23 okt 2026

Azərbaycan–Türkiyə Böhranı Həll Edildimi?

Azərbaycan–Türkiyə Böhranı Həll Edildimi?

Photo: Aykhan Zayedzadeh, CC BY-SA 4.0, via Wikimedia Commons.



Azərbaycan-Türkiyə münasibətləri son 20 gündə müasir tarixinin ikinci böyük böhranını yaşadı. 2009-2010-cu illərdə baş verən Türkiyə-Ermənistan protokolları və Türk Şəhidliyi-bayraq böhranından sonra növbəti dəfə iki ölkə arasındakı münasibətlər dövlətlərarası böhran səviyyəsinə çatacaq qədər gərginləşdi. 

Bu dəfəki gərginlikdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və ümumiyyətlə Türkiyə ictimaiyyətinin “minnətdarlıq” gözləntisi Azərbaycan prezidenti İlham Əliyevin “müzəffər” hikkəsiylə toqquşdu. 

İkinci Qarabağ müharibəsində Ankaranın verdiyi misilsiz dəstəyin (silah, texnika, komandanlıq, müşavirlik, siyasi və mənəvi) müqabilində Azərbaycandan davamlı minnətdarlıq gözləyən Türkiyə ictimaiyyəti oktyabrın əvvəlində  İlham Əliyevin “bütün silahların pulunu verib almışıq” təkəbbürü ilə sarsıldı (President.az, 2026a).  Türkiyə iqtidarına yaxın dairələr əvvəlcə Əliyevin bu açıqlamasını “ad çəkməyib, bizi nəzərdə tutmur”  deyə ört-basdır etməyə çalışdılar. Azərbaycanda da açıqlamanın hədəfinin İran olduğuna işarə edənlər vardı (Pressklub, 2026). Ancaq hadisələrin sonrakı gedişatı bu dəyərləndirməni boşa çıxardı. 

Əliyevin çıxışının şoku keçməmiş Azərbaycandakı hicab qadağasına Türkiyənin mühafizəkar kəsimindən gələn etirazlar rəsmi Bakı üçün “sandığı açıb pambığı tökmə” bəhanəsi oldu. Azərbaycan iqtidarının əlaltı mediası APA  “Türkiyədən İsrailə 456 gəmi reysi: ‘Sıfır ticarət’in görünməyən tərəfi” adlı məqaləylə rəsmi Bakının “döyüş”ə çoxdan hazırlaşdığını nümayiş etdirmiş oldu. Yazı qısa müddət sonra saytdan silinsə də bu, Azərbaycan iqtidarının Türkiyəyə açıq mesajıydı (İntellinews, 2026). Paralel olaraq sosial mediada da Türkiyəyə qarşı ittihamların sayı artdı. Azərbaycan iqtidarı rəsmi ifadə etməsə də, Türkiyədə hicab qadağasına olan etirazları Azərbaycan ictimaiyyətinə birbaşa Ərdoğan iqtidarının təşkil etdiyinə dair mesajlar kimi ötürməyə başladı. Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral və AKP millətvəkili Leyla Şahin Ustanın hicab qadağasına etirazları isə Azərbaycan iqtidarı üçün göydəndüşmə fürsət oldu. Yeni Azərbaycan Partiyasından Media Şurasına,  AZTV-dən saytlara, sosial şəbəkələrdəki açıq hesablardan botlara qədər bütün rəsmi və qeyri-rəsmi propaqanda vasitələrində Türkiyəyə qarşı Azərbaycan Prezident Administrasiyasının “dəst-xətti”ni daşıyan mütəşəkkil “hücum” başladı (YAP, 2026). Hücumlarda əsas motiv “Türkiyəni geri aparan AKP təfəkkürünün Azərbaycanın daxili işlərinə qarışmasının yolverilməzliyi” idi. Ancaq bu motivi Türkiyənin tarixin müxtəlif mərhələlərində Azərbaycana xəyanət etdiyinə dair ittihamlar, Türkiyəyə viza tətbiq edilməsinə dair təhdidlər və s. də bəzəyirdi. 

Gərginliyin yüksəldiyi dövrdə - oktyabrın 14-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Artırıcı Tədbirlər üzrə Müşavirənin (CİCA) sammitində iştirak etmək üçün Bakıya Ərdoğanın yox, Hakan Fidanın gəlməsini və onun konfransda İsrail prezidentinin çıxışı əsnasında zalı tərk etməsini rəsmi Bakı “şəxsi məsələ”yə çevirdi. Fidan Bakıdan ayrılar-ayrılmaz Azərbaycan Prezident Administrasiyasının himayəsində olduğu bilinən Qafqazinfo saytında Türkiyənin xarici işlər nazirini Azərbaycanda dövlət çevrilişində ittiham edən məqalə yayımlandı. Qısa müddət sonra Qafqazinfo-nun Azərbaycan dilli versiyasından yazı silindi, ancaq rusdilli səhifəsində qaldı. Eyni zamanda Azərbaycan iqtidarının nəzarətindəki digər saytlarda da bu ittihamlar paylaşılmağa başlandı. Siyasi məsələlərlə bağlı adətən susmağı seçən Türkiyənin Bakıdakı səfirliyi ittihamlarla bağlı açıqlama vermək və onları sərt dillə təkzib etmək məcbutiyyətində qaldı (AA, 2026). 

Oktyabrın 18-də Azərbaycanın müstəqillik günüylə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “qardaşım İlham Əliyev” açıqlaması, Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Bağçalının mesajı və Ankaradan gələn saysın-hesabsız təbrik açıqlamaları da gərginliyi azaltmadı. Azərbaycan iqtidarının nəzarətində olan media orqanları 18 oktyabr və sonrakı günlərdə Türkiyəni ittiham edən yazılar paylaşmağa davam etdilər. Azərbaycanın rəsmi və qeyri-rəsmi yayım orqanları Türkiyənin ən yüksək ranqlı vəzifəli şəxslərini dövlət çevrilişində ittiham edərkən Əliyev hakimiyyəti Türkiyədə hicab qadağasını sərt şəkildə tənqid edənlərə qarşı “müharibə” elan etdi. 

Azərbaycan hakimiyyətinin “hücum”u sadəcə yazılarla və açıqlamalarla məhdudlaşmadı.  Əvvəlcə jurnalist Cəlal Çiftçi haqqında cinayət işi açan Azərbaycan hakimiyyəti oktyabrın 19-da daha 7 Türkiyə vətəndaşı haqqında qiyabi həbs qərarı çıxardığını və beynəlxalq axtarış verdiyini, əlavə olaraq 31 Türkiyə vətəndaşını da arzu olunmaz şəxs elan etdiyini açıqladı (Meydan TV, 2026)

Azərbaycan iqtidarı gərginliyin dozasını artırarkən kuluarlarda İlham Əliyevin Ankara qarşısında şərtlər  irəli sürdüyünə dair iddialar dolaşmağa başladı. Buna görə, rəsmi Bakı Oktay Saralın vəzifədən uzaqlaşdırılmasını, Əliyevi təhqir edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını və sosial media hesablarının bağlanmasını tələb edib. Xəbərdə eyni zamanda Azərbaycan hakimiyyətinin bu saytların siyahısını Türkiyəyə təqdim etdiyi də bildirilirdi (MEE, 2026a). Xəbər nə Azərbaycan, nə Türkiyə tərəfindən təkzib olundu. Oktyabrın 21-də isə Azərbaycan hakimiyyəti 31 Türkiyə vətəndaşını arzuolunmaz şəxs elan etdi - əsasən mühafizəkar kəsimdən olan bu şəxslər arasında Yenidən Rifah Partiyasının lideri Fatih Ərbakan, jurnalislət Adem Özköse, İsmail Kılınçarslan, Hakkı Eren, Yusuf Kaplan, ilahiyyat professoru Mehmet Boynukalın var. İnsan haqlarını müdafiə edən və Azərbaycan iqtidarını sıx-sıx tənqid edən millət vəkili Ömər Faruk Gergerlioğlu, sağçı Özgür Dava Partiyasının sədr müavini Yahya Uğraş kimi şəxslər də siyahıdadır (MEE, 2026 b).

Gərginlik dövlətlərarası böhranın pik həddinə doğru yüksələrkən Ankarada əsas sual İlham Əliyevin 29-30 oktyabrda Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatı sammitində iştirak edib-etməyəcəyi idi. Eyni tarixlərdə Gürcüstan baş nazirinin Azərbaycana səfər edəcəyi haqda məlumatlar intriqanı daha da artırarkən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İlham Əliyevə telefon zəngi bir anda mənzərəni dəyişdirdi. Türkiyə tərəfindən verilən rəsmi açıqlamada Ərdoğanın iki ölkənin qardaşlıq hüququnu vurğuladığı və Əliyevi TDT sammitinə dəvət etdiyi bildirildi (İletişim Başkanlığı, 2026). Azərbaycan tərəfinin açıqlamasında isə Əliyevin qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirdiyi vurğulandı (President.az, 2026b) Telefon danışığına dair açıqlamalardan dərhal sonra Azərbaycan iqtidarının nəzarətində olan medianın tonu dəyişdi. Türkiyə dövlətini birbaşa ittiham edən, hətta dövlət çevrilişi suçlaması irəli sürən Azərbaycan mediası Əliyev və Ərdoğan arasındakı etimaddan bəhs etməyə, “ayrı-ayrı şəxslərin mövqelərini bütövlükdə Türkiyə dövlətinə və cəmiyyətinə aid etmək düzgün olmaz” tonuna keçdi. Bununla yanaşı, minnət xətti hələ də davam edir - Azərbaycan hakimiyyəti nəzarəti altında olan medianın diliylə Ankaraya bu zəngin gecikmiş olduğuna dair mesaj verir. Eyni zamanda yazılarda Türkiyədəki Azərbaycanla bağlı tənqidlərin qarşısının alınmamasından təəccübləndiyini ifadə etmiş oldu (Report, APA, 2026). 

Ərdoğanın zəngi böhranı bitirdimi?

Ərdoğanın telefon zənginin iki ölkə arasındakı oktyabr gərginliyinin açıq mərhələsini nisbətən yumşaltsa da, aradakı ziddiyyətdə prinsipial olaraq dəyişən heç nə yoxdur. Hikkəsi ilə məşhur olmasına baxmayaraq bu böhranda olduqca təmkinli davranan Türkiyə prezidenti “qardaşlıq” vurğulu mesajından sonra İlham Əliyevə zəng edərək qarşı tərəfin bəhanəsini əlindən almış oldu. Ancaq bunun böhranı həll edən zəng olduğunu söyləmək xeyli iddialı olardı. Əvvəla, Azərbaycan iqtidarının nəzarətindəki medianın ritorikasında müəyyən dəyişiklik olsa da, minnət tonunun qorunması, Əliyevin TDT sammitində iştirakla bağlı Ərdoğanın açıq dəvətinə müsbət vəya mənfi heç bir cavab verməməsi, arzuolunmaz şəxs elan edilən Türkiyə vətəndaşları ilə bağlı geri addım atılmaması kimi faktlar rəsmi Bakının gərginliyin azalmasında maraqlı olmadığını göstərir. Eyni zamanda Azərbaycan hakimiyyəti bu məsələdə də “müzəffər” görünməkdə maraqlıdır. Əliyev iqtidarı öz mövqeyini Türkiyəyə qəbul etdirdiyini, Ankaranın onun “ayağına gəldiyini” nümayiş etdirməyə çalışır - Azərbaycan mediasının və bu böhranla birlikdə sosial medianın Türkiyə seqmentində aktivləşdirdiyi şəbəkələrin (Şedevr saytı kimi) ritorikası bunu göstərir. 

Ancaq Əliyevin mövqeyinin Ankara tərəfindən qəbul edildiyini göstərən hər hansı fakt mövcud deyil. Türkiyə iqtidarı  gərginlikdən qaçmaq üçün rəsmi səviyyədə münasibət bildirməsə belə, hicab qadağası məsələsində Azərbaycan iqtidarının arzu etdiyi mövqeyi nümayiş etdirməkdən çox uzaqdır. Baş örtüsü məsələsi Türkiyə hakimiyyəti üçün kimlik məsələsidir. Ərdoğanın siyasi karyerası böyük ölçüdə baş örtüsüylə simvolizə edilən mübarizə üzərində qurulub. Bu səbəbdən Azərbaycan hakimiyyətinin məktəblərdə baş örtüyü ilə bağlı tətbiq etdiyi məhdudiyyətləri Türkiyədəki mühafizəkar ictimaiyyətin sadəcə başqa ölkənin daxili işi kimi qəbul etməsini gözləmək siyasi reallıqla uyğun gəlmir.

AKP və “dünya müsəlmanlarının səsi” iddiasında olan Ərdoğanın elektoratı onun Azərbaycandakı hicab qadağası ilə bağlı səssiz qalmasını “dövlətlərarası münasibətin gərəyi” olaraq anlayışla qarşılaya bilər, ancaq bu səbəbdən İlham Əliyevin istədiyi kimi mühafizəkarları repressiyaya məruz qoymasını başa düşməz. Bu səbəbdən Ərdoğan Əliyevlə qarşı-qarşıya gəlmək istəmədiyi kimi, onsuz da ölkədaxili dəstəyinin azalan xətlə getdiyi dövrdə Türkiyə  mühafizəkarlarını küsdürmək də istəmir və istəməyəcək. 

Bu baxımdan Ərdoğanın zənginin böhranı bitirmədiyini söyləmək daha məntiqli görünür. Sadəcə görünür ki, Türkiyə böhranın dövlətlərarası münasibətlərin başqa sahələrinə yayılmasının qarşısını almağa çalışır. Enerji, nəqliyyat, hərbi əməkdaşlıq və regional təhlükəsizlik sahələrində formalaşmış qarşılıqlı maraqlar , eyni zamanda Əliyev və Ərdoğan ailəsi arasındakı şəxsi-iqtisadi bağlar açıq qarşıdurmanın uzun müddət davam etdirilməsinin siyasi və iqtisadi xərclərini artıra bilər. Bu səbəbdən hazırki vəziyyət iki ölkə arasında alovlanan gərginliyin bitməsindən daha çox xalçanın altına süpürülməsidir. 

Yad qardaşlar…

Türkiyə ilə Azərbaycan arasında yaşanan bu böhranın yəqin ki bir çox aspektlərdən analiz və dəyərləndirmələrin mövzusu olacaq. Hələlik birmənalı şəkildə onu demək mümkündür ki, Türkiyə və Azərbaycan siyasi elitaları, eyni zamanda cəmiyyətləri bir-birini tanımır. Ortaq etnik, dil, din mənsubiyyəti, tarixi yaddaş və uzun illərdir  təkrarlanan qardaşlıq ritorikası iki ölkədəki siyasi sistemlərin, eyni zamanda xalqların mentalitetinin, ideoloji yanaşmalarının fərqli olduğu gerçəyini arxa plana atıb. 

Azərbaycan hakimiyyətinin Türkiyədəki tənqidləri qəbul etməkdə çətinlik çəkməsi, tənqidçilərin Ərdoğan tərəfindən susdurulmamasına təəccüblənməsi “iki qardaş”ın yadlığını göstərən faktlardan biridir. İlham Əliyev üçün  bölgü öz hakimiyyəti və qalanlardan ibarətdir. Siyasi qərarların qəbul edilməsi, media orqanlarının davranışı və ictimai müzakirələrin sərhədləri mərkəzləşdirilmiş avtoritar sistemin məntiqi ilə müəyyənləşir. Bu sistemdə hakimiyyətə yaxın şəxslərin hər hansı siyasi çıxışının iqtidarın iradəsindən kənar baş verdiyini təsəvvür etmək çətindir. Eyni zamanda sosial mediadakı yüzlərcə tənqidçinin susdurulmamasını başa düşmək də çətindir.  Türkiyədə də bu elementlər mövcuddur, amma kəskin fərqlərlə. Avtoritarizmin günü-gündən dərinləşməsinə baxmayaraq  Türkiyədə seçkilər və elektorat hələ də mühüm faktordur, ideoloji bölgü hələ də qalır, siyasi mühiti tamamilə nəzarət altına almaq mümkün olmayıb, xüsusilə sosial mediada tənqidçilərin səsini tamamilə kəsmək Azərbaycandakı qədər rahat deyil. Ərdoğan iqtidarının mühafizəkar, dindar olması onun Türkiyədəki bütün dini, mühafizəkar və milliyyətçi qrupları vahid mərkəzdən idarə edə bilməsi demək deyil - əksinə bir çox hallarda AKP iqtidarı səs üçün bu qruplara güzəştə getmək məcburiyyətindədir. İlham Əliyevin isə belə məcburiyyətləri yoxdur - onun üçün seçki, səs, elektorat, ictimai fikir kimi məhfumlar heç bir əhəmiyyət daşımır. İlham Əliyev Türkiyənin siyasi reallığını Azərbaycan idarəetmə modeliylə oxuyur. Onun oxumasına görə, mühafizəkar tənqidçi varsa mütləq bunu Ərdoğan təşkil edir və Ərdoğan da dayandıra bilər, dayandırmırsa, demək ki istəmir. 

Eyni zamanda Türkiyə ictimaiyyətində də Azərbaycanın siyasi sistemi, dünyəvilik anlayışı, dövlət-din münasibətləri ilə bağlı təsəvvürlər olduqca məhduddur. Türkiyə mühafizəkarları Azərbaycanda baş örtüyü ilə bağlı mübahisənin öz ölkələrindəki kimi dini həssasiyyət mövzusu olduğunu düşünür. Halbuki Azərbaycanda xalqın böyük əksəriyyəti üçün belə problem mövcud deyil. Azərbaycanlıların bir hissəsi üçün bu, “iqtidar bilir nə edir” məsələsi, digər hissəsi üçün “bu nəyə lazım idi, ancaq yenə də bizə nə”, az hissəsi üçün dini həssasiyyət, daha da az hissəsi üçün isə demokratik haqqın pozulması məsələsidir. Azərbaycanlıların  sekulyarlıq anlayışı Türkiyə ilə eyni deyil. Azərbaycanlıların dindarlığa baxışı da Türkiyə ilə eyni deyil. Bu baxımdan İlham Əliyev üçün istədiyi digər qanunlar kimi hicab qadağasını da tətbiq etmək məsələsində hər hansı məhdudiyyət, tərəddüd, maneə mövcud deyil, hətta əksinə bir çox hallarda dəstək (süni vəya təbii) mövcuddur. Ancaq Türkiyə cəmiyyətinin böyük hissəsinin bundan xəbəri yoxdur. Xəbəri olanların böyük əksəriyyətinin davranışı isə konyukturaya uyğun şəkildə dəyişir - onlar Əliyev-Ərdoğan münasibətlərinin yaxşı olduğu və bu yaxşılıq öz maraqlarına da toxunmadığı dövrdə “qardaşlıq” vurğusuyla həqiqətlərin üstünü örtürlər, öz maraqları dövriyyəyə girdiyi zaman isə demokratik Azərbaycan Cümhuriyyətini, onun qurucusu Rəsulzadəni, eyni zamanda İlham Əliyevin “korrupsioner və diktator” olduğunu xatırlayırlar,  ya da yenə haqqında az qala heç bir həqiqəti bilmədən (ya da bilinsə də belə dilə gətirilmədən) əfsanələşdirilən Elçibəyi yada salırlar. Bu xatırlamalar adətən reflektiv və epizodik olur, mübahisə bitincə eyni qruplar yenidən “qardaşlıq”  vurğulu, həqiqətləri pərdələmə gündəminə geri dönürlər. Eynilə  Azərbaycan iqtidarına yaxın qrupların münasibətlərin isti vaxtında və ya ehtiyac duyulduğunda Ərdoğanı lider, qəhrəman elan edib, böhran anlarında Türkiyə liderinin “geriçi” olduğunu “xatırlamaları” kimi…

Xülasə, Ərdoğanın zəngi ilə iki ölkə arasında yaşanan son illərin ən ciddi böhranının temperaturunda bir az azalma olsa da, bu, gərginliyin və ziddiyyətlərin aradan qalxması demək deyil. Əksinə, bu böhran uzun illərdir “bir millət, iki dövlət” ritorikasının kölgəsində qalan ziddiyyətləri üzə çıxardı. Ziddiyyətləri dərinləşdirən əsas faktor isə Azərbaycan hakimiyyətinin özünü çox rahat hiss etməsidir. Əgər əvvəllər Qarabağ münqaişəsindəki zəif pozisiyası, Qərblə ziddiyyətləri, cəmiyyətlə problemləri İlham Əliyev üçün Türkiyənin dəstəyini zəruri faktora çevirirdisə, artıq o buna ehtiyacı olmadığını düşünür. Qarabağ zəfərinə əlavə olunan Avropa ilə enerji “evlilikləri”, bunun demokratiya və  insan haqları məsələsində gətirdiyi imtiyazlar,  ABŞ administrasiyası ilə isti münasibətləri İlham Əliyevin “müzəffər  eyforiyasını daha da artırıb. “Həm Rusiyaya, həm İrana, həm Türkiyəyə meydan oxuyan” obraz İlham Əliyev üçün Azərbaycana ən yaxın müttəfiq dövlətlə münasibətlərin pozulmasından daha mühümdür. Üstəlik o, bu münasibətləri pozmağa çalışarkən Qərbin Ərdoğanın islamçı-mühafizəkar kursundan məmnuniyyətsizliyi, Türkiyə iqtidarının iqtisadi mövqelərinin gedərək zəifləməsi, Ankaranın regionundakı bir çox ölkə ilə mübahisəli dövlət olması kimi faktorlardan da istifadə (daha doğrusu sui-istifadə) edir.  Bu durumda İlham Əliyevin təkəbbürü, Türkiyənin dəstəyindən asılı görünməmək istəyi, Ərdoğanın isə hərtərəfli dərinləşən müttəfiqliyi qorumaq məcburiyyəti və regional liderlik iddiası ilə toqquşur. Bu ziddiyyət nöqtələri indiyə qədər özünü İsrailə münasibətdə, Ermənistanla əlaqələrin bundan sonra necə formalaşacağına dair yanaşmalarda göstərirdi. İndi buna bir də Azərbaycan hakimiyyətinin daxili məsələ dediyi, Türkiyə ictimaiyyətinin dini azadlıq məsələsi kimi dəyərləndirdiyi hicab qadağası və Bakının Ankaranı dövlət çevrilişində ittiham etməsi də əlavə olundu. Strateji münasibətlər, eyni zamanda şəxsi-iqtisadi əlaqələr Türkiyə və Azərbaycan iqtidarlarını bir arada olmağa məcbur etsə də, ziddiyyətlərin bir-biri haqqında məlumatları məhdud olan qardaş cəmiyyətlərə sirayət etməsi “bir millət, iki dövlət” ritorikasının əvvəlki effektinə dönüşün çox da asan olmayacağını göstərir. İndiki mərhələdə böhran aşılsa, həll edilmiş kimi görünsə belə, bu ziddiyyətlər qarşıdakı hər hansı anlaşmazlıqda yenidən və bəlkə daha kəskin formada üzə çıxacaq. 


Qeyd: Oxuduğunuz yazı orijinal olaraq Azərbaycan dilində yazılmışdır.



İSTİNADLAR 

President.az, 2026 a.Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib. https://president.az/az/articles/view/73619

Pressklub, 2026. Hədəf Ankaradır, yoxsa Tehran? https://pressklub.az/az/xeber/hedef-ankaradir-yoxsa-tehran-338643-az

Bne IntelliNews, 2026. BEYOND THE BOSPORUS: Why Azerbaijan’s official news agency lifted lid on Turkey’s hidden trade with Israel. https://www.intellinews.com/beyond-the-bosporus-why-azerbaijan-s-official-news-agency-lifted-lid-on-turkey-s-hidden-trade-with-israel-474947/

Yeni Azərbaycan Partiyası, 2026. Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətinin açıqlaması. https://www.yap.org.az/az/view/news/109059/yeni-azerbaycan-partiyasinin-metbuat-xidmetinin-achiqlamasi

Anadolu Ajansı, 2026. Türkiye'nin Bakü Büyükelçiliğinden Bakan Fidan hakkındaki iddialara yalanlama. https://f.aa.com.tr/tr/dunya/turkiyenin-baku-buyukelciliginden-bakan-fidan-hakkindaki-iddialara-yalanlama/4092215

Middle East Eye, 2026a. Inside the Turkey-Azerbaijan rift: How a headscarf ban strained an alliance. https://www.middleeasteye.net/news/inside-turkey-azerbaijan-rift-how-headscarf-ban-strained-alliance

Middle East Eye, 2026b. Azerbaijan bans 31 Turks from entering country as headscarf ban dispute escalates. https://www.middleeasteye.net/news/azerbaijan-bans-31-turks-headscarf-ban-dispute

İletişim Başkanlığı, 2026. Cumhurbaşkanı Erdoğan’ın, Azerbaycan Cumhurbaşkanı Aliyev ile görüşmesine ilişkin açıklama. https://www.iletisim.gov.tr/turkce/haberler/detay/cumhurbaskani-erdoganin-azerbaycan-cumhurbaskani-aliyev-ile-gorusmesine-iliskin-aciklama-21-10-26

President.az, 2026c. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. https://president.az/az/articles/view/74257

Report.az, 2026. Bakı-Ankara münasibətlərində liderlərin rolu və siyasi məsuliyyət – Təhlil. https://www2.report.az/analitika/baki-ankara-munasibetlerinde-liderlerin-rolu-ve-siyasi-mesuliyyet-tehlil

APA, 2026. Ankaradan telefon zəngi: Ərdoğan-İlham Əliyev danışığından çıxan siyasi nəticələr – TƏHLİL. https://apa.az/siyasi/ankaradan-telefon-zengi-erdogan-ilham-eliyev-danisigindan-cixan-siyasi-neticeler-tehlil-1007164

Bell icon

Ən son yeniliklərdən xəbərdar olmaq üçün bülletenimizə abunə olun

Etibarlı e-poçt ünvanı təqdim edin