Müəllif:
✍️ Elman Fəttah – KHAR Centerin rəhbəri
(Yazı “Khar Center” tərəfindən Azərbaycan avtoritarizmi araşdırmaları çərçivəsində hazırlanıb)
Hannah Arendtin totalitarizm analizi çərçivəsində bəhs etdiyi "şərin banallığı" və “bürokratik düşüncəsizlik” günümüzdə sərt avtokratik sistemin qurulduğu Azərbaycanda özünün müasir formasını göstərir. Sistem siyasi sifarişləri yerinə yetirən müti hakimlər vasitəsilə ədaləti boğur və cəmiyyəti daimi xarici\daxili düşmən qorxusu altında saxlayır. Ancaq zahirən güclü görünən bu monolitlik zamanla itiriləcək legitimlik və Arendtin "doğulma" tezisində ifadə etdiyi kimi, insanın gözlənilməz azadlıq iradəsinin qarşısında bir gün mütləq sarsılacaq.
H. Arendtin Qüdsdə Adolf Eyxmanın məhkəməsini izləyərkən gəldiyi ən sarsıdıcı qənaət o idi ki, tarixin ən ağır zülmləri heç də həmişə gözü dönmüş patoloji sadistlər tərəfindən yox, düşünmək bacarığını bürokratiyaya təhvil vermiş, rəhbərə itaət və yuxarıdan gələn təlimat zəncirinin arxasında gizlənən sıravi məmurların əli ilə həyata keçirilir. Arendtin konseptuallaşdırdığı "düşüncəsizlik" (thoughtlessness), şərin sadəcə inzibati təqvimə tabe, vəzifədə yüksəlmək ehtirasına müntəzir məmurlar vasitəsilə yüksəlişini ifadə edir. Avtoritar mexanizmlər məhz bu cür mexaniki itaətkarlıqla, vicdanını hakim rejimin girovluğuna vermiş bürokratiya üzərində bərqərar olur (H. Arendt, 1963).
Lakin bu totalitar mexanizm görünüşcə nə qədər möhkəm, mükəmməl və monolit olsa da, özünün ontoloji sərhədlərinə tabedir. Avtoritar sistemlər velosipedə bənzəyir, onlar statik tarazlıqda qala bilmir. Öz varlıqlarını qorumaq məqsədilə daim yeni təhlükələr, yeni düşmənlərə ehtiyac duyurlar; eyni zamanda repressiya tədbirlərini davamlı aparmağa və artırmağa məcburdurlar.
Bu prosesin tarixdəki ən böyük laboratoriyası Sovet İttifaqı idi. Totalitar sovet dövlət aparatı varlığını onilliklər boyu sinfi antaqonizm, “xalq düşmənləri”nin axtarışı və cəzalandırılması, eləcə də xarici imperializm və kapitalizmlə mübarizə təməlində qurduğu daimi səfərbərliklə qoruyurdu. Lakin daxili müxalifət tamamilə məhv edildikdən, cəmiyyət mütiləşdirildikdən və "inkişaf etmiş sosialist cəmiyyəti"nin qurulduğu elan edildikdən sonra sistem "düşmən defisiti" ilə üz-üzə qaldı.
Məhv edilməli real düşmən qalmadıqda, repressiya və nəzarət aparatı öz funksional təyinatını itirdi; ideologiya isə heç kimin inanmadığı, lakin hər kəsin ritual olaraq təkrarladığı cansız şüarlar yığınına çevrildi. Sistemi hərəkətdə saxlayan "xarici/daxili təhdid" mühərriki sıradan çıxdıqda Brejnev dövrünün durğunluğu (zastoy) başladı. Qorxu və səfərbərlik vərdişini itirən nəhəng sovet bürokratiyası ətalətdən, korrupsiyadan və ideoloji kütləşmədən daxilən çürüdü.
Bürokratik cinayət şərikliyi, düşüncəsizlik və bürokratiya
Hannah Arendtin totalitarizm və bürokratiya təhlilindəki əsas çıxış nöqtəsi müasir dövlət aparatının insanı mənəvi subyekt olmaqdan çıxarıb, sadəcə, mexanizmin işlək bir vintinə çevirmə potensialıdır. Bir hakimin qondarma ittiham aktı ilə müstəqil araşdırmaçı jurnalistlərii həbsə atması, bir polis əməkdaşının saxlanılan şəxsin ləyaqətini alçaldan davranışa yol verməsi və ya bir vergi müfəttişinin vətəndaş cəmiyyəti qurumlarını əsassız vergi cəzaları ilə iflic etməsi icraçının gözündə ideoloji bir nifrətdən daha çox, "rəhbərliyin rəğbətini qazanmaq" prosesidir.
Düşünmək fərdin öz daxilində apardığı səssiz dialoqdur; mənəvi mühakimə məhz bu daxili hesabatdan doğur. Avtoritar bürokratiyalar fərdin bu dialoqunu susduraraq onun yerinə hazır şablonları, rəsmi dili və prosedur tələbləri yerləşdirir. İcraçı qərar verən yox, yalnız icra edən olduğu üçün məsuliyyətdən yayındığına əmindir. "Eyxmanı da vəzifədə irəliləmək istəyindən başqa motivasiya edən heç nə yox idi; bu irəliləmək arzusunun özü isə qətiyyən kriminal xarakter daşımırdı” (H. Arendt, 1971).
Azərbaycan avtokratiyası tam da bu gerçəyi əks etdirir. Bir qərinə ərzində Heydər Əliyev və İlham Əliyevin rəhbərliyində formalaşmış rejim sovet dövründən qalan nomenklatura vərdişlərini petro-kapitalizminin hədsiz renta gəlirləri ilə yenidən yoğurub. Bakıdakı məhkəmə binalarında, vergi idarələrində və polis bölmələrində fəaliyyət göstərən hər hansı məmur üçün insan hüquqları müdafiəçisini, müxalifət nümayəndəsini və ya jurnalisti "dövlətə xəyanət", "qaçaqmalçılıq" və ya "narkotik istifadəçisi" kimi ittihamlarla tutub, məhkum etmək adi kargüzarlıq işinə çevrilib. Məmur gecə yatağına uzandıqda vicdan əzabı çəkmir; çünki özünü "rəhbərə və dövlətə xidmət"ə tamamilə təslim etməyin rahatlığı içindədir.
Bu mexanizmin iş prinsipi Vatslav Havelin "Gücsüzlərin gücü" əsərindəki göyərti satan dükançı (zelinář) metaforası ilə müqayisə oluna bilər. Onun vitrinində daima "Bütün Ölkələrin Proletarları, Birləşin!" yazısı göyərtilərin arasında olardı (Vaclav Havel, 1978a). Azərbaycanda hər dövlət binasında və məktəb dəhlizlərində rast gəldiyimiz portretlər, sülalə tərifləri də bürokratik sistemin və cəmiyyətin “yalnız yalanla yaşamaq” razılaşmasının təzahürüdür. Şər öz iqtidarını yalnız sərt davranışlarla deyil, eyni zamanda yalanın normaya çevrilməsi yolu ilə gücləndirir.
Azərbaycanın misalı bu dinamikanı anlamağın maraqlı yollarından biridir. Uzun müddət ərzində rejimin əsas istinad nöqtəsi Qarabağ işğalı və Ermənistanla müharibə hekayəsi olub. 2020-ci il II Qarabağ müharibəsi və 2023-cü il Xankəndi əməliyyatı ilə ərazi bütövlüyünün faktiki təmini bir tərəfdən rejimə mənəvi legitimlik qazandırdısa da, digər tərəfdən bu vəziyyət rejimin daxilindəki əsas legitimlik dəstəyini zədələdi. Qələbə eyforiyasının sönməsi ilə cəmiyyətin “bəs, çörək, iş, haqq–ədalət?” kimi sualları dilləndirməməsi üçün iqtidar dərhal yeni düşmənlər yaratmalı oldu.
Birinci mərhələdə xarici təhdid narrativi yenidən dirçəldildi. Qərb təsisatları Azərbaycanın əldə etdiyi suverenliyi həzm etməyən düşmən mərkəzlər elan edildi. Bununla rejim zəfərdən sonra cəmiyyətə “mühasirəyə alınmışlıq” psixologiyası aşılamağa çalışdı.
Ikinci mərhələdə növbə rejimlə hələ də barışmayan müstəqil qurumlara çatdı. “Abzas Media”, “Toplum TV”, “Meydan TV”, Demokratik Təşəbbüslər İnstitutu, 3-cü Respublika Platforması siyasi təşəbbüsü və digər media, vətəndaş cəmiyyəti və siyasi təşəbbüslərin kütləvi həbslərlə susdurulmasına start verildi. Məhkəmələrin siyasi motivlə həbs olunanlar haqqında uzunmüddətli məhkumiyyət cəzaları çıxarmağa başlaması isə cəmiyyətdə xofu, qorxu mühitini gücləndirməyə, bütün müxaliflərə və potensial etirazçılara göz dağı verməyə hesablanıb.
Ancaq bu burulğan sonda sistemi “öz quyruğunu yeyən ilan”a (Ouroboros) çevirə bilər. Cəmiyyətdə etiraz edəcək kimsə qalmadıqda, müxalifət boğulduqda və azad media məhv edildikdə, rejim heç də rahatlamır. Əksinə, bu dəfə “dəmir yumruq” rejimə loyal olan məmurlara qarşı yönəlir. Dünənə qədər toxunulmaz sayılan yüksək vəzifəlilər belə bir gecənin içində "satqın" damğasını tuş gəlir. Yəni, hər şeyi və hər kəsi mütləq nəzarətdə saxlamaq arzusunda olan rejim, sonda öz yaratdığı qorxu divarları arasında boğulmağa başlayır.
Yalanın hökmranlığı və ictimai məkanın məhvi
H. Arendt “Həqiqət və Siyasət” əsərində insanı həqiqi mənada insan edən şeyin "ictimai məkan" olduğunu vurğulayır. İctimai məkan vətəndaşların bir-biri ilə danışa bildiyi, fəaliyyət göstərə bildiyi, həqiqəti müzakirə edə bildiyi ortaq dünyadır. Avtoritarizm isə ilk növbədə bu məkanı məhv edir. Fərdləri bir-birinə güvənməyən, hamının hamıdan şübhələndiyi varlığa çevirir.
"Əgər sizə davamlı olaraq yalan söyləyirlərsə, bunun nəticəsində sizin yalanlara inanmağınız deyil, əslində heç kimin heç nəyə inanmaması baş verir. Belə bir toplum artıq hər hansı məsələdə qərar verməkdən acizdir; bu halda onlar yalnız fəaliyyət göstərmək qabiliyyətini itirmir, eyni zamanda düşünmək və mühakimə yürütmək bacarıqlarını da yox edirlər. Belə bir xalqla istədiklərinizi həyata keçirmək mümkündür”. (H. Arendt, 1967).
Azərbaycan avtoritarizmi ölkədə hazırda bu konfiqurasiyanı bərqərar edib. Həqiqəti gizlətmək, susmaq hazırda Azərbaycan cəmiyyətində təhlükədən yayınmağın ən doğru yolu sayılır. Ancaq Əliyev rejiminin əlaltı media vasitəsilə təqdim etdiyi "rifah" görüntüsü ilə xalqın küçədə, bazarda və xəstəxanada yaşadığı acı reallıq arasındakı fərq getdikcə daha da dərinləşir. Mişel Fukonun dediyi kimi, bu vəziyyət "intizamlaşdırıcı hakimiyyət" anlayışının yerini çılpaq zorakılığa buraxmasına səbəb olur.
Yalanlar üzərində qurulmuş sistem təbiəti etibarilə qeyri-sabitdir. Çünki həqiqəti danmaqla yox etmək mümkün deyil. Əksinə, boğulan həqiqət gələcəkdə rejimin təməlini sarsıdan görünməz bir qırılma xətti yaradır.
Təxminedilməz müqavimət
Totalitar və sərt avtoritar rejimlərin ən böyük xəyalı insan təbiətinə tamamilə hökm edə və cəmiyyəti büsbütün müti təbəələrə çevirə bildiklərinə əmin olmalarıdır. Əliyev rejimi də bütün jurnalistləri həbs edib, müxaliflərin səsini boğub və bütün ölkəni rəqəmsal nəzarətə götürərək hər şeyə hakim olduğunu düşünür. H. Arendtin “Doğulma” (Natality) konsepti əldə olunan bu nailiyyətin içinin boş olduğunu əsaslandırır.
Arendtə görə, doğulan hər insan yeni başlanğıc potensialı gətirir. Böyük hadisələrin nəsillərarası keçiddə baş verməsi də bu qanunauyğunluqdan qidalanır. Bu insanların iradəsinin qabaqcadan təxminedilməzliyi amili sistemin bütün alqoritmlərini, bütün kəşfiyyat hesabatlarını bir anda heçə endirə bilir. Bu təxminedilməzlik gözlənilməz olanı başlatmaq qabiliyyətinə malik fenomendir. Məhz bu fenomen qüsursuz görünən repressiya mexanizmini bir anda puç edəcək ilk qığılcımın haradan parlayacağını hesablamağı qeyri-mümkün edir (H. Arendt, 1951).
Azərbaycan kontekstində də bunun əyani təzahürlərini müşahidə etmək mümkündür. Hökumətin ən sərt nəzarət rejimi tətbiq etdiyi bir dövrdə Gədəbəyin Söyüdlü kəndindəki yaşlı qadınların sianidli qızıl mədəninin tullantı gölünə qarşı əllərindəki əsalarla polisin qarşısına çıxması rejimin bütün güc proyeksiyasını bir neçə günlüyünə iflic edə bilmişdi. Rejim siyasi partiyaları zərərsizləşdirmiş ola bilərdi, lakin torpağı və suyunu qorumaq istəyən kəndlinin təbii reaksiyası qarşısında çaşqınlığını gizlədə bilmədi.
Müstəqil media və onun gənc jurnalistləri: Yaşlı nəsil müxalifət liderləri həbs edilib və ya satın alınıb sıradan çıxarıldıqda rejimin "problemi həll etdik" xülyasına qapılmasının ardınca 20-30 yaşlarındakı gənc araşdırmaçı jurnalistlərin hakim ailənin xaricdəki gizli mülklərini ifşa edən yeni jurnalistika dalğası başlatması əsl "doğulma" (natality) nümunəsidir.
Zindan divarlarını aşan mənəvi üstünlük: Akif Qurbanov, Sevinc Vaqifqızı, Şəmşad Ağa, Ruslan İzzətli, Aynur Elgünəş, Ramil Babayev, İlkin Əmrahov və digər fəalların zindanlarda nümayiş etdirdikləri intellektual və mənəvi müqavimət Kamyunun “Üsyan Edən İnsan” əsərində təsvir etdiyi "Yox deyən, lakin eyni zamanda insan ləyaqəti naminə bəli deyən" fərdin gücünü nümayiş etdirir (Albert Camus, 1951). Əyilməyən hər bədən məhkəmənin və onu mühakimə edən sıravi məmurların legitimlik illüziyasını darmadağın edir.
Qorxu həddinin aşılması
Vatslav Havel Aleksandr Soljenitsının "Yalanla yaşamamaq" tezisini inkişaf etdirməklə Şərq bloku totalitarizmini təhlil edərkən sistemin fiziki silahlardan daha çox kütlələrin yalanı qəbullanması sayəsində ayaqda qaldığını vurğulayırdı. Bu səbəbdən Havel üçün müqavimət birbaşa dövləti devirəcək inqilabi üsyandan öncə mənəvi qərardır (Vaclav Havel, 1978b).
Həqiqətlə yaşamaq sistemin yaydığı yalanları təkrarlamamaq, cinayət ortağı olmamağı seçmək və alqışlamaq tələb olunanda əlini cibində saxlaya bilməkdir. Azərbaycanda bir vəkilin siyasi məhbusu müdafiə etməkdən vazgeçməməsi, ya da bir gəncin sosial mediada rejimin rəsmi ritorikasına biət etməməsi sistemin toxumasında bərpası qeyri-mümkün çatlar açır. Bunun davamında isə kütlələrin qorxu həddini aşması, sistemin tətbiq etdiyi cəzaları artıq xəcalət yox, şərəf kimi qəbul edəcəyi an gəlir ki, bu da rejimin sonunun başlanğıcının xəbərçisi olacaq.
Vicdanlarını vəzifə, karyera yüksəlişi və qorxu naminə rejimə təslim edən bürokratik çarxlar zülmün icraçısı ola bilər. Lakin bu mexanizm insanın azadlıq arzusunu, mənəvi mühakiməsini və dünyaya yeni bir nəfəs gətirmək qabiliyyətini məhv etməkdə acizdir.
Azərbaycandakı petro-avtokratiya repressiv təhlükəsizlik aparatı, parıltılı göydələnləri, beynəlxalq tədbirlərə ev sahibliyi ilə zahirən sarsılmaz qala kimi görünə bilər. Halbuki daxildə böhran istehsal etmədən dayana bilməyən, öz bürokratik hissizliyində boğulan və legitimliyini hər ötən gün daha çox itirməyə məhkum, qapalı dairədə dövr edən rejim mövcuddur. Xarici düşmənlər tükəndikdə daxili düşmənlərə, onlar tükəndikdə öz içindəki qruplaşmalara hücum edən belə mexanizm tarixin heç bir mərhələsində girdiyi bu labirintdən çıxa bilməyib.
Tarix dəfərlə sübut edib ki, son sözü heç bir repressiya aparatının tam mütiləşdirə bilmədiyi o "qabaqcadan təxmin edilməyən insan" deyir. Qaranlığın ən qatı olduğu yerdə belə bir kameradan, kənd meydanından və ya məhkəmə zalından yüksələn bircə mənəvi etiraz kağızdan qalaların uçulmasını və insanın azadlığa qovuşmasını təmin edəcək yeni bir başlanğıcın müjdəçisi ola bilir.
"Doğulma" var olduqca insanlığın azadlığa can atması sadəcə arzu yox, ontoloji zərurətdir.
Qeyd: Oxuduğunuz yazı orijinal olaraq Azərbaycan dilində yazılmışdır.
İstinadlar
H. Arendt, 1963. "Eichmann in Jerusalem: A Report on the Banality of Evil". Chapter VIII. https://platypus1917.org/wp-content/uploads/2014/01/arendt_eichmanninjerusalem.pdf
H. Arendt, 1971. "Thinking and Moral Considerations", 1971, "The Life of the Mind", Vol. 1, Chapter: "The Two-in-One"). https://gabriellebw12.wordpress.com/wp-content/uploads/2016/08/arendt_thinking_and_moral_considerations.pdf
Vaclav Havel, 1978a. The Power of the Powerless. Chapter IV. https://www.nonviolent-conflict.org/wp-content/uploads/1979/01/the-power-of-the-powerless.pdf
H. Arendt, 1967. Truth and Politics. Section IV. https://german.yale.edu/sites/default/files/arendt.truth_and_politicslying_in_politics.pdf
H. Arendt, 1951. The Origins of Totalitarianism. paraqraf (§ 33). https://social-ecology.org/wp/wp-content/uploads/2024/03/Hannah-Arendt-The-Origins-of-Totalitarianism-Harcourt-Brace-Jovanovich-1973.pdf
Albert Camus, 1951. "L'Homme révolté". Chapter I. https://www.anthropomada.com/bibliotheque/CAMUS-Lhomme-revolte.pdf
Vaclav Havel, 1978. The Power of the Powerless. Chapter VII. https://www.nonviolent-conflict.org/wp-content/uploads/1979/01/the-power-of-the-powerless.pdf