(Yazı Khar Centerin Azərbaycan avtoritarizmi araşdırmaları çərçivəsində hazırlanıb)
Giriş
Müasir beynəlxalq əlaqələrdə dövlətlərin prioritetləri dəyərlər və maraqların mürəkkəb birləşməsindən yaranır. Azərbaycan ilə İtaliya arasında olan münasibətlər isə yalnız iqtisadi tərəfdaşlıqla məhdudlaşmayıb, eyni zamanda strateji bir simbioza dönüb. Bu münasibətlərin əsasında iki amil dayanır:
Enerji təhlükəsizliyi və iqtisadi maraqlar: Azərbaycanın karbohidrogen resursları, xüsusən də Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya göndərilən təbii qaz, İtaliyanın enerji asılılığını müxtəlif mənbələrdən təmin etməkdə əhəmiyyətli rol oynayır. İtaliya hal-hazırda Azərbaycanın xarici ticarət dövriyyəsində dörddə bir paya malikdir. Bu, iki ölkə arasındakı münasibətlərdə insan haqlarının tamamilə iqnor olunması üçün yetərli səbəbə çevrilib.
Siyasi legitimlik və "lobbi qalxanı": Enerji sektoru hakim ailə üçün iqtisadi gəlir mənbəyi olmaqla yanaşı, beynəlxalq arenada özünün avtoritarlaşma strategiyasını müvəffəqiyyətlə inkişaf etdirmək imkanı da yaradır. Bu kontekstə "Kürü diplomatiyası" skandalları və İtaliyanın Avropa İttifaqı çərçivəsində Azərbaycanın maraqlarını gündəmə gətirən sanksiya paketlərini (məsələn, Kulevi limanı ilə bağlı məsələ) əngəlləməsi, rəsmi Roma tərəfindən Əliyev ailəsinin Qərbdəki ən etibarlı siyasi nümayəndə statusunu əldə etdiyini göstərir.
Bu məqalədə Bakıdan Romaya qədər uzanan enerji xətlərinin necə siyasi toxunulmazlıq qalxanına çevrildiyi, Romanın Bakıya münasibətdəki "simpatik avtoritar" modelinin Avropanın siyasi mərkəzlərinə təsiri və Azərbaycanın hakim ailəsinin daha da avtoritarlaşmasına töhfəsi analiz edilir. Analizdə İtaliyanı Azərbaycan rejimi ilə nə birləşdirir? sualına cavab axtarılır.
İtaliya ilə strateji səviyyəli tərəfdaşlıq
Azərbaycanda karbohidrogen hasilatının artması və Avropaya ixrac boru kəmərlərinin çəkilməsindən sonra enerji faktoru rejimin xarici siyasətində dominant və istiqamətverici amilə çevrilib. İkitərəfli və çoxtərəfli beynəlxalq əlaqələrin qurulması və inkişafında bu faktor mərkəzi rol oynayıb. “Neft bumu” və bu sahədə əldə olunan gəlirlərin ciddi şəkildə artması ölkə daxilində avtoritarizmin möhkəmləndirilməsinə geniş imkanlar yaratmaqla bərabər, həm də rejimin beynəlxalq dayaqlarının formalaşmasına və onun istər individual, istərsə institusional səviyyədə özünə lobbiçilər tapmasına kömək edib. Ötən dövrdə Azərbaycanın xarici siyasi-iqtisadi əlaqələri standart və rutin dövlətlərarası münasibətlər çərçivəsi ilə məhdudlaşmayaraq rejimin legitimliyinə və uzunömürlülüyünün təmin olunmasına xidmət edib. İndiyədək effektivliyini təsdiqləmiş bu siyasət hazırda davam etdirilir.
Baş nazir Giorgia Meloninin Azərbaycana son səfəri də bu siyasətin davamlı xarakter aldığını göstərir. Meloninin Azərbaycanı İtaliyanın “etibarlı tərəfdaşı” kimi təqdim etməsi və əməkdaşlığın uzunmüddətli perspektivdə daha da genişləndiriləcəyini vurğulaması göstərir ki, Roma üçün Bakı ilə münasibətlərdə demokratik standartlar çoxdan unudulub (APA, 2026).
“Böyük yeddilik”də (G7) təmsil olunan İtaliya Respublikası Azərbaycan avtoritarizminin Avropa və Qərbdəki ən yaxın tərəfdaşlarından biri, bəlkə də birincisidir. Müstəqillik dövründə bu ölkə ilə əlaqələrin dinamikası digər dövlətlərlə müqayisədə fərqlənib. 2014-cü və 2020-ci illərdə Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığa dair iki Bəyannamə imzalanıb. Son Bəyannamə əsasında xarici işlər nazirlərinin sədrlik etdiyi Strateji Dialoq təsis edilib. Qarşılıqlı səfərlərin intensivliyi (xüsusilə Azərbaycandan İtaliyaya) diqqət çəkir. İlham Əliyevin 2003-cü ildə prezident olduqdan sonra indiyədək İtaliyaya 8 dəfə rəsmi və işgüzar səfər etməsi Bakıda Roma ilə tərəfdaşlığa nə qədər əhəmiyyət verildiyinin göstəricilərindən biridir. Baş nazir Meloninin Bakıya son səfəri İtaliya tərəfinin də Azərbaycanla ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu bir daha təsdiqləyir. Meloni 2024-cü ildə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) da qatılmışdı. 2025-ci ilin sentyabrında isə İtaliya prezidenti Sercio Mattarella Azərbaycana səfər etmişdi.
İran rejiminin ABŞ və İsraillə müharibə başladıqdan sonra Hörmüz boğazını bağlaması enerji ehtiyatlarının etibarlı və təhlükəsiz nəqlinin vacibliyini bir daha diqqət mərkəzinə gətirib. Xəzərin Azərbaycan sektorundan təbii qazı Türkiyə, Yunanıstan və Albaniyadan keçərək Aralıq dənizi vasitəsilə İtaliyaya çatdıran Trans-Adriatik boru xətti (TAP) və Azərbaycan neftini Türkiyənin Ceyhan limanına, oradan isə Aralıq dənizi vasitəsilə Avropaya çıxaran Bakı-Tbilisi-Ceyhan boru kəməri İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir. Orta Şərqdəki bohran öz neft-qazını Hörmüzdən yan keçməklə ixrac edən Azərbaycanın İtaliya üçün önəmini artırdığı üçün Meloninin səfərini də bu kontekstdə dəyərləndirmək daha doğru olar. Səfər zamanı rəsmi sənədlər imzalanmasa da, hər iki lider apardıqları danışıqlardan məmnun qaldıqlarını gizlətməyib. İlham Əliyev “müxtəlif aspektlər üzrə mükəmməl danışıqlarımız oldu” deyərkən, xanım Meloni “daimi siyasi əlaqələndirmə yolu ilə əməkdaşlığı transformasiya etmək” üzərində razılığa gəldiklərini bildirib və gələcəyə aid prioritetləri birgə təyin edəcəklərini söyləyib (President.az 2026).
Enerji faktoru
İki ölkə arasında strateji xarakter daşıyan əlaqələri və isti münasibətləri şərtləndirən əsas faktor şübhəsiz ki, iqtisadi-ticarət sahəsində əməkdaşlığın zirvəyə çatmasıdır. Azərbaycanın xarici ticarətində İtaliya uzun müddətdir ki, birinci sırada qərarlaşıb. 2025-ci ildə bu ölkə ilə qarşılıqlı ticarət dövriyyəsinin həcmi 11 milyard 860 milyon ABŞ dolları təşkil edib ki, bu da Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 24 faizinə bərabərdir (Modern.az 2026). Başqa sözlə, Azərbaycanın xarici ticarətinin dörddə biri İtaliyanın payına düşür. Bu, çox yüksək rəqəmdir. Ümumilikdə İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizininin Azərbaycanın payına düşməsi ölkənin regionda Roma üçün nə qədər vacib tərəfdaş olduğunu göstərir.
İki ölkə arasında idxal-ixracın strukturuna nəzər saldıqda, enerji xammalının dominant rol oynadığını və Azərbaycanın xeyrinə radikal disbalans olduğunu görmək olur. Azərbaycan İtaliyanın neft və qaz təchizatında ikinci yerdədir. Ticarət dövriyyəsində rekord rəqəmin qeydə alındığı 2022-ci ildə Azərbaycan İtaliyaya 17 milyard 782 milyon dollarlıq mal ixrac etdiyi halda, bu ölkədən idxalı cəmi 340 milyon 432 min dollar təşkil edib. Aydındır ki, dünya bazarında neft və təbii qazın qiymətləri ilə Azərbaycanın xarici ticarət göstəriciləri arasında birbaşa korellyasiya var. 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra enerji bazarında qiymətlərin kəskin yüksəlişi Azərbaycanın ixrac gəlirlərinin də ciddi artımına səbəb olmuşdu. Məlumdur ki, müharibə Avropa İttifaqının enerji strategiyasını kardinal şəkildə dəyişdirib və Rusiyadan enerji asılılığına son qoymaq barədə strateji qərar qəbul olunub. Bu səbəbdən müharibənin başlamasından dərhal sonra Aİ etibarlı alternativ mənbələrin axtarışını sürətləndirib. 2022-ci ilin iyulunda Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri zamanı Aİ və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb (President.az 2026). 2027-ci ilə qədər Azərbaycan qazının Avropa İttifaqı ölkələrinə ixracının iki dəfə artırılaraq ildə 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub. Artıq bu istiqamətdə praktik addımlar atılmaqdadır. 2025-ci ildə Azərbaycan Avropa İttifaqına üzv dövlətlərə 12,5 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da müharibədən əvvəlki dövr – 2021-ci illə müqayisədə 53,8 faiz çoxdur. İxrac həcminin 9,5 milyard kubmetri TAP vasitəsilə məhz İtaliyaya nəql olunub və bu, İtaliyanın ümumi qaz idxalının 16 faizini təşkil edib.
Qarşılıqlı iqtisadi maraqlar
Azərbaycan-İtaliya ticarət dövriyyəsində Azərbaycanın xeyrinə müsbət saldo olsa da, bu kooperasiya birtərəfli olaraq təkcə Azərbaycanın faydalandığı bir əməkdaşlıq deyil. Azərbaycan tərəfi italyanların da iqtisadi maraqlarının təmin olunmasına diqqətlə yanaşır. Azərbaycanda 130-a qədər İtaliya investisiyalı kommersiya qurumu var və onlar sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrdə fəaliyyət göstərir. İtaliyanın ENİ qrupu 1995-ci ildən etibarən Azərbaycanın enerji sektoruna sərmayə yatırıb. Bu şirkət Bakı-Tbilisi-Ceyhan neft boru kəməri konsorsiumunda 5 faiz paya sahibdir. “Saipem”, “ValvItalia”, “Renco”, “Bonatti”, “Enereco”, “Max Streicher”, “Honeywell Srl” və digər İtaliya şirkətləri Cənub Qaz Dəhlizinin tikintisi üzrə 6 milyard avrodan çox dəyəri olan təchizat və xidmət layihələri icra edib.
Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə yatırıb. SOCAR və İtaliyanın mühəndislik, tikinti və texnologiyalar sahəsində aparıcı şirkətləri arasında iri həcmli müqavilələr imzalanıb. Bu müqavilələrə uyğun olaraq İtaliya şirkətləri Azərbaycanda neft-kimya sahəsində müəssisələrin inşası və yenidən qurulması sahəsində layihələndirmə, mühəndislik və tikinti işlərinin yerinə yetirilməsinə cəlb olunublar. Layihələrin bir çoxu tamamlanıb, digər layihələr üzrə əməkdaşlıq davam etdirilir. İtaliya şirkətləri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-yenidənqurma işlərində də iştirak edirlər.
İki ölkə arasında hərbi-sənaye sahəsində də əməkdaşlıq qurulub ki, bu da əlqələrin həqiqətən strateji mahiyyət daşıdığını təsdiqləyir. Azərbaycan 2024-cü ildə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi-nəqliyyat təyyarəsi satın alıb (President.az 2024).
2025-ci ildə Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması isə humanitar sahədə əməkdaşlığın da inkişafının təsdiqi olmaqla bərabər, tərəflər arasındakı qarşılıqlı etimadın göstəricisi sayıla bilər (President.az 2025). Çünki Azərbaycan hakimiyyəti xarici, xüsusən qərbli ortaqlarla bu tip layihələrin həyata keçirilməsinə adətən həssaslıqla və ehtiyatla yanaşır.
İtaliyanın rejimə siyasi və lobbi dəstəyi
Bu səviyyədə yaxınlıq Avropa və beynəlxalq strukturlarda xüsusi çəkisi olan İtaliyanın ehtiyac yarandıqda həmin institutlarda Azərbaycan hakimiyyətinin maraqlarının qorunmasında iştirakını şərtləndirir. Bu mövzuda mediaya sızan ən son informasiya Avropa İttifaqının bu ilin əvvəllərində Rusiyaya qarşı 20-ci sanksiya paketini müzakirə edərkən Gürcüstanın Kulevi limanına da sanksiya tətbiq edilməsi məsələsinin mübahisələrə səbəb olması ilə bağlıdır. Rusiyanın “kölgə donanma”sına məxsus tankerlərə xidmət göstərdiyi üçün bu limanın da 20-ci sanksiya paketinə daxil edilməsi təklif olunmuşdu. Lakin İtaliya və Macarıstan buna etiraz edib. (Bloomberg 2026). Nəticədə Kulevi sanksiya siyahısından çıxarılıb. 16 may 2008-ci il tarixindən fəaliyyətə başlayan Kulevi Terminalı və Dəniz Limanı SOCAR-ın idarəetməsindədir. Terminal karbohidrogen ehtiyatlarının və neft-kimya məhsullarının daşınması üçün nəzərdə tutulub. Kulevi terminalı və dəniz limanına sanksiya tətbiq olunması birbaşa Azərbaycanın iqtisadi maraqlarına toxunacağından, İtaliya tərəfindən dərhal bloklanıb.
Bir az keçmişə qayıdaraq məşhur “kürü diplomatiyası” skandalını xatırlatmaq da yerinə düşər. 2012-ci ildə "Avropa Sabitliyi Təşəbbüsü" adlı mərkəz hesabat yaymışdı ki, Azərbaycan hakimiyyəti ölkədə demokratiya və insan haqları sahəsindəki problemlərə dair hazırlanan məruzələri və qətnamələri əngəlləmək üçün kürü və digər bahalı hədiyyələr, eləcə də rüşvət müqabilində Avropa Şurası Parlament Assambleyası üzvlərini satın alır (BBC 2012). Qalmaqala adı qarışan şəxslərdən biri də italiyalı parlamentar Luka Volonte idi. 2016-cı ildə Milan prokurorluğu Volonte barəsində təhqiqata başlayıb, ona qarşı ittihamlar irəli sürüb və 2019-cu ilin iyununda məhkəmə prosesi başlayıb (Civilazerbaijan 2021). 2017-ci ildə AŞPA müstəqil istintaq qrupu yaradaraq, korrupsiya faktları ilə bağlı öz araşdırmasını aparıb və 2018-ci ildə 14 parlamentarın, o cümlədən L.Volontenin Avropa Şurasının binasına və tədbirlərinə girişini ömürlük qadağan edib. 2021-ci ildə Milan şəhər Məhkəməsində Luka Volonte Azərbaycanın iki siyasi xadimindən 2 milyon avro almaqda ittiham edilib. İddia tərəfinə görə, Volonte bu məbləği 2013-cü ildə AŞPA-da Azərbaycanda siyasi məhbuslar haqqında məruzənin qəbuluna mane olmaq üçün alıb (OCCRP 2021). Lakin, məhkəmə prosesi iddia müddəti (cəzanın icrası üçün qanunda nəzərdə tutulan zaman çərçivəsi) bitdiyi üçün həbs qərarının Luka Volontenin üzərindən götürülməsi, həmçinin şəxsin hüquqi vəzifə tutmaq səlahiyyətlərinə tətbiq olunan məhdudiyyətin aradan qaldırılması ilə nəticələnib (Ferrarella 2022).
Nəticə
Azərbaycan-İtaliya münasibətləri ənənəvi Avropa-Azərbaycan əlaqələrinin (demokratikləşmə) mahiyyətini aşaraq enerji təminatı qarşılığında avtoritarlaşmaya dəstək formasına çevrilib. Bu da öz növbəsində Avropanın ən böyük ölkələrindən birinin Qafqazın demokratikləşməsi önündəki əsas sədd olan Əliyevlər xanədanına münasibətdə insan hüquqları, siyasi azadlıqlar və demokratik idarəetmə kimi məsələləri öz gündəliyindən tamamilə silməsini göstərir. İtaliya üçün resurs ölkəsi rolunda olan Azərbaycanın alternativ enerji təchizatçısı kimi əhəmiyyəti artdıqca, ölkənin başında dayanan Əliyev ailəsinin sərt avtoritarizmi də beynəlxalq legitimliyini proporsional ölçüdə artırır.
İtaliya nümunəsi göstərir ki, enerji tərəfdaşlığı iqtisadi qazanc yaratmaqla yanaşı, eyni zamanda avtoritar rejimlər üçün siyasi toxunulmazlıq mexanizmi qurur. TAP, BTC və digər enerji layihələri Avropada Bakının siyasi cazibəsini artırmaqla yanaşı, Kulevi limanında olduğu kimi, həm də imtiyaz qazandırır.
Lakin bu prosesin ən təhlükəli tərəfi Əliyev Azərbaycanının timsalında bütün Qafaqazda avtoritarizmin yenidən sabitləşməsidir. Azərbaycan hökuməti enerji gəlirlərini iqtisadi inkişaf və geosiyasi təsir kimi istifadə etməklə yanaşı, həm də daxili siyasi nəzarətin gücləndirilməsi və beynəlxalq tənqidin neytrallaşdırılması üçün də xərcləyir.
Azərbaycanın İtaliya kimi nüfuzlu Avropa Birliyi üzvündən əldə etdiyi "səssiz kompromis" siyasəti, Avropa Birliyinin demokratiya və insan hüquqları ilə bağlı normativ dəyərlərinin selektiv tətbiqinə (Gürcüstan rejiminə sanksiyalar, Azərbaycan rejiminə dəstək) dair şübhələri daha da gücləndirir.
İSTİNADLAR:
APA, 2026. Meloni: Italy-Azerbaijan partnership is of particular importance in such a complex period. https://en.apa.az/foreign-policy/meloni-italy-azerbaijan-partnership-is-of-particular-importance-in-such-a-complex-period-504560.
BBC, İyun 2012. “Azərbaycanın kürü diplomatiyası". https://www.bbc.com/azeri/azerbaijan/2012/06/120613_caviar_europe.
Bloomberg, 2026. “EU Countries’ Resistance Risks Blunting Latest Russia Sanctions”. https://www.bloomberg.com/news/articles/2026-02-17/eu-countries-resistance-risks-blunting-latest-russia-sanctions?embedded-checkout=true.
Civilazerbaijan, Yanvar 2021. “Azərbaycandan rüşvət almaqda təqsirləndirilən Luka Volonte 4 il azadlıqdan məhrum edilib”. https://civilazerbaijan.com/dunya/8266-azerbaycandan-rushvet-almaqda-teqsirlendirilen-luka-volonte-4-il-azadliqdan-mehrum-edilib.html.
Ferrarella, Luigi. 2022. "Luca Volontè e i soldi dell'Azerbaijan al Consiglio Ue: prescritta la condanna per corruzione internazionale." Corriere della Sera, May 18, 2022. https://milano.corriere.it/notizie/cronaca/22_maggio_18/luca-volonte-soldi-dell-azerbaijan-consiglio-ue-prescritta-condanna-corruzione-internazionale-5b438fb4-d676-11ec-a70e-c4b6ac55d57f.shtml.
Modern.az, 2026. “Ötən il ticarət dövriyyəmiz bu qədər olub – RƏQƏM”. https://modern.az/az/iqtisadiyyat/561331/azerbaycanin-xarici-ticaret-dovriyyesinde-esas-terefdas-olkeler-aciqlanib/.
OCCRP (Organized Crime and Corruption Reporting Project). 2021. "Italian Court Sentences Former Council of Europe MP for Bribery." January 11, 2021. https://www.occrp.org/en/news/italian-court-sentences-former-council-of-europe-mp-for-bribery.
President.az, iyun 2024. “İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib”. https://president.az/az/articles/view/66326.
President.az, oktyabr 2025. “Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı olub”. https://president.az/az/articles/view/70229.
President.az, 2026. “Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb”. https://president.az/az/articles/view/56689.
President.az, 2026. “İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış ediblər”. https://president.az/az/articles/view/72285.