21 okt 2025

Postmodern çevrilişin anatomiyası: Mehdiyev dosyesi üzərindən sistemin öz-özünü ifşası

Postmodern çevrilişin anatomiyası: Mehdiyev dosyesi üzərindən sistemin öz-özünü ifşası



Türkiyənin yaxın tarixində “postmodern darbe” (postmodern çevriliş) adlandırılan bir hadisə var. Mahiyyəti qısaca bundan ibarətdir ki, hərbi çevriliş olmadan, Milli Təhlükəsizlik Şurasının 1997-ci il 28 fevral tarixli toplantısında qəbul olunan qərarların nəticəsində, əsasən media kampaniyaları ilə islamçı Nəcməddin Ərbakan hökuməti istefaya məcbur edilib. Hazırda Azərbaycanda baş verənləri də müəyyən mənada buna bənzətmək olar: media müstəvisində “dövlət çevrilişi cəhdinin ifşası və zərərsizləşdirilməsi prosesi” aparılır. Bunu şərti olaraq “çevriliş cəhdinin postmodern üsulla zərərsizləşdirilməsi” kimi xarakterizə etmək mümkündür. 

Susqun təhlükəsizlik orqanları, danışan media

Oktyabrın 14-də hakimiyyətə yaxın media orqanlarında xəbər yayıldı ki, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev haqqında Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 278.1-ci (Hakimiyyəti zorla ələ keçirməyə yönələn əməllər) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə onun barəsində 4 aylıq ev dustaqlığı qəti imkan tədbiri seçilib. (Qafqazinfo, 14 oktyabr 2025). Həmin tarixdən etibarən mediada R.Mehdiyev və onun çevriliş planı haqqında ifşaedici və ittihamedici kontent üstünlük təşkil etməyə başladı. Hakimiyyətdən maliyyələşən saytlarda ənənəvi praktikaya uyğun olaraq “yuxarılar”dan göndərildiyi şübhə doğurmayan informativ və analitik yazılar dərc olunur. Yazılarda 1937-38-ci illərin praktikasına oxşar şəkildə xain(lər)in dövlətə və xalqa vurduğu zərərlərdən, rəhbərə xəyanətindən geniş bəhs olunur və haqlarında  “hökm” verilir. Amma hələ də rəsmi açıqlama yoxdur. (Oxuduğunuz bu yazı oktyabrın 20-də hazırlanıb). Hakmiyyəti zorla ələ keçirmək cəhdi baş veribsə, bu barədə Baş Prokurorluğun, yaxud Dövlət Təhlükəsizlik Xidmətinin (ya da ikisinin birlikdə) rəsmi açıqlaması olmalıdır. Böyük ehtimalla yaxın günlərdə belə bir açıqlama veriləcək, amma açıqlamanın bu qədər gecikməsi və rəsmi orqanların ötən bir həftədə susqunluğu qeyri-standart situasiyadır. Əvəzində boşluğu media doldurur, yaxud belə deyək: boşluq media vasitəsilə doldurulur. 

Bu saytların hər hansı mühüm mövzuda müstəqil xəbər və təhlillər dərc etmək sərbəstliyi yoxdur və bunu ölkədə hər kəs bilir. Tezislər Prezident Administrasiyasından gəlir, bəzən isə oradan redaksiyalara analitika adı altında hazır məqaləlar göndərilir. Diqqəti cəlb edən əsas məqamlardan biri budur ki, yazılarda təkcə Ramiz Mehdiyev deyil, fərqində olmadan bütövlükdə rejim ifşa olunur və onun gerçək mahiyyəti, ölkənin real mənzərəsi ortaya qoyulur. Belə qənaət yaranır ki, media kampaniyasına yaxşı hazırlıq aparılmayıb və müəllif(lər) sadəcə olaraq, rəngləri mümkün qədər tündləşdirmək yönündə tapşırıq və müvafiq tezislər alıb. 

Rejim öz keçmişini niyə danır?

PA-dan göndərilən materiallarda və redaksiyalarda verilən kursa uyğun hazırlanan məqalələrdə Ramiz Mehdiyev çox geniş spektrli cinayətlərdə - Rusiyanın agenti olmaqda, “5-ci kolon”a rəhbərlik etməkdə, təxribatçılar, casuslar və sabotajçıları müxtəlif dövlət və özəl strukturlara yerləşdirməkdə, ölkənin müdafiə qabiliyyətini zəiflətməkdə, korrupsiyada, rüşvətxorluqda, qohumbazlıqda, seçkilərə müdaxilədə, iş adamlarının, sahibkarların təqib olunmasında, Azərbaycan iqtisadiyyatına və elminə zərbə vurmaqda, məhkəmə-hüquq sisteminin iflasında - bir sözlə, vətənə xəyanətdə və ölkədə nə qədər problem varsa, hamısının səbəbkarı olmaqda ittiham edilir. “Report Analitik Qrupu” imzası ilə dərc olunan yazıda bildirilir ki, Ramiz Mehdiyev hələ sovet dövründən heç bir xüsusi keyfiyyəti olmadığı halda rəhbər vəzifələrə təyin edilib və bu tip adamların vəzifə tutması, klan qurması Sovet İttifaqı dağılandan sonra da Moskva üçün vacib idi. (Report, 16 oktyabr 2025). Məntiqi sual yaranır: belə olan halda, təcrübəli siyasətçi Heydər Əliyev 1993-cü ildə müstəqil Azərbaycana rəhbərlik etməyə başladıqdan qısa müddət sonra yaxından tanıdığı Ramiz Mehdiyevi niyə Prezident Aparatının rəhbəri kimi mühüm dövlət vəzifəsinə təyin etdi? Eyni şəkildə İlham Əliyev prezident olduqdan sonra hansı səbəbdən Mehdiyevi uzun müddət bu vəzifədə saxladı? 25 il boyunca ölkənin siyasi, ideoloji və inzibati mərkəzində dayanmış bir şəxsin “xəyanətkar” olması iddiası əslində dövlət idarəçiliyinin strateji iflasını göstərir. 

Moskvanın adamı kim idi – Mehdiyevmi, yoxsa bütün sistemmi?

7 fevral 1995-ci ildən 23 oktyabr 2019-cu ilədək Prezident Administrasiyasının rəhbəri, faktiki ölkənin 2-ci adamı olan Ramiz Mehdiyev bu müddətdə milli təhlükəsizliyə və ümumən dövlətə, ölkəyə həqiqətən bu gün iqtidar mediasında təsvir edildiyi miqyasda zərbələr vurubsa, buna görə təkcə onun özü məsuliyyət daşıya bilməz. Burada məsuliyyət birbaşa onu yüksək posta təyin edən və əsrin dörddə biri qədər - 25  ilə yaxın orada çalışmasına şərait yaradan ata və oğul prezidentlərin üzərinə düşür. Ramiz Mehdiyevin Moskvanın adamı, Rusiyanın ölkədəki casus şəbəkəsinin rezidenti olması haqqında söhbətlər Azərbaycanın siyasi, ictimai və media çevrələrində çoxdan dolaşırdı, hətta sıravi vətəndaşlar da bundan danışırdı. Amma rejimin mediası bunu indi yenilik kimi təqdim edir. Digər tərəfdən, hakimiyyətə yaxın mediada Mehdiyevin yaratdığı və səbəbkarı olduğu ağır və mürəkkəb problemlərin həvəslə sadalanması əslində ölkədə bu problemlərin olduğunun etirafı da sayıla bilər. Bu, bir tərəfdən, uzun illərdir rejimin bütün propaqanda gücü ilə ictimaiyyətə davamlı aşılanan, təkcə daxildə deyil, ölkə xaricində də təbliğatı aparılan uğur hekayələrinin fiktiv olduğunu; digər tərəfdən isə Azərbaycan müxalif çevrələrinin (müxalif siyasi partiyalar, qeyri-hökumət təşkilatları və medianın) hakimiyyətə qarşı tənqidlərinin səhihliyini təsdiqləyir. Ötən dövrdə opponent mövqeyinə, iqtidar mətbuatının bu gün etiraf etdiyi mənfi halları üzə çıxardığına və probemləri rəsmi dairələrin diqqətinə çatdırdığına görə təqib olunan, polis zorakılığına məruz qalan, həbs edilən, yaxud təqiblərdən yaxa qurtarmaq üçün ölkəni tərk etməyə məcbur olan çoxlu sayda müstəqil jurnalist, aktivist, QHT təmsilçilsi və siyasətçi olub, indi də var. Onların bir qismi hazırda həbsdədir. İndividual olaraq bu şəxslərin məruz qaldığı qanunsuzluqlara, ədalətsizliklərə, haqsızlıqlara, eləcə də böyük miqyasda ökənin sosial-iqtisadi böhrana, diktaturaya yuvarlanmasına görə cavabdehlik daşıyanların əhatəsi sırf Ramiz Mehdiyev və onun yaxın ətrafına aid olanlarla məhdudlaşa bilməz. 

Yeri gəlmişkən, xüsusilə ağır cinayətlərdə ittiham olunan şəxs haqqında ev dustaqlığı qəti imkan tədbiri seçildiyi və qanun buna yol verdiyi halda, daha yüngül əməllərdə ittiham edilən jurnalistlərin və ictimai fəalların istintaq müddətində həbsdə saxlanılması növbəti qanunsuzluq və ədalətsizlikdir. 

Ramiz Mehdiyevin şəbəkəsinə kimlər daxildir və ya ora kimləri aid edirlər? 

Əgər hakimiyyəti zorla ələ keçirmə, dövlət çevrilişi hazırlığı olubsa, şübhəsiz ki, Ramiz Mehdiyev bunu təkbaşına edə bilməzdi. Həm planı həyata keçirmək, həm də hakimiyyəti ələ keçirdikdən sonra dövləti idarə etmək komanda işi tələb edir. Bu baxımdan Ramiz Mehdiyevin komandasının tərkibi maraq doğuran məqamlardan biridir. APA, Qafqazinfo kimi rəsmi dairələrə yaxın xəbər saytlarında çıxan yazıda bu suala cavab var. (APA,18 oktyabr 2025). Bildirilir ki, Ramiz Mehdiyevin yaxın ətrafına keçmiş xarici işlər naziri Elmar Məmmədyarov, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov, keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev, prezidentin mətbuat katibi olmuş Azər Qasımov, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun qudası, Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyev, keçmiş nəqliyyat naziri Ziya Məmmədov və qardaşı Elton Məmmədov daxildir. Sosial Tədqiqatlar Mərkəzinin (publik hüquqi çəxs) rəhbəri Zahid Oruc, parlamentin üzvü Məlahət İbrahimqızı və digər deputatlardan da bəhs olunur və xəbərdarlıq edilir ki, nankorluğun, xəyanətin sonu acınacaqlı olur... (Azərbaycandakı Rusiya şəbəkəsindən danışarkən heç şübhəsiz ki, oraya uzun müddət Silahlı Qüvvələrin Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıqovun da adını əlavə etmək lazımdır). Adları çəkilən şəxslərin cinayət işində keçib–keçmədiyi və hüquqi təqibə məruz qalıb–qalmayacağı hələ məlum deyil. Əgər bu şəxslər də istintaqa cəlb edilibsə və ya ediləcəksə, “çevriliş dosyesi” xeyli şişəcək. 

Məlumdur ki, Azərbaycan müxalifətinin və müxalif mətbuatın uzun illər hakimiyyətə qarşı təbliğatında əsas sloqanik tezislərdən biri antimilli rejim ifadəsi olub. Çox yaxın keçmişdə yüksək vəzifələr tutmuş, İlham Əliyevin siyasi komandasının üzvü olmuş bu qədər insanın Rusiyanın adamı Ramiz Mehdiyevlə bərabər hərəkət etməsi (iddialar həqiqətdirsə), böyük siyasi skandaldır və uzun illər rejimə qarşı səsləndirilən antimilli ittihamının təsdiqidir. Mehdiyev daxil olmaqla bu şəxslərə yüksək postların etibar edilməsi mənəvi və hüquqi məsuliyyət yaratmalıdır. Ən azından İlham Əliyev özünün və atasının siyasi fəhminin yetərsizliyini etiraf etməlidir.

Rusiyanın adamını Rusiya özü satıb? 

Ramiz Mehdiyevin çevriliş planının necə ifşa olunduğunu öyrənmək üçün çox gözləmək lazım gəlmədi. İcazəsiz xəbər yaymayan məlum medianın məlumatına görə, bu barədə oktyabrın 9-da  Düşənbədə keçirilən görüşdə İlham Əliyevə Rusiya prezidenti Putin məlumat verib. (APA, 16 oktyabr 2025). Məlumata əsasən Ramiz Mehdiyev Azərbaycanla Rusiya arasında yaranmış gərginlikdən faydalanmağa çalışaraq çevriliş planı hazırlayıb və bunu öz kanalları vasitəsilə Rusiyaya təklif edib. O, hakimiyyəti zorla ələ keçirdikdən sonra keçid dövrü üçün müvəqqəti Dövlət Şurası formatında qurum yaradılmasını nəzərdə tuturmuş və orada təmsil olunacaq şəxslərin adlarını da Rusiya ilə bölüşüb. Xəbərdə qeyd olunur ki, Moskva heç bir perspektiv vəd etməyən 87 yaşlı qocanın təklifindən imtina edib və onun planı, şəbəkəsi ilə bağlı rəsmi Bakını məlumatlandırmaq qərarına gəlib. 

Təhlükəsizlik diskursunun çöküşü: Azərbaycanı kim qoruyur – DTX, ya Kreml?

Paradoksal vəziyyətdir: Azərbaycan Rusiyaya etimad etmir, ondan təhlükə gözləyir; ifşa olunan Ramiz Mehdiyev Rusiyanın adamıdır; sonda ortaya çıxan mənzərə isə budur ki, Azərbaycanı (Əliyev hakimiyyətini) Rusiya xilas edir. Bu “siyasi tənlik”dən baş çıxarmaq  üçün riyazi və siyasi zəka yetərli deyil. İlham Əliyevi Ramiz Mehdiyevin planlarından Putinin xəbərdar etməsi barədə informasiyanın hansı məqsədlə mətbuata ötürüldüyü də aydın olmur. Çünki bu tip informasiyalar ilk növbədə Azərbaycanın təhlükəsizlik strukturlarını diskreditasiya edir. Belə çıxır ki, onlar ölkə içərisində, qulaqlarının dibində baş verənlərdən xəbərsizdir və ölkə başçısını gözlənilən təhlükədən məhz Rusiya hali edir. Xatırlatmaq yerinə düşər ki, milli təhlükəsizlik naziri Eldar Mahmudov 2015-ci ilin oktyabrında qəflətən vəzifədən uzaqlaşdırıldıqdan sonra Azərbaycanın siyasi və mətbu çevrələrində söz-söhbət yayılmışdı ki, Əliyev Mahmudovun əməlləri barədə Putin tərəfindən ona gizli dosye təqdim edildikdən sonra bu haqda sərəncam imzalayıb... 

Rusiya faktoru: postsovet asılılığının yeni forması

Baş verənlər Rusiyanın, bəlkə əvvəlki təsirini müəyyən qədər itirsə də, hələ də Azərbaycan daxili siyasətində mühüm aktor olaraq qaldığını açıq şəkildə göstərir. Moskva uzun illərdir yalnız hərbi və enerji resursları üzərindən deyil, həm də siyasi elitaların formalaşmasına, təhlükəsizlik strukturlarının daxili balansına və informasiya axınlarına təsir etməklə bu nüfuzunu qoruyur. “Ramiz Mehdiyev işi” bu təsirin sadəcə keçmişdən qalma bir inersiya olmadığını, hələ də işlək mexanizmlər vasitəsilə davam etdiyini göstərir.

Əslində, bu hadisə Azərbaycanın “suveren təhlükəsizlik arxitekturası” anlayışının formal xarakter daşıdığını, ölkə daxilində güc mərkəzlərinin hələ də xarici paytaxtların siyasi iradəsinə bağlı olduğunu üzə çıxarır.




İSTİNADLAR:

 APA. 2025. “Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olunub? Mehdiyev işinin detalları.” APA.az, October 16, 2025. https://apa.az/hadise/ramiz-mehdiyevin-dovlet-cevrilisi-plani-nece-ifsa-olunub-mehdiyev-isinin-detallari-921791


APA. 2025. “Ramiz Mehdiyev – nankorluq və xəyanət anatomiyası: onun planında kimlər olub?” APA.az, October 18, 2025. https://apa.az/daxili-siyaset/ramiz-mehdiyev-nankorluq-ve-xeyanet-anatomiyasi-onun-planinda-kimler-olub-922152


Qafqazinfo. 2025. “Ramiz Mehdiyev dövlətə xəyanətdə ittiham olunur: maddələr məlum oldu.” Qafqazinfo.az, October 14, 2025. https://qafqazinfo.az/news/detail/ramiz-mehdiyev-dovlete-xeyanetde-ittiham-olunur-maddeler-melum-oldu-485569


Report.az. 2025. “Dövlətin içində dövlətə qarşı: ‘Boz kardinal’ın ifşası finiş xəttində.” Report.az, October 16, 2025.  https://report.az/analitika/dovletin-icinde-dovlete-qarsi-boz-kardinal-in-ifsasi-finis-xettinde-serh



Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin