9 avq 2026

Üç ölkə, fərqli maraqlar: Məkkə sazişi regional güclərə nə vəd edir?

Üç ölkə, fərqli maraqlar: Məkkə sazişi regional güclərə nə vəd edir?

(c) Presidency of the Republic of Türkiye https://www.tccb.gov.tr/



(Yazı KHAR Centerin Təhlükəsizlik və Dövlət Arxitekturası araşdırmaları çərçivəsində hazırlanıb)


Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının Məkkədə imzaladığı Birgə Müdafiə Sazişi beynəlxalq aləmdə böyük əks-səda doğuraraq "Müsəlman NATO-su" müzakirələrini alovlandırdı. Bir ölkəyə hücumu hər üçünə edilmiş sayan bu saziş Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturasının xəbərçisidirmi, yoxsa sadəcə siyasi jestdir? 

Khar Centerin baxışına görə zahirən vahid hərbi pakt təsiri bağışlayan bu sazişin arxasında, əslində, ortaq təhdidlərə qarşı birgə hərəkətdən daha çox, hər üç ölkənin bir-birindən fərqli strateji maraqları dayanır.


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı səfərindən Məkkə Birgə Müdafiə Sazişi (Mecca Joint Defence Agreement)  ilə qayıtdı. Məkkə şəhərində Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə arasında imzalanan sazişin NATO Müqaviləsinin 5-ci maddəsinə bənzəyən bir öhdəlik ehtiva etməsi - yəni tərəflərin bir ölkəyə hücumun digər ikisinə də hücum sayılması haqda razılığa gəlməsi sənədin beynəlxalq səviyyədə geniş müzakirəsinə səbəb oldu (Reuters, 2026a). Ölkə liderləri səviyyəsində imzalanan bu sənədin üç ölkəyə hansı vəzifələri  yüklədiyi, tərəflərin hansı hərbi öhdəlikləri götürdüyü açıqlanmasa da, sazişlə bağlı “Müsəlman NATO-su”, “İrana qarşı birlik”, “sünni ittifaqı”, “yeni təhlükəsizlik vektoru” kimi müxtəlif şərhlər xüsusilə Türkiyə mediasını bürüdü. Dünya mediası da imzalanan sazişi ABŞ-ın təhlükəsizlik təminatlarına dair şübhələrin və narahatlıqların artmasının, eyni zamanda regional təhlükəsizlik muxtariyyəti axtarışının təzahürü olaraq ortaya çıxması kimi (Financial Times, 2026), üç ölkənin hərbi və iqtisadi güclərini birləşdirməsinin Yaxın Şərqdəki təhlükəsizlik arxitekturasını dəyişdirə biləcəyi kimi (Wall Street Journal, 2026) dəyərləndirdi. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sazişin kollektiv çəkindiricilik məqsədi daşıdığını və heç bir ölkəni hədəfə almadığını bildirib, eyni zamanda “bütün qardaş ölkələrin iştirakına açıqdır” deyib.  Ərdoğan sənədin təhlükəsizlik və müdafiə əməkdaşlığının irəlilədilməsinə, müdafiə sənayesində birgə layihələrin inkişaf etdirilməsinə və terrorizmlə mübarizəyə xidmət edəcəyini söyləyib (İletişim Başkanlığı, 2026). Xarici işlər naziri Hakan Fidan isə qeyd edib ki, sənəd İrana qarşı deyil və Türkiyə də Misir də daxil olmaqla başqa ölkələrin ona qoşulmasını istəyir. Fidan eyni zamanda sazişdəki qarşılıqlı müdafiə prinsipinin necə işləyəcəyinə tərəflərdən birinə hücum olarsa, məsləhətləşmə ilə qərar veriləcəyini vurğulayıb (AA, 2026). 

Pakistanın baş naziri Şahbaz Şərif isə üç ölkənin “iman, dostluq, sülh və təhlükəsizlik üçün ortaq iradə” ilə birləşdiyini söyləyib. Şərif, Məkkə sazişinin “gələcək nəsillər üçün sülh qalxanı” olmasını və üç ölkəyə, eləcə də müsəlman dünyasına rifah gətirməsini arzulayıb (Radio Pakistan, 2026a). 

Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan  da sazişin müdafiə əməkdaşlığında mühüm mərhələ olduğunu bildirib. O, sənədin regionun təhlükəsizlik və sabitliyinə təsir edən təhdidlərə qarşı səyləri birləşdirmək iradəsinin nəticəsi olduğunu vurğulayıb (Radio Pakistan, 2026 b). Səudiyyə Ərəbistanı rəsmisi Rayed Krimly isə  “Reuters”ə açıqlamasında sazişin “hərbi ox” və ya “məzhəb bloku” yaratmaq cəhdi olmasını, həmçinin nüvə ambisiyası və silahlanma yarışı ilə bağlılığını inkar edib (Reuters, 2026a). 

Şübhəsiz ki, NATO-nun ikinci böyük ordusuna sahib olan Türkiyə, İslam dünyasının yeganə atom silahına malik ölkəsi Pakistan və dünyanın ən böyük neft ixracatçılarından olan Səudiyyə Ərəbistanının imzaladığı, gələcəkdə Misirin və başqa ölkələrin də daxil ola biləcəyinə dair ehtimalların səsləndirildiyi saziş həm əhatə etdiyi coğrafiya, həm də zaman baxımından diqqət çəkir. ABŞ və İsrailin İrana hücumları ilə başlayan konfliktin Körfəz regionuna yayıldığı, enerji marşrutlarının və neft infrastrukturunun təhlükə altında olduğu dövrdə İsraillə problemləri olan Türkiyənin, İranla problemləri olan Səudiyyə Ərəbistanının və onlara hərbi dəstək verən Pakistanın vahid hərbi paktda birləşmə niyyətini sənədləşdirməsi diqqət çəkməyə bilməz. Ancaq nəzərə almaq lazımdır ki, göründüyündən fərqli olaraq, bu saziş birbaşa İran konflikti kontekstində ortaya çıxmayıb - Səudiyyə Ərəbistanı ilə Pakistan arasında bir il əvvəl imzalanan hərbi əməkdaşlığın Türkiyənin qoşulması ilə genişlənmiş formasıdır. Digər tərəfdən, hər üç ölkənin fərqli maraqları sazişin ciddiyyəti ilə bağlı çoxlu suallar doğurur. 

Üç ölkə tərəfindən güclü siyasi deklarasiya və kollektiv müdafiə vədi qeyd olunsa da bu vədin necə həyata keçiriləcəyinə dair hər hansı açıqlama, detal, plan və ya ciddi təxmin mövcud deyil. Üç ölkənin birgə hərbi komandanlıq strukturu yaradıb-yaratmayacağı, böhran situasiyalarında qərarların necə veriləcəyi, tərəflərin hücum olan ölkəyə hansı qüvvələrlə, hansı ölçüdə dəstək verəcəyi, sazişin hansı hücumları əhatə etdiyi, Pakistanın nüvə potensialının və ya Türkiyə ordusunun çəkindiricilik qabiliyyətinin hansı şəkildə istifadə olunacağı qeyri-müəyyəndir. Digər tərəfdən, Səudiyyə Ərəbistanının təhlükəsizlik, Pakistanın isə iqtisadi və strateji dəstək ehtiyacı açıq ikən NATO çətiri altında güclü təhlükəsizlik qalxanına malik Türkiyənin buradakı motivasiyası aydın deyil. Buna dair səslənən təxminlər – müdafiə sənayesinin sərhədlərinin genişləndirilməsi, Körfəzdəki investisiyalar, Səudiyyə Ərəbistanından gələn valyuta axını – sazişin “müsəlman NATO-su” kimi iddialı dəyərləndirilməsi üçün kifayət etmir. 

Məkkə sazişi hansı zərurətdən ortaya çıxdı?

Hər nə qədər sürpriz təsiri bağışlasa da, Məkkə sazişi birbaşa İran konflikti ilə bağlı imzalanan sənəd deyil. Yuxarıda da qeyd etdiyimiz kimi,  Səudiyyə Ərəbistanı ilə Pakistan hələ 2025-ci ilin sentyabrında birgə müdafiə sazişi imzalayıb. Və mahiyyət etibarıyla o saziş yeni ittifaqdan daha uzun müddətdir davam edən ittifaqın rəsmiləşdirilməsi xarakteri daşıyır. Belə ki, Pakistan ordusu onillərdir Səudiyyə Ərəbistanında təlim, məşvərət, təhlükəsizlik funksiyalarını yerinə yetirir. İki ölkə arasındakı hərbi əməkdaşlıq da İslamabadın Səudiyyə Ərəbistanını qorumaq üçün ilk dəfə  hərbçi göndərdiyi 1960-cı illərə qədər uzanır (Tol, 2026).  Tərəflər arasında keçən il imzalanan birgə müdafiə sazişi bu uzunmüddətli və dərin əməkdaşlığın strukturlaşdırılmasıdır. Türkiyə isə prosesə daha sonra daxil olub - ilin əvvəlində Pakistanın Müdafiə İstehsalı Naziri Raza Hayat Harraj Türkiyənin də sazişə daxil edilməsi üçün çalışdıqlarını, üç ölkə arasında on aydır müzakirələr aparıldığını və bir mətn layihəsinin hazırlandığını bildirmişdi (Dawn, 2026). 

Yəni sözügedən sənəd İran münaqişəsi ilə bağlı reflektiv davranışın nəticəsi yox, bütövlükdə regional təhlükəsizlik arxitekturasının yenidən gözdən keçirilməsi cəhdidir.  Bu cəhdin mərkəzində Səudiyyə Ərəbistanı dayanır. Ər-Riyad təhlükəsizlik məsələsində illərdir ABŞ ilə strateji müttəfiqliq münasibətlərinə arxalanır. Ancaq böhran situasiyalarında ABŞ-ın təhlükəsizlik təminatları ilə bağlı son illər ciddi suallar yaranıb. “Chatam House” analitiklərinə görə,  xüsusilə də 2019-cu ilin sentyabrında Səudiyyə Ərəbistanının iki neft müəssisəsinə raket və dron hücumları edildiyi və neft istehsalının yarıdan çoxunun bir müddət dayandığı zaman ABŞ-ın müşahidəçi mövqeyi Ər-Riyad üçün qırılma nöqtəsi olub. Digər qırılma nöqtəsi kimi isə İsrailin 2025-ci ildə ABŞ-ın ən yaxın müttəfiqlərindən biri olan Qətərdə HƏMAS liderlərini hədəfə aldığı hücumların yumşaq reaksiya ilə qarşılanması göstərilir. Məhz bu iki hadisədən sonra Səudiyyə Ərəbistanının yeni hərbi ittifaqlar axtarışına başladığı qeyd edilir (Chattell, 2026). 

Bu, Səudiyyə Ərəbistanının ABŞ-dan uzaqlaşması, onun təhlükəsizlik təminatına alternativ axtarışı kimi dəyərləndirilməməlidir. 2025-ci ilin noyabrında ABŞ ilə Səudiyyə Ərəbistanı arasında  strateji müdafiə sazişinin imzalanması (SPA, 2025) da göstərir ki, Ər-Riyad hələ də Vaşinqtonun təhlükəsizlik təminatlarına üstünlük verir. Bu saziş isə sadəcə regionda özünə əlavə bir qalxan yaratmaq cəhdidir. Çünki İran konflikti Səudiyyə Ərəbistanının təhlükəsizlik ortaqlıqlarını şaxələnmiş  əlavə sığorta axtarışını daha da aktuallaşdırıb. Bir yandan İranın Körfəz ölkələrinin neft, elektrik, su və nəqliyyat infrastrukturunu hədəfə alan hücumları və təhdidləri, digər tərəfdən İrana yaxın iraqlı qruplar və Yəməndəki husilərdən gələn hücum təhdidləri Səudiyyə Ərərbistanı üçün çoxqatlı təhlükəsizlik və müdafiə əməkdaşlığını zərurətə çevirib.  Nə qədər paradoksal görünsə də bu, əslində Trumpın həyata keçirdiyi yük bölüşmə siyasətinə də uyğun gəlir. Vaşinqton regional müttəfiqlərinin strateji çərçivədə ona bağlı qalmaq şərtilə əlavə məsuliyyətlər götürməsinə qarşı deyil, əksinə, daha çox yük bölüşmələrini istəyir. 

Məkkə sazişinin ikinci ortağı - Pakistan müharibə təcrübəsi olan 660 min nəfərlik ordusu, inkişaf etmiş raket sistemləri və 170-ə yaxın nüvə başlığıyla regionun ən mühüm hərbi güclərindən biridir (Reuters, 2026b). Ancaq onun da iqtisadi gücə, diplomatik nüfuza, enerji təhlükəsizliyinə və müdafiə sənayesi məhsullarının ixracatı üçün daha geniş bazarlara ehtiyacı var. Səudiyyə Ərəbistanı illərdir Pakistanın maliyyə ehtiyacını ödəyən əsas ölkələrdən biridir (Reuters, 2026c). Bu baxımdan Pakistanın Məkkə sazişində iştirakı xüsusi sual doğurmur - Ər-Riyad əlavə  təhlükəsizlik dəstəyi, İslamabad isə maliyyə alır. Bu “barter” yalnız iqtisadi dəstəklə məhdudlaşmır, eyni zamanda Pakistana regional nüfuz və prestij qazandırır. Pakistan rəhbərliyi ölkəsinin təzyiq və terrorizmin yayğın olduğu coğrafiya kimi deyil, faydalı və nüfuzlu qlobal aktor kimi tanınmasını istəyir. Digər tərəfdən, Yaxın Şərq Pakistanın strateji mənafeləri baxımından əhəmiyyət daşıyan bir regiondur. Eyni zamanda Pakistan bu sazişi ABŞ ilə əlaqələri baxımından da mühüm addım kimi dəyərləndirir (Atlantic Council, 2026). 

Sazişə sonradan qoşulan üçüncü ortaq - Türkiyənin vəziyyəti isə bir qədər fərqlidir. Türkiyənin Səudiyyə Ərəbistanı kimi ABŞ-dan və ya başqa bir ölkədən əlavə təhlükəsizlik təminatı almaq ehtiyacı yoxdur. Üzvü olduğu NATO çətiri onun bu ehtiyacını ödəyir. İkincisi, xüsusilə son 10 ildə olduqca sürətlə inkişaf edən müdafiə sənayesi var və bunun sayəsində beynəlxalq imkanları xeyli genişlənib. Üçüncüsü, Türkiyə prezidenti Ərdoğanın ABŞ prezidenti Donald Tramp ilə olduqca yaxşı münasibətləri var və bu, Ankaranı hələ ki, Vaşinqtonun müttəfiqlərinə qarşı təhdid siyasətindən uzaq saxlayır. Dördüncüsü, Trampın avropalı müttəfiqlərinə qarşı təhdid siyasəti Türkiyəni avropalılar üçün də mühüm tərəfdaşa çevirib ki, belə vəziyyət beynəlxalq bazarlıqlarda Ərdoğanın əlini xeyli gücləndirir. Beşincisi, hər nə qədər Məkkə sazişinin Türkiyəyə nüvə silahı qalxanı (Pakistan vasitəsilə) yaratdığı iddia edilsə də, bu, real görünmür. Əvvəla, Pakistanın nüvə raketləri Türkiyənin potensial rəqiblərinə çatacaq məsafədə deyil. Pakistanın bu silahları xaricə daşıması və Yunanıstan kimi NATO ölkəsi ilə müharibəyə girməsi də inandırıcı deyil. Digər tərəfdən, Türkiyə hazırda daha yüksək keyfiyyətli ABŞ və İngiltərə silahları ilə qorunur. Üstəlik, İncirlik bazasında yerləşdirilən əlliyə yaxın ABŞ nüvə başlığı ilə zatən nüvə qalxanına sahibdir (Chattell, 2026). Nəhayət, Səudiyyə Ərəbistanı ilə Pakistan daha əvvəl bağladıqları birgə müdafiə sazişinin nüvə silahı çəkindiriciliyini ehtiva etmədiyini açıqlayıblar (Dawn, 2025). Məkkə sazişində də bunun dəyişdiyinə dair hər hansı ifadə yoxdur. 

Yəni Türkiyənin Məkkə sazişini imzalama motivasiyasını müdafiə ehtiyacı ilə izah etmək mümkün deyil. O zaman yerdə regional nüfuzunu genişləndirmək,  müdafiə sənayesi üçün yeni bazarlar yaratmaq, valyuta gəliri əldə etmək və müxtəlif güc mərkəzləri arasında strateji bazarlıq sahəsini genişləndirmək qalır. Bu baxımdan Ankaranın maraqları Pakistanın istəklərinə daha yaxın görünür.  Xüsusilə də nəzərə alsaq ki, il yarım sonra Ərdoğan iqtidarı üçün olduqca kritik seçkilər keçiriləcək, inflyasiya təzyiqi altında əzilən Türkiyə iqtisadiyyatı üçün Səudiyyə maliyyəsi olduqca mühüm rol oynaya bilər. Eyni zamanda müsəlman ölkələr arasındakı bu ittifaq Ərdoğanın dindar elektoratının da xoşuna gələcək və Türkiyə prezidentinin müsəlman dünyasının lideri kimi görünmə arzusuna xidmət edəcək - Ərdoğan bunu bir seçki sərmayəsi kimi düşünmüş ola bilər. Üstəlik, Ankara Ər-Riyad və İslamabad ilə onsuz da güclü olan hərbi əməkdaşlığı strukturlaşdırmaq məqsədi daşıyan sazişin İsrailə qarşı müsəlman həmrəyliyi mesajı kimi də oxunmasını istəyir.  Eyni zamanda yeni ittifaq Türkiyəyə xas manevr siyasətinin də davamına xidmət edəcək - Ankara daha əvvəl BRİCS üzvlüyü, Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük istəyi kimi manevrlərlə NATO daxilində və Qərbdə bazarlıq imkanlarını genişləndirməyə çalışırdı. İndi buna Məkkə sazişini də əlavə edəcək. 

Məkkə ittifaqı müsəlman NATO-su ola bilərmi?

Məkkə ittifaqının “müsəlman dünyasının NATO-su” ola biləcəyinə dair şərhlər bir çox halda Türkiyə - Səudiyyə Ərəbistanı - Pakistan ittifaqının İsrail və Birləşmiş Ərəb Əmirliklərinin regiondakı güclənməsinə qarşı olduğu tezisinə söykənir. Ancaq bu şişirdilmiş dəyərləndirmədir. “Middle East” İnstitutu Türkiyə program direktoru Gönül Tola görə, Yəməndən Suriyaya, Liviyaya və Afrikaya qədər Türkiyənin regional baxış bucağı gedərək Səudiyyə Ərəbistanı ilə daha çox üst-üstə düşür, Birləşmiş Ərəb Əmirliklərindən isə daha da uzaqlaşır. Digər tərəfdən Ankara Ər-Riyad ilə daha yaxın ittifaq qurmağa çalışır, çünki Səudiyyə Ərəbistan liderinin BƏƏ liderindən daha güclü əlaqələrinin olduğuna və bunun Vaşinqtonla münasibətlərdə işinə yarayacağına inanır. Ancaq buna baxmayaraq, Ankara BƏƏ-yə qarşı ittifaqda təmsil olunmağa cəsarət etməz, çünki Səudiyyə Ərəbistanının sərmayə dəstəyi kritik məqamlarda Ərdoğana kömək etsə də, Türkiyə iqtisadiyyatında və rejimin iqtisadi gücündə BƏƏ-nin təsiri daha böyükdür. Bu təsir valyuta mübadilə xətlərindən investisiya bazarına və ortaqlığa qədər uzanır. Əbu-Dabinin Vaşinqtondakı lobbi gücü də Ankaranın diqqətindədir. Bu baxımdan Türkiyə Səudiyyə Ərəbistanı ilə BƏƏ arasında seçim etməkdən daha çox, onlar arasında balans yaratmaq marağındadır (Tol, 2026). 

Digər tərəfdən, bir çox analitik kimi, Gönül Tol da hesab edir ki, birgə müdafiə vədinə baxmayaraq Məkkə sazişi avtomatik hərbi hərəkat öhdəliyindən daha çox İsrail və ABŞ-a Səudiyyə Ərəbistanının alternativlərinin olduğunu göstərən siyasi siqnal kimi dəyərləndirilməlidir. Çünki hazırkı sazişin detalları açıqlanmasa da, onun əsasını təşkil edən Səudiyyə Ərəbistanı - Pakistan sazişinin çərçivəsi  “regional təhlükəsizliyi artırma və sülhü təmin etmə” kimi formalaşdırılıb. Bu da müharibə öhdəliyindən daha çox çəkindirməyə xidmət edən dildir. Praktikada NATO-dakı qarşılıqlı müdafiə təminatının çox gerisində qalır. NATO-nun “birimiz hamımız, hamımız birimiz üçün” prinsipini Məkkə sazişindən fərqləndirən əsas məqam onun ciddi institutsional xarakter daşımasıdır. Məkkə sazişi bu institutsionallıqdan çox uzaqdır. Digər tərəfdən, üç ölkənin ortaq maraqları olduğu kimi, çox fərqli və bir-birinə zidd maraqları da var və ən əsası, adı çəkilən ortaq düşmənləri yoxdur. Xüsusilə son illərdə baş verənlər NATO-nun da ideal hərbi ittifaq olmadığını ortaya qoyub. Ancaq məhz institutsionallıq, ortaq düşmənlərin, ortaq təhdidlərin müəyyənləşdirilməsi NATO alyansının əsas cəhətidir.

Məkkə sazişinə imza atan ölkələrdə isə vəziyyət qarışıqdır.  Səudiyyə Ərəbistanı üçün İran, Türkiyə üçün İsrail, Pakistan üçün də Hindistan əsas təhlükəsizlik problemidir. Yəni Məkkə sazişinin tərəfdaşları üçün ortaq düşmən və ya ortaq təhdid yoxdur.  Məsələn, Pakistanla Hindistan arasındakı gərginlik yenidən hərbi qarşıdurmaya çevriləcəyi təqdirdə, Ankara İslamabadı dəstəkləyə bilər, ancaq Hindistanla böyük ticarət, enerji, investitiya layihələrinə imza atan Səudiyyə Ərəbistanı necə davranacaq? Ya da Səudiyyə Ərəbistanı ilə İran arasında müharibə başlasa və ya Yəməndəki husilərlə münaqişə yenidən alovlansa, ABŞ-ın İrana hücumunda tərəfsiz qalmağı bacaran Türkiyə hansı mövqeni tutacaq? Bəs İranla münasibətlərini qorumağa çalışan Pakistan Səudiyyə Ərəbistanının yanında olacaqmı? Və yaxud Türkiyə ilə Yunanıstan arasında münaqişə baş verərsə, Səudiyyə Ərəbistanı və Pakistan bir NATO üzvünə qarşı digər NATO üzvünü müdafiə edəcəkmi? Türkiyə ilə İsrail arasında müharibə olsa, Məkkə sazişi işləyəcəkmi? Bütün bu suallara cavab verəcək institutsional mexanizm Məkkə sazişində mövcud deyil. 

Nəticə əvəzi

Məkkə sazişini “Müsəlman NATO-su” kimi təqdim etmək reallıqdan uzaqdır. Sözügedən sənəd daha çox üç ölkənin dəyişən beynəlxalq və regional təhlükəsizlik mühitində öz maraqlarını yeni əməkdaşlıq formatları ilə qorumağa çalışdığını göstərir.

Səudiyyə Ərəbistanı təhlükəsizliyini şaxələndirmək, Pakistan hərbi gücünü siyasi və iqtisadi kapitala çevirmək, Türkiyə isə zəifləyən iqtisadiyyatına yeni nəfəs qazandırmaq,  regional nüfuzunu və bazarlıq imkanlarını genişləndirmək istəyir.  Məkkə sazişi üç ölkəyə bu maraqlarını müəyyən mənada həyata keçirmə imkanı verə bilər. Ancaq bu sazişin real hərbi müdafiə ittifaqına çevrilib-çevrilməyəcəyinə  və bir ölkəyə hücumun digər ölkələrə də hücum sayılacağına dair maddənin praktikada necə tətbiq olunacağına dair suallar açıq qalır.


Qeyd: Oxuduğunuz yazı orijinal olaraq Azərbaycan dilində yazılmışdır.


İSTİNADLAR

Reuters, 2026a. Saudi Arabia, Turkey, Pakistan pledge mutual defence as Middle East turmoil escalates.https://www.reuters.com/world/asia-pacific/saudi-arabia-turkey-pakistan-sign-joint-defence-deal-amid-regional-turmoil-2026-08-07/

Financial Times, 2026. Saudi Arabia, Turkey and Pakistan sign defence pact in Mecca.
https://www.ft.com/content/a988ae61-a218-4872-a4d7-a3061c6ca7ab?syn-25a6b1a6=1

Wall Street Journal, 2026. Saudi Arabia, Turkey and Pakistan Sign Defense Pact.
https://www.wsj.com/world/middle-east/saudi-arabia-turkey-and-pakistan-sign-defense-pact-ba80d84d

İletişim Başkanlığı, 2026. Cumhurbaşkanı Erdoğan’dan “Mekke Ortak Savunma Anlaşması” mesajı. https://www.iletisim.gov.tr/turkce/haberler/detay/cumhurbaskani-erdogandan-mekke-ortak-savunma-anlasmasi-mesaji

AA, 2026. Dışişleri Bakanı Fidan: (Mekke Anlaşması) Bize saldırmayan hiçbir ülke hedefimizde değil.” https://www.aa.com.tr/tr/gundem/disisleri-bakani-fidan-mekke-anlasmasi-bize-saldirmayan-hicbir-ulke-hedefimizde-degil/4021924

Radio Pakistan, 2026. Makkah Joint Defence Agreement will remain shield of peace: PM Shehbaz https://www.radio.gov.pk/07-08-2026/pakistan-ksa-turkiye-united-by-shared-resolve-for-peace-pm

Radio Pakistan, 2026 b. Mecca Agreement for Joint Defence reflects deep strategic ties: Saudi FM. https://www.radio.gov.pk/07-08-2026/mecca-agreement-for-joint-defence-reflects-deep-strategic-ties-saudi-fm

Tol, Gönül, 2026. What Ankara sees in Riyadh — and why it still needs Abu Dhabi.
https://mei.edu/publication/what-ankara-sees-in-riyadh-and-why-it-still-needs-abu-dhabi/

Dawn, 2026. Pakistan-Saudi-Turkiye defence deal in pipeline, minister confirms.
https://www.dawn.com/news/1967120/turkish-fm-says-talks-held-on-defence-pact-with-pakistan-and-saudi-arabia-points-to-need-for-broader-regional-trust

Chattell, Tim, 2026. Talk of a Turkish military alliance with Saudi Arabia and Pakistan reflects Ankara’s opportunistic ‘hedging’ strategy.
https://www.chathamhouse.org/2026/01/talk-turkish-military-alliance-saudi-arabia-and-pakistan-reflects-ankaras-opportunistic

SPA (Saudi Press Agency), 2025. HRH the Crown Prince, U.S. President Sign Strategic Defense Agreement.
https://www.spa.gov.sa/en/N2447917

Reuters, 2026b. What is Pakistan military's strength and capability?
https://www.reuters.com/world/asia-pacific/what-is-pakistan-militarys-strength-capability-2026-07-17

Reuters, 2026c. Pakistan, Saudi in talks on JF-17 jets-for-loans deal, sources say.
https://www.reuters.com/world/asia-pacific/pakistan-saudi-talks-jf-17-jets-for-loans-deal-sources-say-2026-01-07/

Atlantic Council, 2026. Why Saudi Arabia, Pakistan, and Turkey just signed a defense pact. https://www.atlanticcouncil.org/dispatches/why-saudi-arabia-pakistan-and-turkey-just-signed-a-defense-pact/

Dawn, 2025. Defence Minister’s contradictory take fuels conjecture over nuclear-angle in Saudi pact. https://www.dawn.com/news/1943355/defence-ministers-contradictory-take-fuels-conjecture-over-nuclear-angle-in-saudi-pact

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin