Bir il əvvəl Gürcüstanın hakim “Gürcü arzusu” partiyası minlərlə insanın etirazına məhəl qoymadan “xarici agent” qanununu parlamentdən keçirəndə, bunu 12 illik hakimiyyətin sonunun başlanğıcı kimi dəyərləndirdilər (BBC, 2024). Gürcü cəmiyyətində ənənəvi güclü olan avrointeqrasiya əhval-ruhiyyəsi nəzərə alınsa, hakimiyyət küçənin təzyiqinə dözməyə bilərdi.
Lakin “Gürcü arzusu” nəinki ayaqda qala bildi, hətta 2024-cü ilin parlament seçkilərində Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə 53,93% səslə mandatların əksəriyyətini qazandı (Civil.ge. 24a). Bununla yanaşı müxalifətin hökuməti saxtakarlıqda ittiham edərək parlamentə getməkdən imtinası və yaranan siyasi böhran sosial və iqtisadi sarsıntılara çevrilmədi. Bu hadisələr larinin məzənnəsinə, ÜDM-in artım tempinə, ixracın həcminə və ya gürcü şirkətlərinin fond bazarının göstəricilərinə əhəmiyyətli təsir göstərmədi.
Hökumətin istefası və yeni parlament seçkilərinin tələbi ilə bir ildir davam edən etiraz aksiyalarına və müxalifətin müqavimətinə baxmayaraq, 2025-ci il bələdiyyə seçkilərində “Gürcü arzusu” effektli qələbə ilə seçkilərin qalibi elan olundu. Bu seçkilərdə seçici aktivliyi rekord səviyyədə aşağı oldu, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə 1,5 milyona yaxın seçici iştirak edib ki, bu da ümumi seçicilərin 40 faizindən bir qədər çoxunu təşkil edir (Мирзоев. 2025a). Etirazların ən çox olduğu şəhər - Tbilisidə, rəsmi məlumatlara görə, seçici fəallığı cəmi 31% olub (Мирзоев. 2025b). Müxalifət partiyalarının böyük əksəriyyəti “Gürcü arzusu” hökumətinin legitimliyini tanımadığı üçün onun təşkil etdiyi bələdiyyə seçkilərini də boykot etdi. Lakin iki partiya – “Lelo-Güclü Gürcüstan” və “Qaxariya Gürcüstan naminə” partiyaları hakim partiyaya yalnız seçki yolu ilə qalib gəlməyin mümkün olduğunu hesab edərək bələdiyyə seçkilərində iştiraka qərar verdi.
Hökumətin avtoritarlaşması və repressiv addımları, etirazçı kütlənin isə davamlı keçirdiyi etiraz aksiyalarının fonunda müsbətə doğru effektiv dəyişikliyin baş verməməsinin səbəbkarı kimi güclü hakimiyyət deyil, zəif müxalifət görülür. Gürcüstan müxalifəti cəmiyyətin genişmiqyaslı etiraz əhval-ruhiyyəsindən yararlanmamaqda, bu əhvalı kapitala çevirib konkret siyasi nəticələrə transfer edə bilməməkdə ittiham olunur. Əsas kimi həm davamlı etiraz aksiyaları, həm də son seçkilərdə seçici iştirakının son dərəcə aşağı düşməsi faktları göstərilir (Бочорошвили. 2025).
Gürcü müxalifətinin siyasi proseslərdəki rolu
Gürcü müxalifətinin siyasətində sistemli yanaşmanın olmaması hakimiyyət təbliğatının effektivliyini artırmaqla paralel, cəmiyyətdəki etirazçı aktivliyinin düşməsinə rəvac verdiyi də müşahidə olunmaqdadır. Müxalifətin bir hissəsinin boykot qərarı onu ölkənin siyasi həyatında iştirakın ən əhəmiyyətli mexanizmlərindən kənarda qoyur və nəticə etibarilə, ictimai narazılığı siyasi alternativə çevirə bilmir (Civil.ge. 2025). Seçkilərdə iştirakdan könüllü imtina müxalifəti son təsir vasitələrindən - bələdiyyələrdən və meriyalardan məhrum edir. Müxalifət bu mövqeləri mübarizə aparmadan hakim partiyaya verir.
Etiraz dalğasının çəkilmə tendensiyası fonunda müxalifət boykot taktikası ilə həm də hökumətə təzyiq alətini itirmək və sonda siyasi marginallaşma təhlükəsi ilə üz-üzədir. Digər tərəfdən müxalifətin daxilindəki çəkişmələr və ziddiyyətlər etimad kreditinin azalması ilə müşahidə olunur. Məsələn, 2024-cü ilin parlament seçkilərinin nəticələri müxalif siyasətçilərin öz səslərini necə parçaladıqlarının bariz göstəricisidir (Civil.ge. 2024b).
Müxalifət “seçicilərin müxtəlif siyasi baxışlara malik olduğunu” əsas gətirərək həmin parlament seçkilərində vahid blok şəklində iştirakdan imtina etdi (Chedia. 2024). Halbuki bu partiyalarının demək olar, hamısı eyni mövqedən - Avropaya inteqrasiyanın, müstəqil məhkəmələrin, parlament demokratiyasının və genişmiqyaslı islahatların tərəfdarı kimi çıxış edirlər.
Müxalifətin parçalanmış durumunun fundamental səbəblərindən biri siyasi liderlərin keçmiş prezident Mixail Saakaşvili dövrünün rəqibləri olmasından, qarşılıqlı inamsızlıqdan qaynaqlanır və bunun aradan qaldırılmaması problemə çevrilib. Bu, həm də müxalifətin vahid namizədlə çıxış edə bilməməsinin mənbəyidir. Keçmiş prezident Salome Zurabişvili müxalifətin lideri funksiyasını üzərinə götürməyə cəhd etsə də, prezidentlik müddətinin başa çatması ilə siyasi səhnədə əhəmiyyətli oyunçu kimi qala bilmədi (Kapanadze. 2025a).
Bütün bunlarla yanaşı, müxalifət həm də identiklik problemi ilə üz-üzədir. Siyasi liderlərin partiyalardan qopmaları və sonradan inteqrasiyaları, partiyaların qarşılıqlı ittihamları və yenidən yaxınlaşmaları seçicilərdə hansı partiyanın hansı blokda olması, eləcə də hansı siyasi qüvvənin hansı siyasi gündəmlə çıxış etməsi barədə çaşqınlıq yaradır.
Gürcüstan müxalifətinin fraqmentasiyası və səhvləri onun dezorientasiyasına səbəb olmaqla yanaşı, eyni zamanda da müxalifət partiyalarının diversifikasiyalaşması mövzusunda mübahisələri alovlandırır və bu da həm məğlubiyətə, həm də hakim partiyanın güclənməsinə gətirib çıxarır.
Hakim “Gürcü arzusu”nun rəqibləri ideoloji olaraq daha çox Tiflis və Batuminin orta təbəqələrinə yönəlib və böyük şəhərlərdən kənarda - əyalətlərdə məhdud təsir imkanlarına malikdilər (Китачаев. 2025a). Müxalifətin əyalət insanına dediyi Avropaya inteqrasiya, demokratik normalara riayət etmək və Rusiya ilə yaxınlaşmanın yolverilməzliyi kimi siyasi proqramlar bu təbəqənin adi məişət problemlərinə və mühafizəkar dəyərlərinə uduzur. Bu elektoratın sadalanan tələbatlarından biri də təhlükəsizlik təminatıdır. Müharibə qorxusu “Gürcü arzusu”nun istifadə etdiyi əsas alətlərdən biridir və müxalifət bu narrativi də uduzmaqdadır.
Proseslər göstərdi ki, müxalifətin diversifikasiyası nə elektoratı genişləndirdi, nə də qərarsız seçiciləri inandıra bildi, əksinə resursları tükətdi, seçiciləri çaşdırdı və nəticədə məğlubiyyətə apardı. Lakin bununla yanaşı gürcü cəmiyyətində fraqmentasiyanın müxalifətin potensialını açmasına rəvac verdiyini düşünənlər də var. Gürcü müxalifətinin rəngarəngliyi cəmiyyətin bütün demoqrafik qruplarını əhatə edir, yəni şəhərdəki liberalları, kənd yerlərindəki loyalları, orta təbəqəni və ya diplomatik elitanı özünə cəlb edə bilir (Kapanadze. 2025b). Bu xəritə onu deməyə əsas verir ki, doğru struktur yanaşma ilə müxalifət bütün bu siyasi rəngarəngliyi bir çətir altında birləşdirərək siyasi güc kimi ortaya çıxa bilərdi (Kapanadze. 2025c).
Bütün bunlarla yanaşı Gürcüstan siyasi sistemində açıq partiyadaxili praymerizlərin qeyri-populyarlığı partiyadaxili dialoqu çətinləşdirir, eyni zamanda da uzunmüddətli strategiyaların hazırlanmasına mane olur (Китачаев. 2025b).
Rejimin tədrici avtoritarlaşması
2012-ci ildən hakimiyyətdə olan “Gürcü arzusu” tədrici avtoritarlaşma yolunu tutaraq təkpartiyalı sistemin daşlarını düzməkdədir. “Gürcü arzusu”nun təsisçisi və faktiki hakimiyyətin güçlü əli kimi çıxış edən milyarder Bidzina İvanişvili Gürcüstanda Macarıstan modelini tətbiq etməklə - məhkəmə və mediada dominant gücə çevrilməklə, dövlət qurumlarında hakim partiyaya loyalları yerləşdirməklə - əsas institutları nəzarət altına aldı. Gürcüstanda simvolik rəqabətliliyə baxmayaraq dövlət institutları rəqiblərə qarşı alət kimi istifadə olunur. “Gürcü arzusu”nun əsas alətləri – təbliğat, maliyyə resursları və hüquq-mühafizə (polis, prokurorluq, məhkəmə) orqanlarıdır (Бочорошвили. 2024a).
Media landşaftına nəzarət edən hakim partiya sosial şəbəkələri də təbliğat aləti kimi istifadə edərək müxalifəti korrupsiyada, xaos yaratmaqda və xaricilərin diktəsi altında davranmaqda ittiham edir. “Gürcü arzusu” milli travmaları istismar edərək özünü sülhün və sabitliyin qarantı kimi təqdim edir, müxalifəti isə müharibə və xaosun tərəfdarı kimi göstərir.
Dövlət büdcəsi hakim partiyanı maliyyələşdirmək üçün əsas resurs kimi çıxış etməklə yanaşı, eyni zamanda da siyasi rəqiblərin müflis edilməsi üçün alətə çevrilib (Бочорошвили. 2024b).
Bununla paralel olaraq hakim partiya vətəndaş aktivliyini təşviq edən vətəndaş cəmiyyətinin instusional varlığını qanunverici baza ilə sarsıtmağa nail ola bilib.
2024-cü ilin mayında parlament “xarici təsir agentləri haqqında” qanun qəbul etdi (Euronews. 2024). Bununla həm qeyri-hökumət təşkilatlarının, həm də müstəqil medianın fəaliyyət göstərməsi çətinləşdirildi.
2024-cü ilin sentyabrında isə “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi” adlı anti-LGBT qanunu qəbul olundu (Civil.ge. 2024).
Hər iki qanun Rusiyada daha əvvəl qəbul olunmuş qanunvericilik aktlarının analoqudur və Gürcüstanın müxalif çevrələrində “Rus qanunlar”ı adlandırıldı. “Gürcü arzusu” isə bu qanunların gürcü milli kimliyini və milli-mənəvi dəyərlərin qorumasına yönəldiyini söyləyir.
Ötən il “Gürcü arzusu” parlamentdə 2003–2012-ci illər dövrünü araşdırmaq məqsədilə xüsusi komissiya – ictimaiyyət arasında “Tsulukiani Komissiyası” kimi tanınan qurum – yaratdı (Khar Center. 2025a). Sonradan komissiyanın səlahiyyətləri genişləndirildi və 2012-ci ildən sonrakı dövrün, yəni müxalifətin fəaliyyətinin də araşdırılması ona həvalə edildi. Komissiyanın əsas amalı keçmiş iqtidarın təmsilçilərini və Qərbyönümlü müxalifət partiyalarını hədəfə almaqdır.
Parlament fraksiyasının rəhbəri Mamuka Mdinaradze bəyan etdi ki, komissiyanın nəticələri əsasında Konstitusiya Məhkəməsinə müraciət ediləcək və Saakaşvilinin qurduğu Birləşmiş Milli Hərəkatın ləğvi, eləcə də onun törəmə təşkilatlarının fəaliyyətinə qadağa qoyulacaq (Khar Center. 2025b).
Cəmi bir ay ərzində 6 partiya lideri parlament komissiyasını qeyri-legitim hesab edərək əməkdaşlıqdan imtina etdikləri üçün həbs olundu (Бочорошвили. 2024b).
2025-ci ilin mayında qəbul olunan “Xələf partiyalar haqqında” qanuna əsasən, əvvəllər qadağan olunmuş partiyaların ideoloji xəttini davam etdirən və ya onların kadrlarını özündə cəmləşdirən təşkilatlar da bağlanacaq. Bu yanaşma Gürcüstanda siyasi plüralizmin və Qərbyönümlü qüvvələrin tamamilə məhv edilməsinə yönəlmiş bir mexanizm kimi qiymətləndirilir (Khar Center. 2025c).
Bundan başqa vətəndaş etirazını və müqaviməti sarsıtmaq məqsədilə inzibati xətalara görə cəzalar sərtləşdirildi. İndi bu qaydalar aksiyaları işıqlandıran jurnalistlərə də şamil olunur (Civil.ge. 2025).
Küçə etirazlarının səngiməsi fonunda “Gürcü arzusu” öz mövqeyini gücləndirir – müxalif deputatların mandatlarını ləğv edir, məhdudlaşdırıcı qanunlar qəbul edir. Parlamentdəki 49 müxalifət deputatının mandatı ləğv olundu, əvəzində iqtidara yaxın şəxslərdən ibarət “sağlam müxalifət” yaradıldı (Khar Center. 2025d).
Bütün bunlarla paralel olaraq “Gürcü arzusu” cəmiyyətin qorxu hissləri və ictimai yorğunluq üzərindən müxalifətə inamsızlığı formalaşdırır, genişmiqyaslı zorakılığa əl atmadan, əsas potensial rəqibləri aradan götürməklə siyasi meydanı təmizləyir. Formal olaraq çoxpartiyalı demokratik sistem görünsə də, əslində hakimiyyətin opponentləri institusional olaraq legitimsizləşdirilir və bütün institutlar bir siyasi qüvvənin maraqları üçün işləyir.
Vətəndaş mövqeyi
Son sorğulara görə vətəndaşların 80%-dən çoxu avrointeqrasiyanı dəstəkləyir. Nəticələr, həmçinin, “Gürcü arzusu”na səs verənlərin 60%-nin seçimlərində Rusiya ilə müharibə təhlükəsindən qaçmaq istəyi üzərindən davrandıqlarını üzə çıxarıb (Орагвелидзе. 2025).
Gürcü vətəndaşlarının son illər siyasi proseslərdəki davranışı Gürcüstanın - xalq müqavimətinin hakimiyyət üzərində əsas rol oynadığı inqilabi demokratiya olduğunu deməyə əsas verir (Sabanadze. 2025). Hakim elita dövləti ələ keçirməyə müvəffəq olsa da, vətəndaşları özünə tabe edə bilmir. Gürcülərin avtokratiyaya inamsızlığı və müqaviməti kütləvi siyasi mədəniyyətin bir hissəsinə çevrilib.
Həm sorğuların nəticələri, həm də vətəndaşların etiraz aksiyaları, o cümlədən də ictimai-siyasi həyatda aktiv mövqe tutması hakimiyyətə bu reallığı başa saldı: əsl təhlükə əzilmiş siyasi müxalifətdən deyil, vətəndaş müqavimətindən qaynaqlanır. Buna görə də, rejim repressiv və məhdudlaşdırıcı qanunlarla, eləcə də media vasitəsilə xalqın müqavimətinin qaynaqlandığı qurumları - vətəndaş azadlıqlarının əsas institutlarını aradan götürməyə çalışır.
İstinadlar:
1. BBC. 2024. Парламент Грузии принял «закон об иноагентах» во втором чтении. 1 May
https://www.bbc.com/russian/articles/c4n1r7wplgxo
2. Civil.ge. 2024a. Результаты парламентских выборов в Грузии 2024 года: интерактивная карта. 27 October
https://civil.ge/ru/archives/631361
3. Мирзоев Саид. 2025a. Deutsche Welle.Грузия: штурм президентского дворца расколол оппозицию.
4. Мирзоев Саид. 2025b. Deutsche Welle.Грузия: штурм президентского дворца расколол оппозицию.
5. Бочорошвили Кети. 2025. Что произошло в Грузии 4 октября? Эхо Кавказа. 6 October
https://www.ekhokavkaza.com/a/chto-proizoshlo-v-gruzii-4-oktyabrya/33551161.html
6. Civil.ge. 2025. Опрос: большинство грузин поддерживают требования нынешних протестов, обвиняя правящую партию в политическом кризисе. 10 February
https://civil.ge/ru/archives/661426
7. Civil.ge. 2024b. Результаты парламентских выборов в Грузии 2024 года: интерактивная карта. 27 October
https://civil.ge/ru/archives/631361
8. Chedia Beka. 2024. Fractious Opposition Puts Georgia’s Future in the Balance. CEPA. 16 September
https://cepa.org/article/fractious-opposition-puts-georgias-future-in-the-balance/
9. Kapanadze Sergi. 2025a. A Sink or Swim Moment for Georgia’s Opposition. Geopolitcs. 8 September
https://politicsgeo.com/a-sink-or-swim-moment-for-georgias-opposition/
10. Китачаев Башир. 2025a. Расколы и бойкоты. Чем опасна маргинализация оппозиции в Грузии. Берлинский Центр Карнеги. 10 September
https://carnegieendowment.org/russia-eurasia/politika/2025/09/georgia-opposition-backsliding?lang=ru
11. Kapanadze Sergi. 2025b. A Sink or Swim Moment for Georgia’s Opposition. Geopolitcs. 8 September
https://politicsgeo.com/a-sink-or-swim-moment-for-georgias-opposition/
12. Kapanadze Sergi. 2025c. A Sink or Swim Moment for Georgia’s Opposition. Geopolitcs. 8 September
https://politicsgeo.com/a-sink-or-swim-moment-for-georgias-opposition/
13. Китачаев Башир. 2025b. Расколы и бойкоты. Чем опасна маргинализация оппозиции в Грузии. Берлинский Центр Карнеги. 10 September
https://carnegieendowment.org/russia-eurasia/politika/2025/09/georgia-opposition-backsliding?lang=ru
14. Бочорошвили Кети. 2024a. Что произошло в Грузии 4 октября? Эхо Кавказа. 6 October
https://www.ekhokavkaza.com/a/chto-proizoshlo-v-gruzii-4-oktyabrya/33551161.html
15. Euronews. 2024. Georgia's parliament approves controversial 'foreign influence law'. 14 May
https://www.euronews.com/2024/05/14/georgias-parliament-approves-controversial-foreign-influence-law
16. Civil.ge. 2024. Parliament Adopts Anti-LGBT Legislation in Third Hearing. 17. September
https://civil.ge/archives/624795
17. Khar Center. 2025a. Vi̇zasız Avropa Yolunda: Gürcüstan iqti̇darının Anti̇-Avropa kursuna Aİ-in cavabı. 31 July
18. Khar Center. 2025b. Vi̇zasız Avropa Yolunda: Gürcüstan iqti̇darının Anti̇-Avropa kursuna Aİ-in cavabı. 31 July
19. Бочорошвили Кети. 2024b. Что произошло в Грузии 4 октября? Эхо Кавказа. 6 October
https://www.ekhokavkaza.com/a/chto-proizoshlo-v-gruzii-4-oktyabrya/33551161.html
20. Khar Center. 2025c. Vi̇zasız Avropa Yolunda: Gürcüstan iqti̇darının Anti̇-Avropa kursuna Aİ-in cavabı. 31 July
21. Civil.ge. 2025. АМЮГ: Штрафы, наложенные на участников протеста, являются грубым нарушением права на свободу собраний. 19 March
https://civil.ge/ru/archives/670246
22. Khar Center. 2025d. Vi̇zasız Avropa Yolunda: Gürcüstan iqti̇darının Anti̇-Avropa kursuna Aİ-in cavabı. 31 July
23. Орагвелидзе Ираклий. 2025. Оппозиция набирает большинство и проигрывает. Эхо Кавказа.10 February
https://www.ekhokavkaza.com/a/oppozitsiya-nabiraet-boljshinstvo-i-proigryvaet/33309991.html
24. Sabanadze Natalie. 2025. The Georgian Dream is Precipitating its Own Downfall. Civil.ge. 13 January
https://civil.ge/archives/651378