16 apr 2026

Türkiyə ilə Rusiya Arasında Səssiz Gərginlik

Türkiyə ilə Rusiya Arasında Səssiz Gərginlik



(Yazı KHAR Center-in "Avtoritar Rejimlər və Transregional Təsir Mexanizmləri" araşdırması çərçivəsində hazırlanıb)

Giriş 

İran müharibəsinin başlamasından sonra Türkiyə ilə Rusiya arasında münasibətlərdə açıq görünməyən, amma hiss edilən bir gərginlik xətti formalaşıb. Bu, klassik bir diplomatik böhran formatında olan gərginlik deyil. Rəsmi açıqlamalarda da radikal qarşıdurma elementi görünmür. Ancaq həm Moskvanın, həm də Ankaranın verdiyi siqnallar və xüsusilə son bir ay ərzində iki ölkə münasibətlərində baş verən hadisələr iki ölkə arasındakı idarəolunan balansın əvvəlki komfortunun qalmadığını göstərir. Rusiyanın Türkiyədən “açıq mövqe” tələbi və Ankaranın İran gərginliyi  fonunda güclənən NATO diskursu qarşılıqlı səssiz gərginlik nöqtələri yaradıb. 

Mövzunu aktuallaşdıran əsas məqam da məhz budur - dünyadakı dəyişən geosiyasi reallıqlar yeni güc mərkəzlərinin, yeni ittifaqların formalaşması və ya köhnə ittifaqların yenidən formalaşması/konsolidasiyası gerçəyini ortaya qoyub. Türkiyə də bu kontekstdə özü üçün yaranan yeni fürsətləri dəyərləndirmək, yeni manevr sahələri qazanmaq istəyir. Xüsusilə Rusiyanın Ukraynaya geniş miqyaslı hücumundan sonra Qara dənizin iqtisadi və təhülkəsizlik zonası olaraq statusu və burada yaranan təhlükələr, Montro rejimi, Rusiya enerjisindən xilas olmaq istəyən Avropa üçün Türkiyənin ötürücü rolunun güclənməsi, NATO-nun regional müdafiə planları Türkiyənin strateji əhəmiyyətini artırıb. İran müharibəsi, ABŞ-Avropa İttifaqı gərginliyi fonunda isə strateji rola yeni qatlar əlavə olunub. Trump administrasiyasının NATO ilə bağlı təhdidedici və ziqzaklı mövqeyi Türkiyəyə alyansda mərkəzi güc olaraq önə çıxma fürsəti verir və Ankara bundan yararlanmaq istəyir. Ancaq NATO-ya bu qədər yaxınlıq nümayişi Ərdoğan iqtidarının uzun illərdir Qərb ilə münasibətlərdə soyuma hesabına dostluq və tərəfdaşlıq əlaqələrini davam etdirdiyi Putin Rusiyasını narahat edir. İki tərəf də bunu açıq şəkildə ifadə etməsə belə, bu narahatlıq  son iki ayda üstüörtülü bir güc nümayişi şəklində təzahür edir. İlk baxışda ayrı-ayrı hadisələr kimi görünsə də, iki ayın mənzərəsi “balans” xəttindəki çatların epizodik olmadığını göstərir. Ankara bir tərəfdən Rusiya ilə enerji başda olmaqla iqtisadi və regional əlaqələrini davam etdirməyə çalışır, ancaq digər tərəfdən geosiyasi reallıqların ona açdığı yeni imkanlardan yararlanmaq və ənənəvi balans siyasətində buna uyğun redaktələr etmək istəyir. 

Bu yazıda Türkiyənin xarici siyasətdəki bu balans radaktəsinə və Rusiyanın buna reaksiyasına diqqət çəkilir. Yazı Türkiyənin davranışına klassik blok seçimi prizmasından deyil, Ankaranın balans və manevr siyasəti prizmasından nəzər salır. Bu mövzuda indiyə qədər yazılan məqalələrdə son iki ayın hadisələri ayrı-ayrı epizodlar kimi nəzərdən keçirilib, KHAR Center-in bu analizində isə baş verənlər xarici siyasət kursunda redaktənin elementləri kimi təhlil edilir. 

Analizin əsas sualı 

İran müharibəsindən sonra Türkiyə-Rusiya münasibətlərində müşahidə olunan səssiz gərginlik epizodlar toplusundan ibarətdir, yoxsa Ankaranın daha geniş çərçivəli xarici siyasət redaktəsini və Moskvanın buna təpkisini nümayiş etdirir? 

Ankaraya “Türk Axını” təzyiqi  

Rusiya bu ilin əvvəlindən Türkiyənin Ukraynaya təzyiq göstərməsi üçün sistemli bir kampaniya aparır. Bu kampaniyanın əsas elementi  “Türk axını” xəttidir - Moskva israrla Ukraynanın bu xəttə hücum etdiyini “isbat etməyə” və Ankaranın  buna publik reaksiyasına nail olmağa çalışır.  Bu kampaniyada həm Rusiyanın rəsmi dairələri və propaqanda aktorları, həm  Türkiyədəki rusçu-avrasiyaçı düşərgə, həm də həm Ukrayna düşmənçiliyi xəttini seçki kampaniyasının lokomotivinə çevirən kremlyönlü keçmiş Macarıstan hökuməti  aktiv iştirak edib. 

Əvvəllər bu kampaniya Rusiya üçün növbətçi xarakter daşıyırdı - keçən il də dəfələrlə bu iddialar səsləndirilib, - ancaq xüsusilə bu il fevralın sonlarından etibarən sistemli hal alıb.  Fevralın 24-də  Rusiya prezidenti Vladimir Putin xüsusi xidmət orqanlarının  Kiyevin Qara dənizdəki qaz kəmərlərinə - “Türk axını” və  “Mavi axın” xətlərinə qarşı mümkün sabotaj planları barədə məlumatı olduğunu və bu məlumatın Ankara ilə paylaşıldığını söyləyərək kampaniyanın başlanğıc siqnalını verdi (TASS, 2026a).  Putindən bir  gün sonra  sözçüsü Dmitri Peskov iddia olunan sabotaj planları barədə Türkiyə rəsmilərini dəfələrlə məlumatlandırdıqlarını söylədi və fevralın 27-də bir daha bu açıqlamasını təkrarladı (TASS, 2026 b). 

Martın 2-də Rusiyanın Ankaradakı səfirliyi “Türk axını” və  “Mavi axın”  xətlərinə qarşı sabotaj cəhdləri olduğunu açıqladı (TASS, 2026c). Siyasi açıqlamalardan sonra, martın 11-də dövrəyə Rusiyanın dövlət şirkəti “Qazprom” girdi - qurum “Türk Axını” və  “Mavi Axın”ın 12 dəfə hücuma məruz qaldığını iddia etdi (Reuters, 2026a).  Martın 17-də Rusiya Xarici İşlər Nazirliyi,  Sergey Lavrovun türkiyəli həmkarı Hakan Fidanla görüşündə “Ukraynanın Mavi Axın və Türk Axını” xətlərinə təhlükə yaratmaq səyləri kontekstində boru xətti təhlükəsizliyi” məsələsinin müzakirə edildiyini bildirdi (Rusiya XİN, 2026a). Türkiyə XİN Fidan-Lavrov arasındakı telefon söhbəti barədə açıqlama yaymadı, rəsmi dövlət agentliyinin xəbərində isə yalnız “enerji təhlükəsizliyi də müzakirə edildi” cümləsinə yer verildi (AA, 2026a). 

Rusiya isə “Ukrayna “Türk axını”na hücum edir” narrativini israrla gündəlikdə saxlamağa çalışdı. Martın 19-da Peskov (Reuters, 2026 b), 20 və 25-də XİN sözçüsü Mariya Zaxarova (Rusiya XİN, 2026 b), aprelin 2-də bir daha “Qazprom” “yeni hücum” iddialarını təkrarladılar (AA, 2026b).  Ancaq bütün bu iddialara Türkiyədən hər hansı rəsmi-diplomatik reaksiya gəlmədi,  Rusiyanın iddiaları isə yalnız Kremlin propaqanda vasitələrinin xəbərləri  və onlara istinadlarla Türkiyədəki avrasiyaçıların sosial media paylaşımları ilə məhdudlaşdı. 

Moskva bu sistemli və ardıcıl kampaniyanı tək aparmadı. Bu kampaniyanın qeyri-ardıcıl şəkildə aparıldığı ötən ildə belə Moskvanın əsas müttəfiqi məhz Macarıstan idi. 2025-ci ilin yanvarında Rusiya Müdafiə Nazirliyinin “Türk Axını”na hücum iddiasından dərhal sonra Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyarto bu açıqlamanı paylaşaraq  “Türk axımı”nın Mərkəzi Avropa üçün vazkeçilməz olduğunu bildirib və hər hansı sabotaj cəhdini Macarıstanın enerji təhlükəsizliyinə hücum kimi dəyərləndirdi (About Hungary, 2025). Siyyarto daha sonra da dəfələrlə bu iddianı Moskva ilə paralel şəkildə gündəliyə gətirib. 

Ərdoğan hökuməti ilə yaxşı münasibətləri olan Viktor Orban və komandası fevralın sonlarından etibarən “Türk axını təhlükədə” propaqadasının əsas daşıyıcılarından birinə çevrildi. Kiyevi “Türk Axını” və “Mavi Axın” xətlərinə hücumda ittiham parlament seçkiləri qabağı Ukrayna düşmənçiliyini kampaniyanın əsas elementinə çevirən Macarıstan hökumətinin ən işlək narrativlərindən oldu (Ukrainska Pravda, About Hungary, 2026).  Macarıstanda 12 aprel seçkilərindən sonra Orbanın hakimiyyətdən getməsi böyük ehtimalla Moskvanın bu mühüm propaqanda ortağını itirməsinə səbəb olacaq. Çünki yeni lider Peter Macar Rusiyanın proksisi kimi davranmayacağını, Aİ və NATO müttəfiqlik xəttini gücləndirəcəyini, Ukraynaya münasibətdə isə Orbanın düşmənçilik xəttindən normal qonşuluq xəttinə keçəcəyini ifadə edib. 

Aprelin əvvəlində Kreml propaqandası Avropadakı digər müttəfiqini - Serbiya hökuməti də |”“Türk axını” təhlükədə” kampaniyasına daxil etməyə cəhd göstərib.  Aprelin 5-də “Türk Axını”nın Balkanlardakı davamı olan “Balkan axını” qaz kəmərinə yaxın bir yerdə partlayıcıların bulunduğu açıqlanıb.  Müəmmalı sabotajın təşkilatçılarını və ya şübhəlilərini göstərə biləcək inandırıcı sübut tapılmasa da, Macarıstan və Rusiya  hökuməti bunu Ukrayna düşmənçiliyi kampaniyası üçün fürsətə çevirdi. Budapeştdə keçirilən Müdafiə Şurasının fövqəladə toplantısından sonra Orban-Siyyarto ikilisi Serbiyadakı sabotaj cəhdinə görə Ukraynanı ittiham edib. Serbiya kəşfiyyatının rəhbəri Kiyevi ittiham etmək üçün sübut olmadığını, bu sabotajın miqrantlarla bağlı ola biləcəyinə dair məlumatları əvvəlcədən hökumətə verdiklərini bildirsə də, Macarıstan geri addım atmayıb və boru xəttini hərbi nəzarətə götürdüyünü açıqlayıb.  Aprelin 6-da isə Peskov Serbiyadakı sabotaj cəhdi ilə bağlı sübut olmadığını qəbul etsə də, Ukraynanı dolayı yolla  ittiham edib (CWBS, 2026). 

Analizlərə görə, bu məsələdə əsas hədəf Belqradın “enerji təsislərinə qarşı hücumların qarşısını almaq” məqsədilə Moskva-Budapeşt kampaniyasına qoşulması və qaz xətlərini qorumaq üçün Macarıstanla birlikdə hərbi birlikləri hərəkətə keçirməsi olub. Həm Rusiyanın propaqanda müharibəsinə, həm də Orbanın seçki kampaniyasına dəstək məqsədi daşıyan bu plana görə, Serbiya rəsmiləri partlayıcılar tapıldıqdan sonra  dərhal “Ukrayna izi”ni ortaya çıxarmalıydı. Ancaq görünən odur ki, Aleksandr Vuçiç öz oyununu oynamağa qərar verdi - partlayıcılar tapıldı, sabotajın qarşısı alındı, ancaq Serbiya “Ukrayna izi” tapmaqda çox həvəsli görünmədi, əksinə, sistemli şəkildə bu iddianı rədd etdi və sabotajın miqrantların işi ola biləcəyinə dair tezisi güclü şəkildə yaydı. Yəni Kreml ilə yaxın əlaqələrinə və Orban hökuməti ilə ortaq mənafelərinə baxmayaraq Vuçiç Serbiyada onun özünü gözləyən çətin seçki kampaniyasını nəzərə alaraq gözlənilməz bir praqmatizmlə Rusiya-Macarıstanın “Türk axını”  əməliyyatını pozdu (CWBS, 2026). 

Boğazda vurulan tanker və Rusiyanın Ankaradan mövqe tələbi 

Rusiyanın Ankaraya Ukraynanın “dərsini vermə” təzyiqi yalnız “”Türk axın”ına təhdid” narrativi ilə də məhdudlaşmadı. Martın sonunda Moskvanın əlini gücləndirəcəyini düşündüyü  hadisə baş verdi - Syerra Leone bayraqlı, ancaq işlədəni türk olan “Altura” tankeri Rusiyanın Novorossiysk limanından yüklədiyi xam neftlə Qara dənizdə, Bosfor boğazına yaxın zonada hücuma məruz qaldı. Dərhal sonra Rusiya prezidentinin sözçüsü Dmitri Peskov açıqlama verərək Ankaranın Ukraynaya təsir edəcəyinə inandıqlarını söylədi (Lenta.ru, 2026) 

Ancaq bu basqıya, sosial medianın Türkiyə seqmentində rusiyayönlü hesabların və onların hökumət qanadına yaxın həmfikirlərinin Ukrayna əleyhinə “hücumu”na baxmayaraq Ankaranın tankerin vurulması ilə bağlı açıqlaması olduqca təmkinli idi - bu cür hücumların can, mal, dənizçilik və ətraf mühit baxımından risklər yaratdığı bildirildi, toqquşmaların Qara dənizdə yayılmasının və artmasının qarşısını almaq üçün hər iki tərəflə təmasların davam etdiyi vurğulandı (Türkiyə XİN, 2026)

Moskva şübhəsiz ki, Ankaranın bu səssizliyindən məmnun qalmadı. Martın 27-də Türkiyənin Moskvadakı səfiri Ləvənt Bilgin Rusiya XİN-ə çağırıldı və xarici işlər nazirinin müavini Andrey Qruşko ilə görüşdü.  Rusiya XİN-dən verilən açıqlamada bildirilirdi ki, tərəflər türk tankerinə hücumla “Mavi Axın” və  “Türk Axını” infrastrukturu ətrafındakı təhlükəsizlik vəziyyətini müzakirə edib. Rusiya tərəfi bu görüşdə “Türkiyə tərəfinin Kiyev rejiminin cinayətkar hərəkətlərini pisləyən aydın ictimai reaksiyasının” zəruriliyini vurğulayıb (Rusiya XİN, 2026c).  Ankaradakı Rusiya səfirliyi də sosial media hesabından Türkiyə XİN-i etiketləyərək bu xəbəri paylaşdı və Moskvanın Ankaradan konkret mövqe gözlədiyini bildirdi. Bu, faktiki olaraq Türkiyəyə “niyə Ukraynaya açıq etiraz etmirsiniz?” təzyqinin diplomatik dildə ifadəsiydi. 

Bu xətti XİN sözçüsü Mariya Zaxarova da davam etdirdi: “Türkiyə tərəfinin Kiyev rejiminin cinayətkar əməllərini pisləyən aydın ictimai reaksiya verməsinin və bölgədə enerji təchizatı təhlükəsizliyinin təmin edilməsi üçün əlavə tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb. Biz hesab edirik ki, bu ölkənin iqtisadiyyatının inkişafı üçün Rusiyadan enerji resurslarının tədarükünün əhəmiyyəti nəzərə alınarsa, bu cür düşüncəsiz hərəkətlərin qarşısının alınması elə Türkiyənin öz maraqlarına uyğundur” (Rusiya XIN, 2026ç).  Zaxarova bu sözlərinin arxasınca da “Zelenskiyə güvənən, ona pul və silah verən hər kəs bunu yadda saxlasın və bilsin: o, ilk növbədə bütün bunları elə sizin özünüzə qarşı çevirəcək” sözləriylə Ankaraya mesaj verdi. Ancaq Ankara səfirin Rusiya XİN-ə çağırılmasına və Moskvadan gələn açıqlamalara da hər hansı publik reaksiya vermədi. 

Ankaranın Moskvanın iddiaları və tələblərinə laqeydliyi Rusiya narrativlərinin Türkiyədəki əsas gücləndiriciləri olan avrasiyaçılarda  ciddi məyusluq yaratdı. Moskvanın Türkiyədəki əsas propaqanda aparatlarından olan “Aydınlık”  qəzeti - “Ulusal Kanal” xətti tankerin vurulmasını eynilə Kremlin tərzinə uyğun şəkildə ““Türk Axını”na sabotajlar təşkil edən Kiyev rejimi indi də Türkiyənin neft tankerini vurdu“ cümlələri ilə təqdim etdi (Aydınlık, 2026a), “Oda TV” tankerin Ukrayna mənşəli pilotsuz dəniz dronu ilə vurulduğunu iddia etdi (Oda TV, 2026). Ankaranın səssizliyini davam etdirməsi avrasiyaçıların ritorikasını da Kremllə eyni paraleldə sərtləşdirdi. Türkiyə səfirinin Rusiya XİN-ə çağrılmasından iki gün sonra Rusiyanın Ankaradakı ən yaxın “adamı” Doğu Perinçek Ukraynanın türk tankerini qəsdən vurduğunu söylədi (Ulusal Kanal, 2026). Zaxarovanın açıqlamalarından üç gün sonra isə yenə “Aydınlık” qəzeti Türkiyə hökumətinin bu hadisəni ört-basdır etdiyini, rəsmi açıqlamalarda Ukraynanın adının belə çəkilmədiyini, Ankaranın bu davranışının Moskvada narahatlıq doğurduğunu yazdı (Aydınlık,  2026b). 

NATO qərargahı, Ukrayna üçün dəniz bazası və Moskvanın Montrö xəbərdarlığı 

Moskva ilə Ankara arasındakı üstüörtülü Ukrayna gərginliyi davam edərkən gündəliyə yeni bir diskussiya mövzusu çıxdı - Türkiyədə NATO-nun çoxmillətli korpus qərargahının yaradılması və Ukrayna Könüllülər Koalisiyası çərçivəsində İstanbul Beykozda Dəniz Komponenti Komandanlığının fəaliyyətə başlamasının planlaşdırıldığı haqda xəbərlər eyni anda mediada yayıldı. Bu mövzu Türkiyə ictimaiyyətində ciddi diskussiyalara səbəb oldu. 

Türkiyə Müdafiə Nazirliyi açıqlama yayaraq NATO qərargahı və Ukrayna üçün dəniz bazası məsələlərinin əvvəlcədən planlaşdırılan addımlar olduğunu, bir-biri və İran müharibəsi ilə əlaqəsinin olmadığını vurğuladı. Açıqlamada Adanada 6-cı ordu korpusu nəzdində NATO çoxmillətli korpus qərargahının yaradılması planının 2023-cü ildə qəbul edildiyi, 2024-cü ildə NATO-ya bu barədə müraciət olunduğu, NATO təsdiq prosesdurları davam etdiyi üçün hələ quruluş mərhələsində olan qərargaha türk generalın rəhbərlik edəcəyi vurğulandı: “Sözügedən qərargahın funksiyası regional planlar çərçivəsində ona ayrılan qüvvələrin inteqrasiyasını təmin edərək məsuliyyət sahəsində çəkindiricilik və müdafiə fəaliyyətlərini dəstəkləməkdir. Digər tərəfdən, təhdid dəyərləndirməsi çərçivəsində hazırlanan NATO Cənub-Şərq Regional Planı daha əvvəl təsdiqləndiyindən yaradılması planlaşdırılan çoxmillətli qərargahın regiondakı son hadisələrlə əlaqəsi yoxdur” (TRT Haber, 2026). 

Ancaq xüsusilə Rusiya və Çinlə müttəfiqliyin tərəfdarı  olan avrasiyaçıların və ümumilikdə NATO əleyhdarlarının aktiv şəkildə iştirak etdiyi müzakirələrdə bu addımın Türkiyənin mənafelərinə ziddi olduğu bildirildi. Açıqlamaların və yazıların yönü isə Türkiyədən çox Rusiyanın regiondakı mənafelərini müdafiəsi istiqamətində idi (Güller, 2026) və Rusiyadakı avrasiyaçıların mövqeyi ilə üst-üstə düşürdü. Rusiyadakı neoavrasiyaçı Aleksandr Duqinin əsas yayın platforması olan “Çarqrad” NATO qərargahı və Ukrayna dəniz bazası xəbərini “Ərdoğanın böyük sirri ortaya çıxdı. NATO artıq yoxdur, Rusiyaya qarşı gizli birlik qurulur” başlığı ilə verdi. Məqalədə Avropalı liderlərin NATO-nun sonunun gəldiyini düşündükləri, bunun üçün gizli toplantılar keçirərək Könüllülər Koalisiyası çərçivəsində Rusiyaya qarşı yeni hərbi birlik planlarını müzakirə etdikləri, ABŞ-ın daxil olmadığı bu parallel hərbi ittifaqın öndərliyini isə Türkiyənin həyata keçirdiyi iddia edilirdi: “Türkiyə illərdir uçurumun kənarında tarazlıq saxlayır. Bir yandan Ukraynaya “Bayraktar” satır, digər tərəfdən Qara dəniz boğazlarını Rusiya gəmilərinə bağlamır, Rusiya ilə ticarəti var və NATO-dakı mövqeyini gücləndirir. İndi Avropa və ABŞ Ukraynada mümkün atəşkəsdən sonra Qara dənizin birinci nəzarətçisinin kim olacağıyla bağlı mübahisə edərkən Ərdoğan cəsur bir həmləyə əl atdı. Boğazdakı bir qərargah Qara dənizə giriş və çıxışa birbaşa nəzarət edir. İstənilən Rusiya gəmisi bir həmlə ilə hədəfə çevrilə bilər. Əsas sual budur ki, Türkiyənin İzmirdə NATO komandanlığı və İstanbulda sürətli müdaxilə korpusu varkən niyə yeni qərargahlara ehtiyac duyur. Cavab sadədir - köhnə strukturlar çox ləngdir və siyasi məhduduiyyətləri çoxdur. Yeni struktur isə hərəkətli, çoxmillətlidir və mövcud toqquşmalara uyğunlaşdırılıb. Daha dünən özünü dost kimi tanıdan Ərdoğan indi açıqca Moskvanı mühasirəyə almaq məqsədi güdən bir infrastruktur yaradır”  (Tsarqrad, 2026a).

NATO qərargahı və İstanbuldakı dəniz bazası ilə bağlı diskussiyalara Rusiyanın Ankara səfirliyi də qoşuldu. Səfirlikdən “Montrö Boğazlar Sazişi ilə bağlı suallara cavab olaraq” verilən sosial media açıqlamasında “Moskva Montrö rejiminin bütün tərəflər tərəfindən qorunub tətbiq olunmasını dəstəkləyir və xüsusilə Aralıq dənizi ilə Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə Türkiyənin “balanslı və məsuliyyətli” mövqeyini təqdir edir” deyilirdi. Görünüşcə təqdir, mahiyyətcə xəbərdarlıq ehtiva edən bu sosial media mesajı Montrö sazişinin imzalandığı tarixdə dərc olunan “Ulus” qəzetinin “Atatürk Türkiyesinin yeni zaferi” başlıqlı manşet xəbərinin müşayiəti ilə yayıldı (Rusiyanın Ankara səfirliiyi, X hesabı, 2026).  

Rusiya səfirliyinin açıqlamasından bir gün sonra Türkiyə Müdafiə Nazirliyi növbəti dəfə açıqlama verərək Montrö sazişi ilə bağlı hər hansı güzəştdən söhbət gedə bilməyəcəyini vurğuladı. Açıqlamada NATO qərargahı və Ukrayna bazası ilə bağlı mediada və sosial şəbəkələrdə əksik informasiyalarla rəylər verildiyi və bəzi anlayışların qarışdırıldığı bildirildi. Rusiya-Ukrayna müharibəsi razılaşma ilə başa çatdıqdan sonrakı təhlükəsizlik planları ilə bağlı 33 ölkənin daxil olmaq istəyini bildirdiyi Ukrayna Könüllülər Koalisiyasının NATO-ya dəxli olmadığını, bu koalisiyanın planlaşdırdığı Çoxmillətli Ukrayna Qüvvələrinin (MNF-U) da NATO xaricində formalaşdırılacağı qeyd edildi: “Bu qüvvənin dəniz komponenti vəzifəsi təhülkəsizlik və sabitliyin qorunması, regional sahiblik prinsipinin davam etdirilməsi və Montrö boğazlar sazişinin yaratdığı balansın qorunması məqsədilə ölkəmiz tərəfindən yerinə yetiriləcək. 15-16 aprel 2025-ci ildə Ankarada keçirilən toplantıda bu barədə razılığa gəlinib, 25 avqust 2025-ci ildən etibarən isə Dəniz Komponenti Komandanlığı hamısı türk personaldan ibarət olan komanda ilə yaradılıb. Bu komandanlıqda iştirak üçün 14 ölkə müraciət edib, ancaq yalnız sahil ölkələri olan Türkiyə, Rumıniya və Bolqarıstan daxil olacaq” (AA, 2026c). 

Şübhəsiz ki, Türkiyə rəsmi dairələrinin indiki mərhələdə verdikləri bu izahlar daha çox ölkədəki NATO əleyhdarlarının və Ankaranın indiyə qədər daxildə müttəfiqlik nümayiş etdirdiyi avrasiyaçıların reaksiyalarını yumşaltmaq məqsədi daşıyır.  İstər Adanadakı NATO korpus qərargahının, istərsə İstanbuldakı Ukrayna Könüllülər Koalisiyası dəniz bazasının qurulma səbəbinin məhz Rusiya təhdidi olduğu kimsədə şübhə doğurmur. 

Əvvəla, Adanada çoxmillətli korpus qərargahının formalaşdırılması NATO-nun 2023-cü il Vilnüs sammitində qəbul olunan müdafiə planına əsaslanır. 2014-cü ildə Rusiyanın Krımı işğal etməsiylə yüksələn NATO-Rusiya gərginliyi 2022-ci ildə əlaqələrin tamamilə qopması ilə nəticələndi. 2023-cü ildə NATO Vilnüsdə Şimal-Qərb, Mərkəz və Cənub-Şərq olmaqla üç regional vektor üzrə Rusiya və digər regional təhdidlərə qarşı üzvlərini qoruma planını qəbul etdi (Kandemir, 2026). Türkiyə NATO-nun kürd YPG-ni terror təşkilatı kimi tanımağı tələb edərək 2014-cü ildən hazırlanmağa başlanan bu planların qəbulunu ləngidib, ancaq 2023-cü ildə Vilnüs sammitindəki bütün planları imzalayıb (Rand, 2024). 

Polşa və Baltik ölkələrini qorumaq məqsədi daşıyan Şimal-Qərb planı çərçivəsində Polşada 2017-ci ildə yaradılan korpus qərargahı genişləndirilib və bugün Polşada Şimal-Qərb Çoxmillətli Korpus (MNC-NE) adıyla fəaliyyət göstərir. Eyni zamanda Rumıniya və Bolqarıstanda Buxarestdə  2018-ci ildə aktiv fəaliyyətə başlayan korpus qərargahına bağlı olaraq fəaliyyət göstərən çoxmillətli diviziya və briqada qərargahları fəaliyyət göstərir (Kandemir, 2026). Türkiyə isə məhz NATO-nun Cənub-Şərq müdafiə planı çərçivəsində 2024-cü ildə Adanadakı 6-cı ordu korpusunun çoxmillətli NATO korpus qərargahına  (MNC-TUR) çevrilməsini təklif edib.  Hazırda formalaşdırılmaqda olan qərargah 2028-ci ildə aktiv fəaliyyətə başlayacaq (Kandemir, 2026). 

İkincisi, Türkiyə rəsmi dairələri hər nə qədər Ukrayna Könüllülər Koalisiyasının planlaşdırdığı hərbi missiyanın NATO ilə əlaqəsinin olmadığını bildirsələr də, bu, çox inandırıcı görünmür. Çünki İstanbul boğazında yaradılması planlaşdırılan dəniz bazası hələlik formal olaraq ittifaqa bağlı olmasa da gələcəkdə NATO ilə ya koordinasiyalı, ya da birbaşa bağlı hərəkət edəcəyi şübhə doğurmur. Çünki sözügedən koalisiya Türkiyə də daxil olmaqla əksəriyyəti NATO üzvü olan ölkələr tərəfindən formalaşdırııb və NATO coğrafiyasında fəaliyyət  göstərir. Bu baxımdan koalisiyaya bağlı hər hansı hərbi komponentin NATO-ya aidiyyatı olmayacağını söyləmək doğru olmazdı (Ceylan, 2026).

Putinlə danışmaq istəyi və Zelenskiyə Suriya jesti 

Bu məsələni müzakirə edib-etmədikləri məlum deyil, ancaq tam da NATO  qərargahı və dəniz bazası ilə bağlı diskussiyalar davam edərkən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefonla danışdı (AA, 2026ç). ABŞ və İsrailin İrana hücumunun başladığı 28 fevraldan bəri iki lider arasında qurulan ilk təmasın təşəbbüskarı Ankara idi - bunu da Türkiyə tərəfi deyil, Rusiya tərəfi vurğuladı (Kremlin, 2026).  

Ərdoğanla Putinin telefon danışığından bir gün sonra isə Ukrayna prezidenti Volodimir Zelenski İstanbula gəldi (NTV, 2026). İşgüzar səfər proseduruna uyğun olaraq Zelenskini gəldiyi qəsəbənin ən yüksək vəzifəli şəxsi (burada İstanbul Bağcılar kaymakamı) tərəfindən qarşılanması Türkiyədəki rusçu dairələr və hakimiyyət “yandaş”ları tərəfindən “Ukraynanın türk tankerini vurmasına cavab olara “Rəis”in Zelenskini cəzalandırması” kimi təqdim olundu (Halk TV, Ulke TV, Serdar Özyurt, Zekeriya Say, Emine Çelik X profilleri, 2026) və bu təqdimatın yayğınlıq dərəcəsi Ukrayna prezidentinin İstanbulda Ərdoğan ilə görüşünü belə kölgədə qoydu, səfər barədə media başlıqlarında məhz “Bağçılar kaynakamı qarşıladı” detalı önə çıxarıldı (GZT, 2026). Ancaq ertəsi gün Zelenskinin Türkiyənin prezident təyyarəsi ilə Dəməşqə getməsi və Suriya prezidenti Əhməd Şaraa ilə görüşündə Türkiyənin xarici işlər naziri Hakan Fidanın da iştirak etməsi “Rəis cəzalandırdı” arqumentini tamamilə boşa çıxardı. Bu dəfə həm avrasiyaçılar, həm müxalifət hökuməti Rusiyanı qızışdıracaq jest etməkdə ittiham etdi - Zelenskinin hamiliyini öz üzərinə götürməyin diplomatik baxımdan həddən artıq səxavətli və Rusiya ilə onsuz da həssaslaşan münasibətlər fonunda problemli olduğu vurğulandı.Türkiyə XİN bu barədədəki suallara “dövlətlər arasında belə yardımlaşmalar olur” cavabı verməklə kifayətləndi (Cumhuriyet, 2026). 

Əslində Ərdoğanın Zelenskiyə öz təyyarəsini verməsi bu səfərin “maqazin” jesti hissəsiydi, əsas detal Türkiyənin himayəsində qurulan Suriya-Ukrayna xəttiydi. Suriyadakı mənbələr Zelenskinin Dəməşqlə əlaqə qurmaq üçün Əş-Şaraanın regiondakı ən böyük dəstəkçisi olan Türkiyədən yardım istədiyini, iki liderin görüşündə Hakan Fidanın iştirakının da məhz bu yardım çərçivəsində baş tutduğunu və görüşdə Ukrayna silah texnologiyalarının Suriyaya satışının müzakirə edildiyini bildirir. Ancaq yenə bu mənbələrə görə, Türkiyə eyni zamanda Rusiyanı və İranı hirsləndirmək istəmədiyi üçün Ukrayna ilə Suriya arasındakı əməkdaşlığın çox da inkişaf etməməsinə çalışacaq. Yəni Ankara bir yandan Moskva və Tehranla münasibətləri gərginləşdirməməyə çalışır,  ancaq digər tərəfdən Rusiyanın Suriyadakı təsirinin zəifləməsindən və İranın ABŞ-İsrail gərginliyi ilə məşğul olmasından istifadə edərək regiondakı balansı öz xeyrinə dəyişməyə çalışır (The National, 2026).  Bu, Türkiyə üçün yeni taktika deyil - Ankara artıq bir neçə ildir ki, həm Ukrayna ilə hərbi-ticari əlaqələrini, həm Rusiya ilə bağlarını paralel şəkildə davam etdirir və bu xətti indi də Suriya üzərindən yürütməyə çalışır. Ukraynanın Suriyaya yeni dron texnologiyaları və taxıl ixrac edə biləcək bir aktor kimi önə çıxma marağı Ankaranın bu balans taktikasına hələlik uyğun gəlir. Eyni zamanda Ukraynanın Suriyadakı rolunun məhz Ankaranın himayəsində genişlənməsinin də Türkiyə üçün faydalı olacağı qənaəti mövcuddur. Yəni yeni format həm Ankaranın yeni bir regional arxitekturanın yaradıcısı olmasına imkan verir, həm də Kiyevi Türkiyənin nəzarəti altındakı bir struktura daxil edir - ona yeni imkanlar açır. Bu, Ukraynanın Körfəz ölkələrinə silah və təcrübə ixracı ilə bağlı siyasətinə də uyğun gəlir (The National, 2026).  

Rusiya Zelenskinin səfərinə rəsmi reaksiya vermədi, ancaq analitiklərə görə, bu addımlar Moskvanı narahat edir. Ceyms Martin Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması ilə bağlı Araşdırma Mərkəzinin Mərkəzi Asiya direktoru Hanna Notteyə görə, Rusiya açıqca Zelenskinin görüşdüyü  ölkələri tənqid edə bilmir, çünki öz əlaqələrini qorumaq üçün Əş-Şaraa hökuməti ilə əməkdaşlıq etməyə məcburdur (The National,  2026).

Rusiya mətbuatının bu mövzuyla bağlı icmalı da Moskvanın narahatlığını əks etdirir. “Kommersant” qəzeti Zelenskinin bir vaxtlar Moskvanın müttəfiqi olan və hələ də Rusiya hərbi bazalarının olduğu bir ölkəyə səfər etdiyinə diqqət çəkərək, bunun əvvəllər mümkünsüz olduğunu vurğulayıb (Kommersant, 2026). “Çarqrad” Zelenskinin Rusiya ilə Suriyanın arasını pozmaq üçün Dəməşqə getdiyini, Hakan Fidanın buna mane olmaq üçün səfərdə iştirak etdiyini iddia edib (Çarqrad, 2026b). “Regnum” isə bu əməkdaşlığı İngiltərənin vəziyyəti gərginləşdirmək planının bir hissəsi kimi göstərib və Türkiyənun yalnız bu konfiqurasiyada  deyil, ümumiyyətlə Orta Asiya və Cənubi Qafqazda  Londonun proksisi olduğunu iddia edib (Regnum, 2026). 

Ərdoğanın müttəfiqindən Moskvaya ittifaq təklifi 

Obyektiv dəyərləndirmə göstərir ki, Türkiyədəki NATO diskursunun güclənməsi artıq gözlə görünən xarakter alıb. İranın martın əvvəlində Türkiyəyə atdığı raketlərin zərərsizləşdirilməsi ilə bağlı Ankaranın açıqlamalarındakı NATO vurğusu (Khar Center, 2026), ittifaqın 77-ci ildönümü ilə bağlı prezidentdən nazirlərə qədər yüksək səviyyəli və tonlu açıqlamalar (İletişim Başkanlığı, 2026), İletişim Başqanlığı ilə SETA-nın “NATO’nun Ankara Zamanı” başlığı ilə konfrans təşkil etməsi (İletişim Başkanlığı, 2026), müdafiə naziri Yaşar Gülərin Türkiyənin NATO təhlükəsizlik memarlığına yön verən əsas ölkələrdən biri olduğunu vurğulaması (AA, 2026d), 7–8 iyulda Ankarada keçiriləcək NATO Zirvəsinin siyasi gündəmin bir hissəsinə çevrilməsi kimi detallar göstərir ki, Türkiyə hökuməti xarici siyasət ritorikasında ciddi redaktələr edib. Bunlar Türkiyənin birdən-birə tamamilə Qərb xəttinə qayıtması demək deyil, ancaq hökumətin NATO ilə bağlı ritorikanı əvvəlki dövrlərlə müqayisədə daha açıq və daha rahat şəkildə normallaşdırmağa başladığını göstərir.

Görünən odur ki, Ankara yeni bir geosiyasi manevr sahəsi formalaşdırmağa çalışır. Rusiya ilə açıq konfliktə getmir, ancaq eyni zamanda Moskvanın  propaqanda və diplomatik təzyiqlərini cavabsız buraxır, NATO ilə bağlı diskursunu gücləndirir, Ukraynaya siyasi və simvolik jestlər edir, Suriya ilə bağlı yeni regional kombinasiyalarda əsas vasitəçi kimi rol almağa çalışır.  Eyni zamanda bunu edərkən özünəməxsus “balans”ı da davam etdirir - MHP lideri Dövlət Bahçelinin “ABŞ-İsrail şər ittifaqına qarşı Rusiya və Çin ilə müttəfiqlik təklifini çatdırmaq üçün” müavinini Moskvaya göndərməsi (Medya Günlüğü, 2026) məhz bu kontekstdə dəyərləndirilməlidir. Əlbəttə, bu sürpriz səfərin daxili siyasət tərəfi də var: həm də avrasiyaçılarla qeyri-rəsmi ittifaq içində olan MHP və AKP son aylardakı kəskin ziqzaqları ciddi şəkildə anti-NATO əhvalına köklənmiş elektoratına izah etmək üçün “Moskva ilə də aramız yaxşıdır” görüntülərinə də ehtiyac duyur. 

NƏTİCƏ 

Bu mənzərə göstərir ki, İran müharibəsindən sonra Türkiyə-Rusiya münasibətlərində müşahidə olunan gərginlik ayrı-ayrı epizodların cəmindən ibarət deyil. Əksinə, bu epizodların hamısı bir-biri ilə bağlıdır. Söhbət Ankaranın xarici siyasətdə balans xəttini yeni geosiyasi reallıqlara uyğun şəkildə redaktə etməsindən, Moskvanın isə bu redaktəyə müxtəlif siyasi, diplomatik və propaqanda alətləri ilə təsir etməyə çalışmasından gedir. Hələlik ortada açıq qarşıdurma yoxdur, xüsusilə Ankara Moskva ilə münasibətlərdə açıq gərginlik xəttinə keçməməyə çalışır, ancaq Moskvanın açıq-örtülü təzyiqlərinə də fərqli jestlərlə - NATO-ya yaxınlıq, Ukraynaya dəstək görüntüləri və Kremlin tələb etdiyi açıq təzyiq dilindən uzaq durma taktikası ilə cavab verir.

Bu baxımdan Türkiyə ilə Rusiya arasında açıq böhran yarandığını söyləmək əlbəttə, doğru olmazdı, ancaq münasibətlərin əvvəlki qədər rahat və idarəolunan çərçivədə qaldığını iddia etmək də çətindir. 



İSTİNADLAR 

TASS, 2026a. Sabotage attempts against Black Sea pipelines possible, Putin says. https://tass.com/politics/2091131

TASS, 2026b. Песков: РФ довела до Турции информацию о планах Киева по атаке на газопроводы. https://tass.ru/politika/26574699

TASS, 2026c. Russian embassy in Ankara reports attempted sabotage on TurkStream, Blue Stream. https://tass.com/politics/2094187

Reuters, 2026a. Gazprom says facilities attacked including TurkStream pumping station. https://www.reuters.com/business/energy/gazprom-says-energy-facilities-including-turkstreams-station-came-under-aerial-2026-03-11/

Rusiya Xarici İşlər Nazirliyi, 2026a. Press release on Foreign Minister Sergey Lavrov’s telephone talks with Minister of Foreign Affairs of the Republic of Türkiye Hakan Fidan. https://mid.ru/en/foreign_policy/news/2086785/

Anadolu Agentliyi,  2026a. Dışişleri Bakanı Fidan, Rusya Dışişleri Bakanı Lavrov ile telefon görüşmesi yaptı. https://www.aa.com.tr/tr/politika/disisleri-bakani-fidan-rusya-disisleri-bakani-lavrov-ile-telefon-gorusmesi-yapti/3868230

Reuters, 2026b. Russia says increased Ukrainian attacks threaten gas export routes. https://www.reuters.com/world/europe/russia-says-increased-ukrainian-attacks-threaten-gas-export-routes-2026-03-19/

Rusiya Xarici İşlər Nazirliyi,  2026b. Foreign Ministry Spokeswoman Maria Zakharova’s briefing, 20 March 2026. https://mid.ru/en/foreign_policy/news/2087219/

Anadolu Agentliyi, 2026b. Russia accuses Ukraine of another attack on pipelines delivering fuel to Türkiye. https://www.aa.com.tr/en/russia-ukraine-war/russia-accuses-ukraine-of-another-attack-on-pipelines-delivering-fuel-to-turkiye/3889214

About Hungary, 2025. FM: TurkStream pipeline is ‘indispensable’ for central Europe’s gas supplies. https://abouthungary.hu/news-in-brief/fm-turkstream-pipeline-is-indispensable-for-central-europes-gas-supplies

Ukrainska Pravda,  2026. Hungary protests to Kyiv after Russian reports of "Ukrainian attack" on TurkStream facility. https://www.pravda.com.ua/eng/news/2026/03/12/8025118/

About Hungary, 2026. Minister Gulyás: Threats from Ukraine and President Zelensky against Hungary, and PM Orbán and even his family are unacceptable. https://abouthungary.hu/blog/minister-gulyas-we-understand-that-they-want-a-pro-ukraine-government-in-hungary

Center for Western Balkans Studies, 2026. The sabotage that did not come to be. https://cfwbs.org/the-sabotage-that-did-not-come-to-be/

Lenta.ru, 2026. Удар по турецкому танкеру в Черном море: что известно, реакция Анкары, последствия для Украины, влияние на отношения Турции и России. https://lenta.ru/news/2026/03/28/tanker/

Türkiyə Xarici İşlər Nazirliyi, 2026. QA-5, Statement of the Spokesperson of the Ministry of Foreign Affairs, Öncü Keçeli, in Response to a Question Regarding the Attack on a Turkish-Operated Merchant Vessel in the Black Sea. https://www.mfa.gov.tr/sc_-5_-disisleri-bakanligi-sozcusu-oncu-keceli-nin-turk-isletenli-bir-ticari-gemiye-yonelik-karadeniz-de-gerceklestirilen-saldiri-hk-sc.en.mfa

Rusiya Xarici İşlər Nazirliyi,  2026c. О встрече заместителя Министра иностранных дел Российской Федерации А.В. Грушко с Чрезвычайным и Полномочным Послом Турецкой Республики в Российской Федерации Т. Бильгичем. https://mid.ru/de/foreign_policy/news/2090405/?lang=en

Rusiya Xarici İşlər Nazirliyi, 2026ç. Briefing by Foreign Ministry Spokeswoman Maria Zakharova, 1 April 2026. https://mid.ru/ru/foreign_policy/news/2090405/#017

Aydınlık, 2026a. Ukrayna Türk petrol tankerini vurdu. https://www.aydinlik.com.tr/haber/rusyadan-kalkan-turk-petrol-tankeri-istanbul-bogazi-girisinde-vuruldu-571336

OdaTV, 2026. Türk tankeri Altura'ya drone saldırısı denildi... Gerçek ne çıktı. https://www.odatv.com/guncel/turk-tankeri-alturaya-drone-saldirisi-denildi-gercek-ne-cikti-120140805

Ulusal, 2026. Vatan Partisi Genel Başkanı Doğu Perinçek: “Türkiye NATO tuzağına sürüklenemez”. https://www.ulusal.com.tr/gundem/vatan-partisi-genel-baskani-dogu-perincek-turkiye-nato-tuzagina-suruklenemez-15094610

Aydınlık, 2026b. Ukrayna’nın saldırısını neden açıklamıyorsunuz? https://www.aydinlik.com.tr/haber/ukraynanin-saldirisini-neden-aciklamiyorsunuz-572336

TRT Haber, 2026. MSB: NATO Irak Misyonu'nun çekilmesi kararlaştırıldı. https://www.trthaber.com/haber/gundem/msb-nato-irak-misyonunun-cekilmesi-kararlastirildi-939159.html

Güller, Mehmet Ali, 2026. İki yeni NATO komutanlığının anlamı. https://www.cumhuriyet.com.tr/yazarlar/mehmet-ali-guller/iki-yeni-nato-komutanliginin-anlami-2490628

Tsarqrad, 2026 a. Большая тайна Эрдогана вскрылась. НАТО больше нет. Секретный корпус собирается против России. https://tsargrad.tv/news/bolshaja-tajna-jerdogana-vskrylas-nato-bolshe-net-sekretnyj-korpus-sobiraetsja-protiv-rossii_1628551?

RusEmbTurkey (X), 2026. Büyükelçiliğimize Montrö Boğazlar Sözleşmesi ile ilgili gelen sorulara cevaben... https://x.com/RusEmbTurkey/status/2039416564840014251

Anadolu Agentliyi, 2026c. MSB: Montrö Sözleşmesi'nden taviz verilmesi söz konusu değildir. https://m.aa.com.tr/tr/gundem/msb-montro-sozlesmesinden-taviz-verilmesi-soz-konusu-degildir/3889178

RAND, 2024. From Forward Presence to Forward Defense: NATO’s Defense of the Baltics. https://www.rand.org/pubs/commentary/2024/02/from-forward-presence-to-forward-defense-natos-defense.html

Kandemir Osman Gazi, 2026. Adana'da bir NATO kolordusu neden kuruluyor? https://www.indyturk.com/node/775062/t%C3%BCrki%CC%87yeden-sesler/adanada-bir-nato-kolordusu-neden-kuruluyor

Ceylan Fatih, 2026. Sis Perdesiyle Örülü NATO Çokuluslu Kolordu Karargâhı (MNC-TÜR) ve Deniz Unsur Komutanlığı. https://apm.org.tr/2026/03/30/sis-perdesiyle-orulu-nato-cokuluslu-kolordu-karargahi-mnc-tur-ve-deniz-unsur-komutanligi/

Anadolu Agentliyi, 2026ç. Cumhurbaşkanı Erdoğan, Rusya Devlet Başkanı Putin ile telefonda görüştü. https://aa.com.tr/tr/gundem/cumhurbaskani-erdogan-rusya-devlet-baskani-putin-ile-telefonda-gorustu/3890842

Kremlin, 2026. Telephone conversation with President of Türkiye Recep Tayyip Erdoğan. https://en.kremlin.ru/events/president/news/79465

NTV, 2026. Ukrayna lideri Zelenski İstanbul'da. https://www.ntv.com.tr/dunya/ukrayna-lideri-zelenski-istanbulda-1718732

Halk TV (X), 2026. Şaka gibi karşılama! Türkiye’ye gelen Zelenski karşısında kaymakam buldu. https://x.com/halktvcomtr/status/2040713699405553769

Ülke TV (X), 2026. Erdoğan ile görüşmeye gelen Zelenski’yi Bağcılar Kaymakamı karşıladı. https://x.com/ulketv/status/2040474988625424402

Serdar Özyurt (X), 2026. Zelenski’yi İstanbul’da Bağcılar Kaymakamı Abdullah Uçgun ve bir deniz subayı karşıladı. https://x.com/serdarozyurttr/status/2040582486900593093

Zekeriya Say (X), 2026. Bağcılar Kaymakamı zahmet buyurmuş. https://x.com/Zekeriya_Say/status/2040481986435752023

Emine Çelik (X), 2026. Zelenski’yi Bağcılar Kaymakamı karşıladı. https://x.com/emine_celik__/status/2040562360935387174

GZT, 2026. Zelenski neden Bağcılar Kaymakamı karşıladı? https://www.gzt.com/dunya/zelenski-neden-bagcilar-kaymakami-karsiladi-4204587

Cumhuriyet, 2026. Dışişleri kaynaklarından Zelenski’nin Türk uçağını kullanmasına ilişkin açıklama: “Devletler arasında zaman zaman bu tip yardımlaşmalar olur”. https://www.cumhuriyet.com.tr/dunya/disisleri-kaynaklarindan-zelenski-nin-turk-ucagini-kullanmasina-iliskin-aciklama-devletler-arasinda-zaman-zaman-bu-tip-yardimlasmalar-olur-2492946

The National, 2026. Ukraine faces balancing act as it seeks to build ties with Syria. https://www.thenationalnews.com/news/mena/2026/04/07/ukraine-faces-balancing-act-as-it-seeks-to-build-ties-with-syria/

Kommersant, 2026. Дмитрий Дризе о перспективах новых переговоров по Украине. https://www.kommersant.ru/doc/8569902

Tsargrad, 2026 b. "Анкаре это очень не нравится": Вслед за Зеленским в Сирию срочно вылетел турецкий министр. Что происходит? https://tsargrad.tv/news/ankare-jeto-ochen-ne-nravitsja-vsled-za-zelenskim-v-siriju-srochno-vyletel-tureckij-ministr-chto-proishodit_1633431

Regnum, 2026. Лондон хочет эскалации: Зеленский в Сирии строил контур новой войны. https://regnum.ru/article/4030274

Khar Center, 2026. Türkiyənin İran dilemması. https://kharcenter.com/ekspert-serhleri/turkiyenin-iran-dilemmasi

İletişim Başkanlığı, 2026a. Cumhurbaşkanı Erdoğan’ın, NATO Genel Sekreteri Rutte ile görüşmesine ilişkin açıklama. https://www.iletisim.gov.tr/turkce/haberler/detay/cumhurbaskani-erdoganin-nato-genel-sekreteri-rutte-ile-gorusmesine-iliskin-aciklama-04-04-26

İletişim Başkanlığı, 2026b. “NATO’nun Ankara Zamanı: Dayanıklı Bir İttifak İçin Stratejik Konumlanma” Konferansı düzenlendi. https://www.iletisim.gov.tr/turkce/duyurular/detay/natonun-ankara-zamani-dayanikli-bir-ittifak-icin-stratejik-konumlanma-konferansi-duzenlendi

Anadolu Agentliyi, 2026d. Milli Savunma Bakanı Güler: Türkiye NATO'nun güvenlik mimarisine yön veren başlıca ülkelerden biridir. https://www.aa.com.tr/tr/gundem/milli-savunma-bakani-guler-turkiye-natonun-guvenlik-mimarisine-yon-veren-baslica-ulkelerden-biridir/3899265

Medya Günlüğü, 2026. MHP'nin sürpriz Moskova 'seferi'. https://medyagunlugu.com/mhpnin-surpriz-moskova-seferi/

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin