16 iyn 2026

0,0 — Azərbaycan iqtisadiyyatının durğunluğu

0,0 — Azərbaycan iqtisadiyyatının durğunluğu



(Yazı “Khar Center”  tərəfindən Azərbaycan avtoritarizmi araşdırmaları çərçivəsində hazırlanıb)


İyunun 10-da Dövlət Statistika Komitəsinin açıqladığı nəticələrə görə, ilin 5 ayı üzrə ölkə iqtisadiyyatının artımı yuvarlaq olaraq 0,0%-ə bərabərdir.

Açıqlanan hesabat göstərir ki, son 30 ildə Azərbaycan iqtisadiyyatının qan damarı rolunu oynayan neft-qaz sektoru 1,0% kiçilib, 30 ilin iqtisadi difersifikasiya nağılı, qeyri-neft sektorundakı artım isə 0,4% olub. Bu zəif tərpəniş, əlbəttə böyük itkini kompensasiya etməyə yetmədiyi üçün iqtisadiyyat rəsmən durğunluq dövrünə daxil olub. Üstəlik, büdcə gəlirləri də ötən ilin eyni dövrü ilə müqayisədə 4,5% aşağı düşüb, gələcəyin təminatı sayılan qeyri-neft investisiyaları isə 14,7% azalıb (AZSTATKOM, 2026).

Siyasi sistemlərin mexanizmlərini anlayanlar üçün bu "sıfır", Əliyev avtoritarizminin son iyirmi ildə arxalandığı idarəetmə modelinin divara dirəndiyini göstərən ciddi siqnaldır. Çünki bu model neft rentasının elitalara paylanması və cəmiyyətlə səssiz sosial müqavilə üzərində qurulub. Bu gün isə həmin bölüşdürmə və cəmiyyətlə sosial razılaşma mexanizmi sıradan çıxır.

Niyə durğunluq böhrandan daha təhlükəlidir?

Ölkə insanının yaddaşında 1990-cı illərin, ata Əliyevin hakimiyyətinin ilk illərindəki hiperinflyasiyalı günləri hələ də kabus kimi dolaşır. Bu yazı Azərbaycanın yenidən həmin günlərə qayıdacağını iddia etmir. Çünki mövcud resurslar, Dövlət Neft Fondunun milyardları və aşağı xarici borc səviyyəsi Azərbaycanı yaxın illərdə qəfil iflasdan qoruyacaq. Hökumətin hələ ki manevr imkanları var. Əsl təhlükə tamamilə başqadır: Staqnasiya (uzunmüddətli durğunluq).

Məhz xroniki durğunluq avtoritar sistemlər üçün qəfil böhrandan daha amansızdır. Böhran gələndə hökumətlər bunu "fövqəladə vəziyyət" və ya qlobal proseslərin təsiri kimi qələmə verib cəmiyyəti müvəqqəti səfərbər edə bilirlər. Durğunluq isə illərlə davam edən, sistemin içini gizlicə gəmirən bir xəstəlikdir.

Görünməyən tələ: Ölkə əhalisinin zəif artımı fonunda iqtisadiyyat yerində sayır. Bu o deməkdir ki, adambaşına düşən real gəlir və buna bağlı olan rifah səviyyəsi hər il bir az daha aşağı düşür. Yəni tort eyni boydadır, amma süfrə arxasında oturanların sayı çoxalır. Üstəlik, əvvəlki illərdə pensiya yaşının yüksəldilməsi ilə dövlətin sosial yükünün azaldılmasına baxmayaraq, həmin insanların artıq kütləvi şəkildə 65 yaşı doldurması, başqa sözlə, əhalinin qocalması prosesi pensiyaçıların sayında ciddi artım yaradır ki, bu da büdcənin sosial yükünə fiskal təzyiqi şiddətləndirəcəkdir.

Bundan əlavə, iqtisadi durğunluq Azərbaycanı adam başına düşən ümumi daxili məhsulun (ÜDM) cəmi 7 min dollar olduğu bir mərhələdə yaxalamışdır (worldbank, 2024a). Müqayisə üçün, Qazaxıstanda bu göstərici 14 min dollardır və ölkə keçmiş postsovet məkanında Baltikyanı ölkələr istisna olmaqla birinci yerdədir (worldbank, 2024b). Azərbaycanın ÜDM baxımından Qazaxıstandan iki dəfə, hətta resursları məhdud olan Gürcüstan (worldbank, 2024c) və Ermənistandan (worldbank, 2024d) da geri qalması, ölkənin iqtisadi durğunluğa ən aşağı göstəricilərlə daxil olduğunu ortaya çıxarır.

Bu iqtisadi mənzərə yaxın onillikdə ölkənin həm sosial, həm də siyasi toxumasına birbaşa təsir edəcək. Bu təsirlər özünü bir neçə əsas istiqamətdə büruzə verəcək.

KHAR Center ötən ilin dekabrında dərc etdiyi  "Postneft dövrü kabusu" analiz yazısında Azərbaycanı 2027-2035-ci illər arasında dərin böhran gözləməsi, otuz ildir enerji gəlirlərinə əsaslanan idarəetmə modelinin resurs lənətinin qurbanına çevrilməsi, neft bumu zamanı formalaşan maliyyə dayanıqlığının tədricən kritik səviyyəyə enməsi və tənəzzülün yalnız iqtisadiyyatla məhdudlaşmayacağı, siyasi və institusional səviyyədə də özünü biruzə verəcəyinə dair geniş araşdırma dərc edib. Araşdırmada qeyd olunur ki, rejim mövcud vəziyyəti müəyyən bir müddət də qoruyub saxlamağı bacarsa belə, yaxınlaşan sarsıntılara reaksiya qabiliyyətinin  adekvat olacağı ağlabatan deyil. Ölkədə baş alıb gedən repressiyalar, siyasətin ləğvi, ümumiyyətlə, hər bir fərqli fikrin xəyanət kimi damğalanması sistemin yaxınlaşan bu çətin dövrü ənənəvi metodlarla qarşılamağa hazırlaşdığını göstərir (Kharcenter, 2025).

İndi görünür ki, Khar Centerin həmin yazısında göstərildiyi kimi, ölkənin vəziyyəti getdikcə postneft dövrünün qaçılmaz gerçəyi, resursların səssiz və mərhələli şəkildə tükənməsi ilə xarakterizə olunmağa başlayıb. Dövlət büdcəsindəki nisbi sabitlik və valyuta ehtiyatlarının hələ "yetərli" görünməsi aldadıcıdır. Həqiqətdə isə renta azalır, sosial müqavilənin əsas prinsipləri zəifləyir və avtoritar idarəetmənin vacib elementi olan “pul müqabilində sükut” razılaşması indidən etibarın əvvəlki gücünü itirməyə başlayır. Bu səbəbdən qarşıdan gələn dövr, mövcud modelin artıq özünü təkrarlaya bilmədiyi, dəyişən reallıqlara uyğunlaşma bacarığını itirdiyi və tarixi yolayrıcına yaxınlaşdığı zaman kimi dəyərləndirilməlidir.

Legitimliyin aşınması

Uzun illər boyu cəmiyyət əsas siyasi azadlıqların məhdudlaşdırılmasını sabitlik, statistik maaş artımı, yeni yollar və rifah təbliğatı qarşılığında qeyri-rəsmi şəkildə qəbul edirdi. İqtisadiyyat dayandıqda isə fundamental bir sual doğur: Əgər ortada siyasi iştirakçılıq və iqtisadi inkişaf yoxdursa, sistem öz varlığınının davamlılığını nəylə əsaslandıracaq?!

2020-ci ildə qazanılan tarixi qələbə və nəhayət, 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası hakimiyyətə nəhəng siyasi kapital və legitimlik qazandırdı. Lakin siyasət tarixi dəfələrlə sübut edib ki, göz qamaşdıran zəfərlər belə gündəlik sosial-iqtisadi qayğıları sonsuza qədər ört-basdır edə bilmir. Zaman keçdikcə vətəndaşlar real əməkhaqqını, yaşayış xərclərini, təhsil və səhiyyənin keyfiyyətini sorğulamağa başlayırlar. Qələbə təbliğatı artıq qarın doyurmur.

Sosial müqavilənin pozulması

Əliyev avtoritarizmində qeyri-rəsmi sosial müqavilə sadə prinsiplə işləyir: "Siz siyasətə qarışmayın. Qarışsanız bədəlini ağır ödəyəcəksiniz. Əvəzində, biz sizin minumum yaşayışınızı təmin edirk. Susun və qane olun!" Durğunluq dövründə isə dövlət bu müqavilənin öz üzərinə düşən hissəsini, minumum rifah təminatını yerinə yetirə bilmir. Əlbəttə, narazılıq dərhal kütləvi etirazlara çevrilməsə də, dövlət institutlarına qarşı dərin etimadsızlığa və ölkənin gələcəyə dair inamın tükənməsinə yol açır.

Elitadaxili rəqabətin sərtləşməsi

İqtisadiyyat böyüyəndə hamıya, xüsusən də, elitanın müxtəlif qruplarına və bürokratik zəncirin yuxarı-orta həlqələrinə yeni yaranan resurslardan pay çatır. Artıq başlayan durğunluq dövründə isə elitadaxili mübarizə yeni gəlirlər üçün yox, mövcud və hər gün tükənən “tortdan” daha çox pay almaq uğrunda gedəcək. Avtoritarizmin araşdırılması təcrübəsi göstərir ki, belə dövrlərdə elitadaxili konfliktlər kəskinləşir, qruplararası sərvət rəqabəti qərarvermə keyfiyyətini tamamilə iflic edir.

Repressiyanın bahalaşan qiyməti

Resursların bol olduğu dövrdə hökumət həm təhlükəsizlik aparatını, həm də sosial layihələri rahatlıqla eyni vaxtda maliyyələşdirə bilir. Durğunluq şəraitində, büdcə gəlirlərinin azaldığı mühitdə isə rejim eyni anda güc strukturlarını, dövlət sektorunu və sosial öhdəlikləri əvvəlki səviyyədə saxlamaq imkanlarını itirir. Nəticədə, sistemi qorumaq üçün lazım olan repressiya mexanizminin həm maliyyə, həm də beynəlxalq siyasi qiyməti artır.

Digər tərəfdən isə durğunluğun yaratdığı narazılıq daxildə toplanmağa davam edir. Təbii ki, insanlar dərhal küçələrə çıxmırlar. Proses hələ yeni başlayır. Cəmiyyətin intiusiyası deyir ki, rejimin zor aparatı hələ yetərincə aşınmayıb. Ancaq alıcılıq qabiliyyətinin düşməyə davam etməsi, iş imkanlarını daha da məhdudlaşması kimi proseslərin illərlə davam etməsi günün birində istənilən kiçik, gözlənilməz bir qığılcım sayəsində böyük etiraz dalğasını başlada bilər.

Ölkənin önündə dayanan yaxın onillik ani çökmə ssenarisindən çox, problemlərin addım-addım dərinləşəcəyi dövr olacaq:

2027-2030-cu illər İqtisadi artımın xroniki zəifləməsi, daxili və xarici investisiyaların minimuma enməsi, iqtisadi durğunluğun sementləşəcəyi dövr,

2030-2033-cü illər fiskal təzyiqlərin pik həddə çatması. Büdcə xərclərinin artması durğun iqtisadiyyatın bu yükü daşıya bilməyəcəyi dövr,

2033-2035-ci illər isə durğunluğun struktural böhran xarakteri alması. İqtisadi defisitin siyasi müstəviyə keçməsi, elitadaxili parçalanmalar və idarəetmə sisteminin legitimlik sınağı dövrü kimi xarakterizə olunacaq (Kharcenter, 2026).

Avtoritar modernləşmənin sonu

Azərbaycanın avtoritarizminin qürur mənbəyi onun modernləşməsi təbliğatı, ölkə iqtisadiyyatının iki rəqəmli böyümə həcmi, meqa dövlət investisiyaları və neft pullarının dövriyyəsi idi. Hətta İlham Əliyev fəxr edirdi ki, ölkə yüksək sürətlə inkişaf edir və Stalinsayağı deyirdi ki, bəlkə bir az yavaşlayaq?! Lakin artıq bu eyforiya bitir. Yeni inkişaf mərhələsinə keçmək üçün isə tamamilə fərqli şərtlər lazımdır: müstəqil məhkəmələr, mülkiyyət hüququnun toxunulmazlığı, rəqabətli iqtisadi mühit və azad informasiya axını.

Paradoks da burasındadır ki, bu dəyərlər Azərbaycan avtoritarizminin ən çox qorxduğu və yox etdiyi, yox etməkdən qürur duyduğu məsələlərdir. Bu institutların bərpası siyasi monopoliyanın aradan qaldırılmasını, dolayısıyla da Əliyevlərin sülalə hakimiyyətinin tədricən demontajını şərtləndirərdi.

Bu baxımdan, hazırda ölkənin gələcəyi ilə bağlı əsas sual Azərbaycanın post-neft dövrünə köhnəlmiş avtoritar renta modeli ilə daxil olaraq, tədricən aşınma prosesinə məruz qalaraq ölkənin çöküşünü tamamilə şərtləndirib-şərtləndirməyəcəyi, yaxud iqtisadi və siyasi institutlarını yeniləyərək avtoritarizmin aradan qaldırılması ilə real inkişaf mərhələsinə keçə bilib-bilməyəcəyidir.

Əgər bu suala cavab mövcud sistemin qorunması olarsa, 2027–2035-ci illər Azərbaycan üçün qarşısıalınmaz siyasi və iqtisadi struktur aşınması dövrü kimi xarakterizə olunacaq.


Qeyd: Oxuduğunuz yazı orijinal olaraq Azərbaycan dilində yazılmışdır.



İstinadlar:

AZSTATKOM. 2026. "Macroeconomy." State Statistical Committee of the Republic of Azerbaijan. https://www.stat.gov.az/news/macroeconomy.php?lang=en&page=1&utm.

World Bank. 2024a. "Azerbaijan." World Bank Open Data. https://data.worldbank.org/country/azerbaijan.

World Bank. 2024b. "Kazakhstan." World Bank Open Data. https://data.worldbank.org/country/kazakhstan.

World Bank. 2024c. "Georgia." World Bank Open Data. https://data.worldbank.org/country/georgia.

World Bank. 2024d. "Armenia." World Bank Open Data. https://data.worldbank.org/country/armenia.​

Kharcenter, 2025. Post Neft Dövrü kabusu. https://kharcenter.com/arasdirmalar/postneft-dovru-kabusu

Kharcenter, 2026. Nəhəng sərvət üstündə yatan hesabatsız renta diktaturaları: Azərbaycan nümunəsi. https://kharcenter.com/nesrler/neheng-servet-ustunde-yatan-hesabatsiz-renta-diktaturalari-azerbaycan-numunesi

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin