15 may 2026

Səriştəsizlərin Diktaturası (səlahiyyət verilmiş diletantlar dövrü)

 Səriştəsizlərin Diktaturası (səlahiyyət verilmiş diletantlar dövrü)

Photo by Alex Radilich on Unsplash. https://unsplash.com/photos/a-large-group-of-people-holding-up-signs-Evo4wmtRaPI

İsmayıl Cəlilov 

ABŞ-da yaşayan, əslən Azərbaycandan olan jurnalistdir. 

O, YouTube platformasında yayımlanan “Düz Danışaq” kanalının aparıcısıdır

və siyasətçilər, diplomatlar və digər məlumat istehsalçıları ilə

 Azərbaycan və geniş Avrasiya məkanında baş verən hadisələr

barədə azərbaycanca, rusca və ingiliscə müsahibələr aparır.


 Qeyd: Bu məqalənin orijinal versiyası ingilis dilində yazılmışdır. 


Sərxoş ekipaj

İnterneti "Aqressiv diletantları" səfərbər etməkdə və anti-intellektualizmi normallaşdırmaqda günahlandırmaq asandır. Lakin gəlin dürüst olaq: elektoratın hiddəti tam olaraq səbəbsiz deyil. Qərəzsiz bir şahid kimi, yaranın təbiətini anlamaq üçün qəzəbli ritorikadan o yana baxmaq lazımdır. Onilliklərdir ki, Qərb ictimaiyyəti texnokratların  (insayderlərin) nəinki yavaş-yavaş baş alıb gedən tənəzzülə kənardan durub baxmalarının, həm də tənəzzülün kökündə olan iqtisadi siyasətə bəraət qazandırmasının şahidi olub. Bütövlükdə götürəndə adi vətəndaşlar gözlərini açıb, mənfəətdən bəhrələnən, lakin zərəri ictimai xəzinənin üstünə atan maliyyə sisteminin, eləcə də daxili infrastruktur dağıldığı halda, ümidsiz avantyuralara trillionlar xərcləyən xarici siyasət isteblişmentini görüb.

Avropada bu xəyanət David Marquandın “Avropa üçün parlament” (Parliament for Europe) əsərində formalaşdırdığı “Demokratik çatışmazlığın" boğucu leksikonu ilə təsvir edilirdi. Vətəndaşlar onilliklər boyu idarəetmənin milli parlamentlərdən qapalı komissiya otaqlarına sızdığını və "məsuliyyət olmadan sırf prosedur vasitəsilə idarəetmə" sisteminin yarandığını izləyirdilər. Brüssel konsensusu milli kimliyə inzibati narahatlıq, iqtisadi nigaranlığa isə təhsilsizliyin nəticəsi kimi yanaşırdı.
Lakin yekun qırılma nöqtəsi fərqli və daha içdən hiss edilmiş oldu. Otaqlardakı seçilməkdənsə təyin olunmuş "insayderlər" heç bir aydın inteqrasiya stratejisi olmadan qapıları nəzarətsiz miqrasiyanın üzünə açdılar və faktiki olaraq öz cəmiyyətlərinin sosial vəhdətini riskə atdılar. Vətəndaşlar paralel cəmiyyətlərin formalaşması və ya dövlət xidmətlərinə düşən yük barədə narahatlıqlarını bildirdikdə, texnokratik elita həll yolları təklif etmədi; onlar yalnız qınaq göstərərək, qanuni narahatlıqları dözümsüzlük kimi rədd etdilər.

İndi biz bu aldadıcı taktikanın bədəlini ödəyirik. Sıravi seçicinin gözü ilə baxsaq, təyyarəni idarə edən pilotlar və kabin heyət üzvləri ilə aralarında sadəcə bir uzaqlaşma sezilmirdi. Təyyarəni idarə edənlər pilot kabinəsində sərxoş vəziyyətdə əylənir, təyyarə motorların qorxuducu səssizliyi fonunda duty free mallar arabasında nə varsa, uman gözlərlə baxan və sevinən biznes klass sərnişinlərinə atdıqları görünürdü.

Lakin faciə diaqnozun özündə yox, müalicə üsulundadır. Seçki qəzəbi içində və özünüqoruma instinktinə qapılan ekonom klass sərnişinləri ölümcül bir səhv etdilər: yeni pilotları seçmək qərarını verincə, yeni pilot namizədlərinin uçuş saatlarının olmamasını çatışmazlıq kimi yox, üstünlük  kimi görməyə başladılar. Başqa sözlə biz isteblişmentə qarşı olmağı səriştəyə qarşı olmaqla səhv saldıq.

 Biz bu fərqi çox aydın dərk etməliyik. Korrupsiyalaşmış texnokratiya həll edilməsi mümkün olan problemdir; "intuisiyaya əsaslanan" kakistokratiya isə  intihar paktıdır. Pilot nə qədər qüsurlu, səhvə meylli və ya xudbin olsa da, o, heç bir təlimi və təyyarənin mürəkkəbliyi haqqında anlayışı olmayan, lakin "yeni baxış bucağı" və həddindən artıq özgüvəni olan xoşniyyətli sərnişindən statistik olaraq daha təhlükəsizdir. Pilot duty free içkilərini oğurlasa da, yerinə təyin edilmiş diletant təyyarəni uçuş zolağına endirmək yerinə yerə çarpacaq.

Autsayder (kənardan gəlmə) illüziyası

Bu dəyişikliyi idarə edən məntiq cəlbedici olsa da, nəticəsi intihardır. Bu məntiq, "autsayder illüziyasına”, başqa sözlə, cəhalətin saflığın başqa bir forması olduğuna inanca əsaslanır. Lakin bu "saflıq" arxasında əksər hallarda dərin vətəndaş savadsızlığı gizlənir. Biz dövlət idarəçiliyinin rıçaqlarını  onun mahiyyətini anlamaqdan qürurla imtina edən bir hərəkata veririk. Biz bunu nəyinki tələb etdiyi “izolyasionizmi” izah etmək, hətta öz hökumətinin üç qolunun adını çəkə bilməyən Amerika seçicisində görürük. Onlar bunu bir doktrina kimi deyil, sadəcə olaraq övladlarını xəritədə tapa bilmədikləri yerlərdə ölümə göndərməkdən imtina etmək kimi qəbul etməyə başladılar. Biz bunu həmçinin mahiyyətini anlamadıqları ticarət əlaqələrinin ləğvinə səs verən və ertəsi səhər təşviş içində internet axtarışı platformalarında "AB nədir?" deyə sual edən Breksit tərəfdarında görürük. Və biz bunu qloballaşmış iqtisadiyyat sistemində fiziki olaraq mümkün olmayan "suverenliyi" tələb edən AfD tərəfdarında görürük.

Belə cahil elektorat, asan ovdur. Real və ya xəyali yalanlardan bezmiş Qərb elektoratının böyük qismi çıxış yolunu daha əvvəl idarəetmə təcrübəsi ilə ləkələnməmiş namizədlərdə axtarır.

Əslində isə tam əksi doğrudur. Müasir dövlət idarəçiliyi intuisiyanın sınağı deyil; bu, texniki ustalığın intizamıdır. Diletant bu arenaya daxil olduqda sistemi "məhv etmir"; ya sistem onu həzm edir, ya da o, sistemi çökdürəcək çoxmərhələli xatalara səbəb olur.

Təkrarlanmaqda olan tarixin ironiyası Sovet doqmasını xatırlayan "bəxtəvərlərin" diqqətindən qaçmır. Məhz Lenin dövləti idarə edən aşpaz qadın (kuxarka) ideyasını məşhurlaşdırmışdı. Lakin hətta bolşeviklər belə öz utopik coşqunluqlarında etiraf edirdilər ki, aşpaz ciddi hazırlıq keçmədən hökuməti idarə edə bilməz. Qəribə bir tarixi dönüşlə, indiki populist hərəkat hətta Sovetlərin qəbul etdiyi bu məhdudiyyəti görməzdən gəlir. Onlar inanırlar ki, aşpaz  (və ya daşınmaz əmlak biznesmeni, yaxud TV xəbərlər aparıcısı) mürəkkəb inzibati aparatı sökmək üçün biliyinin olmamasına rəğmən yox, məhz biliyin olmamasına görə iş bacaracaq.

Biz institusional fəlsəfəmizdə təhlükəli bir keçidin şahidi oluruq. İqtisadçılar Daron Acemoğlu və Ceyms Robinson "Ölkələr niyə tənəzzül edir" kitabında qeyd etdikləri kimi, uğurlu cəmiyyətlər istedadı bütün əhalidən səriştə (merit) əsasında seçən sistemlər "inklüziv institutlar" üzərində qurulur. Qərbin tarixi üstünlüyü — ən yaxşı ideyaların və ən səriştəli insanların mənşəyindən asılı olmayaraq yüksəlməsinə imkan verən koqnitiv arxitektura — indi nəinki daxildən şübhə altına alınır, həm də hücuma məruz qalaraq sökülmək üçün nişanlanır.

Lakin populist "kakistokratiyanın" — ən bacarıqsızların hakimiyyətinin — yüksəlişi "ekstraktiv İnstitutlara" doğru könüllü sürüşmənin işarəsidir. Biz texnokratları təmizləyir, onları "elitar" adlandıraraq rədd edirik və əsas xüsusiyyəti tayfaya və ya rəhbərə sədaqət olan sadiq insanlarla əvəz edirik. Bu, demokratiyanın qələbəsi deyil; bu, Qərb güc strukturunun "üçüncü dünyalaşmasıdır". Vaxtında bizlər, Qərbə Şərqdən qaçanlar üçün bu, nəzəri bir tənəzzül deyil; bu, təkrarlanan bir kabusdur.

Səriştənin asimmetriyası

Bu daxili tənəzzülün geosiyasi bədəli fəlakətli görünür. Amansız rəqabətlə təsvir edilən qlobal landşaftda biz elektoratın gündə bir dəyişən qəzəbini alıb onun "daxili hissləri" ilə ayaqlaşmaq xatirinə öz intellektual dövlət aparatımızı birtərəfli qaydada tərksilah edirik. Rəqiblərimiz soyuq, peşəkar dəqiqliklə hərəkət etdiyi halda, biz Qərbin təkcə hegemonluğu deyil, hətta sağ qalmasını qorxunc səriştə asimmetriyasını yaradan bir stratejiyə həvalə etməklə riskə atırıq.

Bu — "Suverenlik xülyasının" siyasi silaha çevrilməsi deməkdir. Biz mürəkkəb, kontinental problemlərin həllinin XIX-cu əsrin milli dövlət fantaziyasına geri çəkilməkdə tapılacağına and içən fiqurları yüksəldirik, elə insanları ki geosiyasi diletantın qorxunc özgüvəninə malik olduğundan nə utanır, nə də çəkinirlər. Onlar sivilizasiya səviyyəli supergüclərin təhəkküm etdiyi dünyaya baxıb, geosiyasi oyunun miqyasını dərk edəcək qədər tarixi bilik dərinliyinə sahib olmadıqları üçün bir orta miqyaslı Avropa ölkəsinin təkbaşına rəqabət apara biləcəyinə inanırlar.

Mümkün bir ssenarini təsəvvür edin: Danışıqlar masasının bir tərəfində elektoratın "Brüssel maşınına" nifrət və inciklik hisslərilə silahlandırılaraq, milli əzəmət şüarları ilə seçilmiş "Anti-sistem" Avropa lideri əyləşib. Digər tərəfdə bütün peşəkar həyatını agentlərin cəlb edilməsinə və psixoloji zəifliklərin manipulyasiyasını öyrənməyə həsr etmiş peşəkar kəşfiyyat zabiti oturub.

Bu ssenari hazırkı mərhələdə Qərbin bəzi hissələrində digərlərinə nisbətən daha real hiss oluna bilər. Lakin bu tendensiyanı irəli sürükləyən seçki kampaniyaları küləkləri yalnız sürəti və intensivliyi ilə fərqlənərək eyni istiqamətdə əsir. Təhlükə yalnız diletantın razılaşma əldə edə bilməyəcəyində deyil; təhlükə onun oynadığı oyunu anlamamasındadır. Onun rəqibi onda manipulyasiya ediləcək bir hədəf profili, istifadə ediləcək bir qeyri-sabitlik görür. Biz intuitiv olaraq blef edən bir oyunçunu rəqibin lövhəni artıq əzbərlədiyi bir matça göndəririk.

Tarixin Ruletkası

 "Daxili hissləri" bilik və təcrübədən üstün tutmaq demokratik prosesi idarəetmə sistemindən "Rus ruletkası" oyununa çevirir. Bir ölkə müəyyən müddət ərzində inersiya ilə ayaqda qala bilər. Hər seçki dövründə biz barabanı fırladanda bəxtimiz gətirə bilər: təcrübəsizliyinə baxmayaraq, öyrənmək təvazökarlığına malik olan bir lider seçə bilərik. Lakin şansa güvənmək strategiya deyil, bu qumar asılılığıdır. Və nəticə etibarı ilə kazino həmişə udur.

Dövrümüzün qorxunc reallığı ondan ibarətdir ki, biz artıq Linkoln seçmək üçün barabanı fırlatmırıq. Bizim siyasi mexanizmimiz layiqlik məhdudiyyətlərindən məhrum edilib və sosial şəbəkələrin dofamin döngüləri ilə qidalanaraq, artıq ətrafdakı ən səs-küylü, ən dağıdıcı səsi seçmək üçün tənzimlənib. Biz elektoratın müasir Roma kütləsinə çevrilərək, taxıl təminatını güvəncə altına alan dövlət xadimini deyil, arenanı yandıran qladiatoru alqışladığı bir ssenariyə doğru sürüklənirik.

 Bu illüziya kütləni reallığa qarşı kor edəcək qədər güclüdür. Seçicilər kütləsi çox vaxt nifrət etdiklərini iddia etdikləri sistemin əsas benefisiarları olan, “adi camaatdan biri” cildinə girmiş milyarderlər, aristokratlar və peşəkar fırıldaqçı "autsayderləri" alqışlayır. Elektorat dağıdıcı maşını "insayderlərə" yönəltməyə o qədər can atır ki, bu dağıdıcı kürənin nəticədə öz evlərini dağıdacağını fərq etmir.

Çörək və tamaşalara aludə olmuş kütlə şou tələb edir və sistem institutları sabitlik sütunları kimi deyil, öz şıltaqlıqlarının qarşısında bir maneə kimi görən, çəkindiriliməmiş və təsdiqlənməmiş impulslarla hərəkət edən fiquru, müasir dövrün Kaliqulasını yüksəltməklə həmin kütlə qarşısında boyun əyir. Təhlükə təkcə belə bir fiqurun səriştəsizliyində deyil; təhlükə onun səriştəsizliyinin kütlənin pərəstişi ilə qorunmasındadır. Adi camaat üçün onun qeyri-sabitliyi "mötəbərliyinin" sübutudur və dövlət aparatının məhv edilməsinə "elitalar" üzərində qələbə kimi baxılır. Lakin kütlə anlamır ki, Kaliqula Senatı öz atını konsul təyin etməklə hədələyəndə, gülünc obyekti Senat deyil; bütün İmperiyadır.

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin