Giriş
Aprelin 23-də Londonda Türkiyə ilə Böyük Britaniya arasında strateji tərəfdaşlıq çərçivəsi imzalandı. Birgə rəsmi açıqlamada bu sənədin “NATO müttəfiqi və strateji tərəfdaş olan Türkiyə və Böyük Britaniyanın tarixi dostluğu, mükəmməl ikitərəfli əlaqələri, Yaxın Şərqdə təhlükəsizlik və sabitliyə yönəlmiş güclü arzu da daxil olmaqla beynəlxalq məsələlər və qlobal çətinliklərə dair ortaq baxış bucağını bölüşən iki ölkə arasındakı dialoq və əməkdaşlığı gücləndirmək üçün güclü fundament yaratdığı” bildirildi (Gov.Uk, 2026). Açıqlamada ən çox diqqət çəkən təhlükəsizlik və NATO vurğusuydu. Bu kontekstdə qlobal miqyasda çoxqütblü, parçalanmış beynəlxalq düzənə doğru sürətlənən keçidin İngiltərə və Türkiyəni artan risklər dövrünə itələdiyi, iki ölkənin təhlükəsizliyinin və kollektiv müdafiəsinin məhək daşı olan NATO-nun siyasi və hərbi əhəmiyyətinin artdığı vurğulandı. Sənəddə önə çıxan digər istiqamət isə iqtisadi əlaqələr idi.
Türkiyə ilə İngiltərə arasında imzalanan bu sənəd ilk baxışda şübhəsiz ki, iki NATO müttəfiqinin təhlükəsizlik, ticarət və müdafiə sənayesi sahələrində əlaqələrinin dərinləşdirilməsi kimi dəyərləndirilə bilər. Ancaq sənədin məzmununda və ortaq açıqlamada yer alan yeni beynəlxalq düzəndə təhllükəsizlik vurğusu xüsusilə diqqət çəkir və başqa bir nüansı önə çıxarır - Qərbin Türkiyəyə baxışında demokratiya, hüququn üstünlüyü, insan haqları kimi məsələlər prioritet deyil. Bu baxımdan imzalanan sənəd Türkiyədəki avtoritarizmin Qərb tərəfindən idarə edilə bilən strateji xərc kimi qəbul edildiyini göstərən nümunə olaraq dəyərləndirilməlidir. Bu, Türkiyə avtoritarizminə ideoloji dəstək deyil, ancaq Qərbin yeni prioritetləri bu avtoritarlaşmanın Ərdoğan iqtidarı üçün xərclərini azaldır.
Analizin məqsədi
KHAR Center bu yazısında Qərbin təhlükəsizliyi ön plana çıxarıb demokratiyanı əhəmiyyətsizləşdirməsi kontekstində Türkiyə avtoritarizminin necə gücləndiyinə nəzər salır.
Analizin əsas sualı
Qərb Türkiyədə sərtləşən avtoritarlaşmanı görməsinə baxmayaraq, niyə Ankara ilə təhlükəsizlik sahəsində əməkdaşlığı daha da dərinləşdirir? Yaxud Qərbin təhlükəsizlik prioriteti Türkiyədə avtoritarizmin güclənməsini necə təşviq edir?
TƏHLÜKƏSİZLİYİN DEMOKRATİYANI SIXIŞDIRMASI
Demokratiya-təhlükəsizlik dilemması uzun illərdir Qərb dövlətlərinin xarici siyasətində ən böyük ziddiyyət nöqtəsi kimi gözə çarpır. Qərb dövlətləri və institutları bir tərəfdən insan haqları, qanunun aliliyi və demokratiyanı əsas dəyər kimi təqdim edərkən, digər tərəfdən təhlükəsizlik baxımından mühüm saydıqları ölkələrdə demokratik geriləməyə göz yumaraq avtoritar hökumətlərlə əməkdaşlıq edirlər. Bir tərəfdən siyasi problemlər və demokratik geriləmələrlə bağlı təzyiqlər tərəfdaş ölkələrin hökumətlərində qıcıq yaradır və onların Qərbə təmin edəcəyi təhlükəsizlik faydalarını riskə atır. Digər tərəfdən, bu rejimlərə demokratiya və insan haqları kimi məsələlərdə faktiki istisna hüququnun tanınması Qərbin dəyərlərlə bağlı çağırışlarının etibarını azaldır, Qərbin demokratiyanı yalnız rəqiblərinə qarşı və ya strateji cəhətdən zəif saydığı əhəmiyyətsiz ölkələrdə müdafiə etdiyinə dair ziyanlı qavrayışı gücləndirir. Bu, xüsusilə ABŞ üçün uzun illər ciddi bir dilemma kimi mövcud olub (Carothers ve Press, 2021).
Dəyərlər sistemindən maraqlar sisteminə keçidin ən sərt forması isə ABŞ-da Donald Trampın ikinci dəfə iqtidara gəlməsi və Milli Təhlükəsizlik Strategiyasını “amansızlıqla” demokratiyadan uzaqlaşdırması ilə başlayıb. Trampın yeni strategiyasında artıq avtoritarlaşmış və korrupsiyalaşmış rejimlər problem kimi görünmür, əksinə, bəşəri insan haqlarına dair referanslar yox sayılır (KHAR Center, 2026). Bu baxımdan Tramp Amerikası üçün vəziyyət artıq dilemma deyil, ABŞ prezidenti maraqlarına uyğun hesab etdiyi bütün məqamlarda və bütün ölkələrə münasibətdə normativ dəyərlərin heç bir əhəmiyyət daşımadığını həm sənədlə, həm praktik addımlarla nümayiş etdirir. Ancaq problem sadəcə Amerika ilə bitmir.
Ənənəvi olaraq demokratiya, hüququn üstünlüyü, insan haqları kimi normativ dəyərlərin təmsilçisi və müdafiəçisi rolunda görünən Avropanın sıx-sıx qarşı-qarşıya qaldığı dəyər-maraq dilemması da ikincinin xeyrinə dəyişib. Şübhəsiz ki, bunun Rusiya-Ukrayna müharibəsi, Rusiyanın Avropa təhülkəsizliyi üçün təhdid ehtiva etməsi, Yaxın Şərqdəki gərginlik nöqtələrinin aktivləşməsi, qlobal enerji böhranı riski və ən əsası Avropanın daimi müttəfiqi ABŞ-ın demokratiyanı dilemma mövzusu olmaqdan çıxaracaq dərəcədə “silməsi” və ortaq təhlükəsizlik məsələsində də güvənilməz mövqe nümayiş etdirməsi kimi obyektiv səbəbləri də var. Ancaq digər tərəfdən bu səbəblərə əsaslanan praqmatizm dünyada demokratiyanın “ölümü”, hüququn aliliyinin geridönülməz şəkildə itirilməsi, insan haqqı anlayışının yox olması kimi çox ciddi riskləri ehtiva edir.
Hələ 2010-cu ildə - dünya düzəninin və demokratiyanın vəziyyətinin indikindən daha yaxşı olduğu dövrdə Avropanın demokratiya-təhlükəsizlik dilemmasını tənqid edən Riçard Yanqs bu iki anlayışın bir-birinə zidd olmadığını yazırdı. Yanqsa görə, nəzəri olaraq demokratiya diplomatiyanın çoxməqsədli alətidir - düşmən hökumətlərlə münasibətləri yumşaltmaq, terrorçuların radikallaşmasının qarşısını almaq, vətəndaş münaqişələrində sülh razılaşmalarını möhkəmləndirmək, miqrasiya, iqtisadi təhlükəsizlik və enerji şəffaflığı kimi “yumşaq təhlükəsizlik” problemlərini həll etmək üçün vasitədir. Yəni nəzəri baxımdan demokratiya təhlükəsizliyin alternativi deyil, onun siyasi bazasıdır. Ancaq reallıq daha mürəkkəbdir və bu mürəkkəbliyi yaradan əsas səbəblərdən biri Avropanın öz demokratik öhdəliklərinə əməl etməməsidir (Youngs, 2010).
Yanqsın “tək məsələ sindromu” (single issue syndrome) adlandırdığı yanaşmaya görə, Qərb konkret təhlükəsizlik, enerji, miqrasiya və ya müdafiə əməkdaşlığı məsələlərini tərəfdaş ölkənin daxili siyasi rejimi ilə bağlı problemlərdən ayıraraq müzakirə edir. Nəticədə demokratiya və insan haqları ritorik səviyyədə qalır, konkret strateji razılaşmalar isə təhlükəsizlik maraqları ilə imzalanır. Bu baxımdan Avropa siyasəti nə tam realpolitikdir, nə də tam liberal internasionalizmdir; bu iki yanaşmanın arasındadır. Və Avropanın siyasəti “demokratiya vasitəsilə təhlükəsizlik” deyil, daha çox “şərtlər uyğun olduqda demokratiya ilə yanaşı təhlükəsizlik” məntiqinə əsaslanır. (Youngs, 2010). Yəni başqa sözlə, demokratiya təhlükəsizlik siyasətinin əsas elementi deyil; təhlükəsizlik maraqları imkan verdiyi halda dəstəklənən ikinci dərəcəli məqsəddir.
Yanqsın qeyd etdiyi bu çərçivə 2022-ci ildən sonra demokratiyanın ziyanına daha da daralıb. Avropanın normativ xəritəsi ciddi şəkildə transformasiyaya uğrayıb - enerji, tranzit marşrutları, təhlükəsizlik məsələləri demokratiya və insan haqlarını ciddi ölçüdə sıxışdırıb arxaya itələyəcək şəkildə dominantlıq qazanıb. Avropanın Rusiyadan enerji asılılığını kəsmək üçün yeni avtoritar ortaqlara yönəlməsi və demokratiya, hüququn aliliyi, insan haqları kimi məsələlərdəki təzyiq-tənqid xətlərini məhz bu ortaqlıqlara uyğun şəkildə selektivləşdirməsi tablonu daha da mürəkkəbləşdirib (KHAR Center, 2026).
Qərbin bu dəyər transformasiyası- ABŞ-ın demokratiyanı xarici siyasət gündəliyindən tamamilə çıxarması və Avropanın təhlükəsizlik naminə demokratiyanı gündəliyin görünməyən hissələrinə itələməsi Türkiyə avtoritarizmi üçün yeni fürsətlər yaradıb. Aprelin 23-də imzalanan Türkiyə-Böyük Britaniya strateji tərəfdaşlıq sənədi də məhz bu fürsət pəncərəsinin məhsuludur - NATO, kollektiv təhlükəsizlik, müdafiə sənayesi, enerji, terrorizmlə və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi müddəaların əsasında dayandığı bu çərçivədə Türkiyədəki avtoritarizm məhdudlaşdırıcı şərt funksiyası daşımır.
TÜRKİYƏ AVTORİTARİZMİNİN XƏRİTƏSİ
Türkiyə ilə Böyük Britaniya arasında imzalanan sənədi bu analizin əsas mövzusuna çevirən əsas nüans təhülkəsizlik, NATO, müdafiə sənayesi vurğuları deyil, bu vurğuların yaratdığı çərçivənin Ərdoğan avtoritarizminin beynəlxalq legitimliyinə dəstək qazandırması məsələsidir. Ərdoğan iqtidarı dövründə - xüsusilə 2010-cu ildən sonra Türkiyədə avtoritarizm hər keçən il dərinləşib. Beynəlxalq indekslərə görə, 2023-cü ildən bəri Türkiyədə avtoritar idarəçilik daha da konsolidasiya olub, seçkilər formal rəqabət şəraitində keçirilsə də, dövlət institutlarının ələ keçirilməsi və manipulyasiyası, media azadlığının məhdudlaşdırılması və müxalifətə hüquqi-siyasi təzyiqlər səbəbilə olduqca qeyri-bərabər bir atmosfer yaranıb (BTI, 2026). Beynəlxalq təşkilatların “azad olmayan” ölkə kateqoriyasında dəyərləndirdiyi Türkiyədə siyasi hüquqlar 40 bal üzərindən 16, vətəndaş azadlıqları isə 60 bal üzərindən 16 səviyyəsində dəyərləndirilir. Ölkənin qlobal azadlıq balı 100 üzərindən 32, internet azadlığı balı isə 31 səviyyəsindədir (Freedoom House, 2026).
Mediaya nəzarət
Media azadlığının məhdudlaşdırılması Türkiyə avtoritarizminin əsas sütunlarından biridir. Beynəlxalq reytinqlərdə Türkiyəni 180 ölkə içində 159-cu yerdə dəyərləndirən Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) 2025-ci ildə bu sahədə görünməmiş geriləmə qeydə alındığını vurğulayır. Təşkilatın ən son hesabatında məhkəmələrə siyasi nəzarət və internet senzuralarının iqtidarı tənqid edən media qurumlarını zəiflətmək üçün istifadə edilən vasitələrdən yalnız ikisi olduğu vurğulanır. RSF-in bu dəyərləndirməsini Beynəlxalq Media İntitutu (IPI), Jurnalistləri Müdafiə Komitəsi (CPJ), Avropa Mətbuat və Media Azadlığı Mərkəzi (ECPMF), Balkan, Qafqaz, Trans-Avropa Rəsədxanası (OBCT), Cənub-Şərqi Avropa Media Təşkilatı (CEEMO), Beynəlxalq Amnistiya (AI) və Article 19 kimi beynəlxalq təşkilatlar da bölüşür (RSF, 2026a).
Türkiyə üzrə ümumi media plüralizmi riski 78 faiz səviyyəsində dəyərləndirilir, xüsusilə siyasi müstəqillik sahəsində isə bu rəqəm daha da yüksəkdir - 85 faiz (CMPF, 2025). İctimai yayımçı statusundakı TRT, dövlət orqanı olan Anadolu Agentliyi ilə yanaşı, ölkədəki özəl kanalların böyük əksəriyyəti hökumət tərəfdarıdır, eyni zamanda bu yayımlara nəzarəti həyata keçirən Radio Televiziya Şurası (RTÜK) da iqtidar dəstəkçisidir və müxalif kanallar və yayım platformalarının fəaliyyətini pul, yayım kəsmə və s. kimi cəzalarla əngəlləyir (HRW 2026, a). Hələ 2016-cı ildə ölkədə media şirkətlərinin sahiblərinin 80 faizinin AKP ilə siyasi və iqtisadi bağlarının olduğu haqda hesabatlar mövcud idi (MOM, 2016), 10 il sonra - 2026-cı ildə vəziyyət daha da pisləşib. Sərhədsiz Reportyorlar Təşkilatı indi Türkiyədə medianın 90 faizinin hakimiyyətin nəzarəti altında olduğunu vurğulayır (RSF, 2026 b). Dəmirörən, Kalyon-Turkuaz, Doğuş, kimi birbaşa hökumətə bağlı sərmayə qruplarının media sektorundakı hakimiyyəti davam edib (Aydınlı, 2025) və mövcud vəziyyət daha da siyasiləşib, daha qapalı hala gəlib. Rəqəmsallaşma yeni platformaların və “Youtube” aktorlarının ortaya çıxmasına səbəb olsa da, onları cəzalandıran mexanizmlərin də sürətlə ortaya çıxması avtosenzura və məzmun standartlaşmasına səbəb olub (Aydınlı, 2026).
2024-cü ilin rəqəmlərinə görə, Türkiyədə ümumilikdə 151 media orqanı dövlət tərəfindən rəsmi yollarla ələ keçirilmişdi, 2025-ci ildə isə buraya “Show TV” və “Habertürk” də daxil olmaqla bir sıra başqa şirkətlərin də ələ keçirilməsi, “Tele 1” kanalına qəyyum təyin olunması, azərbaycanlı iş adamı Mübariz Mənsimovun yaratdığı “Ekol TV”nin açıldığı sürətlə bağlanması kimi “yeniliklər” əlavə edilib.
2021-ci ildən bəri media sahəsindəki prosesləri izləyən və bu haqda
" Yeni Türkiye'de Medya: Otoriter Neoliberal Bir Devletin Kökenleri" adlı kitab yazan professor Bilge Yeşil Ərdoğan iqtidarı üçün mediaya sahib olmağın siyasi və ideoloji baxımdan vacib olduğunu vurğulayır. Yeşilə görə, xüsusilə televiziyalara sahib olmaq siyasi baxımdan əhəmiyyət kəsb edir, çünki televiziyalar hələ də gündəliyi müəyyən etmək və ya dəyişdirmək üçün əsas təsir vasitələrindən biridir: “Xüsusilə yaxınlaşan parlament seçkiləri qabağı Bilal Ərdoğanla bağlı ictimai rəy yaradılması hədəfinin olduğunu nəzərə alsaq, bu əhəmiyyət daha da artmaqdadır. Televiziya proqramları əvvəlki kimi izlənməsə də, onların hissə hissə sosial mediada yayıldığını və gündəliyə təsir etdiyini bilirik” (Aydınlı, 2026). Digər tərəfdən, Bilge Yeşil, Ərdoğanın ideoloji baxımdan da media sahibliyinə əhəmiyyət verdiyini, “yerli və milli” məzmun istehsalı və dindar nəsil yetişdirmə hədəfi üçün bunun vacib olduğuna inandığını vurğulayır. Mütəxəssisə görə, monitorinqlər də Türkiyə televiziyalarının daha sağ-millətçi və daha mühafizəkar məzmunların hegemon olduğu dövrdən keçdiyini göstərir.
Türkiyədə jurnalistlərə təzyiqlər adi hal alıb. Jurnalistlərin həbsi ilə bağlı rəqəmlər təşkilatların metodologiyalarına görə dəyişir. CPJ-nin həbsin sırf jurnalistika ilə bağlı olduğunu əsas götürən dar metodologiyalı hesabatına görə, 2025-ci ildə Türkiyədə 8 jurnalist həbsdə idi (CPJ, 2026). “Human Rights Watch” təşkilatının 2026-cı il hesabatına görə, Türkiyədə 27 jurnalist və media işçisi həbsdədir (HRW 2026, a).
Türkiyədəki P24 təşkilatının layihəsi olan “Expression Interrupted”ın ən son hesabatına görə, aprel ayı etibarıyla ən az 26 jurnalist və media işçisi ya həbsdədir, ya da məhkəməsi davam edir (Expression Interrupted, 2026). Bianet, “Dezinformasiya qanunu”nun qəbul edildiyi 2022-ci ildən sonra ən az 83 jurnalistin bu qanuna istinadla həbsə və ya istintaqa məruz qaldığını bildirir (Bianet, 2026a).
Siyasət və “ədalət” əliylə dövlətin ələ keçirilməsi
Təzyiqlər yalnız media ilə məhdudlaşmır, xüsusilə iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) 2024-cü ilin bələdiyyə seçkilərindəki məğlubiyyətindən sonra əsas müxalifət partiyasına qarşı geniş miqyaslı repressiyalar həyata keçirilir. Paytaxt Ankara və meqapolis İstanbul da daxil olmaqla 30 böyükşəhər bələdiyyəsindən 14-nü qazanan, 21 şəhər, 337 qəsəbə və 61 kənd bələdiyyəsində seçkinin qalibi olan Cümhuriyyət Xalq Partiyasının yerli idarəetmə imkanları faktiki olaraq iflic edilib (Birgün, 2026). İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi olmasından qısa müddət sonra həbs olunub, 2 min ildən çox cəza nəzərdə tutan 140-dan çox cinayətdə ittiham edilib və hələ də məhkəməsi davam edir (Freedom House, 2026).
Seçkidən keçən müddət ərzində İmamoğlu ilə birlikdə seçilmiş 25 CHP-çi bələdiyyə sədri vəzifədən uzaqlaşdırılıb, onlardan 23-ü həbs edilib. Hazırda 20 CHP-çi bələdiyyə sədri həbsdədir. 3 CHP bələdiyyəsinə qəyyum təyin edilib. İki bələdiyyə sədri AKP-yə keçib. Yalnız İstanbulda böyükşəhər bələdiyyəsi başda olmaqla 26 ilçedən 12-nin bələdiyyə sədri həbs edilib, 2-nə qəyyum təyin olunub, 3-ü AKP-yə keçib. Beləliklə, müxalifət partiyasının 2024-cü ildə qazandığı 5 bələdiyyə iqtidarın nəzarəti altına alınıb (Birgün, 2026). Hələ də davam edən bu repressiyalar nəticəsində yüzlərlə müxalifətçi həbs edilib, ya da haqlarında istintaq başladılıb. Bir tərəfdən həbslər davam edərkən 9 martda başlayan məhkəmələrdə İmamoğludan başqa 406 müxalifətçi bələdiyyə üzvü, işçisi və digər şəxslər də mühakimə olunur (HRW, 2026b).
Bu statistika yalnız CHP-çi bələdiyyələrə repressiyaları əhatə edir. Ümumilikdə isə 2024-cü il seçkilərindən sonra ölkə üzrə 55 bələdiyyə sədri AKP və ya onun müttəfiqi Milliyyətçi Hərəkat Partiyasına (MHP) keçib, partiya dəyişdirən bələdiyyə məclisi üzvləri sayəsində üç bələdiyyə sədrliyini AKP əldə edib. Haqlarında istintaq başladılan və həbs edilən bələdiyyə sədrlərinin yerinə müvəqqəti sədr seçkiləri keçirilsə də, 13 sədr terror ittihamı ilə vəzifədən uzaqlaşdırıldığı üçün yerlərinə Daxili İşlər Nazirliyi tərəfindən qəyyum təyin edilib. Beləliklə, o bələdiyyələrdə məclislərin də vəzifəsi ləğv edilmiş oldu - qəyyumlar özlərinin yaratdığı heyətlərlə idarəçiliyi həyata keçirir. Qəyyum təyin edilən bələdiyyələrdən yalnız üçü CHP-də idi, geri qalan 10 bələdiyyədə (Mardin və Van böyükşəhər bələdiyyələri daxil) isə 2024-cü ildə kürdlərin Xalqların Bərabərliyi və Demokratiya Partiyası (DEM) qalib gəlmişdi (Bianet, 2026 b).
2024-cü ilin seçkilərində CHP 412, AKP 354, MHP 220 və DEM 78 bələdiyyədə qalib gəlmişdi. İki il sonra isə AKP-MHP ittifaqı daha 78 bələdiyyəyə nəzarəti ələ keçirmiş oldu (Bianet, 2026b).
Ərdoğan iqtidarı Türkiyənin bir vaxtlar öyündüyü sahələrdən olan məhkəmə müstəqilliyini tamamilə yox edib. AKP məhkəmə və polis sistemi üzərində bir partizan konrtolu yaradıb. Son illərdə siyasi rəqiblərini zəiflətmək, öz sıralarına çəkmək, müxalifətin elektorat dəstəyini azaltmaq və seçki yoluyla hakimiyyətə gəlməsinə mane olmaq hədəfləri üçün bu dövlət alətlərindən aqressiv şəkildə istifadə edib (Freedom House, 2026). Yuxarıda qeyd etdiyimiz bələdiyyələrə qəyyum təyin olunması prosesi məhz hüquq-mühafizə orqanlarının siyasətə aqressiv müdaxiləsinin bariz nümunəsidir. İstanbul baş prokuroru olduğu dövrdə CHP-yə qarşı siyasi təqib kampaniyasına birbaşa rəhbərlik etmiş Akın Gürləkin ölkənin ədliyyə naziri təyin olunması isə məhz dövlət aparatının ələ keçirilməsindəki roluna görə Ərdoğan tərəfindən mükafatlandırılması kimi dəyərləndirilir (Reuters, 2026). Nəzərə alsaq ki, Türkiyədə ədliyyə naziri həm də hakimlərin və prokurorların təyin olunduğu əsas quruma - Hakimlər və Prokurorlar Şurasına rəhbərlik edir, bu təyinatla Gürləkin İmamoğlu işi başda olmaqla özünün hazırladığı işlərə baxacaq məhkəmə sistemi üzərində nəzarəti də ələ keçirmiş oldu.
Prezident Rəcəb Tayyib Ərdoğan faktiki olaraq ölkədə bütün idarəetmə funksiyalarına nəzarət edir, ölkəni adətən qərarnamələrlə idarə edir və bütün siyasi qərarları birbaşa özü verir. Xüsusilə 2016-cı ildəki Fətullah Gülən qrupunun çevriliş cəhdindən sonra Türkiyənin bütün dövlət orqanlarını, nazirlikləri yenidən formalaşdırıb (Freedom House, 2026). Ərdoğanın əvvəlki müttəfiqi olan Gülənçilərin yerinə yeni müttəfiqləri - MHP-çilər, onlara yaxın dairələr, avrasiyaçılar və yeni dini qruplar (Mənzil, İsmailağa, İsgəndərpaşa-Hakyol kimi) keçib. Mənzil təriqəti daha çox səhiyyə, bürokratiya, təhlükəsizlik və ədliyyə sistemində , İsmailağa qrupu təhsil sahəsində, Din İşləri İdarəsi (Diyanet) və ətrafında (Medyascope, 2024), Hak Yol-İskenderpaşa da yenə məhkəmə və ədliyyə sistemində (Duvar, 2021) güclüdür.
2025-ci ildə bu mürəkkəb iqtidar kompozisiyasına kürdlərin radikal qanadı - PKK ilə yeni təmas və bazarlıq da əlavə olunub. Ərdoğan iqtidarı 2025-ci ildə həbsdə olan PKK lideri Abdullah Öcalan ilə müzakirələr apararaq 40 ildir davam edən silahlı toqquşmaya son qoyma hədəfini açıqlayıb. 2025-ci ilin mayında PKK Öcalanın tərksilah olma çağırışına əməl edəcəyini açıqlayıb və avqustda bu məsələylə bağlı parlament komissiyası yaradılıb. Komissiyanın fəaliyyətinin nə ilə nəticələnəcəyi hələ məlum deyil, ancaq AKP iqtidarı silahlı kürdlərlə anlaşmaya imza atarkən siyasi mübarizə aparan Səlahəddin Dəmirtaş və Figən Yüksəkdağı 10 ilə yaxındır həbsdə saxlayır (HRW, 2026a).
Korrupsiya hökumətin ən yuxarı səviyyələri də daxil olmaqla ölkənin ən ciddi problemlərindən biri kimi qalmaqda davam edir. Məhkəmələrin siyasiləşməsi, qanunların tətbiqindəki ziddiyyətlər və selektivlik ölkədə korrupsiya ilə bağlı ciddi bir cəzasızlıq mühiti yaradıb. Məhkəmələr və hüquq mühafizə orqanları və korrrupsiyalaşıb və siyasi müdaxiləyə məruz qalır. Medianın nəzarətdə olması isə bu cəzasızlıq mühitini daha da dərinləşdirir (Freedom House, 2026). Bunun ən bariz nümunəsi bu ilin martında qeydə alınıb - CHP lideri Özgür Özel “Turpun kiçiyi” adını verdiyi mətbuat konfransı keçirərək Ədliyyə Naziri Akın Gürləkin adına olan mənzil və torpaq sahələrinin qeydiyyat sənədlərini nümayiş etdirib. Özəl Gürləkin mülkiyyətindəki və satdığı daşınmaz əmlakın qiymətinin 452 milyon lirə olduğunu açıqlayıb və bunun 19 illik prokuror maaşı ilə əldə edilə bilməyəcək qədər böyük məbləğ olduğunu bildirib (CHP, 2026). Daha sonra Gürlək Özəlin iddialarını rədd edərək yalnız 4 daşınmaz əmlakının olduğunu açıqlayıb (TRT Haber, 2026), ancaq Özəlin sosial mediada açıqladığı sənədlərlə bağlı izahat verməyib. Burada əsas diqqət çəkən məqam hətta bəzi müxalif jurnalistlərin belə Gürləkin daşınmazları ilə bağlı iddiaların üstünə çox getməməsi faktı idi - sosial mediada bu mövzu günlərlə müzakirə edildi. Daha sonra isə iqtidar Gürləkin daşınmazları mövzusunu CHP-yə dair başqa mövzu ilə unutdurdu - müxalifət partiyasının Uşak bələdiyyə sədrinin Ankaradakı bir hoteldə bir qadınla çəkimiş görüntüləri ölkə mediasına servis edildi. Bələdiyyə sədri korrupsiya ittihamı ilə vəzifədən uzaqlaşdırıldı, həbs edildi, CHP lideri Özgür Özel bələdiyyə sədrinin özəl görüntülərinin yayılması ilə bağlı millətdən üzr istəyib iqtidar mediasına lənət oxudu (Diken, 2026). Ancaq hələ də iqtidar mediasında və sosial mediada CHP-çi bələdiyyə sədrinin müxtəlif qadınlarla görüntüləri yayımlanır və bundan CHP rəhbərliyinə qarşı geniş istifadə olunur.
VAZKEÇİLMƏZ AVTORİTAR TƏRƏFDAŞ
Yuxarıda təsvir etdiyimiz və Türkiyə avtoritarizminin sadəcə bir hissəsini göstərən mənzərəni əlbəttə, Qərb də görür. Xüsusilə Avropa institutlarının hesabatlarında bu vəziyyət əks olunur. Avropa Komissiyasının 2025-ci il hesabatında demokratik standartların, hüququn aliliyinin, məhkəmə müstəqilliyinin və fundamental hüquqlara hörmətin pisləşməsi ilə bağlı ciddi narahatlıqların aradan qalxmadığı, əksinə bunlara yenilərinin əlavə edildiyi vurğulanır (Avropa Komissiyası, 2025).
Avropa Parlamentinin bu ilin fevralında qəbul etdiyi qətnaməsində isə Aİ-nin Ankaraya münasibətindəki dəyər-maraq ziddiyyəti diqqət çəkir. Bir tərəfdən Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı danışıqların hüququn aliliyi və demokratiyanın geriləməsi səbəbilə faktiki olaraq dayandığı, digər tərəfdən isə Ankaranın NATO müttəfiqi, ticarət, iqtisadi əlaqələr, təhlükəsizlik, terrorizmlə mübarizə və miqrasiya sahələrində əsas tərəfdaş olduğu vurğulanır. Avropa Parlamenti bir tərəfdən Türkiyədə demokratik standartların pisləşdiyini, ölkənin son on ildə avtoritar modelə doğru getdiyini və bunun İmamoğlunun siyasi motivli həbsi ilə sürətləndiyini bildirir. Digər tərəfdən də Türkiyənin strateji və geosiyasi əhəmiyyətini, Qara dəniz, Ukrayna və Yaxın Şərq kimi beynəlxalq təhlükəsizlik baxımından kritik bölgələrdə rolunu qəbul edir; Türkiyənin strateji tərəfdaş və NATO müttəfiqi olduğunu təkrarlayır (Avropa Parlamenti, 2026)
Bu, Qərbin Türkiyəyə münasibətdəki paradoksunu ortaya qoyur - avtoritarlaşma diaqnozu qoyulur, rəsmi sənədlərdə bunun dərinləşdiyi vurğulanır, ancaq belə hal praktikada hər hansı siyasi şərtə çevrilmir, əksinə, təhlükəsizlik mövzusu əməkdaşlıq xəttini qoruyan əsas amilə çevrilir. Xüsusilə Avropa İttifaqı üçün bu fundamental paradoksdur - Türkiyə AB üzvlüyünə namizəddir, ancaq müzakirələr faktiki dayanıb, siyasi fikir ayrılıqları davam edir, üzvlük prosesinin gələcəyinə dair konkret uzunmüddətli vizyon mövcud deyil, ancaq bunlarla yanaşı Türkiyə ilə kritik sahələrdə strateji əməkdaşlıqdan bəhs edilir. Görünən odur ki, Brüssel Ankara ilə münasibətlərdə qısa müddətli və hədəfli nəticələrə yönəlib. Suriyadakı müharibəylə başlayan 2015-ci ilin qaçqın dalğasından sonra Aİ ilə Türkiyə arasındakı əlaqələr daha çox ticari xarakteri daşıyıb (Seyrek, 2026).
Sürətli geosiyasi dəyişikliklər və təhlükəsizlik rəqabətinin artması Türkiyə üçün yenidən Avropa ilə bazarlıq imkanları yaradıb. Aydındır ki, Aİ-yə üzv olan ölkələr üçün həm Rusiya təhlükəsinə, həm Trampın NATO və kollektiv müdafiə ilə bağlı təhdidlərinə qarşı yeni təhlükəsizlik doktrinaları hazırlama zərurəti yaranıb. Bu kontekstdə xüsusilə İngiltərə, Türkiyə və Norveç başda olmaqla Aİ üzvü olmayan NATO müttəfiqləri ilə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində müzakirələr aparılır. NATO-nun ikinci böyük ordusuna və strateji baxımdan mühüm coğrafiyaya sahib olan Türkiyənin geosiyasi əhəmiyyəti qat-qat artıb. Almaniya kansleri Fridrix Merts 2025-ci ilin oktyabrında Ankara səfərində bunu açıq şəkildə ifadə edib və böyük güclər siyasətinin yeni mərhələsi ilə əsaslandırıb: “Alman və avropalı olaraq strateji tərəfdaşlıqlarımızı genişlətməliyik və Türkiyə ilə dərinləşdirilmiş ortaqlıqdan başqa yol yoxdur”. Mertsin İmamoğlunun həbsiylə bağlı konkret cümlə qurmaqdan çəkinib yalnız ümumi “Türkiyədə Avropa baxış bucağından anladığımız mənada hüququn aliliyi və demokratiya tələblərinə hələ cavab verməyən qərarlar qəbul edilib” cümləsiylə kifayətlənməsi də Avropanın təhlükəsizlik naminə avtoritarizmə göz yumduğunun açıq nümayişi idi (AP, 2025). Eyni kontekstdə Almaniyanın Türkiyəyə “Eurofighter Typhoon” təyyarəsinin ixracı ilə bağlı əvvəlki etirazını geri çəkməsi və Türkiyənin Avropanın SAFE müdafiə təşəbbüsünə qoşulması ətrafında aparılan müzakirələr də Qərbdə təhlükəsizlik prioritetlərinin nə qədər önə çıxdığının təzahürüdür (Euractiv, 2025).
Demokratiyanın demək olar ki xatırlanmadığı, təhlükəsizlik, ticarət və müdafiə əsaslı əməkdaşlığın dərinləşdirilməsi xətti Ankaranın İtaliya və İspaniya ilə münasibətlərində özünü daha bariz şəkildə göstərir. İtaliyada Meloni hökuməti Türkiyəni regional sabitlik və miqrasiya idarəçiliyində əsas tərəfdaş kimi görür, Ərdoğanın kürəkəninin ailə şirkəti olan “Baykar” İtaliyanın “Leonardo” şirkəti ilə birgə pilotsuz uçuş aparatı layihəsi üzrə ortaqlıq edir, müdafiə sənayesi və ticarət əlaqələri isə iki ölkə arasında prioritet sahələr kimi önə çıxır. İtaliya son dövrdə Türkiyə ilə müdafiə tərəfdaşlığını NATO və Avropa təhlükəsizliyi çərçivəsində dəyərləndirir, Türkiyəni NATO-nun cənub hissəsi üçün əsas aktor olaraq görür (Chiriatti, 2026)
Bənzər fokus İspaniya üçün də keçərlidir. İspaniya da Türkiyəni vacib NATO müttəfiqi görür, xüsusilə ticarət və investisiya sahəsində strateji tərəfdaş kimi təqdim edir. Münasibətlərin “sabit və praqmatik” seyri sayəsində Türkiyənin digər Qərb müttəfiqləri ilə gərginlikləri İspaniya-Türkiyə xəttinə sirayət etməyib ( CATS Network, 2025).
Türkiyə və Böyük Britaniya arasında aprelin 23-də imzalanan Strateji Tərəfdaşlıq Çərçivəsi də bu ümumi Avropa tendensiyasının nümunələrindən biridir. Sənəd demokratiya və hüququn aliliyi ilə bağlı tənqid-şərtilik xəttindən çox-çox uzaqdır, Türkiyənin NATO, müdafiə sənayesi, enerji, ticarət və təhlükəsizlik əməkdaşlığı sahələrində strateji tərəfdaş funksiyasını təsdiqləyir. Bu baxımdan Ərdoğan iqtidarının avtoritarizminin beynəlxalq xərclərini azaldan növbəti maraq-təhlükəsizlik əməkdaşlığı kimi oxunmalıdır.
AVTORİTARİZMİN AZALAN BEYNƏLXALQ XƏRCLƏRİ
Qərbin Türkiyəyə münasibətdəki bu təhlükəsizlik mərkəzli yanaşması Ərdoğan iqtidarının avtoritar həvəsinin dolayı qida mənbələrindən birini təşkil edir. Bu yanaşma Türkiyənin avtoritar iqtidarına beynəlxalq legitimlik, hətta daha da irəlisi - strateji əhəmiyyət qazandırır. Qərblə yaxın assosiasiya - NATO üzvlüyü və Avropa İttifaqı ilə gömrük birliyi, Vaşinqtonla yaxın əlaqələr Türkiyə üçün starteji aktiv rolunu oynayır, Ankaranın regional və qlobal oyunda güclü mövqedə qalmasını təmin edir. Eyni zamanda bu bağlar ona Rusiya və Çinlə manevrlər üçün də imkanlar yaradır (CSİS, 2025) Yəni daxili avtoritarizmə baxmayaraq Ərdoğan iqtidarı təcrid edilmir, əksinə Qərb tərəfindən strateji tərəfdaş kimi qəbul edilməsi ona diplomatik manevr və legitimlik sahələri açır.
Bu manevr sahəsi 2022-ci ildən sonrakı təhlükəsizlik rakursuyla da ortaya çıxmayıb. Daha əvvəllər də fərqli mövzular - məsələn, miqrasiya və qaçqın təzyiqi kimi - Avropada Türkiyə ilə bağlı qərarların tranzaksional olmasına səbəb olub, demokratiya, hüququn aliliyi ilə bağlı fokusu zəiflədib (Avropa Parlamenti, 2021).
2022-ci ildən sonra təhlükəsizlik rəqabətinin gedərək acımasız hal aldığı dünyada Ankaranın strateji əhəmiyyətinin artması isə onun demokratiyaya dair suallardan, tənqidlərdən, təzyiqlərdən qorunması üçün daha güclü qalxan rolunu oynamağa başlayıb. Həm Tramp administrasiyası ilə münasibətləri pozmama, həm Avropa ilə tərəfdaşlığı dərinləşdirmə xətti Ankaraya məhz bunun üçün lazımdır.
Digər tərəfdən, Türkiyədə xarici siyasət uzun müddətdir daxili siyasi konsolidasiya alətinə çevrilib və bu baxımdan Qərblə təhlükəsizlik ortaqlıqları onun üçün daxili siyasətdə geosiyasi uğur narrativləri deməkdir. AKP və Erdoğan son on ildə xarici siyasət və təhlükəsizlik gündəmini daxili siyasi dəstəyi gücləndirmək üçün strateji şəkildə istifadə edib. Hökumət təhlükəsizlik gündəmindən, müdafiə sənayesindəki nailiyyətlərdən və beynəlxalq manevr imkanlarından Ərdoğanın milli maraqları qoruyan və Türkiyənin təhlükəsizliyini təmin edə bilən yeganə lider təqdimatında yararlanır. Müdafiə sənayesi nailiyyətlərindən seçki kampaniyalarında milli güc, texnoloji inkişaf və qlobal nüfuz göstəricisi kimi istifadə edilir. Bu mövzu az qala Türkiyənin milli kimliyinin və geosiyasi strategiyasının əsas sütunlarından birinə çevrilib. Xüsusilə İsrail-Qəzza müharibəsi, Yaxın Şərqdə gərginliklər və “Üçüncü dünya müharibəsi” xəbərdarlıqları Türkiyənin təhdid altında olan ölkə kimi təqdim edilməsinə xidmət edib. Erdoğan 2024-cü ilin oktyabrında “İsrailin təcavüzü Türkiyəni də hədəf alır” deyərək bu mövcudluq təhlükəsi narrativini daha da gücləndirib. Eyni zamanda Türkiyənin Suriya siyasəti daxili auditoriyaya strateji qələbə kimi təqdim edilib ki, bunun arxasında da Ərdoğanın ölkəni yüksələn regional gücə çevirmə narrativi dayanıb (Korkmaz, 2025). Bu səbəbdən Qərblə imzalanan təhlükəsizlik və müdafiə sənədləri yalnız xarici siyasət məsələsi deyil, həm də və daha çox daxildə Ərdoğanın “əsrin lideri” obrazını qidalandıran materiallardır.
Eyni zamanda bu təhlükəsizlik sazişlərinin avtoritar rejimlər üçün institusional qazanclarını da nəzərdən qaçırmamaq lazımdır. Bu qazancalar da avrotitarizmin daha dərinləşdirilməsi üçün istifadə edilir. Bu yazının nəzəri hissəsində də istinad etdiyimiz Yanqsın dediyi kimi, Qərbin müttəfiq rejimlərə münasibətdəki siyasəti hökumətləri demokratik islahatlara məcbur etməkdən çox onları təchiz etmək və təlim keçmək üzərində qurulur. Başqa sözlə, Qərb təhlükəsizlik sahəsində (və ya hər hansı başqa sahədə) müttəfiq hesab etdiyi avtoritar və ya yarımavtoritar rejimlərdən çox ciddi şəkildə demokratik islahat tələb etmir, hər hansı məcburiyyət şərti qoymur, əksinə, təlimlərlə və təchizatla həmin ölkələrin təhlükəsizlik aparatını gücləndirir. Yəni məhkəmə müstəqilliyi, parlament nəzarəti, media azadlığı və ya insan haqları mexanizmləri yox, sərhəd nəzarəti, müşahidə texnologiyaları, polis əməkdaşlığı, silah satışı və təhlükəsizlik qüvvələrinin təlimi kimi məsələlər prioritet olur. Təhlükəsizlik aparatının güclənməsi isə avtoritar və yarımavtoritar rejimlər üçün əsas sütunlarından birinin daha da dayanıqlı hala gəlməsi deməkdir. Bu kontekst Türkiyə üçün olduqca aktualdır, çünki Qərblə təhlükəsizlik sahəsindəki əməkdaşlıq demokratik institutları deyil, məhz müdafiə sənayesi, terrorizmlə mübarizə, miqrasiya idarəçiliyi, sərhəd təhlükəsizliyi, polis, kəşfiyyat əməkdaşlığı kimi sahələri əhatə edir - Britaniya ilə imzalanan sənəd də bu baxımdan istisna deyil.
NƏTİCƏ
Türkiyə ilə Böyük Britaniya arasında imzalanan strateji tərəfdaşlıq sənədi yalnız iki ölkə arasında diplomatik yaxınlaşma deyil, Qərbin Türkiyəyə dəyişən yanaşmasının nümunələrindən biridir. Bu yanaşmada Türkiyə artıq demokratikləşməsi tələb olunan Aİ üzvlüyünə namizəd ölkə deyil, təhlükəsizlik funksiyası ilə əhəmiyyət daşıyan avtoritar tərəfdaşdır.
Qərb Türkiyədə avtoritarizmin dərinləşdiyini, Ərdoğanın şəxsi hakimiyyətinin ildən ilə gücləndiyini, insan haqları, hüququn aliliyi və demokratiya kimi normativ dəyərlərin yox edildiyini görür. Çünki ölkədəki avtoritarizmin miqyası - mediaya total nəzarət, azsaylı tənqidçilərə sərt təzyiqlər, məhkəmələrin siyasiləşməsi və tamamilə iqtidar nəzarətinə keçməsi, müxalifətin kütləvi repressiyalara məruz qalması, seçki nəticələrinin sonradan dövlət aparatının əliylə dəyişdirilməsi, vətəndaş cəmiyyətinə təzyiqlər və s - görünməyəcək həddə deyil, əksinə, gizlədilməsi mümkün olmayacaq səviyyədədir. Bu, Avropa institutlarının, beynəlxalq insan haqları və media təşkilatlarının hesabatlarında da əksini tapır.
Ancaq əsas problem də burada ortaya çıxır - Qərbin Türkiyə avtoritarizminə dair diaqnozları sadəcə kağız üzərində mövcuddur, bu təsbitlər hər hansı siyasi şərt mövzusuna çevrilmir, əksinə, təhlükəsizlik maraqlarına qurban verilir.
Çünki Türkiyə problemli siyasi rejiminə baxmayaraq Qərb üçün vazkeçilməz aktordur və son dövrdə dünyada baş verənlər onun əhəmiyyətini daha da artırıb. Suriya müharibəsinin başlamasından sonra miqrasiya, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra enerji kimi sahələrdə Qərb üçün əhəmiyyəti artan Ankara Trampın ikinci dəfə iqtidara gəlişindən sonra yaranan yeni reallıqda mühüm təhlükəsizlik aktoru olaraq da ön plana çıxıb. Avropa təhlükəsizlik arxitekturasının yenidən formalaşması ilə bağlı bütün müzakirələrdə Türkiyənin bu rolu vurğulanır. Bu səbəbdən Qərb Türkiyə ilə münasibətlərdə demokratiya problemlərinə çox ağrılı yanaşmır, bunun Ankaranın təhlükəsizlik aktoru olaraq çəkisi qarşısında idarə edilə biləcək problem olduğunu düşünür.
Şübhəsiz ki, Ərdoğan iqtidarı belə əlverişli beynəlxalq vəziyyətdən öz avtoritar maraqları üçün istifadə edir. Türkiyənin avtoritarizmin dərinləşməsi səbəbilə xaricdə təcrid edilməməsi, əksinə, nüfuzlu beynəlxalq tərəfdaş kreslolarına dəvət olunması Ərdoğan rejiminin beynəlxalq xərclərini azaldır. Eyni zamanda xaricdəki bu etibar nümayişi daxildə Ərdoğanın “güclü lider” kultunun davamlılığını təmin edir. Ərdoğan iqtidarı üçün ən böyük qazanc da məhz budur.
İSTİNADLAR
GOV.UK, 2026, Joint statement on the Strategic Partnership Framework by the Foreign Ministers of the United Kingdom of Great Britain and Northern Ireland and the Republic of Türkiye,
https://www.gov.uk/government/publications/uk-turkiye-strategic-partnership-framework-joint-statement/joint-statement-on-the-strategic-partnership-framework-by-the-foreign-ministers-of-the-united-kingdom-of-great-britain-and-northern-ireland-and-the-re
Carothers, Thomas; Press, Benjamin, 2021. Navigating the Democracy-Security Dilemma in U.S. Foreign Policy: Lessons from Egypt, India, and Turkey.
https://carnegieendowment.org/research/2021/11/navigating-the-democracy-security-dilemma-in-us-foreign-policy-lessons-from-egypt-india-and-turkey
KHAR Center, 2026. Dəyərlərin eroziyası, maraqların hegemoniyası: Qərbin yeni siyasəti və Azərbaycan avtoritarizmi,
https://kharcenter.com/arasdirmalar/deyerlerin-eroziyasi-maraqlarin-hegemoniyasi-qerbin-yeni-siyaseti-ve-azerbaycan-avtoritarizmi
Youngs, Richard, 2010. Security through Democracy: Between Aspiration and Pretence.
https://www.files.ethz.ch/isn/130604/WP103_Security_democracy_ENG_nov10.pdf
BTI, 2026. BTI 2026 Türkiye Country Report. https://bti-project.org/en/reports/country-report/TUR
Freedom House, 2026. Turkey: Freedom in the World 2026 Country Report.
https://freedomhouse.org/country/turkey/freedom-world/2026
RSF, 2026 a. Türkiye: RSF and seven press freedom and human rights organisations urge Turkish authorities to end the crackdown on media pluralism,
https://rsf.org/en/t%C3%BCrkiye-rsf-and-seven-press-freedom-and-human-rights-organisations-urge-turkish-authorities-end
CMPF (Centre for Media Pluralism and Media Freedom) 2025. Turkey,
https://cmpf.eui.eu/country/turkey/
Human Rights Watch, 2026a. World Report 2026: Türkiye,
https://www.hrw.org/world-report/2026/country-chapters/turkiye
Media Ownership Monitor Turkey, 2016. Türkiye,
https://turkey.mom-rsf.org/tr/
RSF (Reporters Without Borders) 2026b, Türkiye.
https://rsf.org/en/country-t%C3%BCrkiye
Aydınlı, Sinem, 2025. Democratic Decline, Economic and Political Pressures, Urgency for Reforms: The Future of the Media in Turkey – Facts and Trends,
https://futureofmedia.seenpm.org/wp-content/uploads/2025/03/Ourmedia-Turkey-EN.pdf
Aydınlı, Sinem, 2026. Unchanging structure, deepening political control in Turkey’s media ownership.
https://bianet.org/haber/unchanging-structure-deepening-political-control-in-turkey-s-media-ownership-315254
CPJ (Committee to Protect Journalists) 2026. 2025 journalist jailings remain stubbornly high; harsh prison conditions pervasive.
https://cpj.org/special-reports/2025-journalist-jailings-remain-stubbornly-high-harsh-prison-conditions-pervasive/
Expression Interrupted, 2026. Journalists in Prison.
https://www.expressioninterrupted.com/census.php
Bianet, 2026 a.‘Disinformation law’ used against 83 journalists since 2022.
https://bianet.org/haber/disinformation-law-used-against-83-journalists-since-2022-318595
BirGün, 2026. CHP’ye çok boyutlu saldırı: 2 yılda 23 seçilmiş belediye başkanı tutuklandı, 25 başkan görevden uzaklaştırıldı. https://www.birgun.net/haber/chp-ye-cok-boyutlu-saldiri-2-yilda-23-secilmis-belediye-baskani-tutuklandi-25-baskan-gorevden-uzaklastirildi-707542
Bianet, 2026 b. 31 belediye başkanı görevden alındı, 13’üne kayyım atandı.
https://bianet.org/haber/31-belediye-baskani-gorevden-alindi-13-une-kayyim-atandi-318228
Human Rights Watch, 2026 b. Türkiye: Impeded Access to Mayor’s Trial,
https://www.hrw.org/news/2026/03/23/turkiye-impeded-access-to-mayors-trial
Reuters, 2026. Erdogan names prosecutor who led opposition crackdown as Turkey justice minister.
https://www.reuters.com/world/turkeys-erdogan-appoints-new-justice-interior-ministers-2026-02-11/
Medyascope, 2024. 15 Temmuz’dan günümüze Türkiye’de cemaatlerin devletle ilişkisi. https://medyascope.tv/2024/10/21/cemaat-ve-tarikatlarla-turkiye-fethullahcilarin-yerini-kim-aldi/
Duvar English, 2021. Turkish judiciary under control of Islamist sects: Top court member.https://www.duvarenglish.com/turkish-judiciary-under-control-of-islamist-sects-top-court-member-news-59236
CHP, 2026. CHP Lideri Özgür Özel: “Akın Gürlek’in Elindeki ve Satılan Gayrimenkullerinin Toplam Değeri 452 Milyon Lira.
https://chp.org.tr/haberler/chp-lideri-ozgur-ozel-akin-gurlekin-elindeki-ve-satilan-gayrimenkullerinin-toplam-degeri-452-milyon-lira
TRT Haber, 2026. Adalet Bakanı Gürlek, Özgür Özel’in iddialarını yalanladı: Belgeler sahte ve düzmece.
https://www.trthaber.com/haber/gundem/adalet-bakani-gurlek-ozgur-ozelin-iddialarini-yalanladi-belgeler-sahte-ve-duzmece-938197.html
Diken, 2026. Yalım’ın gözaltı görüntüsü: Özel’den ‘millet’e özür, iktidar medyasına lanet.
https://www.diken.com.tr/yalimin-gozalti-goruntusu-ozelden-millete-ozur-iktidar-medyasina-lanet/
European Commission, 2025. Türkiye 2025 Report.
https://enlargement.ec.europa.eu/document/download/4bb4ddd1-4f20-4ee0-92db-926996ec8dd1_en?filename=t%C3%BCrkiye-report-2025.pdf
European Parliament / EUR-Lex, 2026. European Parliament resolution of 12 February 2026 on the Commission’s 2024 report on Türkiye. https://eur-lex.europa.eu/legal-content/EN/TXT/HTML/?uri=OJ%3AC_202600577
Seyrek, Demir Murat, 2026, Could defence cooperation generate a spillover effect for Türkiye–EU relations?,
https://www.epc.eu/publication/could-defence-cooperation-generate-a-spillover-effect-for-turkiye-eu-relations/
Associated Press, 2025. German chancellor calls for stronger Europe-Turkey ties during Ankara visit.
https://apnews.com/article/turkey-germany-merz-erdogan-strategic-ties-ad63a5ce0d06849d6f6197107e0007c3
Euractiv, 2025. Britain allows Ankara to buy Eurofighter jets.
https://www.euractiv.com/news/britain-allows-ankara-to-buy-eurofighter-jets/
Chiriatti, Alessia, 2026. Unlocking Strategic Potential Outside the EU: Italy-Turkey Bilateral Partnership in Defence.
https://www.iai.it/sites/default/files/iai2602.pdf
Cats Network, 2025. Despite the EU: Spain’s Security and Defence Cooperation with Turkey.
https://www.cats-network.eu/assets/cats/CATS_Network_Paper__Briefs/CATS_Network_Paper__No._18__17.06.2025.pdf
CSİS (Center for Strategic and International Studies) 2025. Strategic Ambiguity: Erdoğan’s Turkey in a Multipolar World. https://www.csis.org/analysis/strategic-ambiguity-erdogans-turkey-multipolar-world
European Parliament, 2021. Peace and security in 2021: The EU’s evolving relations with Turkey,
https://www.europarl.europa.eu/RegData/etudes/BRIE/2021/694213/EPRS_BRI%282021%29694213_EN.pdf
Korkmaz, Seren Selvin, 2025. Beyond Diplomacy: The Political Utility of Foreign Policy in Türkiye. https://ipc.sabanciuniv.edu/Content/Images/CKeditorImages/20250407-14042166.pdf