Research paper

Kiçik tədarükçüdən geosiyasi aktora – Azərbaycanın enerji kartı avtoritar idarəetmənin qalxanı kimi

Kiçik tədarükçüdən geosiyasi aktora – Azərbaycanın enerji kartı avtoritar idarəetmənin qalxanı kimi



GİRİŞ

Müasir dünyada  enerji yalnız iqtisadi faktor deyil, eyni zamanda və daha çox siyasi güc vasitəsidir. Xüsusilə avtoritar rejimlərdə enerji resursları davamlılığı təmin edən əsas faktorlardan biri və bəlkə də birincisidir. Eyni  zamanda bu potensial xarici təzyiqlərə qarşı siyasi qalxan funksiyası daşıyır və ölkə daxilindəki avtoritarizmin beynəlxalq səviyyədə legitimləşdirilməsinə xidmət edir. 

Azərbaycan xarici təzyiqlərə qarşı siyasi qalxan kimi enerji resurslarından yararlanan ölkələrə ən bariz nümunələrdən biridir. Ölkənin iqtisadi strukturunun əsasını təşkil edən neft və qaz “Əsrin müqaviləsi”nin (BP, 2014) imzalandığı 1994-cü ildən bəri Azərbaycanın beynəlxalq sistemdəki manevr imkanlarını genişləndirən və rəsmi Bakıya güclü aktorların nəzərində toxunulmazlıq qazandıran başlıca faktordur. 

KHAR Center bu tədqiqat yazısında enerji diplomatiyasının avtoritar rejimlər üçün təhlükəsizlik qalxanı rolunu Azərbaycan nümunəsi üzərindən təhlil edir. 

Əsas sual: Azərbaycan enerji resurslarından avtoritarizmə necə legitimlik qazandırır?

Tətbiq olunan metodika KHAR Mərkəzi üçün hazırlanmış məqalənin elmi əsaslarını və tədqiqatın həyata keçirilməsi planını əhatə edir.Məqsəd, Azərbaycanın enerji ehtiyatlarının avtoritar idarəetmənin “qalxanı” kimi necə təşkil olunduğunu, hansı mexanizmlərlə fəaliyyət göstərdiyini və bu münasibətin daxili və xarici dinamikalar üzərindəki təsirini sistematik şəkildə açıqlamaqdır.

Araşdırma, aşağıda göstərilən nəzəri prinsiplər üzərində cəmləşəcək və bunları empirik nəticələrlə əlaqələndirəcək:

  • Enerji-diplomatiya (enerji vasitəsilə xarici siyasət manevrləri).
  • Resurs-sərvət və avtoritar stabilizasiya.

Məlumat mənbələri

Rəsmi sənədlər: Azərbaycanda enerji ilə bağlı strategiyaların, valyuta və büdcə hesabatlarının, eləcə də dövlət şirkətləri (məsələn, SOCAR) tərəfindən hazırlanan illik hesabatların toplusu.Beynəlxalq təşkilatların və analitik hesabatların tədqiqi: BP, Dünya Bankı, IEA/IEA-ya bənzər hesabatlar, düşüncə mərkəzlərinin materialları (bu kontekstdə KHAR Mərkəzinin müvafiq analizləri əsas prioritet kimi nəzərə alınacaq).Medianın arxivi: tanınmış yerli və beynəlxalq media yazıları, rəsmi açıqlamalar, parlament hesabatları və qanunvericilik sənədləri.

Renta dövlətlərində siyasi sabitlik və Qərbin ikili standartları

Enerji resursları yalnız iqtisadi inkişafın əsas mənbəyi deyil, eyni zamanda siyasi gücün və beynəlxalq nüfuzun formalaşmasında mühüm rol oynayan faktordur. Xüsusilə  XX əsrin ortalarından bəri neft və qaz  dövlətlərin xarici siyasətində həm sərt, həm də yumşaq güc cəhətlərini birləşdirən hibrid bir elementə çevrilib. Günümüzdə beynəlxalq münasibətlər sistemində güc balansını müəyyən edən ən vacib meyarların başında enerji gəlir. Rusiyanın açıq işğal siyasətinə baxmayaraq hələ də dünya siyasətində əsas aktorlardan biri olaraq yerini  və Qərbdaxili münasibətlərə təsirini qoruması enerjinin nə qədər güclü qalxan rolunu oynadığını göstərmək baxımından ən bariz nümunələrdən birini təşkil edir. 

Pulitser mükafatı laureatı, amerikalı araşdırmaçı və yazar Daniel Yergin dünyaca məşhur “The Prize” kitabında enerji və geosiyasət arasındakı əlaqəni izah edərkən enerjini beynəlxalq sistemin “valyutası” adlandırır. Yerginə görə, modern iqtisadiyyatda liderlik və dinamizm yaponların bilgiyə əsaslanan dediyi sənaye sistemlərinə keçsə də, neft sənaye dünyasının dartı gücü və özünün yaratdığı sivilizasıyanın həyat qanı olmağa davam edir: “Neft beynəlxalq güc sahəsində və dünya iqtisadiyyatında ən fundamental element, müharibə və toqquşmalarda ən kritik nöqtə, beynəlxalq arenadakı qərarlara təsir edən ən konkret gücdür” (Yergin 1995, türkcə tərcümə). 

Digər amerikalı araşdırmaçı Jeff Colgan da neftin həm daxili, həm də xarici siyasətin lənəti olduğunu bu sözlərlə arqumentləşdirir: “Resurs lənəti ilə bağlı tədqiqatlar göstərir ki, neft gəlirlərinin asanlıqla mərkəziləşdirilib dövlət rəhbərliyi tərəfindən nəzarət altına alınması ölkədə siyasi hesabatlılığı zəiflədir və daxili demokratik mexanizmləri aşındırır. Mən isə göstərirəm ki, bu “resurs lənəti”nin təsiri yalnız daxili siyasətlə məhdudlaşmır, həm də beynəlxalq siyasətə sirayət edir və neft təcavüzkarlığı nəzəriyyəsinin konseptual əsasını təşkil edir” (Colgan, 2013a).

Avtoritar sabitliyin enerji resursları ilə əlaqəsini anlamaq üçün ən çox istinad edilən yanaşmalardan biri “renta dövləti nəzəriyyəsi”dir. Bu nəzəriyyənin ilk modelini  1970-ci illərdə irəli sürən iranlı iqtisadçı Hüseyn Mehdaviyə görə, belə sistemlərdə hökumət öz gəlirlərini “xalqın əməyindən deyil, xarici alıcılardan gələn resurs kirayələrindən” alır. (Mahdavy, 1970)

1980-ci illərdə bu nəzəriyyəni daha da genişləndirən Hazem Beblaui  isə renta dövlətini bu şəkildə təqdim edir: “Birincisi, rentaçı iqtisadiyyatda renta şərtləri ağırlıq qazanır. İkincisi, iqtisadiyyat ciddi şəkildə xarici rentaçılığa bağlanır. Üçüncüsü, bu rentanın formalaşmasında kiçik bir kəsim rol oynayır, çoxluq isə paylanmasından və rifahından faydalananlar olur. Nəticə etibarı ilə rentanın qazancında və paylanmasında birinci rol hökumətlərin olacaq” (Beblawi: 1990).

Neftlə zəngin ölkələrdə nefti olmayan ölkələrlə müqayisədə daha az demokratiya, daha az iqtisadi sabitlik və daha sıx vətəndaş müharibələri olduğunu vurğulayan digər araşdırmaçı Maykl Ross da bənzər mövqedədir. Rossa görə, 1970-ci illərə qədər neftlə zəngin ölkələr dünyanın geri qalanına bənzəyirdi, bu gün isə avtokratlar tərəfindən idarə olunma ehtimalları qeyri-neft  ölkələri ilə müqayisədə 50% çoxdur. (Ross 2012a).

Yəni renta dövləti nəzəriyyəsinə görə, resurs demokratiyanın lənətidir. Bu kontekstdə enerji resursları avtoritar rejimlər üçün həm “iqtisadi yastıq”, həm də “siyasi qalxan” funksiyası daşıyır. Enerji resursu olan  dövlətlər xarici təzyiqlərə qarşı daha sərbəst davranır, sanksiyalara və beynəlxalq tənqidlərə daha dayanıqlı olur.  Eyni zamanda enerji bazarında tutduqları yer vasitəsilə Qərb və ya regional güclərlə qarşılıqlı asılılıq yarada bilirlər.  Bu, enerji diplomatiyasını yalnız iqtisadi deyil, həm də təhlükəsizlik aləti səviyyəsinə qaldırır. 

Ross “The Oil Curse” kitabında bildirir ki, neft az gəlirli demokratiyaların belə avtoritar rejimlərə irəliləmə ehtimalını artırır. Bunun az saydakı istisnalarından biri isə neft zəngini olan bir çox ölkənin demokratikləşdiyi Latın Amerikasıdır. Bunun isə iki səbəbi var - birincisi, bu ölkələrin neft istehsalından əvvəl demokratik təcrübəsinin olması, ikincisi isə neft gəlirlərinin digər nəhənglərə görə nisbətən azlığı (Ross, 2012 b).

İlham Əliyevin təbiriylə desək, “Allah vergisi” enerji resursu (Euronews, 2024) olan, ancaq bu resursların demokratiya üçün lənətə çevrilmədiyi ölkələrə başqa bir misal Norveçdir. Bunun da ən mühüm səbəbi, yenə Rossun ifadə etdiyi kimi, demokratik keçmişdir. Norveç 1969-cu ildə nefti kəşf etməzdən əvvəl oturmuş demokratiyası, güclü parlamenti, yüksək təhsil səviyyəsi və dövlət üzərində güclü ictimai nəzarət mexanizmi olan ölkəydi. Yəni neft zənginliyi dalğası gəldiyi zaman Norveç inkişaf etmiş sənayeyə və köklü demokratik sistemə sahib idi - bu da təbii resursların israfını və resurs lənəti yaşama ehtimalını məhdudlaşdırdı (Centrerforpublicimpact, 2019a).

Ancaq Norveç sadəcə bununla kifayətlənmədi, məhz resurs lənətinə yaxalanmamaq və ya Şimal dənizində təbii qazın kəşfindən sonra Niderlandda yaşanan iqtisadi böhrana bənzər vəziyyətlə (Holland xəstəliyi) qarşılaşmamaq üçün 1990-cı ildə Dövlət Pensiya Fondunu yaradaraq neft gəlirlərini buraya cəlb etdi (Centreforpublicimpact, 2019b).  

Azərbaycan isə klassik renta dövləti modelinə bir çox cəhətdən bənzəyir. Büdcə və iqtisadiyyatın əsas hissəsi hələ də neft və qaz gəlirlərindən asılıdır.  Dövlət bu gəlirlər hesabına sosial sabitlik illüziyasını davam etdirə bilir, amma bu, eyni zamanda hesabatlılıq və şəffaflığı azaldır. Başqa sözlə, rifah hissi “sosial müqavilə” ilə deyil, dövlətin payladığı gəlirlərlə təmin olunur.

Ölkənin enerji diplomatiyası nəticə etibarilə real iqtisadi inkişafa gətirmək əvəzinə, statistik göstəricilərin şişməsinə, hakimiyyətin resurslarının böyüməsinə, nəticədə tənqidi fikrin daşıyıcılarının və siyasi opponentlərin repressiyası üçün alətə, korrupsiyanın mənbəyinə çevrilib.  Qərb isə bu kontekstdə - enerji resurslarından istifadə edərək avtoritarizmi legitimləşdirmədə Azərbaycan iqtidarının tərəfdaşı rolunu oynayır.  (KHAR Center, iyul 2025)

Azərbaycanın enerji strategiyası: ixrac modelindən geosiyasi alətə

Azərbaycanın enerji siyasəti 1990-cı illərin ortalarından etibarən əsasən ixrac modeli üzərində qurulub. Bu modelin əsası 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” və 1997-ci ildə fəaliyyətə başlayan “Azəri–Çıraq–Günəşli” (ACG) layihəsi ilə qoyulub. O tarixlərdən etibarən də neft və qaz ixracı ölkə iqtisadiyyatının əsas sütununa çevrilib.  

Hasilat və ixracat 

2022-ci ildə Azərbaycanın neft hasilatı 32,6 milyon ton olub. Bunun 26,3 milyon tonu ixrac edilib. Eyni dövrdə ölkədə 46,7 milyard kubmetr təbii qaz istehsal edib. Bunun 22,3 milyard kubmetri ixracata yönləndirilib. (Energetika Nazirliyi, 2023)

2023-cü ildə Azərbaycan 30,2  milyon ton neft hasil edib, bunun da 25,2  milyon tonunu xaricə satıb. Eyni ildə qaz hasilatı 48,3  milyard kubmetr olub ki, bunun da 23,8 milyard kubmetri ixrac edilib (Energetika Nazirliyi, 2024).

Azərbaycan 2024-cü ildə 29,1 milyon neft ton çıxarıb və onun 24,4 milyon tonunu  xaricə satıb. 2024-cü ildə Azərbaycanın qaz hasilatı 2 milyard kubmetr artaraq 50,3 milyard kubmetr olub.. Azərbaycanın 2024-cü ildəki qaz ixracatı da bir il əvvəllə müqayisədə 5,8 faiz artaraq 25,2 milyard kubmetrə çatıb (Energetika Nazirliyi, yanvar 2025).

2025-ci ilin ilk 9 ayında Azərbaycanda neft hasilatı 20,7 milyon ton olub. Bu, əvvəlki illərə nisbətən bir qədər azdır. Çıxarılan neftin 17,4-17,6 milyon tonu xaricə ixrac edilib. (TradingView, 15 oktyabr 2025) Eyni dövrdə qaz hasilatı 37,5 milyard kubmetrə çatıb ki, bunun da 18,3 milyard kubmetri xaricə satılıb (APA, 15 oktyabr 2025).

2022-2024-cü illərin nəticələrinin hesablaması göstərir ki, Azərbaycanın neft hasilatı və ixracatı  azalmağa doğru getsə də qaz hasilatı artır. Qaz ixracatındakı 7 faizdən çox artım  hesabına ümumi enerji ixracatı sabit qalıb.   

Bu da Rusiyanın Ukraynaya tam miqyaslı hücumundan sonrakı dövrdə Avropanın təbii qaz mənbələrini şaxələndirmə siyasəti və bu çərçivədə Azərbaycanın Avropaya qaz ixracını artırması ilə açıqlana bilər. Çünki ixracatdakı  artım Cənub qaz dəhlizi vasitəsilə əsasən Avropaya qaz satışının artması hesabınadır. 

Enerji və büdcə 

2024-cü ildə Azərbaycan büdcəsinin 48,35 faizini neft və qaz gəlirləri təşkil edib. Dövlət büdcəsindəki birbaşa neft və qaz gəlirləri 17,9604 milyard manat olub. Bu da 2023-cü illə müqayisədə 1 faiz azdır. Bu azalma dünya bazarlarındakı xam neft və qaz qiymətlərinin 2024-cü ildə bir il əvvəllə müqayisədə aşağı olmasından irəli gəlir (Baku Research İnstitue, avqust 2025a).

2025-ci ilin ilk 6 ayında Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) ilin əvvəlinə görə 10,8 faiz böyüyərək aktivlərini 66,5 milyard dollara çatdırıb. SOFAZ-ın Azərbaycan dövlət büdcəsinə bu dövrdə köçürdüyü məbləğ isə 7,3 milyard manata yaxın olub (SOFAZ, iyul 2025).

Bu dövrdə enerji sektorunun ümumi gəlirləri büdcə gəlirlərinin təxminən 48,1 faizini təşkil edib (Azernews, iyul 2025).

Azərbaycan hökuməti dövlət büdcəsində qeyri neft-qaz sektorunun gəlirlərinin artmasını ölkənin uğurlu iqtisadi siyasəti ilə izah edir (Milli Məclis, iyun 2025), ancaq  mütəxəssislərə görə, dövlət büdcəsinin neft-qaz sektorunun daxilolmalarından həm birbaşa, həm də dolayısı asılılıq səviyyəsi yüksək olaraq qalmaqda davam edir (Baku Research İnstitue, avqust 2025b).

Enerji infrastrukturu 

Azərbaycanın həm iqtisadiyyatının, həm də xarici siyasətinin əsas sütunlarını bu gün ölkə qazını və neftini xaricə daşıyan neft və qaz kəmərləri təşkil edir. Məhz bu infrastruktur sayəsində Azərbaycan regionda enerji mərkəzinə çevrilib.

Ölkənin Qərb və regional güclərlə əlaqələrinin əsasını təşkil edən enerji infrastrukturunun əsası 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə qoyulub. SOCAR və altı ölkəni təmsil edən 10 beynəlxalq şirkət arasında imzalanan bu müqavilə “Azəri–Çıraq–Günəşli” yataqlarının birgə işlənməsini nəzərdə tuturdu. Əvvəlcə 30 illiyinə imzalanan, 2017-ci ildə isə əsrin ortalarına qədər uzadılan müqavilə Qərbin transmilli şirkətlərinin bir postsovet  ölkəsinə qoyduğu ilk böyük investisiya idi. Layihə ölkəyə milyardlarla dollarlıq xarici sərmayə axını gətirdi və Azərbaycanın enerji sektorunda yeni mərhələnin əsasını qoydu.  Bu gün Əsrin müqaviləsi çərçivəsində işlənən yataqlardan 336 min barrel neft çıxarılır və əsasən Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa marşrutları ilə dünya bazarlarına çatdırılır (BP, rəsmi səhifə, a). AÇG bu gün ölkənin ümumi neft hasilatının təxminən 70–75 faizini verir. 

2006-cı ildə istismara verilən  Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri ilk dəfə ölkə neftinin Rusiyadan kənar marşrutla Aralıq dənizi limanlarına çıxarılmasını təmin etdi. Gürcüstan ərazisindən keçməklə Xəzər dənizindən Türkiyənin Ceyhan limanına qədər uzanan 1786 kilometrlik bu marşrut Azərbaycanın enerji tarixində dönüş nöqtəsi oldu. BTC-nin gündəlik ötürmə həcmi 1,2 milyon bareldir (BP, rəsmi səhifə, b).

Azərbaycanın nefti ilə birlikdə qaz sektoru da beynəlxalq aktorların diqqət mərkəzinə gəldi. Şahdəniz yatağından çıxarılan qazı Gürcüstana və Türkiyəyə çatdırmaq üçün 2006-cı ildə Cənubi Qafqaz Boru Kəməri (CQBK) istismara verildi. Bu marşrutla təbii qaz əvvəlcə Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyulundan isə Türkiyəyə  nəql edildi. CQBK, digər adıyla Bakı–Tbilisi–Ərzurum (BTE) qaz kəməri Azərbaycan qazını beynəlxalq bazara çıxaran ilk böyük layihə idi (BP rəsmi səhifə c).Bu həm də indi fəaliyyətdə olan Cənub Qaz Dəhlizinin ilk hissəsi idi. 

Azərbaycanın Şahdəniz yatağından çıxarılan qazı Türkiyəyə, oradan da Avropaya çatdıran əsas marşrut - Trans Anadolu Qaz Kəməri (TANAP)  2018-ci ildə fəaliyyətə başladı. Hazırki hissədarları Cənub Qaz Dəhlizi  şirkəti, BOTAŞ, BP Boru Kəmərləri Limited və “SOCAR Turkey Energy” olan TANAP Azərbaycan enerjisini Qərbə bağlayan ən vacib infrastruktur halqasıdır (TANAP, rəsmi səhifə). 

TANAP-ın n son mərhələsini təşkil edən Trans-Adriatik Qaz Kəməri (TAP) isə 2020-ci ildə işə düşdü. Cənub Qaz Dəhlizinin üçüncü və sonuncu hissəsi olan TAP Yunanıstan, Albaniya və İtaliya üzərindən keçərək Azərbaycan qazını birbaşa Avropa bazarına çıxarır (SGC, rəsmi səhifə).

TANAP-ın hazırki daşıma həcmi ildə 16 milyard kubmetrdir. Bunun 6 milyard kubmetri Türkiyəyə verilir, qalanı isə TAP boru xəttinə yönləndirilir (S&P Global, aprel 2025).

CQBK (BTE), TANAP və TAP-ın tamamlanması ilə Cənub Qaz Dəhlizi (SGC) adlanan 3500 kilometrlik kompleks sistem tam şəkildə fəaliyyətə başladı. Ümumi dəyəri təxminən 40 milyard ABŞ dolları olan bu layihə Azərbaycanın Avropa İttifaqı üçün strateji enerji tərəfdaşına çevrilməsində mühüm rol oynayıb və  Qərbin Rusiyadan qaz asılılığını azaltma istəkləri fonunda bu rol gedərək artır. 


Enerji diplomatiyası və sosial rifah illüziyası: SOFAZ modelinin avtoritar davamlılıqdakı rolu

Yuxarıdakı emprik məlumatlar göstərir ki,  enerji ixracı Azərbaycan üçün həm iqtisadi sabitliyin, həm də siyasi davamlılığın əsas dayağıdır. Enerji diplomatiyası bu mənada həm iqtisadi gəlir, həm də beynəlxalq siyasi toxunulmazlıq təmin edən mexanizm kimi fəaliyyət göstərir.

Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) vasitəsilə formalaşan gəlirlər hökumətə sosial sabitliyi qorumaq və iqtisadi tənəzzül risklərini azaltmaq imkanı verir.  Eyni zamanda bu gəlirlərin şəffaflığının olmaması və hökumətin hesabatlılıq faktorunu tamamilə  ortadan qaldırması sosial rifah illüziyasını davam etdirmək fürsəti yaradır. 

SOFAZ-ın 70,1 milyard dollarlıq aktivlərinin (SOFAZ, sentyabr 2025) böyük hissəsi Qərbdə saxlanılır. 2025-ci ilin statistikasına görə, SOFAZ investisiyalarının 50 faizindən çoxu Avropada və Amerikadadır (26,2 % Şimali Amerika, 29,8% Avropa) (SOFAZ, mart 2025). Fondun rəsmi saytına diqqət etsək, vəsaitləri idarə edən xarici menecerlərin əsasən Qərb ölkələri vətəndaşı olduğunu görmək mümkündür. SOFAZ-ın investisiyalarının 25 faizindən çoxunu təşkil edən qızılın alınması-daşınmasını da Qərb şirkəti həyata keçirir. Fondun xaricdə aldığı daşınmaz əmlak siyahısında yer alan binaların da təkcə biri Moskvada, qalan ikisi Avropada, biri də Yaponiyadadır (SOFAZ, rəsmi səhifə).

SOFAZ aktivlərinin və investisiyalarının böyük hissəsinin Qərbdə olması bunun Azərbaycanın avtoritar iqtidarına qarşı təzyiq instrumenti ola biləcəyinə dair yayğın qənaət formalaşdırıb. Ancaq əslində vəziyyət bu qədər sadə deyil. Çox uzağa getməyək, Rusiyanın dondurulmuş aktivlərinin belə Ukraynaya yardım üçün göndərilməsinə Qərbin öz daxilində yaradılan məhdudiyyətlər göstərir ki, bu sərmayə həm də  avtoritar rejimlərin təhlükəsizlik qalxanının mühüm bir elementini təşkil edən lobbiçilik fəaliyyətlərinin mənbəyidir.  

Kiçik tədarükçüdən strateji ortağa - Aİ ilə “enerji evliliyi”

Neft və qaz ixracından əldə olunan gəlirlər Azərbaycanın beynəlxalq sistemdə çoxtərəfli oyununu mümkün edir. Bakı bu gəlirlər hesabına həm Qərb, həm Rusiya, həm də regional güclərlə münasibətlərdə balans saxlamağı bacarır. Xüsusən də Qərb üçün alternativ təchizatçı rolunun artması sayəsində Cənub qaz dəhlizi yalnız iqtisadi marşrut deyil, Azərbaycan iqtidarının siyasi təhlükəsizlik arxitekturasının şah damarıdır. 

Qlobal müqayisədə daha kiçik enerji mərkəzi olsa da, Azərbaycan ilə Avropa İttifaqı arasındakı enerji münasibətləri Rusiyanın Ukraynaya tam miqyaslı hücumundan sonra yeni mərhələyə keçib - Azərbaycan bir anda kiçik tədarükçüdən ciddi  ortağa çevrilib. Hazırda Azərbaycan Norveç, Əlcəzair və Rusiyadan sonra 7 faizlik bir payla Avropa İttifaqına boru xəttiylə qaz təmin edən dördüncü tədarükçüdr. Aİ-nin ümumi qaz idxalatında Azərbaycanın payı 3% civarındadır (Zabanova, 2024a).

2022-ci ilin yayında Azərbaycan ilə Aİ arasında strateji enerji tərəfdaşlığı memorandumu imzalanıb (President.az, 2022), yəni Bakı Brüsselin rəsmi strateji tərəfdaşıdır. Bu memorandum Azərbaycanın TAP  vasitəsilə Avropaya ixrac etdiyi qazın həcminin 2027-ci ilə qədər iki dəfə artırılmasını nəzərdə tutur (BBC Azerbaycan, 2022a). Sözügedən sənədin mahiyyəti bundan ibarətdir: 2027-ci ilə qədər Rusiyadan qaz asılılığını sona çatdırmağı planlaşdıran Avropa İttifaqı bu hədəfini reallaşdırma yolundakı əsas tərəfdaşlardan biri olaraq Azərbaycanı görür. 2022-ci ildə Bakıdakı imza mərasimi əsnasında Aİ komissarı Ursula fon Der Leyen demokratiya, insan haqları və ölkədəki azadlıqların vəziyyəti barədə susmağı seçərək Azərbaycanı etibarlı tərəfdaş adlandırdı (BBC Azerbaycan, 2022b). 

Azərbaycan bu müqavilədən sonra Avropa İttifaqına qaz ixracatını bir il əvvəlki 8,1 milyard kubmetrdən 11,4 milyard kubmetrə çıxardı, 2023-də isə bu rəqəm 11,8 milyard kubmetr oldu (Zabanova, 2024b).  2024-cü ildə ixracat 12,9 milyard kubmetrə (İnterfax, yanvar 2025) çıxdı, 2025-cü ilin ilk üç rübündə isə 9,4 milyard kubmetr oldu (Report, 15 oktyabr 2025). Yüksək qiymətlər sayəsində Azərbaycanın qazdan əldə etdiyi gəlir ilk dəfə neft gəlirlərindən çox oldu. 

Bakı həm də Avropaya ixracat coğrafiyasını genişləndirdi. 2023-cü ildə Rumıniya, 2024-cü ildə Macarıstan, Sloveniya, Xorvatiya, İtaliya (ən böyük idxalatçı), Bolqarıstan və Yunanıstan  Azərbaycandan qaz idxal etməyə başladı. Slovakiya da müzakirələrə başlayarkən Macarıstanın dövlət enerji şirkəti “MVM Group” Şahdəniz yatağını inkişaf etdirmə layihəsində 5 faizlik, Cənub Qafqaz Boru Xətti Şirkətində isə 4 faizlik hissə aldı (Zabanova, 2024 c). 2024-cü ilin əvvəlindən Azərbaycan Serbiyaya da qaz ixrac etməyə başladı və oktyabr ayına qədər 300 milyon kubmetr qaz ixrac edib (Trend, 23 oktyabır 2025). Eyni zamanda, Nis şəhəri yaxınlığında 500 meqavatlıq qaz stansiyasının qurulması barədə Bakı və Belqrad arasında razılıq əldə olunub (Seenews, sentyabr 2025).

Rusiyadan “al”, Avropaya “ver”

Avropa Birliyi liderləri bu il mühüm və etibarlı tərəfdaş adlandırdıqları Əliyevə Avropanın enerji böhranından çıxışındakı rolu üçün təşəkkür etdilər (EAWorldView, 2025). Ancaq Azərbaycanın Avropa İttifaqına Rusiya qazını satması iddialarının  və ehtimalının ortaya çıxması bu tərəfdaşlığın etibarlılığı və Brüsselin səmimiyyəti ilə bağlı suallara səbəb olur. Azərbaycan prezidenti İlham Əliyev keçən il bu iddiaları təkzib etdi və Rusiyadan daxili tələbat üçün uyğun qiymətə qaz aldıqlarını, ancaq Avropaya yalnız Azərbaycan qazı satdıqlarını dedi (İnterfax, 2024). Ancaq Avropa Parlamentinin üzvü Jan Pol Qarro bir ay əvvəl komissiyaya ünvanladığı yazılı sorğuda Azərbaycanın Aİ-yə enerji öhdəliklərini yerinə yetirəcək miqdarda qaz resursuna sahib olmadığını, bu səbəbdən Rusiya qazını alaraq Avropaya satdığını deyir və komissiyanı ikiüzlülükdə ittiham edirdi (European Parliament, sentyabr 2025).

Ekspertlərə görə, İlham Əliyevin təkzibi və Avropa İttifaqının səssizliyi iddialara qarşı güclü dəlil təşkil etmir. Təcrübəli ingiltərəli enerji analitiki Aura Sabadus Rusiya, Azərbaycan və Türkiyənin təbii qaz tədarükü ilə bağlı maraqlarının üst-üstə düşdüyünü və bu iki ölkənin Moskva üçün gizli bir arxa qapı rolu oynadığını düşünür. Ekspertin fikrincə, səthi baxışda Rusiya ilə Azərbaycan hər nə qədər Avropaya qaz ixracı məsələsində rəqib kimi görünsələr də, Moskva daha əvvəllər Azərbaycan qazıyla bağlı Qərb layihələrinə mane olsa da, 2022-ci ildən sonra münasibətlər yenidən formalaşıb və Rusiyanın Azərbaycan və Türkiyədə “yuyulmuş” qazı Şərqi Avropaya göndərməsi çox yüksək ehtimaldır (Sabadaus, 2023a).

Ekspert fikrini həm də Azərbaycanın Avropa İttifaqına vəd etdiyi qaz həcmini öz resursları hesabına təmin etməsinin mümkün olmaması arqumenti ilə izah edir: “Azərbaycanın illik istehlakının 15 milyard kubmetrə çıxacağını proqnozlaşdırdığı nəzərə alınarsa, daxili və xarici tələbatın cəminin ölkənin resurs həcmindən ən azı 5 milyard kubmetr çox olacağını görürük. Bu da aşırı tələbatın necə ödənəcəyinə dair suallar  doğurur. Azərbaycan xarici və daxili tələbatı ödəməkdə çətinlik çəkir, ancaq Rusiya və İranla tədarük və ya mübadilə müqavilələri imzalayıb. Türkiyə də öz ehtiyaclarının az qala hamısını idxal edir, ancaq Aİ ölkələri ilə tədarük müqavilələri imzalayır. Bu qazın böyük hissəsinin Rusiyadan Türkiyəyə boru xəttiylə daşınması ehtimalı çox yüksəkdir. Azərbaycan və Türkiyə də bu məsələdə Kremlə kömək etməkdə kifayət qədər həvəsli görünür” (Sabadaus, 2023b).

Qaz və qəflət: Avropanın enerji asılılığı və Azərbaycan avtoritarizminin güclənməsi

Azərbaycanın Avropaya vəd etdiyi təbii qaz həcmini təmin edə bilməyəcəyinə dair narahatlıqları başqa ekspertlər də bölüşür (Zabanova, 2024d). Ancaq Avropa İttifaqı hələlik Rusiya qazından asılılığı azaltma hədəfi ilə Rusiyadan dolayı yollarla qaz alma iddiaları arasındakı ziddiyyət barədə susmağa üstünlük verir. 

Üstəlik, problem sadəcə bununla da məhdudlaşmır. Avropa İttifaqı Azərbaycanı enerji resursları və strateji enerji infrastrukturu ilə Rusiyaya qarşı mühüm alternativlər arasında görür, ancaq bu alternativin demokratiya, insan haqları, fundamental azadlıqlar, jurnalistlərin və vətəndaş cəmiyyəti nümayəndələrinin total təqibi kimi mövzulardakı qabarıq dosyesi ilə bağlı məsələdə öz dəyərləri ilə ziddiyətə girir. Avropa Parlamenti keçən ilin oktyabrında insan haqları pozuntularını göstərən və Əliyev iqtidarını qınayan qətnaməsində Avropa İttifaqından Azərbaycandan qaz ixracatından asılılılğına son qoyulmasını və strateji tərəfdaşlıq memorandumunu ləğv etməsini tələb etdi. Qətnamədə Aİ ilə Azərbaycan arasında gələcəkdə imzalanacaq hər hansı tərəfdaşlıq sənədinin siyasi məhbusların azad edilməsi, hüquqi islahatların aparılması, insan haqlarının vəziyyətinin yaxşılaşdırılması və Ermənistanla sülh müzakirələrinə sadiq qalınması kimi şərtlərlə əlaqələndirilməsi tələbi də yer alırdı (European Parliament, 2024).

Ancaq Brüssel bunun əvəzində rəsmi Bakını 2028-ci ildəki Avropa Siyasi Birliyi sammitinin Azərbaycanda keçiriləcəyinə qərar verməklə (APA, may 2025) mükafatlandırdı ki, bu da  ikili standartın başqa - daxili siyasət indeksli - bariz nümunəsiydi. 

Bu ikili standart liberalizm və demokratiya birliyi olan Avropa İttifaqının Rusiyanın təcavüzkarlığı və avtoritarizminə qarşı qlobal həmrəylik çağırışları fonunda xüsusilə ironik görünür. Aİ-nin Azərbaycana münasibətdə özünün müəyyənləşdirdiyi əxlaqi və etik prinsiplərə uyğun davranmaması Qərbi davamlı olaraq ikiüzlülükdə ittiham edən Rusiyanın çörəyinə yağ sürtür (Gale, 2022).

Uzun illərdir Qərb təmsilçiləri Azərbaycanla iqtisadi əlaqələrin və müqavilələrin Bakını demokratik islahatlara təşviq edəcəyinə ümid edir və ya özlərini ümid edirmiş kimi göstərirlər.

Ancaq Azərbaycanın Avropanın nəzərində strateji enerji tərəfdaşına çevrilməsindən bəri Əliyev iqtidarının daxili siyasətdə nümayiş etdirdiyi ölçüsüz sərtlik və vətəndaş cəmiyyətinin bütün əlamətlərinin yox edilməsi istiqamətindəki total təzyiq bu ümidin boş illüziyadan başqa bir şey olmadığını göstərir. Əksinə, Əliyev rejimi Avropanın qaz ehtiyacının Bakını Qərbin sərt reaksiyalarından qoruyan qalxan olduğunun fərqindədir və bundan avtoritar idarəçiliyini daha da gücləndirmək üçün şantaj vasitəsi kimi istifadə edir. 

Brüssel insan haqları mövzusunda daha sərt reaksiya verdiyi başqa postsovet ölkələrindən - məsələn Belarusdan - fərqli olaraq Azərbaycanla  “əməkdaşlıq və dialoq” ritorikasına üstünlük verir (EUNeighbourseast, iyun 2025).  Eyni şəkildə Cənubi Qafqazın iki qonşu ölkəsinə - Gürcüstan və Azərbaycana - münasibətdə reaksiyaların müqayisəsi də rəsmi Bakını məmnun edəcək səviyyədədir. 

Gürcüstanda iqtidarın bütün təzyiqlərinə və basqılarına rəğmən hələ də güclü vətəndaş cəmiyyəti, müxalifət və media  mövcuddur. Avropa İttifaqının Gürcüstan iqtidarının xarici agent, LGBT əleyhinə qanunlar kimi Rusiyadan kopyalama mürtəce dəyişikliklərə reaksiyası da olduqca sərtdir. Aİ Gürcüstanın 2030-cu ildə belə birliyə üzv ola bilməyəcəyini açıq şəkildə ifadə edir və gələn ay viza rejimlərinin ləğvi mexanizmini nəzərdə tutan qərarın məhz Tbilisidən asılı olduğunu gizlətmir (Evropeyskaya Pravda, oktyabr 2025).

Azərbaycanda isə  sistemli şəkildə vətəndaş cəmiyyətinin və müstəqil medianın yox edilməsi prosesi nəticəsində bu iki sektor faktiki ölümcül durumdadır.  Xüsusilə də 2013-cü ildən - faktiki olaraq müxalifət namizədinin yarışda iştirak etdiyi son seçkidən - bəri rəsmi Bakı istər qanunvericilik aktlarına dəyişikliklərlə, istərsə də praktikada təqibləri artırmaqla ölkənin Qərb institutları və Qərblə bağlarını ciddi şəkildə məhdudlaşdırıb. 2014-2015-ci illərdə qəbul edilən “Qrant haqqında” (E-qanun, 2014), “Qrant müqavilələrinin qeydə alınması haqqında” (E-qanun, 2015a), “Xarici donorların qrant vermə hüququ haqqında” (E-qanun, 2015 b) qanunlar və fərmanlarla faktiki olaraq qeyri-hökumət təşkilatlarının Qərbdən qrant alma imkanları minimuma endirilib. Sonrakı mərhələdə isə bu qanunlar faktiki olaraq hökumətə QHT-lər və vətəndaş cəmiyyəti nümayəndələrinin əmlaklarını müsadirə hüququ verən dəyişikliklərlə daha da mürtəce hala gətirilib (E-qanun, 2023, 2025). Sözügedən dəyişikliklər nəticəsində bu ilin aprel ayına qədər ən az 10 vətəndaş cəmiyyəti nümayəndəsi və ictimai fəal həbs edilib (Kafkazskiy Uzel, aprel 2025).

Bu il avqustun 1-də qüvvəyə minən dəyişikliklərlə vətəndaş cəmiyyəti nümayəndələrinin və aktivistlərin fərdi qrant və bənzər müqavilələr və bank əməliyyatları aparması da qadağan edildi. Bu, faktiki olaraq vətəndaş cəmiyyətinin tabutuna çaxılmış son mismar oldu (Kavkazskiy Uzel, avqust 2025).

Hazırda Azərbaycanda onlarla jurnalist və ictimai fəal həbsdədir və onların böyük əksəriyyəti məhz Azərbaycanın Avropa ilə strateji enerji tərəfdaşı olduğu 2022-ci ildən sonra həbs edilib.

2022-ci ilin sentyabrında  insan hüquqları təşkilatları ölkədə siyasi məhbusların sayını 99 nəfər olaraq açıqlayıb.  Bunlardan 4-ü jurnalist və bloger, 3-ü ictimai fəal idi (İPD, 2022).

2024-cü ilin martında açıqlanan siyasi məhbus siyahısında 288 nəfərin adı olub, bunlardan 20-si jurnalistlər və blogerlər, ikisi hüquq müdafiəçisi, 22-si isə müxalifət partiyalarının nümayəndələridir (İPD, 2024).

Bu ilin əvvəlində açıqlanan yeni siyahıda ümumi rəqəm 357-yə, həbs edilən jurnalist və blogerlərin sayı 27-yə, hüquq müdafiəçilərinin sayı 4-ə, müxalifət nümayəndələrinin sayı 27-yə yüksəlib (Meydan TV, fevral 2025).

Oktyabrda açıqlanan yeni siyahıda isə say daha da artıb. Siyasi məhbusların ümumi sayı 392, həbsdəki jurnalistlərin və blogerlərin sayı 31, hüquq müdafiəçilərinin sayı 7, müxalifət nümayəndələri və ictimai fəalların sayı isə 41-ə (2-si sülh aktivisti) yüksəlib. (İnstituteforhumanrights, oktyabr 2025)

Həbslərin dinamikası Qarabağ müharibəsindən sonra “dəmir yumruğun” və “müzəffər lider” rolunun verdiyi qüdrətlə  daxili siyasətdəki vintləri bərkitməyə başlayan İlham Əliyevin Qərblə “enerji evliliyi”ni də növbəti və daha amansız fürsətə çevirdiyini göstərir. Avropa İttifaqı isə bütün bunlara sadəcə “Azərbaycanda insan haqlarının vəziyyətini yaxından izləyəcəyik” açıqlamasıyla reaksiya verir (EEAS, yanvar 2025). Avropa Parlamentinin Brüsseli rejimi cəsarətləndirmək riski daşıyan addımlardan daşınmağa çağıran qətmnamələrinin (European Parliament, iyun 2025) isə heç bir praktik əhəmiyyəti yoxdur. 

Avropa islahatlar və insan haqları məsələlərində Azərbaycan prezidentinə təzyiq edəcəyi təqdirdə Əliyevin qaz şantajını dövriyyəyə soxacağını bilir. Əliyev bunun siqnalını bu ilin aprel ayında açıq şəkildə verdi - Avropadan konkret təminatlar verilmədiyi təqdirdə ittifaqa qaz satışını artırmayacağını, şərqdəki və cənubdakı qonşularla müqavilələr imzalayacağını bildirdi və “Mən niyə sizin bazarınızı ana bazarım olaraq görüm ki?” deyə meydan oxudu (Brusselssignal, aprel 2025a).

Brüsselin enerji tədarükü qarşılığındakı sükutu Bakı üçün “təhlükəsiz zona” yaradır. Əliyev iqtidarı Avropanın enerji ehtiyacından ən güclü bazarlıq aləti kimi istifadə edir - bu alət vasitəsilə həm xarici təzyiqi azalda, həm də daxildəki sərt kursunu cəzasız şəkildə davam etdirə bilir. Nəticə etibarıyla iki tərəfin də bir-birinə güvənmədiyi, ancaq iki tərəfin də bazarlığın nəticəsindən məmnun olduğu bir alver davam edir. 


NƏTİCƏ 

Azərbaycan nümunəsi göstərir ki, neft-qaz gəlirləri yalnız süni sabitlik mexanizmləri ilə siyasi müqaviməti azaldan iqtisadi göstəricilərdən ibarət deyil; eyni zamanda beynəlxalq arenada manevr imkanlarını genişləndirən, xarici təzyiqi yumşaldan çox ciddi faktordur.  

Xüsusilə Qərbin Rusiyadan asılılığı azaltma siyasəti nəticəsində Xəzərin enerji resurslarını Avropaya daşıyan marşrutlar Bakını adi tədürükçüdən geosiyasi aktora çevirib və bu sayədə enerji ticarəti bir növ təhlükəsizlik müqaviləsinə çevrilib. Ancaq bu da Qərb üçün iki ciddi paradoks yaradır. Birincisi, Avropanın Rusiya qazını birbaşa almaqdan imtina edib Azərbaycan və Türkiyə üzərindən dolayı yolla alma ehtimalı elan olunan asılılığı azaltmaq hədəfi ilə ziddiyyət təşkil edir. İkincisi, Azərbaycanla enerji əməkdaşlığı Bakının insan haqları və demokratiya sahəsində uçurumu dərinləşdirməsi fonunda baş verir ki, bu da ittifaqın üzərində bərqərar olduğu dəyərlərlə ziddiyyət yaradır. 

Bakı bu ziddiyyətlərdən  ustalıqla yararlanır, daxili siyasi təzyiqlərdən sığortalanma tələbini uzunmüddətli müqavilələr, infrastrukturun genişləndrilməsi tələbləri və “alternativ bazarlar” şantajı ilə maskalayır. Avropa İttifaqı isə bu şantaja hələlik deklarativ bəyanatlarla cavab verir. Avropanın qaz asılılığı davam etdiyi və alternativ resurslar bazarda güclənmədiyi müddətcə bu qarşılıqlı oyun böyük ehtimalla davam edəcək. 

Ancaq belə vəziyyət Avropa üçün uzunmüddətli həll deyil. Enerji keçidi sürətləndikcə və alternativ mənbələr artdıqca, Azərbaycanın qaz kartı əvvəlki qədər güclü olmayacaq. O zaman “enerji qalxanı”nın funksiyası da zəifləyəcək və Əliyev rejimi iqtidarını davam etdirmək üçün yeni qalxan axtarışına çıxacaq.  Ancaq hələlik iki tərəf də bu oyundan məmnun görünür. Bundan itirən isə həm Azərbaycan cəmiyyəti və demokratiyası, həm də Avropanın təməl dəyərləri olur. 


İSTİNADLAR


BP, 2014.  Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş

https://www.bp.com/content/dam/bp/country-sites/en_az/azerbaijan/home/pdfs/legalagreements/psas/ea-az-restated-acg-psa.pdf


Yergin, Daniel. 1995. Petrol:Para ve Güç Çatışmasının epik öyküsü. Türkiye İş Bankası Kültür Yayınları, 1995. s 728-729. 


Colgan, Jeff. 2013. Petro-Aggression: When Oil Causes War. United Kingdom: Cambridge University Press, s-16.


Mahdavy, Hossein, 1970. The Patterns and Problems of Economic Development in a Rentier Stare: The Case of Iran. In M. A. Cook (Ed.), Studies in Economic History of the Middle East. (s-428) London: Oxford University Press.


Beblawi, Hazem: 1990. The Rentier State in the Arab World. Beblawi and G. Luciani (ed), The Arab State (s. 85-98). Berkeley: University of California Press. 


Michael L. Ross. 2012a. The Oil Curse: How Petroleum Wealth Shapes the Development of Nations. (s 1) Princeton University Press. 



Michael L. Ross. 2012b. The Oil Curse: How Petroleum Wealth Shapes the Development of Nations. (s 74) Princeton University Press. 


Euronews, 2024. Azerbaycan Cumhurbaşkanı Aliyev, COP29 açılışında fosil yakıtları övdü: 'Allah vergisi'

https://tr.euronews.com/2024/11/12/azerbaycan-cumhurbaskani-aliyev-cop29-acilisinda-fosil-yakitlari-ovdu-allah-vergisi


Centreforimpact, 2019. The Government Pension Fund Global (GPFG) in Norway 

https://centreforpublicimpact.org/public-impact-fundamentals/the-government-pension-fund-global-gpfg-in-norway/#Political-commitment


KHAR Center, iyul 2025. Avtoritar idarəetmənin xarici siyasətə təsiri: Azərbaycan nümunəsi. https://kharcenter.com/arasdirmalar/avtoritar-idareetmenin-xarici-siyasete-tesiri-azerbaycan-numunesi


Azərbaycan Energetika Nazirliyi, 2023. 2022-ci ildə 467 milyard kubmetr təbii qaz və 326 milyon ton neft hasil edilib. https://minenergy.gov.az/en/xeberler-arxivi/2022-ci-ilde-467-milyard-kubmetr-tebii-qaz-326-milyon-ton-neft-hasil-edilib?


Azərbaycan Energetika Nazirliyi, 2024 . Oil and gas figures were announced for January-December 2023.

https://minenergy.gov.az/en/xeberler-arxivi/00146_7892


Azərbaycan Energetika Nazirliyi, 2025 . 2024-cü il üzrə neft-qaz göstəriciləri açıqlanıb. https://minenergy.gov.az/az/xeberler-arxivi/00448


TradingView, 15 oktyabr 2025. Azerbaijan's oil output at 20.7 mmt in January to September, energy ministry says

https://ru.tradingview.com/news/reuters.com%2C2025%3Anewsml_L2N3VW0FH%3A0-azerbaijan-s-oil-output-at-20-7-mmt-in-january-to-september-energy-ministry-says/


APA, 15 oktyabr 2025. Azerbaijan exported more than 9 bcm of gas to Europe this year

https://en.apa.az/energy-and-industry/azerbaijan-exported-more-than-9-bcm-of-gas-to-europe-this-year-480693


Baku Research İntitute, avqust 2025a. What explains the Increase in non-oil revenues of Azerbaijan’s State Budget. 

https://bakuresearchinstitute.org/en/what-explains-the-increase-in-non-oil-revenues-of-azerbaijans-state-budget


SOFAZ, iyul 2025. SOFAZ revenue and expenditure Statement for January – June 2025.

https://oilfund.az/en/fund/press-room/news-archive/1711


Azernews, iyul 2025. Oil and gas revenues boost Azerbaijan’s state budget in first half of 2025

https://www.azernews.az/oil_and_gas/245072.html


Milli Məclis, iyul 2025.  Yeddinci çağırış AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİ İCLASLARININ PROTOKOLLARI VƏ STENOQRAMLARI

https://meclis.gov.az/documents/13.06.2025.pdf


Baku Research İntitute, avqust 2025b. What explains the Increase in non-oil revenues of Azerbaijan’s State Budget. 

https://bakuresearchinstitute.org/en/what-explains-the-increase-in-non-oil-revenues-of-azerbaijans-state-budget


BP, rəsmi səhifə, a. History of ACG

https://www.bp.com/en_az/azerbaijan/home/who-we-are/operationsprojects/acg2/History-of-ACG.html


BP, rəsmi səhifə, b. Baku-Tbilisi-Ceyhan pipeline

https://www.bp.com/en_az/azerbaijan/home/who-we-are/operationsprojects/pipelines/btc.html?


BP, rəsmi səhifə, c. Baku-Tbilisi-Ceyhan pipeline.

https://www.bp.com/az_az/azerbaijan/home/who-we-are/operationsprojects/pipelines/scp.html


TANAP, rəsmi səhifə. 

https://www.tanap.com/en/tanap-project


Cənub Qaz Dəhlizi, rəsmi səhifə.

 https://www.sgc.az/az


S&P Global, aprel 2025. Turkey ready for Southern Gas Corridor expansion; Europe needs clearer stance: minister

https://www.spglobal.com/commodity-insights/en/news-research/latest-news/natural-gas/040225-turkey-ready-for-southern-gas-corridor-expansion-europe-needs-clearer-stance-minister


SOFAZ, sentyabr 2025. 

https://www.oilfund.az/en/report-and-statistics/recent-figures


SOFAZ, mart 2025. 

https://www.oilfund.az/report-and-statistics/get-download-file/flip/6_2025_1.pdf


SOFAZ, rəsmi səhifə. 

https://www.oilfund.az/investments/real-estate


Zabanova, Yana, 2024 a. The EU and Azerbaijan as Energy Partners: Short-Term Benefits, Uncertain Future https://www.boell.de/en/2024/11/05/eu-and-azerbaijan-energy-partners-short-term-benefits-uncertain-future


Prezident.az, 2022. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 

https://president.az/az/articles/view/56689


BBC Azerbaycan, 2022 a.  Aİ-Azərbaycan əlaqələri: enerji əməkdaşlığı insan haqları ilə bağlı vəziyyətə kölgə salırmı?

https://www.bbc.com/azeri/articles/c2jnl8z22djo


BBC Azerbaycan, 2022 b.  Aİ-Azərbaycan əlaqələri: enerji əməkdaşlığı insan haqları ilə bağlı vəziyyətə kölgə salırmı?

https://www.bbc.com/azeri/articles/c2jnl8z22djo


Zabanova, Yana, 2024 b. The EU and Azerbaijan as Energy Partners: Short-Term Benefits, Uncertain Future https://www.boell.de/en/2024/11/05/eu-and-azerbaijan-energy-partners-short-term-benefits-uncertain-future


İnterfax, yanvar 2025. Azerbaijani gas export to Europe grows 9.3% to 12.9 bcm in 2024 - energy minister.

https://www.interfax.com/newsroom/top-stories/108958/


Report, 15 oktyabr, 2025. Azerbaijan transports 4.3 bcm of gas via TANAP in 9 months of 2025

https://report.az/en/energy/azerbaijan-transports-4-3-bcm-of-gas-via-tanap-in-9-months-of-2025


Zabanova, Yana, 2024 c. The EU and Azerbaijan as Energy Partners: Short-Term Benefits, Uncertain Future https://www.boell.de/en/2024/11/05/eu-and-azerbaijan-energy-partners-short-term-benefits-uncertain-future


Trend, 23 oktyabr 2025. Azerbaijan reveals volume of gas export to Serbia

https://www.trend.az/business/4108138.html


Seenews, sentyabr 2025. Serbia, Azerbaijan finalise talks on 500 MW gas plant near Nis - parl speaker.

https://seenews.com/news/serbia-azerbaijan-finalise-talks-on-500-mw-gas-plant-near-nis-parl-speaker-1282172


EAworldview, iyun 2025. Energy, Diplomacy, and Human Rights: Europe’s Azerbaijan Gamble

https://eaworldview.com/2025/06/europe-azerbaijan-gamble/


İnterfax, 2024. Aliyev says claims Azerbaijan re-exporting Russian gas are 'fake news'

https://interfax.com/newsroom/top-stories/104430/?


European Parliament, sentyabr 2025. Does the Commission acknowledge that some of the gas purchased from Azerbaijan actually comes from Russia?

https://www.europarl.europa.eu/doceo/document/E-10-2025-003783_EN.html


Sabadaus, Aura, 2023 a. The EU’s Dilemma With Azerbaijan — Natural Gas or Moral Purity

https://cepa.org/article/the-eus-dilemma-with-azerbaijan-natural-gas-or-moral-purity/


Sabadaus, Aura, 2023 b. The EU’s Dilemma With Azerbaijan — Natural Gas or Moral Purity

https://cepa.org/article/the-eus-dilemma-with-azerbaijan-natural-gas-or-moral-purity/


Zabanova, Yana, 2024 d. The EU and Azerbaijan as Energy Partners: Short-Term Benefits, Uncertain Future https://www.boell.de/en/2024/11/05/eu-and-azerbaijan-energy-partners-short-term-benefits-uncertain-future


European Parliament, 2024. Situation in Azerbaijan, violation of human rights and international law and relations with Armenia.

https://www.europarl.europa.eu/doceo/document/TA-10-2024-0029_EN.html


APA, may 2025. Azerbaijan to host European Political Community Summit in 2028.

https://en.apa.az/foreign-policy/azerbaijan-to-host-european-political-community-summit-in-2028-468384


Gale, Alexander, 2022. The EU’s gas deal with Azerbaijan is strategically short-sighted and hypocritical.

https://moderndiplomacy.eu/2022/11/05/the-eus-gas-deal-with-azerbaijan-is-strategically-short-sighted-and-hypocritical/

EUNeighbourseast, iyun 2025. Azerbaijan: EU concern at sentencing of journalists and political activists.

https://euneighbourseast.eu/news/latest-news/azerbaijan-eu-concern-at-sentencing-of-journalists-and-political-activists/


Evropeyskaya Pravda, oktyabr 2025. В Еврокомиссии говорят, что при нынешнем курсе Грузия не вступит в ЕС даже в 2030 году.

https://www.eurointegration.com.ua/rus/news/2025/10/27/7223447/


E-qanun, 2014. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1081-IVQD nömrəli Qanununun tətbiqi haqqında Prezident Fərmanı

https://e-qanun.az/framework/28794


E-qanun, 2015a. Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası

https://e-qanun.az/framework/31488


E-qanun, 2015 b. Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi

https://e-qanun.az/framework/31488


E-qanun, 2023. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

https://e-qanun.az/framework/56265


E-qanun, 2025. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

https://e-qanun.az/framework/60292


Kafkazskiy Uzel, aprel 2025. В Азербайджане число обвиненных по делу о грантах для НПО активистов достигло 10

https://www.kavkaz-uzel.eu/articles/410362 


Kavkazskiy Uzel, avqust 2025. Azerbaijan tightens conditions for foreign funding of NGOs

https://www.eng.kavkaz-uzel.eu/articles/66938


İPD, 2022. СПИСОК ПОЛИТИЧЕСКИХ ЗАКЛЮЧЕННЫХ. 

https://www.ipd-az.org/ru/political-prisoners-for-27-september-2022/  


İPD, 2024. LIST OF POLITICAL PRISONERS. https://www.ipd-az.org/wp-content/uploads/2024/03/List-of-political-prisoners-in-Azerb-18-03-24.pdf


Meydan TV, fevral 2025. Number of political Prisoners in Azerbaijan increases to 357. https://storage.googleapis.com/qurium/www.meydan.tv/en-article-number-of-political-prisoners-in-azerbaijan-increases-to-357.html


İnstitute For Human Rights, oktyabr 2025. The Number of Political Prisoners in Azerbaijan Has Reached 392.

https://www.instituteforhumanrights.org/post/the-number-of-political-prisoners-in-azerbaijan-has-reached-392


EEAS, yanvar 2025. EU Priorities for UN Human Rights Fora in 2025


https://www.eeas.europa.eu/delegations/un-geneva/eu-priorities-un-human-rights-fora-2025_en


European Parliament, iyun 2025. Joint statement on the harsh prison sentences for journalists, researchers and activists in politically motivated cases in Azerbaijan.

https://www.europarl.europa.eu/delegations/en/joint-statement-on-the-harsh-prison-sent/product-details/20250625DPU40150


Brusselssignal, aprel 2025. Azerbaijan warns EU it could sell its gas elsewhere

https://brusselssignal.eu/2025/04/azerbaijan-warns-eu-it-could-sell-its-gas-elsewhere/



Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin