21 apr 2026

Orbanın məğlubiyyətinin Avropada populizmin və avtoritarizmin transformasiyasına, demokratiya mübarizəsinə təsirləri və gələcək risklər

Orbanın məğlubiyyətinin Avropada populizmin və avtoritarizmin transformasiyasına, demokratiya mübarizəsinə təsirləri və gələcək risklər



(Yazı “KHAR Center”in "Avtoritar Rejimlər və Transregional Təsir Mexanizmləri" araşdırması çərçivəsində hazırlanıb)


Giriş

Macarıstanın Baş naziri Viktor Orban dünya siyasi səhnəsində  əhəmiyyətli siyasi fiqur idi. Onun son seçki məğlubiyyəti bütün Avropa siyasəti üçün mühüm nəticələrə səbəb ola bilər. Bu məqalə Orbanın məğlubiyyətinin demokratiyaya, avtoritarizmə və vətəndaş cəmiyyətinin demokratik müdafiəçi kimi roluna potensial təsirlərini nəzərdən keçirir.

Səkkiz illik fasilədən sonra 2010-cu ildə hakimiyyətə qayıdandan sonra tədricən daha çox avtoritar idarəetmə tərzinə yönələn, mətbuatı məhdudlaşdıran, fərdi azadlıqları boğan. tarazlıq institutlarını zəiflədən Orbanın məğlubiyyəti demokratiyanın qələbəsi kimi qəbul edilməlidir. Onun məğlubiyyəti, çox güman ki, təkcə Macarıstanda deyil, həm də demokratik dəyərlərə və institutlara getdikcə daha çox meydan oxunan Avropanın digər ölkələrinə də təsirsiz ötüşməyəcək. Ümid edirik ki, bu, milyonlarla avropalıya hərəkətə keçməyə və öz ölkələrində oxşar dəyişiklikləri mümkün etməyə ilham verəcək.

Orbanın getməsi Avropadakı vətəndaş cəmiyyəti üçün də müsbət hadisədir. Onun hakimiyyəti dövründə Macarıstanda bir sıra vətəndaş cəmiyyəti qrupları hədəfə alınıb və təqib edilib. İndi demokratiyaya qayıdışla bu qruplar insanların hüquqlarını, birləşmək və ifadə azadlığını və demokratik qanunun aliliyini müdafiə etməkdə daha güclü və səsli olacaqlar. 

Orbanın məğlubiyyətinin, eyni zamanda, bütün qitədə demokratiyaya ilham verməsi və hətta Avropa Birliyini öz daxilində avtoritarizmə qarşı daha prinsipial mövqe tutmağa təşviq etməsi mümkündür.  

“Khar Center”in bu məqaləni hazırlamaqda məqsədi Macarıstanda son parlament seçkilərinin nəticələrinin Avropa siyasətinin son dövrlərindəki mühüm bir məqamını, populist avtoritar siyasətçilərin məğlub ola biləcəyini və demokratiyaya hələ də ümidin tükənmədiyini göstərməkdir. Orbanın məğlubiyyəti nəticəsində Avropanın hər yerində demokratik hərəkatlar demokratiya uğrunda mübarizəni davam etdirməyə təşviq olunacaqlar. Bu baxımdan Macarıstandakı dəyişikliyin qitəyə mümkün təsirlənin araşdırılması strateji əhəmiyyət kəsb edir.

Məqalə “Macaristandakı dəyişikliklər demokratiya üçün nə deməkdir?” “Hansı yeni çətinliklər və risklər yaranacaq?” suallarını cavablamağa çalışacaq.

Viktor Orbanın məğlubiyyətinin Avropada avtoritarizm və populizmə təsirləri

Macarıstanda son ana  qədər iqtidardan getməsinə şübhə ilə yanaşılan Viktor Orbanın 16 ildən sonra böyük fərqlə uduzması avtoritar rejimlərdən əziyyət çəkən bütün ölkələrdə həyəcan yaratdı. Resurs, xarici dəstək, dövlət institutlarına nəzarət, siyasi manipulyasiya təcrübəsi kimi çox ciddi faktorların avtoritar iqtidarlara uzunömürlülük (hətta daimilik) qazandırdığına dair pessimizm yerini dəyişiklikliyin mümkün olduğuna dair ümidə verdi. Bu, 2023-cü ildə Polşada populist-mühafizəkar “Hüquq və Ədalət Partiyası”nın devrilməsindən, Rusiyanın bütün müdaxilələrinə baxmayaraq Moldovada və Rumıniyada Qərb tərəfdarlarının qalib gəlməsindən sonra yaranan “heç də hər şey itirilməyib” düşüncəsinə də bənzəmir, mahiyyət etibarıyla daha böyük bir hadisədir. Əlbəttə, bunun  avtoritar hakimiyyətli ölkələrdə avtomatik dəyişiklik dalğası, “domino effekti” kimi nəticələrə gətirib çıxaracağı haqda uzağagedən proqnozlar vermək doğru olmazdı, ancaq Orbanın gedişinin Avropadakı populist, avtoritar, rusiyayönlü və radikal qüvvələr üçün bir zərbə olduğu açıqdır. 

Viktor Orban yalnız Macarıstandakı liberal-demokatik geriləməni, avtoritarizmi və Rusiya aparatı funksiyasını təmsil etmirdi,  eyni zamanda Avropada və hətta Avropa sərhədlərindən kənarda da bu qitədəki radikal sağ-populist siyasətin simvoluydu (Khar Center, 2026).  Uzun müddət iqtidarda qalması və həm özünü, həm ideologiyasını dövlətə yerləşdirməyi bacarması ilə bir nümunə təşkil edirdi, çünki Avropada radikal sağ ümumilikdə yüksəlişdə olsa da, onu təmsil edən partiyaların çoxu indiyə qədər Orban kimi davamlılığı və dövlətlə tam çulğaşmanı bacara bilməyib. Orbanın təsirinin böyük hissəsi məhz bununla bağlıydı - populist “illiberal” ideologiyasını yalnız öz ölkəsində deyil, Macarıstan sərhədləri xaricində də yaymağı bacarmışdı (Reuters, 2026).  Üstəlik, məsələnin ciddi maliyyə tərəfi və var - Orbanın “illiberal demokratiya”sının səxavətindən bir çox şəxs, institut, partiya faydalanıb. Budapeşt hər il milyonlarla dolları İngiltərədən Fransaya, Almaniyadan İtaliyaya populist sağla əlaqəsi olan think-tanklara, media layihələrinə  və şəxslərə axıdıb. Orbanın məğlubiyyəti Avropadakı populist-sağ şəbəkəyə axıdılan bu maliyyənin anidən dayanmasına səbəb olacaq (The Guardian, 2026). 

Orbanın təsiri yalnız Avropanın radikal sağı ilə də məhdudlaşmır. Avropa siyasətində artıq ayrılıq xətti sağ ilə sol arasından deyil,  hakimiyyətin  məhdudluğunu qəbul edən liderlər ilə səlahiyyətlərin hüdudsuzluğunu hədəfləyənlər arasından keçir və sağlı-sollu bütün populist partiyalar hüquqi problemlərlə qarşı-qarşıya qaldıqları zaman Budapeştin üsullarını təkrar edirlər (Strauss, 2026).  İspaniyadakı Vox Partiyasının Orbanın şəbəkəsiylə ittifaq yaratması və Orbanın yaxın ətrafı ilə əlaqəli bankdan 9,2 milyon avro kredit alması, Almaniyanın AfD Partiyasının qanunsuz ianələr toplaması və bunun araşdırılmasını siyasi təzyiqlə əlaqələndirməsi,  Fransada Rusiya ilə əlaqələri olan Marin Le Penin pul mənimsəmə ittihamıyla məhkum edilməsindən sonra məhkəmələri tittiham etməsi və Orbanın ona dəstək verməsi, Slovakiyada Fitsonun korrupsiya ilə mübarizə ofisini ləğv edib sonra korrupsiyanı qurumların işləməməsinin nəticəsi kimi göstərməsi və digər buna bənzər faktlar Avropa siyasətinin Macarıstan nümunəsindən nə qədər təsirləndiyini göstərir (Strauss, 2026). Bu baxımdan Orbanın məğlubiyyəti həm də “Orbanizasiya”dan fundamental çərçivə kimi istifadə edən iqtidarlar (və iqtidara iddialı qüvvələr)  üçün ciddi siqnaldır. 

Digər tərəfdən, ABŞ-da Tramp administrasiyasının və MAGA hərəkatının açıq şəkildə liberal demokratiyaya qarşı çıxması və Avropadakı anti-liberal partiyaları dəstəkləmə mövqeyi baxımından da Orbanın gedişi ciddi psixoloji məqamdır.  Trampın seçkidə açıq şəkildə Orbanı dəstəkləməsinin, daha əvvəl dövlət katibini və səsvermə öncəsi vitse-prezidentini Budapeştə göndərməsinin əks effekt doğurması  Vaşinqtonun Avropadakı radikal sağ, avtoritar və rusyönlü aktorlara dəstəyinin effektivliyinin də mübahisələndirilməsinə səbəb oldu. Tarixləri, ortaya çıxma formaları, strategiyaları və daxili mənafelərdəki ziddiyyətləri baxımından bir-birindən fərqlənsələr də, Avropadakı radikal  qüvvələri birləşdirən bir neçə mühüm nüans var. Əvvəla, bu partiyaların hamısı aradakı fərqlərinə baxmayaraq Aİ  və NATO inteqrasiyası əleyhdarıdır. İkincisi, hamısı milli mənafe vurğusunu qabartsa da, beynəlxalq ittifaqlar və tərəfdaşlıqlar məsələsində bu vurğuyla paradoks təşkil edən qərarlar qəbul etməkdən çəkinmirlər. Üçüncüsü, çoxu ənənəvi olaraq ABŞ əleyhdarı olsa da, Tramp dalğasından faydalanmaq niyyətindədir və bu iki mövqe arasında seçim etmək istəmir. Dördüncüsü, Avropadakı radikal qüvvələrin çoxu Rusiya və Çin rejimlərinə yaxındır, ya da meyillidir.  Həm ideoloji, həm praktik meydan oxuma ehtiva edən bu baxış onların Trampla ortaq xəttidir (ECFR, 2025). Orban və siyasi müttəfiqləri Avropada millətçi yüksəlişin dəstəkçisi hesab olunan ABŞ-dakı ideoloji müttəfiqlərindən dəstək almaq üçün illərlə böyük pullar xərclədilər. Ancaq  investisiya da Orbanı və “Fidesz”i məğlubiyyətdən xilas edə bilmədi. Avropanın radikalları Tramp və komandasından gələn dəstəyin faydadan çox yükə çevrildiyini gördülər (Atlantic Council, 2026). Bu baxımdan avtoritarizm, Rusiya və Çinlə yaxınlıq və populizmin birləşdirdiyi  “meydan oxuyan” qüvvələrin Avropadakı ən ciddi təmsilçisinin sarsılmaz hesab edilən iqtidarını Trampın böyük dəstəyinə baxmayaraq, itirməsi bu böyük koalisiyanın məğlubiyyəti hesab edilə bilər. 

Nəhayət, Orban Avropada Rusiyaya qarşı həmrəyliyin əsas “tormoz”u funksiyasını yerinə yetirirdi. Moskva onun gedişiylə bu “tormoz”u itirdi, çünki Macar iqtidarı Avropa ilə münasibətləri təmir etmək məcburiyyətindədir - ən azından dondurulmuş 30 milyard dollardan çox vəsaitin ölkəyə gələ bilməsi üçün. Bu da özü-özlüyündə Brüsselin Rusiya-Ukrayna müharibəsindəki effektivliyini artıracaq faktordur. Çünki Macar ölkəsindəki dərin qütbləşmə və  Rusiyadan enerji asılılığı səbəbilə Ukraynaya dəstək məsələsində Orbandan daha səxavətli olmasa da, Avropa ilə konfrontasiyaya getməyəcək və  veto şantajı aradan qalxmış olacaq. 

Ancaq bütün bu ümidverici nüanslarla yanaşı, Orbanın gedişinin liberal geri dönüş dalğası olmadığını vurğulamaq lazım gəlir. İlliberalizmin təsiri göründüyündən daha böyükdür.  İsveçin V-Dem İnstitutunun bu ilin martında yaydığı hesabata görə, Macarıstan və Serbiyanın daha əvvəldən daxil olduğu avtoritarlaşan ölkələr siyahısına 2025-ci ildə daxil olanlar sırasında İngiltərə, Xorvatiya, İtaliya, Slovakiya və Sloveniya da var (V Dem Entitute, 2026). 

Slovakiya

Xüsusilə Mərkəzi Avropadakı bu tendensiyada orbanizmin oynadığı rol barizdir və bunun ən mühüm nümunələrindən biri Slovakiyadır. Postkommunist Avropanın ən mübahisəli fiqurlarından olan Slovakiyanın baş naziri Robert Fitso son illərdə Orbanla birlikdə Avropa İttifaqının ən kremlyönlü və ən avtoritarizmə meylli “klubunun” bir ayağını təşkil edib (Khar Center, 2025a). Tənqidçiləri Fitsonun avtokratik idarəçiliyinin Orbandan ilham aldığını bildirir və bu baxımdan Slovakiyanın populist baş naziri Orbanın ən böyük “varisi” hesab olunur. Orbanın məğlubiyyətindən iki gün sonra Slovakiyanın paytaxtı Bratislavada və digər böyük şəhərlərdə  keçirilən etiraz aksiyaları da slovak cəmiyyətinin də bu paraleli apardığını göstərir. Etiraz aksiyası keçən ildən bəri bir neçə dəfə gündəliyə gələn və Slovakiya siyasi gündəminin əsas müzakirə mövzularından birinə çevrilən xaricdəki seçicilərin poçt yoluyla səs verməsi qaydasının ləğvi təklifi ilə bağlı idi. Fitso və təmsilçiləri dəfələrlə bu məsələnin sadəcə diskussiya mövzusu olduğunu iddia etsələr də, martın 30-da isə Smer-SD deputatları bu təklifi rəsmi qaydada parlamentə təqdim edib (TASR, 2026).  Slovakiya xaricindəki seçicilər ənənəvi olaraq Fitso hakimiyyətinin əleyhinə səs verir, 2023-cü il seçkilərində də ölkədən kənarda yaşayan 60 minə yaxın slovak seçicinin təxminən 80 faizi müxalifətə, yalnız 6,1 faizi Fitsonun Smer Partiyasına səs verib (AP, 2026).  Müxalifət fikrincə, Fitsonun “seçki islahatı” 2027-ci il seçkilərində xaricdə yaşayan slovakların səs verməsinə mane olmaq, müxalif səsləri azaltmaq  məqsədi güdür. 14 apreldə Bratislavada keçirilən mitinqdə də müxalifətdəki İrəliçi Slovakiya Partiyasının lideri Mixal Şimeçka eynilə indiyə qədər Macarıstanda olduğu kimi demokratiyanın təhlükə altında olduğunu bildirib. Müxalifət bu mitinqdə Orbanın seçki yoluyla devrilməsini alqışlarla qarşılayıb  (AP, 2026).  

Macarıstanda Macarın əzici qələbəsi və “getməz” deyilən Orbanın 16 illik iqtidarına əzici üstünlüklə son qoyması şübhəsiz ki, Slovakiya müxalifəti üçün ilham mənbəyi və təcrübə olacaq. Eyni zamanda Fitso üçün Brüsseldə Orbanın şantaj xəttinin ikinci planda qalan aktoru olma komfortu artıq bitdi. İndi o, Orbanın kölgəsi olmadan, daha açıq şəkildə Brüssel ilə qarşı-qarşıya qalacaq ki, bu da indiyə qədər Aİ rəhbərliyi ilə Orban qədər kəskin konfrontasiyaya getməyən Slovakiya liderinin manevr imkanlarını ciddi şəkildə daraldacaq. Slovakiyanın keçmiş deputatlarından Martin Poliacikin dediyi kimi, Fitso üçün ən böyük təhdid avropayönlü Macarıstan olacaq, çünki slovaklar o zaman Fitso iqtidarının da daimi olmadığını görəcəklər (Jandourek, 2026)

Ümumilikdə  Orbanın gedişinin  Slovakiya siyasətinə və 2027-ci ildə keçiriləcək seçkilərə təsiri  xeyli dərəcədə  Macarıstandakı dəyişikliklərə bağlı olacaq. Əgər Macar iqtidarı Orbanın qurduğu sistemi sürətli və effektiv şəkildə dəyişdirməyi bacaracaqsa, bunun Slovakiya seçkilərinə təsiri qaçılmaz olacaq, əks təqdirdə Fitso avtokratiyanı dərinləşdirmək üçün daha bir bəhanə qazanacaq. 

Serbiya

Eyni cümlələri Avropada “Orbanizasiya”dan ilham alan digər ölkələr üçün də söyləmək mümkündür.  Məsələn, “Balkan İnsight” saytı yazır ki, “illiberal demokratiya”nın memarı olmadan Serbiyanın kremlyönlü, Trampçı və Orbançı baş naziri Aleksandr Vuciçi narahat gələcək gözləyir (Balkan İnsight, 2026). Serbiya Aİ üzvü olmasa da, Orban illiberalizminin Avropadakı əsas  nümunələrindən biridir. Vuçiçin idarəetmə metodları Macarıstanın keçmiş liderinin üsullarına çox yaxındır - dövlətin zəbt edilməsi, mediaya təzyiqlər, vətəndaş cəmiyyətinin zəiflədilməsi, millətçi-populist ritorika (Khar Center, 2025 b). Orban olmadan bu modelin Aİ daxilindəki “legitimliyi” sarsılacaq və bu da Vuçiç için ciddi risklər yaradır. Eyni zamanda Viktor Orban Aİ-də Vuçiçi dəstəkləyən və Brüsselin Belqrada qarşı təzyiq mexanizmlərinin işləməsinə mane olan az saylı liderlərdən biriydi. Onun gedişiylə Vuçiç Aİ-dəki mühüm bir müttəfiqini və birlik içindəki “daxili səs”i itirmiş oldu. Böyük ehtimalla yeni Macarıstan hökuməti Aİ-nin ortaq siyasətinə bağlı qalacaq, bu da Serbiyanın manevr imkanlarını daraldacaq. Moskvadan asılılıq, Rusiyaya qarşı sanksiyalar, hüququn aliliyi, Kosovo ilə normallaşma kimi məsələlərdə Belqradın Brüsselin təzyiqindən qaçması çətinləşəcək. Bu baxımdan Macarıstan seçkiləri  Vuçiç için “pul almaq istədiyin Aİ ilə konfrontasiyaya getməməlisən” dərsi xarakteri daşıyır (Vasilev, 2026). 

Digər tərəfdən, Rusiyanın Aİ-dəki Troya atlarından birini itirməsi yalnız Vuçiçin imkanlarını daraltmayacaq, eyni zamanda bütün Balkanlarda Moskvanın təsirinin azalması baxımından dolayı təsir göstərəcək. Macarıstandakı yeni hökumətin Aİ ilə yanaşı NATO ilə daha sıx əməkdaşlıq xəttini seçməsi Qərbi Balkanlarda Rusiyanın geosiyasi oyun sahəsinin daralmasına səbəb olacaq. Məsələn, Bosniya və Herseqovinadakı Serb Respublikası kimi millətçi, kremlyönlü bölgənin rəhbərlərinin də komfortu pozulacaq. 

Polşa

Polşanın baş naziri Donald Tusk Orbanın məğlubiyyətindən məmnunluğunu Peter Macara zəng edərək “səndən çox sevinirəm” deməklə göstərdi. Bu,  2023-cü ildə PiS avtoritarizminə qalib gələn və buna rəğmən populist prezidentin müqaviməti, PiS-in qütbləşdirdiyi cəmiyyətin obyektiv çətinlikləri səbəbilə gözlənilən dəyişiklikləri həyata keçirməkdə çətinlik çəkən Polşa liderinin yeni regional müttəfiq qazanma sevinciydi. Tusk Polşa, Rumıniya, Moldova və Macarıstandakı seçkiləri nümunə göstərərək “Avropanın bu hissəsinin korrupsioner və avtoritar hökumətlərə məhkum olmadığımızı göstərməsindən məmnuniyyət duyuram” sözləriylə də bunu açıqca ifadə etdi (NFP, 2026).  

Orban Polşanın sağ qanadı üçün çox ciddi bir nümunəydi, çünki onun qurduğu sistem PiS üçün millətçi-mühafizəkar, populist-avtokrat bir qüvvənin dövləti ələ keçirə və iqtidarı qoruya bilmənin mümkün olduğunun sübutu idi. PiS 2015-2023-cü illər arasında Polşada iqtidarda olarkən də məhz Orban metodlarını tətbiq edirdi (Khar Center, 2025 c)  Son illərdə Polşa sağı daha geniş sağ populizm dalğasının əsas örnəkləri kimi ABŞ və Macarıstanı nümunə göstərirdi. Orbanın Trampın dəstəyinə  baxmayaraq məğlub olması və Trampın sağın söykəndiyi təməllərə də hücum edə biləcəyini göstərməsi (Roma Papasıyla konfrontasiya kimi) Polşa sağı üçün zərbə oldu.  Digər tərəfdən, PiS uzun illər Rusiyaya qarşı olduğunu iddia etsə də, əsas gücünü aldığı radikal sağçı beynəlxalq dairələr Putin ilə çox yaxın əlaqələrə malik idi və Orban bu əlaqələrin əsas körpüsüydü. Eyni zamanda Serbiya nümunəsində olduğu kimi, PiS iqtidarı üçün də Orban Brüsseldəki əsas hami və Aİ-yə qarşı əsas müttəfiq rolundaydı (Dowell, 2026). PiS nümayəndəsi olan keçmiş ədliyyə naziri Zbiqnev Ziobro və deputat Marcin Romanovskinin Polşada mühakimə olunmaqdan qaçaraq Macarıstana sığınması da Polşa sağının Orbana nə qədər bel bağladığının sübutudur. Ancaq Peter Macar indi bu şəxsləri Polşaya təhvil verəcəyini bildirir (Dowell, 2026). 

Əgər Orban növbəti dəfə seçkidə qalib gəlsəydi, bu, 2027-ci ildə Polşada keçiriləcək parlament seçkilərində PiS üçün də ciddi siyasi dəstək olacaqdı. Ancaq Orbanın uduzması ilə birlikdə PiS həm əsas hamisini, həm əsas müttəfiqini, həm əsas örnəyini itirmiş oldu. Bu, PiS-in tamamilə zəifləyəcəyi demək deyil, hər ölkənin fərqli dinamikası var və PiS də hələlik nəzəri baxımdan radikal sağ qüvvələrlə birlikdə 2027-ci ildə parlament çoxluğunu formalaşdıracaq gücdədir. Ancaq Orbanın iqtidardan getməsi Polşa sağını xarici dəstəkdən məhrum etdi, eyni zamanda Tusk və müttəfiqləri üçün PiS və Navroskiyə qarşı arqumentlər qazandırdı. 

Çexiya

Çexiyanın avroskeptik hökuməti üçün də Orbanın məğlubiyyəti xoş siqnal deyil. Eynilə Polşada olduğu kimi, Çexiyada da prezident və hökumət konfrantasiya şəraitində fəaliyyət göstərir, amma fiqurların yeri fərqlidir - Polşada prezident, Çexiyada hökumət Qərb şübhəçisidir, üstəlik, Polşanın mühafizəkar prezidenti kremlyönlü deyil, Çexiyanın sağ hökuməti isə Kreml narrativlərinə daha yaxındır (Jandourek, 2026). 

Çexiyanın hökumətdəki  ANO, SPD və Motoristlər (MS) koalisiyası məhz Orbanın “illiberal demokratiya”sına simpatiya üzərində formalaşıb. Bu koalisiyanın liderləri ən sadiq avropalı müttəfiqlərinin Orban və Fitso olduğunu gizlətmirdilər.  Avropanın tanınmış intellektuallarından İvan Krastevə görə, Fidel Kastro 1970-ci illərdəki sol üçün nəydisə, Orban da Qərbin radikal sağı üçün o idi və Çexiyada Andrey Babiş, Tomio Okamura və Petr Maçinka bu düşüncə ilə Macarıstanın avtoritar liderini dəstəkləyirdilər. Seçkidən əvvəl Maçinka Orbanın yalnız qonşuları üçün deyil, mühafizəkar ənənələr və xristian dəyərləri üçün mübarizə aparan hər kəs üçün ilham mənbəyinə çevrildiyini açıqlamışdı (Tabery, 2026).  

Hər nə qədər keçən payızda Babiş Çexiyanın Macarıstan və Slovakiyanın yoluyla getməyəcəyini bildirsə də, müşahidələr ölkənin məhz o istiqamətdə getdiyini göstərir. Bu baxımdan Orbanın gedişi Babiş və koalisiya ortaqları üçün də məyusedicidir. Bu kontekstdə Orbanın məğlubiyyəti və Trampın populyarlığının azalması Çexiya hökumətinin ritorikasını yumşalda bilər. Babiş iki ən yaxın müttəfiqindən (Orban və Fitso) birini itirdi, digərinin iqtisadiyyatı çətin günlərdən keçir, korrupsiya sürətlə yayılır.  Üstəlik koalisiya müttəfiqləri ilə onu yalnız şəxsi siyasi maraqlar bağlayır və bu ittifaq istənilən bir zəifləmədə dağılma riski daşıyır. Bununla belə, Çexiya baş naziri  praqmatikdir, böyük ehtimalla Peter Macarla da dil tapmağa və Vişeqrad Dördlüyünü canlandırmağa çalışacaq. Onun koalisiya ortaqları olan radikal sağçılar isə Orbanın gedişindən üzüntülərini gizləmirlər (Jelinek, 2026). 

Çexiyanın mərkəz sağ müxalifəti isə Macarın iqtidara gəlməsindən, əlbəttə, məmnundur. 

Nəticə əvəzi

Macarıstandakı dəyişiklik şübhəsiz ki, bütün Avropa üçün dönüş nöqtəsidir və böyük əhəmiyyət daşıyır. Bu baxımdan onun yaratdığı həyəcan dalğası da çox normal və anlaşılandır. Ancaq indidən sonra proseslərin necə cərəyan edəcəyi, hazırkı ümid effektinin  nə qədər davamlı və güclü olacağı ilk növbədə yeni macar hökumətinin apardığı siyasətə bağlı olacaq. Çünki təcrübə göstərir ki, seçkilər populist avtoritar rejimləri həqiqətən zəiflətməyin əsas yolu deyil, ilk addımıdır: əsas məsələ onlara bənzəmədən, onların üsullarına əl atmadan yeni idarəetmə sistemi yaratmaqdır. Populizmin yüksək səviyyədə qütbləşdirdiyi cəmiyyətlərdə bu, o qədər də asan deyil -  neştərin kəskin ucunun seçkini qazananlara doğru çevrilməsi riski də var.

Son günlərdə Rusiya yönlü və radikal sağ propaqanda ekosistemlərində Peter Macar əleyhinə kampaniyada önə çıxan “Bir Orban getdi, başqa Orban gəldi” mesajı da yeni hökumətin ilk növbədə məhz bu “heç bir şey dəyişməyəcək” narrativi ilə mübarizə aparmalı olacağını göstərir. Bu mübarizə isə artıq seçki kampaniyasındakı kimi vədlə, sözlə deyil, real addımlarla özünü göstərməlidir -  çünki məsələ yalnız propaqanda da deyil, dəyişikliyə səs verən seçicinin gözləntiləri böyük, səbri isə az olur.  Macar parlamentdə konstitusion çoxluğu qazanaraq sistemli dəyişikliklər üçün ciddi mandat əldə edib, ancaq bu mandatdan necə istifadə edəcəyi yalnız öz ölkəsi üçün  deyil, indiyə qədər Macarıstan təsirinə məruz qalan region və qitə ölkələri üçün də əhəmiyyətli olacaq. 

Digər tərəfdən Brüsselin nə qədər çevik və strateji davranacağı da çox ciddi rol oynayacaq. Dondurulmuş vəsaitlərin Macarıstana verilməsi həm iqtisadi, həm siyasi baxımdan Macar iqtidarı üçün çox ciddi avans olardı, ancaq bunun üçün də əvvəlcə Brüsselin islahat tələbləri yerinə yetirilməlidir. Əks təqdirdə bu addım ittifaq daxilində yeni populist reaksiyalar doğuracaq. Nəzərə almaq lazımdır ki,  Orban getsə də, illiberal sistem ciddi zərbə alsa da,  orbanizm sistem olaraq hələ yaşayır - həm Macarıstan, həm Avropa daxilində… 

Bu baxımdan Macarıstanın yeni hökumətinin, eləcə də Brüsselin və Avropa paytaxtlarının dəyişiklikləri  həm çox sürətli, həm də çox diqqətli şəkildə həyata keçirməsi olduqca böyük əhəmiyyət daşıyır. 



İSTİNADLAR 

KHAR Center. 2026. Macarıstan Orbanizmdən xilas ola biləcəkmi?
https://kharcenter.com/arasdirmalar/macaristan-orbanizmden-xilas-ola-bilecekmi

Reuters, 2026. Orban’s defeat topples a pillar of Europe’s far right, prompts scrutiny of MAGA links.
https://www.reuters.com/world/orbans-defeat-topples-pillar-europes-far-right-prompts-scrutiny-maga-links-2026-04-14/

The Guardian. 2026. Orbán’s defeat threatens to halt Hungarian support of populist right.
https://www.theguardian.com/politics/2026/apr/16/viktor-orban-defeat-halt-hungarian-support-populist-right

Strauss, Julius. 2026. Europe’s Democratic Backsliding Is Spreading Like Malware.
https://cepa.org/article/europes-democratic-backsliding-is-spreading-like-malware/

ECFR, 2025. Rise to the challengers: Europe’s populist parties and its foreign policy future.
https://ecfr.eu/publication/rise-to-the-challengers-europes-populist-parties-and-its-foreign-policy-future/

Atlantic Council experts. 2026. Experts react: Hungary just voted out Viktor Orbán. Here’s what to expect in Europe and beyond.
https://www.atlanticcouncil.org/dispatches/hungary-just-voted-out-viktor-orban-heres-what-to-expect-in-europe-and-beyond/

V-Dem Institute. 2026. Democracy Report 2026: Unraveling The Democratic Era?
https://www.v-dem.net/documents/75/V-Dem_Institute_Democracy_Report_2026_lowres.pdf

KHAR Center, 2025 a. Robert Fitso-Slovakiya avtoritarizminin anatomiyası. https://kharcenter.com/arasdirmalar/robert-fitso-slovakiya-avtoritarizminin-anatomiyasi

TASR. 2026. New Rules for Voting from Abroad in Parliament, Submitted by Smer-SD.
https://newsnow.tasr.sk/new-rules-for-voting-from-abroad-in-parliament-submitted-by-smer-sd/

Associated Press. 2026. Slovaks rally against populist Prime Minister Fico’s plan to scrap mail voting from abroad.
https://apnews.com/article/slovakia-protest-election-mail-vote-19fb50152dfbde50e743cf75566a4353

Jandourek, Jan. 2026. Po Orbánově pádu by tu zůstali Babiš a Fico jako dva zahnívající kůly v plotě. Nebudou se chtít snadno vzdát.
https://www.forum24.cz/po-orbanove-padu-by-tu-zustali-babis-a-fico-jako-dva-zahnivajici-kuly-v-plote-nebudou-se-chtit-snadno-vzdat

Balkan Insight. 2026. Letter from Brussels: Champagne Corks Pop as Viktor Orban Exits.
https://balkaninsight.com/2026/04/16/letter-from-brussels-champagne-corks-pop-as-viktor-orban-exits/bi/

KHAR Center, 2025b. Sabitliyin qazla satın alınması: Serbiyanın Rusiyadan enerji asılılığı və demokratik dirənişin artan potensialı.
https://kharcenter.com/arasdirmalar/sabitliyin-qazla-satin-alinmasi-serbiyanin-rusiyadan-enerji-asililigi-ve-demokratik-direnisin-artan-potensiali

Vasilev, Vasil. 2026. Hungarian election results: critical implications for the Western Balkans region.
https://thewesternbalkans.com/hungarian-election-results-critical-implications-for-the-western-balkans-region/

NFP (Notes from Poland), 2026. Magyar confirms first trip as new Hungarian PM will be to Poland.
https://notesfrompoland.com/2026/04/13/magyar-confirms-first-trip-as-new-hungarian-pm-will-be-to-poland/

KHAR Center, 2025 c. Polşanın Demokratiya Sınağı.
https://kharcenter.com/arasdirmalar/polsanin-demokratiya-sinagi

Dowell, Stuart, 2026. How Poland's right sold its soul to Orbán and Trump and lost both in a single weekend. https://tvpworld.com/92624989/how-orbns-defeat-exposed-polands-pro-russian-right?

Tabery, Erik, 2026. Orbán prohrál. A s ním i Babiš a jeho koaliční partneři.
https://www.respekt.cz/komentare/orban-prohral-a-s-nim-i-babis-a-jeho-koalicni-partneri

Jelínek, Lukáš, 2026. Zůstane Česko na maďarské cestě i po Orbánově pádu?
https://www.irozhlas.cz/komentare/zustane-cesko-na-madarske-ceste-i-po-orbanove-padu_2604141630_elev

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin