(Yazı “Khar Center”in Azərbaycan avtoritarizmi araşdırmaları çərçivəsində hazırlanıb)
✍️ Elman Fəttah – KHAR Centerin rəhbəri
Sentyabrın ortasında Azərbaycanın bir neçə şəhərində eyni mənzərə yaşandı: məktəb həyətinin qapısında dayanmış, içəri buraxılmayan, yanında çaşqın valideyni olan on-on iki yaşlı qız uşaqları. Onlara deyilən söz qısadır: ya hicabını çıxar, ya da evə qayıt.
İyul ayında Ümumi təhsil haqqında qanuna edilən dəyişiklik və sentyabrda Nazirlər Kabinetinin təsdiqlədiyi yeni geyim tələbləri ilə dövlət on beş ildir boz zonada saxladığı məsələni normativ müstəviyə daşıdı.
Bu qərarın izahına dair sosial medianın Azərbaycan seqmentində və dövlətin əlaltı mediasında iki yayğın versiya dolaşır. Birincisi, dövlət dünyəviliyi qoruyur, məktəb neytral məkan olmalıdır, uşaqları radikal təsirlərdən qorumaq lazımdır. İkincisi müxalif və liberal dairələrdə daha çox eşidilən versiyadır: Əliyev on illər ərzində dünyəvi müxalifəti, QHT-ləri, müstəqil medianı əzməklə strateji səhv etdi. İndi özü dindarlarla üz-üzə qalıb; hicab qadağası da bu çıxılmaz vəziyyətin çaşqın reaksiyasıdır.
Bu yazının məqsədi hər iki versiyanın yanlış olduğunu göstərmək, Rejimin məqsədinin ölkədə dini təhlükənin mövcudluğu iddiasını dramatikləşdirmək olduğunu izah etməkdir.
Rəsmi versiya şübhəsiz yanlışdır, çünki Azərbaycanda dünyəviliyə heç bir real təhlükə yoxdur. “İlham Əliyevin səhvi” versiyası da yanlışdır, çünki səhv deyilən şey əslində İlham Əliyevin Azərbaycanda sekular avtoritarizmin alternativsizliyinin inandırıcılığı dizaynıdır.
“Səhv” tezisinin cazibəsi və boşluğu
“Əliyev səhv etdi” tezisinin cazibəsi aydındır. O, dünyəvi müxalifətin itkisinə məna verir: bizi əzməklə rejim özünə zərər vurdu, gec-tez bizə yenidən ehtiyacı olacaq. Bu, həm təsəlliverici, həm də xoş niyyətli siyasi hekayədir. Amma bu tezisin söykəndiyi fərziyyələr İlham Əliyevin 3 mərhələli (məşvərətçi, bürokratik və tək adam avtoritarizmi) avtoritar konsalidasiya strategiyasına uduzur.
Birinci fərziyyə: rejimin məqsədi qismən plüralist elementlər daşıyan siyasi sabitlikdir və zəif dünyəvi müxalifət bu sabitliyin “bufer” təbəqəsi idi. Əgər belə olsaydı, onu məhv etmək həqiqətən səhv olardı. Lakin son iyirmi ildə rejimin atdığı bütün addımlar plüralizmin “p”sini belə dəyər kimi qəbul etmədiyinə dair təkzib edilməz sübutlardır. Rejim üçün sabitlik siyasi (ənənəvi) rəqibsizlik deməkdir, rəqiblərin tarazlığı yox.
İkinci fərziyyə: dindarlar rejimin istəmədiyi, ancaq qaçılmaz olaraq qarşısına çıxan bir qüvvədir. Halbuki, Azərbaycanda din dövlətin ən sıx nəzarət etdiyi sahələrdən biridir. Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, məscidlərin qeydiyyatı, imamların təyinatı, xaricdə dini təhsil almış şəxslərə dini mərasim aparmaq qadağası – bunların hamısı rejimin dini baxışın kimin tərəfindən və hansı formada təmsil olunacağını özünün müəyyən etdiyini göstərir. Üz-üzə qalmaq üçün qarşı tərəfin müstəqil olması lazımdır. Dövlət isə həm səhnəni, həm də qarşı tərəfin rolunu (özündən soruşmadan) özü müəyyən edir. Əlbəttə, söhbət ondan getmir ki, dövlət bütün dini camiaları nəzarətinə götürüb. Məsələ odur ki, dini fəaliyyətlə bağlı adminstrativ və normativ çərçivəyə hakimdir. Nəzarətindən kənar camiaları da əlindəki tənzimləmə alətləri ilə hansısa fəaliyyətə təhrik edə və ya çəkindirə bilir. Üstəlik, Azərbaycanda məzhəb baxımından da dini vahidlik kəskin qütblərdədir. Şiəlik, sünnilik, sələfilik, vəhabilik ideoloji müstəvidə, yumşaq desək biri-biri ilə daban dabana ziddir. Yəni bir mərkəzdə toplanmaları və sinxron hərəkata çevrilmələri mümkünsüzdür.
Təsadüfi olmayan paralellik
2010-cu ilin sonunda təhsil naziri Misir Mərdanov məktəblərdə hicabın yolverilməz olduğunu bəyan etmişdi. Dekabrda, Aşura günü Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirildi, iştirakçılar həbs olundu. Diqqət çəkən cəhət budur: həmin dövrdə rejim, eyni zamanda, dünyəvi gənclər hərəkatlarını, 2011-ci ilin “ərəb baharı” ruhlu küçə aksiyalarını, AXCP və Müsavat fəallarını hədəf alırdı. Rəsmi narrativdə isə dünyəvi etirazçılara medianın marağı söndürülür, dindar etirazçılar isə “İran əli”, “radikallar” başlığı ilə televiziya ekranlarına çıxarılırdı (Eldar Mamedov, 2011).
2009–2014-cü illərdə QHT qanunvericiliyi sərtləşdirildi, xarici qrantlar faktiki olaraq bloklandı, dünyəvi görüşlü hüquq müdafiəçiləri həbs edildi. Bir il sonra, 2015-ci ilin noyabrında Nardaran əməliyyatı keçirildi. Müsəlman Birliyi Hərəkatının rəhbəri Taleh Bağırzadə və tərəfdarları uzunmüddətli həbs cəzası aldı. Rəsmi təbliğat bu hadisəni dövlət çevrilişi cəhdinin qarşısının alınması kimi təqdim etdi. Hətta dünyəvi Xalq Cəbhəsi Partiyasını belə bu dini hərəkata bağlama cəhdləri edildi. Diqqət edin, məqsəd dindarların dünyəvi müxalifəti dəstəkləməsi narrativini yaymaq yox, AXCP-nin dünyəvi yox, dini olduğu narrativini uydurmaq idi (525.az, 2016).
Nəhayət, 2023-cü ilin sonundan başlayaraq Abzas Media, Toplum TV, Meydan TV-nin jurnalistləri, çox saylı hüquq müdafiəçiləri, fəallar və AXCP lideri Əli Kərimli həbsə atıldı. Ölkədə müstəqil jurnalistikanın qalıqları, prinsipial müxalifət ləğv edildi. 2026-cı ildə isə hicab qadağası qanun səviyyəsinə qaldırılır.
Bu xronologiyada nümunə aydındır: hər dəfə dünyəvi tənqid məkanı daralanda dini “təhdid” səhnəyə çıxarılır. Səhv olsaydı, bir dəfə olardı. Təkrarlanan səhv isə metoddur.
İki auditoriya, bir qorxu
Strategiyanın məntiqi sadədir və avtoritar rejimlər üçün yeni deyil. Mübarəkin Misiri, Bən Əlinin Tunisi, Kərimovun Özbəkistanı, Saparmuradın Türkmənistanı eyni sxemi tətbiq ediblər: ölkədə yalnız iki qütb yarat, dindarlar və onlardan qorxanlar. Sonra cəmiyyətə və Qərbə sual ver: hansını seçirsiniz? Dindarları, yoxsa sekular avtoritarizmi?! (Elman Fattah, 2017)
Birinci auditoriya ölkənin dünyəviliyə həssas təbəqəsidir. Onlar 1918-ci ildə yaradılmış ilk demokratik, dünyəvi Azərbaycan dövləti ideyasına qəlbən vurğun insanlardır. Lakin sekular avtoritar rejimdən qəti narazıdırlar: korrupsiyadan, ədalətsiz məhkəmələrdən, söz azadlığının olmamasından. Ancaq indi rejimə qarşı dünyəvi alternativ qalmayıbsa, onların gözü önündə yalnız iki gələcək qalır: mövcud vəziyyət, ya da şəriət dövləti qorxusu. Bu, rejimin cəmiyyətin əksəriyyətini ya açıq, ya da şüuraltı olaraq “öz tərəfində” durmağa məhkum etməsidir. Rejim onlara azadlıq vermir, amma onları ən böyük qorxularından qoruduğunun mesajını ötürür.
İkinci auditoriya xaricdir: Avropa İttifaqı, ABŞ. Neft-qaz müqavilələri, Orta Dəhliz, İrana qarşı dik duruş. Hətta Ərdoğan Türkiyəsi ilə münasibətlərin soyudulması. Bütün bunlar rejimin dünyəvi müsəlman ölkəsi brendi olaraq ən dəyərli diplomatik aktivlərindən biridir. Hicab qadağası, həm də Brüsselə göndərilən mesajdır: biz artıq Azərbaycanda dünyəviliyin əlində dövlət gücü olan, eyni zamanda, yeganə elektoral təmsilçisiyik. Siyasi məhbuslar məsələsi kimi əhəmiyyətsiz söhbətləri yığışdırın. Bizim alternativimizin kimlər olduğunu görmürsünüz məgər?! Və burada strategiyanın ən kritik hissəsi ortaya çıxır: dindarlara qarşı təzyiq dini təhlükə narrativininin inandırıcılığını artırır. Rejim əvvəl təhlükəni şişirdir, sonra da bu təhlükəni həm daxilə, həm də xaricə nümayiş etdirir.
Niyə “üz-üzə qalma” hekayəsi rejimin işinə yarayır?!
Bir qədər paradoksal görünsə də, “Əliyev indi dindarlarla tək qalıb” hekayəsi rejimin arzusunu bəsləyir. Bu hekayə iki şeyi təsdiq edir. Birincisi, dindarların həqiqətən güclü, təhlükəli və hakimiyyətə real iddialı bir qüvvə olduğunu. Yuxarıda qeyd etdim ki, bunun reallaşmasını mümkünsüz edən səbəblər daha ağlabatandır. İkincisi, dünyəvi müxalifətin artıq oyundan çıxdığını, yəni yeganə real seçimin rejim ilə dindarlar arasında qaldığını. Hər iki iddia rejimin ikiyə bölünmüş, bir birinə düşmən cəmiyyət planının reallaşmasına töhfə verir. Yəni bu gedişatın ən böyük qurbanı, elə dünyəvi həssaslığı olan insanlardır.
Dünyəvi insanlar nə etməlidir?
Rejimin qurduğu tələdən çıxmağın yolu seçimdən imtina etməkdir. Sual “rejim, yoxsa islamçılar?” deyil. Bu sual yalandır və onu qəbul etmək rejimin tələsinə düşmək deməkdir.
Dünyəvi insanlar dinə qarşı olmaq və ya dindarlarla həmrəylik göstərməkdən başqa seçim olmadığı yanlışına düşməməlidir. Məsələ dindarlarla eyni mövqedə olmaq yox, dövlətin vətəndaş üzərindəki səlahiyyətinin sərhədini aşmasına qarşı çıxmaqdır. Bu gün başörtülü qızı məktəbdən qovan dövlət sabah eyni məntiqlə gənc ateisti feysbuk paylaşımına görə həbs edəcək. Və edir də.
Dindar icmaların özləri üçün də vacib bir dərs var: rejimin onları səhnədəki düşmən obrazına daşıması tələsinə düşməmək. Rejimin məqsədi hicab qadağası deyil. Bu qadağa vasitəsilə özünə rəqib/düşmən seçməkdir. Dindarlar təbii şəkildə hicab tələbinin Konstitusiyanın vicdan azadlığı və təhsil hüququ ilə bağlı maddələrinə söykəndiyini əsaslandıra bilərlər. Teokratik ritorikaya söykəndikdə isə özləri də bilmədən rejimin məqsədinə xidmət etmiş olurlar. İlham Əliyev də çox gözəl bilir ki, dindarlar üçün Allah, Quran və hicab bölünməz üçlükdür. Hansına toxunursansa, yaranan qəzəb eyni olacaq. Məhz məqsədli şəkildə toxunur ki, dindarlar bu həssas məsələyə laqeyd qala bilməsin və özlərinin necə böyük təhlükə olduqları haqda qənaəti doğrultsunlar.
Qeyd: Oxuduğunuz yazı orijinal olaraq Azərbaycan dilində yazılmışdır.
İstinadlar
Dini etiqad azadlığı haqqında qanuna çox saylı dəyişiklər. https://e-qanun.az/framework/7649
Eldar Mamedov, 2011. https://eurasianet.org/azerbaijan-evaluating-islamists-strength-in-baku
525.az, 2026. “Radikal müxalifət və radikal dindarlar eyni mərkəzdən idarə olunurlar”. https://525.az/news/64327-radikal-muxalifet-ve-radikal-dindarlar-eyni-merkezden-idare-olunurlar
Elman Fattah, 2017. The “Religious Threat”: Backbone of the Aliyev Regime. https://www.meydan.tv/en/article/the-religious-threat-backbone-of-the-aliyev-regime/?shem=aimgspe,