4 dek 2025

Orban fenomeni: Avropada avtoritar liderin yüksəlişi

Orban fenomeni: Avropada avtoritar liderin yüksəlişi

CC-BY-4.0: © European Union 2024– Source: EP


 

Giriş

Tədqiqatçıların və nəzəriyyəçilərin 21-ci əsrin informasiya əsri olacağı və informasiyanın real gücə çevriləcəyi barədə irəli sürdükləri mülahizələr bu gün özünü doğrultmaqdadır. Müasir dövrün avtoritar liderləri və diktatorları bu reallığı başa düşərək texnoloji tərəqqinin imkanlarını öz maraqları çərçivəsində faydalı alətə çevirə biliblər. Nəticədə onların çoxu sərt repressiv vasitələrlə deyil, manipulyasiyaya söykənən informasiya diktaturaları qura biliblər. Macarıstanın baş naziri Viktor Orban da informasiya əsrində yaşadığını ilk başa düşən avtoritar liderlərdəndir.

Khar Center bu rəy yazısında manipulyasiya və informasiyanın gücündən, eyni zamanda avtokratik leqalizmdən və digər siyasi və iqtisadi alətlərdən istifadə edərək, zora əl atmadan illiberal demokratiyanı gerçəkləşdirən Viktor Orbanın siyasi portretini liderliyin konseptual calarları üzərindən çəkib.

Viktor Orbanın siyasi portretinin hazırlanmasında məqsəd onun nümunəsində demokratik coğrafiyada avtoritar siyasi liderin varolmasının mexanizmlərini göstərməkdir. 

Viktor Orban kimdir?

Avropa Birliyi sərhədlərində personalist avtoritar hakimiyyət Macarıstanın "güclü hökmdarı" Viktor Orbanın simasındadır (Comelli & Horvath 2018a). O, tam demokratik yolla hakimiyyətə gələrək və ixtiyarında olan hüquqi alətlərdən istifadə edərək, tədricən liberal azadlıqların, siyasi müxalifətin, media azadlığının və vətəndaş cəmiyyətinin məhdudlaşdırılmasının, eyni zamanda da hakimiyyətin personifikasiyasının nümunəsidir.

Viktor Orban liderlik fenomenini öyrənən situativ nəzəriyyənin əksinə olaraq müəyyən şərtlərin “görüşməsi” nəticəsində meydana çıxmayıb, o, “şəxsi keyfiyyətlər” nəzəriyyəsindən irəli gələn və lider üçün önəmli olan xüsusiyyətlərə, əsasən də siyasi duyuma sahib olduğu üçün irəli çıxa bilib (Кеттел. 2014). Orban enerjili və məqsədinə çatmaq üçün inadkardır, frustrasiyaya qarşı durmaq qabiliyyətinə sahibdir, risklərdən çəkinmir, cəsarətli və təşəbbüskardır, özünə güvənir, ətrafdakıların davranışlarına təsir etmək bacarığını özündə daşıyır, sosial qarşılıqlı münasibətləri strukturlaşdırmağı bacarır.

SSRİ-nin zəif, amma süqut etmədiyi dönəmdə azad seçki və Sovet qoşunlarının Macarıstandan çıxarılmasını tələb etmək rejimə qarşı cəsarətli və tabu pozan addım kimi sayıla bilər. 1989-cu ildə Viktor Orban siyasi səhnəyə belə bir debütlə gələrək özünü macarlara inqilabi dəyişikliyin yeni siması kimi təqdim etmişdi. Lakin liberal dəyərlər uğrunda mübarizə aparan gənc siyasətçi Orban tezliklə ictimai əhval-ruhiyyəni hiss edərək və keçmiş baş nazir Yojef Antallanın 1993-cü ildə dünyasını dəyişməklə mühafizəkar sağ cəbhənin başsız qaldığını duyaraq ideoloji xəttini dəyişir. Orban sağ cinahda yaranan boşluğu doldurmaq fürsətini əldən buraxmayaraq rəhbərlik etdiyi “Fidezs”i millətçi-mühafizəkar partiyaya çevirir və seçkilərin nəticələri onun hesablamalarında yanılmadığını göstərir (Мадьяр, Балинт. 2016). Əslində bu nəticələr “gözləntilərin gücləndirilməsi” nəzəriyyəsinin izahını özündə əks etdirirdi. Yəni qrup üzvlərinin qarşılıqlı münasibətləri prosesində onların hər birinin müvafiq qaydada hərəkət edəcəyinə dair gözləntiləri artmışdı. Bir insanın liderlik potensialı, lazımi qarşılıqlı münasibətləri və gözləntiləri başlatmaq və yönləndirmək qabiliyyətindən asılıdır (Авдеев. 2017a).

Viktor Orban öz uğurunu həm də ictimai ovqatı duyub başa düşmək və “qloballaşmanın  lümpenləşmiş, marginallaşmış qurbanlarına müraciət edərək onlara emosional olaraq toxunmaq və təsir etmək bacarıqlarına borcludur” (Comelli & Horvath 2018b). O, postkomunist dönəmində liberal iqtisadi islahatların qeyri-effektiv idarəetməsinin ölkəni iflasa uğratdığını başa düşəcək qədər ağıllı idi. Macarların liberal keçiddən məyusluğunu görən Orban uğrunda mübarizə apardığı liberal dəyərlərdən üz döndərərək əvvəlcə mühafizəkarlığa doğru addımladı, 2002-ci ildə seçkiləri uduzduqdan sonra sağçı avtoritarizmə keçid edərək sərt idarəetməyə ehtiyac üzərində dayandı.

Ritorik bacarıqlar

Orban həm də eyni səmimiyyət və enerji ilə tamamilə əks şeyləri danışa bilmək bacarığına sahibdir. O, hər şeyin düzgün izahatını tapır və bilir ki, hansı sözlər seçicilər üçün “qarmaq” ola bilər (Лопатто 2014). Orban siyasət haqqında adi insanların dili ilə danışa bilir və bu, onu digərlərindən fərqləndirir, çünki macar siyasətçilərinin əksəriyyəti elitanın dilində danışırlar. Bu istedad Orbana tərəfdar toplamağa və ətrafında birləşdirməyə kömək edir. Orban siyasi lider kimi inteqrativ funksiyanı yerinə yetirə bilməklə yanaşı onun insanları inandırma bacarığı danılmazdır. 

Rasional-leqal liderliyə söykənən legitimlik

Viktor Orbanın liderliyinin legitimliyi nəzəri olaraq Veberin irəli sürdüyü üç tipdən birinə – rasional-leqal və ya bürokratik liderliyə söykənir (Авдеев. 2017b). Rasional-leqal idarəçilikdə hökmdarın şəxsiyyətinə deyil, dövlət bürokratiyasının təcəssümü olan yazılı qanunlara tabe olurlar. Bu tip siyasi liderlik formal hüquqi prinsiplərin üstünlüyünü və qanunun aliliyini tanımaq xüsusiyyətinə xas olan müasir Qərb cəmiyyətləri üçün xarakterikdir. Viktor Orban demokratik seçki yolu ilə hakimiyyətə gələrək avtoritar lider üslubu ilə ölkəni idarə etməyə başladı.

Parlamentdə konstitusion üstünlük qanunvericiliyi hakimiyyətin maraqları çərçivəsində dəyişmək üçün əsas institusional vasitə kimi çıxış etməklə yanaşı, həm də hakimiyyətin əldə saxlanılmasının təminatçısı funksiyasını yerinə yetirir. Orbanın ümumi strategiyası məhz bu baxımdan "avtokratik leqalizm" adlandırılır (Beauchamp 2024a). “Fidezs” qanuni və hüquqi prosedurlarla mərhələli şəkildə demokratik təcrübələri avtoritar olanlarla əvəz edərək demokratik ölkələrdəki qanunlara bənzəyən qanunlar qəbul edir və bu da demokratik cizgilərin qorunub saxlanmasına, paralel olaraq azadlığı müdafiə etdiyini göstərməsinə imkan yaradır. Orbanın avtokratik leqalizmi demokratiyanın imitasiyasının baza komponentini təşkil edir. Viktor Orban elə bir sistem qurub ki, dövlətin vətəndaşın üzərində hakim kəsilməsinə baxmayaraq, vətəndaş elə bilir ki, dövlətin üzərində hakimiyyətin sahibi elə o, özüdür (Beauchamp 2024b). 

“Dəmir əl”ə qarşı alternativ alətlər

Viktor Orbanın davranışlarından və idarəetmə üslubundan görünür ki, o daxildəki ən böyük və ən mütəşəkkil elektorat qrupunun dəstəyini saxlamaqla, seçiciləri qütbləşdirmək və bölmək bacarığına malikdir. O, avtokratlara xas “güclü əl”i və ya “dəmir əl”i işə salmır, onun istifadə etdiyi vasitələr və alətlər qeyri-demokratikdir, lakin formaca rəqabətlidir. Orbanist idarəetmənin əsas alətləri informativ ekosistemə sahiblənməklə desinformasiya və manipulyativ mexanizmlərdən, instutsional, normativ, administrativ və iqtisadi resurslardan ibarətdir.

Orban adi mühafizəkar deyil, o, demokratik təsisatlara qarşı məqsədyönlü şəkildə sərt hücuma keçən, hakimiyyətini saxlamaq üçün mühafizəkarlığın əsas komponentlərindən şüurlu şəkildə istifadə edən avtoritar liderdir (Rupnik. 2018). Onun ənənələrə və mövcud sosial normalara dəyər verməsi də buna xidmət edir. Orbanın demokratik institutlara qarşı sərt çıxışları və mövqe tutması avtotitarizmlə demokratiya arasındakı qarşıdurma müstəvisində nəzərdən keçirilməlidir.

Hakimiyyət istəyinin motivi

Liderlik fenomenini öyrənən tədqiqatçılar şəxsi keyfiyyətlər üzərindən motivasiya-tələbat sferasına diqqət yetirərək liderin davranışlarını motivasiya edən bir neçə əsas tələbatı ortaya çıxarıblar (Егорова-Гантман.1993). Məsələn, başqalarının üzərində dominant olmaq və/və ya onların hərəkətlərini məhdudlaşdırmaq istəyi, yaxud siyasi nailiyyətlər əldə etmək arzusu şəklində hakimiyyət motivi təkcə kompensator deyil, instrumental səciyyə də daşıya bilər. Bəzən liderdə eyforiya hissi yaranır ki, bu da onun əziyyət çəkdiyi aşağı özgüvən hissinin müəyyən komponentlərini kompensasiya etməyə xidmət edir. 

Daha çox avtoritar liderlərə xas xüsusiyyət - hadisələrin və insanların üzərində nəzarətə və hakimiyyətə yönəlik tələbatı Viktor Orbanın idarəetmə üslubundan sezmək olar. Orbanist idarəetmə əsas iki xüsusiyyətlə xarakterizə olunur. Birinci, Orban konkret ideoloji bağlılığı olmayan, şəxsi hakimiyyətinin və nəzarətinin maksimallaşmasına üstünlük verən siyasətçi kimi səciyyələndirilir. İkinci, öz hakimiyyətini qoruyub saxlamaq və genişləndirməkdən ötrü ehtiyac duyulduğu qədər fərqli ideoloji baxışları qəbul etmək bacarığına sahib dəyişkən personaj kimi alqılanır. Lakin Lyuk Cooper bu yanaşmanı mübahisələndirərək hesab edir ki, Orbanı sadəcə hakimiyyət sevgisi idarə etmir, “Fidezs” tərəfindən yaradılan siyasi sistemdə ideoloji ardıcıllıq var. Bunun əsasında Orbanın liberalizmə nifrəti və illiberal dövlətin propaqandası durur (Cooper.2023a). Bu baxımdam o, Orbanı ardıcıl avtokratik millətçi kimi xarakterizə edir.

Bununla belə praqmatizmə söykənərək liberaldan (1989) konservatora (1994) və sonra da avtoritara (2010), xüsusən də avtoritar populistə çevrilən Orbanın həyat hekayəsi onun davranışlarının hakimiyyət arzusunun diktəsi ilə idarə olunduğunu inkar edə bilmir. 

Liderin psixoloji-emosional fəndləri

Şəxsin siyasi davranışlarının psixoloji xüsusiyyətlərinə diqqət yetirən Q.Lassuel hesab edir ki, idarəetmə üslubunda dramatikləşdirməyə üz tutan lider tipi çalışır ki, kütlənin emosional dəstəyini qazansın (Авдеев. 2017с). Bir çox avtoritar liderlərdən fərqli olaraq, Orban “millətin atası” olmağa can atmır. Rесентимент hissi ilə yaşayan macarlara tez-tez imperiya keçmişini xatırladaraq insanların post-imperial travması və dövlətin tarixi qüdrəti üçün nostalji hisləri üzərindən manipulyasiya etmək, milli suverenlik uğrunda mübariz obrazını yaratmaq Orbana elektoratı arasında rəğbət qazandırır (Медведев 2024). Tərəfdarları onun mübarizəsini millətin keçmiş gücünü və qüdrətini geri qaytarmaq üçün mütləq liderlik uğrunda mübarizə kimi alqılayırlar. 

Orbanın ritorikasının leytmotivini “milli maraq” və “milli məqsəd” sözləri təşkil edir və onun fikrincə, Macarıstanın bütün problemləri bu məqsəddən yayınmasındadır (Viktor Orban. 2014). Orban avtokratik millətçiliyi iki alət üzərində cəmləyib. O, etno-millətçi mənsubiyyət və maraq konsepsiyalarını səfərbər etməklə hegemonluğa can atır, paralel olaraq fərqli instrumentarilər və media üzərində avtokratik nəzarəti daha yüksək səviyyəyə çatdırmaq üçün dövlətlə cəmiyyətin kəsişməsində korrupsiya təcrübələrindən istifadə edir (Cooper 2023b). Orban zorakılıqdan istifadə etmədən iqtisadi və siyasi hakimiyyəti - gücü əldə etməkdən ötrü dövlətin özünü vasitəyə çevirə bilib. Hegemonik hiylənin mahiyyəti liberal düşüncəyə qarşı düşmənçiliyi səfərbər etmək və nəticə etibarilə avtokratik dövlətin varlığını “yemləməkdir”. Beləliklə, o, hegemonluq və korrupsiya təcrübələrinin tətbiqi arasında bağ yaratdı, millətçi ritorika ilə ictimai hesabatlılığın qarşısını kəsən dövlət tədbirləri üçün legitim çərçivəni təmin etdi. 

Qlobal səviyyədə lider obrazının təqdimatı

Avropa və Amerikadakı sağçılar arasında Viktor Orbanın başçılıq etdiyi Macarıstan effektiv xristian mühafizəkar idarəçiliyinin nümunəsi və mədəni solun yaratdığı boşluqlara qarşı dayaq kimi qəbul edilir. Patriarxal cəmiyyətin qoruyucusu kimi özünü təqdim edən Viktor Orban eynicinsli cütlüklərin övladlığa uşaq götürməsini, dövlət şəxsiyyət vəsiqələrində insanın cinsiyyətinin doğuş zamanı təyin edilmiş halının dəyişdirilməsini qadağan edib, miqrasiyanı dayandırmaq üçün Serbiya sərhədində hasar çəkib. 

Viktor Orban özünü və macar xalqını Qərbi intihardan qoruyan “təmiz ağ avropalının arxa cəbhəsi” kimi təqdim edir, Qərbin irqi cəhətdən təmiz ağ xristian xarakterinin “həqiqi irsi” uğrunda mübariz kimi göstərir (Halasz 2025). O, hesab edir ki, Avropa elitaları bu kəskin problemi həll edə bilmirlər, çünki onların arasında “xristian Avropası qurmaq əvəzinə depersonalizasiyaya uğramış açıq Avropa qurmağı təklif edən” sol-liberal fiqurlar üstünlük təşkil edirlər (Шишелина. 2018). Eyni zamanda o, özünü sərhədlərin o tayında gedən əsl müharibə qarşısında macarlara sülhü və sabitliyi təmin edə biləcək yeganə siyasi lider kimi təlqin edir.

Əslində isə Orban kimi avtoritar populistlərin gücü ələ keçirdikləri institutlarda deyil, onların formalaşdırdıqları yeni elektoral koalisiyadadır, çünki bəzi qatı avtoritar-sağçı seçiciləri qloballaşmanın mədəni təhlükələrinin qorxusundan qaynaqlanan fanatizm və nifrət motivasiya edir (Scheiring. 2019).

Nəticə

Ənənvi avtoritarlardan fərqli olaraq Viktor Orbanın idarəetmədə istifadə etdiyi əsas alətlər zorakı metodlar deyil, institusional olaraq hüquqi, psixoloji olaraq isə inandırma və manipulyativ metodlardan istifadə etməyə üstünlük verir. Avtokratik leqalizm, bununla yanaşı korrupsiyanın dövlət idarəetməsində əsas siyasi alətə çevrilməsi Orbanın siyasi lider kimi dominantlığının təminatında əhəmiyyətli rol oynayıb. Bu, Orbana demokratiyanı çılpaq şəkildə inkar etmədən onun avtoritarizmə rahat geridönüşünü həyata keçirməyə, illiberal demokratiyanı gerçəkləşdirməyə imkan verir. 

Azad, lakin ədalətli olmayan, formaca rəqabətli mahiyyətcə qeyri-bərabər seçkilər hakimiyyətin vətəndaşın iradəsi əsasında formalaşması görüntüsünü yaradır və Orbanın hakimiyyətinin legitimliyini təmin edir. Bu şərtlər əsasında formalaşan seçim imkanını real seçki kimi qəbul edən toplumun böyük əksəriyyəti imitasiyanın fərqinə varmadan illiberal demokratiyanı həqiqi demokratiya kimi alqılayır və hakimiyyətin real mənbəyinin özü olduğunu düşünür. Nəticədə Orban vətandaşı siyasətin subyekti statusundan çıxarmadan və idarəolunan siyasi iştirakçılığı təmin edərək siyasi sistemi özünün maraqları çərçivəsində formalaşdıra bilib. 

Liderlik nəzəriyyəsini öyrənən tədqiqatçılar hesab edirlər ki, kütlənin şüurundakı lider obrazı ilə onun xarizmatik olmayan xarici görünüşü qeyri-adekvat görünə bilər. Avtoritar idarəetmənin Macarıstan nümunəsi göstərir ki, ardıcılları şəxsən tanıdıqlarının deyil, onların şüurunda müəyyən “virtual reallıqda” mövcud olan liderin arxasınca gedirlər. Məhz bu obraz onların hisslərini oyadır, emosional bağlılıq yaradır və qərar qəbul etməyə sövq edir.

 

 

İstinadlar

1.     Comelli, Martin and Horvath, Vera. 2018a. "What Orbán Knows and His Enemies Don’t", Jacobin

https://jacobin.com/2018/03/viktor-orban-hungary-fidesz-authoritarian-opposition   


2.     Кеттел Рэймонд. 2014. Структурная теория черт личности. Психологический журнал. 13 October

https://psychojournal.ru/psychologists/95-reymond-kettel-strukturnaya-teoriya-chert-lichnosti.html


3.     Мадьяр, Балинт. 2016. Анатомия посткоммунистического мафиозного государства на примере Венгрии. http://kyiv-heritage.com/sites/default/files/%D0%9C%D0%90%D0%94%D0%AC%D0%AF%D0%A0%20-%20%D0%90%D0%BD%D0%B0%D1%82%D0%BE%D0%BC%20%D0%9F%D0%BE%D1%81%D1%82-%D0%BA%D0%BE%D0%BC%20%D1%80%D0%B5%D0%B6%20(%D0%BD%D0%B0%20%D0%BF%D1%80%20%D0%92%D0%B5%D0%BD%D0%B3%D1%80%D0%B8%D0%B8)%202016%20324%D1%81.pdf 


4.     Авдеев Павел. 2017a. Эволюция и современные тенденции теории лидерства. Sci-Article. 31 May

https://sci-article.ru/stat.php?i=1496056150


5.     Comelli, Martin and Horvath, Vera. 2018b. "What Orbán Knows and His Enemies Don’t", Jacobin

https://jacobin.com/2018/03/viktor-orban-hungary-fidesz-authoritarian-opposition  

 

6.     Лопатто Мария. 2014. Орбан. Без альтернативы. Радио Свободы. April 7

https://www.svoboda.org/a/25323508.html


7.     Авдеев Павел. 2017b. Эволюция и современные тенденции теории лидерства. Sci-Article. 31 May

https://sci-article.ru/stat.php?i=1496056150


8.     Beauchamp, Zack. 2024a. Make America Hungary Again. The Atlantic. July 17

https://www.theatlantic.com/international/archive/2024/07/why-special-republican-relationship-hungary-so-worrying/679035/


9.     Beauchamp, Zack. 2024b. Make America Hungary Again. The Atlantic. July 17

https://www.theatlantic.com/international/archive/2024/07/why-special-republican-relationship-hungary-so-worrying/679035/


10.  Rupnik Jacques. 2018. Portrait of Viktor Orbán - Prime Minister of Hungary. Intitute Montaigne. November 6

https://www.institutmontaigne.org/en/expressions/portrait-viktor-orban-prime-minister-hungary


11.  Егорова-Гантман Е.В. 1993. Политиками не рождаются. Центр политического консультирования «Николо М». С.142


12.  Cooper, Luke. 2023a. Autocratic Nationalism in Hungary: Viktor Orbán as a Hegemonic Actor, LSE Research Online

https://eprints.lse.ac.uk/118153/


13.  Авдеев Павел. 2017с. Эволюция и современные тенденции теории лидерства. Sci-Article. 31 May

https://sci-article.ru/stat.php?i=1496056150


14.  Медведев Сергей. 2024. Анфан террибль" Евросоюза. Радио Свободы. August 21

https://www.svoboda.org/a/anfan-terriblj-evrosoyuza-/33085925.html


15.  Viktor Orban. 2014. Prime Minister Viktor Orbán’s Speech at the 25th Bálványos Summer Free University and Student Camp. website of the Hungarian Government. 26 July 

http://2010- 2015.miniszterelnok.hu/in_english_article/_prime_minister_viktor_orban_s_speech_at_the_25th_balvanyos_summer_free_unive rsity_and_student_camp 


16.  Cooper, Luke. 2023b. Autocratic Nationalism in Hungary: Viktor Orbán as a Hegemonic Actor, LSE Research Online

https://eprints.lse.ac.uk/118153/1/Book_chapter_autocratic_nationalism_in_Hungary_.pdf


17.  Halasz Kataline. 2025. Bodies of whiteness: Space invading Viktor Orbán’s ethnonationalism. Sage Journals. February 27

https://journals.sagepub.com/doi/10.1177/13675494251319698


18.  Шишелина Л.Н. 2018. Самая цитируемая речь премьер-министра Венгрии // Научно-аналитический вестник Института Европы РАН. 2018. № 5. 


19.  Scheiring, Gabor. 2019. I watched Hungary’s democracy dissolve into authoritarianism as a member of parliament − and I see troubling parallels in Trumpism and its appeal to workers. The Conversation. May 13

https://theconversation.com/i-watched-hungarys-democracy-dissolve-into-authoritarianism-as-a-member-of-parliament-and-i-see-troubling-parallels-in-trumpism-and-its-appeal-to-workers-224930

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin