1 iyl 2026

Regional balansların pozulması: İsrailin siyasi həmləsi və İlham Əliyevin xarici siyasət sınağı

Regional balansların pozulması: İsrailin siyasi həmləsi və İlham Əliyevin xarici siyasət sınağı

(c) president.az 2016



(Yazı “Khar Center”  tərəfindən Azərbaycan avtoritarizmi araşdırmaları çərçivəsində hazırlanıb)


Beynəlxalq münasibətlər tarixində humanitar mövzuların, tarixi faciələrin və "soyqırım" iddialarının dövlətlər tərəfindən xarici siyasət aləti (weaponization of history) kimi istifadə edilməsi yeni hadisə deyil. İsrailin 1915-ci il hadisələrinə münasibətdə onilliklər boyu nümayiş etdirdiyi strateji sükutun, Ankara ilə münasibətlərin pik nöqtədə pisləşdiyi bir dövrdə qəfil qərara çevrilməsi iradəsi bu reallığın ən bariz nümunəsidir (Ministry of Foreign Affairs, 2026).

Nikol Paşinyan hökumətinin "tarixi Ermənistan" ilə "real Ermənistan" arasındakı fərqi vurğulayaraq 1915-ci il narrativini arxa plana keçirməyə, Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışdığı bir vaxtda (Jam news, 2025), İsrailin bu kartı masaya qoyması məsələnin "ədalət" və ya "tarixi həqiqət" axtarışı ilə heç bir əlaqəsinin olmadığını sübut edir. Hadisə tamamilə Ankara-Təl-Əviv xəttindəki geosiyasi qisaslaşmanın və Qəzza böhranından sonra dərinləşən regional qarşıdurmanın təzahürüdür. Üstəlik, belə bir soyqırım qərarının Beynəlxalq Cinayət Məhkəməsində məhz Qəzzada soyqırım törətmək ittihamı ilə mühakimə olunan İsrail hökuməti tərəfindən qəbul edilməsi əsl tragikomediya olacaq (ICC, 2024). 

Bu geosiyasi zəlzələnin episentri Yaxın Şərq olsa da, onun ən dağıdıcı dalğaları Bakıya çatmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyevin 23 illik hakimiyyəti dövründə qurduğu və "uğurla" idarə etdiyi xarici siyasət arxitekturası bu qərarla bəlkə də özünün ən ekzistensial böhranı ilə üz-üzədir.

Ərdoğan Türkiyəsi üçün "qızıl sinidə hədiyyə"

İsrailin bu addımı Ankara üçün strateji itkidən daha çox daxili siyasi konyunkturada Ərdoğan administrasiyasına verilmiş "qızıl sinidə hədiyyə" kimi qiymətləndirilə bilər. Türkiyə hazırda ciddi iqtisadi çətinliklərlə, inflyasiya və sosial gərginliklərlə, siyasi qarşıdurmalarla dalğalanır. Belə bir şəraitdə, türk cəmiyyətinin ən həssas olduğu "milli qürur" və "xarici təhdid" mövzusunun alovlandırılması iqtidarlı-müxalifətli hər kəsi hökümətin ətrafında konsalidə edəcəkdir.

Türk siyasi mədəniyyətinə bələd olanlara aydındır ki, xarici təzyiqlərə, xüsusilə də İsrail və Qərbdən gələn qərəzli addımlara qarşı türk cəmiyyətində dərhal "milli konsensus" formalaşır (Aslı Aydıntaşbaş, 2026). 

İsrailin bu addımı da Ərdoğana şərait yaradır ki:

  • Müxalifətin arqumentlərini neytrallaşdırsın;
  • Cəmiyyəti "əzəli və qərəzli düşmən" profilinə qarşı öz ətrafında sıx birləşdirsin;
  • İslam dünyasında və qlobal cənubda İsrailə qarşı dik duran lider imicini daha da möhkəmləndirsin.

Türklər demiş, mövzu dini və milli məsələdirsə, "gerisi hekayə". İqtisadi böhranlar, daxili siyasi çəkişmələr dərhal ikinci plana keçir. Hər kəs İsrailin haqsızlığına qarşı nər kimi dayanan lideri alqışlamağa başlayır.

İlham Əliyev hakimiyyətinin üç sütunu

Ankara üçün daxili konsolidasiya vasitəsi olan bu reallıq, Bakı üçün geosiyasi dilemma və kabusa çevrilə bilər. İlham Əliyevin avtoritar idarəetmə modeli son 23 ildə daxili repressiv aparatla yanaşı, xarici siyasətdə qurulmuş üç fundamental sütun üzərində dayanıb. Bu sütunların hər biri rejimin legitimliyini və toxunulmazlığını təmin edirdi:

-Əliyevlər ailəsi Kremlin siyasi dəstəyi ilə Azərbaycanı dünyanın gözündə post-sovet coğrafiyasının ən "sabit" ölkəsi kimi təqdim edə bilib. Uzun illər rejim Moskva ilə gizli və açıq razılaşmalarla öz təhlükəsizliyini sığortalayıb. Rusiya Azərbaycanın daxili siyasi sisteminə toxunmamaq barədə yazılmamış sədaqət nümayiş etdirib (Koen Claessen, 2025).

-Azərbaycan Qərbin enerji təhlükəsizliyində oynadığı rolu İsrail ilə olan dərin hərbi-strateji, kəşfiyyat tərəfdaşlığı ilə gücləndirib. Vaşinqton və Brüsseldəki yəhudi lobbisi Əliyevlərin avtoritar imicini yumşaltmaq, konqresdə və beynəlxalq platformalarda rejimin maraqlarını müdafiə etmək üçün ən effektiv alət olub. Bunun müqabilində Bakı İsrailin İrana qarşı "açıq qapısı" və neft tədarükçüsü rolunu oynayıb (Fuad Shahbazov, 2023).

 -Yuxarıda qeyd olunan iki fərqli və tez-tez toqquşan güc (Moskva və Təl-Əviv/Qərb) arasındakı ziddiyyətləri idarə etmək üçün Türkiyənin qardaşlıq və hərbi müttəfiqlik  dəstəyi ən vacib tampon zona rolunu oynayıb. Türkiyə Azərbaycanın müstəqilliyinin və rejimin uzun ömürlülüyünün son qalası olub.

Sütunların çökməsi və dəyişən reallıq

Bu gün bu üç sütundan birincisi, Rusiya Ukrayna müharibəsi və qlobal təcrid fonunda Cənubi Qafqazda özünün keçmiş mütləq hegomonluğunu və cəlbediciliyini əhəmiyyətli dərəcədə itirib. Moskva artıq regional təhlükəsizliyin qarantı deyil, daha çox risk faktorudur.

İkinci və üçüncü sütunlar (İsrail və Türkiyə) isə keçmişdə Azərbaycan üçün bir-birini tamamlayan faktorlar idi. Bakı həm Ankara ilə "bir millət, iki dövlət"di, həm də Təl-Əviv ilə strateji tərəfdaş. Lakin İsrailin son tarixi/siyasi gedişi bu iki sütunu bir-biri ilə birbaşa və kəskin qarşıdurma vəziyyətinə gətirir (Altay Goyushov, 2026). Bu xəttin qırılması İlham Əliyevi öz hakimiyyət dövrünün ən çətin və təhlükəli seçimi qarşısında qoya bilər.

İlham Əliyevin çətin seçimi: iki uçurum arasında

İsrail-Türkiyə münasibətlərinin bu səviyyədə qütbləşməsi Bakının ən çox qorxduğu "neytrallığın itirilməsi" ssenarisini reallaşdırır. Əliyev indiyə qədər həm İsraili, həm də Türkiyəni məmnun edə bilirdi. İndi isə o, iki seçimdən birini etməyə məcbur olacaq və hər iki seçimin bədəli hakimiyyətin sonunu gətirə biləcək qədər ağır ola bilər.

Ssenari A: Ərdoğanla münasibətləri pozmaq (Təl-Əvivin yanında qalmaq)

Əgər İlham Əliyev İsrailin bu qərarına qarşı kəskin reaksiya verməzsə, Təl-Əvivlə hərbi, kəşfiyyat və loqistik əməkdaşlığı eyni səviyyədə saxlayarsa, bu, rəsmi Ankara tərəfindən "arxadan bıçaqlanma" və xəyanət kimi qiymətləndiriləcək.

Azərbaycan cəmiyyətində dərin Türkiyə sevgisi və rəğbəti var. 2020-ci il Qarabağ müharibəsindən sonra Türkiyənin (və şəxsən Ərdoğanın) Azərbaycandakı populyarlığı pik nöqtədədir. Azərbaycan xalqı daxili idarəetmədəki korrupsiya və avtoritarizmdən narazı olsa da, "Türkiyə ilə müttəfiqlik" və "Qarabağ zəfəri" faktorlarına görə Əliyevə müəyyən bir legitimlik krediti tanıyır. Türkiyə ilə münasibətlərin pozulması, Əliyevin daxili ictimaiyyət qarşısında bütün mənəvi və elektoral legitimliyini dərhal sıfırlaya, Türkiyənin dəstəyini itirmiş Əliyev hakimiyyəti həm xalqın, həm də ordu daxilindəki Türkiyəyönümlü qüvvələrin gözündə zəiflədər. Bu isə rejimin daxildən demontajına impuls verə bilər (Ragip Soylu, 2026).

Ssenari B: İsraillə münasibətləri pozmaq (Ankaranın yanında yer almaq)

Əgər Əliyev tamamilə qardaşlıq ritorikasına sığınaraq İsrailə münasibətdə Ankarayla sinxron davranarsa, bu addım Təl-Əvivi itirməkdən daha böyük fəsadlar doğuracaq – çünki İsraili itirmək, avtomatik olaraq yəhudi lobbisini itirmək, nəticə etibarı ilə də Qərb dəstəyindən məhrum olmaq deməkdir.

İlham Əliyev uzun illərdir Qərb siyasi dairələrində "dünyəvi, multikultural, İsraillə dost, Avropanın enerji təhlükəsizliyini təmin edən ağıllı və simpatik lider" imicini qoruyub saxlaya bilib. Məhz bu imic sayəsində Qərb Azərbaycandakı insan haqları pozuntularına, müxalifətin əzilməsinə göz yumub.

İsraillə münasibətlərin kəsilməsi və ya soyuması halında, ABŞ və Avropadakı yəhudi lobbisi bir neçə günün içində Azərbaycana qarşı genişmiqyaslı demonizasiya kampaniyasına başlayacaq. Vaşinqtonda Əliyev ailəsinin ofşor aktivləri, insan haqları hesabatları və sanksiya qanun layihələri (məsələn, Maqnitski aktı) dərhal dövriyyəyə girəcək. Əliyev Qərbin gözündə "etibarlı tərəfdaş" statusundan çıxıb, "təcrid olunmuş diktator" statusuna enə bilər.

Geosiyasi izolasiya və idarəolunmaz xaos riski

Əliyevi gözləyən ən böyük təhlükə budur ki, o, indiyə qədər manipulyasiya etdiyi xarici güclərin ortaq hədəfinə çevrilə bilər. Qərbin (İsrail lobbisi) dəstəyini itirən Bakı, regional müstəvidə tamamilə müdafiəsiz qalar.

Məsələn, cənub qonşumuz İranın da İsraillə sıx əlaqələrə görə Bakıya qarşı olan tarixi düşmənçiliyi yaddan çıxmamalıdır. İsraillə yolları ayıran Bakı, eyni zamanda, Təl-Əvivin hərbi-texnoloji (PUA-lar, hava hücumundan müdafiə sistemləri) dəstəyindən də məhrum olacaq ki, bu da Azərbaycanın hərbi balansını zəiflədə bilər.

Ankaradan imtina etmək daxili inqilaba və ya hərbi elitanın narazılığına, İsraildən imtina etmək isə qlobal sanksiyalara və beynəlxalq məhkəmələrdə rejimin müttəhim kürsüsünə oturdulmasına yol açır. Bu, tam mənası ilə bir seytnot vəziyyəti olardı.

Xülasə, İsrailin 1915-ci il hadisələrindən siyasi çəkic kimi istifadə etmək qərarı, regional miqyasda böyük bir domino effektinə çevrilə bilər: 

İsrail-Türkiyə arasındakı gərginlik, Ərdoğanı daxili siyasətdə daha da gücləndirir. Ancaq İlham Əliyev bu geosiyasi müstəvidə ən riskli oyunçulardan birinə çevrilir. O, ya Ankaranı seçərək Qərb dünyasında diktator kimi damğalanmalı və iqtisadi-siyasi sanksiyalara məruz qalmalıdır. Ya da İsraili seçərək öz xalqı və ordusunun gözündəki kövrək legitimliyini zədələməlidir. 

İlham Əliyev 23 illik hakimiyyət ərzində bir çox regional böhranlardan "uğurla" yan keçsə də, bəlkə də ilk dəfədir ki, balanslaşdırma siyasətinin sərhədlərinə çatıb. Bu vəziyyət onun gələcək xarici siyasət strategiyasını və hakimiyyətinin perspektivlərini müəyyən edəcək qaranlıq dalanlardan biridir. lham Əliyevin əlində tutduğu xarici siyasət strategiyası artıq iki tərəfi də kəsərli qılınca (double-edged sword) çevrilib: qılıncı hansı tərəfə yelləsə, öz hakimiyyətinin əsas sütunlarından birini mütləq yaralayacaq.


Qeyd: Oxuduğunuz yazı orijinal olaraq Azərbaycan dilində yazılmışdır.


Mənbələr:

ICC, 2024. Situation in the State of Palestine: ICC Pre-Trial Chamber I rejects the State of Israel’s challenges to jurisdiction and issues warrants of arrest for Benjamin Netanyahu and Yoav Gallant. https://www.icc-cpi.int/news/situation-state-palestine-icc-pre-trial-chamber-i-rejects-state-israels-challenges 


Ministry of Foreign Affairs, 2026. The Government of Israel unanimously approves FM Sa’ar’s proposal to recognize the Armenian Genocide. https://www.gov.il/en/pages/the-government-of-israel-unanimously-approves-fm-sa-ar-s-proposal-to-recognize-the-armenian-genocide-28-jun-2026 


Jam news, 2025. Ararat to be removed from Armenia’s border stamps - bowing to Turkey? https://jam-news.net/ararat-to-be-removed-from-armenias-border-stamps-bowing-to-turkey/ 


Aslı Aydıntaşbaş, 2026. Turkey’s post-American hesitation. https://www.brookings.edu/articles/turkeys-post-american-hesitation/ 


Koen Claessen, 2025. With Partners Like These: The Future of Baku-Moscow Relations after the Azerbaijan Airlines Crash. https://icds.ee/en/with-partners-like-these-the-future-of-baku-moscow-relations-after-the-azerbaijan-airlines-crash/ 


Fuad Shahbazov, 2023. Azerbaijan’s Deepening Energy Ties With Israel. https://www.stimson.org/2025/azerbaijans-deepening-energy-ties-with-israel/ 


Altay Goyushov, 2026. Between Turkey and Israel: Azerbaijan’s Strategic Dilemma and a Potential Opening for Moscow. https://bakuresearchinstitute.org/en/between-turkey-and-israel-azerbaijans-strategic-dilemma-and-a-potential-opening-for-moscow/ 


Ragip Soylu, 2026. Azerbaijan issues rare rebuke against key ally Israel over Armenian genocide recognition. https://www.middleeasteye.net/news/israel-faces-rare-azerbaijani-rebuke-over-armenian-genocide-recognition 




Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin