2 dek 2025

İnstitusional və prosesual seçki manipulyasiyaları: Azərbaycanın avtoritar nümunəsində

İnstitusional və prosesual seçki manipulyasiyaları: Azərbaycanın avtoritar nümunəsində

✍️ Əhəd Əhədli. Mərkəzi Avropa Universitetinin siyasi elmlər üzrə magistrı.

Giriş

Seçkilər hökumətlərin və parlamentlərin hesabatlılığını təmin edən əsas siyasi institutlardan biridir. Demokratiyanın elementi olan bu təsisat vətəndaşlara imkan verir ki, idarə edən elitanı yanlış addımlarına görə cəzalandırsın, yaxud da idarə etməyə iddialı qruplara idarəetmə şansı versin. 

Azərbaycan da hazırda avtoritar ölkələr kateqoriyasında qəbul edilir. “Freedom House” ölkəni azad olmayan ölkə kimi qiymətləndirir (Freedom House, 2025) “V-DEM” təşkilatı da son hesabatında Azərbaycanı seçkili avtoritar rejim olaraq qəbul edir. Bu səbəbdən bu məqalədə Azərbaycanda hökumətin seçki manipulyasiyası təhlil ediləcək (V-DEM 2025, 14). 

Analizin sualı: Avtoritar Azərbaycan hökuməti ölkədə keçirilən seçkiləri necə manipulyasiya edir?

Məqalədə əsasən Azərbaycan Respublikası Seçki Məcəlləsinə, Siyasi Partiyalar haqqında qanuna, etibarlı media qurumlarının xəbərlərinə istinad edilib. Müəllifin özünün açıq mənbələrdən (Mərkəzi Seçki Komissiyasının Infocenter portalı) topladığı məlumatlar iqtibas hissəsində qeyd olunub. Bu məlumatları əldə etmək istəyən araşdırmaçılar quruma müraciət edə bilərlər. 

İnstitusional və prosesual manipulyasiyanın struktur analizi

Seçkilər qanunverici və ya icraedici hakimiyyəti yeniləmə prosesi olaraq demokratik cəmiyyətlərə xas məhfum olsa da, avtoritar rejimlər də dövri olaraq həm parlament, həm də prezidentlik üçün seçkilər təşkil edərək demokratik rejimləri “imitasiya” edirlər. Klassik avtoritar rejimlərdən mahiyyət baxımından fərqlənməsə də görüntü baxımından  fərqlənən (formal demokratik institutlar, formal demokratik konstitusiya və formal liberal qanunlar, formal seçkilər) bu rejimlər Schedler seçkili avtoritarizm adlandırır (Schedler 2013, 77-83) (Schedler 2002, 37-39). Belə rejimlər “demokratiya fasadı” altında sistemli avtoritar idarəçilik yeridirlər. Bu tip rejimlərin də sayı az deyil. 2025-ci il “V-DEM”in demokratiya hesabatına əsasən dünyada seçkili avtoritar rejimlərin sayı 56-dır və Azərbaycan da bu ölkələr sırasındadır (V-DEM 2025, 14).

Azad və ədalətli seçkilər həqiqi demokratik rejimlərin ən vacib elementlərindəndir. Vətəndaşların öz parlamentlərini və bəzi hallarda prezidentlərini seçmə haqqı onlara siyasi sistem üzərində geniş nəzarət imkanı yaradır. Məhz bu səbəbdən demokratiyanı imitasiya edən seçkili avtoritar rejimlər də seçkilərdən bir legitimlik vasitəsi olaraq yararlanmağa çalışır. Azərbaycan da həmçinin.

Avtoritar rejimlər periodik olaraq seçkilər keçirməkdə müxtəlif məqsədlər güdə bilərlər. Hər şeydən əvvəl, rejim xarici aktorlara (dövlətlərə, beynəlxalq təşkilatlara) hazırda mövcud olan rejimin legitim və legal olduğunu göstərməyə çalışır. Hər nə qədər xarici aktorlar bu seçkilərin azad və ədalətli olmadığını bilsələr də, respublika idarəetmə üsulu (hakimiyyətin atadan oğula keçmədiyi) ilə idarə olunan dövlətlərdə legitimliyin müəyyən bir qüvvədən gəldiyini göstərmək mühüm əhəmiyyət daşıyır. 

İkincisi, rejim müxtəlif vasitələrdən (qorxutma, şirnikləndirmə) istifadə edərək seçicilərin yüksək səs faizini əldə edir. Bunun vasitəsilə elitaya vətəndaşların hakimi rejimi dəstəklədikləri mesajı verilir ki, komanda daxilində hər hansı qopmalar, ayrılmalar olmasın. 

Üçüncüsü, seçkilər avtoritar rejimi məlumatlandırma funksiyası daşıyır. Rejim iştirak faizi, seçkilər zamanı aktivlik, seçicilərin reaksiyası (etiraz yaxud dəstək) kimi faktorları əsas götürərək onun real olaraq dəstəkləyən kütlənin sayını, etiraz edənlərin tələblərini və s. öyrənir ki, bu da ona gələcəkdə bu problemləri aradan qaldırmağa kömək edə bilər (Gandhi və Okar 2009, 405).

Hər nə qədər seçkilərin nəticələri öncədən bilinsə də, avtoritar rejimlər seçkilər keçirərkən qeyri-müəyyənlik “düyməsini sıxmış olur”. Belə ki, seçkilər istər-istəməz ictimai həyatda canlanma yaradır. İdarəedən partiyanın yaxud şəxsin, elitanın cəmiyyətlə kommunikasiyası insanlarda neqativ təəssürat yarada bilər. Məsələn, əvvəlki seçkidə verilən vədlərin yerinə yetirilməməsi yeni verilən vədlərə qarşı inamsızlıq yarada bilər. İnsanların seçkiyə məcburi gətirilməsi vətəndaşlarda narazılıq yarada bilər. Müxalifətin seçki prosesi dövründə vətəndaşlarla açıq kommunikasiyası ictimai rəydə onlara doğru müsbət dəyişikliyə səbəb ola bilər (az da olsa). Bundan əlavə, seçkilərdən sonra narazı kütlə yenidən “qalib” gələn rejimə qarşı etiraz dalğası başlada bilər. 

Məhz bu səbəbdən, avtoritar rejimlər bu “qeyri-müəyyənliyi”n öz xeyirlərinə qarantiya altına almaq üçün iki cəbhədə müxalif qüvvələr ilə mübarizə aparırlar. Schedlerin adlandırdığı üzrə, bu “iki səviyyəli asimetrik mübarizə”dir. Seçki yarışı səviyyəsində hakim rejim müxaliflər ilə seçicilərin səsləri üzərində mübarizə aparır. İnstitutsional səviyyədə isə onlar oyun qaydalarını dəyişmək uğrunda mübarizə aparır. Seçkinin nəticəsi bu iki səviyyətli oyunun ümumi nəticəsidir, yalnız seçki gününün yox (Schedler 2013a, 215). Seçkinin nəticəsi bu iki səviyyəli mübarizənin hər ikisindən asılı olduğu üçün, hakim rejim həm institutsional səviyyədə (oyun qaydaları, seçki qanunvericiliyi, praktik məhdudiyyətlər), həm də seçki prosesi səviyyəsində (seçki günü saxtakarlıqları, seçicilərə və namizədlərə təzyiqlər və s) “qeyri-müəyyənliyi” öz istədiyi formada dəyişərək nəticəni  “müəyyən” etmək istəyir. 

Azərbaycanı idarə edən rejimin də eyni metodlardan istifadə edərək seçkinin nəticələrini əvvəldən müəyyənləşdirmək cəhdləri bu tip avtoritar rejimlərə xas olan xüsusiyyətdir. Düzdür, artıq son illərdə müxalifət ilə nə institutsional səviyyədə, nə də seçki prosesi səviyyəsində xüsusi bir mübarizəni müşahidə etmək mümkün deyil. Son iki prezident seçkiləri əsas müxalif partiyalar olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) (Azadlıq.org, 2023) və Müsavat Partiyası (Azadlıq.org, 2018) tərəfindən boykot edilib. AXCP həmçinin son 3 parlament seçkilərini də boykot edib (Meydan.tv, 2024). Lakin, hökumət yenə də nəticələri qarantiya altına almaq üçün həm institusional səviyyədə etdiyi dəyişiklikləri qoruyur (bəzən hətta genişləndirir), həm də seçki günü manipulyasiyalarına əl atır. 

İnstitutsional səviyyədə manipulyasiya:

  • Mərkəzi Seçki Komissiyasının təşkili: Seçki Məcəlləsinə görə Mərkəzi Seçki Komissiyası 18 nümayəndədən ibarət olmalıdır. Onların 6 nəfəri seçkilərdə qalib gələn partiyanı, 6 nəfəri Milli Məclisdə azlıq təşkil edən partiyanı, 6 nəfəri isə heç bir partiyaya aid olmayan müstəqil [1] deputatları təmsil edir [2]. Ancaq real müxalif partiyalar parlamentə buraxılmadıqları üçün müxalif partiyaları təmsil edən namizədlər əslində hökuməti təmsil edirlər. Bu hal ATƏT-in hesabatlarında da öz əksini tapıb. Belə ki, ATƏT-in Seçki Müşahidə Missiyasının 2024-ci il parlament seçkilərinin yekunlarına dair (OSCE.org 2025, 11), 2024-ci il prezident seçkilərinin yekunlarına dair (OSCE.org 2025a, 9), 2020-ci il parlament seçkilərinin yekunlarına dair (OSCE.org 2020, 8) hesabatlarında bu mövzu açıq şəkildə səsləndirilib. Hesabatlar həmçinin Avropa İnsan Haqları Məhkəməsinin verdiyi qərarlara istinad edirlər [3]. 
  • Namizədlərə pulsuz efir vaxtının verilməməsi: Azərbaycan Respublikasının Seçki Məcəlləsinə görə namizədlərin pulsuz efir vaxtı əldə edə bilməsi üçün onlar 60-dan çox namizədi olan partiya tərəfindən namizəd kimi irəli sürülməlidilər. Yəni yalnız 60-dan çox namizədi qeydə alınan partiyaların və partiya bloklarının namizədlərinə ümumölkə səviyyəsində pulsuz efir vaxtı verilir [4]. Hökumət bu qanunu manipulyativ formada tətbiq edir. Belə ki, real müxalif partiyaların 60-dan az namizədini qeydə alaraq onları ümumölkə səviyyəsində efir vaxtından məhrum edir. Daha bir manipulyasiya ondan ibarətdir ki, 60-dan çox namizədi olan partiyalara ümumölkə səviyyəsində efir vaxtının verilməsi uyğun media subyektlərinin borcu olduğu halda, sıravi namizədlərə daha lokal səviyyələrdə efir vaxtının verilməsi həmin mediaların öz seçiminə buraxılır [5].
  • Maliyyələşmə: Azərbaycanda siyasi partiyaların maliyyələşməsi həm Azərbaycan Respublikasının Seçki Məcəlləsi, həm də Siyasi Partiyalar haqqında qanunla tənzimlənir. Seçki Məcəlləsi siyasi partiyaların yaxud namizədlərin seçki fondlarının gəlirlərini xeyli dərəcədə məhdudlaşdırır. Məsələn, xarici dövlətin vətəndaşlarına, xarici hüquqi şəxslərə, xeyriyyə təşkilatlarına, dini birliklərə siyasi partiyaların yaxud namizədlərin seçki fondlarına ianə etməsi qadağandır. Həmçinin sıravi vətəndaşların da ianə verməsi xeyli dərəcədə çətinləşdirilib. Belə ki, vətəndaşlar siyasi partiyaların yaxud namizədlərin seçki fonduna ianə etmək üçün adlarını, soyadlarını, yaşayış yerlərini və digər ianə üçün zəruri olmayan, amma ianə edənlərə təzyiq etmək üçün hökumətə lazım olan məlumatları daxil etməsi şərti qoyulub [6]. Siyasi Partiyalar haqqında qanun isə rejimin siyasi partiyaların maliyyələşməsi üzərində nəzarətini daha da spesifikləşdirir. Məsələn, siyasi partiya pul vəsaitini yalnız milli valyutada və nağdsız qaydada bank hesabına köçürmə yolu ilə qəbul edir [7]. Şəxsin bir və ya bir neçə partiyaya il ərzində verdiyi ianələrin yuxarı həddi minimum əmək haqqının 35 mislindən artıq ola bilməz. Yəni, 2025-ci ildə minimum əməkhaqqı 400 manat olduğu üçün bir vətəndaş il ərzində 14 min manatdan artıq ianə edə bilməz.  Siyasi partiyalar həmçinin dövlət tərəfindən maliyyələşir. Qanuna görə dövlət vəsaitinin 5 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında bölünür [8]. Bu qanun imkan yaradır ki, hökumət özünün nəzarətində olan peyk partiyalara seçkidə qalib gəlməsələr belə maliyyə yardımı etsin. Real müxalif partiyalar olan AXCP və Müsavat bu yardımlardan yararlanmasın deyə onların namizədlərinin sayı seçkidə məhdudlaşdırılır. Yəni hökumət real müxalif partiyaları dövlət yardımından manipulyativ vasitələrlə məhrum edir, həm də onlara vətəndaşların yardımını ciddi ölçüdə məhdudlaşdırır. 
  • Müstəqil namizədlərin iştirakı: Hər nə qədər siyasət səhnəsində müstəqil şəxslər aktiv rol oynasalar da, siyasi proseslərin əsas hərəkətverici qüvvəsi hər zaman siyasi partiyalardır. Siyasi partiyalar cəmiyyətdə maraqlı şəxsləri yaxud qrupları birləşdirir, ideoloji xətt yaradır, ictimai rəyə təsir edə bilir və s. Avtoritar rejimlər siyasi partiyaların cəmiyyətdəki bu aktiv roluna görə onları məhdudlaşdırmağa, zəiflətməyə çalışırlar. Siyasi partiyaların aktivliyinin məhdudlaşdırılması yollarından biri onları müstəqil namizədlər ilə əvəz etməkdir. Azərbaycan hökuməti bunu iki əsas məqsədlə edir. Birincisi, seçkilərə demokratiklik görüntüsü vermək. Qaliblərin əvvəldən məlum olduğu seçkilərdə namizəd kimi iştirak etmək heç bir şəxs üçün maraqlı deyil. Bu prosesə enerji, resurs sərf etmək, normal olaraq, çox az insan üçün maraqlıdır. Bu da potensial namizədlərin sayını xeyli azaldır. Hökumət çox vaxt özünün nəzarətində olan müstəqil namizədlərin sayını artıraraq seçkiyə daha “rəqabətli” görüntü verir. İkincisi, müstəqil namizədlər vasitəsilə hökumət seçicilərin rəğbət bəsləyə biləcəyi, hökumətin nəzarətindən kənarda olan şəxslərə qarşı seçicilərdə diqqəti yayındırmağı hədəfləyir. 

Bu manipulyasiya metodu uzun illərdir mövcuddur. Təəssüf ki, Mərkəzi Seçki Komissiyası 2015-ci ildən əvvələ aid detallı məlumat paylaşmır (Əhədli 2025). Lakin, 2015-ci ildən etibarən dərc olunan məlumatlara əsasən hər parlament seçkisində neçə müstəqil namizədin olduğunu görə bilərik. 2015-ci il parlament seçkilərində namizədlərin 57 faizi (437 nəfər), 2020-ci il parlament seçkilərində namizədlərin 77 faizi (1010 nəfər), 2024-cü il seçkilərində namizədlərin 68 faizi (677 nəfər) məhz müstəqil namizədlər olub [9]. 

Seçki günü saxtakarlıqları

İnstitutsional səviyyədə edilən manipulyasiyalardan əlavə, Azərbaycan hökuməti həmçinin seçki günü saxtakarlıqları ilə seçkidə müxalif namizədləri kənarlaşdırmağa çalışır. Müxtəlif seçkilərdə fərqli saxtakarlıq metodları istifadə edilsə də, aşağıda sadalananlar geniş şəkildə bütün seçkilərdə tətbiq edilir.

  • Səsverməyə məcburi gətirmə: Seçkilərin azad və ədalətliliyinə inamın zəif olduğu yerdə vətəndaşlar təbii olaraq seçkidə iştirak etməkdə maraqlı olmur. Bunu seçkilərdə iştirak faizi ilə görmək olar. Məsələn, Mərkəzi Seçki Komissiyasının 2024-cü ilə olan rəsmi məlumatından görünür ki, ümumi seçici sayı 6,47 milyondur (Apa.az, 2024). Lakin, 2024-cü ilin erkən parlament seçkilərində iştirak edən seçici sayı 2,3 milyona yaxındır. Yəni, seçicilərin təqribən 70 faizi seçkilərdə iştirak etməyib. Seçkilərdə seçici aktivliyini artırmaq üçün hökumət inzibati resurslarından istifadə edərək seçiciləri məcbur şəkildə seçkiyə gətirməyə çalışır. Bu hal yerli mediada işıqlandırılır (Azadlıq.org, 2024) Yerli müşahidə təşkilatı olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi təşkilatı da eyni halı təsbit edib (SMDT 2024, 13) (SMDT 2018, 16) .
  • Müşahidəçilərə edilən təzyiq: Azərbaycanda seçkiləri həm yerli, həm də beynəlxalq təşkilatlar müşahidə edir. Hökumət daha çox yerli müşahidəçilərə qarşı təzyiqdən istifadə edərək onların seçkini müşahidə fəaliyyətini məhdudlaşdırır. SMDT hesabatında müşahidəçilərinin təzyiqlə üzləşdiyini, onların fiziki zorakılığa məruz qaldığını bildirib (SMDT 2020, 2). SMDT həmçinin müşahidəçilərin təzyiqlə üzləşdiyi 8 seçki dairəsini açıq şəkildə bəyan edib (SMDT 2020, 10-11). Yerli mediada da müşahidəçilərə edilən təzyiqlər işıqlandırılıb (BBC.com, 2020).

Bundan əlavə hökumət yerli müşahidə təşkilatları olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi və Demokratik Təşəbbüslər İnstitutuna qarşı təzyiqlər həyata keçirib. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi təşkilatının sədri Anar Məmmədli 2013-cü il prezident seçkilərindən dərhal sonra həbs edilib sonradan azadlığa buraxılsa da 2024-cü ildə yenidən həbs edilib. Demokratik Təşəbbüslər İnstitutunun sədri Akif Qurbanov da 2024-cü ildə həbs edilib. Hər iki şəxsin sədrləri olduqları təşkilatların qeydiyyata alınması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarları hökumət tərəfindən icra edilməyib [10][11]. Üstəlik onlara qarşı açılmış son cinayət işində qeydiyyatsız fəaliyyətləri onlara qarşı cinayət təqibi üçün səbəblərdən biri kimi göstərilib. Onlar haqqında hökumətin nəzarətində olan mediada qaralama kampaniyası aparılıb. Bunun əsas səbəbi müstəqil müşahidəçilərin seçkini saxtalaşdırmağa mane olmaları, baş vermiş saxtakarlıqları sənədləşdirərək hökumətin seçki legitimliyinə vurmalarıdır. 

  • Medianın fəaliyyətinin məhdudlaşdırılması: Müstəqil media qurumlarının jurnalistləri seçkiləri müşahidə edərkən təzyiqlərə məruz qalırlar. Bəzi məntəqələrdə seçkilərlə bağlı çəkiliş aparan jurnalistlərə icazə verilmir (Azadliq.org 2025) yaxud da zor gücü ilə məntəqədən çıxarılır (Meydan.tv, 2018).Müstəqil media nümayəndələrinin seçki saxtakarlıqlarını işıqlandırmasını hökumət legitimliyinə zərbə olaraq qəbul etdiyi üçün onlara qarşı təzyiq edir (Meydan.tv 2015) (Amerikaninsesi.org. 2018). 

Nəticə

Seçkilər demokratik mühitin elementi olsa da avtoritar rejimlər demokratiyanın imitasiyası üçün periodik seçkilər təşkil edirlər. Seçkilər hər nə qədər azad və ədalətli olmayan mühitdə keçsə də, avtoritar rejimlər bu dövrdə özlərinə qarşı yarana biləcək təhlükəni neytrallaşdırmaq üçün seçki manipulyasiyalarına yol verirlər. Bu məqalə avtoritar ölkə olaraq Azərbaycanda seçkilərin hökumətin mənafeyinə uyğun olaraq necə manipulyasiya edildiyi sualına cavab tapmaq üçün hazırlanıb. Azərbaycan nümunəsi siyasi ədəbiyyatda avtoritat rejimlərə aid edilən iki səviyyəli seçki manipulyasiyasını doğrulayır. Digər avtoritar rejimlər kimi Azərbaycan hökuməti də yalnız seçki günü saxtakarlıqları ilə deyil, seçkilər arası dövrdə edilən institutsional manipulyasiyalar yolu ilə seçkinin nəticəsini qarantiya altına alır. İnstitutsional dəyişikliklərə Mərkəzi Seçki Komissiyasının tərkibinin yalnız hökumət yönlü şəxslərdən formalaşdırılması, qanunvericiliyə edilən dəyişikliklər vasitəsilə müxalif partiyaların və namizədlərin maliyyə və təbliğat imkanlarının qarşısının alınması, “müstəqil” namizədlər vasitəsilə seçicilərin diqqətinin yayındırılması və s. Daxildir. Bundan əlavə, seçki günü dövlət sektorunda işləyən şəxslərin məcburi səsverməyə gətirilməsi, administrativ resurslardan istifadə edərək müşahidəçilərə və media nümayəndələrinə təzyiq edilməsi, karusel və s. prosedurlar aiddir. 

Azərbaycan hökuməti bu yolla həm demokratiya fasadı altında seçkilər keçirir, beynəlxalq ictimaiyyətə demokratiya “görüntüsü” təqdim edir, həm də manipulyativ addımlar ilə seçkinin nəticələrini əvvəldən müəyyənləşdirir və avtoritar rejimin davamlılığını təmin edir. 


Endnotlar

[1] Müstəqil deputatlar partiya siyahısından namizədlikləri verilməyən, fərdi olaraq seçkilərdə iştirak edən şəxslərdir. Onlara müstəqil deməyimizin səbəbi rəsmi olaraq hər hansı partiya siyahısından namizəd olmamalarıdır. Mahiyyət etibarilə onların çox böyük qismi müstəqil deyil, hökumətin nəzarətindədilər.

[2] Azərbaycan Respublikası Seçki Məcəlləsi, maddə 24.3

[3]  Hudoc.echr.ceo.int. CASE OF GAHRAMANLI AND OTHERS v. AZERBAIJAN. 2015. https://hudoc.echr.coe.int/eng#%7B%22documentcollectionid2%22:%5B%22GRANDCHAMBER%22,%22CHAMBER%22%5D,%22itemid%22:%5B%22001-157535%22%5D%7D

[4]  Azərbaycan Respublikası Seçki Məcəlləsi, maddə 80.1

[5] Azərbaycan Respublikası Seçki Məcəlləsi, Maddə 77.2 və Maddə 77.3

[6] Azərbaycan Respublikası Seçki Məcəlləsi, maddə 90.2

[7] Siyasi Partiyalar haqqında Qanun, maddə 24.5

[8] Siyasi Partiyalar haqqında Qanun, maddə 25.2.4 və 25.2.5

[9] Müəllif məlumatları Infocenter portalından toplayıb.

[10]  Hudoc.echr.ceo.int. CASE OF ABDULLAYEV AND OTHERS v. AZERBAIJAN. 2021 https://hudoc.echr.coe.int/eng#%7B%22itemid%22:%5B%22001-210018%22%5D%7D 

[11] Hudoc.echr.ceo.int. CASE OF ELECTION MONITORING AND DEMOCRACY EDUCATION CENTRE AND OTHERS v. AZERBAIJAN. 2023 https://hudoc.echr.coe.int/#%7B%22itemid%22:%5B%22001-222135%22%5D%7D  



Biblioqrafiya


Azadlıq.org. Azərbaycanda prezident seçkiləri keçirilir, 2018.

https://www.azadliq.org/a/secki-2018/29155706/lbl1lbi0.html 


Azadlıq.org, Azərbaycanda Prezident Seçkiləri. 2024

https://www.azadliq.org/a/azerbaycan-prezident-seckisi/32807569/lbl0lbi371525.html 


Azadlıq.org, Seçkidə namizədlər və boykot qərarı, 2023.

https://www.azadliq.org/a/axcp-secki-boykot/32735043.html 


Schedler, Andreas. Shaping Electoral Arena. The Politics of Uncertainty: Sustaining and Subverting Electoral Authoritarianism, Oxford Studies in Democratization. 2013 77-111


Schedler, Andreas. Elections Without Democracy: The Menu of Manipulation. Journal of Democracy, Volume 13, Number 2, April 2002, pp. 36-50 (Article)


Schedler, Andreas. Struggle over Electoral Uncertainty. The Politics of Uncertainty: Sustaining and Subverting Electoral Authoritarianism, Oxford Studies in Democratization. 2013a. 213-258


Gandhi, Jennifer and Lust-Okar, Ellen. Elections under Authoritarianism. Annual Review of Political Science. 12. 2009. 


Freedom House, Freedom in the World 2025, 2025

https://freedomhouse.org/country/azerbaijan/freedom-world/2025 


V-DEM Institute, DEMOCRACY REPORT 2025 25 Years of Autocratization – Democracy Trumped?, 2025 


Meydan.tv. AXCP növbədənkənar parlament seçkilərini boykot etdi. 2024.

https://www.meydan.tv/az/article/axcp-novbedenkenar-parlament-seckilerini-boykot-etdi/ 


E-qanun.az. Azərbaycan Respublikası Seçki Məcəlləsi. 2003

https://e-qanun.az/framework/46953 


OSCE.org. NÖVBƏDƏNKƏNAR PARLAMENT SEÇKİLƏRİ 1 SENTYABR 2024-CÜ İL DTİHB Seçki Müşahidə Missiyası Yekun Hesabat. 2025.

https://www.osce.org/files/f/documents/5/8/587972.pdf 


OSCE.org. NÖVBƏDƏNKƏNAR PREZİDENT SEÇKİLƏRİ 7 fevral 2024-cü il DTİHB-nin Seçki Müşahidə Missiyası Yekun Hesabat. 2025.

https://www.osce.org/files/f/documents/8/9/587969.pdf 


OSCE.org. NÖVBƏDƏNKƏNAR PARLAMENT SEÇKİLƏRİ 9 fevral 2020 DTİHB Seçki Müşahidə Missiyası Yekun Hesabat. 2020.

https://www.osce.org/files/f/documents/b/d/463506.pdf 


E-qanun.az, Siyasi Partiyalar haqqında Qanun. 2022

https://e-qanun.az/framework/53163 


Əhədli, Əhəd. Azərbaycanda parlament seçkiləri: disproporsional nəticə, səs itkiləri, əksəriyyətin seçmədiyi qaliblər. Bakı Araşdırmalar Mərkəzi. 2025

https://bakuresearchinstitute.org/azerbaycanda-parlament-seckileri-disproporsional-netice-ses-itkiləri-ekseriyyetin-secmediyi-qalibler/ 


Apa.az, Azərbaycanda seçicilərin sayı açıqlanıb. 2024

https://apa.az/secki-2024/azerbaycanda-secicilerin-sayi-aciqlanib-818019 


SMDT. Azərbaycan Respublikasında 7 Fevral 2024-cü ildə keçirilmiş növbədənkənar prezident seçkisinin müşahidələrinin nəticələri üzrə İLKİN RƏY. 2024

https://smdtaz.org/wp-content/uploads/2024/02/SMDT_Ilkin-R%C9%99y_08022024.pdf 


SMDT. Azərbaycan Respublikası Prezidentliyinə 11 aprel 2018-ci ildə keçirilmiş növbədənkənar seçkinin monitorinqinin nəticələrinə dair yekun hesabat. 2018

https://smdtaz.org/wp-content/uploads/2019/02/SMDT-mini.pdf 


BBC.com. Parlament seçkisi: Səsvermə necə keçdi? 2020

https://www.bbc.com/azeri/live/azerbaijan-51432460 


Azadliq.org. Jurnalistlərə bəzi məntəqələrdə çəkilişə icazə verilmədi, deputat bunu yuxarıların tapşırığı saymır. 2025

https://www.azadliq.org/a/belediyye-secki-jurnalist/33295570.html 


Meydan.tv. Jurnalisti seçki məntəqəsindən zor gücü ilə çıxardılar. 2018

https://www.meydan.tv/az/article/jurnalisti-secki-menteqesinden-zor-gucu-ile-cixardilar/ 


Meydan.tv. Müşahidəçi jurnalistə: ”Sənə deyirəm, zibilini yığışdır” (VİDEO). 2015

https://www.meydan.tv/az/article/musahideci-jurnaliste-sene-deyirem-zibilini-yigisdir-video/ 


Amerikaninsesi.org. Seçki məntəqəsində jurnalistə təzyiq ediblər [Video]. 2018

https://www.amerikaninsesi.org/a/media/4341896.html 


SMDT. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin Azərbaycan Respublikası Milli Məclisinə 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar seçkilərin nəticələri üzrə İLKİN RƏYİ. 2020

https://smdtaz.org/wp-content/uploads/2020/02/SMDT-100220.pdf

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin