(Yazı KHAR Centerin Təhlükəsizlik və Dövlət Arxitekturası araşdırmaları çərçivəsində hazırlanıb)
Prezident İlham Əliyevin çıxışlarında ardıcıl işlətdiyi ifadələrə, hətta Türk Dövlətləri Təşkilatının (TDT-nin) Ankara sammitinə qatılmaqdan imtinasına baxdıqda, sanki Türkiyə ilə münasibətləri gərgin saxlamaqda maraqlı olması diqqət cəlb edir. Ərdoğanın ev sahibliyi etdiyi sammitdə Türkiyə təşkilatın növbəti sədrliyini Azərbaycandan təhvil alacaq. Yəni Əliyev öz sədrliyini təhvil verəcəyi tədbirə getmir. Bu, bilə-bilə seçilmiş, gizlədilməyən bir mesajdır. Üstəlik, APA kimi hökumət narrativi yayan media İlham Əliyevin Ankaraya getməməsinin siyasi mesaj olduğunu əsaslandıran yazı ilə çıxış edib (APA, Oktyabr 2026).
Yaxşı bəs niyə? İsrail-Azərbaycan münasibətləri həqiqətən Türkiyəni siləcək qədər qiymətlidirmi? Oxuduğunuz yazıda məhz bu suallara İsrail-Azərbaycan münasibətləri prizmasından cavab verməyə çalışacağam.
Azərbaycan 1991-ci ildə müstəqilliyini yenidən qazandıqda, bu müstəqilliyi tanıyan ilk dövlətlərdən biri İsrail oldu. 1992-ci ildə diplomatik münasibətlər rəsmən başladı (mfa.gov.az). Lakin Azərbaycan İsraildə səfirlik açmadı. Çünki Birləşmiş Millətlər Təşkilatında qaldırılan Dağlıq Qarabağ məsələsində həm İranın, həm də İslam Əməkdaşlıq Təşkilatı üzvü müsəlman dövlətlərin Azərbaycandan yana verdiyi səsləri qorumaq lazım idi. Buna görə uzun müddət Azərbaycan İsraildə səfirlik açmadı. İsrail Azərbaycanın bu praqmatik yanaşmasını başa düşdüyünü dəfələrlə bəyan edib. 2023-cü ilə gəldikdə isə Azərbaycan İsraildəki səfirliyini açdı–artıq Qarabağ məsələsi həll olunmuşdu.
Azərbaycanın İsraillə münasibətləri çox əvvələ — 30-35 il öncəsinə dayanır. Azərbaycan müstəqilliyini qazandıqda İran ani təşviş yaşadı. Öz sərhədləri daxilində milyonlarla Azərbaycan türkünün separatçı meyllərə qapıla biləcəyini düşündü. Müstəqilliyin ilk illərində, xüsusən, keçmiş prezident Əbülfəz Elçibəy dövründə Bakıda millətçi bəyanatlar artmağa başlamışdı. Şimali və Cənubi Azərbaycanın birləşməsi kimi mövzular dilə gətirilirdi. Buna qarşılıq İran Azərbaycan daxilindəki şiə hərəkatlarını dəstəklədi və Qarabağ müharibəsində Ermənistana açıq-gizli yardım etdi.
Bu vəziyyəti Heydər Əliyev bir şəkildə tarazlaşdırmağa çalışdı. Məsələn, 1994-cü ildə Azərbaycanın karbohidrogen ehtiyatlarının istismarına dair beynəlxalq konsorsium–Əsrin Müqaviləsi imzalananda Heydər Əliyev İranın reaksiyasını yatırmaq üçün SOCAR-ın payından 5%-lik hissəni Tehrana ötürməyə cəhd etdi. Lakin ABŞ buna çox sərt reaksiya göstərdi (The Washington Institute for Near East Policy, 1995). Nəticədə, İran Ermənistanla daha da yaxınlaşmağa başladı. Heydər Əliyev bu yaxınlaşmanı tarazlaşdırmaq məqsədilə İsraillə əlaqələri gündən-günə dərinləşdirməyə başladı. İlham Əliyev 2003-cü ildə vəzifəni atasından təhvil aldıqdan sonra bu əlaqələr daha da artdı. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan boru xətti işə düşəndə Azərbaycan böyük neft gəlirləri əldə etməyə başladı və İsrailin müdafiə sənayesi texnologiyaları ilə qovuşdu.
Yeri gəlmişkən, Azərbaycanda hakimiyyətin atadan oğula ötürülməsində Ərdoğan Türkiyəsi də can-başla iştirak edib. İlham Əliyevi baş nazir təyin edərkən Heydər Əliyev uzun müddət idi Türkiyənin Gülhanə hərbi hospitalında müəmmalı tibbi statusda idi. Üstəlik 2003-cü ilin 15 oktyabr gecəsi, hələ seçkilərin nəticəsi bəlli olmadan İlham Əliyevin prezident seçilməsi ilə bağlı ilk təbrik də Ərdoğandan gəlmişdi (Hurriyet, 2018). Yəni Türkiyə, hakimiyyətə yiyələnməsində və güclənməsində müstəsna rol oynadığı İlham Əliyevdən indi tərs şillə yeyir.
2009-cu ildə yazılmış, daha sonra WikiLeaks tərəfindən sızdırılan ABŞ səfirliyinin diplomatik teleqramında çox diqqətçəkici ifadələr var. İlham Əliyev İsraillə olan münasibətlərini belə ifadə edir: "Onda doqquzu suyun altında olan bir aysberq" (FP, 2012). Yəni ictimaiyyətə Azərbaycanın İsraillə olan əlaqələrinin yalnız az hissəsi məlumdur.
Ümumiyyətlə, Azərbaycan-İsrail münasibətləri beş əsas sütun üzərində inşa edilib:
Birincisi: İran hər iki ölkə üçün ortaq təhlükədir. İsrail İranı mühasirəyə alma strategiyasına sahibdir. Bunun üçün Azərbaycanı qazanması olduqca vacibdir. Azərbaycan da İranın rejim ixracı cəhdlərinə, bütövlükdə suverenliyinə olan təhdidlərə qarşı İsraili əsas tərəfdaş kimi görür.
İkincisi: Enerji və silah ticarətidir. Azərbaycan Gürcüstan və Türkiyə üzərindən keçən BTC boru xətti ilə İsrailin xam neft ehtiyacının təxminən yarısını qarşılayır. İsrailin illik xam neft idxalının təxminən 40%-i birbaşa Azərbaycandan BTC xətti ilə qarşılanır (Yousef Bardouka, 2025). Yəni İsrailin enerji təhlükəsizliyinin bel sütununu Azərbaycan nefti təşkil edir. İsrail də Qarabağ probleminə görə bir çox ölkənin açıq və gizli silah embarqosu tətbiq etdiyi Azərbaycana müasir silahlar tədarük edib və bu hərbi əməkdaşlıq artaraq davam edir. 2011-ci ildə 50/50 payla Bakıda "Azad Systems" qurulub (Caroline Rees, 2011). Bu şirkət kəşfiyyat və kamikadze PUA-ları istehsal edir. Azərbaycanın kamikadze PUA-sı olaraq tanıdılan "Zərbə" də İsrail lisenziyası ilə istehsal edilir. Katapultdan atılan, 2-3 saat havada qala bilən, 100 km mənzilli bu sistem Qarabağ müharibəsində bir az daha təkmilləşdirildi və "İti qovan" adı ilə istehsala buraxıldı. Yəni "İti qovan" əslində İsrail PUA-sıdır.
İkinci Qarabağ müharibəsinə hazırlıq mərhələsində də İsrail çox aktiv idi: 2012-ci ildə müdafiə əməkdaşlığı 1.5 milyard dolları keçmişdi. 2014-cü ildə 4 milyard dollara yaxınlaşdı. 2016-cı ildə, indi Türkiyə ilə gərginliyin əsas memarı olan Netanyahunun Bakıya səfəri zamanı Prezident Əliyev bu rəqəmin 5 milyard dollara çatdığını söyləyib (İlham Əliyev, 2016). 2011–2020 illəri arasında Azərbaycanın cəmi silah idxalının 27%-ni İsrail qarşılayıb. Xüsusən 2016–2020 dövründə Azərbaycanın silah idxalının 69%-ni təkbaşına İsrail təmin edib (SIPRI, 2021). Eyni dövrdə Azərbaycan Hindistandan sonra İsrailin ən böyük ikinci silah alıcısı oldu.
Göründüyü kimi, neft iki ölkə arasındakı yeganə ticarət deyil, sadəcə ən böyüyüdür. 2021-ci ildə Təl-Əvivdə ticarət ofisi açıldıqdan sonra əlaqələr daha da artıb. Məsələn, hazırda Azərbaycan Kosmik Agentliyi 2023-cü ildə imzalanan sazişin nəticəsini gözləyir. Azərbaycan İsraildən 2 ədəd yüksək dəqiqlikli müşahidə və casus peyki satın alıb. Biri bu il, biri 2028-ci ildə kosmosa buraxılacaq.
Üçüncüsü: Kiber sahədə İrandan gələn kiberhücumlara qarşı hazırda Azərbaycanı İsrail qoruyur. Elə bir dövlət düşünün ki, bütün kritik dövlət və enerji infrastrukturu İsrailin kibertəhlükəsizlik ekosistemi ilə tam inteqrasiyaya girmiş vəziyyətdədir. 2023-cü ildə İsrail Prezidenti Azərbaycana gələndə kibertəhlükəsizliyi ikitərəfli əməkdaşlığın ən sürətlə böyüyən sahəsi olaraq xarakterizə edib (president.az, 2023). Yəni hazırda Azərbaycanın kibertəhlükəsizlik infrastrukturu əsasən İsrailin əlindədir.
Dördüncüsü: Azərbaycan torpaqlarında yaşayan yəhudilərlə əlaqəlidir. Azərbaycanda ciddi sayda yəhudi var. Onların bir hissəsi İsrailə köçüb və bunlar Azərbaycan xeyrinə İsraildə ciddi lobbi gücü formalaşdırıb. Azərbaycandakı yəhudilərin mərkəzi Qubadakı Qırmızı Qəsəbədir. Bura Qafqazın Qüdsü olaraq tanınır. İsraildən kənarda əhalisinin tamamı yəhudilərdən ibarət tək yaşayış yeridir. Bütün yüksək səviyyəli səfərlərdə mütləq bu qəsəbə ziyarət edilir. ABŞ Konqresində erməni lobbisi güclüdür; Azərbaycan o lobbini Azərbaycan kökənli yəhudilərin dəstəyi ilə, ABŞ-dakı yəhudi lobbisi vasitəsilə tarazlaşdırır.
Beşincisi: Türkiyə–Azərbaycan–İsrail geosiyasi üçbucağı son 15–20 ildə Yaxın Şərq və Cənubi Qafqazın kəsişməsində ən mürəkkəb, eyni zamanda, ən funksional regional mexanizmlərdən biri olub. Bu sistemin strukturu, fəaliyyət məntiqi və 2023-cü ildən etibarən üzləşdiyi struktur böhranı bir neçə əsas arqumentlə daha aydın görünür.
Qarabağ müharibəsi (2020) bu üçbucaqlı arxitekturanın zirvəsidir. Azərbaycan Silahlı Qüvvələri Türkiyənin "Bayraktar TB2" zərbə PUA-ları ilə yanaşı, İsrailin "Harop" və "Orbiter" kamikadze dronlarını, kəşfiyyat sistemlərini və "LORA" operativ-taktiki raketlərini vahid komanda-idarəetmə zəncirində sinxronlaşdırdı. Türkiyə doktrinal, kəşfiyyat və elektron müharibə ("KORAL") dəstəyini, ümumiyyətlə döyüşün idarəedilməsini təmin edərkən, İsrail sistemləri dəqiq zərbə və hava hücumundan müdafiə komponentlərini gücləndirdi.
Bu mexanizm göstərdi ki, Ankara ilə Təl-Əviv arasında siyasi gərginliklər ("Mavi Mərmərə" və s.) olsa belə, Bakı hər iki tərəfdaşın resurslarını öz maraqları naminə harmonizasiya etmək qabiliyyətinə malik idi.
Ancaq 2023-cü ilin oktyabrında başlayan Qəzza müharibəsi bu üçbucaq daxilindəki tarazlığı sınağa çəkdi:
2023-cü il Qəzza hadisəsindən sonra Ankara İsraili açıq şəkildə "regional təhlükə" və "terror dövləti" kimi bəyan edib ticarət əlaqələrini dayandırdıqda, məsələ diplomatik narazılıqdan çıxıb ideoloji və ekzistensial qarşıdurmaya çevrildi. Bu vəziyyət Bakının manevr imkanlarını məhdudlaşdırdı; çünki Ankara qardaş ölkədən həmrəylik, Təl-Əviv isə təhlükəsizlik və enerji tədarükünün fasiləsizliyini gözləyirdi.
Bununla da üçbucağın onurğası birbaşa siyasi risk altına düşdü:
Türkiyənin dindar\şəriətçi ictimai rəyi Türkiyədən İsrailə neft nəqlinin dayandırılmasını tələb edərkən, Ankara beynəlxalq tranzit müqavilələrini poza bilməyəcəyini əsas gətirərək ictimai basqını tənzimləməyə çalışır.
Türkiyənin siyasi dairələrində və mediasında indi müşahidə olunan anti-Əliyev ritorikası "Azərbaycan nefti İsrail tanklarını hərəkətə gətirir" kimi ifadələrlə, əslində çoxdan başlayıb. Bu, üçtərəfli mexanizmdə iqtisadi maraqların siyasi narrativlərlə toqquşmasının açıq göstəricisidir.
Son iki ilin hadisələri açıq şəkildə göstərir ki, rəsmi Bakı Türkiyə ilə İsrail arasında tarazlıq siyasətini artıq apara bilmir. Buna görə öz seçimini İsraillə olan yüksək münasibətlərə xələl gətirməmək istiqamətində edir. Bakı Ankara ilə olan açıq gərginliyə bu seçiminin qorunması üçün ödənilə bilən qiymət kimi baxır.
Bu seçimin birinci əsası təhlükə qavrayışıdır. Azərbaycan–İsrail tərəfdaşlığı yalnız ticarət və enerjiyə deyil, yəhudi lobbisinin Azərbaycan avtoritarizminə verdiyi əmsalsız dəstəyə, eyni zamanda ortaq geosiyasi narahatlığa söykənir. Məsələn, rəsmi Bakının düşüncəsinə görə, 2000-ci illərdən fərqli olaraq (o zaman İran təhdidinə qarşı Ankara Bakını qorumağa hazır olduğunu açıq nümayiş etdirmişdi) cənub sərhədindəki əsas təhlükəyə qarşı real balans yaradan tərəf artıq Ankara deyil, Təl-Əvivdir. Rəsmi Bakıya görə dini həssaslığı yüksək olan Ərdoğan Türkiyəsi Azərbaycan üçün İranla qarşıdurmaya getməyəcək.
İkinci əsas səbəb strateji asılılığın azalmasıdır. Qarabağ məsələsinin həlli Türkiyənin Bakı üçün əvəzolunmaz hərbi dayaq rolunu zəiflədib. Rəsmi Bakıya görə Türkiyəyə ən çox ehtiyac duyulan dövr geridə qalıb. İsrailin təklif etdiyi yüksək texnologiyalar, kəşfiyyat və energetika əməkdaşlığı, Vaşinqton və Brüsseldə siyasi dəstək yeni dövrün ehtiyaclarına daha çox cavab verir.
Üçüncü və ən aydın əsas Bakının son davranışıdır. Əliyev İsrail liderlərinin təhdid baxımından Türkiyəni İranla eyni səviyyədə gördükləri vaxt İsrail prezidenti Herzoqun Türkiyə üzərindən Bakıya səfərini təşkil edib və bu səfər Türkiyə ilə hicab və İsrail əlaqələri ətrafında gərginliyin ən kəskini günlərində baş tutub. Buna rəğmən Azərbaycanın hakim partiyası Ərdoğanın baş müşavirini "hicab" tvitinə görə sərt bəyanatla ittiham edib. Hətta Bakı Oktay Saralın vəzifədən kənarlaşdırılmasına nail olub. Nəhayət İlham Əliyev TDT-nin Ankara sammitinə belə qatılmadı. Bu, “qardaş ölkə” ilə münasibətdə görünməmiş səviyyədir və rəsmi Bakının İsraildən yana olan seçimini üzə çıxarır: Əliyev Ankara-Bakı arasındakı gizli gərginliyi planlaşdırılmış bir qərarla dini müstəviyə daşıyaraq özünün İsrail seçimini "dünyəvi dövlət modelini Ankaranın dini-siyasi təsirindən qorumaq" kimi cəlbedici narrativə bükür.
Çünki Bakı Ankaranın ən güclü rıçağının işə salınmayacağına əmindir. Azərbaycan nefti müharibə dövründə belə Türkiyə üzərindən İsrailə fasiləsiz axıb. Bu onu göstərir ki, Türkiyə Azərbaycanla münasibəti risk altına qoymağa hazır deyil. Bakı bu asimmetriyanı oxuyur və Ankaranın sonsuza qədər dözəcəyinə mərc edir.
Beləliklə, rəsmi Bakının seçimi İsraildən yanadır, amma Türkiyədən imtina deyil. Bu, Türkiyənin veto hüququnu tanımamaqdır. Bakı açıq şəkildə nümayiş etdirir ki, İsrail xətti qorunması lazım olan strateji aktivdir və onun qiyməti Ankara ilə , hətta davamlı soyuqluqdursa, bu qiyməti ödəməyə dəyər.
Qeyd: Oxuduğunuz yazı orijinal olaraq Azərbaycan dilində yazılmışdır.
İstinadlar
APA, Oktyabr 2026. Prezident İlham Əliyev Türkiyəyə niyə getmədi? https://apa.az/siyasi/prezident-ilham-eliyev-turkiyeye-niye-getmedi-tehlil-1009548
mfa.gov.az. Bilateral diplomatic relations between the Republic of Azerbaijan and the State of Israel. https://www.mfa.gov.az/en/category/asia-and-oceania/israel
The Washington Institute for Near East Policy, 1995. The U.S.-Iran Confrontation: Dissecting Tehran's Strategy. https://www.washingtoninstitute.org/policy-analysis/us-iran-confrontation-dissecting-tehrans-strategy
Hurriyet, 2018. Azerbaycan Cumhurbaşkanı İlham Aliyev kimdir? https://www.hurriyet.com.tr/gundem/azerbaycan-cumhurbaskani-ilham-aliyev-kimdir-40991579
FP, 2012. Israel’s Secret Staging Ground. https://foreignpolicy.com/2012/03/28/israels-secret-staging-ground/
Yousef Bardouka, 2025. Azerbaijan supplied Israel with 40% of its oil during Gaza war, report finds. https://oc-media.org/azerbaijan-supplied-israel-with-40-of-its-petrol-during-gaza-war-report-finds/
Caroline Rees, 2011. UAV Production Started in Azerbaijan. https://www.unmannedsystemstechnology.com/2011/03/uav-production-started-in-azerbaijan/
İlham Əliyev, 2016. Press statements by Ilham Aliyev and Prime Minister Benjamin Netanyahu. https://president.az/en/articles/view/22148
SIPRI, 2021. TRENDS IN INTERNATIONAL ARMS TRANSFERS, 2020. P.11-12. https://www.sipri.org/sites/default/files/2021-03/fs_2103_at_2020_v2.pdf