17 may 2025

Avropa Siyasi Birliyinin Tirana Sammiti: Müasir Avropanın Rekonstruksiyası yoxsa Avropa Dəyərlərinin Paradoksu?

Avropa Siyasi Birliyinin Tirana Sammiti: Müasir Avropanın Rekonstruksiyası yoxsa Avropa Dəyərlərinin Paradoksu?

Khar Center-in baxışı


2025-ci il mayın 16-da Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyinin (ASB) altıncı sammiti Avropa qitəsinin geosiyasi sabitliyi, təhlükəsizlik və iqtisadi koordinasiyası baxımından mühüm dönüş nöqtələrindən biri kimi dəyərləndirilir. Bu sammit, 47 Avropa ölkəsinin liderlərinin bir araya gələrək qitənin gələcəyini müzakirə etdiyi, strateji istiqamətlərin müəyyənləşdirildiyi və yeni diplomatik çərçivələrin formalaşdığı vacib bir platformaya çevrildi (European Political Community, 2025).

Sammit dörd əsas mövzu ətrafında təşkil olunmuşdu: təhlükəsizlik və müdafiə, iqtisadi dayanıqlılıq və rəqabət qabiliyyəti, miqrasiya və gənclər siyasəti, həmçinin Avropanın beynəlxalq arenadakı rolu. Xüsusilə Ukraynadakı müharibənin davam etdiyi və qlobal enerji keçidinin sürətləndiyi bir dövrdə, Avropa dövlətləri bu dörd istiqamət üzrə daha yaxın əməkdaşlığın vacibliyini vurğuladılar (European Political Community 2025).

Təhlükəsizlik gündəliyi və Rusiyaya qarşı mövqe

Tirana sammitinin əsas diqqət mərkəzində Ukraynada davam edən müharibə və Rusiyanın regionda sabitliyə təhdid törədən siyasəti dayanırdı. Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Mers açıq şəkildə Rusiyanın hərbi aqressiyasını pisləyərək, Avropa dövlətlərini daha sərt tədbirlər görməyə çağırdılar (Reuters 2025). Ursula von der Leyen isə sammit zamanı Avropa Komissiyasının Rusiyaya qarşı 28-ci sanksiya paketini hazırladığını elan etdi. Bu paket enerji sektoru, “kölgə donanması” və maliyyə sahələrini əhatə edəcək (AP News 2025).

Bu təşəbbüslər Avropanın təhlükəsizlik strukturunu yalnız NATO-nun çərçivəsində deyil, eyni zamanda Aİ və ASB kimi platformalarda müstəqil şəkildə gücləndirmək istədiyini göstərir.

Avropanın strateji muxtariyyəti və NATO-dan asılılıq problemi

Sammitdə diqqətçəkən əsas məqamlardan biri də Avropanın ABŞ-dan təhlükəsizlik baxımından asılılığına dair tənqidi mülahizələr idi. Prezident Makron Avropanın yalnız NATO və ABŞ-dan asılı olaraq təhlükəsizliyini təmin edə bilməyəcəyini qeyd edərək “strateji muxtariyyət” ideyasını yenidən gündəmə gətirdi (European Western Balkans 2024).

Bu ritorika, Avropanın özünün hərbi və siyasi qərarvermə qabiliyyətini gücləndirmək istəyini əks etdirir və Avropa Siyasi Birliyinin bu məqsədə çatmaq üçün bir vasitəyə çevrilə biləcəyini göstərir.

Miqrasiya və gənclərin rolu: Daxili siyasətin inteqrasiyası

Tirana sammitində yalnız geosiyasi məsələlər deyil, həm də miqrasiya axınlarıgənclərin gələcəkdə Avropanın inkişafında rolu da müzakirə edildi. Miqrasiya sahəsində birgə razılaşdırılmış yanaşmaların tətbiqi və sərhəd nəzarət mexanizmlərinin gücləndirilməsi məqsəd qoyulub (European Political Community 2025). Bununla yanaşı, gənclərin rəqəmsal bacarıqlarının artırılması, təhsil imkanlarının genişləndirilməsi və əmək bazarına inteqrasiyası istiqamətində də konkret təşəbbüslər irəli sürülüb.

Bu mövzu, Avropa dövlətlərinin uzunmüddətli sosial və iqtisadi sabitlik üçün daxili siyasət sahəsində də koordinasiyaya ehtiyac duyduğunu göstərir.

Avropa Siyasi Birliyinin Tirana sammiti, Avropanın təhlükəsizlik, enerji və miqrasiya siyasətlərində daha sıx inteqrasiyaya doğru bir addımdır. ASB sammitləri Aİ üzvü olmayan ölkələrin də siyasi iştirakçılığını təmin etməklə Avropanın geosiyasi xəritəsini genişləndirir və siyasi konsensusun mümkünlüyünə can atır. Tirana görüşü bir daha göstərdi ki, Avropa öz taleyini yalnız supergüclərə buraxmaq niyyətində deyil – əksinə, siyasi və təhlükəsizlik suverenliyini daha da gücləndirmək istiqamətində real addımlar atmağa hazırlaşır.

Avropa Dəyərlərinin Paradoksu

Bəs Avropa  tərəfindən "avtoritar idarəetmə" və "sistematik insan hüquqları pozuntuları" ilə ittiham olunan, hətta Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Russopulos tərəfindən diktator adlandırılan Azərbaycan Prezidenti İlham Əliyevin  bu sammitə qatılması nədir? (Toplum TV 2025) Dəvət diplomatiyasıdır, yoxsa dəyərlərin inkarı?! 

Avropa Siyasi Birliyi əsasən Avropa İttifaqı və qeyri-Aİ ölkələri arasında dialoqun artırılması üçün yaradılmış siyasi platformadır. Lakin İlham Əliyev kimi avtoritar liderlərin bu sammitlərdə iştirakı Avropa dəyərlərinin selektiv tətbiqi ilə bağlı haqlı suallar doğurur.

Azərbaycan hökuməti son 5 ildə  siyasi müxalifəti tamamilə susdurub, jurnalist və siyasi fəallara qarşı sistematik repressiyalar həyata keçirib (Human Rights Watch 2023). Belə bir kontekstdə İlham Əliyevin Avropa liderləri ilə eyni masada əyləşməsi, sammitin legitimliyini və dəyərlərini kölgə altına alır.

2023 və 2024-cü illərdə Azərbaycanın daxilində müstəqil media qurumlarının bağlanması, jurnalistlərin kütləvi həbsi və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin iflic edilməsi beynəlxalq hesabatlarda geniş yer alıb (Amnesty International 2024). Bu hallar Avropa İnsan Hüquqları Konvensiyasına ziddir və AŞ üzvü olan bir ölkə üçün qəbuledilməzdir.

Buna baxmayaraq, İlham Əliyevin sammitdə iştirakı və bəzi Avropa liderləri ilə görüşlər keçirməsi, bu repressiv rejimə beynəlxalq səviyyədə legitimlik görüntüsü qazandırır. Bu, təkcə Azərbaycan xalqı üçün deyil, həm də Avropanın öz dəyərlərinə sadiqliyinə zərbədir.

Avropa siyasətində enerji təhlükəsizliyi və geosiyasi balans məsələləri çox zaman insan hüquqları məsələlərindən üstün tutulur. Azərbaycan qazının Avropa bazarına çıxışı və regiondakı strateji mövqeyi, İlham Əliyev rejiminə qarşı ikili standartların tətbiqinə səbəb olur. Bu isə “dəyərlər üzərində qurulan Avropa” ideyasını ifrat praqmatizmə qurban verir.

Azərbaycanın avtoritar liderinə sammit tribunasının açılması, Belarus lideri Lukaşenkonun təcrid edildiyi bir dövrdə Avropanın selektiv yanaşmasının təzahürüdür. İlham Əliyev sanki Avropanın sempatik avtoritarıdır. Bu ikili standartlar həm daxildə etimadı zədələyir, həm də Avropa Birliyinin xarici siyasətində etik dayanıqlığı sual altına alır.

Əməkdaşlıq, yoxsa etikasızlıq?

Avropa Siyasi Birliyinin məqsədi Avropa dəyərləri ətrafında ortaq siyasi məkan formalaşdırmaq olsa da, İlham Əliyev kimi liderlərin sammitlərdə iştirakı bu ideyanın içini boşaldır. Avtoritar rejimlərə tribunalar təqdim etmək, onların daxili repressiyalarını legitimləşdirmək deməkdir. Əgər ASB həqiqətən də Avropanın gələcəyini formalaşdırmaq niyyətindədirsə, bu gələcək dəyər əsaslı və prinsipial diplomatiyaya söykənməlidir, praqmatik güzəştlərə deyil.


İstinadlar

AP News. (2025, May 16). European leaders agree on new Russia sanctions at Tirana summit. https://apnews.com/article/d93418ccf6c795cbeb3d28de6c13bf49 

European Political Community. (2025). 6th European Political Community Summit – Tirana. European Council. https://www.consilium.europa.eu/en/meetings/international-summit/2025/05/16/

European Western Balkans. (2024, November 8). Macron: Europe can no longer rely on the US for its security. https://europeanwesternbalkans.com/2024/11/08/european-political-community-summit-in-budapest-security-of-europe-can-no-longer-rely-on-us/ 

Toplum TV. 2025. “AŞPA Prezidenti: ‘Biz Nə İlham Əliyevdən, Nə Də Özünü Diktator Kimi Aparanlardan Qorxuruq.’” Toplum TV. https://toplummedia.tv/siyaset/paspa-prezidenti-ldquobiz-ne-ilham-eliyevden-ne-de-oumlzuumlnuuml-diktator-kimi-aparanlardan-qorxuruqrdquop


Reuters. (2025, May 16). EU readying new sanctions to increase pressure on Russia, von der Leyen says. https://www.reuters.com/world/europe/eu-readying-new-sanctions-increase-pressure-russia-von-der-leyen-says-2025-05-16/ 

Amnesty International. (2024). Azerbaijan 2023/24: Repression Without Limits. https://www.amnesty.org/en/location/europe-and-central-asia/azerbaijan/report-azerbaijan/ 

Freedom House. (2024). Nations in Transit 2024 – Azerbaijan. https://freedomhouse.org/country/azerbaijan/nations-transit/2024 

Human Rights Watch. (2023). World Report 2023: Azerbaijan. https://www.hrw.org/world-report/2023/country-chapters/azerbaijan