7 iyn 2025

Putin Avtoritarizmi və Sülh İlluziyaları: Rusiya–Ukrayna arasında Sülh Niyə Mümkün Görünmür?

Putin Avtoritarizmi və Sülh İlluziyaları: Rusiya–Ukrayna  arasında Sülh Niyə Mümkün Görünmür?

Giriş

Rusiyanın Ukraynaya qarşı başlatdığı böyük müharibə dördüncü ilinə ABŞ prezidenti Donald Trampın bu problemi kökündən həll edəcəyinə dair böyük ambisiyalı iddiaları ilə girdi.

Tramp prosesə sülhə nail olmanın “ən asan” yolundan başladı – torpaqları işğal edilən və az qala hər gün böyük şəhərləri raket zərbələrinə məruz qalan Ukraynanı qısnamağa, Kremlin təbliğat tezislərinə əsaslanan yalanlarla hədələməyə, liderini dünyanın gözü qarşısında aşağılamağa çalışaraq (BBC, mart 2025).

Bu, Putinin uzun müddətdir gözlədiyi fürsət idi. Üç gündə Kiyevi işğal edəcəyi iddiasıyla böyük müharibəni başladıb bir həftədə “dünyanın ən böyük ikinci ordusu” mifini yerlə bir edən,  Ukraynanı dövlət olaraq yox etmə xəyalları uğrunda on minlərlə insanı yox edən, bütün potensialını - hətta məhkumlardan əcnəbi muzdlulara qədər - müharibəyə cəlb edən, ancaq buna baxmayaraq 2023-cü ildən etibarən cəbhə xəttində heç bir ciddi dəyişiklik etməyi bacarmayan Putin Trampın gəlişiylə yeni bir nəfəslik qazandı (Zmina İnfo, 2022).

Əlbəttə, bu nəfəslik ona heç də müharibəni bitirməkdən ötrü lazım deyil, çünki Putin üçün müharibəni güzəşt sayılacaq hər hansı şərtlə bitirmək uduzmaq deməkdir və bu onun avtoritar rejiminin mövcudiyyət fəlsəfəsinə ziddir.  Ancaq Trampın “sülh” adı altında başlatdığı, əslində isə Ukraynanı kapitulyasiyaya məcbur etmə mahiyyəti daşıyan spekulyasiyaları Putinin işinə yarayır – həm hərbi və təbliğati baxımdan dağılmış ordusunu toparlamaq üçün zaman qazanır, həm də Qərbdəki işğal əleyhdarı koalisiyanın dağılmasından yararlanaraq Kiyevi küncə sıxışdırmağa çalışır. Türkiyənin bu fürsətdən istifadə edərək yenidən vasitəçi rolunu öz üzərinə götürməsi də niyyət və mahiyyət etibarıyla zərərsiz görünsə də, əslində Putinin işinə yarayır.

Khar Center bu yazısında Ukrayna ilə Rusiya arasındakı “sülh müzakirələrinin” niyə perspektivsiz olduğunu analiz edir.

Analizin məqsədi

Bu analizin məqsədi Rusiya ilə Ukrayna arasında davam edən müharibənin kontekstində Putinin avtoritar rejiminin xüsusiyyətlərini, bu rejimin Ukraynanın suverenliyinə qarşı yönəlmiş genişmiqyaslı təcavüzünün səbəblərini və sülh prosesinin niyə sadəcə “təxirəsalınmış kapitulyasiya” formatına endirildiyini izah etməyə çalışır. Paralel olaraq, Qərb aktorlarının – xüsusilə ABŞ və Türkiyənin “sülh təşəbbüsləri”nin mahiyyəti və onların Rusiyanın strateji maraqları ilə necə kəsişdiyini nəzərdən keçirilir.

Bu analiz sülh anlayışının konkret kontekstdə – yəni avtoritar bir rejimlə demokratik dövlət arasında asimmetrik və ekzistensial xarakterli savaş şəraitində – nə qədər real olduğunu, nə qədər isə illüziya xarakteri daşıdığını müəyyən etməyi hədəfləyir.

Analizin əsas sualı: Vladimir Putinin avtoritar rejimi kontekstində Rusiya ilə Ukrayna arasında ədalətli və davamlı sülh niyə mümkün deyil?

Məlumat mənbələri: Xəbər və Analitik Portallar (BBC News, Zmina Human Rights Center (Zmina.info), The Guardian, The Moscow Times, Al Jazeera English – Russia-Ukraine War Section, Brookings Institution, Carnegie Endowment for International Peace  və s.)

Elmi və Akademik Mənbələr: (Timothy Snyder – The Road to Unfreedom: Russia, Europe, America, Mark Galeotti–Putin’s Wars: From Chechnya to Ukraine, John J. Mearsheimer – “Why the Ukraine Crisis Is the West’s Fault, Mark Kramer – “The Kremlin’s Authoritarian Turn: Implications for Russian Foreign Policy”,  RAND Corporation Reports on Ukraine and  Russia və s.)

 Analiz alətləri:

 Geopolitik və Strateji Analiz: Rusiyanın regional və qlobal strateji hədəflərini anlamaq.
Münaqişə və Sülh Araşdırmaları: Münaqişənin təbiəti və sülh perspektivini təhlil etmək.

Məhdudiyyətlər

Məlumat mənbələrinin qərəzliliyi

  • Analiz əsasən açıq mənbələrə – xəbər portallarına, Qərb analitiklərinin yazılarına və siyasi ekspert fikirlərinə əsaslanır.
  • Bu mənbələrin bəziləri Rusiya və ya Ukraynadakı rəsmi məlumatlarla üst-üstə düşmür və müəyyən siyasi mövqeləri təmsil edə bilər.
  • Rusiya daxilində azad informasiya axınına məhdudiyyətlər olduğundan, rejimin real strateji planlarını tam etibarlı şəkildə qiymətləndirmək çətindir.

 Gələcəyə dair proqnozların qeyri-müəyyənliyi

  • Münaqişə davam etdiyi üçün vəziyyətin dəyişməsi istənilən anda yeni ssenarilər doğura bilər.
  • Trampın mümkün siyasi gedişləri və ya Qərbdəki siyasi dəyişikliklər sülh və münaqişə dinamikasına fundamental təsir göstərə bilər.
  • Sülh danışıqlarının nə zaman və hansı formatda aparılacağını dəqiq proqnozlaşdırmaq mümkün deyil.

Açar sözlər: Putin avtoritarizmi, Rusiya-Ukrayna müharibəsi, Sülh illüziyası, Təxirəsalınmış kapitulyasiya, Geopolitik münaqişə, Tramp və beynəlxalq diplomatiya, Avtoritar rejimlər və müharibə, Münaqişə və sülh perspektivləri, Qərb siyasəti və vasitəçilik, Ukraynanın suverenliyi, Rusiya təbliğatı, Hibrid müharibə, Ədalətli sülh, Türkiyənin vasitəçilik rolu, Beynəlxalq təhlükəsizlik

Xronoloji ekskurs: İlk müzakirələr

Rusiya ilə Ukrayna arasındakı ilk rəsmi görüş böyük müharibənin başlamasından 4 gün sonra baş tutdu. Hərçənd daha sonra tərəflər arasındakı ilk anlaşma təklifinin Rusiyanın Ukrayna müzakirəçisi Dmitri Kozak tərəfindən təqdim olunduğu,  Ukraynanın NATO-ya üzv olmayacağı təminatıyla müharibənin dayandırılmasını ehtiva etdiyi, ancaq Putinin bunu rədd etdiyi haqda da məlumatlar yer aldı (Reuters 2022 a).  

Putin müharibəni dayandırmaq niyyətinin olmadığını 28 fevral 2022-ci ildə Belarusun Qomel şəhərində başlayan və yenidən görüş barədə razılıq xaric  heç bir nəticə əldə edilmədən bitən ilk müzakirə turunda nümayiş etdirdi. Ukrayna dərhal atəşkəs elan edilməsini və rus qoşunlarının ölkəni tərk etməsini tələb etdi, ancaq Moskva bu tələbi qulaq ardına vurdu və hücumu davam etdirdi (Al Jazeera 2022).

Belarusun Polşa və Ukrayna sərhədi yaxınlığında yerləşən Brest şəhərində martın 3-də keçirilən ikinci turun yeganə nəticəsi isə iki tərəfin də mülki şəxslərin təxliyəsi üçün humanitar dəhliz açmağı qəbul etməsi oldu (İntellinews 2022).

Vladimir Medinski rəhbərliyindəki Rusiya heyəti Ukraynanın Krımı Rusiyanın bir hissəsi olaraq, Donetsk və Luqanskı isə müstəqil dövlətlər olaraq tanımasını, Ukrayna ordusunun ləğv edilməsini və Ukraynanın “nasistlərdən təmizlənməsini” tələb etdi. Ukrayna tələbləri qəbul etmədi, ancaq müzakirələri davam etdirməyə hazır olduğunu bildirdi. 

Müzakirələrin martın 7-də keçirilən üçüncü turunda isə Moskvanın tələbləri daha da artdı. Putinin sözçüsü Dmitri Peskov ikinci turda ifadə edilən tələblərə Ukraynanın tərəfsizliyini təminat altına alan konstitusiya dəyişikliyi şərtini də irəli sürdü və Ukrayna müqaviməti dayandırıb bu tələbləri yerinə yetirdiyi təqdirdə bir anda “əməliyyatı dayandıracaqlarını” söylədi. (Reuters 2022 b)

Döyüşlər bütün şiddəti ilə davam edərkən Türkiyə sülh üçün vasitəçilik iddiasıyla prosesə qoşuldu. Rusiya ilə Ukrayna arasında ilk yüksək səviyyəli görüş 2022-ci il martın 10-da Türkiyədə baş tutdu. Rusiya xarici işlər naziri Sergey Lavrov ilə Ukrayna xarici işlər naziri Dmitro Kuleba Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə xarici işlər nazirinin vasitəçiliyi ilə görüşdülər. Rusiyanın Mariupola hücumlarının artdığı tarixlərə təsadüf edən həmin görüşdən də hər hansı nəticə çıxmadı, Rusiya Mariupola humanitar dəhliz açmağı belə qəbul etmədi (Anadolu Ajansı 2022).

Heyətlər arasındakı müzakirələrinin dördüncü turunun keçirildiyi 17 martdan bir gün əvvəl  Rusiya Mariupolda mülki şəxslərin sığındığı teatr binasını raketlə vurdu (The Guardian 2022).

Bu və dörd gün sonra keçirilən beşinci tur da nəticəsiz bitdi. Ukrayna prezidenti Volodimir Zelenskinin Putinlə birbaşa müzakirə təklifi də qəbul edilmədi.

İstanbul müzakirələri və Putinin spekulyasiyası 

Nəticə əldə etməyə nisbətən yaxın olaraq dəyərləndiriləcək müzakirələr martın 29-da İstanbulda başladı.

İstanbul müzakirələri günümüzdə də spekulyasiya mövzusu olaraq qalır. Xüsusilə də Rusiyanın “İstanbulda sülhə yaxındıq, Boris Conson mane oldu” iddiası  əsas təbliğat tezislərindən biri olaraq hələ də aktuallığını qoruyur(REN TV, 2024). Bəs əslində necə olmuşdu?  Rusiya İstanbul müzakirələrinə Qomel və Brestdən də, Antaliyadan da daha zəif pozisiyada gəlmişdi. Çünki cəbhədə vəziyyət Putinin arzu etdiyi şəkildə irəliləmirdi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın Krımın və Donbasın işğalı ilə barışmaq xaric, altı müzakirə bəndindən dördündə güzəştə getməyə hazır olduğunu bildirərək Putinə “qürurlu yekun” təklifi edəcəyini açıqlamışdı (NTV 2022).

İstanbulda üzərində razılığa gəlinən sənəd “Ukraynaya təhlükəsizlik təminatının verilməsinə dair sazişin əsas müddəaları” adlandırdı və adından da göründüyü kimi, Kiyev üçün təhlükəsizlik təminatı kimi həyati əhəmiyyət daşıyan məsələdən bəhs edirdi (Foreign Affairs 2024).

Kiyev heyəti tərəfindən hazırlanan sözügedən sənəd Ukraynanın neytral və nüvə silahına sahib olmayan dövlət olacağını, hərbi ittifaqlara qoşulmayacağını, öz ərazisində xarici ölkələrin hərbi bazalarına icazə verməyəcəyini nəzərdə tuturdu.

Müzakirələrin ilk mərhələsində Ukraynanın israrlı olduğu iki məsələ Krımın statusu ilə təhlükəsizlik təminatıydı. İstanbul görüşündən sonra isə Kiyevin ilk məsələdə belə böyük güzəştə gedərək Krımın statusunun 15 il ərzində sülh danışıqları ilə müəyyən olunması şərtinə razı olduğu ortaya çıxdı.

Bu, həm də Kremlin pəncərəsindən baxınca Rusiya üçün də güzəşt sayıla bilərdi, çünki Moskva Krımı işğal etdiyi 2014-cü ildən sonra ilk dəfə yarımadanın statusunun müzakirə mövzusu ola biləcəyini qəbul edirdi. Eyni zamanda Moskva Kiyev ve Çerniqov bölgələrində hərbi əməliyyatları dayandıracağını vəd edirdi (CNN 2022).

Əslində isə Kiyev və Çerniqovda Rus ordusunun əməliyyat gücünün qalmadığı o günlərdə artıq məlum idi və Moskova əslində məcburi dislokasiyanı güzəşt olaraq təqdim etməyə çalışırdı.

İstanbul müzakirələri hər nə qədər müharibənin başa çatacağına dair ümidlər və həyəcan doğursa da, uğursuzluqla bitdi. Bu uğursuzluğun bir neçə səbəbi vardı.

Bunlardan birincisi və ən əsası Ukraynanın istədiyi təhlükəsizlik təminatının verilməməsiydi. Hər nə qədər hələ də Rusiya təbliğatı “İstanbul müzakirələrində nəticə əldə edilmişdi, sənəd hazırdı, ancaq Boris Conson mane oldu” yalanını davam etdirsə də, İstanbul müzakirələrinin uğursuz olmasının başlıca səbəbi Türkiyə də daxil olmaqla heç bir ölkənin Ukraynaya təhlükəsizlik təminatı verməyə hazır olmamasıydı. Daha doğrusu,  bu təminatın verilmə mexanizminin qaranlıq qalması idi…

İstanbul müzakirələrinə və razılaşmalarına kölgə düşürən digər səbəb isə Rusiya ordusunun  Kiyev və Çerniqovdan qaçarkən arxasında buraxdığı dəhşət izləri idi. Aprelin ilk günlərində dünya Buça qətliamının görüntüləri ilə sarsılarkən Türkiyə də daxil bütün dünyadakı Kreml təbliğat şəbəkəsi bunu Ukraynanın özünün etməsi haqda rəy formalaşdırmaqla məşğul idi (Sputnik Türkiye 2022).   

Üçüncü səbəb isə Rusiyanın Krımın statusunun 15 ildə müzakirə oluna biləcəyinə dair ilkin razılaşmanı İstanbul müzakirələrindən bir həftə keçməmiş pozması idi. Putinin sözcüsü Dmitri Peskov 6 apreldə verdiyi açıqlamada Ukraynanın Krım və Donbasın Rusiyaya aid olduğunu qəbul etməkdən başqa yolu olmadığını bildirirdi (Lenta.Ru 2022). 

Bütün bunlara baxmayaraq Rusiya və Ukrayna heyətləri arasındaki müzakirələr hətta Buça qətliamının ortaya çıxmasından sonra da onlayn şəkildə davam etdi. Ancaq 12 və 15 aprel 2022-ci il tarixlərində müzakirə edilən sənədlər İstanbul müzakirələrindəki baza sənədindən fərqli idi (Meduza 2024 a).

İstanbul müzakirələrində Ukraynaya hər hansı hücum olacağı halda qarantor dövlətlərin öz qərarları ilə hərbi yardım edəcəklərinə dair bənd üzərində ilkin razılaşma olsa da, 15 apreldən sonra Moskva bu bəndə “razılaşma ilə” ifadəsini əlavə etdi. Yəni faktiki olaraq özünə veto hüququ qazandırmağa çalışdı (Meduza 2024 b).

Eyni zamanda Ukrayna müharibə başa çatdıqdan və sülh sazişi imzalandıqdan sonra ordusunu 250 min nəfərə qədər ixtisar edəcəyini bildirsə də, Moskva bu rəqəmin 85 min olmasında israr etdi.

Beləliklə, İstanbul müzakirələri faktiki olaraq heç bir nəticə əldə edilmədən sona çatdı. Rusiya ilə Ukrayna arasındakı sülh müzakirələri məsələsi 2022-ci ilin may ayında gündəlikdən çıxdı.

Putinin dostları  “sülh göyərçini” rolunda

Qərbdən uzun müddət tələb etdiyi silahların, xüsusilə də HİMARS sistemlərinin gəlməsiylə Ukrayna 2022-ci il yayın sonlarında cəbhə xəttində ciddi irəliləyişlər əldə etdi. Xarkov və Herson cəbhələrindəki uğurlar davam edərkən sentyabr ayında Meksika BMT-yə Rusiya-Ukrayna müharibəsinə dair bir sülh planı təqdim edəcəyini açıqladı (UsNews 2022).  Meksika prezidenti Lopes Obrador atəşkəs elan edilməsini istədi, eyni zamanda Qərbi Ukraynaya silah dəstəyi verməklə ittiham etdi. Ukrayna isə Meksikanın sülh planını Obradorun müharibədən öz təbliğatı üçün istifadə edib Rusiyaya vaxt qazandırma cəhdi olaraq dəyərləndirdi və rədd etdi (GordonUA 2022).  

Rusiya isə bu müddət ərzində bir gün belə barışmaq siqnalı vermədi, əksinə, Ukrayna 2022-ci il sentyabrın 30-da Xersonu azad etdikdən sonra Xerson, Zaporojye, Donetsk və Luqanskı özünün bir hissəsi elan etdi. Ukrayna isə bu addıma cavab olaraq NATO üzvlüyü üçün müraciət etdi. Prezident Zelenskiy Putin prezident olduğu müddətdə Rusiya ilə müzakirə aparılmayacağına dair fərman imzaladı (Nova News 2022).

Prosesi Rusiyanın 2022-ci ilin oktyabrında Ukraynaya böyük miqyaslı raket hücumları təqib etdi. Noyabrda Ukrayna prezidenti Volodimir Zelenski G20 liderləri toplantısına 10  bəndlik sülh planını təqdim etdi (President.gov.ua 2022).

2023-cü ilin fevralında Çin 12 bəndlik sülh təklifini açıqladı (Reuters 2023). Ancaq bu təkliflər tərəfsiz bir ölkənin müharibəni bitirmə cəhdindən daha çox Rusiyanı vəziyyətdən çıxarma məzmunu daşıyırdı. Çin Rusiyaya qarşı sanksiyaların ləğv edilməsini, NATO-nun genişləməsinin dayandırılmasını və atəşkəs bağlamasını tələb edərkən Ukraynanın tələblərindən bəhs etməyə lüzum görməmişti. Ukrayna prezidenti Zelenski də Çinlə diplomatik dialoqa açıq olduğunu söyləsə də, Pekinin planının tərəfsiz olmadığını və zəif qaldığını bildirdi. Beləliklə, Çinin vasitəçi olma adı altında Rusiyanı xilasetmə əməliyyatı icra edilə bilmədi.

2023-cü ilin aprel ayında isə Braziliya prezidenti Luis İqnasio Lula da Silva Ukraynanın Krımdan vaz keçməsinin əvəzində Rusiyanın digər işğal etdiyi torpaqları boşaltmasını ehtiva edən təklif irəli sürdü (Al Jazeera 2023).  Ukrayna ərazi bütövlüyü prinsipindən geri çəkilməyəcəyini bildirərək təklifi rədd etdi. 

İndoneziyanın dərhal atəşkəs və BMT-nin nəzarəti altında silahsız bölgə yaradılması təklifi də Ukrayna tərəfindən rədd edildi.

Ukraynanın müdafiə naziri Oleksi Reznikov Çin, Braziliya və İndoneziyanın tərəfsiz deyil, Rusiya adından vasitəçilik etməyə çalışdıqlarını bildirdi (NV UA 2023).

2023-cü ilin iyununda isə Cənubi Afrika, Seneqal, Misir və Zambiya kimi Afrika ölkələrinin liderləri Kiyevə və Moskvaya gedərək dərhal atəşkəs elan olunmasını, uşaqların və əsirlərin azad edilməsini, müzakirələr başlamasını təklif etdi. Ukrayna bu təklifləri hörmətlə qarşıladığını, ancaq müzakirələrin olması üçün Rusiyanın işğal etdiyi torpaqlardan çəkilməli olduğunu bildirdi.  Putin isə Afrika ölkələrinin Ukraynanın BMT tərəfindən tanınan sərhədləri çərçivəsində müzakirələr təklifini rədd etdi, atəşi isə dayandırmayacaqlarını bildirdi (BBC 2023).

Sülh adı altında Ukraynaya kapitulyasiya təklif edənlərə sonra Slovakiya, Macarıstan kimi Putinin Avropa Birliyindəki “peykləri” də qoşuldu.

2023-cü ilin avqustunda Zelenskinin 10 bəndlik sülh planı Səudiyyə Ərəbistanında 40 ölkənin iştirakı ilə müzakirə edildi, ancaq ciddi bir nəticə ortaya qoyulmadı.

Sonrakı aylarda cəbhə xəttində hərbi dəyişiklik potensialını ciddi şəkildə itirən Rusiya davamlı olaraq fərqli kanallarla mövcud cəbhə xətti üzərində müharibənin dondurulması mesajı verməyə başladı, ancaq Ukrayna bunu Moskvanın yeni işğallar üçün vaxt qazanma və toparlanma cəhdi kimi dəyərləndirərək qəbul etmədi.

2024-cü ilin iyun ayında Zelenskinin sülh  planı çərçivəsində İsveçrədə keçirilən sülh zirvəsindən də müharibənin gedişatına təsir edəcək bir nəticə çıxmadı (FDFA 2023). Sentyabrda isə Zelenski ABŞ-a Rusiyanın işğalçılığına qarşı daimi dəstək müqabilində qiymətli minerallarının birlikdə hasilatını və emalatını təklif etdi. Daha sonra - oktyabr ayında Ukrayna üçün Qələbə planını açıqladı ki, həmin təklif də planda yer almışdı. Ukraynanın NATO-ya qəbul edilməsi, milli müdafiənin gücləndirilməsi, çəkindiricilik, strateji iqtisadi potensialın artırılması və milli təhlükəsizlik təminatları bu planın əsasını təşkil edirdi (Reuters, fevral 2025).

Trampın gəlişi və yeni sülh spekulyasiyaları 

ABŞ-da  “müharibəni bitirmə” vədi ilə iqtidara gələn  və Ukraynanı yardımları kəsəcəyi  ilə təhdid edən Donald Tramp 2024-cü ilin son ayında Parisdə həm Ukrayna prezidenti, həm də avropalı liderlər ilə görüşdü. 2025-ci ilin yanvarında prezident olaraq and içdikdən iki gün sonra isə Putinə müharibəni sona çatdırma çağırışı etdi və əks təqdirdə Rusiyanı daha çox sanksiya gözlədiyini bildirdi (BBC 2024), (Politico 2024),  (The Moscow Times, yanvar 2025).

Ancaq bundan sadəcə bir neçə gün sonra Ukraynanın müharibənin başlamasına məsul olduğunu bildirən açıqlamasıyla dünyanı şoka saldı. 

Sonrakı həftələr və aylar Tramp və komandasının Zelenskini hədəfə çevirərək məsuliyyəti Ukraynaya yükləməyə çalışması və Ukraynanın taleyini Ukraynasız müzakirə etmə cəhdləri ilə keçdi. Ancaq Ukraynanın və AB-nin Trampın dünya düzənini alt-üst edən açıqlamalarına müqaviməti Vaşinqtonun geri addım atması ilə nəticələndi.  Tramp Ukraynasız Ukrayna müzakirələri fikrindən  daşındı, 11 martda ABŞ və Ukrayna rəsmilərinin Səudiyyə Ərəbistanındakı görüşündə Kiyev Vaşinqtonun 30 günlük atəşkəs təklifini qəbul etdi (Axios, mart 2025).

Ancaq Putin 13 martda təklifi rədd etdi. Bundan bir neçə gün sonra Putin Tramp ilə telefon danışığı əsnasında Ukraynanın enerji infrastrukturuna bir ay boyunca hücum etməməyə söz versə də,  bu sözünü yerinə yetirmədi (İSW, mart 2025).  

Aprelin 25-i ABŞ iki tərəfə də sülh sazişi təklif etdi. Bu sazişin şərtlərinə görə Krımdaki rus hakimiyyəti hüquqi olaraq tanınacaq, Luqansk, Xerson, Zaporojye və Donetskdəki işğal faktiki olaraq qəbul ediləcək, Ukrayna NATO-ya üzv olmayacaq, detalları bəlli olmayan təhlükəsizlik təminatı alacaq, Rusiyaya qarşı sanksiyalar ləğv ediləcəkdi (Reuters, aprel 2025). Ancaq bu sazişi nə Ukrayna, nə Rusiya qəbul etdi.

May ayında Putin 2022-ci ildəki İstanbul razılaşmasını Kiyevin pozduğuna dair tezisini təkrarlayaraq  müzakirələrin yenidən Türkiyədə keçirilməsini təklif etdi. Zelenski isə bu təklifə “Putini şəxsən İstanbulda gözləyəcəyəm” cavabını verdi. O görüşə Zelenski gəldi, Putin isə gəlmədi, müzakirə heyətinə 2022-ci ildə olduğu kimi Vladimir Medinskinin rəhbərlik edəcəyini bildirdi. Müzakirələrə birbaşa qatılması təklif edilən prezidenti Tramp da İstanbula gəlmədi.

Müzakirələr mayın 16-da heyətlər arasında baş tutdu və iyunun 2-də də davam etdi. Üfüqdə sülh varmış kimi yaradılan gözləntilərin əksinə, bu görüşdə də müharibənin bitəcəyi ümidini vəd edən heç bir ciddi nəticə əldə olunmadı. Tərəflər yalnız iki tərəfdən də 6 min cəsədin dəyişdirilməsi ilə bağlı razılığa gəldilər. Ukrayna ən az 3 ay qeyd-şərtsiz atəşkəs təklif edərkən Rusiya cəsədlərin toplanması üçün iki-üç günlük atəşkəs istədi.

Bundan əlavə, Moskva Ukrayna ordusunun Donetsk, Luqansk, Zaporojye və Xersondan çəkilməsini, Krımın ilhaqını qəbul etməsini, Ukraynanın NATO-ya üzv olmayacağına və neytral qalacağına dair təminat verməsini, ordusunu ixtisar etməsini, rus dilinə rəsmi status verməsini, Qərbin Kiyevə hərbi dəstəyinin tamamən dayandırılmasını və 100 gün içində seçki keçirməsini tələb etdi (Medyascope, iyun 2025).

Ukrayna prezidenti Zelenski Rusiyanın təklif etdiyi “memorandum”un bir ultimatum olduğunu və hər hansı kompromis üçün yer qoymadığını söylədi (Ukrainskaya Pravda, iyun 2025).

Putin isə Ukraynanı Kursk və Bryanskda 21 may və 1 iyun tarixlərində baş verən dəmiryolu partlayışlarına görə ittiham edərək Zelenski ilə görüşməyi düşünmədiyini söylədi, daha sonra isə Trump ilə telefon danışığında Ukraynanın “Pautina” əməliyyatına cavab verəcəklərini bildirdi (Ukrainskaya Pravda, iyun 2025).

Beləliklə, ev sahibi Türkiyənin “müsbət” dəyərləndirməsinə baxmayaraq (Haberrus, iyun 2025)  növbəti İstanbul müzakirələri də sülh gətirmədi, əksinə, sülhün nə qədər uzaq olduğunu bir daha göstərmiş oldu.

Sülh niyə mümkün deyil?

Rusiya-Ukrayna müharibəsinin davam etdiyi şəraitdə "sülh niyə mümkün deyil?" sualı yalnız diplomatik və hərbi amillərlə deyil, eyni zamanda siyasi sistemlərin xarakteri və liderlərin ideoloji motivasiyaları ilə də sıx bağlıdır. Hazırkı mərhələdə bu müharibənin əsas əngəlini və sülhün qarşısındakı əsas baryeri Rusiya Federasiyasında hökm sürən avtoritar idarəetmə rejimi və Vladimir Putinin şəxsi ambisiyaları təşkil edir.

Bir çox beynəlxalq müşahidəçilər və analitiklər müharibənin başlanmasını geosiyasi və ya təhlükəsizliklə bağlı səbəblərlə deyil, Putinin neo-imperialist baxışları və SSRİ-nin siyasi təsir zonasını bərpa etmək arzusu ilə izah edirlər. Bu kontekstdə Ukrayna yalnız bir hədəf deyil, həm də Rusiya üçün “alternativ siyasi model” təhlükəsi daşıyan və Avropa Birliyi ilə yaxınlaşmaq istəyən müstəqil dövlətdir.

Putin rejiminin Ukraynaya qarşı aqressiyası yalnız ərazi qazanmaqla izah edilməməlidir. Kreml ideoloqları və prezidentin özü tərəfindən dəfələrlə vurğulanan fikirlərə görə, Ukrayna suverenliyi tarixi səhv və "Rusiya sivilizasiyasının" parçalanmasının nəticəsi kimi qəbul olunur.

Putin üçün Ukrayna deyə bir dövlət, ukraynalı deyə xalq mövcud deyil.  Putin 2021-ci ildə yazdığı məşhur “Rusların və ukraynalıların tarixi birliyi haqqında” adlı məqaləsində tarixən Ukrayna xalqı və dövlətinin olmadığını sübut etməyə çalışırdı: “Ukrayna adı o vaxtlar yalnız qədim Rus sözü olan “okraina” (ucqar) mənasında istifadə edilirdi. Buna da XII əsrə aid yazılı mənbələrdə müxtəlif sərhəd ərazilərindən söhbət gedərkən rast gəlinir. “Ukraynalı” kəlməsi isə arxiv sənədlərinə görə, sərhədlərin mühafizəsini həyata keçirən şəxsləri nəzərdə tuturdu” (Kreml, 2021).  2024-cü ildə isə Putin Trampın müdafiəçisi olan Karlsona verdiyi müsahibədə Ukraynanın süni dövlət olduğunu iddia edirdi (TASS 2024).  Bütün bunlar  göstərir ki, Rusiya üçün sülh yalnız Ukraynanın siyasi kapitulyasiyası, yəni onun müstəqilliyindən ən azı de-fakto imtinası və Moskvanın diktə etdiyi şərtləri tam şəkildə qəbul etməsi ilə mümkündür.

Bundan əlavə, müharibə Rusiya daxilində siyasi idarəçiliyin və avtoritar nəzarətin gücləndirilməsi üçün də funksional rol oynayır. Xarici düşmən obrazı, cəmiyyətin səfərbər edilməsi və repressiv alətlərin legitimləşdirilməsi baxımından hərb rejiminin davamı Kremlin maraqlarına tam uyğundur. Bu səbəbdən də sülh, yalnız xarici deyil, daxili siyasi sabitlik üçün də təhdid kimi qəbul edilir.

Avtoritar rejimlər üçün sülh konsepsiyası, demokratik rejimlərdəki kimi qarşılıqlı güzəştlərə əsaslanan müzakirə platforması deyil, siyasi məqsədlərin və hegemon iddiaların reallaşdırılmasına yönəlmiş alət funksiyası daşıyır. Vladimir Putinin rəhbərlik etdiyi Rusiya rejimi bu baxımdan tipik bir nümunədir: burada sülh – əslində qarşı tərəfin təslimçiliyi, strateji üstünlüyün təmin olunması və daxili legitimliyin möhkəmləndirilməsi üçün istifadə olunan diskursiv və geosiyasi vasitədir.

Putin rejiminin Ukrayna ilə bağlı ritorikasına və əməli hərəkətlərinə nəzər saldıqda, onun “sülh” anlayışının əslində bir sıra fundamental prinsipləri inkar etdiyini görmək mümkündür. Ukraynanın suverenliyi, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququ Kreml tərəfindən ya rədd edilir, ya da ikili standartlarla şərh olunur.

Digər tərəfdən, beynəlxalq aktorların bu məsələyə yanaşmaları da müxtəlifdir.

Türkiyə, xüsusilə prezident Ərdoğan vasitəsilə, sülh danışıqlarında vasitəçilik etməklə regional və qlobal diplomatik nüfuzunu artırmağa çalışır.

ABŞ-da, xüsusilə prezident Donald Trampın ritorikasında, bu konflikt qlobal liderlik iddiası fonunda daxili siyasi məqsədlər üçün istifadə edilir.

Ukrayna isə bu danışıqlarda iştirak etməyə məcburdur, çünki bu, həm humanitar məsələlərdə irəliləyiş əldə etmək, həm də beynəlxalq təzyiqlərdən yayınmaq üçün bir taktiki zərurətdir. Eyni zamanda bu, Kiyev üçün də müəyyən strateji mövqe və vaxt qazandırır. Yəni “sülh müzakirələri” real nəticə verməkdən çox, müxtəlif tərəflər üçün siyasi, hərbi və diplomatik taktika funksiyasını daşıyır. Rusiya rejiminin hazırkı ideoloji və siyasi strukturu dəyişmədikcə, bu müzakirələrdən qalıcı sülh çıxması ehtimalı olduqca zəifdir.

Beləliklə, sülhün mümkün olmamasının əsas səbəbi yalnız hərbi dinamika deyil, münaqişəni yaradan və onu davam etdirən avtoritar siyasi iradədir. Bu isə göstərir ki, problemin həlli üçün təkcə diplomatik vasitələr deyil, həm də siyasi transformasiya tələb olunur.


Nəticə

Rusiya ilə Ukrayna arasında ədalətli və davamlı sülhün əldə olunması, hazırkı geosiyasi reallıqlar və mövcud siyasi rejimlərin xarakteri fonunda son dərəcə qeyri-mümkün görünür. Münaqişənin yalnız hərbi və ya diplomatik resurslarla deyil, dərin ideoloji və siyasi motivasiyalarla izah olunması, bu nəticəyə gəlməyə əsas verir. Xüsusilə Rusiya Federasiyasının hazırkı siyasi modeli – şəxsi hakimiyyətə əsaslanan avtoritar sistem – bu müharibəni təkcə geosiyasi maraqlar uğrunda deyil, həm də daxili siyasi sabitliyi qorumaq üçün alətə çevirir (Snyder 2022).

Vladimir Putinin rəhbərlik etdiyi Rusiya rejimi üçün “sülh” anlayışı, qarşı tərəfin – bu halda Ukraynanın – tam kapitulyasiyası və Rusiya hegemonluğunun faktiki tanınması ilə eyniləşdirilir. Bu isə müasir beynəlxalq hüquq və dövlətlərin suverenliyi prinsipləri ilə fundamental ziddiyyət təşkil edir (Kuzio 2023). Dolayısıyla, “sülh danışıqları” adı altında aparılan təşəbbüslər, xüsusilə Qərb ölkələrinin müəyyən siyasi dairələri tərəfindən təbliğ edilən “barışıq” çağırışları, əslində, Rusiyanın münaqişəni uzatmaq və mövcud mövqeyini gücləndirmək üçün istifadə etdiyi strateji manevrdir (Galeotti 2022).

Tramp administrasiyasının Ukraynaya yönəlik tənqidi ritorikası və hərbi dəstəyi ləngitməsi, Putinin bundan faydalanması üçün əlverişli siyasi imkanlar yaratdı. Eyni zamanda, Türkiyə Respublikasının vasitəçilik təşəbbüsləri, rəsmi neytrallıq görüntüsü altında Kremlin maraqlarına dolaylı dəstək vermə riski daşıyır (Charap & Colton 2023). Bu kontekstdə, “sülh” təşəbbüslərinin çoxu ya taktiki manipulyasiya, ya da daxili və beynəlxalq siyasi mövqe əldə etmə vasitəsi kimi çıxış edir.

Rusiya-Ukrayna münaqişəsində sülhün bağlanması üçün ikitərəfli etimad və uyğun beynəlxalq mühit — qarşılıqlı hörmət, təhlükəsizlik zəmanətləri, siyasi iradə və beynəlxalq vasitəçilərin aktiv iştirakı ilə–-formalaşmalıdır. Bu mühit olmadan hərbi qarşıdurmanın tam dayandırılması və davamlı sülhün təmin edilməsi mümkün ola bilməz. Kremlin hazırki siyasi iradəsi isə bu imkanları tamamilə inkar edir.

Beləliklə, Ukrayna ilə Rusiya arasında davamlı sülh yalnız iki halda mümkün ola bilər: birincisi, Rusiya daxilində siyasi transformasiya baş verərək avtoritarizmin və imperialist siyasətin aradan qalxması; ikincisi isə beynəlxalq ictimaiyyətin Ukraynanın ərazi bütövlüyünü təmin etmək üçün prinsipial və davamlı mövqe sərgiləməsidir. Bu amillər olmadığı müddətdə, sülh anlayışı sadəcə siyasi illüziya və ya geopolitik manipulyasiya predmeti olaraq qalacaq (Nitu 2024).

 

İstinadlar

Al Jazeera. 2022. “Russia-Ukraine Talks to Continue: Putin Aide.” Al Jazeera, February 28, 2022. https://www.aljazeera.com/news/2022/2/28/russia-ukraine-talks-to-continue-putin-aide.


Al Jazeera. 2023. “Brazil Condemns Violation of Ukraine’s Territory.” Al Jazeera, April 19, 2023. https://www.aljazeera.com/news/2023/4/19/brazil-condemns-violation-of-ukraines-territory-amid-criticism.


Anadolu Ajansı. 2022. “Kuleba: Lavrov İnsani Koridorlar Konusunda Bir Taahhüt Vermedi.” Anadolu Ajansı, March 2022. https://www.aa.com.tr/tr/gundem/ukrayna-disisleri-bakani-kuleba-lavrov-insani-koridorlar-konusunda-bir-taahhut-vermedi/2530191.


Axios. 2025. “Ukraine-Russia Ceasefire Talks.” Axios, March 11, 2025. https://www.axios.com/2025/03/11/ukraine-russia-ceasefire-30-days.


BBC. 2024. “Trump's Remarks on Ukraine.” BBC News, 2024. https://www.bbc.com/news/articles/cd0z8gg5v14o.


BBC News. 2023. “Zelensky Warns of Russian Tactics.” BBC News, 2023. https://www.bbc.com/news/world-europe-65940655.


BBC News. 2025. “Путин обвинил Джонсона в срыве мирных переговоров.” BBC News, Русская Служба, March 2025. https://www.bbc.com/russian/articles/c4g0kde04zko.


Charap, Samuel, and Timothy J. Colton. 2023. Everyone Loses: The Ukraine Crisis and the Ruinous Contest for Post-Soviet Eurasia. London: Routledge.


CNN. 2022. “Russia-Ukraine Live News.” CNN, March 29, 2022. https://edition.cnn.com/europe/live-news/ukraine-russia-putin-news-03-29-22#h_05b5d57fd38ef2bd90c0be7fb3481f4a.


FDFA. 2023. “Ukraine Peace Conference Overview.” Swiss Federal Department of Foreign Affairs, 2023. https://www.eda.admin.ch/eda/en/home/das_eda/aktuell/dossiers/konferenz-zum-frieden-ukraine.html.


Foreign Affairs. 2024. “Talks Could Have Ended the War in Ukraine.” Foreign Affairs, 2024. https://www.foreignaffairs.com/ukraine/talks-could-have-ended-war-ukraine.


Galeotti, Mark. 2022. Putin's Wars: From Chechnya to Ukraine. London: Bloomsbury Publishing.


Gordon UA. 2022. “Это план России – президент Мексики придумал план перемирия.” Gordon UA, 2022. https://gordonua.com/news/war/eto-plan-rossii-prezident-meksiki-pridumal-plan-o-peremirii-na-pyat-let-v-voyne-mezhdu-rf-i-ukrainoy-v-opu-otvetili-1626760.html.


Haberrus. 2025. “Erdoğan: İstanbul’daki Görüşmeler Mükemmel Geçti.” Haberrus, June 2, 2025. https://haberrus.ru/politics/2025/06/02/erdogan-istanbuldaki-gorusmeler-mukemmel-gecti.html.


IntelliNews. 2022. “Second Round of Russia-Ukraine Peace Talks Ends with No Progress.” IntelliNews, March 2022. https://www.intellinews.com/second-round-of-russia-ukraine-peace-talks-ends-with-no-progress-assault-on-kyiv-looms-236977/.


ISW. 2025. “Russian Offensive Campaign Assessment.” Institute for the Study of War, March 27, 2025. https://www.understandingwar.org/backgrounder/russian-offensive-campaign-assessment-march-27-2025.


Kremlin.ru. 2021. “Заявление Президента.” President of Russia Official Website, 2021. http://kremlin.ru/events/president/news/66181.


Kuzio, Taras. 2023. Russian Nationalism and the Russian-Ukrainian War: Autocracy–Orthodoxy–Nationality. London: Routledge.


Lenta.ru. 2022. “Песков о переговорах с Украиной.” Lenta.ru, April 6, 2022. https://lenta.ru/news/2022/04/06/peskov_ua/.


Meduza. 2024a. “Два года назад Россия и Украина пытались вести переговоры.” Meduza, April 17, 2024. https://meduza.io/feature/2024/04/17/dva-goda-nazad-rossiya-i-ukraina-pytalis-vesti-peregovory-o-mire-kogda-putinu-ne-udalsya-blitskrig-on-byl-soglasen-dazhe-na-obsuzhdenie-statusa-kryma.


Meduza. 2024b. Ibid.


Medyascope. 2025. “İstanbul’daki Barış Görüşmeleri.” Medyascope, June 3, 2025. https://medyascope.tv/2025/06/03/istanbuldaki-baris-gorusmelerinde-ateskes-cikmadi-rusya-ve-ukrayna-heyetleri-hangi-konularda-uzlasti/.


Nova News. 2022. “Zelensky Signs Decree on Impossibility of Negotiations with Russia.” Nova News, 2022. https://www.agenzianova.com/en/news/ukraine-zelensky-signs-the-decree-on-the-impossibility-of-conducting-negotiations-with-russia/.


Nitu, Ioana. 2024. “Peace Illusions and Strategic Ambiguity: Western Narratives in the Russia–Ukraine Conflict.” Journal of Conflict and Peace Studies 29 (1): 74–91.


NTV. 2022. “Cumhurbaşkanı Erdoğan’dan Putin’e Onurlu Çıkış Yap Mesajı.” NTV Türkiye, 2022. https://www.ntv.com.tr/turkiye/cumhurbaskani-erdogandan-putine-onurlu-cikis-yap-mesaji,Kp-1yLR570mWqK0nPE5XNA.


Politico. 2024. “Trump Threatens to Cut Aid to Ukraine.” Politico, 2024. https://www.politico.eu/article/donald-trump-ukraine-russia-war-threatens-cut-aid-election-2024/.


President.gov.ua. 2022. “Ukraine Has Always Been a Leader in Peace Efforts.” President of Ukraine Official Website, 2022. https://www.president.gov.ua/en/news/ukrayina-zavzhdi-bula-liderom-mirotvorchih-zusil-yaksho-rosi-79141.


REN TV. 2024. “Путин обвинил Джонсона в срыве стамбульского договора с Украиной.” REN TV, 2024. https://ren.tv/news/v-rossii/1188886-putin-obvinil-dzhonsona-v-sryve-stambulskogo-dogovora-s-ukrainoi.


Reuters. 2022a. “Exclusive: As War Began, Putin Rejected Ukraine Peace Deal.” Reuters, September 14, 2022. https://www.reuters.com/world/asia-pacific/exclusive-war-began-putin-rejected-ukraine-peace-deal-recommended-by-his-aide-2022-09-14/.


Reuters. 2022b. “Kremlin Says Military Action Will Stop If Ukraine Meets Conditions.” Reuters, March 7, 2022. https://www.reuters.com/world/kremlin-says-russian-military-action-will-stop-moment-if-ukraine-meets-2022-03-07/.


Reuters. 2023. “China Says Sending Weapons Will Not Bring Peace.” Reuters, February 23, 2023. https://www.reuters.com/world/one-year-into-ukraine-war-china-says-sending-weapons-will-not-bring-peace-2023-02-23/.


Reuters. 2025. “Ukraine May Yet Get Better Trump Mining Deal.” Reuters, February 26, 2025. https://www.reuters.com/breakingviews/ukraine-may-yet-get-better-trump-mining-deal-2025-02-26/.


Reuters. 2025. “Ukraine Peace Deal Proposals Set Out in Paris.” Reuters, April 25, 2025. Archived April 26, 2025. https://web.archive.org/web/20250426113706/https://www.reuters.com/world/ukraine-peace-deal-proposals-set-out-by-us-talks-paris-2025-04-25/.


Snyder, Timothy. 2022. “The War in Ukraine and the Future of Europe.” Foreign Affairs 101 (5): 18–31.


Sputnik Türkiye. 2022. “Sözcü Yazarı Özdil: Batı Medyasından Takip Katliamdan Daha Ağır Suç.” Sputnik Türkiye, 2022. https://anlatilaninotesi.com.tr/20220408/sozcu-yazari-ozdil-savas-haberlerini-bati-medyasindan-takip-etmek-katliamdan-daha-agir-bir-suctur-1055417972.html.


TASS. 2024. “Putin on Peace Talks.” TASS, 2024. https://tass.ru/politika/19940737.


The Guardian. 2022. “Mariupol Theatre Bombing Killed 300, Ukrainian Officials Say.” The Guardian, March 25, 2022. https://www.theguardian.com/world/2022/mar/25/mariupol-theatre-bombing-killed-300-ukrainian-officials-say.


The Moscow Times. 2025. “Trump Tells Putin to Make Ukraine Deal Now.” The Moscow Times, January 22, 2025. https://www.themoscowtimes.com/2025/01/22/trump-tells-putin-to-make-ukraine-deal-now-or-face-tougher-sanctions-a87707.


Ukrainska Pravda. 2025a. “Ukrainian Delegation Talks.” Ukrainska Pravda, June 4, 2025. https://www.pravda.com.ua/rus/news/2025/06/4/7515617/.


Ukrainska Pravda. 2025b. “Delegation on Istanbul Talks.” Ukrainska Pravda, June 4, 2025. https://www.pravda.com.ua/rus/news/2025/06/4/7515654/.


US News. 2022. “Mexico Foreign Minister Met with Russian Counterpart.” US News, September 23, 2022. https://www.usnews.com/news/world/articles/2022-09-23/mexico-foreign-minister-met-with-russian-counterpart-to-discuss-mexican-peace-plan.


Zmina Info. 2022. “Россия отправила на войну с Украиной более 15 тысяч заключённых.” Zmina Info. https://zmina.info/ru/news-ru/rossyya-otpravyla-na-vojnu-s-ukraynoj-bolee-15-tysiach-zaklyuchenn%D1%8Bh-rossyjskye-pravozashhytnyky/.