Research paper

Azərbaycan Avtoritarizminin Təkamülü (III HİSSƏ): İlham Əliyevin Beynəlxalq Avtoritar Koalisiyalardakı Rolu və Regional İnteqrasiya Təşəbbüsləri Kontekstində Qərbin Strateji Tolerantlığı

Azərbaycan Avtoritarizminin Təkamülü (III HİSSƏ): İlham Əliyevin Beynəlxalq Avtoritar Koalisiyalardakı Rolu və Regional İnteqrasiya Təşəbbüsləri Kontekstində Qərbin Strateji Tolerantlığı

Mütaliəni asanlaşdırmaq üçün KHAR Center tərəfindən dərc olunan bu tədqiqat bir neçə hissədə təqdim olunacaq.

Tədqiqatın birinci hissəsi

Tədqiqatın ikinci hissəsi


İlham Əliyev təkcə daxili idarəetmədə deyil, həm də beynəlxalq səviyyədə avtoritar siyasi modellərin təşviqinə və dəstəklənməsinə yönəlmiş siyasət yürüdür. Bu siyasətin əsas xüsusiyyəti, liberal-demokratik dünyadan uzaqlaşıb avtoritar və yarı-avtoritar rejimlərlə dərin əməkdaşlıq qurmaq, regional səviyyədə isə qeyri-demokratik rejimləri birləşdirən alyansların təşəbbüskarı və üzvü kimi çıxış etməkdir. İlham Əliyev XXI əsrin yeni nəsil avtoritar liderlərindən biri kimi artıq beynəlxalq avtoritar şəbəkələrin fəal üzvü və təşəbbüskarı kimi tanınır. O, xüsusilə Rusiya, Çin, Türkiyə və Mərkəzi Asiyanın avtoritar rejimləri ilə strateji tərəfdaşlıqlar quraraq regional avtoritar inteqrasiyanı təşviq edib, bu rejimlər arasında qarşılıqlı əlaqə və dəstək mexanizmlərini gücləndirib. Bununla yanaşı, Əliyev Qərb ölkələri ilə enerji təhlükəsizliyi, miqrasiya və geosiyasi balans məsələlərində əməkdaşlıq görüntüsü yaradaraq, avtoritar siyasətinə qarşı sərt beynəlxalq təzyiqlərdən yayına bilib. Qərbin onun rejiminə yönəlik selektiv və tolerant münasibəti isə Əliyevin həm regionda avtoritarizmin oturuşmasına, həm də beynəlxalq sistemdə özünün toxunulmazlığına hesablanmış siyasəti üçün münbit şərait yaradıb.

Avtoritar rejimlərlə strateji ittifaqlar: Rusiya, Çin və Mərkəzi Asiya 

Anti-demokratik sinxronizasiya: Azərbaycan rəhbərliyi Rusiya, Çin, Türkiyə, Belarus, Orta Asiya ölkələri və İran kimi avtoritar və ya yarı-avtoritar rejimlərlə siyasi və iqtisadi münasibətləri prioritetə çevirib (Prezident.az 2025a). Bu münasibətlər təkcə enerji və ticarət sahəsində deyil, həm də idarəetmə təcrübələrinin paylaşılması, informasiya nəzarəti, müxalifətin boğulması və dövlət suverenliyi anlayışı altında insan haqlarına qarşı masştablı hucum planının icrası kimi sahələri əhatə edir (OCCRP 2021)

İlham Əliyev xüsusilə Vladimir Putinin rəhbərlik etdiyi Rusiya ilə sıx siyasi əlaqələr quraraq post-sovet məkanında avtoritar əməkdaşlıq platformasının möhkəmlənməsinə can atır. Rusiya ilə 2022-ci ildə imzalanan “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” Azərbaycanın Qərbə qarşı alternativ strateji istiqamətini göstərən açıq siqnal idi.

Eyni zamanda Çinlə də “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində iqtisadi və infrastruktur əməkdaşlığı gücləndirilib. Bu əlaqələrdə demokratiya, insan hüquqları və vətəndaş cəmiyyəti məsələləri gündəmə gətirilmir. (Prezident.az 2025b).

İlham Əliyevin bu rejimlərlə əməkdaşlıq modeli, Qərbin normativ təsirini zəiflətmək üçün regionda avtoritar müqavimət şəbəkəsinin qurulmasına xidmət edir (Kendall-Taylor & Frantz, 2014).

Qərbin Demokratiya Dalğasına Qarşı Avtoritar Baryer: İlham Əliyev rejiminin son illərdə Cənubi Qafqazda təkcə daxili siyasi status-kvonu qorumağa deyil, həm də regional miqyasda demokratik transformasiya cəhdlərini önləməyə yönəlmiş fəaliyyəti, onun avtoritarizmi yalnız müdafiə etmədiyini, eyni zamanda aktiv şəkildə yaymaq üçün təşəbbüs göstərdiyini sübut edir. Bu prosesdə Azərbaycan, bir növ, "anti-demokratik forpost" rolunu öz üzərinə götürüb. Bu strategiya üç əsas səviyyədə təzahür edir: regional mühitin nəzarətdə saxlanması, Qərbin normativ təsirinin neytrallaşdırılması və müəyyən diskursiv hegemoniya quruculuğu.


  • Regional demokratiya təşəbbüslərinin neytrallaşdırılması:
    İlham Əliyev rejimi Gürcüstan, Ermənistan və ümumilikdə postsovet məkanında baş verən demokratik oyanışlara hər zaman skeptik və ehtiyatlı yanaşıb. Gürcüstanda 2003-cü ildəki Qızılgül İnqilabı və davam edən demokratik reformalar, Ermənistanın 2018-ci ildəki “Məxməri İnqilabı” İlham Əliyev üçün regionda avtoritarizmin “kontaminasiyası” riski daşıyırdı. Bu səbəbdən, Azərbaycan hakimiyyəti bu ölkələrdəki dəyişiklikləri “qərb ssenarisi”, “kənardan idarə olunan xaos” və “daxili sabitliyi pozan iğtişaşlar” kimi təqdim etməyə başladı.


Ermənistanın demokratik keçidinə qarşı sərt ritorika, Paşinyan hökumətinə qarşı diplomatik və hərbi təzyiq, təkcə Qarabağ münaqişəsi çərçivəsində izah olunmur; bu, eyni zamanda regionda “nümunəvi demokratik modelin” yaranmasının qarşısını almaq üçün strateji manevr kimi də dəyərləndirilə bilər. Əliyev rejimi üçün qonşuluqda uğurlu demokratik hökumətin olması, daxili legitimlik böhranını dərinləşdirə bilər və bu Azərbaycan cəmiyyətində alternativ idarəetmə istəklərini artırmaq potensialına sahibdir.

Qərbin normativ təsirinə qarşı realpolitik dayaq sistemi: Qərb institutlarının, xüsusilə Avropa Şurası, Avropa Parlamenti və ABŞ Dövlət Departamentinin Azərbaycanda insan haqları, seçki saxtakarlıqları və media azadlığı ilə bağlı tənqidlərinə baxmayaraq, Əliyev bu təzyiqləri nəticəsiz buraxmaq üçün ikiqat strategiyaya müraciət edir: enerji diplomatiyası və avtoritar şaxələnmə.

Enerji siyasəti vasitəsilə Əliyev rejimi Qərbi “reallıqdan kənar ideallar”a deyil, maraq əsaslı əməkdaşlığa sövq edir. Məsələn, 2022-ci ildə Avropa Komissiyası ilə imzalanan enerji sazişi ilə Qərb elitası Azərbaycanı “etibarlı qaz təchizatçısı” kimi təqdim etsə də, bu əməkdaşlıq fonunda siyasi məhbusların sayı artmağa davam edir (European Comission 2024). Eyni zamanda, Azərbaycan hökuməti Rusiya, Çin kimi digər demokratik olmayan ölkələrlə hərbi, texnoloji və diplomatik əlaqələrini dərinləşdirərək bir növ regionda “anti Qərb tampon”u yaradır.

Bu prosesdə İlham Əliyev Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan kimi liderlərlə strateji sinxronluq quraraq, Qərb tərəfindən təşviq olunan demokratik institutlaşma cəhdlərinə qarşı mühafizəkar-avtoritar qarşı-dalğa formalaşdırmağa çalışır. Bu dalğa yalnız müdafiəvi deyil, həm də ideoloji və diskursiv hücum xarakteri daşıyır.

Avtoritar diskursun ixracı və ictimai şüurun manipulyasiyası: Əliyev rejimi daxili auditoriya qarşısında Qərb demokratiyasını de-legitimləşdirməyə çalışır. Rəsmi və əlaltı media kanallarında Qərb cəmiyyətləri "xaosun, pozğunluğun və zəifliyin" simvolu kimi təqdim olunur. ABŞ və Aİ-də baş verən siyasi böhranlar (məsələn, ABŞ-da Kapitol basqını, Fransa və Almaniyada miqrant siyasəti ətrafında yaranan qarşıdurmalar) Azərbaycan ictimaiyyətinə “demokratiyanın çöküşü” kimi çatdırılır.

Bu diskursun məqsədi təkcə Qərbə qarşı ictimai inamı zəiflətmək deyil, eyni zamanda avtoritar idarəçiliyi “milli model”, “sabitliyin və inkişafın zəmanəti” kimi normallaşdırmaqdır. Rejimin təbliğat aparatında “qərbin ikili standartları”, “milli suverenliyə müdaxilə” və “ənənəvi dəyərlərə hücum” kimi mövzular dominant mövqedədir. Bu isə Rusiyanın “sovereign democracy” və ya Çinin “development without democracy” konsepsiyaları ilə üst-üstə düşür.

Qafqazda avtoritar müqavimət arxitekturası: Bütün bu siyasətlər nəticəsində Əliyev rejimi Qafqazda Qərbin demokratiya təşəbbüslərinə qarşı koordinasiya olunmuş baryer rolunu oynayır. Bu baryer təkcə passiv dirəniş deyil, həm də aktiv xarici siyasət vasitəsilə Qərbin ideoloji təsirini bloklamağa çalışan strateji strukturdur. Gürcüstanda müxalifətin zəiflədilməsində iştirak, Ermənistanda Paşinyana qarşı təzyiqlərin davam etdirilməsi, regionda Rusiya və İranla sıxlaşan əməkdaşlıq – bütün bunlar Əliyevin qurduğu avtoritar geopolitik baryerin əsas sütunlarını təşkil edir. İlham Əliyevin siyasəti Qərbin demokratiya dalğasına qarşı yalnız “milli özünümüdafiə” deyil, həm də beynəlxalq səviyyədə avtoritar blokların bir parçası kimi “ideoloji qarşıhücum” strategiyasıdır. Bu model, Cənubi Qafqazı post-demokratik məkan kimi yenidən dizayn etməyi hədəfləyir. Azərbaycan, bu kontekstdə, artıq sadəcə avtoritar rejim deyil – demokratiya ixracına qarşı regional müqavimət mərkəzidir.

Avtoritar inteqrasiya təşəbbüsləri: İlham Əliyev xüsusilə 2020-ci ildən sonra Türkdilli Dövlətlər Təşkilatı (TDT) və Qoşulmama Hərəkatı kimi platformalarda fəal rol oynayaraq, bu birliklərdə demokratiya meyarlarını deyil, suverenlik, sabitlik və “qərbə qarşı neytrallıq” ideologiyasını önə çıxarıb. Azərbaycanda insan haqlarına dair tənqidlərə qarşı bu strukturlar üzərindən əks-hucum təşkil edilir və avtoritar rejimlərin legitimləşdirilməsi məqsədi güdülür. 

Cənubi Qafqazda Azərbaycan son onilliklərdə yalnız daxili avtoritar konsolidasiyaya deyil, eyni zamanda beynəlxalq miqyasda digər avtoritar rejimlərlə sıx əməkdaşlıq qurmağa başlayıb. Bu əməkdaşlıqlar təkcə iqtisadi və təhlükəsizlik maraqları ilə izah olunmur; onlar həm də liberal-demokratik beynəlxalq nizamın alternativini yaratmağa yönəlmiş ideoloji və strateji inteqrasiya cəhdləridir. İlham Əliyevin idarə etdiyi Azərbaycan, bu kontekstdə, avtoritar inteqrasiyanın fəal iştirakçısı və təşəbbüskarlarından birinə çevrilib.

Beləliklə, Əliyev rejimi yalnız avtoritarizmi qoruyub saxlamır, həm də onu regionda yaymağa çalışan geosiyasi oyunçuların strateji tərəfdaşına çevrilir. Bu, Putinin liderlik etdiyi beynəlxalq avtoritar  koalisiyasının güclənməsi baxımından vacib halqadır.

Anti-Qərb ritorikasının gücləndirilməsi

Əliyev rejimi son illərdə ABŞ və Avropa Birliyi kimi siyasi mərkəzlərə, AŞPA kimi demokratik institutlara qarşı sərt ritorika ilə çıxış edərək, onları “daxili işlərə qarışmaqda” və “ikili standartlar”da ittiham edir. Bu ritorika Rusiyanın və digər avtoritar rejimlərin leksikonu ilə üst-üstə düşür və beynəlxalq avtoritar koalisiyanın informasiya müstəvisindəki koordinasiyasının bir hissəsidir (Freedom House, 2023a). Onun siyasi leksikonunda son illərdə anti-Qərb ritorikası daha da mərkəzə çəkilib. Bu ritorika yalnız Qərblə münasibətlərin gərginliyini əks etdirməklə kifayətlənmir, həm də avtoritar daxili idarəçiliyin legitimləşdirilməsi üçün əsas narrativə çevrilir. Qərb dövlətləri və institutları, xüsusilə Avropa İttifaqı, Avropa Şurası və ABŞ, rejim tərəfindən "neo-kolonial" və "imperial" niyyətlərdə ittiham olunur. Bu ritorika üç əsas istiqamətdə formalaşdırılıb: daxili legitimləşdirmə, beynəlxalq mövqeləndirmə və regional alternativlərin təşviqi.

Anti-Qərb ritorikası daxili auditoriyaya yönəlik təbliğatda "milli təhlükəsizlik", "qərb dəyərlərinin deqradasiyası" və "xarici düşmənlərə qarşı müqavimət" kontekstində təqdim olunur. İlham Əliyev və onun administrasiyası tez-tez bildirirlər ki, Qərbin insan haqları və azad seçkilər tələbləri, əslində, Azərbaycanın suverenliyini zəiflətmək və ölkəni xaosa sürükləmək məqsədi daşıyır.

  • Dövlət mediasında Qərb “ərəb baharı”, “rəngli inqilablar” və “Liviya, Suriya və Ukrayna nümunələri” ilə qorxudulan fəlakət faktorunun müəllifi kimi təqdim edilir.


  • Müxalif fəallar, QHT-lər və jurnalistlər tez-tez "Qərb fondlarından qrant alan agentlər", "beşinci kolon", "xarici maraqlara xidmət edənlər" kimi təqdim edilir. Bu yanaşma vasitəsilə tənqidçilər satqın kimi damğalanır.


  • 2020-ci ildən sonra prezidentin çıxışlarında xüsusilə Avropa Parlamentinin və ABŞ Dövlət Departamentinin hesabatlarına qarşı kobud və sərt ifadələr müşahidə edilir. Məsələn, Əliyev 2022-ci ildəki çıxışında bildirmişdi: “Azərbaycan xalqı heç vaxt hansısa beynəlxalq təşkilatın qarşısında hesabat verməyəcək – bu dövr qapanıb!” (Report 2019).

Anti-Qərb ritorikası Azərbaycanın geosiyasi kursunu dəyişikliyə uğratmaq və avtoritar rejimlərlə daha yaxın münasibət qurmaq üçün də istifadə olunur. İlham Əliyev Qərbi siyasi təzyiq və "demokratiya tələbləri" səbəbilə etibarsız tərəfdaş kimi təqdim edir və bunun fonunda Rusiya, Çin, Türkiyə və İranla əlaqələri "hörmətə əsaslanan əməkdaşlıq" kimi vurğulayır.

  • Azərbaycanın Avropa Şurası ilə münasibətləri faktiki dondurulmuş, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına əməl edilməməsi adi hal alıb.
  • Bunun əvəzinə Rusiya ilə praqmatik enerji və təhlükəsizlik əməkdaşlığı, Çinlə demokratiyasız inkişaf modeli üzərindən əlaqə qurulur. İqtisadi və informasiya təbliğatında Çin modeli – “avtoritar kapitalizm” – Qərbin “xaotik və pozucu demokratiyası” ilə müqayisə olunur və alternativ yol kimi təqdim edilir.
  • Anti-Qərb ritorikası eyni zamanda ideoloji səviyyədə Qərb dəyərlərinin – insan haqları, gender bərabərliyi, azad cəmiyyət, LGBT hüquqları və liberal hüquqi sistem – "qeyri-əxlaqi", "millilikdən uzaq", "ənənəvi ailə institutlarına zidd" kimi təqdim edilməsini əhatə edir.
  • Bu diskursun məqsədi cəmiyyətin daha geniş kəsimlərini – xüsusilə mühafizəkar və dini təbəqələri – qərbyönlü siyasətə qarşı səfərbər etməkdir.
  • Prezident Administrasiyasına yaxın ekspertlər və media qurumları Qərbin “ideoloji hegemoniyası”na qarşı çıxmağı “kultural müstəqillik” kimi təqdim edir.
  • Beləliklə, təkcə siyasi rejimin deyil, eyni zamanda  avtoritarizmin ideoloji möhkəmləndirilməsi hədəflənir.

Anti-Qərb ritorikası İlham Əliyevin siyasi rejimi üçün təkcə bir kommunikasiya texnikası deyil, rejimin təhlükəsizliyinin və davamlılığının mərkəzi ideoloji dayağına çevrilib. Bu ritorika vasitəsilə rejim özünü həm daxildə "xarici təsirlərə qarşı qalxan", həm də beynəlxalq sistemdə “avtoritar koalisiyanın” fəal üzvü kimi mövqeləndirir. 

Repressiv texnologiya və təcrübə mübadiləsi

Azərbaycan İran, Çin və Rusiya kimi dövlətlərin inkişaf etdirdiyi rəqəmsal nəzarət texnologiyalarına  ciddi maraq göstərir, həmçinin internet senzurası, sosial media üzərində nəzarət və ictimai fəalların izlənməsi sahəsində regional təcrübələrdən istifadə edir. Bu, rejimin uzunmüddətli stabil idarəçiliyini təmin etmək üçün beynəlxalq avtoritar təcrübələrin lokal tətbiqi deməkdir.

Yəni İlham Əliyev yalnız daxildə deyil, beynəlxalq səviyyədə də avtoritarizmin müdafiəçisi və təşviqatçısı kimi çıxış edir. Onun rəhbərliyi ilə Azərbaycan regional və qlobal miqyasda qeyri-demokratik rejimlərin həmrəyliyini gücləndirməyə, bu rejimlər arasında əməkdaşlıq və dəstək mexanizmlərini qurmağa çalışan “avtoritar blok”un aktiv iştirakçısına çevrilib.

Qərb siyasi dairələrinin Əliyev rejiminə tolerant münasibətində siyasi korrupsiyanın rolu

Azərbaycanın avtoritar rejimi ilə Qərb siyasi dairələri arasında formalaşmış “təhlükəli tolerantlıq” münasibəti təkcə geosiyasi maraqlarla deyil, həm də siyasi korrupsiyanın transsərhəd mexanizmləri ilə də əlaqələdir. İlham Əliyev hakimiyyəti Qərb ölkələrində müəyyən siyasi və iqtisadi dairələrlə korrupsiya xarakterli əlaqələr quraraq, insan haqları pozuntuları və demokratik geriləmələrə qarşı beynəlxalq təzyiqləri minimuma endirməyə nail olub.

Azərbaycan rejiminin Avropa Şurası, Avropa Parlamenti və digər qərb institutlarında lobbiçilik və rüşvət üsulları ilə təsir yaratması 2010-cu illərdən etibarən “kürü diplomatiyası” (caviar diplomacy) adı ilə tanındı. Azərbaycan rəsmilərinin Avropa deputatlarına, qərb diplomatlarına bahalı hədiyyələr, pullar və müxtəlif xidmətlər təklif etməsi qarşılığında, bu şəxslər insan haqları pozulmasına göz yumur, Azərbaycanın avtoritar rejiminə qarşı sərt qətnamələrin lehinə səs verməkdən yayınırdılar (European Stability Initiative, 2012).

Enerji maraqları ilə korrupsiyanın sintezi: Azərbaycanın enerji resursları – xüsusilə neft və qaz – təkcə iqtisadi rifah mənbəyi deyil, həm də İlham Əliyev rejiminin daxili siyasi nəzarətini möhkəmləndirməsi və beynəlxalq legitimlik qazanması üçün strateji alətə çevrilib. Bu enerji üstünlüyü ilə siyasi korrupsiyanın sintezi, həm daxili sosial nəzarətin qurulmasında, həm də beynəlxalq aləmdə Qərbin demokratik təzyiqlərinin neytrallaşdırılmasında istifadə olunur. Ortaya çıxan model – enerji kleptokratiyası – klassik avtoritar idarəetmə formasının yeni, riyakar versiyasıdır.

Qərb ölkələrinin, xüsusilə də Avropa Birliyi, Balkan ölkələri və bəzi Şərqi Avropa dövlətlərinin Azərbaycan qazına və neftinə artan ehtiyacı, Əliyev rejiminə qarşı daha yumşaq və güzəştli yanaşmanı təşviq edib. Bu iqtisadi həvəs enerji müqavilələri vasitəsilə, korrupsiya əlaqələri ilə daha da dərinləşib, bəzi qərbli siyasətçilər və lobbiçilər bu müqavilələrdən şəxsi gəlir əldə etmək üçün vasitəçi rolunu oynayıb.

Rejimə “sabitlik tərəfdaşı” imici qazandırmaq: Qərbdə bəzi dairələr İlham Əliyev rejimini qeyri-demokratik olsa da, “regional sabitliyin qarantı”, “radikalizmin qarşısını alan tərəfdaş” kimi təqdim edir. Bu ritorika korrupsiya əlaqələrinin bəraəti rolunu oynayır və demokratiyanın prinsipial müdafiəsini zəiflədir. Beləliklə, avtokratik sistemin legitimliyi Qərb siyasi platformalarında dolayı yollarla təsdiqlənir.

 Antikorrupsiya institutlarının selektiv fəaliyyəti: Qərbin bir çox antikorrupsiya təşkilatları və institutları Əliyev rejiminin xarici korrupsiya fəaliyyətlərini araşdırsa da, bu araşdırmalar nadir hallarda ciddi siyasi nəticələr doğurur. Məsələn, “Laundromat” araşdırması çərçivəsində Azərbaycanla bağlı külli miqdarda pulların Avropadakı korrupsion şəbəkələrə yönəldiyi sübuta yetirilsə də, siyasi dairələr bu məlumatlara əməli tədbirlərlə cavab verməyib (OCCRP 2017).

Ümumiyyətlə, Qərb siyasi dairələrinin Əliyev rejiminə tolerant münasibəti yalnız geosiyasi rasionallıqla deyil, həm də transmilli siyasi korrupsiya şəbəkələri ilə izah oluna bilər. Bu korrupsiya rejimin beynəlxalq legitimliyini qorumaqla yanaşı, insan haqları və demokratik institutların əhəmiyyətini ikinci plana keçirərək, avtoritarizmin davamlılığını beynəlxalq səviyyədə möhkəmləndirir.

Əliyevin Qərblə konfrontasiyada güvəndiyi resurslar: İlham Əliyevin Qərblə konfrontasiyada güvəndiyi resurslar əsasən strateji enerji üstünlüyü, regional geosiyasi mövqe, avtoritar sabitlik görüntüsü və daxili nəzarət imkanlarından ibarətdir. Bu resurslar ona təkcə beynəlxalq təzyiqlərə qarşı müqavimət göstərmək imkanı vermir, eyni zamanda rejiminin legitimliyini həm daxildə, həm də xaricdə müdafiə etməyə xidmət edir. Aşağıda bu resurslar ətraflı şəkildə izah olunur:

Enerji və tranzit üstünlüyü: Ən güclü resurs, Azərbaycanın enerji geosiyasətindəki strateji mövqeyidir. Bakı-Tbilisi-Ceyhan, TAP və TANAP kimi layihələrlə Azərbaycan Avropa üçün Rusiyadan asılılığı azaldan alternativ enerji marşrutlarına çevrilib. Bu vəziyyət Əliyevə “bizə toxunmayın, əvəzində enerji təhlükəsizliyiniz təmin olunur” mesajını verməyə imkan yaradır.

Üstəlik Azərbaycanın yerləşdiyi strateji mövqe — Qafqazın enerji, nəqliyyat və təhlükəsizlik dəhlizində mərkəzi rolu — Əliyev üçün mühüm resursdur:

  • Qərbin Orta Asiyaya çıxışı, Çinə qarşı alternativ nəqliyyat yolları, həmçinin Rusiya və İran arasında balans yaratmaq üçün Azərbaycan vacibdir.
  • Bu mövqe Əliyevə “regional sabitlik aktoru” kimi çıxış etməyə imkan verir və Qərb onunla işləməyə məcbur qalır, nəinki onu təcrid etməyə.
  • Gürcüstan və Ermənistanla müqayisədə daha “idarəolunan və avtoritar sabitlik” görüntüsü Qərbin geosiyasi planlarında Əliyevi alternativsiz edir.

Avropa üçün miqrasiya və sabitlik tamponu: Azərbaycan həm də Qafqazda qismən sabitlik adası kimi təqdim olunur. Rejim bu kartı “biz olmasaq, bölgə radikallaşar və miqrasiya artar” arqumenti ilə oynayır. Bundan xüsusilə Avropa Birliyinin miqrasiya və təhlükəsizlik qorxularını manipulyasiya etmək üçün istifadə olunur.

 Daxili siyasi monolitlik və repressiya sistemi: Əliyev Qərbin təzyiqlərinə qarşı daxildə çox güclü siyasi kontrol və repressiv aparat yaradıb. Bu, onu daxili təzyiqdən və xalq etirazından qoruyur, beləliklə, xarici təzyiqlərə qarşı müqavimət gücünü artırır. Daxildə güclü müxalifətin olmaması, onu Qərb qarşısında daha rahat və güzəştsiz mövqe tutmağa imkan verir.

Əliyevin Qərblə konfrontasiyasında güvəndiyi resurslar təkcə enerji və geosiyasi mövqeyindən ibarət deyil, həm də regional avtoritar dəstək, lobbiçilik şəbəkələri və daxili monolit repressiya rejimi kimi strateji üstünlükləri əhatə edir. Bu resurslar sayəsində Əliyev rejimi özünü Qərbin təzyiqlərinə qarşı dözümlü və müqavimətli siyasi sistem kimi təqdim edə bilir.

Azərbaycan avtoritarizminin gələcək inkişaf trayektoriyası necə olacaq?

“Avtokratiyadan demokratikləşməyə keçidin uyğun metodikası hansıdır?” sualına cavab axtarışında demokratikləşmənin üç dalğasının tarixi təcrübəsi vacib dərsdir. Demokratiya dalğaları akademik siyasətin ən çox müzakirə olunan sahəsidir. 

Demokratiyanın birinci dalğası öz başlanğıcını 1776-da ABŞ-ın müstəqilliyi və 1789-cu il Fransa inqilabından götürür. Bu, demokratikləşmənin ən uzunömürlü dalğasıdır. 100 ildən artıq davam edən bu dalğa Osmanlı, Avstriya-Macarıstan və Rusiya imperiyalarının süqutu nəticəsində Balkanlarda, Mərkəzi və Şərqi Avropada, eləcə də Qafqazda bir sıra yeni dövlətlər meydana gətirdi. Onların çoxunda idarəetmənin demokratik formaları tətbiq edilirdi. Azərbaycan Xalq Cümhuriyyəti də bu dalğanın məhsulu kimi ilk dəfə müstəqillik qazanan və demokratik idarəetmə tətbiq edən dövlətlərdən biri idi. (Elman Fattah. Berlin Divarının Bərpası-2019)

Lakin 1922-ci ildə Benito Mussolini’nin İtaliyada hakimiyyətə gəlişi ilə birinci dalğa özünün geri çəkilmə mərhələsinə qədəm qoydu. 1933-cü ildə Almaniyada Hitlerin hakimiyyətə gəlməsi isə alman və Avstriya demokratiyalarını da səhnədən sildi. Geri çəkilmə mərhələsi demokratik təsisatlar qurmağa macal tapmayan digər dövlətləri də vurdu. Sonda, 1940-cı ildə bütün kontinental Avropada demokratik idarəetmə quruluşunu saxlayan cəmi iki dövlət qalmışdı — İsveçrə və İsveç.

Beləliklə, birinci dalğa şərqdən sovet totalitarizmi, mərkəzi Avropada faşist, nasional-sosialist və militarist ideologiyaların yüksəlişi, eyni zamanda, İngiltərə və Fransanın öz aralarında apardıqları geosiyası oyunların məngənəsində boğularaq geri çəkilməyə məhkum oldu.

II Dünya Müharibəsinin sonu, nasist Almaniyasının və faşist İtaliyasının çöküşü demokratikləşmənin ikinci dalğasının əsasını qoydu. Avropanın köhnə demokratiyaları, Böyük Britaniya və Fransa kimi ölkələr müharibədən qalib çıxsalar da, iqtisadi gücləri sarsıldı. Nəhəng dəniz imperiyaları olan bu ölkələr koloniyalarını itirməli olurdular. Bu koloniyaların bir çoxu öz müstəqilliyini elan etdi. Birləşmiş Millətlər Təşkilatı yarandı. BMT dünyada demokratik insititutların, insan hüquq və azadlıqlarının inkşafına yardım edən və zəmanət verən ilk beynəlxalq təşkilat oldu. Ardınca Avropada qurulan regional təşkilatlar, Avropa Şurası, Avropa İqtisadi Birliyi, NATO kimi siyasi azadlıqları, inteqrativ iqtisadi-siyasi əməkdaşlığı və təhlükəsizliyi özündə ehtiva edən həqiqi demokratiya mərkəzləri beynəlxalq siyasətin əsas oyunçularına çevrildilər.

Lakin SSRİ və ABŞ arasında gedən soyuq müharibə qlobal demokratikləşməyə əngəl törədirdi. Asiya, Afrika və Latın Amerikasının gənc və dayanıqsız demokratiyaları bu iki əks qütbün güclü tərəfdaş tələblərinə cavab vermirdi. Hər iki hegemon ölkə özünün təsiri altındakı coğrafiyalarda avtoritar dövlət çevrilişlərinə şərait yaradır və dəstəkləyirdilər. Sovet İttifaqı Afrikadakı diktatorları silahla təmin edir, Amerika isə Latın Amerikasında hərbi xunta rəhbərləri üçün məsləhətçi və iqtisadi dəstəkçi kimi çıxış edirdi. Bu, 50-c illərin sonuna doğru geriləmənin ikinci dalğasını yaratmış oldu.

Buna baxmayaraq, hələ soyuq müharibə bitmədən demokratikləşmənin böyük dalğası revanş götürmüş, diktaturalar dağılmağa başlamışdı. Hər şey 1970-ci ilin ortalarında Cənubi Avropadan başladı. Bir-birinin ardınca Portuqaliya, İspaniya və Yunanıstanda dəyişikliklər oldu. 80-ci illərin sonuna doğru vüsət alan demokratikləşmə prosesi—Şərqi Avropadakı demokratikləşmə seriyası, soyuq müharibənin simvolu olan Berlin divarının sökülməsi və SSRİ-nin dağılması—üçüncü dalğanın qarşısıalınmaz prosesə çevriləcəyinə böyük ümidlər yaratmışdı.

Üçüncü dalğanın nəticələri

Üçüncü dalğanın nəticələri dəyişiklik yaşayan hər ölkə üçün fərqli oldu. Çexoslavakiya sakit şəkildə çoxpartiyalı sistemə keçdi, bir güllə atılmadan Çexiyaya və Slovakiyaya ayrıldı. Yuqoslaviyanın dağılması etnik təmizləmələr, kütləvi qətllər, irimiqyaslı hərbi əməliyyatlar və NATO bombardmanları ilə müşaiyət olunaraq on ildən çox zaman aldı. Sovet İttifaqı respublikalarından bəziləri Avropa Birliyinə üzv olmağa (Estoniya, Latviya, Litva) imkan tapdı. Bir neçəsi avrointeqrasiya yolunda xeyli məsafə qət etdilər. Əksəriyyəti isə (Rusiya, Belarus, Azərbaycan, Qazaxıstan və Orta Asiya ölkələri) sərt avtoritarizmə yuvarlandı. Ümumilikdə üçüncü dalğanın nəticəsi rəqəmlərlə daha yaxşı xarakterizə olunur: 1985-ci ildə dünyada cəmi 44 demokratik ölkə var idisə, 2005-ci ildə onların sayı artıq 93 idi.

Üçüncü dalğanın dönməz xarekter alacağına dair optimizmin yüksəlməsinə baxmayaraq cəmi 20-25 il sonra etiraf etmək lazım gəlir ki, o da elə 2000-ci illərdən etibarən geri çəkilməyə və öz yerini üçüncü qlobal avtoritar revanşa buraxmağa vadar olub.

XXI əsrin birinci və ikinci on illiyində postsovet avtokratiyalarına endirilən zərbələr (Gürcüstan, Ukrayna, Qırğızıstan) üçüncü dalğanın davamı deyildi. Geri çəkilməklə bərabər yüksələn avtokratiya revanşına qarşı, əslində, demokratikləşmənin ilk dalğasının mahiyyətinə uyğun inqilabi keçidlərdi. Hal-hazırda dünyada gedən bəzi proseslər də beynəlxalq avtoritar koalisiyanın böyük revanşı qarşılığnda ayrı-ayrı ölkələrdə baş qaldıran və üçüncü dalğanın yox, məhz birinci dalğanın xüsusiyyətlərinə uyğun formada endirilən inqilabi zərbələrdir.

Azərbaycandakı proses

Azərbaycana qayıtmış olsaq, uzun illərdir əliyevlər avtoritarizminə qarşı aparılan mübarizənin uğur qazanmamasının əsas səbəbi, əslində, yuxarıda izahını verdiyimiz demokratik dalğalar arasındakı spesifik fərqlərin, onların diktə etdiyi məcburiyyətlərin doğru qiymətləndirilməmisindən irəli gəlir. Hansı ki, əgər birinci dalğa daha çox inqilabi dəyişikliklərə əsaslanırdısa və nəhayətində seçkili demokratiyanın möhkəmlənməsi ilə nəticələnmişdisə, son dalğa demokratikləşmə prosesinin daha çox konsalidativ müstəvidə, yəni avtoritar və totalitar hökümətlərin yuxarıdan başlanan islahatlarla yeni idarəetmə formasına keçid nümunələri ilə seçilirdi.

Azərbaycan fəadailərinin 30 illik mübarizə taktikası da məhz son dalğanın davam etdiyinə dair yanlış qənaətlə onun spesifikasına və metodik şərtlərinə uyğun formada uğura nail olmağa hesablanmışdı. Yəni strategiya bu idi: biz höküməti anti demokratiklikdə ifşa edirik, beynəlxalq təşkilatlar onu üzərinə götürdüyü insan haqları və seçki islahatları öhdəlikləri ilə sıxışdırır və nəticədə rejim geri çəkilərək protest elektoratının təmsilçiləri ilə dialoq məcburiyyətində hakimiyyət dəyişikliyini həzm etməli olur. Təxminən Cənubi Afrikadakı aparteid rejiminin süqutuna bənzər ssenari.

Halbuki əliyevlər avtoritarizmi ən geci 2002-ci ildə yeni müstəviyə, məşəvərətçi avtoritarizmdən yumşaq avtoritarizmə keçid etməklə, tezliklə daha sərt avtoritarizmə yuvarlanacağının anonsunu vermişdi. Nəticə etibarı ilə də demokratiyanın son dalğasına qarşı modern avrotitarizmin özünəməxsus immunitetlərini qazanaraq ənənəvi mübarizə taktikasının uğursuzluğa məhkumluğunu şərtləndirmişdi.

Daha aydın izah üçün belə bir müqayisə aparaq: əgər 2003-cü ilə qədər Azərbaycanda aparılan demokratiya mübarizəsi hər gün özünün bir az daha çox güclənmə dövrünü yaşayırdısa, bu tarixdən sonra əksinə, hər gün daha çox geriləmə dövrünü yaşadı. Bu, bir çoxlarının inandığı kimi təkcə Azərbaycanın siyasi müxalifətinin demoralizasiyasına, yəni 2003-cü il seçkilərindən sonra əmələ gələn ruh düşkünlüynə görə yaranan mənzərə deyildi.

Bu yazıda qeyd edildiyi kimi, demokratiyanın son dalğasının geriləmə mərhələsi, əslində, Yeltsin liberalizminin Rusiyadakı süqutu və Putin avtokratiyası ilə artıq başlamışdı. Bu, çox mühüm mərhələdir. Məhz bu geri çəkilmə mərhələsindəki apatik vəziyyət Azərbaycan demokratik hərəkatının uğursuzluğunun determinizmidir. Əgər Azərbaycan avtoritarizmi 2005-ci ildə özünün sərt dönüşünü etməsəydi və ya Gürcüstanın, Ukraynanın bir neçə il öncəki “səhvlərini” təkrarlayaraq həqiqi parlamentar plüralizmə keçid etmiş olsaydı, demokratiyanın son dalğasının ənənəvi taktikası rejimi “siyasi dialoq və konsolidasiya”ya məhkum buraxa və demokratikləşməni həzm etməyə məcbur edə bilərdi.

Əliyevlər rejimi isə son dalğanın geri çəkilmə mərhələsini (həm də Gürcüstan, Ukrayna və Qırğızıstan inqilablarının təhdidi altında) “vaxtında gördü”. Adı çəkilən ölkələrdən fərqli olaraq tərəddüdə son qoydu — avtoritarlaşma və demokratikləşmə arasındakı təhlükəli rəqsi dayandırıb demokratiyanın son dalğasına qarşı formalaşan beynəlxalq avtoritar koalisyaya qoşulmağı seçdi.

Sözsüz ki, antiavtoritar aktivistlər bu mərhələ dəyişikliyində təslim olub geri çəkilməməklə ləyaqətli davrandı. Lakin yeni mərhələnin çağırışlarına uyğun yeni strategiya hazırlamadı. Sadəcə son dalğanın verdiyi təcrübə ilə avtoritarizmin möhkəmlənməsinə qarşı refleksiv müqavimət göstərməyə davam edildi. Mərhələ dəyişikliyi ilə ənənəvi taktikanın ayrı-ayrı müstəviləri ehtiva etməsi və onun doğurduğu disfunksionalizm demokratik qüvvələrin zəifləməsini, avtoritarizmin möhkəmlənməsini şərtləndirdi. 

Yaranan suallar

Elə buradaca bir neçə sual ortaya çıxa bilər:

— Prosesin inqilabi müstəviyə daşınması arzu olunandırmı?
— Əsla. Lakin şərtlər onu diktə edir.

— Ümumiyyətlə, Azərbaycanda inqilabi profilli siyasi təşkilat varmı?
— Xeyr.

O zaman Azərbaycan siyasi sistemi labirintdədirmi? Eyni qaydada davam ediləcəksə, bəli. Yox, əgər vəziyyətdən çıxış yollarını hərtərəfli müzakirə edib, avtoritar tendensiyaya qarşı refleksiv reaksiyalar əvəzinə onu necə dəyişməyin yollarının tapılmasına dair yeni siyasi strategiyalar üzərində işlənilsə, o zaman “əliyevlər avtoritarizminə necə qalib gəlməli?” sualına cavab tapıla bilər. Və cavab axtarışlarımızda bir həqiqəti unutmamalıyıq: Azərbaycan avtoritarizminin çöküş reseptini tapmağın, onu islahatlara vadar etmə reseptini tapmaqdan daha ağlabatan olduğunu.

Azərbaycanın siyasi strukturu isə artıq uzun illərdir ki, avtoritar model üzərində formalaşıb və sabitləşib. Prezident hakimiyyətinin mərkəzləşdiyi, müxalifətin marginallaşdırıldığı, medianın nəzarət altında olduğu bu sistem, bir tərəfdən şah-dövlət hegomonyasını doğurub, digər tərəfdən cəmiyyətin ifadə azadlığı imkanlarını tamamilə sıfırlayıb. Mövcud siyasi palitranın gələcək trayektoriyasını müəyyənləşdirmək üçün daxili və xarici amilləri, sosial dinamikaları və qlobal meylləri nəzərə almaq vacibdir. Bu konteksdə Azərbaycan avtoritarizmi özünün gələcək transformasiyasını dörd istiqamətdə yaşaya bilər:

  1. Dərinləşən avtoritarizm ssenarisi: Mövcud siyasi praktikanın davam etdirilməsi və avtoritar idarəetmə üsullarının daha da sərtləşməsi ən real ehtimallardan biridir. Son illərdə qəbul edilən hüquqi və institusional dəyişikliklər–o cümlədən prezident səlahiyyətlərinin artırılması, vitse-prezidentlik institutunun tətbiqi və seçki mexanizmlərinin mərkəzi nəzarətə keçməsi, media və siyasi partiyalar haqda qanunların mürtəceləşdirilməsi–bu istiqamətdə davam edən trendin göstəricisidir.

Bu ssenarinin əsas xüsusiyyətləri:

  • Daha güclü nəzarət texnologiyaları: Sosial şəbəkələrin monitorinqi, süni intellekt əsaslı nəzarət mexanizmləri;
  • Müxalifətin tam sıxışdırılması: Yeni nəsil müxalifət qruplarının və vətəndaş cəmiyyəti təşəbbüslərinin erkən mərhələdə neytrallaşdırılması;
  • İdeoloji homogenlik: Dövlət yönümlü təbliğat və alternativ diskursların aradan qaldırılması.

Bu ssenari qısa və orta müddətdə siyasi sabitliyi qoruyub saxlaya bilər. Lakin uzunmüddətli perspektivdə cəmiyyətin tələbləri ilə siyasi struktur arasında disbalans yarana, artıq formalaşmış klassik avtoritar sistem zamanla immunitetini itirə və tarixdəki nümunələri (Rumıniyada Çauşesku, İraqda Səddam, Liviyada Qəddafi, Suriyada Əsəd rejimləri) kimi faciəli şəkildə dağıla bilər.

2. İslahat və yumşalma ssenarisi: İkinci mümkün trayektoriya–qismən islahatlara yönəlmiş, lakin avtoritar çərçivədən çıxmayan bir “yumşalma” modelidir. Burada əsas məqsəd daxili narazılığı cilovlamaq, beynəlxalq imici yaxşılaşdırmaq və sistemin davamlılığını təmin etməkdir.

Bu ssenaridə ola biləcək dəyişikliklər:

  • Texnokratik idarəçiliyin təşviqi: Bəzi sahələrdə (rəqəmsal hökumət, sosial xidmətlər) idarəetmənin səmərəliliyinin artırılması;
  • Qismən siyasi açılım: Məsələn, 2005-ci il standartlarına geri dönmək, seçkilərin nisbətən rəqabətli keçirilməsi və ya qeyri-sistem partiyalarının məhdud şəkildə fəaliyyətinə icazə verilməsi;
  • Medianın qismən liberallaşdırılması: Onlayn media və sosial platformalarda müəyyən yumşalmanın tətbiqi.

Bu trayektoriya sistemin elastikliyini artıraraq legitimliyini müəyyən dərəcədə bərpa edə bilər, lakin real siyasi pluralizmi bərqərar etməyəcək. Digər tərəfdən isə tarixi təcrübə göstərir ki, bu cür ssenari keçid dövrünün predmetidir. Sistem ya, tam demokratikləşməyə keçməli, ya da sərt avtoritarizmə yuvarlanmalıdır. 

3. Sosial qarşıdurma və dəyişiklik ssenarisi: Əgər iqtisadi sabitlik pozularsa, gənclər arasında narazılıq dərinləşərsə və xarici təzyiqlər artarsa, daha radikal dəyişikliklərin baş verməsi ehtimalı da nəzərdən qaçırılmamalıdır.

Bu trayektoriyaya səbəb ola biləcək amillər:

  • İqtisadi böhran və sosial narazılıq: Neft gəlirlərinin azalması və regionlardakı işsizlik artımı;
  • Gənc nəslin demokratik tələbləri: Yeni texnologiyalardan istifadə edən, daha açıq dünyagörüşünə malik gənclərin siyasi fəallığı;
  • Regional və beynəlxalq şərtlərin dəyişməsi: Müttəfiq ölkələrdə rejim dəyişiklikləri və beynəlxalq təcrid siyasəti.

Bu trayektoriya həm müsbət (demokratik keçid), həm də mənfi (qarşıdurma, qeyri-sabitlik) ssenarilər doğura bilər.

4. Qarışıq model: avtoritarizm + modernləşmə: Ən çox ehtimal olunan trayektoriyalardan biri–siyasi sistemin avtoritar əsaslarını saxlayaraq, müəyyən modernləşdirici islahatlarla dayanıqlılığını qorumağa çalışmasıdır.

Bu modelin əsas xüsusiyyətləri:

  • Yuxarıdan idarə olunan modernləşmə: Dövlətin nəzarəti altında innovasiya və iqtisadi inkişaf təşviqi;
  • Avtoritar sabitliyin saxlanılması: Siyasi pluralizmin məhdudlaşdırılması davam edəcək;
  • Təhlükəsizlik mərkəzli idarəetmə: Geosiyasi təhdidlərə qarşı daxili nəzarətin gücləndirilməsi.

Bu modeldə məqsəd sosial narazılığı sistem daxilində udmaq və rejimin davamlılığını təmin etməkdir.

Beləliklə, Azərbaycanın avtoritar siyasi sisteminin gələcək inkişaf trayektoriyası bir çox faktordan asılıdır: iqtisadi sabitliyin qorunması, vətəndaş cəmiyyətinin inkişaf templəri, gənc nəslin tələbləri, yeni siyasi strategiyaların hazırlanması, beynəlxalq təzyiqlər və regional proseslərdən. 

Nəticə

1993–2025-ci illər ərzində Azərbaycan Respublikasında avtoritar idarəetmənin mərhələli və sistemli şəkildə dərinləşməsi müşahidə olunub. Bu təkamül prosesi tədqiqatda ardıcıl olaraq məşvərətçi, imitasiya xarakterli, yumşaq, sərt və nəhayət, ailəvi avtoritarizmin formalaşması ilə təhlil edilib. Heydər Əliyevin hakimiyyəti dövründə formalaşan məşvərətçi və yumşaq avtoritar model ilkin olaraq siyasi sabitliyi təmin etməyə yönəlmişdi. Lakin bu model tezliklə demokratiyanın imitasiyası ilə əvəz olundu və İlham Əliyevin prezidentliyi dövründə sərt və ailə avtoritarizminin dominant olduğu yeni mərhələyə keçid baş verdi (Freedom House, 2023 b).

Bu proseslər siyasi institutların formallığını artırmaqla bərabər, real siyasi rəqabət imkanlarını məhdudlaşdırdı. Xüsusilə seçki mexanizmlərinin saxtalaşdırılması (OSCE/ODIHR, 2015), müstəqil medianın iflic edilməsi və vətəndaş cəmiyyətinin hüquqi alətlərlə zəiflədilməsi Azərbaycanda avtoritarizmin strukturlaşdırılmış və davamlı idarəetmə rejiminə çevrilməsinə səbəb oldu. İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyevanın vitse-prezident təyin edilməsi və siyasi gücün ailə daxilində mərkəzləşdirilməsi həmin prosesi sülalə avtoritarizminin bariz nümunəsi kimi təsdiqləyir.

Tədqiqat göstərdi ki, bu təkamül təkcə daxili siyasətlə məhdudlaşmır, həmçinin enerji resurslarına əsaslanan iqtisadi model və beynəlxalq aktorların (xüsusilə Avropa Birliyi və ABŞ) ardıcıl olmayan və zəif mövqeləri ilə də dəstəklənib. Avtoritar rejimin “antiqərb ritorikası”na rəğmən geosiyası ehtiyac və siyasi korrupsiya faktoru və “təhlükəsizlik prioritetlərinin” önə çəkilməsi ölkəyə qarşı tətbiq edilə biləcək demokratikləşdirici təzyiqləri neytrallaşdırıb.

Azərbaycan avtoritarizminin təkamülü ölkədə siyasi rəqabətin aradan qaldırılması, fərdi hüquq və azadlıqların məhdudlaşdırılması, vətəndaş cəmiyyətinin məhv edilməsi ilə nəticələnib. Bu modelin davam etməsi yalnız ictimai-siyasi tıxaca deyil, həm də sosial parçalanmalara və iqtisadi dayanıqsızlığa səbəb ola bilər.

Nəticə etibarilə, Azərbaycan nümunəsində avtoritarizmin dərinləşməsi təkcə bir siyasi idarəetmə forması kimi qalmır, həm də institusional və ideoloji bir model mahiyyəti kəsb etməyə başlayıb. Azərbaycan avtoritarizminin gələcək inkişaf trayektoriyası ya daha sərt, Çin və Rusiya modellərinə yaxınlaşan avtoritar konsolidasiyaya, ya da nəzarətli liberalizmin simulyasiyası ilə xarici legitimlik axtarışına yönələ bilər. Hər iki yolun ortaq cəhəti isə dəyişməz olaraq siyasi azadlıqların və real rəqabətli seçki imkanlarının yaxın gələcəkdə bərpa olunmayacağına işarə edir. Lakin sistemin içindəki institusional kövrəklik, elitanın fragmentasiyası və ictimai narazılıq ehtiyatları zamanla bu trayektoriyanı daha açıq qarşıdurma və ya islahat zərurəti mərhələsinə daşıya bilər. Bu baxımdan, Azərbaycanın avtoritar gələcəyi qısa müddətdə davamlı görünsə də, orta və uzun müddətdə qeyri-müəyyənlik və potensial təlatüm riski yüksək olaraq qalır.

Bu şəraitdə demokratik transformasiya üçün daxili institutların müstəqilləşməsi, vətəndaş cəmiyyətinin dirçəlməsi və beynəlxalq ictimaiyyətin ardıcıl demokratik mövqe tutması əsas şərtdir. 



İstinadlar


Elman Fattah. 2019. “Berlin divarının ‘bərpası.’” AZLOGOS. https://azlogos.eu/berlin-divarinin-b%C9%99rpasi/.

European Commission. 2024. “EU Steps Up Renewable Energy Cooperation with Azerbaijan.” European Commission, March 4, 2024. https://energy.ec.europa.eu/news/eu-steps-renewable-energy-cooperation-azerbaijan-2024-03-04_en.

European Stability Initiative. 2012. “Caviar Diplomacy.” European Stability Initiative. https://www.esiweb.org/proposals/caviar-diplomacy.

Freedom House. 2023a. Freedom in the World 2023: Marking 50 Years in the Struggle for Democracy. Washington, DC: Freedom House. https://freedomhouse.org/report/freedom-world/2023/marking-50-years.

Freedom House. 2023b. Nations in Transit 2023: Azerbaijan. Washington, DC: Freedom House. https://freedomhouse.org.

Kendall-Taylor, Andrea, and Erica Frantz. 2014. “A Dictator’s Toolkit: Understanding How Co-optation Affects Repression in Autocracies.” Journal of Peace Research 51 (3): 332–346. https://journals.sagepub.com/doi/10.1177/0022343313519808.

OCCRP. 2017. “The Azerbaijani Laundromat.” Organized Crime and Corruption Reporting Project. https://www.occrp.org/en/project/the-azerbaijani-laundromat.

OCCRP. 2021. “Life in Azerbaijan’s Digital Autocracy: ‘They Want to Be in Control of Everything.’” Organized Crime and Corruption Reporting Project. https://www.occrp.org/en/project/the-pegasus-project/life-in-azerbaijans-digital-autocracy-they-want-to-be-in-control-of-everything.

OCCRP. 2025. “Azerbaijan Escalates Crackdown on Civil Society, Arrests NGO Figures, Targets Exiled Activists.” Organized Crime and Corruption Reporting Project, March 17, 2025. https://www.occrp.org/en/news/azerbaijan-escalates-crackdown-on-civil-society-arrests-ngo-figures-targets-exiled-activists.

OSCE/ODIHR. 2015. Republic of Azerbaijan Parliamentary Elections, 1 November 2015: Final Report. Warsaw: OSCE Office for Democratic Institutions and Human Rights. https://www.osce.org/odihr/elections/azerbaijan.

President.az. 2024a. “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat imzalanıb.” https://president.az/az/news/category/signing.

President.az. 2024b. “Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.” https://president.az/az/articles/view/68674.

Report.az. 2019. “İlham Əliyev: Heç kim bizim işimizə müdaxilə edə bilməz, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz.” Report.az. https://report.az/daxili-siyaset/prezident-i-lham-eliyev-hec-kim-bizim-isimize-mudaxile-ede-bilmez-hec-bir-kenar-quvve-bizim-irademize-tesir-ede-bilmez/.