16 mar 2026

İran Müharibəsi Fonunda Putinin qaz blefi

İran Müharibəsi Fonunda Putinin qaz blefi


(Yazı KHAR Center-in "Avtoritar Rejimlər və Transregional Təsir Mexanizmləri" araşdırması çərçivəsində hazırlanıb)


Dünya İran müharibəsinin qlobal enerji bazarına mümkün təsirlərini müzakirə edərkən Rusiya prezidenti Vladimir Putindən Avropaya yeni bir qaz təhdidi gəldi. Putin Rusiya mətbuatına verdiyi müsahibədə “Onlar Rusiya qazına maye qaz da daxil məhdudiyyətlər gətirmək, 2027-ci ildən isə tamamilə kəsmək istəyirlər. Hazırda dünyada yeni bazarlar açılır, bəlkə də Avropaya qazı indidən kəsmək bizim maraqlarımıza daha uyğundur” dedi. Putin bunun hələlik qərar deyil, səsli düşüncə olduğunu, ancaq dövlət qurumlarına  mütləq bu məsələni enerji şirkətləri ilə müzakirə etmə təlimatı verəcəyini bildirdi (Kremlin.ru, 4 Mart 2026). 

Putinin açıqlamasında diqqət çəkən heç şübhəsiz məzmundan daha çox zamanlamadır. Hər nə qədər Rusiya prezidenti “qazı kəsərik” açıqlamasını Avropa İttifaqının son tarixi 2027-ci il olan qaz asılılığından xilas olma qərarına bağlasa da, aydın məsələdir ki, İran müharibəsi və bu müharibənin nəticələrinin Avropada doğurduğu narahatlıq olmasaydı onun bu təhdidi ümumiyyətlə diqqət çəkməyəcəkdi.  

28 fevralda ABŞ və İsrailin müdaxiləsindən sonra İranın Körfəz ölkələrinin enerji təsislərinə hücumları qlobal enerji axışına ciddi şəkildə təsir etdi. QatarEnergy-yə məxsus təsislərə hücumlardan sonra Qətər maye qaz (LNG) tədarükünü dayandırmaq məcburiyyətində qaldı (QatarEnergy, 2 Mart 2026).  Bu,  Qətərdən ciddi miqdarda LNG idxal edən İtaliya (30 faiz), Polşa (17 faiz)  və Belçikaya (8 faiz) təsir edir. Ümumilikdə Qətər Aİ-nin LNG idxalının 8 faizini təmin edir (CeenergyNews, 4 mart 2026). 

Dəniz yoluyla daşınan neftin və maye qazın (LNG) beşdə birinin keçdiyi Hörmüz boğazının faktiki bağlanma vəziyyətinə gəlməsi  və müharibənin gedişatına dair qeyri-müəyyənlik şübhəsiz ki anbarlardakı qaz səviyyəsi azalaraq 2022-ci il səviyyəsinə enən  Avropada təlaşı artırır. Enerji bazarlarında həm Trumpın praqmatizmi, həm İran büdcəsinin enerji asılığı səbəbilə LNG axışının tamamilə kəsilməyəcəyinə dair optimizm mövcud olsa da, qiymət artışlarının, nəqliyyat çətinliklərinin qaçılmaz olacağı qənaəti hakimdir.(The Guardian, 2 Mart 2026).  

Norveçin Enerji Naziri Terje Assland  Putinin açıqlamasından cəmi bir gün əvvəl “ABŞ, İsrail və İranın daxil olduğu hərbi qarşıdurmanın qlobal enerji axımlarına təsiri Avropa İttifaqını Rusiya qazını qadağan etmə qərarını gözdən keçirməyə məcbur edə bilər” dedi (CeenergyNews, 4 mart 2026). Putinin “indidən qazı kəsək” təhdidinin arxasında da məhz bu narahatlıqların olduğu bəllidir. 

Digər tərəfdən, bütün bunlar Avropanın Rusiya enerjisindən xilas olma qərarlılığının yüksək olduğu dövrə təsadüf edir. Bir yandan Avropa İttifaqının LNG də daxil Rusiyadan qaz idxalı qadağasına dair mərhələli yekun planının həyata keçirilməsinə  bu ay sonunda başlanmalıdır. Digər tərəfdən, Avropa Komissiyasının Rusiyadan neft idxalının da daimi olaraq  dayandırılmasını nəzərdə tutan yeni qərar layihəsini aprelin 15-ində təklif etməyə hazırlaşdığı bildirilir (The Japan Times, fevral 2026).  İddialara görə, Avropa Komissiyası bu qərarla Rusiya-Ukrayna müharibəsində hər hansı sülh müqaviləsi imzalansa və bu müqavilə Aİ sanksiyalarının ləğvini ehtiva etsə belə, Rusiyadan neft alınmayacağını təminat altına almaq istəyir. Şübhəsiz ki, qərar  iqtisadi deyil, siyasi xarakter daşıyır (Avropa İttifaqı keçən ilin son rübündə aldığı neftin  cəmi 1 faizini Rusiyadan idxal edib) və daha çox Macarıstan ilə Slovakiyanı Rusiyanın caynağından qurtarmağı hədəfləyir. Bu səbəbdən də Avropa Komissiyasının təklifini məhz Macarıstandakı seçkilərdən üç gün sonra (seçkilərin nəticələrinə təsir etməməsi üçün)  irəli sürməyi planladığı bildirilir (The Japan Times, fevral 2026). Putinin açıqlamasında Macarıstan və Slovakiya ilə ticarəti davam etdirəcəyini açıqlaması da məsələnin enerji mübarizəsi deyil, Avropanın bütövlüyü olduğunu göstərir. 

Rusiya qazı indi kəsərsə…

Şübhəsiz ki, Putinin “qazı elə indi kəsə bilərik” açıqlaması böyük ölçüdə blef-propaqandanı ehtiva edir. Çünki, hətta İran müharibəsinə baxmayaraq Rusiyanın enerji təhdidi Avropa üçün 2022-ci ildəkindən daha aktual deyil. Avropa İttifaqı ölkələrinin böyük əksəriyyəti -  Estoniya, Litva, Latviya, Danimarka, Finlandiya, İsveç, Almaniya, Polşa, Xorvatiya, Malta, İrlandiya, Lüksemburq, Avstriya və Çexiya Rusiyadan qaz idxalını ya  tamamilə dayandırıb, ya da məhdudlaşdırıb.  Bu,  Aİ-nin Rusiyadan boru xəttiylə tədarük edilən qaz asılılığını ciddi şəkildə azaldıb (Khar Center, fevral 2026). 

Rusiyanın Avropaya boru xəttiylə təbii qaz ixracatı 44 faiz azalaraq son on illərin ən aşağı səviyyəsinə düşüb (Reuters, 2025). 

2025-ci ildə Aİ Rusiyadan 38 milyard kubmetr təbii və maye qaz idxal edib. Bu, ittifaqın ümumi qaz idxalatının 12 faizi deməkdir. Rusiyadan idxal edilən qazın böyük hissəsi - 20 milyard kubmetri LNG, 18 milyard kubmetri isə əsasən “Türk Axını” vasitəsilə gələn təbii qaz olub (İNG, 2026)  

Rusiya təbii qazının Aİ daxilindəki əsas alıcıları Macarıstan və Slovakiya, Aİ xaricində isə Serbiyadır.  Xüsusilə ilk iki ölkənin Rusiya qazından asılılğı azaltma təşəbbüslərinə müqaviməti Aİ-nin Rusiyadan ümumi təbii qaz idxalının 6 faiz civarında qalmasının (daha da azalmamasının)  əsas səbəbidir. Bununla yanaşı,  Rusiyanın boru xəttiylə ixrac etdiyi təbii qazın ən böyük alıcısı hələ də 43 faizlə Aİ-dir  (CREA 2025). 

Rusiyadan ümumi qaz idxalının daha minimum səviyyələrə enməməsinin digər səbəbi isə 2025-ci ilin sonlarına qədər sanksiyalar çərçivəsinə daxil edilməyən maye qaz (LNG) idxalının davam etməsidir.  Fransa, Belçika, İspaniya, Niderland, İtaliya və Portuqaliya kimi ölkələr Rusiyadan LNG almağa davam edir və bunun nəticəsində Aİ-nin Rusiyadan ümumi qaz idxalı 12-13 faiz civarında qalır (CREA, 2025).  Fransa yalnız keçən ilin 8 ayında 4 milyon ton LNG alaraq Rusiyanın ən böyük idxalatçısı olub. Sonrakı yerlərdə isə Belçika, İspaniya, Hollandiya və İtaliya var. 

Rusiyanın Sibirin şimal-qərbindəki Yamal yatağından Avropa İttifaqının aldığı LNG yalnız 2025-ci ildə Kremlə 7,2 milyard gəlir gətirib. Yamal yatağından ixrac edilən 19,7 milyon LNG-nin 15 milyon tona yaxını (76,1 faizi) Avropa İttifaqına ixrac edilib. Aİ-nin Yamal-dan tədarükü 2025-ci ildə bir il əvvələ nisbətən artıb (75,4 faizdən 76,1 faizə yüksəlib). Aİ limanları bu baxımdan Rusiyanın ən böyük LNG terminalı üçün ağciyər rolunu oynayır (The İndependent, yanvar 2025).  

Bütün bunları nəzərə alsaq, Putinin xüsusilə Ukrayna müharibəsinə xərcləyəcək yeni resurslar axtarışındaykən Avropaya qaz ixracatını kəsməsi real görünmür. Əvvəla, Putin Macarıstan və Slovakiyaya boru xəttiylə gedən qazı kəssə belə, bu, Aİ-nin ümumi tədarükü baxımından ciddi problem yaradacaq hadisə olmaz. Əksinə, bəlkə siyasi baxımdan Aİ-nin işinə yaraya bilər - Macarıstan və Slovakiyanın Kreml aktyoru liderlərinin ən böyük şantaj kartlarından biri aradan qalxmış olar. Bu baxımdan Rusiya Macarıstan-Slovakiya kanalını kəsməkdə maraqlı deyil. Digər tərəfdən,  LNG qıtlığı yaşanarkən Rusiya boru xətti qazını kəsərsə, Türkiyə bu qazın bir hissəsini almadığı müddətcə Moskva qazı başqasına satmaqla bağlı ciddi logistika problemləri ilə qarşı-qarşıya qala bilər. LNG-nin Putinin iddia etdiyi kimi başqa bazarlara yönləndirilməsinin də başqa problemləri var - gəmilərin şimal marşrutundan istifadə edə biləcəyi mövsüm məhdudiyyəti,  (İNG, 2026) və Qərbin Rusiyanın kölgə donanmasına qarşı mübarizəsində son aylarda görünən artış kimi… 

Digər tərəfdən hətta nəzəri olaraq Rusiyanın hazırda LNG ixracatını kəsmə ehtimalını real qəbul etsək belə, bunun  Avropa İttifaqı üçün Kreml tərəfindən davamlı ifadə edilən “kollaps”, “fəlakət” vəziyyəti yaratması ehtimalı yoxdur. 

14 faizlik idxalat kiçik rəqəm kimi görünməsə belə, Aİ-nin Rusiya maye qazından asılılığı kritik deyil.  İttifaqın ümumi LNG idxalatının 56 faizini ABŞ təmin edir. Norveçin 4 faizlik payı ilə birlikdə bu rəqəm 60 faizə çatır (Energy EC, 2025). 

Avropa Komissiyasının enerji komissarı  Dan Jorgensenin “Çox şaxələndirilmiş, Avropadan çox qlobal bir tədarük zəncirimiz var.  Qiymətlər təbii ki narahatlıq doğurucudur, ancaq qazın necə təmin ediləcəyi deyil”  açıqlaması da Brüsselin bu təhdidə qarşı hazırlığının  olduğunu göstərir. İran müharibəsi başlamadan əvvəl əsasən ABŞ-dan idxal edilən LNG hesabına Avropanın qaz anbarlarındakı 30 faizlik səviyyənin 1 noyabra qədər 89 faizə çatdırılacağı proqnozlaşdırılırdı. Jorgensen LNG tədarükündə axsamalar davam etdiyi təqdirdə bu rəqəmdə bir az azalma ola biləcəyini, ancaq təsirlərinin hələ dəyərləndirildiyini bildirib (Euronews, 3 Mart 2026). 

Yekun əvəzi

Bütün bu faktorlar  Putinin “qazı indi kəsə bilərik” açıqlamasının daha çox siyasi və psixoloji təsir yaratmağa hesablanmış bir blef olduğu qənaətini yaradır. Avropa İttifaqı 2022-ci ildən sonra enerji təchizatını şaxələndirmə yoluna girib, bunu davam etdirir, Rusiyadan asılılığı çox böyük ölçüdə azaldıb və 2027-ci ildə tamamilə bitirməyi planlaşdırır. İran müharibəsi Avropa İttifaqının enerji şaxələndirmə və tədarük planlarına əlbəttə təsir edəcək, ancaq bu təsir sistem kollapsı yaratmaqdan daha çox qiymət dalğalanmaları və bahalaşma şəklində özünü göstərə bilər. Putinin “indi kəsə bilərik” dediyi qaz miqdarı da ayrı-ayrı bir neçə ölkə üçün ciddi problem yarada bilər, amma ümumilikdə Avropa İttifaqı üçün enerji fəlakəti doğurmaz. Əksinə, Ukraynaya qarşı müharibənin davamlılığını təmin edə bilmək üçün böyük resurslar xərcləyən və buna ehtiyacı olan Rusiyanın özü üçün ciddi itkilər demək olar ki, Putinin bunu gözə alacağı inandırıcı deyil.  Avropa bazarı bütün məhdudiyyətlərə baxmayaraq hələ də Rusiya üçün əlçatan gəlir istiqamətlərindən və eyni zamanda Macarıstan, Slovakiya kimi ölkələrin nümunəsində siyasi təsir istiqamətlərindən biridir. 

Putin İran müharibəsinin yaratdığı enerji əndişəsindən Avropanı şantaj fürsəti kimi istifadə edir. Ancaq Rusiyanın qaz təhdidi Avropa üçün 2022-ci ildə olduğu qədər güclü və aktual deyil. 



İstinadlar: 

Kremlin.ru, 4 mart 2026. Интервью телеканалу «Россия 24». http://kremlin.ru/events/president/news/79260

QatarEnergy, 2 Mart, 2026.  QatarEnergy to stop production of LNG https://www.qatarenergy.qa/en/MediaCenter/Pages/newsdetails.aspx?ItemId=3892

CE Energy News. 4 mart 2026. Norwegian Energy Minister: Iran war may reopen EU debate on Russian gas ban. https://ceenergynews.com/oil-gas/norwegian-energy-minister-iran-war-may-reopen-eu-debate-on-russian-gas-ban/

The Guardian. 2 mart 2026. Iran, the Strait of Hormuz and how conflict could drive up the cost of living worldwide. https://www.theguardian.com/world/2026/mar/02/iran-strait-hormuz-oil-global-prices-cost-of-living

The Japan Times,  fevral 2026. EU prepares law to permanently ban Russian oil imports after Hungary election. https://www.japantimes.co.jp/news/2026/02/25/world/politics/eu-russian-oil-hungary/

KHAR Center,  fevral 2026. Rusiya-Ukrayna müharibəsinin 4-cü ili: sanksiyalar niyə yetərsiz qalır? https://www.kharcenter.com/arasdirmalar/rusiya-ukrayna-muharibesinin-4-cu-ili-sanksiyalar-niye-yetersiz-qalir

Reuters, 30 dekabr 2025. Russia’s pipeline gas exports to Europe fall by 44% to lowest in decades. https://www.reuters.com/business/energy/russias-pipeline-gas-exports-europe-fall-by-44-lowest-decades-2025-12-30/

ING Think, 5 mart 2026. The Commodities Feed: Putin’s gas threat to the EU is another upside risk for markets. https://think.ing.com/articles/the-commodities-feed-putins-gas-threat-to-the-eu-is-another-upside-risk-for-markets050326/

CREA (Centre for Research on Energy and Clean Air), dekabr 2025. December 2025 monthly analysis of Russian fossil fuel exports and sanctions. https://energyandcleanair.org/december-2025-monthly-analysis-of-russian-fossil-fuel-exports-and-sanctions/

The Independent, yanvar 2025. EU ports remain key to Russian Yamal LNG exports despite efforts to cut dependence. https://www.independent.co.uk/news/world/europe/eu-russia-liquefied-natural-gas-b2896255.html

European Commission, Directorate-General for Energy. 2025. Quarterly Report on European Gas Markets, Q2 2025. https://energy.ec.europa.eu/document/download/d80fd3b6-6f3d-48b0-bd6e-db2f21dcd796_en?filename=New+Quarterly+Report+on+European+Gas+Markets+Q2+2025.pdf

Euronews. 3 mart 2026. EU praises Azerbaijani gas partnership amid energy disruption triggered by Middle East crisis. https://www.euronews.com/my-europe/2026/03/03/eu-praises-azerbaijani-gas-partnership-amid-energy-disruption-triggered-by-middle-east-cri

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin