Research paper

Balkanlarda gərginliyinin dinamikası: Regional risklər, daxili konsolidasiya cəhdləri və icmalararası münasibətlər

Balkanlarda gərginliyinin dinamikası: Regional risklər, daxili konsolidasiya cəhdləri və icmalararası münasibətlər

A U.S. Soldier assigned to Regional Command-East, Kosovo Force, observes the ground from his seat in a UH-60 Blackhawk after take-off in Kosovo on April 16, 2021. (c) U.S. Army National Guard photo by Staff Sgt. Tawny Kruse https://www.dvidshub.net/portfolio/1374393/tawny-kruse


(Yazı KHAR Center-in "Avtoritar Rejimlər və Transregional Təsir Mexanizmləri" araşdırması çərçivəsində hazırlanıb)


Araz Əliyev -  tədqiqatçı, analitik.

 Üçüncü Respublika Platformasının qurucu heyət üzvü.


Giriş 

Qərbi Balkan regionu 90-cı illərdən etibarən etnik, dini və siyasi gərginliyin əsas mərkəzlərindən biri olaraq qalmaqdadır. Son 20 il ərzində regionda müşahidə olunan nisbi sakitlik baş verən geosiyasi dəyişikliklərin fonunda tarixi münaqişələrin yenidən alovlanması ilə əvəzlənə bilər.  Son illərdə regiondakı nisbi sabitliyi təhdid edən, güc balansının yenidən və təhlükəli şəkildə dəyişməsinə səbəb olan hadisələrin baş verdiyi müşahidə olunur. Regional dəyişikliklər gərginliyi artırmaqla və tarixi münaqişələri yenidən alovlandırmaqla dövlətlər və icmalararası normallaşma prosesini açıq şəkildə təhdid edir. Son illər bölgədə müharibə ritorikasına daha intensiv müraciət olunması diqqət çəkir. 

Təqdim olunan yazıda biz Qərbi Balkan regionunda get-gedə yüksələn gərginliyin səbəblərini araşdırırıq. Bu səbəblər sırasında ilk olaraq qlobal geosiyasi böhran fonunda Transatlantik əməkdaşlıq müstəvisində (NATO) müşahidə olunan fikri ayrılıqları və bu fikir ayrılıqlarının Qərbi Balkan regionundakı güc münasibətlərində yaratdığı dəyişikliklər nəzərdən keçirilir. Daha sonra region ölkələrindəki avtoritarlaşma meyillərinə, həmçinin müharibə ritorikası ilə mövcud etirazlar fonunda daxili auditoriyanın konsolidasiya olunması və regional sabitlik tezisi ilə Qərblə sövdələşmə cəhdlərinə fokuslanır. Bununla yanaşı, gərginliyin əsas səbəbi kimi yerli siyasi dinamika və həll olunmamış struktur məsələləri təhlil edilir. Bu yanaşma bizə regiondakı real mənzərəni, icmalararası münasibətləri başa düşmək və proseslərə obyektiv yanaşma üçün mühüm istinad nöqtəsi verir. 

Regionda münaqişə və fikri ayrılıqlarının geniş tarixini nəzərə alaraq məqalənin araşdırma dövrünü 2021-ci ildən başlamağı uyğun gördük. Bu səbəblə xüsusilə Kosovo* və Serbiya arasında 2013-cü ildən etibarən Avropa Birliyinin vasitəçiliyi ilə başlanan dialoq müstəvisinin çöküşü, həmçinin bu çöküşə səbəb olan hadisələri (2021-ci il avtomobil nömrələri ilə bağlı anlaşmazlıq) istinad nöqtəsi olaraq qəbul edirik. İrəlidə ətraflı formada bəhs edəcəyimiz bu hadisələr regionda yeni gərginlik dönəminin başlatdığı, etiraz/toqquşmalara və sonrakı eskalasiyaya təkan verdiyi üçün araşdırma dövrümüzün başlanğıcını təşkil edir. Bu dövr həmçinin 2026-cı ilin aprelinə qədər regionda baş verənləri, xüsusilə Əcnəbilər haqqında Qanunun (15 mart 2026-cı il) tətbiqi, Kosovonun yeritdiyi sərt inteqrasiya xətti kimi serb icmasına təsir edən ən əhəmiyyətli hadisələri əhatə edir. 

Tədqiqatın məqsədi: Qərbi Balkan regionunda son illərdə artan müharibə ritorikasının səbəblərini araşdırmaq, regionda mövcud olan gərginlik fonunda real səbəbləri və onların inkişaf dinamikasını müəyyən etməkdir. 

Tədqiqatın sualları: Qərbi Balkan regionunda son illərdə müşahidə olunan gərginliyin səbəbləri nələrdir? Müharibə ritorikasının və yeni hərbi ittifaqların arxasında yatan səbəblər hansılardır? Serbiya-Kosovo gərginliyinin tətiklənməsində yerli siyasi dinamika və həll olunmamış struktur məsələlərin rolu nədir?

Tədqiqatın mənbələri: Araşdırma zamanı region ölkələrinin media resurslarından, regionla bağlı beynəxalq hesabat və araşdırmalardan, həmçinin yerli siyasi dinamikanı öyrənmək üçün Kosovodakı serb icmasının nümayəndəsi, hüquq müdafiəçisi Teodora Zivanoviçin fikirlərinə istinad edilmişdir.


I. Geopolitik kontekst: Regionda yeni güc münasibətləri

Vuçiçin müharibə ritorikası. “Xorvatiya, Albaniya və Kosovo Serbiyaya hucuma hazırlaşır”. Bu sözləri Serbiya prezidenti Aleksandr Vuçiç 15 mart 2026-cı ildə yerli telekanala müsahibəsi zamanı deyib (RTS, 2026). O, üç ölkənin hücum üçün əlverişli vaxtı, yəni beynəxlalq geosiyasi vəziyyətin daha da gərginləşməsini gözlədiklərini qeyd edib. Müsahibəsində Vuçiç Serbiyanın potensial risklərə qarşı öz müdafiə qabiliyyətini böyük ölçüdə inkişaf etdirdiyini də əlavə edib. O, yaxın zamanda Serbiyanın Çindən yeni 400 km mənzilli, hava-yer tipli hipersəs raktelərini aldığını və bu raketləri rus istehsalı olan MiQ-29 təyyarələrinə uğurlu şəkildə inteqrasiya etdiklərini vurğulayıb (RTS, 2026). Vuçiçin istifadə etdiyi müharibə ritorikası regionda gərginliyin güclənməsi və yeni münaqişə ehtimalı ilə bağlı gözləntiləri yüksəldib.

Öncə qeyd edək ki, Serbiya prezidenti Aleksandr Vuçiçin müharibə ritorikası ilə bağlı bəyanatları yeni deyil. Daha əvvəl də o, regionda münaqişə riski barədə həyəcanverici çıxışlar etməklə gündəmə gəlib. Vuçiç 2025-ci ilin oktyabrında Kopenhagendə baş tutan Avropa Siyasi Birliyinin sammitindəki çıxışında region ölkələrinin müharibəyə hazırlaşdığı barədə xəbərdarlıq etmişdi. O, “Bilirəm ki, müharibə olacaq. Bunu sizə deyirəm, çünki hamının necə hazırlaşdığını görürəm. Heç kim danışıqlara hazırlaşmır, onlar sadəcə kimin kim tərəfində olacağına baxırlar. Onlar səngərlərini qazırlar və müharibənin başlamasını gözləyirlər”, deyə qeyd edib. (Telegrafi, 2025)

Aleksandr Vuçiçin müharibə ritorikasından müntəzəm istifadə etməsinin səbəbləri ilk növbədə regionda son illərdə müşahidə olunan güc münasibətləri çərçivəsində analiz edilə bilər. Biz iddia edirik ki, xüsusilə Transatlantik əməkdaşlıq müstəvisindəki çatlar ənənəvi təhlükəsizlik mexanizmlərinə etibarı zəiflədib və regionda bu mexanizmdən birbaşa faydalanan Kosovonu yeni müttəfiqlər vasitəsilə güc balansını qorumağa məcbur edib. Bu yanaşmanın yaratdığı reaksiya regionda müharibə ritorikası və gərginliyin yüksəlməsinin səbəblərindən biri kimi qəbul edilə bilər.

Transatlantik böhran və ya Münxen reallığı. ABŞ vitse-prezidenti J. D. Vensin 2025-ci ilin fevralında Münxen Təhlükəsizlik Konfransındakı çıxışı Avropa üçün olduqca gözlənilməz və narahatedici oldu. Hətta çıxışın məzmunu və səsləndirilən fikirlər obrazlı şəkildə “transatlantik boşanma prosesinin başlanğıcı” kimi xarakterizə edildi (Foreign Policy, 2025). Vens öz çıxışında Tramp Administrasiyası adından Avropanın öz müdafiəsini təmin etmək üçün addım atmasının vacib olduğunu dilə gətirdi. Vens Avropa üçün əsas təhdidin Rusiya, Çin və ya başqa bir xarici aktor deyil, “daxili problemlər” olduğunu vurğuladı. Vens Trampın avropalı dostlarının qitənin gələcəyində daha böyük rol oynamalı olduğuna inandığını açıq şəkildə bildirdi (Munich Security Conference, 2025).

Vensin bu sözləri ilk növbədə ABŞ-Avropa münasibətlərinin gələcəyinə yönəlik xəbərdarlıq kimi başa düşülürdü. Vitse-prezidentin mesajı bu cür tərcümə edilirdi: NATO Soyuq müharibədə ABŞ-ın ortaq Qərb dəyərlərini müdafiə etmək əzminin ifadəsi olaraq qurulmuşdu, lakin bu dəyərlər artıq ortaq deyilsə, NATO-nun mənəvi məqsədi yoxa çıxacaqdı (The Guardian, 2026).

Vensin 22 dəqiqəlik çıxışı Avropa-ABŞ müttəfiqliyinin və bu müttəfiqliyin əsas nəticəsi olan NATO-nun gələcəyi ilə bağlı narahatlığın təməllərində yer alırdı. Bu narahatlıq bütün Avropa ölkələri ilə yanaşı NATO-nun mövcudluğunu öz təhlükəsizliyinin mərkəzinə yerləşdirmiş Balkan ölkələri, xüsusilə Kosovo üçün həyati əhəmiyyət daşıyırdı. 

Kosovonun milli ordu məsələsi. 18 mart 2025-ci il tarixində Münxen Təhlükəsizlik Konfransından cəmi bir ay sonra Albaniya, Xorvatiya və Kosovo arasında hərbi əməkdaşlıq haqqında bəyannamə imzalandı. Bəyannaməyə əsasən adı çəkilən 3 ölkə Balkanların regional təhlükəsizliyini yaxşılaşdırmaq məqsədilə müdafiə qabiliyyətlərini və inteqrasiyasını gücləndirməyi qərarlaşdırırdı. Bəyannamə birgə investisiya ilə hərbi imkanların inkişaf etdirilməsi, hərbi qüvvələrin qarşılıqlı fəaliyyətinə nail olmaq, kəşfiyyat mübadiləsi vasitəsilə hibrid təhdid riskini azaltmaq və Kosovonun NATO müdafiə ekosisteminə inteqrasiyasını təşviq etmək kimi məqamları da özündə ehtiva edirdi (Bloomsbury İntelligence and Security İnstitute, 2025).

Bu məqamda Kosovonun ordu quruculuğu prosesinin 2025-ci ildəki Münxen Təhlükəsizlik Konfransından xeyli əvvəl, 2018-ci ildən etibarən başlanan 10 illik strategiyanın davamı olduğunu xatırlatmaqda fayda var. Hal-hazırda Kosovonın əsas təhlükəsizlik sistemi KFOR adlandırılan NATO hərbi gücü tərəfindən təşkil olunur və bu qüvvələr 1999-cu ildən Kosovo ərazisində yerləşdirilib. 33 ölkədən olan təxminən 5200 nəfər hərbçidən təşkil olunan KFOR qüvvələrinin mandatına Kosovoya qarşı təhdidlərin qarşısını almaq, ictimai təhlükəsizlik və asayişi təmin etmək, beynəlxalq humanitar səyləri dəstəkləmək kimi məsələlər daxildir (Nato.int, 2026).

2008-ci ildə ABŞ-ın dəstəyi ilə Serbiyadan təktərəfli müstəqilliyini elan edən Kosovoda 2009-cu ildə Təhlükəsizlik Qüvvələri də yaradılıb. Bu qüvvələr əsasən mülki müdafiə təyinatlı olub, sayları 2018-ci ilədək 2500 nəfərdən ibarət idi. 2018-ci ildə isə Kosovo parlamenti təhlükəsizlik qüvvələrini şəxsi heyətinin 2500 nəfərdən 5000 nəfərədək artırılması və orduya çevrilməsi barədə qanun qəbul etdi. Qanun Kosovo Təhlükəsizlik Qüvvələrinin orduya çevrilməsi prosesinin 2028-ci ilədək tamamlanmasını nəzərdə tutur (Euronews.com, 2025).

Bu konteksdə üçtərəfli bəyannamə Kosovonun Transatlantik münasibətlərdəki dəyişikliklərə verilən cəld reaksiyadan daha çox, avroatlantik inteqrasiya yolunda atılan addımlar kimi başa düşülə bilər. Münxen Təhlükəsizlik Konfransının mümkün təsirləri və yaratdığı yeni reallıq da bu inteqrasiya prosesini sadəcə sürətləndirən faktor kimi nəzərdən keçirilə bilər. Bu baxımdan Albaniya, Xorvatiya və Kosovo arasındakı hərbi əməkdaşlıq bəyannaməsini Qərbi Balkan regionunda Kosovonun avroatlantik inteqrasiya prosesini daha da sürətləndirən yeni güc konfiqurasiyası hesab edə bilərik. 

Onu da vurğulamağa ehtiyac var ki, Kosovonun ordu quruculuğu prosesi beynəxalq səviyyədə də vahid formada şərh edilmir. Bir çox NATO üzvü Kosovonun öz hərbi potensialının tədricən inkişaf etdirməsini dəstəkləsə də, Serbiya və Kosovonun müstəqilliyini tanımayan bir neçə digər dövlət bu addımın qanuni olmadığı qənaətindədir. Bu baxımdan biz ordu quruculuğu prosesini, Kosovonun daxili sistemində hüquqi cəhətdən əsaslandırılmış, mövcud mandatlarla beynəlxalq səviyyədə şərtləndirilmiş və siyasi cəhətdən mübahisəli olaraq təqdim etməyi daha uyğun hesab edirik.

Bu səbəblə Kosovonun Albaniya və Xorvatiya ilə birgə hərbi əməkdaşlığından narahat olan ilk ölkə məhz Serbiya oldu. Kosovonun müstəqilliyini tanımayan Serbiya, xarici işlər naziri Marko Djuric  səviyyəsində müqaviləni qeyri-qanuni adlandırdı və bu müqavilənin "Serb xalqı və bütün region üçün təhlükəsizlik təhdidi yaratdığını" bildirdi. Serbiya prezidenti Aleksandr Vuçiç isə Albaniya və Xorvatiyanı regional "silahlanma yarışını" qızışdırmaqda günahlandıraraq, bu ölkələrdən müqavilədə iştirak üçün əsaslandırma tələb etdi (Bloomsbury İntelligence and Security İnstitute, 2025).

Qeyd etməliyik ki, Transatlantik əməkdaşlıq müstəvisindəki gərginlik və Qərbi Balkanlarda bu gərginliyin sürətləndirdiyi inteqrasiya və yeni güc münasibətləri, yəni geosiyasi kontekst mövcud situasiyanı tam formada izah etməyə imkan vermir. Bu səbəblə regiondakı avtoritarlaşma meyilləri ilə yanaşı, digər səbəblərdən müstəqil formada regionun daxili məntiqinə də nəzər salmağa ehtiyac var.

II. Siyasi kontekst: Avtoritar tendensiyalar və daxili konsolidasiya

Serbiyanın silahlanma yarışı. Vuçiç iqtidarının Kosovodakı ordu quruculuğu prosesini özü üçün təhdid adlandırmasına baxmayaraq, reallıq bir qədər fərqli görünür. Son illərdəki məlumatların təhlili göstərir ki, Balkan regionunda ən sürətli silahlanan ölkə məhz Serbiyadır. Balkan ölkələri arasında Serbiya hələ də ÜDM-də ən yüksək müdafiə xərclərinə malik ölkədir (2 faizdən çox) (Balkan Defence Monitor, 2024).  

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatlarında da Serbiyanın Balkan regionunda ən yüksək müdafiə xərclərinə malik ölkə olduğu görünür. 2024-cü ildə Serbiyanın müdafiə xərcləri ÜDM-in 2,6 faizini təşkil etdiyi halda, bu göstərici Xorvatiyada 1,79%, Albaniyada 2,04%, Kosovoda isə 1,48% təşkil edib. SİPRİ-nin təqdim etdiyi məlumatlara əsasən Serbiya 2018-ci ildən etibarən müntəzəm olaraq hərbi xərclərini ÜDM-in 2 faizi həcmində saxlayır və artırmağa davam edir. Ölkənin 2015-ci il üçün hərbi xərcləri ÜDM-in 1,7 faizini təşkil etdiyi halda, 2024-cü ildə bu rəqəm 2,6 faizə yüksəlib (SIPRI, 2026).

Hərbi xərclərin dollar ekvivalentində qiymətləndirməsi də oxşar mənzərəni ortaya çıxarır. 2024-cü ilin məlumatlarına əsasən Serbiyanın hərbi xərcləri (2,322 milyard dollar) Albaniya (535 milyon), Xorvatiya (1,629 milyard) və Kosovonun (165 milyon) hərbi xərclərinə demək olar ki, bərabərdir (SIPRI, 2026). Xatırladaq ki, hərbi xərclər arasındakı balans 2020/2021-ci ilə qədər Albaniya, Xorvatiya və Kosovonun lehinə olduğu görünürdü. Lakin 2021-ci ildən etibarən Serbiyanın hərbi xərcləri digər 3 ölkənin ümumi xərcləri ilə bərabərləşməyə və onları ötüb keçməyə başlayır. Məlumatların təhlili göstərir ki, Balkan regionunda hərbi xərcləri müntəzəm olaraq artıran və arsenalına yeni silah texnologiyaları daxil edən əsas ölkə Serbiyadır. 

Transatlantik əməkdaşlıq müstəvinin riskli gələcəyi Serbiyanın hərbi xərclərini və silah tədarükünü artırmasının da səbəbi kimi görülür. Lakin bu yanaşmanın özünümüdafiədən daha çox potensial güc boşluğundan faydalanmaq məqsədi daşıdığını demək mümkündür (The Kosovo Dispatch, 2026).

İqtisadi faktor. Digər tərəfdən region ölkələrinin iqtisadi inkişaf templərində də dəyişiklik nəzərə çarpır. Əgər 90-cı illərə qədər Yuqoslaviya daxilində əsas iqtisadi güclər Xorvatiya və Sloveniya idisə, son illərdə artıq bu mənzərənin və ənənəvi iqtisadi mərkəzlərinin tədricən yer dəyişdiyi nəzərə çarpır. 

Beynəlxalq Valyuta Fondunun məlumatlarına görə, region ölkələrinin ÜDM göstəriciləri ilə bağlı xüsusilə son illərdə önəmli dəyişikliklər müşahidə edilir. 2000-2020 illər arasındakı (20 il) müddətdə Xorvatiya ÜDM göstəricilərinə görə Serbiyanı açıq şəkildə qabaqlayırdı. Lakin 2020-ci ildən etibarən iki ölkə arasındakı ÜDM fərqi minimuma enib (57 və 55 milyard dollar). BVF proqnozlarına əsasən 2026-2027-ci illər ərzində bu fərqin aradan qalxacağı və 2030-cu ilə doğru Serbiyanın ÜDM həcminə görə Xorvatiyanı qabaqlayacağı gözlənilir (International Monetary Fund, 2026).

Bu gedişat növbəti illərdə Serbiyanın Balkan regionunda ən böyük iqtisadi gücə çevriləcəyini deməyə əsas verir. Bu iqtisadi potensial Serbiyanın hərbi xərcləri artırması və regiondakı güc münasibətlərinə revizyonist yanaşma formalaşdırması ilə nəticələnə bilər. Serbiyanın iqtisadi potensialı yüksəldikcə, regionda söz sahibi olmaq meyillərinin və bunu təmin edəcək resurslara (hərbi) sahib olmaq istəyinin düz mütənasib olaraq artması başa düşüləndir. 

Çin və Rusiya ilə əməkdaşlığın təkan verdiyi avtoritarlaşma meyilləri. Serbiyanın iqtisadi potensialının yüksəlməsində regiondankənar aktorların, Rusiya və xüsusilə də Çinin rolu qeyd edilməlidir. Öncə qeyd edək ki, Serbiyanın Rusiya ilə əməkdaşlığı əsasən enerji yönümlü olub, tarixi narrativlərə söykənir. Xüsusilə son illərdə iki ölkə arasındakı iqtisadi münasibətlərin Ukrayna müharibəsinin səbəb olduğu iqtisadi və geosiyasi dəyişikliklərin fonunda önəmli ölçüdə zəiflədiyi müşahidə edilir. Statistik məlumatlar 2022-ci ildə 4,2 milyard dollar təşkil edən qarşılıqlı ticarət həcminin, 2023-cü ildə 3 milyarda, 2024-cü ildə isə 2.4 milyard dollara gerilədiyini göstərir. Buna baxmayaraq Rusiya Serbiya neft sənayesində (NIS) 56.15 faizlə hələ də ən yüksək paya sahibdir. Serbiya dövlətinin özü isə təxminən 30 faizlik paya sahibdir (The Western Balkans, 2025). Rusiya ilə enerji sahəsindəki əməkdaşlıq Vuçiç iqtidarı üçün xüsusi əhəmiyyətə malik olub. Vuçiç iqtidarı son dövrlərə qədər guya bu əməkdaşlıq nəticəsində əldə edilən “enerji təhlükəsizliyi” kimi işlək arqumentdən geniş istifadə edib (Khar Center, 2025). 

Lakin son 10 illik müddətdə Çinin Serbiya ilə ikitərəfli münasibətləri inkişaf etdirməklə, Rusiyanı qabaqlayaraq əsas tərəfdaş ölkə kimi ön plana çıxdığı müşahidə edilir. İki ölkə arasında 2023-cü ildə Pekində imzalanan sərbəst ticarət sazişi bu əməkdaşlığın daha ciddi müstəviyə keçdiyini göstərir. İqtisadi göstəriciləri nəzərə alsaq, bu qarşılıqlı əməkdaşlığın inkişaf dinamikasını daha aydın görmək mümkündür. İki ölkə arasında 2014-cü ildə 1,5 milyard dollar təşkil edən ticarət dövriyyəsi 2023-cü ildə 6 milyard dollara, 2024-cü ildə 7 milyard dollara, nəhayət 2025-ci ildə isə 8,2 milyard dollara yüksəlib (Europa.rs, 2024, Serbia Business, 2026). Digər tərəfdən 2013-cü ildə Serbiyanın Çinə ixrac etdiyi məhsulların həcmi cəmi 8,9 milyon dolları təşkil etdiyi halda, on il sonra 2023-cü ildə isə bu rəqəm 1,23 milyard dollara çatıb. (China Observers, 2025).

Serbiyaya yönəlmiş Çin investisiyasının həcmi də bu əməkdaşlığın genişləndiyi sübut edən faktorlar arasındadır. 2024-cü ildə Albaniya, Bosniya və Herseqovina, Kosovo, Monteneqro və Şimali Makedoniyada Çin investisiyasının həcmi bu ölkələrin ÜDM-nin 1 faizindən aşağı olub. Regionda yalnız Serbiyada bu göstərici daha yüksəkdir, ÜDM-in təxminən 9 faizini təşkil edib. Üstəlik bu artım son 10 illik periodda baş verib (The Vienna Institute for International Economic Studies, 2025). Serbiya İnkişaf Agentliyinin 2025-ci ilin fevral ayı üçün dərc etdiyi məlumatlarda isə Çinin Serbiyadakı xarici investisiya layihələrinin say etibarilə 5,7 faizinə, dəyər etibarilə isə ən yüksək 19,1 faizinə sahib olduğu görünür (Ris.gov.rs, 2025).

Çinlə iqtisadi əlaqələrin inkişafı eyni zamanda hərbi əməkdaşlığın da genişlənməsinə təkan verir. Təsadüfi deyil ki, Serbiya 2020-2024-cü illər arasında silah alışının 57 faizini Çindən həyata keçirib. Çin Serbiyanın ənənəvi silah tədarükçüsü olan Rusiyanı (20%) açıq şəkildə qabaqlayıb. Beləliklə, həmin dövr ərzində Rusiya və Çinin Serbiya silah tədarükündəki payı ümumilikdə 77% olub (Radio Free Europe, 2026).

Çinlə iqtisadi əməkdaşlıq Serbiyanın iqtisadi və hərbi potensialının inkişafına töhvə versə də, eyni zamanda hakimiyyətin avtoritarlaşması üçün də yeni fürsətlər yaradıb. Bu konteksdə ekspertlər Çinlə əməkdaşlığın Serbiyaya mümkün təsirləri barədə olduqca şübhəçidir. Avtomobil yollarından və körpülərdən enerji stansiyalarına və dəmir yollarına qədər Çin tərəfindən maliyyələşdirilən tikinti layihələri Serbiyanın fiziki mənzərəsini dəyişdirdiyi danılmazdır. Lakin bu əməkdaşlığın hesabatlılıq və şəffaflıq şəraitinə baş verməməsi, müqavilələrin ictimai müzakirə və yoxlama olmadan təsdiqlənməsi narahatlıq doğurur. Bu yanaşma həm də Çinin maddi və simvolik dəstəyini alan Vuçiç iqtidarının öz hakimiyyətini gücləndirməsi kimi başa düşülür. Avtoritar meyillərin gücləndiyi bir müstəvidə Çinlə əməkdaşlığın genişlənməsi və bu genişlənmənin yaratdığı iqtisadi inkişaf demokratiyanın geriləməsi və demokratik eroziya ilə müşayiət olunur (CEPA, 2025). 

Qərblə iqtisadi və geosiyasi balanslaşdırma. Bu məqamda Qərbin Serbiyaya yanaşmasının da birmənalı olmaması xüsusi vurğulanmalıdır. Bəzi müəlliflər Qərbi Serbiyaya qarşı “tolerant” olmaqda günahlandıraraq bu yanaşmanın Vuçiçin avtoritar sistem qurmasına böyük töhvə verdiyi qənaətindədir (Euractiv, 2021). Həmçinin Brüssel və Vaşinqtonun timsalında beynəlxalq ictimaiyyətin passivliyinin Serbiyanın Çinlə əməkdaşlığını genişləndirmək üçün münbit şərait yaratdığı da qeyd olunur. Qərbin xüsusilə Avropa İttifaqına üzvlük kontekstində Serbiya qarşısında konkret tələblər qoymaması, Vuçiç iqtidarının Çinlə münasibətləri genişləndirməsinə, iqtisadi inkişaf vasitəsilə demokratik eroziyaya, avtokratik sərtləşməyə getməsinə səbəb olur (CEPA, 2025).

Çinlə dərinləşən iqtisadi əlaqələrə baxmayaraq, Vuçiç iqtidarının Avropa İttifaqı ilə iqtisadi müstəvidə əməkdaşlığı da yüksək səviyyədədir. 2025-ci ilin yanvar-dekabr ayları ərzində Avropa İttifaqı ölkələrinin Serbiyanın ümumi ticarət dövriyyəsindəki payı 58.3% olub. Qeyd edək ki, bu göstərici 2024-cü ildə 58.8%, 2023-cü ildə isə 59.7% təşkil edib (Statistical Office of Republic of Serbia, 2023, 2024, 2025). Statistik məlumatlar göstərir ki, Serbiya və Avropa İttifaqı arasındakı qarşılıqlı ticarət həcmi tədricən azalmağa doğru getsə də, hələ də olduqca yüksəkdir. Bu əməkdaşlığın müəyyən səviyyədə qorunub saxlanması Vuçiç iqtidarının Qərblə qeyri-Qərb  arasındakı “blans” siyasəti kimi qəbul edilir. 

Bu yüksək göstəricilər Avropa İttifaqının Serbiyaya qarşı önəmli təsir vasitəsi kimi dəyərləndirilsə də, bəzi analitiklər bu cür iqtisadi təzyiq yanaşmasını təhlükəli hesab edir. Onların fikrincə, xüsusilə qeyri-müəyyən geosiyasi vəziyyətin hökm sürdüyü regionda Vuçiç iqtidarına qarşı bu cür iqtisadi təzyiqlər “qar uçqunu effekti” yarada və yeni münaqişələri tətikləyə bilər. Çıxış yolunun isə diplomatiya və birbaşa dialoq müstəviləri ilə Qərbin regionda daha çox iştiraka meyil etməsi olduğu qeyd edilir (Atlas İnstitute for İnternational Affairs, 2026).

Davam edən etirazlar və daxili konsolidasiya cəhdi. Serbiyada 2024-cü ilin noyabrından etibarən sistematik etiraz aksiyaları təşkil olunur. Etirazlara təkan verən amil Çinin maliyyə dəstəyi ilə inşa edilən Novi Sad dəmiryolu stansiyasının tavanının çökməsi nəticəsində 16 nəfərin həlak olmasıdır. Bu faciə hər nə qədər etirazların mərkəzində yer alsa da, əsəs məsələ Vuçiç iqtidarının avtoritarlaşma cəhdləri, qeyri-şəffaflıq və korrupsiya fəaliyyəti ilə bağlıdır. Etirazçıların tələbləri ilə razılaşmayan və aksiyalara müdaxiləni sərtləşdirən Vuçiç iqtidarı vaxtaşırı güc nümayişi ilə ictimai rəyi yönləndirmək cəhdlərində də aktiv şəkildə istifadə edir. İqtidara dəstək aksiyaları, yeni alınmış silahların nümayiş edildiyi hərbi paradın təşkili kimi məsələlər Vuçiç iqtidarının güc nümayişi kimi başa düşülür. Həmçinin bu cür vasitələr Vuçiç iqtidarının ölkə daxilindəki etirazları kölgədə qoymaq və daxili auditoriyanı konsolidasiya etmək cəhdləridir (Khar Center, 2025). 

Vuçiçin son illərdə müharibə ritorikasına müraciət etməsinin, regional eskalasiyanı gücləndirməsinin və xarici risk faktorunu qabartmasının əsas səbəblərinin birinin də məhz bu olduğu qənətindəyik. Bu baxımdan Vuçiçin bu cür bəyanatlarının əsasən Serbiya daxilindəki aktiv etirazları sakitləşdirmək və xarici təcavüz narrativindən “yayındırma siyasəti” kimi istifadə etdiyi qeyd edilir. (Robert Lansing İnstitute, 2025)

Digər tərəfdən Vuçiçin avtoritar meyilləri gücləndikcə Serbiya daxilində Anti-Qərb əhval ruhiyəsinin də təşviq edildiyi müşahidə olunur. Təsadüfi deyil ki, son etirazlar iqtidar mediası tərəfindən Qərbin təşkil etdiyi “narıncı inqilab cəhdi” kimi xarakterizə edilir. Bu baxımdan müharibə ritorikasının güclənməsi daxili auditoriyanı konsolidasiya etmək cəhdi olmaqla yanaşı, həm də Qərb üçün mesaj xarakteri daşıya bilər. Çünki Vuçiç son 13 ildə demokratik çatışmazlıqlar bahasına olsa da, regionda sabitlik təklif edən siyasi xətti səbəbilə Qərbdən dəstək almağa nail olub (Lowy Institute, 2025). Hazırkı kontekstdə Vuçiçin “regional sabitlik” narrativinin potensial müharibə riski ilə təhlükə altına salmaqla Qərblə hansısa formada sövdələşməyə ümid etməsi ehtimalı da gözardı edilməməlidir. Vuçiçin müharibə riskini artırmaqla regional təhlükəsizliyi Qərblə sövdələşmə alətinə çevirən Cənubi Qafqazdakı “dostu”nun təcrübəsi də unudulmamalıdır.

III. İcma konteksti: Regional gərginliyin daxili məntiqi 

Yuxarıda qeyd etdiyimiz iki yanaşma Qərbi Balkan regionunda gərginliyin və müharibə ritorikasının artmasının səbəbi ilə bağlı təsəvvürlər yaratsa da, bütöv rəsmi görmək baxımından o qədər də uğurlu deyil. Bu səbəblə regionda gərginliyin güclənməsinə birbaşa təsir edən yerli perspektivi də mütləq şəkildə nəzərdən keçirməyə ehtiyac var. Biz iddia edirik ki, Qərbi Balkan regionunda son illərdə müşahidə olunan yeni gərginlik fazası və bu gərginliyin şərtləndirdiyi müharibə ritorikası sadaladığımız hər üç kontekstin (geosiyasi, siyasi və icma) birgə dəyərləndirilməsi ilə izah edilə bilər. 

Serb bölgəsindəki ikili idarəetmə. Serb icmasının çoxluq təşkil etdiyi Şimali Kosovoda 2011-ci ilədək ancaq Serbiya dövlət qurumları fəaliyyət göstərir, təhlükəsizlik və polis xidməti də serblər tərəfindən həyata keçirilirdi. Davam edən gərginliyin tənzimlənməsi və iki ölkə arasındakı normallaşma prosesinin başlanması məqsədilə 2013-cü ilin 22 aprelində Brüsseldə Serbiya və Kosovo arasında saziş imzalandı. Avropa İttifaqının vasitəçiliyi ilə izmalanan saziş həmin dövrdə regionda gərginliyin yumşalması istiqamətində mühüm addım kimi qəbul edilmiş, hətta Serbiya baş naziri İvitsa Daçiç razılaşmanı “mümkün olan ən yaxşı təklif” adlandırmışdı (The Guardian, 2013).

Saziş Kosovonun şimalında dörd serb bələdiyyəsinin iştirakı ilə Assosiasiya/İcmanın yaradılmasını nəzərdə tuturdu. Yalnız bələdiyyələrin öz istəyi ilə ləğv edilə bilən Assosiasiya/İcma təhsil, səhiyyə, şəhər və kənd planlaşdırması sahələrində tam səlahiyyətə sahib olacaqdı. Bölgədəki polis qüvvələri Kosovo polis sisteminə inteqrasiya edilir və maaşlarının Priştina tərəfindən ödənilməsi qərarlaşdırılırdı. Buna baxmayaraq, dörd bələdiyyə ərazisindəki polis komandirləri serblərdən təyin olunur, polisin tərkibi bölgənin etnik tərkibinə uyğun təşkil edilirdi. Təhlükəsizilik strukturlarında çalışan serblərə Kosovonun müvafiq strukturlarında yer təklif olunacaq, məhkəmə orqanlarının inteqrasiyası başlanacaq və bu qurumlar Kosovo qanunvericiliyi çərçivəsində fəaliyyət göstərəcəkdi (United Nations, 2013).

Sazişin imzalanması Şimali Kosovodakı serb icması ilə rəsmi Priştina arasında inteqrasiya prosesininin başlanmasına səbəb oldu. Proses eyni zamanda Serbiya dövlət qurumları ilə yanaşı Priştinaya bağlı qurumların da bölgədə fəaliyyəti üçün zəmin yaratdı. Brüssel sazişinin şərtləndirdiyi inteqrasiya prosesi serb əhalinin yaşadığı şimal bələdiyyələrində son illərə qədər davam edən, həm Serbiya, həm də Kosovonun öz süveren səlahiyyətlərini paralel formada həyata keçirdiyi ikili idarəetmə sistemi formalaşdırdı (İnternational Crisis Group, 2024).

Bu sistemə əsasən bölgədə hər iki ölkənin bələdiyyə sistemi faliyyət göstərir, serb əhali həm Serbiya, həm də Kosovo rəsmi sənədləri əldə edə bilir, hər iki ölkənin hüquqi sistemində eyni anda vəzifə tuta bilirdilər. Məktəb və səhiyyə sistemi Serbiyaya bağlı olduğu halda, məhkəmə və polis sistemləri Kosovoya bağlı idi. Maliyyə sistemi bölünmüş vəziyyətdə olan bölgədə həm Serbiya, həm də Kosovo bankları fəaliyyət göstərir, serb dinarı və avro yerli əhali üçün eyni dərəcədə əlçatan idi. Bölgədə mülkiyyətə sahib olmaq və daimi yaşamaq üçün Kosovo tərəfindən verilən ən azı bir rəsmi sənədə ehtiyac var idi. Həmçinin serb əhalinin əksər hissəsi Serbiya ilə iş və ya qohumluq əlaqələrinə malik olduğu üçün Serbiya tərəfindən verilən rəsmi səndələrə də ehtiyac duyulurdu. (İnternational Crisis Group, 2024)

Qeyd edək ki, Serbiya bu illər ərzində Şimali Kosovodakı serb icmasına müxtəlif istiqamətlər üzrə maliyyə dəstəyi həyata keçirir və bu maliyyənin həcminin illik təxminən 200 milyon avro olduğu ehtimal edilirdi (International Crisis Group, 2011). Kosovo konstitusiyasına əsasən rəsmi Priştina ilə razılaşdırılması şərtilə Serbiyanın təhsili, tibbi yardım və bələdiyyə xidmətlərini maliyyələşdirməsinə icazə verilirdi. Lakin Kosovo tərəfi Serbiya dəstəyinin şimaldakı serb icmasının Pristinaya inteqrasiyanın qarşısı alan əsas amil olduğunu düşünürdü. Eləcə də real rəqəmlər barədə şəffaflığın və ictimai məlumat bazasının olmaması səbəbilə bu maliyyə axını Priştina tərəfindən təhlükəli hesab edilir, yardımların serb icmasının vəziyyətini yaxşılaşdırmaq əvəzinə, Serbiya tərəfindən siyasi şəbəkənin gücləndirilməsi üçün xərcləndiyi qeyd edilirdi (Prishtina İnsight, 2025).

Şimali Kosovoda mövcud olan bu ikili idarəetmə, rəsmi Priştinanın serb əhalini özünə daha çox inteqrasiya etmək cəhdləri ilə rəsmi Belqradın serb əhali üzərində öz təsir gücünü qorumaq və gücləndirmək cəhdlərinin toqquşmasına səbəb olurdu. Serb icmasının Priştinaya olan güvənsizliyi və Serbiya dövlət xidmətlərinə olan bağlılığı bu münasibətlər sisteminə təsir edən digər önəmli məqam idi. Nəticədə bu fikir ayrılıqları və qarşılıqlı maraqlar bölgədəki gərginlik mühitini daim aktiv saxlayır və yeni toqquşmalar üçün zəmin hazırlayırdı. 

Priştinanın sərt inteqrasiya xətti. Proseslər Brüssel sazişinin yaratdığı inteqrasiya və normallaşma mühitinin uzunömürlü olmadığını göstərdi. Tərəflərin razılaşmada yer alan müddəalara əməl etməmələri, dəyişən geosiyasi və iqtisadi konyunktura bölgədəki şərtləri dəyişməklə yanaşı, tarixi gərginliyin yenidən alovlanmasına da səbəb oldu. Serbiya və Kosovo arasındakı ən son gərginlik fazası 2021-ci ilin sentyabrında Priştina (Kosovo) ilə Belqrad (Serbiya) arasında avtomobil nömrələri ilə bağlı imzalanmış müvəqqəti müqavilənin sona çatması ilə başlandı. 

Məlumat üçün qeyd edək ki, həmin tarixədək Kosovoda Serbiya nömrə nişanlarından istifadəyə icazə verilsə də, oxşar qayda Serbiyada Kosovo nömrə nişanlı avtomobillər üçün keçərli deyildi. Bu səbəblə rəsmi Priştinanın Serbiya nömrə nişanlarına da oxşar yanaşmanın tətbiq edəcəyini açıqlaması gərginliyi alovlandıran əsas məqama çevrildi və ilk etiraz dalğasına səbəb oldu. BMT qərarlarına əsasən Kosovo öz ərazisində polis əməliyyatları keçirmək səlahiyyətinə malikdir. Bu səlahiyyətdən istifadə rəsmi Priştinanın etirazları yatırmaq üçün serb icmanın məskunlaşdığı şimal ərazilərinə polis qüvvələri yeritməsi ilə nəticələndi. Gərginlik yalnız ABŞ və Avropa Birliyinin vasitəçiliyi ilə müvəqqəti olaraq yatırıldı (İnternational Crisis Group, 2024).

2021-ci ilin oktyabrında qaçaqmalçılığa qarşı ölkə miqyasında əməliyyata başlayan Kosovo polisinin fəaliyyəti yenidən yerli müqavimətlə qarşılaşdı. 2021-ci ilin payızından etibarən Kosovo polisi Serbiyaya gedən icazəsiz yolları bağlamağa başladı və qaçaqmalçıların müqaviməti səbəbilə tərəflər arasında 2022-ci ilin iyulun 17-də baş verən silahlı toqquşma 5 polis zabitinin yaralanması ilə nəticələndi. Rəsmi Priştina baş verənləri “etimadsızlıq” kimi qiymətləndirərək Şimali Mitrovitsada serblərin çoxluq təşkil etdiyi regional polis komandanlığını əməliyyatlardan kənarlaşdırdı. Serbiya ilə sərhəd məntəqələrinə daha çox etnik alban zabitin yerləşdirilməsinə başladı. Qeyd etmək lazımdır ki, Priştinanın bu addımı “polislərin xidmət etdikləri icmalarla etnik tərkib baxımından uyğunlaşmasını” tələb edən Kosovo konstitusiyasına, həmçinin 2013-cü il Brüssel sazişinə zidd idi.

Eskalasiyanın növbəti mərhələsi rəsmi Priştinanın daha əvvəl mövcud olan təcrübəni pozaraq, şimalda yaşayan serblərin Serbiya seçkilərində iştirakına əngəl olması ilə başlandı. Serb icması bu vaxta qədər Serbiyadakı seçkilər üçün Kosovo ərazisində səs vermək imkanına malik idi. Bu imkanın ləğvi nəticəsində serb icmasının Serbiya konstitusiya referendumu (16 yanvar 2022) və parlament seçkilərində (3 aprel 2022) iştirak imkanları məhdudlaşdırıldı. 

31 iyul 2022-ci ildə tərəflər arasında pasport və şəxsiyyət vəsiqəsi kimi rəsmi sənədlərlə bağlı mübahisə eskalasiyanı daha da gücləndirdi. Serbiya uzun müddətdir Kosovo rəsmi sənədlərini tanımaqdan imtina etmiş və kosovolulara sərhəddə müvəqqəti tranzit icazəsi vermişdi. Rəsmi Priştinanın qarşılıqlı hərəkət edəcəyini açıqlaması serb icmasının etirazlarına, daha sonrakı günlərdə Serbiyadan ağır silahlı şəxslərin Kosovoya sızması ilə nəticələndi və gərginlik daha da yüksəldi. Rəsmi Priştina cavab tədbiri olaraq bölgədə daimi və möhkəmləndirilmiş polis bazaları və sürətli müdaxilə bölməsi yaratdı.

Kosovo hökuməti serb əhalisinin etirazlarına baxmayaraq gərginliyin ilk addımı olan avtomobil nömrələri ilə bağlı qərarı tətbiq etməkdə israrçı mövqe sərgiləməyə davam etdi. 2 noyabr 2022-ci ildə bu qərarı icra etməkdən imtina edən serb polis məmurunun işdən çıxarılması Kosovoda böyük istefa dalğasına səbəb oldu. 5-9 noyabr tarixlərində demək olar ki, bütün serblər Kosovonun dövlət və hökumət orqanlarındakı işlərindən istefası verdilər. Beləliklə, Şimali Kosovo serblərinin Kosovo dövlətinə inteqrasiyası prosesində on il ərzində çətinliklə qazanılan irəliləyiş iflasa uğradı. 9 və 10 dekabr tarixlərində polisə hücum və dövlət əmlakını yandırmaq ittihamı ilə şimal serblərinə qarşı həyata keçirilən həbslər üçüncü və ən uzun eskalasiya dövrünün başlamasına səbəb olub. Serbiyadan sızan silahlı şəxslərin köməyi və dəstəyi ilə barrikadalar 28 dekabra qədər davam edib. Yalnız bu tarixdə Avropa İttifaqının vasitəçiliyi və Vuçiç hökümətinin həbsdəki serblərə yaxşı rəftarla bağlı Priştina ilə razılaşması nəticəsində etirazlar qismən səngidi (İnternational Crisis Group, 2024).

Pozulan dialoq müstəvisi. 2023-cü ilin martında Kosovo və Serbiya arasında Avropa Birliyinin vasitəçiliyi ilə Ohrid razılaşması imzalandı. Razılaşma 2013-cü ildə Brüsseldə imzalanmış razılaşmadan sonrakı 10 illik dövr ərzində davam edən normallaşma prosesinin məntiqi nəticəsi kimi xarakterizə olunurdu. Razılaşmaya əsasən tərəflər bir-biri ilə bərabər hüquqlar əsasında normal, mehriban qonşuluq münasibətləri qurmağı, bir-birinin pasport, diplom, nömrə nişanları və gömrük möhürləri daxil olmaqla, müvafiq sənədlərini və milli rəmzlərini qarşılıqlı olaraq tanıyacaqlarını bəyan ediblər. Razılaşmada həmçinin tərəflərin öz aralarındakı hər hansı mübahisəni yalnız dinc yolla həll edəcəkləri, güc tətbiqi və ya hədəsi ilə təhdiddən çəkinəcəkləri qeyd olunurdu (Eeas.europa.eu, 2023).

Serbiya tərəfi Kosovonun heç bir beynəlxalq təşkilata üzvlüyünə etiraz etməyəcəyini, Kosovo tərəfi isə ölkədəki serb icması üçün müvafiq səviyyədə özünüidarəetməni və müəyyən sahələrdə xidmət göstərmə qabiliyyətini, o cümlədən Serbiya tərəfindən maliyyə dəstəyi imkanı və özü ilə serb icması arasında birbaşa rabitə kanalı təmin etmək üçün xüsusi tənzimləmələr və zəmanətlər yaratmağı öhdəsinə götürürdü (Eeas.europa.eu, 2023).

Məzmun etibarilə proqressiv görünsə də, Ohrid razılaşması şifahi xarakter daşıyırdı və bunun mənfi nəticələri qısa zamanda özünü göstərdi. Ohriddəki görüşdən sonra Serbiya prezidenti Aleksandr Vuçiç razılaşmanı Kosovonun müstəqilliyinin tanınması demək olduğunu iddia edərək onu imzalamaqdan imtina etdi. Qısa müddət sonra prezident Vuçiç açıq şəkildə Kosovonun BMT-yə üzvlük müraciətinə qarşı çıxdı və bu addım razılaşmanın birbaşa pozulması kimi qiymətləndirildi (New Eastern Europe, 2025).

Razılaşmanın iflasından sonra eskalasiya sürətli şəkildə yüksəlməyə başladıi. 2023-cü ilin aprelində rəsmi Priştina istefa verən serblərin yerinə yeni seçkilərin keçiriləcəyini elan etdi. Noyabrda keçirilən seçkilərin serb icması tərəfindən boykot edilməsi nəticəsində Şimali Kosovoda alban azlıq tərəfindən yalnız etnik albanlardan ibarət namizədlər seçildi. 2023-cü ilin mayında isə rəsmi Priştina Şimali Kosovoda yerləşən bələdiyyə binalarına polis müşayiətçiləri verərərək orada işləyən serb işçilərini qovdu. ABŞ dövlət katibi Entoni Blinken səviyyəsində, Avropa Birliyi isə xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell səviyyəsində baş verənlərə reaksiya verərək bu addımı qətiyyətlə pislədiyini bəyan etdi. 30 mayda isə ABŞ Kosovoya qarşı daha sərt addımlar ataraq Kosovonu NATO-nun rəhbərlik etdiyi “Defender 23” təlimindən çıxardı, ölkənin beynəlxalq təşkilatlara qəbulunu təmin etmək səylərini və yüksək səviyyəli səfərləri dayandırdı (Prishtina İnsight, 2023).

Uzun müddətdir davam edən gərginlik 2023-cü ilin sentyabrında Banjska kəndi yaxınlığında Kosovo polisi ilə silahlı dəstələr arasında ölümlə nəticələnən silahlı insidentə səbəb oldu. İnsidentə görə məsuliyyəti Kosovo serblərinin nümayəndəsi Milan Radoyçiç öz üzərində götürsə və  Serbiyada hüquq-mühafizə orqanlarına təslim olsa da, sonradan azadlığa buraxıldı. Banjska insidenti rəsmi Kosovo hökumətinə şimalda öz məqsədlərinə nail olmaq üçün əvəzolunmaz fürsət yaratdı və Priştina şimalın inteqrasiyasını sürətləndirmək, o cümlədən Serbiya dövlət qurumlarını ölkədən çıxarmaq üçün bundan istifadə etdi. Həmçinin silahlı qruplara qarşı Kosovodakı NATO sülhməramlı gücü olan KFOR-u cəlb etmək fürsəti qazandı (İnternational Crisis Group, 2024).

Silahlı insidentin yaratdığı vəziyyət Priştinanın serb icmasına yönəlmiş addımlarını daha da sərtələşdirməsi ilə nəticələndi. 27 dekabr 2023-cü ildə Kosovo Mərkəzi Bankı avronu ölkə daxilində nağd pul və elektron əməliyyatlar üçün yeganə etibarlı valyuta elan etməsi ilə şimalda serb dinarının istifadəsini faktiki olaraq qadağan etmiş oldu. Bu prosesi serb bankları və poçt şöbələrinə polis reydləri izlədi, Kosovoya serb dinarının daxil olmasının qarşısı alındı (İnternational Crisis Group, 2024).

Son olaraq 2026-cı ilin 15 mart tarixində Kosovoda “Əcnəbilər haqqında qanun”un tətbiqinə başlanıldığı bildirildi (European Western Balkans, 2026). Bu qanuna əsasən Kosovo ərazisinə daxil olan xarici vətəndaşlar yaşayış icazəsi almaq məqsədilə rəsmi Priştinaya müraciət etməli idilər. Bu xüsusilə Şimali Kosovodakı serb icmasına ciddi təsir edən amil kimi qəbul edilir. Çünki qanuna əsasən bölgədəki təhsil və səhiyyə kimi xidmət sahələrinin işini təşkil edən Serbiya vətəndaşları bölgəyə daxil olmaq üçün rəsmi icazə almalı olacaqlar. Bu isə serb icmasının gərəkli xidmətlərə çıxışını ləngidir və bəzi hallarda məhdudlaşdırırdı.

Görünən odur ki, rəsmi Priştinanın Şimalı Kosovoda həyata keçirdiyi sərt inteqrasiya xətti və sərgilədiyi avtoritar meyilləri bölgədəki serb icmasının etirazı və müqaviməti ilə qarşılaşır. Bu müqavimət və Belgradın prosesə müdaxilə nəticəsində zaman-zaman silahlı toqquşma və insidentlərə səbəb olur. Hər insident isə rəsmi Priştinaya bölgədə öz mövqeyini gücləndirmək və vəziyyəti daha da sərtləşdirmək üçün əlavə imkanlar qazandırır, yerli dinamikadan qaynaqlanan gərginliyin ölkələr arası müstəviyə keçməsinə təkan verir. 

Nəticə 

Qərbi Balkan regionunda son illərdə müşahidə olunan gərginliyin və güclənən müharibə ritorikasının səbəbləri çoxşaxəlidir. İlk növbədə Şimali Kosovoda yerli səviyyədə davam edən tarixi anlaşmazlıqlar və maraq toqquşmaları regiondakı gərginlik mühitinin daim aktiv qalmasına şərait yaradır. Rəsmi Priştinanın şimal bölgələrindəki serb icmasına yönəlik tətbiq etdiyi sərt inteqrasiya xətti, Serbiyanın isə dəstək məqsədilə bölgəyə etdiyi müdaxilələr gərginliyin yerli səviyyədən çıxaraq ölkələrarası müstəviyə keçməsinə səbəb olur. 

İqtisadi olaraq güclənən və hərbi potensialını da gücləndirən Serbiya bu güclənmənin gətirdiyi “söz haqqı”na istinad edərək bölgədə süverenliyi daxilində hesab etdiyi mövzulara daha çox müdaxilə etməyə çalışır. Serbiyanın bu müdaxiləçi mövqeyini səbəb kimi göstərən rəsmi Priştina isə serb icmasına qarşı konstitusion hüquq pozuntuları ilə müşayiət olunan sərt inteqrasiya siyasətini gücləndirir. Serb icmasına qarşı müdaxilənin genişlənməsi, təktərəfli inteqrasiya cəhdi yerli səviyyədə narazılığı daha da körükləyir, Serbiyanın aktiv müdaxiləsi üçün yeni imkanlar yaradır, etiraz aksiyalarının silahlı toqquşmalara çevrilməsinə səbəb olur. 

Qlobal geosiyasi konyunkturdakı dəyişikliklər, xüsusilə Transatlantik əməkdaşlıq müstəvisində ABŞ və Avropa arasında yaşanan fikir ayrılığı NATO-nun təhlükəsizlik qarantı kimi çıxış etdiyi bölgələrdə güc münasibətlərinə də təsir edir. Qeyri-müəyyən gələcək perspektivləri xüsusilə Qərbi Balkan regionunda NATO təhlükəsizlik çətirindən bəhrələnən (Kosovo) və ya bu təhlükəsizlik çətirinin qarşısında yer alan (Serbiya) ölkələrin yeni əməkdaşlıqlara yönəlməsinə təkan verir. Tərəflər mövcud vəziyyəti regionda güc münasibətlərinin yenidən formalaşdırmaq üçün bir fürsət hesab edir. Kosovo Xorvatiya və Albaniya ilə NATO-ya inteqrasiya çərçivəsində hərbi əməkdaşlığı gücləndirir və ordu quruculuğu prosesini sürətləndirir. Serbiya isə Çindən silah tədarük xətlərini şaxələndirir. 

Digər tərəfdən daim körüklənən gərginlik narrativləri və müharibə ritorikasının xüsusilə Serbiya nümunəsində son iki ildə davam edən etirazları yatırmaq və daxili auditoriyanı konsolidasiya etmək üçün vasitə kimi instifadə edildiyi görünür. Rusiya və Çinlə əməkdaşlığın qazandırdığı dividentləri hesabına avtoritar meyillərini daha da gücləndirən Vuçiç iqtidarı “yayındırma siyasəti” ilə daxildəki narazılığı susdurmağı, “regional sabitliyə təhdid” siyasəti ilə isə Qərblə sövdələşmə ehtimalını artırmağı hədəfləyir. 

Həmçinin Serbiya və Kosovo arasında 2013 (Brüssel) və 2023-ci illərdə (Ohrid) əldə olunan və gərginliyin normallaşmasını hədəfləyən sazişlərin özünü doğrultmaması tərəflər arasında dialoq müstəvisinin uğursuz olduğunu göstərir. Gələcək perspektivdə bu cür dialoq cəhdlərinin hansı ölçüdə uğurlu olacağını, diplomatiyanın gərginliyin azaldılmasındakı rolunun nəticəsini proqnozlaşdırmaq çətindir. Lakin mövcud geosiyasi vəziyyəti, bölgədəki eskalasiyanın miqyasını və davam edən silahlanma yarışını nəzərə aldıqda Qərbi Balkan regionu üçün gələcək perspektivlərin o qədər də nikbin olmadığını deyə bilərik.

Qeyd: 

* Kosovoya edilən istinadlar BMT Təhlükəsizlik Şurasının 1244 (1999) saylı Qətnaməsi və Beynəlxalq Ədalət Məhkəməsinin Kosovonun müstəqillik bəyanatı ilə bağlı Rəyinə uyğun olaraq, statusla bağlı mövqelərə xələl gətirmədən təqdim edilir.


İstinadlar: 

Atlas İnstitute for İnternational Affairs, 2026, Serbia’s Strategic Balancing: Economic Diversification, EU Conditionality and Regional Stability, https://atlasinstitute.org/serbias-strategic-balancing-economic-diversification-eu-conditionality-and-regional-stability/ 

Balkan Defence Monitor, 2024, Defence Expenditure, https://balkandefencemonitor.com/bdm-by-topic/defence-expenditure/ 

Bloombury Intelligence and Security Institute, 2025, The Albania-Croatia-Kosovo Trilateral Defence Alliance, https://bisi.org.uk/reports/the-albania-croatia-kosovo-trilateral-defence-alliance 

CEPA, 2025, Hidden Costs - China’s Growing Economic Grip on Serbia, https://cepa.org/article/hidden-costs-chinas-growing-economic-grip-on-serbia/

China Observers, 2025, Has the China Free Trade Agreement Paid Off for Serbia?, https://chinaobservers.eu/has-the-china-free-trade-agreement-paid-off-for-serbia/

Development Agency of Serbia, 2025, Serbia has attracted over €52 billion of inward foreign direct investment since 2007, https://ras.gov.rs/en/invest-in-serbia/why-serbia/join-the-pool-of-the-successful 

Euractiv, 2021, Populism and cozy ties with Russia and China: Vucic takes Serbia further away from EU, https://www.euractiv.com/opinion/populism-and-cozy-ties-with-russia-and-china-vucic-takes-serbia-further-away-from-eu/ 

Euronews.com, 2025, Transition of Kosovo's Security Force into an army causes controversy and concern, https://www.euronews.com/2025/02/14/transition-of-kosovos-security-force-into-an-army-causes-controversy-and-concern 

Europa.rs, 2024, Trgovina, https://europa.rs/trgovina/?lang=en

European Western Balkans, 2026, One-year residence permits agreed for Serbian students and workers, https://europeanwesternbalkans.com/2026/03/16/one-year-residence-permits-agreed-for-serbian-students-and-workers/#:~:text=The%20lists%20will%20serve%20as,Serbia 

Foreign Policy, 2025, The New Meaning of ‘Munich’, https://foreignpolicy.com/2025/02/19/europe-trump-vance-munich-security-conference-russia-ukraine/ 

International Crisis Group, 2024, Northern Kosovo: Asserting Sovereignty amid Divided Loyalties, https://www.crisisgroup.org/rpt/europe-central-asia/balkans/kosovo/269-northern-kosovo-asserting-sovereignty-amid-divided-loyalties#:~:text=Kosovo%20and%20Serbia%20both%20exercise,settlement%20between%20Belgrade%20and%20Pristina

International Crisis Group, 2011, North Kosovo: Dual sovereignity in practice,   https://www.files.ethz.ch/isn/127758/211%20North%20Kosovo%20---%20Dual%20Sovereignty%20in%20Practice.pdf 

International Monetary Fund, 2026, GDP, current prices, https://www.imf.org/external/datamapper/NGDPD@WEO/HRV/SRB 

Khar Center, 2025, Buying Stability with Gas: Serbia’s Energy Dependence on Russia and the Growing Potential for Democratic Resistance, https://kharcenter.com/en/researches/buying-stability-with-gas-serbias-energy-dependence-on-russia-and-the-growing-potential-for-democratic-resistance 

Lowy Institue, 2025, The West’s stabiliser, Russia’s friend, China’s partner – but Serbia’s patience
with its leader wears thin, https://www.lowyinstitute.org/the-interpreter/west-s-stabiliser-russia-s-friend-china-s-partner-serbia-s-patience-its-leader   

Munich Security Conference, 2025, Munich Security Conference 2025 Speech by JD Vance and Selected Reactions, https://securityconference.org/assets/user_upload/MSC_Speeches_2025_Vol2_Ansicht.pdf 

Nato.int, NATO's role in Kosovo, https://www.nato.int/en/what-we-do/operations-and-missions/natos-role-in-kosovo 

New Eastern Europe, 2025, The Kosovo-Serbia dispute amid global turmoil: a defining test for the EU, https://neweasterneurope.eu/2025/06/20/the-kosovo-serbia-dispute-amid-global-turmoil-a-defining-test-for-the-eu/#:~:text=The%20agreement%2C%20however%2C%20was%20only,continue%20to%20be%20in%20place

Prishtina Insight, 2023, US Embassy Confirms Sanctions Against Kosovo Follow the Tensions in the North, https://prishtinainsight.com/us-sanctions-against-kosovo-follow-after-the-tensions-kosovo-excluded-from-defender-23/ 

Prishtina Insight, 2025, Kosovo, Serbia Keep Funds to Preshevo Valley and Serb-majority Municipalities Far from Public, https://prishtinainsight.com/kosovo-serbia-keep-funds-to-preshevo-valley-and-serb-majority-municipalities-far-from-public-mag/ 

Radio Free Europe, 2026, Serbia Deepens Military Ties With China Through Drones, Air Defense Systems, https://www.rferl.org/a/serbia-china-military-cooperation-drones-air-defense-security/33626646.html 

Robert Lansing İnstitute, 2025, Vučić’s escalating rhetoric, threats of war and the manipulation of historical narratives, https://lansinginstitute.org/2025/10/13/ucics-escalating-rhetoric-threats-of-war-and-the-manipulation-of-historical-narratives/ 

Rts.rs, 2026, Predsednik Vučić za RTS: Goriva će biti dovoljno, držaćemo cene pod kontrolom i smanjiti akcize, https://www.rts.rs/lat/vesti/politika/5905027/aleksandar-vucic-intervju-rts.html 

Serbia Business, 2026, Chinas rising share in serbias import structure and the rebalancing of trade dependence, https://serbia-business.eu/chinas-rising-share-in-serbias-import-structure-and-the-rebalancing-of-trade-dependence/

Statistical Office of Republic of Serbia, 2025, 2024, 2023 External trade,              https://www.stat.gov.rs/en-us/vesti/20260130-spoljnotrgovinska-robna-razmena-za-decembar-2025/?s=1701,                                                                                                                                

https://www.stat.gov.rs/en-us/vesti/20250715-spoljnotrgovinska-robna-razmena-konacni-podaci-2024/, https://www.stat.gov.rs/en-us/vesti/20240715-spoljnotrgovinska-robna-razmena-konacni-podaci-2023/?a=0&s=0602   

Stockholm International Peace Research Institute (SIPRI), 2026, SIPRI Military Expenditure Database, https://www.sipri.org/databases/milex 

Telegrafi.com, 2025, Vučić: Everyone is preparing for war, Kosovo is trying to convince NATO, https://telegrafi.com/en/Vucic--everyone-is-preparing-for-war--Kosovo-is-trying-to-convince-NATO-to/ 

The Diplomatic Service of European Union, 2023, Belgrade-Pristina Dialogue: Agreement on the path to normalisation between Kosovo and Serbia, https://www.eeas.europa.eu/eeas/belgrade-pristina-dialogue-agreement-path-normalisation-between-kosovo-and-serbia_en 

The Guardian, 2025, JD Vance’s Munich speech laid bare the collapse of the transatlantic alliance, https://www.theguardian.com/world/2025/feb/15/jd-vance-munich-speech-laid-bare-collapse-transatlantic-alliance-us-europe#:~:text=The%20speech's%20message%20was%20implicit%2C%20but%20clear:,even%20tariffs%2C%20but%20about%20an%20ideological%20fissure

The Kosovo Dispatch, 2026, Serbia’s Quiet Pivot East: How Chinese Arms Came to Dominate Belgrade’s Arsenal, https://www.kosovodispatch.com/en/prishtina/serbias-quiet-pivot-east-how-chinese-arms-came-to-dominate-belgrades-arsenal#:~:text=But%20perceptions%20matter.,have%20only%20reinforced%20that%20impression

The Vienna Institute for International Economic Studies, 2025, What’s driving Chinese FDI in the Western Balkans – and what should be done about it?, https://wiiw.ac.at/what-s-driving-chinese-fdi-in-the-western-balkans--and-what-should-be-done-about-it-n-685.html

The Western Balkans, 2025, Russia – Serbia relations. Last developments, https://thewesternbalkans.com/russia-serbia-relations-last-developments/ 

United Nations, 2013, Brussel agreement, https://peacemaker.un.org/sites/default/files/document/files/2024/05/brussels20agreement.pdf

World Bank, 2025, Growth in the Western Balkans Holds Firm Amid Global Uncertainty, https://www.worldbank.org/en/news/press-release/2025/04/28/growth-in-the-western-balkans-holds-firm-amid-global-uncertainty 

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin