17 sen 2026

Ən son ümid ölür. Bəs sonra?

Ən son ümid ölür. Bəs sonra?



(Yazı “Khar Center”in Azərbaycan avtoritarizmi araşdırmaları çərçivəsində hazırlanıb)


Müəllif:

✍️ Elman Fəttah – “KHAR Center”in rəhbəri


Siyasi rejimlərin inkişafını yalnız zorakılıq aparatının genişlənməsi ilə izah etmək metodoloji baxımdan yarımçıq yanaşmadır. Avtoritar idarəetmə sisteminin ömrü, cəmiyyətin gələcək ümidləri ilə dövlətin nəzarət gücü arasındakı qeyri-bərabər harmoniyaya bağlıdır. 

1993-cü ildən bu yana Azərbaycanın yaşadığı siyasi proses bu modelin nümunəvi laboratoriyasıdır. Əliyevizm, təxminən otuz il ərzində az ümid və yüksək nəzarət prinsipi ilə özünün ən güclü dayanıqlılıq mərhələsini yaradıb. Lakin 2020-ci ildən etibarən başlayan yeni mərhələdə rejim ümidlərin sıfırlanması və total nəzarət sisteminə doğru yuvarlanaraq özünü təbii sonluğa - postsiyasi dövrün vakuumuna yaxınlaşdırır.

1993–2020 – Klassik model. "Aşağı ümid, yüksək nəzarət"

1993-cü ildən etibarən bünövrəsi qoyulan avtoritar siyasi arxitektura cəmiyyəti heç vaxt tam depressiv çarəsizlik  hissi ilə üz-üzə qoymadı. Əksinə, rejim ümidin dozasını tənzimləyən və paylayan əsas inhisarçıya çevrildi. Avtoritar dayanıqlılıq məhz narazılığın kütləviləşməsini əngəlləyən, fərdi maraqları kollektiv maraqlardan üstün tutduran bu təməl sütunlar üzərində saxlanılırdı:

- Neft gəlirləri cəmiyyəti təbəqələşdirərək vətəndaşla dövlət arasındakı hesabatlılıq bağını qırdı. Dövlət büdcəsinin böyüməsi geniş kütlələr üçün dövlət aparatını əsas dolanışıq və status mənbəyinə çevirdi; müəllim, həkim, hərbçi və aşağı rütbəli bürokratlar fərdi gəlirlərinin məhz bu mexanizmdən asılı olduğunu bildikləri üçün passiv loyallığı seçdilər;

- Müxalif siyasi fəaliyyətin cəzası (işdən qovulmaq, biznesin əlindən alınması, həbs) həddindən artıq ağırlaşdırıldı. Bunun müqabilində fərdi loyallığın mükafatı kimi mikrokreditlər  və qeyri-rəsmi qazanc mexanizmləri saxlanıldı. Nəticədə vətəndaş ümumi hüquqlar uğrunda mübarizəni rasionallıqdan uzaq risk, rejim daxilində "öz başının çarəsinə baxmağı" isə yeganə rasional yol kimi qəbul etdi.

Bu siyasi tətbiq, əslində yeni deyil. Michael Ross 2012-ci ildə yazdığı The Oil Curse: How Petroleum Wealth Shapes the Development of Nations əsərində “neft gəlirləri avtokratlara vergiləri minimuma endirməyə, büdcə xərclərini və dövlət subsidiyalarını artırmağa imkan verir. Bu yolla dövlət geniş himayədarlıq (patronaj) şəbəkəsi quraraq cəmiyyəti büdcədən asılı edir və vətəndaşın siyasi azadlıq və hesabatlılıq tələbini aradan qaldırır." ifadələri ilə avtokratların niyyətini aydın şəkildə qiymətləndirib (Michael Ross, 2012).  

Dövri "islahat" imitasiyaları 

Rejim, legitimlik krizislərini (məsələn, 2015-2016-cı il devalvasiyalarından sonra yaranan sosial gərginliyi) kosmetik dəyişikliklər və sadəcə vitrinin qismən yenilənməsi ilə yatışdırdı (Farid Mehralizadeh, 2019) . "Gənc kadrlar" və "Qərb təhsilli idarəçilər" vasitəsilə cəmiyyətə belə bir fikr implantasiya olundu ki, məsələ sistemdə deyil, yalnız icraçılardadır.

- İdarəetmədəki problemlər oliqarxların üzərinə atıldı, əsas siyasi iradə isə "islahat etmək istəyən, amma ətrafdakıların mane olduğu" rəhbər obrazında təqdim edildi, prosesə hətta müxalif intelllektuallar da cəlb olundu. Bu manipulyasiya narazı insan kütlələrinin enerjisini hakimiyyətə qarşı radikal tələblərdən yayındırdı, onları sadəcə növbəti kadr təyinatını və prezidentin fərmanlarını gözləməyə yönəltdi.

Qarabağ travması

Təxirə salınmış demokratiya konsensusu: 1990-cı illərin əvvələrində baş verən hərbi məğlubiyyət və xaosun insanların düşüncələrini dərindən sarsıtması avtoritar sabitliyin mütərəqqi idarəetmə kimi təqdim edilməsini mümkün etdi  (Leila Aliyeva, 2006). İctimai rəyin önünə atılan əsas fikirlərdən biri belə idi: daxili siyasi mübarizə, azad seçkilər və ya etiraz aksiyaları dövlətin gücünü zəiflədə, bu da yeni ərazilərin itirilməsinə gətirib çıxara bilər. 

 Bu, rejimin təhlükəsizlik orqanlarının güclənməsinə, bütün sahələrdə korrupsiyanın çiçəklənməsinin toxunulmazlığına təminat verdi və tənqidi fikirlərin "milli maraqlara zidd" damğası ilə boğulmasına imkan tanıdı. İctimai narazılıq torpaqların azad edilməsi kimi vacib və təcili bir məqsədin kölgəsində qaldı; hüquqsuzluğa dözmək cəmiyyətə vətənpərvərlik borcu kimi sırındı. 

İdarə olunan təzyiq: Sistem alternativ fikirləri tam aradan qaldırmaq əvəzinə, onların yayılmasını məhdudlaşdırdı və təsirini zəiflətdi. Ənənəvi müxalifət partiyalarına hərdən mitinqlər təşkil etməyə icazə, sosial mediada tənqid etmək hüququ tanınsa da, bu fəaliyyətlərin qanunverici və icraedici hakimiyyət üzərində təsir gücü tamamilə məhv edildi. 

Etiraz enerjisinin zərərsizləşdirilməsi: Bu qismən açıq olan vəziyyət, bir tərəfdən cəmiyyətdəki gərginliyi təhlükəsiz şəkildə azaldan klapan kimi fəaliyyət göstərir. Digər tərəfdən isə beynəlxalq təşkilatlara  plüralizm arqumentləri təqdim edirdi.  Nəticə etibarilə, cəmiyyət total təzyiq altında olmadığını, sistemin içində kiçik bir manevr imkanının mövcud olduğunu düşünərək siyasi dəyişiklik çağırışlarına dəstək verməkdən çəkinirdi.

Nəzarətin tənzimlənən xarakteri

Bu mərhələdə də repressiya  var idi, lakin onun xarakteri cərrahi və seçici idi. Siyasi partiyalar sıxışdırılsa da, onların qərargahları və müəyyən dərəcədə fəaliyyət imkanları hələ də davam edirdi. Tənqidçi mətbuat cərimələr və təzyiqlərlə boğulsa da, tamamilə aradan qaldırılmamışdı. Müstəqil vətəndaş cəmiyyəti hüquqi məhdudiyyətlər və çətinliklərlə qarşılaşsa da, fəaliyyətinə göz yumulurdu. Qorxu tam şəkildə hökm sürmürdü, sadəcə olaraq cəmiyyəti müəyyən bir sərhəd daxilində saxlayırdı.

Bütün bunlar avtoritar adaptasiyanın qızıl dövrü idi. Cəmiyyət qəfəsdə idi, lakin qəfəsin içində yem, su və bir gün qapının aralana biləcəyinə dair illüziya vardı.

2020 sonrası, qırılma nöqtəsi

2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi və 2023-cü il Xankəndi əməliyyatı, rejimin varlığına dair düşüncələri köklü şəkildə dəyişdirdi. Ərazi bütövlüyünün bərpası hökumətə mühüm bir legitimlik qazandırdı, lakin eyni zamanda rejimi uzun illər ərzində əsas idarəetmə aləti kimi istifadə etdiyi ümummilli konsensus və ümidlərin istismarından da məhrum etdi. 

Müharibədən sonrakı dövrdə, rejim liberallaşma və ya cəmiyyətlə yeni sosial müqavilə qurmaq əvəzinə tamamilə başqa bir yol seçdi: sıfır ümid, total nəzarət.

İslahat miflərinin dağılması: “Gənc texnokratlar” anlayışı gerçək struktur islahatlarına çevrilmədi; idarəetmə sisteminin  korrupsiyaçı və inhisarçı xarakteri olduğu kimi qalır.  Əksinə, gəlirlərin azalması və bahalaşma fonunda sosial liftlər tamamilə bağlanıb.

 Üstəlik İllərlə bağlı saxlanan quru sərhədlər adi insanlar üçün "açıq havada həbsxana" təəsüratını möhkəmləndirib. Hətta insanların yeganə azadlığı olan sərbəst hərəkət imkanı belə əlindən alınıb.

Sosial perspektivsizlik: İctimaiyyət anladı ki, hərbi qələbənin gətirdiyi faydalar sadə insanların rifahına deyil, yalnız seçilmiş elit qrupun daha da varlanmasına yönəldilib. Rejimin artıq cəmiyyətə vəd edə biləcəyi inandırıcı “böyük nağıl” qalmayıb.

Total nəzarət və davamlı repressiya

Rejim qorxunun dozasını maksimuma qaldırdı:

"Siyasi partiyalar haqqında" və "Media haqqında" mürtəce qanunlarla leqal sahədə fərqli heç bir tənqidi strukturun qalmasına imkan verilmədi. Müstəqil araşdırmaçı jurnalistlər, ictimai fəallar, həmkarlar ittifaqı liderləri, hətta ən kiçik tənqid dilə gətirən fəallar belə ucdantutma həbs dalğası ilə sıradan çıxarıldı.

Xülasə, Rejim cəmiyyətlə hansısa dialoq və ya onu dinləmə imitasiyasından belə imtina etdi. İdarəetmə “müzəffər komandir - sıravi əsgər” tabeliyinə endirildi.

Bu vəziyyət niyə rejimin dayanıqlılığını sonlandıracaq? (Proqnoz)

Səthi analiz bu gün Azərbaycan hakimiyyətinin ən güclü dövrünü yaşadığını, alternativlərin yox edildiyini və geniş kütlələrin tam itaət etdiyini göstərir. Lakin siyasi sistemlərin işləmə mexanizmi fərqlidir:  sıfır ümid və total nəzarət rejimi gücləndirmir, onu repressiv cəhətdən kövrək edir.

Bu kövrəkliyin sistemi iflasa uğradacağına dair əsas arqumentlər bunlardır:

Qorxunun əhəmiyyətsizləşməsi

İnsanlar gələcəkdən heç bir müsbət gözləntiyə sahib olmadıqda və sistemin onlara heç bir çıxış yolu qoymadığını anladıqda, repressiyanın çəkindirici təsiri itir. Qorxu yalnız o zaman effektivdir ki, fərdin itirəcəyi status, iş və ya minimal rifah olsun. Hər şeyini itirmiş və gələcəksiz qalmış toplumda repressiya dərin, partlayıcı kin toplayır.

Elastikliyin itirilməsi 

Tam nəzarət mühitində tənqidi informasiya axını tamamilə dayanır. Dövlət strukturları cəmiyyətin ab-havasına dair düzgün məlumat almaq imkanını itirir, çünki hər kəs yalnız rəhbərliyin eşitmək istədiyi məlumatları təqdim edir. Qazan qaynayır, lakin qapaq qaynaq edildiyindən təzyiqin boşalması üçün partlayışdan başqa  heç bir yol qalmayıb. Bu cür sistemlər adaptasiya qabiliyyətini itirir; onlar dəyişən reallığa cavab verə bilmir, yalnız eyni refleksi — daha çox həbs və daha çox qadağanı təkrarlayırlar.

İqtisadi və siyasi resursların azalması 

Cəmiyyəti tam nəzarətdə saxlamağın xərcləri olduqca yüksəkdir. Neft istehsalının təbii tempdə azalmağı və Qarabağın bərpası üçün tələb olunan böyük xərclər rejimin cəmiyyətə təqdim edəcəyi iqtisadi rentanı azaldır. Sıfır ümid sistemində isə tam nəzarət mexanizmi getdikcə daha ağır iqtisadi yükə çevrilir.  

Monolitliyin parçalanma anı

 Total nəzarət illüziyası avtoritar sistemlərin süqut dövrünün tipik göstəricisidir. 1993-2020-ci illər arasında cəmiyyəti fərdi ümidlərin süzgəcindən keçirərək yönləndirən, qorxu ilə gözlənilənləri bacarıqla tarazlayan avtoritarizm, öz yerini yalnız zorakılığa söykənən polad qülləyə buraxıb. 

Bu qüllə xaricdən baxıldığında nəhəng görünə bilər. Ancaq onun daxilində adaptasiya bacarığı, legitimlik ehtiyatı və ən önəmlisi, ictimai ümid olmadığı üçün o, qarşılaşcağı ilk sınaqda çat verəcək. İstər elitdaxili mübarizə, istərsə də kəskin geosiyasi böhranlar və ya gözlənilməz iqtisadi çöküş anlarında sistemin çevik reaksiya verə biləcək vasitələrinin olmaması ciddi fəsadlara yol açacaq. Çünki sıfır ümid mühitində cəmiyyət rejimi qorumaq üçün barmağını belə tərpətməyəcək, total nəzarət aparatı isə ilk çaşqınlıq anında iflic olacaq. Yəni əvvəllər dəmir kimi möhkəm olan rejimin polad kimi sərtləşməsi onu əyilməkdən qoruyacaq, amma sınmaqdan xilas edə bilməyəcək.

Bir sözlə, Azərbaycan avtoritarizmi ümidi öldürməklə özünün ən güclü dayaq divarını uçurdub.


Qeyd: Oxuduğunuz yazı orijinal olaraq Azərbaycan dilində yazılmışdır.



İstinadlar:

Michael Ross 2012. The Oil Curse: How Petroleum Wealth Shapes the Development of Nations. Chapter 3: Petroleum Perpetuates Authoritarianism. https://ciaotest.cc.columbia.edu/journals/it/v14i4/f_0026782_21872.pdf 

Farid Mehralizadeh, 2019. Structural Reforms in Azerbaijan. https://bakuresearchinstitute.org/en/structural-reforms-in-azerbaijan-2/ 

Leila Aliyeva, 2006. "Azerbaijan's Frustrating Transition". Carnegie Papers, No. 68, Carnegie Endowment for International . P, 6-7

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin