“3+3” platforması Cənubi Qafqazda yeni əməkdaşlıq formatı kimi Türkiyə prezidentinin 2020-ci ildə səsləndirdiyi təşəbbüsdür. Platforma Azərbaycan-Ermənistan münaqisəsinin ardınca regionda yeni siyasi arxitekturanın qurulmasını nəzərdə tutan format barədə ilk dəfə 10 dekabr 2020-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın söhbət açdığı bildirilir. Caspian News portalı bu barədə yazır: “ .Cümə axşamı günü Ərdoğan, Azərbaycan səfəri zamanı – Prezident Əliyevin dəvəti ilə paytaxt Bakıdakı Zəfər Paradı mərasimində iştirak edərkən – Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və Ermənistanı əhatə edən altı ölkədən ibarət regional əməkdaşlıq platforması ideyası barədə söhbət açdı” Təşəbbüs Azərbaycan, Ermənistan, Gürcüstan, eləcə də İran, Rusiya və Türkiyəni bir araya gətirməyə çalışsa da, Gürcüstan prosesi boykot edir(Caspian News, 2020): “ “Gürcüstan bu görüşdə heç vaxt iştirak etməyib və iştirak etmir”(Modern.az, 2023). Yazıda “3+3” formatının ortaya çıxması şərtləri, toplantıları, elan olunan və kənardan şərh edilən məqsədləri, Qərbin reaksiyası və bu təşəbbüsün Cənubi Qafqazda geosiyasi balansa təsiri analiz edilir.
Giriş
Cənubi Qafqaz ölkələri AB-nin Şərq Tərəfdaşlığı Proqramı üzrə inteqrasiya prosesində iştirak edirlər (European Commission, 2009). Buna baxmayaraq Türkiyə, Rusiya və İranın dominantlıq etdiyi yeni əməkdaşlıq platformasına qoşulmaqla regional siyasətdə yeni situasiya yaradıblar. Gürcüstanın iştirakdan rəsmən imtina etməsi isə hələ o demək deyil ki, rəsmi Tibilisi gələcəkdə bu formata isti yanaşmayacaq. Ötən ilin payızında Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra başlayan etiraz aksiyaları və hakimiyyətin bu aksiyalara repressiv müdaxiləsi, xüsusilə “Rus qanunu” ətrafındakı proseslər Gürcüstanla Qərb arasında ciddi soyuqluq yaradıb, hətta 2024-cü ildə bu ölkənin AB-yə üzvlük məsələsi dayandırılıb (Le Monde, 2024). Buna görə də hadisələrin Gürcüstan kontekstində gələcək inkişafının hansı istiqamətdə olacağını zaman göstərəcək. Bununla belə, Azərbaycan və Ermənistan formatda fəal iştirak edir. Azərbaycanın Qərb strukturları, xüsusilə Avropa Şurası ilə yaxşı olmayan münasibətləri və avtoritar rejimi fonunda bu prosesə marağı başadüşüləndir (Human Rights Watch, 2024). Ancaq demokratiyaya keçid edən və Qərbə inteqrasiyanı əsas seçim kimi elan etmiş Ermənistanın bu formatda iştirakı suallar doğurur. Ancaq bütün bunlarla yanaşı, mövzu üzrə ən aktual sual “3+3” formatının uğurlu olub-olmayacağıdır.
Bu analizin məqsədi 2020-ci ildə Türkiyənin təşəbbüsü ilə irəli sürülmüş “3+3” əməkdaşlıq formatının yaranma kontekstini, iştirakçı aktorların geosiyasi niyyətlərini, bu platformanın əsas siyasi və strateji məqsədlərini, həmçinin formatın daxili və xarici maneələr fonunda real həyata keçirilmə potensialını analitik və müqayisəli yanaşma ilə qiymətləndirməkdir. Analiz, həm də bu təşəbbüsün regional geosiyasi balansa və Qərb-Şərq rəqabətinə təsirini nəzəri çərçivədə – avtoritar bloklaşmaların xarici siyasət aləti kimi formalaşması – kontekstində izah etməyə çalışır, “3+3” formatının Cənubi Qafqaz üçün reallıq, yoxsa strateji alət olmasını müəyyənləşdirməyi qarşısına məqsəd qoyur, iştirakçı dövlətlərin (Azərbaycan, Ermənistan, İran, Rusiya, Türkiyə) siyasi rejim tipləri, xarici siyasət prioritetləri və geosiyasi mövqeləri müqayisə edilir. Gürcüstanın iştirak etməməsi fonunda qarşılaşdırmalı təhlil aparılır.
Məhdudiyyətlər
- Empirik məlumatların məhdudluğu
“3+3” platforması hələ ilkin mərhələdə olduğu üçün onunla bağlı konkret layihələr, razılaşmalar və ya institusional mexanizmlər azdır. Bu səbəbdən analiz əsasən bəyanatlar, rəsmi ritorika və ehtimal olunan geosiyasi ssenarilər üzərində qurulub. - Dəyişkən regional kontekst
Tədqiqat aparılan zaman Rusiya-Ukrayna və İran-İsrail müharibələri aktiv mərhələdədir və bunlar “3+3” formatının gələcək taleyinə təsir edəcək yüksək dəyişkənlik faktorudur. Bu dəyişkənlik nəticələrin sabit interpretasiyasına mane ola bilər.
Əsas suallar:
Bu platforma Moskvanın postimperial strategiyası ilə necə uzlaşır? Türkiyənin bu formatda balanslaşdırıcı aktor kimi rolu nə dərəcədə realdır? İranın Ermənistanla əlaqələr kontekstində bu platformadakı rolu nədir? Bu platforma Azərbaycanın Qərb strukturlarından uzaqlaşması strategiyasına necə xidmət edir? Bu birlik uğur qazanacaqmı?
Açar sözlər: “3+3”, Cənubi Qafqaz, Türkiyə, Rusiya-İran, Azərbaycan, Ermənistan, Gürcüstan, Qərb, Avrointeqrasiya
Nəzəri çərçivə: avtoritar bloklaşmalar nəyə xidmət edir?
Avtoritar ölkələrin, daha doğrusu liderlərin birlikdə bloklar yaratması nəyə xidmət edir? Onların əsas məqsədi nədir? Bəzi müəlliflər hesab edirlər ki, bu cür bloklaşmalar rejimlərin həm daxili, həm də beynəlxalq vəziyyəti üçün mühümdür: “Avtoritar rejimlər regional bloklaşmalar yaradırlar və bu da onların daxili mövqeyini möhkəmləndirməklə yanaşı, xarici təzyiqlərə qarşı müdafiə mexanizmi rolunu oynayır” (Deneen, 2018). Bu fikirlərdən belə nəticəyə gəlmək olur ki, bu cür regional bloklaşmalar əslində qloblal ideoloji qütbləşmənin əsası sayıla bilər. Yəni həm Rusiya, İran və Türkiyə ilə birlikdə hərəkət etmək, həm də Qərblə yaxınlaşmaq xeyli çətin və ziddiyyətli görünür.
Avtoritar ittifaqların fərqli səbəblərdən formalaşması barədə fikirlər də mövcuddur: “Avtoritar bloklaşmalar əslində rejimlərin daxili ziddiyyətləri gizlətmək və siyasi legitimliyi bərpa etmək üçün yaratdığı konstruksiyalardır; onlar xarici təzyiqləri bəhanə gətirir” (Levitsky, Steven, and Lucan A. Way, 2010). Yəni bloklaşmaların əsas məqsədi - xaricdə daha ciddi qarşılandıqlarını daxili auditoriyaya göstərməkdir. Görünür, müxtəlif avtoritar blokların yaranma səbəbləri fərqli olduğundan bu barədə nəzəri fikirlər də çeşidlidir. Bununla belə, əksər analoji ittifaqlar üçün ortaq xüsusiyyətlər də mövcuddur: “Regional avtoritar ittifaqlar çox vaxt qısamüddətli maraqları ifadə edir və uzunmüddətli əməkdaşlıq perspektivi zəifdir, çünki rejimlər arasında əsas etibar və ideoloji yaxınlıq mövcud deyil” (Grigas, 2017). Yəni daimi avtoritar bloklaşmalar yoxdur. Bunu biz hər bir avtoritarın öz hakimiyyətini uzatmaq üçün günlük maraqlara xidmət edən siyasəti üstün tutması kimi də şərh edə bilərik.
“3+3” bəyanatlarda və reallıqda
3+3” formatı üzrə ilk toplantı 2021-ci ilin 10 dekabırında Moskavada keçirilib. (APA, 2021) Bu toplantı xarici işlər nazirlərinin müavinləri səviyyəsində baş tutub. İkinci görüş 2023-cü ilin fevralında İranın paytaxtı Tehranda keçirilib (Mehr, 2023). Üçüncü toplantı isə XİN başçıları səviyyəsində olub və 17-18 oktyabr, 2024 ci il tarixində Türkiyənin istanbul şəhərində baş tutub. Hər üç görüş bir digərinin keçirləməsinə razılıq əldə edilməsi və ev sahiblərinin spesifik bəyanatları ilə yadda qalıb.
Ermənistan və Azərbaycan arasında sülh sazişinin tam mətninin hazır olduğu bəyan edilsə də, bu sənəd hələ də imzalanmır. Halbuki hər iki ölkənin daxil olduğu sözügedən formatın bəyan etdiyi ilk məqsəd sülh və sabitlikdir: “Regionda etimadın artırılması, iqtisadiyyat və nəqliyyat əlaqələrinin bərpası, yenidən qurulması və genişləndirilməsi sahəsində əməkdaşlığın inkişafına yönəlik fikir mübadiləsi aparılıb.” (Azərbaycan Xarici İşlər Nazirliyi, 2021). Göründüyü kimi, elan olunmuş elə birinci məqsədlə bağlı real vəziyyət xeyli fərqlidir. Bəyanatdan da görünür ki, müzakirə tərəfləri arasında etimad problemi var. Ən yaxşı halda etimad məsələsi müzakirə mövzusudur. Əgər belə bir şəraitda Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalansa, bu indiyə qədər imzalanmış sənədlərdən nə ilə fərqlənəcək? Yəni bu format sülhə nail ola biləcəkmi? Məsələn Böyük britaniyanın RUSİ düşüncə mərkəzi hesab edir ki, sülh sazişi bölgədə Rusiyanın təsirini azalda bilər (RUSİ, 2025). Bu kontekstdə baxsaq, Rusiya sülhün əleyhinədir. O zaman belə qənaət formalaşır ki, 3+3 formatı Azərbaycan və Ermənistan arasında sülh razılaşmasını ön plana çıxarmır. Ən azından Rusiya bunu istəmir. Belə olan halda daha dərin əməkdaşlıq məsələn, Ermənistandan keçməli olan kommunikasiya yollarının taleyi necə olacaq?
“Zəngəzur koridoru”, “Araz dəhlizi” kimi bir-birinə qarşı qoyulan nəzəri layihələrə sahib ölkələrin blokunda ikinci məqsəd isə elə kommunikasiyalar məsələsdir: “ 3+3 formatı çərçivəsində regional əməkdaşlığın ilk iclası 2021-ci ilin dekabrında Moskva şəhərində, Xarici İşlər nazir müavinləri səviyyəsində keçirilib. Bu formatda üç Cənubi Qafqaz ölkəsi (Azərbaycan, Ermənistan, Gürcüstan) və üç qonşu ölkə — Rusiya, Türkiyə və İran iştirak edir.
Söhbətlərinin başqa bir hissəsində İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian İranla Ermənistan arasında tarixi dəhlizin əhəmiyyətini vurğulayıb və bu məsələnin Azərbaycan Respublikası ilə bağlı olduğunu qeyd edib.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu ölkənin Ermənistan ilə İran arasındakı mövcud yolları bağlamadığını təsdiqləyib. İranın xarici işlər naziri əlavə edib ki, Tehran da Azərbaycan ilə Ermənistan arasındakı marşrutun bağlanmasını istəmir.” (İran Press, 2023). Başqa belə bir bəyanat isə İranın Ankaradakı səfirindən gəlib: “ İran region ölkələri arasında siyasi, təhlükəsizlik, ticarət, iqtisadi və tranzit əməkdaşlığı sahəsində parlaq perspektivlərin açılacağına inanır. Bu təşəbbüsün ən böyük üstünlüyü odur ki, tərəfdaşlardan heç biri kənarda qoyulmayıb” Yenə də əsas vurğu tranzit məsələləridir.
Rusiyanın, Türkiyənin, İranın “3+3”dən gözləntisi
Rusiya üçün “3+3” platforması Cənubi Qafqazda postsovet təsir zonalarının qorunması və Qərbin regionda artan təsirinin qarşısının alınması baxımından mühüm geosiyasi alət kimi nəzərdən keçirilir. Bu təşəbbüsün əsas məramı Moskva üçün regional güc balansını öz xeyrinə qorumaq, xüsusilə də Gürcüstan, Ermənistan və Azərbaycan kimi kiçik dövlətlərin Qərblə inteqrasiyasını ləngitmək və ya əngəlləməkdir ( Coffey, 2021).
Rusiya Xarici İşlər naziri Sergey Lavrovun 2024-cü ildə verdiyi açıqlamalar bu gözləntiləri daha açıq şəkildə ortaya qoyur. Lavrov “3+3” formatını Qərb tərəfindən təşviq edilən “milli mərkəzli modellərə” qarşı bir cavab kimi təqdim edir və bu modeli “regional təhlükəsizliyə qarşı yönəlmiş təzyiq vasitəsi” adlandırır (Anadolu Agentliyi, 2024). Bu ritorika Moskvanın əsas hədəfinin Qərbin – xüsusilə də NATO və Avropa İttifaqının – regiondakı təsirini neytrallaşdırmaq olduğunu göstərir.
Rusiya üçün “3+3” həm də siyasi legitimlik alətidir. Ukraynaya qarşı təcavüzünə görə beynəlxalq təcridə məruz qalan Moskva, bu kimi regional təşəbbüslərlə hələ də güclü aktor olduğunu göstərmək istəyir. Bu xüsusilə onun “regional vasitəçi” və “sülh qoruyucu” kimi çıxış etmək istəyi ilə uzlaşır. Məsələn, 2020-ci il Qarabağ müharibəsindən sonra Rusiya özünü əsas vasitəçi kimi təqdim etməyə çalışdı və bu platforma ilə həmin rolu daha da institusionallaşdırmaq istəyir (Grigas, 2017).
Bununla yanaşı, Moskvanın bu formatdan gözləntiləri yalnız siyasi deyil, həm də iqtisadidir. Rusiya üçün regionda kommunikasiyaların və ticarət yollarının açılması, xüsusilə də İrəvan-Bakı dəhlizinin nəzarət altında saxlanması strateji əhəmiyyət daşıyır. Zəngəzur dəhlizi layihəsi üzərindən nəzarət Rusiyanın Cənubi Qafqaz üzərində nəqliyyat və logistik təsirini bərpa etməyə xidmət edir (Iran Press, 2023).
Moskvanın əsas arqumenti isə budur: “Cənubi Qafqaz ölkələrinin təhlükəsizlik və inkişaf məsələlərini regiondaxili dialoq yolu ilə həll etməsi daha səmərəlidir” (Lavrov, 2024). Bu, Qərbdən asılılığı azaltmaq və onun vasitəçilik iddialarını zəiflətmək məqsədi güdür. Əslində bu yanaşma Rusiyanın “məhdud suverenlik” doktrinasının təzahürüdür – yəni postsovet məkanında olan dövlətlərin xarici siyasətlərində tam müstəqil seçimlər etməsi qəbulolunmaz sayılır (Mankoff, 2009).
Bununla belə, Moskva üçün “3+3” platforması digər aktorların – xüsusilə də İran və Türkiyənin – regiondakı ambisiyalarını balanslamaq və onları öz orbitində saxlamaq baxımından da əhəmiyyətlidir. Bu platforma vasitəsilə Rusiya İranla eyni masada oturaraq Cənubi Qafqazda öz dominantlığını təsdiq etməyə, Türkiyənin isə bölgədə artan nüfuzunu nəzarət altında saxlamağa çalışır.
Nəhayət, Rusiyanın bu formatdan gözləntisi onun geosiyasi hibrid strategiyasının bir hissəsi kimi dəyərləndirilə bilər: bu, nə tamamilə açıq qarşıdurmadır, nə də klassik ittifaq. “3+3” Rusiya üçün daha çox “minimum institusional öhdəlik, maksimum geosiyasi təsir” modeli kimi çıxış edir (Levitsky & Way, 2010). Bu baxımdan, Rusiya üçün “3+3” formatı həm bir ritorik çərçivə, həm də rəqibləri – yəni Qərb aktorlarını – regiondan sıxışdırmaq üçün çevik və aşağı maliyyətli alətdir.
Türkiyə
Türkiyə üçün “3+3” platforması, ilk növbədə, Cənubi Qafqazda siyasi və iqtisadi nüfuzunu gücləndirmək üçün əlverişli fürsət kimi dəyərləndirilir. Rəsmi Ankara bu təşəbbüsü 2020-ci ildə irəli sürərkən, onu “regionda sülh və əməkdaşlıq formatı” kimi təqdim etsə də, formatın dərin strateji alt-mətnləri var (Anadolu Agentliyi, 2020). Ən əsası, bu təşəbbüs Türkiyənin Qafqazda həm Rusiya, həm də İranla rəqabətli, lakin dialoqa əsaslanan bir güc aktoru kimi çıxış etməsi üçün strukturlaşdırılmış platforma funksiyası daşıyır.
Türkiyənin Cənubi Qafqaz siyasəti xüsusilə 2020-ci il İkinci Qarabağ müharibəsindəki aktiv rolu ilə yeni mərhələyə qədəm qoydu. Bu dövrdə Türkiyə Azərbaycanın əsas hərbi-siyasi dəstəkçisi kimi çıxış etdi və nəticədə postmüharibə dövründə özünü regionun əsas geosiyasi oyunçularından biri kimi təqdim etməyə başladı (Cornell, 2021). Bu kontekstdə “3+3” formatı Ankara üçün Azərbaycan üzərindən regionda daha dərin siyasi, iqtisadi və logistik bağlantılar qurmaq imkanı yaradır.
Türkiyənin əsas gözləntilərindən biri regional iqtisadi inteqrasiyanın təşviqidir. Xüsusilə Zəngəzur dəhlizi və digər nəqliyyat-kommunikasiya layihələri vasitəsilə Türkiyə Orta Asiyaya birbaşa çıxış əldə etməyi, Çinlə olan Ticarət Yolunu (Middle Corridor) möhkəmləndirməyi hədəfləyir. Bu baxımdan, “3+3” platforması yalnız siyasi format deyil, həm də “logistik strateji genişlənmə” vasitəsidir. Ankara “Türk Dövlətləri Təşkilatı” ilə sinxron şəkildə Cənubi Qafqazdan keçən dəhlizləri özünün geoiqtisadi arteriyasına çevirmək niyyətindədir.
Digər mühüm gözlənti – Türkiyənin vasitəçi və balanslaşdırıcı aktor kimi tanınmasıdır. Rəsmi Ankara “3+3” formatında dialoq və əməkdaşlığı vurğulayır, lakin bu vurğular vasitəsilə həm Rusiya, həm də Qərb qarşısında öz diplomatik çəkisini artırmağa çalışır. Belə ki, Türkiyə həm NATO üzvüdür, həm də Rusiya və İranla münasibətlərini qoruyan bir aktor olaraq, Cənubi Qafqazdakı qarşıdurmalarda neytral tərəf kimi çıxış etməyə cəhd edir. Bu, Türkiyənin “strateji balans oyunu”nun bir hissəsidir.
Ankara üçün “3+3” həm də daxili siyasi və simvolik kapitalın artırılması alətidir. Prezident Ərdoğan regional güc statusunu daxili legitimlik resursu kimi istifadə edir. Bu, xüsusilə Türkiyənin regionda “qoruyucu güc” imici ilə çıxış etmək strategiyası ilə uzlaşır. Rəsmi bəyanatlarda bu açıq şəkildə ifadə olunur: “3+3 formatı regional dialoqu və etimadı təşviq edən konstruktiv bir platformadır” (Türkiyə Xarici İşlər Nazirliyi, 2023).
Bununla belə, Türkiyə bu platformanı təkbaşına formalaşdırmır və İran və Rusiya ilə birgə fəaliyyət zərurəti onu geosiyasi manevrlərə sövq edir. Bu üçlü münasibət asimmetrikdir və Türkiyə üçün müəyyən dilemmanı ehtiva edir: bir tərəfdən İran və Rusiya ilə əməkdaşlıq zərurəti, digər tərəfdən isə bu ölkələrin regionda öz təsirlərini genişləndirmək cəhdləri ilə rəqabət . Xüsusilə Rusiyanın dominantlıq iddiaları Türkiyənin “bərabərhüquqlu aktor” kimi çıxış etmək imkanlarını məhdudlaşdıra bilər.
Bundan başqa, Ermənistanla münasibətlərin normallaşması da Ankara üçün bu platforma daxilində mühüm hədəfdir. Türkiyə Ermənistanla sərhədlərin açılması və iqtisadi əlaqələrin qurulması üçün bu formatdan vasitə kimi istifadə etməyə çalışır (International Crisis Group, 2022). Lakin bu proses Ermənistanın daxili siyasi balansına və Qərblə münasibətlərinə bağlı olduğu üçün qeyri-müəyyənliklərlə müşayiət olunur.
Nəticə etibarilə, Türkiyə üçün “3+3” formatı həm geosiyasi təsir imkanlarının genişləndirilməsi, həm də logistik və iqtisadi layihələrin reallaşdırılması üçün əlverişli mexanizm kimi çıxış edir. Ankara bu təşəbbüsdə həm “sabitlik təchizatçısı”, həm də “logistik körpü” rolunu oynamaq istəyir. Lakin Moskva və Tehranla strateji maraqların üst-üstə düşməməsi bu ambisiyanın reallaşmasını çətinləşdirir. Buna baxmayaraq, “3+3” Türkiyə üçün Cənubi Qafqazda təsir imkanlarını davamlı şəkildə test və təkmilləşdirmək üçün yararlı platforma olaraq qalır.
İran
İran üçün “3+3” platforması Cənubi Qafqazda geosiyasi balansın saxlanması, Qərbin təsirinin qarşısının alınması və regional kommunikasiyalarda iştirak imkanlarının artırılması baxımından strateji əhəmiyyət kəsb edir. Tehranın bu formata marağı ilk növbədə regiondakı status-kvonu qorumaq, xüsusilə Türkiyə və Azərbaycanın regional fəallığının qarşısını almaq və Ermənistanla əlaqələri gücləndirmək məqsədi daşıyır (Kaleji, 2022).
İranın “3+3”ə münasibəti daha çox müdafiəvi strateji yanaşma üzərində qurulub. Rəsmi Tehran uzun illərdir ki, Zəngəzur dəhlizi kimi layihələri öz milli təhlükəsizliyi üçün təhdid hesab edir. İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian 2023-cü ildə “Azərbaycan ilə Ermənistan arasında mövcud yolların bağlanmasını istəmirik” bəyanatı ilə bu narahatlığı açıq şəkildə ifadə etmişdir (Iran Press, 2023). Tehran üçün əsas prioritet İran-Ermənistan sərhədinin toxunulmaz saxlanması və Ermənistan vasitəsilə Rusiya və Avropa ilə quru bağlantının qorunmasıdır.
İranın daha bir gözləntisi Qərbin regionda hərbi-siyasi təsirinin azaldılmasıdır. Tehran üçün “3+3” formatı ABŞ və İsrailin Cənubi Qafqazda nüfuz imkanlarını məhdudlaşdırmaq üçün alternativ bir regional təhlükəsizlik çərçivəsi rolunu oynaya bilər. İranın “regional təhlükəsizliyin yalnız region ölkələri tərəfindən təmin olunmalı olduğu” fikri bu yanaşmanın ideoloji əsasını təşkil edir. Bu, həm də İranın “milli suverenliyə hörmət” ritorikasının Cənubi Qafqaz kontekstinə tətbiqidir.
Eyni zamanda İran bu platformanı transregional nəqliyyat və ticarət logistikası üçün yeni imkan kimi dəyərləndirir. Tehranın 2021-ci ildən bəri vurğuladığı “Şimal-Cənub Nəqliyyat Dəhlizi” (INSTC) layihəsi bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. İran “3+3” formatını bu dəhlizlə sinxronlaşdıraraq Azərbaycan, Rusiya və Ermənistanla inteqrasiya olunmuş bir kommunikasiya xəritəsi qurmaq istəyir. Tehran üçün regiondakı kommunikasiya şəbəkələrinin bir hissəsi olmaq həm iqtisadi divident, həm də strateji təsir imkanı yaradır.
İranın gözləntiləri yalnız xarici deyil, həm də daxili legitimlik müstəvisində şərh oluna bilər. Cənubi Qafqazda diplomatik fəallıq Tehranın beynəlxalq təcriddən çıxdığını nümayiş etdirmək üçün daxili ictimaiyyətə təqdim olunur. Bu, xüsusilə də İranın Ermənistanla yüksək səviyyəli görüşlərində açıq görünür – burada Tehran “sülh və dialoq təşəbbüskarı” kimi təqdim olunur (Mehr News, 2024).
Bununla yanaşı, İran “3+3” formatına ehtiyatla yanaşır və bu platformada Türkiyə və Rusiyanın dominantlığına qarşı balans yaratmağa çalışır. Tehran üçün əsas risklərdən biri də formatın Türkiyə-Azərbaycan tandemi tərəfindən İranın regional maraqları əleyhinə istifadəsi ehtimalıdır. Buna görə də İran bu təşəbbüsdə iştirakını şərtli dəstək və korrektiv iştirakçılıq modeli ilə həyata keçirir (Shiriyev, 2023).
Üstəlik, İranın İsraillə davam edən konfrontasiyası və bu kontekstdə Azərbaycanın İsraillə yaxın münasibətləri də “3+3” formatı çərçivəsində Tehranın qərarsızlığını artıran faktorlardandır. İranın narahatlığı ondan ibarətdir ki, bu platforma əgər Qərbin və ya İsrailin maraqlarına xidmət edəcək şəkildə manipulyasiya olunarsa, onun üçün regional təhlükəsizlik riski yarana bilər (Financial Times, 2025).
Yəni İran üçün “3+3” formatı həm fürsət, həm də risk daşıyır. Bu təşəbbüs vasitəsilə Tehran regional geosiyasi nüfuzunu qorumaq, Ermənistan üzərindən quru nəqliyyat əlaqələrini sabit saxlamaq və Qərbin təsirinə qarşı kollektiv müqavimət göstərmək istəyir. Lakin formatda Türkiyə və Azərbaycanın fəallığı, Rusiya ilə asimmetrik münasibətlər və regiondakı müharibə kontekstləri İranın ambisiyalarını məhdudlaşdırır. Bu səbəbdən İran “3+3” platformasına ehtiyatlı optimizmlə yanaşır – onu nə tamamilə rədd edir, nə də strateji alyans kimi qəbul edir. Tehran üçün bu format, ilk növbədə, öz maraqlarını qorumaq üçün çevik diplomatik alət kimi çıxış edir.
Azərbaycanın Gözləntiləri: Qərbsiz Qafqaz və Geoiqtisadi Dəhlizlər
Azərbaycan üçün “3+3” formatı ilk növbədə postmüharibə geosiyasi konfiqurasiyada öz hərbi-siyasi üstünlüyünü möhkəmləndirmək və regionda Qərbdən kənar təhlükəsizlik arxitekturası qurmaq üçün bir fürsət kimi çıxış edir. Rəsmi Bakı bu platformanı Zəngəzur dəhlizi və digər kommunikasiyaların açılması üçün diplomatik alət kimi təqdim etsə də, onun əsl niyyəti Qərb institutlarının (Avropa Şurası, Avropa İttifaqı, ATƏT) təsir dairəsindən yayınmaq və regiondaxili danışıqlarda Rusiyanın vasitəçiliyi ilə hərəkət etməkdir (HRW, 2024). İlham Əliyev dəfələrlə bildirmişdir ki, “region məsələləri region ölkələri tərəfindən həll olunmalıdır” – bu, əslində “Qərbsiz Cənubi Qafqaz” tezisinin rəsmi Bakının strateji prioriteti olduğunu göstərir.
Bundan əlavə, Azərbaycan Türkiyə ilə tandem şəkildə Orta Dəhliz təşəbbüsünü gücləndirmək, İran və Rusiya ilə isə məhdud əməkdaşlıq çərçivəsində balanslı mövqe saxlamaq istəyir. Platforma vasitəsilə Azərbaycan həm də Ermənistan üzərində əlavə təzyiq aləti qazanmağa çalışır – bu da, xüsusilə sülh sazişinin imzalanması prosesində geosiyasi manevr imkanlarını artırır.
Ermənistanın İkili Yanaşması: Qərbə İnteqrasiya ilə Regional Təzyiqlər Arasında
Ermənistanın “3+3” formatına qoşulması ciddi paradokslarla müşayiət olunur. Bir tərəfdən Ermənistan Avropa İttifaqı ilə dərinləşən əlaqələrə, demokratik islahatlara və 2024-cü ildə AB-yə mümkün üzvlük perspektivinə açıq şəkildə sadiqdir. Digər tərəfdən isə Ermənistan regional təcriddən yayınmaq və İran, Rusiya, Türkiyə ilə iqtisadi və siyasi əlaqələri minimum səviyyədə qorumaq üçün bu formata da iştirak edir. Bu ikili yanaşma Ermənistan üçün həm təhlükəsizlik zərurəti, həm də diplomatik çeviklik siyasətidir (International Crisis Group, 2022).
Paşinyan hökuməti bu platformada iştirak etməklə həm də sülh danışıqlarında alternativ vasitəçilik mərkəzləri yaratmağa, Qərbin vasitəçiliyini balanslamağa çalışır. Lakin bu ikili oyun Ermənistanın strateji xəttini qeyri-müəyyən və riskli edir. Xüsusilə də Ermənistan cəmiyyətində “3+3”ə qarşı inamsızlıq və Rusiya vasitəçiliyinə dair skeptisizm ciddi şəkildə mövcuddur (Shiriyev, 2023).
Gürcüstanın İmtinası:
Gürcüstan yeganə Cənubi Qafqaz ölkəsidir ki, “3+3” platformasını açıq şəkildə boykot edir. Rəsmi Tbilisi bu təşəbbüsə qoşulmama səbəbini 2008-ci ildə Rusiya tərəfindən işğal edilmiş ərazilərin (Abxaziya və Cənubi Osetiya) statusu ilə əlaqələndirir. Gürcüstan Xarici İşlər Nazirliyi bildirib ki, "işğalçı ölkə ilə bərabər formatda iştirak siyasi legitimlik verərdi" (Kaleji, 2022).
Gürcüstan üçün bu platforma tam geosiyasi təhlükədir. ABŞ müdafiə naziri Lloyd Ostinin Tbilisidə verdiyi bəyanat da bu mövqeni dəstəkləyib: “Yeni formatlar icad etməkdənsə, Rusiya 2008-ci ildən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir” (Austin, 2021). Bununla belə, Gürcüstanda 2024-cü ildə baş verən “Rus qanunu” etirazları və AB ilə münasibətlərdəki gərginliklər fonunda rəsmi Tbilisinin gələcək mövqeyində yumşalma istisna deyil. Lakin cari mərhələdə Gürcüstan üçün “3+3” formatı həm ideoloji, həm də təhlükəsizlik baxımından qeyri-məqbul sayılır.
Beləliklə, bu üç aktorun mövqeyi “3+3” formatının təkcə regional böyük güclərin maraqlarına deyil, eyni zamanda kiçik dövlətlərin geosiyasi strategiyalarına da təsir etdiyini göstərir. Azərbaycan platformanı öz regional dominantlığını möhkəmləndirmək üçün alət kimi görür, Ermənistan isə ziddiyyətli xarici siyasət kursunu bu formatda da davam etdirir. Gürcüstan isə bu təşəbbüsü Qərb kursuna qarşı təhdid kimi qəbul edərək tam imtina edir. Bu fərqli yanaşmalar “3+3”ün strukturlaşdırılmış və uzunömürlü bir blok olmasını çətinləşdirir, əvəzində onu dəyişkən və qeyri-sabit bir regional dialoq çərçivəsinə çevirir.
Qərbdə “3+3”ə necə baxırlar?
Əlbəttə, gözləniləndir ki, belə bir bloklaşma Qərb institutları və dövlətləri tərəfindən isti qarşılanmasın. Bu kontekstdə ABŞ, AB və NATO tərəfindən “3+3” platformasına birmənalı isti baxılmır. 18 oktyabr 2021-ci ildə Gürcüstanda səfərdə olan ABŞ-ın müdafiə naziri Lloyd Ostin formatla bağlı suala belə cavab verir: “ Rusiya hazırda Gürcüstanın 20 faiz torpaqlarını işğal edib, bundan əlavə 2008-ci il müharibəsindən sonrakı öhdəliklərini yerinə yetirməyib. Məncə yeni formatlar icad etməkdənsə, bu barədə düşünmək lazımdır”. Göründüyü kimi, cavab diplomatik olmaqla yanaşı həm də konkretdir. Yəni ABŞ formatı lazımsız hesab edir. ABŞ-dakı Hudson İnstitutunun Avropa və Avrasiya mərkəzinin baş analitiki Luk Koffi qeyd edir ki, bu təşəbbüs Avroatlantik təsiri dondurmaq və Rusiya-İran təsirini artırmaq ücün planlaşdırılıb: “Sonuncu təklif Rusiya və İranın təsirini artıracaq, eyni zamanda Avroatlantik təsiri tədricən aradan qaldıracaq” (Coffey 2021). Ehtimal ki, Rusiya Qərbdən gələn təzyiq qarşısında tək davam gətirə bilməyəcəyini anlayır və ona görə də məcburiyyət qarşında özünə yeni ortaqlar seçir, Cənubi Qafqazı Qərb təsirindən qorumaq üçün Türkiyə və İranın maraqlarına da bir qədər dözümlü yanaşır: “3+3 təşəbbüsü Qərb aktorlarının təsirini məhdudlaşdırmaq üçün Türkiyə, Rusiya və İranın istifadə etdiyi bir vasitə kimi qəbul edilə bilər” (Legieć 2021). Lakin bu platformanın Qərbin regionda genişlənməsinin qarşısını almaqdan daha çox, onu regiondan çıxarmağa hesablanması fikri də var: “Bu platforma “regional avtoritar güclərin rolunu bərpa etmək təşəbbüsü” kimi qiymətləndirilir” (Kuzio və Chkhaidze 2021). Yəni söhbət, Türkiyə və İranın köməyi ilə Rusiyanın rolunu bərpa etməkdən gedir!?
“3+3”ə əsas maneələr nədir?
Şübhəsiz ki, blokun formalaşması yolunda bir çox maneələr mövcuddur. Bunlardan bəziləri siyahıda olan ölkələrin mövqeyinə və vəziyyətinə bağlı məsələlərdir: “Gürcüstan “3+3” formatında iştirakdan imtina etməklə Rusiyanın regional təşəbbüslərinə etimadsızlıq nümayiş etdirir. Bu, platformanın legitimliyini və effektivliyini sual altına alır” (Kaleji, 2022). Yəni “3+3” artıq start xəttində alınmır. Bu o deməkdir ki, formatın ən azı adı barədə yeni müzakirələr başlayacaq. Özü də bu, təkcə ad məsələsi kimi şərh edilməməlidir. Çünki Gürcüstanın formatda olmaması ilə region tam əhatə olunmur.
İkinci məsələ Rusiya-Ukrayna müharibəsinin doğurduğu bəzi nəticələrdir: “Rusiya-Ukrayna müharibəsi fonunda Rusiya regionda etibarlı tərəfdaş kimi qəbul edilmir və bu, “3+3” təşəbbüsünə olan inamı azaldır” (Shiriyev, 2023). Yəni formatın antiqərb cəbhəsi liderinin vəziyyəti də blokun iddialarına adekvat deyil. Görünür ki, format tam strukturlaşmamış mərkəzdən qaçmaların olacağı nəzərdə tutulur.
Ən ciddi maneələrdən biri də Qərbin bu bloklaşmada olmaması, ya da ona qarşı olmasıdır: “Qərb aktorlarının — xüsusilə ABŞ və Fransanın — platformadan kənarda qalması, onu qeyri-obyektiv və güc balansına uyğun olmayan bir struktur halına gətirir” ( Shapiro, 2021). Bu o deməkdir ki, “3+3” formatı üçün perspektiv elə də aydın görünmür. Kifayət qədər ciddi daxili və xarici faktorlar var ki, bu formatın möhkəmlənməsinə maneə kimi qiymətləndirilir. İsrail-İran müharibəsi də təbii ki, bu formatın qarşısındakı əsas əngəllərdən biridir. Burada söhbət bir əsas istiqamətdən gedir: Tehranın başı müharibəyə qarışır, regional məsələlər ikinci plana keçir: “İranın xarici siyasəti Qərblə toqquşduqca, regiondakı əməkdaşlıq təşəbbüsləri ya aktuallığını itirir, ya da ləngiyir. İran İsrail qarşısında müdafiəyə yönələcək və regiondakı digər təşəbbüslər arxa plana keçəcək. Tehran təhlükəsizlik qarşısında diplomatik siyasəti dəyişəcək” (Financial Times, 2025). Göründüyü kimi, davam etməkdə olan İran-İsrail müharibəsi özlüyündə bu formatın perespektivinə dair ciddi suallar yaradır. Bütövlükdə isə biz görürük ki, Qərb blokuna qarşı yarandığı deyilən bu formatın üç əsas dövlətindən ikisi - İran və Rusiya hələ də tam bitməyən aktiv münaqişədə iştirak edirlər.
Nəticə və Tövsiyələr
“3+3” platforması nominal olaraq regional əməkdaşlıq, iqtisadi inteqrasiya və sülh təşəbbüsü kimi təqdim edilsə də, faktiki olaraq onun siyasi mahiyyəti daha mürəkkəb və çoxşaxəlidir. Türkiyə, Rusiya və İran kimi avtoritar və ya yarı-avtoritar rejimlərin təşəbbüskar olduğu bu format, əsasən Qərb təsirinə qarşı geosiyasi müqavimət mexanizmi kimi formalaşıb.
Analiz göstərdi ki:
- Rusiya formatdan postimperial təsir zonalarını qorumaq, Qərbi uzaqlaşdırmaq və regionda “milli mərkəzli təhlükəsizlik” modelini təşviq etmək üçün istifadə edir;
- Türkiyə bu platformanı həm iqtisadi qazanc (Zəngəzur və Orta Dəhliz vasitəsilə), həm də geosiyasi balanslaşdırma vasitəsi kimi görür;
- İran isə formatı Qərbə qarşı regional bloklaşma və Ermənistanla strateji əlaqələri qorumaq üçün müdafiəvi alət hesab edir.
Kiçik aktorlar isə bu struktura fərqli münasibət sərgiləyirlər:
- Azərbaycan onu postmüharibə siyasi dominantlığını gücləndirmək və Qərbsiz təhlükəsizlik arxitekturası qurmaq üçün istifadə edir;
- Ermənistan bu formata ziddiyyətli münasibət göstərir – Qərblə inteqrasiya strategiyasına paralel olaraq regional təcrid riskini azaltmağa çalışır;
- Gürcüstan isə açıq şəkildə imtina edir, formatı həm Rusiya ilə bərabərləşdirmə problemi, həm də Qərb kursuna təhdid kimi qiymətləndirir.
Bu fərqli yanaşmalar və dərin geosiyasi ziddiyyətlər “3+3” platformasının vahid institusional quruluşa çevrilməsi ehtimalını zəiflədir. Hərçənd, bəzi dövrlərdə bu format müəyyən tranzit və ya texniki məsələlərdə faydalı ola bilər, ancaq onu sabit və etibarlı geosiyasi model hesab etmək mümkün deyil.
Tövsiyələr
Qərb üçün:
Qərb aktorları – xüsusilə AB və ABŞ – “3+3” platformasına reaksiyanı təkcə tənqidi bəyanatlarla məhdudlaşdırmamalı, Cənubi Qafqaz üçün alternativ institusional çərçivələr və faydalı təşəbbüslər irəli sürməlidirlər. Əks halda, boşluğu Rusiya və İran dolduracaq.
Cənubi Qafqaz ölkələri uzunmüddətli təhlükəsizlik və iqtisadi sabitlik üçün yalnız balans siyasətinə deyil, daxili demokratik transformasiya və hüquqi institutların gücləndirilməsi strategiyasına üstünlük verməlidirlər.
Gürcüstan üçün:
Gürcüstan “3+3” formatına tam qarşı mövqe əvəzinə, milli maraqları təmin edən şərtli müşahidəçi statusu modelini qiymətləndirməlidir – bu, həm regional təcridi aradan qaldıra bilər, həm də Qərblə əməkdaşlıq kursuna zidd olmaz.
Ermənistan üçün:
Ermənistan bu platformada iştirak edərkən ideoloji və təhlükəsizlik kompromisləri arasında aydın strategiya qurmalı, Qərblə inteqrasiya kursunu zədələməyən taktiki manevrlərlə hərəkət etməlidir.
Azərbaycan üçün:
Azərbaycan üçün “3+3” ancaq mülki kommunikasiyaların və sülh prosesinin irəlilədiyi halda geosiyasi dividendlər gətirə bilər. Əks təqdirdə, bu təşəbbüs yalnız ritorik rıçaq kimi qalacaq.
Ümumi Qiymətləndirmə
“3+3” formatı hazırkı mərhələdə daha çox geosiyasi ritorika və simvolik diplomatiya səviyyəsində mövcuddur. Onun real təsir gücü isə iştirakçı aktorların daxili siyasi stabilliyi, regional münaqişələrin gedişi və Qərb-Rusiya qarşıdurmasının inkişaf dinamikasından asılı olacaq. Bu mənada, “3+3” platforması Cənubi Qafqazın gələcəyini müəyyən edən deyil, onun geosiyasi qeyri-müəyyənliyini təcəssüm etdirən konstruksiya kimi qalır.
İstinadlar:
Anadolu Agentliyi. 2024. “South Caucasus Regional Cooperation Platform Calls for Cease-Fire in Middle East.” https://www.aa.com.tr/en/world/south-caucasus-regional-cooperation-platform-calls-for-cease-fire-in-middle-east/3366830.
APA. 2021. “Moskvada ‘3+3’ formatında ilk iclas başa çatıb.” https://apa.az/xarici-siyaset/moskvada-33-formatinda-ilk-iclas-basa-catib-yenilenib-675352.
Austin, Lloyd J. 2021. “Remarks by Secretary of Defense Lloyd J. Austin III During a Joint Press Briefing With Minister Burchuladze of the Republic of Georgia” U.S. Department of Defense. https://www.defense.gov/News/Transcripts/Transcript/Article/2813126/remarks-by-secretary-of-defense-lloyd-j-austin-iii-during-a-joint-press-briefin/.
Azerbaijan Ministry of Foreign Affairs. 2021. “No:506/21, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov KİV-in Moskva şəhərində keçirilmiş “3+3” fomatında görüş ilə bağlı sualını cavablandırır” https://www.mfa.gov.az/az/news/no50621.
Caspian News. 2021. “President Erdogan Calls for Cooperation to Achieve Lasting Peace in South Caucasus.” https://caspiannews.com/news-detail/president-erdogan-calls-for-cooperation-to-achieve-lasting-peace-in-south-caucasus-2021-11-1-0/.
Coffey, Luke. 2021. “The 3+3 Format in the South Caucasus Doesn’t Add Up.” Middle East Institute. https://www.mei.edu/publications/33-format-south-caucasus-doesnt-add.
Deneen, Patrick J. 2018. Why Liberalism Failed. New Haven: Yale University Press.
European Commission. n.d. “Eastern Partnership.” https://enlargement.ec.europa.eu/european-neighbourhood-policy/eastern-partnership_en.
Financial Times. 2025. “Israel 1967, Iran 2025: two countries on the threshold of a nuclear bomb” https://www.ft.com/content/f6a7f1b1-870c-4f0f-88fc-994796b04a3d.
Financial Times. 2025. “Iran’s Grand Strategy — imagining a world without American hegemony” https://www.ft.com/content/ecafd5c4-3832-43ad-b7e0-482c45b44477.
Grigas, Agnia. 2017. The New Geopolitics of Natural Gas. Harvard University Press.
HRW (Human Rights Watch). 2024. “Azerbaijan: Events of 2023.” https://www.hrw.org/world-report/2024/country-chapters/azerbaijan.
Iran Press. 2023. “Iran supports 3+3 format in South Caucasus: FM” https://iranpress.com/content/227604/iran-supports-33-format-south-caucasus.
Iran Press. 2022. “Iran supports 3+3 format in South Caucasus: FM” https://iranpress.com/content/55651/opening-tehran-yerevan-transit-route-maintains-neighborly-relations.
Kaleji, Vali, and Pavel K., Baev. 2022. “The impact of the war in Ukraine on regional cooperation in the South Caucasus” https://www.mei.edu/publications/impact-war-ukraine-regional-cooperation-south-caucasus.
Kirişçi, Kemal. 2011. “An ambiguous partnership: The serpentine trajectory of Turkish-Russian relations in the era of Erdoğan and Putin”. Brookings. https://www.brookings.edu/wp-content/uploads/2017/09/pavel-and-kirisci-turkey-and-russia.pdf.
Kuzio, Taras, and Nicholas Chkhaidze. 2021. “A Weaker Russia and the West’s Opportunity in the South Caucasus.” Henry Jackson Society. https://henryjacksonsociety.org/wp-content/uploads/2022/04/33-taras-SA.pdf.
Legieć, Arkadiusz. 2021. “Prospects for the Development of the ‘3+3’ Format in the South Caucasus.” Polish Institute of International Affairs. https://pism.pl/publications/prospects-for-the-development-of-the-33-format-on-the-south-caucasus.
Le Monde. 2024. “Georgia’s EU Accession Process Frozen in Wake of ‘Foreign Influence’ Law.” https://www.lemonde.fr/en/international/article/2024/07/12/georgia-s-eu-accession-process-frozen-in-wake-of-foreign-influence-law_6682413_4.html.
Levitsky, Steven, and Lucan A. Way. 2010. Competitive Authoritarianism: Hybrid Regimes after the Cold War. Cambridge: Cambridge University Press.
Mankoff, Jeffrey. 2009. Russian Foreign Policy: The Return of Great Power Politics. Lanham: Rowman & Littlefield.
Mehr News Agency. 2023. “Tehran Ready to Host Meeting of 3+3 South Caucasus Format.” https://en.mehrnews.com/news/197611/Tehran-ready-to-host-meeting-of-3-3-south-Caucasus-format.
Mehr News Agency. 2024. “Iran seeking ‘real’ peace in Caucasus region: Envoy” https://en.mehrnews.com/news/211804/Iran-seeking-real-peace-in-Caucasus-region-Envoy.
Modern.az. 2023. “Gürcüstan ‘3+3’ə yox dedi.” https://modern.az/dunya/437045/gurcustan-33e-yox-dedi.
RUSI (Royal United Services Institute). 2025. “Peace Prospects in the South Caucasus.” https://www.rusi.org/explore-our-research/publications/commentary/peace-prospects-south-caucasus.
Shapiro, Daniel. 2021. “The West Should Re-Engage in the South Caucasus.” European Leadership Network. https://europeanleadershipnetwork.org/commentary/the-west-should-re-engage-in-the-south-caucasus-heres-where-and-how/.
Shiriyev, Zaur. 2023. “Azerbaijan Gets Bolder: How It Won Back Its Lands, The Lessons For Others, And What Comes Next For The South Caucasus,” Rondeli Foundation. https://gfsis.org/wp-content/uploads/2025/03/228-expert-opinion-eng.pdf.
Turkish Ministry of Foreign Affairs. 2023. “Sayın Bakanımızın Güney Kafkasya Bölgesel İşbirliği Platformu Toplantısı’na Katılması, 23 Ekim 2023, Tahran” https://www.mfa.gov.tr/sayin-bakanimizin-guney-kafkasya-bolgesel-isbirligi-platformu-toplantisi-na-katilmasi-23-10-2023-tahran.tr.mfa.