5 okt 2026

Azərbaycan-Türkiyə münasibətləri: vəhdət yox, rəqabət

Azərbaycan-Türkiyə münasibətləri: vəhdət yox, rəqabət



(Yazı KHAR Centerin Təhlükəsizlik və Dövlət Arxitekturası araşdırmaları çərçivəsində hazırlanıb)

 

Giriş

KHAR Center Azərbaycan-Rusiya münasibətlərindəki problemlərin səbəblərini araşdırdığı analizinin başlığında “qəribə müttəfiqlik” söz birləşməsindən istifadə etmişdi. (KHAR Center, 2026). Mahiyyəti budur ki, 2022-ci ildə müttəfiqliyini elan etmiş bu qonşuların münasibətləri son 2 illik dövrdə qeyri-stabil cərəyan edir, hətta bəzən aralarında ciddi gərginliklər baş verir, lakin bu gərginliklər konfrontasiya müstəvisinə keçmir və idarəolunan xarakter daşıyır. Rusiya ilə müqayisədə daha legitim müttəfiq olan Türkiyə Cümhuriyyəti ilə münasibətlərin də son vaxtlar bənzər şəkildə, ziqzaqvari inkişaf etdiyini görürük. Məlumdur ki, Azərbaycan-Türkiyə münasibətlərinin digərlərindən fərqli, sentimental-emosional tərkibi də var, qardaşlıq romantizmi qarşılıqlı əlaqələrin və hər iki tərəfin rəsmi ritorikasının mühüm komponentini təşkil edir. Bu cür baxış bucağı Azərbaycan və Türkiyənin ayrı dövlətlər kimi fərqli maraqlara malik ola biləcəyi gerçəyinin hər iki toplumda bəzən gözardı edilməsinə və hadisələrə irrasional reaksiyaların verilməsinə də gətirib çıxarır. Rəsmi dövlətlərarası münasibətlərə hələ ki ciddi sirayət etməyən anlaşılmazlıqların artıq epizodik deyil, periodik xarakter daşımağa başlaması diqqəti cəlb edir. 

KHAR Centerin bu analizinin məqsədi Bakı və Ankara arasında artıq latent səviyyədən çıxaraq açıq müşahidə olunan anlaşılmazlıqların, narazılıqların, mübahisəli situasiyaların səbəblərini aşkarlamağa və izah etməyə çalışmaqdır. Analizin əsas sualı "Münasibətlərini müttəfiqliyin də fövqündə, qardaşlıq kimi təqdim edən Azərbaycan və Türkiyə arasında müşahidə olunan problemlərin kökündə nə dayanır?" şəklindədir.

Azərbaycan-Türkiyə münasibətlərində yeni faktor: Fələstin 

2023-cü il oktyabrın 7-də HAMAS-ın İsrailə terror hücumu ilə başlayan növbəti eskalasiya silsiləsi Orta Şərqdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Üç səmavi dinin çıxış nöqtəsi olan bu qədim regionda baş verənlər qaçılmaz şəkildə bütün dünyaya öz təsirini göstərir. İsrailin HAMAS hücumuna cavab tədbirləri – Qəzzada on minlərlə dinc sakinin ölümü ilə nəticələnən amansız bombardmanların təkcə müsəlman dünyasında deyil, Qərbdə də İsrail əleyhdarlığının yüksəlməsinə, hətta bu dalğanın ABŞ və Avropa ölkələrinin daxili siyasətinə əvvəllər olmadığı qədər təsir etməsinə səbəb olduğu ortadadır. Azərbaycan-Türkiyə münasibətləri də bu baxımdan istisna olmadı. 

İsrailin baş naziri Benyamin Netanyahunun sentyabrın 24-də BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsindəki müzakirələrdə çıxışı zamanı yaranan qalmaqal dünya mediasının aramsız xəbər axını içərisində çox tez alt sıralara düşüb gündəmdən çıxsa da, Azərbaycan və Türkiyədə bu hadisənin əks- sədası hələ davam edir. Məlum olduğu kimi, Netanyahu kürsüyə qalxarkən Türkiyə də daxil olmaqla, bir çox ölkənin nümayəndə heyəti zalı tərk edib, Azərbaycan təmsilçisi isə salonda qalıb. Bu fakt Türkiyə sosial və ənənəvi mediasında sərt qınaqlara, hətta kobud, təhqiramiz reaksiyalara səbəb olub. Xüsusən Netanyahunun prezident Ərdoğanın ünvanına ağır ifadələrdən istifadə etdiyi halda (BBC News, 2026), Azərbaycan nümayəndəsinin onun çıxışını dinləməyə davam etməsi Türkiyədə mövcud hökumətə yaxın çevrələrdə hiddətlə qarşılanıb. Məsələn, islamçı “Yeni Akit” qəzeti “Hər kəs salonu tərk etdi, onlar qaldı: İslam aləminə və Ərdoğana həqarətlər edən Netanyahuya Azərbaycan və BƏƏ-dən dəstək” başlığı ilə faktı oxucularına çatdırıb. (Yeni Akit, 2026). Hakim partiyaya yaxın “Yeni Şafak” qəzetinin baş yazarı, prezident təyyarəsində xarici səfərlərdə iştirak edən İbrahim Karagül azərbaycanlı diplomatı nəzərdə tutaraq “Netanyahu kürsüdən Ərdoğana iftiralar atarkən, həqarətlər elərkən sən orda qalmamalıydın. Biz elə etməzdik” deyə yazıb. (İbrahim Karagül  – X). Türkiyə rəsmi dövlət mediası ümumən ya təmkinli reaksiya verib, ya da hadisəni görməzdən gəlib. Buna baxmayaraq, Azərbaycan hakimiyyəti Türkiyədəki reaksiyaları məqsədyönlü təşkil olunmuş kampaniya kimi qiymətləndirməkdə tərəddüd etməyib. “Sözügedən paylaşımlar ayrı-ayrı şəxslərin təsadüfi təşəbbüsləri deyil, müəyyən əlaqələndirmə və vahid yanaşma əsasında həyata keçirilən, bəlli dairələr tərəfindən idarə olunan məqsədyönlü kampaniyanın tərkib hissəsidir”, deyə dövlət orqanı olan Media və Yayım Şurasının bəyanatında bildirilib. (AzərTAC, 2026). Bəyanatda Türkiyədə Azərbaycana qarşı qarayaxma kampaniyalarının qısa fasilələrlə davamlı xarakter daşıdığı vurğulanır və buna qarşı heç bir tədbir görülmədiyi təəssüflə qeyd olunur. Mətndə ən vacib məqam budur ki, “qarayaxma kampaniyasının təşkilatçıları və icraçıları”nın Azərbaycana girişinin məhdudlaşdırılması istisna edilmir. Başqa sözlə desək, Azərbaycan bəzi Türkiyə vətəndaşlarına qarşı sanksiya tətbiq edə bilər. Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının açıqlamasında isə bildirilib ki, kampaniya əlaqələndirilmiş formada, hədəfli reklamlar, real və saxta sosial media hesabları vasitəsilə aparılır. (AzərTAC, 2026). Komissiya hesab edir ki, “bu kampaniyanın məqsədi Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərini hədəf almaqla yanaşı, ictimai rəyi çaşdırmağa, vətəndaşlarımızda dövlətimizə və onun institutlarına qarşı inamsızlıq, habelə cəmiyyətdə qütbləşmə yaratmağa hesablanıb”. Bu cümlədən belə qənaət hasil olur ki, Bakıda Türkiyədəki bu kampaniyanın konkret məqsədlər güddüyü və Azərbaycanın içərisinə təsir göstərmək niyyətiylə təşkil edildiyi düşünülür. Bəyanatı yayan qurumun adı əslində hər şeyi deyir. Yəni bu məsələ xarici müdaxilə və hibrid təhdid kimi klassifikasiya olunur. 

Adı çəkilən strukturların sistemdəki çəkisi və rolu nəzərə alınarsa, Bakının bu mərhələdə daha alt səviyyədə reaksiya verməklə kifayətlənmək istədiyini söyləmək olardı. Lakin İlham Əliyev oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının qurultayındakı nitqində bir qədər üstüörtülü (ölkə adı çəkmədən) də olsa, bu məsələyə toxunmağı zəruri sayıb. O, Azərbaycanın II Qarabağ müharibəsində təkbaşına qələbə qazandığını bəyan etməklə faktiki olaraq Türkiyənin bu uğurda rolunu inkar edib. (Report, 2026).  Azərbaycan ictimai rəyində Türkiyə Qarabağ zəfərinin ortağı, sahiblərindən biri kimi qəbul edildiyi, hətta “Ərdoğan olmasaydı, qələbə qazana biməzdik” rəyinin hakim olduğu nəzərə alınarsa, Əliyevin mövqeyi paradiqma dəyişikliyinə işarədir. Qələbənin yalnız bir müəllifinin olduğu fikri rəsmi və hakimiyyətə yaxın mətbuatda daha əvvəl ifadə olunmuşdu. Hələ 2024-cü ildə prezident Ərdoğanın “biz çox güclü olmalıyıq ki, İsrail Fələstinə qarşı etdiklərini edə bilməsin. Biz Qarabağa necə girdiksə, Liviyaya necə girdiksə, bunun bənzərini onlara qarşı da edərik” açıqlamasına dövlət qəzeti olan “Azərbaycan” qəzetində “Qarabağ zəfərinin müəllifi müzəffər Ali Baş Komandan və Azərbaycan Ordusudur“ başlıqlı yazı ilə cavab verilmişdi. Yazıda Türkiyənin və ad çəkilmədən prezident Ərdoğanın ünvanına sərt tənqidlər yer almşdı. (Azərbaycan, 2024). 

Ümumiyyətlə, müharibədən sonra, 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi ilə Azərbaycan‐Türkiyə münasibətlərinin pik səviyyəsinə çatdığı və müttəfiqliyin sementləşdiyi güman olunduğu halda, 2024-cü ildən bu yana əks proses, soyuqlaşma müşahidə olunur. Fələstin amilinin münasibətlərə təsir etməyə başlaması məhz həmin vaxta tasadüf edir. 2024-cü ilin mayında “Fələstin üçün Min Gənc” adlı dindar gənclərdən ibarət qeyri-hökumət təşkilatının fəalları tərəfindən SOCAR-ın İstanbul ofisi qarşısında etiraz aksiyası keçirilib və Azərbaycanı İsrailə neft satmaqda günahlandıran aktivistlər binaya qan rəmzi kimi qırmızı boya atıblar. (Cumhuriyet, 2024). Azərbaycanın rəsmi dairələrinə yaxın media (yəni əslində hakimiyyətin özü) bu hadisəni SOCAR ofisinə hücum kimi qiymətləndirib. (APA, 2024). Həmin ilin noyabrında Türkiyə müxalifətinin aparıcı simalarından olan İstanbul böyük şəhər bələdiyyə başqanı Əkrəm İmamoğlu Bakıda keçirilən COP29 zirvəsinə dəvət edilib və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb. (Modern.az, 2024). Əliyev hakimiyyəti dövründə ilk dəfə idi ki, Türkiyə müxalifətinin yüksək səviyyəli nümayəndəsi (üstəlik, Ərdoğan rejiminə qarşı psevdo yox, real müxalifətçilik edən nüfuzlu siyasətçi) Azərbaycanda rəsmi səviyyədə qəbul olunurdu. Bu dəvət və qəbul avtoriar rejimlər arasında problemlərin olduğuna dəlalət edirdi. Azərbaycan və Türkiyə arasında növbəti qeyri-rəsmi gərginlik 2026-cı il fevralın sonunda ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyata başladığı ilk günlərə təsadüf edir. KHAR Center bu mövzuda “İran müharibəsi Əliyev Ərdoğan dostluğunu sınağa çəkir” başlığı ilə geniş yazı dərc edib. (KHAR Center, 2026). 

Lakin YAP-ın son qurultayına qədər Azərbaycan tərəfindən ali rəsmi səviyyədə Türkiyənin ünvanına hər hansı irad, tənqid, narazılıq bildirilməmişdi. Qələbədə hər hansı başqa dövlətin rol oynamadığını söyləməkdən əlavə, Əliyev Türkiyəni (güman ki, həmçinin, İranı da) nəzərdə tutaraq deyib: “Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil. Lazım olan vaxtda bizə heç kim kömək etməyib. Bir milyon qaçqınımız olanda heç kim bizə əl uzatmayıb. Nə almışıqsa, pulla almışıq. O cümlədən bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər. Bir dəfə də bizə bir manat, bir dollar güzəşt etməyiblər. Hətta bəzən dünya qiymətindən bir neçə dəfə baha satıblar...” Silahlanma mövzusunda Əliyevin dedikləri “Bayraktar” dronlarının Azərbaycanın qələbəsində həlledici rol oynadığı barədə Türkiyədə tez-tez səslənən fikirlərə cavabdır. 

Qardaşlığın rəqabətə transformasiyası 

İkinci Qarabağ müharibəsinin nəticələri Cənubi Qafqazda uzun illər ərzində oturuşmuş status-kvonu dağıtmaqla, yeni reallıqlar yaratdı. Bu qələbə ilə ambisiyaları bariz artan İlham Əliyev yeni status-kvo quruculuğunda özünü işğal dövründəkindən fərqli rolda və çəkidə – Cənubi Qafqazın lideri kimi görür. “Regionun lider dövləti” tezisi uzun illər Azərbaycan rəsmi təbliğatının təməlində yer alıb və daha çox ölkənin Gürcüstan və Ermənistanla müqayisədə iqtisadi böyüklüyünü ehtiva edib. Lakin Azərbaycanın sərt gücünün nümayişi və təntənəsi olan hərbi qələbədən sonra bu tezis daha real məzmun və ciddiyyət kəsb etməyə başlayıb. Azərbaycanın “Orta güc” (Middle power) olduğu barədə son aylar dövriyyəyə buraxılan yeni narrativ Bakının artıq özünü istər regional, istər qlobal miqyasda fərqli çəki dərəcəsindəki oyunçu hesab etdiyi və bunu partnyorlarına qəbul etdirməyə çalışdığını göstərir. (AzərTAC, 2026). 

Əliyevin tərəfdaşlarla yeni münasibətlər sistemi bərqərar etmək istəməsi, onun təkəbbürü və sərt ritorikası postmüharibə dövründə xüsusən İranın aqressiv əks reaksiyalarına və münasibətlərdə böhranın yaranmasına səbəb olub. Rusiya ilə zaman-zaman gərginliklərin ortaya çıxmasını və Bakının Moskvaya qarşı cəsarətli (amma ölçülü) demarşlarını da bu çərçivədə dəyərləndirmək mümkündür. Proseslərin gedişatında nəzərdən qaçan vacib məqam budur ki, yeni reallıqlar Azərbaycan-Türkiyə münasibətlərinə də təsir göstərməyə başlayıb. Türkiyə heç şübhəsiz ki, orta güc kateqoriyasına aid olan dövlətlərdən biridir və dünyada bu cür qəbul edilir. Əliyev Azərbaycanı da bu kateqoriyada təqdim etməklə faktiki olaraq, ölkənin statusunu Türkiyə, özünü isə Ərdoğanla bərabərləşdirmiş olur. Türkiyənin Cənubi Qafqaz subregionunda, geniş Cənubi Qafqaz-Mərkəzi Asiya сoğrafiyasında, o cümlədən Orta dəhlizdə liderlik iddiasında olduğu məlumdur. Bölgənin mühüm geosiyasi, geoiqtisadi və etno-kultural komponenti olan türk dünyasının ən güclü dövləti kimi onun bu ambisiyası əsaslı və təbiidir. Lakin İlham Əliyev indi Türkiyənin dəstəyinə işğal dövründə olduğu qədər ehtiyac duymur (“bizə heç kimin köməyi və himayəsi lazım deyil”), bu kooperasiyada Azərbaycanı “kiçik qardaş” rolunda görmür, Türkiyənin (Ərdoğanın) liderliyinə dəstək verməkdənsə, özü regional liderliyə oynayır. Beləliklə, köhnə regional tarazlığın aradan qalxmasından sonra yeni nizamın qurulması mərhələsində Azərbaycan və Türkiyə arasında artıq rəqabət elementləri özünü göstərməyə başlayıb. 

Qarabağ probleminin yekun həllindən 3 il ötür. (Azərbaycanın 2023-cü ilin sentyabrında Qarabağda keçirdiyi bir günlük hərbi əməliyyat və erməni əhalinin ərazini tərk etməsi nəzərdə tutulur). Sülh müqaviləsi paraflanıb, tərəflər arasında iqtisadi əməkdaşlığa da start verilib. Azərbaycan Ermıənistana yanacaq ixrac edir, Rusiyadan Ermənistana göndərilən yüklərin tranzitini həyata keçirir. Bütün bunların olduğu bir dövrdə Əliyev hələ də Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qarşı çıxır, bu ölkələr arasında hərtərəfli əlaqələrin startına imkan vermir. Azərbaycanın Ermənistanla sülh müqaviləsini imzalamağın şərti kimi Konstitusiya dəyişikliyi tələbini irəli sürdüyü halda, Türkiyənin Ermənistanla normallaşdırma siyasətini qeyd-şərtsiz aparmaq istəməsi ötən müddətdə Bakı-Ankara xəttində yaranan soyuqluğun səbəblərindən biridir. (Baku Research, 2024). Türkiyə-Ermənistan sərhədləri açılarsa, iki ölkə əlaqələrinin intensiv inkişaf edəcəyi aydındır. Xüsusən Rusiyanın Ermənistanda mövqelərinin zəiflədyi bir şəraitdə Ankara yaranan boşluğu sürətlə doldurmağa hazırdır, bu, bir tərəfdən Türkiyənin regional geosiyasətdə dominantlığına imkan verəcək, digər tərəfdən isə onun Ermənistanla həmsərhəd vilayətlərində yerli əhalinin rifahına müsbət təsir göstərəcək. Lakin Ankaranın bu cəhdləri Bakı tərəfindən bloklandığı üçün Ermənistandakı vakuumu Avropa və ABŞ doldurur. Bu səbəbdən rəsmi səviyyədə açıq ifadə olunmasa da, Əliyevin Türkiyənin xarici siyasətinə müdaxiləsi Ankarada təbii olaraq xoş qarşılana bilməz. Azərbaycan-İsrail yaxınlığı mövzusunun Türkiyədə 2 ildən çoxdur müəyyən fasilələrlə gündəmdə qalmasını və etiraz doğurmasını bu kontekstdən kənar görməmək lazımdır. Burada məqsədlərdən biri də İlham Əliyevin qələbədən sonra Türkiyədə artan nüfuzunu və gücünü baltalamaq ola bilər, çünki onun Türkiyə ictimai rəyinə təsir imkanları da artıb. Xatırlatmaq yerinə düşər ki, hələ 2009-cu ildə Sürix protokollarının imzalanmasından sonra Azərbaycanın Türkiyə içərisində apardığı əks təbliğat kampaniyaları Ərdoğan hökumətinin narahatlığına səbəb olmuşdu. O vaxtdan bəri Azərbaycan Türkiyənin enerji və media sektorlarına ciddi yatırımlar edib, bu ökədə televiziya kanalı (Haber Global) açıb. SOCAR-ın Türkiyədə ayrı-ayrı qənaət öndərlərinə maddi dəstəyi də sirr deyil və bu şəxslər lazımi anda Türkiyə ictimai rəyində Azərbaycan (Əliyev) lehinə fon yaradırlar. Belə görünür, Əliyevi Türkiyə ictimai rəyində diskreditasiya etməyin ən effektiv yolu kimi onun İsrail dövləti ilə yaxın əlaqələrinin davamlı gündəmə gətirilməsinə üstünlük verilib. Qəzzada kütləvi qırğınlar səbəbi ilə Türkiyə ictimai rəyinin Fələstinlə bağlı ifrat həssaslığı şəraitində Azərbaycanın İsraillə aktiv tərəfdaşlığı şübhəsiz ki, türk xalqı tərəfindən neqaitv qarşılanır və Türkiyənin bütün əhali təbəqələri arasında Əliyevin nüfuzunu sarsıdır. 

Azərbaycan hökumətinin ötən ay dövlət məktəblərində şagirdlərin geyim qaydaları ilə bağlı qərarı da Türkiyənin mühafizəkar çevrələrində narazılığa səbəb olub. Qərara əsasən məktəbli formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun gəlməyən geyim elementlərindən istifadəyə yol verilməyəcək. (BBC, 2026). Bu, Azərbaycan daxilində və xaricində məhz hicab, baş örtüyü qadağası kimi qiymətləndirilir. Türkiyəli islamçılar sosial mediada qərarı kəskin təqid ediblər. 3 oktyabr tarixində Azərbaycanın İstanbuldakı Baş Konsulluğu qarşısında islamçı qeyri-hökumət təşkilatı “Özgür Der” (Azad Düşüncə və Təhsil Haqları Dərnəyi) fəalları tərəfindən etiraz aksiyasının təşkili iki ölkə arasında növbəti problemli mövzunun yarana biləcəyini, yaxud artıq yarandığını göstərir. (İNDEPENDENT Türkçe, 2026). 

Nəticə

Rəqabət elementlərinin ortaya çıxması, fərqli maraqlar, liderlərin ambisiyaları və bütün bunlardan doğan ziddiyətlər Türkiyə‐Azərbaycan münasibətlərinin strateji xarakterinə dağıdıcı təsir göstərə bilməz. Əlaqələr ötən müddətdə o qədər dərinləşib ki, qarşılıqlı asılılıqlar yaranıb və iki tərəf də bunu pozma lüksünə sahib deyil. Baş verə biləcək qırılmanı xalqlara izah və qəbul etdirmək çox çətin olar, bundan iki rejim də zərər görər. Avtoritar liderlər nəyi bacarmasa da, öz maraqlarına zərbə dəyəcəyini gördükləri anda praqmatik zəmində anlaşmağı və ortaq məxrəcə gəlməyi yaxşı bacarırlar. Hazırkı ziddiyət Türkiyə ilə Azərbaycan arasında baş verən ilk anlaşılmazlıq deyil və ötən müddətdəki praktikaya nəzər salanda tərəflərin bu tip durumlarda sonda ortaq məxrəc tapa bildiklərini görürük. Bu dəfə də yəqin ki, belə olacaq. 

Amma hər kiçikmiqyaslı böhran iki tərəfin bir‐birinə qarşı neqativ baqajını bir az da böyüdərək qarşılıqlı etimadı əridir. “Bir millət, iki dövlət” romantizminin dövlətlərarası münasibətlərə müsbət təsiri şübhəsizdir, amma şəxslər (siyasi liderlər) arasında münasibətlər və onların siyasi qərarları praqmatizmə daha çox əsaslanır. Problemlər yarananda qırmızı xətlərin bəzən çox asanlıqla tapdandığı da müşahidə olunur. Məsələn, İran müharibəsinin başlamasından sonra bu ilin martında Bakı ilə Ankara arasında baş verən qısamüddətli gərginlik zamanı Azərbaycan tərəfi birbaşa Ərdoğanın ailə üzvü Berat Albayrakı hədəf almaqda tərəddüd etməmişdi. İlham Əliyev münasibətlərdə sərhədlər cızmağı, çərçivələr müəyyənləşdirməyi sevir. Bu baxımdan Azərbaycan və Türkiyə kimi ortaq tarixi köklərə sahib dövlətlərin münasibətlərində də realpolitik hər zaman mənəvi‐əxlaqi bazisdən daha müəyyənedici faktor olacaq.



Qeyd: Oxuduğunuz yazı orijinal olaraq Azərbaycan dilində yazılmışdır.



İSTİNADLAR:

KHAR Center, 2026. Qəribə müttəfiqlik: Rusiya–Azərbaycan gərginliyinin arxasında nə gizlənir? https://kharcenter.com/arasdirmalar/qeribe-muttefiqlik-rusiya-azerbaycan-gerginliyinin-arxasinda-ne-gizlenir


BBC, 2026. Netanyahu'nun Cumhurbaşkanı Erdoğan'a sözlerine Türkiye'den tepkiler: 'Hadsiz ve alçak'. https://www.bbc.com/turkce/articles/ckeq8ez1n4wjo


Yeni Akit, 2026. Herkes salonu terk etti onlar kaldı: İslam alemine ve Erdoğan'a hakaretler eden Netanyahu'ya Azerbaycan ve BAE'den destek! https://www.yeniakit.com.tr/haber/hekres-salonu-terk-etti-onlar-kaldi-islam-alemine-ve-erdogana-hakaretler-eden-netnayahuya-azerbaycan-ve-baeden-destek-2024737.html


X, 2026.  https://x.com/ibrahimkaragul/status/2103395954413953467


AzərTAC, 2026. Media və Yayım Şurası: Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur. https://azertag.az/xeber/media_ve_yayim_surasi_azerbaycan_turkiye_munasibetlerine_xelel_getirmeye_yonelmis_esassiz_iddialar_narahatliq_dogurur-4433475


AzərTAC, 2026. Milli Məclisin komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yayıb. https://azertag.az/xeber/milli_meclisin_komissiyasi_turkiye_erazisinden_aparilan_informasiya_kampaniyasi_ile_bagli_beyanat_yayib-4433166


Report, 2026. İlham Əliyev: Bizə kömək edən olmayıb, silahları da öz pulumuzla almışıq. https://report.az/daxili-siyaset/prezident-xarici-siyasetimizi-ele-qurmaliyiq-ki-hec-kim-bizim-isimize-mudaxile-etmesin


Azərbaycan, 2024. Qarabağ zəfərinin müəllifi Müzəffər Ali Baş Komandan və Azərbaycan Ordusudur. https://www.azerbaijan-news.az/az/posts/detail/qarabag-zeferinin-muellifi-muzeffer-ali-bas-komandan-ve-azerbaycan-ordusudur-1722458765


Cumhuriyet, 2024. Türkiye üzerinden İsrail’e petrol sağlayan SOCAR’a İstanbul’da kırmızı boyalı protesto. https://www.cumhuriyet.com.tr/turkiye/turkiye-uzerinden-israile-petrol-saglayan-socara-istanbulda-kirmizi-2212776


APA, 2024. SOCAR-ın Türkiyə ofisinə hücum etməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb. https://apa.az/hadise/socar-in-turkiye-ofisine-hucum-etmekde-subheli-bilinen-13-nefer-saxlanilib-video-846660


Modern.az, 2024. İmamoğlu Eldar Əzizovla görüşdü. https://modern.az/az/dunya/494717/imamoghlu-eldar-ezizovla-grushdu-foto/


KHAR Center, 2026. İran müharibəsi Əliyev-Ərdoğan dostluğunu sınağa çəkir. https://kharcenter.com/arasdirmalar/iran-muharibesi-eliyev-erdogan-dostlugunu-sinaga-cekir


AzərTAC, 2026. Prezident İlham Əliyev: Azərbaycan artıq orta gücə çevrilir. https://azertag.az/xeber/prezident_ilham_aliyev_azerbaycan_artiq_orta_guce_chevrilir-4314281


Baku Research İnstitute, 2024. Azərbaycan-Türkiyə münasibətlərində nə baş verir? https://bakuresearchinstitute.org/azerbaycan-turkiye-munasibetlerinde-ne-bas-verir/


BBC, 2026. Azərbaycanın hicab mübahisəsi: köhnə mövzu yenidən gündəmdədir. https://www.bbc.com/azeri/articles/cmx2z8345lj5o


İNDEPENDENT Türkçe, 2026. Azerbaycan'daki başörtüsü yasağına tepki. https://www.indyturk.com/node/783326/haber/azerbaycandaki-ba%C5%9F%C3%B6rt%C3%BCs%C3%BC-yasa%C4%9F%C4%B1na-tepki

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin