16 dek 2025

Postneft dövrü kabusu

Postneft dövrü kabusu



(Yazı Khar Centerin Azərbaycan avtoritarizmi araşdırmaları çərçivəsində hazırlanıb)

✍️ Elman Fəttah – KHAR Centerin rəhbəri

Giriş

Azərbaycanı 2027-2035-ci illər arasında dərin böhran gözləyir. Otuz ildir enerji gəlirlərinə əsaslanan idarəetmə modeli resurs lənətinin qurbanına çevrilməkdədir. Neft bumu zamanı formalaşan  maliyyə dayanıqlığı tədricən kritik səviyyəyə enir. Tənəzzül yalnız iqtisadiyyatla məhdudlaşmır, siyasi və institusional səviyyədə də özünü biruzə verir. Rejim mövcud vəziyyəti müəyyən bir müddət də qoruyub saxlamağı bacarsa belə, yaxınlaşan sarsıntılara reaksiya qabiliyyətinin  adekvat olacağı ağlabatan deyil. Ölkədə baş alıb gedən repressiyalar, siyasətin ləğvi, ümumiyyətlə hər bir fərqli fikrin xəyanət kimi damğalanması sistemin yaxınlaşan bu çətin dövrü ənənəvi metodlarla qarşılamağa hazırlaşdığını göstərir. 

Ölkənin vəziyyəti getdikcə postneft dövrünün qaçılmaz gerçəyi, resursların səssiz və mərhələli  şəkildə tükənməsi ilə xarakterizə olunur. Dövlət büdcəsindəki nisbi sabitlik və valyuta ehtiyatlarının hələ "yetərli" görünməsi aldadıcıdır. Həqiqətdə isə renta azalır, sosial müqavilənin əsas prinsipləri zəifləyir və avtoritar idarəetmənin vacib elementi olan “pul müqabilində sükut” razılaşması artıq əvvəlki gücünü itirməkdədir. Bu səbəbdən 2027–2035-ci illər Azərbaycan üçün yalnız “nisbətən çətin bir mərhələ” deyil. Bu dövr, mövcud modelin artıq özünü təkrarlaya bilmədiyi, dəyişən reallıqlara uyğunlaşma bacarığını itirdiyi və tarixi yolayrıcına yaxınlaşdığı zaman kimi dəyərləndirilməlidir.

Məqsəd

Analizin məqsədi Azərbaycanda 2027–2035-ci illər dövründə start götürəcək tükənmə prosesinin mahiyyətini açmaq və postneft mərhələsinin yaratdığı yeni risk və imkanları siyasi-analitik çərçivədə qiymətləndirməkdir.

Analiz aşağıdakı  sualları cavablandırmağa çalışır:

  • Azərbaycan postneft dövrünə hazırdırmı?
  • Mövcud model hansı mexanizmlərlə tükənmə trayektoriyasına daxil olur?

Bu suallar çərçivəsində üç paralel bağ araşdırılır:

  1. enerji-renta modelinin iqtisadi və fiskal davamlılığı;
  2. avtoritar sosial müqavilənin aşınması;
  3. idarəetmənin struktur zəiflikləri və böhranları idarə etmə qabiliyyətinin olmaması.

 Varlı ölkənin kasıb gələcəyi paradoksu

Azərbaycanın neft hekayəsi artıq bitməyə yaxınlaşır. Gördüyümüz hasilat azalmaları acı reallıqdır. Yeni yataqların tapılması məsələsində də irəliləyiş yoxdur. BP-nin illik enerji icmalları və EIA ölkə profilləri, neft istehsalının 2010-cu illərin əvvəllərində ən yüksək səviyyəyə çatdığını göstərir. O zamandan bəri bu sahədə davamlı azalma müşahidə olunur. SOCAR-ın rəsmi statistikası da AÇG blokunda hasilatın düşüş mərhələsində olduğunu təsdiqləyir. 

Bakı Araşdırmalar İnstitutunun hazırladığı analitik icmala görə, 2025-ci ildə Azərbaycanda 27,5 milyon ton xam neft hasilatı gözlənilir. Bu, 2010-cu illə müqayisədə az qala iki dəfə azdır. Həmin il neft hasilatı 50,5 milyon ton təşkil etmişdi. İcmalda  2026-cı ildə ümumi hasilatın 27 milyon tondan da aşağı düşməsinin gözlənildiyi bildirilir və bu zaman Azərbaycan hökumətinin 2030-cu ilə qədər sosial-iqtisadi inkişaf proqnozlarına istinad edilir.  2010-2024-cü illərdə xam neft hasilatının kəskin azalmasına paralel təbii qaz hasilatının 2,5 dəfə, xaricə ixracının isə 4 dəfədən çox artmasına, son 3 ildə Rusiya-Ukrayna müharibəsi səbəbindən enerji qiymətlərinin bahalaşmasına baxmayaraq, Azərbaycanın resurs gəlirlərində ciddi azalma baş verib. 2010-cu ildə hökumət Neft Fondu və dövlət büdcəsi vasitəsilə 19 mlrd. dollar neft gəlirləri əldə etdiyi halda, 2024-cü ildə 6,5 mlrd. dollar azalaraq 13,5 mlrd. dollara enib. 2025-ci il üçün icmal büdcənin neft-qaz gəlirlərinin ümumi məbləğinin 12 milyard dollardan aşağı düşəcəyi gözlənilir (BRİ, Nov 2025). 

Bununla yanaşı, Dünya Bankı və IEA-nın hesabatlarında qeyd olunur ki, son dövrlərdə yeni böyük kommersiya yataqları aşkarlanmayıb. Hazırkı strategiya əsasən mövcud yataqların maksimum dərəcədə istismarına yönəlib (BP, 2022. IEA, 2022. World Bank, 2024a. Minenergy, 2024 ). Gedişat onu göstərir ki, Azərbaycan iqtisadiyyatının mühərriki, hətta əliyevlərin uğurlu diplomatiyasının açarı olan  SOCAR-BP əməkdaşlığı yaxında tarixə qovuşacaq. Hal-hazırda  bu əməkdaşlıq platformasının qarşısındakı əsas sual “daha böyük gəlirləri necə əldə edək?” olmaqdan çıxıb “enişi necə idarə edək?” formasına çevrilib. 

Uzun bir dövr ərzində ölkənin iqtisadi inkişafı neftdən asılı vəziyyətə salınıb. Azəri-Çıraq-Günəşli və Şahdəniz kimi əhəmiyyətli layihələr illər boyu rifah, stabillik və gələcəyə dair ümidin simvolu idi (president.az, 2024). Lakin həmin layihələrin pik mərhələsi artıq geridə qalıb. Həmçinin, enerji şirkətlərinin yanaşmaları da dəyişib. Keçmişdə risk etməyə hazır olan sərmayədarlar indi daha ehtiyatlı davranırlar. Bunun başlıca səbəbi bərpa olunan enerji sahəsinin cəlbediciliyi, neft və qazın isə getdikcə əhəmiyyətinin azalmasıdır. İri şirkətlər artıq uzun müddətli neft layihələrinə əvvəlki marağı göstərmirlər. Bu, həm də o deməkdir ki, enerji resurslarına əsaslanan xarici siyasət də effektivliyini itirəcək. 

Beləliklə, rejimin üzləşəcəyi problem yalnız daxili iqtisadi çətinliklər olmayacaq. Eyni zamanda, xarici siyasətdə legitimlik vasitəsi kimi istifadə etdiyi neft diplomatiyası da əhəmiyyətini itirəcək.

Resurs gəlirlərinin azalacağı dövrdə baş verəcək mümkün dəyişikliklərin Azərbaycan üçün riskləri artıran ən mühüm cəhəti odur ki, Avropanın enerji siyasətindəki transformasiya geridönməz xarakter alıb.  Avropa İttifaqının 2030 və 2050-ci il üçün yaşıl enerji hədəflərini hüquqi öhdəliklər kimi müəyyən etməsi, karbohidrogenlərə tələbatın azaldığını göstərən normativ bir iqtisadi istiqamətdir (European Commission, 2021). Bu, Azərbaycanın ixrac coğrafiyasında ən böyük müştəri ilə uzunmüddətli strateji əməkdaşlığını itirmək riskini daşıyır. 

Düzdür, neft və qaz sektoru hələ bir müddət də gəlir gətirəcək, lakin bu gəlirlərin strateji əhəmiyyəti azalır. Ən önəmlisi, hökumət diversifikasiyanın simulyasiyası ilə məşğul olduğundan postkarbon dövrünün tələblərinə uyğun yeni iqtisadi sektorlara malik deyil. Yaxın 10 ildə hazırkı neft-qaz gəlirlərini nəinki bütövlükdə, hətta yarısını belə təmin edə biləcək dayanıqlı iqtisadi sahələr yaradılmayıb. İxracın strukturunda yüksək texnoloji məhsulların yoxluğu, daxili istehlak üçün bu qəbildən məhsulların tamamının xaricdən gətirilməsi, təhsilin bir sistem olaraq məhvi və əmək bazarı üçün peşəkar, bilikli kadrlar hazırmaq potensialının itirilməsi göstərir ki, ölkə iqtisadiyyatı postneft erasına qətiyyən hazır deyil. Böyük neft gəlirləri dövründə hakimiyyətin davamlı olaraq geniş həcmli pul emissiyası vasitəsilə keçici sosial və siyasi sabitlik modeli yaratması artıq finişə yaxınlaşır. Son illərdə ilk dəfə növbəti ilin büdcəsinin faktiki olaraq artımsız təsdilənməsi bunun hələlik kiçik başlanğıcıdır.

Bu səbəbdən Azərbaycanın iqtisadi gələcəyi Avropa bazarının get-gedə daralan imkanlarına kilidlənmiş vəziyyətdə qalacaq.

Neft Fondu illüziyası

Dövlət Neft Fondunun maliyyə resursları böyük məbləğlərlə ifadə olunsa da, ölkədəki artan sosial tələblər, infrastruktur xərcləri, idxaldan asılılıq və təhlükəsizlik xərclərinin dəyişkənliyi bu kapitalın gerçək dəyərini azaldır (SOFAZ, 12025a). Üstəlik, Neft Fondunun aktivlərinin təxminən dörddə birini təşkil edən qızılın qiyməti dünya iqtisadiyyatndakı risklərlə bağlı son 3 ildə az qala 2 dəfə bahalanıb. Yənu həm qlobal maliyyə bazarlarında, həm də qiymətli metallar bazarında şişmiş balonlar var və risklərin da daha azalacağı dövrdə Fondun aktivlərinin kapitalizasiyasının kiçilməsi və ona uyğun ehtiyatların bir hissəsinin itirilməsi də qaçılmazdır.

Fond neftsiz iqtisadiyyata keçidi dəstəkləmək əvəzinə, cari büdcənin maliyyələşdirilməsində bir növ yastıq rolunu oynamağa davam edir. Neft fondunun illik büdcə transferlərinə baxılarsa, mövcud vəziyyət daha aydın görünər (SOFAZ, 2024). Bu balanssızlıq 2030-cu il yaxınlaşdıqca daha da kəskinləşəcək. Halbuki Neft Fondu ölkəni gələcəkdə baş verə biləcək iqtisadi şoklardan qorumaq, müxtəlif iqtisadi sahələrə maliyyə dəstəyi vermək və postneft dövrü üçün strateji kapital toplamaq məqsədilə yaradılıb (SOFAZ, Mission and Objectives). Ancaq praktik tətbiqlərdə fond dövlət büdcəsinin pul kisəsinə çevrilib. Bu, sosial paketlərin maliyyələşdirilməsini, inzibati orqanların saxlanılmasını, səmərəsiz infrastruktur layihələri, hökumətin populist qərarları və idxala yönəlmiş istehlak xərclərinin qarşılanmasını özündə ehtiva edir (SOFAZ, 2025b). Hazırda neft gəlirlərinin azalması büdcənin Fond qarşısında olan tələblərini daha da artırır. Nəticədə, 2030-cu il yaxınlaşdıqca Fond təhlükəsizlik yastığı rolunu itirərək tükənən amortizatora çevrilir.

Labirint

Siyasi sistem isə qarşıdan gələn qaçılmaz böhranı kommunikasiya məsələsi kimi təqdim edir. Burada məqsəd böhranın həllinə istiqamətlənmiş islahat planları ilə çıxış etmək deyil; əksinə, cəmiyyətin şüurunda təhlükə hissini canlı saxlamaqdır. Saxta vətənpərvərlik və militarizasiya yaxınlaşan sosial-iqtisadi böhran dövründə xalqı uydurulmuş təhlükələrlə aldatmaq məqsədi güdür. Bu yanaşma Azərbaycanın indiki siyasi strukturlarının əsas cəhətini açığa çıxarır: yaranan problemləri aradan qaldırmaqdan daha çox, onların ictimai qavrayışını idarə etmək cəhdi. 

Rejim yaxınlaşan böhranın iqtisadi strukturdakı çatışmazlıqlar olduğunu gizlətməyə çalışır, çünki bu, modelin özünün köhnəldiyinin etirafı deməkdir. Bu səbəbdən hökumət statistik məlumatlarla oynayaraq və acı reallığı "müvəqqəti çətinlik" kimi göstərərək labüd böhranın ictimai müzakirəsinin qarşısını alır.  Lakin bu taktika ən yaxşı halda böhranın kəskinliyini gizlədir. Nəticədə hələ ki, iqtisadi dalğalanma kimi təzahür edən problem,  idarəçilik qabiliyyətinin tükənməsi sayəsində potensial tənəzzülün ağır böhrana çevrilməsini şərtləndirir.

Statistikada qeyri-neft sektorunun artımı kimi təbliğ edilən rəqəmlərin içı boşdur. Diversifikasiya yalnız diskurs səviyyəsindədir. Bu, Azərbaycan iqtisadiyyatında  “vitrinlə reallıq” arasındakı ən böyük uçurumu ortaya qoyur. Kağız üzərində innovativ və modern görünən layihələr əslində mövcud iqtisadi modelin dekorasiyası rolunu oynayır. Nə yeni istehsal müəsisələri yaranır, nə ixrac portfeli dəyişir, nə də məşğulluqda qeyri-neft sektorunun çəkisi artır (World Bank, 2024b). Diversifikasiya diskursdan o yana keçmədiyi üçün nəticə də sıfıra bərabər olur. 

 Əldə olunan artım isə sırf vergi siyasətinin sərtləşməsi hesabınadır. Hökumət iqtisadiyyatı formalaşdırmır, sadəcə mövcud dəyəri daha aqressiv şəkildə vergiyə cəlb edir (World Bank, 2024). Bu mexanizm böhranı gecikdirir, amma həll etmir. Azərbaycan iqtisadiyyatında son illərin ən mühüm tendensiyalarından biri məhz budur. Qeyri-neft gəlirlərinin artması rəsmi rəqəmlərdə iqtisadi diversifikasiyanın göstəricisi kimi təqdim edilir, reallıqda isə bu artımın mənbəyi kiçik və orta biznes üzərində fiskal təzyiqin artırılması, cərimələrin çoxalması və vergi bazasının süni şəkildə genişləndirilməsidir.

Təhlükəli olan odur ki, iqtisadiyyatın özü genişlənmir, dövlət sadəcə vergi yığımını gücləndirir. Nəticədə iqtisadi dinamizm sınır. Bunun ən bariz şəkildə 2 fakt göstərir: müstəqil qiymətləndirmələrə görə, 2019-2025-ci illərdə Azərbaycan iqtisadiyyatı real olaraq cəmi 16% böyüdüyü halda, büdcə gəlirləri 65%-ə yaxın artıb. İqtisadi böyümənin sürəti büdcənin genişlənməsinin artım sürətinin ayaqları altında sürünür. Bu mexanizmlə hökumət problemləri sadəcə növbəti illərə ötürür. Digər tərəfdən, daralan maliyyə bu mexanizmin də limitini dolduracaq. Çökən iqtisadiyyatda “yığım yolu ilə artım” bir  müddət sonra mümkün olmayacaq.

İnfrastruktur xərcləri və ya meqa-korrupsiya

Azərbaycanın infrastruktur siyasəti sanki gələcək bohranı maliyyələşdirmək məqsədi daşıyır. Yollar, körpülər, stadionlar, parklar böyük maliyyə vəsaiti tələb edir, lakin onların geridönüşü - həm iqtisadi aktivlik, həm də yeni istehsal subyektlərinin yaradılması baxımından, - yoxdur. İnfrastrukturun dəyər yaratması üçün onu müşayiət edən biznes ekosistemi, yerli istehsal, innovativ sektorlar və rəqabət mühiti şərtdir (Réka Juhász, Nathan J. Lane, Dani Rodrik, 2023). Bu komponentlər olmadığı üçün çoxsaylı layihələr yalnız tikintidən-tikintiyə pul dövriyyəsi və müvəqqəti iş yeri yaradır.

Eyni zamanda infrastruktur investisiyaları iqtisadi ehtiyaclardan uzaq, siyasi prioritetlərə uyğun aparılır. Belə layihələr hakim ailə\dövlətə yaxın şirkətlər üçün maliyyə kanalı rolunu oynayır və nəticədə renta bölüşdürmə mexanizminə çevrilir (OCCRP, 2017).

Beləcə, milyardlarla manatlıq investisiyalar “dəyər yaradan” deyil, “dəyər xərcləyən” layihələr kimi fəaliyyət göstərir. Bu təkcə büdcənin yükünü ağırlaşdırmır, həm də iqtisadiyyatda sərvət itkisi yaradır, yəni pul xərclənir, amma iqtisadi sistem hərəkətlənmir. Hər şey meqa-korrupsiyanın yemlənməsinə sərf olunur.

Bu model niyə yalnız 2030-cu ilə qədər dayanır?

Renta azalanda statistik manipulyasiyanın da limiti dolur. Büdcənin azalan gəlirləri və artan sosial yükü daha sərt vergi siyasəti doğurduğu üçün status-kvonun qorunması modeli artıq işləyə bilmir (Ross, M. L. 2012).

Bu mərhələdə dövlətin illərlə istifadə etdiyi “rəqəmlərlə idarəetmə” texnikası təsirini itirir, axı manipulyasiya yalnız resurs bolluğu dövründə işləyir. Renta daraldıqca büdcə göstəricilərinin kosmetik şəkildə cilalanması həm daha çətin, həm də daha baha başa gəlir: xərclərin artması və gəlirlərin azalması arasındakı uçurum artıq statistik illüziyalarla örtülə bilməyəcək qədər böyüyür. Sosial gözləntilər yüksəldikcə dövlət maliyyə imkanlarını sərtləşən vergi siyasəti hesabına kompensasiya etməyə çalışır, bu isə öz növbəsində iqtisadi aktivliyi zəiflədir və narazılıq bazasını genişləndirir (Acemoglu, D. & Robinson, J, 2012).

Büdcə makiyajının dağılması, beləcə, siyasi modeli də mahiyyətcə ifşa edir. Çünki mövcud sistem rentanın yaratdığı tamponu itirdiyi anda öz dayanıqlılığını qorumaq üçün alternativ mexanizmə malik deyil. Status-kvonu yalnız pul ilə saxlayan model, maliyyə resursu azalanda özü-özünə qarşı çevrilir və siyasi arxitektura ilk dəfə olaraq reallığın diktəsi ilə üzləşir.

“Sakit ol, rifahını al” dövrünün sonu

Artıq insanlar hökumətin saxta rəqəmlərini yeyə bilmir və rifahını bazarda ölçür. Bu, Azərbaycan sosial-iqtisadi reallığının ən görünən, lakin  etiraf edilməyən tərəfidir. Cəmiyyət nominal göstəricilərin arxasında gizlədilən reallığı çox daha dəqiq görür: mövcud maaşla hər ay daha az məhsul alır, ailə büdcəsi hər ay daha tez tükənir.

Ölkədə istehsal zəif olduğundan bazarın böyük hissəsi idxalla təmin edilir və qlobal qiymət dalğalanmaları birbaşa əhalinin üzərinə düşür. Üstəlik, rüsumların artırılması pərakəndə qiymət artımını bir az da sürətləndirir. Hökumət isə bu tendensiyasının qarşısında yalan danışmaqla kifayətlənir.

İnsanlar dövlətin nominal sosial dəstək sisteminə də güvənmir, çünki həm keyfiyyət, həm də əlçatanlıq baxımından xidmətlər öz funksiyasını itirib. Bunun nəticəsində ailələrin üzərinə düşən şəxsi xərclər kəskin artır: özəl klinikalar, repetitorlar, əlavə təhsil kursları, nəqliyyat və kommunal xidmətlər ailə büdcəsinin böyük hissəsini udur. 

Hokumət məşğulluq statistikası ilə oynayaraq işsizlik problemini ört-basdır edir; rəsmi statistika təcrübə xarakterli, qeyri-dayanıqlı işləri məşğulluq kimi sırıyır. Reallıqda böyük problem olan işsizlik isə gənclər arasında  iqtisadi, psixoloji, sosial perspektivlə bağlı ümidləri öldürür. Bunun doğurduğu reaksiyalardan biri gənclərin ölkəni kütləvi tərk etməsidir: daha yaxşı gəlir, daha ədalətli mühit və daha proqnozlaşdırıla bilən gələcək axtarışı gənc nəsli ölkədən didərgin salır. Üstəlik hər 2 nəfərdən biri pensiya və tibbi sığortasız qeyri-formal işlərdə çalışır. Bu isə yaxln gələcəkdə 100 minlərlə insanın pensiya hüququ qazanmadan cüzi məbləğdə ahıllıq müavinətinə möhtac qalacağı deməkdir.

Beləliklə, statitikadakı firavan həyatla reallıq arasındakı kəskin təzad cəmiyyətdə həm sosial yorğunluq, həm də etimad böhranı formalaşdırır. Rəqəmlər artıq real vəziyyəti gizlətmək gücünü itirib. Siyasi model isə istənilən dəyişikliyi boğduqca, renta hesabına idarə olunan status-kvo çökür. 

Bu halda hokumət xərcləri azaldacaq, borclanacaq və cəmiyyətdə sosial narazılıq dərinləşəcək. Bu üç variantın hər biri siyasi təsirləri ilə birlikdə gəlir: dövlət xərclərinin azalması əhalini daha da kasıblaşdırır, borclanma iqtisadi suverenliyi zədələyir, narazılığın dərinləşməsi isə rejimin legitimliyini sual altına qoyur. Yəni, artıq sosial müqavilənin bütün sütunları çökür. İnsanlara “sakitlik qarşılığında minimal rifah” vəd edən model artıq işləmir. Bu, avtoritar sistemin əsas dayağının çökməsi, yəni legitimlik böhranının xəbərçisidir (Seymour Martin Lipset, 1959).

Ya pul, ya qorxu

Postneft dövrünə istiqamətlənmiş avtoritar rejimlər üçün bir-birini təkzib edən iki yol qalır. Birinci yol həqiqi islahatlar yoludur. Bu halda siyasi güc monopoliyadan çıxmalı,siyasi sistemin tam hamayəsində olan iqtisadi qrupların dövlət resurslarına çıxışını təmin edən bütün imtiyazlar aradan qaldırılmalı, ümumilikdə siyasi hakimiyyətdə təmsil olunanların ya biznesdən, ya da siyasətdən çəkilmələri baş verməli, maraq toqquşaması ilə bağlı hüquqi mexanizmlər tam işə düşməlidir. Məhkəmə müstəqilləşməli, real parlament nəzarəti və seçki rəqabəti reallaşmalıdır. Bu isə rejimin uzun illər formalaşdırdığı dominantlığı könüllü şəkildə paylaşması, güc arxitekturasını dağıtması  deməkdir. Əliyevin bu formada özünüzəiflətmə addımı üçün nə siyasi iradəsi, nə institusional bazası mövcuddur. Buna görə də sistem instinktiv şəkildə ikinci yola, sərt avtoritarlaşmanın postmüxalifət dövrünə keçir. Yəni resursların azalmasını daha sərt güc tətbiqi ilə kompensasiya etməyə çalışır. Bunu reallaşdırmaq üçün isə repressiyanı daha da şiddətləndirir (Henry Hale, 2014). 

Yəni hazırda müşahidə etdiyimiz sərtləşmə təsadüfi və spontan proses deyil. Aşınan iqtisadi dayaqları qorumaq üçün zor aparatının işə salınmasıdır. Bunun ilk elementi təhlükə ritorikasının genişlənməsidir: sistem iqtisadi çətinlikləri ört-basdır etmək üçün ictimai diqqəti “daxili və xarici düşmənlərə” yönəldir və təhlükə hissi üzərindən siyasi reallığı idarə etməyə çalışır. Paralel olaraq polis–prokurorluq aparatının, DTX-nın fəallığı artır. Hüquq-mühafizə strukturları sosial davranışı tənzimləyən siyasi aktor kimi çıxış edir. Üstəlik Daxili İşlər Nazirliyinin qoşun qüvvələri—Daxili Qoşunlar artıq birbaşa prezidentə tabe edilir, əsasən mühafizə funksiyasından ibarət səlahiyyətləri  hüquq-mühafizə funksiyası istiqmətində genişləndirilir, hətta şəxsləri saxlama səlahiyyəti verilir  (Meydan TV, December 2025). 

Daha sərt avtoritarlaşmanın digər mühüm elementi düşmən uydurmaqdır . Rejim ictimai narazılığın ünvanını iqtisadi və idarəçilik problemlərindən uzaqlaşdırmaq üçün QHT-ləri, siyasi mühacirləri, medianı və hətta bir-birinə zidd Qərb-Rusiya təsirini daxili təhdid kimi təqdim edir. Bu narrativlə yanaşı qırmızı xətlər də genişlənir: hər tənqid, hər davranış, hər söz təhlükəli və qadağan olunmuş sayılır (Elman Fattah, Nov 2025). 

Beləliklə, vətəndaşların siyasətə dair sərbəst davranış sahəsi sıfırlanır və insanlar hərəkət edərkən “görünməz maneələr”lə toqquşaraq özlərini həbsxanalarda tapırlar.

Ancaq bu sərtləşmə nə qədər sistemli olsa da, problemi həll etmir. Repressiya yalnız böhranı yubatmağa qadirdir, çünki böhranın mənbəyi nə sabitliyin pozulmasıdır, nə də təhlükəsizlik riskləri. Böhranın mənbəyi idarəetmənin tükənməsidir. Hər şeyi qadağan etmək tənəzzülü dayandırmır, sadəcə onun gediş trayektoriyasını dəyişir: sosial narazılığı boğur, lakin struktur zəiflikləri daha da ağırlaşdırır və sistemin kritik nöqtəyə daha tez, daha əlverişsiz şərtlərlə çatmasına səbəb olur.

Sistemin tükənməsi

Avtoritar rejimlərdə informasiya axını təbiəti etibarilə təhrif edilmiş olur: yuxarıya yalnız “yaxşı xəbərlər” çatdırılır, pis xəbərlər isə müxtəlif filtr mexanizmləri vasitəsilə yumşaldılır. Bu da rəhbərliyi real vəziyyətdən uzaqlaşdırır və qərarların yanlış təsəvvür əsasında verilməsinə səbəb olur. Alternativ ekspertiza və ya müstəqil diaqnostika institutu olmadığı üçün sistem özünü qiymətləndirmək imkanını itirir. Nəticədə böhranın ilkin siqnalları hər hansı tədbirə məruz qalmadan dərinləşməyə davam edir (Jared Diamond, 2005).

Neft bumu illərində dollar axını idarəetmədəki səriştəsizliyi gizlədən yumşaq yastıq rolunu oynaya bilirdi. Səhv qərarlar pul ilə düzəldilirdi, qeyri-effektiv layihələr əlavə maliyyə ilə kompensasiya olunurdu, aparatın boşluqları sosial paketlərlə örtülürdü. Postneft dövründə isə bu imkan yoxdur – səhvləri düzəltməyə pul yoxdur! 

Yuxarıda göstərilən diaqram Azərbaycanın enerji gəlirlərinə əsaslanan idarəetmə modelinin yaxınlaşan böhranı mərhələlər üzrə vizuallaşdırır. Qrafik neft iynəsindən asılı olan iqtisadi sistemin resursların azalması, maliyyə gərginlikləri və sosial müqavilənin zəifləməsi səbəbindən tədricən siyasi sərtləşmə və legitimlik böhranına yuvarlanacağını proqnozlaşdırır. Diaqram postneft dövründə Azərbaycanın avtoritar idarəçilik modelinin hansı tarixi istiqamətə yönələ biləcəyini göstərir. Yalnız iki seçim var: ya nəzarətli islahatlar vasitəsilə mərhələli dəyişiklik (yol A), ya da idarə edilməyən və xaotik çöküş ssenarisi (yol B). 

2030-cu ilə doğru böhran mexanikası

2030-cu ilə yaxınlaşdıqca böhranın mexanikası daha aydın şəkildə üzə çıxacaq: qərarların gec verilməsi təkcə böhranın təsirini artırmır, həm də onun struktur xarakter almasına səbəb olur. Belə gecikmə istənilən böhranı zəncirvari təsirləri olan daha böyük gərginliklərə daşıyır. Aparat daxilində çaşqınlıq artacaq, məsul şəxslər risk götürməkdən qaçacaq, sistem bloklanmış mexanizmə çevriləcək. Hokumət yenə də böhranı idarə etmək əvəzinə, onu psixoloji səviyyədə “uzaqlaşdırmaq” üçün qərarlara üstünlük verəcək. Bu isə böhranın daha da dərinlərə nüfuz etməsinə səbəb olacaq.

Proses cəmiyyətin, hətta bürokratiyanın etimad toxumasını sürətlə aşındıracaq. Vətəndaşlar idarəetmə sisteminin reallıqla əlaqəsini itirdiyini hiss etdikcə, böhranın siyasi fazası – legitimlik defisiti işə düşəcək. Bürokratiya isə verilən qərarların nəticə doğurmadığını gördükcə, yox səviyyəsində olan təşəbbüs qabiliyyətini tamamilə itirirəcək və passiv-reaktiv davranışa keçəcək. İnstitusional funksionallığın bu cür eroziyası böhranı həm qaçılmaz, həm də daha dağıdıcı edir. Çünki resursların tükənməsi ilə yanaşı, onları idarə edə biləcək struktur da tükənir. Bu şəraitdə ən kiçik şok belə sistemi çökmə həddinə çatdıra bilər.

Donmuş sabitlikdən dərinləşən tənəzzülə

Büdcə yükü artdıqca ölkə tam olaraq fiskal tələyə düşür. Üstəlik, sadiqlik prinsipi ilə formalaşdırılmış dövlət aparatı böhran idarəçiliyi üçün lazım olan strateji düşüncə, çeviklik və analitik qabiliyyətdən məhrumdur (Venance Riblier, 2023). Bu səbəbdən böhran anlarında idarəetmə mexanizmləri iflic olur. Nəticədə idarəçilik aparatının effektivliyi hər il daha çox eroziyaya uğrayır.

Postneft dövründə isə iqtisadi sistem renta tamponundan məhrum olduqca, əvvəllər idarə edilən dalğalanmalar artıq ciddi dağıdıcı potensial qazanır. Manatın sabitliyi hələ ki, valyuta ehtiyatları hesabına qorunsa da, enerji qiymətlərində qlobal volatillik, regionda siyasi risklərin artması və beynəlxalq bazarlarda likvidlik problemləri kimi faktorlar ağır şoklara çevrilə bilər (BIS, 2023). Əgər sistemin müdafiə mexanizmi tükənmiş rentaya əsaslanmağa davam edəcəksə, o zaman hər kiçik təkan makroiqtisadi sabitliyi pozmağa qadirdir: manata təzyiq artır, idxal bahalaşır, inflyasiya dərinləşir və zəncirvari şəkildə də sosial gərginlik yüksəlir. 

Gözləntilərlə imkanlar arasında uçurum

Cəmiyyət uzun illər boyu dövlətin təmin etdiyi nisbi rifah və geniş sosial paketlərlə yaşadığından, gözləntilər real iqtisadi imkanları xeyli üstələyir. Postneft dövründə bu gözləntilərlə dövlətin real imkanları arasında yaranan uçurum daha da dərinləşəcək: ərzaq, enerji, yaşam tələbatı, təhsil və səhiyyə kimi sahələrdə artan xərc yükü cəmiyyətdə narazılığın yüksəlməsinə səbəb olur. Hokumət isə bu narazılığı cilovlamaq üçün köhnə ritorikaya, təhlükə və sabitlik diskursuna  qayıdır, lakin bu, iqtisadi reallıq qarşısında təsirsizdir. Nəticədə sosial psixologiyada “gözləmə fenomeni” adlandırılan vəziyyət öz yerini “çıxış yolu axtarışı”na verəcək ki, məhz bu andan etibarən bürokratik subordinasiya pozulur və cəmiyyətin sakitliyi öz yerini siyasi hesablaşmaya verir (Liene Ozolina, 2016).

Mövcud model postneft dövrünün tələblərin cavab vermədiyindən struktur islahatlar artıq qaçılmaz zərurətə çevrilib. Lakin siyasi iradə ən xırda islahatı qəbul etmədiyinə görə sistem öz-özünü tənəzzülə sürükləyən mexanizmə çevriləcək: kapital ölkəni tərk edəcək, sahibkarlıq zəifləyəcək, investisiyalar dayanacaq və iqtisadiyyat tədricən çökən modelə çevriləcək. Yəni islahatlar yalnız iqtisadi inkişaf üçün vasitə deyil, həm də sistemin ümumiyyətlə yaşaması üçün - bir qədər transformasiya olunmuş şəkildə də olsa - yeganə şansdır. Ancaq bu dəyişikliklərin baş verməməsi tənəzzülün sürətini daha da artıracaq.

Beləliklə, analiz göstərir ki, rejim islahatlara hazır deyil. Avtoritarizmin Azərbaycan modelində iqtisadiyyat 30 il ərzində renta ilə işləyib, sosial sabitlik subsidiyalarla qorunub, idarəetmə isə informasiya filtrindən qidalanan tək adamın qərarına bağlı olub. Bu səbəbdən sistem dəyişən qlobal və regional şərtlərə çevik reaksiya vermək qabiliyyətini itirib. Postneft mərhələsi isə məhz çevikliyi, institusional adaptasiyanı və şəffaflığı tələb edir. Azərbaycan modeli isə bu xüsusiyyətlərin heç birinə malik deyil. 

Xülasə, postneft dövrü Azərbaycanın idarəçilik modelinin özünü yenidən kəşf etməyə məcbur edəcək kəskin dönüş nöqtəsidir. Bu tarixi keçid sistemin legitimliyini, əhali ilə sosial müqaviləsini, idarəetmə metodlarını və iqtisadi dinamizmi eyni anda aşındırır. Mövcud model daha əvvəlki kimi nə sosial razılaşma yarada bilir, nə iqtisadi tampon qura bilir, nə də böhranları idarə etmək gücünə malikdir. Bu mərhələdə Azərbaycan avtoritarizmi ya öz-özünü dəyişəcək, ya da zaman onu ağır sınağa çəkəcək. 

İki mümkün yol

Birinci yol sistemin öz daxilində ardıcıl və mərhələli dəyişiklik aparmasını nəzərdə tutur: gücün əks-mərkəzləşməsi, şəffaf büdcə mexanizmləri, siyasi plüralizmin qismən bərpası və iqtisadi liberallaşmanın tədricən tətbiqi. Bu yol ağrılı olsa da, nəzarətli keçid imkanı yaradır və ölkəni xaotik sarsıntılardan qoruyur. Lakin belə bir transformasiya yalnız siyasi iradə, elitalar arasında razılaşma və cəmiyyətlə yeni sosial müqavilənin qurulması ilə mümkündür. Əfsuslar olsun ki, hazırkı siyasi konfiqurasiyada bu iradə yoxdur.

İkinci yolda transformasiya prosesini zamanın özü, daha sərt və daha dağıdıcı formada həyata keçirəcək. Xaotik çökmə ssenarisi iqtisadi tənəzzülün dərinləşməsi, sosial narazılığın kəskinləşməsi, aparat daxilində parçalanma,  nəzarətin itirilməsi kimi elementlərlə müşayiət olunacaq. Bu ssenaridə rejim böhranın arxasınca qaçacaq, böhran isə sistemin ən zəif yerlərini bir-bir dağıdacaq. Ölkədə alternativ siyasi mərkəzlərin ləğv edildyi postmüxalifət dövründə belə bir keçid prosesinə nə hakimiyyət, nə də cəmiyyət rəhbərlik edə biləcək. Proses öz-özünə və idarəolunmaz şəkildə baş verəcək.

Nəticə

Azərbaycan avtoritarizminin fundamental problemi tarixin ritmidir. Tarixi proseslər neft pullarının yaratdığı süni sabitlikdən daha güclüdür: Çünki tükənən resurs üzərində qurulan siyasi sistem uzunmüddətli davamlılığa malik ola bilməz. Neft dövrü tarixin ritmini ləngidə bildi, amma dəyişə bilmədi; postneft dövrü bu ritmi sürətləndirəcək və sistemi öz gerçəkliyi ilə üz-üzə qoyacaq. Zaman qarşıdadır və indiyə qədər onunla heç kim razılaşma imzalaya bilməyib. Bu, rejimin qarşılaşacağı ən sərt və qaçılmaz imtahandır.

Hazırki mərhələdə sistemin ən böyük zəifliyi məhz bu ritmi görməməsi, yaxud görmək istəməməsidir. Azərbaycan avtoritarizmi uzun illərdir böhranı kommunikasiya ilə örtməyə, dəyişiklik tələb edən struktural problemləri isə inzibati vasitələrlə yubatmağa öyrəşib. Lakin zamanın ritmi inzibati üsullarla dayandırıla bilməz: iqtisadi tükənmə dərinləşdikcə sosial müqavilə çökməyə başlayır. Tarixi proseslərin diktəsi Azərbaycanın qarşısına məcburiyyət kimi çıxır: ya sistem özünü yeniləyəcək və tarixi ritmlə ayaqlaşacaq, ya da həmin ritm onu kənara itələyəcək. Bu reallıqla üz-üzə qalmaq Azərbaycanın siyasi həyatında son otuz ilin ən ciddi sınağıdır və bu sınağı əvvəlki metodlarla adlamağa çalışmaq iynənin dəliyindən dəvə keçirmək qədər mümkünsüzdür.



İstinadlar

BRİ, Nov 2025. “Crude Oil Production Declines Rapidly In Azerbaijan” https://bakuresearchinstitute.org/xam-neft-hasilat-suretle-azalir/ 

BP, 2022. Statistical Review of World Energy.https://www.bp.com/content/dam/bp/business-sites/en/global/corporate/pdfs/energy-economics/statistical-review/bp-stats-review-2022-full-report.pdf 

IEA, 2022. Azerbaijan energy profile. https://www.iea.org/reports/azerbaijan-energy-profile/overview

World Bank,2024. Azerbaijan Economic Update. https://documents1.worldbank.org/curated/en/099734004042433748/pdf/IDU1f54cd5dd17f4514b501b0c11b241db869483.pdf 

Minenergy, 2024. Oil and gas figures were announced for 2024. https://minenergy.gov.az/en/xeberler-arxivi/00448 

president. az, 2024. AZERBAIJAN Energy projects. https://president.az/en/pages/view/azerbaijan/contract 

European Commission, 2021. European Climate Law. https://climate.ec.europa.eu/eu-action/european-climate-law_en 

SOFAZ, 2025a. Information as of September 30, 2025. https://oilfund.az/en/report-and-statistics/recent-figures  

SOFAZ, 2024. Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin icrası təsdiq edildi. https://oilfund.az/report-and-statistics/budget-information/52 

SOFAZ, Mission and Objectives. https://oilfund.az/en/fund/about/mission 

SOFAZ, Information as of September 30, 2025b. https://oilfund.az/en/report-and-statistics/recent-figures 

World Bank, 2024b.Azerbaijan. https://www.worldbank.org/ext/en/country/azerbaijan 

World Bank, 2024. Macro Poverty Outlook for Azerbaijan. https://documents.worldbank.org/en/publication/documents-reports/documentdetail/099734004042433748  

Réka Juhász, Nathan J. Lane, Dani Rodrik, 2023. THE NEW ECONOMICS OF INDUSTRIAL POLICY. https://www.nber.org/system/files/working_papers/w31538/w31538.pdf 

OCCRP, 2017. Azerbaijan Laundromat & Infrastructure Projects. https://www.occrp.org/en/project/the-azerbaijani-laundromat 

Ross, M. L. 2012. Why We Feel Unsafe When We Get Rich? Review on the Empirics of Corruption, Oil Rents and Insecurity in Nigeria. https://www.scirp.org/journal/paperinformation?paperid=100244  

Acemoglu, D. & Robinson, J, 2012. Why Nations Fail. p-34,37. https://ia801506.us.archive.org/27/items/WhyNationsFailTheOriginsODaronAcemoglu/Why-Nations-Fail_-The-Origins-o-Daron-Acemoglu.pdf 

Seymour Martin Lipset, 1959. Political. p-31,65 Man.https://dn720501.ca.archive.org/0/items/politicalmansoci00inlips/politicalmansoci00inlips.pdf 

Henry Hale, 2014. Patronal Politics. P-33,38 https://www.cambridge.org/core/books/patronal-politics/4C1B4D49A7F17739E75A5AB7B66E2115 

Meydan TV, December 2025. Daxili qoşunlara “saxlama” səlahiyyəti verilir: hərbi qurum mülki səlahiyyətlər qazanır. https://www.meydan.tv/az/article/daxili-qosunlara-saxlama-s%c9%99lahiyy%c9%99ti-verilir-h%c9%99rbi-qurum-mulki-s%c9%99lahiyy%c9%99tl%c9%99r-qazanir/ 

Elman Fattah, Nov 2025. The End of Politics in Azerbaijan: The Beginning of a Post-Opposition Era. https://kharcenter.com/en/expert-commentaries/the-end-of-politics-in-azerbaijan-the-beginning-of-a-post-opposition-era 

Jared Diamond, 2005. Collapse. P-419,420 https://travolution.org/wp-content/uploads/2024/01/Collapse__How_Societies_Choose_to_Fail_or_Succeed-Jared-Diamond.pdf 

Venance Riblier, 2023. The Fiscal Cost of Public Debt and Government Spending Shocks. https://arxiv.org/pdf/2309.07371 

BIS, 2023. Annual Economic Report. https://www.bis.org/publ/arpdf/ar2023e.htm 

Liene Ozolina, 2016. A state of limbo: the politics of waiting in neo-liberal Latvia. https://www.researchgate.net/publication/305748001_A_state_of_limbo_the_politics_of_waiting_in_neo-liberal_Latvia 

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin