“Biz üfüqü soyuq müharibənin ayazında buz tutmuş bir ölkə deyilik. Şərq ilə Qərb arasında bölünmənin deyil, yeni körpülər qurmağın vacib olduğunu davamlı olaraq söyləyirik” - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Çindəki toplantısından qayıdarkən ölkəsinin vizyonunu bu sözlərlə açıqladı. (İletişim Başkanlığı 2025)
Bu dəfəki açıqlamalarında Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyə dair hər hansı ifadə yox idi, daha çox ikitərəfli münasibətlərə, xüsusilə Çin ilə əlaqələrin inkişafında maraqlı olduğuna və Ankaranın konfliktlərdəki sülh missiyasına dair mesajlar verməklə kifayətləndi.
Hökumətə yaxın mənbələrdə yer alan analizlərə nəzər salsaq, Ankara ŞƏT-i Qərbin hakimiyyəti altındakı beynəlxalq sistemə qarşı yüksələn çox tərəfli alternativ olaraq görür və bunu bir balans olaraq dəyərləndirir. (TRT Word, avqust 2025)
Ankaranın ŞƏT marşrutu
Türkiyə Azərbaycan, Ermənistan, Şri Lanka, Kamboca, Misir, Nepal, Qatar, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Myanma, Maldivlər və Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə ŞƏT-in dialoq tərəfdaşı statusundakı ölkələr arasında yer alır.
Ankara 2011-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatına Dialoq Tərəfdaşlığı statusu üçün müraciət edib. 2012-ci ilin iyununda müraciət qəbul edilib. 2013-cü ildə isə Türkiyə ilə ŞƏT arasında dialoq tərəfdaşlığına dair memorandum imzalanıb. (MFA Turkiye)
Hindistanda Modi dövründəki demokratik geriləmələrlə birlikdə haqqındakı “avtoritarlar klubu” dəyərləndirməsi (Libmann, Obydenkova, 2018) daha da möhkəmlənən ŞƏT-ə Türkiyənin dialoq tərəfdaşı olaraq qatılması da Ərdoğan iqtidarının Türkiyə daxili siyasətindəki hegemoniyasını möhkəmləndirmə səylərinin - yəni avtoritar idarəçilik meyllərinin yüksəlişə keçdiyi tarixə təsadüf edir. O dövrdə Ankaranın bu vektor dəyişikliyi ilə bağlı əsas arqumenti isə Avropa İttifaqının üzvlük müzakirələrinin önünü açmamasıydı. Ərdoğan dialoq ortaqlığı statusunu aldıqdan sonra ŞƏT-ə rəsmi üzv olmaq istədiklərini, bunun üçün Putinə ağız açdığını bu sözlərlə ifadə etmişdi: “Aİ bizi unutmaq istəyir, ancaq çəkinir, unuda bilmir. Halbuki, açıqlasa, biz rahatlayacağıq. Açıqlasın, biz də işimizə baxaq. Oturub danışırıq, inandırıcı bir şey deyə bilmirlər. Belə olunca da 75 milyonun baş naziri olaraq başqa axtarışlara girirsiniz. Bu səbəbdən keçənlərdə Putinə “Bizi Şanxaya alın, biz də Aİ-yə “Allaha ismarladıq” deyib, ordan ayrılaq. Bu qədər ləngitməyin nə mənası var?” Ərdoğan Aİ ilə ŞƏT-in bir-birinə alternativ olub-olmadığına dair suala isə “Şanxay beşlisi daha yaxşıdır, daha güclüdür” sözləriylə cavab vermişdi. (AA, 2013)
2016-cı ildə Ərdoğan ŞƏT-ə rəsmi üzvlük mövzusunu bir daha gündəliyə gətirdi. Türkiyənin ŞƏT-ə üzv olmaq istəyini Putinlə Nazarbayevə çatdırdığını söylədi: “Türkiyə özünü rahat hiss etməlidir. Mənim üçün varsa-yoxsa Avropa İttifaqı” deməməlidir. Məsələn, Şanxay beşlisinin içində Türkiyə niyə olmasın? Bunu hörmətli Putinə də, Nazarbayevə və, hazırda Şanxay beşlisinin içində olanlara da dedim. Hörmətli Putin “bunu dəyərləndiririk” kimi bir ifadə də işlətdi”. (Bianet, 2016)
Ərdoğanın bu konkret çağırışlarına ŞƏT-in faktiki lideri Çindən hər hansı müsbət reaksiya gəlmədi. Çinin davamlı olaraq dialoq tərəfdaşlığını vurğulaması Pekinin Türkiyənin ŞƏT üzvlüyünə məsafəli olduğu şəklində dəyərləndirildi. (German Marshall Fund, 2017)
Tam üzvlük blefi
2017-ci ildə Türkiyə ŞƏT-in Enerji Klubuna sədrliyi həyata keçirdi. (AA, 2016) Çindən Türkiyənin tam hüquqlu ŞƏT üzvü ola biləcəyinə dair ilk müsbət açıqlama da bundan sonra gəldi. Çinin Türkiyədəki səfiri Pekinin Ankaranın ŞƏT üzvlüyünü müzakirə etməyə hazır olduğunu bildirdi. (AA, 2017)
Ancaq Ərdoğanın 2017-ci ilin sonuna qədər Aİ ilə münasibətlərdə bir qərar verəcəklərini söyləməsinə baxmayaraq, 2017-ci ildən keçən 5 il ərzində Türkiyə ŞƏT-ə üzvlük məsələsini gündəliyə gətirmədi. Rəsmi müraciət olmadığı kimi, üzvlük niyyətini ifadə edən açıqlamalar da yoxa çıxdı. 5 il sonra - ŞƏT-in Səmərqənd sammitində isə Ərdoğan bir daha tam üzvlük hədəflədiklərini, bu məsələnin 2023-cü ildəki Hindistan zirvəsində müzakirə ediləcəyini bildirdi. Ancaq 2023-cü ildə Hindistanda keçirilən onlayn ŞƏT sammitində İranın üzvlüyü təsdiqləndi, Belarusun 2024-cü ildəki üzvlüyü üçün razılığa gəlindi, Türkiyənin üzvlüyü isə müzakirə mövzusu belə olmadı.
2024-сü ildə Astanada keçirilən ŞƏT sammitindaən sonra Ərdoğan bir daha tam üzvlük üçün Putindən və Tokayevdən dəstək istədiyini gilə gətirdi: “Hədəfimiz daimi üzv olmaqdır. Türkiyə müşahidəçi üzv olmaq yerinə daimi üzv olmalıdır. Astana zirvəsində bu məsələni sayın Putin və qazaxıstanlı həmkarım Tokayev ilə müzakirə etdim, dəstəklərini istədim”. (İletişim Başkanlığı, 2024)
Ancaq bu açıqlama da hər hansı üzvlük müraciəti və ya 2024-cü ilin oktyabrında İslamabadda keçirilən liderlər saamitində hər hansı konkret addımla müşayiət olunmadı. Və nəhayət göründüyü kimi, 2025-ci ildə də Türkiyənin tam üzvlüyü məsələsi gündəliyə belə gəlmədi.
Strateji seçim, yoxsa alver?
Bu mənzərə Türkiyənin ŞƏT üzvlüyü “istəyinin” geostrateji seçim deyil, Qərbə “alternativim var” mesajı vermə niyyəti daşıyan taktik hədəf olduğunu göstərir. Heç şübhəsiz Ərdoğan xüsusilə son 10-15 ildəki “tək adam” vizyonu ilə Rusiya, Çin, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Belarus kimi avtoritar idarəçiliyə sahib ölkələrin liderləri arasında özünü daha rahat hiss edir. Bu klubda ölkələrin demokratik standartları, insan haqları, hüququn aliliyi kimi məsələlər problem olaraq görülmür və müzakirə edilmir, hətta əksinə, “Şanxay ruhu” “ölkələrin daxili işlərinə qarışmamaq” və “fərqli idarəçilik modellərinə hörmət” kimi maddələr üzərində bərqərar olub. Bu da 2010-cu illərdən başlayaraq avtoritarizm meyllərinin aşkar şəkildə gücləndiyi Türkiyənin diskomfort hiss etdiyi Qərb ailəsindən fərqli olaraq burada özünü daha güclü hiss etməsinə zəmin yaradır.
Eyni zamanda, davamlı olaraq Qərbə başqa alternativlərinin olduğu mesajını verərək bunu daxili və xarici siyasətdə daimi bazarlıq mövzusu olaraq aktiv saxlayır - bu xətt Ankaranın son illərdəki siyasətinin əsas xarakterini təşkil edir. Ərdoğan çox rahat şəkildə NATO müttəfiqlərinin Rusiyanın üzün müddətli təhdid olması səbəbilə qarşıdakı 10 ildə müdafiə xərclərini ümumdaxili məhsulun 5 faizinə çıxarılması qərarını dəstəkləyir (Reuters, iyun 2025), iki ay sonra isə Çindən “soyuq müharibənin ayazında buz tutmuş ölkə deyilik” mesajı verir. Bu strateji ziddiyyət Ərdoğan iqtidarının MHP-nin dəstəyinə məcbur qaldıqdan sonrakı milliyyətçi xarici siyasət diskursu ilə də birləşincə daha bariz hal almağa başlayıb. Ölkədəki az qala bütün siyasi partiyaların tabanında hakim olan Qərb əleyhdarlığı və Rusiya-Çin mərkəzli alternativin ölkənin gələcəyi baxımından risk olaraq görülməmə tendensiyası da Ərdoğanın Qərb ilə Şərq arasındakı kəndirbazlıqda əlini gücləndirən ən mühüm kartlardan biri olaraq önə çıxır.
Ancaq bu məsələnin tamamilə ideoloji və avtoritar idarəçiliyi gücləndirməyə xidmət edən təbliğati tərəfləridir. Praktik baxımdan hər nə qədər NATO, Aİ kimi konkret öhdəliklər nəzərdə tutan birliklərdən fərqli olaraq ŞƏT-in qərarları konsensus yoluyla qəbul edən dialoq platforması olduğu iddia edilsə də, bu platformanın zəmini Rusiya və Çinin qlobal güc iddiaları, Hindistan və Pakistan kimi daxildə və öz aralarında problemləri olan ölkələrin mövcudiyyəti, İranın ambisiyaları, Azərbaycan və Ermənistanın Moskva ilə Qərb və Ankara, Orta Asiya ölkələrinin Rusiya, Çin və Ankara arasındakı reveransları səbəbilə olduqca sürüşkəndir. Bu formasıyla ŞƏT-in Avropa İttifaqına və ya NATO-ya alternativ olması mümkün deyil və Ankara da bunun fərqindədir.
Digər tərəfdən ŞƏT-in prinsipləri içərisində yer alan “üzv ölkələrin xarici siyasətini Şanxay ruhuna uyğun olaraq müəyyənləşdirməsi ”şərti” də (CİS, 2002), 2012-ci ildə qəbul edilən İstanbul deklarasiyasındakı “Heç bir üzv dövlət digər üzv dövlətləri hədəfə alan hər hansı iffitaqda və ya ölkə qrupunda iştirak etməyəcək” maddəsi də (Ministry of Foreign Affairs People’s Republic of China, 2012) Ankaranın bu təşkilata tam üzvlüyünü faktiki olaraq mümkünsüz edir.
Bu şərtlərlə üzvlük Türkiyənin bir seçim etməsini zəruri edir ki, bu da Ankaranın Qərb ilə münasibətlərdə bazarlıq imkanlarının sıfırlanması demək olardı. Ankara bu üzvlüklə manevr imkanlarını daraltmaq istəmir. Türkiyə xarici siyasət dairələrində açıqca ŞƏT ilə əməkdaşlığın NATO qarşısındakı öhdəliklərin və məsuliyyətlərin yerinə yetirilməsinə mane olmayacaq və Qərb ilə münasibətləri qoparmayacaq şəkildə aparılmasının vacibliyi vurğulanır. (Demir, 2022)
Nəticə
Nə qədər yaxın münasibətlər qurularsa qurulsun, Türkiyənin yaxın gələcəkdə ŞƏT-ə üzv olması ehtimalı olduqca azdır. Bu, sadəcə Ankaranın xarici siyasət kəndirbazlığından doğan nəticə deyil, eyni zamanda Çin , Hindistan və Rusiyanın Türkiyənin bu təşkilatda yer almasıyla bağlı məsafəli mövqeyindən qaynaqlanan qənaətdir. Türkiyə ŞƏT-ə tam üzvlüyün ölkənin manevr sahəsini və bazarlıq imkanlarını daraldacağının fərqində olduğu kimi, ŞƏT-də söz sahibi olan ölkələr, xüsusilə Çin də Ankaranın ŞƏT-ə üzvlük mesajlarının Qərbə qarşı bazarlıq kartı olduğunun fərqindədir. Bu səbəbdən də Ankaranı güvənilir potensial müttəfiq olaraq görmür. (German Marshall Foundation, 2017) Çin üçün Ankara daha çox qazan-qazan anlayışı çərçivəsində yararlanacağı ortaqdır.
Ankara hər nə qədər rəqib bloklar arasındakı reveransları normallaşdırmağa çalışsa da və bu əlaqələrin birinin digərinə qarşı olmadığını iddia etsə də, Ərdoğanın və hökumətinin ritorikası bunun əksini göstərir. Bu durum isə iki tərəflə də bazarlıq edərkən iki tərəf üçün də etibarsız müttəfiq olma riski doğurur. Bir ip üzərində yeriməyə bənzədilən xarici siyasət kursu hələlik Türkiyənin qısa müddətli üstünlüklər və qazanclar əldə etməsini təmin edir, ancaq uzaq perspektivdə etimad böhranına səbəb ola bilər.
İSTİNADLAR
İletişim Başkanlığı, eylül 2025. Cumhurbaşkanı Erdoğan, Çin ziyareti dönüşü gazetecilerin sorularını yanıtladı
TRT Word, avqust, 2025. Erdogan is attending SCO Summit in China. How significant is that?
https://www.trtworld.com/world/article/2798e36b834a
MFA Turkiye. https://www.mfa.gov.tr/shanghai-cooperation-organization.en.mfa
Libman Alexander, Obydenkova Anastassia, 2018. Understanding Authoritarian Regionalism. https://www.journalofdemocracy.org/articles/understanding-authoritarian-regionalism/
AA, 2013. Putin’ Şangay Beşlisi teklifi. https://www.aa.com.tr/tr/politika/putine-sangay-beslisi-teklifi/281518?
Bianet, 2016. Erdoğan'dan "AB Değil, Şanghay 5’lisi" Mesajı https://bianet.org/haber/erdogan-dan-ab-degil-sanghay-5-lisi-mesaji-180903
GMF US, 2017a. Turkey’s SCO ambitions challenge EU and United States. https://www.gmfus.org/news/turkeys-sco-ambitions-challenge-eu-and-united-states
AA, 2016. ŞİÖ Enerji Kulübünün 2017 dönem başkanı Türkiye oldu.
https://www.aa.com.tr/tr/ekonomi/sio-enerji-kulubunun-2017-donem-baskani-turkiye-oldu/691763
AA, 2017. China agrees to discuss Turkey joining Shanghai Group. https://www.aa.com.tr/en/asia-pacific/china-agrees-to-discuss-turkey-joining-shanghai-group/817051
Al Jazeera, 2022. Can the SCO be Turkey’s alternative to the West?
İletişim Başkanlğı, 2024. Erdoğan: “Türkiyə ŞİÖ-ye üye olmayı hedefliyor”
Reuters, iyun 2025. Turkey backs NATO's 5% defence spending goal, plans nationwide air shield, source says
CİS, 2002. Charter of the Shanghai Cooperation Organization
https://cis-legislation.com/document.fwx?rgn=3851&
Ministry of Foreign Affairs People’s Republic of China, 2012. Declaration of the Heads of State of the Member States of the Shanghai Cooperation Organization on Building a Region of Lasting Peace and Common Prosperity.
https://www.fmprc.gov.cn/eng/zy/gb/202405/t20240531_11367264.html
Demir Sertif, 2022. Şanghay İşbirliği Örgütünün Evrimleşmesinin Analizi ve Türkiye Açısından Değerlendirilmesi. Strasam. https://strasam.org/ua-iliskiler/uluslararasi-orgutler/sanghay-isbirligi-orgutunun-evrimlesmesinin-analizi-ve-turkiye-acisindan-degerlendirilmesi-1176
Al Monitor, avqust 2025. Turkey’s Erdogan visit China first time five years for SCO summit.
GMF US, 2017b. Turkey’s SCO ambitions challenge EU and United States.
https://www.gmfus.org/news/turkeys-sco-ambitions-challenge-eu-and-united-states