(Yazı “Khar Center”in analitik qrupu tərəfindən Azərbaycan avtoritarizmi araşdırmaları çərçivəsində hazırlanıb)
Giriş
Ənənəvi beynəlxalq münasibətlər sistemində dövlətlərin statusu və çəkisi liderlərin propaqanda çıxışları, müvəqqəti geosiyası şəraitin yaratdığı eyforik iddiaları ilə yox, ölkənin siyasi-iqtisadi, insan resursları, elmi-texnoloji potensialı, hərbi-sənaye kompleksi, institusional davamlılığı, eləcə də qlobal və regional siyasətdə təsir imkanlarıyla ölçülür.
Hazırda dünyanın vitrin diktatoru statusunda olan İlham Əliyev çıxışlarının birində sərt avtoritar rejimlə idarə etdiyi Azərbaycanı hətta regional çərçivədən çıxarıb qlobal miqyasda “orta güc” (middle power) kimi təqdim edib (Azadliq Radiosu, 2026). Lakin klassik geosiyasi nəzəriyyələr süzgəcindən keçirdikdə, bu iddianın içinin boş olması, əsasən də daxili auditoriya üçün nəzərdə tutulduğu bəlli olur.
“Khar Center” bu analizində siyasi nəzəriyyələrə əsaslanaraq "Böyük güc" və "Orta güc" anlayışlarını təsnif edəcək, Əliyev Azərbaycanının nə üçün real mənada “Orta güc” statusuna sahib ola bilmədiyini izah edəcək, "Orta güc" iddiasının məqsədi nədir? sualını cavablayacaq.
Böyük və Orta güc arasındakı konseptual fərq
Beynəlxalq münasibətlər nəzəriyyəsinin realizm və neorealizm məktəblərində dövlətlərin qlobal siyasətə təsir imkanları onların malik olduğu "dövlət resursu" (hərbi güc, iqtisadiyyat, demoqrafiya, texnologiya) əsasında ölçülür (University of Washington).
"Böyük Güc"lər qlobal miqyasda sistematik təsir imkanlarına malik, beynəlxalq təhlükəsizlik memarlığını formalaşdıran və öz regionlarından kənarda da gücü kontrol edə bilən dövlətlərdir (məsələn, ABŞ, Çin, Rusiya). Onların güc imkanları qlobal xarakter daşıyır. Beynəlxalq qaydaların qurucuları\qoruyucuları və ya dağıdıcıları kimi çıxış edə bilirlər (Robert Cilpin, 1981).
"Orta güc"lər güclü iqtisadiyyata, yüksək insan kapitalına və diplomatik nüfuza malik dövlətlərdir. Qlobal siyasətdə həlledici gücə malik olmasalar da, əhəmiyyətli rol oynayırlar. "Orta güc"lərin ən bariz xüsusiyyəti "niş diplomatiyası" (niche diplomacy) yürütmə imkanları, yəni beynəlxalq platformalarda (BMT, regional təşkilatlar) koalisiyalar qura bilmələri və vasitəçilik qabiliyyətləridir . Kanada, Avstraliya, Cənubi Koreya, Yaponiya, Almaniya, Braziliya, Avstraliya, (Gareth Evans, 2026) regionumuzda isə bəzi qeyd-şərtlərlə Türkiyə və İran bu kateqoriyaya aid edilir.
Siyasi nəzəriyyələr baxımından "Orta güc" olmaq üçün təkcə ordan-burdan alınan müasir silahlara və ya xammal gəlirlərinə malik olmaq yetərli deyil; gərək regional sabitliyi təmin edən güclü instrumentlər və beynəlxalq səviyyədə qəbul edilən daxili siyasi legitimlik də mövcud olsun.
Əliyev Azərbaycanı nə üçün “Orta güc” deyil?
İlham Əliyevin Azərbaycanı "Orta güc" elan etməsi reallıqdan uzaq, bir az eyforik, bir az manipulyativ iddiadır. Azərbaycanın bu statusdan uzaq olmasının obyektiv və subyektiv səbəbləri var.
Həqiqi "Orta güc" dövlətləri şaxələndirilmiş iqtisadiyyata, geniş insan resurslarına və inkişaf etmiş texnologiyalara sahibdirlər. Bu, onlara geostrateji üstünlüklərini siyasi təsir vasitəsi kimi istifadə etmək imkanı da tanıyır (Bernard Wood, 1987). Məsələn, 85 milyon əhalisi olan Türkiyənin iqtisadiyyatı güclü sənaye və xidmət sahəsinə əsaslanır. Avtomobil istehsalı, tekstil, maşınqayırma, kənd təsərrüfatı məhsulları və kimya sektoru ölkənin ixracatının əsasını təşkil edir. Son dövrlərdə müdafiə və aerokosmik sektorda da irəliləyərək inkişaf etmiş ölkələrin sırasına daxil olub. Turizm və beynəlxalq logistika, misal üçün Türk Hava Yolları ölkəyə böyük miqdarda valyuta axını yaradır (WTO, 2022). Üç qitənin kəsişdiyi nöqtədə yerləşən Türkiyə, global tədarük zəncirində mühüm regional istehsal və tranzit mərkəzi olma üstünlüyünü diplomatik vasitəyə də çevirməyi bacarır.
10 milyon əhalisi olan Azərbaycan iqtisadiyyatı isə tamamilə neft və qaz ixracından asılı renta (xammal ixracatçısı) dövlət modelidir (Kharcenter, 2026). ÜDM və ixracın əsasən karbohidrogen ehtiyatlarına bağlı olması, ölkəni qlobal bazar şəraitindən və qiymət dəyişikliklərindən birbaşa asılı vəziyyətə gətirir. Bu reallıq ölkənin "Orta güc" olmaq imkanlarının yoxluğunu şərtləndirir.
1. "Yumşaq güc" və beynəlxalq legitimlik defisiti
"Orta güc" dövlətlərinin əksəriyyəti (Kanada, Avstraliya, Cənubi Koreya və s.) beynəlxalq ictimai rəydə həm də mütərrəqi idarəetmə modelləri, demokratiya, insan haqlarına hörmət və hüququn aliliyi kimi dəyərlərlə tanınırlar. Azərbaycan isə beynəlxalq hesabatlarda sistemli insan haqları pozuntuları, vətəndaş cəmiyyətinin məhvi, müstəqil medianın sıradan çıxarılması və sərt avtoritar idarəetmə ilə xarakterizə olunur (RSF, 2026). Daxildə legitimlik böhranı yaşayan və elementar insan haqlarına qarşı dözümsüz bir rejimin xaricdə "mənəvi rəhbərlik" və ya diplomatik vasitəçilik missiyasını üzərinə götürməsi kimi böyük iddialar, şübhəsiz ki, mümkünsüzdür.
2. Strateji müstəqilliyin sərhədləri
Rəsmi Bakının 2020-ci il Qarabağ müharibəsindən sonra əldə etdiyi hərbi-siyasi uğurlar eyforiyaya qapılmadan, regional çərçivədə qiymətləndirilməlidir. Beynəlxalq münasibətlər nəzəriyyəsində dövlətin gücü, həm də onun birbaşa qonşuluq mühiti və regional rəqibləri ilə nisbətdə ölçülür. Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz və ətraf coğrafiya tarixən böyük imperiyaların və iddialı güclərin toqquşma meydanıdır. Belə bir mürəkkəb xəritədə Azərbaycanın nəinki qlobal miqyasda, hətta regional mənada belə "Orta güc" ola bilməsi imkan xaricindədir. Çünki rəsmi Bakının effektiv xarici siyasət imkanları böyük ölçüdə regional nəhənglərin,Türkiyə və Rusiyanın (hansıların ki, münasibətlər sistemi tarixi olaraq enişli və çıxışlı xarakter daşıyır) maraqlar balansı daxilində mümkündür. Məhz Ankara-Moskva münasibətlərinin forması Bakının, hətta Cənubi Qafqazda təsir imkanlarının artmasını\azalmasını şərtləndirir. Bu isə ölkənin statusunun regional asılılıq modelini nümayiş etdirir. Yəni Türkiyənin hərbi-siyasi dəstəyi olmadan Azərbaycanın güc iddiası nəinki sıfırlanır, hətta regionda belə müstəqil siyasət yürütmə imkanları sual altına düşür (TVP WORLD, 2026). Bunun iki tarixi nümunəsi mənəzərəni daha aydın göstərir:1920-ci il Azərbaycanı Osmanlı imperiyasının dəstəyindən məhrum olan kimi süquta uğradı. 2001-ci ildə İranın Azərbaycana olan təhdidlərini isə məhz Türkiyənin qəti dəstəyi əhəmiyyətsizləşdirdi (Hurriyet, 2001).
Beləliklə, bu regionda hərbi, demoqrafik və tarixi baxımdan köklü olan iki böyük dövlət–Türkiyə və İran var ki, onlar "Orta güc" meyarlarına uyğun gəlir. Türkiyə həmçinin NATO-nun ən iri ordularından birinə sahibdir və qlobal müdafiə sənayesində də əhəmiyyətli yer tutur. İran, daxili iqtisadi və ideoloji çətinliklərə baxmayaraq, asimmetrik hərbi gücləri, proksi şəbəkələri və ABŞ-la olan müharibəyə rəğmən hələ də qoruduğu nüvə ambisiyaları ilə regional güc balansını təkbaşına dəyişə bilir. Azərbaycanın hərbi və iqtisadi potensialı isə bu iki ölkə ilə müqayisədə əhəmiyyətli dərəcədə kiçikdir. Şimalda isə hələ də nüvə silahlarına və geniş hərbi-strateji imkanlara malik olan Rusiyanın revanşist kölgəsi mövcuddur. Bu ölkə postsovet məkanını özünün "təbii təsir dairəsi" kimi qəbul edir.
Belə bir gərgin geopolitik mühitdə, üç böyük dövlətin maraqlarının toqquşduğu regionda İlham Əliyevin özünü müstəqil qərarlar qəbul edən dominant regional oyunçu, yəni "Orta güc" olaraq təqdim etməsi nəinki elmi, həm də siyasi reallıqlarla uzlaşmır.
Eyforiyanın mənbəyi: tranzit payı, Avropa İttifaqı kontraktları və Ankara çətiri
Əliyevin bu qədər iddialı ritorikaya müraciət etməsi, əlbəttə ki, səbəbsiz deyil. Bu, son illərdə Bakının əldə etdiyi bəzi müvəqqəti geosiyasi və iqtisadi imkanların yaratdığı dərin eyforiyadır. Rejim bu regional konyunkturadan məst olaraq özünü olduğundan qat-qat böyük görür.
1. Avropa İttifaqının enerji təlatümləri
Ukrayna müharibəsindən sonra Rusiyadan qaz asılılığını azaltmağa çalışan Avropa İttifaqı (Aİ) üçün Azərbaycan, təcili enerji təminatçısı kimi alternativ seçim oldu (European Commission, 2022). Qərbin daxili repressiyalara göz yumması şəraitində Bakı və Brüssel arasında imzalanan enerji razılaşmaları rejimdə elə bir illüziya yaradıb ki, İlham Əliyev ölkənin xammal statusunu "qlobal siyasi çəki" kimi təqdim etməyə həvəslənib.
2. Mərkəzi Asiyanın tranzit "açar"ı
Çindən başlayıb Mərkəzi Asiya vasitəsilə Avropaya uzanan "Orta Dəhliz" xəttində logistik qovşaq rolu Azərbaycana regional tranzit monopoliyası imkanı qazandırır (The World Bank, 2023). İlham Əliyev zənn edir ki, sadəcə bu coğrafi mövqe ona özünü beynəlxalq sistemin ərköyün aktoru kimi aparmasına imkan verəcək.
3. "Şuşa bəyannaməsi" və Türkiyə sığortası
Bu eyforiyanın ən böyük sütunu, şübhəsiz ki, Türkiyə ilə qurulan hərbi-strateji müttəfiqlikdir. İkinci Qarabağ müharibəsində Ankaradan alınan birbaşa texnoloji-taktiki dəstək (TRT World, 2021) İlham Əliyevdə elə bir arxayınlıq yaradıb ki, o, Türkiyənin bu çətirini özünün daxili və müstəqil gücü kimi qavrayır.
Ancaq Əliyevin bu eyforiyasının arxasında ölkənin təhlükəsizlyinin təminatı baxımından müdhiş strateji boşluq gizlənir. Həqiqi Orta güclər böhran anlarında öz daxili resursları ilə milli təhlükəsizliklərini təmin etmək, yaxud beynəlxalq kollektiv təhlükəsizlik sistemlərinə (məsələn, NATO-ya) inteqrasiya olunmaqla qorunmaq imkanlarına sahibdirlər. Azərbaycanın isə belə bir institusional təhlükəsizlik təminatı yoxdur. Ölkə nə NATO-nun, nə də hər hansı digər kollektiv müdafiə sisteminin üzvüdür. Heç buna can atmır da. ABŞ və ya digər Qərb güclərinin Azərbaycan qarşısında heç bir hüquqi müdafiə öhdəliyi mövcud deyil. Bu gün Azərbaycanın yeganə təhlükəsizlik sığortası, müzəffər lider xarizmasına kölgə saldığı üçün İlham Əliyevin hərdən kiçiltməyə çalışdığı Türkiyənin qəti təhlükəsizlik təminatıdır.
Əgər regionda kəskin, irimiqyaslı və çoxvektorlu hərbi qarşıdurma baş verərsə və hər hansı səbəbdən (Türkiyənin daxili böhranları, yaxud qlobal güclərlə yarışda fərqli cəbhədə olması səbəbilə) Ankara çətiri və ya hərbi dəstəyi zəifləyərsə, Azərbaycanın təkbaşına öz suverenliyini və milli təhlükəsizliyini qorumaq imkanları tamamilə sıfırdır. İlham Əliyev bunun ciddiyətini anlamaq əvəzinə, içi boş iddialarla, reallıqdan uzaq hikkəsi ilə ölkənin gələcəyini çeşidli təhdidlərlə üz-üzə qoyur. Əgər yuxarıda toxunduğumuz hərbi qarşıdurma regionu bürüyərsə, onun bu iddiası ölkəni fəlakətə sürükləyə bilər. Nə iqtisadi resurs, nə insan kapitalı, nə bürokratik resursun meritokratiyadan uzaqlığı, nə də cəmiyyətlə dövlət arasında günü gündən genişlənən uçurum hər hansı asimmetrik müharibədən uğurlu çıxmağa imkan tanımır. Anlamaq lazımdır ki, ortada real "Orta güc" yoxdur. Əvəzində başqasının hərbi qüdrətinə və müvəqqəti xammal konyunkturuna söykənən kövrək bir təhlükəsizlik balansı var.
"Orta güc" narrativinin pərdəarxası
Bəs reallıq bu qədər açıq-aydın olduğu halda Əliyev "Orta güc" tezisini niyə ortaya atır? Cavab birbaşa daxili siyasətdə sağ qalma strategiyasında gizlənir. Bu iddialı nağılın və yaradılan "Orta güc" illüziyasının ən təhlükəli məqsədi, Azərbaycan cəmiyyətini sistemli şəkildə militaristləşdirmək, insanları daima "yarım-hərbi rejim" psixologiyasında saxlamaqdır.
2020-ci il Qarabağ müharibəsi sona çatdıqdan sonra, cəmiyyətdə demokratik inkişaf, əhatəli iqtisadi islahatlar, sosial rifahın artırılması və sistemli korrupsiya ilə səmərəli mübarizə aparılması gözləntiləri təbii ki, artmalı idi. Bu tendensiyanı əksəriyyət müşahidə edə bilib. Klassik avtoritar rejimlər isə müharibə həyəcanının sona çatması ilə daxili sosial-iqtisadi və hüquqi tələblərin ön plana çıxmasını ən ciddi təhlükə sayırlar. İlham Əliyev daxildən gələn bu sakit, amma rejim üçün yıxıcı olan həyəcanı yatırtmaq və kütləni daxili dərdlərdən uzaqlaşdırmaq məqsədilə "biz qlobal məqsədləri olan, əsas masalarda yer alan Orta güc"ə çevrilmişik fikrini tirajlamaqla cəmiyyətin etatist düşüncəsini istismar edir.
Narrativin konkret alətləri də bunlardır:
- "Biz artıq böyük qlobal güclərlə (məsələn, Fransa, Avropa Parlamenti, ABŞ Konqresi və s.) baş-başa gələn, onlara meydan oxuyan orta gücük. Bizə qarşı qlobal sui-qəsdlər var" (President.az, 2025). Ona görə də sosial tələbləri unudun, kəmərləri sıxın və susun!
Bu, cəmiyyəti daimi qorxu psixologiyasında saxlamaq mexanizmidir.
- Müstəqil səsləri boğmaq üçün də "orta güc" mifi ideal örtükdür. Rejim iddia edir ki, bu mürəkkəb regional və qlobal döyüşdə müstəqil ayaqda qalmaq üçün daxildə mütləq monolit birlik (yəni sıfır müxalifət, sıfır tənqid) və "dəmir yumruq" idarəçiliyi şərtdir (Freedom House - Azerbaijan Report, 2026). Hər bir daxili tənqid rejim tərəfindən "Orta güc olan Azərbaycana qarşı xarici kəşfiyyatın təxribatı" kimi damğalanır.
- Ölkənin uzunmüddətli inkişafını təmin edəcək sahələr, keyfiyyətli təhsil, tibbi sığorta, sosial rifah proqramları və insan kapitalı davamlı olaraq büdcədən kəsilir və şəffaf olmayan hərbi-təhlükəsizlik sektoruna yönəldilir, cəmiyyət davamlı olaraq səfərbərlik və gizli müharibə vəziyyətində saxlanılır (STOCKHOLM INTERNATIONAL PEACE RESEARCH INSTITUTE).
Bütün bunlar yalnız bir məqsədə, cəmiyyətin susqunluğu şəraitində sərt avtoritar sülalə hakimiyyətini deligitimizasiyadan qorumağa xidmət edir.
Nəticə
İlham Əliyevin "Orta güc" iddiası həm beynəlxalq münasibətlər nəzəriyyəsinin elmi prinsipləri ilə, həm də geosiyasi reallıqlarlarla ziddiyət təşkil edir. İqtisadiyyatı xammala, idarəetməsi sülalə prinsipinə əsaslanan və insan kapitalı istismar edilən ölkənin "Orta güc" olmasını iddia etmək təkəbbürlü ambisiyadan başqa bir şey deyil. Əslində bu narrativ ölkənin daxili siyasi mühitinə ünvanlanıb və cəmiyyəti polis dövləti rejimində, qorxu altında saxlamaq, avtoritar hakimiyyətin ömrünü uzatmaq məqsədi daşıyır.
Azərbaycanın strateji məqsədi isə daxili demokratikləşmə, hüququn aliliyi, insan potensialının azad inkişafı, rifah dövləti quruculuğu və süni status iddialarından uzaq, Türkiyənin təminatını daha da gücləndirmək üçün NATO kimi kollektiv təhlükəsizlik təşkilatının çətirinə sığınmaq olmalıdır.
İstinadlar
Azadliq Radiosu, 2026. https://www.youtube.com/shorts/-Nq0dti6NPA
University of Washington. Pols 426 Lecture 1. https://faculty.washington.edu/majeski/426.04/lecture1.html
Robert Cilpin, 1981. War and Change in World Politics . P. 11-13. https://www.rochelleterman.com/ir/sites/default/files/gilpin%20intro.pdf
Gareth Evans, 2026. Australia's middle power diplomacy matters. https://www.gevans.org/opeds/oped277.html
Bernard Wood, 1987. Middle Powers in the International System. https://www.wider.unu.edu/sites/default/files/WP11.pdf
WTO, 2022. https://www.wto.org/english/res_e/statis_e/daily_update_e/trade_profiles/TR_e.pdf
Kharcenter, 2026. Unaccountable Rentier Dictatorships Resting on Enormous Wealth: The Case of Azerbaijan. https://kharcenter.com/en/publications/unaccountable-rentier-dictatorships-resting-on-enormous-wealth-the-case-of-azerbaijan
RSF, 2026. World Press Freedom Index. https://rsf.org/en/country/azerbaijan
TVP WORLD, 2026. Turkey-Azerbaijan: A strategic alliance. https://www.youtube.com/watch?v=xd8Hz3n_BxU
Hurriyet, 2001. İran'a gözdağı. https://www.hurriyet.com.tr/gundem/irana-gozdagi-38260837
European Commission, 2022. EU and Azerbaijan enhance bilateral relations, including energy cooperation. https://ec.europa.eu/commission/presscorner/detail/en/ip_22_4550
The World Bank, 2023. The Middle Trade and Transport Corridor: Policies and Investments to Triple Freight Volumes and Halve Travel Time by 2030. https://www.worldbank.org/en/region/eca/publication/middle-trade-and-transport-corridor
TRT World, 2021. All eyes on Turkish drones after Azerbaijan’s victory
https://www.youtube.com/watch?v=S_X_9oWLmfU
President.az, 2025. International Forum themed “Facing the New World Order” was held at ADA University with participation of Ilham Aliyev. https://president.az/en/articles/view/68514
Freedom House, 2026- Azerbaijan Report. https://freedomhouse.org/country/azerbaijan/freedom-world/2026
STOCKHOLM INTERNATIONAL PEACE RESEARCH INSTITUTE. National Budget Archive: Azerbaijan. https://www.sipri.org/taxonomy/term/480