30 mar 2026

Macarıstan Orbanizmdən xilas ola biləcəkmi?

Macarıstan Orbanizmdən xilas ola biləcəkmi?

(c) Európai Bizottság/ Végel Dániel | https://www.flickr.com/photos/57277449@N07/5333449743


(Yazı KHAR Center-in "Avtoritar Rejimlər və Transregional Təsir Mexanizmləri" araşdırması çərçivəsində hazırlanıb)


Giriş

Macarıstanda aprelin 12-də keçiriləcək parlament seçkiləri yalnız bu Macarıstan üçün deyil, bütövlükdə Avropa İttifaqı üçün sınaq xarakteri  daşıyır. Bu seçkidə təkcə Viktor Orbanın "Fidesz"i ilə Peter Maqyarın “Tisza”sı qarşı-qarşıya gəlmir, eyni zamanda liberalizmlə illiberalizm, demokratiya ilə avtoritarizm, iqtisadi şəffaflıqla korrupsiya, media plüralizmi ilə total siyasi nəzarət, Avropa xətti ilə Rusiya kursu yarışır. Əgər Orban bu seçkidə yenə qalib çıxarsa, Macarıstanda avtoritarizm, qütbləşmə daha da dərinləşəcək və Budapeşt Brüsselin baş ağrısı olaraq qalmağa davam edəcək. Orbanın seçkidə uduzması isə həm Macarıstan cəmiyyəti, həm bütövlükdə Avropa üçün yeni üfüqlər açacaq.  

Macarıstanı 16 ilə yaxın müddət ərzində Rusiyanın Avropadakı “Troya Atı”na çevirən Orban 2010-cu ildən bəri ilk dəfə ciddi bir rəqiblə yarışacaq. Hazırkı rəy sorğularına görə, Peter Maqyarın partiyası ciddi fərqlə irəlidədir və 16 il sonra ilk dəfə Macarıstanı Orbandan, Avropanı isə “Orbanizasiya”dan xilas etmə ümidi yaranıb. Ancaq Orbanın illərdir qurduğu idarəçilik sistemi,  xüsusilə seçki manipulyasiyaları üzrə “ixtisaslaşma”sı, seçki mühitinin qeyri-bərabərliyi, Rusiyanın Budapeşt siyasətindəki rolu və Trump administrasiyasının mövcud iqtidara açıq dəstəyi Maqyarın yolunun heç də hamar olmadığını söyləməyə əsas verir. 

ANALİZİN ƏSAS SUALI

Macarıstan seçki vasitəsilə “Orbanizasiya”dan xilas ola biləcəkmi, yoxsa 12 aprel seçkiləri avtoritarizmi daha da gücləndirəcək?

SEÇKİLƏRİN ƏHƏMİYYƏTİ 

Qərbdəki seçkilər son illərdə bir demokratiya yarışı olmaqdan çıxıb, liberal demokratiya ilə “illiberal” populizm arasında rəqabətə çevrilib. Son 15 ildə populistlərin yüksəlişini yalnız pandemiya müvəqqəti olaraq yavaşladıb. Rusiyanın Ukraynaya geniş miqyaslı hücumundan sonra populizmin yüksəlişi yenidən artıb - enerji böhranı, iqlim siyasətinə etirazlar, yenilənən miqrasiya axınları və Trumpın ikinci dəfə iqtidara gəlməsi bu təhlükəli yüksəlişin əsas itələyici faktorları olub. Bu yüksəliş özünü Avropada da göstərib - bu gün Belçika, Çexiya, İtaliya, Slovakiya, Finlandiya, İsveç və mövzumuz olan Macarıstanda milliyyətçi partiyalar iqtidardadırlar. Fransada Milli Cəbhə, Almaniyada AfD, Polşada PiS, İngiltərədə Reform UK kimi partiyalar da iqtidarda olmasalar belə, yüksəlişdədirlər və xüsusilə Rusiyanın Avropa siyasətini bölmə kursunun ən sadiq müttəfiqləridirlər. (Tocci, 16 mart 2026).  

Macarıstan kiçik ölkə olsa da Avropanın bu mənzərəsinə ən böyük “töhfə” verən ölkələr arasındadır. Post-kommunizm dövründə Mərkəzi Avropanın ən varlı və ən sürətli dəyişən ölkəsi olaraq uğur nümunəsi kimi göstərilən Macarıstan hazırda Aİ-nin ən yoxsul, ən korrupsiyalaşmış və ən avtoritar ölkəsinə çevrilib. Bu, böyük ölçüdə illiberal sistem adı altında mafiya dövləti quran Orbanın xidmətidir (İklody, 20 mart 2026). Viktor Orban yalnız öz ölkəsindəki liberal-demokratik geriləmənin və avtoritar yüksəlişin memarı deyil, eyni zamanda bütövlükdə Avropada populizmin, daxili siyasətin “dəyərlər” üzərindən manipulyasiyasının, media və cəmiyyət üzərindəki təzyiqin və total nəzarətin “yoluxucu” nümunələrindən biridir. O, Avropadakı illiberal hərəkatın simvolu, Slovakiyada Robert Fitso, Çexiyada Andrej Babis, Sloveniyada Janez Jansa kimi AB əleyhdarı liderlərdən ibarət destruktiv komandanın öncüsüdür (Henley, 18 mart 2026). 

Digər tərəfdən, 2010-cu ildən sonra institusional ələ keçirmə, politik diskurs mühəndisliyi və illiberal beynəlmiləlçilik kimi cəhətlər üzərində bərqərar olan “Orbanizasiya” Macarıstanın həm daxili, həm xarici siyasətini dramatik şəkildə dəyişdirib (Khar Center, 2025a). Macarıstanda mətbuat azadlığı məhdudlaşdırılıb, media üzərində nəzarət sistemi formalaşdırılıb, siyasi diskurs qütbləşdirilib, nəzarət-tarazlıq sistemi dağıdılıb, vətəndaş cəmiyyətinə təzyiqlər artıb. Orban məhkəmə sistemini dəyişdirmək, Macarıstanın hüquq məcəlləsini yenidən yazmaq və yeni konstitusiya yazmaq kimi radikal addımlara əl atıb - hansı ki bu dəyişikliklər yeni partiyaların parlamentdə yer qazanmasını çətinləşdirib, “Fidesz”in səs çoxluğu qazanmasını asanlaşdırıb, klan əsaslı idarəetməni qanuniləşdirib, iqtidarın daxili nəzarət mexanizmlərindən yayınmasına şərait yaradıb, medianın bir əldə cəmlənməsinə, müxalifətin marginallaşdırılmasına, vətəndaş cəmiyyətinin zəiflədilməsinə xidmət edib (Avropa Komissiyası, 2025).  

Orbanın avtoritar idarəçiliyi və Aİ-dən uzaqlaşan geosiyasi mövqeyi ABŞ-ın demokratiyaları dəstəkləmək və Avropa təhlükəsizlik düzənini qorumaqla bağlı qərarlılığına şübhə salan, Ukraynanın mövqeyini zəiflədən və Kremlin iştahını təşviq edən Trump iqtidarının son həmlələrindən sonra daha da cəsarət qazanıb (Hegedüs, 2025). Bu gün Avropadakı bütün radikal sağ güclər kimi Orban iqtidarı da həm Trump Amerikasının, həm yerləşmiş Avropa düşmənçiliyi olan Putin Rusiyasının dəstəyindən yararlanır. Orban iqtidarının Rusiyanın Avropadakı əsas aparatı olması artıq kimsə üçün sirr deyil, son aylarda isə Macarıstan xarici işlər  naziri açıq şəkildə Putinin sözçüsü kimi davranır (Ukrainskaya Pravda, 12 mart 2026). Macarıstan iqtidarı ilə ABŞ-dakı MAGA hərəkatı arasında maddi və siyasi əlaqələr də Orbanın son iki ildəki ən mühüm “kartlarından” biridir. ABŞ dövlət katibi Marco Rubio fevralda Münhen Təhlükəsizlik Konfransından sonra Budapeştə gedərək Trumpın Orbana dəstəyini təkrarladı. Heç şübhəsiz, Rusiyanın və ABŞ-ın bu dəstəyi yalnız ideoloji bağlılıqla izah edilə bilməz, Moskva və Vaşinqton öz təsir zonalarını yenidən formalaşdırmağa çalışır. Rusiya çox açıq şəkildə Ukrayna işğalında “zəfər” elan edərək Şərqi Avropada güclənməyə çalışır və Macarıstana bu istiqamətdəki əsas təsir alətlərindən biri kimi baxır. Trump Amerikası isə 2025-ci ilin Milli Təhlükəsizlik Strategiyasında da ifadə etdiyi kimi, “Qərb yarımkürəsində istifadəçi qazanmaq və genişləmək" istəyir - Macarıstan da bu strategiyanın bir alətidir (Tocci, 16 mart 2026).  

Bu mövqeyi ilə Orbanın Macarıstanı artıq Avropa təhlükəsizlik düzəninin əsas təhdidlərindən birinə çevrilib. Macarıstan Avropada yalnız Ukraynaya dəstək fondlarının tormozlayıcısı deyil, Ukraynanın üzvlük müzakirələrini, Rusiyaya qarşı sanksiyaları, Gürcüstanın iqtidar partiyasına qarşı tədbirləri, İordan çayının qərb sahilində zorakılıq tərəfdarı olan israilli məskunlaşmaçılara qarşı sanksiyaları da əngəlləyən faktordur(Henley, 18 mart 2026). Qlobal düzənin dəyişdiyi bir dövrdə Orbanın pozisiyası Avropa İttifaqının kollektiv hərəkət etmə və dünyadakı əhəmiyyətini artırma qabiliyyətinin qarşısındakı ən böyük maneə və ən ciddi struktur problemidir (İklody, 20 mart 2026).  

DƏYİŞİKLİK ÜMİDİ VƏ MAGYAR FENOMENİ 

2010-ci ildən sonra Macarıstanın daxili və xarici siyasətini kökündən dəyişdirən Viktor Orban bütün narazılıqlara baxmayaraq 2014, 2018-ci illərdə asanlıqla, 2022-ci ildə isə bir az çətinliklə də olsa iqtidarını qorumağı bacarıb. 

Ancaq 2020-ci ilin ortalarından etibarən ölkədə vəziyyət dəyişib - 1990-cı illərin əvvəllərindən bəri ölkə siyasətini ifadə edən sağ-sol paradiqması tamamilə çöküb. Demokratik Koalisiya və Momentum kimi sol liberal partiyalar ciddi şəkildə zəifləyib (Csaky, yanvar 2026). Xüsusilə 2022-ci il seçkilərində birləşmə iddiası ilə girdiyi seçkidən məğlub və dağılmış çıxan Macarıstanın ənənəvi müxalifətinin bir hissəsi (MSZP, Dialoq kimi)  passiv parlament müxalifətçiliyinə keçib, sol ittifaqda yer alan Jobbik nüfuzunu itirib, Jobbik-dən ayrılan radikal sağçı Vətənimiz Hərəkatına (Mi Hazank) yüksəlişə keçib, LMP üçüncü yol pozisiyasını sınaqdan keçirib, Spark və Momentum isə "Tisza”nın yüksəlişindən sonra hökumət əleyhinə yardım proqramlarını maliyyələşdirərək vətəndaş aktivizminə keçib (Benedek, 9 mart 2026).

Bütün bunlar əslində Orbanın lehinə işləyə bilərdi, ancaq onun cəbhəsində də vəziyyət pisləşməyə doğru dəyişib.  Orbanın “illiberal” sisteminin vəd etdiyi iqtisadi rihaf  gerçəkləşməyib, əksinə, 2023-cü ildən etibarən yenidən durğunluq dövrü başlayıb, inflyasiya artıb. Orban 2025-ci ilin sonlarına doğru pensiyaları artırıb, ancaq bu, Aİ-nin digər ölkələrindən daha bahalı ərzaq qiymətləri və yüksək inflyasiya şəraitində yaşayan Macarıstanda narazılıqları azaltmayıb. 2022-ci ildən sonra Aİ maliyyələri dondurulub, Orbanın şantaj siyasəti ölkəni Avropada diplomatik izolyasiya nöqtəsinə gətirib (Levy, 17 mart 2026). 

Macarıstanda əsas dönüş nöqtəsi 2024-cü ilin fevralında pedofil cinayətini ört-basdır edən rəsmi şəxsin prezident tərəfindən əfv edilməsiylə bağlı skandaldan sonra başlayıb. Prezident Katalin Novak və "Fidesz"in o dövrdəki Avropa Parlamenti seçki kampaniyasının lideri olan keçmiş ədliyyə naziri Judit Varqa istefa vermək məcburiyyətində qalıb. Varqanın keçmiş həyat yoldaşı və "Fidesz"in keçmiş üzvü Peter Maqyar bu skandalı fürsətə çevirib - həm bu səbəbdən partiyadan ayrılıb, həm də keçmiş həyat yoldaşının korrupsiya ilə bağlı səs yazılarını  yayaraq Macarıstan siyasətində sürətli bir yüksəliş başladıb.  "Fidesz"in narazı elektoratının  və ənənəvi müxalifəti rədd edən təbəqələrin dəstəyini alan Maqyar 2024-cü ilin aprelində “Macarlar, Ayağa Qalxın” hərəkatını Macarıstanın ikinci böyük çayı olan Tisztelet (Sayğı) ilə Szabadsag (Azadlıq) dəyərini simvolizə edən Tisza Partiyasına çevirib. Maqyarın partiyası həm hökumətin, həm də müxalifətin gündəliyində olmayan səhiyyə, təhsil, yoxsulluq kimi mövzuları prioritet kimi önə çıxarıb və əsas hədəfi Orbanın korrupsiya sistemi olub. Tizsa 2010-cu ildən bəri rejim dəyişikliyi və demokratiyaya geri dönüşə istiqamətlənmiş sistemli, gələcək vəd edən vizyonu dilə gətirən və seçicilərin böyük əksəriyyətini həyəcanlandıran ilk müxalifət partiyası olub.  Bütün bunlar quruluşundan cəmi bir neçə ay sonra  Maqyarın partiyasına Avropa Parlamenti seçkilərində 30 faiz səs qazandırıb (Benedek, 9 mart 2026). 

44 yaşlı vəkil Peter Maqyar əslində mühafizəkar bir siyasətçidir.  Onun  Orbandan daha populyar olmasını təmin edən əsas faktor da  məhz mühafizəkar kimliyini qoruyan, korrupsiyadan uzaq və daha güvənilən bir alternativ kimi qəbul edilməsidir (Ruy, Snegovaya, 11 mart 2026).  Ancaq bununla yanaşı, Tisza Partiyasının seçici kütləsini tam mühafizəkar kimi dəyərləndirmək mümkün deyil, burada daha çox Fidesz əleyhdarlğında  birləşən və sola meylli elektoratın da bir hissəsini əhatə edən bir dəstəkdən söhbət gedir (Csaky, yanvar 2026). 

MACARISTANIN YÖNÜ, UKRAYNA KARTI VƏ TƏRƏFLƏRİN POZİSİYASI 

12 apreldəki yarış Macarıstanın 1990-cı ildən sonrakı ən yüksək xarici siyasət yüklü seçkisi olacaq. Bunu şərtləndirən əsas faktor isə Orbanın xarici siyasət kursu, daha doğrusu, xarici siyasətdən daxili siyasi manipulyasiya üçün istifadəni normaya çevirməsidir. Orbanın Macarıstanında xüsusilə son 16 ildə xarici siyasət ciddi şəkildə prinsiplərdən və dəyərlədən uzaqlaşıb populizmə, ideoloji düşmənliyə və şantaja yönəlib.  Macarıstanın bir vaxtlar proqnozlaşdırıla bilən xarici siyasəti  Orban dövründə ideoloji düşmənçiliklərlə, vetolarla məşhur olub (Vegh, fevral 2026). Orbanın  Şərqə açılımı, tez-tez istifadə etdiyi vetolar, təhdidlər və Brüsselə hücum ritorikası Macarıstanın dünyadakı yerini daxili siyasət mövzusuna çevirib.  Əslində Maqyarın xarici siyasət vədlərində də xüsusi inqilabi bir cəhət yoxdur, hətta bir çox hallarda bu vədlər konkretlikdən də xeyli uzaqdır (Gizinska, 11 mart 2026), ancaq Orban iqtidarı ölkəni Aİ və NATO üzvü olan bir dövlətin dəyərləri və normalarından o qədər uzaqlaşdırıb ki, "Tisza" liderinin normala dönüş təklifləri əlahiddə bir yanaşma kimi görünür  (Vegh, fevral 2026).  

Digər tərəfdən, Maqyar hətta radikal şəkildə qarşı olduğu məsələlərdə belə dialoq qapısını açıq qoyur. Məsələn, o da miqrasiya məsələsində Orban kimi sərt və barışmaz mövqedədir. Ancaq ağır maliyyə sanksiyalarına baxmayaraq Aİ miqrasiya qanununu açıq şəkildə yox sayan Orbandan fərqli olaraq "Tisza" lideri milli mənafelərə xidmət edən istisnalarla bağlı müzakirələr hazır olduğunun siqnalını verir. Maqyar suverenliyin Brüsselə qarşı istifadəsinin əleyhinədir, əksinə, o Aİ-ni Macarıstanın mənafelərini qoruya biləcəyi platforma olaraq görür. 

 (Vegh, fevral 2026).  Yəni  Orbandan fərqli olaraq Tisza “Avropanın pis uşağı” olmamağı,  Aİ və NATO ilə toqquşmamağı,  Macarıstanı Avropaya qaytarmağı vəd edir (Levy, 17 mart 2026).  "Tisza"nın xarici işlər nazirliyinə namizədi olan Anita Orban bunu belə ifadə edir: “Macarıstan çarxın dişlərinə ilişən bir çubuq olmağı buraxıb işləyən sistemin bir hissəsi olmalıdır”. (Vegh, fevral 2026). 

İki əsas rəqibin xarici siyasət yanaşmalarındakı bu fərqlər seçki kampaniyasının ən həssas mövzularından olan Ukrayna məsələsində və Rusiyaya münasibətdə də müşahidə olunur.  

Macarıstanın baş naziri Ukrayna düşmənçiliyini seçkinin əsas lozunquna çevirib və bu, emosional reaksiya deyil, planlı seçki strategiyasıdır.  Orban hökumətinin son on ildəki siyasi strategiyasının xarakterik xüsusiyyərlərindən biri məhz təhdid narrativi ilə elektoratını səfərbər etməsidir. Daha əvvəllər bu “təhdid” Soros, Brüsselin bürokratik təsiri, miqrasiya formalarında təzahür edib, bunların hamısı təsirini itirincə, yeni hədəf kimi Ukrayna seçilib. Rusiyanın işğalçı olmadığına dair alternativ reallıq yaratmaq məqsədi güdən bu narrativdə Macarıstan üçün əsas təhdid kimi Avropa ilə ittifaq quran, “Budapeşti müharibəyə çəkməyə çalışan”, “macar gəncləri ölümə sürükləyən”, “Rusiya enerjisinin tədarükünə mane olan” Ukrayna göstərilir. Hər nə qədər məntiqsiz və gülünc görünsə də bu narrativ Orban üçün son illərdə daxili siyasi səfərbərlikdə işə yarayıb və "Fidesz"-in elektoratını hərəkətə keçirib (İklody, 20 mart 2026). 2022-ci il seçkilərində Orbanın bu istiqamətdəki manipulyasiyası  və “Macarıstanı müharibədən  uzaq tutma” şüarı ona ciddi səs qazandırıb (Gizinska, 11 mart 2026).  

Bu seçki kampaniyasında isə Orban Ukrayna düşmənçiliyini daha da irəliyə daşıyıb. Macarıstan iqtidarı bu kampaniyaya hələ keçən ilin sonlarında Budapeşt küçələrində Ukrayna və Zelenski əleyhinə plakatlar asdıraraq başlayıb. Yanvar ayında Rusiyanın Macarıstana neft daşıyan Drujba kəmərini bombalamasından sonra isə Ukraynanı kəmərin təmirini gecikdirməkdə  ittiham edib və bu ritorikanı yüksələn xətlıə davam etdirib.  Orban daha əvvəllər olduğu kimi, Ukraynaya son Aİ yardımına  da veto qoyub. Daha sonra isə Kiyevin onun ailəsini hədələdiyini iddia edib (Henley, 18 mart 2026).  Macarıstan iqtidarının Ukrayna düşmənçiliyi növbəti mərhələdə Budapeştdə qonşu dövlətin bank işçilərinin olduğu konvoya hücum edərək 80 milyon dollarlıq nəğd pul və qızıl külçəni müsadirə etməsi ilə görünməmiş bir mafiyavari davranışla özünü göstərib (Strauss, 9 mart 2026).  

Orbanın əsas rəqibi Maqyar  Ukrayna məsələsində olduqca ehtiyatlı davranır. O, Ukraynaya dəstəyi Avropa həmrəyliyinin bir hissəsi və Macarıstanın Qərb strukturları daxilindəki etimadını yenidən qazanmasının bir şərti kimi görür, ancaq eyni zamanda "Fidesz"in dərindən qütbləşdirdiyi cəmiyyətin “qaydalarına” uyğun şəkildə davranır - Orban tərəfdarlarının “müharibə tərəfdarı” damğasından qaçmaq üçün kəskin bəyanatlar verməməyə çalışır. Digər tərəfdən "Tisza" Kiyevə əsgər və silah göndərmək xaric, dəstək məsələsində Aİ pozisiyasının qorunmasını vəd edir, ancaq bu partiyanın Avropa Parlamentindəki üzvləri Kiyevə maddi yardımlarla bağlı səsvermələrdə Orbanın deputatları ilə bənzər mövqe nümayiş etdiriblər.  Ukraynanın Aİ üzvlüyü məsələsində də "Tisza"-nın mövqeyi birmənalı deyil - partiya Kiyevin üzvlüyünü prinsip olaraq dəstəkləyir, ancaq sürətləndirilmiş üzvlüyə qarşıdır. Orbanın Ukrayna ilə gərginliyi artırmaq üçün istifadə etdiyi Transkarpatiyadakı macar azlıqla bağlı isə "Tisza" konstruktiv dialoqu dəstəkləyir və bu məsələnin Aİ daxilindəki qərarları əngəlləmə vasitəsinə çevrilməsinin əleyhinə olduğunu bildirir (Vegh, fevral 2026). 

Rusiya ilə enerji asılılığını bütövlükdə Avropa üçün məhkumiyyətə çevirən Orban iqtidarı birmənalı olaraq Moskvanın mənafelərinə uyğun davranır və bu pozisiyasında hər hansı dəyişiklik ehtimalı müşahidə olunmur. Əksinə, 19-20 martda Avropa Şurası toplantısındakı uzlaşmadan uzaq və qaba davranışı Orbanın Kremlə sədaqətinin davam etdiyini göstərir (İklody, 20 mart 2026).  "Tisza" Macarıstanın Kreml siyasətini Aİ və NATO siyasətinə uyğunlaşdırmağı, sanksiyaları dəstəkləməyi, Rusiya ilə nüvə sahəsindəki əməkdaşlıq da daxil  bütün müqavilələri nəzərdən keçirməyi, Moskvadan enerji asılılığını azaltmağı və 2035-ci ildə bu asılılığa tamamilə son qoymağı vəd edir. Hərçənd xüsusilə bu son vəd Aİ-nin 2027-ci ildə Rusiyadan enerji asılılığını tamamilə bitirmə qərarı ilə ziddiyyət təşkil edir (Gizinska, 11 mart 2026), ancaq Brüssel için bu, Orbandan daha ciddi təhlükə deyil. 

Rəy sorğuları göstərir ki, "Tisza" elektoratının 71 faizi Qərb istiqamətini dəstəkləyir, 66 faizi Aİ ilə münasibətləri pozmaq bahasına Rusiya ilə əlaqələrin inkişafını rədd edir, 54 faizi isə Rusiyanı xarici təhlükə mənbəyi kimi görür (Gizinska, 11 mart 2026).  

SEÇKİ MÜHİTİ 

Fidesz Partiyasının 16 illik fasiləsiz iqtidarından sonra keçirilən bu seçkilər olduqca qütbləşmiş, institutların hakimiyyət tərəfindən ələ keçirildiyi qeyri-bərabər atmosferdə baş tutacaq. Orban rejimi bu müddət ərzində siyasi qütbləmənin üç təhlükəli cəhətini - ideoloji diskriminasiya, emosional düşmənlik və elitaların yönləndirdiyi zərərli qarşıdurma - özündə birləşdirən bir sistem formalaşdırıb. Bu sistemdə qütbləşmə rejimin sabitliyinin əsas mexanizmi rolunu oynayır və müxalif aktorlar yalnız rəqib deyil, eyni zamanda qeyri-legitim təhdidlər kimi təsvir edilir. Burada müxalifətin ən ciddi çətinliyi də qütbləşdirici məntiqi gücləndirmədən ona müqavimət göstərmək, etimadı yenidən qurarkən bölünmənin qarşısını almaqdır. (Benedek, 9 mart 2026). 

Beynəlxalq intitutların dəyərləndirmələrinə görə, ölkədə ən son azad və ədalətli seçki 2010-cu ildə keçirilib. Macarlar rejimin əzici media hakimiyyəti və "Fidesz"in dövlət resurslarından sui-istifadəsi səbəbilə 16 ildir ədalətli seçkidə səsvermə imkanından məhrum edilib. Bu dəyərləndirmə  ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 2014, 2018 və 2022-ci illərə dair seçki hesabatlarında əks olunub (Hegedüs, 2025). 

Freedom House 2020-ci ildə Macarıstanın səviyyəsini yarı konsolidə olmuş demokratiyadan hibrid rejimə endirib, sonrakı illərdə də bu statusu dəyişdirməyib (Freedom House, 2024). V-Dem İnstitutu isə 2018-ci ildən bəri Macarıstanı “seçki avtokratiyası”  - çox partiyalı, ancaq azad və ədalətli olmayan, azadlıqlardan məhrum edilmiş sistem - kimi  dəyərləndirir (V-Dem İntitute, 2025). Macarıstan hibrid rejim və seçki avtokratiyası kateqoriyasındakı ilk Aİ üzvüdür (Ruy, Snegovaya,11 mart 2026). 

ATƏT DTHİB-in  bu ilin əvvəlində yaydığı Macarıstandakı seçkiqabağı vəziyyətlə bağlı hesabatı seçkilərin xeyli gərgin keçəcəyini göstərir. Buna görə,  iqtisadi çətinliklər, ictimai narazılıq, yeni müxalif siyasi qüvvənin yüksəlişi və ölkənin beynəlxalq istiqaməti ilə bağlı diskussiyalar seçkiqabağı mühiti formalaşdıran əsas amillərdir. Vətəndaş cəmiyyəti, müstəqil media və müxalifət nümayəndələri ölkədə azadlıqların boğulduğunu, hüququn aliliyinin zəiflədiyini və təzyiqlərin artdığını vurğulayır. Dövlətlə hakimiyyətin qarışması, inzibati resurslardan istifadə, seçki maliyyəsi və vətəndaş müşahidəsi ilə bağlı əvvəlki tövsiyələrin çoxu yerinə yetirilməyib. Seçki administrasiyası texniki baxımdan seçki keçirməyə hazır olsa da, onun qərəzliliyi və müstəqilliyi ilə bağlı ciddi narahatlıqlar mövcuddur. Sosial yardımların seçkiqabağı elan olunması, seçicilərə təzyiq, səs alveri, namizədlərin qorxudulması, ictimai yayımçının hakimiyyətə üstünlük verməsi, media plüralizminin olmaması,  onlayn dezinformasiya, süni intellektlə hazırlanmış qaralama materialları və xarici müdaxilə riski kimi faktorlar seçkilərin taleyi ilə bağlı ciddi narahatlıq doğurmağa davam edir (ODİHR, yanvar 2026).  

ATƏT DTHİB bu səbəblərdən Macarıstandakı seçkiləri böyük bir müşahidə missiyası ilə izləyəcək. 15 beynəlxalq mütəxəssis artıq iki aydır Macarıstandadır, 18 uzunmüddətli müşahidəçi də martın əvvəlindən monitorinqlərə başlayıb. Seçki günü isə 200 qısamüddətli müşahidəçi seçkiləri izləyəcək (ODİHR, fevral 2026). 

Bütün beynəlxalq dəyərləndirmələr seçkiqabağı mühitin ədalətli olmadığını göstərir, bəzi dəyərləndirmələrdə isə seçkilərin azadlığının da təhlükə altında olduğu vurğulanır. İndiyə qədər Obran seçki gününə qədər tətbiq etdiyi taktikalarla səsvermə günü xüsusi saxtakarlıqlara yol vermədən qələbəsini təmin edə bilib. İndi isə Vaşinqtondan da dəstək və cəsarət alaraq  daha da irəli gedə biləcəyinə, seçki günü də ciddi saxtakarlıqlar edə biləcəyinə dair narahatlıqlar mövcuddur (Hegedüs, 2025) 

Seçkilər üçün başqa bir risk də Rusiya müdaxiləsidir. Macarıstan Helsinki Komitəsi mart ayından etibarən Rusiyanın seçkilərə müdaxiləsinə dair məlumatları sənədləşdirib. Buna görə, Rusiyanın Macarıstandakı seçkilərə təsir əməliyyatına Vladimir Putinin administrasiyasının rəhbərinin birinci müavini Sergey Kiriyenko nəzarət edir. Mənbələr həmçinin iddia ediblər ki, GRU ilə əlaqəli üç siyasi operator Budapeştdəki Rusiya səfirliyində diplomatik və ya xidmət örtüyü altında fəaliyyət göstərir.  Bundan əlavə, Financial Times əldə etdiyi sənədlərə istinadən Qərb sanksiyalarına məruz qalmış, Kremlə bağlı Social Design Agency adlı media-konsaltinq qurumunun "Fidesz"-KDNP-yə dəstəyi gücləndirmək üçün detallı plan hazırladığını yazıb. 7 martda Mərkəzi Seçki Komissiyasının iclasında mümkün xarici müdaxilə məsələsinin gündəliyə salınması təklif olunub; ancaq təklif 5 lehinə, 5 əleyhinə səslə nəticələnib və komissiya sədrinin həlledici səsi ilə rədd edilib (Hungarian Helsinki Committee, 13 mart 2026) 

Rusiyanın seçkilərə müdaxilə və hibrid əməliyyat təcrübələri nəzərə alındığı zaman Putinin Orbana yardım əli uzatmaq üçün hər yola əl atacağı kimsədə şübhə doğurmur (İklody, 20 mart 2026). 

SEÇKİ SİSTEMİ 

Hazırda Macarıstan Parlamentinə  (Orszaggyules)  seçkilərdə 199 mandatdan  106-sı majoritar (bir mandatlı) üsulla müəyyən edilir, 93-ü isə proporsional qayda  (partiya siyahısı) ilə seçilir. Yəni seçkinin taleyi yalnız partiyanın ümumi səs faizindən deyil, daha çox majoritar dairələrdəki performansından asılı olur. Ancaq problem sadəcə bu da deyil, Orbanın seçki sisteminə etdiyi ağlasığmaz dəyişikliklər onun istədiyi kimi istifadə etdiyi bir mexanizmin ortaya çıxmasına səbəb olub. Macarıstanın seçki sistemi uzun müddətdir seçki avtokratiyasının əsas elementlərindən birinə çevrilib. 

Əslində daim hakimiyyətdə olanın işinə yarayan bu sistemin memarı Orban deyil. Macarıstanda 1990-cı ildən bəri parlamentdəki mandatların bölünməsinin  partiyaların səslərinə mütənasib olmadığı bir seçki sistemi mövcuddur və bu çox zaman seçicinin belə necə olduğunu başa düşmədiyi nəticələrə gətirib çıxarır (Scheppele, 2022).

Ancaq buna baxmayaraq seçicilər hər seçkidə çoxluqdakı partiyanı dəyişdirə bilib. Ta ki 2010-cu ildə Orban növbəti dəfə iqtidara gələnə qədər. Orbanın partiyası  2010-cu ildə səslərin 53 faizini qazanıb, ancaq seçki sistemi sayəsində mandatların 68 faizini əldə edib. Orban həm bunu, həm də ölkə konstitusiyasının üçdə iki səslə dəyişdirilməsinə imkan verən maddəsini öz rejimini gücləndirmək və daha uzun müddətə təminat altına almaq üçün çox ciddi şəkildə dəyərləndirib (Khar Center, 2025a). 

Faktiki olaraq qanunlardan üstün mövqe əldə edən Orban 2010-cu ildə iqtidara gəldikdən sonra bir il ərzində Konstitusiyaya 12 dəfə dəyişiklik edib - bu dəyişikliklər arasında Konstitusiyanın yenidən yazılması üçün lazım gələn beşdə dördlük çoxluq maneəsinin ləğvi də vardı. Orban bu maneəni ləğv etdikdən cəmi bir il sonra gizli şəkildə yazdırdığı yeni Konstitusiyanı təsdiqlətdirib, ona uyğun yüzlərlə yeni qanun qəbul etdirib və seçki sistemində özü üçün “əksik” olan hissələri də tamamlayıb (Scheppele, 2022).

2011-ci il Konstitusiyasına görə parlamentdə yerlərin sayı yarıbayarı azaldılıb, bu, ümumilikdə xoş qarşılanıb, ancaq arxasındakı niyyət sonra ortaya çıxıb.  Yeni dəyişiklik ölkədə seçki dairələrinin xəritəsinin yenidən müəyyənləşməsini tələb edirdi, ancaq Orban bunu bağlı qapılar arxasında, özünəməxsus şəkildə həll edib. "Fidesz"in parlament çoxluğu böyüklükləri 60000 ilə 90000 seçici arasında dəyişən dairələr müəyyənləşdirib - böyük dairələr sol müxalifətin ən güclü olduğu yerlərdə, kiçik dairələr iəs "Fidesz"in güclü olduğu yerlərə “düşüb”. Bu da seçkilərdə "Fidesz"in daha asan qələbəsini təmin edəcək ən mühüm faktorlardan biri olub. Belə ki, yeni xəritəyə görə sol müxalifət ilə "Fidesz" bərabər faizlərdə səs qazansa belə, sistem "Fidesz"in ən az 10 mandat irəlidə olmasını təmin edib. Bu sistem "Fidesz"in 2014, 2018 və 2022-ci il seçkilərində parlament çoxluğu qazanmasına gətirib çıxarıb. ATƏT DTHİB-in seçki dairələrinin coğrafiyasının 10 faizdən çox dəyişməməsinə dair standartına baxmayaraq 2022-ci il seçkilərində 106 majoritar dairədən 25-ində bu hədd çoxdan aşılmışdı (Scheppele, 2022).

2024-cü ildə Orban hakimiyyəti seçki dairələrinin coğrafiyasını bir daha dəyişdirib. 39 birmandatlı dairənin sərhədləri yenidən müəyyənləşdirilib. Bu dəyişikliklərin bir hissəsi demoqrafik dəyişikliklərlə izah edilsə də, hakim partiyanın xeyrinə atılmış addım olduğu kimsədə şübhə doğurmur. Xüsusilə Budapeştdə yerlərin azalması, ətraf Pest bölgəsində isə artması diqqət çəkir (ODİHR, yanvar 2026). 

Orban 2014-cü il seçkilərindən əvvəlki dəyişikliklə proporsional qaydada verilən səslərin hesablanma formasını da dəyişdirib. O vaxta qədər seçki dairələrində uduzan namizədlərə verilən səslər müəyyən partiyaların səslərinin sayı ilə parlamentdəki mandat paylarını tarazlaşdırmaq üçün partiya siyahısı səslərinə əlavə edilirdi. Bu, qarışıq seçki sistemlərinə xas olan “uduzan kompensasiyası” idi. Orban isə buna “udan kompensasiyası” əlavə etdi. Orbanın qaydasına görə, majoritar seçki dairəsində bir namizədin qalib gəlməsi üçün ona verilmiş lazım olandan artıq hər bir səs partiyasının xanəsinə yazılır. Yəni məsələn, bir majoritar dairədə 2 namizəd yarışıb, birincisi 20000, ikincisi 15000 səs alırsa və bu namizədlərin partiyaları proporsional qaydada seçki baryerini keçibsə, qalib namizədin seçkini qazanmaq üçün əldə etdiyi əlavə 4999 səs partiyasının proporsional səslərinə əlavə edilir (Political Capital, 13 mart 2026). Uduzan namizədlərin səsləri də qanunla kompensasiya üçün öz partiyalarına gedir, ancaq bunun üçün o namizədlərin partiyaları proporsional seçkidə 5 faizlik baryeri keçməlidir, əks təsdirdə o səslər ümumiyyətlə nəzərə alınmır. Yəni majoritarda ikinci olan namizəd çox səs toplamış olsa belə, partiyası baryeri keçməyibsə, bu səslərin heç bir əhəmiyyəti yoxdur. Bu da  böyük fərqlə seçkini udan partiyaların faizlərinin daha da yüksək olmasına gətirib çıxarır. Orban məhz bu “udan kompensasiyası” sayəsində 2014-cü ildə 6, 2018-ci ildə 5, 2022-ci ildə yenə altı əlavə mandat qazanıb (Scheppele, 2022). 

Müxalifətin bu sistemə müqavimət göstərmək üçün yeganə yolu birləşmək olub, ancaq Orban hökuməti buna da qanunlarla yeni bir maneə yaradıb - təkbaşına yarışan bir partiyanın parlamentə girməsi üçün 5 faizlik baryer varkən iki partiya ittifaqının 10, üç və daha çox partiya ittifaqının isə 15 faizlik səddi keçməsi şərti gətirilib. Xüsusilə də müxalifətin parçalanmış olduğu seçkilərdə bu qayda hakim partiyanın xeyrinə işləyib.  Əgər köhnə sistemdə qalib namizədin 50 faizdən az səs topladığı istənilən dairədə ikinci turun keçirilməsi lazım idisə, yeni sistem ikinci turu aradan qaldıraraq sadə səs çoxluğu ilə qalib gəlməyə şərait yaradıb. Buna paralel olaraq, hökumət əvvəlcə milli partiyaların ən az 27 birmandatlı seçki dairəsində rəqabət aparmasını tələb edən qayda qoyub.  Nəticədə, partiya siyahılarını qorumaq istəyən müxalifət partiyaları bir çox dairələrdə faktiki olaraq antifidesz səslərini bölmək məcburiyyətində qalıblar  və bu, baş nazirin namizədlərinə nisbətən kiçik səs çoxluğu ilə qalib gəlməsinə imkan yaradıb (Khar Center, 2025b). 2020-ci ildə edilən dəyişikliklə isə isə proporsional qaydada seçkidə iştirak edən bütün partiyaların məcburi majoritar namizəd sayı 27 dairədən 71 dairəyə çıxarılıb. Bu qaydaya görə, bir siyasi partiya seçkidə iştirak etmək üçün 106 majoritar dairədən 71-də namizəd göstərməli, Budapeştdə ən az bir namizədi olmalı və namizədləri ən az 14 vilayəti əhatə etməlidir (Political Capital, 13 mart 2026). 

Müxalifət buna qarşı bütün ölkə boyu ən şanslı namizədlərdən ibarət siyahılar çıxarmağa çalışıb, ancaq bü səylər də Orbanın seçki avtokratiyasını devirmək üçün kifayət etməyib. Çünki Orban seçkilərdə heç vaxt “tək silah”la yarışmayıb. 2014-cü ildə qəbul edilmiş və heç vaxt Macarıstanda yaşamayan macarlara vətəndaşlıq və səsvermə haqqı tanıyan qanun "Fidesz" üçün bütün seçkilərdə əlavə baza rolunu oynayıb. Bu qanun ölkə xaricindəki macarların yalnız proporsional qaydada səs verməsini nəzərdə tutur və 8 milyon seçicinin olduğu bir ölkədə seçki müşahidəçilərinin və komissiyaların nəzarət edə bilmədiyi, poçt vasitəsilə göndərilən və çox vaxt siyahılarının belə gizli olduğu  450 minə yaxın xarici seçici səsi  ciddi fərq yaradır. Digər tərəfdən, Orban 2022-ci ildə həm dairələri dəyişdirmədən seçiciləri dəyişdirib - 2021-ci ildə qəbul edilən və “seçici turizmi”ni leqallaşdıran qanun seçicilərin yaşamadıqları hər hansı dairədə belə səs verməsinə imkan verib. Bu da xüsusilə çox baş-başa rəqabətin olduğu və ya müxalifətin irəlidə olduğu dairələrə "Fidesz" seçicilərini daşıyaraq hakimiyyətin xeyrinə nəticələr əldə olunmasına şərait yaradıb. Rəsmi rəqəmlərə görə, 2022-ci ildə 157551 seçici qanuni yaşadığı yerdən kənarda səs verib. Bundan əlavə, “yaxın xaricdəki seçicilər”in də bu seçici turizmində istifadə edildiyini nəzərə alsaq, mənzərə daha da aydınlaşır (Scheppele, 2022). 

Bütün bu dəyişikliklər nəticəsində Orbanın seçki günü xüsusi saxtalaşdırmaya ehtiyacı olmayıb, çünki seçki sistemi onsuz da  müxalifətin qələbəsini funksional olaraq mümkünsüzləşdirib. 2014-cü ildə "Fidesz" partiya olaraq 45 faiz səs alsa da, seçki dairələrinin 91 faizini, 2018-ci ildə səslərin 49 faizini alsa da yerlərin 86 faizini, 2022-ci ildə isə səslərin 54 faizini alsa da mandatların 68 faizini əldə edib (Scheppele, 2022). 

SEÇKİ MÜBARİZƏSİ - MAGYAR MACARISTANI ORBANDAN XİLAS EDƏ BİLƏCƏKMİ

Peter Maqyar Orbana qarşı Macarıstanın ən kritik seçki yarışına yuxarıda qeyd etdiyimiz çətin şərtlər altında girib. Bu da müxalifətin namizədinin populyarlığını şübhə altına almasa da, qələbəsinə dair proqnozlara ehtiyatlılıq çaları qatıb. 

"Tisza" Partiyası 2024-cü ilin oktyabrından bəri bütün müstəqil rəy sorğularında önə çıxır. Avropa Parlamenti seçkilərindən sonra isə "Fidesz"dən sonra ikinci ən güclü partiyaya çevrilib. 2025-ci ilin aprelindən bəri Maqyarın partiyasının rəy sorğularındakı  açıq üstünlüyündə bir dəyişiklik olmayıb. Hazırda da əksər rəy sorğuları Maqyarın seçki yarışının favoriti olduğunu göstərir. Martın ortalarında açıqlanan sorğularda qərarlı seçicilərin “Tisza”ya dəstəyi 49-53 faiz arasında dəyişir, bütün seçicilərdə isə bu rəqəm 38 faiz civarındadır. "Fidesz"in dəstəyi isə qərarlı seçicilərdə 37-39, bütün seçicilərdə isə 29-30 faiz civarında görünür (Reuters, 11 Mart, İDEA, 12 mart 2026). Hərçənd hakimiyyətə yaxın sorğu mərkəzləri "Fidesz"in səslərini 50 faiz, “Tisza”nın səslərini isə 40 faiz civarında göstərsə də (Nezöpont, 19 mart 2026), müstəqil ekspertlərin və mərkəzlər Maqyarın seçkidə üstünlük təmin edəcək dəstəyə malik olduğu qənaətindədir. 

Tənqidçi səslərin bölünməsinə mane olmaq üçün bir neçə kiçik partiyanın seçkidən çəkilməsi də Maqyarın dəstəyinə müsbət təsir edir. Bir çox seçki dairəsində bu vəziyyət "Tisza" namizədinin "Fidesz" namizədinə qarşı rəqibsiz yarışmasına imkan yaradıb. Ancaq bununla yanaşı, həm uzun müddət müxalifətdə olan Demoktratik Koalisiyanın, həm də “Mi Hazank” (Vətənimiz) Partiyasının hələ də 5 faizlik baryeri keçmə ehtimalı var və bu baş tutarsa, həm Tisza, həm də "Fidesz"in səslərinə təsir edə bilər (Ruy, Snegovaya, 11 mart 2026). 

"Fidesz" şübhəsiz ki, daha çox partiyanın 5 faizlik həddi keçməsini və səslərin bölünməsini istəyir, bu, onun "Tisza" qarşısındakı şansını artıra bilər. Üstəlik “Mi Hazank” seçki baryerini keçərsə  onun "Fidesz" ilə ittifaqa girməsi daha böyük ehtimallıdır, bu da aradakı səs fərqi az olduğu təqdirdə Maqyarın işini çətinləşdirə bilər. “Tisza” üçün isə dəstəklədikləri partiyanın baryeri keçməyəcəyin qorxan hökumət əleyhdarlarını ətrafına toplama ehtimalı hələ də qalır.  

Digər tərəfdən, majoritar dairələrin sərhədlərinin yenidən formalaşması istiqamətindəki hədəfli dəyişikliklər “Tisza”nın qarşısındakı əsas problemlərdən biri olaraq qalır. Bir çox analistə görə, seçki dairələrinin böyüklükləri arasındakı uçurumlar böyük risk mənbıəyidir(Gizinska, fevral 2026). Ancaq başqa bir yanaşmaya görə də, seçici kütləsi bir ana rəqib ətrafında birləşərsə, majoritar dairələrdəki udan kompensasiyası “Tisza”nın içinə yaraya bilər. 

Hesablamalar göstərir ki, Tisza Partiyası parlamentdə çoxluğu əldə etmək üçün ölkə boyu "Fidesz"dən ən az 3-6 faiz irəlidə olmalıdır (Gizinska, fevral 2026, Henley, 18 mart 2026). Orbanın Partiyası isə əksinə, başa-baş bir nəticə əldə edilərsə və ya “Tisza”dan bir az səs alarsa belə çoxluğu təmin edə bilər (Gizinska, fevral 2026). Burada xüsusilə qonşu ölkələrdə yaşayan macarların nəzarətsiz səsləri və Orban dövründə müəyyən edilmiş milli azlıqlara ayrılan kvota müəyyənedici rol oynaya bilər. Macar seçki sisteminin bu iki elementi “Tisza” az fərqlə qazansa belə “Fidezs”i dəstəkləyə  bilər (Techet, Schaffer, mart 2026). 

Orban hər hansı bir rəy sorğusuna güvənmədiyini və özünün rəqəmləri bildiyini iddia etsə də, "Fidesz"-dən sızdırılan daxili sorğular baş nazirin bu iddiasının elektorat səfərbərliyinə xidmət etdiyini, hakim partiyada da “Tisza”nın qələbəsinin ən inandırıcı ssenari kimi qəbul edildiyini göstərir (Tada, Szalay, 24 mart 2026). Ancaq bu, Orbanın partiyasının seçkidən ümidini kəsdiyi kimi başa düşülməməlidir, əksinə, məğlubiyyətin daşıdığı risklərin böyüklüyü onların nə bahasına olursa olsun iqtidarda qalma motivasiyasını artırır. Hökumətin məğlubiyyətdən yayınmaq üçün müxtəlif ssenariləri dəyərləndirdiyi, hətta seçkilərin son anda təxirə salınması ehtimalını belə nəzərdən keçirdiyi haqda iddialar var. Bu ssenariyə görə, Macarıstan hökuməti “Ukraynadan gələn kritik infrastruktur hücumu” şəklindəki bir saxta bayraq əməliyyatı ilə fövqəladə hal elan edib seçkiləri dayandıra bilər (İklody, 20 mart 2026). Vsquare Araşdırma Mərkəzi Rusiya agentlərinin seçki üçün Macarıstana göndərildiyini, 2025-ci ildə Moldovadakı seçki müdaxiləsinə bənzər bir plan hazırlandığını, ancaq bu dəfə Orban hakimiyyətinin də buna ortaq olduğunu bildirir. Mərkəz analistlərinə görə,  Orbanın Ukrayna ilə bağlı ritorikadan açıq provokasiyalara keçməsi, Rusiya ilə eyni tonda Ukraynanı “Türk Axımı”na hücumda ittiham etməsi, son dövrlərdə mühüm təsisləri qorumaq üçün ordu hissələrini yerləşdirməsi kimi addımlar onun seçkiqabağı saxta bayraq əməliyyatı keçirəcəyinə dair narahatlıqları artırır (Panyi, 6 mart 2026).  Digər tərəfdən, Orban Maqyarı nüfuzdan salmaq üçün “bütün düymələrə basır”, buna rəqibinin özəl həyatına daxil kompromatların, intim videoların yayılması təhdidləri də daxildir (Reuters, fevral 2026) 

Seçki kampaniyasının nə qədər çirkin və aqressiv müstəviyə keçdiyini göstərən başqa bir detal isə Magyarla bağlı kompromat xəttidir. Fevralda Magyar hökumətlə əlaqəli şəxslərin onun şəxsi həyatına aid intim görüntüləri seçki ərəfəsində dövriyyəyə buraxmağa hazırlaşdığını bildirib və bunu “Rus üsullu kompromat” cəhdi kimi xarakterizə edib. Bu iddianın özü belə Macarıstanda seçki yarışının artıq proqramlar və siyasi vədlərdən çox, rəqibin mənəvi, şəxsi və ictimai nüfuzunu dağıtmağa yönəlmiş qara kampaniya elementləri ilə müşayiət olunduğunu göstərir.

Eyni zamanda Macarıstanda rəqiblərin bir-birinin legitimliyini tanmadığı dərin qütbləşmə, seçkidə dəyişiklik olsa belə avtoritar müqavimətin davam edəcəyinə və demokratik konsolidasiyanın əngəllənəcəyinə dair narahatlıqlar doğurur. Bunun bir az irəlisi isə daha dərin avtokratiya ehtimalıdır - 2024-cü ilin əvvəlindən etibarən hökumətin reaksiyaları onun zəiflədikcə liberallaşmağa deyil, əksinə, avtoritarizmi dərinləşdirməyə yönəldiyini göstərir. Müxalifətin etibarsızlaşdırılması, Maqyar və “Tisza” ilə bağlı istintaq işləri kimi addımlar Rusiyada 2012-ci ildən, Türkiyədə isə son bələdiyyə seşkilərindən sonrakı gedişata bənzəyir (Benedek, 9 mart 2026).  Hər nə qədər ən az ehtimallı ssenari kimi dəyərləndirilsə də, "Fidesz"in ABŞ və Rusiyanın müdaxilələri, seçki manipulyasiyaları və hətta birbaşa seçki günü saxtakarlıqları ilə yenidən konstitusiya çoxluğu əldə etmə riski belə mövcuddur. Bu isə sadəcə Macarıstan deyil, bütövlükdə Avropa üçün fəlakət ehtimalıdır. 

Başqa bir ssenariyə görə, Maqyar seçilsə belə, Orban 16 ildə qurduğu sistemin - mediadan məhkəmələrə, dövlət institutlarından banklara qədər hər yerə təyin etdiyi adamların - əliylə onun fəaliyyətinə mane ola bilər. Məsələn, bu qurumlar və şəxslərin əliylə yeni hökumətin büdcəsi təsdiqlənməsə, “Tisza” bir il içində növbədənkənar seçki ilə qarşı-qarşıya qala bilər. Bu narahatlıq heç də səbəbsiz deyil, demokratik ənənələri daha güclü olan Polşada belə 8 illik Ədalət və Hüquq Partiyası (PiS)  hakimiyyətinin yaratdığı vəziyyətdən geri dönüş üçün Tusk hökumətinin çəkdiyi çətinliklər Maqyarı Orbanın 16 illik iqtidarından sonra nələrin gözlədiyini ehtimal etmək üçün kifayət edir (Henley,18 mart 2026).  

Başqa bir ssenariyə görə isə Orban seçkidə az fərqlə uduzarsa istefa verməyi rədd edə bilər və bu da Avropa İttifaqını başqa bir çıxılmazlıqla - qeyri-qanuni və qeyri-legitim hökumətlə - qarşı-qarşıya qoya bilər.  Bu ehtimalı səsləndirən Avropa Siyasət Mərkəzi analisti Erik Maurise Orbanın ələ keçirilmiş məhkəmələrə və səlahiyyəti bitən parlamentə güvənərək yeni konstitusiya dəyişiklikləri həyata keçirəcək və iqtidar dəyişikliyini əngəlləyəcək potensiala sahib  olduğunu bildirir (Henley, 18 mart 2026).  

Ekspertlərə görə, ən dramatik vəziyyət səslər bir-birinə yaxın olarsa yaranacaq. Çünki bu halda yuxarıda qeyd edilən bədbin proqnozların həyata keçmə riski artacaq, “Tisza” böyük fərqlə qazanacağı təqdirdə isə Orban nəticələrdən şikayət etsə də iqtidarı təhvil verməyə məcbur olacaq (Tada, Szalay, 24 mart 2026).

Macarıstanın Orbandan xilas olması və Maqyarın ölkəni dəyişdirməyə başlaması üçün yeganə risksiz variant konstitusiya çoxluğudur.  Çünki  hazırkı konstitusiya  sistemi yalnız konstitusiya dəyişikliklərinin deyil, media, vətəndaş cəmiyyəti və məhkəmələrlə bağlı  çox saydakı qanunun da üçdə iki çoxluqla qəbul edilməsini və ya dəyişdirilməsini nəzərdə tutur. Yəni mövcud illiberal sistemin hüquqi baxımdan ləğvi üçün parlamentdə çoxluq deyil, konstitusiya çoxluğu şərtdir (Techet, Schaffer, mart 2026). ) Digər bütün ssenarilərdə "Fidesz" iqtidardakı mövqeyini bir şəkildə qoruya bilər. Konstitusiya çoxluğu üçün isə “Tisza”nın "Fidesz"ə qarşı 17 faiz çox səsə ehtiyacı var (Gizinska, 11 mart 2026). Müstəqil Partizan Platformasının müxtəlif anketlərə əsaslanan seçki barometri “Tisza”nın konstitusiya çoxluğu qazanma şansının hazırda 11,3 faiz olduğunu göstərir. Fevralın əvvəlində bu rəqəm 21,6 faiz idi (Tada, Szalay, 24 mart 2026) 

NƏTİCƏ 

12 apreldə Orbanın bir-biriylə sıx bağlı olan seçki avtokratiyası ilə  dövlət avtoritarizmi sınağa çəkiləcək.  Macarıstanda keçiriləcək parlament seçkiləri Orbanın 16 ildə qurduğu illiberal sistemin dayanıqlılıq, Maqyar ilə dəyişiklik refleksi göstərən Macarıstan cəmiyyətinin  isə konsolidasiya testi olacaq.  Üstəlik bu seçkinin sərhədləri yalınız Macarıstanla da  məhdudlaşmır, xüsusilə son illərdə Orbanın Rusiya ilə Çinin mənafeyinə uyğun olan veto-şantaj siyasəti nəticəsində ciddi problemlərlə qarşı-qarşıya qalan Avropanın da gözü Budapeştdədir.

Bu, özlüyündə yalnız bir demokrtatiya və “kim qalib gələcək”  yarışı deyil, daha böyük və daha qlobal bir məsələdir.

Peter Maqyar və Tisza Partiyasının yüksəlişi ölkədə 16 ildən sonra ilk dəfə real hakimiyyət dəyişikliyi ehtimalı yaradıb.  Müstəqil rəy sorğularının əksəriyyəti "Tisza" Partiyasını seçkilərin favoriti kimi göstərir, ancaq Orbanın 16 ildə yaratdığı sistem bu üstünlüyün avtomatik qələbəyə çevriləcəyinə dair nikbin proqnozları çətinləşdirir. Çünki idarə olunan seçki sistemi, qeyri-bərabər seçki mühiti, dövlət institutlarının ələ keçirilməsi, Rusiyanın müdaxiləsi, ABŞ-ın dəstəyi kimi bir çox mühüm faktorun Orbanın hakimiyyəti itirmə qorxusunun verdiyi “nə bahasına olursa olsun” motivasiyası ilə birləşdiyi bir seçkidən söhbət gedir.  Bütün bu faktorlar elə vəziyyət yaradıb ki, Macarıstanda hər hansı az fərqli bir seçki nəticəsi belə bütövlükdə sistemi dəyişdirmək üçün kifayət etmir. 

Orbanın qalib gələcəyi bir seçki sadəcə Macarıstan üçün deyil, bütövlükdə Avropa üçün olduqca dramatik mənzərə yaradacağı kimi, Maqyarın az fərqlə qazanması, hətta sadə səs çoxluğu əldə etməsi də problemin köklü həllinə gətirib çıxarmayacaq. Çünki bu halda da Orbanın yaratdığı sistem yeni hökumətin fəaliyyətini iflic etmə potensialına sahib olacaq  və şübhəsiz ki, indiki baş nazir bu potensialdan istifadə edəcək.  “Orbanizasiya”nın süqutu və  Macarıstanda radikal dəyişikliklərin başlamasının ən mümkün variantı “"Tisza"”nın parlamentdə konstitusiya çoxluğunu əldə etməsidir ki, bununla bağlı da qəti proqnoz vermək çox asan deyil. 

Bütün hallarda 12 aprel seçkiləri Macarıstanın post-kommunizm tarixinin ən mühüm dönüş nöqtələrindən biri olacaq. Bu nöqtədən sonra Macarıstan və Avropa ya Orbanın 16 illik illiberal mafiya sisteminin daha da radikallaşan, daha qaranlıq üzüylə qarşı-qarşıya qalacaq və bunun nəticələri yalnız kiçik Mərkəzi Avropa ölkəsindən çox uzaqlarda da hiss ediləcək, ya da Macarıstan cəmiyyəti bu sistemi dağıdaraq özünün və Avropanın gələcəyi üçün çox ciddi bir addım atmış olacaq.


 

İSTİNADLAR 

Tocci, Nathalie, 16 mart 2026. Hungary’s Election Looms – So Does the Far Right Challenge to Europe’s Unity. https://www.chathamhouse.org/publications/the-world-today/2026-03/hungarys-election-looms-so-does-far-right-challenge-europes

Iklody, Gabor, 20 mart 2026. Election in Hungary: a National Vote with European Consequences. https://www.friendsofeurope.org/insights/critical-thinking-election-in-hungary-a-national-vote-with-european-consequences/

Henley Jon, 18 mart 2026. The EU’s Hungary Problem Won’t Be Solved Even if Viktor Orbán Is Ousted. https://www.theguardian.com/world/2026/mar/18/viktor-orban-hungary-parliamentary-election-eu-ukraine

KHAR Center, 2025. Avropanın Orbanizasiya Təhlükəsi (II HİSSƏ). https://kharcenter.com/arasdirmalar/avropanin-orbanizasiya-tehlukesi-ii-hisse

European Commission, 2025. 2025 Rule of Law Report: Country Chapter on the Rule of Law Situation in Hungary. https://commission.europa.eu/document/download/524bd8d4-33ba-4802-891f-d8959831ed5a_en?filename=2025+Rule+of+Law+Report+-+Country+Chapter+Hungary.pdf

Hegedüs, Daniel, 2025. Safeguarding Hungary’s 2026 Elections: Robust Observation Is Essential. https://www.gmfus.org/news/safeguarding-hungarys-2026-elections-robust-observation-essential

Ukrainskaya Pravda, 12 mart 2026. Hungary Protests to Kyiv After Russian Reports of “Ukrainian Attack” on TurkStream Facility. https://www.pravda.com.ua/eng/news/2026/03/12/8025118/

Csaky, Zselyke, yanvar 2026. Can Hungary’s Opposition Win and Restore Democracy? https://www.cer.eu/insights/can-hungarys-opposition-win-and-restore-democracy

Benedek, Istvan, 9 Mart 2026. Polarizing Transition? Opposition Strategies and the Rise of Péter Magyar and the Respect and Freedom Party (TISZA) in Hungary. https://link.springer.com/article/10.1057/s41295-026-00460-z

Levy, Helen. 17 mart 2026. Viktor Orbán under Pressure from Peter Magyar’s Tisza Party. https://www.robert-schuman.eu/en/monitor/6758-viktor-orban-under-pressure-from-peter-magyar-s-tisza-party

Ruy, Donatienne; Snegovaya, Maria, 11 mart 2026. What Is at Stake in Hungary’s Election? https://www.csis.org/analysis/what-stake-hungarys-election

Vegh, Zsuzsanna, fevral 2026. Tisza’s Foreign Policy Offer: Plans for a Post-Orban Hungary. https://ecfr.eu/article/tiszas-foreign-policy-offer-plans-for-a-post-orban-hungary/

Gizinska, Ilona. 11 mart 2026. OSW Update. Hungary Election, No. 3. https://www.osw.waw.pl/en/publikacje/osw-commentary/2026-03-11/osw-update-hungary-election-no-3

Strauss, Julius, 9 mart 2026. Orbán Seeks Electoral Gold From Ukraine Hostility. https://cepa.org/article/orban-seeks-electoral-gold-from-ukraine-hostility/

Freedom House, 2024. Hungary: Nations in Transit 2024 Country Report. https://freedomhouse.org/country/hungary/nations-transit/2024

V-Dem İnsitute, 2025. 

Democracy Report 2025: 25 Years of Autocratization – Democracy Trumped? https://v-dem.net/documents/61/v-dem-dr__2025_lowres_v2.pdf

OSCE Office for Democratic Institutions and Human Rights (ODIHR), yanvar 2026. Hungary Parliamentary Elections, 12 April 2026: Needs Assessment Mission Report. https://odihr.osce.org/sites/default/files/documents/official_documents/2026/01/HUN%20parliamentary%202026_NAM%20report_21.01.2026.pdf

OSCE Office for Democratic Institutions and Human Rights (ODIHR), fevral 2026. ODIHR Opens Election Observation Mission in Hungary. https://odihr.osce.org/odihr/662464

Hungarian Helsinki Committee, 13  mart 2026. Foreign Interference and Institutional Responses Ahead of the 2026 Hungarian Parliamentary Elections. https://helsinki.hu/en/wp-content/uploads/sites/2/2026/03/Foreign-interference-and-institutional-responses.pdf

Scheppele, Kim Lane. 2022. How Viktor Orbán Wins. https://www.journalofdemocracy.org/articles/how-viktor-orban-wins/

Political Capital. 13 mart 2026. Understanding the Hungarian Electoral System. https://politicalcapital.hu/news.php?article_id=3655&article_read=1

KHAR Center, 2025 b. Macarıstanın Siyasi Sistemi. https://kharcenter.com/nesrler/macaristanin-siyasi-sistemi

Reuters, 11 mart 2026. Hungary’s Opposition Tisza Party Maintains Lead as Election Nears, Poll Shows. https://www.reuters.com/world/hungarys-opposition-tisza-party-maintains-lead-election-nears-poll-shows-2026-03-11/

İDEA, 12 mart 2026. IDEA: Növelte előnyét a Tisza Párt a Fidesz–KDNP-vel szemben, négypárti parlamentet jósol a kutatócég. https://24.hu/belfold/2026/03/12/tisza-fidesz-kozvelemeny-kutatas-idea/

Nezöpont Intezet, 19 mart 2026. Enyhén erősödő Fidesz. https://nezopont.hu/hu/tevekenysegeink/kozvelemeny-kutatasok/enyhen-erosodo-fidesz

Gizinska, Ilona, fevral 2026. OSW Update. Hungary Election, No. 2. https://www.osw.waw.pl/en/publikacje/osw-commentary/2026-02-25/osw-update-hungary-election-no-2

Techet, Peter; Schaffer, Sebastian, mart 2026. Scenarios for the 2026 Hungarian Parliamentary Elections. https://www.idm.at/scenarios-for-the-2026-hungarian-parliamentary-elections/

Reuters, fevral 2026. Hungary opposition leader flags possible illicit video release ahead of election. https://www.reuters.com/world/hungary-opposition-leader-flags-possible-illicit-video-release-ahead-election-2026-02-12/

Tada, Mirek; Szalay, Zoltan, 24 mart 2026. How Orbán Could Still Rule Even if Tisza Wins: Five Scenarios for the Hungarian Election. https://euobserver.com/208171/how-orban-could-still-rule-even-if-tisza-wins-five-scenarios-for-the-hungarian-election/

Panyi, Szabolcs. 6 mart 2026. Putin’s GRU-linked Election Fixers Are Already in Budapest to Help Orbán. https://vsquare.org/putins-gru-linked-election-fixers-are-already-in-budapest-to-help-orban/

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin