7 apr 2026

Monteneqro, Şimali Makedoniya və Kosovoda* Rusiya propaqandası

Monteneqro, Şimali Makedoniya və Kosovoda* Rusiya propaqandası



(Yazı KHAR Center-in "Avtoritar Rejimlər və Transregional Təsir Mexanizmləri" araşdırması çərçivəsində hazırlanıb.)

Giriş 

Avropa İttifaqı xüsusilə son illərdə Çin və Rusiya mərkəzli  manipulyasiya və dezinformasiya əməliyyatlarına qarşı mübarizəni xarici siyasət istqamətlərindən biri kimi ciddi dəyərləndirməyə başlayıb. Avropa Xarici Əlaqələr Xidməti bir neçə ildir bu bu əməliyyatları xarici bilgi manipulyasiyası və müdaxiləsi kimi (FIMI) dəyərləndirir və bu müdaxilənin Aİ-nin daxili qərarvermə mezanizmlərinə və dəyərlərinə potensial zərərlərini analiz etməyə çalışır.  

Ən yayğın tərifiylə FIMI dəyərləri, prosedurları və siyasi prosesləri təhdid edən, mənfi təsir altına alma potensialına malik, manipulyativ xarakterli, qəsdən və koordinasiyalı şəkildə həyata keçirilən bir davranış modelidir. Bu modeli həyata keçirən isə dövlətlər və ya dövlətdən kənar aktorlardır (EEAS, 2023). 

Ancaq propaqanda təhlükəsini yalnız FIMI kimi analiz etmək çox vaxt doğru nəticələrə çıxartmır. Dezinformasiya ilə bağlı aparılan akademik araşdırmalar yerli və xarici propaqandanın simbioz əlaqədə olduğunu və aşkarlanması çox vaxt çətin olan qarşılıqlı fayda ilə birbaşa bağlılığını göstərir (İSS, 2023).  Qərbi Balkanlar bu baxımdan ən bariz nümunələrdəndir.  Heç şübhəsiz  bu regionda Rusiya öz propaqanda narrativlərini yaymaqda çətinlik çəkmir, ancaq bir çox araşdırma göstərir ki, Qərbi Balkanlarda media sahəsində dolaşan dezinformasiya kontentlərinin çoxu məhz yerli mənbəlidir (European Parliament, 2021).  

“KHAR Center” Serbiya və Bosniya Herseqovina (Serb Respublikası) nümunəsində hazırladığı tədqiqatda FIMI və yerli propaqanda sisteminin necə iç-içə keçdiyinə diqqət çəkmişdi (KHAR Center, 2026). Bu yazımızda isə Qərbi Balkanlarda FIMI və yerli dezinformasiya ekosisteminin simbiozunu üç ayrı ölkə nümunəsində göstərməyə çalışırıq - regionda avroatlantik inteqrasiyanın lideri olan Monteneqro,  Aİ üzvlüyünün tıxanmasından doğan məyusluğun propaqanda istehsalının başlıca amilinə çevrildiyi Şimali Makedoniya və status-təhlükəsizlik mübahisələri səbəbilə beynəlxalq manipulyasiyalara daha açıq olan Kosovo. Analizimizdə bu üç ölkədə sözügedən mexanizmin hansı kanallarla işlədiyinə nəzər salırıq. 

MONTENEQRO 

Monteneqro Qərbi Balkanlarda avroatlantik inteqrasiyanın ən yaxşı nümunələrindən biri sayılır.  Ölkə  NATO üzvü olmaqla  (NATO, 2017) yanaşı, Avropa İttifaqı üzvlüyünə namizəddir, 2012-ci ildə üzvlük müzakirələrinə başlayıb (Aİ Şurası, yanvar 2026).  Bu xüsusiyyətləri  Monteneqro Rusiyanın Qərbi Balkanlardakı əsas hədəflərindən birinə çevirir.  Kreml Monteneqronu Balkanlarda tarixi təsir dairəsinin bir hissəsi kimi görür; ortaq slavyan və pravoslav xristian bağları diplomatik münasibətləri formalaşdıran amillərdən olub. Ancaq Monteneqronun 2006-cı ildə Serbiya ilə dövlət ittifaqından ayrılaraq müstəqil olması və daha da önəmlisi, NATO-ya üz tutması dönüş nöqtəsi olub.  Rusiya Monteneqronun NATO üzvlüyünə sərt şəkildə qarşı çıxıb və hətta bu inteqrasiyanın qarşısını almaq üçün 2016-cı ildə çevriliş cəhdini dəstəklədiyi iddia olunur (Nemec, 2025). 

Digər tərəfdən, beynəlxalq hesabatlar Monteneqronu Aİ-yə inteqrasiya prosesinin lideri kimi göstərsə də,  dövlətin ələ keçirilməsi (state capture), məhkəmə müstəqilliyinin zəifləməsi, media müstəqilliyinin təhdid altında olması, geniş yayılmış himayədarlıq (patronaj) sistemi və korrupsiya kimi faktorlar hələ də güclüdür. Ölkədəki etnik-dini və ya iqtisadi zəminli qütbləşmə siyasi prosesləri gərginləşdirir və Rusiya-Çin kimi illiberal xarici aktorların istifadə edə biləcəyi çatlar yaradır. Rusiya çox vaxt “qardaş” Serbiya ilə sinerjidə hərəkət edərək Monteneqroda öz geosiyasi maraqlarını irəli aparır və siyasi, iqtisadi və mədəni vasitələrin kombinasiyası ilə təsir göstərir (Nemec, 2025).

Lokal proksi aktorlar 

Rusiyanın birbaşa təsirinin ən ciddi şəkildə göründüyü Serbiya ilə Bosniya və Herseqovinadan (Serb Respublikası hissəsi) fərqli olaraq  Monteneqroda Moskvanın mesajları mütləq şəkildə bir mərkəzdən idarə olunan ixracat formasında deyil, daha çox xarici narrativləri  daxili qütbləşmədə istifadə məhsuluna çevirən yerli proksilərin fəaliyyəti şəklində təzahür edir. Burada Rusiya daha çox siyasi səhnənin bir hissəsini təmsil edən və əsasən öz mənafeyini güdən lokal siyasi proksilərdən istifadə edir (Clingendael, 2023).

Liberal konservatizmdən sağ-populizmə və serb millətçiliyinə doğru sürüşən keçmiş Demokratik Cəbhə koalisiyası Monteneqroda uzun müddət Rusiyanın əsas proksisi olub. Bu ittifaqa daxil olan siyasi qüvvələrin Rusiya ilə əlaqələri gizli deyil - onlar Monteneqronun NATO-ya inteqrasiyasına qarşı kampaniyanın təşkilatçısı olublar, 2016-cı ildə Moskvanı ziyarət edərək Rusiyanın iqtidar partiyası ilə müttəfiqlik deklarasiyası imzalayıblar (Gardaseviç, 2018).  

Bu koalisiya 2023-cü ildə dağılıb, ancaq onun varisləri olan Andrija Mandiçin rəhbərlik etdiyi Yeni Serb Demokratiyası və Milan Knezeviçin rəhbərlik etdiyi Demokratik Xalq Partiyası Monteneqronun Gələcəyi üçün Hərəkat (Za budućnost Crne Gore) formalaşdırıblar. Bu  revizionist, serbiyayönlü, rusiyayönlü, antiqərb, sosial və dini mühafizəkar, sağ-populist hərəkat 2023-ci il seçkilərində 15 faizə yaxın səs qazanıb və 13 deputatla parlamentə düşüb ( Dzankic, Kacarska, Keil, 2023). Monteneqronun NATO üzvlüyü və Kosovonun müstəqilliyinə qarşı mövqeyi ilə tanınan Andrija Mandiç isə parlament sədri seçilib (AA, 2023). 

İttifaqın liderləri Andrija Mandic və Milan Knezeviç 2016-cı ildə parlament seçkiləri günü çevriliş  təşkil etməklə ittiham olunublar və 2019-cu ilin mayında iki rus hərbi kəşfiyyat zabiti və 8 serbiyalı da daxil 11 nəfərlə birlikdə  həbs cəzasına məhkum ediliblər.  Ancaq 2024-cü ilin yayında kifayət qədər dəlilin olmaması səbəbilə bəraət alıblar (Balkan İnsight, 2024).  Bəraət qərarı kremlyönlü ittifaqa simvolik reabilitasiya imkanı verib və mövqeyini daha da gücləndirib.  2024-cü ildə Monteneqronun baş naziri Milojko Spajiç parlamentin qərarıyla hökuməti yenidən formalaşdırınca isə bu ittifaqa da kabinetdə yer verilib (Government of Montenegro, 2024) və beləliklə, bu qrup ölkə idarəetməsində daha çox söz sahibi olma imkanı qazanıb. Ancaq bu ilin yanvar ayında Knezeviçin liderlik etdiyi Demokratik Xalq Partiyası serbcənin rəsmi dil olması, vətəndaşlıq qanununun dəyişdirilməsi, bayrağın statusunun dəyişdirilməsi kimi tələbləri yerinə yetirilmədiyi üçün hökumətə dəstəyini çəkdiyini, nümayəndələrinin istefa verəcəyini açıqlayıb (European Western Balkans, yanvar 2026). Mandic isə hələ də parlament sədrliyini davam etdirir və nümayəndələri hökumətdə qalır. 

Yerli siyasi müttəfiqlər sayəsində Kremlin dezinformasiya və manipulyasiya əməliyyatları “ixrac propaqandası” kimi deyil, daxili rəqabət aləti kimi görünür. 

Qeyri-rəsmi iqtisadi kanallar 

2000-ci illərin əvvəlində Rusiya, xüsusilə  enerji, sənaye, turizm və daşınmaz əmlak sahələrində Monteneqro üçün mühüm siyasi və iqtisadi tərəfdaş olub. Rusiyanın biznes dairələri və oliqarxlar Monteneqroda, xüsusən sahil zonalarında daşınmaz əmlaka böyük həcmdə sərmayə qoyublar. Araşdırmalar göstərir ki, 2016-cı ildə  Rusiyadan  Monteneqroya daxil olan birbaşa xarici investisiyalar Monteneqro ÜDM-inin təxminən 30 faizini və bütün daxil olan investisiyaların 13 faizini təşkil edib. Həmin il Rusiya Monteneqronun ən böyük investoru olub (Nemec, 2025).

Monteneqro 2014-cü ildən bəri Rusiyaya qarşı Aİ sanksiyalarına əməl edir (Clingendael, 2023). Ancaq Monteneqronun Aİ sanksiyalarına qoşulması və NATO üzvlüyü səbəbilə formal iqtisadi əlaqələr zəifləsə də, yeni - qeyri-rəsmi  təsir kanalları yaranıb və inkişaf edib. 2022-ci ildə Ukraynaya müdaxilədən sonra Monteneqroda ən böyük sığınacaq axtaran qrup ruslar  olub.  2022-ci ilin fevralından 2023-cü ilin iyuluna qədər Rusiya vətəndaşları Monteneqroda 5 846 şirkət açıb. 2022-ci ildə Monteneqroda xaricilərə məxsus şirkətlərin 54 faizi rus vətəndaşlarının payına düşüb (Nemec, 2025). Rəsmi sanksiya rejiminə baxmayaraq qeyri-rəsmi iqtisadi kanallar Kreml təsirinin  davamlılığı üçün dayaq rolunu oynayır. 

“Xarici” görünüşlü lokal platformalar

Araşdırmalar Monteneqronun media sektorunun, əsasən Serbiyadan gələn xarici mediadan və ya Kreml narrativlərini əks etdirən təbliğat portallarından güclü şəkildə təsirləndiyini ortaya qoyur (İREX, 2024).  Monteneqro Moskva-Serbiya xətti üzrə kontent sızdırmanın açıq hədəflərindən biridir. Çünki ortada dil bariyeri yoxdur - serbdilli mediadan gələn materiallar asanlıqla Monteneqronun informasiya mühitinə daxil olur və lokallaşdırılır (Clingendael,  2023).

Monteneqroda Rusiya narrativlərinin dövriyyəsində ən kritik rolu qeyri-şəffaf qeydiyyata malik onlayn media sahəsi oynayır. “Digital Forensic Center”in araşdırmasına görə, Rusiya və Serbiya Monteneqronun avroatlantik inteqrasiyasına mane olmaq məqsədi daşıyan hibrid kampaniyalar üçün məhz bu platformalardan istifadə edir. (Support4Partnership, 2024) 

Bu sırada ən başda  İN4S portalının adı çəkilir. Podqoritsa, Belqrad, Novi Sad, Niksiç, Şimali Mitrovitsa və Donbasda ofisləri olan, dezinformasiya, nifrət nitqləri yayan və Monteneqronun kimliyini inkar edən portal bu ölkədə rəsmi  qeydiyyatda deyil.  Rəsmi açıqlamalarda baş redaktorunun kubalı boksçu Feliks Savon olduğu bildirilsə də araşdırmalara görə,  həqiqi sahibi və baş redaktoru Monteneqroda NATO əleyhdarı və Rusiya tərəfdarı kimi tanınan Qojko Raiceviçdir. Saytın digər qurucusu isə Monteneqro Universitetinin hazırkı rektoru Vladimir Bozoviçdir (Media Ownership Monitor, 2023).  

Monteneqroda Rusiya narrativlərinin digər mühüm daşıyıcısı “Borba” adlı portaldır. Rusiyanın TASS, “Ria Novosti” kimi media orqanlarının və Serbiyadakı “Sputnik Srbija”, “RT Balkan” kimi şöbələrinin xəbərləri İN4S və “Borba” və s. analoji portallarda olduğu kimi yayılır (Support4Partnership, 2024). 

Bu kanallar eyni zamanda sosial şəbəkələrin gücündən geniş şəkildə istifadə edir. 2024-cü ilin sonlarında Monteneqroda antiqərb narrativlərini yayan ən azı 50 “Telegram” hesabının aktiv olduğu müəyyən edilib. Bu Telegram hesablarında yayılan narrativlər daha sonra Twitter/X platformasında da təkrar yayılıb və avtomatlaşdırılmış bot hesabları tərəfindən dəstəklənib (Nemec, 2025).

Kiberhücumlar 

Rusiya Monteneqrodakı siyasi vəziyyətə kiberhücumlarla da təsir etməyə çalışır. 

Qlobal Kibertəhlükəsizlik İndeksində Monteneqro kiberhücuma məruz qalma sıralamasında regionda ikinci yerdədir. Birinci sırada isə qonşusu Bosniya və Herseqovina var (İTU, 2020)

Kilsə faktoru və yumşaq güc 

Monteneqroda dezinformasiya kampaniyaları çox vaxt seçki və ya digər ciddi siyasi proseslərlə əlaqəlidir. Mühüm proseslərdə dezinformasiya kampaniyaları gündəm quraşdırma və informasiya yüklənməsi (overload) texnikaları ilə birlikdə aparılır (CCE, 2020).  Kimlik, tarix, dini rəhbərlik kimi mövzular  Monteneqroda xarici təsirlə bağlı diskussiyaların əsas “yanacağı” rolunu oynayır.  Rusiya ölkənin kimliyi, rəsmi dili, simvolları üzərindən apardığı kampaniyalarla davamlı olaraq ”dəyər müharibəsi”ni alovlandırır, buna uyğun narrativlər istehsal edir.  Kreml Rusiya imperiyasının “slavyan qardaşlarının tarixi müdafiəçisi və himayədarı” rolunu “silah”a çevirir; o zamankı düşmən Osmanlı imperiyası bu günün “düşməni”  olan Qərblə eyniləşdirilir. (Nemec, 2025).

Kreml yumşaq gücü Monteneqroda mövcud olan Serb Pravoslav Kilsəsi (Moskva Patriarxlığının təsiri ilə) vasitəsilə dini-etnik gərginlikləri istismar etməyə, millətçi və revizionist hissləri qızışdırmağa yönəldir.  Bunun bariz nümunəsi 2019-cu ilin sonlarında Monteneqroda qəbul edilən ‘Din Azadlığı Haqqında Qanun’dan sonra Monteneqro-Serbiya mübahisəsinin dezinformasiya və təsir əməliyyatları ilə alovlandırılması olub (Nemec, 2025).

2022-ci ildə Monteneqro hökuməti ilə Serb Pravoslav Kilsəsi arasında imzalanan sazişdən sonra isə Belqradın və Moskvanın Monteneqrodakı din üzərindən təsiri daha da artıb (Bogdanovski, 2025). 

Əsas narrativlər 

Monteneqroda Kreml narrativləri bir neçə “paket”ə ayrılır. 

İlk və ən böyük “paket” NATO üzvlüyü və Avropa İttifaqına inteqrasiyanın ölkənin müstəqilliyinin itirilməsi kimi dəyərləndirilməsi xəttidir. Xüsusilə mühüm hadisələrin ildönümlərində (məsələn, NATO-nun Yuqoslaviyaya müdaxiləsi və ya Monteneqronun NATO-ya üzvlüyü kimi)  “təcavüzkar NATO” , “ikiüzlü Qərb” ritorikası ilə antiqərb emosiyalarının qızışdırılması, bu kontekstdə Rusiyanın işğal siyasətinin haqlı çıxarılması, müttəfiq kimi Qərb yerinə Rusiyanın göstərilməsi  bu “paket”ə daxildir (Support4Partnership, 2024). Monteneqronun avropayönlü xarici siyasətinin  “kənardan idarə olunan kurs” kimi göstərilməsi də həmin narrativlər arasındadır. 

İkinci narrativ “paketi” Rusiyanın Avropa ölkələrinin hamısında istifadə etdiyi Ukrayna ilə bağlı klassik propaqanda mesajlarıdır. Burada da yenə “NATO günahkardır” xətti mərkəzdə dayanır, Ukraynada “neonasizm”, “rusofobiya”, “Donbasda soyqırım” kimi iddialar, Qərbin Rusiyaya qarşı proksi müharibə apardığı və Moskvanın buna “xüsusi əməliyyatla” cavab verməyə məcbur olduğu haqda tezislər  dövr edir  (DFC, 2023). 

Üçüncü ən işlək  “paket” Monteneqro kimliyidir.  Rusiya və Serbiya propaqanda mexanizmləri Monteneqro kimliyinin legitim olmaması, serblərin təhdid edilməsi, diskriminasiyaya məruz qalması haqda tezisləri  davamlı olaraq gündəlikdə saxlayır, Rusiyanın “Rus dünyası” konsepsiyasının proksisi olan “Serb dünyası” (srpski svet) tezisi təbliğ olunur (DFC, 2024). Analitiklərə görə, Monteneqroda 2020-ci ildən sonra cəmiyyət   “Overton pəncərəsi” effektinin (əvvəllər ağlasığmaz olan ideyaların legitimləşdirilməsi)  heç vaxt olmadığı qədər sürətli genişlənməsi ilə qarşı-qarşıya qalıb.  Əvvəllər ağlasızmaz olan “bütün serblərin bir dövlətdə yaşaması” ideyası  proksilər tərəfindən “real siyasət” kimi legitimləşdirilir və Rusiya propaqandası buna açıq dəstək verir (DFC, 2024).

Seçkilərdə saxta sorğular, yalan istinadlar və siyasətçilərə hücumlar yoluyla siyasi qütbləşmənin artırılması da Kremlin Monteneqrodakı narrativ istehsalının ayrıca bir qoludur  (Metamorphosis, 2024).

Kremlin Monteneqrodakı ən güclü propaqanda narrativlərindən biri də kilsə ilə bağlıdır - bu çərçivədə hər cür ekumenik münasibəti “üniatizm” adlandırılan “canlanma” kimi etiketlənir. Moskva belə münasibətləri Vatikanın katolik təsirini genişləndirmə yolu kimi görür; bu narrativ isə Rusiyanı və Rus Pravoslav Kilsəsini pravoslav xristianlığın başlıca müdafiəçisi kimi təqdim etmək üçün istifadə olunur (Bogdanovski, 2025). 

ŞİMALİ MAKEDONİYA 

Son on il ərzində Şimali Makedoniya daxili zəifliklərinin xarici informasiya manipulyasiyası və müdaxilə (FIMI) vasitəsilə necə istismar oluna biləcəyini aydın şəkildə nümayiş etdirib. Ölkə 1991-ci ildə müstəqil dövlət olduqdan bəri siyasi qütbləşmə, etnik bölünmələr və ictimai institutlara inamla bağlı çoxsaylı çağırışlarla üzləşib. Bu isə ölkənin demokratik proseslərini və sosial həmrəyliyini hədəf alan təsir əməliyyatları üçün münbit zəmin yaradıb (İDEA, 2025). 

Şimali Makedoniya  2005-ci ildən Aİ üzvlüyünə namizəd olsa da (European Council, 2022) əvvəl Yunanıstan buna mane olub. Bu  problem həll edilib ölkənin adının dəyişməsi barədə razılığa gəlindikdən sonra NATO üzvü olan və Aİ ilə danışıqlar üçün dəvət alan Şimali Makedoniyanın qarşısına Bolqarıstan problemi çıxıb. Sofiya danışıqları bloklayıb, səbəb kimi də Şimali Makedoniyanın “yaxşı qonşuluq münasibətləri” üzrə ikitərəfli müqavilələrə əməl etmədiyini göstərib (OSW, 2020). Bolqarıstanın vetosunu aşmaq üçün 2022-ci ildə təklif olunan, Şimali Makedoniyanın üzvlüyünü Bolqarıstan və Yunanıstanla ikitərəfli “yaxşı qonşuluq” müqavilələri ilə əlaqələndirən Aİ danışıqlar çərçivəsi isə Kremlin təsir əməliyyatları üçün əlverişli mühit formalaşdırıb (İSD, 2024).

Rusiyanın Şimali Makedoniyaya “xüsusi marağı” 2010-cu ildən sonra başlayıb. Sofiyadakı Demokratiyanın Öyrənilməsi Mərkəzi (Centre for the Study of Democracy) Rusiyanın Cənub-Şərqi Avropa demokratiyalarında dezinformasiya və sabitliyi pozma fəaliyyətini təhlil edərkən 2000–2022 dövründə Rusiya mənbələrindən 6 milyard ABŞ dollarının Şimali Makedoniyanın maliyyə axınlarına gizli və qanunsuz şəkildə daxil olduğunu bildirir (Nezavisen, 2023). 2015-ci ildən sonra isə Rusiyanın Şimali Makedoniya daxili siyasətinə açıq təsiri müşahidə olunmağa başlayıb.  Ancaq 2017-ci ildə SDSM hakimiyyətə gəldikdən sonra Rusiyanın təsiri nisbətən azalıb. Skopye hökuməti Rusiyanı daxili işlərinə qarışmaqda ittiham edərək 2018–2023 dövründə 13 yüksək profilli rus diplomatını ölkədən qovub  (Daskalovski, Damjanovski, 2024).  

Ancaq buna baxmayaraq ictimai rəyə dair bir çox hesabatlar, xüsusən media savadlılığı aşağı olan auditoriyalar arasında avroskeptik dezinformasiyaya yüksək həssaslıq göstərildiyini bildirir.  Bu isə Qərb aktorlarını Rusiyadan “daha yaxşı olmayan” kimi göstərən narrativlərin demokratik və avtoritar təsirlər arasındakı sərhədləri bulanıqlaşdırmaqda uğur qazanmasına kömək edir (İDEA, 2025). 

Yəni əslində Şimali Makedoniyada anti-Aİ ritorikasının böyük hissəsi Rusiyadan asılı olmadan, Aİ-nin genişlənmə prosesinə dair məyusluqdan qaynaqlanır. Ancaq elə bir dinamika formalaşıb ki, əsas (meynstrim) vətəndaş cəmiyyəti aktorları Kremlin xəttinə yaxın səsləri təkrar edir və gücləndirir; nəticədə (bəzən istəmədən) Rusiya narrativlərini möhkəmləndirmiş olurlar (İSD, 2024).

Anti-Aİ aktorları ilə açıq rusyönlü aktorlar arasındakı fərq ondadır ki, ikincilər əlavə olaraq NATO-dan çıxmaq, BRICS üzvlüyünə müraciət etmək və ya “tam suveren”, geosiyasi bloklardan kənar qalmaq çağırışları edirlər (İSD, 2024)

Kremlin siyasi müttəfiqləri 

Şimali Makedoniya siyasi səhnəsində kremlyönlü aktorların bol olduğu ölkələr arasındadır.  Rusiyanın Şimali Makedoniyadakı əsas siyasi müttəfiqi ifrat solçu, avroskeptik “Levitsa” Partiyasıdır. Bu partiya  Aİ və NATO siyasətini mütəmadi tənqid edir, Qərb təsirini imperialist kimi çərçivələndirir və azlıq hüquqları və Aİ inteqrasiyası ilə bağlı əsas islahatlara qarşı çıxır, NATO-nu “terror təşkilatı” kimi tövsif edir (İSD, 2024).  2024-cü ildə keçirilən parlament seçkilərində deputatlarının sayını 2-dən 6-ya çıxaran (Clingendael, 2024) Levitsa Partiyası Rusiyanın  Ukrayna işğalını da dəstəkləyib (SWP Berlin, 2023). Partiya rəhbərliyi Skopyedəki Rusiya səfirliyi ilə yaxın əlaqələrini gizlətmir (Truthmeter, 2024).

Şimali Makedoniyada  böyük olmayan, ancaq seçiciləri bölən və Kreml narrativlərinin yayılmasında rol oynayan başqa siyasi qüvvələr də var. Bunlar arasında Vətən Makedoniya (Rodina Makedonija), Tək Makedoniya (Edinstvena Makedonija), Birləşmiş Makedoniya (Obedineta Makedonija) kimi kiçik partiyaların adlarını çəkmək mümkündür (Truthmeter, 2022).

Eyni zamanda Makedoniya Fəaliyyət-Mühafizəkar (Macedonian Action-Conservative - MAAK) Partiyası,  Rusiya, Avrasiya İttifaqı ilə əlaqələri müdafiə edən və Ukrayna müharibəsində məsuliyyəti Zelenskiyə yükləyən GROM partiyası və Makedoniyadakı serblərin ən böyük siyasi qüvvəsi olan və ilk dəfə bir baş nazir müavini ilə hökumətdə təmsil olunan DPS (Democratic Party of Serbs in Macedonia) də Kreml narrativlərinin daşıyıcıları arasındadırlar (Truthmeter, 2024). 

Şimali Makedoniyada iqtidar formal olaraq Avropa İttifaqına inteqrasiyanı dəstəkləyir. Ancaq xüsusilə 2024-cü seçkilərindən güclənərək çıxan və iqtidar koalisiyasının əsasını təşkil edən VMRO-DPMNE bloku uzanan qoşulma prosesindən doğan məyusluğu  siyasi kapitala çevirib (Clingendael, 2024). Bu da dolayısı yolla Kreml narrativlərinin işini asanlaşdıran xətdir. Digər tərəfdən VMRO-DPMNE-nin keçmiş rəhbərliyi ilə Rusiya arasındakı yaxın münasibətlər də diqqətdən qaçmamalıdır.

Rusiya səfirliyi - regional propaqanda mərkəzi 

Rusiya səfirlikləri dünyanın hər yerində propaqandanın əsas daşıyıcıları arasındadırlar və bunun üçün sosial şəbəkələrdən aktiv şəkildə istifadə edirlər. Skopyedəki Rusiya səfirliyi Qərbi Balkanlardakı Moskva təmsilçilikləri arasında ən aktividir və xüsusilə “Facebook”dan çox istifadə edir. Araşdırmalar göstərir ki,  bu səfirlik “Facebook” aktivliyinə görə Balkanlarda yalnız Rumıniya səfirliyindən geri qalır.  Makedoniya kəşfiyyatı onun fəaliyyətini Şimali Makedoniyadanı Qərbin təsirindən təcrid etmə strategiyasının bir hissəsi kimi dəyərləndirir (Sajdova, 2024). Rusiya səfirliyi  X platformasında da olduqca aktivdir (Metamorphosis, 2024).

Mediadakı narrativ daşıyıcıları

Şimali Makedoniyada dezinformasiya narrativlərinin “meynstrim”ə girməsi üçün böyük boşluq var. Kreml bu boşluqdan istifadə edir - əsasən Serbiyada dərc olunmuş məqalələrin tərcüməsi və rəsmi Kreml mənbələrindən olan bəyanatların yenidən paylaşılması ilə. “Sputnik RS” və “RT Balkan” ilə yanaşı,  Serb onlayn tabloidəri Şimali Makedoniyada Kreml mesajlarının yayılmasında hələ də istifadə olunan mənbələrdir; çünki əhalinin böyük hissəsi serb dilini bilir. Televiziya və qəzet kimi ənənəvi media da istisna deyil. Gündəlik qəzetlərdən biri olan “Nova Makedonija” mütəmadi olaraq Rusiya və Çin səfirləri ilə müsahibələr dərc edir; onların təbliğatını və yanlış məlumatını gücləndirir (Metamorphosis, 2024c). Monitorinqlərdə Şimali Makedoniyanın yerli media kanalları arasında dezinformasiya kontentinin  və qütbləşmənin əsas daşıyıcıları kimi “TV Alfa”, “Kurir”, “N Aon”, “Republika”, “Vecer”, “Express”, “Lider”  kimi orqanların adları çəkilir (Metamorphosis, 2024). 

Bununla yanaşı, analitik hesabatlar  ölkədə dezinformasiyanın əsas mənbəyi və daşıyıcısının sosial şəbəkələr və onlayn media olduğunu göstərir.  Monteneqrodan fərqli olaraq bu ölkədə onlayn media xarici mülkiyyətdə deyil,  ancaq maliyyələşməsinin və sahibliyinin qeyri-şəffaf olması və dezinformasiya istehsalına açıq olması xarici təsir üçün ideal şərait yaradır (Tuneva, 2024). Bu onlayn media qurumlarının Rusiya daxil müxtəlif “xarici güc mərkəzlərindən” maliyyə dəstəyi aldığı ehtimalı barədə də analizlər mövcuddur və bu, həmin aktorların maraqlarının daha aqressiv təbliği ilə müşahidə oluna bilir (İKS, 2025).

Kremlin Şimali Makedoniyaya xas propaqanda fəaliyyətlərinin bir istiqaməti də xəbərlə əlaqəsi olmayan media orqanları vasitəsilə narrativ yaymaqdır. “Russian Herbalist”, “Russian Medicine” ve “Ruski Doktor” kimi tibbi jurnallar ənənəvi tibb üzərindən Rusiya təbliğatı aparır (Sajdova, 2024). 

Rusiyanın 2022-ci ildən sonra yaratdığı və az qala bütün dünyanı əhatə edən “Pravda” (Portal Kombat)  şəbəkəsinin Şimali Makedoniya ayağı 2024-cü ildə 28 ölkəni əhatə edən genişləmə çərçivəsində aktivləşdirilib (EDMO, 2024).  Ümumilikdə  “Pravda” dezinformasiya şəbəkəsinin Balkanlardakı domen arxitekturası dörd mərhələdə qurulub. Şimali Makedoniyada birinci mərhələdə pravda-mk.com, ikinci mərhələdə mk.news-pravda.com, üçüncü mərhələdə isə north-macedonia.news-pravda.com aktivləşdirilib. Dördüncü mərhələ hələ bu ölkəni əhatə etmir (Rizanaj, 2025). 

Pravda-nın bütün veb satyları kimi Şimali Makedoniyadakı qolu da eyni mənbələrdən istifadə edir - TASS, RİA, “Lenta”, “Tsargrad” kimi Rusiya dövlət və ya dövlət nəzarətli propaqanda kanalları, yerli dillərə avtomatik tərcümə edilən rusca “Telegram” kanalları, yerli dillərdə yayımlanan Rusiya tərəfdarı “Telegram” kanalları və çox nadirən də olsa Rusiya tərəfindən müsbət qarşılanan kontent yayan yerli mötəbər kanallar. Şəbəkə eyni zamanda X platformasından da aktiv istifadə edir (Rizanaj,  2025).

Yuxarıda sadalanan media kanalları idxal narrativləri ölkə daxilindəki Aİ məyusluğu və kimlik mübahisələri ilə birləşdirib  geniş auditoriyaya daşıyırlar.  “Pravda” kimi şəbəkələr və sosial media vasitələri isə  Şimali Makedoniyada qütbləşməni dərinləşirən kontenti sürətlə amplifikasiya edirlər (Kovaçevska, 2024). 

Proksi QHT-lər və kilsə xətti 

Şimali Makedoniyada Rusiya təsirini yayan əsas kanallardan biri  Pravoslav Kilsəsidir.   Şimali Makedoniyanın 2019-2024-cü illərdə prezidenti Stevo Pendarovski 2023-cü ildə Pravoslav Kilsəsi rəhbərliyində təmsil olunan şəxslərin Rusiya kəşfiyyatı ilə əlaqəsini ortaya çıxarıb. Bu təsir Makedoniya Pravoslav kilsəsinin eynilə Monteneqroda olduğu kimi İstanbul Fənər Patrikliyi ilə soyuq münasibətini də izah edir (Sajdova, 2024).

Başqa bir fakt - 2023-cü ildə arximandrit Vassian (Nikolay Zmeyev) üç rus diplomatla birlikdə Şimali Makedoniyaya girişdən məhrum edilib.  O, Sofiyada Rus Kilsəsinin kilsə xidməti rəhbəri olduğuna görə, bir həftə sonra Bolqarıstandan da çıxarılıb. Bolqarıstan Milli Təhlükəsizlik Agentliyi izah edib ki, tədbir onların "Bolqarıstan Respublikasının milli təhlükəsizliyinə və maraqlarına qarşı yönəlmiş fəaliyyəti"nə görə görülüb” (Svoboda, 2023). Media Vassianın davranışlarının beynəlxalq hüququn icazə verdiyi fəaliyyət hədlərini xeyli dərəcədə aşdığını qeyd edib (Metamorphosis, 2024).

Şimali Makedoniyada qütbləşmə diskursunun başlıca daşıyıcılarından olan bir neçə QHT də Moskvanın proksiləri rolunu oynayır.  Bunların əksəriyyəti uşaq hüquqlarının müdafiəsi və ənənəvi dəyərlər pərdəsi altında antigender ritorikasını təşviq edir.  Özünü apolitik və azyaşlıların rifahı ilə maraqlanan kimi təqdim etsə də, Uşaqların Müdafiəsi Koalisiyası (Coalition for Protection of Children) hərtərəfli cinsi təhsilə qarşı açıq müxalif mövqedədir və gender bərabərliyi və LGBTQ+ hüquqlarını irəli aparan qanunvericilik təşəbbüslərinə ciddi müqavimət göstərir. Bu QHT “Rodina” Partiyasına yaxınlığı ilə bilinir (İDEA, 2025).

Beynəlxalq hesabatlara görə,  ölkədə antifeminist və anti-LGBTQ+ mövqeli bəzi qruplar “ənənəvi dəyərlərin müdafiəçisi” kimi çıxış etsələr də, onların təsir şəbəkələri transmillidir və fəaliyyətlərində xarici (o cümlədən xristian təşkilatların) dəstək elementləri görünür. Makedon Pravoslav Kilsəsinin də bəzi hallarda bu diskursu dəstəklədiyi qeyd olunur (Kovaçevska, 2024).

Makedoniya-Rusiya Dostluq Dərnəkləri İttifaqı və  Rus Vətəndaşlar Dərnəyi - Çayka Moskvanın  birbaşa dəstəyini alan QHT-lər arasındadır. Bu dərnəklər Qorçakov Fondu, Russki Mir Fondu və Skopyedəki Rusiya səfirliyi tərəfindən dəstəklənir (AİDDATA, 2023). Bu fondlarla yanaşı  Rusiyanın Şimali Makedoniyadakı ən böyük investisiyası olan “Lukoyl” da Rusiyanın yumşaq güc layihələrinin maliyyələşdirilməsində yaxından iştirak edir (Support4Partnership, 2024)

Əsas narrativlər 

Şimali Makedoniyadakı narrativ istiqamətlərinin bir çoxu Monteneqro ilə üst-üstə düşür. Sadəcə burada kremlyönlü narrativlər və dezinformasiya istiqamətləri yerli  “milli dəyərlər” üzərindən lokallaşdırılır.   NATO və Aİ inteqrasiyası kimliyin və suverenliyin itirilməsi, xaricdən idarə kimi dəyərləndirilir, ölkənin heç vaxt Aİ üzvü olmayacağı tezisi işlənir, Bolqarıstanla mübahisələr məhz avroskeptizmin əsasını təşkil edən manipulyasiya formatına salınır,  Rusiya və BRİCS alternativ kimi göstərilir (İSD, 2024).

Ölkənin adının dəyişirilməsini nəzərdə tutan Prespa razılaşması “xəyanət”, “kimliyin satılması” kimi təqdim olunur, eyni şəkildə Aİ danışıqlarında “Fransız təklifi”nə (Konstitusiyada bolqarların tanınması tələbinə) dəstək verənlər “xəyanətkar”, qarşı çıxanlar “milli ləyaqətin qoruyucusu”, Aİ isə “makedonları alçaldan” kimi təqdim olunur (IDEA, 2025). 

Ukrayna müharibəsi Kreml pəncərəsindən - NATO-nun proksi müharibəsi kimi təqdim olunur, eyni zamanda “bioloji laboratoriyalar”, “nasistlər” kimi Kreml propaqandasının məhsulu olan terminlərlə “bəzədilir” (IDEA, 2025). Din və kimlik,  gender və feminizm  mövzuları  “ailə dəyərləri” adı altında istismar edilir (Kovaçevska, 2024), etnik gərginliklər qızışdırılır, Serbiyanın Srebrenitsa ilə bağlı təftişçi yanaşması təkrarlanır (IDEA, 2025). 

KOSOVO 

Kosovoda Rusiya (Serbiya)  mərkəzli  FIMI-yerli dezinformasiya simbiozu daha çox status mübahisəsi, təhlükəsizlik diskussiyaları və beynəlxalq legitimlik xətləri üzərində qurulub. Moskva Kosovo daxilindəki hər hansı siyasi gərginliyi  bu mövzulara transformasiya edə bilir. Avropa Komissiyasının Kosovo üzrə hesabatında da seçki mühitinə təsir cəhdləri, o cümlədən dezinformasiya  və Rusiya mənşəli  media ekosisteminin rolu risk olarak vurğulanır (Avropa Komissiyası, 2025).

Rusiya üçün Kosovo sadəcə ərazi məsələsi deyil — o, Qərbi Balkanlarda avroatlantik inteqrasiyaya, eləcə də Qərbin rəhbərlik etdiyi qlobal nizam və liberal demokratiya əsasında qurulan dövlət modelinə qarşı “müqavimət”in geosiyasi simvoludur.  Rusiyanın  Aİ və NATO-nu zəiflətmək üçün regional qeyri-sabitlikdən yararlanma, eyni zamanda təsirini qorumaq məqsədilə millətçi və separatçı qrupları dəstəkləmə strategiyası onun Kosovonun müstəqilliyinə ardıcıl şəkildə qarşı çıxmasında aydın görünür. Moskva özünü Serbiyanın ərazi bütövlüyünün “qoruyucusu” kimi təqdim edir və bu təqdimat Kosovonun şimalında onun çox işinə yarayır. (İrazi, Orana və Lozhaş, 2024). 

Kosovo 2022-ci ilin dekabrında Aİ-yə üzvlük üçün müraciət təqdim edib. Hakimiyyət orqanları Kosovonun Avropa yoluna sadiq qalır və bunu ictimaiyyətin yüksək dəstəyi müşayiət edir. Lakin son bir neçə ayda siyasi dalan (pat vəziyyət) səbəbindən Kosovonun hazırlıq sürəti zəifləyib (Avropa Komissiyası, 2025). Kosovoya fokuslanan tədqiqatlar göstərir ki, məhz Rusiyanın dezinformasiya kampaniyaları Kosovo üzrə avroatlantik konsensusda müəyyən “çatların” yaranmasına təsir edib; yəni strateji əhəmiyyətli avroatlantik inteqrasiya qərarları artıq gündəlik siyasi çəkişmələrin bir hissəsinə çevrilir və siyasi elitalar  bu mövzuda əvvəlki kimi çəkingən davranmırlar (İrazi, Orana və Lozhaş, 2024). 

Kosovoda 1999-cu ildən bəri NATO beynəlxalq sülhməramlı missiyası (KFOR) mövcuddur.  Bununla yanaşı, sülh və təhlükəsizliyin təminat altına alınması üçün NATO Məsləhət və Əlaqələndirmə Qrupu (NATO Advisory and Liaison Team (NALT))  kimi təşkilatlar da fəaliyyət göstərir. Bu missiyalar Kosovoda sülh və təhlükəsizliyi təmin etmək üçün mövcuddur, son illərdə etnik gərginliyin artması tendensiyası daha dərin və yayğın görünür. Bu gərginlik xüsusilə 2021-ci ildən sonra yüksələn xətlə davam edir və Rusiyanın Balkanlardakı təsirinin ən vacib elementlərindən birinə çevrilib. Gərginliyin əsas mərkəzi isə Banya Luka, Belqrad və Mitrovitsa üçbucağıdır. Mümkün toqquşmaların əsas qızışdırıcısı rolunu məhz Kosovonun şimalındakı Mitrovitsanın oynayacağı ehtimal edilir (Nyenmann, 2025). 

2023-cü ilin sentyabrında Kosovonun şimalındakı Banska kəndində baş verən hadisələr bunun nümunələrindən biridir. Hadisə belə baş vermişdi - kəndin girişində yolun bağlanmasına Kosovo polisinin müdaxiləsi əsnasında silahlı serblər  atəş açmış və bir polis ölmüşdü. Bundan sonra Kosovo təhülkəsizlik qüvvələri kəndin monastrında gizlənən serb silahlılara qarşı əməliyyat keçirdi, bir neçə silahlı öldürüldü, çox miqdarda silah ələ keçirildi, insident yatırıldı (AP, 2023).  Kosovodakı əsas serb partiyası olan  “Serb siyahısı”nın (Srpska Lista) o vaxtkı sədr müavini Milan Radoiçiç hücumun təşkilində məsuliyyəti üzərinə götürdü. Priştina hücumun arxasında Belqradın olduğunu və terror cəhdinin Kosovonun bölünməsini hədəflədiyini bildirsə də, Radodiç və Serbiya bunu inkar etdi (Balkan İnsight, 2023) Sonradan aparılan araşdırmalar Rusiyanın bu hücum planından əvvəlcədən xəbərdar olduğuna işarə edir (İrazi, Orana və Lozhaş, 2025).  Bəzi analitiklər  bu hadisənin məhz Rusiya (Serbiya) mənşəli təbliğat, nifrət nitqi, dezinformasiya və konspirasiya nəzəriyyələrinin nəticələrindən biri olduğuna diqqət çəkir (Kovachevska, 2025)  Bəzi təhlillərdə isə bu hadisənin məhz Serbiyanın Kosovonun şimalını işğal etməsini hədəfləyən, yaxşı planlanmış Rusiya-Serbiya strategiyasının bir elementi olduğu vurğulanır (Musliu, Kuçi, 2025).  

Rusiyanın Kosovadakı əsas təsir aktoru - Serbiya və serblər 

Kosovodakı alban icması Rusiya təsirinə daha az həssasdır; çünki ümumiyyətlə Rusiya mənbələrinə müraciət etmirlər və onlara skeptik yanaşırlar. Alban əhalisi sabit qərbyönümlü orientasiyaya malik olduğundan Rusiya narrativlərinə daha az meyillidir(Kovachevska, 2025).

Ölkədə  Rusiya təsirinin ən güclü dayağı Serbiya və etnik serblərdir - Belqrad dövlət qurmağı gecikdirmək və bölünmələri dərinləşdirmək üçün Bosniya və Kosovoda etnik azlıqlardan proksi kimi istifadə edir və regional sabitliyə təhdid olan kimlik əsaslı əməllər həyata keçirir. Rusiya isə serbləri Qərbin nifrət və aşağılamasının qurbanı kimi göstərən yerli media, proksi güclər və siyasilər vasitəsilə təsirini gücləndirir. Bu tendensiya Ukraynaya genişmiqyaslı hücumdan sonra daha da güclənib, Rusiyanın təsiri ilə etnik serblərin digər xalqlarla toqquşma ehtimalı 10 il əvvələ görə ciddi şəkildə artıb (Nyenmann, 2025). Aparılan araşdırmalar göstərir ki, hazırda Kosovoda ən riskli sahə etnik qruplar arasındakı münasibətlərdir. “Democracy Plus”un “Vulnerability Index of Disinformation” hesabatına (2024-cü il) görə, etnik gərginliklərdə  hədəflənmiş dezinformasiya komponenti 100 ballıq şkalada 88 olaraq qiymətləndirilir (Democracy Plus, 2024). 

Serb siyasətçilər,  Serbiya kəşfiyyatı, Serb Pravoslav Kilsəsi, Kosovodakı Rusiya “əlaqələndirmə-ofis” strukturu və dezinformasiya orqanları Kosovoda Rusiyanın əsas təsir aparatlarıdır. Serbiya ilə bağlı yazımızda  geniş şəkildə yazdığımız propaqanda ekosistemi - Serbiya prezidenti Aleksandr Vuçiç (həmçinin keçmiş Serb Respublikası lideri Milorad Dodik)  kimi Rusiya ilə ortaq mövqedən çıxış edən siyasilər, “RT Balkan” və “Sputnik Serbjia” strukturu, iqtidar nəzarətindəki Serbiya mediası, Banya Lukadakı Rus mədəni mərkəzi, Niş şəhərindəki Rusiya-Serbiya Humanitar Mərkəzi kimi qurumlar, radikal sağ şəbəkələr (Khar Center,  2026) - Kosovo üzrə də aktiv çalışır. “Sputnik” və “RT Balkan” Kosovoda sanksiyalı olduğuna baxmayaraq, onların veb-saytları Vala, IPKO və MTS kimi mobil internet provayderləri vasitəsilə vaxtaşırı yenə də əlçatan qalır (İlazi, Paçarizi, Pallasch, 2025). 

Serbiya və Rusiya etnik və dini dezinformasiyanın arxasında duran ən önəmli xarici oyunçular olsa da, Kosovodakı yerli siyasətçilər də dezinformasiyadan siyasi xal qazanmaq və cəmiyyəti qütbləşdirmək üçün istifadə ediblər. Bu da Rusiyanın işinə ən çox yarayan istiqamətlərdəndir. (İlazi, Paçarizi, Pallasch, 2025).  

Bununla yanaşı,  “Kosovo Online” kimi Serbiya hökumətyönlü platformalar təbliğata “institusional çəki” verir.  Kosovoda ən sərt, açıq nifrət və müharibəni romantikləşdirən məzmunun mühüm hissəsi isə “Telegram” qruplarında yayılır. 1990-cı illərin müharibə cinayətlərini “qəhrəmanlaşdıran” paylaşımlar, konspirasiya nəzəriyyələri, şimaldakı lokal insidentləri dəqiqələr içində millətçi səfərbərlik çağırışına çevirən “Bunt”, “Bunker”, “Koridori”, “Hodnik”, “Srpska Sparta İnfo” kimi kanallar minlərlə üzv toplayır (İlazi, Paçarizi, Pallasch, 2025). 

Kosovo sıx-sıx Rusiyanın kiberhücumlarının da hədəfi olur. Ən son hökumət rəsmilərinin Ukraynaya hərbi dəstək veriləcəyini açıqlamasından sonra ölkə institutları kiberhücuma məruz qalıb; rəsmi şəxslərə görə, bu hücum 7 may 2025-ci il tarixində Rusiya tərəfindən həyata keçirilib (Kovachevska, 2025).

Rusiya 2022-ci ildən sonra 90-dan çox ölkəni əhatə edən “Pravda” (Portal Kombat) şəbəkəsinə Kosovonu da daxil edib. Burada xüsusilə alban dilində danışan auditoriya hədəflənib. Alban auditoriyasını hədəfləmənin ən nəzərə çarpan nümunələrindən biri albania.news-pravda.com portalıdır Üstəlik, bu şəbəkədə Kosovo məzmunu yalnız regional saytlarda məhdudlaşmır; həm də Balkanlarla birbaşa coğrafi bağlılığı olmayan domenlərdə görünür. Kosovo ilə bağlı məzmun Afrika ölkələri ilə əlaqəli səhifələrdə də yayılıb. Bu qlobal əlçatanlıq həmin domenlərdəki ingilisdilli versiyalar hesabına təmin olunur; məzmun beynəlxalq auditoriya üçün əlçatan olur və platformanın narrativlərini Balkanlardan kənarda da gücləndirir (Kovachevska, 2024).

Maraqlı məqamlardan biri - Kosovo narrativlərində İran mediasının da Rusiyaya dəstək verməsidir (İrazi, Orana və Lozhaş, 2025).

Rusiyanın əsas Kosovo narrativləri 

Rusiyanın Kosovo ilə bağlı  bir neçə əsas propaqanda narrativi mövcuddur. Qərbi hədəf alan və onu “demonizə edən”  “Qərbin ikili standartları” narrativi  propaqanda məzmunlarının təxminən 35 faizini təşkil edir.  Moskva Qərbi bir tərəfdən Kosovonun müstəqilliyini dəstəkləyib, digər tərəfdən Krımın işğalına qarşı çıxaraq ikili standart həyata keçirməkdə ittiham edir. Bu narrativdə Rusiya öz beynəlxalq hüquq pozuntularını ört-basdır etmək üçün özünü “prinsipial” və “beynəlxalq hüququ qoruyan” aktor kimi göstərməyə çalışır, Qərbi isə “seçici hüquq tətbiqi”ndə, “ikili standartlar”da və “geosiyasi manipulyasiya”da günahlandırır (İrazi, Orana və Lozhaş, 2025). Ümumiyyətlə, Rusiya mediası və rəsmiləri Ukraynadakı təcavüz ilə Kosovodakı müharibə arasında tez-tez paralellər qururlar. Məsələn, Buça qətliamını “qurama” adlandıraraq bunu 1999 Kosovo müharibəsindəki Raçak qətliamı barədə iddiaları ilə eyniləşdirirlər. Həmçinin keçmiş KLA (Kosovo Azadlıq Ordusu) döyüşçülərinin Ukrayna münaqişəsində iştirakı və “orqan alveri” barədə dezinformasiya yayırlar. Bundan əlavə, Krımın ilhaqı ilə Kosovonun müstəqilliyi arasında yanıltıcı müqayisələr aparırlar. Bu narrativlər tarixi faktları təhrif etmək və Rusiya geosiyasi maraqları naminə ictimai qavrayışı manipulyasiya etmək məqsədi daşıyır (Kovachevska, 2025).

Rusiyanın təsir narrativlərinin təxminən 30 faizini təşkil edən ikinci tezis  “Kosovo beynəlxalq hüquqa görə legitim dövlət deyil” iddiasından ibarətdir. Kreml Kosovonun statusunun yalnız Serbiyanın razılığı ilə həll oluna biləcəyini vurğulayaraq həm “Serb maraqlarının qoruyucusu”, həm də Qərbə qarşı “meydan oxuyan” aktor kimi rolunu möhkəmləndirməyə çalışır. Əsas məqsəd isə Balkanlarda sabitliyə mane olmaq, Kosovodan kart kimi istifadə edərək  Serbiya ilə Aİ arasında daha uçurum yaratmaqdır.

“Kosovo qeyri-sabitlik və mütəşəkkil cinayətkarlıq mənbəyidir” iddiası Rusiyanın üçüncü narrativ xəttini təşkil edir. Moskva bu çərçivə ilə həm Kosovonun dövlətçiliyinin legitimliyini sual altına alır, həm də Qərbin Kosovo müstəqilliyini “mümkün edən” rolunu hədəfə alır (İrazi, Orana və Lozhaş, 2025).

Dördüncü narrativ “Qərb öz təsirini genişləndirmək və Serbiyanı təcrid etmək üçün Kosovodan yararlanır” iddiasını ehtiva edir. Kreml Belqradı Kosovonun “müstəqilliyini” tanımağa məcbur etmək üçün Avropa İttifaqı və NATO-nun Kosovo məsələsindən geosiyasi alət kimi istifadə etdiyini iddia edir. 

Digər bir propaqanda narrativi isə Kosovodakı etnik qütbləşməni dərinləşdirmə məqsədi daşıyır. Bu narrativ iki tərəfli işləyir. Kosovo serblərinə “silindiniz”, “alban zülmünün qurbanısınız” deyilir; Kosovo albanlarına isə “serb təcavüzü” qorxusu təlqin olunur. Məqsəd hər iki tərəfi qorxu və ayrılıqda saxlamaqdır (İlazi, Paçarizi, Pallasch, 2025).

NƏTİCƏ 

Bu yazıdakı faktlar Qərbi Balkanların daxili problemlərlə zəngin ölkələrində propaqanda - dezinformasiya və manipulyasiya probleminin sadəcə FIMI kimi izah edilməsinin doğru olmadığını göstərir. Monteneqro, Şimali Makedoniya və Kosovo nümunələri Balkanlarda FIMI ilə yerli faktorların simbiozu kimi daha ciddi təhlükənin mövcudluğunu nümayiş etdirir. 

Monteneqroda avroatlantik inteqrasiya əleyhdarı olan siyasi proksilər, xarici qeydiyyatlı onlayn kanallar bu simbiozun lokal ayağını təşkil edərkən Şimali Makedoniyada Aİ-yə üzvlük prosesinin tıxanmasından doğan məyusluq və kimlik mübahisələri Kremlin əsas narrativ kapitalı rolunu oynayır, Kosovoda isə etnik mənşəli təhlükəsizlik problemi FIMI-yi daha işlək hala gətirən yerli faktor olaraq önə çıxır. Hər üç nümunədə də Serbiya istər FIMI xəttinin, istərsə də yerli təsir kanallarının əsas aktoru, Rusiyanın regiondakı əsas uzantısı rolunu oynayır. 

Bu ölkələrdə Serbiyanın da təsiri ilə miqyası və dərinliyi daha da artan FIMI-yerli dezinformasiya simbiozuna effektiv cavab üçün isə yalnız ifşa, fakt-cheking fəaliyyətləri kifayət etmir. Bu məsələyə Rusiyanın hibrid müharibəsinə qarşı Avropanın cavab siyasətinin, təhlükəsizlik arxitekturasının əsas elementlərindən biri kimi baxılmalı, konkret, hədəfli, çoxşaxəli və planlı mübarizə mexanizmləri qurulmalı, FIMI ilə yerli dezinformasiya istehsalı, onları yaradan aktorlar və səbəblər, siyasi qütbləşmələri dərinləşdirən faktorlar və  amplifikasiya kampaniyalarına kompleks şəkildə baxılmalıdır.


Qeyd. * Bu məqalədə Kosovoya edilən istinadlar BMT Təhlükəsizlik Şurasının 1244 (1999) saylı Qətnaməsi və Beynəlxalq Ədalət Məhkəməsinin Kosovonun müstəqillik bəyanatı ilə bağlı Rəyinə uyğun olaraq, statusla bağlı mövqelərə xələl gətirmədən təqdim edilir.



İSTİNADLAR 

EEAS, 2023. 1st EEAS Report on Foreign Information Manipulation and Interference Threats.
https://www.eeas.europa.eu/eeas/1st-eeas-report-foreign-information-manipulation-and-interference-threats_en

ISS (European Union Institute for Security Studies), 2023. Feeling the Pulse: Countering Foreign Information Manipulation and Interference.
https://www.iss.europa.eu/publications/briefs/feeling-pulse-countering-foreign-information-manipulation-and-interference

European Parliament, 2021. External Influence and Disinformation.
https://www.europarl.europa.eu/RegData/etudes/STUD/2020/653621/EXPO_STU(2020)653621_EN.pdf

KHAR Center, 2026. Balkanlarda Rusiya Propaqandası - Serbiya, Bosniya və Herseqovina https://kharcenter.com/arasdirmalar/balkanlarda-rusiya-propaqandasi-serbiya-bosniya-ve-herseqovina

NATO, 2017. Relations with Montenegro.
https://www.nato.int/en/what-we-do/partnerships-and-cooperation/relations-with-montenegro-archived

Council of the European Union, yanvar 2026. Montenegro – EU Relations.
https://www.consilium.europa.eu/en/policies/montenegro/

Nemec, Jiri, 2023. The (Geo)Politics of Democracy in Montenegro.https://cadmus.eui.eu/server/api/core/bitstreams/208a9b3d-748e-521e-96be-eeb032d0e50f/content

Clingendael, 2023. Russian Sources of Influence in Serbia, Montenegro and Bosnia and Herzegovina, Clingendael Institute.
https://www.clingendael.org/pub/2023/little-substance-considerable-impact/russian-sources-of-influence-in-serbia-montenegro-and-bosnia-and-herzegovina/

Gardasevic, Ivana, 2018. Russia and Montenegro: How and Why a Centuries’ Old Relationship Ruptured. https://isij.eu/article/russia-and-montenegro-how-and-why-centuries-old-relationship-ruptured

Dzankic, Jelena; Kacarska, Simonida; Keil, Soeren, 2023. A Year Later: War in Ukraine and Western Balkan (Geo)Politics, European University Institute. https://cadmus.eui.eu/entities/publication/6d9ab2b7-0f27-51e5-b8c6-8af91beba0f0

Anadolu Agentliyi, 2023. Montenegro Forms New Government Including Pro-European, Pro-Serb Parties.
https://www.aa.com.tr/en/europe/montenegro-forms-new-government-including-pro-european-pro-serb-parties/3039073

Balkan Insight, 2024. Montenegro Retrial Acquits All Defendants in Coup Plot Case.
https://balkaninsight.com/2024/07/12/montenegro-retrial-acquits-all-defendants-in-coup-plot-case/

Government of Montenegro 2024.  Parliament Approves Cabinet Reshuffle.
https://www.gov.me/en/article/parliament-approves-cabinet-reshuffle

European Western Balkans, yanvar 2026. Pro-Serb DNP Pulls Support for Spajić Government.
https://europeanwesternbalkans.com/2026/01/30/pro-serb-dnp-pulls-support-for-spajic-government/

IREX, 2024. VIBE: Montenegro.
https://www.irex.org/sites/default/files/VIBE_2024_Montenegro.pdf

Support4Partnership, 2024. The Activities of Pro-Serbian and Pro-Russian Platforms in Montenegro.
https://support4partnership.org/en/news/the-activities-of-pro-serbian-and-pro-russian-platforms-in-montenegro/

Media Ownership Monitor, 2023. Portal IN4S.
https://montenegro.mom-gmr.org/en/media/detail/outlet/portal-in4s/

International Telecommunication Union, 2020. Global Cyber Security Index.
https://www.itu.int/dms_pub/itu-d/opb/str/D-STR-GCI.01-2021-PDF-E.pdf

CCE (Center for Civic Education), 2020. Spinofact.
https://media.cgo-cce.org/2021/03/Spinofact-2020-publikacija-ENG.pdf

Bogdanovski, Andreja, 2025. Russian Narratives in Montenegro Target the Ecumenical Patriarch.
https://antidisinfo.net/russian-narratives-in-montenegro-target-the-ecumenical-patriarch-during-nicaea-events/

DFC (Digital Forensic Center Montenegro), 2023. Threats to democratic processes in Montenegro. İnfluence Mapping.
https://dfcme.me/wp-content/uploads/Studia_No4_eng.pdf

DFC, 2024. Neraskidive veze ili geopolitička strategija.
https://www.standard.co.me/wp-content/uploads/2024/06/Studija-cg.pdf

Metamorphosis Foundation, 2024. Disinformation Trends and Narratives in the Western Balkan Region.
https://metamorphosis.org.mk/en/izdanija_arhiva/disinformation-trends-and-narratives-in-the-western-balkan-region-media-monitoring-report-july-september-2024/

Bogdanovski, Andreja, 2025. Russian Narratives in Montenegro Target the Ecumenical Patriarch.
https://antidisinfo.net/russian-narratives-in-montenegro-target-the-ecumenical-patriarch-during-nicaea-events/

IDEA, 2025. Enablers and Incentives of Election-Related FIMI: North Macedonia.
https://www.idea.int/sites/default/files/2025-10/enablers-and-incentives-of-election-related-fimi-north-macedonia.pdf

Council of the European Union, 2022. Republic of North Macedonia – EU Relations.
https://www.consilium.europa.eu/en/policies/republic-north-macedonia/

OSW, 2020. Bulgaria Blocks Accession Negotiations with North Macedonia.
https://www.osw.waw.pl/en/publikacje/analyses/2020-12-14/bulgaria-blocks-accession-negotiations-north-macedonia

ISD 2024. Monitoring Influence and Disinformation Campaigns in the Western Balkans.
https://www.isdglobal.org/wp-content/uploads/2024/12/Monitoring-Influence-and-Disinformation-Campaigns-in-the-Western-Balkans.pdf

Nezavisen, 2023. Russian Money Flows in North Macedonia.
https://nezavisen.mk/vo-makedonija-doshle-6-milijardi-dolari-ruski-pari-preku-ilegalni-kanali-i-lokalni-oligarsi/

Daskalovski Zhidas, Damjanovski Sasho, 2024. North Macedonia’s Response to Hybrid Threats and FIMI.
https://www.psychologicaldefence.lu.se/sites/psychologicaldefence.lu.se/files/2024-11/241107_LU%20Working%20Paper%202024-2_North%20Macedonias%20response%20to%20hybrid%20threats%20and%20FIMI_0.pdf

SWP Berlin, 2023. Russian Influence in the Western Balkans.
https://www.swp-berlin.org/10.18449/2023C08/

Truthmeter, 2024. From Levica Through Rodina to GROM and MAAK.
https://truthmeter.mk/from-levica-through-rodina-to-grom-and-maak-who-are-moscows-megaphones-in-the-country/

Truthmeter, 2022. Membership Is Shifting from One Pro-Russian Party to Another.
https://truthmeter.mk/membership-is-shifting-from-one-pro-russian-party-to-another-in-the-country/

Sajdova Katerina, 2024. Dissemination of Pro-Russian Narratives via Media in North Macedonia.
https://www.strategicanalysis.sk/dissemination-of-pro-russian-narratives-via-media-in-north-macedonia/

Tuneva, Marina, 2024. Media Integrity Guide. UNDP.
https://www.undp.org/sites/g/files/zskgke326/files/2024-01/media_integrity_guide_en_final.pdf

IKS (Institute for Communication Studies ), 2025. Foreign Information Manipulation and Interference in North Macedonia.
https://iks.edu.mk/wp-content/uploads/2025/05/foreign-information-manipulation-and-interference-in-north-macedonia.pdf

EDMO, 2024. Russian Disinformation Network “Pravda”.
https://edmo.eu/publications/russian-disinformation-network-pravda-grew-bigger-in-the-eu-even-after-its-uncovering/

Rizanaj, Festim, 2025. The Russian Propaganda Network Pravda and the Balkans. https://hibrid.info/wp-content/uploads/2025/06/Pravda-Network-1-1.pdf

Kovaçevska, Despina, 2024.a MAPPING GENDERED DISINFORMATION IN THE WESTERN BALKANS NORTH MACEDONIA.https://smartbalkansproject.org/wp-content/uploads/2025/05/Mapping-gendered-disinformation-in-the-Western-Balkans-1.pdf

Radio Svoboda, 2023. Из Болгарии выслали настоятеля подворья РПЦ архимандрита Вассиана.

https://www.svoboda.org/a/iz-bolgarii-vyslali-nastoyatelya-podvorjya-rpts-arhimandrita-vassiana/32603455.html

AidData, 2023. North Macedonia Civic Space 2010–2021.
https://docs.aiddata.org/reports/civic-space/country-reports/mkd/north-macedonia-civic-space-2010-to-2021.html

European Commission, 2025. Kosovo Report 2025.
https://enlargement.ec.europa.eu/document/download/127563ea-4c03-44a4-b56c-2d569afd86a5_en?filename=kosovo-report-2025.pdf

İrazi Ramadan, Orana Ardit, Loshaj Jeta, 2024. Kosovo in Russian Foreign Policy Discourse.
https://qkss.org/images/uploads/files/Publication_24-09-30_Kosovo_in_Russian_Foreign_Policy_Discourse_A4_-_2.pdf. Kosovar Centre for Security Studies 

Nyenmann, Dorthe Bach, 2025. Replaying Old Tunes - A Case Study of Serbian Identity Politics Unfolding in the Triangle Between Banja Luka, Mitrovica, and Belgrade. A Pathway to Russian Foreign Influence by Exploiting Local Drivers and Triggers. National Security and the Future (NSF) https://www.nsf-journal.hr/nsf-volumes/focus/id/1532/p/1

Associated Press, 2023. Kosovo policeman killed in monastery siege as tensions with Serbia rise.
https://apnews.com/article/kosovo-serbia-policeman-killed-tension-kurti-vucic-51a29a3159646ec020851b3b5a24836f

Balkan Insight, 2023. Interpol Issues Warrant for Radoicic Over Banjska Attack in Kosovo.
https://balkaninsight.com/2023/12/07/interpol-issues-warrant-for-radoicic-over-banjska-attack-in-kosovo/

Musliu Agim, Kuçi Gurakuç, 2023. Scenarios After Banjska and the Russo-Serbian Hybrid Warfare in Kosovo. Octopus Institute.
https://octopusinstitute.org/scenarios-after-banjska-and-the-russo-serbian-hybrid-warfare-in-kosovo/

Democracy Plus (D+), 2024. Index of Disinformation 2024.
https://dplus.org/wp-content/uploads/2024/07/25-07-2024_Index-of-Disinformation.pdf

İlazi Ramadan, Paçarizi Gentiana, Pallasch Pia-K, 2025. How Disinformation Fuels Ethno-Political Radicalization in Kosovo. Kosovar Centre for Security Studies.
https://qkss.org/images/uploads/files/How_Disinformation_Fuels_Ethno-Political_Radicalization_in_Kosovo1625.pdf

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin