Mütaliəni asanlaşdırmaq üçün KHAR Center tərəfindən dərc olunan bu tədqiqat bir neçə hissədə təqdim olunacaq.
Tədqiqatın ikinci hissəsinə keçid üçün
Tədqiqatın üçüncü hissəsinə keçid üçün
Xülasə
‘’KHAR Center’’in hazırladığı bu tədqiqatda SSRİ-nin süqutundan sonrakı dövrdə Azərbaycan Respublikasında baş verən siyasi proseslər və ölkənin demokratik perspektivinin avtoritar bir rejimlə necə əvəz olunduğu izah edilir. Araşdırmada eləcə də Azərbaycanda 1993-cü ildən etibarən müşahidə olunan avtoritarlaşma prosesi mərhələli şəkildə təhlil olunur. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlanan avtoritarlaşmanın İlham Əliyev dövründə ailə avtoritarizminə çevrilməsinə, müxtəlif dövrlərdə məsləhətçi, yumşaq və sərt avtoritarizm modelləri ilə xarakterizə olunmasına diqqət çəkilir. Tədqiqatda dövlət idarəetməsinin korrupsiya şəbəkələrinə çevrilməsi, rejimin dəyişkən və ardıcıl olmayan ideoloji mövqeyi, eləcə də siyasi repressiyaların davamlılığı vurğulanır.
Tətqiqatın ikinci hissəsində Post-Qarabağ dövründə avtoritarizmin modifikasiyası əhatəli şəkildə təhlil olunur.
Tədqiqatın üçüncü hissəsində İlham Əliyevin beynəlxalq avtoritar koalisiyalarda rolu və regional avtoritar inteqrasiya təşəbbüsləri fonunda Qərbin ona qarşı tolerant münasibəti araşdırılır. Nəticə olaraq, Qərbin insan haqları və demokratiya prinsiplərindən güzəştə getməsi avtoritar rejimin möhkəmlənməsinə və beynəlxalq legitimliyinə töhfə verdiyi qənaətinə gəlinir.
Giriş
Postsovet ölkələri SSRİ-nin dağılmasından sonrakı keçid prosesini 3 fərqli istiqamətdə yaşayıb. Birinci istiqamət, uğurlu demokratikləşmənin yaşandığı Baltikyanı ölkələri, ikinci istiqamət demokratikləşmə-avtoritarlaşma yelləncəyinə oturmuş Ermənistan, Gürcüstan, Moldova, Ukrayna. Üçüncü istiqamət demoktatikləşmə prosesinin dayandığı, avtoritarlaşma prosesinə qarşı heç bir təsir gücünün qalmadığı, ancaq zəif daxili müqavimətin hələ də qaldığı Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya. Dördüncü istiqamət isə demoktratikləşmə işartılarının görünmədiyi Özbəkistan, Türkmənistan və Tacikistan respublikalarıdır (Elman Fattah 2019).
Keçmiş sovet ölkələrindən bir neçəsində, o cümlədən Cənubi Qafqazda Gürcüstanda 2012-ci ildə, Ermənistanda 2015-ci ildə keçirilən “konstitusiya islahatları” referendumundan sonra prezident üsul-idarəsindən parlamentli respublikaya keçid baş tutub. Postsovet ölkələrinin parlamentarizmə meyllənməsini demokratiyaya keçidin ilk addımı saymaq olar. Hansı ki, parlamentarizmə keçid edən Gürcüstanda son illərdə yüksələn avtoritarizm cəhdlərinə baxmayaraq, hələ də seçkili demokratiya atributlarının qalmasını, Qırğızıstanı Orta Asiyanın yeganə yumşaq avtoritarizmi, Ermənistanı isə Paşinyanın rəhbərliyə gəlməsi ilə demokratikləşmə yoluna qədəm qoyan ölkə kimi xarakterizə edə bilərik. Cənubi Qafqazın sərt avtoritarizmi əliyevlər Azərbaycanını isə parlamentarizmə keçid yolunda yox, prezident üsul-idarəsinin artırılmış səlahiyyətləri ilə “sultan despotizmin”ə doğru istiqamətlənməsini görürük.
Khar Center-in bu tədqiqatının məqsədi 1993-cü ildən etibarən Azərbaycanda baş verən avtoritarlaşma prosesini mərhələli təhlil etmək və həmin prosesi daxili (institusional dəyişikliklər, ideoloji oriyentasiyalar, siyasi repressiyalar) və xarici (Qərb dövlətlərinin münasibəti) faktorlar kontekstində araşdırmaqdır.
Tədqiqatın əsas tezisi 1993-cü ildən etibarən Azərbaycanda siyasi sistemin tədricən avtoritar istiqamətdə inkişaf edərək, güclü prezidentlik institutundan sabitləşmiş ailə avtoritarizminə, daha sonra isə avtokratik repressiya və qatı mərkəzləşdirilmiş icra hakimiyyətinin fonunda Şah avtoritarizmə yuvarlanmasıdır.
Tətqiqatın əsas sualı: hansı daxili və xarici faktorlar Azərbaycanın avtoritar siyasi strukturunun dərinləşməsinə təsir göstərib və bu sistemin gələcək inkişaf trayektoriyası necə ola bilər?
Metodologiya
Bu tədqiqat işi deskriptiv və analitik yanaşmaların sintezinə əsaslanır.
Tədqiqatda aşağıdakı metodlardan istifadə olunub:
- Tarixi-institusional analiz: Azərbaycan siyasi sistemində baş verən əsas dəyişikliklər, o cümlədən hakimiyyətin ailə daxilində ötürülməsi və konstitusion islahatlar, tarixi ardıcıllıqla və institusional çərçivədə təhlil olunub.
- Siyasi repressiya göstəricilərinin analizi: Müstəqil media, QHT-lər və müxalif siyasətçilərə qarşı aparılan repressiv siyasətlər beynəlxalq hesabatlar (Freedom House, Human Rights Watch, Amnesty International və s.) və yerli müşahidə məlumatları əsasında qiymətləndirilib.
- Qərb-Azərbaycan münasibətlərinin geopolitik təhlili: ABŞ və Avropa İttifaqı kimi Qərb aktorlarının enerji təhlükəsizliyi, regional sabitlik və insan hüquqları sahəsindəki siyasətləri nəzərdən keçirilib, bu siyasətlərin Əliyev rejiminə dəstəyi təhlil olunub.
Mənbə kimi akademik ədəbiyyat, beynəlxalq hesabatlar, sızdırılmış sənədlər (Panama Papers, Pandora Papers), media yazıları və siyasi çıxışlardan istifadə edilmişdir.
Bu metodoloji yanaşma, tədqiqatın həm empirik əsaslı olmasını, həm də nəzəri dərinlik qazanmasını təmin etməyə yönəlib.
Azərbaycanda avtoritarlaşma prosesi
Azərbaycanda demokratikləşmə prosesinin dayandığı 1993-cü ildən sonra yüksələn əliyevlər avtoritarizmini bir neçə mərhələyə ayırmaq olar (İnfoqrafika 1):
- Məşvərətçi avtoritarizm (1993–1998): Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müşayiət olunan bu mərhələ formal institutların mövcudluğunu saxladığı, lakin real siyasi rəqabətin məhdudlaşdırıldığı bir dövrdür.
- Demokratiyanın imitasiyası (1999–2002): Bu mərhələdə Qərb ölkələri ilə əməkdaşlıq çərçivəsində bəzi islahat görüntüləri yaradılıb, lakin əslində əsas məqsəd hakimiyyətin möhkəmləndirilməsi olub.
- Yumşaq avtoritarizm (2003–2010): İlham Əliyevin prezident seçilməsindən sonra iqtisadi sabitlik və modernləşmə ilə avtoritarizmin yumşaq forması tətbiq edilib.
- Sərt avtoritarizm (2011–2020): Müstəqil media, QHT-lər və siyasi fəalların hədəfə alınması ilə vətəndaş cəmiyyətinə qarşı genişmiqyaslı təzyiqlər artıb, rejim repressiv xarakter alıb.
- Şah-avtoritarizm (2021–indiyə qədər): Bu mərhələ artıq avtoritarizmin mərkəzləşmiş, ailə üzərində qurulmuş və faktiki olaraq irsi hakimiyyət sisteminə keçidi ilə xarakterizə olunur (Elman Fattah 2019).

Xüsusilə 2003-cü ildə Heydər Əliyevin ölümündən sonra hakimiyyətin oğlu İlham Əliyevə ötürülməsi, ardınca da 2017-cı ildə prezident postunun xanımı Mehriban Əliyeva ilə paylaşılması (Mehriban Əliyevanın vitse-prezident təyin edilməsi) ilə avtoritar idarəetmə tədricən sülalə xarakteri almağa başlayıb. Bu tip idarəetmə modeli siyasi elmdə “ailə avtoritarizmi” kimi tanınır (Levitsky and Way 45).
Əliyevlər avtoritarizminin modifkiasiyasının dinamizmi özünü üç məsələdə daha aydın biruzə verir:
- Dövlət idarəetməsinin meqa-korrupsiya mahiyyəti
Bu mərhələdə dövlət strukturları sadəcə idarəetmə orqanı olmaqdan çıxaraq korrupsiya şəbəkəsinin bir hissəsinə çevrilib. Neft gəlirlərinin qeyri-şəffaf bölüşdürülməsi, ailəyə və yaxın çevrəyə bağlı oliqarxik qrupların zənginləşdirilməsi ilə yanaşı, dövlət büdcəsinin “ailə dövriyyəsi”nə tabe edilməsi müşahidə olunur. “Panama Papers” və “Pandora Papers” kimi beynəlxalq sənədlər bu proseslərin ifşasında mühüm rol oynayıb. Panama Papers də Azərbaycanı idarə edən hakim ailənin gizli sərvət imperiyasını necə qurmasından, Pandora Papersdə isə Azərbaycanın hakim Əliyevlər ailəsi və onların tərəfdaşlarının Londonda təxminən 700 milyon dollar dəyərində onlarla mülk almasından bəhs edilir.
- Ardıcıl olmayan ideoloji ziqzaqlar
Əliyevlər rejiminin ideologiyası sabit bir xətt üzərində qurulmayıb, əksinə, zamana və vəziyyətə uyğun dəyişib. Məsələn:
- Sovet nostaljisi ilə “Heydərizm”in kultlaşdırılması,
- Qərbə inteqrasiya çağırışları ilə paralel anti-Qərb ritorikası,
- Türkçülük, panislamizm və müasir sekulyarizm arasında qeyri-sabit ideoloji vurnuxmalar.
Bu, ziqzaqların rejimin ideoloji mahiyyətindən doğmadığını, funksional və taktiki məqsədlər daşıdığını göstərir.
- Ardıcıl siyasi repressiya
1993-cü ildən bu yana siyasi repressiya fasiləsiz şəkildə artan tendensiya ilə davam edib:
- 1990-cı illərin sonlarında müxalifət liderlərinin həbsi;
- 2003 və 2005-ci il seçkilərindən sonra kütləvi represiyalar;
- 2013-cü ildən başlayaraq müstəqil media və QHT-lərin boğulması;
- 2020-ci ildən sonra isə müstəqil medianın tamamilə ləğv edilməsi tendensiyası.
Bu repressiyalar həm fiziki (həbs, təzyiq), həm də informasiya (dezinformasiya, troll orduları) müstəvisində həyata keçirilir.
Yəni Azərbaycanın avtoritarlaşma prosesi özünü bütün seçkilərin total pozuntularla müşayiət olunması, nəticələrin siyasi hakimiyyətin xeyrinə dəyişdirilməsi, konstitusiyaya görə müstəqil olan hakimiyyət qollarının – icra, məhkəmə və qanunverici orqanların praktikada prezidentə tabe etdirilməsi, media azadlığının tamamilə sıradan çıxarılması, ölkənin bütün informasiya məkanının, TV-lərin, qəzetlərin, hətta onlayn medianın tam nəzarətdə saxlanılması, çoxpartiyalı siyasi sistemin bütün atributlarının məhv edilməsi, müxalif siyasi fəaliyyətin ağır və ardıcıl siyasi repressiyaya məruz qoyulması, vətəndaş cəmiyyətinin GONGO-laşdırılması, müqavimət göstərənlərin “5-ci kolon” damğası ilə xarici agent-xain elan edilməsi şəklində biruzə verir. Bütün bunlar əliyevlər avtoritarizminin ATƏT və Avropa şurası üzvlüyü, Avropa Birliyi ilə əməkdaşlığı şəraitində formalaşan idarəetməsidir.

Bu diaqram 1993–2025-ci illər ərzində Azərbaycanda avtoritarizmin təkamülünü əks etdirir. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə avtoritar meyllər güclənməyə başladı. 2003-cü ildən etibarən İlham Əliyevin prezidentliyi dövründə isə bu tendensiya daha da dərinləşdi. Xüsusilə 2009 və 2016-cı illərdə keçirilmiş konstitusiya dəyişiklikləri, müstəqil medianın və vətəndaş cəmiyyətinin sıxışdırılması, seçkilərin rəqabətsiz keçirilməsi və siyasi repressiyaların artması ölkədə siyasi plüralizmin sıradan çıxmasına gətirib çıxardı. 2025-ci ilə doğru avtoritarizm demək olar ki, sistematik və institusional xarakter alıb. (Freedom House. 2023)
Müstəqilliyin ilk illərindən Heydər Əliyevə qədərki dövr ərzində toplumu, xüsusilə də onun aydın kəsimini narahat edən məsələ demokratikləşməyə keçid deyildi. Elçibəy hakimiyyəti dövründə bu müstəvidə islahatlar davamlı xarakter almışdı. Ölkədə media azadlığı müstəqilliyin geridə qalan 34 ilinin tamamı ilə müqayisədə qibtə ediləcək səviyyədə yüksək idi.(Altstadt, Audrey L. 1992). Bu dövrün əsas gündəm mövzusu Ermənistanla davam edən müharibə, mərkəzi hakimiyyətin zəifliyi fonunda həll edilməyən siyasi böhran idi.
Gəncədə baş verən hərbi qiyam sonrası 1993-cü ilin iyununda hakimiyyətə gələn Heydər Əliyevin dövründə isə “prioritetlərin yerdəyişməsi” prosesi sürətlənməyə başladı. Demokratiya, hüquqi islahatlar, media azadlığı, siyasi azadlıqlar ciddi ölçüdə məhdudlaşdırldı. Əvəzində mərkəzi hakimiyyət gücləndirildi və idarəetmədə “sabitlik” əldə edildi. (U.S. Department of State 1993)
Ermənistanla müharibədə 1994-cü ilin mayında atəşkəs əldə edilməsi transmilli neft şirkətlərin sərmayəsinin ölkəyə cəlb edilməsinə münbit şərait yaratdı. 1994-cü ilin sentyabrında imzalanan və “əsrin müqaviləsi” adı ilə tanınan, Bakı neftinin hasilatı və dünya bazarına nəqliylə bağlı razılaşma sayəsində Heydər Əliyev transmilli şirkətlərin maraqları üzərindən Qərbin böyük dəstəyini qazanmağa nail oldu.
Əliyevlər rejiminin 1995-ci ildən etibarən çox ciddi beynəlxalq siyasi dəstəyə malik olması aydın həqiqətdir. Heydər Əliyev özünün avtoritar hakimiyyətini “məşvərətçi avtoritar” mahiyyətinə uyğun “balanslı xarici siyasət” və “sabitlik” şüarları üzərində qururdu. Onun bütün avropalı qonaqlarla keçirdiyi görüşlərin mətbuata açıq hissəsi, ilk cümlə siyasi sabitlik olmaqla, əsasən Azərbaycanın Avropaya inteqrasiya arzusu, sahib olduğu bütün enerji resurslarının Qərbə nəqli kimi ifadələrlə zəngin olardı. Rusiya və İranla görüşləri keçmişdə olan şəxsi dostluq münasibətlərinin xatırlanması fonunda keçərdi. Rusiyalı qonaqlarla KQB və Siyasi Büro dövrü xatırlanar, iranlı qonaqlarla isə 1991-1992-ci il Naxçıvan dövründə formalaşmağa başlayan “şəxsi qardaşlıq” münasibətlərinin səmimiliyindən ağızdolusu danışılardı. Türkiyəli rəsmilərlə isə “Bakı-Tbilisi-Ceyhan” layihəsi mövzusu ətrafında “iki dövlət, bir millət” şüarı səsləndirilərdi (Elman Fattah. 2019.).
Elə də mükəmməl görünməyən bu “diplomatiya” rejimin təqdimatında “balanslı xarici siyasət” adlanırdı. Bu konteksdə Avropa təsisatları tərəfindən təqdim olunan ənənəvi islahat təklifləri də əsasən idarə olunan transformasiya mahiyyətində idi. ATƏT-in seçki islahatları, media azadlığı, insan hüquqları tələbləri və Avropa Şurasına üzvlük yolunda islahat paketi ölkənin avtoritar reallığına uyğunlaşdırılırdı.
Azərbaycan Avropa Şurasına üzvlüyə 2000-ci ilin noyabr ayında total pozuntularla keçirilən parlament seçkilərinin ləkəsi ilə qəbul edilib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun yekun hesabatına görə, əsas müxalifət partiyası olan Müsavat Partiyası və YAP-ın topladığı səs faizi çox yaxın olub. Ancaq rəsmi nəticələrdə YAP-a 63%, Müsavat Partiyasına cəmi 4% səs yazıldı. Bu seçkilərdə Müsavat Partiyasına faktiki uğurlu nəticəsi hökuməti məcbur etdi ki, Avropa Şurasına üzv olandan bir il sonra mübahisəli referendum vasitəsilə iqtidara əsas problem yaradan proporsional seçki qanununu dəyişsin. Bununla da demokratik inkişafın ən mühüm sütununun – çoxpartiyalı siyasi sistemin inkişaf imkanları məhdudlaşdırıldı.
90-cı illərin sonlarında demokratiyanın az olması iradlarına qarşılıq olaraq söylənən “Sabitlik təmin olunub”, “Demokratiya alma deyil ki, bazara gedib alasan”, “Bizdə demokratiya var və biz onu inkişaf etdiririk” kimi fikirlər 2000-ci illərdə, hakimiyyət atadan oğula ötürüldükdən sonra “İqtisadi firavanlıq demokratiyanın inkişafı üçün başlıca şərtdir” manipulyasiyası ilə əvəz olundu (Heydər Əliyev və Qanunçuluq, 2008). Bu, İ. Əliyev hakimiyyətinin ilk illərində tətbiq olunacaq “Yumşaq avtoritarzm”in təməl daşları idi.
Azərbaycanın avtoritarlaşma təqvimini xarici siyasət kontekstində davam etdirmiş olsaq, Heydər Əliyev dövründə populyar olan “balanslı xarici siyasət” nağılı rejimi o qədər məst etmişdi ki, İlham Əliyev hakimiyyəti də “uğurlu siyasi kursun” sədaqətlə davam etdirilməsi təbliğatı ilə başladı. Əslində narahatçılıq üçün elə bir əsas da yox idi. Dişsiz protokol hesabatlarını, “növbətçi bəyanatlar”ı nəzərə almasaq, rejimin xarici siyasi dəstəyi əvvəllər olduğundan daha güclü və daha açıq idi. 2003-cü il prezident seçkisi öncəsi ata-oğul “alternativ” namizədliyi, prezident Heydər Əliyevin səhhəti haqda aylarla məlumatın olmadığı bir vaxtda onun (həqiqiliyi şübhə doğuran) imza atdığı sərəncamla İlham Əliyevin ölkənin ikinci şəxsi – baş nazir təyin edilməsini, cəmi bir gün sonra məzuniyyətə çıxması komediyasını, prezident seçkilərinin nəticələrinin İlham Əliyevin xeyrinə saxtalaşdırılmasını və hakimiyyətin atadan oğula ötürülməsi rüsvayçılığını Qərb siyasi mərkəzlərinin nəinki alqışlaması, hətta bütün bunlarda birbaşa iştirak etmələri xarici dəstəyin miqyasını görməyə imkan verir. (Commission on Security and Cooperation in Europe. 2003 p.13)
Azərbaycanın avtoritar idarəetmə modelinə baxmayaraq, Qərb dövlətlərinin Bakı ilə siyasi və iqtisadi münasibətləri əsasən praqmatik maraqlara əsaslanıb. Xüsusilə enerji resurslarına çıxış və regional təhlükəsizlik məsələləri Qərbin Azərbaycan hökumətinə qarşı siyasətində dominant rol oynayıb. Nəticə etibarilə, insan haqları pozuntuları və demokratik institutların zəiflədilməsi kimi fundamental məsələlər ya gözardı edilib, ya da yalnız simvolik tənqidlər səviyyəsində ifadə olunub (Knaus və Cox 2015).
ABŞ və Avropa İttifaqı kimi aktorlar Azərbaycanın strateji mövqeyini, xüsusən də Xəzər hövzəsinin enerji ehtiyatlarını alternativ enerji mənbəyi kimi önə çıxarmış, bu kontekstdə Əliyev rejimi ilə əməkdaşlığı davam etdiriblər. Məsələn, “Cənub qaz dəhlizi” layihəsi Avropa İttifaqının enerji təhlükəsizliyi siyasətində mühüm yer tutur və bu layihənin uğurla həyata keçirilməsi Azərbaycan hökumətinə beynəlxalq arenada legitimlik qazandırır (Cornell 2011).
Bu kontekstdə Qərbin Əliyev avtoritarizminə göstərdiyi dolaylı dəstək, “sabitlik naminə avtoritarizmə dözümlülük” (tolerance of authoritarianism for stability) anlayışı çərçivəsində təhlil edilə bilər. Qərb, regional sabitlik və enerji təhlükəsizliyi naminə demokratik dəyərlərə sadiqliyini arxa plana keçirib. Bu yanaşma, xüsusilə 2003 və 2013 illərdə baş vermiş seçki saxtakarlıqları və siyasi repressiyalara baxmayaraq, Əliyev hakimiyyətinə verilən siyasi dəstəkdə özünü açıq şəkildə göstərib (Freedom House 2024; Human Rights Watch 2015).
2001-ci il 11 sentyabrda ABŞ-da baş verən terror olayı bütün dünyada təhlükəsizlik məsələlərini ön plana çəkdi ki, bu da demokratiyanın dəstəklənməsi siyasətini xeyli zəiflətmiş oldu. O terrorun doğurduğu dəhşət hissi həmin an yaşanan fəlakətlərlə məhdudlaşmadı. Yaratdığı qorxu ilə nəinki bir ölkəni və ya bir regionu qarışdırdı, bütün dünyanın ənənəvi təhlükəsizlik sistemini dağıtdı. Dünyanın bu gün yaşadığı bəlaların başlanğıc nöqtəsi məhz həmin hədisədir . «Yeni dünya nizamı» deyilən hədəfə olan ümidlər 11 sentyabr terroru ilə məhv edildi. Mövcud sistemin çöküşünü həmin hadisə şərtləndirdi, həm də yenisi qurulmadan.
2003-cü ildə Azərbaycanda demokratik dəyişiklik imkanlarını da məhz bu terror sonrası yaranan yeni şərtlər daxilində beynəlxaq konyunkturanın enerji və təhlükəsizlik naminə əliyevlər ailəsi ilə sövdələşməsi (Türkiyədə müalicə olunan Heydər Əliyevin Ankaradan Amerikanın Klivlend klinikasına Rusiya təyyarəsiylə aparılması) puç etdi. Bununla da Azərbaycan Avropanın bir parçası olmaq, heç olmazsa, Cənubi Qafqazın “yumşaq avtoritarizmi” kimi qalmaq yolundan dönüb Körfəz ölkələrinin enerji ilə zəngin krallarının despotizm yoluna doğru istiqamət aldı.
Beləliklə, demokratik dəyişimə olan ümidə son verildi və nəticədə bu ruh düşkünlüyü əhalinin yeni miqrasiya dalğasını yaratdı. Çağdaş Azərbaycandan Avropaya ilk siyasi miqrasiya dalğası başladı. 2005-ci ilin parlament seçkilərindən sonra bu miqrasiya axını vüsət aldı və bu günə qədər də artmaqda davam edir.
Ümumiləşdirsək, Azərbaycanın postsovet tarixində baş verən üç əsas siyasi gediş – 2002-ci ildə proporsional sistemin ləğvi referendumu, 2003-cü il hadisələri və 2009-cu ildə “iki dəfədən artıq prezident seçilməmək” haqda konstitusion məhdudiyyətin ləğvi ölkənin istiqamətini yarım-demokratiklikdən institusional avtoritarizmə doğru tam olaraq dəyişdi və bu dəyişiklik son beş ildə vətəndaş cəmiyyəti və siyasi partiyaların funksiyalarının sarsıdılması ilə başa çatdı.
Yuxarıda qeyd etdik ki, Azərbaycanda demokratik dəyişiklik şansı Azərbaycana real siyasi təsir imkanları olan əsas siyasi mərkəzlərin (ABŞ, Türkiyə, Rusiya) 2003-ci ildə əliyevlər ailəsilə sövdələşməsi səbəbindən itirildi. Ancaq bu sövdələşmənin bir istiqaməti də oğul Əliyevin aparacağı siyasi islahatlarla Azərbaycanda demokratik dəyişikliklərin daha rəvan keçidinə nail olmaq ümidləri idi.
Əsasən neft maraqları, ümumilikdə kompleks geopolitik maraqlar naminə əlyevlər rejiminə verilən “xarici siyasi dəstək” sonsuz ola bilməzdi. Çünki rejim Qərbi özünün SABİTLİK nağılına inandıra bildiyini düşünsə də, Avropanın akademik çevrələri və siyasi dairələri yaxşı anlayırdı ki, uzunmüddətli sabitlik legitimliyin demokratik proses nəticəsində təsdiqləndiyi halda olur. Bu o qədər aydın düsturdur ki, hətta qəti siyasi dəstəyin verildiyi vaxtlarda belə, Qərb bu həqiqəti Əliyevlər rejiminə pıçıltıyla da olsa xatırladırdı. İlk vaxtlarda bu xatırlatmaları diplomatik danışıqların bəsit protokol cümlələri hesab edən rejim zaman keçdikcə onlara qeyzlənməyə başladı: dəstəyin zəifləyib tələblərin sıralanmağa və eşidilə bilən tonda tələffüz olunduğu vaxtlardan.
İlham Əliyevin birinci prezidentlik dövründə (2003-2008) Qərbin Azərbaycan siyasətini biz şərti olaraq “islahat naminə səmimi qınaqlar”, ya da “demokratiyaya inandırma yoluyla islahatlara sövq etmə” kimi xarakterizə edə bilərik. Buna misal kimi həm 2003-cü il repressiyaları zamanı həbs edilmiş nüfuzlu siyasi liderlərin 2005-ci ilin yazında həbsdən buraxılmasını və sürətli şəkildə üzərilərindəki məhkumluğun qaldırılaraq parlament seçkilərinə qatıla bilmələrinin önünün açılmasını, həm də payızda keçiriləcək seçkilərin “azad” olacağı vədi kimi İlham Əliyevin “Yerli icra hakimiyyətlərinin seçkilərə müdaxiləsini qadağan edən və seçicilərin barmaqlarının boyanması haqda” sərəncamını göstərmək olar. Başlanğıcda hər şey yaxşı görünürdü və Qərblə bərabər bir sıra yerli siyasətçilər də islahatlar qatarının yola çıxdığını düşünməyə başlamışdı. Ümidlər yaranmışdı ki, Azərbaycanın demokratiyaya keçidi Gürcüstan və Ukraynadan fərqli olaraq “revaluation” yox, “evaluation” müstəvidə baş tutacaq. Ancaq 2005-ci ilin sentyabrında iki nazir müxalifətlə işbirliyində günahlandırılaraq, Qərbin təşkil etdiyi iddia olunan Gürcüstan, Ukrayna və Qırğızıstan ”rəngli inqilablarının” (2003-2005) Azərbaycan variantını reallaşdırmaq məqsədilə çevriliş hazırlamaları ittihamıyla həbs ediləndə və bu ssenarinin Kremldə hazırlanıb Bakıda icra olunduğuna hamı əmin olanda, həm də ona əmin oldular ki, demokratiyanın imitasiyası siyasəti ikinci Əliyevin interpretasiyasında yaşaya bilmir və cəmi bir-iki il davam edəcək “yumşaq avtoritarizm” irəlidəki illərdə öz yerini sərt avtoritarizmə buraxmalı olacaq.
İlham Əliyevin yeni idarəetmə metodu bir tərəfdən özündə ərəb coğrafiyasının monarxizmini ehtiva edən ailə hakimiyyətini, digər tərəfdənsə, Boris Nemtsovun təbrincə desək, “beynəlxalq avtoritar koalisiyanın” lokomotivi Putin Rusiyasının ``bandit avtoritarizmi`` olacaqdı (RFE/RL 2017). Və bu gedişin məntiqi davamı kimi Qərbin siyasi dəstəyinin əvvəlki tempdə qalmayacağı gözlənilən idi.
“İslahatçı” Əliyevə olan ümidlərin puç olması
Əminliklə deyə bilərik ki, 2013-cü ildən sonra yerli və beynəlxaq analitiklər İlham Əliyevin hansısa islahatlara getməyəcəyinə dair qəti qənaətə gəlmiş olmalı idilər. Tamamilə aydındır ki, Heydər Əliyevin zamanında formalaşmış “məşvərətçi” avtoritarizm İlham Əliyevə “demokratiyanın imitasiyası” və “yumşaq avtoritarizm” kimi ötürülmüşdüsə, o bu aralıq rejimi Qərbdəki dəstəkçilərinin təbliğatının nəticəsi olaraq demokratiyaya qayıdışın müstəvisi kimi deyil, əksinə sərt avtoritarizmə keçidin fürsəti kimi dəyərləndirdi. Bu baxımdan ən azı 15 il əvvəl artıq sual “Azərbaycandakı avtoritar rejimi necə islah etməli?” yox, “Dəyişikliyin ən optimal variantı hansıdır?” şəklində qoyulmalı idi.
İndi ölkə artıq tam mənada "ailə avtoritarizmi”nə yuvarlanıb. Azərbaycanda siyasi hüquqlar və fəaliyyət mühiti ciddi şəkildə məhdudlaşdırılıb. Hətta ləğv edilib deyə bilərik. Siyasi partiyaların fəaliyyəti üçün bütün imkanlar sıradan çıxarılıb. Müxalifət partiyaları faktiki olaraq “dissident klublarına” çevrilib. Siyasi rəqiblərə qarşı təqib və təzyiqlər genişlənib. Təqsirsiz insanların müxtəlif qondarma ittihamlarla həbs olunması adi hala çevrilib. Ölkədə ədalətli mühakimə mümkünsüz olub. Polis şöbələrində və müvəqqəti saxlama təcridxanalarında təqsirləndirilən şəxslərə ağır işgəncələrin verilməsi, məhkəmələrin siyasi sifarişli qərarları “dəstə-dəstə” oxuması repressiyanın miqyasının təsəvvür olunmaz həddə çatdığını göz önünə sərir. Hazırda ölkə həbsxanalarında 350-dən artıq siyasi məhbus var ki, onların 20-dən çoxu jurnalistdir.
Azərbaycanda avtoritarizmin təkamülü kontekstində müstəqil medianın, vətəndaş cəmiyyətinin və siyasi partiyaların məhvi
Müstəqillik qazandıqdan sonra Azərbaycan demokratik institutların qurulması istiqamətində qısamüddətli cəhdlər göstərsə də, 1990-cı illərin ortalarından etibarən ölkədə avtoritarizmin dərinləşməsi müşahidə olunmağa başladı. Bu proses nəticəsində əsas demokratik dayaqlar – müstəqil media, vətəndaş cəmiyyəti və siyasi partiyalar – sistemli şəkildə zəiflədildi, nəzarət altına alındı və 2020-ci ldən sonra funksional məhvolma həddinə çatdırıldı.
Medianın Məhvi
Azərbaycanda medianın zəiflədilməsi prosesi mərhələli şəkildə həyata keçirildi. İlk mərhələdə, 2000-ci illərin əvvəllərində, müstəqil qəzetlərə qarşı iqtisadi təzyiqlər və cərimələr tətbiq olundu. Daha sonra, jurnalistlərə qarşı fiziki təzyiqlər, həbslər və şantaj alətləri sistemli şəkildə genişləndirildi. Onların fəaliyyət dairəsi məhdudlaşdırıldı, nəzarətli KİV-lər isə "milli maraqlar" adı altında dövlətin mövqeyini təbliğ edən vasitələrə çevrildi.
2017-ci ildə ölkədə əksər müstəqil xəbər saytları bloklandı (məsələn, Azadlıq Radiosu, Meydan TV). Son olaraq isə 2021-ci ildə qəbul olunan “Media haqqında qanun” ilə medianın lisenziyalaşdırılması, jurnalistlərin qeydiyyata alınması və dövlət reyestrinə daxil edilməsi kimi tələblər tətbiq olundu. Bu, medianın inzibati idarəetmə vasitəsinə çevrilməsini rəsmi şəkildə təsdiqlədi.
Medianın məhvinin əsas mərhələləri və vasitələri: Hüquqi və institusional vasitələr
- Kriminal diffamasiya qanunları jurnalistlərə qarşı basqının əsas hüquqi aləti kimi istifadə olunub. Diffamasiya hələ də Azərbaycan Cinayət Məcəlləsində cinayət kimi saxlanılır (CM, maddə 147 və 148).
- “Media haqqında” qanun (2021) – Bu qanunla media subyektləri və jurnalistlər dövlətin yaratdığı Media Reyestrinə daxil olmağa məcbur edildi. Bu isə faktiki senzura və qeyri-rəsmi akkreditasiya mexanizmi rolunu oynayır.
Fiziki və psixoloji təzyiqlər: Jurnalistlərə qarşı repressiyalar
Elmar Hüseynov (Monitor jurnalının redaktoru) 2005-ci ildə evinin qarşısında qətlə yetirildi.
2006-2023-ci illər ərzində müstəqil mediaya qarşı sistemli təzyiqlər, çox sayda jurnalistin həbsi, döyülməsi, mühacirətə vadar edilməsi kimi hallar geniş vüsət aldı.
2023–2024-cü illərdə Abzas Media, Toplum TV və Meydan TV-yə qarşı həyata keçirilən həbslər Azərbaycan hökumətinin informasiya müharibəsində total nəzarət strategiyasına keçdiyini göz önünə sərdi. Bu hadisələr:
- Ölkədə jurnalistikanın kriminallaşdırıldığını;
- Tənqidi informasiyanın mənbələrinin sistematik şəkildə aradan qaldırıldığını;
- Beynəlxalq insan haqları öhdəliklərinin kobud şəkildə pozulduğunu nümayiş etdirir.
Media Azadlığı Reytinqi
Reporters Without Borders 2024 164-cü yer (180 ölkə içində) (RSF 2024)
Freedom House 2024 0/4 (Media Azadlığı üzrə bal) (Freedom House 2024)
CIVICUS Monitor 2023 “Repressed” kateqoriyası (CIVICUS 2023)
Bu repressiyalar təkcə media azadlığına deyil, ümumilikdə cəmiyyətin informasiyaya çıxış hüququna da ağır zərbədir.
Beləliklə, Azərbaycanda avtoritar rejimin təkamülü müstəqil medianın strateji şəkildə məhv edilməsi ilə paralel şəkildə baş verib. Bu prosesin hüquqi, iqtisadi, fiziki və texnoloji vasitələrlə həyata keçirilməsi yerli medianın sırf hakimiyyətin təbliğat alətinə çevrilməsi ilə nəticələnib.
Vətəndaş cəmiyyətinin dağıdılması
Vətəndaş cəmiyyəti institutlarının gücü — demokratik cəmiyyətin sağlamlığının göstəricisidir. Azərbaycanda isə QHT-lərə qarşı repressiyalar xüsusilə 2013-cü ildən sonra sistematik xarakter aldı. Xarici donorların fəaliyyəti məhdudlaşdırıldı, QHT-lərin qeydiyyat sistemi sərtləşdirildi, maliyyə mənbələri bloklandı. 2013–2014-ci illərdə onlarla QHT rəhbəri və hüquq müdafiəçisi saxlanıldı və müxtəlif ittihamlarla həbs olundu (vergidən yayınma, qanunsuz sahibkarlıq və s.). 2024-cü ldə vətəndaş cəmiyyəti nümayəndələrinin həbsinə yenidən start verildi və proses hələ də davam edir.
Freedom House təşkilatının 2024-cü il hesabatında Azərbaycan “qeyri-azad” ölkələr sırasında yer tutur və QHT-lərin fəaliyyəti üzrə cəmi 1/12 bal alıb (Freedom in the World 2024).
Azərbaycan Konstitusiyası və beynəlxalq konvensiyalar vətəndaş cəmiyyətinin sərbəst fəaliyyətinə zəmanət versə də, bu hüquqlar faktiki inkar edilir. İlham Əliyevin hakimiyyətə gəlişindən sonra və xüsusilə 2013-cü ildən etibarən vətəndaş cəmiyyətinə qarşı repressiv strategiya daha da intensivləşib.
Hüquqi və inzibati basqılar
- 2013 və 2014-cü illərdə QHT qanunvericiliyinə dəyişikliklər QHT-lərin qeydiyyatı, qrant alma və hesabatlılıq mexanizmlərini kəskin şəkildə sərtləşdirdi.
- Xarici donorlar yalnız Ədliyyə Nazirliyinin icazəsi ilə qrant verə bilirlər.
- QHT-lərin qeydiyyatdan keçməsi demək olar ki, qeyri-mümkün hala gəlib.
2024-ci ildən etibarən isə, az qala bütün QHT-lər hədəfə alınıb. Xarici donorlarla əməkdaşlıq edən QHT nümayəndələri ya həbsə atılıb, ya təqsirləndiriləın şəxs kimi istintaqa cəlb edilib, ya da digər üsullarla huquq-mühafizə orqanlarının təqibi altındadır.
Vətəndaş Cəmiyyəti Reytinqi
CIVICUS Monitor 2023 “Repressed” (CIVICUS 2023)
Freedom House (NIT) 2024 1/12 (QHT Azadlığı) (Freedom House 2024)
USAID CSO Sustainability 2023 5.7/7.0 (1 – ən yaxşı, 7 – pis) (USAID 2023)
Bu təzyiqlər nəticəsində QHT-lərin cəmiyyətə təsir imkanları tamamilə sıfırlanıb. Hal-hazırda ölkədə fəaliyyət göstərən “vətəndaş cəmiyyəti” strukturlarının tamamı hökumətə bağlı qurumlardır. Ümumilikdə, vətəndaş təşəbbüslərinin hüquqi, inzibati, maliyyə və repressiv vasitələrlə məhv edilməsi ölkədə ictimai nəzarət və demokratik transformasiya imkanlarını iflic edib. Bu isə sosial passivlik, hüquqsuzluq və apatiyanın güclənməsi ilə nəticələnib.
Siyasi partiyaların sistemdən kənarlaşdırılması
Avtoritar rejimin təkamülündə müxalif siyasi partiyaların neytrallaşdırılması əsas prioritetlərdən biri olub. Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) kimi partiyalar müxtəlif dövrlərdə aksiyalarının dağıdılması, liderlərin həbsi və başqa siyasi məhdudiyyətlərlə üzləşiblər.
2022-ci ildə “Siyasi partiyalar haqqında yeni qanun” qəbul edilərək, partiyaların dövlət qeydiyyatına alınması şərtləri sərtləşdirilib. Bu qanunla az sayda üzvü olan, regional strukturları zəif olan partiyalar qeyri-rəsmi şəkildə sistemdən kənarlaşdırıldı. Eyni zamanda, dövlətin dəstəklədiyi “loyal” partiyalar isə parlamentə daxil edilərək, plüralizm illüziyası yaradıldı.
Azərbaycan nümunəsində avtoritarizmin təkamülü təkcə seçki və parlament sisteminin formal xarakter almasında deyil, həm də demokratik institutların kökündən məhv edilməsində ifadə olunur. Müstəqil medianın susdurulması, vətəndaş cəmiyyətinin sıradan çıxarılması və siyasi partiyaların marginallaşdırılması nəticəsində ictimai nəzarət və hesabatlılıq mexanizmləri iflic olub. Nəticədə avtoritar sistem özünü təkrar istehsal edən, tənqidsiz və alternativsiz rejimə çevrilib.
İstinadlar
Altstadt, Audrey L. 1992. The Azerbaijani Turks: Power and Identity under Russian Rule. Stanford, CA: Hoover Institution Press.
Amnesty International. 2018. Report 2017/18. https://www.amnesty.org.
Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2003. “İ. Əliyevin Baş Nazir Təyin Edilməsi Haqqında Fərman.” https://azertag.az/xeber/IHALIYEVIN_AZARBAYCAN_RESPUBLIKASININ_BAS_NAZIRI_TAYIN_EDILMASI_HAQQINDA_AZARBAYCAN_RESPUBLIKASI_PREZIDENTININ_FARMANI-293709.
CIJ (Center for Investigative Journalism). 2021. Pandora Papers Investigation. https://www.icij.org.
Commission on Security and Cooperation in Europe. 2003. Report on Azerbaijan’s Presidential Election October 15, 2003. https://www.csce.gov/wp-content/uploads/2017/01/Azerbaijan-Elections_0.pdf.
Council of Europe, Venice Commission. 2014. Opinion on Media Legislation. Venice: Council of Europe.
Council of Europe, Venice Commission. 2021. Opinion No. 1043/2021 — The Law Restricts Media Pluralism and Independence.
CIVICUS Monitor. 2023. Azerbaijan Country Page. https://monitor.civicus.org/country/azerbaijan/.
Cornell, Svante. 2011. "The South Caucasus: A New Strategic Arena." Central Asia-Caucasus Institute, 213.
Elman Fattah. 2019. Yeni Avtoritarizm və Azərbaycan. Bakı: Qanun.
European Endowment for Democracy. 2017. Civil Society Under Threat in Azerbaijan.
Freedom House. 2023. Nations in Transit 2023: Azerbaijan. Washington, DC: Freedom House. https://freedomhouse.org.
Freedom House. 2024. Azerbaijan Country Page. https://freedomhouse.org/country/azerbaijan.
Guliyev, Farid. 2012. “Personal Rule, Neopatrimonialism, and Regime Typologies: Integrating Dahlian and Weberian Approaches to Regime Studies.” Democratization 19 (1): 141–161.
Heydər Əliyev. 2008. Heydər Əliyev və Qanunçuluq. Milli Təhlükəsizlik Nazirliyinin işçiləri ilə görüş, 28 Mart 1998. https://lib.aliyev-heritage.org/az/2635896.html.
Human Rights Watch. 2015. World Report 2015: Azerbaijan. New York: Human Rights Watch.
Human Rights Watch. 2022. World Report 2022: Azerbaijan. New York: Human Rights Watch. https://www.hrw.org.
International Consortium of Investigative Journalists. 2016. “How Family That Runs Azerbaijan Built an Empire of Hidden Wealth.” https://www.icij.org/investigations/panama-papers/20160404-azerbaijan-hidden-wealth/.
Knaus, Gerald, and Michael Cox. 2015. “The End of Shame: Europe and the Denial of Human Rights.” Journal of Democracy 26 (3): 59–70.
Levitsky, Steven, and Lucan A. Way. 2010. Competitive Authoritarianism: Hybrid Regimes after the Cold War. Cambridge: Cambridge University Press.
OCCRP (Organized Crime and Corruption Reporting Project). 2021. “Azerbaijan’s Ruling Aliyev Family and Their Associates Acquired Dozens of Prime London Properties Worth Nearly $700 Million.” https://www.occrp.org/en/project/the-pandora-papers/azerbaijans-ruling-aliyev-family-and-their-associates-acquired-dozens-of-prime-london-properties-worth-nearly-700-million.
Organization for Security and Co-operation in Europe (OSCE). 2001. Republic of Azerbaijan Parliamentary Elections, 5 November 2000 and 7 January 2001: Final Report. https://www.osce.org/files/f/documents/0/d/14266.pdf.
OSCE/ODIHR. 2015. Republic of Azerbaijan Parliamentary Elections, 1 November 2015: Final Report. Warsaw: OSCE Office for Democratic Institutions and Human Rights. https://www.osce.org/odihr/elections/azerbaijan.
Reporters Without Borders (RSF). 2018. Enemies of the Internet Report.
Reporters Without Borders (RSF). 2024a. 2024 Media Azadlığı Reytinqi. https://rsf.org/en/ranking.
Reporters Without Borders (RSF). 2024b. World Press Freedom Index 2024: Azerbaijan. Paris: RSF.
RFE/RL. 1997. “Bandit Capitalism Versus Capitalism With A Human Face.” Radio Free Europe/Radio Liberty. https://www.rferl.org/a/1083971.html.
U.S. Department of State. 1993. Country Report on Human Rights Practices 1993: Azerbaijan. https://www.refworld.org/reference/annualreport/usdos/1994/en/25134.
USAID. 2022. CSO Sustainability Index: Europe and Eurasia 2022 Report. https://www.fhi360.org/wp-content/uploads/drupal/documents/csosi-europe-eurasia-2022-report.pdf.