(Yazı Khar Centerin Azərbaycan avtoritarizmi araşdırmaları çərçivəsində hazırlanıb)
Müəllif:
✍️ Jurnalistika ixtisası üzrə bakalavr və magistratura dərəcələrinə yiyələnmiş gənc tədqiqatçı
Giriş
Otuz ildən artıqdır ki, Əliyevlər klanı ölkənin bütün sərvətlərini və mülkiyyət münasibətlərini öz ətrafında mərkəzləşdirib. Bununla yanaşı, informasiya məkanını da özünəxas dizayn edib. Avtoritar rejim şəraitində informasiya heç vaxt neytral xəbər məhsulu ola bilmir. Əliyevlərin hazırki hakimiyyətində media öz siyasi xəttinin təbliğat maşını rolunda çıxış edir. Həmçinin, media rejimin avtoritar addımlarını legitimləşdirən alətə çevrilib. Bəs, bu necə baş verdi? 1993-cü ildə hakimiyyətə gələn ata Əliyev 5 il sonra mətbuat üzərində senzuranı ləğv etsə də, əslində nəzarət mexanizmləri iqtisadi, inzibati, hüquqi və siyasi alətlərlə yeni formaya keçdi. Media qurumlarının maliyyə asılılığı, məhdud reklam bazarı və dövlət resurslarına çıxışın qeyri-bərabərliyi müstəqil medianın fəaliyyət imkanlarını zəiflətdi. Biz bu tədqiqatda Azərbaycanda media üzərində hakimiyyət nəzarətinin necə formalaşdığını və zamanla hansı mexanizmlər vasitəsilə möhkəmləndiyini araşdırmağa çalışırıq. Tədqiqatda 1993-cü ildən etibarən media siyasətində baş verən əsas dəyişiklikləri nəzərdən keçiririk. Yazıdakı hesablamalar rəsmi açıqlanan maliyyə və statistik göstəricilər əsasında aparılıb. Buna görə də göstərilən məbləğlər dövlətin informasiya məkanının dizaynına xərclədiyi vəsaitin tam həcmini deyil, açıq mənbələrdən müəyyən edilən hissəni əhatə edir. Xüsusilə nəzərə alınmalıdır ki, hakimiyyətə yaxın strukturların mediaya ayırdığı maliyyənin bir qismi də qeyri-formal kapital axınlarıyla qeyri-şəffaf şəkildə ötürülür.
Tədqiqatın məqsədi: Azərbaycan avtoritarizminin dövlət büdcəsi və iqtisadi rıçaqlar ilə informasiya məkanını necə inhisara aldığının və necə dizayn etdiyinin təhlili
Tədqiqatın sualları: Bu yazı dörd hissəli araşdırma silsiləsinin ilk hissəsidir və ayrıca bu suallara fokuslanır: Hakimiyyət informasiya məkanını maliyyə resursları ilə necə formalaşdırır? Dövlət mediaya nə qədər pul ayırıb və bu pul illər üzrə necə dəyişib? Maliyyə və iqtisadi təzyiqlər müstəqil medianı necə zəiflədib?
Növbəti üç araşdırmada isə hakimiyyətin gündəmdəyişmə və çərçivələmə (framing) mexanizmləri, rəqəmsal məkana və sosial medialara yaradılan nəzarət və böhran dövrlərində işə salınan hegemon informasiya strategiyaları araşdırılacaq.
Tədqiqatın mənbələri: Büdcə sənədləri, dövlət qurumlarının açıqladığı rəqəmlər əsasında formalaşan statistikalar, yerli və beynəlxalq qanunvericilik aktları, beynəlxalq tədqiqatlar, analitik hesabatlar və açıq məlumat bazaları
İnformasiya məkanı nədir və maliyyənin rolu nədən ibarətdir?
İnformasiyanın yaradılması, toplanması, emalı, saxlanılması, ötürülməsi, eləcə də istifadəsini təmin edən texnologiya və kommunikasiya vasitələrinin məcmusu informasiya məkanı hesab edilir. Yəni, informasiya məkanı informasiyanın istehsalından onun yayılması və ictimaiyyət tərəfindən qəbul edilməsinə qədər davam edən bütün prosesi idarə edən institusional mühitdir. Bu baxımdan informasiya məkanının formalaşması yalnız texnoloji imkanlarla deyil, həm də həmin prosesdə iştirak edən siyasi və iqtisadi aktorların qarşılıqlı münasibətləri ilə formalaşır. Lakin bu mühitdə informasiya istehsalının davamlılığı birbaşa onun iqtisadi dayanıqlılığından asılıdır. Çünki xəbərin hazırlanması, informasiyaların yoxlanılması, jurnalistlərin və media işçilərinin əmək haqlarının ödənilməsi, redaksiyanın saxlanılması, texniki infrastruktur, xəbərin auditoriyaya ötürülməsi, informasiya toplamaq üçün səfərlər və digər fəaliyyətlər maliyyə tələb edir. Buna görə də media qurumunun hansı həcmdə və hansı keyfiyyətdə jurnalistika apara bilməsi onun maliyyə imkanlarından birbaşa asılıdır.
Maliyyə sıxıntısının xəbər istehsalına birbaşa təsirini ABŞ-li siyasi kommunikasiya tədqiqatçısı Erik Peterson (Peterson, 2021) ABŞ qəzetləri üzərində apardığı araşdırmada aydın göstərib. Tədqiqatçı yazıb ki, redaksiyada resursların azalması siyasi xəbərlərin həcminə ciddi ölçüdə mənfi təsir göstərir. Araşdırmaya əsasən, tipik bir qəzetdə jurnalist heyətinin ixtisarı illik siyasi xəbər materiallarının ümumi sayında 300–500 arası azalmaya səbəb olub. Bu göstərici sübut edir ki, maliyyə təzyiqinin və resurs çatışmazlığının ilk, birbaşa fəsadı jurnalistikanın istehsal tutumunun daralmasıdır. Jurnalistikanın keyfiyyətini və orijinallığını da qoruyub saxlamaq üçün maliyyə vacibdir. Peterson vurğulayıb ki, resurs azlığı mediaları hazır mətbuat relizlərinə, agentlik xəbərlərinə və başqa mənbələrdən kopyalanan məzmunlara möhtac qoyur. Oxşar mənzərəni rəqəmsal media üzrə tədqiqatçılar Fletçer və Nilsen də (Fletcher & Nielsen, 2018) təsdiqləyir. Onların yanaşmasına əsasən, gəlirləri azalan media qurumları orijinal xəbər hazırlamaq əvəzinə başqalarının istehsal etdiyi informasiyanın passiv yayımçısına çevrilir, “copy-paste” medialar artır. Həm də jurnalistikanın cəmiyyətdəki ən vacib rolu - nəzarətçi funksiyası (watchdog) zəifləyir. Əslində, yüksək maliyyə xərci, ixtisaslaşmış insan resursu tələb edən araşdırma jurnalistikası da maliyyə böhranı zamanı ilk qurbanlardan olur, sahə tənəzzülə uğrayır. Bu akademik mənzərə onu deməyə əsas verir ki, jurnalistikanın institusional dayanıqlılığı birbaşa olaraq onun maliyyələşmə modelinin sabitliyindən asılıdır. Məhz bu nöqtədə ortaya belə bir sual çıxır: bəs xərcləri kim ödəməlidir?
Jurnalistika üzrə norveçli professor Sigurd Allern və isveçli media tədqiqatçısı Ester Pollakın “Jurnalistika ictimai nemət kimi: Skandinaviya perspektivi” məqaləsində (Allern&Pollack, 2017) bildirirlər ki, jurnalistikanı adi kommersiya məhsulu kimi və bazar qaydaları ilə satmaq mümkün olmur. Onların yanaşmasına əsasən, keyfiyyətli jurnalistika cəmiyyətin düzgün informasiyaya çıxışına və demokratik proseslərə töhfə verir. Məhz bu xüsusiyyət keyfiyyətli jurnalistikanın yalnız kommersiya gəlirləri hesabına maliyyələşdirilməsini çətinləşdirir. Buna görə də xərcləri qarşılamaq üçün müxtəlif gəlir modelləri formalaşıb. Ən geniş yayılmış modellərə reklam gəlirləri, auditoriyanın birbaşa ödənişləri (abunəlik və ianə), dövlət dəstəyi və subsidiyalar, özəl qurumlardan qrantlar, eləcə də media sahibinin və ya tərəfdaşlarının şəxsi maliyyə ayırımları aiddir. Ümumi şəkildə media maliyyələşməsini dövlət və özəl maliyyələşmə olmaqla iki əsas qrupa ayırmaq da olar. Hansı modelin üstünlük təşkil etməsi medianın fəaliyyət göstərdiyi bazardan, auditoriyadan, dövlətin media siyasətindən və mülkiyyət strukturundan asılıdır. Maliyyə mənbələrinin müxtəlifliyi media qurumunun gəlir mənbəyindən asılılığını azaltmaq baxımından əhəmiyyətli hesab edilir. Lakin media maliyyələşməsinə yalnız iqtisadi məsələ kimi yanaşmaq da kifayət etmir. Çünki maliyyə mənbəyi media qurumunun müstəqilliyini müəyyən edən amilə çevrilə bilər. Ona görə də həmin gəlirin hansı mənbədən gəlməsi, bu mənbəyə nə dərəcədə bağlı olması və maliyyə münasibətinin redaksiyanın qərarvermə prosesinə təsir imkanı araşdırılmalıdır. Avropa Şurasının media müxtəlifliyi və müstəqilliyinə dair hüquqi çərçivəsində (Committee of Ministers of the Council of Europe, 2018) bu məsələyə toxunulur. AŞ dəstəyin mediada plüralizmin qorunmasına töhfə verə biləcəyini qəbul edir. Lakin təşkilat vurğulayır ki, maliyyə resursları obyektiv və şəffaf meyarlar əsasında paylanmalı, media qurumları arasında ayrı-seçkiliyə yol verilməməli və bu dəstək müdaxilə vasitəsinə çevrilməməlidir. Elə qeyri-demokratik rejimlərdə məhz bu maliyyə məsələsi ciddi narahatlıq doğurmaqdadır. İspaniyalı sosioloq, media tədqiqatçısı Manuel Kastells "Kommunikasiya hakimiyyəti" kitabında (Castells, 2009) yazır ki, hakimiyyətlərin informasiya məkanına müdaxiləsi təkcə məzmunun birbaşa tənzimlənməsi və ya inzibati senzura ilə bitmir. Medianın azadlıq dərəcəsini onun fəaliyyət göstərdiyi iqtisadi və institusional şərtlər müəyyən edir. Kastell izah edir ki, informasiya məkanına nəzarəti yalnız “nə deyilir?” sualı ilə deyil, həm də “kim deyə bilir, hansı resursla deyə bilir və onun səsi ictimaiyyətə çatmaq üçün hansı imkanlara malikdir?” sualları ilə araşdırmaq mümkündür. Tarixi kontekstdə avtoritar rejim – media münasibətlərinin transformasiyası da bu sualların cavabını dəyişdirdi. XX əsrin klassik diktaturaları informasiya məkanına nəzarət etmək üçün ilk addım olaraq birbaşa sərt inzibati qadağalara, kütləvi həbslərə və fiziki təzyiqlərə əl atırdı. XXI əsrin müasir idarəetmə modellərində isə artıq repressiyanın daxili iyerarxiyası yeniləndi. Lakin bu, müasir avtokratiyaların fiziki cəzalandırma və həbslərdən tamamilə imtina etməsi demək deyildi. Əksinə, hüquqi və fiziki repressiyalar sadəcə iyerarxiyada yerini dəyişərək iqtisadi və hüquqi süzgəclərdən sonra gələn son zərbəyə çevrilib. İqtisadçı Sergey Guriyev və politoloq Daniel Treysmanın “İnformasiya avtokratları” başlıqlı tədqiqatında (Guriev & Treisman, 2019) izah edilir ki, müasir avtoritar hakimiyyətlərdə idarəetmənin əsas təməlini məhz iqtisadi asılılıq mexanizmləri təşkil edir. Rejim öncə informasiya istehsalçılarının maliyyə resurslarına çıxışını kəsərək onların fəaliyyətini dayandırmağa və ya mövcud sistemə inteqrasiya etməyə çalışır. Bu iqtisadi asılılığın praktiki icra mexanizmini isə Harvard Universitetinin politoloqları Stiven Levitski və Daniel Ziblat izah edirlər. Onların "Demokratiyalar necə ölür" (Levitsky & Ziblatt, 2018) əsərindəki yanaşmaya əsasən, dövlət resurslarının selektiv şəkildə bölüşdürülməsi müstəqil aktorların maliyyəyə çıxışını məhdudlaşdırır, hakimiyyətin siyasətini dəstəkləyənləri isə dolayısı ilə mükafatlandırır. Nəticədə, iqtisadi resurslara çıxışın siyasi loyallıqla şərtləndirilməsi müstəqil media qurumlarının fəaliyyət imkanlarını zəiflədən mexanizmə çevrilir. Müasir dövrdəki avtokratiyaların istifadə etdiyi bu təzyiq praktikasının nəzəri fəlsəfəsi haqda London Universitetinin Qoldsmit İnstitutunun professoru Des Fridman da (Freedman, 2014) yazıb. Müəllifin analizinə əsasən, belə hakimiyyətlərdə maliyyə ayırımı heç də neytral idarəetmə aktı olmur, bu, hakimiyyətin öz mövqeyini möhkəmləndirmək məqsədiylə istifadə edilən siyasi alətə çevrilir. Məhz Fridmanın bu nəzəri çərçivəsi (Freedman, 2014) avtoritar rejimlərə xas nəzarətə fokuslanmış üçpilləli maliyyə mexanizmini ortaya qoyur:
- Maliyyə kooptasiyası (maliyyə ilə öz tərəfinə çəkmə, asılılıq): Media subyektləri dövlət resursları, subsidiyalar və rəsmi reklam sifarişləri vasitəsilə sistemli dəstəklənir, bununla da hakimiyyətyönümlü media qurumları formalaşır. Nəticədə rejimin siyasi diskursu mediada dominantlıq qazanır (Freedman, 2014);
- Resurs təcridi: Hüquqi və iqtisadi baryerlərlə müstəqil informasiya siyasəti yürütmək istəyən medianın reklam və donor gəlirlərinə çıxışı kəsilir;
- Repressiya: Daxildə maliyyə ala bilmədiyi üçün xarici qrant və ya ianələrlə işləyən, ayaqda qalan aktorlara qarşı birbaşa cəza mexanizmləri işə salınır. Buna redaksiya bağlanması, maliyyə ittihamları, həbslər daxildir (Guriev & Treisman, 2019).
Bu üçpilləli sistemin praktiki təzahürlərini isə Azərbaycanın media mühitində aydın müşahidə etmək mümkündür.
Azərbaycan nümunəsi: informasiya məkanının vəziyyəti necədir?
Azərbaycanda informasiya məkanı formal olaraq televiziya, radio, çap və onlayn media daxil olmaqla müxtəlif platformalardan ibarətdir. Audiovizual Şuranın 2025-ci il üzrə rəsmi hesabatına görə, ölkədə 47 televiziya və 23 radio redaksiyası daxil olmaqla 92 lisenziyalaşdırılmış audiovizual media subyekti fəaliyyət göstərir (Audiovizual Şura, 2026). Formal olaraq birbaşa dövlət büdcəsindən maliyyələşən audiovizual medialar az olsa da, bütün yayımçılar - hətta özəl strukturlar belə müstəqil informasiya siyasəti yürütmür, dövlət maliyyələşdirilməsindən dolayı və ya birbaşa yararlanır. Ənənəvi çap mediası isə tənəzzül fonunda cəmi 30-a yaxın qəzetlə təmsil olunur, ölkədə müstəqil informasiya siyasətinə malik qəzet yoxdur. Onlayn saytların dəqiq sayı bəlli olmasa da, 150-200 civarında olduğu düşünülür ( Report.az, 2023). Ölkə daxilində tənqidi və alternativ fikirlərə yer verən müstəqil mediaların sayı isə kifayət qədər məhduddur. Belə ki, yerli təşəbbüslə yaradılan “Azadlıq” qəzeti, “Meydan TV”, “Açıq Azərbaycan”, “Time TV”, “Abzas Media”, “Toplum TV”, “HamamTimes”, “Mikroskop Media”, “Qəzetçi” kimi müstəqil platformaların demək olar ki, hamısı sərt təqiblər nəticəsində fəaliyyətlərini ölkə xaricindən (mühacirətdən) davam etdirməyə məcbur qalıblar. Bununla yanaşı, xarici əsaslı “AzadlıqRadiosu” və “BBC Azərbaycan” da ölkə daxilindəki bürolarının bağlanması səbəbindən fəaliyyətlərini tamamilə ölkədən kənarda həyata keçirirlər. İnformasiya məkanında hökm sürən bu vəziyyət ölkədəki mövcud rejimlə birbaşa əlaqəlidir. Beynəlxalq insan haqları təşkilatlarının dəyərləndirmələrinə görə, Azərbaycan avtoritar siyasi sistemə malikdir. ABŞ-də mənzillənən beynəlxalq insan hüquqları mərkəzi “Freedom House” 2026-cı ilin martında (Freedom House, 2026) açıqlayıb ki, Azərbaycan 2002-ci ildən bəri təməl azadlıqlarla bağlı "qeyri-azad" statusunu saxlamaqdadır, son 20 ildə də 100 ballıq şkala üzrə xalı 33-dən 6-ya düşüb. “Freedom House” qeyd edir ki, 2005-ci ildən bəri mərkəzdə prezident İlham Əliyev və ailəsi durmaqla avtoritar idarəçiliyin davamlı möhkəmləndirilməsi gedir. “Müstəqil məhkəmə sisteminin, hətta müstəqil medianın belə olmadığı şəraitdə korrupsiya genişlənməkdə davam edib və Əliyevlər ailəsi dövlət aktivləri ilə şəxsi sərvəti kimi davranıb. Bundan əlavə, dövlət vəsaitlərindən hökumətyönlü medianın maliyyələşdirilməsi üçün istifadə olunur, bu, medianın vasitəsiylə rejimin imicini yaxşılaşdırmaqla yanaşı müxalifəti gözdən salır”, - təşkilat hesabatda belə yazıb. V-Dem İnstitutu (2024) da Azərbaycanı seçkili avtokratiya kateqoriyasına aid edir, ölkədə media məkanı üzərində dövlət nəzarətinin yüksək səviyyədə olduğunu bildirir. Fransada mənzillənən “Sərhədsiz Reportyorlar” təşkilatının 30 apreldə açıqladığı hesabata görə (Reporters Without Borders, 2026) Azərbaycan mətbuat azadlığının ən çox məhdudlaşdırıldığı dövlətlər sırasındadır. Təşkilat yazır ki, ölkə mətbuat azadlığı reytinqində növbəti dəfə geriləyərək 180 ölkə arasında 171-ci pillədə qərarlaşıb və medianın vəziyyəti “çox ağır” kimi qiymətləndirib. Bu geriləmə Azərbaycanı Rusiya (172) və Türkmənistanla (173) eyni sıralara gətirib çıxarıb (Meydan TV, 2026).
Qrafik 1. “Sərhədsiz Reportyorlar” təşkilatının hesabatı əsasında hazırlanıb
“Sərhədsiz Reportyorlar” təşkilatı media azadlığının iqtisadi azadlıqla düz mütənasib olduğunu vurğulayır və qeyd edir ki, maliyyə baxımından zəif vəziyyətdə olan media qurumları istismara daha açıq olur. Elə bu göstəricilər də avtoritar rejimdə mediaya dövlət maliyyəsinin onun inkişafına deyil, geriləməsinə səbəb olduğunu açıqca nümayiş etdirir və əslində neytral iqtisadi dəstək olmadığını bir daha sübut edir. Azərbaycanda formalaşan informasiya məkanını təhlil etmək üçün isə yalnız son illərə deyil, həmin mühitin tarixən necə dəyişdiyini analiz etmək lazımdır.
Müstəqilliyin ilk illərində informasiya məkanının transformasiyası: 1991–1993
1991-ci ildə formal müstəqillik əldə edən Azərbaycanda 2 il sonra Əliyevlərin indiyə qədər davam edən hakimiyyəti başladı. Sovet Azərbaycanının keçmiş partiya rəhbəri Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ölkənin siyasi sistemində də uzunmüddətli dəyişiklərin başlanğıcı olacaqdı, əslində. Əliyevlərin gəlişiylə Azərbaycanda siyasi hakimiyyətin mərkəzləşdirilməsi sürətləndi, paralel olaraq da informasiya məkanı da yeni siyasi reallığa uyğunlaşdırılmağa başlandı. Amma bunu təhlil etməzdən öncə H.Əliyevin gəlişinə qədərki medianın durumuna nəzər salmaq lazımdır.
Sovet dövründə Azərbaycan mətbuatı vahid ideoloji sistemin tərkib hissəsi idi, Kommunist Partiyasının Mərkəzi Komitəsi və Nazirlər Soveti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarənin birbaşa ideoloji nəzarəti altında fəaliyyət göstərirdi və əsas funksiyası da hakim siyasi xəttin yayılması və legitimləşməsi idi (Aşırlı, 2009). Müstəqil olduqdan sonra sözügedən monolit model dağıldı, siyasi partiya və müxtəlif sosial qrupların öz media orqanlarını yaratması üçün imkanlar yarandı. Bu dövrdə yaranan mətbu orqanları əslində ölkədəki fərqli siyasi qüvvə və elitaların hakimiyyət uğrunda mübarizə apardığı əsas ruporlara çevrildi. Məsələn, müxalifətin "Azadlıq" və "Yeni Müsavat" qəzetləri, iqtidar cəbhəsinin "Səs" və "Yeni Azərbaycan" nəşrləri, nisbətən neytral kəsimin isə "525-ci qəzet" üzərindən formalaşdırdığı yeni media siyasəti xəbərçilikdən savayı tərəflərin ideoloji qarşıdurma poliqonuna çevrildi.
1992-ci ildə Əbülfəz Elçibəyin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi media tarixində ayrıca mərhələ sayıla bilər. Sovet dövründən miras qalan senzura ilə mətbuat dövlət nəzarətində saxlanılır və məzmunlar dərc edilməzdən öncə yoxlamaya məruz qalırdı. Jurnalistlərin Müdafiə Komitəsinin (CPJ) hesabatında isə yazılır ki, Elçibəy öz hakimiyyətinin ilk aylarında əvvəlki senzura tətbiqini böyük ölçüdə aradan qaldırdı və jurnalistlər bunu sonradan mətbuat azadlığının “qızıl dövrü” kimi xatırlayırlar (CPJ, 1998). Elçibəyin dövründə - 1992-ci il iyulun 21-də qəbul edilmiş “Kütləvi informasiya vasitələri haqqında” qanunun 3-cü maddəsi əvvəlcədən senzuranı qadağan edirdi, bununla belə, media azadlığından sui-istifadəyə dair müəyyən məhdudiyyətlər qalmaqda idi. Amma bu liberallaşma da uzunmüddətli olmadı. Jurnalistlərin Müdafiə Komitəsi yazıb ki, Qarabağ müharibəsinin intensivləşməsi ilə Azərbaycanda fövqəladə vəziyyət və hərbi senzura mexanizmləri tətbiq edildi. Nəticədə, 1992-ci ildə aradan qaldırılmağa başlayan senzura 1993-cü ildə yenidən gücləndirildi. CPJ-nin hesabatında bu dövrdə məqalə, foto və karikaturaların əvvəlcədən yoxlanılması barədə rəsmi göstəriş sənədləşdirilib (CPJ, 1998). Sürət Hüseynovun rəhbərlik etdiyi silahlı qiyam, nəzarət imkanlarının zəifləməsi və daxildəki qüvvələr arasında parçalanma ilə Azərbaycanda siyasi böhran dərinləşdi. Bunun fonunda Heydər Əliyev Naxçıvandan gələrək əvvəlcə parlamentin sədri, ardınca prezident oldu.
Heydər Əliyevin media məkanında etdiyi dəyişikliklər
Heydər Əliyevin gəlişi ilə media üzərindəki dövlət nəzarəti daha sistemli xarakter almağa başladı. CPJ-nin məlumatına görə, əvvəlki hərbi senzura ilə yanaşı siyasi senzura da formalaşdı (CPJ, 1998). H.Əliyevin tapşırığı ilə dövlət mediası ilə yanaşı, müxalifət və müstəqil qəzetlərə nəzarət cəhdləri həyata keçirilməyə başlandı. CPJ-nin 1996–1997-ci illər üzrə sənədləşdirdiyi keyslər göstərir ki, qəzetlərdə korrupsiya, polis fəaliyyəti, insan hüquqları və digər siyasi mövzulara dair materiallar senzuraya məruz qalıb və dərc edilməyib (CPJ, 1998). Prezident 1998-ci ilin avqustun 6-da “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərman imzaladı. Fərmanın 8-ci bəndi ilə senzura və informasiya yayımına nəzarət sərəncamları qüvvədən düşmüş sayıldı (Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 1998). Bu qərar formal olaraq senzuranın ləğvi olsa da, dövlətin media üzərində təsir imkanları aradan qalxmadı, nəzarətin digər formaları daha çox əhəmiyyət qazandı. Artıq media azadlığının qarşısında duran yeni problem iqtisadi dayanıqlılıq olacaqdı. Yəni, Heydər Əliyevin senzuranı ləğv etməsi sadəcə manipulyasiya idi. Burada solçu nəzəriyyəçi Antonio Qremşinin mədəni hegemonluq konsepsiyası (Selections from the Prison Notebooks, 1971) özünü göstərir, hakimiyyət cəmiyyəti məcburetmə ilə deyil, resurslara nəzarət edərək könüllü razılıq əsasında idarə edir. Bu yanaşmanın Azərbaycan mediasına tətbiqi məhz Əliyevlərin gəlişi sonrası CPJ və IREX hesabatlarında da sənədləşdirilib. Belə ki, dövlət media üzərindəki nəzarəti reklam bazarı inhisarları, nəşriyyat borcları və digər iqtisadi təzyiqlər vasitəsilə həyata keçirib (CPJ, 2000, 2001; IREX, 2003). CPJ 2000-ci ildəki hesabatında prezident Heydər Əliyevin müstəqil mətbuata qarşı avtoritar meyllərinin aradan qalxmadığını yazırdı (CPJ, 2000). Hesabatda göstərilirdi ki, o illərdə prezident, onun ailəsi, eləcə onun siyasi və biznes tərəfdaşları haqqında araşdırma aparan jurnalistlərə qarşı bir sıra zorakı hücumlar baş verdi. Məsələn, iyunun 30-da həmin vaxt müxalifət qəzeti olan “Yeni Müsavat”ın müxbiri Kamil Tağısoy prezident Əliyevin səhhəti haqqında dərc etdiyi bir sıra məqalələrə görə oğurlandı, döyüldü və təhdid edildi. Bu hücumlar göstərdi ki, senzura əslində qalmaqda idi.
Oğul Əliyevin gəlişi - KİVDF mexanizmi necə yarandı?
Heydər Əliyevin oğlu İlham Əliyevin 2003-cü ildə prezident postuna keçməsindən sonra atasından qalan sistemin əsas xüsusiyyətləri qorundu. Əlavə olaraq, media sektorunda dövlətin maliyyə və institusional rolu daha sistemli xarakter aldı. Təbii ki, dövlətin maliyyə ayırması özlüyündə antidemokratik davranış sayılmır, demokratik ölkələrdə də dövlət subsidiyaları mövcuddur. Lakin media bazarında dövlət tək iştirakçı deyil, həm də iqtisadi resursların bölüşdürülməsində dominant aktordusa, artıq avtomatik asimmetrik münasibətlər yaranır.
2005-ci ildə dövlətdən birbaşa yardımla bağlı ilk sərəncam imzalandı. Mətbuatın 130 illiyi ilə əlaqədar sərəncamda (Azərbaycan Respublikasının Prezidenti, 2005) İ.Əliyev ümumillikdə 30 redaksiyanın hər birinə 10 milyon manat (2006-cı il denominasiyasından sonrakı 2000 AZN) ayırdı. Paralel olaraq, 2005–2006-cı illərdə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin işə düşməsi ilə ölkəyə daxil olan neft gəlirləri dövlət büdcəsinin kəskin genişlənməsinə gətirib çıxardı (“AzadlıqRadiosu”, 2005). Bu da "Radio, televiziya və nəşriyyat" xərclərinin 40 faizə kimi artmasına zəmin yaratdı (Azərbaycan Respublikasının Nazirlər Kabineti, 2005, 2006). Bu dövrdə ən böyük payı hakimiyyətin əsas təbliğat maşını olan AzTv alsa da, ən sıçrayışlı maliyyələşmə fəaliyyətə yeni başlayan İctimai Televiziyada və AZƏRTAC-da müşahidə olundu – 120% (Azərbaycan Respublikasının Nazirlər Kabineti, 2005, 2006). Rəsmi ritorikada bu maliyyələr mətbuatın inkişafına dəstək kimi cəmiyyətə təqdim edildi. Amma 2005-ci ili analiz edən beynəlxalq müşahidəçilərin hesabatlarında müstəqil və müxalif medianın hələ də iqtisadi və hüquqi baxımdan təzyiq altında qaldığı yazılırdı. 2005-ci il üzrə ABŞ Dövlət Departamentinin insan hüquqları hesabatında senzuranın praktikada qaldığı, dövlət müəssisələrinin müxalif qəzetlərdə reklam yerləşdirməsinə maneələr yaradıldığı, özəl şirkətlərə də belə qəzetlərdə reklam verməmələri üçün təzyiq göstərildiyi qeyd edilib (U.S. Department of State, 2006). Bu praktikanın 2006-cı ildə davam etməsi eyni qurumun hesabatlarında sənədləşdirilib.
Jurnalistləri Müdafiə Komitəsinin 2006-cı il hesabatında hakimiyyətin onun siyasətini dəstəkləməyən KİV-lərdə reklam yerləşdirilməməsi barədə təzyiq göstərməsi yazılırdı. Məsələn, dövlət müəssisələrinin müxalifət qəzetlərində reklam verməsi qadağan edilir, dövlət kitabxanalarının həmin qəzetlərə abunə olması məhdudlaşdırılırdı. Eləcə də özəl bizneslərə də alternativ medialara maliyyə ayırmasının qarşısının alınması üçün təzyiqlər edilirdi. Hökumət iki əsas mətbuat yayımı agentliyi olan “Qasid” və “Azərmətbuatyayımı”na nəzarət edirdi (CPJ, 2006). Beynəlxalq tədqiqat təşkilatı IREX-in 2005–2006-cı illər üzrə Media Dayanıqlığı İndeksində (IREX, 2006) qeyd olunur ki, müstəqil qəzetlər pərakəndə satışı “Qasid” ilə etməyə məcbur idi, amma bu qurum da satılan nüsxələrin pulunu redaksiyalara ödəmirdi. Eyni vaxtda dövlətə məxsus “Azərbaycan” nəşriyyatı yığılan “çap borclarını” bəhanə gətirərək müstəqil qəzetləri nəşrini dayandırmaqla hədələyirdi. Həmçinin xüsusilə, siyasi kampaniyalar və seçki ərəfələrində qəzet kağızının süni şəkildə qıtlaşdırılması iqtisadi təzyiq üsulu kimi tətbiq edilirdi (IREX, 2006). Müstəqil və müxalif redaksiya rəhbərləri bu mexanizmi “müstəqil mətbuatın iqtisadi kəndirlə boğulması” kimi qiymətləndirirdilər (CPJ, 2006; U.S. Department of State, 2006).
Hakimiyyətin növbəti addımı pul qarşılığında təriflənməsini artırmaq idi. 2008-ci ildə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” təsdiq edildi və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradıldı (Azərbaycan Respublikasının Prezidenti, 2008). Rəsmi mənbələrdə bu Fondun məqsədi ölkədə media azadlığını və medianın iqtisadi dayanaqlılığını dəstəkləmək, jurnalistlərin sosial müdafiəsini gücləndirmək, mətbuatda maddi-texniki bazasının təkmilləşməsi idi (AzərTac, 2009). Fəaliyyət göstərdiyi 2009-2020-ci illərin büdcə sənədlərini analiz etdik və hesablamalarımız göstərdi ki, KİVDF-yə dövlət büdcəsindən ümumilikdə 41 882 778 manat ayrılıb (Büdcə sənədləri, 2009-2020). Ayrılan vəsait 2009-cu ildə 1 304 160 manat olduğu halda 2020-ci ildə 200 faizdən çox artaraq 4 133 184 manata çatıb.
Maliyyə resurslarının 1-ci magistral xəttini rüblük və yarımillik qrantlar təşkil edirdi, bu çərçivədə də redaksiyalara 5-60 min AZN arası yardım ayrılırdı. Məsələn, 2019-cu ilin II rübü üzrə elan olunmuş müsabiqə şərtlərində, aylıq maliyyə yardımının həcmi gündəlik ictimai-siyasi qəzetlər üçün 20 min, günaşırı nəşrlər üçün 10 min, həftəlik qəzetlər üçün isə 5 min manat müəyyən edilmişdi (AzərTac, 2019). Beləliklə, dövlət dəstəyi birdəfəlik yardım xarakterindən çıxdı. Amma bundan bir qədər öncə, məsələn, 2014-cü ildə “Azadlıq” qəzetinin maliyyə alan nəşrlər arasından çıxarılması selektiv yardım yaranmasının əsas sübutu ola bilərdi (“AzadlıqRadiosu”, 2014). Digər sübutu isə eyni nəşrlərin ardıcıl olaraq yardım alanlar sırasında olmasıdır. Ardıcıl illərlə “Yeni Azərbaycan”, “İki Sahil”, “525-ci qəzet”, “Səs”, “Bakı-Xəbər”, “Yeni Müsavat” və “Olaylar” kimi fərqli siyasi keçmişə malik redaksiyalara eyni məbləğdə yardım edildi. Bunu rəsmilər media azadlığı və müxtəlifliyin qorunması kimi qələmə verdi. Halbuki, bu fərqli qəzetlərin hər birini 2019-cu il üzrə analiz edərkən Prezidentin fəaliyyətinin, dövlət proqramlarının və ölkənin sosial-iqtisadi inkişafının müsbət istiqamətdə işıqlandırıldığı görünür. Bu arada maliyyənin bir istiqamətdən gəlməsi institusional maliyyə asılılığı yaratdı. Belə vəziyyət məhz redaksiyaların iqtisadi maraqlar ucbatından özünüsenzura tətbiq etməsinə və dövlət gündəminə uyğunlaşmasına gətirib çıxardı. Hakimiyyət özünün yaratdığı bu krizisi növbəti fürsətə çevirdi. 2020-ci ildə KİVDF tərəfindən elan edilmiş yeni müsabiqənin şərtləri açıqlandı (Yeniçağ, 2020). Həmin şərtlərlə artıq maliyyə verilməsi üçün birbaşa mövzu və istiqamətlər diktə edildi. Bu istiqamətlərə də məhz azərbaycançılıq ideyasının təbliği, dövlətçilik və onun mövqeyinin gücləndirilməsi aid idi. KİVDF-nin rəsmi məlumatlarında mediaların qalib elan olunduğu sahələrə baxanda aydın olur ki, hakimiyyət artıq ayırdığı vəsaitin hər qəpiyini məhz siyasi xəttinin təbliğatına xərcləyəcəkdi (KİVDF, 2020). Bu artıq jurnalistika prinsiplərinə aşkar zidd idi, xəbər otaqlarının müstəqilliyi əlindən tam alınırdı (“Yeniçağ”, 2020). Media nəzəriyyəsində “Medianın ələ keçirilməsi” (Media Capture) adlanan bu proses mətbuatın nəzarətçi (watchdog) funksiyasını iflic etdi. Bu mövzu diktəsi sonralar KİVDF-nin sələflərinin də istifadə elədiyi mexanizm olacaqdı.
KİVDF-nin maliyyə resurslarının ikinci magistral xəttini isə dövlətin həyata keçirdiyi birbaşa sosial layihələr və dövlət elanlarının bölgüsü idi, bununla da fərdi jurnalistlər asılı hala salınırdı. Bakının Səbail rayonu ərazisində inşa edilən 1-ci və 2-ci jurnalist binalarının tikintisinə, eləcə də 3-cü binanın bünövrə işlərinə dövlət büdcəsindən 30 milyon manatdan çox vəsait ayrıldı (President.az, 2017) Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (OCCRP) rəhbəri Drey Sallivan bildirirdi ki, dövlətdən bahalı daşınmaz əmlak – mənzil qəbul edən jurnalist özünün əsas prinsipini – tənqid etmək azadlığı və qərəzsizliyini itirir, hakimiyyətin ictimaiyyətlə əlaqələr (PR) subyektinə çevrilir (“Meydan TV”, 2017).
2009-cu ildən başlayaraq 11 il Fondun icraçı direktoru olan Vüqar Səfərli CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və başqa maddələri ilə günahlandırılaraq 2021-ci ildə 10 il 6 aylıq azadlıqdan məhrum edildi. (“AzadlıqRadiosu”, 2021). Onun həbsindən bir qədər əvvəl isə KİVDF ləğv edilmişdi.
KİVDF-dən MEDİA-ya keçid – islahat, yoxsa nəzarətin artması ?
2009–2020-ci illərdə Azərbaycanda media siyasəti KİVDF ilə həyata keçirilirdi və bu modelin təməlində iqtisadi kooptasiya (maliyyə ilə özündən asılı salmaq) dayanırdı. KİVDF-nin Medianın İnkişaf Agentliyi ilə əvəzlənməsi (Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 2021) və bu sahədə yeni qanunvericilik (“Media haqqında” Qanunu, 2021) maliyyə asılılığı ilə yanaşı, bütün nəzarət münasibətlərinin hüquqi-inzibati mexanizmlərlə sistemli şəkildə qurulması deməkdir. Bu dəyişiklik avtoritar idarəetmənin maliyyə rıçaqlarından imtina etməsi deyil, təbii ki. Sadəcə onları daha sabit hüquqi-inzibati mexanizmlərlə tamamlamasıdır. Beləcə, avtoritar rejim “kimə maliyyə verim?” sualı ilə yanaşı, “kim media orqanıdır?”, “nə qədər xəbər istehsal edə bilər?”, “kim jurnalistdir?” kimi sualların da cavabını hüquqi tənzimləmə predmentinə çevirdi.
Bu prosesin ilk hüquqi dayağı 30 dekabr 2021-ci ildə qəbul edilmiş “Media haqqında” Azərbaycan Respublikasının Qanunu idi. Bu qanunla media fəaliyyəti üzərindəki xəbərdarlıq rejimi özünü icazəverici rejimlə əvəzlədi (“Media haqqında” Qanun, 2021). Özündən əvvəlki “Kütləvi informasiya vasitələri haqqında” və “Televiziya və radio yayımı haqqında” qanunları əvəzləyirdi, mediaların fəaliyyətinin təşkili, hüquqi və iqtisadi əsaslarını vahid sistemdə müəyyənləşdirdi. Qanunda Media Reyestri anlayışı yarandı, bu da media subyektləri və jurnalistlər barədə məlumatların dövlət tərəfindən rəsmi şəkildə uçota alınması idi. Bu mexanizm medianın kimlər tərəfindən və hansı şərtlərlə fəaliyyət göstərə biləcəyinin dövlətin müəyyənləşdirməsinə gətirib çıxarırdı. Media Reyestrində olmayan qurumlar da qanunla nəzərdə tutulan dövlət maliyyə dəstəyi və güzəştlərdən avtomatik məhrum qalırdı (Səs İnformasiya Agentliyi, 2022). Qanunun 60.5-ci maddəsindəki davamlı fəaliyyət üçün günlük azı 20 material dərc edilməsi əks olunub. Bu da ixtisaslı medialar və araşdırma etmək istəyən platformalar üçün çətinlik yarada biləcək məqam sayılırdı. Eyni qanunun 74.2-ci maddəsiylə (Azərbaycan Respublikasının Qanunu, 2022) qoyulan tələblər “jurnalist kimdir?” sualını inzibati və bürokratik çərçivəyə saldı. Jurnalistlərə reyestrə düşmək, başqa sözlə dövlətin onları rəsmən tanıması üçün ali təhsil, əmək/mülki müqavilə, reyestrdə olan medialarla əməkdaşlıq, davamlı fəaliyyət, azı 3 illik staj kimi şərtlər formalaşdırıldı. Bununla yanaşı, qanunla dövlət hansı jurnalist fəaliyyətinin “qərəzli”, hansının “obyektiv” olduğuna qərar verə biləcəyini bəyan edir. Qanunda “obyektiv”, “qərəzsiz” və “birtərəfli” anlayışların ölçülə bilən hüquqi meyarları müəyyən edilməyib, geniş interpretasiya imkanları – sui-istifadə halları yaranır. Qanun qəbul edilən ərəfədə beynəlxalq təşkilatlar Azərbaycanda medianın vəziyyətini daha ağırlaşacağını proqnozlaşdırırdı (Azadlıq Radiosu, 2022). Venesiya Komissiyası “Qanun Azərbaycanın media sektorunda demək olar hər şeyi, o cümlədən onlayn medianı tənzimləyə çalışır. Medianın özünün ictimai keşikçi rolunu icra etməsinə gərəkən şərait yaratmaq əvəzinə medianın fəaliyyətini məhdudlaşdırmağa fokuslanır”, deyə bildirirdi (AzadlıqRadiosu, 2022). Bu inzibati nəzarət mexanizmlərinin maliyyə tərəfini tənzimləmək üçün Medianın İnkişafı Agentliyinin nizamnaməsi 2021-ci ilin yanvarında Əliyevin fərmanıyla təsdiqləndi. Agentliyin başlanğıcda nizamnamə fondu 285405 manat idi (Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 2021). 2021-2026-cı illər ərzində Agentliyə ayrılan vəsait isə bu məbləği dəfələrlə ötüb.
Qrafik 2. Büdcə sənədləri əsasında hazırlanıb
Bu illər ərzində Agentliyə büdcədən ayrılan məbləğləri rəsmi sənədlərlə hesabladıq (red. 2022-ci il istisna, çünki büdcədə həmən vəsait göstərilməmişdi) və ümumillikdə, 33 078 005 AZN ayrıldığı bəlli oldu (Büdcə sənədləri, 2021; 2023; 2024; 2025; 2026). 2021-ci ildə 4,14 milyon olan göstərici 2023-cü ildə 6,43 milyon, 2024-cü ildə 8,01 milyon səviyyəsinə yüksəlib və artım dinamikası müşahidə olunub. Təkcə 2026-cı ildə artmamış, 6,48 milyon manata enərək əvvəlki illə müqayisədə 19,3% (red. 2025-ci ildə 8 027 949 AZN) azalıb. Ayrılan vəsaitlərin və Agentliyin məqsədi rəsmi ritorikada söz və məlumat azadlığının, plüralizmin təmin edilməsi; mediaların iqtisadi müstəqilliyinin gücləndirilməsi; jurnalistlərin peşəkarlığının artırılması və cəmiyyətin obyektiv, qərəzsiz informasiyaya çıxışının təmini olduğu göstərilirdi (MEDİA, 2021). Vəsaitin əhəmiyyətli hissəsi qəzet və onlayn medialara aylıq maliyyə yardımı kimi ayrılıb.
Qrafik 3. Büdcə sənədləri əsasında hazırlanıb
Belə ki, 2021–2026-cı illər ərzində mediaya ayrılan ümumi 33 milyon 78 min 5 manat vəsaitin 57,06 faizi – 18 milyon 876 min manatı qəzet və saytlara maliyyə dəstəyi şəklində yönəldilib (MEDİA, 2021-2026). Başqa sözlə, bu dövrdə nəzərdə tutulan hər 100 manatın təxminən 57 manatı qəzet və saytların maliyyələşdirilməsinə sərf olunub. Qəzet və saytlara ayrılan ümumi məbləğ 2021-ci ildə 1 milyon 560 min manatdan 2023-cü ildə 3 milyon 816 min manata yüksələrək dövrün ən yüksək həddinə çatıb. Qeyd etmək lazımdır ki, bu hesablamalarda yalnız rəsmi şəkildə açıqlanan məlumatlar nəzərə alınıb. Amma bu maliyyə ayrılan medialara irəli sürülən tələblər əslində media azadlığının və plüralizmin genişləndirilməsindən daha çox mövcud avtoritar rejimin siyasi maraqlarının qorunmasına xidmət edirdi. Agentliyin konsepsiyasında dövlət dəstəyinin əsas istiqamətləri sırasında “ictimai və dövlət maraqlarının müdafiəsi”, “gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi”, “diaspor quruculuğu”, “azərbaycançılıq ideyasının təbliği”, “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” kimi siyasi və ideoloji məzmun daşıyan mövzular var (MEDİA, 2021). Eləcə də hər 6 aydan bir müsabiqə elan edilərkən şərtlər sadalanırdı. Qalib media subyektlərindən hər həftə dövlətçilik, azərbaycançılıq, vətənpərvərlik, “Böyük Qayıdış”, diaspor quruculuğu və siyasi xətti dəstəkləyən mövzular üzrə material hazırlamaq tələb olunur (MEDİA, 2025). Maliyyə ayrılan medialarda aylıq olaraq həmin mövzular əsasında materiallar hazırlanır və sonluqda MEDİA-nın dəstəyi ilə edildiyi vurğulanır. Daha neytral mövzular əsasında material hazırlayarkən də jurnalistlər maliyyələşmədən məhrum olmaq ehtimalı, qəbul edilmiş məzmun çərçivələri, dövlətlə münasibətlərin qorunması zərurətiylə özünüsenzuraya müraciət edirdi. Formal olaraq insan haqları ilə bağlı mövzular da tələblər arasında olsa da, maliyyə ayırılan mediaları təhlil edəndə bu materialların da təbliğata yönəlik olduğu ortaya çıxır. Beləliklə, avtoritar rejim üçün bu maliyyə dəstəyi təkcə iqtisadi kooptasiya aləti olmaqdan çıxır, həmçinin media gündəminin və ictimai rəyin müəyyənləşdirilməsində iştirak edir.
2026-cı ilin ikinci yarısında Medianın İnkişafı Agentliyi ləğv edilərək Audiovizual Şura ilə birləşdirildi, yeni qurum Media və Yayım Şurası adlandı (Azərbaycan Respublikasının Prezidenti, 2026). Beləcə, MEDİA-nın media inkişafı, dövlət dəstəyi, Media Reyestri üzrə funksiyaları Audiovizual Şuranın televiziya və radio yayımına nəzarət və tənzimləmə səlahiyyətləri ilə birgə eyni qurumda cəmləndi. Artıq informasiya mühitindəki media platformaları mərkəzləşdirilmiş modeldə nəzarət altında olacaqdı. MEDİA-ya rəhbərlik edən Əhməd İsmayılovu prezident İlham Əliyev Şuraya sədr təyin etdi (Oxu.az, 2026). İndiyə kimi yayımçılar onsuz da hakimiyyətin siyasi xəttinə uyğun davranır, sadəcə kiçik məmurların tənqid edilə biləcəyi məsələlər haqda manipulyativ materiallar hazırlayırdılar. Vebsaytlar və qəzetlərin də eyni xəttə sadiq olduğu açıq görünürdü. Xüsusən də, böhran vəziyyətlərində hakimiyyətin tezisləri bütün kommunikasiya vasitələriylə gündəmi zəbt etməkdədir. Əvvəllər Prezident Administrasiyasının medianı qeyri-formal koordinasiya etdiyi iddia olunurdu. İndi isə MEDİA ilə Audiovizual Şuranın səlahiyyətlərinin eyni mərkəzdə birləşməsiylə bu mexanizmin institusional müstəviyə keçdiyini demək olar. Ehtimal etmək olar ki, avtoritar rejim həm də işini daha asanlaşdırmaq istədi, beləcə, Prezident Administrasiyasından gələcək tezislər artıq eyni mərkəz vasitəsiylə ictimai rəy formalaşdırmaq və gündəm dəyişmək üçün istifadə ediləcəkdi.
Bunların fonunda illərdir media ayrılan vəsaitin artım dinamikasında bəzi azalmalar da baş verdi. Belə ki, dövlət informasiya agentliyi “AZƏRTAC”-ın maliyyəsinin əhəmiyyətli dərəcədə ixtisar edilməsi diqqət çəkdi. 2025-ci ildə büdcədən quruma 9,1 milyon manat ayrıldığı halda, gələn il üçün bu məbləğ təxminən 22 faiz – 2 milyon manat azaldılaraq 7,1 milyon manata endirilib. Bakının mərkəzində böyük binaya sahib “Azərbaycan Nəşriyyatı” MMC-yə isə ümumiyyətlə vəsait ayrılmayıb. Halbuki 2025-ci ildə bu quruma təxminən 2,3 milyon manat vəsait nəzərdə tutulmuşdu. Media Agentliyinə ayrılan maliyyə 2026-cı ildə 6,48 mln manata enərək əvvəlki illə müqayisədə 19,3% ( red. 2025-ci ildə 8 027 949 AZN) azalıb. Dövlət büdcəsindən iri həcmdə maliyyə alan iki əsas televiziya qurumu – Azərbaycan Dövlət Televiziyası” (AzTV) və “İctimai TV” (İTV) olub. Ötən ilki kimi bu il də hər ikisi böyük məbləğ alıb, AzTV-yə 42,4 milyon manat, İTV-yə isə 21,8 milyon manat ayrılması planlaşdırılıb (Azərbaycan Respublikasının Qanunu, 2025). Paralel olaraq, son 1 ildə televiziyalarda ixtisarlar olub, “Respublika” və “Xalq qəzeti” redaksiyaları birləşdirilib (Report.az, 2025). Belə dəyişiklikləri büdcə optillaşdırılması kimi dəyərləndirmək yetərli deyil. Görünən odur ki, hakimiyyət ənənəvi media qurumlarının sayını azalda, onları təsir imkanı daha çox olan platformada cəmləşdirə, yaxud əvəzləyə bilər. Təsadüfü deyil ki, avtoritar rejimlər üçün hər hansı siyasi alətin funksiyası zəiflədikcə ondan asanlıqla imtina edir və istifadəyə yararsız sayıb kənarlaşdırır.
Bu arada Azərbaycanda media sahəsində kölgə sponsorluğu yolu ilə klientelizm mövcuddur. Klientelizm anlayışı əsasən resurs, dəstək və imkanlar qarşılığında loyallıq və təsir münasibətini ifadə edir. Yəni siyasi və iqtisadi aktorlar, o cümlədən, nazirliklər və oliqarxik holdinqlər mediaya maliyyə yardımı, qeyri-rəsmi sponsorluq (“paket” maliyyələşməsi), süni reklam axını və informasiya çıxışı təklif edir. Bunun qarşılığında isə öz maraqlarına uyğun münasibət tələb edir. Beləcə, resurs qarşılığında medialar həmin tərəfdaşların reputasiyasını qoruyan və tənqidə yer verməyən yayım siyasəti yürüdürlər. Həmçinin, dövlət qurumları eksklüziv müsahibələri, rəsmi tədbirlərdə iştirak imkanını, ilkin mənbədən informasiyanı məhz pul qarşılığında loyallıq göstərən media qurumlarına və jurnalistlərə verirlər. Lakin nə dövlət qurumu, nə media bu əməkdaşlığı açıq bəyan etmir. Nəticədə bu münasibət avtoritar rejim daxilində medianı asılılıqda saxlamaq üçün istifadə olunan klassik klientelizm alətinə çevrilir.
Müstəqil mediada xarici donor zərurəti
Əliyevlərin dizayn etdiyi informasiya məkanında müstəqil və alternativ medialara yer olmayacaqdı. İlham Əliyevin hakimiyyətə gəlməsi ilə bu vəziyyət özünü daha çox biruzə verdi. Bu tənəzzülün əsasında isə rejimin bir-birini tamamlayan iqtisadi və siyasi addımları dayanır. Azərbaycan iqtisadiyyatının özəyini neft gəlirləri və dövlət satınalmaları təşkil edir. Özəl sektorun ÜDM-dəki payı məhduddur (World Bank, 2026) və mövcud olan iri bizneslər (banklar, tikinti və s.) birbaşa və ya dolayısı ilə dövlət elitasından asılıdır. İnhisarlaşmış bazarlarda da şirkətlər keyfiyyətə yox, siyasi loyallığa yatırım edirlər. Azərbaycan reallığında şirkətlər başa düşür ki, tənqidi platformaya verəcəkləri reklam gəliri dövlət qurumlarının qəzəbinə səbəb olacaq və fəaliyyətlərində problemlər yaradacaq. Buna görə də özəl sektor özünüsenzura edərək müstəqil medianı iqtisadi boykot etməyə məcbur qalıb. Digər iqtisadi amil isə vətəndaşlarla bağlıdır. Belə ki, maaşları yalnız gündəlik dolanışığa çatan işçi sinfi və ya aşağı təbəqə informasiyanı istehlak etmək üçün pul ödəmək gücündə olmur. Abunə, yaxud ianə passivliyi də gəlir azlığı ilə bağlıdır. Həmçinin, avtoritar rejimlərdə repressiyalar cəmiyyədə psixoloji izlər buraxır. İnsanlar müstəqil mediaya açıq və ya qapalı dəstək olacaqları təqdirdə cəzalanacaqlarından ehtiyat edirlər və hər hansı ödəniş etməkdən çəkinirlər. Qısaca, reklam bazarı məhduddur, ianə və abunəliyə tələb zəifdir, siyasi tənqid məzmunlu materialı dərc edən mediaların kommersiya reklamverənləri üçün riskli tərəfdaş hesab edilir. Beləcə, dövlətin maliyyələşdirdiyi mediaların genişlənməsi fonunda alternativ medialar dayanıqlı maliyyə modeli formalaşdıra bilmədilər.
Hər hansı media qurumunun pulsuz və ya təmənnasız daimi fəaliyyət göstərməsi də mümkünsüzdür. Davamlı xəbərin toplanması və ictimaiyyətə təqdimatı vaxt və maliyyə tələb edir. Müasir media tədqiqatlarında yazılır ki, əsas funksiyası nəzarətçi (watchdog) olan peşəkar jurnalistlər gündəlik dolanışıq qayğılarından azad olmalıdırlar (Schiller, 1999). Jurnalistlər əlavə, yəni gəlir qazanacaqları işə məcbur qaldıqda onların xəbər istehsalına ayırdıqları vaxt da azalır (Anderson, Bell & Shirky, 2012). Bu səbəbdən jurnalistika uzun dövr üçün könüllü təşəbbüs və ya aktivizmə əsaslana bilmir. Əməyin dəyəri ödənilmədiyi təqdirdə xəbər otaqları bir müddət sonra dağıla, yaxud sadəcə digər mənbələrdən məzmunu təkrar paylaşan platformaya çevirilir.
Belə şəraitdə xarici donor maliyyəsi alternativ medialar üçün çıxış yolu kimi meydana çıxdı. Medianın donorlar və xeyriyyə fondları ilə maliyyələşdirilməsi geniş mənada XIX əsrin sonu və XX əsrin əvvəllərində Qərbdə formalaşan xeyriyyəçilik ənənəsinin davamı kimi görünə bilər (Zunz, 2012). Məsələn, ABŞ və Böyük Britaniyada böyük xeyriyyə fondları 1870–1930-cu illər ərzində sosial institut şəklində yarandı və sosial problemlərin həlli üçün fəaliyyət göstərdi. Tədqiqatçı Dair Hiqqinsə görə (Higgins, 2014), bu model ABŞ və Qərb dövlətləri ilə SSRİ başda olmaqla sosialist blok arasındakı ideoloji qarşıdurmanı ehtiva edən Soyuq müharibə zamanında genişləndi. Həmin fondların bir hissəsi vətəndaş cəmiyyəti, informasiya, demokratiya layihələrini maliyyələşdirirdi. Çünki qərb dövlətləri müstəqil medianı avtoritar rejimə qarşı vasitə kimi görür və demokratiyanın yayılmasında mühüm təsirini danılmaz sayırdı. SSRİ-nin dağılması, eləcə də Şərqi Avropada siyasi sistemlərin dəyişməsindən sonra – 90-cı illərdən etibarən sözügedən maliyyə mexanizmi postsovet məkanına da yayıldı. Bu kontekstdə “Ford Foundation”, “Open Society Foundations” (Soros Fondu), “National Endowment for Democracy” kimi beynəlxalq fondlar; USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) kimi təşkilatlar postsovet ölkələrində vətəndaş cəmiyyətinin, hüquq müdafiəsinin və medianın inkişafına qrantlar ayırmağa başladı (Quigley, 1997; Wedel, 2001; Mendelson & Glenn, 2002). Bu tərz təşkilatların etik siyasətində medianın hazırladığı materialları öncədən yoxlamaq və ya senzura qadağan edilir. Donorlar maliyyə ayıracaqları layihənin ümumi istiqamətini (məsələn, korrupsiya araşdırmaları) təyin edə bilərlər, lakin tənqid hədəfinə, yaxud əldə olunacaq nəticəyə qarışa bilməzlər. Buna baxmayaraq, ayırdıqları məbləğin maliyyə hesabatı da donora təqdim edilir. Bu mexanizm müstəqil mediaya sərbəst çalışmaq imkanı tanıyır. Bu fond və təşkilatların Azərbaycana da gəlişi 90-cı illərə təsadüf edir. Belə ki, Avropa İttifaqı, bir çox Qərb təşkilatları və fondları Azərbaycanda vətəndaş cəmiyyətinin, söz və ifadə azadlığının, medianın inkişafına yönəlik layihələrə başladı, qrantlar ayırdı, təlimlər keçdi. Lakin lahiyələr təkcə müstəqil təşkilatlara yox, dövlət qurumlarıyla da keçirilirdi. Məsələn, USAID 1991-ci ildən ölkədə fəaliyyətini dayandırdığı 2023-cü ilə kimi Azərbaycanda humanitar yardım, səhiyyə sektoru, iqtisadi və idarəetmə islahatlarına 431 milyon dollar sərmayə qoyub (BBC, 2023). Dövlət özünə sərf edən layihələri donorla maliyyələşdirsə də, müstəqil QHT və medialar üçün əngəllər yaratmağa başladı.
1998-ci ildə qəbul edilmiş “Qrant haqqında” Azərbaycan Respublikasının Qanunu ilə donor verən təşkilat və alan tərəf arasında münasibətlər daha sadə tənzimlənirdi. 2000-ci illərdə isə xarici donor maliyyəsinə hüquqi məhdudiyyətlər formalaşdı. 2004-cü ildən Əliyevin fərmanıyla qeyri-kommersiya hüquqi şəxslərinin aldığı qrant müqavilələrinin qeydiyyatı Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir və müqavilənin sürəti təqdim edilirdi (AzərTac, 2009). 2009-cu ildə növbəti fərmanla QHT-lər bank əməliyyatları aparmaq üçün qrant layihələrinin əslinin notarial qaydada təsdiq olunmuş variantını Ədliyyə Nazirliyinə təqdim etməli, nazirlik isə onu təsdiq etməli idi. Məsələ ondadır ki, xarici donorlarla işləyən bir sıra QHT-lər bu layihələri onlayn bağlayırdı, əsli QHT-lərdə olmurdu. Beləcə, 2009-cu ildən qrantın hüquqi qeydiyyatı artıq formal mexanizm yox, vəsaitin faktiki istifadəsinə çıxışın əsas şərti oldu (AzadlıqRadiosu, 2010). 2013-cü ildə edilən dəyişikliklərdən sonra tərəflər arasındakı müqavilələrin dövlət orqanında qeydiyyata alınması üçün təqdim edilməsi məcburi oldu. Hətta nəinki ilkin müqavilə, bu müqaviləyə sonradan edilən əlavələr də bildirilməli idi. Bununla da, qrantın ölkəyə daxil olması və dövriyyəsi nəzarətə götürüldü (Azərbaycan Respublikasının Qanunu, “Qrant haqqında”). 2014-cü ildə edilən dəyişiklikdən sonra xarici donor Azərbaycanda hər hansı təşkilata birbaşa qrant verə bilməzdi. Əvvəlcə həmin qrantın ölkə üçün nə dərəcədə məqsədəuyğun və faydalı olduğu dövlət qurumu (müvafiq icra hakimiyyəti orqanı) tərəfindən yoxlanılmalı idi. Dövlət qurumu müsbət rəsmi rəy təqdim etmədiyi müddətcə qrant vermək hüququ qazanılmırdı. Həmin illərdə hakimiyyət tənqidçiləri həm qanunu, həm də bu istiqamətdə artan cərimələri tənqid edirdi, eləcə də beynəlxalq təşkilatlar bu addımları həddindən artıq müdaxilə kimi dəyərləndirirdi (BBC, 2013). Qanunvericiliyə bu məhdudlaşdırıcı dəyişikliklər zamanı və ondan sonra Azərbaycanda müstəqil QHT-lərə qarşı cinayət işi açıldı, bir çox tanınmış vətəndaş cəmiyyəti fəalları həbs edildi. Halbuki, “Human Rights Watch” təşkilatının araşdırmaları (HRW, 2016) göstərdi ki, bu illərdə Azərbaycanda xarici qrantlar hökumətin tənqidçisi olan qeyri-hökümət təşkilatı və media üçün əsas maliyyə mənbəyi idi. Amma hüquqi və fiziki repressiyalar mediaların xarici dəstək sayəsində fəaliyyətini çətinləşdirdi. Sonralar qəbul edilmiş “Media haqqında” Qanunda da donorlarla bağlı məhdudiyyətlər yer alırdı. Məsələn, qanunda yazılır ki, media platformasına xarici mənbə yalnız 25 faiz sponsorluq edə bilər. Bu isə Azərbaycanda müstəqil xəbər saytları üçün mümkünsüz versiya sayıla bilər.
Maliyyədən məhrum buraxılan medialara növbəti təzyiq dalğası
Əliyevlərin ailəsinin informasiya məkanını monopoliyaya almağa çalışdığı bu illərdə müstəqil medianın mövcudluğu təkcə peşəkar fəaliyyət deyil, həm də avtoritar hakimiyyətə qarşı müqavimət aktıdır. Ona görə də müstəqil medianın fəaliyyəti təkcə alternativ xəbər istehsalı ilə məhdudlaşdırmaq yetərli olmaz. Bu medialar hakimiyyətin siyasətini daha görünən etdi, dövlət büdcəsindən istifadə ilə bağlı hesabat tələb etdi, dominant narrativlərin kölgəsində qalan problemləri işıqlandırdı. Saytları hələ 2014-cü ildə bloklanan “Meydan TV” və “AzadlıqRadiosu” başda olmaqla, illər içərisində yaranıb formalaşan digər medialar ölkə daxilində təzyiqlərə rəğmən əməkdaşlıq etdi və xalqın problemlərini işıqlandırdı (“Meydan TV”, 2025).
İqtisadçı Sergey Quriyev və politoloq Daniel Treysmanın “İnformasiya avtokratları” başlıqlı tədqiqatında (Guriev & Treisman, 2019) yazılır ki, müasir avtoritar hakimiyyətlər sistemə inteqrasiya edə bilmədiyi medialara qarşı təzyiq rıçaqlarını dəyişir. Bu nəzəriyyə özünü Azərbaycanda da göstərdi: hakimiyyət məhdudlaşdırma rıçaqlarını 2023-cü ildən etibarən qarayaxma və həbslərlə əvəzlədi. Jurnalistləri Müdafiə Komitəsi (CPJ) bu ilin əvvəlində açıqlayıb ki, Azərbaycan 2018-ci ildən bəri ilk dəfə olaraq ən çox jurnalisti həbs etdirən ölkələr sırasında yer alıb (“AzadlıqRadiosu”, 2026). CPJ yazırdı ki, xaricdən donor yardımını məhdudlaşdıran qanunlarla Azərbaycan hakimiyyəti müstəqil medianı susdurmaq səylərini gücləndirmişdi, lakin 2023-cü ildən, Qarabağda birgünlük hərbi əməliyyatdan sonra həbs dalğası artıq repressiyanın növbəti mərhələsi oldu. Həbs dalğası 2023-cü ilin noyabrında korrupsiya araşdırmaları ilə tanınan “Abzas Media” ilə başladı. Bu iş çərçivəsində ötən il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Hökmə əsasən, nəşrin direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, "Turan" informasiya agentliyinin redaktoru, araşdırmaçı-jurnalist Hafiz Babalı və “AzadlıqRadiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadənin hər biri 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, saytın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib (“AzadlıqRadiosu”, 2025). Növbəti kütləvi həbs qurbanları “Toplum TV” əməkdaşları oldu. 2024-cü ilin martında media qurumunun ofisi möhürləndi, əməkdaşları saxlanıldı. Bu ilin 27 iyulunda III Respublika Platformasının spikeri Akif Qurbanov və qurucu heyət üzvü Ruslan İzzətlinin hər biri 15 il, “Toplum TV” internet televiziyasının təsisçisi Ələsgər Məmmədli və jurnalist Əli Zeynalovun hər biri 14 il azadlıqdan məhrum edilib. Redaktor Müşfiq Cabbarov, fəallar Ramil Babayev və İlkin Əmrahovun hərəsinə 13 il, jurnalistlər Fərid İsmayılov və Elmir Abbasova isə 12 il həbs cəzası verilib (“AzadlıqRadiosu”, 2026). Hazırda məhkəmələri davam edən “Meydan TV işi” üzrə ilk həbslər 2024-cü il dekabrın 6-da başlayıb. Həmin gün medianın əməkdaşları Aytac Tapdıq, Aynur Elgünəş, Xəyalə Ağayeva, Aysel Umudova, Ramin Deko və Natiq Cavadlı saxlanılıb. Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov da həmin gün həbs olunub. Sonrakı aylarda Şəmşad Ağa, Nurlan Libre, Fatimə Mövlamlı, Ülviyyə Əli və Əhməd Muxtar da bu iş üzrə saxlanılıb (“Meydan TV”, 2026). Hər 3 iş üzrə saxlanılan şəxslərə Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 213 (vergidən yayınma), 206 (qaçaqmalçılıq) və digər maddələri ilə ittihamlar irəli sürülüb (Azərbaycan Respublikasının Cinayət Məcəlləsi). Həmçinin, hər biri bu cinayətləri mütəşəkkil şəkildə etməkdə suçlanırlar. Yəni, rəsmi ritorikada xarici donorlarla maliyyələşdiklərinə görə ağır cəzalarla üzbəüz qoyulduqları deyilir.
Halbuki, İnzibati Xətalar Məcəlləsinə əsasən qrantın verilməsi ilə bağlı sənədlərin Ədliyyə Nazirliyinə təqdim edilməməsi inzibati xəta əməli hesab olunur. Fiziki şəxslər iki min manatadək, vəzifəli şəxslər iki min beş yüz manatadək, hüquqi şəxslər isə yeddi min manatadək məbləğlərdə cərimə edilir (Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi). Yəni, bu, onların həbsinə səbəb olmalı deyil. Cinayət Məcəlləsinin 193.1-ci maddəsi də istənilən qanunsuz yolla əldə edilmiş əmlakı yox, məhz cinayət yolu ilə əldə edilən əmlakı nəzərdə tutur. Bu halda da qrant müqavilələrini Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməməsi halı belə cinayət yolu ilə əldə edilmiş əmlak anlayışına uyğun gəlmir (“Tribunat”, 2025). İlk və əsas ittiham olan qaçaqmalçılıq malların və ya vəsaitin gömrük sərhədindən qanunsuz keçirilməsinin aşkarlanması halıdır. Halbuki istintaq orqanı belə vəsaitlərin ev, yaxud mənzildən çıxdığını iddia edir, sərhəddə aşkarlanma ilə bağlı sübut təqdim etməyib. Media nümayəndələri də özlərini təqsirli bilmir, tapılan vəsaitlərin sonradan yerləşdirildiyini deyir və onlar bu təqibləri peşəkar fəaliyyətləri ilə əlaqələndirirlər. Hökümətyönümlü medialar bu şəxslərin təqsirsizlik prezumpsiyasını pozub haqlarında reportajlar dərc edərkən də vəsaitlərin necə aşkarlanması haqda vizual sübutlar ortaya qoymayıblar (Qafqazinfo.az, 2024). Beləcə, həbs edilən jurnalistlərə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamının verilməsi cinayət mühakiməsi icraatının vəzifələri ilə uzlaşmır. Bu səbəbdən də cinayət mühakiməsi icraatının əsas prinsiplərini pozur (“Tribunat”, 2025). Həbslərdən sonra medialar bəyan etdilər ki, öz fəaliyyətlərini mühacirətdən davam etdirəcəklər (“Amerikanın Səsi”, 2025; “JAMnews”, 2024). Paralel olaraq, ölkədə fəaliyyət göstərmiş müstəqil jurnalistlərin bir qismi ölkəni tərk etməyə məcbur qaldı, digər qismi isə siyasi reallıq fonunda peşəsini dəyişdi. Nəticədə avtoritar rejim ölkədə tənqidi medianın mövcudluğunu zəiflətdi. Buna görə də hakimiyyətin apardığı bu əməliyyatlar hansısa jurnalistin qanunu pozub-pozmaması məsələsi kimi izah etmək doğru olmaz. Bu, avtoritar rejimin dizayn etdiyi informasiya məkanını qorumaq və nəzarətindən kənar məlumat yayılmasını əngəlləmək üçün atdığı addım idi. Avtoritar rejimin bütün rıçaqlarına rəğmən sinfi mübarizə və alternativ fikirlərin yayımcısı olan medialar mövcudluğunu qorumağa davam edir.
Nəticə
Bu tədqiqatın qarşıya qoyduğu əsas sual Azərbaycanda informasiya məkanının hansı mexanizmlər əsasında formalaşması və dövlətin media üzərində nəzarəti necə həyata keçirməsi ilə bağlıdır. Apardığımız təhlil göstərir ki, Azərbaycanda informasiya məkanının formalaşması təsadüfi xarakter daşımayıb. Bu, media üzərində nəzarətin iqtisadi, institusional və hüquqi mexanizmlər vasitəsilə mərhələli şəkildə qurulmasının nəticəsidir. Əliyevlər hakimiyyətə gələnə kimi Azərbaycan mediasının əsas problemi rəsmi senzura idi. Heydər Əliyevin hakimiyyətə gəlişindən 5 il sonra senzura formal ləğv edildi. Rəsmi ritorikada bu qərarın plüralizmə və media azadlığına müsbət təsir edəcəyi iddiaları isə yekunda illüziya çıxdı. Müasir avtokratiyalar kimi Azərbaycan hakimiyyəti də mediaya fokuslanan üçpilləli maliyyə mexanizminə üz tutdu. İlkin mərhələdə iqtisadi kooptasiya özünü göstərdi. KİVDF və sələfləri xəttiylə media qurumları sistemli şəkildə maliyyələşdirildi. Lakin bu maliyyə neytral yardım aktı yox, məhz hakimiyyətyönümlü media qurumlarını formalaşdırdı. Artıq dominant narrativlər, copy-paste məlumatlar, hakimiyyətin siyasətinə dəstək olan ekspert qrupu yarandı. Bu mərhələdə resurs təcridi artıq təkmiləşmiş, media resurslarının bölüşdürülməsində assimmetrik münasibət yaramışdı. Ölkədə azad bazar mühitinin olmaması reklam bazarını da iflic duruma salmışdı. Ölkə iqtisadiyyatının neft gəlirlərinə əsaslanması və özəl sektorun monopoliyada olması müstəqil medianın daxili imkanlarını zəiflətmişdi. Şirkətlər dövlət qurumlarının qəzəbindən ehtiyat edərək tənqidi mediaları reklam boykotuna məruz qoyurdu. Alıcılıq qabiliyyətinin zəifliyi və əhalidə yaradılan qorxu mühiti də ianə modelini qeyri-işlək edirdi. Artıq dövlət nəinki əsas maliyyə mənbələrindən idi, həmçinin resursların bölüşdürülməsinə nəzarət edən aktor idi. 2021-ci ildən hüquqi rıçaqlar da artdı. Jurnalist və media qurumu olaraq dövlətin rəsmi tanımasını istəyənlər onun çərçivələrinə yerləşməyə məcbur oldular. Media Reyestri və jurnalist statusu üçün qoyulan tələblər formal olaraq könüllü xarakter daşıyırdı. Amma praktikada seçkidən tutmuş hər hansı tədbirə kimi müstəqil mediaların və jurnalistlərin iştirak istəkləri nəzərə alınmır, icazəsiz sayılırdılar. Həmçinin, reyestrdən kənar qalanlar dövlət dəstəyindən avtomatik məhrum edilirdi. Xarici donor yardımı isə ictimai rəydə mənfi təbliğ edilməklə yanaşı hüquqi baxımdan da müstəqil media üçün ölkə daxilində mümkünsüz vəziyyətə gətirildi. Mürtəce qanunlar səbəbindən inzibati xəta törətmiş sayılacaq şəxslər daha ağır cəzalarla üzləşdi. Nəticədə 30-a yaxın media qurumu siyasi sifariş əsasında fərqli maliyyə ittihamlarıyla mötəbər sübutlar olmadan həbs edildi.
Bunlar dövlət maliyyələşməsinin bölüşdürülməsi, reklam bazarının strukturu, 2021-ci il tarixli media qanunvericiliyi və tənqidi mediaya qarşı tətbiq edilən hüquqi təqiblərin təhlilinə əsaslanır. Tədqiqat nəticələri avtoritar rejimlərdə medianın idarə olunması ilə bağlı mövcud elmi ədəbiyyatla tam uzlaşır və Azərbaycan nümunəsində bu mexanizmlərin sistemli xarakterini ortaya qoyur.
Tədqiqatın əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycandakı informasiya məkanı sadəcə xəbər istehsal olunan mühit deyil, hakimiyyət üçün ictimai rəyi formalaşdıran, siyasi stabilliyinə dəstək verən mexanizmə çevirilib. Bu mexanizm xalqın vergiləri və təbii sərvətlərdən yığılaraq bir ailənin nəzarətində olan büdcə ilə qurulub. Media azadlığının bərpası üçün dövlət maliyyələşdirilməsi şəffaflaşdırılmalı, rəqabətli reklam bazarı təmin olunmalıdır. Həmçinin, Media Reyestri meyarları redaksiya müstəqilliyinə zərər vurmayacaq şəkildə dəyişdirilməli, eləcə də beynəlxalq donor maliyyəsinin hüquqi maneələri aradan qaldırılmalıdır.
Tədqiqatın əsas məhdudiyyətlərindən biri media qurumlarının maliyyəsini, reklam gəlirlərini, dövlət vəsaitlərini və donor maliyyəsi barədə tam və müqayisə edilə bilən məlumatların əlçatımlı olmamasıdır. Bu vəziyyət bəzi nəticələrin miqyasının dəqiq ölçülməsini çətinləşdirib. Gələcək tədqiqatlar bu araşdırmada müəyyən edilmiş iqtisadi və hüquqi mexanizmlərin informasiya məzmununa təsirini daha sistemli şəkildə araşdıra bilər. Yekun olaraq, müstəqil informasiya məkanının formalaşması üçün demokratik idarəetmə, maliyyə resurslarına bərabər çıxış, şəffaf dövlət maliyyələşdirilməsi, jurnalistlərin peşə fəaliyyətinə müdaxilənin məhdudlaşdırılması kimi şərtlər mühüm əhəmiyyət daşıyır. Bu istiqamətlərdə institusional dəyişikliklər baş vermədiyi halda informasiya məkanında real plüralizm yaratmaq imkanları məhdud olaraq qalacaqdır.
Qeyd: Oxuduğunuz yazı orijinal olaraq Azərbaycan dilində yazılmışdır.
İstinadlar
Allern, Sigurd, and Ester Pollack. 2017. “Journalism as a Public Good: A Scandinavian Perspective.” Nordicom Review38 (Special Issue 1). https://www.researchgate.net/publication/320306842_Journalism_as_a_public_good_A_Scandinavian_perspective.
Anderson, C. W., Emily Bell, and Clay Shirky. 2012. Post-Industrial Journalism: Adapting to the Present. Tow Center for Digital Journalism, Columbia University. https://www.academia.edu/4964810/Post_Industrial_Journalism_Adapting_to_the_Present_a_r_eport_by.
Aşırlı, A. 2009. Azərbaycan Mətbuat Tarixi (1875–1920). http://elibrary.bsu.edu.az/files/books_460/N_45.pdf.
Azərbaycan Respublikası. 2021. Media haqqında. https://e-qanun.az/framework/49124.
Azərbaycan Respublikası. 2022. Media haqqında Azərbaycan Respublikasının Qanunu (8 fevral 2022-ci il, № 487-VIQ). https://president.az/az/articles/view/55399.
Azərbaycan Respublikasının Audiovizual Şurası. 2026. Azərbaycan Respublikası Audiovizual Şurasının 2025-ci il üzrə ümumi hesabatı. https://acra.gov.az/kommunikasiya/hesabatlar/azerbaycan-respublikasi-audiovizual-surasinin-2025-ci-il-uzre-umumi-hesabati-692.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi. n.d. Normativ hüquqi aktların vahid elektron bazası. https://e-qanun.az/framework/46960.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. 1999. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. Normativ hüquqi aktların vahid elektron bazası. https://e-qanun.az/framework/46947.
Azərbaycan Respublikasının Nazirlər Kabineti. 2005. “Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Qərar. https://e-qanun.az/framework/5561.
Azərbaycan Respublikasının Nazirlər Kabineti. 2006. “Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Qərar. https://e-qanun.az/framework/12240.
Azərbaycan Respublikasının Prezidenti. 2008. Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında (Sərəncam № 2957, 31 iyul 2008). Hüquqi Aktların Vahid Elektron Bazası. http://www.e-qanun.az/framework/15291.
Azərbaycan Respublikasının Prezidenti. 2009a. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında (Fərman № 82, 3 aprel 2009). Hüquqi Aktların Vahid Elektron Bazası. http://www.e-qanun.az/framework/16601.
Azərbaycan Respublikasının Prezidenti. 2009b. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 842-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə Fərman. https://azertag.az/xeber/azerbaycan_respublikasinin_bezi_qanunvericilik_aktlarina_elaveler_ve_deyisiklikler_edilmesi_haqqinda_azerbaycan_respublikasinin_2009_cu_il_30_iyun_tarixli_842_iiiqd_nomreli_qanununun_tetbiqi_ile_elaqedar_azerbaycan_respublikasi_prezidentinin_bezi_fermanlarina_deyisiklikler_ve_elaveler_edilmesi_barede_azerbaycan_respublikasinin_prezidentinin_fermani-463727.
Azərbaycan Respublikasının Prezidenti. 2021. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yaradılması haqqında Fərman (12 yanvar 2021). https://president.az/az/articles/view/50115.
Azərbaycan Respublikasının Prezidenti. 2026. “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 449-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman. https://president.az/az/articles/view/73217.
Azərbaycan Respublikasının Prezidenti. 2005. “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” Sərəncam № 923. E-qanun.az. https://e-qanun.az/framework/10495.
Azərbaycan Respublikasının Qanunu. n.d. Qrant haqqında. Hüquqi Aktların Vahid Elektron Bazası. https://frameworks.e-qanun.az/3/f_3527.html.
Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında. n.d. Azərbaycan Respublikasının Qanunu. https://e-qanun.az/framework/15822.
Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında. n.d. Azərbaycan Respublikasının Qanunu. https://e-qanun.az/framework/20908.
Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında. n.d. Azərbaycan Respublikasının Qanunu. https://e-qanun.az/framework/22742.
Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında. n.d. Azərbaycan Respublikasının Qanunu. https://e-qanun.az/framework/24867.
Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında. n.d. Azərbaycan Respublikasının Qanunu. https://e-qanun.az/framework/27027.
Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında. n.d. Azərbaycan Respublikasının Qanunu. https://e-qanun.az/framework/41117.
Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında. 2021. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. https://e-qanun.az/framework/46614.
Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında. 2023. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. https://e-qanun.az/framework/53092.
Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında. 2024. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. https://e-qanun.az/framework/55892.
Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında. 2025. Azərbaycan Respublikasının Qanunvericilik Toplusu. https://e-qanun.az/framework/58618.
Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında. 2025. Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 292-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə. Normativ hüquqi aktların vahid elektron bazası. https://e-qanun.az/framework/61130.
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). 2009. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun nizamnaməsinin təsdiqi haqqında. https://azertag.az/xeber/azerbaycan_respublikasinin_prezidenti_yaninda_kutlevi_informasiya_vasitelerinin_inkisafina_dovlet_desteyi_fondu_haqqinda_nizamname-437349.
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). 2019. KİVDF 2019-cu ilin II rübü üzrə KİV layihələrinin maliyyələşdirilməsi müsabiqəsini elan edib. https://azertag.az/xeber/2019_cu_ilin_ikinci_rubu_uzre_kiv_e_maliyye_yardimi_musabiqesinin_sertlerine_yeni_elave_edilib-1254868.
Azadlıq Radiosu. 2005. “Gələn il büdcə xərcləri 78 faiz artacaq.” https://www.azadliq.org/a/153673.html.
Azadlıq Radiosu. 2010. “Vətəndaş cəmiyyətinə xüsusi maneə.” January 14, 2010. https://www.azadliq.org/a/1928581.html.
Azadlıq Radiosu. 2021. “Vüqar Səfərliyə 10 il 6 ay həbs cəzası.” https://www.azadliq.org/a/vuqar-seferli-eli-hesenov-mehkeme/31619568.html.
Azadlıq Radiosu. 2022. “CPJ də yeni media qanununu ləğv etməyə çağırır.” https://www.azadliq.org/a/cpj-media-qanunu/31698971.html.
Azadlıq Radiosu. 2025. “‘AbzasMedia’nın həbsdə olan xanım jurnalistləri şəraitdən şikayətlənirlər.” October 10, 2025. https://www.azadliq.org/a/abzas-media-lenkeran-hebsxana-serait/33556462.html.
Azadlıq Radiosu. 2026a. “Azərbaycan dünyada ən çox jurnalistin həbsdə olduğu ölkələr sırasında.” https://www.azadliq.org/a/azerbaycan-jurnalist-hebs/33656389.html.
Azadlıq Radiosu. 2026b. “Freedom House-un Azərbaycan hesabatı.” https://www.azadliq.org/a/freedom-house-azerbaycan-hesabat/33710447.html.
BBC News Azərbaycanca. 2013. “Prezident müraciətə baxmayaraq yeni QHT qanunu imzaladı.” https://www.bbc.com/azeri/azerbaijan/2013/03/130312_ngo_law.
BBC News Azərbaycanca. 2023. “ABŞ-ın Azərbaycanda hansı layihələri var? Hansı hökumət məmurları ABŞ-da oxuyub? 9 suala cavabda.” https://www.bbc.com/azeri/articles/c132m537k3ko.
Castells, Manuel. 2009. Communication Power. Oxford University Press. https://studylib.net/doc/28222502/manuel-castells-communication-power-2009.
Committee of Ministers of the Council of Europe. 2018. Recommendation CM/Rec(2018)1 of the Committee of Ministers to Member States on Media Pluralism and Transparency of Media Ownership. Council of Europe. https://search.coe.int/cm#%7B%22CoEIdentifier%22:%5B%220900001680790e13%22%5D,%22sort%22:%5B%22CoEValidationDate%20Descending%22%5D%7D.
Committee to Protect Journalists. 1998. Oil Flows More Freely than Ideas in Azerbaijan. Committee to Protect Journalists. https://cpj.org/reports/1998/03/caucasus-page4/.
Committee to Protect Journalists. 2000. Attacks on the Press 1999: Azerbaijan. https://cpj.org/2000/03/attacks-on-the-press-1999-azerbaijan/.
Committee to Protect Journalists. 2001. “Azerbaijani Press Suffers under Government Restrictions.” Briefing and Press Release. https://ifex.org/press-suffers-under-government-restrictions/.
Committee to Protect Journalists. 2006. “Attacks on the Press 2005: Azerbaijan Report.” February 16, 2006. https://www.refworld.org/reference/annualreport/cpj/2006/en/56388.
Fletcher, Richard, and Rasmus Kleis Nielsen. 2018. “Are People Interactively Engaged with News on Social Media, and Does It Matter?” Digital Journalism. https://scispace.com/pdf/are-people-incidentally-exposed-to-news-on-social-media-a-zvkzvl5hvy.pdf
Freedom House. 2026. Freedom in the World 2026: The Growing Shadow of Autocracy. https://freedomhouse.org/report/freedom-world/2026/growing-shadow-autocracy.
Gramsci, Antonio. 1971. Selections from the Prison Notebooks. Edited and translated by Quintin Hoare and Geoffrey Nowell Smith. International Publishers. https://ia600506.us.archive.org/19/items/AntonioGramsciSelectionsFromThePrisonNotebooks/Antonio-Gramsci-Selections-from-the-Prison-Notebooks.pdf.
Guriev, Sergei, and Daniel Treisman. 2019. “Informational Autocrats.” Journal of Economic Perspectives 33 (4): 100–127. https://www.jstor.org/stable/26796838?seq=1.
Higgins, Daire. 2014. “The Western Way: Democracy and the Media Assistance Model.” Global Media Journal (German Edition). https://arrow.tudublin.ie/cgi/viewcontent.cgi?article=1089&context=aaschmedart.
Human Rights Watch. 2016. Harassed, Imprisoned, Exiled: Azerbaijan’s Continuing Crackdown on Government Critics. https://www.hrw.org/report/2016/10/20/harassed-imprisoned-exiled/azerbaijans-continuing-crackdown-government-critics.
IREX. 2003. Media Sustainability Index (MSI): Europe & Eurasia—Azerbaijan Country Report. International Research & Exchanges Board. https://www.irex.org/sites/default/files/pdf/media-sustainability-index-europe-eurasia-2017-azerbaijan.pdf.
JAMnews. 2024. “Abzas Media fəaliyyətini xaricdə olan yeni komanda ilə davam etdirəcək.” https://jam-news.net/az/abzas-medianin-yeni-komandasi/.
Levitsky, Steven, and Daniel Ziblatt. 2018. How Democracies Die. Crown Publishing Group. https://ia600803.us.archive.org/21/items/HowDemocraciesDieStevenLevitsky/How%20Democracies%20Die%20-%20Steven%20Levitsky.pdf.
Mendelson, Sarah E., and John K. Glenn, eds. 2002. The Power and Limits of NGOs: A Critical Look at Building Democracy in Eastern Europe and Eurasia. Columbia University Press. https://www.researchgate.net/publication/231865945_The_Power_and_Limits_of_NGOs_A_Critical_Look_at_Building_Democracy_in_Eastern_Europe_and_Eurasia_Edited_by_Sarah_E_Mendelson_and_John_K_Glenn_New_York_Columbia_University_Press_2002_300p_4950_cloth_22.
Meydan TV. 2017. “Hökumət idarə etdiyi jurnalistlərə ev verir.” https://www.meydan.tv/az/article/hokumet-idare-etdiyi-jurnalistlere-ev-verir/.
Meydan TV. 2025. “Həbsdə olan jurnalist Aytac Tapdıq kimdir?” July 18, 2025. https://www.meydan.tv/az/article/h%c9%99bsd%c9%99-olan-jurnalist-aytac-tapdiq-kimdir/.
Meydan TV. 2026a. “Azərbaycan dünya üzrə mətbuat azadlığı indeksində ən pis 10 ölkə sırasındadır.” https://www.meydan.tv/az/article/az%c9%99rbaycan-dunya-uzr%c9%99-m%c9%99tbuat-azadligi-indeksind%c9%99-%c9%99n-pis-10-olk%c9%99-sirasindadir/.
Meydan TV. 2026b. “Amnesty International ‘Meydan TV işi’ üzrə petisiya başladıb.” August 14, 2026. https://www.meydan.tv/az/article/amnesty-international-meydan-tv-isi-uzr%c9%99-petisiya-basladib/.
Meydan TV. n.d. “Luka Volonte və Vüqar Səfərli.” https://www.meydan.tv/az/article/luka-volonte-ve-vuqar-seferli/.
Medianın İnkişafı Agentliyi. 2021a. “Çap mediası subyektləri—müsabiqənin nəticələri.” July 1, 2021. YouTube. https://youtu.be/0qj_DWiFG24?si=6HFZ8hxllfjbCv-a.
Medianın İnkişafı Agentliyi. 2021b. “Onlayn media subyektləri—müsabiqənin nəticələri.” July 1, 2021. YouTube. https://youtu.be/T6MEuWhLax4.
Medianın İnkişafı Agentliyi. 2022a. “Media Reyestri jurnalistlərə hansı üstünlüyü verir?—MEDİA-nın nümayəndəsi danışdı.” https://sia.az/az/news/media/986303.html.
Medianın İnkişafı Agentliyi. 2022b. “Onlayn media subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri.” July 1, 2022. https://media.gov.az/medianin-inkisafi-agentliyi-terefinden-onlayn-media-subyektlerine-veb-saytlara-destek-layihesi-cercivesinde-elan-edilmis-musabiqenin-neticeleri/.
Medianın İnkişafı Agentliyi. 2022c. “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən çap mediası subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri.” December 20, 2022. https://media.gov.az/azerbaycan-respublikasinin-medianin-inkisafi-agentliyi-terefinden-cap-mediasi-subyektlerine-destek-layihesi-cercivesinde-elan-edilmis-musabiqenin-neticeleri-1/.
Medianın İnkişafı Agentliyi. 2023a. “Onlayn media subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlandı.” https://media.gov.az/onlayn-media-subyektlerine-destek-layihesi-cercivesinde-elan-edilmis-musabiqenin-neticeleri-aciqlandi/.
Medianın İnkişafı Agentliyi. 2023b. “Çap mediası subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlandı.” https://media.gov.az/cap-mediasi-subyektlerine-destek-layihesi-cercivesinde-elan-edilmis-musabiqenin-neticeleri-aciqlandi/.
Medianın İnkişafı Agentliyi. 2024a. “Onlayn media subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlandı.” https://media.gov.az/onlayn-media-subyektlerine-destek-layihesi-cercivesinde-elan-edilmis-musabiqenin-neticeleri-aciqlandi-2/.
Medianın İnkişafı Agentliyi. 2024b. “Onlayn media subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələrini təqdim edirik.” December 28, 2024. https://media.gov.az/onlayn-media-subyektlerine-destek-layihesi-cercivesinde-elan-edilmis-musabiqenin-neticelerini-teqdim-edirik/.
Medianın İnkişafı Agentliyi. 2024c. “Çap mediası subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələrini təqdim edirik.” December 28, 2024. https://media.gov.az/cap-mediasi-subyektlerine-destek-layihesi-cercivesinde-elan-edilmis-musabiqenin-neticelerini-teqdim-edirik/.
Medianın İnkişafı Agentliyi. 2025a. “Onlayn media subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələrini təqdim edirik.” June 21, 2025. https://media.gov.az/onlayn-media-subyektlerine-destek-layihesi-cercivesinde-elan-edilmis-musabiqenin-neticelerini-teqdim-edirik-2/.
Medianın İnkişafı Agentliyi. 2025b. “Çap mediası subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələrini təqdim edirik.” June 21, 2025. https://media.gov.az/cap-mediasi-subyektlerine-destek-layihesi-cercivesinde-elan-edilmis-musabiqenin-neticelerini-teqdim-edirik-2/.
Medianın İnkişafı Agentliyi. 2025c. “Onlayn media subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələrini təqdim edirik.” December 29, 2025. https://media.gov.az/onlayn-media-subyektlerine-destek-layihesi-cercivesinde-elan-edilmis-musabiqenin-neticelerini-teqdim-edirik-3/.
Medianın İnkişafı Agentliyi. 2026a. “Çap mediası subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələrini təqdim edirik.” July 1, 2026. https://media.gov.az/cap-mediasi-subyektlerine-destek-layihesi-cercivesinde-elan-edilmis-musabiqenin-neticelerini-teqdim-edirik-4/.
Medianın İnkişafı Agentliyi. 2026b. “Onlayn media subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələrini təqdim edirik.” July 1, 2026. https://media.gov.az/onlayn-media-subyektlerine-destek-layihesi-cercivesinde-elan-edilmis-musabiqenin-neticelerini-teqdim-edirik-4/.
Medianın İnkişafı Agentliyi. n.d. Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası. https://media.gov.az/konsepsiya/.
Peterson, E. 2021. “Paper Cuts: How Reporting Resources Affect Political News Coverage.” American Journal of Political Science. https://www.researchgate.net/publication/346240902_Paper_Cuts_How_Reporting_Resources_Affect_Political_News_Coverage.
Quigley, Kevin F. F. 1997. For Democracy’s Sake: Foundations and Democracy Assistance in Central Europe. Johns Hopkins University Press. https://www.akademika.no/en/pedagogikk-og-samfunnsvitenskap/statsvitenskap/democracys-sake/9780943875811.
Report İnformasiya Agentliyi. 2023. “Media Reyestrinə daxil edilən media subyektlərinin və jurnalistlərin sayı açıqlanıb.” https://report.az/media-xeber/media-reyestrine-daxil-edilen-media-subyektlerinin-ve-jurnalistlerin-sayi-aciqlanib.
Report İnformasiya Agentliyi. 2025. “‘Respublika’ və ‘Xalq qəzeti’ birləşdirilib, ‘Bakinski raboçi’ qəzetinin hüquqi forması dəyişdirilib.” https://report.az/daxili-siyaset/iki-dovlet-qezetinin-teskilati-huquqi-formasi-deyisdirildi.
Report İnformasiya Agentliyi. n.d. “Dövlət büdcəsindən KİVDF-yə ayrılan vəsait artırılacaq.” https://report.az/media-xeber/dovlet-budcesinden-ki-vdf-ye-ayrilan-vesait-artirilacaq.
Reporters Without Borders. 2026. 2026 World Press Freedom Index. April 30, 2026. RSF. https://rsf.org/en/2026-rsf-index-press-freedom-25-year-low?data_type=general&year=2026.
Səs İnformasiya Agentliyi (SİA). 2022. “Media Reyestri jurnalistlərə hansı üstünlüyü verir?—MEDİA-nın nümayəndəsi danışdı.” https://sia.az/az/news/media/986303.html.
Schiller, Dan. 1999. Digital Capitalism: Networking the Global Market System. MIT Press. https://www.researchgate.net/publication/226042405_Digital_Capitalism_Networking_the_Global_Market_System_Dan_Schiller.
Tribunat. 2025. “Qrant cinayət yolu ilə əldə edilmiş əmlak ola bilərmi?” February 4, 2025. https://tribunat.info/analiz/qrant-cinayet-yolu-ile-elde-edilmis-emlak-ola-bilermi.
U.S. Department of State. 2006. Country Reports on Human Rights Practices: Azerbaijan, 2005. Washington, DC: U.S. Department of State. https://www.refworld.org/reference/annualreport/usdos/2006/en/38390.
V-Dem Institute. 2024. Democracy Report 2024. Gothenburg: University of Gothenburg. https://www.v-dem.net/documents/43/democracy_report_2024.pdf.
Wedel, Janine R. 2001. Collision and Collusion: The Strange Case of Western Aid to Eastern Europe. New York: Palgrave. https://www.researchgate.net/publication/274054580_Janine_R_Wedel_Collision_Collusion_The_Strange_Case_of_Western_Aid_to_Eastern_Europe_New_York_Palgrave_2001_xi_322_pp_1895_paper.
World Bank. 2026. “Azerbaijan Overview: Development News, Research, Data.” https://www.worldbank.org/ext/en/country/azerbaijan.
Yeniçağ. 2020. “KİVDF qəzetlərin maliyyələşməsi ilə bağlı müsabiqə elan etdi—ŞƏRTLƏR.” https://yenicag.az/kivdf-qezetlerin-maliyyelesmesi-ile-bagli-musabiqe-elan-etdi-sertler.
Yeni Çağ. 2022. “MEDİA 16 qəzetə maliyyə yardımı ayırır.” July 1, 2022. https://yenicag.az/media-16-qezete-maliyye-yardimi-ayirir.
Zunz, Olivier. 2012. Philanthropy in America: A History. Princeton University Press. https://press.princeton.edu/books/paperback/9780691161204/philanthropy-in-america.