Research paper

Azərbaycanda informasiya məkanının avtoritar dizaynı: Maliyyə, Nəzarət və Repressiya (II HİSSƏ)

Azərbaycanda informasiya məkanının avtoritar dizaynı: Maliyyə, Nəzarət və Repressiya (II HİSSƏ)

(Yazı Khar Centerin Azərbaycan avtoritarizmi araşdırmaları çərçivəsində hazırlanıb)

 

Yazının ilk hissəsini oxumaq üçün bu linkə keçid edin. 


Müəllif:

✍️ Jurnalistika ixtisası üzrə bakalavr və magistratura dərəcələrinə yiyələnmiş gənc tədqiqatçı

Giriş

Sosial media cəmiyyətlər üçün təkcə ünsiyyət vasitəsi deyil. Həmçinin, bu resurslar siyasi fəallığın dəyişməsində, ictimai nəzarətin yaradılmasında, kollektiv təşəbbüslərin formalaşmasında, jurnalist araşdırmalarında mühüm rol oynamaqdadır. “Facebook”, “Instagram”, “TikTok”, “YouTube”, “Telegram” və analoji platformalar insanlara ənənəvi mediadan asılı olmadan məlumat paylaşmaq, dövlət qurumlarının tənqidi, cəmiyyəti narahat edən məsələlərin müzakirəsi, qanunsuzluqların ifşası imkanı yaradır. Bununla yanaşı, rəqəmsal texnologiyalar dövlətlərə, xüsusən də, avtoritar hakimiyyətlərə informasiya axınını məhdudlaşdırmaq, vətəndaşların onlayn fəaliyyətini izləmək, siyasi müzakirələrə müdaxilə etmək üçün yeni fürsətlər təqdim edir. Buna görə də internetə girişin genişlənməsi öz-özlüyündə demokratikləşmə demək deyil. Əksinə, rəqəmsal məkanın siyasi xarakterini texnologiyanın spesifik imkanları deyil, onun mövcud olduğu siyasi mühit, eləcə də dövlət-cəmiyyət münasibətləri şəkilləndirir. Rəqəmsal avtoritarizm üzrə tədqiqatçı Stiven Feldştaynın yanaşmasına əsasən, rəqəmsal texnologiyalar avtoritar rejimlərin müxalifəti izləmək və cəzalandırmaq imkanlarını genişləndirir, lakin bu imkanların necə istifadə olunması rejimin xarakterindən və institusional imkanlarından asılıdır (Feldstein 2021). Müəllif bildirir ki, bu texnologiyalar diktatorların müxalif səsləri izləmək üçün yeni alətinə çevrilə bildi. 

Azərbaycan internetə çıxış baxımından “qapalı” ölkə sayılmır. Ölkədə internet istifadəçilərinin sayı 2025-ci ilin oktyabrında 9,27 milyona çatıb, internetdən istifadə səviyyəsi əhalinin 89 faizini təşkil edib (Kemp 2025). Lakin rəqəmsal məkanın siyasi rolunu anlamaq üçün internetə çıxışın texniki vəziyyəti ilə ifadə azadlığının hazırki durumunu bir-birindən ayırmaq lazımdır. Sosial şəbəkələrdə istifadəçilərin əyləncə və kommersiya məqsədli məzmun paylaşa bilməsi siyasi müzakirənin eyni dərəcədə sərbəst olduğuna dəlalət etmir. Çünki bu məkan getdikcə daralmaqdadır və  nəzarət mexanizmlərinə məruz qalır. “Freedom House”un 2025-ci il üzrə “Freedom on the Net” hesabatında Azərbaycan 100 mümkün baldan 34 bal alıb. Təşkilat ölkəni internetin azad olmadığı dövlətlər sırasında göstərib (Freedom House 2025). Bu qiymətləndirmə təkcə müstəqil xəbər saytlarının bloklanması ilə bağlı deyil. Rəqəmsal izləmə, onlayn fəaliyyətə görə tətbiq edilən inzibati və hüquqi tədbirlər də internetdə sərbəst fəaliyyət imkanlarını məhdudlaşdırır. Belə şəraitdə istifadəçilər yalnız açıq qadağalarla deyil, mümkün təqib və cəza ehtimalı ilə də üzləşirlər. Bu isə özünüsenzuranı gücləndirir.

Təqdim etdiyimiz araşdırmada diqqət üç əsas məsələyə yönəldilir:

Birincisi, Azərbaycanda rəqəmsal nəzarəti yalnız ayrı-ayrı saytların bloklanması ilə izah etmək doğru deyil. Nəzarət internet infrastrukturunun idarə olunmasından başlayaraq istifadəçilərin izlənməsinə, onlayn fəaliyyətə görə cəzalandırılmasına və informasiya axınının yönləndirilməsinə qədər müxtəlif formalarda həyata keçirilir. Bu mexanizmlər bir-birindən ayrı deyil, eyni nəzarət mühitinin tərkib hissələridir.

İkincisi, sözügedən sistem informasiya axınını tamamilə kəsməkdən daha çox, qorxu və psixoloji təzyiq vasitəsiylə cəmiyyətdə özünəsenzura mexanizmi formalaşdırmaqdır

Üçüncüsü, bu sahədəki son hüquqi dəyişikliklər fərdlərlə yanaşı qlobal platformalara yönəlir, sosial media nəhənglərini ölkə daxilində nümayəndəlik açmağa və dövlətin tələblərinə tabe olmağa məcbur edir. Bu, mütləq informasiya hegemonluğu təmin etmək məqsədi güdən avtoritar sistemlərin qlobal platformaları daxili yurisdiksiyaya tabe etdirməsi modelidir.

Beləcə, bu tədqiqat Azərbaycanın rəqəmsal məkanının 1998-ci ildən bugünə kimi hüquqi, texniki və siyasi vasitələrlə necə məhdudlaşdırıldığını analiz edir. 

Tədqiqatın məqsədi: Azərbaycanda sosial şəbəkələrin ictimai ünsiyyət və siyasi ifadə məkanı kimi rolunu, dövlətin bu məkanda qurduğu və qurmağa davam etdiyi nəzarət mexanizmlərini təhlil etməkdir. Bu çərçivədə aşağıdakı vəzifələr müəyyən olunub:

  • Avtoritar rejimlərin sosial mediaya nəzarəti barədə elmi və qlobal yanaşmaları ümumiləşdirmək;
  • Azərbaycanda rəqəmsal mühitdəki hüquqi, inzibati, sosial, texnoloji nəzarət alətlərini xronoloji sənədləşdirmək;
  • 2026-cı il tənzimləmələrinin yaxın perspektivdə daxili mühitdə yarada biləcəyi ssenariləri qiymətləndirmək.

Bu yazı söz üzərində avtoritar nəzarəti təhlil edən dörd hissəli tədqiqat silsiləsinin ikinci məqaləsidir və yayımlandığı günə qədər olanları əhatə edir. İlk hissədə ənənəvi informasiya məkanının maliyyə, institusional nəzarət və repressiya vasitəsilə necə formalaşdırıldığı araşdırılmışdı. Cari məqalə isə oxşar analitik çərçivənin rəqəmsal mühitdə necə işlədiyini izah edir. Silsilənin növbəti yazılarına isə hakimiyyətin mediada gündəm dəyişmə, çərçivələmə və ictimai rəyə nəzarət mexanizmləri, habelə böhran dövrlərində işə salınan hegemon informasiya strategiyalarının təhlili daxildir.

Tədqiqatın sualları:  

Əsas sual: Azərbaycanda rəqəmsal mühitin hazırki durumu necədir və o mühit hansı hüquqi, texnoloji və siyasi alətlərlə məhdudlaşdırılır? Bu mexanizmlər rəqəmsal mühitdəki ictimai diskursa və siyasi fəallığa necə təsir edir?

Köməkçi tədqiqat sualları: 

  1. 1998-2026-cı illərdə sosial şəbəkələr üzərində nəzarətlə bağlı qanunvericilik xronoloji ardıcıllıqla necə dəyişib?
  2. Rəqəmsal mühitdə özünəsenzura necə formalaşır və hansı mövzular təhlükəli sayıla bilir?

Tədqiqatın mənbələri: Rəqəmsal avtoritarizm, informasiya hegemonluğu və özünəsenzura dinamikası üzrə beynəlxalq elmi ədəbiyyat; 1998-2026-cı illərdə Azərbaycanda rəqəmsal mühiti tənzimləyən daxili qanunvericilik aktları; normativ-hüquqi paketlər; dövlət orqanlarının rəsmi qərarları; beynəlxalq hüquq müdafiə təşkilatlarının rəqəmsal azadlıq indeksləri; statistik platformaların kəmiyyət göstəriciləri; beynəlxalq monitorinq hesabatları; 1998-2026-cı illərdə onlayn ifadə azadlığı və rəqəmsal fəallığa görə tətbiq edilmiş inzibati-cinayət sanksiyalarını, kiber-izləmə hallarını və həbs qərarlarını sənədləşdirən məhkəmə işləri; rəqəmsal məkandakı məhdudiyyətləri əks etdirən media monitorinqi məlumatları.

Rəqəmsal mühitin konseptual çərçivəsi: Sosial şəbəkələrin təşəkkülü və ictimai diskursun transformasiyası

Rəqəmsal informasiya mühiti insanların məlumat paylaşdığı, xəbər aldığı və ünsiyyət qurduğu onlayn məkan və texnologiyaların məcmusudur (Van Dijck 2013). Bu ekosistemə internet infrastrukturu, sosial şəbəkələr, mesajlaşma tətbiqləri, xəbər platformaları, axtarış sistemləri ilə yanaşı, dövlət qurumları, texnologiya şirkətləri, fərdi istifadəçilər daxildir (Chadwick 2017). Bu mühitin formalaşmasına onu tənzimləyən qanunlar, kommersiya maraqları, alqoritmlər, siyasi sistem də təsir edir (Van Dijck, Poell və de Waal 2018). Mühit ənənəvi informasiya məkanından onunla fərqlənir ki, burada informasiyanın istehsalı və yayılması daha sürətli baş verir, istifadəçilər həm informasiya istehlakçısı, həm də istehsalçısı kimi çıxış edir. Bununla belə, məlumatların yayılma miqyası alqoritmlərdən, internetə çıxış imkanlarından, hüquqi tənzimləmələrdən asılıdır. Sözügedən alqoritmik mexanizmlərin və interaktiv kommunikasiyanın ən qabarıq şəkildə təzahür etdiyi əsas platformalar sosial şəbəkələrdir. İlk onlayn icmalar çat otaqları, elektron poçtlar ilə formalaşdı və bu platformalar coğrafi məsafələrdən asılı olmayaraq insanların əlaqə qurmasına şərait yaradırdı (Rheingold 1993). Amma müasir sosial şəbəkə platformalarının əsas fərqləndirici xüsusiyyəti istifadəçilərin profillərini, eləcə də paylaşımlarını vahid sistemdə inteqrasiya etməsidir. 1997-ci ildə fəaliyyətə başlayan SixDegrees.com ilk rəsmi sosial şəbəkə platforması hesab olunur və o, istifadəçilərə profil yaratmaq, dost siyahısı formalaşdırmaq, digər istifadəçilərin profilini izləmək imkanı verirdi (Boyd və Ellison 2007). Sonrakı mərhələdə “Friendster” (2002), “MySpace” (2003) və “Facebook” (2004) kimi platformalar sosial şəbəkələrin kütləviləşməsini təmin etdi. 2000-ci illərin ortalarından YouTube kimi video paylaşım platformaları, ardınca isə smartfonlar üzərindən fəaliyyət göstərən mobil tətbiqlər rəqəmsal kommunikasiya vərdişlərini dəyişdi. Bununla sosial şəbəkələr ancaq fərdlərin mesajlaşma vasitəsi kimi qalmadı, xəbər istehsalı, siyasi kampaniyalar, ictimai səfərbərlik, gündəlik informasiya mübadiləsinin əsas platformasına çevrildi. 

Bu təkamül zamanı akademik ədəbiyyatda sosial şəbəkə və sosial media anlayışları arasında konseptual fərqləndirmə zərurəti yarandı. Sosial şəbəkələr (social networks) daha çox fərdlərarası münasibətlərə və sosial əlaqənin qurulmasına fokuslandı. Bu  şəbəkələrin özünün də bir parçası olduğu sosial media (social media) isə kütləvi məzmun istehsalı, yayımı, mübadiləsi kimi aktları əhatə edən daha geniş çətir anlayış olaraq təşəkkül tapdı (Carr və Hayes 2015).

2010-cu illərdə -  xüsusilə 2009-cu il İrandakı “Yaşıl Hərəkat” və 2011-ci il “Ərəb Baharı” dalğası fonunda - akademik və siyasi diskursda sosial mediaya münasibət böyük ölçüdə optimist idi. Media tədqiqatçısı Kley Şirki rəqəmsal texnologiyaların kollektiv fəaliyyətin təşkilini asanlaşdırdığını bildirirdi (Shirky 2011). Müəllif sosial platformaları vətəndaşların təşkilatlanma xərclərini minimuma endirən, koordinasiya imkanlarını artıran demokratik “ictimai sfera” alətləri kimi təsvir edirdi. Sosioloq Filip N. Hovard və rəqəmsal media tədqiqatçısı Muzammil M. Hüseyn isə Ərəb Baharı kontekstində rəqəmsal medianı etiraz dalğalarının və siyasi dəyişikliklərin əsas "sürətləndiricisi" kimi təhlil edirdilər (Howard və Hussain 2013). Onlara görə, rəqəmsal media ictimai narazılıqların yayılmasına, ortaq problemlərin dərk edilməsinə, etirazların təşkilatlanmasına ciddi təsir edirdi.

Rəqəmsal texnologiyaların demokratikləşdirici potensialına dair ilkin optimizm sonradan dəyişdi və tənqidlərlə qarşılaşdı. Sosioloq Zeynəb Tüfəkçi 2017-ci ildə nəşr olunan “Twitter və gözyaşardıcı qaz: Şəbəkələşmiş etirazın gücü və kövrəkliyi” əsərində rəqəmsal şəbəkələrin etirazların sürətlə təşkilatlanmasına şərait yaratdığını, lakin bu sürətin öz-özlüyündə uzunmüddətli siyasi strategiyanın formalaşmasına zəmanət vermədiyini izah edirdi (Tüfekçi 2017). Texnologiya tənqidçisi Yevgeni Morozov 2011-ci ildə nəşr olunan “Şəbəkə xülyası: İnternet azadlığının qaranlıq tərəfi” əsərində sosial platformaların birmənalı demokratikləşmə aləti olmadığını, əksinə, avtoritar rejimlər tərəfindən nəzarət, dezinformasiya, təbliğat və ictimai diqqəti yayındıran vərdişlərin formalaşdırılması üçün effektiv şəkildə mənimsənildiyini vurğulayır (Morozov 2011). Politoloq Seva Qunitsk isə sosial medianın avtokratik rejimlər tərəfindən idarəolunma mexanizmlərini sistemləşdirib (Gunitsky 2015). O göstərir ki, qeyri-demokratik rejimlər hökumətyönlü şəbəkələr yaradır, rəy axınına müdaxilə edir, populyarlığı süni şəkildə formalaşdırır və beləcə, sosial şəbəkələri öz sabitliklərinin alətinə çevirirlər. 

Bunlara əsasən demək olar ki, empirik tədqiqatlar sosial medianın avtoritar rejimlərdəki siyasi təsiri ilə bağlı ortaya vahid nəticə qoymur. Bir tərəfdən müxalif qüvvələrin səfərbərliyini, alternativ informasiya kanallarının fəaliyyətini, kollektiv etirazların təşkilini asanlaşdıra bilər. Digər tərəfdən hakimiyyətin ictimai rəyi izləmək, informasiya axınlarını nəzarətdə saxlamaq imkanlarını genişləndirə bilər. Bu təsirlərin miqyas və istiqaməti siyasi rejimin xüsusiyyətlərindən asılıdır (Rød & Weidmann 2015). 

Sosial medianın siyasi rolunu yalnız istifadəçilərini informasiya paylaşmaq və təşkilatlanmaq imkanları ilə izah etmək kifayət deyil. Rəqəmsal platformaların alqoritmik idarəetmə mexanizmləri, mülkiyyət forması, kommersiya modelləri də ictimai diskursun formalaşmasına təsir göstərir (Van Dijck, Poell və de Waal 2018). Rəqəmsal mühit neytral deyil. Burada hansı informasiyanın daha geniş yayılması iqtisadi, texnoloji, institusional mexanizmlərdən asılıdır. Çünki bu platformalar alternativ fikirlərin yayılmasına, ictimai səfərbərliyə şərait yaradır. Lakin izləyici diqqətinin kommersiya məhsulu kimi çıxış etməsi və iqtisadi fərqlilik informasiya dövriyyəsində assimmetriyalar yarada bilər (Mosco 2009). Tədqiqatçı Seva Qunitsk göstərir ki, azad olmayan rejimlər sosial medianı təkcə məhdudlaşdırmır, həm də ondan müxalif səfərbərliyə qarşı çıxmaq, ictimai münasibələtləri çərçivələmək, ictimai rəyi izləmək üçün istifadə edə bilirlər (Gunitsky 2015). Buna görə də rəqəmsal nəzarəti təhlil edərkən senzura, hökumətyönlü şəbəkələrin fəaliyyəti, informasiya axınlarının manipulyasiyasına təsir edən mexanizmlər də araşdırılmalıdır.

Rəqəmsal avtoritarizm və rəqəmsal nəzarət alətlərinin tipologiyası

Rəqəmsal mühitin təkamülü və avtoritar rejimlərin informasiya axınlarına müdaxilə imkanlarının genişlənməsi akademik ədəbiyyatda “rəqəmsal avtoritarizm” (digital authoritarianism) anlayışının formalaşmasına səbəb oldu. Rəqəmsal avtoritarizm qeyri-demokratik rejimlərin cəmiyyətə nəzarət etmək, ictimai diskursu yönləndirmək, hakimiyyətin sabitliyini təmin etmək məqsədiylə rəqəmsal texnologiyalardan, süni intellektdən, sosial platformalardan məqsədyönlü istifadəsidir (Freedom House 2018). Başqa sözlə, bu anlayış konkret bir texnologiyaya aid edilmir; hüquq, siyasi güc və texnologiya arasındakı əlaqəni təsvir edir. Bu modeldə rəqəmsal texnologiyalar təkcə ənənəvi senzuranın alternativi olmur, həm də dövlətin cəmiyyət üzərində nəzarətini genişləndirən institusional mexanizmdir.

Rəqəmsal avtoritarizmin necə işlədiyini və praktiki tərəflərini görmək üçün əvvəlcə rəqəmsal nəzarət alətlərini müəyyən bir sistemə salmaq lazımdır. Çünki günümüzün avtoritar rejimləri rəqəmsal texnologiyaları sadəcə qadağa və ya bloklama vasitəsi saymır; onları öz strateji maraqlarına uyğun şəkildə sistemə inteqrasiya edirlər (Deibert 2020). Ümumilikdə, bu rəqəmsal nəzarət mexanizmlərini dörd əsas qrupa bölmək olar:

  • Texniki və açıq senzura mexanizmləri. Bu tipologiya informasiyaya çıxışın birbaşa kəsilməsi və ya məhdudlaşdırılmasını əhatə edir. Buraya veb-saytların IP və DNS səviyyəsində bloklanması; böhran anlarında internetin tam və ya lokal olaraq kəsilməsi (internet shutdowns); rəqəmsal platformalara girişin məhdudlaşdırılması daxildir. Bundan savayı, platformalarda açar sözlərlə məzmunun filtrlənməsi və silinməsi də bu mexanizmə aiddir.
  • İnformasiya manipulyasiyası və strateji yayındırma. Bu alət informasiya mühitini “həddindən artıq doyurma” (flooding) məntiqinə söykənir. Avtoritar rejimlərdə alternativi tamamilə yox etmək əvəzinə, informasiya mühitini hökumətyönlü, yayındırıcı və ya ziddiyyətli məlumatlarla doldururlar. Siyasi elmlər üzrə professor Qeri Kinq və həmmüəlliflərinin tədqiqatlarına görə, hökumətyönlü şərhçilər tənqidlə mübahisə etməkdənsə, ictimai diqqəti başqa mövzulara yönəldir (King, Pan və Roberts 2017). Bu nəticə digər rejimlərə mexaniki köçürülə bilməz, mən onu müqayisə çərçivəsi kimi istifadə edirəm. Belə ki, rejimlər ödənişli/könüllü əsaslarla tabe etdirdikləri şərhçilər, xüsusi troll və bot şəbəkələriylə ictimai diqqəti kritik siyasi mövzulardan yayındırmağa üstünlük verirlər. Eyni zamanda, süni ictimai rəy formalaşdırmaq (astroturfing) və rəqibləri gözdən salmaq üçün təbliğat texnikalarından istifadə olunur (Bradshaw və Howard 2018). Bu mexanizmdə məqsəd təkcə yanlış informasiya yaymaq deyil. Həm də müstəqil jurnalistlərin və tənqidçilərin etibarlılığını zəiflətmək, ictimai müzakirəni qütbləşdirmək, alternativ mövqeləri informasiya səs-küyü içərisində görünməz etməkdir.
  • Rəqəmsal müşahidə və izləmə mexanizmləri. Burada casus proqram təminatları, sosial media platformalarında kütləvi məlumatların toplanması, üztanıma texnologiyaları (facial recognition) daxildir (Deibert 2015). Rəqəmsal müşahidə mexanizmləri təkcə fərdləri texniki baxımdan izləməklə məhdudlaşmır; cəmiyyətdə davamlı şübhə, qorxu və nəzarət altında saxlanılma hissi formalaşdıraraq kütləvi özünəsenzuranın bərqərar olmasına xidmət edir (Fuchs 2021).
  • Hüquqi, inzibati və iqtisadi məhdudiyyətlər. Bu tipologiyanın əsasında isə hüquqi çərçivə dayanmaqdadır. Rejimlər daxili təhlükəsizlik, kibertəhlükəsizlik, dezinformasiya adı altında sərt qanunvericilik qəbul edir. Bununla da rəqəmsal mühitdəki ifadə azadlığını hüquqi müstəvidə cəzalandırmaq imkanı yaranır

Bu alətlər ayrı-ayrılıqda mövcud olsa da, onların birgə tətbiqi daha geniş nəzarət sistemi yarada bilər. Siyasi nəzəriyyəçisi Yohannes Gerşevski avtokratik sabitliyin üç əsas sütununu fərqləndirir: legitimasiya, repressiya və kooptasiya (Gerschewski 2013). Sözügedən nəzəri çərçivə rəqəmsal məkana da rahatlıqla tətbiq oluna bilər. Məsələn, internet resurslarının bloklanması, tənqidi məzmunun silinməsi və istifadəçilərin cəzalandırılması birbaşa repressiya mexanizmini təşkil edirsə; hökumətyönlü təbliğat, troll şəbəkələri və ictimai diskursun manipulyasiyası legitimasiya prosesinə xidmət edir.Kooptasiya isə hakimiyyət yönümlü narrativləri yayan bloger, influenser və ictimai təsir imkanına malik digər fiqurların maliyyə vəsaitləri, imtiyazlar və institusional rıçaqlarla sistemə inteqrasiya edilməsində təzahür edir.

Rəqəmsal avtoritarizm üzrə tədqiqatçı Stiven Feldştayn qeyd edir ki, rəqəmsal repressiya mexanizmləri müxtəlif siyasi rejimlərdə fərqli trayektoriyalar üzrə formalaşır (Feldstein 2021). Eyni texnoloji imkanlara malik olmaq dövlətlərin eyni nəzarət modelini tətbiq etməsi anlamına gəlmir; bu seçimi siyasi rejimin xarakteri, institusional imkanları və beynəlxalq iqtisadi əlaqələri müəyyənləşdirir (Feldstein 2021). Bununla belə,rəqəmsal nəzarətin ən həlledici tərəflərindən biri vətəndaşlar üzərində formalaşdırılan psixoloji təsirdir. Elizabet Noelle-Noymanın “susqunluq spiralı” nəzəriyyəsində əsaslandırıldığı kimi, fərdlər sosial təcrid və azlıqda qalmaq qorxusu ilə susduqca alternativ və tənqidi baxışlar ictimai sferadan tədricən sıxışdırılıb çıxarılır (Noelle-Neumann 1974). Conatan Penni və Elizabet Stoyçeffin empirik tədqiqatları göstərir ki, insanların kütləvi izlənmə barədə məlumatlı olması onların onlayn davranışına təsir edir. İzlənildiyini düşünən istifadəçilər bəzi fikirlərini ifadə etməkdən və müəyyən mövzular barədə açıq danışmaqdan çəkinə bilirlər. Bu, çəkindirici effekt (chilling effect) adlanır. Beləliklə, rəqəmsal nəzarətin təsiri yalnız faktiki izləmənin miqyası ilə məhdudlaşmır. İnsanların izlənilmə ehtimalı barədə nə düşündüyü də bu prosesdə mühüm rol oynayır (Penney 2016; Stoycheff 2016). Hər iki tədqiqatın ABŞ-də NSA ifşalarından sonra aparıldığını nəzərə almaq vacibdir. Buna görə də onların nəticələrini Azərbaycandakı vəziyyətin birbaşa empirik sübutu kimi deyil, mövzunu təhlil etmək üçün nəzəri çərçivə kimi götürmək daha doğrudur. Avtoritar mühitdə hüquqi və fiziki təzyiq riskləri daha yüksək olduğundan, bu çəkindirici effektin daha güclü olması mümkündür. Ancaq Azərbaycanda bu təsiri ölçən yerli empirik tədqiqatların olmaması belə bir nəticəni hələlik nəzəri mülahizə səviyyəsində saxlamağı tələb edir.

İzlənilmək ehtimalı ilə bağlı yaranan narahatlıq insanların öz fikirlərini ifadə etməsinə də təsir göstərir. Bu, özünəsenzura şəklində ortaya çıxır. Özünəsenzura fərdin fikrini ifadə etmək hüququ və istəyi olduğu halda, fiziki, hüquqi, sosial və ya iqtisadi təzyiqlə üzləşəcəyindən ehtiyat edərək həmin fikri ictimaiyyətə çatdırmaqdan könüllü şəkildə imtina etməsidir (Bar-Tal 2017). Qeyri-müəyyən hüquqi normalar, işini itirmək ehtimalı, ailə üzvlərinə qarşı təzyiqlər və əvvəlki siyasi həbslərin yaratdığı qorxu insanların rəqəmsal məkandakı davranışına təsir edir (Penney 2016; Freedom House 2018). Beləliklə, rəqəmsal avtoritarizmin təsiri yalnız açıq tənqidçilərin susdurulması ilə məhdudlaşmır. Bu mühit vətəndaşların siyasi iştirakını da zəiflədir. Həmçinin, onları ictimai təşəbbüslərdən uzaqlaşdırır və nəticədə kütləvi apatiyanı gücləndirir.

Rəqəmsal məkanda yaranan bu passivliyi izah etmək üçün Antonio Qramşinin hegemonluq nəzəriyyəsinə müraciət etmək olar (Gramsci 1971). Qramşiyə görə, hakimiyyət yalnız məhkəmə, polis və ordu kimi repressiv dövlət qurumlarının fəaliyyəti hesabına qorunmur. Onun davamlılığı üçün cəmiyyətin mövcud siyasi və sosial nizamı təbii, hətta qaçılmaz qəbul etməsi də vacibdir. Qramşinin hegemonluq konsepsiyasına görə, hakimiyyət yalnız məcburiyyətlə deyil, həm də cəmiyyətin passiv və ya aktiv razılığı üzərində bərqərar olur və mövqelərini möhkəmləndirir. Rəqəmsal mühitdə də oxşar mexanizm işləyir. Burada nəzarət yalnız tənqidi məzmunun qarşısının alınmasından ibarət deyil. Hakimiyyətin narrativlərinin ön plana çıxarılması, alternativ mövzuların ictimai müzakirədən kənarda qalması və özünəsenzuranın adi davranışa çevrilməsi də informasiya üzərində hegemonluğun qorunmasına xidmət edir. Bu nəzarət və legitimləşdirmə mexanizmləri müxtəlif ölkələrdə eyni formada işləmir. O, yerli siyasi və ictimai şəraitə uyğun dəyişir. Azərbaycan nümunəsində isə hüquqi məhdudiyyətlər, texniki infrastruktur üzərində inhisar və informasiya diskursuna nəzarət bir araya gələrək postsovet məkanına xas rəqəmsal avtoritarizm modelini formalaşdırır.

Azərbaycanda rəqəmsal ekosistemin təşəkkülü və siyasi mühit

Beynəlxalq insan hüquqları təşkilatı Freedom House-un 2025-ci il hesabatında Azərbaycan interneti qeyri-azad sayılan ölkələrlə eyni sıradadır. Təşkilatın  "Qlobal internetin qeyri-müəyyən gələcəyi" adlı hesabatında ölkəyə verilən 34 ümumi bal üç əsas komponent üzrə aşağıdakı kimi paylanıb (Freedom House 2025):

  • Girişə maneələr: 25 baldan 12 bal;
  • Məzmun məhdudiyyətləri: 35 baldan 13 bal;
  • İstifadəçi hüquqlarının pozulması: 40 baldan 9 bal.

Azərbaycan üzrə ən zəif nəticə isə “onlayn fəaliyyətə görə fərdlərin cəzalandırılması” kateqoriyasında qeydə alınıb. Həmin hesabatda göstərilir ki, 2023-cü ilin noyabrından başlayan təzyiq dalğası çərçivəsində onlayn mediada çalışan 25 jurnalist və media işçisi həbs edilib. Eyni hesabatda “Sosial media bloklanıb?” sualına cavab “xeyr” göstərilib. Bu, əslində, Azərbaycan modelinin açar xüsusiyyətini göstərir: Qlobal platformalar ölkədə əsasən əlçatandır, amma onların istifadəsi zamanı hüquqi və fiziki risklər də yüksəkdir.

Avtoritar hakimiyyətin tətbiq etdiyi nəzarət mexanizmlərinin təhlilinə keçiddən öncə, Azərbaycan rəqəmsal mühitin hansı tarixi mərhələlərdən keçərək kütləviləşdiyini və ictimai-siyasi məkana çevrildiyini nəzərdən keçirmək zəruridir.

Azərbaycanda rəqəmsal mühitin formalaşması 1990-ci illərin ortalarına təsadüf edir (RİNN 2021). Bu dövrdə internet infrastrukturunun inkişafı və beynəlxalq informasiya şəbəkələrinə çıxış imkanı yarandı. İlkin mərhələdə rəqəmsal mühit texniki məhdudiyyətlər, yüksək qiymət və aşağı sürət səbəbindən dar bir fərdi və institusional qrup üçün əl çatan idi. İnternetdən istifadə əsasən təhsil müəssisələri, dövlət qurumları və təşkilatlar üçün çatımlı hesab edilirdi (Azərbaycan Respublikası Prezidenti 2005). Bu dövrdə ilk onlayn interaktiv icmalar əsasən internet klublar, onlayn forumlar (Bakılılar və s.) və çat otaqları üzərində formalaşmışdı. Sözügedən platformalar siyasi mobilizasiya aləti olmaqdan daha çox, coğrafi sərhədləri aşan fərdlərarası ünsiyyət kanalları kimi çıxış edirdi. 2000-ci illərin ortalarından etibarən bloq platformaları da fikir və azad sözün əsas sığınacaqlarından idi. 2010-cu ildən başlayaraq Facebook, YouTube və digər rəqəmsal platformalar da Azərbaycanda geniş yayıldı; siyasi müzakirələrin, vətəndaş fəallığının və tənqidi jurnalistikanın mühüm kanalları kimi çıxış etdi (Pearce & Ford 2013). Azərbaycanda, xüsusilə, 2010-cu illərin başlanğıcı - “Yaşıl Hərəkat” və “Ərəb Baharı” dalğası dövrü Facebook platformasının kütləviləşməsi ilə səciyyələnir. Bu dövrdə Facebook təkcə fərdlərarası şəbəkə deyildi, həm də ənənəvi medianı əvəz edən əsas siyasi səfərbərlik meydanı hesab olunurdu. 2010-cu il parlament seçkiləri zamanı internet Azərbaycanda siyasi kommunikasiya və seçki kampaniyaları üçün əhəmiyyətli vasitələrdən birinə çevrilmişdi. Müstəqil qruplar, müxalifət siyasətçiləri və siyasi birliklər Facebook vasitəsilə kampaniya mesajlarını, proqramlarını və mövqelərini yayır, seçiciləri seçki prosesi barədə məlumatlandırırdılar. YouTube və bloqlar isə ənənəvi mediada kifayət qədər təmsil olunmayan qruplara alternativ siyasi baxışları ifadə etmək imkanı yaradırdı (Gojayev 2011).

2011-ci ilin yazında “Ərəb Baharı” dalğasının təsiri ilə Azərbaycanda gənclərin demokratik tələblərlə keçirdiyi aksiyalar və 2013-cü ildə orduda qeyri-döyüş şəraitində baş verən əsgər ölümlərinə etiraz olaraq təşkil edilən yürüşlər sosial medianın siyasi səfərbərlik və kollektiv etirazların təşkilindəki rolunu nümayiş etdirdi. 2011-ci il aksiyalarında gənclər sosial media vasitəsilə daha geniş auditoriyaya müraciət edir, 2013-cü ildə isə “Stop Soldier Deaths” Facebook səhifəsi vasitəsilə etiraz aksiyasına çağırış edilirdi (Amnesty International 2011; Sultanova 2013).

Paralel olaraq, ölkə daxilindəki müstəqil medialar öz xəbər istehsalını və auditoriya ilə ünsiyyətini Facebook və Youtube üzərinə köçürdü. Dünya Bankının məlumatlarına əsasən, Azərbaycanda internet istifadəçilərinin əhali içərisində payı 2008-ci ildə təqribən 17% olduğu halda, 2013-cü ildə 73 faizə çatıb (World Bank 2014).

Buna baxmayaraq, bu inkişaf rəqəmsal məkanın demokratikləşməyə töhfəsi iddiaları ilə hakimiyyətin nəzarət maraqları arasındakı ziddiyəti ortaya çıxardı. ABŞ Dövlət Departamentinin 2009-cu il üzrə hesabatında Azərbaycanda internetə genişmiqyaslı ümumi məhdudiyyətlər tətbiq edilməsə də, müəyyən siyasi məzmunlu resurslara qarşı müdaxilələrin müşahidə olunduğu bəhs edilirdi (U.S. Department of State 2010).  Post-Sovet məkanında və avtoritar ölkələrdə rəqəmsal media üzrə tədqiqatlar aparan Keti Pirsin “Azərbaycanda şəbəkələşmiş avtoritarizm və sosial media” adlı məqaləsi göstərir ki, sosial şəbəkələrin yayılması avtomatik olaraq siyasi liberallaşma ilə nəticələnməyib (Pearce 2012). Bu nəzəri çərçivənin ilk kəskin praktiki təzahürü 2009-cu ildə blogerlər Emin Milli və Adnan Hacızadənin həbsi idi. Onların həbsi onlayn fəaliyyətə görə cinayət təqibinin geniş əks-səda doğuran ilk nümunələrindən idi (Freedom House 2011). Gənc bloqçular həbslərindən bir qədər əvvəl “Eşşəyin mətbuat konfransı” adlı satirik video-rolik paylaşmışdı. Qısa müddətdə viral olan videoda dövlətin büdcə vəsaitləri hesabına Almaniyadan gətirilən baha qiymətli eşşəklər satira hədəfinə alınmışdı (Pearce & Ford 2013). 2011-ci ildə aktivist Bəxtiyar Hacıyevin sosial şəbəkələrdə təşviq etdiyi etirazlarla əlaqəli saxlanıldı və daha sonra hərbi xidmətdən yayınma ittihamı ilə həbsə məhkum edildi. Hacıyevin bu həbsi sosial medianın tənqidə görə təqib mexanizmi ilə əlaqələndirilməsi baxımından erkən nümunələrdən biri hesab edilir (Human Rights Watch 2012).

Keti Pirs 2009-2012-ci illəri əhatə edən tədqiqatında göstərir ki, həmin dövrdə hökumətyönlü media sosial şəbəkələri ailə institutlarına zərbə vurması və psixoloji problemlərə səbəb olması haqda təbliğat aparırdı (Pearce & Kendzior 2012).

Azərbaycanda rəqəmsal məkanın hüquqi tənzimlənməsinin ilkin bazasını 1998-ci ildə qəbul edilmiş “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun təşkil edir (Azərbaycan Respublikasının Qanunu 1998). Bu qanun ilkin dövrdə informasiya mühitinin tənzimlənməsində yalnız baza rolunu oynayırdı. Texnologiyaların kütləviləşməsi və internet şəbəkələrinin genişlənməsi isə qanunvericilik bazasının şaxələnməsinə, yeni hüquqi kateqoriyaların və nəzarət mexanizmlərinin formalaşmasına zəmin yaratdı. Bununla belə, bu dövrdəki bütün addımları birbaşa senzura tədbiri kimi səciyyələndirmək dəqiq olmazdı; 2000–2010-cu illər aralığında qəbul edilmiş elektron xidmətlər və telekommunikasiya yönümlü normativ aktlar birbaşa məzmun nəzarətindən daha çox sahənin inzibati və texniki infrastrukturunun tənzimlənməsinə xidmət edirdi (Freedom House 2011).

2013-cü ilin mayında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə edilən dəyişikliklərlə bu əməllərə görə cinayət məsuliyyətinin tətbiq dairəsi genişləndirildi. Dəyişiklik nəticəsində böhtan və təhqir xarakterli məlumatların kütləvi informasiya vasitələri ilə yanaşı, internet informasiya ehtiyatlarında da kütləvi nümayiş etdirilməsi cinayət məsuliyyətinin predmeti oldu. Beləliklə, qanunda nəzərdə tutulan böhtan və təhqir əməlləri internetdə, o cümlədən sosial şəbəkələrdə törədildikdə də cinayət təqibinə səbəb ola bilərdi (Azərbaycan Respublikası 2013; Amnesty International, 2013).

Bu addım dövlətin rəqəmsal məkanda siyasi tənqid və fəallığı rəsmi olaraq kriminallaşdırılması kimi qiymətləndirilir. 2013-cü ildə müəyyən edilmiş bu hüquqi məhdudiyyətlər sonrakı illərdə zəifləmədi, əksinə, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2016-cı il 29 noyabr tarixli Qanunla daha da institusionallaşdırıldı. 2016-cı il 29 noyabr tarixli dəyişikliklə Cinayət Məcəlləsinə 148-1-ci maddə əlavə edildi. Maddə internet informasiya ehtiyatında saxta istifadəçi adı, profil və ya hesabdan istifadə etməklə böhtan və təhqirə görə cinayət məsuliyyəti müəyyənləşdirdi. Bu dəyişiklik anonimlikdən istifadə edərək böhtan və təhqir xarakterli məlumatların yayılması ilə bağlı hüquqi riskləri artırdı (Azərbaycan Respublikasının Qanunu 2016).

Rəqəmsal məkanda nəzarətin dərinləşməsi: Qanunvericilik sərtləşmələrindən texniki bloklamalara (2014–2020)

2010-ci illərin ikinci yarısından başlayaraq nəzarət mexanizmləri daha sistemli xarakter aldı. 2014-cü ildən başlayaraq Azərbaycanda müstəqil media və vətəndaş cəmiyyətinə yönəlmiş gemişmiqyaslı hüquqi məhdudiyyətlər və represiyya rəqəmsal məkana da sıçradı. 

Human Rights Watch (HRW) təşkilatının 2014-cü ilə aid sənədlərində Azərbaycanda sosial media fəallarına qarşı siyasi motivli cinayət təqibləri ətraflı əksini tapıb. Facebook-da "Yaltaqlara dur deyək!" və "Seçki saxtakarlığı" səhifələrini idarə edən və seçki proseslərinə dair tənqidi məzmun paylaşan Əbdül Əbilov 2013-cü ildə saxlanılıb və narkotik ittihamı ilə azadlıqdan məhrum edilib. Təşkilat fəalın vəkilinə istinadla bildirib ki, istintaq zamanı qoyulan suallar sosial şəbəkədəki paylaşımları ilə də bağlı olub (Human Rights Watch 2014). Analoji ssenari üzrə Facebook-da "AzTV-dən seçmələr" səhifəsinin inzibatçısı Ömər Məmmədov 2014-cü ilin yanvarında saxlanılaraq 5 il həbs cəzasına məhkum edilib. Onun admini olduğu səhifə AzTV-ni tənqid etməklə yanaşı, orada polis davranışları, korrupsiya barədə satira və tənqidi yazılar yer alıb. Təsadüfi deyil ki, Məmmədovun həbsindən iki gün əvvəl  polis onun kompüterini müsadirə edib və ondan Facebook səhifəsini bağlamağı tələb etmişdi (Human Rights Watch 2014).

2015-ci ilin sonundan 2016-cı ilin əvvəlinə qədər manatın devalvasiyası, qiymət artımları, işsizliklə bağlı narazılıq fonunda siyasi və sosial media fəallarının saxlanması məlumatları yayılıb. Human Rights Watch-un 2016-cı il hesabatında Azərbaycanın iqtisadi siyasətini və korrupsiya iddialarını Facebook-da tənqid edən şəxsləri polisin sorğu-sual etməsi hallarını sənədləşdirib (Human Rights Watch 2017). Məsələn, Məsud Rzalı 2016-cı ilin avqustunda Facebook-da siyasi təqiblər və korrupsiya haqda paylaşımlarından sonra polis sorğusuna məruz qalıb, ardınca da 30 günlük inzibati həbsə məhkum edilib (Amerikanın səsi 2016).

2017-ci ilin martında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilən dəyişikliklər internetdə yayılması qadağan edilən məlumatlarla bağlı dövlət müdaxiləsini genişləndirdi (Azərtac 2017). Dəyişikliklərə əsasən, dövlət orqanları müəyyən şərtlər daxilində internet saytının sahibindən qadağan olunmuş hesab edilən məlumatın silinməsini tələb edə, bu tələbə əməl edilmədikdə isə sayta girişin məhdudlaşdırılması prosedurunu başlada bilərdi (Freedom House 2018). Bu hüquqi mexanizm qısa müddət sonra praktikada tətbiq edildi. 2017-ci ilin mayında AzadlıqRadiosu, Azadlıq qəzeti, Meydan TV, Turan TV və Azərbaycan saatı kimi müstəqil media resurslarının saytlarına giriş məhdudlaşdırıldı (Freedom House 2018). Azərbaycan hakimiyyəti bu addımları qanunvericiliyin tələbləri ilə əsaslandırsa da, beynəlxalq təşkilatlar tənqidi informasiya mənbələrinin hədəf alındığını vurğulayırdı (Human Rights Watch 2018). Qanunun özü də ayrıca tənqidlərə tuş gəldi. Qanunla terrorçuluğun təbliği və maliyyələşdirilməsi, zorakılıq və dini ekstremizmə çağırışlar, milli, irqi və dini nifrətin qızışdırılması, dövlət sirri, intihara təşviq, böhtan, təhqir və şəxsi həyata müdaxilə də daxil olmaqla geniş məhdudiyyətlər müəyyən edirdi (AzərTAc 2017). Bu kateqoriyaların bir hissəsi legitim məqsədlərlə əlaqələndirilə bilər. Lakin onların tətbiqində hüquqi müəyyənlik və müstəqil məhkəmə nəzarəti vacibdir. Freedom house hesabatında yazıb ki, normada yer alan “dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına qəsd” kimi mücərrəd ifadələr istənilən siyasi tənqidi asanlıqla qadağan olunmuş məzmun siyahısına daxil etmək imkanı yaradırdı (Freedom House 2018). Freedom House-un hesabatında da göstərilir ki, qanunlar sərtləşdirildikcə onlayn fikirlərinə görə həbs edilən, təzyiq və kiber-hücumlarla qarşılaşan insanların sayı da paralel olaraq artıb (Freedom House 2017).

2018-2019-cu illərdə də onlayn media resurslarına qarşı bloklamalar davam etdi. Freedom House-un məlumatına görə, 2018-ci ildə Bastainfo.com, Criminal.az, Topxeber.az və Fia.az saytlarına giriş məhdudlaşdırıldı (Freedom House 2019). Həmin dövrdə bəzi media qurumlarının materialları ilə bağlı cinayət işlərinin açılması və jurnalistlərin təqib edilməsi rəqəmsal senzuranın geniş siyasi-hüquqi müstəvidə fəaliyyət göstərdiyini ortaya qoyurdu. Bu mənada saytların bloklanması tənqidi jurnalistikanın fəaliyyət imkanlarını daraldan ümumi məhdudiyyətlər sisteminin bir hissəsi kimi də nəzərdən keçirilməlidir.

Hüquqi baza sərtləşdirildikdən sonra nəzarət mexanizmləri təkcə xəbər saytlarının bloklanması isə bitmədi. Proses fərdi ifadə azadlığının və sosial şəbəkə fəallarının hədəf alınması ilə davam edirdi. Xüsusilə sosial şəbəkələrdə hakimiyyəti tənqid edən müxalif fəalları və jurnalistləri susdurmaq üçün iki ana üsuldan geniş istifadə olunmağa başladı: 

  • Kütləvi şikayət mexanizmi: Mütəşəkkil troll şəbəkələri və saxta profillər tənqidçilərin hesablarını və ya paylaşımlarını platforma qaydalarını guya pozduğunu iddia edərək kütləvi şikayət (mass-reporting) edirdilər. Nəticədə platformanın alqoritmləri bu profilləri müvəqqəti və ya həmişəlik bloklayırdı (Freedom House 2019).
  • Sistemli trol hücumu: Müstəqil mediaların paylaşımlarına və ya siyasi fəalların postlarının altına yüzlərlə koordinasiya olunmuş təhqiramiz, çaşdırıcı və ya hökumətyönlü rəylər yazılırdı. Bu, ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyırdı (Freedom House 2019).

Bununla yanaşı, müstəqil media qurumları bloklamalarla mübarizə üçün "güzgü saytlar" (mirror sites) yaratdıqda, dövlət qurumları yeni domenləri də operativ şəkildə əngəlləyirdi. Sosial şəbəkələrdə geniş auditoriyası olanların profillərinə kiberhücumlar, fişinq cəhdləri edilir; şəxsi yazışmaları sızdırılır və onlayn fəallıqlara görə uydurma inzibati/cinayət ittihamları ilə cəzalandırılırdı (Freedom House 2019).

Azərbaycanda xarici internetə çıxış cəmi iki şirkətin – Delta Telecom və AzerTelecom-un əlində cəmləşib. Delta Telecom uzun illər ölkənin əsas internet magistralına və ilkin internet mübadilə mərkəzinə (IXP) nəzarət edən əsas operator olub. Digər tərəfdən, ölkənin böyük mobil operatorlarının ölkə rəhbərliyi ilə bağlılığı jurnalist araşdırmalarında sübut olunub; məsələn, ən böyük operator olan Azercell 2018-ci ildə rəsmən dövlətin mülkiyyətinə keçib (OCCRP 2018). İnternet sahəsindəki bu mərkəzləşmiş sistem hökumətə istədiyi vaxt saytları bloklamaq və ya interneti məhdudlaşdırmaq üçün rahat imkan yaradır.

ABŞ Dövlət Departamentinin 2019-cu il üzrə hesabatında müstəqil saytların bloklanması, tənqidi paylaşımlara görə cəzalar,  paylaşımların silinməsinə məcburetmə, jurnalistlərə təhdidlər və sosial media hesablarına müdaxilə haqda məlumatlar yer alır (U.S. Department of State 2020). Həmin hesabatda AXCP sədri Əli Kərimlinin Facebook səhifəsinə müdaxilə, eləcə də jurnalist Sevinc Osmanqızının canlı yayımlarını dayandırması üçün təhdid edildiyinə dair açıqlaması qeyd olunur. Təhlil edilən keyslər sübut edir ki, rəqəmsal təzyiq sadəcə rəsmi bloklamalardan ibarət deyil; o, birbaşa kibermüdaxilələr və psixoloji basqı mexanizmləri üzərində qurulmuş sistemli nəzarət strategiyasının tərkib hissəsidir (U.S. Department of State 2020). Belə müdaxilələrin siyasi təsiri yalnız həmin gün yayılan məzmunun itirilməsi ilə ölçülmür. Hesabın ələ keçirilməsi jurnalistin mənbələrlə yazışmasını, əvvəlki və gələcək işlərini riskə ata bilir.

2020-ci il Azərbaycanın rəqəmsal azadlıq tarixində əhəmiyyətli yer tutur. Həmin ilin martında informasiya qanunvericiliyinə edilən dəyişikliklər nəticəsində vətəndaşların həyat və sağlamlığına, əmlaka ziyan vurmaq riski daşıyan və ya ictimai təhlükəsizliyi kütləvi şəkildə pozma təhlükəsi yaradan məlumatlar qadağan olunan informasiyalara daxil edildi (Azərbaycan Respublikasının Milli Məclisi 2020). Bu dəyişiklik COVID-19 pandemiyasının ilk mərhələsində qəbul olundu. Pandemiya zamanı yanlış məlumatlar real ictimai sağlamlıq riski yarada bilərdi, bununla belə “yalan məlumat” anlayışının necə müəyyənləşməsi və tətbiqi ifadə azadlığı baxımından əhəmiyyətlidir. Lakin qeyri-müəyyən və geniş şərhə açıq ifadələr dövlət orqanlarına rəqəmsal platformalarda informasiya axınını və alternativ narrativləri “ictimai təhlükəsizlik” bəhanəsilə operativ şəkildə məhdudlaşdırmaq üçün geniş səlahiyyətlər tanıdı. 

Bir neçə ay sonra - sentyabrda Ermənistan və Azərbaycan arasında başlayan genişmiqyaslı hərbi əməliyyatlar zamanı dövlət internetə çıxışı əhəmiyyətli dərəcədə zəiflətdi. Ona görə də 2020-ci il İkinci Qarabağ müharibəsi dövründə rəqəmsal mühitə dövlət nəzarəti özünün ən kəskin texnoloji müstəvisinə çatdı (Freedom House 2021). Hərbi əməliyyatların gedişində informasiya təhlükəsizliyi və əməliyyat məxfiliyi səbəb göstərilərək Facebook, WhatsApp, Instagram, YouTube, TikTok, LinkedIn, Twitter, Zoom və Skype kimi aparıcı sosial media platformalarına çıxış 46 gün kütləvi şəkildə məhdudlaşdırıldı. Hərbi əməliyyatlar çərçivəsində təhlükəsizlik və hərbi məlumatların qorunması legitim dövlət məqsədləri ola bilər. Lakin bu, yalnız hərbi sirrin yayılmasın deyil, jurnalistlərin və vətəndaşların fərqli mənbələrdən məlumat əldə etməsinə də təsir göstərə bilər. Freedom House-un hesabatında göstərilir ki, bu dövrdə mobil və sabit internet bağlantısının sürəti azaldıldı. Bu da nəinki jurnalistlərin hadisələri sənədləşdirməsini, eləcə də vətəndaşların informasiya mübadiləsini, ailə üzvləri ilə əlaqə saxlamasını və siyasi qüvvələrin təşkilatlanmasını çətinləşdirdi (Freedom House 2021). Bu, hesabatda Azərbaycan üzrə həmin vaxta qədər ən uzun internet məhdudiyyəti kimi qeydə alındı.

Bu ümumi bloklama fonunda Azərbaycan cəmiyyətində rəqəmsal senzuradan yayınma təcrübələri kütləviləşdi.İnformasiyaya çıxış və təhlükəsiz ünsiyyət məqsədilə VPN texnologiyaları, “Tor” anonimlik şəbəkəsi və digər dolama alətlər gündəlik istifadə vərdişinə çevrildi (OONI 2021; Freedom House 2021). Lakin dövlət infrastrukturu da bu meyillərə operativ reaksiya verdi. Magistral internet operatorlarının və provayderlərin infrastrukturunda Dərin Paket Yoxlaması (DPI) sistemlərinin — o cümlədən beynəlxalq hesabatlarda adı keçən “Sandvine” tipli texnologiyaların — tətbiqi ilə həm platformalarda trafikin sürəti daraldıldı (throttling), həm də “Psiphon” və “Tor” kimi populyar dolama vasitələrinin əlaqə nöqtələri məhdudlaşdırıldı (Qurium 2019; OONI 2021). Beləliklə, istifadəçilərlə dövlət arasında davamlı rəqəmsal “siçan-pişik” oyunu yarandı və hakimiyyət texnoloji infrastruktura mərkəzləşdirilmiş nəzarəti daha da möhkəmləndirdi (Feldstein 2021; Freedom House 2021).

2020-ci ildə müharibə və pandemiya dövründə məhdudiyyətlər ilə yanaşı, tənqidçilərin rəqəmsal tənqidi fəaliyyəti də hədəf alındı. ABŞ Dövlət Departamentinin hesabatlarında fəalların polis tərəfindən sorğu-sual edilməsi, fiziki zorakılıq hədəsi altında tənqidi Facebook paylaşımlarını silməyə məcbur edilməsi və vətəndaş cəmiyyəti nümayəndələrinin rəqəmsal ünsiyyətinin izlənildiyinə dair narahatlıqlar yer alıb  (U.S. Department of State 2021). Koronavirus ilə bağlı paylaşımlarına görə fəallar və jurnalistlər dəfələrlə polis bölmələrinə çağırılıb, tənqidi paylaşımları sildirilib. Xüsusən, hakimiyyət İkinci Qarabağ müharibəsi zamanı müharibə əleyhinə yazanları rəqəmsal izləməyə almışdı. Məsələn, keçmiş vicdan məhbusu Qiyas İbrahimli Facebook-da yazdığı tənqidi və müharibə əleyhinə statuslara görə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb sorğu-sual edilmişdi (OC Media 2020). Bu dinamika göstərir ki, Azərbaycanda rəqəmsal avtoritarizm strategiyası milli təhlükəsizlik ritorikası altında alternativ sülh diskursunu tamamilə sıradan çıxarmağa hədəflənmişdi.

Bununla yanaşı, tənqidi paylaşımların silinməsinə məcburetmə rəqəmsal repressiyanın spesifik forması kimi çıxış edir. Burada dövlət və ya aidiyyəti strukturlar təkcə mövcud məzmunu sıradan çıxarmaqla kifayətlənmir, həm də istifadəçinin gələcək davranış modelinə və nəyi paylaşıb-paylaşmayacağına dair qərarlarına birbaşa təsir göstərir. Bu isə rəqəmsal mühitdə özünəsenzura mexanizminin ən bariz formalaşma üsullarından biridir.

Yekun olaraq, 2014–2020-ci illər mərhələsi Azərbaycanda rəqəmsal mühitin institusional nəzarət altına alınmasının əsas bünövrəsini qoydu. Bu dövr həm rəqəmsal məkanda özünəsenzura vərdişlərini dərinləşdirdi, həm də hakimiyyətin siyasətinə yönələn ictimai tənqidləri yüksək riskli mövzular kateqoriyasına daxil etdi.

Post-müharibə dövründə rəqəmsal avtoritarizmin yeni mərhələsi (2021–2024-cü illər)

İkinci Qarabağ Müharibəsindən sonrakı dövrdə siyasi hakimiyyət formalaşan "qələbə narrativi" fonunda özünün avtoritar rıçaqlarını daha da gücləndirdi. 2020-ci il həm də informasiya hegemonluğunun bərqərar olunmasına yönələn yeni mərhələnin başlanğıcı oldu. Post-müharibə reallığında "milli təhlükəsizlik" və "suverenlik" anlayışları ön plana çıxarılaraq rəqəmsal məkana müdaxilə və nəzarət mexanizmləri sistemli xarakter aldı.

Onlayn məkanın nəzarətə götürülməsində ən köklü addım 2021-ci ilin dekabrında Milli Məclis tərəfindən qəbul edilən “Media haqqında” Qanun oldu (Azərbaycan Respublikası 2022). Bu qanun ənənəvi çap mətbuatı ilə yanaşı, onlayn media resurslarını və jurnalistləri sərt lisenziyalaşdırma və vahid dövlət nəzarəti mexanizminə tabe etdi. Qanunla təsis edilən Media Reyestri yalnız dövlətin müəyyənləşdirdiyi meyarlara cavab verən subyektlərə "rəsmi media" statusu tanıdı ki, bu da onlayn mediada alternativ səslərin hüquqi müstəvidən təcrid olunması üçün mühüm institusional alətə çevrildi (Freedom House 2023). Bu tənzimləmə mexanizmi dövlətin inzibati rıçaqlarla məzmun yaradıcılarına müəyyən qaydalar təlqin etməsini əsaslandıran nəzəri yanaşmalarla uzlaşmaqdadır (Van Dijck, Poell & de Waal 2018).

Dövlətin internetə müdaxiləsi yalnız saytları bütövlükdə bloklamaqla bitmirdi. Qanunvericiliyə hələ 2017-ci ildə edilən dəyişikliklərlə gətirilən “resursun müvafiq hissəsinə girişin məhdudlaşdırılması” qaydası konkret məzmunun filtrlənməsinə hüquqi yol açdı (Azərbaycan Respublikasının Qanunu 2017). 2022-ci ildə kritik informasiya infrastrukturu və kibertəhlükəsizliklə bağlı təsdiqlənən yeni qaydalar isə dövlətin internet məkanındakı nəzarət rıçaqlarını institusional baxımdan daha da gücləndirdi (Azərbaycan Respublikası Prezidenti 2022). Rəsmi tərəf bu addımı strateji sistemlərin qorunması ilə əsaslandırdı. Lakin təhlükəsizlik qurumlarına verilən geniş səlahiyyətlər üzərində heç bir müstəqil ictimai və ya məhkəmə nəzarətinin olmaması vətəndaşların rəqəmsal məxfiliyi və ifadə azadlığı üçün ciddi risklər yaradır (Freedom House 2023).

2022-ci ilin sentyabrında Dövlət Təhlükəsizliyi Xidməti hərbi əməliyyatlarla əlaqəli məlumatların yayılmasının qarşısını almaq bəhanəsi ilə TikTok platformasını müvəqqəti məhdudlaşdırdı (Freedom House 2023). 2023-cü il sentyabrın 19-da başlanan hərbi əməliyyatlar fonunda isə platformaya giriş yenidən bloklandı və bu məhdudiyyət oktyabr ayının sonunadək davam etdi. Eyni dövrdə Füzuli rayonunda internet sürətinin zəiflədilməsi faktları da qeydə alındı (Freedom House 2024b). Oxşar qadağalar dövlətin istənilən böhran anında istənilən qlobal platformanı təcrid etmək gücünü nümayiş etdirir. Bununla yanaşı, böhran vaxtı informasiya axınına nəzarət strategiyasının da təməlini təşkil edir.

Eyni dövrdə sosial şəbəkələrdə tənqidi mövqelər bildirən fəalların həbsi və məhkum edilməsi halları da davam edirdi. 2022-ci ilin sentyabrında keçmiş “Demokratiya 18” gənclər hərəkatının sədri Əhməd Məmmədli sosial şəbəkədə Prezident İlham Əliyevi tənqid etdikdən qısa müddət sonra 30 günlük həbs edildi. Rəsmi ittihamda polisin qanuni tələbinə tabe olmamaq göstərilsə də, beynəlxalq hesabatlar bunu rəqəmsal repressiyanın da davamı kimi sənədləşdirdi (U.S. Department of State 2023).

ABŞ Dövlət Departamentinin 2023-cü il üzrə hesabatında göstərilib ki, sosial mediada tənqidi post yazan bəzi fəallar polisə çağırılıb, polis onlara həmin paylaşımı göstərib və oxşar davranışların gələcəkdə uzunmüddətli həbsə səbəb ola biləcəyi haqda xəbərdarlıq edib (U.S. Department of State 2024). Hətta tənqidi paylaşımları bəyənənlər də birbaşa və ya dolayı təhdidlə üzləşib.

Rəqəmsal məkanda ifadə azadlığına qarşı təzyiqlər onlayn video platformalar və internet televiziya proqramlarındakı tənqidi çıxışları əhatə edəcək şəkildə genişləndi. 2023-cü ilin avqustunda “Hürriyyət TV” YouTube kanalında yayımlanan proqramda Müdafiə Nazirliyindəki korrupsiya iddialarını səsləndirdikdən dərhal sonra “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov və verilişin qonağı, ehtiyatda olan polkovnik Elnur Məmmədov saxlanıldı. Hər iki şəxs internet informasiya ehtiyatında “yayılması qadağan edilmiş informasiyanı yaymaq” ittihamı ilə 30 günlük inzibati həbsə məhkum edildi (Human Rights Watch 2024; Institute for Reporters' Freedom and Safety 2024).

2023-cü ilin iyununda Gədəbəyin Söyüdlü kəndində mədən tullantıları üçün süni göl yaradılmasına qarşı etirazlar baş verdi, polis etirazları dağıtmaq üçün fiziki gücdən və gözyaşardıcı qazdan istifadə etdi. Yayılan foto və videolarda polisin sərt rəftarı açıq görünürdü. Human Rights Watch-un məlumatına görə, siyasi fəallar Elmir Abbasov və Qiyas İbrahimli polisin davranışını tənqid edən Facebook paylaşımlarından sonra müvafiq olaraq 20 və 32 günlük inzibati həbsə məhkum edilib. Jurnalist Elməddin Şamilzadənin isə etirazı dağıdan polislərin fotolarını ifşalamasından sonra onları Facebook-dan silməyə məcbur etmək məqsədilə döyüldüyü barədə məlumat verilib (Human Rights Watch 2024).

Həmin illərlə bağlı Freedom House təşkilatı onu da vurğulayır ki, hakimiyyət hökumətyönlü şəxslər, siyasətçilər, eləcə də avtomatlaşdırılmış bot və troll hesablar vasitəsilə onlayn məkanda ictimai rəyi manipulyasiya etməyə cəhd edir (Freedom House 2021, 2022a). Əslində, bununla bağlı keçmiş rəsmilərin də etirafı olub.  Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun mənimsəmə ittihamı ilə həbs edilən keçmiş icraçı direktoru Vüqar Səfərli məhkəməsində dövlət resursları hesabına trol şəbəkələrinin mövcud olduğu ortaya çıxıb (AzadlıqRadiosu 2022). Azadlıq Radiosunda (2022) yer alan yazıdan belə bir qənaətə gəlmək olur ki, Azərbaycanda rəqəmsal manipulyasiya mərkəzləşdirilmiş büdcə, aylıq maaş cədvəli və konkret tapşırıqlara fokuslanan peşəkar rəqəmsal struktur olub. 

Meta şirkətinin 2022-ci il üzrə rüblük təhlükəsizlik hesabatları isə DİN ilə əlaqəli aktorların müxalifət simalarına yönəlik Facebook səhifələri idarə etdiyini, habelə fəalların şəxsi hesablarına qanunsuz giriş əldə etməyə çalışdığını ortaya qoyub (Meta 2022; Freedom House 2022a). Bundan başqa, The Guardian qəzeti yazırdı ki, Meta platforması 2020-ci ilin oktyabrın ləğv edilmiş və YAP-la əlaqəlo nəhəng trol şəbəkəsinin yenidən platformaya qayıtmasına göz yumub (The Guardian 2021; Freedom House 2021).

2021-ci ildə yayımlanan Pegasus Project araşdırması Azərbaycanda müstəqil jurnalistlərin, hüquq müdafiəçilərinin və fəalların İsrailin NSO Group şirkətinə məxsus Pegasus casus proqramı vasitəsilə izlənmə hədəfinə çevrildiyini üzə çıxardı. Araşdırma çərçivəsində Azərbaycana aid 1000-dən çox telefon nömrəsinin potensial hədəf kimi seçildiyi, 40-dan çox jurnalistin isə izləmə üçün namizəd siyahısına daxil edildiyi bildirildi. Amnesty International-ın texniki ekspertizası jurnalistlər Sevinc Vaqifqızının və Xədicə İsmayılovanın telefonlarına Pegasus proqramının yerləşdirildiyini təsdiqlədi. Vaqifqızının telefonunda 2019–2021-ci illəri, İsmayılovanın telefonunda isə 2018–2021-ci illəri əhatə edən yoluxma izləri aşkarlandı (Amnesty International, 2021; OCCRP, 2021; Amnesty International, 2023). Bu cür rəqəmsal izləmə halları jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri arasında şəxsi ünsiyyətin belə nəzarətdən kənarda qalmadığı barədə narahatlığı gücləndirə və özünüsenzura riskini artıra bilər.

Avtoritar idarəetmələrə xas olan psixoloji çəkindirmə effekti xüsusilə Pegasus kimi kiber-izləmə qalmaqallarının ictimailəşdiyi 2021-ci ildən etibarən Azərbaycanda daha qabarıq xarakter almağa başladı. Stoyçefin (2016) tədqiqatı göstərir ki, izlənmə ehtimalı fərdləri öz mövqelərini açıq ifadə etməkdən çəkindirə bilər. Pegasus qalmaqalı kontekstində bu, Azərbaycanda da oxşar mexanizmin işləyə biləcəyini düşündürür. Bu isə cəmiyyətdə sanki çoxluğun mövcud siyasəti dəstəklədiyi təəssüratını yarada və sərbəst müzakirə mühitini tədricən məhdudlaşdıra bilər.

Bu dövrdə Bəxtiyar Hacıyevin şəxsi həyat toxunulmazlığının pozulması da rəqəmsal repressiyanın başqa forması idi. Human Rights Watch-un hesabatında Hacıyevin Telegram və Meta hesablarındakı intim fotolarının və mesajlarının yayıldığı, bəzi materialların saxta, digərlərinin isə onun şəxsi Facebook hesabından oğurlanmış ola biləcəyi barədə məlumat verilir (Human Rights Watch 2024). Bununla da, rəqəmsal repressiyanın nüfuzdan salma ilə nəticələnə biləcəyi də əks olunur. 

Nəhayət, bu dövrün ən sərt göstəricisi onlayn media işçilərinə qarşı kütləvi cinayət təqibidir. 2023-cü ilin noyabrından  “AbzasMedia” ilə başlayan həbs dalğası növbəti illərdə “Kanal 11”, “Kanal 13”, “Toplum TV”, “Məclis info”, “Meydan TV” kimi müstəqil onlayn orqanlarla əlaqəli jurnalistləri əhatə etdi. 30-a yaxın jurnalistə qarşı həyata keçirilən kütləvi həbslər rəqəmsal məkandakı korrupsiya araşdırmalarını və kritik xəbərçiliyi birbaşa hədəf alırdı (Amnesty International 2024; Human Rights Watch 2024). Bu cinayət işləri zamanı tətbiq edilən metodologiya rəqəmsal repressiyanın yeni mərhələsini də üzə çıxardı. Öncə təqsirləndirilən şəxslərin elektron cihazları müsadirə olundu. Ardınca qanunsuz yolla əldə edilən şəxsi mesajlaşmalar, fotolar hökumətyönlü medialara ötürüldü və şəxslər haqda qarayaxma kampaniyaları aparıldı (Freedom House 2024b). Akademik müstəvidə bu taktika fərdlərin rəqəmsal məxfilik hüququnun tapdanması ilə yanaşı, "rəqəmsal qaralama/qarayaxma kampaniyası" və psixoloji intimidasiya mexanizmi kimi səciyyələndirilir. Bu özünəsenzura atmosferini də dərinləşdirməyə birbaşa xidmət edir.

Rəqəmsal avtoritarizm tədqiqatlarında texniki nasazlıqlar ilə dövlətin şüurlu müdaxiləsi arasındakı sərhədin müəyyənləşdirilməsi metodoloji baxımdan xüsusi həssaslıq tələb edir. 2024-cü ildə Azərbaycanda keçirilən prezident seçkiləri zamanı müstəqil müşahidəçilər medialara seçki pozuntuları əks olunan görüntülər göndərirdi. Şəxsi müşahidələrimə əsasən, bu audio və video faylların WhatsApp platformasından göndərilməsi zamanı ciddi məhdudiyyətlər yaşanmışdı. Freedom House da eyni vaxtda jurnalistlərin WhatsApp vasitəsilə audio və video materialların göndərilməsində bağlantı problemləri yaşadıqlarını yazıb, lakin tətbiqin bloklanmasına dair əlamət qeydə alınmadığını da vurğulayıb (Freedom House 2024b). Bunlar kütləvi bloklanma kimi qeydə alınmasa da, rəqəmsal repressiyanın təzahürü sayılırdı 

Mövcud statistikaya görə, Azərbaycanda 7,6 milyon sosial şəbəkə istifadəçisinin olması bu platformaların kütləvi informasiya axınındakı həlledici rolunu təsdiqləyir (DataReportal 2024). Ənənəvi medianın ictimai təsirini itirməsi və tənqidi səslərin rəqəmsal platformalara köçməsi hakimiyyət üçün nəzarəti çətinləşdirən yeni reallıq doğurdu. Bu nəhəng auditoriya bazasını tənzimləmək zərurəti dövləti qlobal platformaları rəsmi hüquqi müstəviyə gətirmək cəhdlərini intensivləşdirməyə sövq etdi.

Bu tənzimləmə prosesi təkcə daxili siyasi qərarlarla deyil, qlobal səviyyədəki qeyri-müəyyənliklərlə də sıx bağlıdır. Məsələn, 2024-cü ilin avqustunda Telegram təsisçisi Pavel Durovun Bakı səfəri və ardınca Fransada həbs edilməsi bu ziddiyyətləri aydın göstərən hadisələrdən biri oldu (TechPolicy Press 2024; Decrypt 2024). Rəsmi qurumlarla gizli və ya açıq razılaşmanın mövcudluğuna dair ortada mötəbər fakt olmasa da, regionda əsas alternativ xəbər mənbəyi sayılan bu şəbəkənin təhlükəsizlik parametrləri ciddi ictimai debatlara yol açdı.

Nəticə etibarilə, 2021–2024-cü illəri Azərbaycanda rəqəmsal avtoritarizmin dağınıq tədbirlərdən sistemli idarəetmə modelinə keçid mərhələsi kimi qiymətləndirmək olar. Bu dövr üçün rəqəmsal mühitə müdaxilə nəinki böhran anlarında işə salınan mexanizm idi, həmçinin fərqli rıçaqlarla daimi dövlət nəzarəti modeli idi. Müasir rəqəmsal avtoritarizmin qlobal tendensiyaları və Çin, Rusiya, İran kimi rejimlərin mənimsədiyi nəzarət modellərinin elementləri də Azərbaycanda hiss edilməyə başlamışdı. Müstəqil medianı neytrallaşdırmaq təcrübəsi də Rusiyanın "RuNet" strategiyasını xatırladır, bu mexanizmin Azərbaycana hibrid şəkildə təzahürü hesab edilirdi (Feldstein 2021; Freedom House 2022b).Nəticədə rəqəmsal məkandakı tənqidi diskurs artıq yüksək riskli fəaliyyətə çevrildi və özünəsenzura kütləvi xarakter aldı.

Platformalara keçid: 2025–2026-cı illərdə rəqəmsal nəzarətin yeni arxitekturası

Freedom House-un “Freedom on the Net 2025” hesabatına görə, 2024-cü ilin yayından 2025-ci ilin 31 mayına qədərki dövrdə Azərbaycanda internet bağlantısının zəiflədilməli və hökuməti tənqid edən mediaların bloklanması müşahidə olunub (Freedom House 2025). 2025-ci il yanvarın 18-də İmişli şəhərində baş verən ağır yol nəqliyyat hadisəsi rayonda gərginliyə səbəb olmuşdu. Şadlinski küçəsində Dövlət Yol Polisi (DYP) avtomobili başqa bir nəqliyyat vasitəsi ilə toqquşandan sonra yolun səkisində azyaşlı uşaqlara xəsarət yetirmişdi (AzadlıqRadiosu 2025). Bundan sonra hadisə ilə bağlı baş verən etirazlar zamanı internet İmişlidə zəiflədi, sakinlərin sosial şəbəkələrdə hadisə barədə paylaşdıqları materialları silməyə məcbur edildi (Freedom House 2025). Bu hadisə rəqəmsal informasiya axınının siyasi əhəmiyyətini göstərən nümunə kimi sənədləşdirildi. Təşkilatın digər məlumatına görə, 2025-ci ilin fevralında Gəncə Apellyasiya Məhkəməsi Media İnkişafı Agentliyinin müraciəti əsasında Anaxeber.infosaytının bloklanması barədə qərar qəbul edib. Nəşr bu qərarı tənqidi materialların silinməməsi ilə əlaqələndirib. Alternativ və tənqidi informasiya mənbələrinin hüquqi çərçivələr bəhanə edilərək sıradan çıxarılması da informasiya ekosistemini birtərəfli və nəzarət olunan mühitə çevirir (Freedom House 2025).

2025-ci ilin əvvəlində Baş Prokurorluq xaricdə yaşayan və onlayn platformalarda (əsasən YouTube və TikTok) hökuməti tənqid edən mühacir blogerləri və fəalları rəsmi xəbərdarlıq və qayıdış tələbi ilə hədəf alıb. Onlarla bağlı qiyabi qərarlar çıxararaq fəaliyyətlərini dayandırmaq istəklərini kriminallaşdırıb (Freedom House 2025).Hakimiyyətin informasiya nəzarəti daxili auditoriya ilə yanaşı, həm də dövlət sərhədlərini aşaraq mühacirətdə fəaliyyət göstərən tənqidi platformalara yönəlib. Bu resursların sosial şəbəkələr üzərindən geniş kütlələrə birbaşa çıxış əldə etməsi dövlətin formalaşdırdığı rəsmi narrativ üçün alternativ təhlükə kimi qiymətləndirilir. Paralel olaraq, ölkə daxilində alternativ informasiya axınını tam qapatmaq məqsədilə xarici media orqanlarının — o cümlədən 2025-ci ilin əvvəlində BBC kimi beynəlxalq yayımçıların — yerli bürolarının akkreditasiyasının məhdudlaşdırılması və fəaliyyətinin dayandırılması xətti davam etdirilib (BBC News 2025). Bu isə informasiya bazarında tam monopoliya qurmaq və Qərb kapitalının media təsirini kənarlaşdırmaq strategiyasının bir hissəsidir (Herman & Chomsky 1988). 2025-ci ilin iyulunda qanunvericiliyə edilən yeni dəyişikliklərlə tənzimləmə çərçivəsi daha da sərtləşdirildi: Reyestrdən keçməyən çap mediası subyektlərinin fəaliyyəti qadağan edilərək 5000 manatadək inzibati cərimələr müəyyənləşdirildi, onlayn platformalarda isə qadağan olunmuş informasiya bəhanəsi ilə yayımın məhdudlaşdırılması mexanizmləri gücləndirildi (OC Media 2025; Council of Europe 2025). Həmçinin, xarici media qurumlarının yerli nümayəndəliklərinin fəaliyyəti və yayımları üçün əlavə lisenziya və icazə mexanizmləri sərtləşdirildi (AzərTac 2025). 2026-cı ilin yanvarında qanunvericiliyə edilən dəyişikliklərlə ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıq hörmətsizlik ifadə edən bəzi hərəkətlər, o cümlədən internet informasiya ehtiyatlarında və informasiya-telekommunikasiya şəbəkələrində ədəbsiz ifadələrin işlədilməsi, bu xarakterli jestlərin nümayişi və milli-mənəvi dəyərlərə zidd hesab edilən formada bədən hissələrinin göstərilməsi inzibati xəta kimi müəyyənləşdirildi. Parlamentin yanvarın 15-də qəbul etdiyi, Prezident tərəfindən isə yanvarın 26-da imzalanan dəyişikliklərə əsasən, bu əməllərə görə 500 manatdan 1000 manatadək cərimə, müəyyən hallarda isə 30 günədək inzibati həbs nəzərdə tutulur. Təkrar pozuntuya görə daha ağır cəza tətbiq edilə bilər (Azərbaycan Respublikasının Qanunu 2026a; APA, 2026). Qanunda işlədilən “ictimai mənəviyyatı təhqir etmək” və “cəmiyyətə açıq hörmətsizlik” kimi ifadələrin geniş şərhə açıq olması hüquqi müəyyənlik və ifadə azadlığı baxımından narahatlıq doğurur. Hüquq müdafiəçiləri və media orqanları bu müddəaların hakimiyyət orqanlarına sosial şəbəkələrdəki tənqidi paylaşımlara qarşı tətbiq edilə biləcəyi riskinə diqqət çəkiblər (OC Media, 2026a). Fevral ayından etibarən bu dəyişikliklər əsasında ilk inzibati həbslər qeydə alınıb. OC Media-nın məlumatına görə, fəal Mövsüm Məmmədov fevralın 5-də sosial şəbəkədəki paylaşımlarına görə 30 gün müddətinə inzibati qaydada həbs edilib (OC Media, 2026b). Yeni müddəaların tətbiqi bəzi TikTok istifadəçilərinin də inzibati qaydada həbs olunması ilə nəticələnib. əsasən inzibati həbsə məhkum edilən sosial media fenomenlərinin sonralar özünəsenzuraya müraciət etdiyi sezildi. Bununla belə, tədqiqat çərçivəsində bunu tiktokerlərdən birbaşa dəqiqləşdirmək cəhdim uğursuz olub.

2026-cı ilin iyununda qəbul edilən qanun dəyişiklikləri hökumətin rəqəmsal media və sosial şəbəkələr üzərindəki nəzarət mexanizmlərini daha da sərtləşdirib (Meydan TV 2026b). Belə ki, qanunvericiliyin tələblərinə əsasən, “Meta”, “TikTok” və “Google” kimi qlobal sosial şəbəkə provayderləri Azərbaycanda rəsmi nümayəndəlik təsis etməli və müvafiq qaydada dövlət qeydiyyatından keçməlidirlər ( “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanun 2003(2026-cı il iyun dəyişiklikləri ilə)). Yeni qaydalara görə, provayderlər dövlət qurumları ilə əlaqə mərkəzi yaratmalı və sorğuları 5 gün ərzində cavablandırmağa borcludurlar. Tələbləri pozan platformaların şəbəkə trafiki isə məhdudlaşdırılacaq. Dövlət həmçinin "uşaqların zərərli informasiyadan qorunması" prioriteti ilə qanuni qəyyum funksiyasını üzərinə götürərək, 16 yaşdan kiçik şəxslərin rəqəmsal məkanda profil açmaq hüququnu məhdudlaşdırır. Bu tənzimləmə ikiqat mexanizm rolunu oynayır: bir tərəfdən 16–18 yaş arası istifadəçilər üçün geolokasiya və məxfilik rejiminin sərtləşdirilməsi ilə dövlətin rəqəmsal paternalizmi legitimləşdirilir. Lakin digər tərəfdən bu yaşyoxlama tələbi xarici platformalara (Meta, TikTok, Google) birbaşa inzibati öhdəlik kimi yüklənir. Yaşı dəqiqləşdirmək üçün platformalar istifadəçi məlumatlarına çatımlı olmalıdır, bunun üçün isə Azərbaycanda yerli nümayəndəlik açmalı və dövlət orqanlarının sorğularına 5 iş günü ərzində cavab verməlidirlər. Əgər platforma bu hüquqi öhdəlikləri yerinə yetirmirsə, onu 300 min manatadək maliyyə sanksiyaları və internet trafikinin 90 faizədək daraldılması gözləyir (Azərbaycan Respublikasının Qanunu 2026b).

Tədqiqat hazırlanan ərəfələrdə - oktyabrın 12-14-ü aralığında Azərbaycanda Instagram və TikTok sosial şəbəkələrinə girişdə problemlər yaşanıb.

2025 və 2026-cı illərdə olan dəyişikliklər əvvəlki dövrdən fərqlənirdi. Bu dəyişikliklərə kimi nəzarət fərdi istifadəçilərə yönəlik idi. Bu illərdə isə nəzarət platformaların özünə fokuslandı (Meydan TV 2026a). İstifadəçilər bildirib ki, platformalara video yükləmək olmur, hesablar açılmır, lent yenilənmir. Vətəndaşlar VPN-dən istifadə etdiklərini bildiriblər. Bu məhdudiyyətlər yenə də böhran vəziyyətində hakimiyyətin əl atdığı rəqəmsal repressiya aləti kimi çıxış edir. Çünki eyni günlərdə ölkənin müxtəlif ərazilərində hicablı şagird və müəllimlər məktəbə buraxılmırdı, bununla əlaqədar keçirilən etiraz aksiyalarının görüntüləri viral olmaqdaydı.

Mümkün ssenari ehtimalları  

Burada qeyd etdiyim ssenarilər hazırki hüquqi çərçivənin hansı istiqamətlərə yönələ biləcəyini göstərir. Yazıda xarici təcrübədən yalnız müqayisə üçün istifadə etmişəm. Lakin Azərbaycan hakimiyyətinin bu modellərdən birini olduğu kimi tətbiq edəcəyini demək üçün rəsmi əsas yoxdur. Ssenarilərim aşağıdakılardır:

  1. Bu mövcud gedişatın davamıdır. Belə ki, platformalar qanuna riayət edərək nümayəndəlik açır, əlaqələndirici mərkəzlər yaradır və rəsmi sorğulara 5 iş günü ərzində cavab verir. Model öz xarakterinə görə Türkiyənin 2020-ci ildə qəbul etdiyi qanunu xatırladır. Orada da yerli nümayəndə açılması, cərimələr və trafikin daraldılması nəzərdə tutulmuşdu (Human Rights Watch 2021). Azərbaycan üçün bu addım uzunmüddətli dövrdə ən təsirli variantdır. Bu ssenaridə sosial şəbəkələr rəsmən bloklanmır, lakin istifadəçi məlumatlarının verilməsi kimi tələblərlə nəzarət rutinə çevrilir. Rəqəmsal azadlıqların indeksi bu ssenaridə təxminən eyni qalır, ya da cüzi azalır. Bu ssenaridə informasiyanı tam kəsmədən insanlarda özünəsenzura  formalaşdırılır.
  2. Bu ssenari məcburedici təcrid modelidir. Platformalar irəli sürülən tənzimləmə tələblərini yerinə yetirməkdən imtina etdikdə, dövlət birbaşa qadağalardan öncə texniki boğma (sürətin süni şəkildə azaldılması) kimi təzyiq alətlərinə əl ata, son mərhələdə isə tam bloklamaya keçə bilər. Burada ilkin hədəf platformanı bazardan tam təcrid etməkdən daha çox, onu yerli yurisdiksiyanı qəbul etməyə sövq etməkdir. Regional kontekstdə Rusiya təcrübəsi bu mexanizmin ardıcıllığını aydın göstərir: Roskomnadzor hələ 2021-ci ilin martında qadağan olunmuş məzmunun silinməməsini əsas gətirərək Twitter-in sürətini məhdudlaşdırmış, ardınca həmin ilin iyulunda xarici İT şirkətlərinin yerli nümayəndəlik açmasını tələb edən qanunvericilik bazasını ("yerə enmə" / landing qanunu) qəbul etmişdi. 2022-ci ildə Ukraynadakı hərbi müdaxilə fonunda informasiya məkanının qapadılması məqsədilə Facebook və Instagram-ın tam bloklanması isə texniki infrastrukturun artıq hazır olduğu şəraitdə eskalasiyanın son həddə çatdırılması idi (Freedom House 2022b). Azərbaycanda bunun texniki bünövrəsi 2020-ci ildə sınaqdan keçirilib. Belə ki, yerli şirkət Delta Telecom vasitəsi ilə sosial platformalarda canlı yayımların sürəti zəiflədildi, həmçinin bəzi VPN alətləri bloklandı. İndi yeni qanundakı 90 faizlik məhdudiyyət də bu imkana hüquqi əsas verir. Bu ssenari reallaşarsa, rəqəmsal azadlıqlarla daha zəifləyəcək, həmçinin fərdlərə yönəlik rəqəmsal təqiblər artacaq. 
  3. Bu ssenaridə xarici platformaların məhdudlaşması ilə paralel yerli rəqəmsal xidmətlərin təşviqi nəzərdə tutulur. Bu, Çin modelinə oxşayır. Çində bir sıra qlobal platformaların fəaliyyəti məhdudlaşdırıb. Yerli rəqəmsal ekosistem isə dövlətə geniş nəzarət və tənzimlənə imkanları tanıyıb. Lakin Çin modelinin Azərbaycanda tam şəkildə təkrarlanacağını deməyə hər hansı əsas yoxdur. Çünki Azərbaycanın iqtisadi və geosiyasi vəziyyəti, qlobal rəqəmsal xidmətlərdən asılılığı belə bir keçidə ciddi maneədir. Həmçinin, tam təcrid Azərbaycana həm iqtisadi, həm diplomatik baxımdan baha başa gələcək. Bununla belə bu ssenarinin bəzi elementlərindən yararlanmaq da mümkündür. Çünki Azərbaycan böhran anlarında - məsələn, 2020-ci il müharibəsində - platformaları həftələrlə bağlamaqdan çəkinmədi.

Bu üç ssenari bir-birini istisna etmir. Əksinə, Azərbaycanda bu ssenarilərin sintezinin olması daha inandırıcıdır. Lakin real mənzərə gələn ilin iyunundan sonra - platformaların nümayəndəlik açmaq dinamikasına baxdıqda bəlli olacaq 

Nəticə

Son 28 ili analiz edən bu tədqiqat göstərir ki, Azərbaycanda rəqəmsal mühiti formalaşdıran siyasi hakimiyyət təkcə texniki qadağalara üz tutmayıb. Bu zamanla formalaşan çoxqatlı siyasi və hüquqi sistem sayəsində baş tutub. Proses öncə sosial mediada fərdlərə təzyiq və manipulyasiya ilə başlayıb. Sosial mediada aktiv fəaliyyət göstərən və tənqidi çıxışlara yer verən səhifələr və ya fəallara qarşı həbslər baş tutub. 2017-ci ildən sonra isə hüquqi və inzibati mexanizmlərin köməyi ilə nəzarət institusionallaşıb. Hakimiyyət ictimai rəyi istədiyi kimi formalaşdırmaq üçün rəqəmsal mühitdə troll şəbəkələrindən istifadədən çəkinməyib. 

Araşdırmanın göstərdiyi əsas məqamlardan biri odur ki, rəqəmsal nəzarətin miqyasını təkcə bloka düşən saytlar və ya bağlanan platformalarla ölçmək düzgün olmaz. Burada əsas məsələ jurnalistlərin, fəalların və sıravi istifadəçilərin söz deyərkən hansı riski gözə almalarıdır. Həbs olunmaq, təqib edilmək və ya şəxsi məlumatların sızması qorxusu insanlar istər-istəməz ehtiyatlı olmağa və özünəsenzuraya üz tutmağa məcbur olurdu. Tədqiqatın məhdudiyyətlərindən biri bunun cəmiyyətdə neçə faiz insana və nə dərəcə təsir etdiyini tam ölçmək imkanlarının olmaması idi. 

Post-müharibə dövründə milli təhlükəsizlik narrativlərindən istifadə rəqəmsal avtoritarizmin bir alətinə çevrildi. Siyasi hakimiyyət öz legitimliyini möhkəmlədə bilmək üçün rəqəmsal məkana müdaxiləni artırmağa başladı.

2023-cü ilin noyabrından başlayaraq onlayn medialarda çalışan jurnalistlərin həbsi ilə təzyiq rıçaqları sərtləşdi. Bu il platformalar üçün tətbiq ediləcək yeni qanunlarla isə nəzarət mexanizmi bir üst səviyyəyə çıxdı.

Tədqiqata başlayanda qeyd etdiyim 3 konseptual tezis də özünü yazıda doğrultdu:

  1. İlkin mərhələdə nəzarət mexanizmləri fərdlərə yönəlmişdi. Ötən müddətdə isə sistematik nəzarət formalaşdı.
  2. Təkcə informasiyaya çatımlılıq əngəllənmədi. Həmçinin, qorxu mühiti yaradaraq özünəsenzura formalaşdı.
  3. Qlobal platformaları daxili qaydalara inteqrasiya etmək üçün qanunvericilik dəyişdi. Bununla da Azərbaycan digər ölkələrin rəqəmsal avtoritarizm ilə müqayisə olunmağa başladı.

Azərbaycan modeli Rusiya və Çin təcrübələrinin bəzi xüsusiyyətlərini götürsə də, tam təcridə getmədi. Burada əsas təsir qeyri-müəyyənlik mühitində təcrid və özünəsenzura idi, bu baxımdan da ölkə Türkiyə modelinə daha yaxın hesab edilə bilər, zənnimcə.

Araşdırmanın əsas məhdudiyyətlərindən biri dövlət qurumlarının qərarları, texniki müdaxilələr və istifadəçi məlumatlarına dair şəffaf informasiyaların olmamasıdır. Bu da dövlət nəzarətinin real miqyasını və siyasi nəticələrini tam qiymətləndirməyə imkan vermir. Bu boşluğu doldurmaq üçün gələcək tədqiqatlara sosioloji müsahibələr və müstəqil monitorinq nəticələri əlavə edilə bilər. 

Tədqiqatın əsas nəticəsi odur ki, hakimiyyətin internetdən istifadə edənlərin çox olması haqda tezisləri ölkədə rəqəmsal azadlıqların olması ilə düz mütənasib deyil. İnsanların internetə çıxışının olması vacib deyil, əsas məsələ fikrini hansı risklə ifadə etməsi, hansı məlumata çıxışının olmasıdır.


Qeyd: Oxuduğunuz yazı orijinal olaraq Azərbaycan dilində yazılmışdır.


İstinadlar

Amnesty International. 2011. The Spring That Never Blossomed: Freedoms Suppressed in Azerbaijan. Index: EUR 55/011/2011. London: Amnesty International. https://www.amnesty.org/en/documents/eur55/011/2011/en/.

Amnesty International. 2013. “Azerbaijan Criminalizes Free Speech Online Ahead of Elections.” Amnesty International News, May 15, 2013. https://www.amnesty.org/en/latest/news/2013/05/azerbaijan-criminalizes-free-speech-online-ahead-of-elections/.

Amnesty International. 2021. “Massive Data Leak Reveals Israeli NSO Group’s Spyware Used to Target Activists, Journalists, and Political Leaders Globally.” July 19, 2021. https://www.amnesty.org/en/latest/news/2021/07/the-pegasus-project-2/.

Amnesty International. 2023. “Armenia/Azerbaijan: Pegasus Spyware Targeted Armenian Public Figures amid Conflict.” May 25, 2023. https://www.amnesty.org/en/latest/news/2023/05/armenia-azerbaijan-pegasus-spyware-targeted-armenian-public-figures-amid-conflict/.

Amnesty International. 2024. The State of the World's Human Rights: Amnesty International Report 2023/24 – Azerbaijan. London: Amnesty International. https://www.amnesty.org/en/documents/pol10/7200/2024/en/.

Amerikanın Səsi. 2016. “AXCP fəalı 30 sutkalığa həbs edilib.” 12 avqust 2016. https://www.amerikaninsesi.org/a/axcp_feali/3461602.html.

APA. 2026. “Sosial şəbəkələrdə cəmiyyətə açıq hörmətsizliyə görə inzibati həbs və cərimə müəyyənləşib.” 26 yanvar 2026. https://apa.az/resmi-xeber/sosial-sebekelerde-cemiyyete-aciq-hormetsizliye-gore-inzibati-hebs-ve-cerime-mueyyenlesib-936602.

AzadlıqRadiosu. 2022. “Azərbaycanda trol olmaq: ‘Hər işi görürsənsə, aylıq qazancın 3-4 min manata çatır’.” 1 dekabr 2022. https://www.azadliq.org/a/trol-musahibe/32156945.html.

AzadlıqRadiosu. 2025. “İmişlidə qəzadan sonra etirazlara görə tutulan şəxslərə hökm oxunub.” 3 iyul 2025. https://www.azadliq.org/a/imisli-qeza-etiraz-hokm/33463313.html.

Azərbaycan Respublikası. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu. 14 may 2013. https://president.az/az/articles/view/8356 

Azərbaycan Respublikası. 1998. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu. № 460-IQ, 3 aprel 1998. https://e-qanun.az/framework/3525.

Azərbaycan Respublikası. 2003. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu. № 560-IIQ, 12 dekabr 2003. Bakı: e-qanun.az. https://e-qanun.az/framework/5403.

Azərbaycan Respublikası. 2016. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu. № 431-VQD, 29 noyabr 2016. https://e-qanun.az/framework/61757.

Azərbaycan Respublikası. 2017. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu. № 543-VQD, 10 mart 2017. https://e-qanun.az/framework/3525.

Azərbaycan Respublikası. 2020. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu. № 28-VIQD, 17 mart 2020. https://mincom.gov.az/storage/pages/404/d5c2b71ea828dad43a79ddb0a097c998.pdf.

Azərbaycan Respublikası. 2022. “Media haqqında” Azərbaycan Respublikasının Qanunu. № 487-VIQ, 30 dekabr 2021. https://e-qanun.az/framework/49124.

Azərbaycan Respublikasının Qanunu. 2026a. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu. № 109-VIIQD, 15 yanvar 2026. Bakı: e-qanun.az.

Azərbaycan Respublikasının Qanunu. 2026b. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu. İyun 2026. https://e-qanun.az/framework/62416.

Azərbaycan Respublikası Prezidenti. 2005. “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005–2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan).” № 1055, 21 oktyabr 2005. https://e-qanun.az/framework/10778.

Azərbaycan Respublikası Prezidenti. 2022. “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı. № 1667, 18 aprel 2022. https://e-qanun.az/framework/49909.

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi. 2021. Azərbaycanda İnformasiya-Kommunikasiya Texnologiyalarının İnkişaf Tarixi. Bakı: RİNN. https://mincom.gov.az/.

AzərTAc. 2017. “‘İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında’ Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu.” 10 mart 2017. https://azertag.az/xeber/informasiya_informasiyalasdirma_ve_informasiyanin_muhafizəsi_haqqinda_azerbaycan_respublikasinin_qanununda_deyisiklikler_edilmesi_barede__azerbaycan_respublikasinin_qanunu-1044454.

AzərTAc. 2025. “‘Media haqqında’ Qanuna təklif edilən dəyişikliklər təsdiqlənib.” 14 iyul 2025. https://azertag.az/xeber/media_haqqinda_qanuna_teklif_edilen_deyisiklikler_tesdiqlənib-3656239.

Bar-Tal, Daniel. 2017. “Self-Censorship as a Socio-Political-Psychological Phenomenon: Conception and Research.” Advances in Political Psychology 38 (S1): 37–65. https://doi.org/10.1111/pops.12391.

BBC News. 2025. “Azerbaijan Orders Suspension of BBC News Azerbaijani in Baku.” February 20, 2025. https://www.bbc.com/news/articles/c4g7ewd9ne0o.

boyd, danah m., and Nicole B. Ellison. 2007. “Social Network Sites: Definition, History, and Scholarship.” Journal of Computer-Mediated Communication 13 (1): 210–230. https://doi.org/10.1111/j.1083-6101.2007.00393.x.

Bradshaw, Samantha, and Philip N. Howard. 2018. “Challenging Truth and Trust: A Global Inventory of Organized Social Media Manipulation.” Computational Propaganda Research Project, Oxford University. https://demtech.oii.ox.ac.uk/research/posts/challenging-truth-and-trust-a-global-inventory-of-organized-social-media-manipulation/.

Carr, Caleb T., and Rebecca A. Hayes. 2015. “Social Media: Defining, Developing, and Divining.” Social Media + Society 1 (1): 1–11. https://doi.org/10.1177/2056305115584924.

Chadwick, Andrew. 2017. The Hybrid Media System: Politics and Power. 2nd ed. Oxford: Oxford University Press. https://academic.oup.com/book/1922.

Council of Europe. 2025. “Azerbaijan Adopts New Media Restrictions.” Safety of Journalists Platform, Alert Ref. N°43/2022, updated November 2025. https://fom.coe.int/en/alerte/detail/107636954.

DataReportal. 2024. Digital 2024: Azerbaijan. DataReportal. https://datareportal.com/reports/digital-2024-azerbaijan.

Decrypt. 2024. “Telegram Privacy Under Fire as Founder Awaits Trial.” August 30, 2024. https://decrypt.co/247147/telegram-privacy-encryption-security-signal.

Deibert, Ronald J. 2015. “The Cyber-Subversion of International Human Rights.” Journal of Democracy 26 (2): 5–14. https://www.journalofdemocracy.org/articles/authoritarianism-goes-global-cyberspace-under-siege/.

Deibert, Ronald J. 2020. Reset: Reclaiming the Internet for Civil Society. Toronto: House of Anansi Press. https://www.perlego.com/book/2387710/reset-reclaiming-the-internet-for-civil-society-pdf.

Feldstein, Steven. 2021. The Rise of Digital Repression: How Technology Is Reshaping Power, Politics, and Resistance. New York: Oxford University Press. https://academic.oup.com/book/39418.

Freedom House. 2011. Nations in Transit 2011: Azerbaijan Profile. Washington, DC: Freedom House. https://www.freedomhouse.org/sites/default/files/inline_images/NIT-2011-Azerbaijan.pdf.

Freedom House. 2017. Freedom on the Net 2017: Azerbaijan. Washington, DC: Freedom House. https://freedomhouse.org/country/azerbaijan/freedom-net/2017.

Freedom House. 2018. Freedom on the Net 2018: The Rise of Digital Authoritarianism. Washington, DC: Freedom House. https://freedomhouse.org/report/freedom-net/2018/rise-digital-authoritarianism.

Freedom House. 2019. Freedom on the Net 2019: The Crisis of Social Media. Washington, DC: Freedom House. https://freedomhouse.org/sites/default/files/2019-11/11042019_Report_FH_FOTN_2019_final_Public_Download.pdf.

Freedom House. 2021. Freedom on the Net 2021: Azerbaijan. Washington, DC: Freedom House. https://freedomhouse.org/country/azerbaijan/freedom-net/2021.

Freedom House. 2022a. Freedom on the Net 2022: Azerbaijan. Washington, DC: Freedom House. https://freedomhouse.org/country/azerbaijan/freedom-net/2022.

Freedom House. 2022b. Freedom on the Net 2022: Russia. Washington, DC: Freedom House. https://freedomhouse.org/country/russia/freedom-net/2022.

Freedom House. 2023. Freedom on the Net 2023: Azerbaijan. Washington, DC: Freedom House. https://freedomhouse.org/country/azerbaijan/freedom-net/2023.

Freedom House. 2024a. Freedom in the World 2024: Azerbaijan. Washington, DC: Freedom House. https://freedomhouse.org/country/azerbaijan/freedom-world/2024.

Freedom House. 2024b. Freedom on the Net 2024: Azerbaijan. Washington, DC: Freedom House. https://freedomhouse.org/country/azerbaijan/freedom-net/2024.

Freedom House. 2025. Freedom on the Net 2025: Azerbaijan Country Report. Washington, DC: Freedom House. https://freedomhouse.org/country/azerbaijan/freedom-net/2025.

Fuchs, Christian. 2021. Social Media: A Critical Introduction. 3rd edition. London: SAGE Publications. https://sk.sagepub.com/hnbk/edvol/the-sage-handbook-of-global-childhoods/toc#_ 

Gerschewski, Johannes. 2013. “The Three Pillars of Stability: Legitimation, Repression, and Co-optation in Autocratic Regimes.” Democratization 20 (1): 13–38. https://doi.org/10.1080/13510347.2013.738860.

Gojayev, Vugar. 2011. “The Struggle for Internet Freedom in Azerbaijan.” In Global Information Society Watch 2011: Internet Rights and Democratisation – Focus on Freedom of Expression and Association Online, 88–91. Association for Progressive Communications (APC) and Hivos. https://giswatch.org/en/country-report/internet-rights/struggle-internet-freedom-azerbaijan.

Gramsci, Antonio. 1971. Selections from the Prison Notebooks. Edited and translated by Quintin Hoare and Geoffrey Nowell Smith. London: Lawrence and Wishart. https://ia600506.us.archive.org/19/items/AntonioGramsciSelectionsFromThePrisonNotebooks/Antonio-Gramsci-Selections-from-the-Prison-Notebooks.pdf.

Gunitsky, Seva. 2015. “Corrupting the Cyber-Commons: Social Media as a Tool of Autocratic Stability.” Perspectives on Politics 13 (1): 42–54. https://doi.org/10.1017/S1537592714003120.

Herman, Edward S., and Noam Chomsky. 1988. Manufacturing Consent: The Political Economy of the Mass Media. New York: Pantheon Books. https://files.libcom.org/files/2022-04/manufacturing_consent.pdf.

Howard, Philip N., and Muzammil M. Hussain. 2013. Democracy’s Fourth Wave? Digital Media and the Arab Spring. New York: Oxford University Press. https://doi.org/10.1093/acprof:oso/9780199860098.001.0001.

Human Rights Watch. 2012. World Report 2012: Azerbaijan. New York: Human Rights Watch. https://www.hrw.org/world-report/2012/country-chapters/azerbaijan.

Human Rights Watch. 2014. “Tightening the Screws: Azerbaijan's Crackdown on Civil Society and Dissent.” May 13, 2014. https://www.hrw.org/news/2014/05/13/azerbaijan-new-arrests-convictions-critics.

Human Rights Watch. 2017. World Report 2017: Azerbaijan – Events of 2016. New York: Human Rights Watch. https://www.hrw.org/world-report/2017/country-chapters/azerbaijan.

Human Rights Watch. 2018. World Report 2018: Azerbaijan. New York: Human Rights Watch. https://www.hrw.org/world-report/2018/country-chapters/azerbaijan.

Human Rights Watch. 2021. “Turkey: Law on Social Media Companies Escalates Censorship.” January 14, 2021. https://www.hrw.org/news/2021/01/14/turkey-law-social-media-companies-escalates-censorship.

Human Rights Watch. 2022. “Russia: Online Censorship, Surveillance Escalates.” March 22, 2022. https://www.hrw.org/news/2022/03/22/russia-online-censorship-surveillance-escalates.

Human Rights Watch. 2024. World Report 2024: Azerbaijan – Events of 2023. New York: Human Rights Watch. https://www.hrw.org/world-report/2024/country-chapters/azerbaijan.

Institute for Reporters' Freedom and Safety (IRFS). 2024. Crackdown on Independent Journalism and Online Broadcasters in Azerbaijan. IRFS Monitoring Reports. https://www.irfs.org/.

Kemp, Simon. 2025. “Digital 2026: Azerbaijan.” DataReportal, November 8, 2025. https://datareportal.com/reports/digital-2026-azerbaijan.

King, Gary, Jennifer Pan, and Margaret E. Roberts. 2017. “How the Chinese Government Fabricates Social Media Posts for Strategic Distraction, Not Engaged Argument.” American Political Science Review 111 (3): 484–501. https://doi.org/10.1017/S0003055417000144.

Meta. 2022. “Adversarial Threat Report: Q1 2022.” Meta Security Reports, April 2022. https://about.fb.com/news/2022/04/metas-adversarial-threat-report-q1-2022/.

Meydan TV. 2026a. “Azərbaycanda ‘Instagram’ və ‘TikTok’a girişdə problem yaranıb.” 12 oktyabr 2026. https://www.meydan.tv/az/article/azerbaycanda-instagram-ve-tiktoka-girisde-problem-yaranib/.

Meydan TV. 2026b. “Tiktokerlərin həbsi və daralan informasiya mühiti.” 1 sentyabr 2026. https://www.meydan.tv/az/article/tiktokerl%c9%99rin-h%c9%99bsi-v%c9%99-daralan-informasiya-muhiti/.

Morozov, Evgeny. 2011. The Net Delusion: The Dark Side of Internet Freedom. New York: PublicAffairs.

Mosco, Vincent. 2009. The Political Economy of Communication. 2nd ed. London: SAGE Publications. https://www.globalmediajournal.com/open-access/the-political-economy-of-communication-second-edition.pdf.

Noelle-Neumann, Elisabeth. 1974. “The Spiral of Silence: A Theory of Public Opinion.” Journal of Communication 24 (2): 43–51. https://doi.org/10.1111/j.1460-2466.1974.tb00367.x.

OC Media. 2020. “Anti-war Activist Detained by Azerbaijani Security Service.” September 28, 2020. https://oc-media.org/anti-war-activist-detained-by-azerbaijani-security-service/.

OC Media. 2025. “Azerbaijan Introduces New Restrictions on Media.” July 14, 2025. https://oc-media.org/azerbaijan-introduces-new-restrictions-on-media/.

OC Media. 2026a. “Two Azerbaijani TikTokers Jailed for ‘Immoral Behaviour’ on Social Media.” https://oc-media.org/two-azerbaijani-tiktokers-jailed-for-immoral-behaviour-on-social-media/.

OC Media. 2026b. “Azerbaijan Begins Locking Up Critics Under Social Media ‘Immorality’ Ban.” By Aytan Farhadova. February 11, 2026. https://oc-media.org/azerbaijan-begins-locking-up-critics-under-social-media-immorality-ban/.

OCCRP. 2018. “Telecoms Giant Azercell Brought Back Under State Control.” Organized Crime and Corruption Reporting Project, 2018. https://www.occrp.org/en/news/occrp-and-partners-win-trace-prize-for-azerbaijan-investigation.

OCCRP. 2021. “Sevinj Vaqifqizi, Azerbaijani Reporter.” The Pegasus Project. https://www.occrp.org/en/project/the-pegasus-project/sevinj-vaqifqizi-azerbaijani-reporter.

OONI (Open Observatory of Network Interference). 2021. “Media Censorship in Azerbaijan Through the Lens of Network Measurement.” July 2, 2021. https://ooni.org/post/2021-azerbaijan/.

Pearce, Katy E., and Sarah Ford. 2013. “Networked Altruism: Social Media Use and Activism in Azerbaijan.” Journal of Computer-Mediated Communication 19 (1): 85–100. https://doi.org/10.1111/jcc4.12033.

Pearce, Katy E., and Sarah Kendzior. 2012. “Networked Authoritarianism and Social Media in Azerbaijan.” Journal of Communication 62 (2): 283–298. https://doi.org/10.1111/j.1460-2466.2012.01633.x.

Penney, Jonathon W. 2016. “Chilling Effects: Online Surveillance and Wikipedia Use.” Berkeley Technology Law Journal31 (1): 117–182. https://btlj.org/data/articles2016/vol31/31_1/0117_0182_Penney_ChillingEffects_WEB.pdf.

Qurium Media Foundation. 2019. “SUS-759: Sandvine and Internet Blocking in Azerbaijan.” Qurium Alerts. https://www.qurium.org/alerts/sandvine-and-internet-blocking-in-azerbaijan/.

Rheingold, Howard. 1993. The Virtual Community: Homesteading on the Electronic Frontier. Reading, MA: Addison-Wesley. https://mitpress.mit.edu/9780262681216/the-virtual-community/.

Rød, Espen Geelmuyden, and Nils B. Weidmann. 2015. “Empowering Activists or Autocrats? The Internet in Authoritarian Regimes.” Journal of Peace Research 52 (3): 338–351. https://doi.org/10.1177/0022343314561578.

Shirky, Clay. 2011. “The Political Power of Social Media: Technology, the Public Sphere, and Political Change.” Foreign Affairs 90 (1): 28–41.

Stoycheff, Elizabeth. 2016. “Under Surveillance: Examining Facebook's Spiral of Silence Effects in the Wake of NSA Internet Monitoring.” Journalism & Mass Communication Quarterly 93 (2): 296–311. https://doi.org/10.1177/1077699016630255.

Sultanova, Shahla. 2013. “Azerbaijan Government Worried by Facebook Activism.” Institute for War and Peace Reporting (IWPR), April 2, 2013. https://iwpr.net/global-voices/azerbaijan-government-worried-facebook-activism.

TechPolicy Press. 2024. “The Arrest Of Telegram's Pavel Durov: What's Encryption Got To Do With It?” August 28, 2024. https://www.techpolicy.press/the-arrest-of-telegrams-pavel-durov-whats-encryption-got-to-do-with-it/.

The Guardian. 2021. “Revealed: The Facebook Loophole That Lets World Leaders Deceive and Harass Their Citizens.” April 12, 2021. https://www.theguardian.com/technology/2021/apr/12/facebook-loophole-state-backed-manipulation.

Tufekci, Zeynep. 2017. Twitter and Tear Gas: The Power and Fragility of Networked Protest. New Haven: Yale University Press.

U.S. Department of State. 2010. “2009 Country Reports on Human Rights Practices: Azerbaijan.” Bureau of Democracy, Human Rights, and Labor. March 11, 2010. https://2009-2017.state.gov/j/drl/rls/hrrpt/2009/eur/136020.htm.

U.S. Department of State. 2020. “2019 Country Reports on Human Rights Practices: Azerbaijan.” Bureau of Democracy, Human Rights, and Labor. March 11, 2020. https://www.state.gov/reports/2019-country-reports-on-human-rights-practices/azerbaijan/.

U.S. Department of State. 2021. “2020 Country Reports on Human Rights Practices: Azerbaijan.” Bureau of Democracy, Human Rights, and Labor. March 30, 2021. https://www.state.gov/reports/2020-country-reports-on-human-rights-practices/azerbaijan/.

U.S. Department of State. 2023. “2022 Country Reports on Human Rights Practices: Azerbaijan.” Bureau of Democracy, Human Rights, and Labor. March 2023. https://www.state.gov/reports/2022-country-reports-on-human-rights-practices/azerbaijan/.

U.S. Department of State. 2024. “2023 Country Reports on Human Rights Practices: Azerbaijan.” Bureau of Democracy, Human Rights, and Labor. https://www.state.gov/reports/2024-country-reports-on-human-rights-practices/azerbaijan/.

Van Dijck, José. 2013. The Culture of Connectivity: A Critical History of Social Media. Oxford: Oxford University Press. https://academic.oup.com/book/9914.

Van Dijck, José, Thomas Poell, and Martijn de Waal. 2018. The Platform Society: Public Values in a Connective World. New York: Oxford University Press. https://academic.oup.com/book/12378.

World Bank. 2014. Accelerating Growth of High-Speed Internet Services in Azerbaijan. Washington, DC: World Bank Group. https://www.worldbank.org/en/country/azerbaijan/publication/broadband-in-azerbaijan.

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin