27 may 2026

Rusiyanın yeni doktrinası: çəkindiriciliyin eroziyası və Putinin təhlükəsizlik paranoyası

Rusiyanın yeni  doktrinası: çəkindiriciliyin eroziyası və Putinin təhlükəsizlik paranoyası

(c) The Council of the Federation of the Federal Assembly of the Russian Federation, 2014.



(Yazı KHAR Center-in "Avtoritar Rejimlər və Transregional Təsir Mexanizmləri" araşdırması çərçivəsində hazırlanıb)

Giriş

Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanan və xaricdə cinayət mühakiməsi ilə qarşılaşan ölkə vətəndaşlarının müdafiəsini təmin edən yeni federal düzəlişlər, Moskvanın hərbi-siyasi doktrinasında strateji və psixoloji dəyişikliklərin rəsmiləşdirilməsidir. Dövlət Duması bununla bağlı "Rusiya Federasiyası vətəndaşlığı haqqında” federal qanunun 6‐cı maddəsinə və "Müdafiə haqqında" federal qanunun 10‐cu maddəsinə dəyişikliklər edib. (Pravo.gov.ru, 2026). Federasiya Şurasında təsdiqləndikdən sonra mayın 25‐də prezident Putin tərəfindən imzalanan qanuna əsasən, prezidentin qərarı ilə Rusiya Silahlı Qüvvələri xarici məhkəmələrin, Rusiyanın tərəf olmadığı beynəlxalq məhkəmə orqanlarının, yurisdiksiyası Rusiyann imzaladığı beynəlxalq müqaviləyə və ya BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsaslanmayan məhkəmələrin qərarları ilə həbs olunmuş, saxlanılmış, cinayət məsuliyyətinə və digər təqiblərə məruz qalmış ölkə vətəndaşlarının müdafiəsi vəzifəsinin yerinə yetirilməsinə cəlb edilə bilər. Prezidentin qərarı ilə bu vətəndaşları qorumaq üçün dövlət orqanları, o cümlədən silahlı qüvvələr öz səlahiyyətləri daxilində zəruri tədbirlər görməlidirlər. 

Ukraynadakı müharibə nəticəsində sosial və iqtisadi vəziyyətin ağırlaşması və Qərbdə xüsusi tribunalın yaradılması yolıunda atılan addımlar çərçivəsində qəbul edilən bu qanun, Kremlin azalan qlobal təsir gücünü qorumaq üçün çabalabası kimi qiymətləndirilə bilər. Xüsusilə transatlantik blok daxilindəki geosiyasi xaosdan ümidlənən Putin hərbi müdaxilənin sərhədlərini Baltik bölgəsinə doğru genişləndirərək Ukraynadakı uğursuzluğunu daha böyük müharibədə məğlubiyyətlə pərdələməyə cəhd edə bilər. 

Bütün hallarda qəbul edilən yeni qanun avantüra xarekteri daşıyır və Putinin təhlükəslik paranoyasının məhsulu kimi ortaya çıxmışa bənzəyir. 

Khar Center bu analizinin məqsədi qəbul edilmiş qanunun Putin ekspansiyasının instrumenti kimi istifadə olunma ehtimallarını təhlil etmək, beləliklə, aşağıdakı sualı cavablamaqdır: 

Rusiyada Dövlət Dumasının "Rusiya Federasiyası vətəndaşlığı haqqında” federal qanunun 6‐cı maddəsinə və "Müdafiə haqqında" federal qanunun 10‐cu maddəsinə etdiyi dəyişikliklər Rusiyanın potensial ekspansiv siyasətinin trayektoriyasına necə təsir göstərə bilər? Bu potensial təsir hansı strateji və psixoloji faktorlarla əlaqəlidir? 

Ordudan xaricdə istifadənin hüquqi çərçivəsi

Əslində Rusiya prezidentinin silahlı qüvvələrdən ölkə xaricində istifadə etmək səlahiyyəti bu qanundan əvvəl də var idi. Konstitusiyanın 102‐ci maddəsinə əsasən ölkə silahlı qüvvələrindən xaricdə istifadə barədə icazəni Federasiya Şurası verə bilər. Hələ 2009‐cu ildə Federasiya Şurası “Rusiya Silahlı Qüvvələri bölmələrinin RF ərazisindən kənarda operativ istifadəsi haqqında” qərar qəbul edib. Qərar müddətsizdir və hazırda qüvvədədir. Orada 4 konkret vəzifənin yerinə yetirilməsi üçün prezidentə səlahiyyət verilir:

1. Xaricdə dislokasiya olunmuş Rusiya qoşunlarına hücumun dəf edilməsi;

2. Kömək üçün Rusiyaya müraciət etmiş başqa dövlətə silahlı hücumun qarşısının alınması;

3. Rusiya Federasiyası ərazisindən kənarda ölkə vətəndaşlarının silahlı hücumdan qorunması; 

4. Dəniz quldurluğu ilə mübarizə və təhlükəsiz gəmiçiliyin təmin olunması (Pravo.gov.ru, 2009).

Krımın üstüörtülü işğalının başladığı əsnada, 2014‐cü il martın 1‐də, Federasiya Şurası konkret ölkə göstərilməklə “Rusiya Silahlı Qüvvələrindən Ukrayna ərazisində istifadə haqqında” qərar qəbul edib (Pravo.gov.ru, 2014). 2022‐ci il fevralın 22‐də, Ukraynaya genişmiqyaslı hücumdan 2 gün əvvəl isə Federasiya Şurasında “Rusiya Slahlı Qüvvələrinin RF ərazisindən kənarda istifadəsi haqqında” qərar qəbul olunub. (Pravo.gov.ru, 2022). Müddətsiz olan bu qərarın əvvəlkilərdən fərqi odur ki, prezident tərəfindən qarşıya qoyulan vəzifələrin müəyyənləşdirilməsi üçün hər hansı məhdudiyyət nəzərdə tutmur. Prezident istifadə olunacaq silahlı birləşmələrin say tərkibini, onların göndəriləcəyi istiqamətləri, hansı müddətə Rusiya ərazisindən kənarda qalacaqlarını özü müəyyən edir.  

Yeni qanunun fərqi

Məntiqi sual yaranır ki, Rusiya prezidentinin ordudan xaricdə istifadə hüququ var idisə, yeni qanun hansı ehtiyacdan irəli gəlir? Sırf hüquqi nöqteyi‐nəzərdən yanaşdıqda qeyd etmək olar ki, Rusiya vətəndaşlarının xaricdə cinayət təqibindən müdafiəsi ordunun vəzifələri sırasına daxil deyil. 2009‐cu ildə Federasiya Şurası tərəfindən prezidentə veirlən səlahiyyət Rusiya vətəndaşlarının ölkə ərazisindən kənarda silahlı hücumlardan qorunmasını ehtiva edir. “Müdafiə haqqında” qanunda (10‐cu maddə) deyilir ki, Silahlı Qüvvələrin təyinatı üzrə olmayan vəzifələrin icrasına cəlb edilməsi federal qanunvericiliyə uyğun olaraq prezident tərəfindən həyata keçirilir. Yəni “Müdafiə haqqında” qanun rusiyalıların ölkə sərhədlərindən kənarda cinayət təqiblərindən müdafiəsinə ordunun cəlb olunması üçün başqa hüquqi aktın olmasını zəruri sayır. 

Çəkindiriciliyin eroziyası və onun bərpası cəhdləri 

Putin rejimi üçün yeni qanunu zəruri edən səbəbləri daxili siyasət, regional və qlobal geosiyasət kontekstində təhlil etmək zəruridir. Ukraynada aparılan işğalçı müharibənin 5‐ci ilinə daxil olması fonunda Rusiya içərisində ötən müddətdə görünməmiş şəkildə ictimai narazılığın özünü büruzə verməsi, qlobal miqyasda isə Rusiyanın çəkindirici gücü ilə bağlı sual və tərəddüdlərin yaranması müşahidə edilir. 

Dünya mediasında müharibənin dalana dirənməsi və Rusiya ordusunun cəbhədə irəliləyişlərinin demək olar ki, dayanması, təşəbbüsün tədricən Ukraynanın əlinə keçməsi və onun dron texnologiyalarını təkmilləşdirərək intensiv tətbiq etməsi nəticəsində hərbi əməliyyatların xarakterinin radikal şəkildə dəyişdiyi barədə yazılara tez‐tez rast gəlinir. Bir çox hərbi ekspert və siyasi analitik, o cümlədən rus hərbi blogerlər Moskvanın artıq hərbi qələbə ehtimalının xeyli azaldığını, hətta aradan qalxdığını, yalnız yeni səfərbərliklə hansısa nəticələrə nail olunmasının mümkünlüyünü vurğulayırlar. Müharibə davam etdiriləcəksə, yeni səfərbərliyin həyata keçirilməsi o baxımdan zəruri sayılır ki, artıq Rusiyanın hazırkı rekrutinq sistemi ilə ay ərzində orduya cəlb etdiyi hərbi qulluqçuların sayı cəbhədə eyni dövrdə verilən itkilərin sayından geri qalmağa başlayıb. Lakin yeni səfərbərlik, xüsusən maddi stimul qarşılığında, könüllülüyə əsaslanan indiki sistemin dəyişdirilərək məcburi hərbi mükəlləfiyyət sisteminə keçilməsi rejimin dayanıqlılığı baxımından riskli addım olardı. 

“Xüsusi hərbi əməliyyat” (SVO) başladıqdan sonra plüralizmin, söz və ifadə azadlığının, siyasi rəqabət elementlərinin demək olar ki, tamamilə aradan qaldırıldığı Rusiya cəmiyyətində son bir neçə ayda protest potensialının görünən olması diqqəti cəlb edən tendensiyadır. Müharibənin uzanması və büdcə vəsaitlərini dibsiz quyu kimi “udması”, bunun da təsiri ilə ilin birinci rübündə iqtisadiyyatın kiçilməsi, sosial‐iqtisadi tematikanın özünə gündəmdə yer tapması, Ukraynanın dron hücumlarının intensivləşməsi nəticəsində enerji infrastrukturuna, sənaye obyektlərinə daha çox zərər dəyməsi, eləcə də son vaxtlar onlayn repressiyalar, sosial şəbəkələrin, messencerlərin məhdudlaşdırılması və VPN‐lərin bloklanması narazılıqları bariz artırıb (Bloomberg, 2026). Bu, hələ ki özünü küçə etirazları və təşkilatlanmış formada deyil, individual olaraq blogerlər, inflüenserlər, aktivistlər səviyyəsində göstərir. Söhbət mühacirətdəki liberallardan və rejimə qarşı müxalif mövqeyi ilə tanınan digər şəxslərdən deyil, istər apolitik, istərsə də hakimiyyətə yaxın fərdlərdən gedir. Aleksey Navalnı həyatda olarkən onun haqqında polis və prokurorluq orqanlarına donoslar yazmaqla tanınan, dövlət orqanları ilə yaxınlığı şübhə doğurmayan İlya Remeslo və model‐aktrisa Viktoriya Bonyanın tənqidi çıxışları xüsusilə sensasion effekt doğurub. V.Bonyanın ölkədəki vəziyyət haqqında Putinə müraciəti sosial şəbəkələrdə on milyonlarla izləyici toplayıb (YouTube, 2026). İ.Remeslo isə Rusiya içərisində son illər heç kimin cəsarət etmədiyi fikirlər səsləndirərək Putini qeyri‐legitim prezident adlandırıb və bildirib ki, o, istefaya gedərək oğru və müharibə canisi kimi mühakimə olunmalıdır. O, şok paylaşımından sonra psixiatrik klinikaya aparılsa da, orada bir aya yaxın qaldıqdan sonra çıxıb. İ.Remeslonun proqnozuna əsasən Putin bu il hakimiyyəti itirə bilər. (Meduza, 2026). 

Trampın vasitəçiliyi ilə əldə olunmuş 3 günlük atəşkəsin fonunda keçirilən 45 dəqiqəlik sönük hərbi parad Putinin reputasiyasına ciddi zərbə oldu. Rusiyalı hərbi blogerlər və internet istifadəçiləri, eləcə də beynəlxalq mediada bu paradın Ukraynanın icazəsi ilə baş tutduğu rəyi geniş yayıldı, Zelenski isə Moskvada paradın keçirilməsinə icazə verdiyi haqda sərəncam imzalayaraq unudulmaz siyasi trollinqə imza atmışdı. Belə bir situasiyada Putin həm daxili, həm də xarici ictimaiyyətə güc nümayiş etdirmək zərurəti hiss edir. Bu baxımdan yeni qanun digər məqsədlərlə birlikdə aşınan çəkindiriciliyin bərpasına xidmət edir. Dövlət Dumasının sədri Vyaçeslav Volodin qanunun zərurətini belə izah edib ki, Qərb ədalət sistemi fərqli düşünənlərə qarşı repressiv maşına çevrilib və bu şəraitdə xaricdəki vətəndaşları qorumaq üçün hər şeyi etmək vacibdir. Dumanın Müdafiə Komitəsinin sədri Andrey Kartapolov isə əlavə edib ki, bu cür müddəaların qanunvericiliyə daxil edilməsi rus arxeoloqu Aleksandr Butyaginin Polşada həbs olunmasına bənzər halların qarşısını alacaq. Kartapolov vurğulayıb ki, təşəbbüsün qəbul edilməsi avtomatik olaraq hərbi gücün tətbiqi demək deyil. Onun fikrincə, bu cür səlahiyyətlərin mövcudluğu xarici dövlətlərin davranışına təsir göstərə bilər (RBC, 2026). 9 may paradından üç gün sonra yeni “Sarmat” qitələrarası ballistik raketinin növbəti sınağının keçirilməsi; mayın 19‐da “təcavüz şəraitində nüvə qüvvələrinin hazırlığı və tətbiqi” üzrə strateji nüvə qüvvələrinin irimiqyaslı təlimlərinə başlanılması (BBC, 2026); mayın 24‐nə keçən gecə Ukraynanın şiddətli raket atəşinə məruz qoyulması, o cümlədən məşhur “Oreşnik” ballistik raketinin tətbiqi (Die Welt, 2026); xarici işlər naziri Lavrovun ABŞ dövlət katibi Rubioya zəng edərək Kiyevdəki “qərar qəbuletmə mərkəzləri”nə zərbələr endiriləcəyini bildirməsi və ABŞ‐ı öz diplomatik personalını təxliyyə etməyə çağırmasını da güc nümayişi və çəkindiriciliyin bərpası cəhdlərinin tərkib hissəsi saymaq olar (RBC, 2026).

Potensial risk zonası ‐ Baltik regionu 

Litva, Latviya və Estoniyadakı rusdilli azlığın vəziyyəti bütün postsovet dövründə Moskvanın diqqət mərkəzində olub. Uzun illərdir Rusiya periodik olaraq Baltik regionundakı ruslar və rusdillilərin hüquqlarının pozulduğunu, onların diskriminasiyaya məruz qaldığını iddia edir, həmin ölkələri rusofobiyada, “linqvosid” (dil soyqırımı) siyasətində ittiham edir (TASS, 2025). Putinin yeni qanuna imza atdığı gün Rusiya XİN‐dən açıqlama verilib ki, “Baltik ölkələrində etnik rusların hüquqlarının sistematik pozulması ilə əlaqədar” BMT‐nin beynəlxalq məhkəməsinə müraciət ediləcək (RBC, 2026). Moskva hesab edir ki, Latviya, Litva və Estoniyada "dövlət tərəfindən dəstəklənən rusofobiyanın kəskin artması" müşahidə olunur, yerli hökumətlər isə dialoq çağırışlarını qulaqardına vuraraq beynəlxalq normaları pozan siyasətə davam edirlər. 

Latviyada rusiyayönümlü aktivist Aleksandr Qaponenkonun həbsi Moskvanı xüsusilə narazı salıb. Bu şəxs 2025‐ci ilin fevralında Rusiyanın MDB Ölkələri İnstitutu tərəfindən “Baltik ölkələrində rusların etnosidi Rusiya ilə müharibəyə hazırlıq faktoru kimi” mövzusunda təşkil olunan müzakirələrdə iştirak etdikdən sonra saxlanılıb. A.Qaponenko çıxışında bildirib ki, rusların etnosidini dayandırmağın yollarından biri Rusiyanın Baltik ölkələrinə hərbi müdaxiləsi ola bilər və buna ideoloji hazırlıq aparmaq lazımdır. O, “millətlərarası ədavəti qızışdırmaq və Latviyaya qarşı fəaliyyətlərdə xarici dövlətə yardım etmək”də günahkar bilinərək 10 il azadlıqdan məhrum edilib (Svoboda.org, 2026). Qaponenko Rusiya vətəndaşı deyil, bu baxımdan yeni qanunun tətbiqinə əsas yoxdur, lakin praktikadan məlumdur ki, Putin rejimi bu tip hadisələrdən öz provokativ, aqressiv addımlarını legitimləşdirmək üçün istifadə edir. Son həftələrdə Baltik ölkələrinin Rusiyaya dron hücumları məqsədilə Ukraynaya öz ərazilərini təqdim etmələri haqda Moskvadan səslənən ardıcıl bəyanatlar təsadüf ola bilməz. Bu da hansısa eskalasiyaya zəmin yaratmaq niyyətinə oxşayır. 

Latviya, Litva və Estoniya NATO üzvüdür və indiyədək Rusiyanı çəkindirən əsas faktor bu olub. Lakin Tramp təkrar seçildikdən sonra transatlantik ittifaqın monolitliyi pozulub, ABŞ və Qərbi Avropa hökumətləri arasındakı ideoloji antaqonizm, ABŞ administrasiyasının Avropada sistemdənkənar radikal sağ qüvvələrə açıq dəstəyi, hətta bunu öz Milli Təhlükəsizlik Strategiyasına daxil etməsi Avropanın artıq Vaşinqtonu sadiq müttəfiq kimi görməməsinə səbəb olub (Kharcenter, 2025). İndi Bayden dövründə olduğu kimi, ABŞ prezidentinin və digər səlahiyyətli şəxslərin dilindən NATO məkanının hər qarışının müdafiə olunacağı barədə bəyanatlar eşidilmir, onlar Rusiya ittifaq üzvlərindən birinə hücum edərsə, ABŞ‐ın həmin ölkəni müdafiə edib‐etməyəcəyi haqda suallara qeyri‐müəyyən cavablar verirlər. Üstəlik, ABŞ Avropadakı silahlı qüvvələrini və NATO‐ya öz töhfəsini azaltmağı planlaşdırır.  

Rusiyanın Ukrayna cəbhəsində uğur qazana bilmədiyi və daxildə etiraz səslərinin yüksəlməsi şəraitində transatlantik blok daxilindəki bu xaotik vəziyyəti fürsət bilərək yeni bir ekspansiya planlaşdırmasını istisna etmək olmaz. Bu, Qərb kəşfiyyatları tərəfindən də ciddiyə alınan bir ehtimaldır (Die Welt, 2026). Ukrayna ilə müqayisədə strateji dərinliyi olmayan Baltik istiqamətində daha sürətli hərbi uğur əldə etmək və “fait accompli” vəziyyəti (gerçəkləşmiş, dönüşü olmayan yeni situasiya, de‐fakto durum) yaratmaq mümkündür. Rusiyanın Kalininqrad vilayəti ilə Belarus arasında yerləşən, bir hissəsi Litva, bir hissəsi Polşa ərazisi olan Suvalki dəhlizinin Rusiya tərəfindən ələ keçirilərək həm Kalininqrad eksklavına quru yolu açılması, həm də Baltik regionunun NATO məkanından fiziki təcridi təkcə mediada və beyin mərkəzlərində deyil, NATO çevrələrində də müzakirə olunan və simulyasiya edilən risk ssenarilərindən biridir (Foreign Policy, 2026).    

Maduro və Xameneinin aqibətini təkrarlamaqdan qorxan Putin üçün əlavə immunitet

Yeni qanunun hazırlanıb qəbul edilməsi Putinin şəxsi fobiyaları ilə də bağlı ola bilər. Bu da ağlabatan versiya kimi görünür. Roma Statutu əsasında qurulmuş Beynəlxalq Cinayət Məhkəməsi 2023‐cü ildə Putinə qarşı Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların Rusiyaya qanunsuz deportasiyası barədə ittiham irəli sürərək onun həbsinə order verib. Lakin Rusiya Roma Statutuna qoşulmadığından bu məhkəmənin yurisdiksiyası altında deyil. Digər tərəfdən, Beynəlxalq Cinayət Məhkəməsi dövlətlərin törətdiyi cinayətlərə yox, yalnız fərdlərin cinayətlərinə baxır. Bu səbəbdən Ukrayna və onu dəstəkləyən dövlətlər 2024‐cü ilin aprelində Haaqada Rusiyanın Ukraynaya qarşı işğal cinayətləri üzrə xüsusi tribunalın yaradılması təşəbbüsünü irəli sürüblər. Bu cür tribunalın yaradılmasını Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, ATƏT‐in və NATO‐nun parlament assambleyaları da dəstəkləyib. 2025‐ci ilin iyununda Ukrayna və Avropa Şurası xüsusi tribunalın yaradılması haqqında anlaşma imzalayıb. 2026‐cı ilin yanvarında Avropa İttifaqı tribunalın fəaliyyətinə ilk ianə qismində 10 milyon avro ayırıb. Nəhayət, mayın 15‐də AŞ ölkələri xarici işlər nazirlərinin iclasında 37 ölkə Ukraynaya qarşı təcavüz cinayətləri üzrə xüsusi tribunalın yaradılması ilə bağlı sənəd imzalayıb. Tribunal Haaqa şəhərində yerləşəcək (Euronews, 2026).

2025‐ci ilin dekabrında Rusiya Dövlət Duması xaricdəki məhkəmələrin, eləcə də kompetensiyası Rusiya tərəfindən müqavilə əsasında, həmçinin BMT TŞ qərarı ilə tanınmamış beynəlxalq məhkəmə orqanlarının qərarlarının icrasından imtina haqqında qanun qəbul edib (Vedomosti, 2025). Bu qanun Rusiya rəhbərliyinə xüsusi tribunalın və digər məhkəmələrin təqibindən immunitet vermək məqsədilə hazırlanıb. Putinin bu qanunu da yetərli saymayaraq xaricdə hüquqi təqiblərə məruz qalan Rusiya vətəndaşlarının müdafiəsi üçün ordudan istifadə səlahiyyəti alması onun psixoloji ovqatından xəbər verir. Uzun müddət hakimiyyətdə qalan despotların müxtəlif psixi pozuntulardan əziyyət çəkməsi faktları tarixdən məlumdur. Xüsusən söhbət müharibələr, digər ağır cinayətlər törətmiş liderlərdən gedirsə. Onlar paranoyak olur və sui‐qəsddən, yaxalanmaqdan, mühakimə olunmaqdan çox qorxurlar. Putinin bu sindroma girməsinin simptomları son illər müşahidə olunur. Pandemiya zamanı ifrat dərəcədə özünütəcrid tədbirləri görməsi, qonaqları uzun masa ətrafında qəbul etməsi, Moskvanın güclü və eşelonlaşdırılmış hava hücumundan müdafiəsi təşkil edildiyi halda Ukrayna dronlarının parad zamanı Qızıl meydana qədər gələ biləcəyini düşünərək müvəqqəti atəşkəs istəməsi, normativ‐hüquqi baza çərçivəsində özünə immunitetlər yaratması Putinin paranoyasının açıq təzahürləridir. Bu il Venesuela diktatoru Maduronun ABŞ əsgərləri tərəfindən ələ keçirilərək ölkədən çıxarılması və İranın ali rəhbəri Xameneinin İsrail aviasiyası tərəfindən bombalanaraq öldürülməsinin Putinin fobiyalarını aktivləşdirdiyinə şübhə yoxdur. 

Nəticə

Putinin imzaladığı yeni qanun, Kremlin problemlərdən və beynəlxalq təzyiqlərdən qurtulmaq üçün çalışdığını ortaya qoyur. Ukrayna cəbhəsindəki stasionarlıq, ölkədə artan etiraz səsi və Haaqada xüsusi tribunalın təsisi Putini  güc nümayişinə təşviq edir. Bu, yeni geosiyasi münaqişələrin yaranmasına da səbəb ola bilər. Bu kontekstdə, rəsmi Moskva NATO və ABŞ-da yaşanan mürəkkəb vəziyyəti müsbət beynəlxalq şərait kimi qiymətləndirir. 

Digər tərəfdən, Putin bu addımla öz siyasi elitasına toxunulmazlıq verərək onları yenidən öz ətrafında səfərbər etməyi hədəfləyir. Eyni zamanda,  Qərbə qarşı hibrid təhdidlərin artacağı mesajını da verir. Təhlil göstərir ki, tendensiyanın belə davam etməsi Putini Şərqi Avropada və postsovet dövlətlərində, xüsusilə Baltik ölkələri, Qafqaz və Mərkəzi Asiyada gərginliyi artırmağa yönləndirəcək.



İSTİNADLAR:


Pravo.gov.ru. Федеральный закон от 25.05.2026 № 149-ФЗ. http://publication.pravo.gov.ru/document/0001202605250022?index=1


Pravo.gov.ru. Об оперативном использовании формирований Вооруженных Сил Российской Федерации за пределами территории Российской Федерации. http://pravo.gov.ru/proxy/ips/?doc_itself=&nd=102134565&page=1&rdk=0&intelsearch=N+456-%D1%D4#I0 


Pravo.gov.ru. Постановление Совета Федерации Федерального Собрания Российской Федерации от 01.03.2014 № 48-СФ. http://publication.pravo.gov.ru/document/0001201403010001


Pravo.gov.ru. Постановление Совета Федерации Федерального Собрания Российской Федерации от 22.02.2022 № 35-СФ. http://publication.pravo.gov.ru/Document/View/0001202202240001


Bloomberg, 2026. Russians Weary of War, Repression Start to Blame the Kremlin. https://www.bloomberg.com/news/articles/2026-05-08/russians-weary-of-war-and-repression-start-to-blame-the-kremlin?embedded-checkout=true


YouTube. Виктория Боня записала 18-минутное обращение к президенту Владимиру Путину. https://www.youtube.com/watch?v=IQ1ahwwpn7k


Meduza, 2026. Блогер и доносчик Илья Ремесло (он стоял за уголовным делом Навального) выступил против Путина и потребовал судить его как военного преступника. https://meduza.io/feature/2026/03/18/bloger-i-donoschik-ilya-remeslo-on-stoyal-za-ugolovnym-delom-navalnogo-vystupil-protiv-putina-i-potreboval-sudit-ego-kak-voennogo-prestupnika


RBC, 2026. Картаполов связал проект об использовании ВС за рубежом с делом Бутягина. https://www.rbc.ru/rbcfreenews/69c538ab9a79475e73735c4a


BBC, 2026. Россия вывела на крупнейшие учения стратегические ядерные силы. https://www.bbc.com/russian/articles/cwy2g635krvo


DW, 2026. Зеленский: Россия применила ночью ракету "Орешник". https://www.dw.com/ru/zelenskij-rossia-primenila-nocu-raketu-oresnik/a-77278547


RBC, 2026.  Лавров уведомил Рубио о готовящихся ответных ударах по Киеву. https://www.rbc.ru/politics/25/05/2026/6a148f6f9a794731a1ad1926?utm_referrer=https%3A%2F%2Fwww.google.com%2F


TASS, 2025. В МИД РФ назвали лингвоцидом дискриминацию русскоязычных в Прибалтике. https://tass.ru/politika/25480883


RBC, 2026. Москва обратится в Международный суд ООН из-за ущемления русских в Балтии. https://www.rbc.ru/rbcfreenews/6a139a389a7947de9bbaad9e?utm_referrer=https%3A%2F%2Fwww.google.com%2F

Radio Svoboda, 2026. В Латвии прокремлёвский активист Александр Гапоненко получил 10 лет. https://www.svoboda.org/a/v-latvii-prokremlevskiy-aktivist-aleksandr-gaponenko-poluchil-10-let/33662418.html

Kharcenter, 2025. What Messages Does the New U.S. National Security Strategy Send to the World? https://kharcenter.com/en/expert-commentaries/what-messages-does-the-new-us-national-security-strategy-send-to-the-world 


Die Welt, 2025. РФ планирует нападение на Балтию. Доклад немецкой разведки. https://www.dw.com/ru/rossia-planiruet-napast-na-baltiu-doklad-nemeckoj-razvedki/a-72063962


Foreign Policy, 2026. I Was the Russian Commander in a War Game. This Is How I Defeated NATO. https://foreignpolicy.com/2026/05/15/russia-war-game-nato-invasion-baltics-ukraine-putin-germany-ernstfall/?utm_content=gifting&tpcc=gifting_article&gifting_article=cnVzc2lhLXdhci1nYW1lLW5hdG8taW52YXNpb24tYmFsdGljcy11a3JhaW5lLXB1dGluLWdlcm1hbnktZXJuc3RmYWxs&pid=CW2768694


Euronews, 2026.  "Точка невозврата": 36 стран присоединились к "спецтрибуналу для Путина". https://ru.euronews.com/my-europe/2026/05/15/eu-special-tribunal-for-putin


Vedomosti, 2025. Путин подписал закон об отказе от исполнения постановлений иностранных судов. https://www.vedomosti.ru/society/news/2025/12/29/1167076-putin-podpisal-zakon

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin