(Yazı KHAR Center-in "Avtoritar Rejimlər və Transregional Təsir Mexanizmləri" araşdırması çərçivəsində hazırlanıb)
Macarıstanda 16 illik Viktor Orban dövrü başa çatdı. Macar xalqı Orban iqtidarının qurduğu hiylələrlə dolu seçki sisteminə, dövlət resurslarına, zəiflədilmiş vətəndaş cəmiyyətinə, medianın böyük miqyasda hakimiyyətin nəzarətinə keçməsinə, Rusiya, ABŞ, Çin, İsrail və Avropa radikal sağının dəstəyinə baxmayaraq bir seçki sunamisi həyata keçirdi. Ölkə tarixinin ən yüksək iştirak faizinin qeydə alındığı seçkilərdə müxalifətin son iki ildə parlayan lideri Peter Macar yalnız qələbə qazanmadı, həm də parlamentin üçdə ikisini əldə edərək ölkəni kökündən dəyişmək, Orbanın bütün sistemini yerindən oynatmaq fürsəti qazandı.
Macarıstanla bağlı digər analizlərimiz.
Seçici sunamisi
Aprelin 12-də səsvermənin hələ yeni başladığı saatlarda Macarıstanda və ölkə xaricində macarların səs verdiyi məntəqələrdə müşahidə olunan mənzərə bu seçkinin fərqli olacağını göstərirdi. Mediada və sosial şəbəkələrdə seçki məntəqələrinin qarşısında növbələr yaradan macarları göstərən videolar səsvermədə ölkə tarixindəki ən yüksək iştirak faizinin qeydə alınacağını nümayiş etdirirdi. Səsvermə başladıqdan cəmi 4 saat sonra seçicilərin 38 faizə yaxını səs vermişdi ki, bu, son illərdə görünməmiş mənzərəydi. Tendensiya günün sonunda da dəyişmədi - seçicilərinin 79,56 faizi səsverməyə gedərək səs verdi (NVİ, aprel 2026).
Təsadüf, ya da qanunauyğunluq, bunu demək çətindir, ancaq indiyə qədər Macarıstan tarixində ən yüksək iştirak faizli seçkilər də məhz Orbana qarşı olub. Dünənə qədərki ən yüksək iştirak faizli seçkidə - 2002-ci ilin iki seçki turunda 70 və 73 faiz civarında seçici iştirak edib və o seçkidə Orbanın 1998-ci ildən iqtidarda olan partiyası yüksək səs toplasa da, iqtidar ola bilməyib (NVİ, 2002). Ən son yüksək iştirak faizi isə sol müxalifətin Orbana qarşı birləşdiyi və dəyişiklik ümidinin yarandığı 2022-ci il seçkilərində (70 faiz civarı) qeydə alınnıb (NVİ, 2022). Bununla yanaşı, əvvəlki seçkilərdə iştirak faizinin ölkə üzrə paylaşdırılmasında ciddi fərqlər olsa da, bu seçkidə insanlar bütün ölkə boyu aktivlik nümayiş etdiriblər. Ən yüksək iştirak faizi qərbdəki Vas və Gyor-Moson-Sopron bölgələrində (83,49 və 83,45 faiz), ən aşağı iştirak faizi isə şimal-şərqdəki Borşod-Abauy-Zemplen (73,73 faiz) qeydə alınıb (NVİ, 2026).
Seçki tablosu
Seçkilərdəki bu yüksək iştirakın Orbanın seçicilərini səfərbər etmə əməliyyatının, yoxsa Macarın bütün ölkə boyu yaratdığı “sualtı dalğa” göstəricisi olub-olmadığına dair diskussiyalar səsvermə gününün sonuna qədər sürdü. Nəticələr göstərdi ki, iki tərəf da bu seçki üçün “ölümünə” işləyib - səsvermədə ən yüksək iştirak faizini göstərən Vas və Gyor-Moson-Sopronda Orbanın Fidesz Partiyasının qalib gəlməsi də bu faktı təsdiqləyir.
Məntəqələrin bağlanmasından dərhal sonra açıqlanan sorğu nəticələri (exit-poll yox idi, seçkidən əvvəlki günlərdə aparılan son sorğuların nəticələri səsvermədən sonra açıqlandı) “Tisza” Partiyasının bütün ölkə boyu əzici qələbə qazandığını göstərirdi (Telex, 2026). Bir neçə saat sonra açıqlanan nəticələr də bunu təsdiqlədi - “Tisza” bütün ölkə boyunca yüksək səs toplamışdı. Səslərin 98,99 faizi sayıldıqdan sonra 199 yerlik Macarıstan parlamentində Macarın partiyası 138 yer qazandı. Bu, konstitusion çoxluq üçün lazım olan 133 yerdən də 5 mandat çox idi. Beləliklə, “Mi Hazank” (Vətənimiz) Partiyasının seçki baryerini keçməsinin və “Fidesz” ilə mümkün ittifaqının heç bir praktik əhəmiyyəti qalmadı.
Nəticələrdəki ən kritik məqam “Tisza”nın məhz Orbanın dəfələrlə seçki sistemini və seçki dairələrinin coğrafiyasını dəyişdirərək öz lehinə vəziyyət yaratdığı majoritar dairələrdə əzici çoxluğu qazanmasıydı. Məhz bu əzici üstünlük Orbana illərdir əlavə 8-10 deputat da qazandıran “udan kompensasiyası”nın (Khar Center, 2026) bu dəfə Macarın işinə yaramasını təmin etdi. “Tisza” ölkə boyu 106 majoritar dairədən 93-ünü əldə etdi, partiya siyahısı ilə isə 45 millətvəkili qazandı. “Fidesz” isə partiya siyahısıyla 42 deputat yeri əldə etmişkən majoritar dairələrdə 13 mandatla kifayətlənməli oldu. Parlamentə girən üçüncü partiya - Mi Hazank (Vətənimiz) isə yalnız proporsional qaydada 6 deputat yeri əldə etdi (NVİ, 2026).
Macarın əsas nüvəsi və Orbanın itirilən qalaları
Orbanın da qəbul etdiyi nəticələr “Tisza” Partiyasının əsas dayağının Budapeşt və ətrafı olduğunu göstərir. Budapeştdəki bütün seçki dairələrində Tisza namizədləri qələbə qazanıb və bir çox yerdə səs faizi 60-ın altına düşməyib (NVİ, 2026). Tisza ölkənin böyük hissəsində üstünlüyü təmin edib. Peç, Dyör, Dunayuyvaroş, Nyiredxaza, Keçmeket, Debretsen kimi böyük şəhərlər və ətrafında da Macarın partiyası qalib gəlib. Bu da “Tisza”nın seçki kampaniyasının xüsusilə şəhərli seçicidə ciddi oyanışa və konsolidasiyaya səbəb olduğunu göstərir.
Orbanın partiyası isə qərbdəki Gyor-Moson-Sopron ilə Vasda, mərkəzdəki Tolna-Feyer xəttindəki üç dairədə, şərqdəki Szabolcs-Szatmar-Bereq xəttindəki üç dairədə, şimaldakı Nograd ikinci və Borsod-Abauj Zemplen üçüncü dairələrində, cənub-şərqdəki Najdu-Bihar və Yas-Nadkun-Solnok dairələrində qalib gələ bilib. Ümumi mənzərə göstərir ki, Orban yalnız kiçik və konservativ dairələrin bir hissəsini əlində saxlaya bilib (NVİ, 2026).
Ümumiyyətlə isə “Fidesz”in əsas qalaları sayılan bölgələrdəki vəziyyət Orban üçün qətiyyən ürəkaçan deyil. Bunun ən simvolik nümunələrindən biri Debretsendir. Debretsen uzun illərdir “Fidesz”in nəzarətində idi. Şəhər meri Laslo Papp 2002-ci ildən bəri Orbanın ən sadiq partiyadaşlarından biriydi, 2014-cü ildə isə Debretsen bələdiyyəsinin rəhbərliyinə seçilmişdi. Bir çox özəlliyi ilə Debretsen Orbanın köhnə qalası sayılırdı, ancaq son illərdə bu bölgədə xüsusilə Çin mənşəli batareya zavodlarının qurulması planları, miqrasiyaya qarşı ritorikanı daim seçki kampaniyalarının əsas elementinə çevirən Orbanın Çin zavodları üçün Asiyadan minlərlə işçinin gəlməsinə icazə verməsi, korrupsiya faktları, sosial uçurumun artması, iqtisadi problemlər və “Fidesz”in əvvəlki illərdə olduğu qədər sanballı namizədlər tapa bilməməsi (Le Monde, 2026) vəziyyəti kökündən dəyişdi. Macar seçki kampaniyasının son mitinqini məhz bu şəhərdə keçirdi və artıq sadəcə gənclərin deyil, çoxlu sayda orta yaşlı və pensiyaçının da iştirak etdiyi böyük bir nümayişlə qazanacağının siqnalını verdi (Telex, 2026). Nəticə də onun gözlədiyi kimi oldu - Debretsendəki 3 təkmandatlı dairənin hamısında “Tisza” qalib gəldi (NVİ, 2026).
Orbanın digər “qalalarında” da itki çoxdur - “Fidesz”in mərkəz-qərbdəki mühüm dayaqlarından biri, 2022-ci ildə 57,3% səs aldığı Biçke bu seçkidə 53,48 faizlə “Tisza”ya keçdi, Orbanın partiyası yalnız 39,21% səs topladı. Eynilə Orbanın partiyasına 2022-ci ildə 59,02% səs verən Keçkemetdə də bu seçkinin qalibi 51,29 faizlə Tisza oldu. Zalaeqresen, Hayduşoboslo kimi bölgələrdə də bənzər vəziyyət yarandı. “Fidesz”in formal üstünlüyünü qoruduğu yerlərdə - Sarboqrad, Berettyouyfalu, Dombovar, Paks kimi bölgələrdə də səs faizləri 2022-ci ildəki kimi 60 faizin üstündə deyil, 43-46% civarındadır və “Tisza” ilə aradakı fərq çox yaxındır (444.hu, 2026). “Fidesz”in nisbətən böyük fərqlə qalib gəldiyi sadiq dairələrində də - Vaşaroşnamen, Mateşalka kimi - əvvəlki seçkilərlə müqayisədə ciddi səs itkisi müşahidə olunur. Orbanın “şəxsi qalası” sayılan Felçut da bu baxımdan istisna deyil - “Fidesz”in 49,64 faiz səsinə qarşı “Tisza” 43,93% səs alıb (444.hu, 2026). Felçutun və bu məntəqənin daxil olduğu Feyer vilayəti indiyə qədər Orban və onun korrupsiya ortağı, yaxın dostu, milyarder Lörink Mesaroşla birbaşa assosiasiya olunub (Reuters, 2018). Ancaq bu seçkidə Orban Felçutu az fərqlə qorumağı bacarsa da Feyerdəki beş seçki dairəsindən dördündə “Tisza”, yalnız birində “Fidesz” qalib gəlib (444.hu, 2026). Eyni şəkildə Zala kimi ənənəvi sağçı regionlarda belə “Tisza” “Fidesz”in səslərini əridib və qalib gəlib.
Macarın qələbəsini təmin edən əsas faktorlar
Macarıstanda seçkiqabağı vəziyyəti analiz edərkən bildirmişdik ki, Macarın əsas üstünlüyü Orbanın ideoloji cəhətdən qütbləşdirdiyi ölkədə məhz mühafizəkar kimliyi ilə önə çıxmasıdır (Khar Center, 2026). Sistemin içindən sistemə qarşı çıxan, mühafizəkar macar kimliyinə uyğun, eyni zamanda korrupsiyadan uzaq və güvənilən namizəd portreti Macarı iki ildir ölkə siyasətinin zirvəsində saxlayan və dünənki seçkidə də onun qələbəsini təmin edən əsas faktorlar idi. Bununla yanaşı, nəticələr də göstərdi ki, Tisza Partiyasının seçici kütləsini yalnız bu kateqoriyalarda dəyərləndirmək doğru deyil - Macar sağ-sol, yaşlı-gənc, varlı-kasıb ayrımı olmadan Orbandan xilas olmaq istəyən böyük bir elektoratın ümidi oldu.
Bütün seçki kampaniyasını xarici siyasət manipulyasiyaları, Ukrayna düşmənçiliyi və AB əleyhdarlığı üzərində quran Orbandan fərqli olaraq Macar gündəlik iqtisadi həyatı ön plana çıxardı, “Fidesz”in ənənəvi olaraq üstünlük qazandığı regionlar başda olmaqla bütün ölkəni qarış-qarış gəzdi, iqtisadi durğunluq, səhiyyə, yaşayış xərcləri, korrupsiya problemləri kimi insanların həyatına birbaşa toxunan məsələləri qabartdı. Anti-AB, anti-Ukrayna, antiliberalizm, “xarici düşmən” ritorikası ilə xalq dilindən ciddi şəkildə uzaqlaşan, hətta əksinə, bu gərgin qültbləşdirici üslubla artıq qorxu hekayələri yaradan Orbandan fərqli olaraq Macarın vədləri çox sadə, inandırıcı və xalq dilinə yaxın idi - korrupsiya ilə mübarizə, dondurulmuş Aİ vəsaitlərinin açılmasını təmin etmək, iqtisadiyyatı canlandırmaq, səhiyyə islahatları keçirmək və s. kimi. Macarın seçki dili də milliyyətçi və mühafizəkar idi, patriotizmi o da ön plana çıxarırdı, ancaq Orbandan fərqli olaraq bunu Avropa İttifaqı düşmənçiliyi ilə eyni paraleldə həyata keçirmirdi, əksinə, Avropa ailəsi içərisində milliyyətçi və mühafizəkar kimliyini qoruyan Macarıstan vəd edirdi - ki, bu da ona Orbandan yorulan seçicinin simpatiyasını qazandırdı.
Orbanın xüsusilə son bir neçə ildə açıq şəkildə Rusiyanın vassalı kimi davranması, Avropa daxilindəki problemlərin mərkəzi fiquruna çevrilməsi, “illiberal sistem” adı altında ölkəni avtoritarlaşdırması, medianı və vətəndaş cəmiyyətini nəzarət altına alması, qanunları və konstitusiyanı öz istəklərinə uyğun elementlərə çevirməsi, nəhayət, seçkiqabağı Tramp administrasiyasının da açıq şəkildə Orbana dəstək verməsi macar xalqında əks effekt yaratdı. Nəticə etibarıyla bu, bir milli müqavimət seçkisi oldu və Orbanın ətrafındakı bütün daxili, xarici və resurs mobilizasiyasına baxmayaraq xalq qalib gəldi.
Macarıstandakı seçki nəticələrini liberalizmin qələbəsi kimi təqdim etmək dorğu olmazdı və Avropada (dünyada) “domino effekti” yaradacağını söyləmək də çox iddialı olardı, ancaq Orbanın təmsil etdiyi, Putin və Trampın dəstəklədiyi avtoritar, liberalizm düşməni, işğal dəstəkçisi axının ciddi zərbə aldığını əminliklə söyləmək mümkündür.
Orban getdi, orbanizmi bitirmək mümkün olacaqmı
Dünənə qədər seçkinin ən böyük intriqası “Tizsa”nın konstitusion çoxluğu əldə edib-etməyəcəyi idi. Çünki Orban Macarıstanı özünün, ailəsinin və yaxın ətrafının idarə edə biləcəyi şəkildə dizayn edərkən konstitusion çoxluqdan əsas alət kimi istifadə etməklə kifayətlənməyib, həm də bir çox mühüm məsələdə dəyişiklik imkanını məhz bu üçdə iki səs çoxluğuna bağlayıb. Macarıstan hüquq sistemində “Fundamental qanunlar” (Sarkalatos Törvenyek) adlandırılan xüsusi bir kateqoriya var ki, onların qəbul edilə və ya dəyişdirilə bilməsi üçün konstitision çoxluq şərtdir. Ölkənin konstitision strukturunun əsasını təşkil edən bu qanunlara aşağıdakılar daxildir:
- Konstitusiya Məhkəməsinin strukturu, səlahiyyətləri və hakim təyinatları;
- Məhkəmələrin təşkili və hakimlərin statusu;
- Media Şurasının səlahiyyəti və ictimai yayımçıya nəzarət;
- Mərkəzi Bankın müstəqilliyi və funksiyası;
- Seçki qanunu;
- Siyasi Partiyalar qanunu;
- Vətəndaşlıq qanunu;
- Ailə qoruma qanunu;
- Dövlət maliyyəsi və milli varlıqlar;
- Vergi və pensiya və s.
Qısası, dövlət idarəetməsindən məhkəmə sisteminə, mediadan iqtisadiyyata, seçkidən vergiyə qədər bütün mühüm sahələrə dair qanunlar Orban dəyişiklikləri nəticəsində üçdə iki səs çoxluğu ilə qəbul edilir. Əgər “Tisza” seçkidə sadə üstünlük qazansaydı, bu qanunları dəyişdirə bilməyəcəkdi və bu da faktiki olaraq onun hökumətinin start vəziyyətindən etibarən iflic olacağı demək idi. Ancaq 138 mandat Macarın qarşısındakı bu maneəni aradan qaldırdı. Bu çoxluq “Tisza”nın konstitusiyanı və fundamental qanunları - yəni orbanzmi dəyişmək üçün imkan verir. Macarıstan cəmiyyətinin ondan gözləntisi də məhz budur - kosmetik deyil, kardinal dəyişikliklərlə ölkəni yenidən normallaşdırmaq. Seçkidən dərhal sonra Macarıstanın pul vahidinin güclənməsi (Reuters, 2026) də bu gözləntinin göstəricisidir.
Bu gündən etibarən Macarın statusu dəyişir - ondan artıq anti-Orban sunamisinin lideri deyil, dövləti yenidən quran baş nazir olması gözlənilir. İqtisadi durğunluğun aradan qaldırılması, rihaf səviyyəsinin artırılması, yaşayış xərclərinin azaldılması, Aİ ilə münasibətlərin normallaşması kimi seçicini hərəkətə gətirən və Macara qələbə qazandıran faktorlar indi onun qarşısında yerinə yetirilməli olan şərtlər kimi durur. Xüsusilə Avropa İttifaqı fondlarının açılması Macarın sözlərinə və vədlərinə bağlı məsələ deyil - bunun üçün konkret islahatların həyata keçirilməsi əsas şərt kimi qarşıda durur (Reuters, 2026).
Macarın seçki gününün möhtəşəm atmosferindən bir gün sonra qarşısında duran real mənzərə budur - boş xəzinə, dondurulmuş fondlar, Avropada ən aşağı maaş alan insanlar, korrupsiyalaşmış məhkəmə və ümumiyyətlə dövlət sistemi, qütbləşmiş cəmiyyət, Avropada itirilmiş etimad, Ukraynanın Aİ üzvlüyü və ümumiyyətlə müharibə mövzusunda əsas başağrısına çevrilmiş bir paytaxt, Rusiyadan enerji asılılığının davam etməsi, Çinin batareya fabrikinə çevrilmiş şəhərlər və s. Macarıstanın gənc lideri bütün bunların öhdəsindən gələ biləcəkmi, bunu indidən proqnozlaşdırmaq xeyli çətindir. Əvvəla, qələbə böyük olduğu üçün gözlənti də böyük olacaq - lakin ölkənin qarşı-qarşıya olduğu iqtisadi problemlər vədlərin həyata keçirilməsinin və ya sürətlə həyata keçirilməsinin qarşısındakı ən böyük maneə olacaq. Digər tərəfdən, dəyişikliklərə başlamadan əvvəl Macarı ciddi bir “təmizlik” mərhələsi gözləyir - dövlət idarəetmə sistemini, medianı və məhkəməni Orbana sadiq şəxslərdən təmizləmək lazım gələcək. Analitiklərə görə, “Fidesz”in Macarıstanda biznes, media, idarəetmə və məhkəmə üzərindəki nəzarəti çox geniş və çox dərindir. Macarın daxildə ciddi kataklizmlər yaratmadan bu təmizləməni həyata keçirməsi elə də asan olmaya bilər (The Guardian, 2026).
Digər tərəfdən, Macarın seçkidən əvvəl Rusiya və ABŞ tərəfindən “arzuolunmaz lider” elan edilməsi və uduzması üçün bu iki ölkənin rəhbərliyinin göstərdiyi açıq səylərdən sonra yeni baş nazirin xarici siyasətdəki manevr sahələrini də xeyli daraldacaq. Macar Rusiya ilə enerji asılılığının davam etdiyini, bunu yaxın zamanda bitirməyin mümkün olmadığını və bu səbəbdən Putin ilə müzakirələr aparacaqlarını bildirib, ancaq eyni zamanda Putinin adamı olmayacağını vurğulayıb. Moskva da böyük ehtimalla məhz bu ikinci vurğunu diqqətə alacaq və Macarı enerji məsələsində sıxışdırmağa çalışacaq. Digər tərəfdən Tramp administrasiyası da açıq gövdə nümayişinə baxmayaraq Orbanı itirmənin acığını Macardan çıxmağa çalışacaq. Əlbəttə, bütün bunlar Macara Avropa İttifaqı daxilində yeni manevr imkanları açacaq və Brüsselin Budapeşti dəstək siyasətinə stimul verəcək. Ancaq Brüsselin bu dəstəyi Macarı Putin və Trampın qəzəbindən və Orbanın yenidən toparlanması üçün verəcəkləri dəstəkdən qoruya biləcəkmi, demək çətindir. Burada Aİ-nin nə qədər sürətli hərəkət edəcəyi, Macarın qələbəsinin müvəqqəti rahatlamadan həqiqi dönüş nöqtəsinə çevirmək üçün cəsur addımlar atması da müəyyənedici olacaq.
İSTİNADLAR
Nemzeti Választási Iroda (NVI), 2026. Részvételi adatok (Végső adatok).
https://vtr.valasztas.hu/ogy2026/reszveteli-adatok?tab=vegso-adatok&filter=orszagos
Nemzeti Választási Iroda (NVI), 2002. Végleges adatok az eredményekről.
https://static.valasztas.hu/parval2002/so02/ered_ind.htm
Nemzeti Választási Iroda (NVI), 2022. Országgyűlési Képviselők Választása 2022: Részvételi adatok.
https://vtr.valasztas.hu/ogy2022/reszveteli-adatok?tab=country
Telex, 2026. Összeszedtük, mit mutatnak az utolsó felmérések.
https://telex.hu/belfold/2026/04/12/osszeszedtuk-mit-mutatnak-az-utolso-felmeresek
KHAR Center, 2026. Macarıstan Orbanizmdən xilas ola biləcəkmi?
https://kharcenter.com/arasdirmalar/macaristan-orbanizmden-xilas-ola-bilecekmi
Le Monde, 2026. Pre-election Hungary's mood is one of twilight for Orban's rule.
https://www.lemonde.fr/en/m-le-mag/article/2026/04/04/pre-election-hungary-s-mood-is-one-of-twilight-for-orban-s-rule_6752109_117.html
Telex, 2026. “Ha nem a Tisza győz, itt biztosan forradalom lesz”.
https://telex.hu/belfold/2026/04/11/magyar-peter-tisza-part-kampanyzaro-debrecen
444.hu, 2022. Országgyűlési választás – Fejér 05.
https://444.hu/valasztas/orszaggyulesi-valasztas-2022/oevk/fejer-05
Reuters, 2018. Exclusive: Hungary premier's friends and family win more and more public business.
https://www.reuters.com/article/world/exclusive-hungary-premiers-friends-and-family-win-more-and-more-public-busines-idUSKCN1GR20Y/
Reuters, 2026. Hungary opposition's landslide win heralds reforms, thaw in EU ties. https://www.reuters.com/business/finance/hungary-oppositions-landslide-win-heralds-reforms-thaw-eu-ties-2026-04-13/?utm_source=chatgpt.com
The Guardian, 2026. Hungarian opposition ousts Viktor Orbán after 16 years in power https://www.theguardian.com/world/2026/apr/12/viktor-orban-concedes-defeat-as-opposition-wins-hungarian-election