin və ya alternativ təsir imkanlarının daşıyıcısına çevrilə biləcək aktorları da hədəfə alır. Sosial işçi bu mənada “qeyri-siyasi” olduğu üçün deyil, məhz sosial əlaqə, etimad, müdafiəçilik və informasiya istehsalı imkanlarına sahib olduğu üçün təhlükəli görünə bilər. Mövzu yalnız konkret bir hadisəyə deyil, Azərbaycanda davam edən və genişlənən repressiya mühitinə işıq tutduğu üçün bu gün də yüksək aktuallığını qoruyur.
Deməli, Azərbaycanda sosial işçi olmağın kriminallaşdırılması sosial işin özündən çox, onun cəmiyyət daxilində yaratdığı münasibətlər və imkanlarla bağlıdır. Avtoritar rejim üçün təhlükə təkcə siyasi partiya və ya jurnalist deyil, təhlükə həm də cəmiyyətdə alternativ etimad, təşkilatlanma və görünürlük yaradan hər bir aktordur. Bu mənada sosial işçinin hədəfə çevrilməsi anomaliya deyil, avtoritar nəzarət məntiqinin davamıdır.
Bu yazının əsas məhdudiyyəti onun əsasən bir konkret nümunə - Zamin Zəkiyev işi üzərindən qurulması və mövcud məlumatların böyük ölçüdə açıq mənbələrə əsaslanmasıdır. Bu isə daha geniş empirik müqayisə aparmaq imkanlarını məhdudlaşdırır.
İstinadlar:
Bliss, Donna Leigh. 2014. “Using the Social Work Advocacy Practice Model to Find Our Voices in Service of Advocacy.” Journal of Policy Practice 13 (6). https://doi.org/10.1080/23303131.2014.978060.
Council of Europe Parliamentary Assembly. (2012). Resolution 1900 (2012): The definition of political prisoner.
https://assembly.coe.int/nw/xml/XRef/Xref-XML2HTML-en.asp?fileid=19150.
Davenport, Christian. 2007. State Repression and the Domestic Democratic Peace. Cambridge: Cambridge University Press. https://www.proquest.com/docview/2131924316.
Demetriou, Stavros. 2022. Indirect Criminalisation: The True Limits of Criminal Punishment. Oxford: Hart Publishing. https://www.proquest.com/docview/2783094382.
Ginsburg, Tom, and Tamir Moustafa. 2008. Rule by Law: The Politics of Courts in Authoritarian Regimes. Cambridge: Cambridge University Press. https://www.proquest.com/docview/2130888798.
Human Rights Azerbaijan. 2026. “Social Worker Zamin Zaki Sentenced to 7.5 Years in Prison in Azerbaijan’s NGO Case.” Accessed March 24, 2026. https://humanrightsaz.com/en/social-worker-zamin-zaki-sentenced-to-7-5-years-in-prison-in-azerbaijans-ngo-case/.
International Federation of Social Workers. n.d. “Global Definition of Social Work.” Accessed March 24, 2026. https://www.ifsw.org/what-is-social-work/global-definition-of-social-work/.
International Federation of Social Workers and International Association of Schools of Social Work. 2004. Ethics in Social Work: Statement of Principles. https://www.iassw-aiets.org/wp-content/uploads/2015/10/Ethics-in-Social-Work-Statement-IFSW-IASSW-2004.pdf.
KHAR Center. 2025. “Azərbaycanın Vətəndaş Cəmiyyəti: 2023-cü ildən bəri Davam Edən Böhran.” Accessed March 24, 2026. https://kharcenter.com/nesrler/azerbaycanin-vetendas-cemiyyeti-2023-cu-ilden-beri-davam-eden-bohran.
Meydan TV. 2025. “Daha bir QHT sədri barəsində cinayət işi açıldığı, axtarış elan olunduğu bildirilir.” Accessed March 24, 2026. https://www.meydan.tv/az/article/daha-bir-qht-s%C9%99dri-bar%C9%99sind%C9%99-cinay%C9%99t-ici-acildigi-axtaris-elan-olundugu-bildirilir/.
Rios, Victor M. 2011. Punished: Policing the Lives of Black and Latino Boys. New York: New York University Press. https://www.proquest.com/docview/2131077578.
Toplum TV. 2025. “Azərbaycan hakimiyyəti USAID-in fəaliyyətinin dayandırılması ilə bağlı ABŞ-a bildiriş göndərib.” Accessed March 24, 2026. https://toplummedia.tv/olke/pazerbaycan-hakimiyyeti-usaid-in-fealiyyetinin-dayandirilmasi-ile-bagli-abs-a-bildiris-goumlnderibp.
Udah, Hyacinth, Sharlotte Tusasiirwe, Rugare Mugumbate, and Kathomi Gatwiri. 2025. “Ubuntu Philosophy, Values, and Principles: An Opportunity to Do Social Work Differently.” Journal of Social Work 25 (4): 433–451. https://journals.sagepub.com/doi/10.1177/14680173241312749.
Watson, Geoffrey R. n.d. “Political Offences and Extradition.” International Law Frameworks / Public International Law in a Nutshell / An Introduction to International Law / Principles of Public International Law / International Law. https://www.proquest.com/docview/201113994.