KHAR CENTER-İN BAXIŞI
2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsini hərbi əməliyyatların xarakteri, tətbiq olunan hərbi taktikalar baxımından simbiotik savaş adlandırmaq mümkündür. Bu müharibə bir tərəfdən hər iki dünya müharibəsinə xas olan ənənəvi metodlarla aparılırsa, digər tərəfdən, yeni nəsil savaş (New Generation Warfare) elementlərini də ehtiva edir. Müharibənin başlanğıc mərhələsində zirehli texnikanın öndə hərəkət etdiyi, arxasınca piyada qüvvələrinin irəlilədiyi klassik hərb taktikası müşahidə edilmişdi, xüsusən, Kiyevə doğru istiqamətlənmiş 64 km-lik Rusiya hərbi kolonu hər kəsin xatirindədir (Anadolu Agency, 2022). Lakin sonrakı mərhələdə pilotsuz kəşfiyyat və zərbə dronlarının tətbiqinə başlanılması nəticəsində müharibənin xarakteri dəyişməyə başladı.
Hazırda hərbi əməliyyatlar zonasında hər iki tərəfdən ucuz FPV dronlar, yerdəki hədəflərə bomba atıb uzaqlaşan kvadrokopterlər o qədər intensiv istifadə olunur ki, zirehli texnikanın, şəxsi heyət, hərbi sursat, qida və s. daşıyan yük avtomobillərinin və digər nəqliyyat növlərinin cəbhə xəttində hərəkəti demək olar ki, qeyri-mümkün hala gəlib. Tanklar, zirehli döyüş maşınları qarşı tərəfin səngərlərinə, müdafiə istehkamlarına yaxınlaşmağa nail olmadan vurulur. Bu səbəbdən, hücum edən tərəf kiçik piyada qruplarından istifadə etmək məcburiyyətindədir, bu isə itkiləri xeyli artırır. Dron texnologiyaları inanılmaz sürətlə təkmilləşdirilir. Son aylarda tərəflər fiberoptik dronlardan istifadə etməyə başlayıblar, bunların əsas xüsusiyyəti radioelektron təsirə məruz qalmadan hədəfə yönəlməsidir. Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasili Malyuk bildirib ki, artıq məhv edilən düşmən hərbi texnikası və şəxsi heyətinin 85%-i dronların payına düşür (New Voice 2025).
Bir sözlə, Ukrayna müharibəsi zirehli döyüş texnikasına ehtiyacı sıfırlamasa da, onların rolunu xeyli azaldıb. Tank erası sona çatır. Qumbaraatanlara əvvəlki qədər ehtiyac qalmayıb. Bundan sonrakı mərhələdə insansız tank və digər yerüstü döyüş texnologiyalarının işlənib hazırlanması mümkündür, amma dronlara qarşı dözümlü olmaları şərti ilə.
Rusiyanın qüruruna zərbə
İyunun 1-də baş vermiş hadisə isə yeni bir sualı gündəmə gətirdi: pilotlu aviasiya erası da sona yetir? Həmin gün Ukrayna Təhlükəsizlik Xidməti Rusiya ərazisində strateji aviasiyanın yerləşdiyi hərbi bazalara qarşı xüsusi əməliyyat keçirib. Murmansk, İrkutsk, İvanovsk, Ryazan, Amur vilayətlərindəki aviabazalara dronlarla təşkil olunan hücum zamanı Tu-95, Tu-22M3, Tu-160 strateji bombardmançıları və A-50 radiolokasiya təyyarələri hədəf alınıb. Ukrayna tərəfi “Hörümçək toru” adlandırdığı əməliyyat zamanı ümumilikdə 41 təyyarənin sıradan çıxarıldığını və zədələndiyini iddia edir (BBC 2025). Rusiya Müdafiə Nazirliyi isə Murmansk və İrkutskda “bir nəçə ədəd” təyyarənin yandığı barədə açıqlama yayıb (İnterfaks 2025). Say məsələsindən asılı olmayaraq, qeyd etmək lazımdır ki, müasir hərb tarixində ilk dəfədir strateji aviasiya öz dislokasiya yerində pilotsuz uçuş vasitələri ilə vurulur. Strateji bombardmançılar Rusiyanın nüvə triadasının 3 komponentindən (quru, dəniz, hava) biridir. Bu təyyarələr qanadlı raketlər (o cümlədən nüvə başlıqlı) daşıyır və uzaq məsafələrə uçaraq hədəflərə zərbə endirmə qabiliyyətinə malikdir.
Son hadisəyə qədər Rusiya Hava Kosmik Qoşunları 58 ədəd Tu-95 və 54 ədəd Tu-22 təyyarəsinə sahib olub, onların nə qədərinin işlək və istismara yararlı vəziyyətdə olduğu məlum deyildi(The Wall Street Journal 2025). Daha əvvəl qəzalar və Ukraynanın zərbələri nəticəsində bir neçə strateji bombardmançının itirildiyi və zədələndiyi barədə məlumatlar yayılmışdı. Bu təyyarələr sovet hərbi sənayesinin məhsuludur və hazırda Rusiyada istehsal edilmir. Onların sayının məhdudlaşması ABŞ-la bu sahədə olan rəqabətdə Rusiyanın gücünü zəiflədir.
Şübhəsiz ki, Ukraynanın bu innovativ təcrübəsi digər dövlətlərin hərbi və kəşfiyyat strukturları tərəfindən tərəfindən dqqətlə öyrəniləcək. Potensial bir savaşda həm düşmənə bu üsulla zərbə vurmaq, həm də bənzər hücumlardan effektiv müdafiə olunmaq üçün araşdırmalar aparılacaq, texnoloji bacarıqlar inkişaf etdiriləcək.
Ukrayna “Mossadı”
Düşmən ərazisinin dərinliklərində bu cür unikal əməliyyat keçirə bilmələri Ukrayna xüsusi xidmət orqanlarının peşəkarlığının, imkan və qabiliyyətlərinin hansı səviyyəyə yüksəldiyini göstərməklə, onları dünya miqyasında analoji strukturlar arasında öncül mövqelərə çıxarır. 2022-ci ilin oktyabrında Krım körpüsünün partladılması , 2024-cü ilin dekabrında Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillovun Moskvada aradan götürülməsi faktları da Ukrayna kəşfiyyatının mürəkkəb əməliyyatlarına nümunə kimi qeyd edilə bilər (RBC 2024).
Ümumiyyətlə, ötən 3 illik dövrdə Ukrayna təhlükəsizlik strukturlarının sürətli transformasiyası göz önündədir. SBU ilə yanaşı, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi də ciddi struktur kimi qəbul olunur və onun gənc rəhbəri Kirill Budanov müharibənin məşhurlaşdırdığı simalardan biridir. Dinc dövrdə hazırkı peşəkarlıq səviyyəsinə qısa müddətdə nail olmaq yəqin ki, mümkün olmazdı.
Nəzərə almaq lazımdır ki, çox yaxın keçmişə qədər Ukrayna xüsusi xidmətləri Rusiyaya bağlı adamlar tərəfindən idarə olunurdu. Məsələn, 2014-cü il fevral inqilabından sonra prezident Yanukoviçlə bərabər o vaxtkı SBU rəhbəri Yakimenko da Rusiyaya qaçdı və hazırda işğal olunmuş Ukrayna ərazilərində Rusiya zabiti kimi xidmət edir (Ukrainskaya Pravda 2023). Müharibə başladıqdan sonra SBU-nun 2 generalı - Krım üzrə idarənin rəhbəri Oleq Kuliniç və Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi Andrey Naumovun Rusiya agenti kimi ifşa olunması Moskvanın Ukrayna kəşfiyyatına nə dərəcədə nüfuz edə bildiyini göstərir. Rusiyanın hücumundan sonra həm institusional, həm də individual səviyyədə ökənin müdafiəsinə cavabdehlik daşıyanların yeni dövrə sürətli adaptasiyasını və öz işlərini təkmilləşdirməyi bacarmasını bu müharibənin Ukrayna üçün ekzistensial xarakter daşıması ilə izah etmək olar.
Ukrayna maddi və insan resursları baxımından ondan üstün, bipolyar beynəlxalq sistemin 2 super gücündən biri olmuş SSRİ-nin hərbi qüdrətini miras alan böyük dövlətə qarşı mübarizə aparır. Bu arxaik imperial güc dövrümüzdə demoqrafik krizis yaşasa da, məqsədə çatmaq üçün nə qədər qurban tələb olunursa, o qədər qurban verməyi problem saymayan və insanı heç vaxt ali dəyər kimi qəbul etməmiş mədəniyyətin davamçısıdır. Ona qarşı mübarizə uzun müddət simmetrik aparıla bilməz, buna Ukraynanın resursları yetməz. Ayaqda qalmaq üçün asimmetrik metodlar Ukrayna üçün həyati zərurətdir. Ön xətdə ordunun müqaviməti düşmənin arxasında diversiya əməliyyatları ilə dəstəklənməlidir. Minimal xərc və az itki ilə Rusiyaya maksimal, hissedilən zərər yetirilməlidir ki, onu dayandırmaq mümkün ola bilsin. Bu, diplomatik cəbhədə özünü müdafiə etmək, qarşı tərəfin təkəbbürünə, lovğalığına adekvat cavab verərək onun ultimativ şərtlərini rədd etmək özgüvəninə sahib olmaq üçün də zəruridir. Bu baxımdan əməliyyatın İstanbuldakı danışıqlardan bir gün əvvəl gerçəkləşdirilməsi təsadüf deyildi (The Moscow Times 2025).
İstinadlar
1. “Российская военная колонна под Киевом.” Anadolu Agency, 2022.https://shorturl.at/OtMy8
2. New Voice. “85% российского личного состава и техники уничтожают дроны — Малюк.” New Voice of Ukraine, 2025. https://nv.ua/ukraine/events/malyuk-zayavil-chto-85-procentov-porazheniy-armii-rossii-nanosyat-drony-novosti-ukrainy-50492341.html.
3. BBC. “Операция «Паутина». Украина ударила по российским военным аэродромам дронами, которые вылетали из фур.” BBC Russian, 2025. https://www.bbc.com/russian/articles/c0mrgwvywvwo.
4. Interfax. “Минобороны РФ сообщило об атаке украинских дронов на аэродромы в пяти областях России.” Interfax, 2025. https://www.interfax.ru/russia/1028985.
5. BBC. “Подрыв Крымского моста.” BBC Russian, 2022. https://www.bbc.com/russian/articles/cvg9jx3pkgpo.
6. RBC. “В Москве убит генерал Игорь Кириллов.” RBC, December 17, 2024. https://www.rbc.ru/politics/17/12/2024/676123059a79477b6ab31311.
7. Ukrainska Pravda. “СБУ объявила подозрение в госизмене своему экс-главе, который работает на оккупантов.” Ukrainska Pravda, February 7, 2023. https://www.pravda.com.ua/rus/news/2023/02/7/7388338/.
8. The Moscow Times. “Россия на переговорах в Стамбуле потребовала международного признания аннексии Крыма и четырех областей Украины.” The Moscow Times, May 17, 2025. https://www.moscowtimes.ru/2025/05/17/rossiya-naperegovorah-vstambule-potrebovala-mezhdunarodnogo-priznaniya-anneksii-krima-ichetireh-oblastei-ukraini-a163618.
9. The Wall Street Journal. “Ukraine Says It Destroyed Dozens of Warplanes Deep Inside Russia.” The Wall Street Journal, 2025. https://www.wsj.com/world/russia/ukraine-says-its-drones-destroyed-warplanes-deep-inside-russia-50a634c6?mod=hp_lead_pos2.