Giriş
Sentyabrın sonunda Serbiya iqtidarı Rusiya ilə yeni qaz müqaviləsi imzalayaraq ölkə daxilində və xaricində pozisiyasını gücləndirəcəyindən çox ümidliydi, ancaq ABŞ-ın bir həmləsı kartların yenidən qarışdırılmasına səbəb oldu. Vaşinqton Belqrada indiyə qədər tətbiq etdiyi enerji sanksiyaları güzəştini dayandırdığını açıqladı, Moskva isə Serbiya ilə yeni qaz müqaviləsi imzalamağı rədd etdi.
İlin əvvəlindən bəri etiraz aksiyaları ilə qarşı-qarşıya qalan və ölkədəki avtoritarlaşma meyllərini ucuz qaz ritorikası ilə maskalayan Vuçiç iqtidarını indi çətin bir qış və xeyli mürəkkəb qərarlar gözləyir.
Təcrübə xüsusilə Avropa ölkələrində Rusiya ilə enerji münasibətlərinin sadəcə enerji ilə əlaqəli olmadığını, Moskva ilə tərəfdaş ölkələrin daxili və xarici siyasət kursunu da yönləndirdiyini göstərir. Macarıstan və Slovakiya bunun ən bariz nümunələridir. Avropa Birliyinə üzvlük iddiasında olan Serbiya da bu baxımdan çox fərqli deyil.
KHAR Center bu analizində Serbiyanın Rusiya ilə enerji bağını azaltmamaq üçün göstərdiyi müqavimətə və bunun ölkə üçün yaratdığı təhlükəyə, ucuz enerji ritorikası ilə maskalanmış avtoritarizm meyllərinə və Serbiya cəmiyyətinin buna müqavimət potensialına nəzər salır.
Analizin əsas sualları
Serbiyanın Rusiyadan enerji asılılığını şərtləndirən amillər nələrdir? Rusiya qaz tərəfdaşlığını dayandıracağı və ya limitləyəcəyi təqdirdə Serbiyanı nə gözləyir?
ENERJİ ASILILIĞI - MƏCBURİYYƏT YOXSA KÖNÜLLÜ TƏSLİMÇİLİK ?
Serbiya 2027-ci ildə Rusiya təbii qazından asılılığı sona çatdırmağı planlaşdıran Avropa İttifaqının hədəflərindən çox uzaqdadır. Hər nə qədər 2023-cü ildən etibarən Azərbaycandan əlavə qaz idxal etməyə başlasa və Serbiya-Bolqarıstan qaz bağlantısını tamamlayaraq ölkəni Cənub Qaz Koridoru və Trans Anadolu Təbii Qaz Boru Xəttinə (TANAP) bağlasa da, ölkənin enerji ehtiyacının çox böyük hissəsi Rusiyadan gələn qaz hesabına təmin olunur. Son analizlərə görə, Serbiyanın illik qaz ehtiyacı 2,7 milyard kubmetrdir və bunun 90 faizdən çoxu idxal olunur (Brkic, 2023a).
Serbiya Enerji Agentliyinin (ARES) mediaya təqdim etdiyi bilgilərə görə, 2023-cü ildə Serbiya idxal etdiyi təbii qazın 94 faizini Rusiyadan alıb. 2024-cü ildə bu faiz çox cüzi azalıb - 92%. Qalan 8% isə Macarıstan, İsveçrə və Azərbaycandan idxal edilib (Serbian Monitor, 2024a).
Burada diqqət çəkən bir nüans var - Serbiya Moskvadan qaz asılılığını Rusiyanın Ukraynaya böyük miqyaslı müharibə başlatmasından sonra daha da artırıb. Belə ki, 2021-ci ildə Serbiyanın Rusiyadan aldığı qaz həcmi ümumi ehtiyacın 89 faizi olub (Carnegie, aprel 2025). Daha əvvəllər - 2009-2019-cu illər arasında isə bu rəqəm 74% olub (Brkic, 2023b).
2022-ci ilin mayında - Rusiyanın Ukraynaya böyük miqyaslı müharibə elan etməsindən cəmi üç ay sonra Serbiya prezidenti Aleksandr Vuçiç müddəti 2021-ci ildə başa çatmış və müvəqqəti olaraq müddəti 6 ay artırılmış 10 illik qaz müqaviləsini uzatmaq barədə Putinlə razılığa gəldiklərini açıqladı. Vuçiç eyni zamanda Rusiya prezidenti ilə Serbiyadakı təbii qaz saxlama sahəsinin genişləndirilməsini də müzakirə etdiklərini söylədi (Euronews, 2022).
Rusiya ilə Serbiya arasında imzalanan 3 illik yeni müqavilə illik 2,2 milyard kubmetrlik qaz tədarükünü və bu qazın qiymətinin neft qiymətlərinə görə müəyyənləşəcəyini nəzərdə tuturdu. Serbiya hökuməti bu şərtlərdəki müqavilənin Moskvaya qarşı Qərb sanksiyalarının ən ciddi dönəmində Vuçiç iqtidarının Rusiyaya göstərdiyi sədaqətin - sanksiyalara qoşulmamanın mükafatı olduğuna dair iddiaları rədd etdi. Ölkənin baş naziri prinsip olaraq sanksiyalara qarşı çıxdıqlarını söylədi (Balkan İnsight, 2022).
Boşa çıxan yeni müqavilə ümidi
Ancaq prosesin sonrakı gedişatı Rusiyanın qərarlarında məhz “Moskvaya sədaqət” faktorunun həlledici olduğunu göstərdi. İki ölkə arasındakı müqavilənin başa çatma müddətinə bir neçə ay qalmış Putin Vuçiçi yeni müzakirələr üçün Rusiyaya dəvət etdi. Bu dəvət həm 22-24 oktyabr 2024-cü ildə Kazanda keçirilən BRİCS toplantısında iştirak, həm də yeni qaz müzakirələri üçün idi. Ancaq Vuçiç Putinin dəvətini o tarixdə mühüm xarici qonaqlarımız var deyə qəbul etmədi, daha sonra isə dəvəti nə qəbul, nə rədd etdiyini açıqladı (Serbian Monitor, 2024 b).
Serbiyanın davamlı “yaxında imzalanacaq” deməsinə baxmayaraq, Rusiya müddəti may ayında bitən müqaviləni uzatmadı. Bu ilin mayında Vuçiç Avropa İttifaqının etirazlarına baxmayaraq Moskvada keçirilən 9 May paradında iştirak etdi və yenə də Putin ilə uzun müddətli müqavilə mövzusunu müzakirə etdiklərini söylədi. (Seenews, 12 may 2025a).Ancaq bu dəfə müqavilənin imzalanacağından çox əmin görünmürdü - mütəxəssislərin yeni uzunmüddətli müqavilə hazırlayacaqlarını, o müqavilə imzalanana qədər mövcud şərtlərdə qaz almağa davam edəcəklərini söylədi (Seenews, 12 may 2025b).
Əvəzində Serbiyanın təbii qaz idxalatçısı və paylayıcısı olan “Srbijagas”ın baş direktoru Dusan Bajatoviç “Qazprom” ilə 10 illik, ildə 2,5 milyard kubmetrlik yeni müqavilənin may sonuna qədər imzalanmasını gözlədiklərini bildirdi (Seenews, 13 may 2025).
Ancaq müqavilə imzalanmadı, bunun əvəzinə əvvəlki müqavilənin müddətinin sentyabra qədər uzadılmasına qərar verildi. Bajatoviç növbəti açıqlamasında yeni müqavilənin iyunda Sankt Peterburqda keçiriləcək Beynəlxalq İqtisadi Forumda imzalanacağını dedi. Bu dəfə müddəti də korrektə etdi - yeni müqavilənin 3 illik müddətə imzalanacağını, bu müddətin davamının Ukraynadakı müharibə səbəbilə Rusiyaya tətbiq olunan sanksiyalara və Aİ-nin 2027-ci ilin sonuna qədər rus qazının idxalını dayandırma planına bağlı olacağını söylədi (İntellinews, may 2025). Lakin iyun ayında da, sonrakı aylarda da müqavilədən səs çıxmadı.
Prezident Vuçiç sentyabrın əvvəlində Çində Putinlə görüşdükdən sonra Moskva ilə Belqradın yeni bir müqavilə imzalamağa hazırlaşdığını açıqladı. Vuçiç “Qaz müqaviləsinin uyğun şərtlərdə olacağına dair təminat aldıq. Sentyabrın sonuna qədər irəliləmələr olacağına inanıram” deyərək yeni müqavilənin anonsunu verdi. (AA, sentyabr 2025)
Sentyabrın sonunda yenə Bajatoviçə istinadla iki ölkə arasında yeni müqavilənin imzalanacağı xəbəri yayıldı. Xəbərdə illik 2,5 milyard kubmetrlik yeni müqavilənin oktyabrda imzalanmasının gözlənildiyi bildirilirdi (Reuters, sentyabr 2025).
Serbiya prezidenti Vuçiç də oktyabr sonuna qədər yeni müqavilə imzalanmasını gözlədiklərini açıqladı (TASS, oktyabr 2025). Ancaq bu açıqlamasından bir neçə gün sonra Vuçiç “Qazprom”un yeni bir müqavilə deyil, 31 dekabra qədər müvəqqəti uzatma təklif etdiyini açıqladı və bundan məyus olduğunu gizləmədi. Serbiya prezidenti ölkənin ehtiyacı olan qazın az qala bütövlükdə idxal edildiyini söylədi və “qısa müddətli həll yollarıyla bu səviyyədəki bir enerji asılılığı idarə edilməz” dedi (Bloomberg, oktyabr 2025).
Vuçiç az qala bir ildir davam edən yeni müqavilə müzakirələrinin nəticəsizliyini Qərbin sanksiyalarına bağladı: “Niyə yeni ilə qədər uzadırlar? Məntiq çox sadədir və bunu gizlətməyəcəyəm. Bizə bunu demək istəyirlər - əgər NİS və ya başqa bir şeyi milliləşdirməyə başlasanız, 31 dekabrda qazı kəsə bilərik. Bu, mənim üçün hər mənada çox-çox pis bir mesajdır" (Seenews, oktyabr 2025).
NİS böhranı
Diskussiyaların mərkəzindəki NİS ( Naftna İndustrija Srbjie) - Serbiyanın neft və qaz yataqlarına, Pançevo neft emalı zavoduna, anbarlara və bütün Balkanları əhatə edən 400-dən çox yanacaqdoldurma məntəqəsinə sahib olan şirkət - Rusiyanın nəzarəti altında və Qərb sanksiyalarının hədəfindədir.
Belqrad hökuməti 2008-ci ildə dəyəri 2 milyard avro olan NİS-in hissələrinin 51 faizini 400 milyon avro və Serbiyanı Avropaya qaz tədarük etməsi nəzərdə tutulan “Cənub Axını” (South Stream) boru xətti layihəsinə daxil etmə vədi qarşılığında “Qazprom Neft”ə satdı. O dövrdə bu anlaşma Rusiyanın Kosovo məsələsində Serbiyaya dəstək verməsi üçün atılmış siyasi addım olduğu və Serbiyanın buradan qazancının olmadığı arqumentiylə ciddi tənqidlərə məruz qaldı. Müqavilənin imzalandığı günlərdə “Cənub Axını”nın vəd edildiyi şəkildə və vaxtda reallaşacağına dair şübhələr də davam edirdi (Atlantic Council, 2008)
2011-ci ildə “Qazprom Neft” əlavə 5,15 fazilik səhm alaraq NİS-in 56,15 faizlik hissəsinə sahib oldu (Brkic, 2023c). 2014-cü ildə “Cənub Axını” layihəsi rəsmən dayandırıldı. (AA, 2014)
Qərarın ən çox ziyan vurduğu ölkələrdən biri heç şübhəsiz Serbiya oldu. Çünki ekspertlərə görə, Belqrad layihə hazırlığı üçün 30 milyon avro xərcləmiş, bundan əlavə, “Cənub Axını”ndan gələcək potensial 200 milyon avroluq tranzit vergisi gözləntisi və Serbiya inşaat şirkətləri üçün 450 milyon avroluq müqavilə vədləri boşa çıxmışdı. Bunlardan daha da mühümü, NİS məhz “Cənub Axını” üçün dörddə bir qiymətinə satılmışdı. Ancaq Rusiya ilə imzalanan müqavilələrin heç birində təzminat və ya hissələri geri alma nəzərdə tutulmurdu və bu səbəbdən Serbiyanın heç bir zərəri də ödənmədi (Radio Slobodna Evropa, 2014).
Serbiya hökuməti bu qərardan sonra Rusiya ilə əlaqələri daha da gücləndirdi, NİS “Qazprom Neft”in sahibliyində fəaliyyətinə davam etdi. 2022-ci ildə Rusiya Ukraynanı işğal planını davam etdirməyə qərar verincə Qərb bir çox Rusiya şirkəti kimi “Qazprom Neft”ə də embarqo tətbiq etdi (OFAC, 2022). Bu, Serbiyanın ən böyük neft və qaz şirkətinin də avtomatik olaraq embarqo siyahısına düşməsi deməkdi.
“Qazprom Neft” Aİ sanksiyalarından yayınmaq üçün 2022-ci ildə NİS hissələrinin 6 faizini “Qazprom”a satdı və bu kosmetik dəyişikliklə NİS embarqolarının qarşısını ala bildi (Serbian Monitor, fevral 2025 a). Bundan sonrakı 3 il müddət ərzində Aİ və onunla koordinasiyalı şəkildə ABŞ bir neçə dəfə NİS-ə qarşı embarqoları müvəqqəti təxirə salma qərarı verdi.
Bu ilin yanvar ayında ABŞ Xəzinə Nazirliyi NİS-in adının da daxil edildiyi, embarqo tətbiq olunacaq yeni sanksiya siyahısını açıqladı. Bu siyahı “Qazprom Neft” və “Surqutneftqaz” ilə onların 50 faizdən çox hissəsinin olduğu 20-dən çox şirkəti əhatə edirdi (US Department of Treasury, yanvar 2025 ).
Fevral ayında Belqrad Birjası NİS-in mülkiyyət strukturunun dəyişdiyini açıqladı. Buna görə, “Qazprom Neft” hissələrinin 5 faizini hər hansı satış və ya təzminat olmadan “Qazprom”a təhvil verdi. “Qazprom”un hissəsi əvvəlki paylarla birlikdə 11,30 faizə çıxdı. Ekspertlər bu dəyişikliyin ABŞ Xəzinə Nazirliyinin 10 yanvarda açıqladığı sanksiyaları dəlmə məqsədli həyata keçirildiyini bildirdilər (Serbian Monitor, fevral 2025 b). Bunun sayəsində NİS Tramp administrasiyasından 30 gün möhlət almağı da bacardı. Daha sonra bu möhlətlər bir neçə dəfə də uzadıldı (Vedomosti, oktyabr 2025a).
Rəsmi rəqəmlərə görə, hazırda NİS hissələri bu şəkildə bölünüb - “Qazprom Neft” (44,85%), Serbiya Respublikası (29,87 %), “İntelligence” (11,30 %) və qalan hissədarlar (13,98%) (NİS, 2025). Sankt-Peterburq mənzilli “İntelligence” “Qazprom”un törəmə şirkətlərindən biridir. NİS-dəki “Qazprom” hissələri ona bu ilin sentyabr ayının sonunda ötürülüb. (Vedomosti, oktyabr 2025b)
Bu kosmetik dəyişiklikdən sonra NİS sanksiya siyahısından çıxarılması üçün Vaşinqtona yenidən müraciət edib (European Western Balkans, oktyabr 2025). Ancaq indiyə qədər hissələrin bir cibdən alınıb digər cibə qoyulması yoluyla sanksiyalardan qaçan Serbiya hökuməti üçün ayrılan müddət səkkizinci cəhddə sona çatdı - ABŞ Maliyyə Nazirliyi güzəşt müddətini 26 sentyabrdan 9 oktyabra qədər uzatdı. 9 oktyabrdan sonra bir daha güzəşt müddətinin uzadılmayacağı açıqlandı (RFERL, oktyabr 2025).
Xorvatiyadakı Adriatik boru xətti JANAF sanksiyalar səbəbilə NİS ilə əməkdaşlığı dayandıracağını açıqladı. NİS bütün xam neft idxalını JANAF vasitəsilə həyata keçirir. Vuçiç NİS-in Pançevodakı neft emalı müəssisəsinin JANAF-dan xam neft gəlmədən fəaliyyətini ancaq noyabrın əvvəlinə qədər davam etdirə biləcəyini açıqladı (Seenews, oktyabr 2025).
Serbiya mətbuatının yazdığına görə, ABŞ sanksiyalarının faktiki olaraq başlamasından sonra Vuçiç Rusiyaya NİS-in Qazpromdakı payının bir qisminin vəziyyət düzəlincə geri vermək şərtiylə Belqrada satılmasını təklif edib. Ancaq Moskvanın bu təklifi xoş qarşılamadığı, hissələrin üçüncü ölkəyə - Rusiya bunun amerikalılar olmasını istəyir - satılması məsələsinin müzakirə edildiyi bildirilir (Vreme, oktyabr 2025a).
Srbijagas bağı
NİS böhranı, Rusiyanın Serbiya enerji sektorundakı təsirinin yalnız bir hissəsidir. Bu təsirin əsas daşıyıcısı isə enerji sisteminin özüdür. Serbiya neft və qaz bazarı üzərindəki monopoliyanın Qərb ilə hərbi-siyasi ziddiyyətdə olan xarici qüvvə tərəfindən idarə olunduğu yeganə Avropa ölkəsidir. Ekspertlərə görə, sanksiyalara baxmayaraq Belqrad Rusiya qaz və neftindən saxta asılılığını davam etdirmək üçün əlindən gələni edir. Bu sayədə “Qazprom” ilə “Lukoil” (Serbiya bazarının 10 faizini idarə edir) birlikdə Serbiya bazarının 80 faizini əlində saxlayırlar (Vreme, oktyabr 2025b).
Serbiyanın daxili qaz bazarındakı əsas aktor “Qazprom”dur. Şirkət 2009-cu ildə Serbiyanın cənub regionlarına təbii qaz idxalı, çatdırılması, saxlanması və paylanması məqsədilə qurulan “Yugorosgaz”ın böyük ortağıdır. “Yugorosgaz” hissələrinin 75 faizi “Qazproma” məxsusdur - bunun 50 faizi birbaşa “Qazprom Export”da, 25 faizi isə “Qazprom”un Avstriyada qurduğu törəmə şirkət olan “Centragas Holding”dədir. Qalan 25 faizlik hissə isə Serbiyanın dövlət qaz şirkəti “Srbijagas”a məxsusdur. Şirkət Serbiyaya təbii qaz gətirir, xüsusilə Nis, Leskovac, Vranje kimi cənub və şərq bölgələrdə boru xətlərini işlədir, sənaye müəssisələrini və bələdiyyələri qazla təmin edir, eyni zamanda “Srbijagas” vasitəsilə milli şəbəkəyə topdan qaz satışını həyata keçirir (Energy Community Secretariat – Case ECS-13/17).
2023-cü ildə sınaq fəaliyyətinə başlayan Serbiya-Bolqarıstan qaz bağlantı xəttinin tikintisinə qədər Serbiya öz ərazisində olan, ancaq böyük hissəsi Qazproma məxsus boru xətlərindən tamamilə asılıydı. Hazırda Rusiya qazı “Türk Axını” layihəsinin bir qanadı olan “Balkan Axını” vasitəsilə Serbiyaya çatdırılır. “Türk Axını”nın Serbiya hissəsi də böyük ölçüdə Rusiyaya aiddir və əsasən Rusiya qazı daşıyır. Son iki ildə boru kəmərinin yalnız 10 faizlik hissəsi bir neçə Avropa şirkətinə açılıb (Serbian Monitor, 2024).
Serbiyanın yeganə yeraltı qaz anbarı “Banatski Dvor”un da əsas sahibi 51 faizlik hissəylə “Qazprom”dur. Ölkənin təbii qaz infrastrukturu üzərində əsas söz sahibi olan “Qazprom”un maraqlarının əsas icraçısı isə dövlət şirkəti Srbijagasdır (Support4partnership, 2021).
“Srbijagas”ın rəhbərliyini 18 ildir Dusan Bajatoviç həyata keçirir. O, hökumət koalisiyasının ortağı olan Serbiya Sosialist Partiyasının sədr müavinidir. Bajatoviç eyni zamanda Moskvanın ölkədəki əsas adamlarından biri olaraq tanınır. Serbiyada 2023-cü ildə keçirilən seçkilərdə Bajatoviç Rusiyanın Ukraynaya təcavüzünü açıq şəkildə dəstəkləyən bəyanatları, bu təcavüzün simvolu olan Z hərfi yazılmış köynəklə seçki mitinqində iştirak etməsi, Rusiyadan aldığı dövlət mükafatı ilə dəfələrlə gündəliyə gəlib (Support4partnership, 2024). Bajatoviç bu ayın əvvəlində də Rusiyanın Voyvodina bölgəsində fəxri konsulu vəzifəsinə təyin edilib (Vreme, oktyabr 2025).
Yuxarıda qeyd edilənlər Serbiyanın Rusiyadan enerji asılılığının bir məcburiyyət deyil, könüllü seçim olduğu göstərir. Ekspertlər də Belqradın bu asılılığı azaltma məsələsində alternativsiz olmadığını vurğulayırlar. Serbiyalı enerji mütəxəssisi Miodraq Kapor 2022-ci ildə Rusiya qazından asılılığı 90 faiz olan Bolqarıstanın bu gün həmin ölkədən qaz idxal etməməsini nümunə göstərir və Belqradın rus qazından saxta asılılığı uzatmaq üçün əlindən gələni etdiyini bildirir (Miriloviç, oktyabr 2025a).
Başqa bir enerji eksperti Aleksandr Kovaçeviç də ölkəsinin Rusiya qazından ifrat asılılığının texniki və ya bazar şərtlərindən daha çox siyasi seçimə bağlı olduğunu bildirir: “Şaxələnmə üçün infrastruktur var, ancaq qərar verənlər şaxələnmə əvəzinə “Qazprom”la ortaqlığı seçib”. (Serbia Business, iyun 2025)
Rusiya ilə tarixi yaxınlıq, Moskvanın Belqradı nüfuz dairəsində saxlamaq üçün Kosovonun müstəqilliyini tanımaması və etnik serbləri dəstəkləmə siyasəti, ölkədəki Avropa İttifaqına etimadsızlıq da Vuçiç iqtidarının bu asılılığı problemsiz və cəmiyyət tərəfindən sorğulanmadan davam etdirməsinə imkan verir.
“A LA CARTE” SİYASƏTDƏN GÜVƏNİLMƏZ ORTAQLIĞA
Serbiyadakı mənzərə iqtidarın öz əli ilə yaratdığı və böyütdüyü Rusiya asılılığının artıq öz ayağına dolaşdığını göstərir. Sosial sabitliyin əsası kimi təqdim olunan ucuz qaz siyasəti artıq olduqca kövrək zəmində irəliləyir - Qərb Rusiyadan enerji asılılığını və enerji bazarındakı Rusiya dominantlığını azaltması üçün Serbiyanı sıxışdırır (Reuters, oktyabr 2025), Moskva dəyənək və kökə prinsipinə uyğun olaraq istədiyi vaxt ucuz qaz satır, istədiyi vaxt kranı bağlamaqla hədələyir (Miriloviç, oktyabr 2025b), ölkə daxilində isə 2024-cü ildə Novi Saddakı dəmiryolu vağzalının tavanının çökməsi nəticəsində 16 nəfərin ölməsindən sonra başlayan və hələ də davam edən etiraz aksiyaları Vuçiçin daimi baş ağrısına çevrilib (AP, sentyabr 2025).
Vuçiç iqtidarda olduğu müddət ərzində xarici siyasətdə Qərblə həmrəylik yerinə “a la carte” xəttini yürütməyi seçdi - həm Aİ fondlarından və iqtisadi imkanlarından faydalandı, həm Rusiyanın Kosovo məsələsindəki mövqeyindən və bol təbii qazından öz mənafeləri üçün istifadə etdi, həm də Çin və digər Qərblə qeyri-dost ölkələrlə iqtisadi münasibətlər qurdu. Belqradın hər hansı blokda olmaqdan qaçma və öz oyununu oynama siyasəti ona qısa müddətli iqtisadi fayda gətirdi, eyni zamanda bundan istifadə edərək avtoritarlaşma meyllərini maskalamasına da kömək etdi. Ancaq bütün bunlar Vuçiçi uzun vədədə nə Avropa İttifaqı, nə də Rusiya üçün güvənilən müttəfiqə çevirmədi (Morina ve Vascotto, fevral 2025).
Avropadan qaz istəyi
Serbiya prezidenti oktyabrın 15-də Belqrada gələn və mətbuat konfransında demokratiyalar və avtokratiyalar arasında uçurumun dərinləşdiyi dünyada Belqradın yerini seçməli olduğunu söyləyən Avropa Komissiyasının sədri Ursula fon der Leyendən çətin keçəcəyi gözlənilən qış üçün enerji dəstəyi istədi (AP News, oktyabr 2025a).
Leyen isə Bolqarıstan-Serbiya qaz xəttinin serbiyalıların evlərinin qış boyunca isti olmasını təmin edəcək mühüm layihə olduğunu vurğulayaraq Belqradı Rusiyadan asılılığını azaltmağa və Avropa İttifaqının ortaq qaz alma mexanizminə qatılmağa dəvət etdi (Reuters, oktyabr 2025).
Avropa Komissiyasının sədri eyni zamanda Vuçiçdən Avropa İttifaqına üzvlük hədəfinə dair konkret addımlar atmasını tələb etdi. Aİ rəsmisi hüququn aliliyi ilə seçki qanunvericiliyi və media azadlığı sahəsindəki islahatların aparılmasını bu sahədə ilk addımlar olaraq saydı, eyni zamanda Serbiyanın güvənilən ortaq olduğunu göstərməsi üçün Rusiyaya sanksiyalar da daxil olmaqla ittifaqın xarici siyasətinə uyğun davranmasını istədi: “Təzyiq yerinə azadlığı, təslimçilik yerinə ortaqlığı, güc tətbiqi yerinə diplomatiyanı dəstəkləyirik” (AP News, oktyabr 2025b).
Bu ərəfədə Avropa Parlamenti də Serbiyadakı qütbləşmə və iqtidarın cəmiyyətə təzyiqlərini müzakirəyə çıxarmağa hazırlaşır.
Vuçiçin əndişəsi və hər kəsdən dəstək istəməsi başa düşüləndir - enerji sahəsindəki çıxılmazlığın ölkədə az qala bir ildir davam edən və iqtidarın zor tətbiqi nəticəsində get-gedə artan daxili gərginliklə birləşməsi Serbiya üçün olduqca çətin bir qış vəd edir.
Sanksiyalara bağlı işdən çıxarmalar, yanacaq qiymətlərinin və buna bağlı olaraq ümumilikdə qiymətlərin artması məcburiyyətə çevriləcək ki, bu da Vuçiçin daxili siyasətdəki vəziyyətini daha da çətinləşdirəcək.
Dinməyən etirazlar
Ölkədə keçən ilin noyabrından bəri sistematik etiraz aksiyaları keçirilir ki, əslində bunun da kökü yenə Serbiya iqtidarının “a la carte” xarici siyasətlə maskaladığı avtoritarizm, qeyri-şəffaflıq və korrupsiya hekayəsinə gedib çıxır.
Serbiya iqtidarının dövlət tenderi keçirmədən Çin ilə hökumət sazişi çərçivəsində başlatdığı Belqrad-Budapeşt sürət qatarı layihəsinin bir hissəsi olan Novi Sad stansiyasının beton tavanı keçən il noyabrın 1-də çökdü. Biri 19 yaşındakı tələbə olmaqla 16 nəfərin öldüyü bu faciə ölkədə ciddi etirazlara səbəb oldu - etirazçılar hökuməti korrupsiya, qeyri-şəffaflıq və qeyri-hesabatlılıqla ittiham etdilər. Universitet tələbələrinin hər gün faciənin olduğu saat 11:52-də 16 qurbanın xatirəsinə 16 dəqiqəlik sükut aksiyası ilə başlayan və “Serbia, stop” şüarı ilə yayılan etirazlar qısa müddətdə bütün ölkəyə yayıldı və 2025-ci ilin əvvəlində Serbiyada son 25 ilin ən kütləvi və xalq tərəfindən ən çox dəstəklənən hərəkata çevrildi (European Parliament, sentyabr 2025a).
İqtidarın avtoritarlaşma meyllərinə etirazlar, küçə nümayişləri və böyük mitinqlər Serbiya üçün yenilik deyil. Vuçiçin iqtidarda olduğu 2017, 2018, 2020 və 2023-cü illərdə də dəfələrlə böyük miqyaslı etiraz aksiyaları keçirilib. Vuçiç siyasi rəqiblərini xarici agent elan etməklə, polis və digər hüquq-mühafizə orqanlarının gücündən istifadə ilə indiyə qədər vəziyyəti nəzarət altında saxlaya bilib (Morina ve Vascotto, fevral 2025b).
Ancaq Novi Sad hərəkatı Vuçiçin daha əvvəllər asanlıqla yatırdığı etiraz aksiyalarına bənzəmədi. Gənclərin çoxluqda olduğu etiraz aksiyaları nəticəsində baş nazir Miloş Vuçeviç və Novi Sad bələdiyyəsinin sədri istefa verdi, ancaq etirazçılar əsas tələbləri olan növbədənkənar seçki istəyindən vaz keçmədilər. İlk aylarda etirazlara sərt müdaxilə etməyən serb iqtidarı iyun ayında Belqradda keçirilən 140 min nəfərlik mitinqdə etirazçılara güc tətbiq etdi. Sonrakı həftələrdə də etiraz aksiyaları hüquq-mühafizə orqanlarının sərt müdaxilələriylə davam etdi. Avqust ayında Vuçiç etirazçıları “dövləti yıxmağa çalışan terrorçular” adlandırdı, ancaq etirazlar dayanmayınca tələbələrin nümayəndələrini televiziyada dialoqa dəvət etdi. Tələbələr yalnız yeni seçkilər elan edilincə müzakirəyə hazır olduqlarını bildirərək təklifi rədd etdilər (European Parliament, sentyabr 2025b).
Güc nümayişi
Sentyabr ayında nümayişçilərə hüquq mühafizə orqanlarının müdaxilələri daha da sərtləşdi. Etirazları dəstəkləyən 100-dən çox universitet professoru işdən qovuldu və yerinə prezidentə sadiq adamlar təyin edildi. İqtidar partiyası da Vuçiçə dəstək aksiyaları keçirməyə başladı (Al Jazeera, sentyabr 2025). Sentyabrın 20-sində isə Vuçiç 10 min əsgəri, Rusiyadan alınan tankları, Çindən alınan hava müdafiə sistemlərini, Birləşmiş Ərəb Əmirliklərindən alınan dronları, İsraildən alınan top qurğularını və Fransadan idxal etdiyi hərbi təyyarələri Belqrada toplayaraq ölkə tarixinin ən böyük hərbi paradını təşkil etdi. Bu parad ordunun gücünü göstərməkdən daha çox, gedərək avtoritarlaşan iqtidarı üzərindəki beynəlxalq təzyiqin artması və sanksiyalarla sarsılan populist Vucic rejiminin güc nümayişi olaraq dəyərləndirildi. (AP News, sentyabr 2025)
Bu, eyni zamanda Vuçiçin indiyə qədərki ucuz enerji və sabitlik ritorikasına yeni və ciddi bir diskursun - təhlükəsizliyin əlavə olunması demək idi. Serbiya prezidenti bu nümayişlə indiyə qədərki Rusiyadan güvənli enerji tədarükü və “ucuza isti ev”lərlə (B 92, avqust 2025) öyünən lider imicinə tanklar, hərbi təyyarələr və s. Kimi ordunun gücü ilə simvolizə olunan çalarlar əlavə etməyə çalışdı.
Ancaq bu da etirazların dinamikasına təsir etmədi. Oktyabrın əvvəlində Novi Sad faciəsinin 11-ci ayında ölkənin müxtəlif yerlərində on minlərlə insan yenə küçələrə çıxdı. Hakimiyyət bu dəfə güc tətbiq etmədi. Doğrudur, hələlik Vuçiçin 2027-ci ildə keçirilməli olan seçkiləri vaxtından əvvələ çəkmə tələbini yerinə yetirmə ehtimalı azdır, ancaq bütün cəbhələrdə artan təzyiqləri hərbi parad və ya buna bənzər cəhdlərlə ört-basdır etmək və ya zəiflətmək də mümkün görünmür.
NƏTİCƏ
Faktlar və onların təhlili göstərir ki, Serbiyanın Rusiyadan enerji asılılığı bir məcburiyyət və ya zərurət deyil, siyasi seçimdir. Vuçiç iqtidarı enerji və onun infrastrukturu üzərindəki total nəzarətin Moskvada olmasından məmnundur - Rusiyadan ucuz qaz və Moskvanın nəzarəti altında hesabatlılığı olmayan enerji sektoru həm də Vuçiçin iqtidarda qalmasının əsas dayağıdır.
Ancaq indi Belqrad faktiki olaraq ölkə daxilindəki ən böyük arqumenti olan enerji təhlükəsizliyi məsələsində ciddi seçim qarşısındadır və mümkün iki ssenaridən birini seçməyə məcburdur.
- Avropa İttifaqının təklif etdiyi ortaq qaz alma mexanizminə qoşulma, enerjinin şaxələndirilməsi üçün təklif olunan digər variantlara (Bolqarıstan-Serbiya xətti kimi) üstünlük vermə, NİS-i milliləşdirmə və ya Rusiyadan asılılığını azaltma və Rusiyaya qarşı sanksiyalara qoşulma.
- Mövcud status-kvonu saxlamaq, Moskva ilə müqaviləni qısa uzatmalar yoluyla davam etdirmə, Macarıstan kimi müttəfiqlərin də dəstəyini alaraq Rusiyadan qaz asılılğını qoruma və NİS-in mülkiyyətində saxta dəyişiklik yoluyla sanksiyalardan qaçma.
Hər iki ssenarinin də Vuçiç iqtidarı üçün riskli tərəfləri var. Digər böyük risk isə eyni zamanda “a la carte” siyasətin iki subyektinin - həm Brüsselin, həm Moskvanın qəzəbini öz üzərinə çəkməkdir.
Bu risk paralel olaraq Vuçiçi daxili siyasətdə də təhdid edir. Serbiya prezidenti indiyə qədər enerji təhlükəsizliyi və iqtisadi böyümənin daxili siyasətdəki bütün qüsurları ört-basdır edəcəyinə inanırdı. Serbiya cəmiyyətinin tarixi narrativlər, millətçi təbliğat və real problemlərin sintezi ilə formalaşmış Qərb şübhəçiliyi və Rusiya simpatiyası da bu nöqtədə Vuçiçin işinə yarayırdı.
İndi bu inamın ən böyük açarı - ucuz enerji - təhlükə altındadır. Onun gətirəcəyi ziyan Vuçiçlə cəmiyyət arasındakı konsensusu poza bilər. Ölkədəki etiraz aksiyalarının xarakteri və miqyası gösətir ki, Serbiya cəmiyyəti artıq korrupsiyanın, qeyri-şəffaflığın artmasından, hüququn aliliyinin və media azadlığının təmin olunmamasından narahatdır - yəni demokratiya və insan haqları probleminin də fərqindədir. (Hartwell, 2024)
Vuçiç enerji böhranını həll edə bilməsə, üzləşdiyi problemlərə yeniləri əlavə olunacaq. Proses göstərir ki, Vuçiç problemin Moskva ilə birlikdə və Moskvanın istədiyi şəkildə həllinə çalışır. Moskvadan ən son gələn “ABŞ-ın yaratdığı saxta problemi serbiyalı dostlarımızla, 2008 müqaviləsi (NİS-in satışı) çərçivəsində həll etməyə çalışırıq” açıqlaması da bunu göstərir (TASS, oktyabr 2025). Ancaq Qərbin, xüsusən də ABŞ-ın buna göz yumması mümkün olacaqmı, söyləməl çətindir.
İSTİNADLAR
Brkic, Dejan, 2023a. Serbian Energy Sector in a Gap Between East and West
https://journals.sagepub.com/doi/10.1177/01445987231215445
Serbian Monitor, 2024a. From the Kremlin to Washington: How far is Serbia from energy independence? https://www.serbianmonitor.com/en/from-the-kremlin-to-washington-how-far-is-serbia-from-energy-independence/
Carnegie, aprel 2025. How Eastern Europe Overhauled Its Natural Gas Markethttps://carnegieendowment.org/research/2025/04/how-eastern-europe-overhauled-its-natural-gas-market?lang=en
Brkic, Dejan, 2023b. Serbian Energy Sector in a Gap Between East and West
https://journals.sagepub.com/doi/10.1177/01445987231215445
Euronews, 2022. Serbia's Vucic says agreed 3-year gas supply contract with Putin
https://www.euronews.com/2022/05/29/us-ukraine-crisis-serbia-russia
Balkan İnsight, 2022. Serbian PM Denies Gas Deal With Russia Linked to Sanctions
https://balkaninsight.com/2022/05/30/serbian-pm-denies-gas-deal-with-russia-linked-to-sanctions/
Serbian Monitor, 2024b. From the Kremlin to Washington: How far is Serbia from energy independence? https://www.serbianmonitor.com/en/from-the-kremlin-to-washington-how-far-is-serbia-from-energy-independence/
Seenews, 12 may, 2025a.Serbia's Vucic eyes new gas deal with Russia after meeting Putin
https://seenews.com/news/serbias-vucic-eyes-new-gas-deal-with-russia-after-meeting-putin-1275029
Seenews, 12 may, 2025b.Serbia's Vucic eyes new gas deal with Russia after meeting Putin
https://seenews.com/news/serbias-vucic-eyes-new-gas-deal-with-russia-after-meeting-putin-1275029
Seenews, 13 may 2025. Serbia seeks new 10-year gas supply deal with Russia - Srbijagas CEO
https://seenews.com/news/serbia-seeks-new-10-year-gas-supply-deal-with-russia-srbijagas-ceo-1275157
İntellinews, may 2025. Serbia extends Russian gas supply deal until end-September
https://www.intellinews.com/serbia-extends-russian-gas-supply-deal-until-end-september-382948/
AA, sentyabr 2025. Serbia aims to expand cooperation with Russia, eyes new gas deal: President
Reuters: sentyabr 2025. Serbia to sign gas import deal with Russia in October
https://www.reuters.com/business/energy/serbia-sign-gas-import-deal-with-russia-october-2025-09-23/
TASS, oktyabr 2025. Vucic expects new gas contract to be signed with Russia by end of October
https://tass.com/economy/2027455
Bloomberg, oktyabr 2025. Vucic ‘Disappointed’ as Russia Offers Serbia Short-Term Gas Deal
Seenews, oktyabr 2025. Gazprom offers Serbia to extend gas supply deal, not new contract - Vucic
Atlantic Council, 2008. Pipelice Politics: Gazprom Seals Serbia Deal.
https://www.atlanticcouncil.org/blogs/new-atlanticist/pipeline-politics-gazprom-seals-serbia-deal/
Brkic, Dejan, 2023c. Serbian Energy Sector in a Gap Between East and West
https://journals.sagepub.com/doi/10.1177/01445987231215445
AA, 2014. Güney Akım resmi olarak kapandı.
https://www.aa.com.tr/tr/ekonomi/guney-akim-resmi-olarak-kapandi/93209
Radio Slobodna Evropa, 2014. South Stream Cancellation: Enormous Damages for Serbia
https://www.slobodnaevropa.org/a/south-stream-cancellation-enormous-damages-for-serbia/26731582.html
OFAC, 2022. Sanctions List Search
https://sanctionssearch.ofac.treas.gov/Details.aspx?id=17143&
Serbian Monitor, fevral 2025a. Change in NIS’ ownership structure
https://www.serbianmonitor.com/en/change-in-nis-ownership-structure/
US Department of Treasury, yanvar 2025. Treasury Intensifies Sanctions Against Russia by Targeting Russia’s Oil Production and Exports https://home.treasury.gov/news/press-releases/jy2777
Serbian Monitor, fevral 2025b. Change in NIS’ ownership structure
https://www.serbianmonitor.com/en/change-in-nis-ownership-structure/
Vedomosti, oktyabr 2025a. Как сербская NIS может избежать санкций США или адаптироваться к ним
NİS, 2025. Акционерный капитал.
https://ir.nis.rs/ru/akcii-i-divideny/akcionernyi-kapital/
Vedomosti, oktyabr 2025b. Как сербская NIS может избежать санкций США или адаптироваться к ним
European Western Balkans: oktyabr 2025. Serbian NIS under US sanctions
https://europeanwesternbalkans.com/2025/10/09/serbian-nis-under-us-sanctions/
RFERL, oktyabr 2025. Serbia Braces For Fallout After US Sanctions On Oil Firm NIS Take Force
https://www.rferl.org/a/serbia-oil-sanctions-nis-ofac/33555386.html
Seenews, oktyabr 2025. Serbia's sole refinery can run without fresh oil supply by Nov - Vucic
https://seenews.com/news/serbias-sole-refinery-can-run-without-fresh-oil-supply-by-nov-vucic-1283029
Vreme, oktyabr 2025a. News: Vučić proposed to the Russians to buy part of NIS, Moscow is considering the sale to a third party
Vreme, oktyabr 2025 b. Serbian juggling of energy resources: Alignment with the strategic opponents of the European Union
Energy Community Secretariat – Case ECS-13/17) https://www.energy-community.org/enc-lex/cases/registry/2017/case1317RS.html
Serbian Monitor, 2024c. From the Kremlin to Washington: How far is Serbia from energy independence? https://www.serbianmonitor.com/en/from-the-kremlin-to-washington-how-far-is-serbia-from-energy-independence/
Support4partnership, 2021. Russian-Serbian relations, energy as a tool for blackmail.https://support4partnership.org/en/news/russian-serbian-relations-energy-as-a-tool-for-blackmail
Support4partnership, 2024.Who are the high-ranking 'Russian people' in Serbia?https://support4partnership.org/en/news/who-are-the-high-ranking-russian-people-in-serbia
Vreme, oktyabr 2025. Dušan Bajatović je počasni konzul Rusije za Vojvodinu
https://vreme.com/vesti/dusan-bajatovic-je-pocasni-konzul-rusije-za-vojvodinu/
Miriloviç, Filip. Oktyabr, 2025a. Serbian juggling of energy resources: Alignment with the strategic opponents of the European Union
Serbia Business, iyun 2025. Serbia’s energy dependence: Political choices behind Russian gas reliance”
https://serbia-business.eu/serbias-energy-dependence-political-choices-behind-russian-gas-reliance/
Reuters, oktyabr 2025. EU invites Serbia to join collective gas-buying plan to reduce reliance on Russia
Miriloviç, Filip. Oktyabr, 2025b. Serbian juggling of energy resources: Alignment with the strategic opponents of the European Union
AP News, sentyabr 2025. https://apnews.com/article/serbia-vucic-president-protests-students-belgrade-29737c9de38b23951bc6fa38fa7e1a98
Morina Engjellushe, Vascotto Angelica, fevral 2025. A double bind: How unrest and geopolitics could end Serbia’s government
https://ecfr.eu/article/a-double-bind-how-unrest-and-geopolitics-could-end-serbias-government/
AP News, oktyabr 2025a.
https://apnews.com/article/serbia-eu-russia-protests-sanctions-bad911ef4c0718fae902f1933b89b2db
Reuters, oktyabr 2025. EU invites Serbia to join collective gas-buying plan to reduce reliance on Russia. https://www.reuters.com/sustainability/boards-policy-regulation/eu-invites-serbia-join-collective-gas-buying-plan-reduce-reliance-russia-2025-10-15/
AP News, oktyabr 2025b.
https://apnews.com/article/serbia-eu-russia-protests-sanctions-bad911ef4c0718fae902f1933b89b2db
European Parliament, sentyabr 2025a. Anti-government protests in Serbia
https://www.europarl.europa.eu/RegData/etudes/ATAG/2025/775906/EPRS_ATA(2025)775906_EN.pdf
Morina Engjellushe, Vascotto Angelica, fevral 2025b. A double bind: How unrest and geopolitics could end Serbia’s government
https://ecfr.eu/article/a-double-bind-how-unrest-and-geopolitics-could-end-serbias-government/
European Parliament, sentyabr 2025b. Anti-government protests in Serbia
https://www.europarl.europa.eu/RegData/etudes/ATAG/2025/775906/EPRS_ATA(2025)775906_EN.pdf
Al Jazeera, sentyabr 2025. Political crisis rumbles in Serbia as duelling camps hold parallel rallies
AP News, sentyabr 2025. Serbia stages a large military parade to showcase tanks, jets and missile systems
https://apnews.com/article/serbia-military-parade-vucic-protests-5b4faf5636f974eb9858b4b90fd3b56e
B92, avqust 2025. Jeftinije grejanje! Vučić najavio popuste na struju i povoljniji ogrev
Hartwell Leon. Everything you need to know about Serbian sentiments: from economic worries to foreign policy.
TASS, oktyabr 2025. Russia, Serbia looking for optimal decision on NIS to overcome US sanctions. https://tass.com/politics/2031063