26 dek 2025

ABŞ‐ın yeni Milli Təhlükəsizlik Strategiyası dünyaya hansı mesajları verir?

ABŞ‐ın yeni Milli Təhlükəsizlik Strategiyası dünyaya hansı mesajları verir?


Liderlikdən imtina, Monro doktrinasına dönüş, çoxqütblü dünya... 

2025‐ci il sona yetərkən qlobal geosiyasətdə baş verən vacib hadisələrdən biri ABŞ‐ın yeni Milli Təhlükəsizlik Strategiyasının elan edilməsi oldu. Dekabrın 5‐də açıqlanan strategiya siyasi məzmununa görə əvvəlki analoji sənədlərdən kardinal fərqlənir və sistemdaxili, ikipartiyalı konsensusu deyil, tamamilə Tramp‐Vens administrasiyasının bu sahədəki vizyonunu əks etdirir (Whitehouse.gov, 2025). Strategiya ümumən izolyasionizm və siyasi realizm ruhunda, politkorrekt dildən uzaq, lakonik üslubda yazılıb. “ABŞ-ın bütün dünya nizamını Atlant kimi qoruduğu günlər artıq geridə qalıb” cümləsini strategiyanın bütün mahiyyətini izah və ifadə edən manifest hesab etmək olar. (Atlant, yaxud Atlas qədim yunan mifologiyasında göy qübbəsini çiyinlərində saxlayan titandır). ABŞ‐ın qlobal liderliyini, demokratiyanı yayma missiyasını birmənalı rədd edən strategiya, faktiki olaraq, təkqütblülüyün sonunu və multipolyar dünya düzəninin başladığını qəbul və elan edir. 

Tramp Administrasiyasının elastik realizmi

Yeni strategiyada soyuq müharibənin bitməsindən sonrakı ABŞ xarici siyasətinə radikal revizionist baxış ortaya qoyulub və bu, Trampın ilk prezidentlik dövrünü də əhatə edir. 2017‐ci ildə Tramp tərəfindən elan olunan Milli Təhlükəsizlik Strategiyasındakı təhdid dəyərləndirməsində köklü dəyişikliyə gedilərək böyük dövlətlərin rəqabəti yenidən ön plana çıxarılmış, Çin və Rusiya ABŞ maraqlarına təhlükə kimi qiymətləndirilmişdi. Bildirilirdi ki, "Çin və Rusiya ABŞ-ın dəyərlərinə və maraqlarına birbaşa zidd olan bir dünya yaratmaq istəyir. Çin ABŞ-ı Hind-Sakit okean regionundan sıxışdırıb çıxarmağa, öz iqtisadi modelinin əhatə dairəsini genişləndirməyə və regionu öz xeyrinə yenidən formalaşdırmağa; Rusiya isə böyük derjava statusunu bərpa etməyə və öz sərhədləri yaxınlığında təsir dairələri yaratmağa çalışır" (Trumpwhitehouse.archives.gov). 

Bu strategiya bir dövrü qapadaraq yeni bir dövrün başlandığını elan edirdi, çünki 2001‐ci il 11 sentyabr hadisəsindən sonra ABŞ beynəlxalq terrorizmi yeganə düşməni hesab edirdi və bu asimmetrik təhlükəyə qarşı mübarizədə Moskvanı tərəfdaş kimi görürdü. Kiçik Buş və Obama dövründəki strategiyalarda terrorizm və kütləvi qırğın silahlarının yayılması başlıca təhdidlər olaraq təsbit edilmişdi. Şübhəsiz ki, 2017‐ci il strategiyasından danışarkən o dövrün şərtlərini nəzərə almaq lazımdır. Əslində həmin baxış Trampın dünyagörüşünü əks etdirmirdi və Rusiyanın 2016‐cı il prezident seçkilərinə müdaxiləsi ilə bağlı qalmaqalın və bu barədə xüsusi prokuror Müller tərəfindən aparılan təhqiqatın fonunda ortaya çıxmışdı. Tramp o zaman sistemlə konsensus şəraitində fəaliyyət göstərməyə məcbur idi və bu məcburiyyət həm kadr seçimində, həm də xarici siyasətin müəyyənləşdirilməsində özünü göstərirdi. 

Baydenin prezidentliyi dövründə də ABŞ Rusiya və Çinə əsas təhdid mənbəyi kimi baxmağa davam etdi. Rusiyanın Ukraynaya hücumundan sonra, 2022‐ci ilin oktyabrında elan olunan yeni Milli Təhlükəsizlik Strategiyasında Rusiya beynəlxalq sülhə və sabitliyə birbaşa təhdid adlandırılmışdı. ABŞ‐ın qlobal liderliyinə ehtiyacı vurğulayan Bayden strategiyası demokratiya və avtokratiya arasındakı mübarizəni beynəlxalq münasibətlərin əsas antaqonizmi kimi təqdim edərək dünyada demokratiyanı gücləndirməyi vəd edirdi (Bidenwhitehouse.archives.gov). 

Lakin Trampın yeni strategiyası bu mərhələni də qapadır və tamamilə fərqli paradiqmaya keçidi ehtiva edir. Xarici siyasətin “Öncə Amerika” (“America First”) sloqanına əsaslanacağı və yalnız vacib milli maraqlara fokuslanacağı vurğulanır. Elastik (yaxud çevik, dəyişkən) realizm (Flexible realism) prinsipini önə çıxaran sənəddə bəyan olunur ki, ABŞ‐ın siyasəti digər ölkələrlə münasibətlərdə nəyin mümkün və arzuedilən olduğunu müəyyənləşdirməyə yönəlmiş realist siyasət olacaq. “Daha böyük, daha zəngin və daha güclü ölkələrin qeyri-mütənasib təsiri beynəlxalq münasibətlərin əbədi həqiqətidir” cümləsi soyuq gerçəyi ifadə etsə belə, müasir dövrdə beynəlxalq hüququ, moralist prinsipləri yox sayan makiavellist yanaşmadır.

Tarixi köklərə qayıdış 

Strategiyada faktiki olaraq, ABŞ-ın quruluşunda və müstəqilliyin ilk dövrlərində xarici əlaqələrdə əsas götürülmüş prinsiplərə dönüş elan olunur. Müstəqillik Bəyannaməsinə istinadən bildirilir ki, qurucular başqa ölkələrin daxili işlərinə qarışmamağa üstünlük veriblər və bu prinsip (qarışmamağa meyllilik) bu gün də xarici syasətin prinsiplərindən biri olacaq. Corc Vaşinqtonun amerikalılara vida müraciətinə konkret istinad olmasa da, 1 saylı qurucu atanın nəsihəti mətnin ruhunda aydın hiss olunur. O zaman üçüncü müddətə prezidentliyə namizədlikdən imtina edən C.Vaşinqton 1796-cı ilin sentyabrında dərc olunmuş müraciətində xarici təsirlərə qarşı diqqətli olmağı israrla tövsiyə edərək amerikalıları Avropadan uzaq durmağa çağırmışdı: “Niyə taleyimizi Avropanın hər hansı hissəsinin taleyindən asılı hala gətirək və sülhümüzü, rifahımızı Avropanın ambisiyalarının, rəqabətlərinin, maraqlarının, hisslərinin və ya şıltaqlıqlarının təzahürlərinə bağlayaq? Ən düzgün siyasi kurs xarici dünyanın istənilən hissəsi ilə daimi müttəfiqlikdən çəkinməkdir....” (Americanyawp.com).

Trampın strategiyasında yazılanlar C.Vaşinqtonun məsləhətləri ilə səsləşir: “Amerika Birləşmiş Ştatları öz suverenliyini şübhəsiz ki, müdafiə edəcək. Buraya transmilli və beynəlxalq təşkilatlar tərəfindən suverenliyin aşınmasının, xarici güclərin və ya təşkilatların bizim diskursu senzura etmək, yaxud vətəndaşlarımızın söz azadlığı hüquqlarını məhdudlaşdırmaq cəhdlərinin, siyasətimizi idarə etmək və ya bizi xarici münaqişələrə cəlb etmək məqsədi daşıyan lobbiçilik və təsir əməliyyatlarının, xarici maraqlara sadiq seçici blokları yaratmaq üçün immiqrasiya sistemimizin manipulyasiyasının qarşısının alınması daxildir. Amerika Birləşmiş Ştatları dünyada öz yolunu və taleyini kənar müdaxilə olmadan müəyyən edəcək”. 

Monro doktrinasına dönüş

1823‐cü il tarixli Monro doktrinasına istinad strategiyanın dünyaya verdiyi ən vacib mesajlardan biri olmaqla, tarixi köklərə qayıdışın başqa bir təzahürüdür. Sənədin Regionlar bölməsində Qərb yarımkürəsi A bəndi olaraq ilk sıraya qoyulub. Bəyan edilir ki, Qərb yarımkürəsinə rəqib güclərin müdaxiləsinə yol verilməsi son onilliklər ərzində daha bir strateji səhv olub və ABŞ burada öz üstünlüyünün bərpası üçün Monro doktrinasına “Tramp əlavəsi”ni tətbiq edəcək. Buna uyğun olaraq hazırda ABŞ öz hərbi gücünün qlobal proyeksiyasına yenidən nəzər salır və indiki administrasiyanın nöqteyi‐nəzərindən əhəmiyyəti azalmış regionlarda hərbi mövcudluğunu ixtisar edərək onları Qərb yarımkürəsinə yönəldir. Əhəmiyyəti azalan bölgələr Avropa və Orta Şərqdir. Son həftələr Venesuela ətrafında baş verənlər ‐ ABŞ‐ın Karib regionunda böyük hərbi güc toplaması, narkotik daşıyan qayıqların vurulması, Trampın Maduro rejiminin neft ticarətini dayandırmaq üçün dəniz blokadası elan etməsi və bu çərçivədə tankerlərin ələ keçirilməsi strategiyanın prioritetlərinə uyğun addımlardır (Truthsocial.com, 2025). ABŞ hökuməti bəyan edir ki, Qərb yarımkürəsindən kənardakı rəqiblərinin bölgədə öz qoşunlarını və təhdid yaradan digər qüvvələrini yerləşdirməsinə, burada strateji aktivlərə sahib olmasına və ya onlara nəzarət etməsinə imkan verməyəcək. Bölgədə ABŞ‐a yaxın olan hökumətlərin, siyasi partiya və hərəkatların dəstəklənəcəyi və mükafatlandırılacağı da açıq yazılıb. 

Qərb yarımkürəsinə Monro yanaşmasının restavrasiyası strategiyada önə çıxarılan, ölkələrin suverenliyinə hörmət və daxili işlərinə qarışmama prinsipləri ilə bariz ziddiyət təşkil edir. Əvvəlki Amerikan elitlərinin qlobal dominasiyanın ölkə maraqlarına daha uyğun olduğu barədə düşüncəsini qınayan Tramp administrasiyası XIX əsrin əvvəllərindəki regional və beynəlxalq şəraitin ortaya çıxardığı doktrinaya istinad etməklə və qitədəki dövlətlərin, xalqların iradəsini, seçimlərini nəzərə almadan bütöv bir yarımkürəyə sahiblənmək haqqını özündə görməklə, faktiki olaraq, dünyanın nüfuz dairələrinə bölünməsini qəbul etmiş olur. Bu, Rusiya kimi revizionist güclərin dünya təsəvvürü ilə üst‐üstə düşür. 

Tramp Avropanı da “yenidən böyük etmək” istəyir 

Sənədin Avropa haqqında bölməsi (C) “Avropanın böyüklüyünə dəstək” adlanır və Qərb yarımkürəsi ilə Asiyadan (B) sonra gəlir. “Amerikanı yenidən böyük edək” (MAGA) şüarına nəzirə olan bu başlıq Tramp administrasiyasının öz dünyagörüşünə uyğun Avropa xəyalını ifadə edir. Əvvəlki strategiyalardan fərqli olaraq, Rusiyanın ABŞ‐ın təhlükəsizliyinə, maraqlarına təhdid kimi qiymətləndirilmədiyi sənəddə müttəfiq Avropanın institutları və hökumətləri hədəf alınıb. 

Qitənin mövcud durumunu kəskin tənqid edən müəlliflər hesab edir ki, Avropa sivilizasiyası yox olma perspektivi qarşısındadır. Bu fikir belə əsaslandırılır ki, qlobal ÜDM‐də Avropanın payı 1990‐cı ildə 25 faiz olduğu halda, hazırda 14 faizə enib və bunun səbəbi əsasən yaradıcı potensialı, əməksevərliyi sarsıdan yerli və transmilli qaydalar, boğucu tənzimləmələrdir. İddia olunur ki, Avropa Birliyi və digər transmilli qurumlar siyasi azadlıqları və suverenliyi sarsıdır; söz azadlığına senzura tətbiq olunur və siyasi müxalifət əzilir; miqrasiya siyasəti Avropanı transformasiya edir və konfliktlər yaradır; doğum səviyyəsi kəskin azalır; milli identiklik və özünəinam itirilib. Belə qənaətə gəlinir ki, mövcud tendensiyalar davam edərsə, qitə 20 il və ya daha tez müddətdə tanınmaz hala düşəcək. Analoji fikirləri vitse‐prezident Cey Di Vens fevralda Münhen Təhlükəsizlik Konfransındakı nitqində də söyləmişdi. (Presidency.ucsb.edu). Avropalı məmurlarla qarşıdurma vəziyyətində olduğunu vurğulayan Tramp administrasiyası vətənpərvər (yəni radikal sağ) qüvvələrin yüksəlişini ümidverici faktor kimi dəyərləndirərək hazırkı kursunu düzəltməsi üçün Avropaya kömək etməyi öz qarşısına məqsəd kimi qoyur, eyni zamanda, ad çəkmədən hər hansı rəqib gücün burada hokmranlığına yol verməyəcəyini bəyan edir. 

Dünyanın digər regionlarında demokratiya və insan haqları məsələləri ilə maraqlanmayan, cari reallıqları, güc faktorunu və dar milli maraqları əsas götürən xarici siyasətə üstünlük verən administrasiya Avropaya isə tam əksinə, idealist dəyərlər prizmasından yanaşır və Avropa siyasətçilərinə demokratiya, ifadə azadlığı mövzusunda əyani (Vensin Münhendə etdiyi kimi) və qiyabi mühazirələr oxuyur. Maraqlıdır ki, strategiyada bu ikili standartın izahı da verilib. Orada deyilir ki, söz azadlığı, dini etiqad və vicdan azadlığı, öz hökumətlərini seçmə və idarəetmədə iştirak hüququ heç vaxt pozulmamalı olan əsas hüquqlardır, ABŞ məhz bu prinsipləri bölüşən və ya bölüşdüyünü iddia edən ölkələrdə həmin dəyərlərə riayət olunmasını qətiyyətlə müdafiə edəcək. “Biz Avropada, ingilisdilli dünyada və demokratik dünyanın qalan hissəsində, xüsusən də müttəfiqlərimiz arasında elitalar tərəfindən əsas azadlıqlara tətbiq edilən antidemokratik məhdudiyyətlərə qarşı çıxacağıq”, deyə sənəddə vurğulanır. Göründüyü kimi, Tramp administrasiyası yalnız azad, demokratik Avropada insan hüquq və azadlıqlarının, demokratiyanın vəziyyəti ilə maraqlanacağını bəyan edir, halbuki Avropa belə bir diqqətə ən az ehtiyac duyan regiondur. Avtoritar hökumətlər, diktaturalar, monarxiyalar və digər sərt rejimlər isə həmin ölkələrin tarixi ənənəsi və seçimi hesab edilərək onların suverenliyinə hörmət göstəriləcəyi bildirilir. Bu mübahisəli, diskusion fikirlərlə yanaşı, strategiyada Avropa‐Rusiya münasibətlərinə verilən qiyməti adekvat saymaq olar. Qeyd olunur ki, Avropanın özünə inamsızlığı Rusiya ilə münasibətlərində daha çox hiss olunur, halbuki Avropa nüvə silahı istisna olmaqla, demək olar ki, bütün göstəricilər üzrə Rusiya qarşısında üstünlüyə malikdir. 

Son həftələrdə Rusiyanın dondurulmuş vəsaitlərinin “reparasiya krediti” şəklində Ukraynaya verilməsi mövzusunda AB daxilində aparılan müzakirələr və qəbul olnan qərar Vaşinqtonun təhlilinin doğruluğunu təsdiqləyir. Belə ki, Avropa liderləri uzun müzakirə və mübahisələrdən sonra Rusiyanın qitədəki aktivlərinэ toxunmadan Ukraynaya 90 milyard avro faizsiz kredit verilməsi ilə bağlı razılığa gəldilər (BBC, 2025). Rusiyanın Avropadakı dondurulmuş aktivlərinin böyük hissəsi (193 milyard avro) Belçikanın “Euroclear” depozitariyasında saxlanılır və bu ölkə Avropa Birliyi ilə Almaniyanın çağırışlarına, təzyiqlərinə baxmayaraq, həmin vəsaitlərin Ukraynaya verilməsini rədd etdi. Belçika baş naziri “Moskva bizə açıq şəkildə bildirdi ki, əgər onun aktivləri müsadirə olunarsa, Belçika və mən bunun nəticələrini əbədi hiss edəcəyik” deməklə Rusiyadan qorxduğunu etiraf etdi (Lalibre.be, 2025). Onun Rusiyanın məğlubiyyətini arzuolunmaz adlandırması isə daha bir ibrətamiz etiraf kimi arxivlərdə qalacaq. ABŞ‐ın Ukraynanın dəstəklənməsində öz iştirakını məhdudlaşdırmasından sonra təşəbbüsü üzərinə götürmək səyləri nümayiş etdirən və Avropa liderliyi ambisiyasını gizlətməyən Fransa, eləcə də  İtaliya Belçika ilə bərabər Rusiyanın milyardlarının müsadirəsinə qarşı çıxaraq bu məsələdə Almaniyanı tək qoydular (Financial Times). Qərbdə Putin rejiminə qarşı ən sərt mövqe tutan və Ukraynaya dəstək məsələsində tərəddüdsüz siyasət yeridən Böyük Britaniya da Rusiyanın ölkədəki 8 milyard funt sterlinq miqdarında aktivlərinin müsadirəsindən çəkindi (Financial Times, 2025). Bundan başqa, prezident Zelenskinin sözlərinə görə, bəzi Avropa ölkələri Rusiyanın hədə‐qorxuları və dron provokasiyaları səbəbindən Ukraynaya hava hücumundan müdafiə raketləri göndərməyi gecikdirir (Gordonua.com, 2025).

Bu cür ehtiyatlılıq qismən qitədəki hazırkı siyasətçilər nəslinin vizyonsuzluğu, bəzilərinin isə Avropanın birliyini içəridən sarsıdan, ortaq dəyərləri bölüşməyən siyasət yeritməsi ilə əlaqəli olsa da, fundamental səbəb Avropanın (Böyük Britaniya da daxil olmaqla) hərbi güc komponentinin yetərsizliyidir. Bu sahədə ABŞ‐dan asılılıq davam edir. Avropanın öz strateji muxtariyyətini təmin edə bilməsi üçün zamana ehtiyacı var. Ukrayna üçün acı reallıq bundan ibarətdir ki, ABŞ hərbi‐kəşfiyyat dəstəyini dayandıracağı və prosesdən tamamilə çəkiləcəyi təqdirdə, Avropa onun boşluğunu dodurmaq və Rusiyanı kompromislərə vadar etmək qüdrətinə və iradəsinə sahib deyil. Məhz bu amilləri nəzərə alaraq ABŞ milli təhlükəsizlik strategiyasının müəllifləri yazır ki, Avropa‐Rusiya münasibətlərinin idarə edilməsi ABŞ‐ın ciddi diplomatik iştirakını tələb edir, çünki Avropa ölkələri ilə Rusiya arasında konflikt riskini azaltmağa və Avrasiyada strateji sabitliyin bərpasına ehtiyac var. Fransa prezidenti Makronun Putinlə dialoqu bərpa etmək niyyətini bəyan etməsini isə amerikalıların Avropa‐Rusiya münasibətlərində moderatorluq iddiasına qarşı reaksiya kimi qiymətləndirmək olar.  

ABŞ Milli Təhlükəsizlik Strategiyasında bilavasitə Ukrayna haqqında yalnız bir cümlə var. Bildirilir ki, Avropa iqtisadiyyatını sabitləşdirmək, məqsədyönlü eskalasiyaya və müharibənin genişlənməsinə yol verməmək, Rusiya ilə strateji stabilliyi bərpa etmək, eləcə də Ukraynanın həyat qabiliyyətli dövlət kimi yaşaması üçün onun müharibədən sonrakı bərpasını təmin etmək ABŞ‐ın maraqları daxilindədir.  


İSTİNADLAR:

1.National Security Strategy of the United States of America. November 2025. www.whitehouse.gov/wp-content/uploads/2025/12/2025-National-Security-Strategy.pdf


2. National Security Strategy of the United States of America. December 2017. https://trumpwhitehouse.archives.gov/wp-content/uploads/2017/12/NSS-Final-12-18-2017-0905.pdf


3. NATIONAL SECURITY STRATEGY. October 2022.  https://bidenwhitehouse.archives.gov/wp-content/uploads/2022/11/8-November-Combined-PDF-for-Upload.pdf


4. George Washington, “Farewell Address,” 1796.  https://www.americanyawp.com/reader/a-new-nation/george-washington-farewell-address-1796/


5. https://truthsocial.com/@realDonaldTrump/posts/115731908387416458


6. Remarks by the Vice President at the Munich Security Conference. https://www.presidency.ucsb.edu/documents/remarks-the-vice-president-the-munich-security-conference-0


7. EU agrees €90bn loan for Ukraine but without using Russian assets. https://www.bbc.com/news/articles/c3e025vyppeo


8. Bart De Wever: "Moscou nous a fait savoir qu'en cas de saisie de ses avoirs, la Belgique et moi allions le sentir passer pour l'éternité..."  https://www.lalibre.be/belgique/politique-belge/2025/12/02/bart-de-wever-dans-la-crise-politique-autour-du-budget-le-roi-ma-aide-5KDD7VZ5YBFRPBDS3GMGGTOOME/


9. Role reversal: how foot-dragging France blindsided newly assertive Berlin. https://www.ft.com/content/99d256e6-8501-4ab8-81d2-d937d5888f01


10. UK rules out using frozen Russian assets to aid Ukraine.  https://www.ft.com/content/d899e28f-40f4-4031-aa51-8bb0bea9c7b4


11. Зеленский рассказал, почему партнеры "придерживают" поставки ракет ПВО для Украины. https://gordonua.com/news/war/zelenskij-rasskazal-pochemu-partnery-priderzhivajut-postavki-raket-pvo-dlja-ukrainy-1767738.html

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin