(Yazı KHAR Center-in "Post-sovet ölkələrində Rusiyanın təsir mexanizmləri” araşdırması çərçivəsində hazırlanıb)
Moldova Rusiyanın postsovet məkanındakı propaqanda fəaliyyəti baxımından əlahiddə yer tutur. Kremlin bu ölkədəki təsir əməliyyatlarını adi təbliğat, dezinformasiya, manipulyasiya hadisəsi kimi nəzərdən keçirmək doğru deyil. Moskva Kişinyov üzərindəki təsir rıçaqlarını itrdikcə daha aqressiv əməliyyatlar həyata keçirir. Xüsusilə 2022-ci ildən sonra Rusiyanın bu ölkədə təsir modeli siyasi maliyyələşdirmə, seçki proseslərinə müdaxilə, sosial şəbəkələrdə koordinasiyalı kampaniyalar, yerli siyasi və ictimai aktorların istifadəsi, iqtisadi və enerji təzyiqi kimi müxtəlif vasitələrin bir-birini tamamladığı daha geniş mexanizmə çevrilib. Bu baxımdan Kremlin Moldovadakı fəaliyyətini Xarici İnformasiya Manipulyasiyası və Müdaxiləsi (Foreign Information Manipulation and Interference - FIMI) kimi dəyərləndirmək daha doğrudur. Moldovada 2025-ci ildə keçirilən seçkilər zamanı Moskvanın rəsmi kanallardan və dövlət mediasından yerli proksilərə və koordinasiyalı informasiya şəbəkələrinə qədər bütün mövcud infrastrukturu səfərbər etməsi Avropa İttifaqının FIMI hesabatında da qeyd edilir (EEAS, 2026).
Rusiyanın Moldovadakı təsir sistemi yeni yaranmayıb. Ölkənin sovet keçmişi, dil və identiklik məsələləri, 1992-ci ildən həll olunmamış Dnestryanı münaqişəsi, Qaqauziya məsələsi, uzunmüddətli enerji asılılığı, Moskvanın ölkədəki siyasi, iqtisadi və dini təsir rıçaqları kimi çoxsaylı faktorlar Kremlin müdaxilə aparatının Moldovada kök salmasına səbəb olub. Son onillikdə, xüsusilə də 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsindən sonra bu münasibətlərin xarakteri dəyişməyə başlayıb. Moldovanın Avropa İttifaqına inteqrasiyasının sürətlənməsi, Rusiya mediasına tətbiq olunan məhdudiyyətlər, enerji asılılığının azalması və dövlət institutlarının xarici müdaxiləyə qarşı daha sərt mövqe nümayiş etdirməsi Kremlin ənənəvi təsir vasitələrinin bir hissəsini zəiflədib.
Ancaq bu zəifləmə Rusiyanın Moldovadakı təsir imkanlarının yox olmasına deyil, xarakter dəyişdirməsinə səbəb olub. Xüsusilə 2025-ci ildə keçirilən parlament seçkilərində Rusiyanın yenidən qablaşdırdığı propaqanda əməliyyatları çox aqressiv və qabarıq şəkildə üzə çıxıb. Hər nə qədər bu əməliyyatlar ölkədə siyasi hakimiyyət dəyişikliyinə səbəb olmasa da. Avropayönlü qüvvələrin parlament çoxluğu qorunsa da, Moskva Moldovanın Qərbə inteqrasiya prosesini geriyə döndərmək üçün bütün imkanlardan istifadə edir.
“KHAR Center” bu araşdırmasında Rusiyanın Moldovadakı təsir mexanizmlərini, xüsusilə də son dövrdə bu mexanizmlərin necə dəyişdiyini, Kremlin Moldovanın informasiya və siyasi məkanının hansı sahələrində hələ də ciddi təsir potensialına malik olduğunu faktlarla tədqiq edir. Eləcə də “Rusiya Moldovanın informasiya və siyasi məkanına hansı mexanizmlərlə təsir göstərir və son dövrdə bu təsir sisteminin gücü, arealı və işləmə üsulları necə dəyişib?” sualını cavablayır.
RUSİYANIN MOLDOVADAKI HƏDƏFİ
Rusiya siyasi düşüncəsinə görə, ölkənin “böyük dövlət” mənafeləri öz sərhədlərindən xeyli kənara çıxır. Xüsusən də postsovet məkanı Rusiyanın müstəsna geosiyasi dominantlıq ərazisi sayılır. Bu səbəbdən də Moskva Avropa İttifaqının şərqə doğru genişlənməsi yönündəki səylərini bu hegemoniyaya təhdid kimi dəyərləndirir. Bu baxımdan son onilliklərdə Aİ-nin Şərq Tərəfdaşlığı layihəsində yer alan ölkələr, xüsusilə də bu ölkələr arasında real inteqrasiyanı başladan Ukrayna, Gürcüstan və Moldova Moskva üçün xüsusi hədəflər olub. Moskva fasiləsiz şəkildə bu ölkələrin suverenliklərini aşındırmaq, daxili və xarici qərarvermə mexanizmləri üzərində söz sahibi olmaq, eyni zamanda Qərbin nüfuzunu baltalamaq üçün fəaliyyət göstərir (Gretskiy, 2025). Yəni strateji baxımdan Rusiyanın Moldovadakı əsas hədəfi bu ölkənin Avropa İttifaqına qoşulmasının qarşısını almaqdır. Bu isə eyni zamanda Moldovanın Qərbin siyasi və təhlükəsizlik arxitekturasına daha sıx bağlanmasının qarşısının alınması deməkdir.
Kreml Moldova da daxil olmaqla postsovet ölkələri üzərində söz sahibi olmaq üçün separatizmin təşviqi, təhlükəsizlik boşluqlarından istifadə, iqtisadi məcburetmə və nüvə hədələri kimi “neqativ motivasiya” alətlərinin hamısından istifadə edir (Gretskiy, 2025).
Xüsusilə Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücumundan sonra Moldova Kremlin ikinci ən mühüm hədəfinə çevirilib. Ukraynanın Rusiyanın hücumlarını böyük ölçüdə dəf etməsi nəticəsində Moldovaya real fiziki təhdid azalıb. Ancaq bu, Rusiyanın Moldovaya qarşı sabotajlarının azalması demək deyil. Rusiyanın Moldova hava sahəsinə müdaxilələri 2026-cı ildə 2022-ci illə müqayisədə 10 dəfə, 2005-ci illə müqayisədə isə iki dətə artıb (Moldova 1, 2026a). Ukrayna prezidenti Volodimir Zelenskinin təyyarəsinə Moldova hava sahəsində atəş açılması da bu hücumların nə dərəcədə ciddi xarakter daşıdığından xəbər verir (Pravda UA, 2026).
Yəni Moldova müharibədə faktiki ikinci cəbhəyə çevrilib. Rusiya Moldovanı “Rus dünyası”nın bir hissəsi kimi gördüyünü açıqlayıb və bu ölkəni öz əfsanəsini reallığa çevirmək üçün propaqanda vasitələrinin poliqonu edib (Wilson, 2025). Ancaq “ikinci cəbhə” bəhanəsiylə Aİ-yə üzvlük prosesini dayandıran Gürcüstan rəhbərliyindən fərqli olaraq Moldova Qərbə inteqrasiyanı dayandırmayıb. Moldova 2022-ci ildə Ukrayna ilə birlikdə Aİ-yə namizəd statusu alıb, 2024-cü ildə isə üzvlük danışıqlarına başlayıb.
Bu, Moskvanı əsas strateji hədəfini qorumaqla yanaşı, ikinci dərəcəli hədəfini həyata keçirməyə yönəldib. Kreml üçün hazırkı minimum hədəf Moldovanın xarici siyasəti daim mübahisəli olan, daxili siyasi parçalanmalar səbəbindən uzunmüddətli qərarlar qəbul etməkdə və strategiyalar müəyyənləşdirməkdə çətinlik çəkən, Rusiyanın maraqlarını nəzərə almağa məcbur olan “boz zona” dövləti olaraq qalmasıdır (Popescu-Zamfir, 2025).
RUSİYANIN MOLDOVADAKI TƏSİRİ HANSI ZƏMİNDƏ FORMALAŞIB?
Rusiya, Osmanlı, Avstriya-Macarıstan imperatorluqlarının izlərini daşıyan Moldova, bu tarixi dərinliyə baxmayaraq, siyasi mənzərəsinin ən mühüm özəlliklərini nisbətən yeni dövrlərdə formalaşdırıb. Moldovanın yerləşdiyi Bessarabiya tarixən Rusiya-Sovet və Rumıniya siyasi-mədəni məkanlarının kəsişdiyi ərazi olub. Dnestr çayının sağ sahilindəki Moldova ərazisi iki dünya müharibəsi arasındakı dövrdə Rumıniyanın bir hissəsi olub. Sovet İttifaqı qurulduqdan sonra - 1924-cü ildə Stalin Dnestrin sol sahilində Ukrayna SSR-in tərkibində Rumıniyaya qarşı irredentist dayaq kimi nəzərdə tutulan Moldaviya Muxtar Sovet Sosialist Respublikası elan edib. 1940-cı ildə Dnetsrin sağ sahilindəki Moldova da Molotov-Ribbentrop paktı çərçivəsində Sovet İttifaqı tərəfindən işğal edilib və Moldaviya SSR elan edilib. 1941-ci ildə Almaniya və Rumıniya, 1944-cü ildə yenidən Sovet İttifaqı Moldovanı işğal edib. Bu miras eyni zamanda Dnestryanı bölgəylə bağlı problemin də əsasını qoyub (Remler, 2022).
Dil və identiklik problemi
Sovet işğalı yalnız sərhədlərin müəyyənləşdirilməsi ilə məhdudlaşmayıb, bu etnosiyasi-inzibati təcrübə eyni zamanda əhalinin yer dəyişdirməsini də əhatə edib. Bir çox moldovalı və rumıniyalı sovet əsarəti dövründə sürgünə göndərilib, bəziləri qətlə yetirilib. Eyni zamanda daha çox sayda rus və ukraynalı Moldova ərazisinə yerləşdirilib. Bu, sərhədləri daim mübahisəli, əhalisinin bir hissəsi tarixi vətənləri ilə birləşməyə istəkli olan bir dövlətin ortaya çıxmasına səbəb olub (Rumer, 2017). Moldovalılar rumın dilində danışsalar da, SSRİ dövründə dilin adı “moldovan dili” olaraq dəyişdirilib və kiril əlifbası məcburi hala gətirilib.
Rus dili isə bütün sovet respublikalarında olduğu kimi Moldovada da xüsusilə şəhərlərdə və etnik azlıqlar arasında ünsiyyət dili funksiyası qazanıb. Moldovada rus dilində danışanların sayı onu ana dili hesab edənlərin və ya özünü etnik rus kimi müəyyənləşdirənlərin sayından daha yüksək olub (CSS, 2025).
Sovet moldovalısı yaratma səyləri 1980-ci illərin sonlarında nisbətən yumşalmanın başladığı dövrdə güclü bir moldovalı-rumın millətçi hərəkatının ortaya çıxmasına səbəb olub. lkin mərhələdə dil, latın əlifbası, milli suverenlik və tarixi kimlik tələbləri daha geniş olan bu hərəkatın bir xətti də unionizm olub.. Bu xəttə görə, sovet işğalı və sərhədlərin yenidən formalaşması ilə ortaya çıxan ədalətsizlik eyni köklərə malik xalqı bölüb və onlar yenidən birləşməliydi. Ancaq bu, Moldovanın digər rusdilli sakinlərinin və türk mənşəli xristian qaqauzların əks reaksiyasına səbəb olub. Böyük Rumıniya yaranacağı təqdirdə statuslarını itirməkdən, ikinci sinif vətəndaş olacaqlarından, Rusiya ilə əlaqələrinin qopmasından qorxan bu qüvvələr Moskvanın destruktiv propaqandasının da təsiri ilə separatçı hərəkatlara başlayıblar. 1990-cı ildə Dnestryanı bölgədə Moskvanın açıq dəstəyi ilə separatçı respublika elan edilib. Qaqauziyada da oxşar proses başlayıb, ancaq Kişinyov buradakı problemi 1994-cü ildə bu regiona xüsusi hüquqi status və muxtariyyət verməklə həll edə bilib. Kişinyovun Dnestryanı bölgəni nəzarətə alma səyləri isə 1992-ci ildə Dnestrin şərqindəki Rusiya ordusunun separatçıları dəstəkləməsi nəticəsində uğursuzluqla nəticələnib. Region bu günə qədər də Moldova üçün başağrısı olan münaqişə ocağına çevrilib (Rumer, 2017).
Dil və identiklik məsələsindən başqa, iqtisadi çətinliklər, sovet nostalgiyası və mirası, eləcə də dil bölgüləri (xüsusilə siyasi mərkəz tərəfindən diqqətdən kənarda qaldığını düşünən ukraynadilli icmalar arasında) Aİ inteqrasiyasına müqaviməti gücləndirən və Rusiya təsiri üçün zəmin yaradan faktorlar olub (CSS, 2025).
Enerji asılılığı
Müstəqilliyin ilk illərində Rusiyanın təsir imkanlarını gücləndirən əsas amillərdən biri enerji asılılığı olub. Əhəmiyyətli qaz ehtiyatları olmayan Moldovanın sovet dövründən qalan enerji infrastrukturu demək olar ki, tamamilə Rusiya tədarükündən asılı olub. 1994-cü ildə Moskva bunu daha ciddi asılılığa çevirib. “Qazprom” Moldovanın 250 milyon dollarlıq borcu səbəbilə Kişinyovu qazı dayandırmaqla hədələyib. Böhran Moldova hökumətinin “Qazprom”la birgə qaz nəqli şirkəti yaratmağa və borcların ödənilməsi üçün müəyyən dövlət aktivlərini verməyə razılaşması ilə nəticələnib. Daha sonra separatçı Dnestryanı regiona Rusiya qazının faktiki olaraq ödənişsiz verilməsi və həmin qazdan Moldovaya elektrik satan Cuciurgan elektrik stansiyasında istifadə olunması Kişinyov üzərində yeni siyasi təzyiq forması yaradıb (Gretskiy, 2025). 2011-ci ildən sonra “Qazprom” Kişinyovdan Aİ-nin Üçüncü Enerji Paketinin tətbiqindən və Enerji Birliyi öhdəliklərindən geri çəkilməsini tələb edib. Moldova bunu qəbul etmədiyinə görə köhnə müqavilə qısa müddətlərə uzadılıb və qaz təchizatının gələcəyi daimi qeyri-müəyyənlikdə saxlanılııb. Eyni zamanda Moskva qiymətləri də davamlı olaraq artırıb. Moldova 2005-ci ildə min kubmetr Rusiya qazına təxminən 80 dollar ödəyərkən 2012-ci ildə bu rəqəm 382 dollara çatıb (Calus, 2013).
İqtisadi rıçaqlar
Asılılıq və təzyiq yalnız enerji sahəsində olmayıb. 2000-ci illərdə Rusiya Moldova məhsulları üçün mühüm bazar, yüz minlərlə Moldova vətəndaşı üçün isə əmək miqrasiyasının əsas istiqamətlərindən olub. 2012-cü ildə Moldovaya gedən Rusiya sərmayəsi 786 milyon dollar təşkil edib ki, bu da ölkədəki xarici investisiyaların 23 faizini təşkil edib. Bu, Rusiya sərmayəsinin həqiqi payı da olmayıb. Moldovaya qoyulan investisiyaların böyük hissəsi ofşorlar, xüsusilə də Moldova iqtisadiyyatının ikinci ən böyük sərmayədarı olan Cənubi Kiprdə qeydiyyatdan keçən Rusiya şirkətləri tərəfindən idarə olunub. Bu sərmayənin böyük hissəsi yanacaq, bank, nəqliyyat və kütləvi informasiya sektorlarına qoyulub (Calus, 2013).
2013-cü ildə Moldova ixracatının 26, idxalatının isə 14 faizini Rusiya təşkil edib. Moldova meyvələrinin 60-70 faizi, almanın isə 100 faizi Rusiyaya ixrac edilib. Moldova meyvə və tərəvəz konservlərinin böyük hissəsi də bu ölkəyə gedib. Ölkədə istehsal olunan şərabın da 30 faizini Rusiya alıb (Calus, 2013). Bu vəziyyət Moldovanı Rusiyanın təsiri və təzyiqi üçün açıq hala gətirib. Moskva 2006-2010-cu illərdə bir neçə dəfə Moldova şərabı başda olmaqla bir çox məhsula məhdudiyyətlər qoyub (OSW, 2010). 2013-cü ildə Moldovanın Aİ ilə Assosiasiya Sazişini imzalayacağı bəlli olduqdan sonra Moskva təzyiqlərini daha da artırıb. Moskva Aİ ilə assosiasiyanın Moldova malları, Rusiyada çalışan moldovalılar, qaz təchizatı və Dnestryanı münaqişə üçün mənfi nəticələr yarada biləcəyini açıqlayıb. 2013-cü ilin noyabrında keçirilən Vilnüs sammitindən iki ay əvvəl Rusiya Moldova şərabına yenidən embarqo qoyub (RFERL, 2013).
2014-cü ildə Moldova Aİ ilə Assosiasiya Sazişini imzaladıqdan sonra isə təzyiqlər geniş və sistematik formaya keçib. Ətdən meyvə-tərəvəzə qədər bir çox məhsula embarqo tətbiq edilib. Əvvəllər MDB azad ticarət rejimində gömrüksüz olan 19 məhsul kateqoriyasına idxal rüsumu tətbiq edilib (Moldova Mərkəzi Bankı, 2014). Ancaq Rusiya bu embarqoları tətbiq edərkən Moldova daxilindəki separatçılığa yenə xüsusi “diqqət” ayırıb. Moldova şərabına tətbiq edilən embarqo Qaqauziyanı əhatə etməyib. Rusiyanın nəzarətindəki Gömrük İttifaqına inteqrasiyanı şübhəli referendumda dəstəkləyən Qaqauziya güzəştli qaz vədi ilə də mükafalandırılıb (The Moscow Times, 2014).
Əmək bazarı təzyiqi
2014-cü ilə qədər Rusiyada işləyən moldovalıların sayı 300 min ilə 500 min arasında dəyərləndirilirdi. Bu da xaricdə işləyən moldovalıların 50 faizi demək idi. Bu işçilər hər il ölkəyə 1,6 milyard dollara yaxın pul gətirib (OSW, 2014). Dünya Bankının məlumatlarına görə, 2014-cü ildə remittanslar Moldova ÜDM-nin təxminən 26 faizinə bərabər idi və ölkə regionun pul köçürmələrindən ən çox asılı iqtisadiyyatlarından biri sayılırdı (World Bank, 2016). 2014-cü ilin əvvəlindən moldovalılar üçün Rusiyada qalma qaydaları sərtləşdirilib: altı aylıq dövrdə maksimum 90 gün qalmaq limiti tətbiq edilib.
Zəif institutlaşma və oliqarxiya
Rusiyanın təsiri üçün əlverişli zəmin yaradan digər mühüm amillər Moldovanın zəif institutlaşması, siyasi sistemin oliqarxlaşması və korrupsiya olub.
2009-cu ildə sonra hakimiyyətə gələn Avropayönlü qüvvələr xalqın inteqrasiya tələbinə cavab verərək 2014-cü ildə Aİ ilə sazişi imzalasalar da, ölkənin ən ciddi “xəstəliyi” olan oliqarxiya və korrupsiya sınağından uğurlu çıxmayıblar.
Bu problemin kulminasiya nöqtəsi 2014-cü ildə ölkənin üç bankında baş verən böyük maliyyə fırıldağı olub. “Banca de Economii”, “Banca Socială” və “Unibank”da təxminən 1 milyard dollar həcmində vəsait yoxa çıxıb. Bu, həmin dövrdə ölkə ÜDM-nin təxminən 12 faizinə bərabər olub. IMF-in hesablamasına görə, nəticədə üç bankın bağlanması da dövlətə ÜDM-nin təxminən 10 faizi həcmində xərc yaradıb (İMF, 2022).
Bank qalmaqalında Rusiyanın barmağının olması sonradan təsdiqlənsə də, proses xüsusilə özünü Avropayönlü kimi təqdim edən siyasi elitaların nüfuzuna zərbə vuraraq, Aİ inteqrasiyasını korrupsiya və oliqarxiya ilə eyniləşdirən populist və pro-Rusiya mesajları üçün əlverişli zəmin yaradıb (Freedom House, 2015).
İnformasiya üstünlüyü
Bu prosesdə Kreml propaqanda mexanizmləri olduqca böyük rol oynayıb. Rusiya uzun müddət Moldovada informasiya üstünlüyünə malik olub. Rus dilinin geniş istifadəsi, Rusiya televiziyalarının auditoriyasının genişləməsinə səbəb olub. Yerli televiziya kanalları da əsasən Rusiya istehsalı olan xəbər, siyasət və əyləncə proqramlarını retranslaysiya ediblər (Nofit, 2019). Moldova 2017-ci ilin sonunda qəbul edilən və 2018-ci ilin fevralında qüvvəyə minən “anti-propaqanda” qanunu ilə bu təsiri azaltmağa çalışıb. Bu qanun Transsərhəd Televiziya haqqında Avropa Konvensiyasını ratifikasiya etməyən ölkələrdən — faktiki olaraq ilk növbədə Rusiyadan — xəbər, analitik, hərbi və siyasi proqramların retranslyasiyasını qadağan edirdi (Moldpress, 2018). Ancaq 2020-ci ilin sonunda pro-Kreml sosialistlərin və İlan Şorun partiyasının deputatlarının səsləri ilə bu məhdudiyyətlər yenidən aradan qaldırılıb. Beləliklə, Rusiya siyasi-informasiya proqramlarının Moldova efirinə qayıtmasına şərait yaradılıb. Yalnız Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra Kişinyov daha sərt informasiya təhlükəsizliyi siyasətinə keçib.
RUSİYANIN HAZIRKI TƏSİR GÜCÜ VƏ AREALI
Rusiyanın Moldovada bir çox sahədəki təsir imkanları son onillikdə əhəmiyyətli dərəcədə azalıb. Bu, özünü xüsusilə struktur asılılıqlarında göstərib. Ən böyük dəyişiklik iqtisadiyyat və enerji sahələrində qeydə alınıb. 2025-ci ildə Moldova ixracatının yalnız 2,8 faizi Rusiyanın payına düşüb ki, bu da 2013-cü illə müqayisədə təxminən 10 dəfə azdır. Rusiyanın Moldova idxalındakı payı da cəmi 2 faiz olub (Statistica Moldovei, 2026). Bu o deməkdir ki, Rusiyanın Moldovaya qarşı istifadə etdiyi iqtisadi embarqolar faktiki olaraq uzunmüddətli praktik təsir göstərə bilməyib.
Eyni şəkildə Rusiyanın Moldovaya enerji şantajının nəticəsiz qaldığını da söyləmək mümkündür. 2022-ci ilin martında Ukrayna ve Moldovanın elektrik şəbəkələri Avropa Qitə Şəbəkəsi ilə sinxronizə edilib. Bu da Moldovanın enerji müqavimətini gücləndirib. Həmin il Rusiyanın tədarükü kəsməsindən sonra Moldova alternativ mənbə və marşrutlara yönəlib və Rusiya qazına olan asılılığına son qoyub. 2025-ci ilin əvvəlində “Qazprom” Dnestryanı bölgəyə təbii qaz tədarükünü də dayandırıb. Bu regiona verilən təbii qaz eyni zamanda elektrik istehsalı və Dnestrin sağ sahilinə ixracat üçün də istifadə edilirdi. Rusiya bu bölgəyə qazı dayandırıb həm Dnestryanı regionda humanitar fəlakət yaradaraq Kişinyova təzyiq formalaşdırmağı, həm də Dnestrin sağ sahilində enerji böhranı yaratmağı hədəfləyirdi. Ancaq Aİ-nin Dnestryanı region üçün açıqladığı 30 milyon avroluq təcili yardım paketi bu böhranın qarşısını aldı. Beləliklə, Aİ-nin də yardımıyla Moldovanın Dnestryanı bölgədən elektrik idxalı da daxil, Rusiya enerjisindən asılılığı tamamilə sona çatıb (European Comission, 2026).
2020-ci ildən etibarən Moskvanın siyasi təsirində də azalma müşahidə olunmağa başlayıb. 2016-cı ildə prezident seçilən Sosialist Partiyasının lideri İqor Dodon 4 il sonra Avropayönlü Maya Sanduya məğlub olub. Sandunun Fəaliyyət və Həmrəylik Partiyası (PAS) 2021-ci ildə parlament seçkilərində də qələbə qazanıb.
Ancaq bu, Rusiyanın Moldova siyasətinə daha açıq və aqressiv müdaxiləsinə səbəb olub. Rusiya Moldovaya qarşı hibrid müharibəyə qoyduğu sərmayəni 2022-ci ildən sonra böyük miqyasda artırıb. Ölkədə son dörd ildə keçirilən bütün seçkilər Rusiyanın aqressiv müdaxiləsi şəraitində baş tutub. Avropayönlü qüvvələr Moskva və Moskvaya qaçan moldovalı oliqarxların təşkil etdiyi bənzərsiz müdaxilələrlə qarşı-qarşıya qalıblar. Kreml səs satın alma, pro-Rusiya siyasi partiyaların və QHT-lərin yaradılmasını təmin etmə, dezinformasiya yayma da daxil olmaqla seçkilərə müdaxiləni iki qatına çıxarıb. 2023-cü il bələdiyyə seçkilərində İlan Şorun rəhbərliyi altında səslərin pulla satın alınması şəbəkəsinin qurulmasına 55 milyon dollar xərcləyib. Moldova hökuməti buna cavab olaraq Şor Partiyasını qadağan edib və onun xələfi Şans Partiyasının da qeydiyyatını ləğv edib. Eyni zamanda Rusiyanın altı televiziya kanalının və 23 internet saytının fəaliyyəti dayandırılıb. Buna baxmayaraq, Rusiya propaqandasının qarşısını almaq asan olmayıb. Bunun nəticəsində Qaqauziya başqa olmaqla bəzi bölgələrdə pro-Kreml qüvvələrin təsiri artıb. Prezident Sandunun 2021-ci ildə 52,8 faiz səs qazanan partiyasının dəstəyi 40 faiz səviyyəsinə düşüb və bələdiyyələrin cəmi 32 faizini əldə edib. Rusiya dəstəkli Sosialist Partiyası isə bələdiyyə sədrliklərinin 16 faizini qazanıb, üstəlik Kreml yönlü siyasətçi İon Çeban paytaxt Kişinyovda yenidən bələdiyyə sədri seçilib (Wilson, 2025).
2024-cü ildə Moskva keçmiş baş nazir Sergey Kiriyenkonu Moldova da daxil olmaqla postsovet məkanındakı hibrid müharibəni həyata keçirən struktura rəhbər təyin edib. Bu, Kremlin propaqanda əməliyyatlarının daha açıq və aqressiv xarakter aldığı yeni dövrün başlanğıcı olub. Moldova prokurorluğunun məlumatlarına görə, 2024-cü ildəki prezident seçkisi və referendumda Rusiya dəstəkli bir şəbəkə 130 min səs satın alıb (BBC, 2024). “Promsvyazbank”a aid bank kartları və nəğd pul dolu çantalarla uçan “turistlər” Moskvadan pulları Moldovaya daşıyan əsas vasitə olub. Moldova polisi yalnız 2024-ün sentyabrında Rusiya bank hesablarından seçicilərə 15 milyon dollar ötürüldüyünü təsdiqləyib. 2024-cü ildə Rusiyanın Moldovada bir səs 200 avro verdiyi bu əməliyyata xərclədiyi ümumi rəqəmin 200 milyon avroya çatdığı bildirilir. Bu əməliyyatlar Moskvanı yekun məqsədinə çatdırmasa da Maya Sanduya və Aİ-yə dəstəyi müəyyən qədər aşındırmağa nail olub. 2024-cü ildə referendumdan əvvəl sorğular ölkədə Aİ-yə dəstəyin 67 faiz olduğunu göstərsə də, referendumda bu rəqəm 50,4 faiz olub. Sandunun səsləri isə 2020-ci illə müqayisədə 41 min azalıb (Wilson, 2025).
2025-ci ildə keçirilən son parlament seçkiləri isə Rusiyanın müdaxiləsi baxımından ayrıca bir FIMI hadisəsi kimi qeydə alınıb. Avropa Xarici Fəaliyyət Xidməti Moldova seçkisinin “görünməmiş hibrid təhdidlər və FIMI dalğası” ilə üzləşən seçkilərdən olduğunu vurğulayıb (EEAS, 2026). ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da Moldovadakı seçki kampaniyasının xarici müdaxilə, qanunsuz maliyyələşdirmə, kiberhücumlar və genişmiqyaslı dezinformasiya ilə müşayiət olunduğunu bildirib. Hesabatda xaricdən maliyyələşdirilən və Rusiyadan qaynaqlandığı etibarlı şəkildə müəyyən edilən koordinasiyalı şəbəkənin həm səs satınalma sxemləri, həm də dezinformasiya kampaniyaları həyata keçirdiyi vurğulanıb. Şəbəkənin İlan Șorla əlaqəli strukturlar vasitəsilə işlədiyi, ödənişlərdə Rusiya dövlətinə bağlı “Promsvyazbank” hesablarından, elektron kartlardan və kriptovalyutadan istifadə edildiyi göstərilib. Seçki dövründə bu sxemlərlə bağlı 848 axtarış aparılıb, 122 nəfər saxlanılıb və 20 cinayət işi açılıb (OSCE, 2025).
Ancaq Rusiyanın bu “buldozer taktikası” bir yandan Moldova üçün ciddi sınaq olsa da, digər tərəfdən əks reaksiya doğurub. Kampaniyanın aqressivliyi və miqyası bunun normal daxili siyasi mübarizə deyil, açıq xarici müdaxilə olduğuna dair Moldova hökumətinin tezislərinin dəstək qazanmasına səbəb olub. Həm prezident Sandu, həm də baş nazir Dorin Recean Kremlin müdaxilələrini açıq şəkildə ifşa edib və sübuta yetirib. Onların bu metodu seçkidə işə yarayıb - PAS 55 mandat qazanaraq parlament çoxluğunu qoruyub, Rusiya yönümlü Vətənpərvər Blok isə 26 mandat əldə edib (Moldova Konstitusiya Məhkəməsi, 2025).
Regional təsir dayaqları
Buna baxmayaraq Rusiyanın Moldovadakı təsirini yox etmək mümkün olmur. Ən əsas səbəblərdən biri isə Kremlin Moldovadakı təsirinin regional dayaqları - Dnestryanı, Qaqauziya və şimal bölgələridir. Dnestryanı bölgə Moskvanın ən sərt və institusionallaşmış təsir rıçağıdır. 1992-ci ildən sonra burada formalaşan Rusiya hərbi mövcudluğu hələ də davam edir. Rusiya regionda qoşun saxlayır, separatçı administrasiyanı siyasi və iqtisadi baxımdan dəstəkləyir və bununla Kişinyovun təhlükəsizlik siyasəti və ölkənin Qərbə inteqrasiyası üzərində daimi təzyiq imkanı əldə edir.
2025-ci il seçkilərinin nəticələri Rusiyanın regional dayaqlarının hələ də işlək olduğunu göstərib. Xüsusilə Qaqauziyada kəskin fərq müşahidə edilib - Rusiya yönlü Vətənpərvər Blok 82,35 faiz, PAS isə cəmi 3,19 faiz səs toplayıb. Qaqauziyada Rusiyanın təsiri hərbi deyil, amma aşkar şəkildə iqtisadi və informativ kanallar üzərindən separatçılığı dəstəkləməyə əsaslanır. Moskva Qaqauziyanın avrointeqrasiyaya skeptik yanaşmasından yerli siyasi elitalar və sosial-iqtisadi narazılıqlar vasitəsilə istifadə edib. Bölgə xüsusilə son illərdə Rusiya təsirinin əsas regional platformalarından birinə çevrilib. Qaqauziya, bank fırıldağına görə 15 il həbs cəzasına məhkum edilən və Rusiyaya qaçan İlan Şorun faktiki nəzarəti altına keçib. Şor 2023-cü ildə Yevgeniya Qutsulun Qaqauziya rəhbərliyinə gətirilməsini təmin etdikdən sonra regiona nəzarəti tamamilə ələ keçirib və Komratın Kişinyovla münasibətlərdəki gərginliyinin daha da artmasına səbəb olub (Newsmaker, 2025). Buna baxmayaraq, Moldova hökuməti qətiyyətli davranıb və 2025-ci ilin avqustunda açıq şəkildə Rusiya təbliğatı aparan Qutsulu keçmiş Șor Partiyasının Rusiyadan qanunsuz maliyyələşdirilməsi ilə bağlı iş üzrə həbs edib. 7 il həbs cəzasına məhkum edilən Qutsul hazırda həbsxanadadır (Newsmaker, 2025).
2026-cı ilin iyulunda Konstitusiya Məhkəməsi Qaqauziyanın muxtariyyətinin konstitusion olaraq qorunduğunu təsdiqləməklə yanaşı, dövlət təhlükəsizliyi, ictimai asayiş və seçki sisteminin tənzimlənməsinin mərkəzi hakimiyyətin səlahiyyətində olduğunu müəyyən edib və regional hakimiyyətin bu sahələrdə ayrıca paralel mexanizmlər qurmasına imkan verən bəzi müddəaları ləğv edib (Moldova Ədliyyə Nazirliyi, 2026).
Rusiyanın Şimali Moldovada təsiri isə əsasən sovet nostalgiyası, rus dilinin geniş istifadəsi, iqtisadi gerilik, mərkəzdən kənarda qalma hissi və Aİ-yönlü elitalara etimadsızlıq üzərində formalaşıb. Belsı və ətraf rayonlardakı pro-Rusiya və Aİ əleyhdarlığı məhz bu faktorlarla əsaslandırılır (CSS, 2025). Şimal Moldova daxilində demoqrafik geriləmə və iqtisadi passivliyin daha nəzərəçarpan olduğu regionlardan biridir. 2024-cü il siyahıyaalmasına görə ölkə əhalisinin 25,3 faizi şimal regionunda yaşayır. Lakin bu region ölkə üzrə ən aşağı iqtisadi göstəricilərə malikdir. (Statistica Moldovei, 2025). Çoxölçülü yoxsulluğun ən yüksək göstəricisi də məhz şimaldadır (UNDP, 2022). Bu da Rusiya və yerli populist siyasətçilərin regionda Aİ şübhəçiliyini qızışdırması üçün ciddi siyasi kapital rolunu oynayır. 2024-cü il referendumun nəticələri bu kapitalın rolunun heç də əhəmiyyətsiz olmadığını göstərir. Referendumda Belsı seçicilərinin yalnız 29,4 faizi Aİ inteqrasiyasını dəstəkləyib. Son parlament seçkilərində isə Belsı, Ocnita, Dondușeni, Edinet və digər şimal rayonlarında pro-Kreml Vətənpərvər Blokla yanaşı, Renato Usatinin populist “Bizim Partiya”sı (Partidul Nostru) da yüksək səs alıb (Agerpres, 2025).
RUSİYANIN MOLDOVA NARRATİVLƏRİ
Rusiyanın Moldova narrativlərinin əsas məqsədi Aİ inteqrasiyasını təhlükəli seçim kimi göstərmək, Avropayönlü hakimiyyətin legitimliyini sarsıtmaq və cəmiyyətdəki qorxuları dərinləşdirməkdir. 2025-ci il parlament seçkisi dövründə monitorinqlər bu mesajların xüsusilə təhlükəsizlik, suverenlik, demokratiya, iqtisadi vəziyyət və ənənəvi dəyərlər ətrafında cəmləşdiyini göstərib (EDMO, 2025).
“Aİ və NATO Moldovanı müharibəyə sürükləyir” — bu tezis Moskvanın Moldovadakı ən davamlı propaqanda narrativlərinin başında gəlir. Moldovanın Ukraynanın taleyini yaşayacağına dair qorxunun yayılmasını hədəfləyən bu narrativ çərçivəsində Sandu hökumətinin NATO ilə əməkdaşlığı “militarizasiya”, müdafiə büdcəsinin artırılması müharibəyə hazırlıq, Aİ inteqrasiyası isə neytrallığın itirilməsi kimi təqdim olunur. 2025-ci ildə bunun müxtəlif versiyaları — Moldovanın Ukraynaya əsgər göndərəcəyi, NATO bazalarının yaradılacağı, Dnestryanı bölgəyə hərbi müdaxilə hazırlanacağı — geniş yayılıb (StopFals, 2025).
“Moldova Qərbin nəzarətindədir və suverenliyini itirir” narrativində Aİ inteqrasiyası könüllü siyasi seçim deyil, ölkənin Brüssel, Vaşinqton və ya Buxarest tərəfindən “ələ keçirilməsi” kimi təqdim olunur. Aİ yardımları siyasi şantaj, Qərb fondlarının fəaliyyəti daxili siyasətə müdaxilə, Rumıniya ilə yaxınlaşma isə “rumınlaşdırma” və Moldova dövlətçiliyinin itirilməsi kimi “qablaşdırılır”. 2025-ci ildə Rusiyaya bağlı dezinformasiya şəbəkəsi REST-i araşdıran GLOBSEC həmin şəbəkənin yaydığı məzmunlarda Qərb yardımının “müstəmləkəçi təsir”, Sandu hakimiyyətinin isə xarici qüvvələrə tabe rejim kimi təqdim edildiyini müəyyənləşdirib (GLOBSEC, 2025).
“Avropa inteqrasiyası pravoslavlığı və ənənəvi dəyərləri məhv edəcək” -
Moskvanın Aİ inteqrasiyasını gözdən salmağa yönələn digər narrativi də budur.
Mühafizəkar və dini auditoriyaya yönələn bu narrativ də klassik Rusiya propaqanda tezislərini ehtiva edir - Aİ-yə inteqrasiya LGBT hüquqları, ailə institutunun zəifləməsi, kilsənin sıxışdırılması və “xarici dəyərlərin” Moldovaya zorla qəbul etdirilməsi kimi tövsif edilir (Reuters, 2025).
“Qərbə inteqrasiya yoxsulluq, Rusiya ilə münasibətlər isə sabitlik deməkdir”. Moskvanın Avropa kursunu seçən bütün ölkələrdəki bu klassik narrativi Moldovada da işləkdir. Bu narrativdə enerji qiymətləri, inflyasiya, miqrasiya və aşağı gəlirlər Aİ-yönlü kursun nəticəsi kimi təqdim olunur. Rusiya isə Moldovanın təbii tarixi, mədəni, iqtisadi müttəfiqi, ölkənin ehtiyaclarını həqiqətən başa düşən ölkə kimi göstərilir (DFRLab, 2025).
“Sandu və PAS diktatura qurub, seçkilər saxtalaşdırılıb” — bu da Kremlin ən yayğın Moldova narrativlərinin beşincisidir. Rusiya bu narativdə Moldovanın dövlət institutlarını - Mərkəzi Seçki Komissiyası, Konstitusiya Məhkəməsi, polis və hüquq-mühafizə orqanlarını PAS-ın nəzarətində olan strukturlar kimi təqdim edir. Pro-Kreml qüvvələrə qarşı istintaqlar “siyasi repressiya”, propaqanda mediasına və dezinformasiya şəbəkələrinə tətbiq olunan məhdudiyyətlər isə “senzura” kimi təqdim olunur (Media Critica, 2025a).
MOLDOVADAKI PROPAQANDA MEXANİZMLƏRİ VƏ ƏSAS AKTORLAR
Moldova hakimiyyətinin Rusiyanın hibrid müharibəsinə qarşı apardığı qətiyyətli mübarizəyə baxmayaraq Kreml propaqandası fərqli və daha çevik mexanizmlərə keçib.
Əsas əməliyyat qrupu — Şor — “Avrasiya” şəbəkəsi
Son illərdə Moldova daxilindəki aqressiv Kreml şəbəkəsinin özəyini İlan Şor və Moskva mərkəzli “Avrasiya” təşkilatı təşkil edib. Moldova hakimiyyəti xüsusilə son iki ildə bu şəbəkəyə qarşı sistemli mübarizə aparır. Bu ilin iyununda Avropa İttifaqı İlan Şorun ləğv edilmiş partiyasının varis strukturlarında təmsil olunan daha 6 nəfərə sanksiya tətbiq edib. Qaqauziyanın keçmiş rəhbəri İrina Vlaxın da daxil edildiyi bu siyahıdakı şəxslərin Rusiya tərəfindən maliyyələşdirilən səs satınalma və dezinformasiya əməliyyatlarını koordinasiya etdiyini bildirilib. Eyni zamanda bu şəxslərin “Avrasiya” təşkilatıyla əlaqəli olduğu vurğulanıb (EEAS, 2026 b). İyul ayında isə Moldova məhkəməsi “Avrasiya”nı ekstremist təşkilat elan edib. Eyni zamanda Șor Partiyasının varisi hesab edilən təşkilatlar da ləğv edilib (SİS, 2026).
Ancaq Kremlin Moldovadakı əsas “əməliyyat” gücü öz fəaliyyətini yeni dövrə uyğunlaşdırıb. 2025-ci ildə Rusiyanın sanksiya altında olan və Șor şəbəkəsinin maliyyələşdirilməsində istifadə olunan “Promsvyazbank”ının tətbiqi ifşa edilincə Moskva yeni sistemə keçilib. 2026-cı ildə Moldova hüquq-mühafizə orqanları xaricdən kriptovalyuta ilə maliyyələşdirilən yeni sxem aşkarlayıb. Antikorrupsiya Prokurorluğunun açıqlamasına görə, bu sxemdə virtual aktivlər əvvəlcə mərkəzi elektron pulqabıda toplanır, vasitəçilər tərəfindən Moldova leyinə çevrilir, daha sonra nağd şəkildə parçalanaraq kuryerlər vasitəsilə siyasi şəbəkələrin üzvlərinə çatdırılırdı (Procuratura MD, 2026).
2026-cı ildə Rusiya təsir sisteminin yeni istiqamətlərindən biri şəxsi məlumatların toplanması və istifadəsi olub. Rusiya xüsusi xidmətləri Moldova vətəndaşlarına aid məlumatları “Dark Web”də satılan bazalardan, sındırılmış serverlərdən və Șor şəbəkəsinin illər ərzində topladığı məlumat bazalarından əldə edib. Șor şəbəkəsinə aid bazada təxminən 145 min vətəndaşın ad, ünvan, telefon, elektron poçt və şəxsiyyət sənədləri kimi məlumatlarının olduğu bildirilib. Moldova tərəfi bu məlumatların transsərhəd cinayətkar qruplara ötürüldüyünü bildirib. Moldova Kəşfiyyat və Təhlükəsizlik Xidməti (SİS) bu əməliyyatların ölkənin sabitliyini pozmaq məqsədi güdən hibrid müharibənin bir hissəsi olduğunu vurğuylayıb (Radio Moldova, 2026).
Moskvanın legitim dəstəkçiləri - sosialistlər, kommunistlər, digərləri…
Şorun qeyri-qanuni şəbəkəsindən fərqli olaraq Moskvanın legitim dəstəkçisi — İqor Dodonun Sosialistlər Partiyası (PSRM) açıq siyasi fəaliyyətini davam etdirir. Sosialistlər 17 deputatla parlamentdə təmsil olunur. Dodon açıq şəkildə Rusiya ilə münasibətlərin bərpasını tələb edir, Moskvanın narrativlərini dəstəkləyir, Kreml ilə açıq ünsiyyətdən və Avropayönlü Moldova hökumətini şikayət etməkdən çəkinmir (Newsmaker, 2026).
Digər pro-Rusiya aktor — Moldova Kommunist Partiyası (PCRM) əvvəlki siyasi çəkisini itirsə də Kreml kursuna sədaqətini qoruyur. 30 ildən artıq partiyaya rəhbərlik edən Vladimir Voronin iyunda fəxri sədr olub, partiya rəhbərliyinə isə deputat Diana Karaman gətirilib. Yeni rəhbərlik Moskva ilə əlaqələri davam etdirir (PCRM, 2026).
Vətənpərvər Blokun keçmiş liderlərindən, keçmiş baş nazir və hazırkı deputat Vasile Tarlev, Qaqauziyanın keçmiş lideri, “İnima Moldovei” rəhbəri, Aİ sanksiyası tətbiq edilən və siyasi fəaliyyəti müəyyən müddətə dondurulan İrina Vlax, fəaliyyəti 12 aylıq müddətə dayandırılan “Moldova Mare” partiyasının lideri Viktoriya Furtuna da Moldovadakı Kreml şəbəkəsinin nümayəndələri arasındadırlar.
Moskvanın əlində qalan əsas silah — rəqəmsal şəbəkələr
Moldova hakimiyyəti son 4 ildə Rusiya televiziya kanallarına və Șorla əlaqəli media qurumlarına ciddi məhdudiyyətlər tətbiq edib. Ancaq bu, onların fəaliyyətinin tamamilə yox olması demək deyil. Kremlyönlü media ekosisteminin əhəmiyyətli hissəsi veb saytlar, “YouTube” və “Telegram”da propaqandanı davam etdirir. 2026-cı ildə Ziarul de Garda Moldovada fəaliyyət göstərən Kremlyönlü dörd media qurumunun — “KP Moldova”, “Blocknot Moldova”, “AIF Moldova” və “Enews” — “Telegram” kanallarını monitorinq edib. Bu rusdilli kanallar Moldova prezidentini sistematik şəkildə nüfuzdan salmağa çalışarkən Kremllə bağlı xəbərlərdə yalnız Rusiyanın rəsmi açıqlamaları ilə kifayətlənib (ZDG, 2026).
Qaqauziyanın əsas yayım orqanı — Qaqauziya Radio Televiziyası da açıq şəkildə Rusiya narrativlərini yaymaqla məşğuldur. 2025-ci ildə Moldova Auriovizual Şurası bu televiziyanı cərimələyib (Moldova 1, 2026b)
“Mediacritica”nın “YouTube” monitorinqi isə keçmiş TV6 və “Primul în Moldova” ilə yanaşı TVC21, QRT və digər yerli-regional kanalların dezinformasiya narrativlərinin əsas yayıcıları arasında olduğunu ortaya çıxarıb (Media Ctirica, 2025b).
Klassik mediada dayaqları zəifləyən Moskvanın rəqəmsal şəbəkələrdə qurduğu propaqanda mexanizmi dayanıqlılığını qoruyur. 2025-ci il seçkilərində İlan Șorun “Victorie” şəbəkəsinə bağlı real aktivistlərin yüzlərlə saxta “TikTok” və “Facebook” hesabı yaratdığı, məzmunun isə qapalı “Telegram” qruplarından koordinasiya edildiyi müəyyənləşdirilib. Aktivistlərə alqoritmləri manipulyasiya etmək və eyni anti-Aİ məzmununu kütləvi şəkildə yaymaq üçün təlim verildiyi aşkar edilib (ZDG, 2025).
Eyni zamanda Moskvanın 2022-ci ildən sonrakı əsas propaqanda infrastrukturları olan “Storm-1516”, “Operation Overload” (Matryoşka), “Portal Kombat/Pravda”, Undercut kimi şəbəkələrin fəaliyyəti də 2025-ci ildə xüsusilə genişlənib.
Moldovada yalnız 2025-ci il seçkilərində Rusiya mənşəyli 450-dən çox xarici müdaxilə məzmunu təsbit edilib. “Operation Overload”, “Operation Undercut” və “Storm-1516” seçkilərə müdaxilə prosesində yüksək səviyyədə korrdinasiyalı fəaliyyət göstərib. “Operation Overload” koordinasiyalı saxta davranış yoluyla “Bluesky” və “Telegram” kimi platformalarda həqiqi Qərb və Moldova xəbər saytlarını təqlid edən qısa dezinformasiya videoları yayıb. 2025-ci ildə Moldova Ermənistan ilə birlikdə “Operation Overload”ın iki əsas hədəfindən biri olub (EEAS, 2026) .
Rusiyanın propaqanda şəbəkələri Sosial Dizayn Agentliyi, “Struktura” və “ANO Dialoq” ilə əlaqəli olan “Operation Undercut” X və “TikTok”da süni intellektlə yaradılmış saxta videolar yayıb. Etimad qazanmaq üçün isə nüfuzlu media məzmunlarının, Telegram xəbərlərinin və infoqrafikalarının ekran görüntülərindən istifadə edib. Əsasən daxili məsələlərə yönələn “Operation Undercut” X platformasında bağlanan hesablarının yerinə 24 saat içində yeni şəbəkələr yaradaraq ciddi müqavimət nümayiş etdirib.
“Storm-1516” isə saxta yerli xəbər saytlarında narrativləri yayma, süni intellektlə yaradılmış videoları paylaşma və sonra bunları X platformasında çoxaltma kimi məşhur olan taktikasından yararlanıb. Seçkiyə yaxın həftələrdə “Storum-1516” ən az 45 yeni saxta saytdan ibarət yeni şəbəkə ilə Moldovanı hədəfə alıb. Bu saytlar Moldova və Rumıniya saytları kimi davranıb. Ümumilikdə isə “Storm-1516” Moldova seçkilərini hədəfə alan 250-dən çox saytdan ibarət daha geniş şəbəkənin bir hissəsi olub (Government of Canada, 2025).
“Portal Kombat” da Moldova üçün ayrıca informasiya infrastrukturu yaradıb. Şəbəkə moldova-news.com, moldova.news-pravda.com, md.news-pravda.com və pravda-md.com kimi xüsusi domenlər vasitəsilə həm rus, həm də rumın dilindəki auditoriyanı hədəfləyib. G-7 Sürətli Müdaxilə Mexanizmi hesabatına görə, bu saytlar Rusiya dövlətinə bağlı media və “Telegram” kanallarının materiallarını avtomatik şəkildə yenidən dərc edib, eyni zamanda “Storm-1516” və “Operation Overload” materiallarının amplifikatoru kimi fəaliyyət göstərib (Government of Canada, 2025).
Moldova Strateji Kommunikasiya Mərkəzinin 2025 hesabatına görə, 2023-cü ilin iyulundan 2025-ci ilin iyuluna qədər “Pravda” infrastrukturu Moldova haqqında 94 966 material yayıb. Hesabatda md.news-pravda.com saytının özünü Moldova xəbər portalı kimi göstərməsinə baxmayaraq, domen infrastrukturunun Rusiya şirkəti Reg.ru ilə əlaqəli olduğunu qeyd edilir (Stratcom MD, 2025).
1 noyabr 2025 – 31 yanvar 2026 arasında aparılan araşdırmaya görə, “Pravda”nın Moldova seqmentində materialların 98 faizinin ilkin mənbəyi “Telegram”, ilkin mənbələrin 85 faizi isə rusdilli olub. Araşdırmalar Moldova seqmentinin hətta Moldovada bloklanmış Sputnik.md, “GagauzNews” və “Primul în Moldova” kimi mənbələrin məzmununu da yenidən dövriyyəyə buraxdığını göstərir (Propastop, 2026).
Kilsə silahı
Moldova Pravoslav Kilsəsinin bəzi strukturlarının Rusiyanın propaqanda aktoru rolunda da yeni dövrə uyğunlaşma müşahidə edilib. 2025-ci ildə kilsə icmaları adından anti-Aİ məzmunu yayan təxminən 90 “Telegram” kanalı yaradılıb. Nəzərə alsaq ki, Rus Pravoslav Kilsəsinə bağlı Moldova Metropoliyasının ölkədə təxminən 1 000 kilsəsi, Rumıniya Patriarxlığına bağlı Bessarabiya Metropoliyasının isə təxminən 300 kilsəsi var (Reuters, 2026), Moskvanın narrativlərinin dini və “ənənəvi dəyərlər” çərçivəsində yayılması üçün geniş sosial infrastruktur qalır.
Rusiya xüsusi xidmət orqanları
Rusiyanın Moldovadakı təsir infrastrukturu yalnız informasiya şəbəkələrindən və proksilərdən ibarət deyil. Rusiya xüsusi xidmət orqanları və Kişinyovdakı səfirlik də təsir əməliyyatlarında aktiv iştirak edir. Bunu sübut edən ən yeni fakt iyunda baş verib. Moldova Kəşfiyyat və Təhlükəsizlik Xidməti ölkəyə daxil olan bir Rusiya vətəndaşını saxlayıb və onun FSB zabiti olduğunu, son məqsədinin Dnestryanı bölgəyə gedərək Təhlükəsizlik Zonası barədə məlumat toplamaq olduğunu açıqlayıb. SIS eləcə də həmin şəxsin 2017–2019-cu illərdə Moldovada Rusiya diplomatik pasportundan istifadə etdiyini bildirib (Radio Moldova, 2026). Sentyabrın 8-də isə Moldovada bir Azərbaycan vətəndaşı Rusiya xüsusi xidmət orqanlarına işləməkdə şübhəli bilinərək saxlanılıb (OC Media, 2026).
2025-ci ildə isə Șor şəbəkəsi ilə əlaqəsi olan deputat Aleksandr Nesterovskinin hökm elan olunmazdan bir gün əvvəl Rusiya səfirliyinə daxil olduğu, ertəsi gün isə diplomatik nömrəli avtomobillə Dnestryanı bölgəyə aparıldığı açıqlanmışdı. Moldova tərəfi onun burada Rusiya xüsusi xidmətlərinin himayəsində qaldığını bildirib (Moldpres, 2025).
Rusiyanın Moldovadakı təsir əməliyyatlarının başqa bir mühüm ayağını da kiberəməliyyatlar təşkil edir. Moldova hökumətinin açıqlamasına görə, yalnız 2025-ci il ərzində kritik dövlət infrastrukturuna 1 000-dən çox kiberhücum qeydə alınıb. Sərhəd sistemi, hava limanı sistemləri, ödənişlər, rəqəmsal imza və kommunikasiya infrastrukturu hədəflər arasında olub (Government MD, 2025).
NƏTİCƏ
Rusiya uzun müddət Moldovada enerji asılılığı, bazar münasibətləri, əmək miqrasiyası, rusdilli informasiya məkanı, yerli siyasi qüvvələr və həll edilməmiş regional problemlər üzərindən təsir imkanları yaradıb və bunlardan istifadə edib. Ancaq bütün bunlara baxmayaraq Moldovanın Qərbə inteqrasiya kursunun qarşısını ala bilməyib. Kişinyov 2013-cü ildən etibarən Aİ ilə inteqrasiya kursuna sadiq qalıb. 2022-ci ildə Rusiyanın böyük işğal planına qarşı Ukraynanın qətiyyətli davranışı isə Moldovanı Moskvanın hərbi müdaxiləsindən qoruyub. Bu faktorlar, eyni zamanda 2020-ci ildən sonra Moldovada Avropayönlü qüvvələrin yenidən güclənməsi və qətiyyətli davranışı Rusiyanın propaqanda dayaqlarını əhəmiyyətli dərəcədə zəiflədib. Bunda Aİ-nin Rusiyanın şantaj və təhdid siyasətinə qarşı Moldovaya verdiyi real dəstəyin də rolu böyük olub. Moskva Moldovadakı əsas strateji hədəfinə – ölkənin Aİ-yə üzvlük prosesini dayandırmağa nail ola bilməyib.
Ancaq bu, Kremlin Moldovadan çəkilməsinə də səbəb olmayıb. Əksinə, köhnə təsir vasitələri zəiflədikcə Moskva daha çevik və aqressiv mexanizmlərə keçib. Səs satın almaqdan gizli maliyyələşməyə, yerli siyasi proksilərdən kilsə şəbəkələrinə, saxta xəbər saytlarından “Telegram”, “TikTok” əməliyyatlarına və süni intellektlə hazırlanan məzmuna qədər müxtəlif mexanizmlərdən və aktorlardan istifadə edib. Bu müdaxilənin ən yüksək səviyyəsi Moldovada 2025-ci ildə keçirilən parlament seçkilərində müşahidə olunub.
Rusiyanın bütün propaqanda arsenalından istifadə etməsinə baxmayaraq Moldovada Avropaya inteqrasiya meylini qırmaq mümkün olmayıb. Hazırda Rusiyanın əlində Moldovanı bütövlükdə öz orbitində saxlaya biləcək əvvəlki struktur üstünlüyü yoxdur. Ancaq Șor – “Avrasiya” kimi əməliyyat şəbəkələri, sosialistlər, kommunistlər və digər rusiyayönlü siyasi aktorlar, Qaqauziya, Dnestryanı və şimal kimi regional dayaqlar, rəqəmsal FIMI infrastrukturu, dini şəbəkələr və xüsusi xidmət orqanlarından ibarət böyük bir ekosistem hələ də fəaliyyətinə davam edir. Bu mexanizmin indiki hədəfi isə Moldova daxilində mövcud narazılıqları parçalanmalara çevirmək və Avropayönlü qüvvələrlə Qərbə etimadı aşındırmaqdır. Moldova indi Rusiyanın bu hibrid müharibə taktikalarına qarşı daha dayanıqlı olsa da, Moskvanın qabıq dəyişdirən təsir sistemi qarşısındakı tədbiri əldən buraxmamalıdır.
İSTİNADLAR
EEAS (European External Action Service), 2026. 4th Threat Report.
https://www.eeas.europa.eu/sites/default/files/2026/documents/EEAS%204th%20Threat%20Report_web%20version_1.pdf
Gretskiy, İgor, 2025. Policy Paper: Russia.
https://icds.ee/wp-content/uploads/dlm_uploads/2025/02/REDEMOS-D6.1-Policy-paper-Russia.pdf
Moldova 1, 2026a. Russian drone incursions in Moldova surge tenfold, STRATCOM warns
https://moldova1.md/p/85828/russian-drone-incursions-in-moldova-surge-tenfold-stratcom-warns
Pravda UA, 2026. Zelenskyy: Russia twice targeted his plane in Moldova.
https://www.pravda.com.ua/eng/news/2026/09/15/8053618/
Wilson, Andrew, 2025. The Bear Behind the Ballot: Moldova’s Election in the Shadow of War.
https://ecfr.eu/publication/the-bear-behind-the-ballot-moldovas-election-in-the-shadow-of-war/
Popescu-Zamfir, Oana, 2025. Moldova’s Election Is a Test for Russian Influence in Europe.
https://carnegieendowment.org/europe/research/2025/09/moldovas-election-is-a-test-for-russian-influence-in-europe
Remler, Philip, 2022. Transdniestria, Moldova, and Russia’s War in Ukraine.
https://carnegieendowment.org/research/2022/08/transdniestria-moldova-and-russias-war-in-ukraine
Rumer, Eugene, 2017. Moldova Between Russia and the West: A Delicate Balance.
https://carnegieendowment.org/research/2017/09/moldova-between-russia-and-the-west-a-delicate-balance
CSS (Center for Security Studies, ETH Zürich), 2008. Moldovan Analytical Digest No. 3.
https://css.ethz.ch/content/dam/ethz/special-interest/gess/cis/center-for-securities-studies/pdfs/moldovananalyticaldigest-003.pdf
Całus, Kamil. 2013. The Iasi-Ungheni Pipeline: A Means of Achieving Energy Independence.
https://www.osw.waw.pl/en/publikacje/osw-commentary/2013-10-11/iasi-ungheni-pipeline-a-means-achieving-energy-independence
OSW, 2010. Russia Introduces Embargo on Moldovan Wine.
https://www.osw.waw.pl/en/publikacje/analyses/2010-08-18/russia-introduces-embargo-moldovan-wine
RFE/RL, 2013. Russia/Rogozin and Moldova.
https://www.rferl.org/a/russia-moldova-rogozin/25093109.html
National Bank of Moldova, 2015. [Material available on the National Bank of Moldova website].
https://bnm.md/ro/node/52491
The Moscow Times, 2014. After Crimea, Moldova Too Fears ‘Unwanted’ Events on Road to EU.
https://www.themoscowtimes.com/archive/after-crimea-moldova-too-fears-unwanted-events-on-road-to-eu
OSW, 2014. Migration Report.
https://www.osw.waw.pl/sites/default/files/migration_report_0.pdf
World Bank, 2016. Poverty Reduction and Shared Prosperity in Moldova: Progress and Prospects.
https://documents1.worldbank.org/curated/en/168451467995808859/pdf/Poverty-reduction-and-shared-prosperity-in-Moldova-progress-and-prospects.pdf
IMF, 2022, Republic of Moldova.
https://www.imf.org/-/media/files/publications/cr/2022/english/1mdaea2022003.pdf
Freedom House, 2015. Moldovans Settle Standoff on Corruption.
https://freedomhouse.org/article/moldovans-settle-standoff-corruption
Nofit, Ludmila, 2019. The More Things Change, The More They Stay the Same: Challenges Facing Moldovan Media.
https://freedomhouse.org/sites/default/files/2020-02/8_The_More_Things_Change_Moldova_Media_Nofit_ENGLISH.pdf
MOLDPRES, 2018. Law of Anti-Propaganda Comes into Force in Moldova.
https://www.moldpres.md/eng/society/law-of-anti-propaganda-comes-into-force-in-moldova-
National Bureau of Statistics of the Republic of Moldova, 2025. Final Results of the 2024 Population and Housing Census.
https://statistica.gov.md/index.php/ro/rezultatele-finale-ale-recensamantului-populatiei-si-locuintelor-2024-distributi-10121_61877.html
European Commission, 2026. Republic of Moldova – Energy.
https://energy.ec.europa.eu/topics/international-cooperation/key-partner-countries-and-regions/republic-moldova_en
BBC News, 2024. Article on Moldova and the 2025 Election.
https://www.bbc.com/news/articles/c23kdjxxx1jo
OSCE/ODIHR, 2025. Republic of Moldova, Parliamentary Elections 28 September 2025: Final Report.
https://odihr.osce.org/sites/default/files/documents/official_documents/2026/02/MLD%20Parliamentary%202025%20Final%20Report_18.02.2025_ENG.pdf
Constitutional Court of the Republic of Moldova, 2025. Constitutional Court Decision.
https://constcourt.md/ccdocview.php?docid=882&l=ro&tip=hotariri
NewsMaker, 2025. Results of the Vote in Gagauzia: An Electoral Bloc Won by a Large Margin.
https://newsmaker.md/ro/rezultatele-votului-in-gagauzia-un-bloc-electoral-a-castigat-detasat
Ministry of Justice of the Republic of Moldova, 2025. Constitutional Court Admitted Complaint Filed by Minister of Justice.
https://justice.gov.md/en/content/constitutional-court-admitted-complaint-filed-minister-justice
UNDP Moldova, 2024. Multidimensional Poverty Index: Republic of Moldova.
https://www.undp.org/sites/g/files/zskgke326/files/2024-11/mpi-statist_en.pdf
AGERPRES, 2025. Parliamentary Elections in Moldova: CEC Finalised the Counting of Votes from All Polling Stations.
https://agerpres.ro/politic-extern/2025/09/29/parlamentare-r-moldova-cec-a-finalizat-centralizarea-voturilor-din-toate-sectiile-de-votare-pas---50--1488411
EDMO, 2025. Republic of Moldova before Elections: 10–17 September 2025.
https://edmo.eu/publications/republic-of-moldova-before-elections-10-17-september-2025/
StopFals, 2025. Topul dezinformărilor din R. Moldova în 2025.
https://stopfals.md/ro/article/topul-dezinformarilor-din-r-moldova-in-2025-181389
GLOBSEC, 2025. New Media Outlet Targeting Moldova Linked to Sanctioned Russian Network.
https://www.globsec.org/what-we-do/publications/new-media-outlet-targeting-moldova-linked-sanctioned-russian-network
Reuters, 2025. Holy War: How Russia Recruited Orthodox Priests to Sway Moldova’s Voters.
https://www.reuters.com/investigations/holy-war-how-russia-recruited-orthodox-priests-sway-moldovas-voters-2025-09-26/
DFRLab, 2025. Telegram Network in Moldova.
https://dfrlab.org/2025/03/06/telegram-network-moldova/
Media Critica, 2025a. Dezinformare promovată în videouri și amplificată prin comentarii: cum s-au văzut primele trei săptămâni de campanie electorală pe YouTube.
https://mediacritica.md/dezinformare-promovata-in-videouri-si-amplificata-prin-comentarii-cum-s-au-vazut-primele-trei-saptamani-de-campanie-electorala-pe-youtube/
EEAS (European External Action Service ), 2025. Republic of Moldova: Council Lists Six Individuals for Actions Destabilising the Country.
https://www.eeas.europa.eu/delegations/moldova/republic-moldova-council-lists-six-individuals-actions-destabilising-country_en
SIS(Information and Security Service of the Republic of Moldova), 2025. Eurasia Organisation Declared an Extremist Organisation.
https://sis.md/en/noutati/organizatia-eurasia-fost-declarata-organizatie-extremista
Anti-Corruption Prosecutor’s Office of the Republic of Moldova, 2025. Illegal Financing Scheme of Political Parties through Cryptocurrencies.
https://procuratura.md/anticoruptie/ru/comunicate/comunicate-de-presa/schema-de-finantare-ilegala-partidelor-politice-prin-criptomonede
Radio Moldova, 2025. SIS Warns: Russian Services Collect Moldovan Citizens’ Data for Scams.
https://www.radiomoldova.md/p/78846/sis-warns-russian-services-collect-moldovan-citizens-data-for-scams
NewsMaker, 2026. Dodon Met with Ozerov: PAS Actions Worsen Moldova’s Relations with Russia.
https://newsmaker.md/ru/dodon-vstretilsya-s-ozerovym-deistviya-pas-uhudshayut-otnosheniya-moldovy-s-rossiei
PCRM (Party of Communists of the Republic of Moldova), 2025. The VII Plenum of the Central Committee of the PCRM Was Held.
https://pcrm.md/ru/novosti/view/sostoyalsya_vii_plenum_tsentralnogo_komiteta_pkrm
Moldova 1, 2026b. RAPORT | Consiliul Audiovizualului a aplicat sancțiuni de 250.000 de lei posturilor TV pentru reflectarea alegerilor parlamentare din 2025.https://moldova1.md/p/72094
Ziarul de Gardă, 2026. Între „șefa unui clan corupt” și „liderul care preferă diplomația”. Maia Sandu și Vladimir Putin în media Kremlinului de la Chișinău
Media Critica, 2025b. Dezinformarea despre UE pe YouTube după alegerile parlamentare: narațiuni persistente și mecanisme de amplificare.
https://mediacritica.md/wp-content/uploads/2025/12/Raport-Youtube.pdf
Ziarul de Gardă, 2025. The Kremlin’s Digital Army: Undercover Investigation.
https://www.zdg.md/investigatii/ancheta/video-armata-digitala-a-kremlinului-investigatie-sub-acoperire-se-plateste-hai-sa-va-spun-se-plateste-direct-de-la-moscova/
Government of Canada, Global Affairs Canada, 2025. Rapid Response Mechanism: 2025 Moldovan Election.
https://international.canada.ca/en/global-affairs/corporate/reports/rapid-response-mechanism/news/2025-moldovan-election
StratCom Moldova. 2025. TTP Report: Interferences.
https://stratcom.md/wp-content/uploads/2025/10/TTP-Raport-Interferente-1.pdf
Propastop, 2026. Pravda Estonia: Telegram Propaganda.
https://www.propastop.org/ru/2026/08/04/pravda-estonia-telegram-propaganda/
Reuters, 2026. Moldovan PM Says Law Must Be Upheld in Dispute Over Occupied Church.
https://www.reuters.com/world/moldovan-pm-says-law-must-be-upheld-dispute-over-occupied-church-2026-02-11/
Radio Moldova, 2026. SIS Announces Detention of a Russian Officer at the Border; Purpose of Visit Was Information Collection.
https://radiomoldova.md/p/79310/sis-anunta-retinerea-unui-ofiter-rus-la-frontiera--scopul-vizitei-era-colectarea-de-informatii-
MOLDPRES, 2025. SIS Director Alexandr Nesterovschi Arrived in Transnistria with a Diplomatic License-Plate Car.
https://www.moldpres.md/eng/society/sis-director-alexandr-nesterovschi-arrived-in-transnistria-with-a-diplomatic-license-plate-car
OC Media, 2026. Moldova arrests Azerbaijani man on suspicion of Russian espionage.https://oc-media.org/moldova-arrests-azerbaijani-man-on-suspicion-of-russian-espionage/
Government of the Republic of Moldova. 2025. Prime Minister Dorin Recean’s Speech at the Press Conference Regarding the Republic of Moldova.
https://gov.md/index.php/en/discursuri-si-mesaje/prime-minister-dorin-receans-speech-press-conference-regarding-republic