(Yazı KHAR Centerin Təhlükəsizlik və Dövlət Arxitekturası araşdırmaları çərçivəsində hazırlanıb)
✍️ Elman Fəttah – KHAR Centerin rəhbəri
İlham Əliyevin partiya tədbirində səsləndirdiyi çıxışın əsas məğzi Azərbaycanın 2023-cü ildə bütün ölkə ərazisində suverenliyin bərpasından sonrakı dövrdə hakimiyyətin siyasi xəttinin müəyyənləşdirilməsini ehtiva etməsidir. Nitq həm daxili auditoriyaya, həm də xarici dünyaya ünvanlanmış siyasi mesajlar toplusudur. Burada diqqət olunası məsələ ayrı-ayrı ifadələrin nə qədər sərt və ya yumşaq olması yox, səslənən ifadələrin arxasında dayanan düşüncə tərzi və siyasi məqsəddir.
İkinci Qarabağ müharibəsindən sonra Əliyev rejimi öz legitimliyinin dayaqlarını məhz hərbi qələbə üzərində qurur. İndi İlham Əliyev Azərbaycanı artıq heç kimlə məsləhətləşməyə ehtiyac duymayan, xarici siyasətdə daha çox davakar mövqedən çıxış edən dövlətə çevirib. Bu yanaşma müəyyən qədər başadüşüləndir. Hərbi zəfər Azərbaycanın regional çəkisini həqiqətən artırıb. Lakin müharibə ölkənin əsas problemini həll etməklə bərabər, yeni çağırışlar da yaradıb. Qələbədən sonra əsas hədəf “qələbəni necə davamlı sülhə, regional sabitliyə, iqtisadi inkişafa və güclü institutlara çevirmək” olmalıdır. Amma Azərbaycanın sahib olduğu instrumentlər regionun sülh imkanlarını inkişaf etdirmək əvəzinə, həm qonşulara, həm də regionda sülhün bərqərar olmasında maraqlı siyasi mərkəzlərə qarşı təhdid kimi istifadə edilir.
İlham Əliyevin YAP-ın VIII qurultayındakı nitqinə bu prizmadan baxdıqda, aydın olur ki, hərbi qələbənin yaratdığı siyasi özünəinam diplomatik təmkinə, institusional açılıma və regional inteqrasiyaya çevrilmək əvəzinə, əsas etibarı ilə təkəbbürlü, ölkənin resurslarını aşan regional və qlobal iddialara aludə psixopolitik siyasi xəttə yuvarlanıb.
Bu yazıda mən İlham Əliyevin nitqini məhz siyasi psixologiya, xarici siyasət, daxili nəzarət və iqtisadi dayanıqlıq arasındakı əlaqə üzərindən təhlil edəcəm.
Əsas tezisim İlham Əliyevin qələbənin yaratdığı siyasi kapitalı hansı məqsədlə istifadə və istismar etməsidir.
Özünəinam ilə təkəbbür arasındakı təhlükəli sərhəd
Böyük hərbi qələbələr həm cəmiyyətlərdə, həm də siyasi elitalarda xüsusi psixoloji atmosfer yaradır. Cəmiyyətlərin bir hissəsində milli qürur və özünəinam artır, hakimiyyətlər isə qəbul etdiyi qərarlarının mütləq doğruluğuna aludə olmağa başlayır. Dövlət idarəçiliyində ən təhlükəli məqam isə özünəinamın tədricən qüsursuzluq hissinə çevrilməsi, liderin müqqəddəsləşdirilməsidir. Halbuki döyüş meydanındakı qələbə hakimiyyətin bütün qərarlarına bəraət qazandırmır. Ordu müharibəni uda bilər, amma bu, xarici siyasətdə təkəbbürə, daxildəki korrupsiyaya haqq qazandırmır və zora söykənən idarəçiliyin açdığı yaraları öz-özünə sağaltmır.
Lord David Ouenin “hubris sindromu” tezisi uzun müddət hakimiyyətdə olan və siyasi uğur qazanan liderlərdə eyforiya, öz qərarlarına həddindən artıq əminlik, şəxsi siyasi missiyanın şişirdilməsi və reallığa yalnız öz siyasi narrativlərinin pəncərəsindən baxması kimi davranış meyllərini aydın izah edir (Lord David Owen, 2007).
İlham Əliyevin YAP qurultayındakı çıxışında da bu tezisin bir neçə əlamətini görmək mümkündür.
Birincisi, insan haqqları təşkilatlarından gələn tənqidin niyyətini şübhə altına almaqla kifayətlənməyib, dərhal qərəzli elan etməkdir. “İkili standart”, “qərəz”, “islamofobiya”, “Azərbaycan əleyhinə kampaniya” kimi ifadələr ola bilər ki, hərdən reallığı əks etdirsin. Ancaq bütün tənqidi yanaşmaları eyni kateqoriyaya salmaq öz siyasətindəki səhvləri görməkdən tam imtinanın təzahürüdür.
İkincisi, hərbi qələbənin rejimə toxunulmazlıq qazandırması qənaətinə toz qondurulmamasıdır. Qarabağ qələbəsi, əlbəttə, Azərbaycan tarixinin mühüm hadisəsidir. Lakin onun siyasi nəticəsi “biz bütün məsələlərdə absolyut haqlıyıq” məntiqinə çevriləndə bunun adı özünəinam yox, təkəbbürdür.
Üçüncüsü isə hərbi gücü yeganə siyasi arqumentə çevirmə inadıdır. “Gücümüz var, ona görə də heç kim bizə şərt qoya bilməz” yanaşması hamını özünə qarşı çevirməkdir (President.az, 02 oktyabr 2026a). Güclü dövlət strategiyası isə öz maraqlarını qarşı tərəfin maraqları ilə uyğunlaşdırmağı, ittifaqlar yaratmağı və rəqibləri tərəfdaşa çevirməyi şərtləndirir.
Azərbaycanda hələ Heydər Əliyev zamanından formalaşan xarici siyasət doktrinasının mühüm xüsusiyyətlərindən biri balanslaşdırma idi (Kaspi, 2026). Bakı Qərblə enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq edir, Rusiya ilə siyasi münasibətləri yüksək tutur, Türkiyə ilə strateji əlaqələri dərinləşdirir, eyni zamanda İranla münasibətlərdə müəyyən tarazlıq saxlamağa çalışırdı. Demək olmaz ki, bu tamamilə doğru strategiya idi, amma ən azından ortaya çıxan görüntü hamıyla dalaşan yox, hər kəslə anlaşan Azərbaycan idi.
Qarabağ müharibəsindən sonra isə vəziyyət tamamilə dəyişib. Azərbaycanın hərbi gücünün artması və regional mövqeyinin möhkəmlənməsi danışıqlarda Bakının əlini təbii olaraq gücləndirib. Amma əl gücləndikcə diplomatik məsuliyyəti də artırmaq əvəzinə rəsmi Bakı düşmən ölkə siyahısını genişləndirməyə həvəslənib. İlham Əliyevin qurultay nitqində hiss olunan ritorik xətt, hətta bir zərbəyə 10 zərbəylə cavab vermək, hər beynəlxalq qurumla mübahisəyə girmək, hər narazılığı xarici düşmənçilik kimi təqdim etmək, hətta Türkiyə kimi müttəfiq dövlətlə körpüləri yandırmaq davranışı orta əsr hökmdarlarının çılğın iradə nümayişini xatırlatdı (President.az, 02 oktyabr 2026b). Halbuki, müasir dünyada gücün ən mühüm göstəricilərindən biri özünə nəzarətdir. Özünə nəzarət hissini itirən liderlərin aqibəti isə, pis halda Səddam Hüseynin, yaxşı halda Putinin taleyini yaşayır.
Çoxcəbhəli qarşıdurma: müstəqillik yoxsa təcrid?
«Biz heç kimdən asılı deyilik» cümləsi siyasətdə həmişə yaxşı satılır. İllərlə kənardan təzyiq görmüş cəmiyyətdə isə bu sözlərin alqışı əvvəlcədən hazırdır. Ancaq müstəqilliklə təcridi qarışdırmaq olmaz. Müstəqil siyasət odur ki, qərarı dövlət özü verir. Təcrid başqa şeydir: ətrafında danışa biləcəyin, işləyə biləcəyin tərəfdaş və qurumlar azalır, sən də bunu azadlıq sanırsan. Halbuki dövlətin müstəqilliyinin təminatı yüksək əməkdaşlıq potensialı ilə ölçülür.
Azərbaycanın qarşısında, kobud desək, iki yol var. Birincisi «heç kim bizə nə edəcəyimizi deyə bilməz» mövqeyidir. İkincisi daha zəhmətlidir: qərarı yenə özümüz veririk, amma bacardığımız qədər çox tərəflə işləyirik ki, seçimimiz çox olsun. İkinci yol alqış gətirmir, əvəzində uzunömürlüdür. Qurultaydakı çıxış isə göstərdi ki, İlham Əliyev birinci yolu seçib. Onun ritorikası heç kimi dinləmədən hamıya diktə etmək həvəsinin nümayişidir.
Halbuki aydın həqiqət, nəinki Azərbaycan kimi kiçik, hətta orta boylu dövlətlərin belə öz təhlükəsizliklərini təkbaşına təmin edə bilməməsidir. Enerji bazarı logistikaya, logistika maliyyəyə, maliyyə texnologiyaya, o da müdafiə sənayesinə və kibertəhlükəsizliyə bağlıdır. Azərbaycanın geosiyasi çəkisi də elə bu şəbəkənin içində oturmasından gəlir. Odur ki, eyni vaxtda bir neçə xarici oyunçu ilə dalaşmağa, lap «strateji müstəqillik» deyilsə də, illər keçdikcə manevr meydanı daralacaq, supermüstəqillik iddiası sistemli təcridlə yekunlaşacaq.
Neft, qaz hələ də satılır, münasibətlər isə getdikcə soyuyur
Ən arzuolunmaz istiqamət Qərblə və Türkiyəylə münasibətlərdə yaşanır (Kharcenter, 2026). Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli tərəfdaşdır və Bakı bundan təkcə pul qazanmayıb. Avropayla enerji əlaqələri ölkənin geosiyasi çəkisini artırır, yaxın, uzaq təhdidlərdən qoruyur, ölkənin təhlükəsizliyinin beynəlxalq sistem içində təmini üçün əlverişli imkanlar açır. Və bütün bunlar Türkiyənin tranzit dəstəyi, təhlükəsizlik təminatı ilə reallaşır. Ancaq Türkiyəylə münasibətləri yaralamaq, Qərblə iqtisadi müstəvidə asılılığa düşüb, siyasi müstəvidə dalaşmaq yaxşı heç nə vəd etmir. Bu, keçilmiş və çox təhlükəli yoldur. Qəddafi Liviyasının, Səddam İraqının, Əsəd Suriyasının acı təcrübəsi uzaq keçmişdə deyil.
İkili standartlar əlbəttə var, bunu danmağın mənasız olar. Böyük dövlətlər eyni prinsipi kimə necə sərf edirsə elə də tətbiq edir, beynəlxalq siyasət həmişə belə olub. Lakin buradan insan hüquqlarının, hüququn aliliyinin, demokratik institutların boş söz olduğu nəticəsini çıxarmaq, beynəlxalq hüququ yalnız siyasi alət kimi qavramaq Azərbaycanın öz haqqını müdafiə edərkən söykəndiyi beynəlxalq hüquq və onun əsas təməli olan suverenliyin təmininində yalnızlaşmaq təhlukəsi yaradır.
Avropa Parlamentinin, AŞPA-nın qərarlarında siyasi hesab ola bilər, səhv də ola bilər. Amma onların hər addımına «qərəz» damğası yapışdırmaq Azərbaycana heç nə qazandırmır. Qapını çırpıb çıxmaq asandır. Çətini içəridə qalıb öz marağını qoruya bilməkdir. Bu məsələdə də İlham Əliyev səhv yol tutub– hər iki qurumla münasibətləri diktə müstəvisinə daşıyıb.
Sülh məsələsi
Bu məsələdə də ciddi arxayınçılıq və təkəbbür göz deşir. Bir yandan «müharibə başa çatıb» deyilir, o biri yandan qarşı tərəfə hərbi xəbərdarlıqların ardı kəsilmir. Üçüncü zəfər tağının Yerevanda ucaldılmasının mümkünlüyündən danışılır (President.az, 02 oktyabr 2026c). İki mesaj birlikdə səslənəndə İrəvan hansına inanacağını bilmir və təbii ki, pisinə hazırlaşır. Yəni belə hədələr qarşı tərəfi zərərsizləşdirmir, əksinə silahlandırır, güclənməyə vadar edir.
Məqsəd doğrudan da sülhdürsə, «onları yenə məğlub edərik!» düşüncəsi ilə uzağa getmək olmaz. Məqsəd bölgədə elə bir nizam qurmaq olmalıdır ki, bir də heç kimin ağlına yenidən müharibə gəlməsin. Strateji təhlükəsizlik yanaşması, məhz bunu tələb edir. Əks təqdirdə müharibədə qazanılan hərbi üstünlük sülh kapitalına çevrilmədən yeni təhlükəsizlik dilemması yaradacaq.
İdeoloji təhlükəsizlik
Nitqin siyasi cəhətdən ən diqqət çəkən hissəsi «ideoloji təhlükəsizlik» narratividir (President.az, 02 oktyabr 2026d). Dezinformasiyadan, xarici təhdidlərdən, kəşfiyyat oyunlarından qorunmaq hər dövlətin təbii haqqıdır və burada qəribə heç nə yoxdur. Məsələ xarici təhdidlərdən qorunmaqda yox, nələri xarici təhdid kimi qəbul və təqdim etməkdədir. Hamıya aydındır ki, İlham Əliyev bu çıxışında ideoloji təhlükəsizlikdən danışarkən əsas etibarı ilə heç də sübut olunmuş müdaxilə hallarını yox, ölkədən didərgin düşmüş, höküməti tənqid edən jurnalistləri, ictimai şəxsləri, alimləri, müxalifətçiləri, eyni zamanda bu günlərdə məlum oldu ki, həm də inanclı şəxslərin həyat tərzini nəzərdə tutur (Elman Fattah, 2026). Bu isə milli təhlükəsizlik alətini, hər avtoritar rejimdə olduğu kimi, siyasi zopaya çevirmək tendensiyasıdır.
Avtoritar sistemlərin tarixində bu mexanizm dəfələrlə işləyib. Əvvəl cəmiyyət ikiyə bölünür. Bir tərəfdə «biz» dayanır: dövlət, milli maraq, vətənpərvərlik, sabitlik. O biri tərəfdə «onlar»: xarici təsir, təxribat, düşmənçilik. Belə bölgüdə hökuməti tənqid etmək dövlətə qarşı çıxmaqla eyni şey sayılmağa başlayır. Zərəri isə ilk növbədə sistemin özünə dəyir, çünki səhvini ona göstərə biləcək adamları susdurur və səhvlərini düzəltməkdən məhrum olduğu üçün heç vaxt «zəifləmir», sadəcə anidən çökür.
Borcun azlığı hələ iqtisadi müstəqillik deyil
İlham Əliyev qurultay nitqində iqtisadi müstəqilliyin sübutu kimi xarici borcun ÜDM-ə nisbətinin aşağı olmasından fəxrlə danışır. Axı iqtisadi müstəqillik tək bununla ölçülmür. Borcu az olan dövlətin iqtisadiyyatı əgər dünya bazarında bircə məhsulun – neftin qiymətindən asılıdırsa, bu qürurlanmalı yox, qayğılanmalı vəziyyətdir. Azərbaycanın struktur problemi tam olaraq budur. Ölkə iqtisadiyyatı tamamilə xammal ixracından asılıdır. Dövlətin kassasını neft pulu doldurur. Büdcə vergi ödəyicisinin cibindən yox, enerji gəlirindən qidalananda hökumətlə vətəndaşın arasındakı hesab-kitab dəyişir. Xalq faktoru, insan kapitalı əhəmiyyətsizləşir (Hazem Beblawi, 1987).
Vergi ilə dolanan dövlətdə vətəndaş «Verdiyim pulun qarşılığında nə alıram?» soruşur, renta sistemində isə əksinə «Dövlət mənə nə verir?» deyir. Birinci halda vətəndaş dövlətə, ikinci halda dövlət vətəndaşa hökm edir. Sosial müqavilənin məzmunu da buna uyğun dəyişərək vətəndaşı hüquqlarını axtaran fərddən imtiyazlar axtaran təbəəyə çevirir.
İqtisadiyyatın uzun müddət ayaqda qalması üçün başqa şeylər lazımdır: hökumətdən asılı olmayan məhkəmə, toxunulmaz mülkiyyət, inhisarların cilovlandığı rəqabətli bazar, sərbəst sahibkarlıq. Bunların yanına keyfiyyətli təhsili, insan kapitalını, innovasiyanı və şəffaf idarəçiliyi də əlavə etməliyik.
Buna görə «borcumuz azdır» arqumenti nə qədər cəlb edici olsa da, strateji suala cavab vermir: neft gəliri azalandan sonra Azərbaycan indiki siyasi və iqtisadi manevr imkanlarını saxlaya biləcəkmi?!
Ən təhlükəli illüziya – gücün əbədi olduğuna inanmaq
Avtoritar rejimlərin ən diqqətçəkən cəhətlərindən biri də indi sahib olduqları güclərini daim qoruya biləcəklərinə olan inamlarıdır (Daniel Ziblatt & Steven Levitsky, 2018). Lakin unudurlar ki, dünya davamlı olaraq dəyişir. Enerji bazarı yenilənir, texnologiyalar köhnəlir, müharibələrin xarakteri transformasiya olunur, yeni ittifaqlar, iqtisadi mərkəzlər meydana çıxır. 2020 və 2023-cü illərdəki geosiyasi vəziyyət Azərbaycanın indiki gücünü şərtləndirir, lakin gələcək onilliklər üçün təminat vermir. Güc zəhərlənməsi yaşayan sistem, dəyişən reallığa uyğunlaşmadıqda və dünənki uğurlarını sabahkı siyasətin hər sualına cavab kimi təqdim etməyə başladıqda, yalnız özlərini deyil, eyni zamanda bütün ölkəni uçurumun kənarına sürükləyirlər.
Tarixi nüminələr də bu acı həqiqəti dəstəkləyir. Argentinanın xunta rejimi də Folklend müharibəsi ilə cəmiyyəti bir müddət öz ətrafında səfərbər edə bilmişdi, amma bu coşqu nə iqtisadi, nə də siyasi problemləri həmişəlik unutdurdu. İctimai coşqu sönəndə sistemin içindəki çürüklük hamının gözü qabağına sərildi (Jack S. Levy & Lily I, 1992).
Osmanlı da son dönəmlərində eyni vaxtda bir neçə güc mərkəzi ilə toqquşurdu. Səddam Hüseynin İraqı isə hərbi gücünün beynəlxalq qaydaları yenidən yazmağa çatacağına inanmağın ən dağıdıcı nümunəsidir.
Bu misalları çəkməkdə məqsəd Azərbaycanın eyni taleyi yaşayacağını iddia etmək deyil. Tarixi paralellər heç vaxt tam üst-üstə düşmür; Azərbaycan İraq deyil, nə Argentina xuntası, nə də XX əsrin əvvəlindəki Osmanlı deyil. Amma hər üçündən eyni dərs çıxır: hərbi güc hamı ilə qarşıdurmada heç vaxt uğur vəd etmir. Üstəlik gucdən doğan strateji səhv daha baha başa gəlir.
YAP qurultayındakı ritorikanın siyasi nəticələrini bir cədvələ yığmış olsaq aşağıdakı kimi ümumiləşdirə bilərik.
Cədvəlin göstərdiyi riskləri nəzərə alaraq tərəddüdsüz şəkildə deyə bilərik ki, Azərbaycan artıq işğal dərdi ilə yaşayan dövlət olmaqdan çıxmalıdır. Ərazi bütövlüyü bərpa olunub, bölgədə çəkisi artıb, enerji və logistika xəritəsində əlverişli yer tutur.
Yeni status yeni məsuliyyət gətirməlidir. Bakı özünü bundan sonra «təhdid altındakı dövlət» kimi təqdim etməkdən əl çəkməlidir. Bu, özünü aşağıdakı istiqamətdə göstərməlidir:
- Qələbə sülhə və diplomatik kapitala çevrilməlidir. Qazanılan üstünlük təzə düşmən yaratmağa yox, təzə tərəfdaş tapmağa xərclənməlidir.
Nəticə əvəzi
Qarabağ qələbəsi hakimiyyətdə sağlam diplomatik təmkin yaratmaq əvəzinə, təhlükəli təkəbbürə və güc illüziyasına yol açıb. Rəsmi Bakı regional sabitlik və beynəlxalq əməkdaşlıq qurmaq əvəzinə, getdikcə genişlənən çoxcəbhəli qarşıdurma xəttini seçərək ölkəni təcridə sürükləyir. Xüsusilə Qərb institutları və qonşu dövlətlərlə münasibətlərdə hərbi gücə arxalanaraq hər cür tənqid qərəzli elan edilir, daxili siyasətdə isə "ideoloji təhlükəsizlik" adı altında rejimə yönələn haqlı tənqidlər düşmənləşdirilir.
Tarixi nümunələr isə göstərir ki, gücün əbədi olduğuna inanmaq və ətrafdakı hər kəslə mübahisə etmək sonda ağır siyasi böhranlara gətirib çıxara bilir. Buna görə də rejim Azərbaycanı artıq təhdid altında olan dövlət kimi təqdim etməkdən əl çəkməli, qazanılmış hərbi uğuru davamlı sülhə və regional tərəfdaşlığa çevirmənin alternativsizliyini qəbul etməlidir.
Qeyd: Oxuduğunuz yazı orijinal olaraq Azərbaycan dilində yazılmışdır.
İstinadlar
Lord David Owen, 2007. The Hubris Syndrome: Bush, Blair and the Intoxication of Power. P. 1-3
President.az, 02 oktyabr 2026. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında İlham Əliyevin nitqi. https://president.az/az/articles/view/73633/videos/3
Kaspi, 2026. Balanslı xarici siyasət kursunun memarı . https://kaspi.az/balansli-xarici-siyaset-kursunun-memari
President.az, 02 oktyabr 2026b. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında İlham Əliyevin nitqi. https://president.az/az/articles/view/73633/videos/3
Kharcenter, 2026. Azerbaijan-Türkiye relations: not unity, but competition. https://kharcenter.com/en/researches/azerbaijan-turkiye-relations-not-unity-but-competition
President.az, 02 oktyabr 2026c. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında İlham Əliyevin nitqi. https://president.az/az/articles/view/73633/videos/3
President.az, 02 oktyabr 2026d. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında İlham Əliyevin nitqi. https://president.az/az/articles/view/73633/videos/3
Elman Fattah, 2026. Girls Kept at the School Gate: The Rivals Aliyev Chose for Himself. https://kharcenter.com/en/expert-commentaries/girls-kept-at-the-school-gate-the-rivals-aliyev-chose-for-himself
Hazem Beblawi, 1987. The Rentier State in the Arab World. https://newuniversityinexileconsortium.org/wp-content/uploads/2022/02/41857943.pdf
Daniel Ziblatt & Steven Levitsky, 2018. How Democracies Die. https://psi424.cankaya.edu.tr/uploads/files/Levitsky%20%26%20Ziblatt%2C%20How%20Democracies%20Die_%20What%20History%20Reveals%20about%20Our%20Future%20%282019%20--%20Penguin%20Books%29.pdf
Jack S. Levy & Lily I, 1992. "Diversionary Action by Authoritarian Regimes: Argentina in the Falklands/Malvinas Case." In Manus I. Midlarsky, ed. The Internationalization of Communal Strife. New York: Routlege,. Pp. 118-146. https://www.sipa.columbia.edu/sites/default/files/migrated/documents/Levy_Jack.pdf