Research paper

Azərbaycan Avtoritarizminin Təkamülü (II HİSSƏ): Post-Qarabağ dövründə avtoritarizmin modifikasiyası

Azərbaycan Avtoritarizminin Təkamülü (II HİSSƏ): Post-Qarabağ dövründə avtoritarizmin modifikasiyası

Mütaliəni asanlaşdırmaq üçün KHAR Center tərəfindən dərc olunan bu tədqiqat bir neçə hissədə təqdim olunacaq.

Tədqiqatın birinci hissəsinə keçid üçün

Tədqiqatın üçüncü hissəsinə keçid üçün


2020-ci ilin payızında Azərbaycan Ordusunun Qarabağda hərbi qələbə qazanması, ölkə daxilində Əliyev rejiminə dəstəyi müvəqqəti artırdı. Nəticədə bu dövr avtoritarizmin daha da möhkəmlənməsi və legitimlik üçün “qələbə kapitalı”ndan istifadəsi ilə müşayiət olundu  (Freedom House, 2023). 44 günlük müharibədən sonra hakimiyyət Qarabağ qələbəsini siyasi gündəmin mərkəzinə çevirərək bütün tənqidləri “vətənpərvərlik əleyhinə çıxış” kimi təqdim etməyə başladı. Tənqidə qarşı yeni “antimilli” çərçivələr formalaşdı. Bu, repressiyanın milli ideologiya pərdəsi altında davam etdirilməsinə zəmin yaratdı və qələbə siyasi hegemoniyanın simvoluna çevrildi.

“Qələbədən sonra islahat” ritorikasının iflası: Müharibədən dərhal sonra rejim yeni mərhələdə “islahatlar”, “yeni sosial müqavilə”, “açıq idarəetmə” və “Qarabağın bərpasında şəffaflıq” kimi şüarlar irəli sürdü. Amma qısa müddət ərzində bu çağırışlar yerini köhnə korrupsiya üsullarına və qeyri-şəffaf tender proseslərinə verdi (Transparency International, 2022). Qarabağda aparılan bərpa işləri də əsasən ailəyə aid və ya xarici dost (məsələn, Ərdoğana yaxın) şirkətlərə həvalə edildi.

Post-Qarabağ dövründə rejim klassik repressiv üsullardan əlavə, rəqəmsal nəzarət və dezinformasiyanı da gücləndirdi. Sosial şəbəkələrdəki tənqidçilər izlənməyə və hədəfə çevrilməyə başladı. Troll şəbəkələri və kiber-müşahidə vasitələri vasitəsilə informasiya mühiti tam nəzarətə alındı (Reporters Without Borders, 2023).

Geosiyasi kapitalın artması və daxili sərtlik: Qarabağ zəfəri nəticəsində Türkiyə ilə münasibətlərin möhkəmlənməsi və regionda artan təsir imkanları Əliyev rejiminə beynəlxalq arenada əlavə manevr imkanları verdi(Şuşa Bəyannaməsi 2021). Bu isə daxildə daha sərt və cəzasız idarəetmə formalarına şərait yaratdı: siyasi məhbusların sayı artdı, yeni repressiya dalğaları baş verdi.  Post-Qarabağ dövrü, avtoritar rejimin zəiflədiyi bir mərhələ deyil, əksinə, onun yeni legitimlik mənbələri və nəzarət texnikaları ilə gücləndiyi bir mərhələ oldu. Qələbə, vətəndaş azadlıqları üçün fürsətə deyil, mövcud siyasi transformasiyanın–tək adam və ya ailə hakimiyyətinin möhkəmləndirilməsi üçün alətə çevrildi.

Ancaq bütün bunların baş tutma səbəbi, əslində post-Qarabağ dövründən əvvəlki 30 ildə baş verənlərdən qaynaqlanır. 

Siyasi mədəniyyətin zəifliyinin avtoritarizmin möhkəmlənməsinə töhfəsi

Azərbaycanda avtoritarizmin dərinləşməsində yalnız siyasi elita və institusional amillər deyil, həm də zəif siyasi mədəniyyət mühüm rol oynayıb. Siyasət təkcə bilik, əqidə və təcrübə məsələsi deyil, həm də kültür məsələsidir (Arqument.az 2019). Cəmiyyətin geniş təbəqələrində demokratik dəyərlərin ümumi sosial təcrübəyə çevrilməməsi, avtoritar idarəetmənin təhlükəsinə qarşı ictimai laqeydliyi  gücləndirib, passiv itaətkar vətəndaş obrazının yaranmasını şərtləndirib.

Sovet dönəmindən miras qalmış siyasi passivlik, vətəndaşların dövlətə münasibətində qorxu və itaətkarlığın dominant mövqedə olmasına gətirib çıxarıb. İnsanlar siyasi proseslərə müdaxilə etmək əvəzinə, rejimin “stabilllik” və “sabitlik” ritorikasını qəbul etməyə üstünlük verib. Bu isə vətəndaş cəmiyyətinin güclənə bilməməsini şərtləndirib. Təkrar-təkrar təhrif olunmuş seçkilər, müxalifət partiyalarının disfunksional münasibətləri və nəticəsiz siyasi çağırışlar cəmiyyətin böyük hissəsində “heç nə dəyişməz” əhval-ruhiyyəsi yaradıb. Bu inamsızlıq siyasi alternativlərə marağı azaldıb və avtoritar rejimə təslim olmağa “məcburi seçim” kimi baxmağa səbəb olub. 

Azərbaycan cəmiyyətində ənənəvi ailə dəyərləri və lider mərkəzli münasibət modeli siyasi sahədə də özünü göstərib. Heydər Əliyevin “milli lider” kimi mifləşdirilməsi, onun davamçısına yönəlik tənqidlərin “vətənə qarşı çıxış” kimi təqdim olunması, rasional siyasi tənqidə qarşı da hökümətin linc kampaniyası aparmasına əsas yaradıb (Azərbaycan-news-az 2021).

Təhsil sistemində siyasi şüurun və tənqidi düşüncənin inkişafına imkan verən mexanizmlər demək olar ki, yoxdur. İctimai fənlərin məzmununda siyasi iştirak və vətəndaş hüquqları mövzusunda tədris aparılmır. Bu da vətəndaşları hüquqsuzluqla barışmağa və fərdi maraqlarını ümumi siyasi taleyə qatmadan yaşamağa alışdırıb və bütün cəmiyyətin siyasi apatiyaya yuvarlanmasını şərtləndirib.

Nəsil dəyişikliyi və avtoritar idarəetmənin davamlılığı

Azərbaycanda avtoritarizmin davamlılığını təmin edən əsas mexanizmlərdən biri də hakimiyyət daxilində nəsil dəyişməsinin idarə olunan və planlı şəkildə həyata keçirilməsidir. Bu dəyişikliklər sadəcə bioloji və ya yaş əsaslı rotasiya deyil, həm də siyasi loyallıq, ailə bağlılığı və idarəetmə təcrübəsinin ötürülməsi mexanizmi kimi istifadə olunur.

Heydər Əliyevdən İlham Əliyevə keçid: siyasi varisliyin institutlaşdırılması: Heydər Əliyevin ölümündən sonra oğlu İlham Əliyevin hakimiyyətə gətirilməsi Azərbaycanda ailə hakimiyyətinin başlanğıcı oldu. Bu keçid sadəcə hakimiyyət dəyişikliyi deyil, avtoritar rejimin varislik yolu ilə davam etdirilməsinin yeni forması idi. Varislik prosesi öncədən hazırlanmış, hüquqi və inzibati müstəvidə şərait yaradılmışdı (Hale, H. E. 2005). 2017-cı ildən Mehriban Əliyevanın vitse-prezident təyin olunması ilə ailədaxili hakimiyyət bölgüsü rəsmi şəkil aldı. Bu, həm İlham Əliyevin şəxsi gücünü qorumaq, həm də gələcəkdə hakimiyyətin digər ailə üzvünə ötürülməsi üçün mexanizm yaratmaq məqsədi daşıyır. Nəticədə, dövlət idarəçiliyində ailə daxilində koordinasiya qurularaq sistem sabitliyi qorunmağa çalışılır.

Gənc kadrlara nəzarətli çıxış: texnokrat görüntü, siyasi nəzarət: Son illərdə bəzi gənc və təhsilli şəxslərin vəzifələrə gətirilməsi müşahidə olunsa da, bu dəyişikliklər sistemin mahiyyətini dəyişmək deyil, onu “modernləşmiş avtoritarizm” çərçivəsində yeniləmək məqsədi daşıyır. Bu kadrlar ya ailəyə bağlılıqla seçilir, ya da sərt nəzarət altında fəaliyyət göstərirlər. Beləliklə, rejim, əlbəttə, yenilənir—avtoritarizmin davamlılığının təmini naminə (Levitsky & Way, 2010).

Digər tərəfdən nəsil dəyişikliyi prosesləri rejim tərəfindən “sabitliyin və inkişafın davamlılığı” kimi təqdim edilir. Hakimiyyət bu arqumentlə cəmiyyətin dəyişiklik tələblərini neytrallaşdırmağa çalışır. Reallıqda isə bu, siyasi alternativlərin boğulması və yeni elitanın formalaşmasının qarşısını almağa xidmət edir. Nəticədə Azərbaycanda nəsil dəyişikliyi rejimin zəifləməsinə deyil, onun möhkəmlənməsinə xidmət edir. Bu keçidlər planlı, nəzarətli və ailədaxili loyallığa əsaslanan mexanizmlərlə həyata keçirilərək, avtoritarizmin ailə modelinə keçidini təminat altına alınmasını hədəfləyir. Beləliklə, siyasi sistem yenilənirmiş kimi görünsə də, mahiyyətcə daha mürtəce xarakter alır.

Əliyev rejiminin kosmopolitizmdən militarizmə yuvarlanması

İlham Əliyev rejiminin siyasi diskursu və ideoloji yönü zamanla ciddi transformasiyaya uğrayıb. 2000-ci illərdə qərbyönümlü, iqtisadi liberallaşma və beynəlxalq inteqrasiyanı prioritet sayan kosmopolit ritorika, 2020-ci ildən etibarən millətçi, militarist və müharibə sonrası dominantlıq ritorikası ilə əvəz olunub. Bu dəyişiklik sadəcə ideoloji keçid deyil, həm də avtoritar idarəetmənin legitimlik böhranına qarşı cavab kimi meydana çıxmış siyasi alətdir (Modern Diplomacy 2024). 

2003–2013-cü illər arası dövrdə Əliyev hakimiyyəti özünü beynəlxalq investorlar və qərb siyasi institutları qarşısında “modernləşən, sabit və açıq, multikulturalist” ölkə kimi təqdim edirdi. Dünya Bankı, AB, ATƏT və BMT strukturlarına yönəlmiş islahat ritorikası və beynəlxalq tədbirlərdə fəal iştirak, rejimin kosmopolit maskasını qoruyurdu. Bu mərhələdə əsas diqqət enerji müqavilələrinə və Avropa ilə strateji tərəfdaşlığa yönəlmişdi. 2010-cu illərin ortalarından etibarən isə qərb institutları ilə gərginliklər və daxildəki avtoritar siyasətin dərinləşməsinə paralel olaraq, “xarici müdaxilə”, “milli suverenlik” və “ikili standartlar” kimi anlayışlar rəsmi ritorikaya daxil edilməyə başladı. Bu dəyişikliklər Əliyevin kosmopolit yanaşmadan uzaqlaşaraq daha çox müdafiəçi və tənqidedici mövqe sərgiləməsinə səbəb oldu. 2020-ci ildən sonra isə bu müdafiəedici və tənqidedici mövqeni qərb institutlarına, hətta konkret siyasi mərkəzlərə qarşı açıq hucum ritorikası əvəz edib.

Qarabağ müharibəsi (2020) Əliyev rejimi üçün ideoloji dönüş nöqtəsi oldu. Qələbə sonrası rəsmi ritorika tamamilə hərbi zəfər, vətənpərvərlik, düşmən obrazı və qələbə kultu ətrafında formalaşdı. Dövlət mediası, təhsil və siyasi debatlar militarist ritorika ilə doyduruldu. Ordunun gücü, şəhid kultu və Qarabağın “yenidən qurulması” siyasi hegemonluğun əsas dayaqlarına çevrildi.

Militarizmin avtoritarizm üçün funksional rolu: Militarizm təkcə milli qürur ritorikası deyil, həm də daxili tənqidin boğulması üçün ideoloji örtükdür. Müharibə sonrası ritorika vasitəsilə rejim:

  • Azad media və müxalif fikri “xain” və ya “antimilli” kimi damğalayır,
  • Qələbə kultu vasitəsilə avtoritar idarəetməyə alternativ axtarışlarını boğur,
  • Ordunun prestijini polis gücünə proyeksiya edərək onu repressiv aparatın lokomotivinə çevirir, düşmənə qarşı idollaşdırdığı ‘dəmir yumruğu’ qələbənin əsl memarının—xalqın başına endirir.

Etatizm avtoritarizmin qidalandırıcı mənbəsi kimi: Azərbaycanda avtoritarizmin dərinləşməsinin əsas struktur səbəblərindən biri etatizmdir–yəni dövlətin iqtisadiyyatda, cəmiyyət həyatında və sosial resursların bölüşdürülməsində total dominasiya etməsi. Etatist idarəetmə modeli, formal olaraq iqtisadi rifah və sabitlik vədi ilə təqdim edilsə də, gerçəkdə vətəndaş cəmiyyətini zəiflədən, fərdi təşəbbüsləri boğan və rejimin total nəzarətini legitimləşdirən bir vasitəyə çevrilib. Əliyev rejimi dövlət büdcəsindən asılı olan geniş sosial təbəqələr formalaşdırmaqla, onların siyasi passivliyini təmin edib. Müəllimlər, həkimlər, büdcə təşkilatlarında çalışanlar və kənd təsərrüfatı subsidiyalarından asılı fermerlər, tam mənada rejimə sədaqətli olmaq məcburiyyətində qalırlar. Bu modeldə iqtisadi mükafat və cəza rejiminin aləti kimi istifadə olunur. Ənənəvi özəl sektor da Azərbaycan iqtisadiyyatında inkişaf edə bilməyib, əvəzində dövlətdən tender alan, dövlət sifarişi ilə yaşayan və əslində dövlət strukturlarına bağlı oliqarxik şirkətlər önə çıxıb. Bu, bazar iqtisadiyyatının yoxluğunu göstərməklə yanaşı, siyasi alternativlərin formalaşmasının da qarşısını alır.

Dövlətin hər sahədə monopol rol oynaması, qeyri-hökumət təşkilatlarının, müstəqil mediadan gələn təşəbbüslərin və ictimai iştirak mexanizmlərinin “dövlətçiliyə qarşı fəaliyyət” kimi təqdim olunmasına səbəb olur. Beləliklə, etatizm yalnız iqtisadi deyil, həm də ideoloji nəzarət mexanizminə çevrilir.

Dövlət bütün rifahın yeganə mənbəyi kimi təqdim olunduqda, vətəndaş dövlətə təkcə idarəçi kimi deyil, “xilaskar” və “himayədar” kimi baxmağa başlayır. Bu, lider kultunun və qeyri-demokratik idarəçiliyin cəmiyyət tərəfindən daha asan qəbul edilməsinə səbəb olur. Beləliklə, etatizm,  avtoritarizmi yalnız qoruyan deyil, həm də ideoloji olaraq bəsləyən faktora çevrilir. O, cəmiyyətin iqtisadi asılılığını təmin etməklə yanaşı, siyasi alternativlərin qarşısını alır, müstəqil təşəbbüsləri boğur və avtoritarizmi həm struktur, həm də ideoloji səviyyədə qidalandırır.

Ümumiləşdirmiş olsaq, əgər Əliyev rejimi əvvəllər beynəlxalq imicini qorumaq üçün kosmopolit ritorikadan istifadə edirdisə, indi bu yanaşmanı tərk edərək etatist-militarist ideoloji dayaqlarla avtoritar hakimiyyətini möhkəmləndirir. Bu yuvarlanma təkcə ritorik deyil, həm də siyasi idarəetmə və cəmiyyətin yönləndirilməsi baxımından strateji mahiyyət daşıyır.

Müxalifətin yanlışları və avtoritarizmin güclənməsinə təsiri 

Azərbaycanda avtoritar rejimin davamlılığında avtoritar hökümətin amansızlığının həlledici rol oynaması şübhəsizdir. Ancaq müxalifətin zəifliyi və strateji yanlışları da bu gedişata öz ‘töhfəsini’ verib. 

Müxalifətin təsirsizliyi bir neçə istiqamətdə təzahür edib:

Fragmentasiya və lider mübarizəsi: Müxalifət düşərgəsində uzun illər ərzində effektiv birlik problemi davam edib. Partiyalar və siyasi liderlər arasında şəxsi ambisiyalar tez-tez ümumi siyasi məqsədlərdən üstün tutulub, bu isə parçalanmaya və ictimai etimadın azalmasına gətirib çıxarıb.1998-ci il prezident seçkilərinin boykot edilməsi, seçki sonrası müqavimətin təşkil edilməməsi, xüsusilə 2003-cü il prezident seçkilərində müxalifətin vahid siyasi blok kimi çıxış edə bilməməsi ictimai məyusluğu daha da dərinləşdirib.

İnformasiya dövrünə adaptasiya problemləri: Hakimiyyət sosial mediadan və rəqəmsal texnologiyalardan nəzarət və təbliğat aləti kimi geniş istifadə etdiyi halda, müxalifət bu sahədə uzun müddət koordinasiyalı fəaliyyət göstərə bilməyib. Effektiv kommunikasiya qurulmaması səbəbindən onların mesajları geniş ictimaiyyətə çatmayıb və təsir gücü məhdud qalıb.

Xarici güclərə yönəlik yanlış ümidlər: Bəzi müxalif qruplar əsas dəyişikliyin xarici güclərin təzyiqi ilə baş verəcəyinə ümid edib və bu istiqamətdə total təbliğat qurub. Halbuki bu yanaşma nə beynəlxalq güclərin maraqlarına, nə də ölkədaxili şəraitə uyğun idi. Bu da bir yandan müxalif siyasi elitada formalaşan passiv gözləmə mövqeyinə səbəb olub, digər tərəfdən isə doğrulmayan gözləntilər protest elektoratı ümidsizləşdirib. 

Azərbaycan müxalifəti sistemli şəkildə təzyiqlərə məruz qalmaqla bərabər, eyni zamanda, daxili zəiflikləri, təşkilatlanma problemləri və siyasi strategiyalarındakı uyğunsuzluqlar nəticəsində ictimai dəstəyi genişləndirmək və real alternativ yaratmaqda uğur qazana bilməyib. Bu, avtoritarizmin dayanıqlığını gücləndirən əhəmiyyətli faktorlardan biridir.

Müxalifətin ‘vətənpərvərlik’ basqısının İlham Əliyevin “ura-patriotizm”inə uduzması 

1993-cü ildəm bəri müxalifət əliyevlər rejimini vətənpərvər olmamaqda, antimilli siyasət yeritməkdə ittiham edib. Ümumiyyətlə müxalifət özünün ana diskursunu məhz bu yöndə qurub. Bu yarımçıq diskurs 2020-ci il Qarabağ müharibəsini qələbə ilə yekunlaşdıran İlham Əliyevin qalib komandan obrazı qarşısında məğlub duruma düşdü.  Bununla da Azərbaycan siyasi məkanında patriotizm ideyasının monopoliyalaşdırılması baş verdi. İlham Əliyev rejimi müharibə qələbəsini yalnız diplomatik və hərbi uğur kimi deyil, həm də ideoloji hegemonluğun əsası kimi təqdim etdi. Bu şəraitdə, ənənəvi müxalifət partiyaları ya bu “ura-patriotik” diskursa qoşularaq hakimiyyətlə eyni ritorikanı təkrar etməyə məcbur oldular, ya da alternativ və inandırıcı bir siyasi çərçivə yarada bilmədilər.

Qələbə sonrası rəsmi ritorikada vətənpərvərlik anlayışı yalnız dövlət və lider ətrafında məna kəsb etdi. İlham Əliyev “dəmir yumruq”, “siyasi zəfər”, “xalq-ordu birliyi” kimi ifadələrlə şəxsi liderliyini və ailə hakimiyyətini qələbənin əsas simvoluna çevirdi. Müxalifət isə bu ritorikaya cavab verə bilmədi – ya susdu, ya da təkrarladı.

Müxalifətin kimlik böhranı: Müxalifət partiyalarının əksəriyyəti patriotik ritorikanı tənqid etmək yerinə, bu diskursa vizual və ritorik baxımdan qoşularaq rejimlə eyni mövqeni paylaşmış oldular. Bu isə rejimlə ideoloji fərqi aradan qaldıraraq, ictimai rəyin müxalifəti qeyri-orijinal və ikincil aktor kimi qəbul etməsinə səbəb oldu. Ura-patriotizm dominant olduqca, yeni nəsil seçicilər arasında da alternativ ideyaların yayılması məhdudlaşdı. Müxalifət bu auditoriyaya yeni dildə, yeni vasitələrlə və fərqli perspektivlə çıxış edə bilmədiyindən, bu sahədə də rejimin təbliğatı üstünlük qazandı.

Müxalifət, “ura-patriotizm” diskursuna qarşı nə intellektual alternativ, nə də geniş ictimai rezonans doğuran yeni siyasi vizyon təqdim edə bildi. Bu vəziyyət, İlham Əliyevin avtoritar legitimliyini ideoloji səviyyədə gücləndirməklə yanaşı, siyasi rəqabəti də praktiki olaraq sıradan çıxardı.

III Respublika Platformasının yeni diskurs yaratmaq cəhdi

Azərbaycan siyasi mühitində uzun müddətdir mövcud olan ideoloji durğunluq və ritorik təkrarlanma fonunda, 2023-cü dekabrında elan olunan III Respublika Platforması (ResPlatforma) mövcud avtoritarizmi həm siyasi, həm də intelektual müstəvidə tənqid etməklə yanaşı, yeni və gələcəyə yönəlmiş diskurs qurmağa çalışan nadir təşəbbüslərdən biri kimi çıxış edib. ‘Tək adama deyil, hüquqa itaət edirik!’ şüarı ilə ictimaiyət qarşısına çıxan Platforma Əliyev rejimini açıq hədəfə almaqla yanaşı, həm də müxalifətin ideya tıxanıqlığını sorğulayan yanaşması ilə fərqlənir.

“Köhnə sistemə yox, yeni respublikaya ehtiyac var” tezisi: ölkədə respublikaçılığın tamamilə süqut etdiyini təsbit edən III Respublika Platforması yeni konstitusiya və yeni siyasi sistemin zəruriliyini önə çəkir. Bu, sadəcə hakimiyyət dəyişikliyi deyil, kökündən dəyişən institutlar, demokratik idarəetmə və hüquqi dövlət ideyası deməkdir. Bu yanaşma, İlham Əliyevin avtoritar sistemini “islah olunmaz rejim” kimi təqdim edir və beləliklə, fərqli mübarizə məntiqi qurur – “ura-patriotizmə” qarşı tənqidi və məsuliyyətli vətəndaşlıq modelini irəli sürür. “Post-Qarabağ gündəliyi” adlı quruluş bəyannaməsində avtoritarizmin qidası olan ifrat etatist siyasi təfəkkürdən imtinanı vurğulayır və sərt mərkəziyyətçi hökümətə alternativ kimi desentralizasiya tezisi ilə çıxış edir. Onların ritorikası populist deyil, daha çox prinsipial, analitik və müzakirə yönlüdür. Bu isə Platformanı həm siyasi, həm də intelektual diskurs baxımından yenilikçi mövqeyə gətirir.

Lakin elan olunar olunmaz sərt repressiyaya məruz qalan Resplatformanın qurucu heyət üzvü və spikerinin həbs edilməsi qurumun faəliyyətinin kəskin zəifləməsinə səbəb olub. 

Azərbaycanda müxalif siyasi partiyalarının ümumi vəziyyəti 

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və ya Milli Şura (bu iki qurum Azərbaycan ictimaiyyətinin gözündə eyniləşib) ölkədə fəaliyyət göstərən müxalif qüvvələr arasında ən ardıcıl və prinsipial antiavtoritar mövqeyə malik siyasi təşkilat kimi qalmaqda davam edir. Müasir Azərbaycan siyasi arenasında, xüsusilə də 2020-ci il Qarabağ müharibəsindən sonra yaranmış “vahid vətənpərvərlik ritorikası” fonunda, AXCP-nin avtoritarizmi açıq şəkildə tənqid etməsi (ritorikasını yeniləmədən), müstəqil siyasi mövqeyini saxlaması və rejimlə kompromisdən yayınması, onun prinsipiallığını qoruduğunu göstərir.

AXCP-yə qarşı uzun illərdir davam edən hüquqi, inzibati və fiziki təzyiqlərə baxmayaraq–o cümlədən həbs, cərimə, mitinq qadağaları və təbliğat hücumları–partiya rəhbərliyi və üzvləri davamlı şəkildə siyasi mövqelərini qoruyub. Bu, Azərbaycan siyasətində nadir haldır və AXCP-ni fərqləndirən əsas amillərdən biridir. Lakin məruz qaldığı sərt repressiya partiyanı həm effektiv praktiki fəaliyyətdən məhrum edir, həm də qurbanı olduğu ’diskurs tıxanıqlığı’ ucbatından vizyon boşluğu yaşayır. 

Müsavat Partiyası Azərbaycanın müxalif siyasi spektrində uzun tarixə və rəmzi çəkiyə malik aktorlardan biri olsa da, son illərdə onun aktivliyi, təsir dairəsi və strateji mövqeyi barəsində həm siyasi dairələrdə, həm də ictimaiyyət arasında suallar yaranıb. Bir zamanlar həm ideoloji, həm də təşkilati baxımdan müxalifətə yön verən bu partiya hazırda daha çox passiv və müşahidəçi mövqedə görünür. Son illərdə Müsavat Partiyası tənqid ritorikasında açıq və sərt mövqedən daha yumşaq, balanslı və araşdırıcı üsluba keçib. Bu da bir tərəfdən sivil siyasi üslub kimi təqdim edilsə də, digər tərəfdən rejimə qarşı prinsipiallıq və barışmazlıq gözləyən ictimai dairələrdə etibarsızlıq və soyuqluq yaradıb.

Partiya siyasi fəaliyyətində rejimlə açıq qarşıdurmadan qaçmaq və daha çox “sistem daxilində mübarizə” yanaşmasına üstünlük verməklə, sərt mövqe sərgiləyən müxalif qüvvələrdən fərqlənir. Bu isə partiyanı etiraz siyasətindən çox müşahidə siyasətinə yaxınlaşdırır və cəmiyyətin fəal dəyişiklik istəyən hissəsi ilə emosional bağını zəiflədir.

Bütün bunlara baxmayaraq, Müsavat Partiyası tarixi-mədəni simvol kimi, Məhəmməd Əmin Rəsulzadənin ideoloji mirasına sadiqliyini qoruyur. Suverenlik məsələsində həssaslıq, hüquqi dövlət və parlamentli respublika ideyaları partiyanın əsas prinsipləri kimi qalmaqdadır. Lakin bu ideoloji baza, aktiv siyasi strategiya ilə dəstəklənmədikdə siyasi təsir gücü real deyil, simvolik səviyyədə qalır.

Müsavat Partiyası Azərbaycanın müxalif siyasi tarixində mühüm yerə malik olsa da, son illərdə onun passivləşməsi, prinsipiallıq və fəallıq arasında tərəddüd etməsi, onu avtoritar sistemə real alternativ yaradan gücdən çox, ənənəvi, amma zəifləmiş siyasi təşkilat kimi göstərməkdədir.

Respublikaçı Alternativ (REAL) Partiyası Azərbaycan siyasətində müasir, institusional və texnokratik müxalifət modelini yaratmaq iddiası ilə çıxış etmiş azsaylı aktorlardan biri olsa da, son illərdə partiyanın həm ictimai nüfuzu, həm də siyasi mövqeyi zəifləmə və qeyri-müəyyənlik mərhələsinə qədəm qoyub. İlkin mərhələdə intellektual potensialı, yeni nəsil üzərindən qurduğu dil və sistemli tənqid ritorikası ilə fərqlənən REAL, indi loyallıq və prinsipiallıq dilemması ilə üz-üzə qalıb.

Sistem içində qalmaq – taktika, yoxsa assimilyasiya? REAL Partiyasının 2020-ci ildən etibarən parlamentdə təmsil olunması, bir tərəfdən demokratik mübarizənin “sistem içindən aparılması” kimi təqdim edilsə də, partiya rəhbərliyi bu qərarı taktiki və strateji addım kimi əsaslandırsa da, geniş ictimai dairələrdə bu, onun etiraz ruhunu itirməsi və “rejimlə uzlaşmaya meyllənməsi” kimi qiymətləndirilib.

İdeoloji boşluq və dəyişkən ritorika yaşayan REAL partiyası uzun müddət liberalizm və institusional respublikaçılıq dəyərlərinə istinad etsə də, zamanla bu ideoloji xətt aydın ritorik və siyasi prioritetlərə çevrilə bilmədi. Xüsusilə Qarabağ müharibəsindən sonra öz ritorikasını hökumətin “ura-patriotik” diskursuna uyğunlaşdırması, onu prinsipial alternativ mövqedən uzaqlaşdırıb.

REAL Partiyası ilkin mərhələdə intellektual və yeni nəsil təmsilçisi olaraq siyasi səhnəyə dinamizm gətirmişdisə də, bu gün o, sistem içində qalmaqla, alternativ yaratmaq arasında sıxışmış vəziyyətdədir. Aydın ideoloji xəttin, prinsipial mövqenin və geniş ictimai dəstəyin yoxluğu partiyanı uğursuz layihə kimi göstərməkdədir.

Partiya ilə Əliyev hakimiyyəti arasında mövcud olan münasibətlər, Azərbaycan siyasətində qəribə ambivalentlik və qeyri-müəyyənlik nümunəsidir. Bu münasibətlər nə klassik müxalifət-hakimiyyət qarşıdurması, nə də tam açıq əməkdaşlıq çərçivəsində baş verir. Əvəzində, tərəflər arasında səssiz razılaşmalar, loyal tənqid və ehtiyatlı məsafə saxlamağa əsaslanan bir münasibət modeli formalaşıb.

Faktiki neytrallıq xətti yürüdən REAL Partiyası özünü rəsmi olaraq müxalifət partiyası kimi təqdim etsə də, rejimin əsas strukturlarına, idarəetmə məntiqinə və siyasi mahiyyətinə qarşı sistemli və ardıcıl tənqid səsləndirmir. Tənqidlər çox zaman texniki, idarəçilik səviyyəsində olur, lakin siyasi legitimlik, avtoritarizmin kökləri və ailə hakimiyyəti kimi fundamental məsələlərdən uzaq durulur, bəzən isə hətta dəstəkçi yanaşma sərgilənir.  Xülasə hakimiyyətlə münasibətləri siyasi konformizmə əsaslanan, idarəolunan müxalifət modelinin bir formasına çevrilib.  

Nəticə

Post-Qarabağ dövrü Azərbaycanın siyasi rejimi üçün yeni bir mərhələ oldu: qələbə ritorikası və milli emosiyalar fonunda avtoritar idarəçilik daha da möhkəmləndirildi və yeni forma aldı. Hakimiyyət, hərbi zəfəri milli birliyi gücləndirmək üçün deyil, daxili siyasi müxalifəti neytrallaşdırmaq və avtoritar nəzarəti legitimləşdirmək üçün istifadə etdi. Bu dövrdə avtoritarizm daha çox “milli maraqların qorunması” və “sabitliyin təmin olunması” kimi populist tezislərlə əsaslandırıldı. Eyni zamanda, siyasi sistemdə kosmetik dəyişikliklər edilərək, avtoritar rejim daha çevik və adaptiv idarəçilik modeli ilə yeniləndi. Bu modifikasiya, rejimin beynəlxalq təzyiqlər və daxili sosial çağırışlar qarşısında dayanıqlığını artırmaq məqsədi daşıyırdı. Beləliklə, post-Qarabağ dövründə Azərbaycanda avtoritarizm sadəcə mövcudluğunu qorumaqla kifayətlənmədi, həm də daha incə və strateji formalarla gücləndirildi.


İstinadlar:

Arqument.az. 2019. “Siyasi Kültür Yoxdur – Elman Fəttah Yazır.” https://arqument.az/az/siyasi-kltr-yoxdur-elman-fettah-yazr/.

Azərbaycan-news.az. 2021. “Heydər Əliyev Fenomeni – Xalqımızın Siyasi-Mənəvi Sərvəti və Milli Tərəqqi Yolu.” https://www.azerbaijan-news.az/az/posts/detail/heyder-eliyev-fenomeni-xalqimizin-siyasi-menevi-serveti-ve-milli-tereqqi-yolu-1639256115.

Freedom House. 2023. Nations in Transit 2023: Azerbaijan. Washington, DC: Freedom House. https://freedomhouse.org.

Levitsky, Steven, and Lucan A. Way. 2010. Competitive Authoritarianism: Hybrid Regimes after the Cold War. Cambridge: Cambridge University Press.

Levitsky, Steven, and Lucan A. Way. 2010. Competitive Authoritarianism: Hybrid Regimes after the Cold War. Cambridge University Press. https://www.cambridge.org/core/books/competitive-authoritarianism/20A51BE2EBAB59B8AAEFD91B8FA3C9D6.

Modern Diplomacy. 2024. “President Aliyev Outlines Azerbaijan’s Post-Karabakh Vision.” January 13, 2024. https://moderndiplomacy.eu/2024/01/13/president-aliyev-outlines-azerbaijans-post-karabakh-vision/.

President of Azerbaijan. 2021. "Şuşa Bəyannaməsi." https://president.az/az/articles/view/52115.

Radnitz, Scott. 2006. “Regime Cycles: Democracy, Autocracy, and Revolution in Post-Soviet Eurasia.” Comparative Politics 38 (3): 253–272. https://muse.jhu.edu/article/200279.

Reporters Without Borders. 2023. "World Press Freedom Index 2023." https://rsf.org/en/index.

Transparency International. 2022. "Corruption Perceptions Index 2022: Azerbaijan." https://www.transparency.org/en/cpi/2022/index/aze.